Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 2
VER SÖZƏ EHYA Kİ...



    Ədəbiyyatında Məhəmməd Füzuli kimi dahi söz sərrafı olan xalqın şairi olmaq çətindir. Çünki, burada poetik zirvə fəth olunub, çünki burada sözün hüsnü ən kamil bir yüksəklikdə tamamlanıb, çünki bu meyar - meyarların ən alisidir. Bu hesabla Azərbaycanda şer yazıram deyib əlinə qələm alan kəsin dizləri əsməli, onu həyacan təri yuyub aparmalıdır. Azərbaycan ədəbiyyatında hələ Xaqani və Nizamidən, Nəsimi və Füzulidən üzü bəri neçə-neçə əsrdir ki, söz qədrini artıranlar sidq ilə öz qədrini artırıb, sözə ehya verib xabi-əcəldən oyanaraq Əbədi Canlılıq kəsb ediblər. Böyük M.F.Axundzadənin bütün cəhdlərinə baxmayaraq Azərbaycan şeri hələ də Füzuli tilsimindən qurtula bilməyib. Bu tilsimi sındırmaq, bu sehri açmaq üçün ancaq Füzuli olmaq gərəkdir. Füzuli Azərbaycan poeziyasının böyük rüknüdür, Füzulidən sonra ən böyük mənəvi qəhrəmanlıq ona layiq şagird olmaqdır, R.Rövşənin gözəl ifadəsi ilə desək, "sözün tozunu almaq”dır. Poeziyamızda söz qədrini artıqmağa, sözə ehya verməyə nail olan belə ustadlaşmış "şagird”lərdən biri Məmməd Arazdır.
    Şairin "Seçilmiş əsərlər”inin II cildinə daxil olan şerlərin hamısı Azərbaycan tarixinə "qırmızı qaranlıqlar” (Əlibəy Hüseynzadə) kimi daxil olmuş Sovet dönəmində yazılıb. Və bu gün, qəzəbli Sovet imperiyası çökdükdən sonra, istiqlal epoxasında bu şerləri oxuduqca bir həqiqət insanı heyrətə gətirir: Məmməd Arazın şeri zamanla hesablaşmayıb, zaman Məmməd Araz poeziyasına xidmət edib, məhz Məmməd Araz Şəxsiyyətinin, məhz Məmməd Araz İlhamının qüdrəti sayəsində zaman əlahəzrət poeziyanın hüzurunda dayanıb!
    Ona görə də 70 illik total sosiologiya dövründə iki cür ədəbiyyat olub: bir bolşevik ideologiyasına xidmət edən Sovet ədəbiyyatı, bir də Sovet dövrünün milli Azərbaycan Ədibyyatı! M.Araz bu ikinci ədəbiyyatı yaradan və 60-cı ilərdən bəri onun başında duran dönməz bir sənətkardır. Təqdim olunan cildin materialını "Atamın kitabı” (1974) və məşhur "Dünya sənin, dünya mənim” (1983) kitabına daxil olan şerlər təşkil edir. Bu kitablar bizim milli poetik təfəkkürün 70-80-ci illərdəki axtarışlarının ən uğurlu ifadəsidir. "Atamın kitabı” Məmməd Araz inadından, şairin cəmiyyətə inadkar müqavimətindən xəbər verir:
    Bu torpaq üstündə ömürlük varam, Əzilsəm torpağa dağılasıyam. Nə vaxtsa Dikəlib bulud yararam, Nə vaxtsa göyərib dağ olasıyam.
    M.Araz, fikri ənənələri çoxəsrlik klassik şerimizdən gələn fəlsəfi - intellektual poeziyanın qüdrətli nümayəndəsidir. Bu baxımdan onu heç kəslə müqayisə etmək olmaz. Çünki müasirlərindən heç kim, dünya fəlsəfi poeziya təcrübələrini onun qədər uğurla milli-poetik sistemimizlə birləşdirə bilməyib. Onun bir şair kimi fərdiyyəti Mənsub olduğu xalqın tarixi, mənəvi həyatı, etnoqrafik təfəkkürü, bir sözlə iç dünyası ilə bağlılığındadır. O, fəlsəfi - intellektual şerə bu iç dünyadan gəlir, haysız-küysüz, iddiasız və təmənnasız, Azərbaycan fəlsəfi - intellektual şer təmayülündə R.Rzaya məxsus tizfəhmlik, B.Vahabzadəni səciyyələndirən imporvizə, Əli Kərimi fərdiləşdirən virtiozluq da var. Amma Məmməd Araz ilk dəfə fəlsəfəni göylərdən, taxt-tacdan torpağa endirib məhz torpağın üstündə qəmlə birləşdirə bildi.
     "Məmməd Araz vətəndaş şairdir” fikri onun haqqında yazılan kitab və məqalələrdə adlamaca çevrilərək az qala şüara dönüb. Onu şairin bənzərsiz poeziyası haqqında fikirlərin yekunu, son həddi kimi də qəbul etmək olar. Əslində bu da şair haqqında bir həqiqətdir. Həmin həqiqətin fikri-poetik miqyasını təsəvvür etmək üçün M.Araz şerini toxunduğu ustalıqla da, ilmə-ilmə sökmək, çözələmək yaddaş dünyasından keçirmək lazımdır. Məmməd Araz həqiqəti insana doğma olan hər şeyə sevgidən göyərir. "Qəlbində söz həvəsi göyərən gündən” şair bu həqiqətin əsiri, cani-dildən vurğunudur. Şairə görə insana doğma olan şeylərin tacı Vətəndir:
    Bir qayaya söykənmişəm,
        deyirəm kaş
    Bax beləcə daşa dönəm,
        yavaş-yavaş
    Onda Vətən sanar məni
        bir balaca Vətən daşı
    Vətən daşı olmayandan
        olmaz ölkə vətəndaşı...
    Bu vətənin adı, ünvanı bəlli, tutumu isə M.Araz dünyasıdır: "Dünya sənin, dünya mənim, dünya heç kimin”. Bu Azərbaycan dünyasıdır, onu şairin özündən mənalı heç kim vəsf edə bilməz:
    Azərbaycan - mayası nur,
    Qayəsi nur ki...
    Hər daşından alov dilli ox ola bilər.
     "Azərbaycan!” deyiləndə ayağa dur ki
    Füzulinin ürəyinə toxuna bilər.
     "Qəzəbindən göyərən” vətən daşı şairin poeziyasında vətəndaşlıq sənədi kimi təqdim olunub. "İstedadının təkidi ilə sənətin ağır yükünü çəkməyə başladığı” gündən M.Araz bütün varlığı ilə duyub ki, səmimi və mərd insan təbəssümü ilə vətənin daşı da çiçək aça bilər.
    Ədəbiyyatımızın şərəfli tarixi göstərir ki, söz bəxtimiz, söz taleyimiz həmişə üzdə olub M.Araz söz taleyimiz üçün mənəvi cavabdehliyi sənətkar mövqeyi kimi intixab etmiş şəxsiyyətdir. Onun ictimai ideası da, estetik ideyası da məhz bu mövqedən qidalanır. Ümumiyyətlə M.Arazın sənətkar ideası çox aydın, konkret və dərin, şəxsiyyəti kimi şəffafdır. M.Arazın poetik yolu "asanlığın çətinliyi”ni dərk etdiyi məqamdan başlanıb. Bu idraka ürcah olmaq üçün o öz ömrünü "öz əli ilə şum edib”, torpaqla varaq arasında ömrünü qələmə - söz körpüsünə çevirib, "hər təzə addımı təzə döyüş” kimi qarşılayıb. Beləliklə də "özündən özünə yol çəkən” Məmməd Araz yaranıb. Bu "yol”un şairliyin əvvəlində də, sonucunda da "düz sözdür dünyada hər şeydən baha” həqiqəti dayanır:
    Məni şerimdə gəz bir insan kimi,
    Qəlbimdə nə varsa ona demişəm.
    Anadan, bacıdan gizlətdiyimi
    Kağızdan, qələmdən gizlətməmişəm.
    Məmməd Araz kağızında söz "torpağa basdırdığı ürəyindən” göyərir. "Danışanda sinəsindən şir çıxan” babaların ruhu, "zirvələrin tox duruşu”, "gözü dolu mürgülü zəmilər” bu poeziyanın lirik predmetləri, M.Arazın yaddaş kağızlarıdır.
    M.Araz poeziyası Şairlə zamanın təzadlarından doğulub; bu inadkar təzad əslində dünyanı sevmək üsuludur. "Dünya sənin, dünya mənim...” şeri bunun poetik ifadəsidir:
    Bir taleyin oyununda cütləşmiş zərik,
    Yüz il qoşa atılsaq da, qoşa düşmərik,
    Bir zərrənin işığına milyonlar şərik.
    Dünya sənin,
    Dünya mənim,
    Dünya heç kimin...
    Az qala hamının əzbər bildiyi bu şer M.Arazın iç dünyasından qar altından çıxmış çiçək kimi poeziya gülüstanına daxil oldu. Həmin iç isə aldanış və ümid, həyacan və həsrət, gecikmiş təntənə və əbədi narahatlıq muzeyinə bənzəyir. Bu adi və dərin şerdə "Bu dünyanın qara daşı göyərməz” ümidsizliyindən "Dünya mənim!” hökmünə qədər keçilmiş bir ömür yolu, şair taleyi - İNSAN inamı və poetik həqiqət var.
    M.Arazın poeziyası Milli taleyimizə dünya müharibələri, inqilabi çevrilişlər, siyasi qalmaqlar, qanlı repressiyalar, mənəvi aldanışlar erası kimi daxil olmuş XX əsrin kordioqrammasına bənzəyir. Burada infarkt keçirmiş ürək kimi taleyin amansız zərbələrindən parça-parça olmuş Azərbaycanın ölməz obrazı əzəmətlə poetikləşir. Şair öz iradəsi, ilhamı ilə ona məlhəm olmağa çalışır.
    Monumentallıqla zərifliyin, milliliklə bəşəriliyin yüksək poetik vəhdəti M.Araz poeziyasına xas xüsusiyyətlərdəndir. O tariximizi poetik gözlə, şair fəhmi ilə oxuyur, eyni zamanda tarixi-taleyimizə dünya səviyyəsindən nəzər salmağa nail olur. Tariximizə və taleyimizə işıq tutan şerlərində "Son nəğmənin uçrumuna sıxılmış” şairin vüqarlı obrazı, onun lirik "mən”i də diqqəti cəlb edir:
    Gülüm, bir də görüşünə yubansam,
    Adımı tut, harda dağlar dumansa.
    Gözünü sıx,
    Hansı daşda su yansa,
    O daş altda Məmməd Araz yaşayır.
    Lirik "mən” və onun mənsub olduğu soyun tarixi arasında poetik varislik M.Araz poeziyasına tarixilik aşılayır:
    Xətainin qılıncını suvardım,
    Məmməd Araz karandaşı göyərdi.
    Bu misraları özündənrazılıq kimi yox, əsli ilə fəxarət, özünəgüvənmənin poetik təzahürü kimi oxumaq olar. Şair ilhamının dəyərini bilir, kimliyi ilə qürur hissi keçirir. Azərbaycan ədəbiyyatında qılınc və qələm həmişə bir yerdə iş görüb. Qılınc tarixi yaradıb, qələm tarixi yaşadıb. Qılınc qələmdən ayrı düşəndə düşmənləri böyük olan millətimizin fəlakəti baş verib. Yəqin elə ona görə də Xətai bir əlində qılınc, bir əlində qələm böyük Azərbaycan Dövləti yaratdı...
    M.Araz filosof şairdir. Onun fəlsəfəsi tarixi yaddaşımızdan, vətən daşından, torpaqdan, xışdan gəlir. Fikrimcə şairin ən tutumlu fəlsəfi-poetik obrazı DAŞ-dır. Ümumiyyətlə DAŞ və RƏNG obrazları 60-cı illər fəlsəfi-intellektual poeziyası üçün səciyyəvidir. Daş yaddaş və vətəndaş obrazının, rəng isə zamanın, tarixi dönəmlərin rəmzi ifadəsidir. Türk milləti həmişə özü haqqında həqiqətləri daşlara yazıb: Orxon-Yenisey daşlarına, Qobustan daşlarına...
    Həmin qara daşlar isə öz həqiqətləri ilə bərabər göyərməyib. Bəlkə elə buna görə də "Bu dünyanın qara daşı göyərməz” (M.Yaqub) olduğuna görə XX əsrin önlərində daşa dönmüşlərə "Daş qəlbli insanlara” (M.Ə.Sabir) çevirildik?!
    Dahi Nizami həqiqətləri rənglərə bölmüşdü. Nizamidən üzü bəri rənglər ZAMAN-ı yedi, ZAMAN rənglərin rəngini dəyişə bilmədi, qara-qara olaraq, ağ-ağ olaraq qaldı. Rənglərin rəngini yenə də poeziya dəyişdi. Bu böyük ədəbi-tarixi hünərin sahibi Rəsul Rza oldu...
    Daş yaddaşını oyatmaq. M.Araz poeziyasının əsas poetik-tarixi qayələrindən biridir. Ona görə də şair "İnsan qayalar”, "Uçqun”, "Daş qartal”, "Ağlayan qayalar”, "Azərbaycan - dünyam mənim”, "Dağlar küsüb”, "Əlvida dağlar”, "Bu dünyanın qara daşı göyərməz” deyiminin müəllifi bənzərsiz şairimiz M.Yaquba ithaf olunmuş "Göyərdi” kimi şerlərində daş yaddaşımızı vərəqləyir. Bu misallı şerləri göstərir ki, şairin yolu daş yaddaşımızdan gen yaddaşımıza, qan yaddaşımıza üz tutur, bizdəki "soyuq qanlar”ın (M.Ə.Sabir) donunu açmaq üçün milyonlarla oxucuya qəlbinin enerjisini göndərir. M.Arazın ən yaxşı şerləri ona görə canlı və əbədidir ki, onlarda insan qanının hərarəti var. Dahi alman filosofu F.Nitşe deyirdi ki, qanla yaz görəcəksən ki, qan yaddaşı əbədidir.
    M.Arazın poeziyası milli-mənəvi varlığımıza ucaldılmış əbədiyyət abidəsidir. Tarix bizdən uzaqlaşdıqca o bizə daha da yaxınlaşacaq, daha əzəmətli görünəcək. Çünki onun mayası səmimiyyətdən, qayəsi həqiqətdən tutulub. Səmimiyyət və həqiqət insanın özü kimi, sənəti də ucalığa yüksəldən qoşa qanaddır. Səmimiyyət qəlbin, həqiqət zəkanın böyüklüyünü əks etdirir. Əsrin əvvəllərində (1920-30) Azərbaycanda fəaliyyət göstərmiş türk ədəbiyyatşünası İsmayıl Hikmətin gözəl bir fikri var: "İlham pərisinin zərif gərdəninə istibdad zənciri vurmazlar, ipək saçlarına istiqlal çələngi hörərlər”.
    M.Arazın füsünkar poeziyası Azərbaycan poetik təfəkkürünün istiqlal çələngidir.
Nizaməddin Şəmsizadə
Qafqaz Xalqları Elmlər
Akademiyasının həqiqi üzvü,
professor

MƏNDƏN ÖTDÜ, QARDAŞIMA DƏYDİ...
Bəxtiyar Vahabzadəyə



    Ey daşlaşan, torpaqlaşan
         ulu babam!
    Bu günümdən dünənimə uzaqlaşan
        ulu babam!
    Küləkləşən, dumanlaşan ruhunla sən
    Ayağa dur, səninləyəm!
        Səs getməyən,
        əl yetməyən
    Qədim tarix dərəsindən
    Səs ver mənim səsimə sən:
    Sənə gələn, səndən ötən
         nəydi belə? -
    Səndən ötüb qardaşına dəydi belə?
    Bununlamı neçə dəfə
    Ata-oğul, qardaş hissi haçalandı,
    Bir şəhərin
    Beş qardaşın xanlığına parçalandı?
    O zamanmı bitdi bizim
        dilimizin
        "sənin”, "mənim” qabarı da?
    O zamanmı bitdi bizim
         dilimizin
         "haralısan” damarı da?..
    Səninləyəm, ulu babam!
    Bu məsəli kimdi yazan?
    Hansı soysuz ata idi
    Ataların imzasını
    Çəkib, ona möhür basan?!
    Adınızı dastanlardan oğrayaram,
    Ruhunuzu qıyma-qıyma doğrayaram
    Qara Çoban,
    Dəli Domrul.
    Ey Xan Eyvaz,
    Giziroğlu Mustafabəy,
    Əgər ki, siz
    Bu məsələ qol çəkdiniz!
    Sonra, sonra hansınızsa
    Xalqa gələn bir qəzadan
    Öz başını yana əydi.
    O qəza bir topa dönüb
    Səttarxanın tifaqına
        yaman dəydi,
    Məndən ötdü!...
    Məndən ötdü!..
    Sevincə bax, qeyrətə bax!
    Bunu yazan xilqətə bax!
    Məndən ötdü!..
    Qulağımdan getmir bu səs,
    Zərbələri qardaşına,
    Sirdaşına ötürən kəs
    Elə bil ki, bax bu gecə
    Qulağımın dibindəcə
    Xətainin süqutuna
        qəh-qəh çəkdi.
        Sonra, sonra
    Səhərəcan başına yüz qədəh çəkdi.
    O qəhqəhin dalğasından,
    O məstliyin baş fırladan
    Havasından
        qopan daşdı -
    Azərbaycan torpağında
    Araz boyda şırım açdı.
    Məndən ötdü...
    Bunu dedi Şəki xanı.
    Bunu dedi Bakı xanı,
    Bunu dedi İbrahim xan,
    Fətəli xan, Kəlbəli xan...
    Qəza ötsün məndən, - dedi,
    Ötən kimi "mən-mən” dedi:
     "Mən-mən” dedi bir ölkədə
        nə qədər xan.
    Onlar "mən-mən” deyən yerdə
    Sən olmadın, Azərbaycan!
    Səni səndən alıb belə
    Yüz illərlə uyutdular.
    Səni səndə ələdilər,
    Səni səndə üyütdülər.
    Dibək oldun öz duzunla,
        öz daşınla.
    Ögey oldun
        doğma, ekiz qardaşınla -
    Məndən ötdü deyənlərin qeyrətindən,
    Namusunu yeyənlərin qeyrətindən!
    Məndən ötdü... Məndən ötdü!
    Ey daşlaşan, torpaqlaşan,
        ulu babam!
    Bu günümdən dünənimə uzaqlaşan
        ulu babam!
    Ayağa dur!
    Dəfn etdiyim məsələnin
        Baş daşına
    Bir təəssüf xatirəsi yazıb, yondur:
    Səndən ötən mənə dəydi,
    Məndən ötən sənə dəydi.
    Səndən, məndən ötən zərbə
        Vətən, vətən, sənə dəydi...
1967

ARAZ ÜSTƏ ÇİNAR GÖRDÜM



    Araz üstə çinar gördüm.
    Qoşa çinar.
    Budaqları bir-birinə
        dolaşan çinar.
    Yarpaqarı bir-biriylə
        öpüşən çinar.
    İki titrək, iki güləş,
    İki şən çinar.
    Biri bir az gövdəlidir,
    Bir az da uca,
    Baxdım boyuna.
    Bir az nazik, gödək çinar
    Qısılıb ona.
    Elə bil ki, lap təzəcə toy eləmiş
    Cavandılar.
    Necə oynaq, necə şıltaq
    Mehribandılar.
    Adamların gülüşündən nəğmə qaparlar.
    Adamların gülüşünə nəğmə qatarlar.
    Yarpaqların uşaq dilli şənlikləri var,
    Yarpaqların uşaq əlli çəpikləri var.
    Onlar sussa,
    Pəncərələr
        qulağına qulaq bağlayar,
    Küçələrdə gediş-gəliş ayaq saxlayar.
    Qucaqlaşıb ulduzları oxuyar onlar,
    Bir-birinin qucağında yuxlayar onlar...
    Araz üstə
    Çinar gördüm.
    Qoşa duran bir cüt çinar.
    Gəlin çinar.
    İgid çinar.
    Baxdım, baxdım təbiətin,
    Ağac adlı,
    Qol-qanadlı
        cüt heykəlinə.
    Bir baltalı əl hardasa
        qıcandı mənə.
    Qorxdum, qorxdum onların bu
        Sevgisini yaralayalar.
    Budaqları, gövdələri, rişələri
    Bir-birindən aralayalar.
    Daha pisdir, - qırmasalar, -
    Çinarların arasından
    Arx qazalar.
    Bu arx əvvəl
    Kiçik olar, dayaz olar...
    Sonra, sonra böyüyüb bir Araz olar...
    Araz üstə
    Çinar gördüm.
    Qoşa çinar.
    Budaqları bir-birinə
    dolaşan çinar.
    Xəyalımın üfüqündə görüş istədi
    İki tənha pərişan çinar...
1967

ARAZIN İŞIQLARI



    Araz axır yırğalana - yırğalana,
    Elə bil ki, yorğalana - yorğalana
         Bir ac dəvə
            o yanına, bu yanına
                ağız atır.
    Qarnı batıq,
    sarı dəvə yerişini
         yavaşıdır yavaş-yavaş...
    Deyirəm ki, asta yeri,
         dəvə qardaş,
         asta yeri,
    Dağıdarsan nur yükünü,
         yortsan əgər.
    Aclığın var, boynunu bir
         çölə döndər.
    Dəmir tikan qırpmaq öyrən,
         dəmir tikan.
    Dəmir tikan qırpmaq öyrən,
         dəmir tikan.

    Alqışlar çaylar səni,
    Həftələr, aylar səni.
    Yükün işıq yüküdür,
    Yormaz bu taylar səni...

    Deyirəm ki, dəvə qardaş,
    Bax burada xıxlanacaq,
    Bax bu düzdə yatacaqsan.
    Öz yükünü bax burada atacaqsan.
    Nur tayları
         bu dərədə söküləcək.
    Burda işıq dəyirmanı tikiləcək
    Sahillərin qaranlığı
         yuyunacaq,
    ələnəcək,
         üyünəcək.
    İkiqəlbin işıq nəbzi
         bir qovşaqda döyünəcək.
    Sahillərin
    işıq dili yaranacaq.
    İşıqların öz həsrəti,
    Öz nisgili yaranacaq.
    İşıqlar öz dərdlərini
    O sahillə, bu sahillə
         bölüşəcək.
    İki sahil:
         işıqlarla ayrılacaq,
         İşıqlarla görüşəcək.
    Gündüzlərdən çox olacaq
         dərdi - səri gecələrin.
    O tay - bu tay şəhərlərdə
         küçələrin
    Bir-birinə yazışması başlayacaq.
    Gündüzlərin küsüşməsi,
    Gecələrin barışması başlayacaq.
    O işıqlar,
    O işıqlar biləcəkmi:
    Ayrılığın toranlığı
         nə deməkdir?!
    Toranlığın boranlığı
         nə deməkdir?!
    Boranlığın qaranlığı
         nə deməkdir?!
    Eh, nə bilim, hər bir dərdi taleyinə
    İnsan özü gözəmirmi?
    İşıqlar da insanlara bənzəmirmi?
    İşıqlar da bir-birinə
    Soyuq odlar olacaqdır.
    İşıqlar da bir-birinə
    Yaxın yadlar olacaqdır.
    İşıqlar da ayrılığa öyrəşəcək
    Yükünü çək, dəvə qardaş, yükünü çək...
Avqust, 1968

DAĞLARA QAR DÜŞDÜ


Dağa qar düşdü, qar düşdü
Yada yar düşdü, yar düşdü...
(El sözü)


    Dağlara qar düşdü, qar düşdü yenə,
    Məhzunluq ələndi oda-ocağa.
    Çaylar vida deyib gülüşlərinə,
    Başladı aramla gumuldanmağa.

    Dağlara qar düşdü, uyudu dağlar,
    Dağlar həm qocaldı, həm ucaldılar.
    Mələyə-mələyə quzu bulaqlar
    Daşların dibində yetim qaldılar.

    Sanki bir-birindən küsdü zirvələr,
    Qayalar necə də boynu buruqdur!
    Kiminsə yolunda quyu qazdı şər,
    Kiminsə qəsdinə hicran durubdur.
    Dəli uçurumlarda ütülü görkəm,
    Qartal qıyıltısı itib dərində,
    Hamilə qadın tək yuxusu möhkəm,
    Qucağı doludur dərələrin də.

    Dağlara qar düşdü,
        deyirəm yəqin:
    Adamlar bu saat
        kövrəkdir, mumdur.
    Hamı cızığından çıxıb fitnənin,
    Hamı bir-biriylə hal-əhval tutur.

    Dağlara qar düşdü... görüşlər, ahlar,
    Vidalı baxışlar yadıma düşdü.
    Çoxdan görmədiyim dostlar, qohumlar,
    Simsarlar, tanışlar yadıma düşdü.

    Gəncliyim atından nə zaman yenib,
    Elə doluxsundum uşaq sayağı...
    Sürüşə-sürüşə dağlardan enib
    Gəlirdi elə bil qocalıq çağım.

    Dağlara qar düşdü, elə qəmginəm...
    Dağlara qar düşdü... bilirəm bu dəm
    Anamın qəbri də qar altındadır,
    Anamın qəlbi də qar altındadır.
    Neçə demədiyi əfsanə, nağıl
    Onun sinəsində - qar altındadır.
    Neçə oxunmamış bayatı, ağı
    Donub sinəsində - qar altındadır
    Tək bircə baş daşı tənha, mükəddər
    Qardan baş qaldırıb yolumu gözlər...

    Dağlara qar düşdü, qəribsəyirəm,
    Qəlbimə bir həmdəm qəlb istəyirəm...
Yalta 1968

BİR AXŞAMIN BALLADASI



    Ey ilham pərisi, varsansa əgər,
    Bu axşam üstümə qanadını gər,
    Qanım bir hərarət alsın qanından,
    Çıxım bu fikirlər burulğanından.
    İsinsin azacıq bu daş duyğular,
    Olmayım bir evdə beşinci divar...
    Bu axşam o qədər tənhayam, təkəm,
    Bu axşam elə bil yarılıb sinəm,
    Çapılıb talanıb məhəbbət orda,
    Qalmayıb bir tikə mərhəmət orda.
    Bu axşam sahibi ölən bir tacam,
    Kimsə istəməyən bir ehtiyacam.
    Bu axşam fikrimlə o qədər acam,
    Lap bütün gecəni
        yesəm-doymaram.
    Bu axşam qəlbimdən gəlib keçəni
    Bütün ulduzlara desəm-doymaram.
    Bu axşam... özümdə yoxam bu axşam,
    Bu axşam özümdə dəfn olunmuşam.
    Bu axşam od yoxdür məhəbbətimdə,
    Bir ünvan, ad yoxdur məhəbbətimdə.
    Bir dəniz, bir sahil təmasını mən
    Bu axşam qəlbimdə görmürəm nədən?..
    İlahi, dünyaya niyə gəlmişəm?
    Hisslərim qəlbimdə əzilmiş şüşə,
    Eşqim didiklənən bir parça kağız...
    Küləklər, haraya aparırsınız?
    Aparın, aparın, aparın,
    Amma
    Onu tuş etməyin hissiz adama,
    Onu qoşa duran,
    Onu illər boyu baş-başa duran
    Daşlara verin.
    Birgə çöp daşıyan,
    Birgə yuva quran quşlara verin.
    Qoy suya, torpağa hopulsun bu qəm;
    Mən necə sevmişdim, necə sevirəm...
    Sevib yaşadığım anlar var idi,
    Fikrimdə "o” vardı, "onlar” var idi.
    Bir dağdım, sinəmdə ad idi "onlar”,
    Adicə səyyahdı, yad idi "onlar”,
    Qəlbimi görməyi bacarmazdılar,
    Sinəmə girməyi bacarmazdılar,
    Sinəmdə "o” adlı vulkanım vardı,
    Bilməzdik hansımız hansı olardı,
    Kim kimin gözündən qapardı dərdi,
    Kim kimin qəlbində buz əridərdi.
    Sevirdim - dağ idim, sevirdi - vulkan...
    Qaldı bir ovuc kül, bir daş o dağdan.

    Eh ilham pərisi, varsansa əgər,
    Bu axşam üstümə qanadını gər,
    Mənə bir sevimlik məhəbbət gətir,
    Mənə bir güzəştlik mərhəmət gətir!
    Niyə mən özümdə yoxam bu axşam,
    Bu axşam özümdə dəfn olunmuşam.
    Sanıram min ildir dünyada varam.
    Sonuncu nəğməsi çalınmış taram.

    Heç nə gözə dəymir, gözə görünmür,
    Gözə görünən də təzə görünmür.
    Göylər dənizlərdir, dənizlər göylər,
    Təpələr dağlardan uca görünür.
    Lap dünən doğulan körpələr belə
    Gözümdə yüz yaşlı qocaya dönür.
    Bu axşam özümdən uzaqlaşmışam,
    Uşaq olmamışam, uşaqlaşmışam.
    Ötən məhəbbətim yadıma düşüb,
    İtən məhəbbətim yadıma düşüb...
    İlahi, qəlbimə bir duyğu göndər.
    Yazıqdır, yazıqdır məni sevənlər.
    Bəlkə bir quyuya atılan daşam,
    Ağlı kəsilməmiş kəsilmiş başam...
    Kürrədən indicə suya salınmış,
    Odu söndürülmüş, köpü alınmış
    Bir parça poladam, bir parça dəmir:
    Filizlər mənimlə dostluq eləmir.
    Dağlardan izimi söküb-tökürlər,
    Külçələr dalımca qəh-qəh çəkirlər...

    Eh ilham pərisi, varsansa əgər,
    Bu axşam üstümə qanadanı gər,
    Qoyma bir anlıq da küsüm dünyadan,
    Sevgi ümidimi üzüm dünyadan,
    Mənə məhəbbət ver sevim bir kəsi,
    Sevim, elə sevim özü bilməsin.
    Bir anlıq dünyada yox olsa bəşər,
    Məni meymunların yanına göndr:
    Ünsiyyət istəyim məhəbbət üçün,
    Məhəbbət istəyim ünsiyyət üçün.
    Bir anlıq dünyada yox olsa bəşər,
    Məni delfinlərin yanına göndər.
    Dənizə məhəbbət səpmək öyrənim,
    Sahilə məhəbbət çəkmək öyrənim.
    Onu meşələrə səpim-göyərsin.
    Onunla qumları öpüm-göyərsin.
    Məhəbbət adlanan dil yaradım mən,
    Məhəbbət adlanan din yaradım mən...

    Ey ilham pərisi, varsansa əgər,
    Bu axşam üstümə qanadını gər,
    Mənə məhəbbətli bir nəğmə gətir,
    Məhəbbət imzalı bir namə gətir,
    Oxuyum, oxuyum o yarım üçün,
    Onu cehiz verim qızlarım üçün.
    İlahi, qəlbimə bir sevgi göndər.
    İlahi, yazıqdır məni sevənlər...
Yalta, yanvar 1968

XATİRƏLƏR



    Axır yetişəcək ayrılıq çağı,
    Mən səndə, sən məndə alışasıyıq.
    Hələ bu görüşü bir-iki yaxın
    Dosta da arabir danışasıyıq.

    Xeyli susmayacaq yaddaşın səsi,
    Sözün olmayacaq əvvəli, ardı:
     "Sinəmdə bu odda kişi nəfəsi...”
     "Qəlbimdə bu adda qadın yaşardı...”

    Hələ deyəcəyik: "Dönə o günlər,
    Onu istəyimcə görə bilmədim.
    O mənim qəlbimə girdiyi qədər
    Mən onun qəlbinə girə bilmədim...”

    Sonra bu ülfətin, gülüşün, sözün
    Odu yavaş-yavaş soyuyacaqdır.
    Bu səslər, bu sözlər ürəyimizin
    Gizli bir küncündə uyuyacaqdır.

    Qalacaq bir uzaq, bir şirin nağıl,
    Yollar yormayacaq nə məktub, nə zəng.
    Ya məndən bir təbrik-bayramqabağı -
    Ya səndən bir barmaq kağız gələcək.

    Axır fikrimizə bir iti caynaq
    Girib bunları da didişdirəcək.
    Ən məhzun, kədərli anlarda ancaq
    Bizi xatirələr görüşdürəcək.

    Ta heç nə demirəm, heç nə demirəm,
    Alışır sinəmdə söz aram-aram.
    Mən sənə bir kövrək, yaddaşı möhkəm,
    Vəfalı xatirə bağışlayıram.
Yalta, yanvar 1968

SARA XANIM



    Azərbaycan torpağında
    Bir səs gəzir
    Bir qız səsi.
    Dağ çayları həmdəmidir,
    Ağ bulaqlar rəfiqəsi.
    Bir az
         Araz nidalıdır,
    Bir az Göy göl ədalıdır.
    Bir azca da Kür havalı.
    O nəğmələr çeşnisində
    Yaşıl yelən, qızıl sapdı.
    Üzeyirin sərraf gözü
    Onu duydu, onu tapdı.
    Öz ilahi nəfəsiylə
    Seyyid ona uğur dedi,
         alqışladı.
    Vahid ona söz dəftəri,
    Sinələri alışdıran
         köz dəftəri
        bağışladı.
     "Qatarın”da dərdimizi
         uyudarıq qatar-qatar,
     "Segah”ında dağ qovuşar,
         duman yatar.
     "Şikəstə”si nənələrin nakam eşqi,
         batan dərdi.
    Zəngüləsi Həcərlərdən töhfələrdi.
    Gülüşündə bir mavi nur,
    Yerişində bir az təmkin,
         bir az qürur.
    Baxışında taleyindən
         gizli giley,
    Öz dərdini dodaqaltı gumuldayan
         bir qəmli ney.
    Bizim sənət dağımızın
    Dönər qarı, dağ çiçəyi
         Sara xanım.
    Bizim sənət bağımızın
    Qara gözlü, ağ çiçəyi
         Sara xanım.
Oktyabr, 1968

DİQQƏTİM



    Deyirsən: qadınlar diqqət sevəndir,
    Diqqətim keşikçin, diqqətim qulun.
    Hələ istəyirsən bir adam nədir,
    Yüz adam diqqətli diqqətcil olum.

    Adi eyhamını gözündə görər
    Mənim göz diqqətim, xəfif diqqətim.
    Səni sancağından çəkmənə qədər
    Tərifə bələyər tərif diqqətim.

    Baxmaz bir gözucu özgə qadına,
    Ehtiras diqqətim sadiqdir yaman.
    Ad günü yaşını salmaz yadına,
    Mənim yaş diqqətim ayıqdır yaman.

    Duyğu diqqətim də küləyə dönər,
    Qapıb hər qəmini didər dişində.
    Qayğı diqqətim də mələyə dönər,
    Səni çimizdirər nəvazişində.

    Mənim yol diqqətim min bir qanadlı
    Sözsüz, lətifəsiz, gülüşsüz olmaz.
    Əyləncə diqqətim şit zarafatlı,
    Ayrılıq diqqətim öpüşsüz olmaz.

    Çox diqqət dərsini o hələ bilmir,
    Çox görüb-götürə gərək diqqətim.
    Bircə məhəbbətə çevrilə bilmir
    Bu ütük diqqətim, zirək diqqətim.
Yanvar 1968

OXU, TATAR QIZI



    Oxu, tatar qızı, dodaqlarını
    Darasan çayına söykəyib, oxu!
    Qayalar şəkləyib qulaqlarını
    Tanış bir nəğməni dinləyir, oxu!

    Bu dilsiz daşlara səslər hopulub,
    Yaşayır uçrumlu dağ arasında.
    Sahildən qovulub, yurddan qovulub
    Gizlənib bir ayı mağarasında.

    Oxu, dünəniylə gəlib görüşən
    Bir tatar qarısı tuş olsun ona.
    Yetim uşaq kimi didərgin düşən
    Nəğmələr tapılıb qoşulsun ona.

    Nəğmənin səfəri üfüqlərədir,
    Nəğmənin mənzili qalmaz yarıda.
    Oxu, varaqlansın gözümdə bir-bir
    Babanın dünənki günahları da.

    Səni başa düşər qədim bir qala,
    Anlar binaların, yolların çoxu.
    Oxu, tatar qızı, yarımçıq qalan
    Bir el nəğməsini təzədən oxu...
Yalta, yanvar 1968

VARDI GÜNLƏRİMİZ



    Vardı günlərimiz varlığa bənzər,
    Üfüqlü, səmalı, günəşli, qarlı,
    Bizim aramızda yaşardı günlər
    Vədə qaranquşlu, görüş baharlı.

    Biz günlərə həmdəm, günlər də bizə;
    Hardasa itmişdi boranlarımız.
    Qara fırçasını göylərimizə
    Hələ çəkməmişdi toranlarımız.

    Ərzin bir buludsuz, aydın yerində
    Üfüq birimizdik, səhər birimiz.
    Hər təzə məhəbbət cümlələrində
    Mübtəda birimiz, xəbər birimiz.

    Günlər o günləri hara apardı...
    Vardı günlərimiz, var, ay aman.
    Məhəbbət ətirli külək dolardı
    Gahdan pəncərədən, gahdan qapıdan.

    Vardı günlərimiz həm qara, həm ağ,
    Arzusu, tamahı umar-küsərsiz.
    Qibtə zəlzələsi dağından uzaq,
    Böhtan xəbərləri ondan xəbərsiz...

    Vardı günlərimiz. Var yenə, niyə?! -
    Mən azan bir ovçu, sən itkin əlik.
    Mən təzə səhnəyə çıxan faciə,
    Sən təzə bir ələ düşən gündəlik...
Yalta, yanvar 1968

SƏN MƏNİ SEVSƏYDİN...



    Sən məni sevsəydin nolardı görən?
    Görən olardımı bir dərdim onda?
    Yoruldum demədən qolum üstə sən
    Dünyanı piyada gəzərdim onda.

    Toxalar, azalar bu sevgimizdən
    Dünyanın məhəbbət acları bəlkə,
    Təzə haşiyələr alardı bizdən
    Dünyanın məhəbbət tacları bəlkə.

    Bizim başımıza hey ələnərdi
    Alqışlar. təbriklər, dualar-bizim.
    Bizim bəxtimizə səpələnərdi
    Ən duru, ən təmiz şüalar-bizim.

    Ləpələr göz alıb baxar dənizdən,
    Sular mehrimizə həsəd çəkərdi.
    Ulduzlar bircə yol pəncərəmizdən
    İçəri baxmağa həsrət çəkərdi.

    Dedim ki, göyərər bir Leyli pöhrə,
    Məcnun bir səhərin gözündə gələr.
    Saçını tor elər sahildə Zöhrə,
    Tahir ləpələrin üzündə gələr.

    Sən məni sevsəydin... sevsəydin əgər...
    Kim olub bəxtiyar quru ad ilə.
    Həyatda "ürəkləş”, "sevləş” demirlər,
    Ayaqlaş deyirlər bu həyat ilə.
Dekabr, 1968

AXI DEMİŞDİM Kİ...



    Yenə həmdəmimdir qələm-dəftərim,
    Bir küncdə közərən tənha ocağım.
    Niyə darıxmıram səndən ötəri,
    Axı demişdim ki, darıxacağam...

    Getdin sən. Yeridir dalınca gülsəm,
    Gedib xatirən də özündən qabaq.
    Bəlkə sabahısı üz-üzə gəlsək
    Səni tanımıram, faciənə bax.

    Arabir beynimdə fikir yelkəni
    Səni xilas edir, məni qərq edir.
    Bəlkə sən özünlə apardın məni,
    Məndəsə qalmadın, nə qəribədir.

    Bəlkə də bundadır bəxtiyarlığın,
    Mənimlə dil tapmaq deyildir asan.
    Əgər yoxluğunda yoxsa varlığın
    Demək varlığında sən elə yoxsan.

    Yenə çay qırağı öz görkəmində,
    Gözləri yol çəkir cığırın, yolun.
    Meşə sükutunun gizli qəmində
    Təəssüf oxunmur: "Hanı bir qolun”.

    Mən indi bildim ki, o dilim-axmaq
    Qəlbimdən gizli çox yalanlar demiş.
    Mən indi bildim ki, sənli yaşamaq
    Sənsiz yaşamağa bərabər imiş.
Yalta, yanvar 1968

İŞIQ



    Gecənin ən uzaq dərinliyində
    Bir işıq görünür.
        Mayakdı, nədi?!
    Ondan gözlərimi çəkdim, yenə də
    Fikrimdən, yuxumdan o çəkilmədi.

    Elə hey yol getdim bütün gecəni,
    Gözümdə o işıq,
    Gözümdə o şam.
    Belə çox işıqlar çağırıb məni,
    Belə az gecələr uduzmamışam.

    Bəlkə də o işıq, o çağrış yenə
    Taleyin növbəti ümid payıdır.
    Ümid nə yaxşıdır,
        Ümidlə sönən
    Məhəbbət qayıdır, sevgi qayıdır.
Dekabr, 1968

GÖZLƏRİN



    Adın - demədinmi - dodaqlarımda,
    Özün - demədinmi - gözlərimdəsən...
    Adımı batırıb qulaqlarında,
    Özümü neylədin gözlərində sən?..

    Məni gözlərində güllələdilər,
    Məni gözlərində dəfn elədilər...
Dekabr, 1968

TƏƏSSÜF



    Bu görüş nə acı qismətmiş bizə,
    Elə bil bir kədər gölünə düşdük.
    Salamsız, kəlamsız durub üz-üzə,
    Bir xeyli baxışla, gözlə görüşdük.

    Əsdi ürək kimi ovcumda əlin,
    Sən əzəl bu qədər kövrək deyildin.
    Sən əzəl bu qədər mehriban, həlim,
    Sən əzəl bu qədər qəşəng deyildin.

    Hanı ömrümüzün o keçən günü,
    Hanı öz əhdinə o dönük andım...
    Sənin "gəl barışaq” təbəssümünü
    Mən o vaxt əl açan dilənçi sandım.

    İndi dayanmışıq üz-üzə, yaxın:
    Təəssüf çay kimi axır aradan.
    Bəlkə də vədəsiz yaxın olmağın
    Cazibə gücündən tez aşır adam.

    Bir eşqin dolaşıb itən yoluna
    Tutma çırağını bu aləmdə sən.
    Kaş elə məzara gedən yoluma
    Göy işıq olasan bu görkəmdə sən.

    Bəlkə də yüz dəfə görüşdük belə,
    Yenə xatirələr, yenə təəssüf.
    Təəssüf, təəssüf, təəssüf ilə
    Qayıda bilməyən günə təəssüf!..
Dekabr, 1967

ANLARIM



    Səhər təbəssüm idim.
    Təbəssüm, bir qucaq.
    Gözümün nurunda
        yuyundu bağça-bağ.
    Nəğməmi
        Səhər yelləri oğurlamışdılar.
    Bir az
        Gecikmişdi quşlar.
    Onların da qanadına
    Pərvazlıq atdım.
    İnsan ömrümdən bir az
    Quş ömrünə qatdım.
    Düzlərə yol açdım,
    Babamın ruhunu
    Düzlərdə zəmi gördüm.
    Dağlara qol açdım,
    Qəşbəndi azacıq
        Alnına sürüşən,
    Darayı yaylığı
        çiyninə düşən
        nənəmi gördüm.
    Gülümsər çəməni
        Qaymaqlı nəmi gördüm,
    Günəşə sarı getdim,
    Günəşə sarı.
    Bütün qapılara.
        Günəş açarı saldım.
    Günəş açarı
    Bütün ürəklərə günəş açarı.
    Elə vüqarlandım ki,
        qanadlandım ki,
        özümü günəşin
        yerdəki vəkili
        sandım ki...
    Gündüz
        qəzet davalarına düşdüm,
    Münasibət dalğalarına düşdüm.
    Muğamat konsertimə
    Cığıltı qatdı
    Bir müxbirin
        giley-güzar dalğası.
    Beynimə qondu bir ağacdələn,
    Bir tərif darğası.
    Gündüzüm... gündüzüm...
    Gah mənim gül düzüm,
    Gah mənim gül dərəm.
    İstərəm hər anın
    Çətrindən gül dərəm.
    İstərəm hər anın
    Camından bal dadam.
    İstərəm bu camın
    Lap elə boşundan
        bal dadam.
    Yarımçıq xoşundan bal dadam.
    Bal deyib, bal dadam.
    Bəzən də özümü aldadam...
    Axşam xatirəydim,
    Uşaqlığımgilə dəydim.
    Oyuncaqlarımgilə dəydim.
    Dostum gəncliyimlə
        görüşdüm.
    Qızlar güllüyünə düşdüm.
    Anaların qucağında
    Qızlar çələngi vardı,
    Qızlar çələngi.
    Saçlar çay çələngi.
    Saçlar çay pələngi.
    Üzlər ay çələngi.
    Çəmən asılmışdı ətəklərindən,
    Bulud yapışmışdı ləçəklərindən,
    Yollar dolanmışdı bellərinə ki,
    Güllər ilişmişdi tellərinə ki,
    Zəriflik, kövrəklik ala bilələr,
    Yoxsa göy sarala, yer sola bilər...
    O çələngdə bir gül gördüm,
        ayrı güldü.
    O günlərin çələngindən
        qapdığım gün
        ayrı gündü.
    Günlərimi günlər aldı,
    Gül saraldı.
    Xatirəmin əllərindən
    Tutub qaçdım o günlərdən.
    Ey anlarım, o günlərdən
    Bulaq-bulaq nəğmə oxu,
    İlmə-ilmə ömür toxu!
1968

RAKETLƏR



    Raketlər oynayır həyətdə,
    Raketlər oynayır.
    Bir şarı yüz dəfə vurmaqdan,
    Yorulub, yormaqdan.
    Doymayır raketlər, doymayır.
    Onların ayağı bu günlə,
    Başları sabahla oynayır.
    Görürəm: yüyürür, yüyürür.
    Qaçırlar, qaçırlar.
    Üfüqdən fəzaya
    Qapılar açırlar.
    Təyyarə səsini udurlar,
    Zərbəli, hücumlu səslərlə.
    Sabah bu cilovsuz hisslərlə
    Yer altdan, yer üstdən
    Qəfləti ölümü
    Daşıyar bu raketlər.
    Üşüyən torpağa
    Sərnişin ulduzlar
    Daşıyar bu raketlər.
    Raketlər oynayır.
    Ayaqlı, əlli raketlər.
    Gözlü, qaşlı, telli raketlər,
    Yuxuda diksinmə,
        Yer anam
    Səksənmə, Yer anam.
    Yolunla rahat get.
    İnsana yönələn raketə
    Yönəlib insan raket.
Fevral, 1968

QAR



    Uzaqdan baxıram ağappaq, təmiz,
    Yaxına gəlirəm: qurd düşüb qara...
    Yadıma düşür ki, bəzən hissimiz
    Nə qədər aldanır bu ağlıqlara...

    Qayğılar görürük, bürüncək kimi -
    Tikandan astarı, ipəkdən üzü.
    Vədələr görürük, kəpənək kimi
    Dalınca uşağa döndərir bizi.

    Uzaqdan baxıram ağappaq, qəşəng;
    Yaxına gəlirəm: qar kif atıbdır.
    Qəlbim inciməsin gözümdən gərək,
    Qəlbim də gözümü çox aldadıbdır.
Kəlbəcər – İstisu İyul 1968

İTLƏR



    İtlər qar üstündə həvirləşirlər,
    İtlər oynaqlayır, süpürləşirlər.
    Gəmirir, dişləyir biri-birini,
    İtcə nəşələnir, itcə sevinir,
    Bu onu, o bunu bulayır qara...
    Elə bil həsədlə baxıb onlara,
    Hardansa sümsünə-sümsünə
        bir
    Boz tula gəlir.
    İtlər duruxurlar,
        itlər baxırlar.
    Onu imsiləyir, bunu iyləyir,
    Sanki it dilində nə isə deyir,
    Sonra hürə-hürə hasarı aşır.
    İtlər mırıldaşır,
    İtlər tutaşır...
    İtlər bir-birini az qalır didə,
    Uşaqlar tökülüb harayçı olur.
    İtlər qovulur,
        ancaq
    Çox nahaq
    İtlər inandılar üçüncü itə.
Yanvar, dekabr 1968

<< 12 / 3 / 4 / 5 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.10.2013) | Müəllif: R.C E W
Baxış: 1589 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more