Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 3
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >> 
YADDAŞLARA YAZILAN SƏS



    Müasir Azərbaycan ədəbiyyatında ən milli şairlərdən biri də görkəmli söz ustası Məmməd Arazdır. O, babalardan qoruna-qoruna gəlmiş, həmişə "çırpısı tətikdə, odunu dəmdə” olan əli qabarlı tipik bir azərbaycanlı ailəsində böyüyüb tərbiyə almışdır. Onun milli bir şair-vətəndaş kimi formalaşmasında "Çadırdaş ətəyi, Nursu bulağı”ndan başlamış bütün Azərbaycanı əhatə edən ictimai-coğrafi və ədəbi "iqlim” iştirakçı olmuşdur. Məmməd Arazın ata ocağı sözün həqiqi mənasında bütöv bir xalqı və böyük bir Vətəni təmsil edən Azərbaycan ocağıdır. Şair nəsillərdən-nəsillərə keçib gəlmiş bu tarixi ocağın layiqli varisi, etibarlı odqoruyanıdır. Xalq şairinin yaradıcılığında əlli ildən bəri çağlamaqda davam edən Azərbaycan ruhu, bənzərsiz Vətən duyğusu və milli mühit odunu-qorunu geniş mənada "ata ocağı”ndan alır:

    Çırpısı tətikdə, odunu dəmdə,
    Səhərin gözündən od alıb ocaq.
    Yanır aram-aram, odu sinəmdə
    Sonra kim söndürüb, kim yandıracaq?

    Ocaq çırtıldayır, közü dərində...
    Axıdır gözünün yaşını çırpı.
    Alovlar hay salıb öz dillərində
    Özünü o daşa, bu daşa çırpır.
    ... Babamdan qalıbdır bu ocaq bizə,
    Bir ocaq sönəndə bir tifaq itir.
    Bir ocaq söngüsü qeyrətimzə
    Bir düşmən nəslinin qəhqəhəsidir.

    Məmməd Arazın şeri ata ocağının odu-közü, çırpısı-odunu, tüsütüsü-alovudur.
    Milli birlik, daxili saflıq və bütövlük, mənəvi və ictimai azadlıq Məmməd Araz şerinin həmişəlik ilham pərisidir. Şair hələ 1956-cı ildə yazdığı "Bizim gənclik” şerində özünü və sənətini "xalqımızın hər müqəddəs, hər mübariz çağırışına” həsr edəcəyini bəyan etmişdir. Məmməd Araz keçdiyi yaradıcılıq yolunun bütün keşməkeşli mərhələlərində bu anda sadiq qalmışdır. O, Azərbaycanda hamıdan əvvəl "Məndən, səndən ötən zərbə, Vətən, Vətən sənə dəydi” - demişdir. Vaxtilə Xəzərin ekologiyası barədə ən kəskin poetik həyəcan təbilini Məmməd Araz səsləndirmişdir. Müxtəlif dövrlərin Azərbaycan gerçəkliyini mənalı və münasib şəkildə əks etdirən "Vətən mənə oğul desə”, "Yenə Arazı gördüm”, "Dağlara çağırış”, "Dünya düzəlmir”, "Ağlama”, "Qalx ayağa, Azərbaycan” kimi ittiham və səfərbərlik ruhlu şerlər Məmməd Araz qələmindən "göyərmişdir”. Məhz Məmməd Araz hələ 25 il bundan qabaq yaza bilmişdi ki:

    Bir ölkənin caynağından ölkə saldırıb,
    Neçə-neçə bölünənlə bölünməliyəm.
    Bir ölkənin sağlığına badə qaldırıb,
    Bir ölkənin göz yaşına bələnməliyəm.

    Tamahlar var, məqam tapıb orbitə çıxsa,
    Qitələrin gözlərinə qor atacaqdır.
    Yer şarını bir nar kimi ovcunda sıxsa,
    Tamahsıyıb, ulduzlara tor atacaqdır.

    Əsrin əvvəllərində Mirzə Ələkbər Sabirin, böyük Hophopun bağrından qopmuş "Nişançı özümüz, hədəf özümüz” - kəlamını yüzilliyin sonunda top lüləsinə qoyub yeni hədəfə məharətlə atmağı bacaran da Məmməd Arazdır. Böyük ustad Mirzə Cəlil babadan üzü bəri çözələnən neçə-neçə milli dərd-sərimiz Məmməd Arazın bir çox şerlərində, ələlxüsus "Dünya düzəlmir” şerində sadəcə dil açıb danışmır, xalq şairi Səməd Vurğunun sözləri ilə desək "pələng kimi nərə çəkib hayqırır”:

    Ömür də tükənir, söz də tükənir,
    Başımın altından yastıq da qaçır.
    Əllərdir uçuran əllər tikəni,
    Çölümdən yaz qaçır, yazlıq da qaçır.
    Dünya düzəlmir ki, düzəlmir, baba.

    ... Kiminsə dünəni qəbirsiz qalıb,
    Kotançı babası dəmirsiz qalıb,
    Kömürçü atası kömürsüz qalıb,
    Xəmrəsi, urvası xəmirsiz qalıb.
    Dünya düzəlmir ki, düzəlmir, baba.

    ... Hələ bu dünyanın qeylü-qalı çox,
    Bilməm zəhəri çox, yoxsa balı çox,
    Çox verdim özümə bu sualı, çox:
    Ərzin nadanından ağsaqqalı çox.
    Bəs niyə bu dünya düzəlmir, baba?

    Məmməd Araz böyük ustadların təkcə söz-sənət sahəsində yox, həm də Vətən, milli mücadilə savaşındakı hələ də davam etməkdə olan yürüşünün keşikçisi, fəal iştirakçısı və hətta ağıllı, tədbirli sərkərdələrindən biridir. O, lazım gələndə vətəndaş "qələmini-hərbi nazirə”, "yazı masasını-paytaxta”, "kağızını-bayrağa” sevgisini, nifrətini "ən nizami qoşuna” çevirməyi bacarır. Məmməd Araz şeri beləcə 50 ildir ki, vətən səngərindədir. Bu şerin atəşi mənəviyyatımızdan tutmuş, ictimai mühitimizə, hətta sərhəd xətləri və cəbhə bölgələrimizə qədər hər yerdə eşidilməkdədir. Yaşının, səhhətinin bu çağında sərvaxtlıq və qürurla Murovdağ ətəklərinə baş çəkib gəlməsi onun tutduğu yola nə qədər sabit qədəm olduğunu bir daha təsdiq edən səciyyəvi dəlil-sübutlardandır. Hələ yetmişinci illərdə özünü şerimizin "daş əsgəri” adlandıran şair indi ədəbiyyatımızın qaya-sərkərdələrindən biridir. Və Məmməd Arazın dilindən çıxmış "vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” kimi poetik zərbi-məsəl də ilk növbədə onun özünün timsalında uğurla sınaqdan çıxmışdır. Məmməd Araz Azərbaycan adlı məmləkətin həm öz yerində olan gərəkli "vətən daşı”, həm də ayıq-sayıq, dəyanətli, layiqli vətəndaşıdır. Qələm dostlarından birinin ona üz tutaraq dediyi "bu dünyanın qara daşı göyərməz” sözlərinə şairin məhz "göyərdi” rədifli dörd-beş bəndlik şerlə cavab verməsi də Məmməd Arazın poetik nikbinliyini ifadə etməklə bərabər, həm də onun özünün "vətən daşı”ndan - vətəndaşlığa qədər keçdiyi çətin, lakin şərəfli yolu dolğun şəkildə mənalandırır. Şair bu keşməkeşli yollardan ürəkdən bağlı olduğu elinə-obasına, dağlara-qayalara söykənə-söykənə keçmişdir. O, belə dərin səbri, dəyanəti və dözümü də "ərköyünlər atası” olmayan "dağ əmisin”dən öyrənmişdir. Hətta dağların əhatəsində arabir onun da başı üstə çaxan "ildırımları” da şair müdrikcəsinə "dağların çibini” saymışdır. Məmməd Arazın dağlara çağırışı onun Vətənə-məmləkətə, milli bütövlüyə, əbədi dəyərlərə tapınmasının ifadəsidir:

    Ən ağır anında dağlarla danış,
    Ən ali loğmandır o müdrik qoca.
    Nə qədər, nə qədər qaysaqlanmamış,
    Dərdlər tullasan da dərə boyunca,

    Dağ çayı çökdürüb çay daşlarına,
    Duruldub bənzədər göz yaşlarına,
    Dağlar öz hökmündə güzəştsiz, ötkəm,
    Şair, qayalara, dağlara söykən!

    Yalnız illər uzunu bənzərsiz sənətindəki bu cür milli-azadlıq ruhu, istiqlal duyğusu, vətən, millət, torpaq təəssübü Məmməd Arazın özü-özünə "haqqın var yaşamağa” - deyə daxili müraciətinə haqq qazandırır. Oxucu həmin sözləri lovğalıq, təkəbbürlük kimi yox, səmimi bir etirafın ifadəsi kimi qəbul edir:

        ...Bütün keçilməzliyi, Vətən, adınla keçdim.

    Haqqın var, Məmməd Araz,
        Haqqın var yaşamağa!

    Xalq şairi Məmməd Arazın yaradıcılığında millilik bəşəriliklə vəhdət təşkil edir. Şairin insan haqqındakı düşüncələrində milli və bəşəri duyğular üz-üzədir. Bundan başqa, onun poetik rübabında dünya məsələlərinə, bəşəriyyəti düşündürən vacib problemlərə dair fikir və qayğılar da sıx-sıx öz əksini tapır. Lakin bütün məqamlarda Məmməd Araz "Azərbaycan dünyasından baxır dünyaya”. Şairin sırf, xalis bəşəri-fəlsəfi səpkidə alıb, yüksək bədii səviyyədə təqdim etdiyi dünya mövzusu isə ilk növbədə vətən övladlarını "gəlimli-gedimli” dünyanın bənzərsiz "ömür-gün naxışı”nın mahiyyəti ətrafında düşündürməyə yön alır:

    Bu get-gəllər bazarına dəvədi dünya,
    Bu ömür-gün naxışına həvədi dünya,
    Əbədiyə qəh-qəh çəkir əbədi dünya,
    Dünya sənin,
    Dünya mənim,
    Dünya heç kəsin.

    Dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə olunmuş şerləri ilə Məmməd Araz bəşər övladına da ürəyini eyni səmimiyyətlə aça bilir.
    Azərbaycan dövləti xalq şairi Məmməd Arazın xidmətlərini yüksək qiymətləndirir. Müxtəlif fəxri adları olan şairin sağlamlığının qayğısına qalınması, dövlət vəsaiti hesabına Almaniyaya müalicəyə göndərilməsi bu qayğının yeni təzahürüdür. Yeri gəlmişkən deyək ki, Məmməd Araz romantik şair Hüseyn Caviddən sonra iyirminci yüzillikdə Azərbaycandan müalicə olunmaq məqsədilə xarici ölkəyə göndərilən ikinci sənətkardır. Bundan başqa, respublika prezidenti Heydər Əliyevin fərmanı ilə xalq şairi Məmməd Arazın milli-azadlıq hərəkatındakı xidmətləri nəzərə alınaraq müstəqil Azərbaycanın ən ali mükafatına - "İstiqlal” ordeninə layiq görülməsi də çoxillik ictimai-ədəbi xidmətin layiqincə qiymətləndirilməsinin ifadəsidir.
    Oxuculara təqdim olunan bu kitabda Məmməd Arazın 1956-cı ildən sonrakı əlli ilə yaxın dövr ərzində yazdığı çoxsaylı şerlər toplanmışdır. Ünsiyyətin hazırkı forması "Seçilmiş əsərlər” şəklində düşünülsə də tərtib prosesində xüsusi seçmə, ələyib-arıtdanma prinsipi əsas götürülmüşdür. Əksinə, tərtibçi və redaktor bu kitab vasitəsilə Məmməd Araz sənətinin təbii təkamül prosesini, boyartımını təqdim etməyə, göstərməyə çalışmışlar. Kitabdakı bir-birindən qüvvətli, yaxud zəif şerlər, habelə onların yazıldığı yeri və vaxtı bildirən məlumatlar yaradıcılıq prosesinin çəkilmələri və qabarmalarını özündə əks etdirməyə xidmət edir. İnanırıq ki, Məmməd Arazın oxucularla yeni görüşü əlamətdar ədəbi hadisəyə çevriləcək, yaddaşlara yazılan mənalı poetik səs kimi faydalı və təsirli olacaqdır.
İsa HƏBİBLİ,
Naxçıvan, 3 may 2002-ci il

QORUYUN DÜNYANI



    Elə bil ağıllar dolub yelinə,
    Az qalır evini unuda adam.
    Hamı "ulduz yeyir" kişmiş yerinə,
    Hamı söhbət açır Qalaktikadan.

    Deyəsən bir yolluq çıxır yadımdan
    Ala itimizə yal bişirdiyim,
    Qovub saldırdığım eyvanda, damda
    Ağzından sərçəni sarı pişiyin.

    Ağıllı ovçular azdı o zaman,
    Həvəskar ovçular dovşan vurardı.
    Sonra dağ kəlini dağlarımızdan
    Ağıllı ovçular qırıb qurtardı.

    Ağıl hökm eləyir dünyada, ağıl!
    Bir ağlın barıdır bəzən bir ölkə,
    Deyirəm çaylar da ağıldır - axır,
    Dənizlər, ümmanlar ağıldı bəlkə.

    Ağıllı ağlını at kimi qovur,
    Ağlın mənzilində dağ, dərə heçdi.
    Qəfil bir döngədə ağlın cilovu
    Vay odu, ağılsız əlinə keçdi.

    Bəşər dəyişdirməz bəşər halını,
    Kim talan elədi - o, talan oldu.
    Neçə yol ağıllı alman xalqının
    Ağlını başından çıxaran oldu.

    Ağılla ucalıb Versal daşları,
    Hər çəkic bir ölkə qəddini əyib.
    İnsan cəsədləri, insan başları
    Versal daşlarından az işlənməyib.

    Ehramlar - kükrəyən ağlın vulkanı,
    Ehramlar - qəlibi qul ürəyinin!
    Ağıllar başına alıb dünyanı,
    Atır bir-birinə gələcəyini.

    Ağıl qızıxanda - dəvə hikkəli,
    Köpəndə demirəm o nəyə bənzər, -
    Yerin kürəyinə çiyin söykənib,
    Dünyanı tərsinə fırlatmaq istər.

    Ağıllı başların qəzəbi-kibrit,
    Dünyamız bir taya quru küləşdi.
    Gəl indi bu boyda yanğını kirit -
    Qəzəb ikiləşdi, baş ikiləşdi.

    Bəşər çox təzadlar yükünü dartıb:
    Dara da ilişib, çıxıb da dardan.
    Ağıllı azdıqca ağılsız artır,
    Qoruyun dünyanı "ağıllılardan!".
1980

MƏNİM DƏ YAŞIM AZ DEYİL



    Mənim də yaşım az deyil,
    Bu dünyada nə görmədim!
    Bir-birinə yamaq gördüm,
    Calaq qərinə görmədim!

    Çiçəyindən alağı çox,
    Kişisindən papağı çox,
    Köpəyindən yalağı çox,
    Bu dünyada nə görmədim!

    Dolu gödən kürkə sığmaz,
    Boş balqabaq börkə sığmaz,
    Yəhər qanmaz, tərkə sığmaz...
    Bu dünyada nə görmədim!

    Nöqtə boyda ölkə - vulkan,
    Dərya boyda diyarı qan,
    Biri tikən, biri yıxan,
    Bu dünyada nə görmədim!

    Raketlər döş kimi dolu,
    Gələn nəslə əmzik olu,
    Kimin qolu, kimin yolu...
    Bu dünyada nə görmədim!

    Boş inaddan, könül, əl çək!
    Özündən özünə yol çək.
    Bu boynu əyri dünyanın
    Bir üzü ağdı həmişə,
    Vüqarı şaxdı həmişə.
1980

QAYTAR MƏNİ


Yaşar Əliyevə

    Gönül, bu gün nağıl danış,
    Dünənimə qaytar məni.
    Ələnməmiş, üyünməmiş
    Öz mənimə qaytar məni.

    Mamırına dolu yatan
    Bir dağ döşü -bir daş otaq...
    Nə əl dəyən, nə zəng çatan
    Ünvanıma qaytar məni.

    Nədir itən, nədir qalan?..
    Beş-on sözdür ümid - qalam.
    Baş aparsam, başsız qallam,
    Yüyənimə qaytar məni.

    Aramızda tufan yaşar,
    Sahillərdən punhan yaşar.
    Yaşamağa güman yaşar,
    Gümanıma qaytar məni.
1980

TƏLƏSDİM



    Dağlar gördüm, dağlarımın oxşarı,
    Zirvələrin görüşünə tələsdim.
    Küləkləri saçlarımı oxşadı,
    Boranına, yağışına tələsdim.

    Ağ kağızda söz ucalır, söz yenir;
    Közərtili könüllərdə söz yeni...
    Hara çəkdi söz qədəmi, söz yönü -
    Enişinə, yoxuşuna tələsdim.

    Ay köçərim, ürəyimdə qal qışı -
    Kərəm kimi qar altında qalmışın.
    Günlərimdən qova-qova qar-qışı,
    İllərimin qar-qışına tələsdim.

    El sazında səsim qala bircə sim,
    El yazında nəsim olam bircə əsim,
    Harda olsan, ey eşqimin bircəsi,
    Harda olsam, çağrışına tələsdim.

    Torpağımdan duman kimi yığılsam,
    Son nəğməmin uçrumuna sıxılsam,
    Qəfil qəza yıxmaz məni, yıxılsam,
    Ana yurdum, ağuşuna tələsdim.
Pitsunda, Oktyabr, 1980

XOŞ GÖRDÜK, ALA SAĞSAĞAN!



    Səsin gəlcək susdu meşə,
    Bülbül köçdü dal budağa.
    Qur-qurunu gölməçədə
    Tezcə uddu göy qurbağa.

    Tülkü baxırdı tələdə
    Yağlı ətə marağınan,
    Çaşdı - aşdı öz xoşuna
    Ov itinin marığına.

    Bəd xəbəri yayan kimi
    Çəkilərsən bazarına,
    Gizdilinpaç oynayarsan
    Kətanköynək qozlarınan.

    Qarğa gördün - qarıldarsan,
    Qırğı gördün - qırıldarsan,
    Sərçə gördün - nərildərsən;
    Xoş gördük, ala sağsağan!

    Deyirlər xoş xəbərlisən
    Yağlı bağırsaq olanda.
    Eyvanlarda qurut dolu
    Köhnə dağarcıq olanda.

    İndi yoxdu qurut qoyan,
    Sürü dağda, biz aranda.
    Xəbərdən olmaz xəbərin
    Ayılar palıd qıranda.

    Yerin uca budaq ucu,
    Çərəzin ətcəbalalar,
    Qaranquşlar səndən qaçıb
    Damda, tavanda balalar...

    Zəy dilini nahaqca gəl
    Batırma, bala sağsağan!
    Xoş gördük, qoca hiyləgər,
    Xoş gördük, ala sağsağan!..
Pitsunda, 1980

TELEFON



    Bu gün telefona yazığım gəlib,
    Bir vaxt həmdəm olan indi yad olub.
    Zəngim gözlənilmir, zəng gözləmirəm,
    Yazıq xəcalətdən ikiqat olub.

    Körpə də deyiləm beşiyə dönə,
    Heyva-nar satmıram yeşiyə dönə,
    Bürokrat əlində pişiyə dönən
    Bir canlı, lal-dinməz aparat olub.

    Niyə eyvanımın bülbülü itdi,
    Yerində boşboğaz bir qarğa bitdi,
    Elə bil dünyada gülməli, ciddi,
    Ciddi nə vardısa zarafat olub.

    Dəlidağ, səsini eşidim hardan,
    Bir zəng yollayasan yağışdan, qardan.
    Bu fağır telefon neyləsin, qardaş,
    Daha Məmməd Araz farağat olub.
Pitsunda, sentyabr, 1980

ƏL DƏYDİ, ÇAXMAQ DAŞIYAM


Dostum Ağayara

    Təklikdə çaylaq daşıyam,
    Məni qoymayın təklənəm!
    Əl dəydi, çaxmaq daşıyam!
    Məni qoymayın təklənəm!

    Bir dəryadır hər zərrəcik,
    Dəm zərrəcik, dərd zərrəcik,
    Namərdə də mərd zərrəcik
    Dəni qoymayın təklənə!

    Dağsız duman yalnız ahdı,
    Qara bulud yalqız axdı.
    Çən təkləndi - yalquzaqdı,
    Çəni qoymayın təklənə!

    Xəlbirlənə kaş ömür də,
    Boş il düşə boş ömürdən...
    Xoş an qalar xoş ömürdən,
    Anı qoymayın təklənə!

    Yaman çoxalıb bu azlar,
    Bu kəndirsiz kəndirbazlar!
    Körpülənin, ay Arazlar,
    Məni qoymayın təklənəm!
Dekabr, 1980

QAYIDARSAN



    Belə dönmə, ismi dönük deyilsən;
    Gileyin var: yağdırıb get, yağıb get.
    Qayıdarsan: yol göyərər, yol donar,
    Keçdiyimiz yola bir də baxıb get!

    İnnən belə dəmin dəmdə, qəmin kəm...
    İnnən belə toy-büsatlar səninki.
    Göz yaşların gərək olmaz yəqin ki...
    Gözlərini gözlərimə sıxıb get.

    Aldatmaq da aldanılmaq deyilmi?
    Zəhər satmaq zəhər almaq deyilmi?
    Yaxşı quyu tərs badalaq deyilmi? -
    Elə birdi: yıxılıb get, yıxıb get...

    Tufan dəli, il tağında gül zərif,
    Tez töküldü ömrümüzün gün zəri.
    Barı ayır yadda qalan günləri,
    Yaddaşının bir ucuna yığıb get.

    Qopdu bir səs, qopdu bir tağ qalamdan,
    Göyərçinlər perikdi dağ qalamdan,
    Eşqim qalan bu üçbucaq qalamdan
    Əlində cam, dilində şam çıxıb get...
6 dekabr, 1980

O GÖZLƏRƏ BAXMARAM



    Bu gün sənin hər gözündə bir gülüş,
    Biri çılğın, biri tutqun, bürkülü...
    Baxışına yad baxışlar bükülü,
    İnnən belə o gözlərə baxmaram.

    Qəza gəldi, əsa gəldi, deyirlər.
    Əhdini də düyçələyər iy əllər.
    Bir çalada donan suya əyilləm,
    İnnən belə o gözlərə baxmaram.

    İki görüş bir baxışda görüşdü,
    İki ilmə bir yanlışda görüşdü.
    Doğru sözüm aldanışla görüşdü,
    İnnən belə o gözlərə baxmaram.

    Haray, durnam, qatarımı itirdim!
    Havar çəkdim, havarımı itirdim,
    Dalğasında avarımı itirdim,
    İnnən belə o gözlərə baxmaram.

    İsmi dönük, son tufanım olsa da,
    Son ümidim, son gümanım olsa da,
    Gündoğanım, günbatanım olsa da,
    İnnən belə o gözlərə baxmaram.
Dekabr, 1980

OLARMIŞ



    Öyünəsi bircəm idin, birimdin.
    Yön tutası qibləm idin, pirimdin.
    Taleyimə dan ulduzu bilirdim,
    Karvanqıran olmağın da olarmış.

    O dolaşa çox yuvalar dolaşıb,
    Bal dilindən bişirərsən bal aşı.
    Yüz dodağın artığından bulaşıq
    Bir qədəhə dolmağın da olarmış.

    Azan dildi - söz tapdayan, söz yolan,
    Beş addımda söz yorulan, söz yoran...
    Nə fərqi var: əyri yalan, düz yalan.
    Doğruluqdan doymağın da olarmış.

    Qal sinəmdə, qal, ay sevdam, qal, ayçam,
    Paxır qəlbi ağartmadı qalayçan.
    Məhəbbətin qanad açan, qol açan,
    Qol bağlayan qolbağın da olarmış.

    Əl soyudu, könül də od qalamır,
    Gün gün üstə xəzəl kimi qalanır.
    Bir elinən tikdiyimiz qalanı
    Bir əlinən oymağın da olarmış...
Dekabr, 1980

DƏNİZ O DƏNİZDİ, SAHİL O SAHİL...



    Dəniz göylüyündə qalıb eləcə,
    Sahil qayaları elə həmindi.
    Girib xəyalımın qoluna təkcə
    Özümlə həmsöhbət olmuşam indi.

    Səhərin, axşamın rəngi dəyişməz,
    Gündüz günəşlidir, gecə aylıdır.
    Baxıram rənglərə, rəngimə düşməz,
    Gülüşlər ayrıdır, səslər ayrıdır.

    O vaxtlar dalğalara gənclik demişdik,
    Sular o təkanla yenə çalxanır.
    Qumlara söz-hənir səpələmişdik,
    Ayağım altında səs ayaqlanır.

    Hanı o? - ulduzdu, şəfəqdi, nəydi?
    Dənizdə dalğaydıq, sahildə qaya.
    Təklənən talelər gözümə dəydi.
    Mənim təkliyimə kim məhəl qoyar.

    Təklənən ləpirlər yağış çalası,
    Təklənən yarpağı şaxta yedəklər.
    Taledir, kimlərsə tənha qalası,
    Kimlərsə baş-başa ömr edəcəklər.

    Mənəm o yüyənsiz cavanın biri,
    Gəl bəri dərdləşək, a cavan oğlan:
    Mən nə qazanmışam səni itirib,
    Sən nə qazanmısan mən olmağınan.

    On beş il əvvələ yol yoxdur daha,
    On beş il sonra da düyünlü düyçə,
    Bu günü döşündən asandı dahi,
    Bu günün göyünə baxandı göyçək.

    Didilir bir ömrün yaşıl köynəyi,
    Yorğun xatirələr yollarda yortur.
    Nə qədər gözün var, gözlə ürəyim,
    Nə qədər sahil var, sahildə otur...
Pitsunda, 28 sentyabr, 1981

AYRILIQ GÖRÜŞÜ



    Bu da bir minnətdir, - Görüş minnəti.
    Yoruldun, yeridik ikicə addım.
    On ildə bilmədik yol-yoxuş nədi,
    Bir gündə on ilin yoxuşu çatdı.

    Deyək keçməmişik bu yolu, neynək;
    Bir an da gərəkdir xəstə adama.
    Qəfləti üz-üzə gəlmişik deyək,
    Deməyək qəfləti ayrıldıq amma.

    Belə ikilikdə onsuz da təkik,
    Ürəklər baş-başa deyilsə əgər.
    Geri dön,
    Qəlbini gətir görüşə.
    Belə nifrətə də nifrət deməzlər.

    Bu gün dodaqların qaçsa da, gülmür:
    Dönüb gülüşünü gətir görüşə.
    Dilindən söz yağmır,
    Sual tökülmür;
    Qayıt, ötən günü gətir görüşə.

    Qayıt, insafını gətir görüşə,
    Yol üstdə bir tənha ağac san məni.
    Barı inandır ki, təəssüf ilə
    Kəsib, uçuruma atırsan məni.

    Söz sözdə bişməsə, söz sözdən acı...
    Məhəbbət büdrədi -
    Göz qapalıdır.
    Küsün var açıq de, ərkin var açıq,
    Yalan dil yarası,
    Dil qabarıdır.

    Zaman nərələri,
    Qıyları udur,
    Hər həşir-harayı eşitməz zaman.
    Məni inandır ki, məhəbbət budur -
    Səadət başlanır bu ayrılıqdan...
1981

SAĞ OLSUN QOCALIQ...



    Saldı Həmzətovu hənək atından,
    Qaysın gözəllərə diz çökmür daha.
    Yazım min qadından, milyon qadından
    Yoxdu qısqananım, şükür Allaha...
1981

"Birinci sevgini iyləyib atdın"



    Birinci sevgini iyləyib atdın,
    Dər görək, bu çiçək necə çiçəkdi?
    Elə ki, məhəbbət bazarı açdın,
    Bütün məhəbbətlər köhnələcəkdir.

    Dönüb baxacaqsan keçdiyin yola:
    Küləklər haraylı,
    daşlar uyğulu...
    Bu sevda selləri rəddini yonar
    Sənə layiqlinin, sənə uyğunun.

    Bir də qulağında səslənməz adım,
    O da qurban olar ikinci eşqə.
    Ancaq qorxuludur sonrakı addım,
    Sonra ikiləşmə,
    İkinciləşmə...
1981

KİMLİYİM, NƏÇİLİYİM...



    Qəfil düşdüm bəd taleyin kəməndinə mən,
    Axır dönüb bu halımla barışan oldum.
    Daha tənqid biçinində az itilənən,
    Daha tərif xırmanında az daşan oldum.
    Dib bucaqda beli bükük,
    Lüləsi donuq, -
    Hörümçəyə bağışladım ov tüfəngimi.
    Günün çoxu yuxuludur ev telefonu,
    Günün çoxu diksinməyir qapı zəngimiz.
    Yox, ürəyim, daş qulazla ötəri dərdə,
    Qəm üstünə sevincini hörməyi bacar.
    Ön cərgədən son cərgəyə adlayıb hərdən
    Görünməyən məqamları görməyi bacar.
    Öz vaxtında ayırmadın şahini sardan,
    Az qoşmadın boş xarallar şəninə dastan.
    Qaranquşa, sığırçına meylimi sallam,
    Ürəyimdə yuva qurmaz köçəri dostlar.
    Bir də üzməm yalan vədlər cəzirəsinə,
    Köpüklərə ip atmağın faydası nəymiş?
    Bir vəzifə kürsüsünün cazibəsi nə,
    Bir telefon dəstəyinin ədası nəymiş!
    Mən bu hala gülə bildim,
    Ağlaya bildim:
    Əhd-ilqar da "baxarıq"lı, "görək"li imiş;
    Mən ömrümün aşrımında anlaya bildim:
    Nəçiliyim kimliyimdən gərəkli imiş...
1981

TƏKLƏNMƏ



    Dost arası yol çəkilməz,
    Dost arası yol sökülməz,
    Tale hər vaxt üzə gülməz,
    Təklənmə, könül!

    Bir otaqda bir sən, bir mən,
    Gəlhagəllər hanı, bilməm?
    Son güman da itsə birdən
    Təklənmə, könül!

    Öz dərdinə ortaq da ol.
    Öz içində dustaq da ol.
    Dön özünə bıçaq da ol,
    Təklənmə, könül!

    Bu mənzilin sonu müşkül,
    Zirvəyəcən yüyürmüşdün,
    Dərəsinə qəfil düşdün,
    Təklənmə, könül!

    Arazıma körpü asa
    Düyünü yox bir nəğmə - sal.
    Son vurğunu son nəğmə san,
    Təklənmə, könül!
1981

DÜRNALARI DÖNMƏZ OLDU



    Boz qayalar çapıqlandı, qaraldı;
    Durnaları dönməz oldu dağların.
    Ada göllər çamırlandı, qaraldı,
    Durnaları dönməz oldu dağların.

    Azad durna yol istədi, yol bölük,
    Tala bölük, çala bölük, göl bölük.
    Göylüyünü necə saxlar bu göylük,
    Durnaları dönməz oldu dağların.

    İki cavan bulaqda söz bağladı,
    Durnaların yoluna göz bağladı.
    Saxsı sənək göyərdi, buz bağladı,
    Durnaları dönməz oldu dağların.

    Əyriliyə əyilməyən Əyriqar,
    Yağdı sənə ayrı yağış, ayrı qar.
    Qoşadağa qoşa güllə qoydular;
    Durnaları dönməz oldu dağların.

    O Vaqifdi - odasına od düşən,
    O Zakirdi - sədasına od düşən,
    O Arazdı - səmasına od düşən,
    Durnaları dönməz oldu dağların...
İyul, 1981

"Dünya böyük, ömür yolu bir addım"



    Dünya böyük, ömür yolu bir addım,
    Bir balaca eşq adası yaratdım.
    Bir uçrumdan fırtınaya tor atdım,
    Bu cürəti görən, duyan olmadı,
    Səndən mənə gün ağlayan olmadı.

    Sığalını görsə idi kəhərim
    Yarıyolda büdrərdimi hünərim?
    Göz yaşından nə barlanım, nə dərim...
    Günün mənə gün bağlayan olmadı,
    Səndən mənə gün ağlayan olmadı.

    Taleyinin hökmü oldu, nə deyim,
    Tez doğuldum, gec doğuldun, nə deyim...
    Zaman keçdi, yaşa doldum, nə deyim...
    Cavanlıqdan od saxlayan olmadım,
    Səndən mənə gün ağlayan olmadı.

    İki çırpı bir ocaqda gün ağlar,
    Od səngiyər, köz sızıldar, kül ağlar.
    Yaş ötəndə yada düşər günahlar:
    Kim yıxıldı, kim haqlayan olmadı,
    Kimdən kimə gün ağlayan olmadı...
1981

ÖLÜM QORXUR QƏLƏMDƏN



    Qələm mənim yol yoldaşım,
    Qələm mənim oxum, nizəm.
    Qələm mənim söz qardaşım,
    Qələm mənim mübarizəm.

    Qələmimdən gen düşəndə
    Öz-özümə yaslanıram,
    Öz-özümə əzilirəm,
    Köhnəlirəm, paslanıram.

    Masam üstdə yallı tutan
    Giley olur, qeybət olur,
    Göz oxşayan gözəlliyə
    Gözəyarı qiymət olur.

    Qələm mənə - dağlara çıx,
    Buludlara dırman, deyir.
    Yamanlığın ağzına sən
    Qaya kimi yaman, deyir.

    Qələmimlə dil tapanda
    Yön alıram gündoğana,
    Bu məqamda ölüm istər
    Yeri dana, göyü dana.

    Qələm ucu top gülləsi,
    Qəm sarayı yıxır qələm.
    Gülləsini düz ölümün
    Gözlərinə sıxır qələm.

    Ey qələmim, qəhr olundu
    Çox imkanım, çox inadım.
    Hikmətini gec anladım,
    Qüdrətinə gec inandım...
1981

UNUT MƏNİ



    Dilim dinməz, kirpiklərim səs elər,
    Necə xoşdu - ürəyimi kəs elə...
    Qalan ömrə yarım ürək bəs elər,
    Unut məni, aldat məni, at məni.

    Enişi qar, yoxuşu qar bu yolun,
    Yad nəfəsdən buz qayası su olu...
    Yalan yolu beş addımlıq su yolu,
    Aldat məni, unut məni, at məni.

    Sən ömrünün atəşində yananda,
    Kölgəndən də gərəksizdim yanında.
    Qiymətli bir itik saxla yadında,
    Unut məni, aldat məni, at məni.

    Gözdən gözə körpü salmaq nər işdi,
    Baxışların meylini tez dəyişdi.
    Təzə addım özü təzə döyüşdü,
    Aldat məni, unut məni, at məni.

    Bu sevdadan nə yetirdik, nə üzdük?!
    Dalğasında nə qərq olduq, nə üzdük.
    Axır səni düzdə qoydu bu düzlük...
    Unut məni, aldat məni, at məni.
Pitsunda, 1 sentyabr, 1981

OD KİMİ, SU KİMİ...



    Hələ yeriyirəm qəlbimlə qoşa,
    Hələ çoxlarına örnəyəm, bala!
    Qoca büdrəyəndə büdrəyən qoca,
    Körpə ağlayanda körpəyəm, bala!

    Ömürsüz ömürdən çox asılıyam,
    Gərəkdir söz deyəm, söz yastılayam.
    Hardasa gül üzə gül yastığıyam,
    Hardasa ilana köynəyəm, bala!

    Bəlalı başında nə dövlət, nə quş...
    Təbriz nə istəyir? - Təbriz qurtuluş...
    Bax indi pətəyi suya tutulmuş
    Arı topasından köynəyəm, bala!

    Dünyamız bir sapla asılı göydən,
    Səsim, bu torpağın səsinə köhlən!
    Desələr şerimin avazı köhnə...
    Od kimi, su kimi köhnəyəm, bala!
1981

SUAL



    Günəş hər gün yelində,
    Ulduzlar öz yerində
    Sualım at belində:
    Mən nəyəm, mən nəçiyəm?

    Günəş yanar - yandırar,
    Nə yandırmaz, nə yanmaz.
    Səhər bir an gecikməz,
    Axşam bir an dayanmaz.

    "Yer mənim, göy mənimdi"
    - Desəm, vallah, yalandı;
    Nə göyə əlim çatan,
    Nə yer mənim olandı.

    Üfüqdə üfüq boyda
    Od qalamaq istərəm.
    Bu dünyadan nə getmək,
    Nə də qalmaq istərəm,
    Mən nəyəm, mən nəçiyəm?

    Hər əməli insanın
    Tərəzidə çəkilir.
    Düzlüyü də çəkilir,
    Qərəzi də çəkilir.
    Mən nəyəm, mən nəçiyəm?
    Bir misqalı yüz bölən
    Ərkim olsa birinə.
    Bəlkə adım oxuna,
    Bəlkə yerim bilinə.
    Mən nəyəm, mən nəçiyəm?

    Yerim yoxsa bu yerdə,
    Yer hədiyyə ummaram.
    Nə ümmanda damlayam,
    Nə damlada ümmanam,
    Mən nəyəm, mən nəçiyəm?

    Kölgəsi yox günəşin,
    Bəlkə elə kölgə mən.
    Nəsimi harayından
    Əks-səda bəlkə mən...

    Neçə ağlın başına,
    Daş fırlatdı bu təkər.
    İt səsinə söz deyib,
    Sözü itə tökdülər.

    Bu nə durğun hərəkət,
    Nə görünməz axmadı.
    Hər baxan anlamadı,
    Hər anlayan baxmadı.

    Mən qamqalaq dalınca
    Gedənlərdən deyiləm.
    Mən səhrada yolunu
    Azan nər də deyiləm.

    Necə axır qoy axsın,
    Bulanmasın sularım,
    Araz boyu yazılsın
    Mənim bu göy şüarım.

    Məni ayıltsa, bəlkə
    Ayıltdı bu sualım:
    Mən nəyəm, mən nəçiyəm?..
Pitsunda, sentyabr, 1981

SÖZSÜZ OLANDA



    Qələmim yol çəkə, dağ yara bilmir,
    Yoxdu sözlüyümdə sözdən ayrı dən.
    Qələmim bəşəri qurtara bilmir,
    Əməli əyridən, əli əyridən.

    Əlini kəsənə əl verir bəşər,
    Səs verir, kürsüyə çıxardır da bir.
    Qələmim axtarır ayrı bir peşə
    Elə ki, kəsərli söz tapa bilmir.

    Yalan satmağından əl çəkmir yalan,
    Düzə dirsək vurur, düz baxa-baxa.
    Su olur yandıran, su tapmır yanan,
    Göz də oğurlanır göz baxa-baxa.

    Qalır balinasız ümman suları,
    Sahildə raketlər baş-başa, min-min.
    Cavab istəyəndə ərzin sualı
    Dili topuq vurur natiq qələmin.

    Qorxuram daş yağa çörək təknəmə -
    Söz ki, ağsaqqallıq eləyə bilmir.
    Qəzəb çəlləyinə barıt tökənə
    Qələmim yağ-ballıq eləyə bilmir.

    Bəlkə qələmimi eşitmir masam,
    Şahların əsası ondan hökmlü!
    Neruda harayı dəfn olmayıbsa
    Çili qayaları niyə hönkürür?!

    Hardasa bir xalqın itir bayrağı,
    Hardasa bir səngər vətəndir demək.
    Toplar dinməyirsə ərzin bayramı,
    Şəhriyar dinmirsə matəmdir demək!

    Sən də bloklara qoşul, qələmim,
    Qırmızı qələmlər bloku yarat!
    Döyüb qapısını qonşu qələmin,
    Dünya sularına qoşun çıxaraq.

    Silah bazaları üstündəcə biz
    Tikək söz bazası - ondan da uca.
    Uzaq mənzilləri vuran səsimiz
    Hər dildə danışar, hər eldə uçar...

    Hərdən qulaqlarım gözsüz olanda
    Ürəyim dünyanı eşidə bilmir.
    Sözlü olmayanda, sözçü olanda
    Qələmim dərinə işləyə bilmir...
1981

BAĞIŞLA, DƏNİZ!



    Şəninə nə qədər şer yazmışam,
    Sahil qumlarına şüar yazmışam.
    Zəhər içirirkən balıqlarına -
    Səltənət demişəm buruqlarına.
    "Meşələr sinənə köçüb" - demişəm.
    "Hünər, dalğaları içib" - demişəm.
    Qürurla demişəm: cilovlamışıq!
    Bəs sabah, sabahla necə danışım? -
    Nə deyək bu günün nəvələrinə?
    Deyəkmi: qum yeyin kürü yerinə!
    Deyəkmi: kimlərin qəbrini açın,
    Neçə sinədəki təltifi açın,
    Köpük hünərləri dirildin, çəkin!
    Bir quru şahmayı, bir körpə çəki
    Belə hünərlərin yüzündən baha...
    Sabaha bu günün çiynindən baxan
    İlhamım, qələmim ayıq deyilsə,
    Bir sözüm əl deyil, ayaq deyilsə,
    Boğub tapdamırsa öz günahını
    Özü kəsəcəkdir öz kütahını.
    Bir az gec ayıldıq, amma ayıldıq,
    Çirkab nəfəsləri sudan ayırdıq.
    Təmiz su axtardıq yuyaq suyunu,
    Təmiz nəfəslərdə tapdıq biz onu.
    Qopardıq çox şerin mismarlarını,
    Atdıq sularına misralarını.
    Hər quru insanı quru saxlamır,
    Hər baş da ağlını duru saxlamır.
    Bulanıq suları duruldan diyar,
    Sözü də qurular, ağlı da yuyar...
    Dəniz, bu göylüyə bağışla məni,
    Bir də böyüklüyə bağışla məni!
Avqust, 1981

DALĞA SINDIRAN QAYA


Tofiq Mahmuda

    Min illərdir hikkə qırır hikkəsi onun,
    Zərbələri ilk alandır, ilk qaytarandır.
    Ara-sıra pul-pul qopan tikəsi onun
    Gün deyəndə qum üstündə köz kimi yanır.

    Duruşunun dayağıdır qəzəbi, kini;
    Kürəkləri kələ-kötür, döşü yonulu.
    Qoşunundan ayrı düşən sərkərdə kimi
    Nə irəli yolu vardır, nə geri yolu.

    Min illərdir o, laldinməz, dalğalar harın;
    Min illərdir bu təmkinlə döyüşür qaya.
    Hərdən susub, ətəyindən öpən suların
    Yalmanına dirsək qoyub, töyşüyür qaya.

    Hansı aşdı, hansı daşdı hansı lərzədən;
    Ünvanını itirmişik nə qədər adın.
    Yaddaşımı oyatmadım, yeri gəlsə də
    Qayadöşlü oğulları xatırlamadım...

    Yenə qaya görkəmində: qaya şax durur;
    Çətin onu dəniz yıxa, tufan laxlada.
    O, sahili quduzlaşan sudan qoruyur,
    Onu sahil küləkləri didir arxadan...
Pitsunda, 15 sentyabr, 1981

DAĞ QOPDU YERİNDƏN...



    Dağ uçdu - uçunma, vaysınma hədər,
    Qopanı saxlamaz nə güc, nə qılıq.
    Çox dağı yerindən oynatdıq, hələ
    Bir daşı yerinə qaytarmamışıq.

    Bir qaya bir zaman dağımış, Allah!
    Səbir kürəsində əridib zaman.
    Görən nə olacaq bu uçuq qala?
    Görən nə qalacaq daşboydalardan?..
Pitsunda, sentyabr, 1981

OKEANIN O TAYINA MƏKTUB



    Cənablar, indi siz yuxuda olarsız.
    Mən indicə yuxudan qalxdım.
    Yuxumda Sənəm qarı
    Cücələrinə dən verirdi.
    Bir ana sərçə də qoşulub onlara
    Balasına yem verirdi.
    Hardansa qırğıların
    Bir azğını, bir sərsəmi
    Şığıyıb aldı sərçəni.
    Demə, bu, sonuncu ovuymuş qırğının,
    Başlanıb meşə ölümü,
    Meymun qırğını, fil qırğını.
    Pələnglər, şirlər suya qaçırdı,
    Balıqlar, delfinlər quruya.
    Su qalxırdı qurudan qoruna,
    Yer qalxırdı, özünü sudan qoruya.
    Yanğın söndürən qarışqalardı.
    Onların özü də yanırdı,
    Bircə budağı qalmış palıddan
    Qoca meymun sallanıb,
    Haray çəkir:
    "İnsan meşəyə qayıdır,
    Özündən əvvəl odunu,
    Silahını göndərib.
    Bu, ayrı bir insandır,
    Bizim ulu babaların
    Çılpaq nəvələri deyil,
    Onlar meşədə ağac qırırdı,
    Bunlar meşəni bütün qırır.
    Meşə yoxdur,
    torpaq yanır indi.
    Onlar harada yaşayasıdılar.
    Kül üçün dünyanı yandırdılar,
    Nə vaxtsa kül daşıyasıdılar..."
    Bağışlayın, cənablar,
    Yuxu tərsinə yozulur.
    Meşələr yerinə
    Şəhərləri qoysaq düz olur.
    Heyvanlar insanlardır -
    Fili, meymunu - kişi;
    Balığı, delfini - qadın;
    Bu vəhşi yanğına uşaqları necə qatım?
    Onlar cücəni tanıyır,
    Qırğını tanıyır,
    Sərçəni, qarğanı tanıyır,
    Atomu, neytronu tanımır.
    Onlara necə deyək:
    Sabahınızı dəfnə hazır olun,
    Burulğana düşməyə,
    Suda boğulmağa,
    Odda soyunmağa hazır olun.
    Onlara nə deyək?
    Bu bəlaya nə ad verək? -
    Vəhşi seldi deyək,
    Qızmış tufandı, deyək?
    İki başlı əjdaha,
    Quduz canavardı deyək?
    Uşaqlara nə deyək?
    Nə nağıl danışaq?
    Deyək nəvəsiz insanların
    Od qırğınıdır neytron?!
    Nəfəssiz insanların gələcək nəslə
    Qayğısıdır neytron?
    Bu necə nağıldır?
    Bu nə şeytan,
    Bu, nə cin ağlı,
    Bu, ancaq
    Başı üstə yeriyən insanın ağlıdır;
    Bunu ancaq gücə hamilə olmuş
    Harın kəllə düşünər,
    Harın kəllə yalnız!
    Ölümə "haça verməyə"
    Yeni məcəllə düşünər!
    Cənablar, güc hələ hünər deyil,
    Çoxluq böyüklük,
    Azlıq kiçiklik deyil.
    Yeni ölüm dəbini
    Yeni qəlibə köçürmək,
    Gah Şərqə yollamaq,
    Gah da Qərbə köçürmək,
    Dünyanın hökmünü daraltmaq,
    "Yeni dünya yaratmaq"
    Ölümün özünə iftiradır?
    Bu bəhərli ölümü əvvəl
    Öz bağınızda əkin,
    Qaralardan alıb ağartdığınız
    Doğma torpağınızda əkin,
    Atanızın, babanızın qəbrinə yaxın yerdə,
    Çayınız, bulağınız,
    Gülüşünüz axan yerdə.
    Bəşərin adətində
    Ölümdən bəxşiş olmur,
    Ölüm havaya hopanda,
    Yağışa, buza dönəndə
    Daha qorxu, təşviş olmur.
    Onda hamı siyirmə qılınc olur,
    Donmaz suya dönür,
    Əriməz tunc olur.
    Yeri başına çevirir,
    Göyü əyninə geyir;
    Onda insan od olub
        od yeyir.
    Onda havalanmış ölkənin
    Təkərləri gəzir havada.
    Onda
    Bir ovuc Amerika verilir
    Kolumba Avropada;
    Daha burda delfin bağırtısı,
    Meymun harayı yoxdur,
    Açıq qənimə qarşı
    Açıq qəzəb durur.
    Burda daha qarşıdurma,
    Geri dönmə yoxdur...
Pitsunda, 1981

 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.11.2013) | Müəllif: R.C E W
Baxış: 1439 | Reytinq: 5.0/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more