Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 2-2
<< 1 / 2 / 3 / 4 / 5 >> 
GÜNƏŞİ İTTİHAM EDƏNLƏR



    Bu gecə fəzaya düşmüşdü yolum,
    Bir topa ulduza ilişdi yolum.
    Qəribə bir aləm gördüm bu gecə:
    Göz işlədikcə
    Bir salon uzanır göyün düzündə,
    Ulduzlar əyləşib əli üzündə,
    Dinləyir, arabir əl çalanlara
    Qoşulur yazıqlar.
    Danışır planet narazılıqlar,
    Giley kometlər...
    Buynuzlu qeybətlər,
    Cisimlər arası münasibətlər,
    Dumanlı söhbətlər
    Günəş sistemində mehvər istəyir,
    Göylərdə ayrıca göylər istəyir.
    Günəş işıqladan səma zalında
    Günəşlik istəyir öz xəyalında
    Sönmüş, söndürülmüş meteroitlər,
    Sürünən, quyruqlu asteroidlər.
    Günəş öz işində, dərdi-sərində,
    Baxıb zərrəsinin zərrələrindən
    İstəyir yeni ay, ulduz yarada,
    Sönən dünyaların üstünə ata.
    Günəş öz işində, öz xəyalında,
    Günəş işıqladan səma zalında
    Günəş müttəhimdir.
    Deyir yana-yana adsız bir cisim:
    Günəş haqqımızı tapdayır bizim!
    Milyon il, milyard il
         bir yol, bir cığır -
    Nə geriyə dönür,
         nə sona çıxır.
    Hərəkət əbədi,
    Sürət əbədi.
    Bu misqal çəkilər, ölçülər nədi?
    İstilik, soyuqluq, qaranlıq, işıq
    Azalmır bir qaşıq, artmır bir qaşıq...
    Kim isə söz atır:
    - Sənətin nədir?
    - Böyük kometlərin quyruq yığanı,
    Kiçik ulduzların böyük gümanı...
    - Bəs nə istəyirsən?
    Fikrini anlat:
    - Çəkimə əlli qat,
         Bəlkə də yüz qat
    Artıq ola bilən cazibə, dartım,
    Neçə böyükləri özümə qatım,
    Kiçiklik adını üstümdən atım...
    Yerində çırtlayır başqa bir cisim:
    Günəş haqqımızı tapdayır bizim!
    Fəzada yeddi rəng, milyard nüsxəli -
    İşıq xəbərləri günəşdi, bəli.
    Tutulsun günəşin işıq yolları -
    Kəsilsin günəşin işıq qolları
    Nə qədər bərk getsək haqlayır bizi,
    Xoşu gəlməyəndə saxlayır bizi,
    Bir cavan ulduzu salır qabağa...
        Atmaca:
    - Sən nə istəyirsən, ulduz bəy ağa?
    - Azad fırlanış!
    - Azad fırlanışda məqsədi danış!
    - Harada sıxlıq var - oraya getmək!
    Ulduzlar toqquşsa, haraya getmək?
    Məğrur olanının başına yumruq!
    Necə mən gəzmişəm gözləri yumuq,
    Elə də o gəzsin bu boş varlığı,
    Duysun günəşdəki əzabkarlığı...
    Yalançı natiqlər çıxıb kürsüyə;
    Böhtanla, yalanla dönüb gürzəyə
    Günəşin qətlinə verirlər qərar.
    Mənim qorxduğumu görüncə İkar
    Söylədi: yer oğlu, olası deyil!
    Kainat günəşsiz qalası deyil.
    Oğul nankorların adəti budur:
    Günəşin nurunu həmişə udub,
    Cazibə alırlar, sürət alırlar:
    Sonra da beləcə "gözdən salırlar”.
     "Onu əvəz edən bəs kim olacaq?” -
    Burda duruxurlar günəş yıxanlar.
    Bir də ki, nə qədər çalışır ancaq
    Onu gizlətməyə yer tapmar onlar...
1968

LENİN ZİRVƏ



    Biz nə qədər dahi desək,
              ulu desək,
    Ona bəşər ağlı desək,
    Ona günəş oğlu desək;
    Bu çeşidli
          təltiflərin hamısından,
    Şeriyyətlər toplusunda,
    Məhəbbətlər toplusunda
    Ali sözlü,
    Ülvi sözlü
        təriflərin hamısından
    O, yenə də uca durur.
    Elə bil o yüksəkliyi
    Elə yüksəklikdə
        dondurubdur
            ki,
    Oradan o yana ta
    meyarsızlıq, ölçüsüzlük
             ölkəsidir.
    Orda dahi anlayışı,
    dahiliyin qırıntısı,
              kilkəsidir.
    Orda o, sadəliyin,
         adiliyin
    Ən sonuncu nöqtəsidir.
    O sadəlik, o adilik
    Ucalıqdan uca olan
    Ali fikir zirvəsidir.
    O zirvədə ömürləri
    Dərə kimi,
         təpə kimi,
         yamac kimi
         görmək olur.
    O zirvədən həqiqəti,
    Ədaləti,
    Səadəti
    Yer üzünə səpələyən
    Qızıl qanad ildırımlar
         hazır durub.
    O zirvənin ayağında
         xəyanəti,
         cinayəti,
         ədavəti,
         dəfn eləyən
         sıldırımlar
         hazır durub.
    Vəsflərə sığışmayan
    O sadəlik zirvəsində,
         O dahilik zirvəsində,
         O adilik zirvəsində
         Lenin yaşar.
    Əbədilik məfhumunu
         təsdiqləyən
    Əbədilik zirvəsində
    Lenin yaşar,
         öz ağlının
    Orbitində fikrimizi,
    Ağlımızı yaşadaraq.
    O zirvədən yolumuza
         günlər axar
         çıraq-çıraq.
    Günlər axar
         gün üzünə
         həsrətlərin taleyinə.
    Günlər axar
         günümüzə
         həsədlərin taleyinə.
    Lenin fikri
         ucalığın
    Bir əl çatmaz zirvəsindən
    Nur səpələr bu həyata.
    Lenin dağı
         qoymaz ona
    Təltif çata,
    Mədh çata,
    Tərif çata.
Yanvar, 1969

LENİN ZİRVƏ



    Məni bir məclisdə təriflədilər,
    Günahkar balaca bir şerim oldu.
    Motsart qığılcımım yox ikən hələ,
    O gündən mənim də Salyerim oldu.

    Elə ki, bir qəza gəlir başıma,
    Bəxtimə qəfləti bir hellənc dəyir, -
    O günü Salyeri çıxır qarşıma,
    O günü üzümə xoş gülümsəyir.

    Elə ki, azacıq dinc olur yerim,
    İstəsəm gecədən bir çimir dadam,
    Ürək ağrısına dönür Salyeri,
    Qoymayır dincələm, qoymayır yatam.

    Arabir gecələr yuxumu pozan
    Küçə itləri də salyeriləşir.
    Arabir səhərlər beynimi qazan
    Maşın fitləri də salyeriləşir.

    Sevinsəm, qarnını sancı doğrayar,
    Gülsəm, gülüşümü ağzımdan qapar.
    İstər göz yaşımla üzünü yuya,
    İstər göz yaşımda mirvari tapa.

    Onun çəkməsinin dabanlarında
    Əqrəb tikanı var, ilan dişi var.
    Dalımca sürünüb külək donunda
    Kölgəmi zəhərlər, rəddimi sancar.

    Hərdən də qapımda haray qoparar,
    Dönər yer üzünün bəd xəbərinə.
    Arabir məni də alıb aparar
    Özünün naməlum şəhərlərinə.

    Böhtan gəlinidir burda hər evin,
    Riya təzə bəyi, nələr görürəm...
    Salyeri adına qəsdçilər evi,
     "Salyeri” markalı zəhər görürəm.

    Kim isə qibtələr yaşasın deyə
    Yalan bir varlığa heykəllər qurur.
    Kiminsə yolunu keçilməzliyə
    Yönəltmək naminə tərif yoğurur.

    Az qalır özümü mən özüm yıxam,
    Bir "mən”də qibtəylə mənlə əlləşir.
    Geriyə baxmağa bəzən qorxuram.
    Qorxuram kölgəm də salyeriləşib.

    Nə yaxşı
        ünvanı azıb bu naşı,
    Hardasa yaradır bir əl, bir qələm.
        Nə yaxşı,
        mənmlə qarışıb başı,
    Nə yaxşı bilmir ki, Motsart deyiləm.
Bakı-Yalta, 1967-1968

QOLTUQ AĞACI



    Qoltuq ağacına yazığım gəlir,
    Tutub bir binanı çiyinlərində
    O zorba bir dirək ola bilərdi.
    Məğrur bir çobanın çiyinlərində
    Qurd əzən dəyənək ola bilərdi.
    Bir körpü tağı da ola bilərdi,
    Tüfəng qundağı da ola bilərdi.
    Vaxtsızmı qırıldı, tezmi qırıldı...
    Vüqarı qırıldı, əzmi qırıldı.
    Qoltuq ağacından acığım gəlir,
    O bütün yollara qoltuqdan baxır,
    Girdiyi qollara qoltuqdan baxır.
    Nəğmə də oxuyur o, cırhacırla,
    Qırıla-qırıla...
    Qoltuqdan oyana getməyir səsi.
    Nədir oxuduğu? - "qoltuq nəğməsi”
    Özü bu vərdişi ömrünə yazıb,
    Onu bir qoltuqdan tullasan əgər,
    Yanından yan ötüb bir ayaqsızın,
    Kiməsə üçüncü ayağa dönər...
    Daş kaha yaxşıdır bir uçuq damdan,
    Duyar eyhamımı bir qoltuq acı:
    Deyirəm qoltuğa girən adamdan
    Yaxşıdır bir sınıq qoltuq ağacı.
1967

BİZİM GƏNCLİK



    Yenə gənclik ordumuzun
    Mübarizə yollarını saldım yada.
    Ömrümüzün gah günəşli,
    Gah boranlı illərini
    Saldım yada.
    Gözlərimdə Çapay durdu,
    Həzi durdu, Gəray durdu.
    İlk sırada getdi gənclik
    Xalqımızın hər müqəddəs,
    Hər mübariz çağrışına;
    Bəzən döyüş meydanına,
    Bəzən dostluq yarışına.
    Azmı odlar ayaqlayıb
    Oddan aldıq yurdumuzu...
    Avropalı Dunay boyu
    Dunaydan da güclü gördü
        ordumuzu.
    Qayıtmaqçün Vətənə biz
    Bəzən ondan aralandıq.
    Ağır yara vurmaq üçün
        düşmənə biz
    Bəzən ağır yaralandıq.
    Yox, alsaq da neçə yara,
    Ağrı duyan qəlbimizdə
    Yer vermədik ağrılara;
    Çünki bir yaz havasında,
    Zərbəmizdən yuvasında
    Düşmənlərin can verdiyi
        günü gördük.
    Ağrılara yer vermədik
    Bəli, ağır yaramızda.
    Çünki arxa sıramızda
    Neçə dostun
    Yürüşünü gördük.
    Bir dost kimi, qardaş kimi
    Keçdik macar torpağını,
    Bizə ayaq açanların
    Üzdük yerdən ayağını.
    Qucaqlayıb boynumuzu,
    Çiçək səpdi yolumuza
    Çiçək üzlü bolqar qızı.
    Gənclik döyüş meydanında
    Nərə çəkib aslan oldu.
    Gənclik sevib-seviləndə -
    Məhəbbəti ümman oldu.
    İlk sırada getdi gənclik
    İstər döyüş meydanına,
    İstər əmək yarışına.
    Lazım gəlsə səs verərik
    Yurdumuzun çağrışına,
    Yurdumuzun sərhəddinə
    Sinəmizlə sədd çəkərik.
    Qarşılaşsaq ölümlə biz,
    Ölümə də xətt çəkərik.
    Lazım gəlsə, qoşularaq
    Yurdumuzun çağrışına
    Günəşdən od gətirərək
    Yurdumuzun sərt qışına.
    Gənclik sevgi, gənclik zəhmət,
    Gənclik zəfər, gənclik qüvvət,
    Gənclik daim alovlanan,
    Daim yanan bir ürəkdir.
    O ilk getmiş, gedəcəkdir
    Xalqımızın hər müqəddəs,
    Hər mübariz çağrışına,
    İstər döyüş meydanına,
    İstər əmək yarışına!
1956

DOSTLUQ NƏĞMƏSİ



    Yurduma dostlar gəlir
    Vətənin hər yerindən.
    Baltik sahillərindən,
    Ural ətəklərindən.
    Dost gəlişi bayramdır -
    Belə deyib babalar.
    Sevinib bu gəlişdən
    Bizim ellər-obalar.
    Çaylar öz nəğməsini
    Bir az da artırıbdı;
    Dağlarımız sel tökən
    Buludu batırıbdı.
    Üfüqdən qapı asıb
    Muğan düzü, Mil düzü.
    Kür-Araz tellərinə
    Çiçək düzüb, gül düzüb,
    Alqışlayıb gələni,
    Uğur - deyib gedənə.
    Vətənin hər parçası
    Şöhrət olub Vətənə;
    Şöhrət olub həmişə
    Nəğməli diyarımız. -
    Şerində, sənətində
    Gücümüz, vüqarımız,
    Nizaminin önündə
    Papaq çıxaran olub.
    Sabirin "Hophop”unu
    Töhfə aparan olub.
    Burda günəş bacıdır
    Meyvəli bağlar ilə.
    Günəş süfrəyə gələr
    Üzüm ilə, nar ilə.
    Günəşin işığını
    Düzənlərə sağarıq.
    Orda işıq dərərik,
    Orda pambıq yığarıq.
    Burda hörmət, məhəbbət
    Ən böyük varımızdır.
    Bu uca dağlar bizim
    Qardaşlıq qalamızdır.
    Bura xoş qədəm atan
    Gül-çiçəyə bələnib.
    Dostluq nəğməsi bizim
    Qəlbimizdən baş alıb,
    Dağlara, düzənlərə
    Nur kimi səpələnib.
1973

AZƏRBAYCAN - DÜNYAM MƏNİM



    Azərbaycan - qayalarda
        bitən bir çiçək,
    Azərbaycan - çiçəklərin içində qaya.
    Mənim könlüm bu torpağı
        vəsf eləyərək,
    Azərbaycan dünyasından
        baxar dünyaya.

    Azərbaycan - mayası nur,
        qayəsi nur ki...
    Hər daşından alov dilli ox ola bilər.
     "Azərbaycan!” - deyiləndə ayağa dur ki,
    Füzulinin ürəyinə toxuna bilər.

    Oğulları Kür gəzdirər biləklərində,
    Oğulların göz atəşi
        gözəl əridir.
    Azərbaycan səhərinin bəbəklərində
    Qütb ulduzu,
        dan ulduzu gözəlləridir.

    İllər olub - kürrələrdə dəmir olmuşuq,
    Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
    Od gölündə,
        buz çölündə gəmi olmuşuq,
    Biz Bakının ilk səadət carçılarıyıq.

    Min illərlə zülmətlərə yollar açıqdı,
    Dalğalandı Sabirlərin
        ümman dünyası,
    Azərbaycan qatarı da yollara çıxdı
    Dağılanda Qoca Şərqin duman dünyası.

    Azərbaycan - mayası nur,
        qayəsi nur ki...
    Hər daşından alov dilli ox ola bilər.
     "Azərbaycan!” deyiləndə
        ayağa dur ki,
    Ana yurdun ürəyinə toxuna bilər.
1970

"Ana yurdum, hər daşına üz qoyum”



    Ana yurdum, hər daşına üz qoyum,
    Hər dərəndə çaldığım saz yaşayır.
    Kimi sənin çiynində,
        sən kiminin...
    Şöhrətini yaşadan az yaşayır.

    Bu gileydən qəlbim yaman xallanır:
    Çox ünvanda qaçaq tərif yallanır.
    Bir ağılın budağından sallanıb,
    Neçə-neçə ağlı dayaz yaşayır.

    Gülüm, bir də görüşünə yubansam,
    Adımı tut, harda dağlar dumansa.
    Gözünü sıx,
    Hansı daşda su yansa,
    O daş altda Məmməd Araz yaşayır.
1971

ŞUŞADA BİR GECƏ



    Bu gecə gecənin son qatındayam,
    Bu gecə bir qəndil qanadındayam.
    Sağımda bir dərə - qara hörükdür,
    Solumda bir dərə - qara hörükdür.
    Dövrəmdə buludlar bölük-bölükdür.
    Dünyanın damına çıxmışam, nədi?
    Dünya qaranlığı harda gizlədib?
    Dünya toranlığı harda gizlədib?
    Gecə ağ yağışda durulanıbdı,
    Gecə dağ mehində qurulanıbdı,
    Daranıb, bələnib işıqlarına,
    Taxıb qarmağını göy tağlarına
    Bir çilçıraq şəhər,
        bir qəndil şəhər,
    Hər evi bir qızıl qərənfil şəhər.
    Uzaqdan: bir ulduz topası kimi
        göy üzündədi.
    Yaxından: bir qaya lampası kimi
        yer üstündədi.
    Gecənin qoynunda yanır dağ şəhər,
    Fəzadan asılı, çilçıraq şəhər.
    Dağlar öz ovcunda yanıdırıb onu,
    Ulduzlar qoynuna qaldırıb onu
    Bu dağlar vüqarı, bu dağlar gücü.
    Bu gecə kəşf etdim bir Şuşa bürcü
    Bir Şuşa bürcü, tamaşa bürcü...
1970

OXUYAN TƏBRİZ


(Aşıq Hüseyn Cavanla İstisu
yaylaqlarında görüşümüzdən təəssürat)


    Aşıq Cavan sarılmışdı sazına,
    Toy qurmuşdu dünəninin yasına.
    O, dərdini ya sındıra, ya sına;
    Qəzəbi köklənib dağın-daşın da,
    Təbriz ağlayırdı dağlar başında.

    Heyrətindən donmuş idi Dəlidağ,
    Nəfəs çəkib işqırırdı od-ocaq.
    Göymü yeri, yermi göyü udacaq,
    Buludlar üfüqdə əli qaşında...
    Təbriz ağlayırdı dağlar başında.

    Dəli mizrab "bəxti kəmi” oyadır,
    Qəm heyrəti, heyrət qəmi oyadır,
    Özü yatıb, bu aləmi oyadır -
    Bir sayıl bəxti yox min bir yaşında,
    Təbriz ağlayırdı dağlar başında.

    Fəryadından qoyun-quzu duruxdu,
    Ağlayan su,
        çağlayan su duruxdu.
    Qara yelin sel umusu duruxdu,
    Dərələr səngidi yaz yağışında,
    Təbriz ağlayırdı dağlar başında.
    Təbriz ağlayırdı - dedim...
    Nə dedim?!
    Ağlayan bir sazın telinə dedim,
    Sarı yamacların selinə dedim.
    Ağlamaz söz yurdu dağlar başında,
    Təbriz oxuyurdu dağlar başında!

    Qarı nənə, nehrən dondu çatmada,
    Gizli ahın fələklərə çatmada.
    Həcər ana, Həcər ana, çat dada.
    Təbriz ağlayırdı dağlar başında -
    Təbriz oxuyurdu dağlar başında!

    Ağlasa, ağlardı ildırım kimi,
    Gurşad saçı yolan sıldırım kimi,
    Qapıb şimşəkləri bir şırım kimi
    Nəğmə toxuyurdu dağlar başında,
    Təbriz oxuyurdu dağlar başında!

    Ağlasa - ayaqda tüfəngə dönər,
    Balası vurulmuş pələngə dönər.
    Bir dərə ağızlı nəhəngə dönər,
    Dumanlar yas qurdu dağlar başında,
    Təbriz oxuyurdu dağlar başında!

    Gərək dil susanda əllər danışa,
    Əllər bağlananda dillər danışa
    Elə danışalar, ellər danışa...
    Dəli gülüşlərim ağlar başımda,
    Təbriz oxuyurdu dağlar başında.
İstisu-Dəlidağ, 1969-1970

MƏNİM YURDUM



    Mənim yurdum -
        qəhrəmanlar diyarıdır.
    Mərd insanlar diyarıdır.
    Öz baxtının xoş gününü
    Öz əliylə yaradanlar diyarıdır.
    Kainatın milyon illik arxivindən
    ulduzları
        oyadanlar diyarıdır.
    Mənim yurdum -
        qəhrəmanlar diyarıdır!

    Mənim yurdum -
    Torpağında nur əkənlər,
    Nur biçənlər diyarıdır.
    Mənim yurdum -
    Neçə dəfə
    Qanlı lava dənizindən
    Sağ keçənlər diyarıdır.
    Mənim yurdum -
    Qayaları minalanmış
    Dağ keçənlər diyarıdır.
    Mənim yurdum -
    Mərd oğullar diyarıdır.
1973

BAKININ GECƏSİ



    Bakının gecəsi ağ varaq kimi, -
    Elə bil
    Hələ bir qələm dəyməyib.
    Hələ bu varağa əlim dəyməyib.
    Nə qədər istəsən, şer yaz ona,
    Köçür sətir-sətir duyğularına.
    Bu xətkeş küçələr varaq gözləyir.
    Bu kitab binalar az oxunubdur.
    İnsanlar yatanda göz işığını
    Səpir küçələrə,
    Yanır küçələr.
    Yatmır küçələr.
    Bakının gecəsi işıq romanı...
    Dənizin qoynunda baş qəhrəmanı.
    Oxu səhərəcən, yetəsən ona.
    Yüyür səhərəcən dəniz qoynuna.
    Bakının gecəsi bir dağ gölüdür.
    Kəhkəşan qurşağı boyunbağısı,
    Xəzəri ay kimi döşündən asıb...
    Bakının gecəsi - mürgülü qoca,
    Qayğı yüklü qoca,
    Söz yüklü qoca...
    Bakının gecəsi ağ varaq kimi...
    Onu kim götürə, ona nə yaza!
    Nə ötəri ola, nə də ki, asan.
    Bakının gecəsi ağ dəniz kimi,
    Uyudur qoynunda nə qədər gəmi,
    Nə qədər insan - gəmi
    Sabah açılanda səfərə hazır.
    Gör, şair, ürəyin, əlin nə yazır -
    Bakının gecəsi ağ varaq kimi.
    Gör, sözün varmıdır səpinə hazır...
Yanvar, 1973

DƏNİZ ŞƏHƏRİNƏ SƏFƏR



    Bu gecə evimdən qovdum gecəni,
    Yenə gəzdiyimi tapa bilmədim.
    Bu gecə fikrimdən gəlib keçəni
    Yoğura bilmədim, yapa bilmədim.

    Dedim bu gecədən gül ətri alam,
    Qatam könlümdəki nəğmə səsinə.
    Ayın ziyasından nur çətri alam,
    Tutam bir gözəlin pəncərəsinə.

    Mən bir yana çəkdim, ilham bir yana;
    Gördüm pəncərəmdə dəniz qabardı.
    Dalğalar fikrimi neft daşlarına
    Bilmədim heç necə çəkib apardı.

    Çoxdan olmamışam burda, eləmi? -
    Şerimin nə qədər sözü paslanıb.
    Gərək iş başında sıxam əlini,
    Dəniz qəhrəmanı, dəniz aslanı!

    Burda hər ürəkdə bir dəniz yatır,
    Hələ xəbərsizəm dəfinəsindən.
    Sudan nur göyərir - buruq boy atır -
    Muştuluq Xəzərin xəzinəsindən!
    Bu yerin ilk özül daşı hünərmiş,
    Bütün inadları hünər qırıbdır.
    Bu qara daşlar da maneələrmiş
    İnsan tapdalayıb, daşlaşdırıbdır.

    Gör bura nə böyük ada köçübdür! -
    Hər insan qəlbində bir sahil-şəhər.
    Şair, söz gəmini bu adaya sür,
    Dalğa yar ömrünün sonuna qədər.
1973

DAĞ ÇAYINA OXUNMUŞ MƏKTUB

Rəsul Həmzətova



    Bu torpağın adətidir min ildən bəri:
    Şair oldun - öz qapındır açdığın qapı.
    Ümidlərin ən sonuncu sığıncaq yeri,
    Ən sonuncu and yeridir şer kitabı.

    Sən gələndə səs yayılır Azərbaycana:
    Qaraqabaq adamlar da azca qımışır.
    Kimin duzlu sözü varsa,
        çıxsın meydana,
    Yoxsa Rəsul aparacaq bütün alqışı!

    Muştuluqçu xəbərlər də düşməyir atdan,
    Çapır bizim dərələrə, dağlara doğru:
     "Rəsul gəlib Dağıstandan...”
    Dillənir atam:
    - Dağıstana nə çox gedir bu Həmzətoğlu!

    Eyniləşir dağ vüqarı,
        Dağlı vüqarı;
    Bir qocanın dediyini hələ dinlə bir:
     "Balam - deyir - yer üzünün uca dağları
    Elə bizim bu dağlardan köçüb getmədir”.

    Dünən gözəl qar ələndi şəhərimizə,
    Dedilər ki,
        bu töhfədə
        Rəsul əli var...
    Gülə-gülə söylədi ki, Süleyman Rüstəm:
     "Dağıstana yağar ancaq bu ağlıqda qar...”
    Bu dağlarda hər çay igid,
        hər bulaq gəlin;
    Hər şey olar - çay olanda,
        bulaq olanda.
    Yağışına, buluduna bərəkət gəlir -
    Təbiətə şair oğlu qonaq olanda.

    Bu torpağa baş əyməyin - baş ucalığın!
    Məbəd bildin
        bizim qədim
        sənət yurdunu.
    Sən gələndə şairləri başına yığıb,
    Təkrar-təkrar xatırlarsan Səməd Vurğunu.

    Təkrar deyil dost elinə müntəzəm gəliş,
    Təkrar deyil
        təriflənə tərifdən uca!
    Heykəlini özü yonub, özü dikəltmiş
    Təriflilər bir qıyğacı baxışdan uçar...

    Dedim sizi ayırmayım son nitqlərdən,
    Bir də sizə, doğru desəm,
        yetmədi əlim.
    Dağ çayına oxumuşam bu məktubu mən,
    Surətiylə tanış olun, Rəsul müəllim!
1973

ÇAY AXIR



    Çay axır, çay axır...
    Rəngi:
    Elə bil
        ərimiş
        qurğuşun
        qaya axır.
    Sürəti:
    Göz ölçündən asılı...
    Mənzili:
    Məcrası torpağa yazılı.
    Çay axır.
    Yağış da yağır,
    Dolu da yağır,
    Şimşək də çaxır.
    Çay axır.
    Qocaman dağlar da
    Arabir
        o taydan
        bu taydan
        ətəyini çırpır,
        Xırxaxır
        Çay axır.
1973

"Seçirəm fikrimin aynasında mən”



    Seçirəm fikrimin aynasında mən:
    Vəfalı, vəfasız olan dostları.
    Adını dilimdən salıb itirdim,
    Qonanda dilinə yalan, "dostların”.

    Həyat yollarında tanınır insan,
    Zaman arayır da, seçir də asan: -
    İtirir daldada rəddini qazan,
    Üzdəsə üzünə gülən dostları.

    Sev könül dostunu gözündən artıq,
    Sözünə məna ver sözündən artıq,
    Deyirəm: əzizlə özündən artıq
    Dərdini öz dərdi bilən dostları.
1988

XARİCİ DİL MÜƏLLİMİ



    Alovlu illər idi dil öyrənən illərim.
    Uzaq-uzaq bir dağın
        döşündəydi kəndimiz,
    Yamaca lehimlənən
        qurşun idi kəndimiz.
    O, haraydan qızışdı,
        axdı dərə aşağı,
    İgidlərin nərəsi,
    İgidlərin qəzəbi -
    Axdı dərə aşağı,
    Haray dili öyrəndi
        balaca kənd uşağı.
    Alovlu illər idi dil öyrənən illərim.
    Ot biçər, kol qırardı
        yazı yazan əllərim.
    Mən çox gözəl öyrəndim:
    Dəryazların dilini,
    Külünglərin dilini,
    Sazaqların dilini,
    Küləklərin dilini.
    Bir cürcənə içində çimirsiz gecəm olub,
    Yağışların çox saya,
    Sayaçı nəğməsini sübhəcən dinləmişəm.
    Dolular dimdiyində qayalar keçəl olub,
    Şimşəyin hədəsini sübhəcən dinləmişəm.
    Onda zaman - müəllim,
    Təbiət - dərslik idi.
    Dil dərsimiz bunların
    Hökmünə təslim idi.
    Yerdən çörək diləyən
        xış dili bilməliydi,
    Quş dili bilməliydi,
    Daş dili bilməliydi.
    Əsgər aparan yolun
        intiqam dili vardı,
    Qara kağız gətirən
        yol dilsiz ağlayardı.
    Onda əsil vətəndaş
        dilimiz - hünər idi.
    Onda mənim
    Xarici dil müəllimim əsgər idi...
1973

HEYKƏL ÖMRÜ



    Görkəmli heykəltaraş
    Fuad Əbdürrəhmanovun xatirəsinə

    O, heykəllər dünyasında səyyah idi,
    Yol getmişdi on ikinci əsrə qədər.
    O, heykəllər dünyasında Allah idi,
    Daşa gülüş vermiş idi,
        tunca qədəm.
    Rudəkinin hər gözünün didəsində
    Bir günəş əritməyə həsrət vardı.
    Günəş endi Pamirin ağ zirvəsindən
    O əllərdə o gözlərə nur apardı.
    Əl uzadıb üfüqlərə qapı açan
    Şair ona dan işığı bağışladı.
    O, yol gəldi Nizamidən Vurğunacan,
    Neçə qaya-zəmilikdə yer xışladı.
    Nəfəs dərib, külüngünü çaldı yerə;
    Səda kimi daşdan-daşa keçib getdi.
    Fuad həyat gətirmişdi heykəllərə,
    Fuad heykəl həyatına köçüb getdi.
1971

SALAMAT QAL



    Ey dəvə yol, düşdüm daha belindən,
    Ovsar cığır, çıxdın daha əlimdən.
    Balam çiçək, bir də öpüm telindən,
    Salamat qal,
    Salamat!

    Duz axtaran körpə cüyür balası
    Ağ daşlara körpə cığır salası...
    Qayaların su saxlayan çalası,
    Salamat qal,
    Salamat!

    İldırımlar buludların pələngi,..
    Paslanacaq mənsiz şimşək üzəngim.
    Eh, ya qismət, a şəlaləm - a cəngim...
    Salamat qal,
    Salamat!

    Bulaq gördüm: uşaq kimi ərköyün;
    Məni gəzər məndən qaçan ürkəyim...
    Salamat qal bu dağlarda, ürəyim,
    Salamat qal,
    Salamat!
Turşsu, 1970

ATA OCAĞI



    Çırpısı tətikdə, odunu dəmdə,
    Səhərin gözündən od alıb ocaq,
    Yanır aram-aram, onu sinəmdə
    Sonra kim söndürüb, kim yandıracaq?

    Ömrün şənliyində, ömrün yasında
    Bura od dalınca gələcəyəmmi?
    Yoxsa xatirələr işartısında
    Oğulsuz-övladsız ocaqlar kimi
    Sönüb gedəcəyəm: bu daş, bu torpaq
    Bircə ləpirimi yaşatmayacaq.

    Ocaq çırtıldayır, közü dərində...
    Axıdır gözünün yaşını çırpı.
    Alovlar hay salıb öz dillərində
    Özünü o daşa, bu daşa çırpır.

    Atam doluxsunub, baxıram ona,
    Kişi uşaq olub səksən yaşında.
    Bu nə ayrılıqdır, ata yurduna
    Əlvida deyirm ocaq başında!

    Ocaq tüstülənir, kövrəlir atam:
     "Anan o dünyada darıxır, bala,
    Ancaq ki, kişinin qəbri od tutar -
    Gedə, od-ocağı tüstüsüz qala.
    Babandan qalıbdır bu ocaq bizə,
    Bir ocaq sönəndə bir tifaq itir.
    Bir ocaq söngüsü qeyrətimizə
    Bir düşmən nəslinin qəhqəhəsidir;

    Apar bu ocağı evində yandır,
    O gözdən qor alır, gözdən odlanır.
    Kişi yer üzündə od qoruyandır,
    Kişi ona görə kişi adlanır”.

    Gözünün yaşını qurudur səsi,
    O, Zərdüşt babaya səcdəmi qılır:
    Baxıram gözündə ocağın əksi,
    Baxıram gözündə alov qıvrılır...

    Burda neçə nəsil baş əyib oda,
    Nənələr əl basıb ocaq daşına,
    Burda dəyməyiblər ilanlara da
    Pənah gətirəndə ocaq başına.

    Bu gün kənd yolları tüstülü, odlu;
    Təpələr fikirli adam kimiydi.
    Mürgülü zəmilər gözləri dolu,
    Dindirsən - kövrələn atam kimiydi.

    Yaşıl kənd üstünə boz pərdə salır -
    Aranır, daranır tüstü telləri,
    Əlvida, atamın tüstü dəsmalı,
    Əlvida, atamın tüstü əlləri!
İyul-avqust, 1969

ÇOBAN ÇÖRƏYİ, ÇOBAN ÜRƏYİ

Qışlaqda yazılmış şer
 
    Bir qadın ki, dağ mehini düzüb saçına,
    Şimşəkləri oxlov kimi çəkib sacına,
    Nəğməsiylə oyadıbdır dan ulduzunu,
    Ocaq çatıb gərnəşdirib qoyun-quzunu,
    Xəmrə tutub, acıyınca, inək sağıbdır,
    Sinəsinə sazaq sağıb, külək sağıbdır,
    Gözlərindən qova-qova alatoranı,
    Haraylayıb, hədələyib xam otaranı.
    Ocaq üstə üzü qarsıb, saçı ütülüb,
    Döşünə od,
        kürəyinə ayaz sürtülüb,
    Bu minvalla çörək bişib,
        çoban çörəyi.
    Halaldı bu çörək!
    Baldı bu çörək!
    Bir ürək ki, dağ çayı var həyəcanında,
    Bir ürək ki, sağı-solu çiçəklər ola,
    Düzənlərin yovşan ətri axa qanında,
    Örüşündə həmsöhbəti küləklər ola,
    Gileyini suya deyə, sular apara,
    Yaz yaylağa, qış qışlağa vüqar apara,
    Bir ürək ki, ömrü boyu ömür təkəri
    Dağa aran, arana dağ daşıyar elə,
    Ömrü boyu ayaq üstə yaşayar elə.
    Bir ürək ki, dərələrə, düzlərə açar,
    Ömrü boyu bulaq gözü, arx ağzı açar
    Öz canında yay soyudar, qış isindirər;
    Çox vaxt onu özü səslər, özü dindirər
    Bu çörəyi duya bilən ürəyin gərək
    O ürəyə layiq olan çörəyin gərək.
Bərdə, 1970
NEFTÇİLƏR



    Layları doğrayan, qatları yaran,
    Ən cəsur cərrahlar - neftçilərdir.
    Torpaq zülmətində günəş axtaran
    Yeraltı səyyahlar - neftçilərdir.

    Çox həmdəm olublar borana, qara;
    Yerin kölgəsinə sığınıb onlar.
    Alqış qanadında ön sıralara
    Ali məclislərə çağrılıb onlar.

    Üfüqdən üfüqə qızıl yol açan
    Əyilməz qüvvətə, qüdrətə alqış!
    Torpaqdan ən uzaq ulduzlaracan
    Ucalan hörmətə, şöhrətə alqış!
1972

MÜĞANDA KÜR NƏĞMƏSİ



    Səs eşitdim...
    Həm səs idi, həm qeyri-səs.
    Səssizliyin harayını
    Ürəkləri qulağında olmayanlar
        duya bilməz.
    Ovçu Pirim oğulların
    Hanı biri, burdan keçə!
    Kürdən keçə,
    Kür danışır: bu qarışıq - danışıqdan
    Bir dən seçə -
    Nəğmə dəni.
    Kim olubdu bu nəğmənin
        ilk səpəni, ilk biçəni?

    Ana Kürüm, sənin nəğmən
    Nə hikmətli bir nəğmədir!
    Ana Kürüm, bu düzlərdə
    Ucalan o dağlar nədir? -
    O nəğmədir! Kür nəğməsi.
    O qızaran bağlar nədir? - Nar bağları -
    Kür nəğməsi!
    Qatar-qatar, karvan-karvan
        çökəkləri selələyən maşınlar da -
    Dikdirləri ağırlığı ütüləyən
    Maşınlar da - Kür nəğməsi!
    Sən olmasan, bu ilğımlar
    Ətəyini qatlardımı?
    Bu düzlərin ağ gülüşü
    Qızıl günəş ziyasını
    Gülüşünə qatardımı?
    Ana Kürüm, nəfəsini dər azacıq,
    Başını qoy sahilinə,
    Mürgülə bir.
    Qulağıma uzaq üfüq arxasından
    Səslər gəlir.
    Muğanın boz sinəsində
    Gördüm ümman nəriltisi,
    Tar telləri, saz telləri.
    Gördüm ana həlimliyi.
    Gördüm ata müdrikliyi.
    Yumşalarmış - torpaq dilə gələndə.
    Güllənərmiş - torpaq dilə gələndə.
    Qız gülüşü pöhrəliklər
    İlğımları yara-yara
    Səpildi göy boşluqlara -
    Salxım-salxım - as üfüqdən.
    Saxla - dedi - insan əli:
    - Bunlar sənə Kürdən gəlib,
    Kür çayından
        yeni-yeni qollar ayır,
    Bu qollardan -
    Yaşıl-yaşıl yollar ayır.
    Bu nəğməylə dağ zəncirlə
    Bulud daşı - hara desən.
    İşıq daşı ürəklərə,
    Daşıyırsan.
    Ağıl daşı şüurlara,
    Daşıyırsan.
    Kür çayının sahilində
    Əbədiyyət sahilini yaxşı qoru.
    Kür çayını yaxşı qoru.
    Kür çayına min yol tor at!
    Kür çayıdır bu Muğanın əsil toru.
    İşıq toru, məhsul toru.
    Bərəkətdir, təbərrükdür bu boz sular;
    Kür çayının nəğməsinə nəğmələr qat.
    Qəlbində də, ağlında da bir Kür yarat.
    Ürəyindən keçməyirsə bu Kür çayı
    Hayıf onda, hayıf, hayıf...
1972

KOMSOMOLA KEÇDİYİM GÜN



    Komsomola keçdiyim gün
        xatırımdadır.
    Səhərlərin ən durusu o yaz səhəri...
    O günlərin acısı da
        indi bal dadır.
    Payız fəslim
        yollarıma yaz gülü sərir.

    Yadımdadır mənim kimi
        bir dəstə uşaq
    Rayondan geri döndü
        fit çala-çala.
    Yol qırağı
        kollar pilə,
        daş-qaya yumşaq...
    Hamarlandı öz-özünə
        hər dik, hər çala.
    Nazik qədək pencəyimin cibi düyməli,
    Düymə üstən
        bir sancaq da vurmuşdum hələ.
    Sol cibimin üstündəydi
        elə sağ əlim,
    Haqqı nəydi bu ünvana külək yönələ.
    Qırmızı rəng görünürdü
        bağlı cibimdən -
    Ağ çiçəklər, sarı güllər qırmızılaşdı.
    Bir burulğan quş topası
        qaya dibində
    Çəmənliyə pərdə atdı qırmızı, yaşıl.
    Buluda bax,
        qanadını sallayıb yerə;
    Saçlarıma sığal çəkib,
        ötür astaca.
    E-hey! - deyib daş atıram gölməçələrə,
    Qurbağalar gözlərini
        örtür astaca.
    Elə bil ki, bir sözümə, səsimə bənddi, -
    Qaya qopub dağ döşündən,
        haray qopartdı.
    Bir dərənin boğazında balaca kəndim
    Dərə-dərə şaxələndi,
        dam-dam boy atdı.
    Atam dedi:
        - Sabah gedib aşlı gön allam,
    Komsomolun çarığı da qoy incə olsun.
    Anam tutdu əllərini göyə ki,
         "Allah,
    Yetimlər də balam kimi sevincək olsun!”
    O günlərin acısı da indi bal dadır,
    Komsomola keçdiyim gün xatırımdadır...
1970

BU GÜN ÜÇÜN



    Günü günə satıram
    Sabah var, - deyə.
    Yuxuma bal qatıram
    Sabah var, - deyə.
    Özümü aldadıram
    Sabah var, - deyə.
    Sabahımı yatıram
    Sabah var, - deyə.
    Sən bu günü yazmağa
    Ey qələmim, ayıq dur!
    Ey ürəyim, ol ocaq!
    Bu günü olmayanın
    Nə dünəni olubdur,
    Nə sabahı olacaq...
1970

<< 12 / 3 / 4 / 5 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.10.2013) | Müəllif: R.C E W
Baxış: 789 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more