Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 3-3
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >> 
DAŞ HARAYI


Vaqif Bəhmənliyə

    "Xudafərin su altında qalacaq"- dedin:
    Yol sökməyin mübarəkdi, yoldaş mühəndis!
    Bir qulaq ver: o haraydı, haydı, nərədi...
    Daş dilini anlamazsan, ey daş mühəndis!

    Uçuracaq, doğrayacaq, teyləyəcəksən,
    Öz içinə töküləcək hər daşın qanı.
    Səməd Vurğun qəzəbini neyləyəcəksən,
    Görəndə ki, alov dili ərşə dayanıb?!

    Ucalanı uçurmaqda mahirdi bəşər,
    Əl kəsənə yaraq verir əlindən qabaq.
    Nə yaxşı ki, insan əli yetmir Günəşə,
    Yetə bilsə, min qitəyə parçalayacaq.

    Xudafərin söykəndiyi sahillər qaya-
    Dikələnə dirək olmaz,
    Aşana çiyin.
    Gözlülərin gözlərinin qabağındaca
    Sualı yox, cavabı yox yiyəsizliyin...

    Hacıleylək yuva qurub bir daş qanadda,
    Ana quşun bala quşa yadigarıdı,
    İnsan qurur, insan yıxır,
    Göylərin altda-
    Nə yaxşı ki, qurdun-quşun izləri qalır.
    O təbiət fəhlələri yol getmir hədər,
    Bir az dayan, maşın cənab,
    Kəfkirli harın!
    Düz körpünün ortasında yükləri, hələ
    İş vaxtları qurtarmamış qarışqaların.

    Bəşər oğlu, heç üzünü tutma göylərə,
    Allahları üşütmədi allahsızlığın:
    Sənsən doğan,
    Haqq səsinə sənsən süd verən,
    Sənsən əkən yer üzünə hər haqsızlığı.

    Bəlkə daşdan doğulubdur insanlar elə,
    İndi-indi çox hikməti ağlım əridir.
    Bəlkə sönmüş sandığımız vulkanlar elə
    Nə zamansa dəfn olunmuş haqq səsləridir!

    Su altında balıqları heyrətləndirər
    Yer üstündən tulazlanan abidə-daşlar.
    Bu heyrətlər donuqları heyrətləndirər,
    Bu daşların görünməmiş vulkanı başlar.

    Xudafərin udulsa da, udmaz səsini,
    O, paslı bir ox deyildi-çıxdı yayından.
    Qulağına daş yamansa Yer kürrəsinin,
    Dodaqları çat-çat olar daş harayından...
8 fevral, 1984

VAXTIN QALSA



    Vaxtın qalsa əgər Mənə də baş çək...

    Əgər əyilməsən hər əyləncəyə,
    Əgər hər vədəyə umsuq olmasan,
    Havaya sovrulan hər deyləncəyə
    Ağlı kar, gözləri yumuq olmasan,
    Tərif gülabından huşun itməsə,
    Başlar çəkisində başın itməsə,
    Anlar aramasan qızıl qayçılı,
    Umulu, küsülü, ərkli, qayğılı
    Ədalı, gileyli çağında hərdən
    Mənə də baş çək.
    Ağıl dəyirmanı nağıl üyütməz.
    Nağıl dəyirmanı nə desən, udur.
    Bəzi kişilərin vədələrində
    Qızıl tabaxlarda daş-qaş soyuyur.
    Hənir təklənəndə gül yastıq belə
    Sanasan kəsilmiş başdı, uyuyur.
    Kimdi təkliyimə şərikli çıxan?
    Alışma eləyək keçən günləri...
    Mənim də payımı qoynuna yığa,
    Mən yığam əlindən tökülənləri.
    Mən nağıl danışmaq bacarmamışdım,
    Bölə bilməmişdim üçü üç yerə.
    Gəl indi min dilli nağıl danışım,
    Üçü yüz üç yerə,
    Yüzü heç yerə...
    Qeybət də qiymətli xammaldır indi,
    Allam qeybətini neçəyə desən.
    Girsə tərəziyə, bu da yəqindi,
    Bərabər gələcək əzilən, əzən.
    Pulsevən çox olar, yoxsa gülsevən,
    Zəvzəyən artıqdı, ya kövşək çalan?
    Çoxalıb bu sayaq suallar verən,
    Cavab istəmir də cavabsız qalan,
    Olmaz yalanın da heç dili qısa,
    Tapar ünvanımda bir üz, bir qılıq
    Arada bir damla ülfət qalıbsa,
    Çəkməyə, satmağa söz axtarmırıq...
    Baş çək ürəyimə,
    Vaxt tapsan əgər.
    Qəfləti üzləşdik orada bəlkə.
29 mart, 1984

GƏRƏK BELƏ OLMAYAYDI



    Bu nə yazdı, bu nə qışdı-deyə bilmirəm,
    Ürəyimdə pöhrələnmiş adın qurudu.
    Qoşa idik- milyon idim,
    Tənhayam -birəm,
    Dilim qarsdı, suyum yandı, odum qurudu.

    Dünən iki qumru gördüm bir budaq üstə,
    Dimdikləri bir-birinə söykəli idi.
    Təbiətin görküydümü o bizə qəsdən?
    Yoxsa elə iki mehrin heykəli idi?

    Sən özünün dalınca qaç,
    Özünü haqla.
    Ağılsız baş, ya eləcə bir it kəlləsi...
    Qürur odur tən dayana ən uca dağla,
    Əsgi odur, onun səsi hardan gələsi...

    Biz dünyanı bölməmişdik "sənin-mənimə",
    Gözlərimiz bir-birinin oduna şərik!
    Ağ qanaddın bəxt adlanan ağ yelkənimə,
    Lüğətlərdə dəfn etmişdik riyanı, şəri.

    Tilsim açar, buxov açar sözün açığı,
    Yalan atı cilovladı,
    Düz düşər atdan.
    İkilikdə qulağına pıçıldadığım
    Sözlər indi tikan olur dilimin altda.

    Mən yuxuda görmüş idim neçə il əvvəl,
    Son ünvanım sel ağzında uçuq çadırdı.
    Yaman gözə şeşələnən buynuz hədəfə
    Bu daş çoxdan atılmışdı,
    İndi çatırdı.

    Düyçələdim, sürüklədim ayaqlarımda
    Ürəyimdən ürəyinə gedən yolları.
    Nə yaxşı ki, yönü uçrum bu çağlarımda
    Aylı, günlü, insanlıymış Vətən yolları.

    "Gərək belə olmayaydı" deyirəm hərdən,
    "Gərək", "gərək"- ömür keçdi,
    Əlli də oldu.
    Gərək nədi bu gərəksiz düşüncələrdən?
    Elə necə olmalıydı- elə də oldu...
May-iyun 1984

SƏNİN ETİBARIN...



    Sənin də etibarın bura qədərmiş, heyif...
    Dözümünün dözümü çatmadı sona qədər.
    Mən aldadım özümü:
    Qəzaya-qismət deyim,
    Sən aldat ki, özünü, "naxışdı yanlış qədəm"...

    Kimsə bilməz kim olub ilk yolçusu bu yolun,
    Xəyanət sellə yaşıd,
    Boranla-qarla yaşıd...
    Bilmirəm bu kəlamı kim yonub,
    Yaxşı yonub:
    Qohum badalağından cəllad bıçağı yaxşı!

    Üzünün üzü gülür, astarı qapqaradır,
    Orda bir ağ kölgəni
    Bir qara kölgə udur.
    Kölgələr tutaşanda təzə kölgə yaranır:
    Nə ülfət duyğuludur,
    Nə hörmət duyğuludur!

    Dil felə qoşulanda baş əldə diyircəkdi,
    Dilin behişt vədləri-
    Bihuşdarı olarmış.
    Bir qarış səddimizi gör zaman
        hara çəkdi...
    Zirvə qarı bildiyim-
    Güney qarı olarmış.
    Şərəfli tanımıram
        şərəf tapdaya bilə,
    Alçaqlardır-
    Alçaqlıq axtaran ucalara.
    Deyin ki: "göyərçindən, leyləkdən ismət dilə,
    Bir qəlbi viran qoyub, bir qəlbə uçanlara".

    Ələdim, dənələdim ötən günləri bir-bir,
    Harayından dikəldim:
    Ərlərin, ərənlərin.
    Bir xatirə təsbehə zor-güclə düzə bildim.
    Yadıma gələnləri,
    Yanıma gələnləri...

    İlk qədəmdə öpüşdü, son qədəmdə tüpürcək,
    Bir qeyri mükafatın olacaqmı, nə deyim?..
    Peşə süpürmək isə,
    Axtar qızıl süpürgə...
    Sənin də etibarın bura qədərmiş, heyif!
May-iyun, 1984

DOSTLAR QAZSIN MƏZARIMI



    Gözlərimə payın yetsə
    Gözün aydın, torpaq anam.
    Son sözümü, son andımı
    Gumuldana-gumuldana,
    Dostlar qazsın məzarımı.

    Qar odası Kərəmindir,
    Bulaq başı Ələsgərin.
    Araz üstə sivri duran
    Bir qaya da mənim yerim.
    Dostlar qazsın məzarımı.

    İçi gülər İsmi Dönük
    Gözlərindən yaş ələyər,
    Məqam tapa, yaş yerinə
    Son evimə daş ələyər.
    Dostlar qazsın məzarımı.

    Halal sözüm, hardasa bir
    Halal qəlbə dənim düşdü!
    Harda çaşdım, harda aşdım,
    Yönsüzlüyə yönüm düşdü...
    Dostlar qazsın məzarımı.

    Günahlarım çoxsa, yığın,
    Büküb qoyun başaltına.
    Bəlkə elə başım halal
    Baş altdakı daş altına?!
    Dostlar qazsın məzarımı.

    Sinəm üstə həkk oluna
    Xış dəstəyi, bir də qələm...
    Öz qəbrimə gülə-gülə
    Özüm yenmək istəyirəm,
    Dostlar qazsın məzarımı...
Mərdəkan, iyun, 1984

MƏMMƏD ARAZ QAYASI



    Bu yaxınlarda aldığım oxucu məktubunda deyilir ki, "Sarıbulaq" adlanan dərəyə gedən yolun üstündə bir sal daşa "Məmməd Araz kürsüsü" adı vermişik. Kövrəldim. Onu çoban dostumun hədiyyəsi saydım. O sal daş mənə bir qaya boyda göründü. Xəyalən o qayanın görüşünə getdim.

    Fərmanına, təltifinə alqış, ey çoban
    Məmməd-Qaya, Qaya-Məmməd,
    Xoş gördük sizi.
    Olsa-olsa mən olaram adi daş çapan:
    Çopur qaya, Qara Məmməd,
    Xoş gördük sizi!

    Bu görüşü göydən baxan qartal da duyur-
    Qanadından lələk salır-
    Təbərrük üçün.
    Qabaq-qənşər qayalıqda kəklik oxuyur,
    Var ol səni, xallı pəri, bu təbrik üçün.

    Yaz dolusu, qəzəbini çiynimdə soyut,
    Qış sazağı, qılıncını çiynimdə gəzdir!
    Qara şeytan, qiyafəni yanımda soyun,
    Boz canavar, böyrümdəcə bala əmizdir.

    Fərhad külək,
    Yıx, yelpiyin yıxan daşları,
    Beyinlərdə, ürəklərdə daş yara bilək,
    Yuxarıdan aşağıya yağan daşları
    Aşağıdan yuxarıya qaytara bilək.

    A dağ çayı,
    Səs vermişdin səsindən mənə.
    Bir yaz günü nəfəsimdən qapdılar onu.
    Yumalayıb, tapdalayıb palçıq yerinə
    Üzü bomboz divarlara yapdılar onu.

    Şəhidlərin qəbri üstə yanan səsimi
    Yanan qandı, duyan duydu...
    Danan qaldımı?..
    Qılıncımı bürmələyib, qalan səsimi
    Şəhriyara pay yolladım, bilməm aldımı?

    Bu daşların daş quyruğu, daş yamağı yox!
    İnsanlığım, daşlığıma söykən, qürrələn.
    Daşın daşa baltası yox,
    Badalağı yox.
    Batan səsim, bitən səsim-qaya qüllələr!..

    Kürəyimdə yerin-göyün ağır yığını,
    Möhürlənmiş hər ucalıq
    yüksəliş deyil.
    Mən duyuram sən olmağın ağırlığını,
    Ey mən-qaya, mən olmaq da asan iş deyil...
25 dekabr 1986

DAHA İNANMIRAM...



    Daha inanmıram boş vədələrə,
    Göz yaşın od olsa- qəhər demərəm.
    Ağızdan ağıza qaçan xəbərə
    Sağsağan deyərəm,
    Xəbər demərəm.

    Bu yorğun yolçunun yolu yoxuşlu,
    Cənnət vəd eləmə üfüq dalında.
    Yoluma daş-qaya diyirlə, xoşdu,
    Alnıma güllə sıx açıq alınla.

    Toxumu haram əl hövkələyəndə
    Səpinçi döşlüyü dəni saxlamır.
    Meşə dincliyinə balta dəyəndə
    Meşələr dumanı, çəni saxlamır.

    Yalana dəm tutdun-yağışdı, yağır.
    Qibləyə tuşlanan andı neynirəm:
    Yəhəri yastıqlı,
    Yüyəni yağlı
    Ayağı buxovlu atı neynirəm.

    Daha boş vədənə inanmıram mən,
    Vədə yük olanda yerimək olmur.
    Doğrunu görəndə xəcalətindən
    Qar kimi,
    Buz kimi ərimək olmur.

    Bu necə vəddir ki, -irişən ilğım,
    Qaçanı, qovanı bara yetirməz:
    Bu kobud məsəldir-ayğırsız ilxı
    Kişnərti yetirər,
    Bala yetirməz.

    Söz kəlam bişirər ağız kürrədə,
    Dəyər öz başına -dəyənək olsa...
    Şükür bu günə də,
    Ötən günə də,
    Hər şey olacaqdı gələcək olsa.

    Mən rəncbər oğluyam- doğruya qulam:
    Od halal olmasa, ocaq alışmır.
    Ha dedim: vədindən atəşgah quram,
    Kibritim alışmır,
    Vallah, alışmır...
28 dekabr, 1986

PUŞKİNƏ



    Necə deyim: ölümünün yüz əlli ili?..
    Sənin əlin tətikdədir yüz əlli ildi.
    Çox xırdalar bərk ayaqda qeybə çəkilir,
    Böyük dərdlə vuruşana böyük deyildi.

    Səndən keçdi Rusiyaya atılan güllə,
    Namərd bilir: xalq ürəyi- şair ürəyi!
    Ölümsüzdür açıq-aşkar açılan güllə,
    Qara həsəd gizli-gizli yeyir ürəyi.

    Hər xəyanət uçurumundan bir tale alsaq,
    Min gecəmiz,
    Min küçəmiz çıraqban olar.
    Məncə, şair qüruruna daş atan alçaq
    Anasına-bacısına kəm baxan olar.

    Sənin səsin: "Hər zamanda zamandan qorun
    Qalır pislər yaddaşında, pis illər ölmür!
    Bir Dantesə bəsdi bircə hörümçək toru,
    Çətin odur-qatil ölür, qatillər ölmür".

    İndi qatil min donludu,
    Bir donlu deyil.
    İndi "ağıl daşqınından" qatil artmada.
    İndi qatil atlı deyil,
    Faytonlu deyil,
    İndi qatil ulduzlara kəmənd atmada!

    Şair səsi el səsinə allahdan yaxın,
    Hər diri söz, hər incə dil bir inci
        zərrə.
    Nəsiminin qürubunu görsəydin, yəqin
    Sən birinci namizəddin ikinci yerə.
    Yenə şair güllələyir görünməz əllər,
    Yenə səsi səs göyərdir Nerudaların,
    Taxıl əkir, un ələyir fənd bilməz
        əllər,
    Yenə əllər ətəyində - yağışın, qarın.
    Ölməzliyi ucaldana ölməz deyilir:
    Qibtəçini kindi boğan,
    Kindi öldürən.
    Gəl geriyə varaqlayaq yüz əlli ili,
    Qatil, görək kimdi ölən, kimdi
        öldürən!..
1987

XƏBƏRİM OLMADI



    Bu mənzilə necə yetdim,
    Vallah, xəbərim olmadı.
    Heçdən qaçıb, heçə yetdim,
    Vallah, xəbərim olmadı.

    Bu dağlar üzü ağdılar...
    Qarını pünhan sağdılar,-
    Qara üzlərə yaxdılar!-
    Yaylaq, xəbərin olmadı.

    Dünən özümü yormuşdum,
    Günəşli göydə kor quşdum...
    Üzü uçruma durmuşdum,
    Qorxaq, xəbərin olmadı.

    Daşda, dəmirdə yaşadım,
    Açıq qəbirdə yaşadım,
    Dəni xəlbirdə yaşadım,
    Torpaq, xəbərin olmadı.

    Bu necə dəhnə: yuyundum,
    Bu necə novça: üyündüm,
    Nə arxdı açdın, suyundan
    Allah, xəbərin olmadı...
1987

TİKANSIZ YAZILAR


Dostum İsaya

    Tikanlı yazılar yazdığım yetər,
    Kağız da, qələm də dincəlsin bir az.
    Nə qızıl üzəngi, nə gümüş yəhər,
    Yol hamar olmasa, könül oxşamaz.

    Bəs kimdən "töhfədir" yolumda bu tir?
    Yolum, yol kəsəni kövrək görmədim.
    Çiçək talasında qanqal da bitir,
    Heç bundan darılan çiçək görmədim.

    Tikansız yazılar-kökü dərində,
    Sözə arğac elər söz bildiyini.
    Tikanlı yazılar çax-çax yerində,
    Zaman üyüdəcək öz bildiyini.

    Mələklik yaşıdır-deyək ki, yaşım-
    "Bütün su arxları süd dartır gecə..."
    Uçruma söylədim: "nənnidi", yaxşı,
    Uçruma gedənin qolundan, necə?..

    Bəlkə az düşünüm, dayaz düşünüm?-
    "Oların", "olmazın" təkəri birdi.
    Arı tikanıyla ilan dişinin
    Bəlkə çəkisi bir, zəhəri birdi.

    Bəlkə heç görməyim görünən qəmi,
    Malalı ömrə də ömürdü deyim.
    Xəyanət caynaqlar didsə sinəmi,
    "Qarışqa tükümü gəmirdi",- deyim?

    Qurda quzu desəm- bu, qurd arzusu,
    Yazıqlıq bacarır cəllad olanlar.
    Quzuya qurd desəm-istəməz quzu,
    Yazıqlar! Hər dəmdə yazıqdı onlar.

    Taleyim, taleyin hökmünü çağır,
    Ömrümə qış verdi-qarı yarımçıq...
    Könlümə üz tutdum yır-yığış çağı,
    Baharı yarımçıq, yarı-yarımçıq...

    Bu dünya güllükdür, əgər inansan,
    Bir lalə camına dolmaq olurmu?
    Söykənək bildiyim qara tikansa
    Gör onda tikansız olmaq olurmu?..

    Hardasa işıqdan çələng toxunur,
    Hardasa səsimə dağ qulaq asdı.
    Nə yaxşı dost sözü palıd toxumu,
    Nə yaxşı tikanı becərən azdı...
1987

VƏZİFƏ, İNSAN...


Vəzifə insana şan-şöhrət deyil,
İnsan vəzifəyə şöhrət olmalı.
Bəxtiyar VAHABZADƏ

    Keçərdin göylərin yeddi qatından,
    Çağlayan çağında nə çağa düşdün!
    Ayağın üzüldü mənsəb atından,
    Ayağın üzüldü-
    Ayağa düşdün.

    Gödənə göz dikən ağlın qudurdu,
    Bilmədin haqq-nahaq ata malıdır.
    Yıxdığın payını yıxıldı, durdu,
    Növbə yıxanındır-yıxılmalıdır.

    Yolun əvvəlində görünmür sonu,
    Bu gülünc sonluğa gülməzdim onda.
    Sağ gözün sol gözə qonşuluğunu
    Bilməli olsan da, bilməzdin onda.

    Devikmə, təntimə, özünü yolma,
    Yoxdu, ötürmələr, qarşılamalar.
    Bu həmin qatardı, həmin yolunan...
    Bu həmin adamlar, o qarışqalar...

    Özün öz gəzənin, özün itiyin,
    Bir daş yaddaşında izin qalıbsa,

    Qonşu pişiyinin, qonşu itinin
    Üzünə baxmağa üzün qalıbsa,
    Səhərlər eyvana çıxmağa qorxma,
    Üfüqə, Günəşə baxmağa qorxma.

    İndi öz hökmünlə ev dustağı sən,
    Üzü dönüklərə dönükdür bu xalq.
    Əyil, sürt üzünə bu torpağı sən,
    Əyilsən, bağışlar, böyükdür bu xalq.

    Bir dən bitirmədi öz alın tərin,
    Yox Günəş zərrəsi qanında, yazıq.
    Yazıqdı yaşmaqlı pəncərələrin,
    Dost əli açmayan qapın da yazıq.

    Bu dəniz kimliyin fərqinə varmaz,
    Cəmliyin, kəmliyin fərqinə varmaz.

    Hərdən çıx sahilə ayaq gəminlə,
    Su səni daşlamaz, meh səni yıxmaz.
    Cavanlıq dostların şeş-beş dəmində,
    Vəzifə dostların sahilə çıxmaz.

    Mənəmlik, hərislik gözdən tük qapar,
    İnsan alçalanda, insan enəndə.
    Vəzifə çapardır, kəmfürsət çapar,
    İnsan öz əliylə yəhərlənəndə.

    Vaxt olur vicdanın səsi baş yarır,
    Onda keçmişini çağır-gələcək.
    Hərdən çək özünü,
    Çək gözəyarı,
    Gör hansı tərəfin ağır gələcək...

    Duyarmı eyhamı söz duymaz, qalın,
    İnsanlıq ən qədim qoruqdu yerdə.
    Vəzifə itəndə insanlıq qalır,
    İnsanlıq itibsə-yer yoxdu yerdə!
1987

SÖZ AÇIQ OLANDA...



    Dur aç pəncərəni açıq havaya,
    Qorxma görünməyə,
    Görməyə qorxma!
    Dur, ey yoldaş insan, dur çıx havaya,
    Dur, təzə gözlə bax köhnəyə, qorxma!

    Nə qədər söz udaq, dil sancaqlayaq,
    Göyərdi pıçıltı qapı dalında.
    Bizi anlayanı, biz də anlayaq,
    Səsimiz qovruldu qapı dalında.

    Burda iddiamız başdan yuxarı,
    Qapılar dalında pələngik, şirik.
    Burda başımızı yaddan çıxarıb
    Özgənin başıyla fikirləşirik.

    Söz açıq olanda-göz açıq olur,
    Göz açıq olanda- "beş", "əlli" deyil.
    Söz açıq olanda düz düzə quldu,
    Şapalaq zərbədi,
    Təsəlli deyil.

    Dartmalar, didmələr, fəndlər, bölgülər
    Oxunu gizlədən yay ola bilmir.
    Biclik tələsindən qaçan tülkülər,
    Düzlük tələsindən yayına bilmir.

    Qoşa buynuzunu gizlətmə başda,
    Qarnını deşəcək-içinə çəksən.
    Özünə görünsən sən açıq-aşkar
    Elə özgəyə də görünəcəksən.

    Sirr açar, dürr açar açarımız da,
    Od donsa, buz yansa- inam ələnməz.
    Söz açıq olanda içərimizdə
    "Yalanlar, filanlar" qafiyələnməz.

    Boş vədə fil olsa- dizi qatlanar,
    Tarixin "düzü düz" varağı ağdır.
    Açmağa düyünlü həqiqətləri
    Duyumlu barmaqlar tapılacaqdır.

    Ədalət qamçısı qəzəb soyudur,
    Qırımlar, qurumlar itirməz onu,
    "Açıq söz" dediyin qızıl suyudur,
    Pas atan ağıllar götürməz onu.

    Ötəri hay-küydən qulağım batar,
    Yalançı köçəri,
    Yalan köçəri.
    Açdım ürəyimi, açdım taybatay,
    Xoş gördük, doğru söz,
    Buyur içəri...
1987

YALANÇININ EVİ YANDI



    Yalançının evi yandı göz qabağında,
    Hamı baxdı, hamı gördü,
    Hamı inandı.
    Şübhəsi yox: ilanın da, qurbağanın da:
    Evdi- yandı, daşdı-yandı,
    Torpaqdı-yandı.

    Yalançının dili yandı göz görə-görə,
    İnanmadı dili alov yaxanlar belə.
    Xəbər yetdi ona töhfə dil verənlərə,
    İnanmadı kirpiyindən yaxınlar belə.

    Ağlığına inam itər dağda qarın da,
    Ara vuran bal qatanda şərə, qeybətə.
    Yalançının dili yanmaz, söz bazarında
    Yaxşı yalan satılarsa, yaxşı qiymətə...
24 mart, 1987

VƏFALIYA CAN QURBAN...


"Vəfasız atar gedər"

    Heç bilmirəm kimdi yazan, kimdi oxuyan?
    Vəfalıya qurban olmaz can nəyə layiq?
    Kimdi səhər şəfəqindən çələng toxuyan?
    Kimdi deyən: ölüm sözü ölməyə layiq?

    Səhər-səhər qapı döydüm-ürək qapısı,
    Dedim: "Əhdə vəfalıdan bir dəstə çiçək...
    Seldən qopub, yeldən qopub,
    Oddan yapışıb,
    Bir də onu bu ünvana kim göndərəcək".

    Üz dönəndə ünvanlar da sifətsiz, uçrum,
    Yaxşı olur cib töhfəsi gül töhfəsindən...
    Durub indi daşı öpüm,
    Taxtanı qucum?
    Nitqim batdı, dilim dondu, "dil töhfəsindən".

    Nə yaxşı ki, yaxşıların ünvanı dünya,
    Qum üstündə söz göyərdir sayalı əllər.
    Ovundurdu sinəmdəki dünyanı dünya,
    Əl uzatdım-
    Gül uzatdı vəfalı əllər.

    ...Göy gurlayır, yağış yağır, ildırım çaxır.
    İtən nəğmə, batan nəğmə doğulur yenə.
    Təzə çəhlim, təzə cığır yollara çıxır,
    Təzə səslə köhnə nəğmə oxunur yenə...

    Mən bilmirəm əhd-etibar azalıb, artıb?
    Odun rəngi, otun rəngi dəyişməzdi ki...
    Köhnə dəbdə layla demək köhnəlib artıq,
    Bəs neyləyək?
    Körpə səsi "köhnə" səsdi ki...

    Dəli könül, vəfasıza, nə söz, nə hədə...
    Can qurbandı söz yazana, oxuyana da!
    Daş heyifdi, vəfasızsa, daş atma hədər...
    Dəli könül, görək qeyri nə düşür yada...

    Bəd əl düşür öz fəndinin məngənəsinə,
    Məqam tapdı- qənimini qənimət verir.
    Zamanını çək zamanın məhkəməsinə,
    Zaman üzü dönüklərə zəmanət verir...
1987

MEYMUNA ƏL ÇALMAQ ÖYRƏDƏN UŞAQ



    Meymuna əl çalmaq öyrətmə, bala
    O bir gün özünü oyada bilər.
    İnsan dünyasından əl çala-çala
    Heyvan dünyasına qayıda bilər.

    Yığılar başına dost-tanışları,
    Hər ağız açana əl çalar qonaq.
    Sonra bu vərdişə uyan başları
    Ağıllı başlardan kim ayıracaq?!

    Ədalı başçılar qızar-qızınar,
    Meymun da meymuna alçalar indi.
    Daş üstə kəkliyi didən quzğuna,
    Daş atan meymunlar əl çalar indi.

    Meymuna əl çalmaq öyrətmə, bala,
    Uşaqsan, bu ağır bir dərddi bəlkə,
    Palıd yarpaqları əl çala-çala
    Palıda əyilmək öyrətdi bəlkə.

    Gərnəşər ağac da, daş da, qala da,
    Tülkülər, dovşanlar xoşlar bu dəbi.
    Tikərlər fillərə yaxın talada,
    Çəpik qərargahı, alqış məktəbi.
    Nə pisdi, bu səsə qatıb səsini,
    Gəvəzə qarğalar tərif yazsalar.
    Meymun vərdişini, meymun dərsini,
    Ayı təlimçilər oğurlasalar...

    Arı balsız qalar, qarışqa dənsiz,
    Vaxt tapmaz ot çala çəpik çalanlar.
    Çətin ki, yorulsun səbri tükənsin,
    Meymuna əl çalmaq öyrətmə, bala!

    Köhnə duruşunda baxar dağ-dağa,
    Dağ qonşu ucaya, uca dağ deyər.
    Meymun küllüyündə sülək sağsağan,
    Qanad çalmağına əl çalmaq deyər.

    Birdən əl çalmağa şir payı-şillə!
    Meymunlar meymunluq eləsə,- azdı.
    Birdən bu çəpiyə şirniksə şirlər...
    Bir meşə qoşula bu səsə-azdı.
    Yaxşıya yamanlıq öyrətmə, bala!
    Meymuna insanlıq öyrətmə, bala!
1987

YAŞAT MƏNİ



    Bu dünyada qurmaq çətin, yıxmaq asan,
    Bir təkanla dağ yıxılar, yıxan olsan.
    İpə dönnəm-əgər göyə çıxan olsan,
    Odun sönsə, qorun ollam,
    Yaşat məni!

    Harayımı batırmağa səs alınca,
    Tərsi düzə cəm eləyib, tərs alınca.
    Mənə balta qıcıyandan dərs alınca,
    Baltan ollam, qolun ollam,
    Yaşat məni!

    Əyri yoldan aylı yolun yaşı qədim,
    Üzüyündən üzüyünün qaşı qədim.
    Bilməm: eşqin yazı qədim, qışı qədim...
    Yazın olum, qarın olum,
    Yaşat məni.

    Haqq- bir daşdır,
    Nahaqq-dərə, bir ağ dərə.
    Zülmətsevər yalquzağa qulaq dərə.
    Qara selin gurultusu qulaq dələr...
    Nahaqqa haqq qurum ollam,
    Yaşat məni.

    Qar altında yaz gözləyən əkin kimi,
    Ədalətə heykəl yonsan, əklil kimi.
    Doğruya qan, şərə qalxan vəkil kimi,
    Gərək ollam,
    Qoru məni,
    Yaşat məni!
1987

AĞLAMA, QORXURAM GÖZ YAŞLARINDAN



    Yenə gözün dolu, ürəyin dolu,
    Təsəlli sənindir, gileylər mənim.
    Vallah, öz içimdə öz dərdim donur,
    Vallah, bu gileylər kül eylər məni.

    Gözündən ovcuna arx açdın, yetər,
    Əl atsan, çiçəklər solar, quruyar.
    Üzünün yanğısı ocaqdan betər,
    Buludlar quruyar, sular quruyar.

    Mən nədən yapışım, nədən barınım,
    Gözlərin varisi göz yaşlarıdır.
    Qadın ziynətinin, qadın varının
    Ucuz mirvarisi göz yaşlarıdır.

    Hələ dostlarım var- əli qolumda,
    Bir dərdə itiyəm, bir dərdə tuşam.
    Gecədən gündüzə gedən yolumda
    Bu göz yaşlarına çox uduzmuşam.

    Gördüm gülüşündən gülab yağanı,
    Bir gözü qızıldı, bir gözü gümüş!
    Duydum bir məqamda o ağlağanı,
    Gözü ağlayanda qəlbi gülürmüş!..

    Dərdiylə, qəmiylə qoşa yatdığım
    O necə qəfəsdi, o necə səsdi.
    Büdrəyib aşanda əl uzatdığım
    Dikəlib qalxanda əlimi kəsdi.

    Yıxıldım, yıxana qəhmər durdular,
    O göz yaşlarına inandıqlarım.
    Gözümdə hörümçək toru qurdular,
    O göz yaşlarına inandıqlarım.

    Qoy belə nə odum, nə közüm olsun,
    Ayıl bu tənəli söz daşlarından.
    Götür gözlərimi, dörd gözün olsun,
    Ağlama, qorxuram göz yaşlarından.

    Hələ dostlarım var- əli qolumda,
    Bir dərddən uzağam, bir dərdə tuşam.
    Gecədən gündüzə gedən yolumda
    Bu göz yaşlarına çox uduzmuşam...
1987

SAĞLIĞIMDA...


"Sağlığında qiymət verin insanlara"
Cabir Novruz

    Göz yaşını tök sinəmə- dəfn elə,
    Ağlayırsan- sağlığımda ağla sən.
    Qəhrin varsa, sağlığımda qəhr elə,
    Ağlayırsan- sağlığımda ağla sən.

    Varmı indi ahdan yanan Kərəmlər,
    Odu odla söndürəcək Sənəmlər?
    Bir də çətin ələ düşə bu dəmlər...
    Ağlayırsan-sağlığımda ağla sən.

    Gedən gedər, qəmi qalar bir içim,
    Fərqi yoxdu: ya üç mini, ya üçü...
    Məzar üstə çoxu ağlar görk üçün,
    Ağlayırsan-sağlığımda ağla sən.

    Qorx ki, sabah qəbirlər də çapıla,
    "İnciləşən" göz yaşları qapıla,
    Göz yaşları alverçisi tapıla,
    Ağlayırsan-sağlığımda ağla sən.

    Ölüm odur- başda oturt, baş olmur,
    Sağlıq odur- təriflərə aş olmur.
    Daşa da bük,daşı da bük- daş olmur,
    Ağlayırsan- sağlığımda ağla sən.
1987

QALIR HƏLƏ


Ustad Şəhriyara

    Dönən döndü, yenən yendi dönməzliyə,
    Doğru yolun nərdivanı qalır hələ.
    Bəy deyiləm, söz hökmündə, Atabəyəm,
    Ər olmaza ər divanım qalır hələ.

    Dərdlə yarış meydanı da əlimdədir,
    Dərdlə güləş meydanı da əlimdədir.
    Dərdə atəş meydanı da əlimdədir,
    Ehtiyatda söz meydanım qalır hələ.

    Bir ölkə var- özü boyda bir körükdür,
    Həqiqəti dil ucuna hörüklüdür.
    Çoxu zülmət suvağını söküb, gülür,
    Heydər babam, Savalanım qalır hələ.

    Mən bir elin, bir vicdanın köləsiyəm,
    Göy uçulsa, torpaq ölsə, öləsiyəm.
    Nə zamansa Nəsimini görəsiyəm,
    Bu inamım, bu gümanım qalır hələ.

    Öz əlinlə qala qursan öz adına
    Əcəl səni qoya bilməz sapandına.
    Qəfil düşsəm bir sevdanın kəməndinə...
    Qaynar təbim, qaynar qanım qalır hələ.

    Yüyənsizdi çoxumuzun mənəmliyi,
    Adilikdə dahiliyə dönəmliyi.
    Başımızda bu məstliyin, bu dəmliyin
    Boz dumanı, toz-dumanı qalır hələ.

    Məmməd Araz, əzilsən də əzim-əzim
    Araz boyu meh olmazsan bircə əsim.
    Ürəyindən ürəklərə köçüləsi
    Nur daşqını,
        Nuh tufanı qalır hələ.
Oktyabr 1987

KƏNDLƏ ŞƏHƏR ARASINDA


Məndən əvvəl bu məzmunda yazılmış bir şerə nəzirə.

    Ömrüm keçdi
    Kəndlə şəhər arasında.
    Bulud əkdim, sel üyütdüm,
    Xeyirlə şər arasında.
    Tikə tutdum, loğma uddum,
    Balla zəhər arasında,
    Çox ağ üzü qara gördüm,
    Ağ qəndillər arasında.
    Ömrüm keçdi
    Kəndlə şəhər arasında...

    Düşünürəm bu dünyada
    İtən nəyim, qalan nəyim...
    Kəndliyəmsə,
    Nə atım var, nə inəyim.
    Şır-şır axan bulağım yox,
    Allı-güllü yaylağım yox.
    Şəhərliyəm,
    Elə dəmli bir cağım yox,
    Elə əlvan otağım yox...
    Ömrüm keçdi
    Kəndlə şəhər arasında...

    Asfalt üstdə "beş-daş" atdım,
    Çox "qərcimə-daş" oynadım,
    "Beş-daş" atdım,
    Beş daş uddum.
    "Təkmi-cütdə" təklik uddum.
    Yaxşı yalan demək uddum,
    Yaxşı yalan yemək uddum.
    Ömrüm keçdi kəndlə şəhər arasında.

    Cəhrəli, nehrəli
    Alaçıqlar gördüm.
    Eldən elə qaçırılmış
    Qaçaqlar gördüm.
    Boylu-buxunlu alçaqlar gördüm.
    Gəzdim işıq dəyirmanı
    Kəndlə şəhər arasında.

    Yük daşıdım
    Sözlə bəşər arasında.
    Xətainin ayağına
    At yolladım
    Payızla yaz arasında.
    Səttarxana heykəl yondum,
    Kürlə Araz arasında.
    Ömrüm keçdi,
    Qələm-dəryaz arasında,
    Hələ get-gəl qurtarmayıb
    Bu dünyayla
    Məmməd Araz arasında.
18-19 mart, 1988

SİNƏM SƏHRA SİNƏSİ



    Səhra qumlarının hesabı varmı?..
    Səhra küləkləri cilova yatmaz.
    Sinədə itəni tapmaq olarmı?
    Küləklər qayıdar,
    İtən qayıtmaz.

    Özümü gəzirəm əli çıraqlı,
    Çəkisiz, ölçüsüz qum dənəsiyəm.
    Hər yolun, çəhlimin qapısı bağlı,
    Qarışqa fəndləri öyrənəsiyəm.

    Suyu bir dəhnədən: əyrinin, düzün...
    Bir gözdə haqq yatır,
    Bir gözdə nahaq.
    Qaraquş gecəni, ağ quş gündüzü,
    Tələdən, cələdən kim qoruyacaq?

    Təklərə hay verib, tənha qalmışam,
    Sinəmdən ay doğar-qaranlıq olsa.
    Sonuncu qorumla od qalamışam,
    Yanarlıq olacaq-
    Qanarlıq olsa.

    Sənə də yol verdim, süləngi xain,
    Əli məşəllidir bələdçi peşəm.
    Sürün öz yuvana, sürün arxayın,
    Mən çox yıxılmışam, sürünməmişəm.

    Bəzən buz içində od saxlayıram,
    Dəvə yüklərimi qarışqa dartır.
    Bəzən düşmənimi qucaqlayıram,
    Hardasa bu dəmdə dostlarım artır.

    Əkinim-biçinim baharlı, qışlı,
    Yağışsız buludu torpaq eşitmir.
    Yüz il qulağımın dibində qışqır,
    Ürək eşitməsə, qulaq eşitmir.

    Bir qum dənəsində uyuyan qoram,
    Səhra sinəsidir sinəm deyirəm.
    Səhra dözümündən dözüm qoparam,
    Səhra yanğısında sönəm, deyirəm...
14 mart, 1988

Xəzəli pul olan bağın



    Xəzəli pul olan bağın
    Bağbanından qəpik çıxmaz,
    Bardan bara salam görən
    Əriyindən ərik çıxmaz.

    Dərd dərədi, dərə mindi,
    Çəyirtkələr dəvə mindi.
    Dovşanlıq ki, dəbə mindi,
    Göy talaya əlik çıxmaz.

    Zaman çeynər yeyin-yeyin,
    Yavanlıqdı yalan-yeyin.
    Yüz də deyin, min də deyin,
    "İsmi dönük dönük çıxmaz..."

    Söz qənirsiz gözəlimdi,
    Düz yolumdu, düz əlimdi.
    Neyləyim ki, öz əlimdən
    Öz əlimə çəpik çıxmaz.

    Adı Pənah-pənahı yox,
    Günah paylar, günahı yox,
    Bu Allahın Allahı yox,
    Heç dərdimə şərik çıxmaz.
12 iyul 1988

VAXTINDA GƏLMƏDİN



    Vaxtında gəlmədin...Mən məndim onda,
    Qanadım yerində,
    Qolum yerində.
    Mən onda eşqimin ağ otağında
    Olsam da, olardım qurum yerində.

    Vaxtında gəlmədin. Bir çıxaq yola,
    Bir gedək bir ömrün sonuna kimi.
    Yollarda yorulaq, yolları yoraq,
    Qəlbimiz baş-başa sönənə kimi.

    Mən də çox ürəyə od dartdım, hədər,
    Heç vaxta sığmadı havalı vaxtım.
    Caynaqdan, qaynaqdan uzaqdı hələ
    O mənim abırlı, həyalı vaxtım.

    Görmüşəm vədəsiz batan səsləri,
    Hay çəkən qayanı, daşı görmüşəm.
    Xəyanət işində ustad kəsləri
    Dəyanət işində naşı görmüşəm.

    Ha dedim özümə özündən əl çək,
    Uysan hər havaya, oynamaq asan...
    Taleyin dalınca gedirsən, gərək
    Qovrulsan, sovrulsan qayıtmayasan.

    Mum oldun, qum oldun daşa söykənib,
    Sinəndə göyərtdin daş xınasını.
    Buluddan su alsa qızıl heykəlin...
    Zaman sındıracaq tez sınasını.

    Danışsaq çıxacaq dərd bir-bir üzə,
    Qəlbimiz külü boz külqabı kimi.
    Biz indi gərəyik bir-birimizə
    Gərəksiz nəsihət kitabı kimi.

    Səni kim yolladı ömrümə qonşu,
    Qayıt, cəhlimini, yolumdan ayır.
    Mən indi yol azan bir səhra quşu,
    Səsim də, sözüm də sözə baxmayır...

    Vaxtında gəlmədin...
    Vaxt köhlən atdı!
    Vaxtında yalına yatanlar udur,
    Yer göyə tulladı, göy yerə atdı,
    Budur gecikənin töhfəsi, budur!
20 iyun 1988

YENƏ BU KÜLƏKLƏR



    Yenə bu küləklər qoymayır yatam,
    Bir səmtə səsləyir hər əsən külək,
    Küləklər ağzında didilir adam,
    Bunları kim didib,
    Kim əyirəcək?

    Kiçik kiçildikcə böyük böyüyər,
    Yıxanı yıxanın qərəzi olmaz.
    Özünü itirən özündən deyər,
    Hörümçək torundan tərəzi olmaz.

    Sərsəri küləklər gəvəzə qarğa,
    Səllimi küləklər yüyənsiz qadın.
    O qənim-qəlbində yanan çırağa,
    Bu qənim...Vay odu arada qaldın.

    Bu hansı tufandı-babası boz qurd!
    Qeyb olan nəfəsdir-külək donunda.
    Torpağa hopana yurd oldu bu yurd
    Səmaya qalxanda şimşək donunda.

    Qoca küləklər var- Nizami səsli,
    Ucalıb, ucaldan onu anlayar.
    Bir əsim əsməsi səhraya bəsdi-
    Bulud soyundura, sel heşanlaya.

    Qapqara küləklər gecələr əsir,
    Ağ geyir dan yeri ağaran kimi.
    Aparır adamı qurd vahiməsi
    Qoyunu dalınca aparan kimi.

    Nə qədər dağ öpdüm, yer qucaqladım,
    Yurdumdan-yuvamdan doyan olmadım.
    Külək səslərinə qulaq bağladım,
    Külək vədlərinə uyan olmadım.

    Yol azıb, ünvandan ünvana axır,
    İnam satmalıdır, vəd satmalıdır.
    Bu yazıq küləklər aldanıb axı,
    Bəlkə də haqqı var- aldatmalıdır.

    Kim duyar bir qəlbin hay-harayını,
    Mən düzəm, "düz əllə" düzləşməmişəm.
    Hələ ürəyimin "Qış sarayını"
    Yıxan küləklərlə üzləşməmişəm.
3 iyul 1988

 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.11.2013) | Müəllif: R.C E W
Baxış: 728 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more