Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 2-4
<< 1 / 2 / 3 / 4 / 5 >> 
AĞACLARIN ANASI



    Çörək verir mənə anam,
    Böyüyürəm, boy atıram.
    Bəs çöldəki o ağaclar?
    Onların da anası var?
    Böyüyürlər ildən-ilə
    Nə yeyirlər onlar belə?
    - Ağaclar da yemək yeyir,
    Ağaclar da nəğmə deyir,
    Ağaclar da yatır, durur.
    Bir-birilə evcik qurur
    Ağaclar heç dalaşmırlar,
    Bir-birinə dolaşmırlar.
    Onlar sevir anasını,
    Sevir onun laylasını.
    Bilirsənmi, ağacların,
    Anasıdır torpaq, qızım!
    Torpaq deyir ağaclara:
    Axşam düşür, yataq, qızım!
    Yataq biz də, yataq, qızım!
1970

BİR İL

Əli Kərimiin xatirəsinə



    Eh, dünən incəldi qəlbimiz
        yuxa kimi,
    Biz dünən bir ili qatladıq
        soyxa kimi
    Göz yaşımızı büküb qatladıq.
    Dünən - bir insan üstündən
        il adladı,
    Dünən əfsanələrə etiqadlar da
    İnamından üzdü əlini,
    O, daha keçdi ömrün
    Həyat adlı sahilini.
    Keçdi ölüm sahilinə.
    Bir addım məsafədə
    O, bizdən min il,
        milyon il uzaq.
    Bir itən səs ki,
    Daha geri qayıtmayacaq.
    Nə fərqi dünən batıb,
    Ya Nizamidən min il qabaq...
    Bir il!
    Nə qəribə adətdi -
    Bir il!
    Ən ülvi hörmətdi -
    Bir il!
    Bir il onun gəlişinə
        güman olar.
    Ölənin ilindən sonrakı
    ölümü yaman olar.
    Daha haqqı çatmaz onun:
     "Qılıncımı paslatmayın” deməyə.
     "Atımı yəhərləyib satmayın”
        deməyə.
     "Evimdə toy-büsat qurmayın” deməyə.
     "Yerimdə yatıb durmayın” deməyə.
    Adətlər haqq verər:
    Gəlin qara yasdan
    Çıxmağa izn istəyə;
    Adətlər haqq verər:
    Qaynata, qaynana
    Gəlinə uğur deyə:
    Yeni yuvaya uçur - deyə.
    Adətlər haqq verməz:
    Bir qəbrin: qısqanclıq
        hissiylə yanmağına.
    Adətlər haqq verməz onun
        kiminsə yolunda
        dayanmağına.
    Bir ildən sonramı başlayar
        gedər-gəlməz?
    Gedər-gəlməz!
    Bəs varmı görəsən
        gələr-getməz,
        ölər-itməz,
        itər-ölməz qanunları?
     "Var!” deyirəm öz-özümə.
    Bəs biz nəyik!
    Bəlkə elə
        Xaqaninin, Nəsiminin
        zərrəsiyik.
    Yoxsa, axı, nəyə gərək
    Bu havayı gediş-gəliş?
    Hardasa göyərir yəqin
    Sönüb gedən bir yüksəliş.
    O da tez öldü yəqin
        tez doğulmaq üçün,
    Daha tez-
        daş torpaq,
        ot-ağac,
        su - bulud olmaq üçün.
    Harda həyat başlanır
    ölüm bağışlanır.
    Harda ölüm başlanır
    Həyat bağışlanır.
    Bu, məlum fəlsəfə...
    Bu, məlum səfsəfə, --
        deyərək duruxdum.
    Birdən elə bil mən də yoxdum.
    Bir arsız "pəh-pəh”dən
        diksindim.
    Bir dəli qəh-qəhdən
        diksindim...
1970

VƏTƏN MƏNƏ OĞUL DESƏ



    Buyruqlara sığışmayan inaddım,
    Çox qanadlar yorub salan qanaddım.
    Ulduzlara barmaq silkib, daş atdım;
    Nizamlara baş əyməzdi nizamım.

    Qayaları haçalardı qüdrətim,
    Buludları parçalardı qüdrətim
    Şimşəkləri qıçalardı qüdrətim,
    Yorulanda nur mizrablı ozanım.

    O selablar seləliyim yalanmış,
    Ötən günlər çalağanmış, çalanmış.
    Bircə kövrək xatirələr qalanmış,
    Onu da ki, ha çevirim, ha sanım...

    Vətən mənə oğul desə nə dərdim,
    Mamır olub qayasında bitərdim.
    Bu torpaqsız harda, nə vaxt, nə dərdim -
    Xəzanımdır, xəzanımdır, xəzanım.

    Dünənimi döşdən asan deyiləm,
    Dünənimə qəbir qazan deyiləm.
    Ürəyimsiz kəlmə yazan deyiləm,
    Nə qədər ki, öz əlimdi yazanım.
1970

EŞQİMİN FƏSİLLƏRİ
(Nəğmə)



    Harda qaldı o günlər?
    Eşiqimin ilk baharı?
    Günəşə mənzil alan
    Məhəbbət duyğuları...

    Göy sənindi, yer mənim,
    Arzumuzdan yelkənim...
    Dan yeri sən, nuru mən
    Sevgi adlı ölkənin...

    İşığı qəlbimizdən
    Aldı sevda yayı da.
    O sünbüllü düzlərə
    Bəlkə bir də qayıdaq.

    Bulaq başı kölgəli...
    Sular daşır - el gəlir.
    Bulaq eşqi qurumaz,
    Hər gözdə bir göl gəlir.

    O payız yarpaqları
    Nələr, nələr demədi.
    Vədə gələn yollara
    Xəzan gələr, demədi.
    Heyva sarı, nar qızıl;
    Üzü gülər nar qızın.
    Eyvanına gün düşməz
    Qəlbi sınıq, yarsızın.

    Sənin qışın yazlıdı.
    Məni o qışdan soruş.
    Xatirə yollarına
    Yağan yağışdan soruş.

    Harda qaldı o günlər?
    Eşqimin ilk baharı!..
    Günəşə mənzil alan
    Məhəbbət duyğuları.
Oktyabr, 1973|

GÜL - TÖHFƏLƏR



    Bu qədər
        güllərə uyma, gül balam,
    Mənsiz bu töhfələr yox ola bilər.
    Körpə düyğuların belə zövq ala,
    Beləcə incəlib, yuxala bilər.

    Mağara ağızlı vədlər kamına
    Tez baxıb, tez uyan incələr olur.
    Qəfil bürkülərin yaz kəlamına
    Tez uyan,
        quruyan incələr olur.

    Mələr çəmənlərdə quzu küləklər,
    Sazaqlar yol üstə yaz haraylayar.
    Qırıb pəncərəni quzğun küləklər,
    Qəlbini didməyə yas haraylayar.

    Güllərə hopulan bu alqışları
    Gülüm, göz yaşınla yuyarsan onda.
    Tikan qayğıları, buz baxışları,
    Ayaz gülüşləri duyarsan onda.
İyun-avqust, 1970

XOŞ QƏDƏMLƏR



    Bu gün hisslərimin kövrək çağında
    Bir söz - qığılcımdan yana bilərdim,
    Bu gün ürəyimin titrək çağında
    Biganə baxışdan dona bilərdim.

    Bu gün düşüncələr ipək torunda
    Çəkirdi sahildən dalğaya məni.
    Bu xoş qədəmləri kim belə, hardan
    Göndərdi, qaytarıb saxlaya məni.

    Saxlaya, qaytara dünyama bir də,
    Bezə yuxusundan məndən bəzenlər.
    Bu xoş qədəmlərə dönəydi belə
    Məni görə-görə məni gəzənlər.
Dekabr, 1971

BİR ÖMÜR XATİRƏ



    Bir xatirə dəftərinə bənzəyər ömrüm,
    Neçə tale görüşdürər, aralayar o.
    Bir xatirə dəftərini bəzəyər ömrüm,
    Bir xatirə dəftərini qaralayar o.

    Xatirələr qızıl donu, gümüş donünda
    Dünənini geyindirər, bəzər, yorulmaz.
    Xatirələr ömrü boyu dərviş donunda
    Qapı-qapı itiyini gəzər, yorulmaz.

    Xatirələr görüşlərin arasında çay,
    Adlayaraq körpüsündən o yan - bu yana.
    Xatirələr xətri ucuz insandan qaçar,
    Xatirələr insanlıqda dönər insana.

    Günəşliydi, gəncliyimin güney yastanı,
    Çiçəkliydi, çisəkliydi, quzeyləri qar...
    Xəyalımda xatirələr məzarıstanı,
    Xəyalımda xatirələr muzeyləri var.

    Adamlar var bir sözümü saxlar yadında,
    Bir vədədə bir taleyin gümanı yatır.
    Ürəyimin kəşf olunmaz sirli qatında
    Açılmamış xatirələr divanı yatır.

    Eh, oyatdım mən onları çox nahaq yerə,
    Udacaqdır onları da yer-ürəyi buz.
    Bir xatirəm köçəcəkmi xatirələrə?
    Min xatirə köçəcəkdir mənimlə, əfsus!...
1970

"Buludsuz gecələr göyə bir də bax”



    Buludsuz gecələr göyə bir də bax,
    Orda ulduzumuz yanardı qoşa.
    Əhdimiz, eşqimiz qanadlanaraq
    Hara qonsa idi, qonardı qoşa.

    İndi elə bil ki, onlar da küsüb,
    Yazıq ulduzlarda günah vardımı?..
    Biz yerdə itirdik bir-birimizi,
    Göydə ulduzumuz barışardımı?
Fevral, 1974

YAŞAYAQ ÖZ ÖMRÜMÜZÜ



    Elə bir məqamda durmuşam indi,
    Yıxılsam,
        görəsən kim məni saxlar...
    Bilirəm,
        yıxılsam dərdim sənindi,
    Açıqca bildirsən, qınayacaqlar.

    Bir kimsə danışmaz iki qayğıdan,
    İki könül yaşar gözlərdən uzaq.
    Elə bil tufanlar keçib qayıdan
    Bir gəmi sahildən çəkinir ancaq.

    Tənələr, qınaqlar sədd olar bizə,
    Bəs yıxıb adlasaq?
        - görsələr əgər?..
    Biz qapı açmışıq öz eşqimizə,
    Keçməyə qorxuruq:
        - Görən nə deyər...
Fevral, 1974

BİR AZ GECİKƏNLƏ BİR AZ TƏLƏSƏN...


Sənin taleyinçün çox qorxuram mən.
R.Həmzətov


    Hər şeyi demək də,
        danmaq da çətin...
    Arabir bu gizli dərd udur məni.
    Bu şıltaq, ərköyün bir məhəbbətin
    Vaxtsız yetimliyi qorxudur məni.

    Kim bir də bu eşqə son beşik deyə...
    İçə o gözlərin odunu bir də.
    Dünya dediyimiz bu gözəlliyə
    Qibləgah eləyə adını bir də.

    Dilli də, dilsiz də elə mən idim
    Qəlbinin səsini qəlbimə yazan.
    Qorxuram: sən mənsiz ürəyini də
    Duyub, oxumağı bacarmayasan.

    Qorxuram çox şeyin rəngi də dönə,
    Dağ - adi daş ola.
    Bulaq - adi su.
    Bir yeni dərd ola: qəlbindən məni
    Atmamaq qorxusu,
    Atmaq qorxusu.

    Qorxuram: mənhalıq bezdirər səni,
    Qəfil bir qaraltı durar yolunda.
    Yalanı, şirindil bir əyləncəni
    Qorxuram məhəbbət biləsən onda.

    Alovu göz yuman, külü qışqıran
    Ocağın, o çağın qorxudur məni.
    Hardasa qab yuyan, ev yığışdıran
    Yetim qocalığın qorxudur məni...

    At o mənsizliyi yuxularından,
    Yaşa nə adımla, nə şöhrətimlə.
    Ayrıl bu mənsizlik qorxularından
    Bu dördcə misralıq nəsihətimlə:

    Bir az gecikənlə bir az tələsən
    Üz-üzə gəlibsə - nə küs, nə ağla.
    Bir eşqin gələcək həsrətini sən
    İndidən, indidən ovxarlı saxla...
Yanvar, 1974

"İldırım qəzəblə şığıyır yerə”  



    İldırım qəzəblə şığıyır yerə,
    Təbiət qaldırır dağ qalxanını.
    Nə yer kinayəli baxır göylərə,
    Nə göylər azacıq yerdən utanır.

    Beləcə üzləşir inadla inad,
    Yenə bir-birini yerlə göy duyur,
    Yalançı mərhəmət, harayçı imdad
    Araya girəndə, qəzəb soyumur.
Dekabr, 1973

Bütün vəznlərə sığdım  



    Bütün vəznlərə sığdım:
    Sərbəst vəznlərə,
    Hecalı vəznlərə,
    İkili-haçalı vəznlərə.
    Qəlibi məlum:
    Qapılı-bacalı vəznlərə.
    Dostluq vəzninə sığdım;
    Yükün ağır tayına girdim:
    Barıt çəlləyini oddan,
    Duz tayını çaydan keçirdim.
    Bir sevgi vəznində çaşdım.
    Sevməyə qaçırkən,
    Sevilməkdən qaçdım...
1973

İLĞIM MƏHƏBBƏT  



    - Könlümə ələndi payız yarpağı...
    Məhəbbət, nə erkən saraldı belə.
    - Hər təzə çiçəyim, yaşıl budağım
    Darandı sənin ki, öz əllərinlə...
    - Əllərim, cansız daş mamır göyərdir,
    Açmamış güllərə sən necə qıydın?..
    - Ağrısı indimi səni göynədir?
    Özün ki, məst oldun, özün ki, qırdın...
    - Mən özüm?..
        ürəyim, dillənsənə bir...
    - İncik məhəbbət də ilğım kimidir,
    Görünər gözünə,
    Gülümsər, qaçar,
    Daha dalısınca ağlama naçar...
Mart, 1974

"Bir baş daşı görürəm”  


Yollarda yazılmış şerlərdən

    baş daşı görürəm;
        sətir-sətir qazılır;
    Mərhumun son ünvanına
        xatirə - şer yazılır.
    - Bu kim ola? -
        yanaşıram daşyonana.
    - Nə fərqi var...
        ya o, daşa dirilikdir,
    Ya daş ona...
1973

"Səni tanımadım”  



    Səni tanımadım...
    Adicə libasda,
    Adicə yerişdə
    Sənlikdən çıxmışdın...
    Bəs sabah?
    Bu adi yerişdən doysan,
    Gündüzü başına qoysan,
    Belinə bağlasan gecəni...
    Beləcə saxlasan gündüzü,
    Beləcə saxlasan gecəni...
    Ey həyat, sən bizi
    Mənəmlik tozundan saxla...
    Məst olan başları
    Arabir hövkələ, hövkələ, torpaqla...
1972

"O gözlərə əhsən, əhsən”  



    O gözlərə əhsən, əhsən...
    Sirr gördüm o gözlərdə,
        ilahi sirr.
    O gözlər ki, gecəyə də,
        gündüzə də dönə bilir,
    O gözlər ki, onda günəş səhər aça,
    Onda günəş sönə bilir;
    Kirpiyinin altındaca
    Titrəyəni görmür bəzən.
    O gözlərə "əhsən, əhsən..”
1973

VİKTOR XARA OXUYUR  



    Dalğaların üzündə
    Dalğası qana batmış
    Bir gitara oxuyur;
    Magellan boğazında
    Qəfil vulkanı yatmış
    Bir gitara oxuyur,
    Viktor Xara oxuyur.
    Dünyanın üfüqündə,
    İşıqların dilində,
    Uca-uca dağlara
    Yağan qarın dilində,
    Okeanlar adlayan
    Tayfunların dilində
    Bir gitara oxuyur,
    Viktor Xara oxuyur.

    Təbəssümü necə ağ.
    Səsi necə durudur,
    Son dəfə öz qanını
    Son nəğməsi qurudur.
    Sinəsinə söykənib -
    Sahibini uyudur.
    Bir gitara oxuyur,
    Viktor Xara oxuyur.

    Yatır qara əməllər.
    Qara yuxularına
    Batır qara əməllər.
    O qara beyinlərə
    Qoyub ayaqlarını
    Viktor Xara oxuyur.

    Götürüb yerdən onun
    Kəsik barmaqlarını,
    İndi bütün əllərdə
    Bir gitara oxuyur.
    İndi bütün dillərdə
    Viktor Xara oxuyur.
1974

BİRİ MƏNƏ ŞAİR DEDİ...  



    Biri mənə şair dedi,
    Dondum yerimdə.
    Hər çiynimdən
        asıldı bir
        qurğuşun tayı.
    Dünya məndən yer istədi bəbəklərimdə,
    Elə bil ki, canlı yoxdu məndən savayı.

    Ağılların uçurumuna ütü çəkməli,
    Ürəklərin zülmətinə enmək istədi.
    Qələm dostum, yaxşı rahla əsgər çəkməni,
    Qanlar tökən dişləri bəs kim tökəcəkdi.

    Bir ölkənin caynağından ölkə saldırıb,
    Neçə-neçə bölünənlə bölünməliyəm.
    Bir ölkənin sağlığına badə qaldırıb,
    Bir ölkənin göz yaşına bələnməliyəm.

    Tamahlar var, məqam tapıb orbitə çıxsa,
    Qitələrin gözlərinə qor atacaqdır.
    Yer şarını bir nar kimi ovcunda sıxsa,
    Tamahsıyıb, ulduzlara tor atacaqdır.

    Neçə ümid gəmisini sürər qanında,
    Bələdçiyə möhtac olan qərib duyğu var.
    Bir qarışqa yuvasını dağıdanın da
    Nə vaxtdansa Qacarınan qohumluğu var.

    Öz şöhrəti heykəlinə dəmir əridən
    Vətəndaşın vətəni də bir evdir ancaq.
    Vətən üçün can əridən, ömür əridən -
    Bir daşa da minnət qoyub, pay ummayacaq.

    Dodağından bir yarımçıq ümid doğmayan
    Beyni batıq, ağlı yatıq riyakara bax!
    Qızıl-qızıl qayçılarla tale doğrayan
    O əlləri miz üstündə kim doğrayacaq...

    Uşaq yüklü analara muştuluq məndən:
    Şair əli gülüş əkən bağban kimidir!
    Yer üzünün hər küncünə yönələ bilən -
    Buludlara nur daşıdan sarban kimidir!
1970

NİFRƏT AKTI  



    Sizi,
        lənətimin
        qurğuşun tozuna
        bulaya-bulaya,
    Sizi, nifrətimin
        şum-pərşum
        tozuna
        bulaya-bulaya,
    Sizi, cürətimin
        qara qayışına
        dolaya-dolaya,
        çayırlar doğrayan
        xışına
        dolaya-dolaya,
    Və belə də: tapdaya-tapdaya,
        quylaya-quylaya,
        ucaldıb
        bir təpə
        küllüyə
        döndərəcəyəm!
    Bir azca sizdən
        aralı -
        talanı,
        gülzara, güllüyə
        döndərəcəyəm.
    Orada
        bir bağban heykəli
        dikəlib
        deyəcək:
    O küllük təpəni
        aramla bellə!
    Bellə, bellə!
    Ədalı nidalar,
    Nidalı ədalar
        torpağın "əla çatlarında”,
        torpağın yumşaq qatlarında
        nömrələr tutacaq
        növbədən kənar.
    Növbələr tutacaq
        növbədən kənar.
    Mən də
        əlimdə
        bu nifrət aktım,
        niftər cildim;
    Deyəcəyəm ciddi-ciddi:
    İndi ki, oldun
    su ağzına
        yem edəsi
        xəyanəti, cinayəti
    yaşamaqçün bu adəti,
    çağır gəlsin ədaləti...
    Ehey, qulaq qapamayın!
    Sizi deyirəm -
        azadlıq ulduzuna
        hürən silahlar!
    Sizi deyirəm,
    yeddinci qitə -
    Ölüm qitəsi
    axtaran "səyyahlar!”
    Qəlbi zülmət, əli qan,
    İşığa güllə atan
    Xuntaçı buyruqlar,
    Xəyanət quyruqlar,
    Sizi deyirəm!
    Çiynində xurcunu,
    Xurcunu gözündə:
    bir oğlu, bir qızı,
    Bir qardaşı oğlu
    bir bacısı oğlu
    Baxışı oğru,
    Yerişi oğru,
    gülüşü oğru,
    mənsəb oğrusu,
    Səni də deyirəm!
    Əsrimdə ən adi,
    Ən böyük təlimat -
    Əsrin təlimatı!
    Əlimi atıb,
    ondan bir cümlə,
    bir silah - cümlə
        qapacağam.
    Hamınızı bir-bir
        doğrayıb çapacağam.
    Ya baxtım,
    Deyəcəyəm
    Ya baxtım,
    Yaşasın bu yeni
    ölüm aktı!..
1972

BİZ DEYİRİK...  



    Biz deyirik: evləri yox,
    Döyüşləri məhv eləyək!
    Biz deyirik: bəşəri yox,
    Silahları dəfn eləyək!
    Ölkəmizin hər nidası
    Bu arzuya bir addımdır;
    Hər çağrışı, hər imzası
    Bu arzuya bir addımdır.
    Sülh deyirik! İnsanlığa
    Çörəkdir bu, havadır bu.
    Kapitalla silahsız bir
    Vuruşmadır, davadır bu.
    Biz deyirik əsrimizin
    Öz yolu var, öz sürəti.
    Sülh sözünü yalvarış yox,
    Güzəşt də yox, hücum yazsın
    Qoy bu günün söz lüğəti.
    Bu hücumun mənasında
    Zəncirləri qıran qol var!
    Silahları, sınaqları
    Batırmağa gedən yol var!
    Yox, demirik silah atıb,
    Məsləkdə də barışaq biz.
    Deyirik ki, qələmlərlə,
    Kitablarla vuruşaq biz.
    Qoy göylərə uçuşlarla,
    Nəğmələrlə, çıxışlarla
        yarışaq biz.
    Hər milləti çağırırıq
    Bu nidaya qulaq assın:
    Qoy sabahı quran nəslin
    Heç burnu da qanamasın!
1972

VƏTƏNSİZ MƏHƏBBƏT  



    Gözdən gözə axan odla yaxınlaşdıq,
    O da sevdi,
        mən də sevdim,
        nə gizlədim...
    Qanunların hasarını vurub aşdıq,
    Sərhədlərin qıfılını qırıb açdıq,
    Durduq bir yol ayrıcında.
    Bir ürəyin ilk yazına gedən yolun.
    Bir ürəyin ilk yasına gedən yolun.
    Məhəbbətdə yalvarış da, demə, varmış;
    Sevən qəlbi yalvarış da ucaldarmış.
     "Həyatımı - sən gül desən - gül elərəm,
    Sən, kül desən - kül elərəm,
    Ömrüm boyu qədəminə səpələrəm;
    İstəmirəm dünya mənə qızıl olsun,
    İstəyirəm bir qaragöz qızım olsun.
    Gedim ona ad gətirim, sizin eldən,
    Gözlərinə od gətirim, sizin eldən.
    Sizin eldən ona ədəb gətirim,
    Sizin elin dəbincə dəb gətirim.
    Gedim sizin bulaqlardan içim, gəlim,
    Özümə bir Leyli donu biçim, gəlim.
        fəqət getmə, getmə” - dedi -
     "Sənin kimi bir qaragöz ərim olsun.
    Məclislərdə mənim qoşa yerim olsun.
    Gündoğanla günbatanın arasında -
    Avropanın harasında, harasında -
    Yol deyirsən - bağlatdırım.
    Çay deyirsən - qurutdurum,
    Dağ deyirsən - uçurtdurum.
    Sənə qədim Şərq qalası ucaltdırım.
    Fəqət getmə-getmə” - dedi.
    Mən duruxdum.
    Aramızdan bir xətt keçdi.
    Məhəbbətin görmədiyi sərhəd keçdi.
    Dedim yaxşı - bir azacıq möhnət mənə...
    Bu möhnəti dəf etməyə möhlət mənə...
    ... Dedim: yaxşı - tutaq indi mən qalası,
    Sən də tikdin mökəm sevgi qalası;
    Mən məhəbbət fatehiyəm bu qalada...
    Qəlbim deyir: "Ay yad eldə qalan adam,
    Boğuluram, hava gərək bircə udum -
    Küləyinin tamı gələ ana yurdun”.
    Qəlbim deyir: "Bir içim su... bircə gilə
    Araz suyu atəşimə töhfə gələ”.
    Qəlbim deyir:
     "Hörümçəyin yerişindən
        titrəyir bu qala tağı.
    Özülündə vətən daşı yoxdur axı...
    Bürü Vətən buluduna qalamı sən.
    Ürəyini nahaq oda qalama sən”.
    O, tutuldu, o qaraldı, doluxsundu;
    Elə bil ki, su sənəyi dolu sındı;
    Su alışdı, su danışdı saxsılara,
    Saxsılar da haray saldı ağ sulara:
     "Bir qəribə könül açdım,
    Ağlıma nə ağıl gəldi?!
    Onun vətən məhəbbəti
    Məhəbbətdən ağır gəldi...”
Paris-Bakı, 1970

NAĞIL  



    Deyirəm əlim çata:
    Bir kəmənd atam
    Kometdən, şimşəkdən
    İşıq yallı
        bir köhlən oğurlayam,
    Çapıb, çapıb, günəşi
        göydən oğurlayam.
    Təşvişə düşə
    Neçə kənd-şəhər,
        neçə ölkə oğruları;
    Neçə müstəmləkə oğruları;
    Görələr: göz işığında,
    Ürək işığında,
    Arzu-ümid işığında,
    Yaşamaq necəliyini.
    Görələr: saraylar,
    Kürsülər, seçkilər gecəliyini.
    Günəş qoltuğumda -
    Oğru bir uşaq kimi,
        qaçıb, qaçıb
    Neçə sistem sonsuzluğunu ötəm,
    Kainatın elə bir küncündə
    Günəşin üstünü örtəm
    Ki, bütün planetləri ələsələr,
    Bütün ulduzları
        əldə çıraq eləsələr,
    Tapmayalar günəşi,
    Tapmayalar məni.
    Mən özüm gəlib müştuluqlayam
    Məni gəzəni.
    Düşələr əl-ayağıma,
    Hindular Kolumba yalvaran kimi.
    Bir hirssiz, qəzəbsiz barmağa
    Açılmaq istəyən
        bomba yalvaran kimi.
    Mənə sarı dillər uzana,
    Artığını kəsəm.
    Mənə sarı əllər uzana,
    Sırtığını kəsəm.
    Ömrü boyu yalvardanlar
        yalvara-yalvara,
    Yalmana-yalmana
     "Bağışla” - deyələr,
     "Döy-söy bizi”,
     "Əz, xışla” - deyələr,
    Amma "bağışla” - deyələr.
    Ulduzların iştirakıyla
    Belə bir qol kağızı alam:
     "... Verilir ki,
    Bir də
    Yer üzündə
    İşıqsız qoymayacaq
    Adamı adam...”
    Bəli, bundan sonra
     "Dustaq günəşi”
        Fəzaya ötürəm.
    Sevin, zənci qardaş,
    Dikəl, ütülən!
    Demə bu nağıldır,
    Bir gərniş, bir isin!
    Vallah, tapıla bilər
    Mənimtək birisi...
1972

BİR GECƏ...  



    Bir gecə ölümlə baş-başa yatdım,
    Bir gecə qoymadım işıqlar sönə.
    Kimsə ulduzları qoparıb atdı
    Bu gecə şəhərin küçələrinə.

    Ölüm yarasaymış, əsil yarasa;
    İşıqdan çiyrənib - zülmətdə itir.
    Ən ağır şivənə, ən ağır yasa
    Əldə işıq gedin, gözdə nur gedin.

    Bir gecə ölümlə baş-başa yatdım,
    O görə bilmədi məni yanında.
    Bir gecə ölümü yaman aldatdım,
    Ölüm kor olurmuş işıq yananda.
Yanvar, 1972

ŞÖHRƏTƏ ATILAN GÜLLƏ  


İlya Çavçavadzeni öldürən güllə
indi onun ev-muzeyində saxlanılır.


    Bir dərə bağırıb güllə səsindən,
    Açılıb döşlərdə yarğan-yaralar.
    Bir qaya hellənib dağ zirvəsindən,
    Bəlkə şairi yox, onu vuralar.

    Çıxıb mehvərindən fayton çarxları,
    Atlar göy qaşıyıb dırnaqlarıyla.
    Səksənməsin deyə gürcü dağları
    O, boğub səsini dodaqlarıyla.

    Qırmızı püskürüb vulkan sinəsi,
    Ağaclar qırmızı yarpaq gətirib.
    O gün düşmənini al qan sinəsi
    Özüylə evinə qonaq gətirib.

    Döşündə yatmayıb qurğuşun qonaq,
    Keşikçi dayanıb ev sahibinə.
    Baxıram, boz kini indi də oyaq...
    Qorxur oyadarlar, oyanar yenə...

    Uyuyur bir evdə ilham, xəyalət,
    Şair ayrı deyil öz millətindən;
    Şöhrətin yanında dustaq - xəyanət
    Necə də ərimir xəcalətindən.

    O, mənə çox tanış göründü, dayan!
    Neçə yüz illərin gülləsidir o.
    Bəlkə Nəsimini dabandan soyan
    Cəllad bıçağının qəlpəsidir o.

    Bəlkə də yayınıb yönəlib bura
    Dantes gülləsinin təpdiklərindən.
    Qafqazda sağ qalan Lermontovlara
    Tuşlanan tüfəngin tətiklərindən.

    Sabirə tuşlanan hiylələr hərdən
    Nizəyə dönməyi bacarmayanda,
    Tiflisin xəyanət muzeylərindən
    Sifarişlər gəlib yəqin o anda.

    Baxıram, bir xurma dənəsi boyda
    Bir güllə nə dondan nə dona girir.
    Bəzən bir elatın qurduğu toyda
    Min illik adətin qoynuna girir;

    Sürünür şöhrətin quyğurunda o,
    Keçib divar olur, yeri gələndə,
    Bir az aralı dur, aralı, qatso,
    Qurğuşun göyərir şair görəndə...
1972

HUMANİZM  



    Nə qədər şöhrətim saysa yerində,
    İpək qayğılara bürünən ollam.
    Sənin köpüklənən təriflərində
    Yelkən açanların biri mən ollam.

    Çatar "səxavətin” günah örtməyə,
    İstər yüz hünərim başa varmasın.
    Bircə cəsarətim səni ötməyə
    Yüyən gəmirməsin, baş aparmasın...
1970

YUXU  



    Qəribə bir yuxu gördüm bu gecə mən,
    Qopub qaçmaq istəsəm də
        bu gecədən,
    Bacarmadım.
    Gördüm məni dəfn eləyir
        beş-on adam.
    Mən özüm də
    məzarımın kənarında dayanmışam.
    Deyirlər ki, mənə buyur:
     "Düş, ölç görək qəbrini bir!”
    Sevinirəm:
        nə işıqlı, nə genişdir!
    Heç olmayıb bu dəsgahda evim mənim.
    Kimdir, belə sevib məni?!
    Bir xısıltı eşidirəm:
    - Mən qazmışam, mən qazmışam
    Seçəmmirəm, kimsən axı,
    - Mən - xəyanət dostunam ki,
        tanımadın?
    - Tanımadın!..
    Birdən məni boğur hirsim;
    Qışqırıram: - "Özü qazıb, özü girsin!”
    Harayıma küləkləri çağırıram,
    Mərd əllərdən kürəkləri
        çağırıram.
    "Gəlin, gəlin: dəfn eləyək bu iblisi”.
    O, qeyb olur, yoxa çıxır səsi-izi.
    Yüyürürəm dalısınca:
     "Hey, qoymayın onu qaça!”
    Ayılıram, sevinirəm: ölməmişəm...
    Ölməmişəm... ey dostlarım, siz arxayın...
    Yox, dostlarım,
    Xəyanəti yuxuda da yaxalayın.
Fevral, 1971

BİR AĞAC YIXILDI  



    Bir ağac yıxıldı yol qırağında,
    Bir hənir yox oldu yol qırağından,
    Bir igid qaməti gərildi yerə,
    Bir gəlin saçları sərildi yerə.
    Bir bulaq ağladı hey xısın-xısın,
    Tutuldu gözləri o yetim qızın.
    Qırıcı qırğılar marıq itirdi,
    Balalı sərçələr qoruq itirdi.
    Baxışlar zilləndi o aşan yerə,
    Bir zaman nəşələr toplaşan yerə
    Baxdılar: təəccüb...
    Baxdılar: təəssüf...
    Bir vaxt kölgəsində tumarlanardı,
    Bir vaxt kölgəsində xumarlanardı,
    Onlar, o birilər... sənlər və mənlər...
    Onun kölgəsində dinclik əmənlər
    Dibi oyulanda görməzdi onu,
    Dibi yuyulanda görməzdi onu.
    Kökü əziləndə titrəməsindən,
    Zoğu kəsiləndə büdrəməsindən
    Zövq alardılar.
    Onda bunlar nəydi? --
        əyləncəydi.
    Onu neçə səmtə qanırardılar,
    Qollu-biləklilər tanınardılar!
    Onda bunlar nəydi? --
        əyləncəydi.
    Talelər uçuran bu "əyləncələr”,
    Bu "qəlbi incələr, ruhu incələr”
    Elə baxarlar ki, donar gözləri,
    Donar baxışları, donar özləri;
    Qoldan yapışana təəccüblənər,
    Qıçdan yapışana təəssüflənər...
    Elə heyrətlənər, heyrətlənərlər,
    Elə heyrətlərdə qeyrətlənərlər.
1973

ŞAHDAĞI  



    Qar əridi, sinən coşdu sinəmtək,
    Nə gözəldir ilk baharın, Şahdağı.
    Elsiz olsan selin olar göz yaşı,
    Budur gəldi obaların, Şahdağı.

    Gördüm Bazaryurdu, Yataqdərəni,
    Keçdim quş keçməyən dağı, dərəni;
    Döysə də yay günü boran, qar məni
    Od oldu qəlbimdə qarın, Şahdağı.

    Könlüm dilə gəldi elin səsindən,
    Səs aldım gurşadın, selin səsindən,
    Yüz qız nəğməsindən, gəlin səsindən
    Duydum nəfəsini yarın, Şahdağı.

    Ömrün-günün dərdsiz-qəmsiz deyildi,
    Çox ananın dərdi sənə deyildi.
    Çox şah gəlib ətəyində əyildi,
    Əyilmədi şah vüqarın, Şahdağı.
1956

PALIDIN ŞİKAYƏTİ  



    Qəribə bir meşədəyəm,
    Qəribə bir peşədəyəm...
    Burda bütün ağacların dilləri var,
    Ayaqları, əlləri var.
    Bəzisinin ayağı baş,
    Bəzisinin başı ayaq.
    Eləsi var: görən kordur
    Eləsi var: yatmış oyaq.
    Qarnı ilə düşünən də,
    Qarnı ilə baxan da var;
    Gözlərini "dost-müsahib"
    böyüklərin gözlüyünə taxan da var.
    Qəribə bir meşədəyəm,
    Qəribə bir peşədəyəm -
    Gözətçiyəm. Gözləyirəm
    Görən gözlər bura cığır, yol açmasın.
    Ayıq başlar
    Qulağını şeşələyib,
    Meşəmizin dövrəsinə dolaşmasın.
    Görürsən ki, bəzən mənim
    Kötüyümün yan cibinə
    Bir göbələk tulladılar -
    Mənası var:
    "Ağzını yum",
    Mənası var:
    "Səsini kəs.
    Bu dünyada
    Görən bilməz,
    Bilən görməz..."
    Görürsən bəzən belə
    Bir mövzuda "iclas" gedir
    "Meşəmizdə nə çatışmır..."
    Qulluqçular,
    buyruqçular dəstələnir.
    Yırtıcılar qürrələnir,
    "Dəymə mənə..." kolluğunun
    Qonaqları
    Dinməməkçün xəstələnir.
    Söz alır qurd:
    "Dikəldərək boynunu,
    Deyir: Qoyaq talalarda
    Təzə yeriş qanunu.
    Otluqlardan şikayət var:
    Əliklər bərk qaça-qaça
    Çiçəkləri əzir ancaq..."
    Təklif hədəfə dəyir.
    Çaqqal söz istəyir:
    - Yoldaşlar, bülbül səsi
    Çaşdırır meşəmizi.
    Yoldaşlar, səhər-səhər
    İşə gedən
    Bizim işcil tülkülər
    Xoruz banı istəyir,
    Xoruz banı...
    Onun səsi quyruq üstdə
    Durğuzdurur ilanı. -
    Deyir: "bizim meşəmizdə
    Cür-cücünü qırmağa
    Bilirsizmi nə çatışmır? -
    Qurbağa, göy Qurbağa!.."
    Sonra da təklifinə
    Özü əl çalır.
    Sədr - Ayı hirslənir,
    Qalxıb özü özündəncə söz alır:
    - Deyək ki, deməliyəm...
    İşimizdə konkret
    Təkliflər azdır.
    Məgər yaxşı olmazdı
    Deyək ki, filan dərə
    Çoxdandı müdürsüzdür?..
    Səslər:
    - Düzdü, çox düzdü!
    - Düzdüsə, niyə düzdü?!
    Bəs niyə müdürsüzdür?
    Təklifiniz bəs nədir?
    - Zoğal yaxşı namizəddir!
    - Yaxşıdırsa çox yaxşıdır!
    Nə karədir, o hardandır?
    - Göy taladan...
    - Göy taladan...
    Bəlkə bir az gözləyə o,
    Çox cavandır...
    Səslər: "düzdür,
    Dahiyanə məsləhətdir."
    Bu minvalla neçə belə
    Təklif olur, söhbət gedir.
    Qaş-göz ilə qeybət gedir.
    Eh, nə bilim, nə bölgülər, nə seçmələr,
    Aramlar görürəm mən.
    İpək donlu maralları
    Yorub yıxan
    Yalan dolu arabalar
    Görürəm mən.
    Çox qəribə meşədəyəm,
    Çox qəribə peşədəyəm,
    Çox qəribə nəşədəyəm...
1966

BAYRAM ÇİÇƏKLƏRİ

(Qızımın nəğmələri, Qızım Şəlaləyə)

    Salam, salam ay çiçəklər!
    Göy çəmənlər, ağ çiçəklər!
    Bayrağımı yellədirəm,
    Buludlara əl edirəm.
    Ağacları səsləyirəm,
    Yamacları səsləyirəm.
    Ey maşınlar, dayanın bir,
    Bu gün axı nümayişdir!
    Küçələrdən axın-axın
    Gedənlərə baxın-baxın...
    Necə bəzənib küçələr,
    Küçələrdə gör nə qədər
    Adam vardır, Gülür hamı.
    Salam, salam, May bayramı!
    Mən də səni təbrik üçün
    Nümayişə çıxdım bu gün.
    Bir əlimdə çiçəyə bax,
    Bir əlimdə kiçik bayraq.
    Salam, salam, ay ulduzlar,
    Uzaq-uzaq, ağ ulduzlar.
    Bu gün bizə gəlin qonaq!
    Bu gün fişəng atılacaq!
    Bu gün axı yer üzünü
    Gəzə-gəzə bir May gəlib,
    Ölkəmizə bir May gəlib!
1970

 
<< 12 / 3 / 4 / 5 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.10.2013) | Müəllif: R.C E W
Baxış: 809 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more