Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 2-5
<< 1 / 2 / 3 / 4 / 5 >> 
ŞƏHRİYAR GƏLMƏDİ



    Bu şer çoxdan - böyük Vaqifin anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son təntənə günündə, bir axşamda yazılıb; o vaxt xalqımızın bu böyük bayramına ustad Şəhriyarı da dəvət eləmişdik. Lakin o zamankı şahlıq üsul-idarəsi Azərbaycanın işığını, böyük nailiyyətlərini Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu. Bu kitabın şerlərini toplarkən arxivimdə qalmış həmin yazı ilə rastlaşdım. Bir də o günlərə qayıtdım... Şeri olduğu kimi köçürüb bu kitaba daxil etməyi, keçən təəssüf hisslərimi oxucularla bölüşməyi məsləhət bildim.

    Baxışlar asıldı təyyarələrdən,
    Ümidlər yollara sərili qaldı.
    Bu ağır xəbərdən, bu nəs xəbərdən
    Güllər güllüklərdə dərili qaldı,
    Şəhriyar gəlmədi...

    Gümanlar diplomat paltarı geydi,
    Gümanlar özündən yollar düzəltdi.
    Gümanlar bir soldat paltarı geydi, -
    Dənizə gözətçi, göyə gözətçi...
    Gümanlar açmamış qapı qoymadı,
    Gümanlar siyasət sapı qoymadı,
    Dartıb çözələdi, düyünlər açdı,
    Hardasa sap qaçdı, düyün dolaşdı,
    Hansı "hiyləninsə" dodağı qaçdı,
    Hansı "niyə"ninsə barmağı "çaşdı",
    Qələm "olmaz" atdı, "olar" yerinə,
    "O", borclu da qaldı "onlar" yerinə.
    Eşitdim səsini mən Əlibəyin:
    "Ay ata, bu sənin bəxtindi yəqin,
    Sənin şənliyinə o tac gəlmədi,
    Sənin şənliyinə o tay gəlmədi.”
    Şəhriyar gəlmədi.
    Bu həqiqətdi.
    İnandıq, inanmaq istəməsək də,
    Həsrətlər boynunu birdən dikəltdi,
    Qaçdı ayaqyalın daşla-kəsəklə...
    Həsrətlər Araza yolunu burdu,
    Həsrətlər sərhəddə üz-üzə durdu:
    Daşlar çilikləndi ayaqlar altda,
    Torpaq dilikləndi ayaqlar altda,
    Qəzəb dilikləndi dodaqlar altda.
    Həsrətlər o taya külək yolladı,
        cavab gətirə.
    Kəpənək yolladı cavab gətirə.
    Ölmüş bir balığın sümüklərinə
    Cavab yazsalar,
    Araza atsalar,
    Gəlməzmi, nədi!
    Şəhriyar gəlmədi! Niyə gəlmədi?
    Həsrətlər bir qarı donuna girdi,
    Səsi yumaq kimi çözələnirdi:
    - Görüm limanlara dəniz qabarsın,
    Görüm qatarları tufan qamarsın,
    Uçaq meydanları qalansın buzla,
    Biz ki, görüşmədik öz oğlumuzla...
    O yanda bir təpə torpaq dikəldi,
    Bir sümük boylanıb bəyana gəldi:
    - Mən daşlar altında bir tarix daşam,
    Min dəfə daşlara dəyən bir başam,
    Yataram bir qarış torpaq xanada.
    Bir zaman demişdim Səttərxana da:
    Düşmənin hər vədi gülə bürünmüş,
    İşvəli, qəmzəli mələyə dönmüş,
    Dili dürr damızan,
    Dişi öd yığan
    Bir əfi ilandır, bir əfi ilan!
    Qoyub arxayınca qılıncı qına,
    Getmə bu vədələr qonaqlığına...
    Nə desək, deməsək, həqiqət budu.
    Onu görməyimiz çox müşkül oldu.
    Alqışlar qollarda kirindi artıq,
    Ümidlər yollardan küründü artıq...
    Qayıtdı geriyə toylar, yallılar,
    Axarı kəsilən göy sular kimi.
    Qayıtdı evlərə fərşlər, xalılar
    Həvəsi gözündə arzular kimi.
    Plovlar soyudu, dəmlər acıdı,
    Tüstülər qayıtdı odun ömrünə.
    Bu hal neçə saat sükut qıcıdı
    Maşının ömrünə, atın ömrünə.
    Səndən soruşuram: Beqdeli cənab,
    Səndən soruşuram: Tahiri Söhrab,
    Səndən soruşuram: yoldaş Hüseyni,
    Təbriz oğulları orada neynir?!
    Şəhriyar gəlmədi.
    O gəlsə, başabaş Azərbaycanı
    Geyimli-gecimli qürur görərdi.
    Qaragöz, qaraqaş Azərbaycanı
    Qızıl nur görərdi, ağ nur görərdi.
    Zirvəli ömürlər, qanadlı baxtlar
    Onun gözlərini yaşartmazdımı?
    Bu xoş günlərini ömrünə bağlar,
    Ömrünə əlli il yaş artmazdımı?
    Təbrik yağdırardı məktəblər ona
    Ana dilində.
    Təbrik yağdırardı məktublar ona -
    Ana dilində.
    Yox, şair ürəyi kürrə deyildir
    Hər nəyi tullasan əridə, uda.
    Söz, kefli əlində güllə deyildir.
    O nahaq öldürməz quduz qurdu da.
    Əslində şairin Vətəni dünya,
    Əslində şairin söz məni dünya.
    Əslində şairə sədd qoyan naşı
    Çıxır bu dünyanın özünə qarşı,
    Ağ olur yaranış qanunlarına,
    Ağ olur fırlanan qanunlarına...
    Hər nə söyləsək də həqiqət budu:
    Onu görməyimiz çox müşkül oldu.
    Həqiqət budursa min lənət ona,
    lənət bu doğrunun doğruluğuna.
    Belə həqiqətdən yalan yaxşıdır,
    Belə bəd xəbərdən güman yaxşıdır...
    Siz ey bu dünyanın söz dərgiləri,
    Dünyanın qəzetçi xəbərçiləri!
    Yalan danışın, yalan!
    Bütün qəzəblərə su səpən yalan.
    Bütün əsəblərə mum təpən yalan!
    Bir ölkə düzəldin: yalandan yalan!
    Yazın nə gözəldir: yalandan yalan!
    Böyük şairini yola salır, bax,
    Havada yellənir min əl, min papaq.
    Marallar qoşulub dartır qatarı,
    Qardaşı qardaşa qonaq aparır.
    Şəhriyar yollanır Azərbaycana,
    Yol hanı, yol hanı Azərbaycana?..
1967

MƏMMƏD ASLANA



    Qardaş, düzümünün əsiri oldum,
    Xəbərim olmadı özümdən mənim.
    Sənin çiçəyinə, gülünə baxdım,
    Min yarpaq töküldü sözümdən mənim.

    Könül ayrılmayır haça gədikdən
    Baxışı, duruşu köhnə əlikdən.
    Hərdənbir xəbər ver o köhnəlikdən:
    O dağlarda itən izimdən mənim.

    Bəxtimə bir yazı qurumu dəydi,
    Taxtıma iki əl qırımı dəydi,
    Gözümə bir Araz şırımı dəydi,
    Yüz Araz töküldü gözümdən mənim.

    Nə qədər dünənim çay-çay içildi,
    Dağım döyəcləndi, təpəm kiçildi,
    Neçə kənd biçildi, şəhər biçildi,
    Taylanıb daşındı düzümdən mənim.

    Dostlar süfrəsində doymazam, acam,
    Riyalar daşından göz açdım haçan?!
    Təriflər az çıxdı topuğumacan,
    Tənqidlər dayandı dizimdən mənim.

    Dağ ömrümü qış əritdi, yaz yıxdı,
    Dərdim keçən yollar yazıq-yazıqdı,
    Desəm dilim yanar, dilim yazıqdı,
    Deməsəm duymazlar üzümdən mənim.

    Mən illər dəniyəm, illər - dənimdi,
    İllərə qəniməm, illər qənimdi.
    Azəri torpağı son kəfənimdi,
    Doymaram bu qara bezimdən mənim.
1967

ÜSTÜMƏ QAYIDAN YAZILARIM



    Nədir günahınız, açıq danışın,
    Üstümə qayıdan yazılarım, siz!
    Hansı bir naşının, bir ağlı çaşın
    Ələk baxışından keçməmisiniz?!

    Doğulan dünyaya göz açsın gərək,
    Siz hələ yaşarsız gözü yumulu.
    Sizi əbədimi kor eləyəcək
    Bir duzsuz hırıltı, bir gizli yumruq!

    Sizə nə ad verim, haraya yığım?
    Sizi nə yaşatmaq, nə atmaq olur.
    Müəllif qəlbindən günahsız çıxıb
    Oraya günahkar qayıtmaq olmur.

    Günahkar söylədim, günahkar kimi
    Nədir təqsiriniz - oturun - yazın.
    Dərsdən çıxarılan uşaqlar kimi
    Elə gözləriniz yerə baxmasın.

    Yalanmı danışdız? Ağzında yalan
    Boğaram öz doğma balamı da mən.
    Vətənsiz alışan, vətənsiz yanan
    Vətəndaş pasportlu ilhamı da mən.

    Doğrumu danışdız - öz mədəsində
    Hamı əritməyir həqiqətləri.
    Hələ dolaşıqdır yer kürəsində
    Yalanla doğrunun sərhəd xətləri...

    Bəlkə də hər yerdə bir müti, məlul,
    Hər qaba yerləşən su halınız yox.
    Ağızdan çıxmamış cavabı məlum,
    Ölçülü, biçili sualınız yox...

    Mənə şərəflidir belə ölümlər:
    Qoy batsın sinəmə, batsın min nizə,
    Arazdan, Cənubdan yazmağım əgər
    Dünyada ən byük cinayət isə.

    Mənim də dağım var, mənim də göyüm,
    Siz mənim arabir qəzəb qarımsız.
    Siz mənim bir az sərt, bir az ərköyün,
    Bir az da dəlisov övladlarımsız.

    Sizdə nə günah var, döyürsə zaman,
    Sizi yazan mənəm, günahkar mənəm.
    Qayıdan haqlıdır, yoxsa qaytaran,
    Hələ heç özüm də deyə bilmirəm...

    Məchul suallarda bəzən çaşıram,
    Bəzən də lüzumsuz cığallaşıram,
    Adi hesablarda dolaşıram mən,
    Hər vaxt bir almıram bir dəfə birdən...

    Cavabı mürəkkəb cəbr alınarmış
    Bir dəfə birdən.
    Bir tale beləcə iki olarmış
    Bir dəfə birdən.

    Bəşər anamızda bu təbiət var:
    Onda həm intiqam, həm mərhəmət var,
    Bəzən bir əliylə boynunu vurur,
    O biri əliylə heykəllər qurur.

    Dadına yetməyir ac qalan zaman
    Öləndə hay salır, "Öldü acından”,
    Bəşər anamızda bu mərhəmət var:
    Ölən qəhrəmana sahib tez tapar!

    Qalın arxivimdə şıltaq hisslərim,
    Siz sarı simləri itən tarımsız.
    Ən pis yaxşılarım, yaxşı pislərim,
    Mənə çox oxşayan yazılarımsız!
14 yanvar, 1968

ƏHVAL - RUHİYYƏ



    Rədd olun başımdan:
        divar söhbətlər,
        pilləkan get-gəllər,
    Pəncərə qulaqlar,
        hava münasibətlər.
    Rədd olun başımdan!
    Rədd olun başımdan
        gicitkan nəşəli,
        dalağan xəbərlər,
        sağsağan peşəli
        çalağan xəbərlər,
    Rədd olun başımdan!
    Bu gün mən
        öz yaddaşımdan
        xəbərlənmək istəyirəm.
    Xatirələr küləyində
        xəlbirlənmək istəyirəm.
    Ehey, məni eşidənlər!
        əlini yelləyib
    "Əşşi"... deyənlər
    Mənim təkliyimin
        keşiyində durun.
    Bu təklikdə
        gərəkliyimin
        keşiyində durun!
    Çəkilib körükxanama,
    Sizin üçün:
        dəmir yoğurmaq istəyirəm.
    Çəkilib çörəkxanama,
        sizin üçün
    Xəmir yoğurmaq istəyirəm.
    Qoyun sizdən ötrü
    Nəğmə dilənim,
        sayaçı olum.
    Fərəh sayqacı olum.
    Heç məni sevməyin,
    Çörək də verib,
        yaşatmayın.
    Bircə sizin üçün
        daş yonanlara
    İnsanlar, daş atmayın.
Fevral, 1969

NƏNƏMİN NAĞILI



    Bu gün bir düzəndən keçirdi yolum,
    Küləkdi bələdçim, qumdu sağ-solum.
    Arıq bir dəvəyə gözüm ilişdi,
    Nənəmin nağılı yadıma düşdü...
    Nənəm deyərdi ki, "zaman gələcək.
    Bütün adamlara iman gələcək.
    Hər sözdən, kəlamdan şəkər süzəcək,
    Hər gözdən, baxışdan gövhər süzəcək;
    Bitəcək düzlərdə süd ağacları,
    Bitəcək düzlərdə söz ağacları,
    Qızıl yumurtalar qatarbaqatar,
    Qızıl xoruzların banında apar..."
    Nağıllar dəmində olmazdı dərdim.
    Nağıllar dəmində ulduz dilərdim;
    Nənəm deyərdi ki, "bir vaxt gələcək:
    Ulduzlar özləri qonaq gələcək,
    Hansını istəsən seçərsən onda..."
    Nənəmin bu şirin nağıllarında
    Nə isə, nə vaxtsa gələrdi elə.
    Bəs nə vaxt? - soruşsam, gülərdi elə,
    Deyərdi: "nə vaxtsa qum göyərəcək,
    Dəvənin quyruğu yerə dəyəcək,
    Bütün istəyinə yetəcək insan..."
    Elə o vaxtdan
    Küləklər belə ki, sovurur qumu,
    Belə ki, kəsilir dəvə ulqumu
    Dünyada nə qumluq, nə dəvə qalar,
    Nə də, nə də ki,
    Nənəyə inanan bir nəvə qalar.
Dekabr, 1969

GÜNƏŞLƏ OYNAYAN UŞAQ
Tofiq Bayrama



    Dəniz qırağında oynayır uşaq,
    Sahil də onundur, dəniz də onun.
    Hərdən çəmənləşən, hərdən dağlaşan
    Dalğalar gözündə uşaq oyunu...

    Üfüqdə qırmızı günəş gərnəşir,
    Dəniz alovlanır, dəniz odlanır.
    Uşaq yüyürür ki, tuta günəşi,
    Uşaq günəşi də oyuncaq sanır.

    Anası deyir ki, "batarsan, bala,
    Günəş çox uzaqdı, dəniz çox dərin".
    Uşaq da duruxur, çəkilir dala,
    "Olmazı olmaya bu böyüklərin..."

    Qayıdıb həvəslə sovurur qumu,
    Günəşin üstünə qum atır hərdən;
    Sonra da yüyürür: "qoy qaçım yuyum..."
    Anası qışqırır: - Demədimmi mən...

    "Günəşin gözünə qum doldu axı,
    Qoy qaçım üzündən öpüm, barışaq..."
    Anası ovudur: "Yemək vaxtıdır,
    Bir az da dayansaq gün yandıracaq..."

    Bir də qulağımda səsləndi bu səs:
    "Günəş çox uzaqdı, dəniz çox dərin",
    Minib söz atını, dinməz-söyləməz
    Çapdım sonunacan bu fikirlərin:

    "Olmaz"dan "olar"a - bir ömür yolu,
    Yenə çox arzumuz qalır yarıda.
    Qoy uşaq yüyürsün günəşə doğru,
    Yığsın ciblərinə ulduzları da.

    Büdrəyər büdrəsin, nə vaxtsa, neynək;
    Dalğanı keçilməz bir dağ bilməsin.
    İndidən dənizə dərin deməyək,
    İndidən günəşi uzaq bilməsin...
1970

İNNƏN BELƏ



    İnnən belə qayalara salacağam mehrimi,
    İnnən belə buludlara salacağam mehrimi,
    Boz sulara salacağam mehrimi,
    Ulduzlara salacağam mehrimi.

    Nə işim var,
    Duram bir düz yola çıxam,
    Yoluma da bir gödəni dolu çıxa,
    Ciblərinə əl ata ki;
    Bu bir yolun,
    Bu bir yolun,
    Bu bir yolun...

    Alıb kişi, alıb yolu;
    Haqqı var ki, yanı-yanı,
    Haqqı var ki, dalı-dalı,
    Bir əl üstdə,
    Başı üstdə gedə yolu.
    Lap istəsə onuncu ilk sevdiyinin
    Üzüyünün qaşı üstdə gedə yolu,
    Nə işim var!
    Nə işim var
    Bir addımlıq cəsarətdən
    Min addımlıq sual-cavab yükü dartam.
    Neçə ağla şahid çəkəm,
    Ya vicdanı vəkil tutam.
    Nə işim var:
    Bir qurumuş söyüdə
    Bağlasalar günəşi,
    Nəsiminin inadına
    Cavabdeh saxlasalar günəşi;
    Nə işim var...

    Söykənərəm bir sal daşa,
    Ulduzlara tamaşa, hey tamaşa.
    Boz suların dalğasına qaltaqlannam,
    Bir səhranın ilğımına yataqlannam,
    Nəyimə kar: mərz ətəyi, əkin yeri!
    Birisi də yapışa ki,
    pıtraxlıdı bunun şeri!
    Buludların ətəyindən
    Yapışaram hara gəldi...
    Qulağıma birdən qəfil haray gəldi:
    "İki taxta üstündə sən
    Məzarına xoş gedirsən".
    Tutdum qəfil o harayı,
    Dedim qayıt, ürəyimə, qayıt, qayıt!
    Bu bir andı,
    Ürək məni bağışlasın,
    Dil büdrədi, əl titrədi, qələm yazdı,
    Onsuz mənə qara daş da yovumazdı,
    Eh, nə bilim, hərdən səndə
    Çimib çıxan həqiqət də,
    Hərdən səndə
    Duza qoyulmuş bir məhəbbət də
    Yorur məni, yorur, ürək!
    İnnə belə məni məndən,
    Məni məndən qoru, ürək!..
1970

BİR QƏBİR YANINDA



    Birdən elə bil ki,
        bir səs eşitdim,
    Bilmədim mənası: alqış, ya qarğış.
    Bayaqdan üstündə oturduğum daş
    Sən demə,bir uçuq məzar daşıymış.

    Diksinib ayrıldım dalğınlığımdan,
    Gördüm ki, bir çiçək üzümə baxır.
    Bir istək boylanıb yer lağımından
    Həmsöhbət istəyir Xəyyamsayağı.

    Nə vaxtsa eləcə çiçəkmişəm mən,
    Nə vaxtsa beləcə insanmış o da.
    Çiçəklər insanın təbəssümündən,
    Daşlar qəzəbindən göyərir orda.

    Hardasa özündən ayrılır insan,
    Nə vaxtsa qayıdır,
        tökülən dolur.
    Fəqət nə əbədi ayrılığından,
    Nə də dönüşündən xəbəri olur.
Şuşa, avqust, 1970

GÖY ARXALIQ



    Qara çoban,
    Zoğal çomaq,
    Çəmbər çarıq,
    Göy arxalıq!
    Biz sizinlə
    Neçə-neçə
    Dərə keçdik;
    Arx adladıq,
    Yurdumuzda
        qara yelli
        çapanların
    Daş evini çapıb gəldik.
    Göy əsgidən
    günümüzü
        qapıb gəldik.
    Dünən biri
        durub dimdik,
    Gözlərimə ağac oldu.
    Heç bilmədim
    Hırıldadı, mırıldadı:
    "Çəmbər çarıq,
    Göy arxalıq -
    Bir buna bax!
    Nədən yazır".
    Dayan, qafil!
    Neyləyək bəs?!
    Babamızdan, nənəmizdən
        utanaqmı?
    Çırın-çılpaq
        qum üstünə uzanaqmı?
    Deyək: elə babamız da,
    Nənəmiz də
    külək geyib,
    hava yeyib!
    Qəbirləri sökək bəlkə?
    Babaların
        torpaq olmuş
        sümüyünü
    biz sintetik
        tabutlara
         tökək bəlkə?
    Ya bilmərrə danaq,
    Deyək:
    Heç olmayıb dünənimiz,
    Nə nənnimiz,
    nə nənəmiz,
    nə nəmimiz,
    çubuğumuz, çətənimiz
    heç olmayıb...
    Sən yaz, bala:
    Yaz ki, mənim
    Atam, anam maşın olub,
    Yaz ki, əvvəl nə ayağım,
    nə də ağlım-başım olub.
    Yaz: hamısı alınmadır.
    Yaz: hamısı salınmadır.
    Yeri, bala, öz yerişin
    busa, yeri!
    Yeri, yeri,
    Yanı-yanı,
    Dalı-dalı yeriməyi
    Yenilik san!
    Arxanı dan.
    Mən danmıram,
    utanmıram,
        sarı büzmə,
    yaşıl kürdü,
    göy mintənə
        geyən nənəm,
    Birnəfəsə
    neçə dastan
        varaqlardı,
        deyəmmənəm.
    Mən danmıram,
    Bir də belə
    çul qapmıram
    yad alıxdan;
        bir də, bir də
    Utanmıram
    Dünənki göy arxalıqdan,
        utanmıram.
Avqust, 1970

ƏSGƏR AĞAC ƏKİR



    Ətrafı qum çölü,
        qum adası;
    Çiynində avtomatı,
    Böyründə qumquması,
    Gözündə üfüq ayna,
    Əsgər keşik çəkir
        sərhəd boyunda.
    Əsgər növbə dəyişir,
    Əsgər ağac əkir
        sərhəd boyunda...
    Burda elə bürkü də,
    Qasırğa da, külək də
    Sərhəd düşməni kimi
    Hücuma məqam gəzər;
    Torpağa tüfəng əkər,
    Avtomat bağışlayar
    Sanki sərhədçi əsgər.
    Əsgər ağac əkir...
    Yeriyib, özlüyümdə
    Qoşuluram əsgərə,
    Bu əsgər niyyətini
    Daşıyırıq hər yerə -
    Hər tüfəng qundağından
    Bir ağac bitib indi!
    Bu meşə nə sərindi,
    Bu meşə nə dərindi...
    Əsgər ağac əkir...
Yanvar, 1973

ÜRƏYİMƏ



    Nə köhləndin!
    Nə mənzillər kəsəcəkdin!
    Sürüb daşa, yordum səni!
    Nə çiçəkdin,
        nə sinələr gəzəcəkdin!
    Qönçə-qönçə yoldum səni!
    Söz süfrəmdin,
    Ayaqlara palaz kimi
        atdım səni!
    Bir qədəhə dəyməyənlər sağlığına
    Qədəh kimi tutdum səni!
    Nə çay idin!
    Gülşənlərə axmalıykən,
    Selablara sovdum səni.
    Bir ildırım sürətilə yaşamağa
    Yerli-yersiz
        qovdum səni,
        qovdum səni...
    Bir ümmandın, dəniz-dəniz
        satdı, ürək,
         əlim səni.
    Həkimlərdən, dərmanlardan
    İndi gərək
    Damla-damla alım səni...
1973

MEHMANXANA XİDMƏTÇİSİ



    Orta yaşlı, çox şirindil bir qadındı,
    Elə belə soruşdum ki, "adın nədir?"
    Çox sevincək:
    - Asuriyadır - dedi - adım,
    Ad soruşan qonaqlardan xoşum gəlir...
    - Ad soruşan qonaqlardan...
    Elə niyə?
    - Keçmişimi oyadıram bu sualla.
    Baş əyirəm "qədim dövlət" bir mücrüyə,
    Keçmişimə qayıdıram bu sualla.
    Asuriya! Özü yoxdur, adı mənəm,
    İndi sönmüş bir ocağı üfürürəm...
    Qəhərini boğa-boğa gedir qadın,
    Bəzəkli bir mücrü ilə dönür geri,
    Elə bil ki, ilk övladı, son övladı
    Bu mücrüdür, qucağından qoymur yerə.
    - Aysorların tarixidir bu sandıqça,
    Gərək sənə üç min ildən söhbət açam...
    Faytonlara şir qoşublar, bir yaxşı bax,
    Bu pullara həkk olunub o zamanlar;
    Çoxlarına gülünc gəlir bu yanşımaq,
    İndi məni mən olmayan çətin anlar.
    Assur adlı şəhər olub paytaxtımız,
    Qızıl kərpic döşənərmiş küçələrə,
    Sonra Kalxu şəhərində son taxtımız

    Xatmurani səltənəti çöküb yerə.
    Bir əbədi yırtıcılar, bir də - dedi -
    Mütilərdir tarix boyu yurdsuz qalan.
    Hərdən belə ürəyimi bu qəm didir:
    Gərək axı uçmayaydı mənim qalam.
    - Gərək axı... gərəklərə qalsa gərək
    "Avesta" da yanmayaydı,
    Babəkin qılıncı oğurlanmayaydı.
    Onda gərək günəş özü
    Yetişəydi Nəsiminin imdadına,
    İldırımlar qoşulaydı inadına...

    "Gərəklərin" tarixini yazmır tarix;
    Onda kağız, qələm olur, ürək olmur.
    Tarix, qanla yazanda da kövrək olmur.
    Min il ağla, ağlayana torpaq vermir.
    Versə, versə ümid verir,
        bayraq vermir.
    Axı taxta çıxanların
        öz məntiqi,
    Onu vurub yıxanların öz məntiqi,
    Bu tarixi yazanların öz məntiqi,
    Onu cırıb-pozanların öz məntiqi...
    Bəzən olub:
    İgidləri doğanlar da alqışlanıb,
    Körpələri boğanlar da alqışlanıb...
    Yer üzündə Asuriya olub bir vaxt,
    Bacım, indi keçən keçib, olan olub.
    Öz yerinə sancılanda neçə bayraq
    Gözgörəti talan olub,
    Yalan olub...
    Baş əyirəm, müqəddəsdir qızıl mücrün,
    Asuriya dönən deyil ağlamaqla.
    Tale sənə bir süpürgə verib bu gün;
    Bax beləcə, otaqları təmiz saxla...
1973

DAĞLAR MƏNİ TANIMADI



    Xam otlağı yara-yara
    Göy yastana çıxdı maşın.
    Bulud endi, çən çəkildi
    Üz-gözünə dağın-daşın,
    Dağlar məni tanımadı.

    Qartal uçdu, bir daş qapıb
    Kölgəsiylə ötüşmədim.
    Keçən ceyran sürəyinin
    Tozuna da yetişmədim,
    Dağlar məni tanımadı.

    Şəlaləylə qurşaq tutan
    Günlərimi saldım yada;
    Çaya ayaq atan kimi
    Yıxdı məni mamırlı daş,
    Dağlar məni tanımadı.

    At istədim, bir dəli at,
    Şahə qalxdı sarı kürən,
    Yüyəninə əl atanda
    Ayaq çıxdı üzəngidən,
    Dağlar məni tanımadı.

    Döşdə bitən, daşda itən
    Cığır, haray, çəhlim, haray...
    Selablara selələnməz
    Günüm haray, ilim haray!
    Dağlar məni tanımadı!

    Haray saldım, mənəm - dedim
    Həmin uşaq, həmin cavan...
    Zirvələrdən dərələrə
    Daş enmədi harayımdan;
    Dağlar məni tanımadı...
1975

YETİM ULDUZLAR



    Sısqa ulduzlar var, üfürsən sönər;
    Sanki görünməyə utanar çoxu.
    İşıqlı ulduzlar məğrur görünər,
    Nə donqar olarlar, nə şil, nə çopur.

    Yetim ulduzlardır zəiflər yəqin,
    Günəş də ögeylik,
    doğmalıq bilir.
    Bəlkə də onları görməmək üçün
    Ay bəzən gecələr qeybə çəkilir.

    Yaxın parıltıda çox gözlər çimir,
    İşığın beləsə, yolun var, buyur!
    Uzaq ulduzlar da dahilər kimi:
    Əlçatmaz olanda yetim olubdur...
Avqust, 1975

İLHAMIM
Xudu Məmmədova



    Yenə dağ döşündə dənərləndi qar,
    Yenə zirvələrin həsrətində qal,
    Sel qopdu, dərəyə düşdü qalmaqal...
    Bir ocaq başında bir isinməsək
    Sən kimə gərəksən,
    Mən kimə gərək?!

    Şimşək yelkəninə qoşulu anlar,
    Göy bizi yamanlar, yer bizi danlar.
    Görüm ayılmaya gec ayılanlar...
    Dolular qırımlı, daşlar döyənək...
    Sən kimə gərəksən,
    Mən kimə gərək?!

    Bax donqar dəvənin səbət yükünə,
    Bənzəyir içi boş şöhrət yükünə.
    Ömür karvanının sənət yükünə
    Bir-iki qeyrətli söz yükləməsək
    Sən kimə gərəksən,
    Mən kimə gərək?!

    Tarix qayalarda yazı qalırmı?
    Çoxu çoxdan itib, azı qalırmı?
    Dağ öz duruşundan razı qalırmı?
    Yalan-yarğanlara nağıl söyləsək,
    Sən kimə gərəksən,
    Mən kimə gərək?!

    Bu dağlar qardaşım, bu çaylar bacım,
    Özündən gəlməyən özündən qaçır.
    Zaman qapımızda əlində qayçı...
    Hər adi ölçüyə, ülgüyə gəlsək
    Sən kimə gərəksən,
    Mən kimə gərək?!

    Keçək dərələrin boğanağından,
    Keçək dolayların doğanağından,
    Günəşin zirvədə doğan anından
    Nur alıb, bu yurda səpələməsək
    Sən kimə gərəksən,
    Mən kimə gərək?!

VƏTƏN MÜKAFATI



    Heç bir mükafatın yetmədi mənə,
    Bircə "sağ olun" da bəsimdi, vətən!
    Bəsimdir, hər səhər təltif yerinə
    Qapımda küləyin əsibdi, vətən!

    Qol verdin boynunu qucaqlamağa,
    Göyünə baxmağa göz verdin, bəsim...
    Kürək söykəyənin ana torpağa
    Haqqı yox ayrı bir təltif istəsin.

    Nə çiçək, nə sancaq oldum yaxanda,
    Bir ömür yaşadım - əkinçi ömrü.
    Qalır sel ağzında, çay qırağında
    İkinci həyatım, ikinci ömrüm.

    Nəsə qayalara yapışıb qalar,
    Nəsə mamırlara dönüb göyərər,
    Mən elə beləcə, göz qabağında
    Gəzəri tabuta dönməsəm əgər...
1980

"Başdaşımı kim öpəcək son dəfə?"



    Başdaşımı kim öpəcək son dəfə? -
    Bir sən, bir də Vətən küləkləri.
    Məzarıma gül səpəcək son dəfə -
    Bir sən, bir də Vətən küləkləri.

    Daş dünyada daş olmaqdan qoruyar,
    Qəlpələnib sovrulmaqdan qoruyar,
    Tənhalaşıb qovrulmaqdan qoruyar
    Bir sən, bir də Vətən küləkləri.

    Varsa əgər bu boyda bir cığırım -
    Bir qarışqa cığırına sığınım.
    Mən yıxıldım, öz dalğamdan yıxıldım,
    Sən bil, bir də Vətən küləkləri...
1980

YAŞADIM



    Öz ömrümü şum elədi öz əlim,
    Yazında gül, payızında xəzəlim.
    Gündoğandan günbatana mənzilim...
    Bu da belə bir ömürdü, yaşadım.

    Zarımağa ömür deyib ağlama,
    Hər ölümə ölüm deyib ağlama,
    Tale döyüb, haqlı döyüb, ağlama,
    Bu da belə bir ömürdü, yaşadım.

    Oğlun yoxdu - sonun yoxdu, dedilər,
    Sağın yoxdu, solun yoxdu, dedilər,
    Odun boyda suyun yoxdu, dedilər,
    Bu da belə bir ömürdü, yaşadım.

    Gah özümü özüm qovdum, yoruldum,
    Öz diqtəmin buyruğuna qul oldum.
    Vətən göyü göylüyündə duruldum,
    Bu da belə bir ömürdü, yaşadım.

    Zirvədəki əl çatmayan qala mən.
    Ətəkdəki sinə - cığır tala mən.
    Xudafərin harayından qalan mən...
    Bu da belə bir ömürdü, yaşadım.

    Ocaq oldum, ocaq daşı olmadım,
    Hər çalaya axan naşı olmadım,
    Arazımla yol yoldaşı olmadım,
    Bu da belə bir ömürdü, yaşadım.
1980

ULAMA!



    Zülmət gecələrdə hürürsən, yetər!
    Hər daşı qurd-quldur görürsən, yetər!
    Bu aydın axşamdan nədir gileyin?
    Sümüyün bir qazan,
    Yalın bir ləyən.
    Köpəyin yanında: burnu söykəli...
    Yoxsa xəyalında bir it heykəli...
    Quyruq bulayanda adam kimisən,
    Ayaq gəmirəndə it qızı itsən.
    Həyətdə hürməkmi xoşuna gəlmir?
    Nə fərqi - yüksəkdə,
    Ya alçaqda hür?!
    İtlikdən çıxmazsan, ulama bir gün -
    Görək nə alırsan susmağın üçün.
    Hürməyin peşədir,
    Ulamağın yox,
    Ulama, qancıq!
1980

HƏR ŞEYDƏN YAZANDA



    Hər şeydən yazanda heç nə yazmıram,
    Heç nədən yazıram daha pərgarı.
    Bir otaq küncündə domuşan ilham
    Qalxan eləməyə kötük axtarır.

    Baxıram: nə hamar, nə düzdü masam -
    Bir çay yatağına bənzətmək olar;
    Bir az da deyirəm, insafa qalsa,
    Kəhkəşan tağına bənzətmək olar.

    Arabir göy olur futbol meydanı,
    Mərkəz hücumçusu Ay ola bəlkə.
    Asaram döşünə qızıl medalı,
    Öz qızıl nurunu başıma tökər.
    Ulduzlar azarkeş tamaşaçılar,
    Ulduzlar qol-boyun verər səs-səsə.
    Bəxtimin qapısı göyə açılar,
    Yerdə sevilməsəm,
    Yeri sevməsəm.

    Burnumun ucuna söykənir qələm,
    Əkindən-biçindən, elatdan uzaq.
    Təkcə mən deyiləm, mövzu dilənən,
    Hamilik eləyən aya, ulduza;

    Belə yazıların çoxusu qaşqa,
    Eynicə alaca, ya da ekiztay.
    Meşə cığırında iki qarışqa
    Göstər - bənzər olsun,
    Göstərdin, ay-hay!..

    Hər şeydən yazanda heç nə yazmıram,
    Dəvə dəllək olur,
    Ayı pinəçi.
    Mən ki nağıllara qulaq asmıram,
    Canavar aşbazdı,
    Bəs dovşan nəçi?..
    Bu ki nağıl oldu,
    Soruşma, qağa,
    Gedirəm dovşana çul axtarmağa...
1980

QIZIL QAYA



    Nə yaxşı bu boyda qızıl deyilsən,
    Adicə qayasan,
    Adicə daşsan.
    Minlərin gözündən gilələnib sən
    Birinin boynundan asılmamısan.

    Kürəyin söykəli nəhəng bir dağa,
    Bir bulaq nəğməsi başlar dibindən.
    Şöhrət aparmadın özgə torpağa
    Fateh xurcununda,
    Oğru cibində.

    Qocadan qocasan, cavandan cavan;
    Döşündə ildırım nərəsi sınar.
    Sellər yedəkləyən, küləklər çapan
    İgidlər son anda sənə sığınar.

    Qızıldır vətənsiz gələn dünyaya,
    Qızıldır hər üzə irişən qadın,
    Nə qədər xoşbəxtsən, a Qızıl qaya,
    Bu boyda daş oldun,
    Qızıl olmadın.

    Qızıl tabaqlarda qızıl badələr
    Qızıl qan daşıdı həris şahlara.
    Sən boyda qızıl da azlıq edərdi
    Xəzinə içində ac tamahlara.

    Başında sızıldar səhər yelləri.
    Dibində qaqqıldar urun, kəkliyin.
    Sinənin mamırsız, hamar yerləri
    Dağ kəli yalayan yerlərdi yəqin.

    Nə yaxşı lal oldu bu boyda yalan,
    Riyalar, məkrlər çovğuna düşdü.
    Nə qədər qan-qada, nə qədər talan
    Yarğana tuşlandı,
    Uçruma düşdü.

    Qızıl söz ələyər dindirsən əgər.
    Vüqarı əyilməz,
    Özülü möhkəm:
    Qızıl qayaları belə görüblər,
    Bizim qayaları belə görmüşəm...
1980

İKİ DOST ARASINDA



    İki dostun arasından üçüncü adam
    Su keçirtdi;
    Bölündü bu bolünməz iki.
    Su çalxalandı, su duruldu, suya lil qatan
    Haray saldı:
    "İçilməzdi, keçilməzdi ki..."
    Su içildi, su keçildi,
        körpü yarandı;
    Bəli, sahil yaratmaqdı birinci addım,
    Körpü uçan, körpü sınan, körpü yanandı,
    Dost arası atılmışdı bu incə addım...
1980

İTƏ DAŞ ATMA



    Gəl, itə daş atma,
    Daş atma, bala!
    İt ar bilməyəcək daldalanmağı.
    Daşın bir yaddaşda ilişib qalar,
    Burdan öz yolun da düşəcək axı!
    Daşçün it olmağın,
    Adam olmağın
    Nə fərqi?..
    Daş atma, daş atma, bala!
1980

QAYIT DEDİM


    bahara əl uzatdım, bir qışa
    Qayıt, dedim, qayıtmadı.
    Bir səhraya qəfil düşən yağışa
    Qayıt, dedim, qayıtmadı.

    Yazımın son bənövşəsi - küsənim,
    Günəş sənin, torpaq sənin, su sənin.
    "Ay ətrindən doymadığım süsənim,”
    Qayıt, dedim, qayıtmadı.

    İnadına qamçı vurub ötürmə,
    Uçan dağın daş ömründən ömür nə?
    Qaya yıxdım, bir də qaya ömrünə
    Qayıt, dedim, qayıtmadı.

    Daş ayıltdı, su kiritdi bu havar:
    Qocalığa nə tələsək, bu ha var.
    Gəncliyimi harayladım bu hava:
    Qayıt, dedim, qayıtmadı...
1980
 
<< 12 / 3 / 4 / 5 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.10.2013) | Müəllif: R.C E W
Baxış: 819 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more