Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 2-3
<< 1 / 2 / 3 / 4 / 5 >> 
İNSAN QAYALAR


("Vətən qayaları, Vətən daşları” silsiləsindən)

    Bir qayaya söykənmişəm,
        deyirəm kaş:
    Bax beləcə daşa dönəm
        yavaş-yavaş.
    Taleyimi qayaların taleyinə
        bağlayam mən.
    Bircə insan düşüncəmi saxlayam mən.
    Daş ayaqlı, daş əlli bir insan kimi
    Enib daşdan-daşa düşəm.
    Qayaların lal dilini başa düşəm.
    Onların daş qulağına bir daş atam,
    Qayaların keçmişini
        qayalara xatırladam,
    Deyəm: bir vaxt insan oğlu
        insan olub bu qayalar.
    İnsanların nərəsindən
        doğulub bu qayalar.
    Nər igidlər düşmən üstə gedən zaman
    Babalar da baş qaldırıb yer altından,
    Qaya kimi, -
        dayaq olub, yumruq olub,
        ox olublar.
    Qayadöşlü qəhrəmanlar
        qayalıqda yox olublar,
    Bu torpağın taleyində o da elə
        bir gün idi.
    İgidlərin yaşaması daş olmaqla mümkün idi.
    Yoxsa onun qismətinə hardan düşə
        bu qədər daş!
    Danış görüm, a daş qardaş!
    Siz nənəmin bacılığı,
    Siz babamın qardaşlığı,
    Təbiətin səpdiyi bir
         zəmi sanım
    Bəlkə elə bu daşlığı!
    Siz ey qədim əfsanələr
    Şerimə yağ, səsimə yağ!
    Nə zamansa bu daşlarla
        bir dil tapan tapılacaq -
    Bu daşların, qayaların
        keçmişini oyadacaq,
    Ordu-ordu qayalıqlar
        insanlığa qayıdacaq.
    Bu basılmaz nərlər-ərlər,
    Bu qaya sərkərdələr
    Onda məni - bir balaca daş əsgəri
        qoyar yəqin qoşulmağa bu cərgəyə,
    Qayaların keçmişini
        qayalara yazdım, deyə.
    Onda Vətən sanar məni
    Bir balaca Vətən daşı,
    Vətən daşı olmayandan
        olmaz ölkə vətəndaşı...
Şuşa, 1970

YAZI MASAM



    Səninçün darıxdım, ay yazı masam!
    Səninçün darıxdım bu dağlar üstə.
    Nə qədər qayadan, daşdan da yazsam,
    Dincəlmək istədim yarı saralmış,
    Yarı nəfəsimdən yanıb qaralmış,
    Yarı ağ, səpəli varaqlar üstə.
    Balaca, dördbucaq, ağac dünyama
    İstədim fikrimi heşan eləyəm,
    Bu ağac dünyama,
        bu tac dünyama
    Sinəmi söykəyib tufan eləyəm.
    Min xallı-boyalı mənzərə gördüm.
    Kükrəyib çağlamaq istədim.
    Susuz və kimsəsiz bir dərə gördüm,
    Hönkürüb ağlamaq istədim.
    Bir masa axtardım dirsəklənməyə,
    Bir qələm axtardım ürəklənməyə.
    Masa göstərdilər daşdan yonulu,
    Ən nadir, ən ağır ağacdan yonulu,
    
    İstəsəm çiynimə çay bağlardılar
    İlham almağa
    İstəsəm sinəmə ay bağlardılar,
    İlham almağa
    Qorxdum: bu aləmə qəlbim susana,
    O nəm bucaqdakı dostum qısqana.
    Dağlar da ərkimdən inciməz yəqin,
    Qayalar masamdan min yol gözəldir.
    Yastı qayalara masam deyənin
    İlhamı bəlkə də hellənc düzəldir.
    Mənim yazı masam - arı pətəyim,
    Özüm də, fikrim də min el dolaşır.
    Mənim söz çiçəyim, duyğu çiçəyim,
    Onda mayalaşır, onda ballaşır.
Şuşa, avqust, 1970

ÇOBAN NƏĞMƏSİ



    Nəfəsində dağ havası,
        dağ nuru,
    Vüqarında qayaların qüruru.
    Çəmənlərdir, çiçəklərdir həmdəmin,
    Buludlardır, şimşəklərdir həmdəmin.

    Məhəbbətin yaylaq kimi -
        dağ qəlbi, təmiz.
    Gözü duru bulaq kimi
        dağ qəlbin təmiz.
    Bərəkətin bulud-bulud -
    Axarını dağlara tut,
        dağ düzlərə tut.
    Çoban ömrü ömürlərin uzunu;
    Nəğməsi var: "Çoban, qaytar quzunu...”
    Dağ neyləyər bu nəğməsiz çağları,
    Çoban, qaytar bu dağlara dağları...
1970

DƏRƏ



    Bu dərə nə dərin, nə dar dərədir;
    Bu dərə qəribə məzar dərədir.
    Udur nərələri, qıyları udur,
    Gurşad - boğazında bir içim sudur,
    Tutub div ədalı ildırımları.
    Çiliklər, didiklər sıldırımları.
    Baxıram: çay hərdən bükür boynunu,
    Dərə boğmağamı sürüyür onu?
    Bu dərə nə dərin, nə dar dərədir,
    Bura muzey dərə, məzar dərədir.
    Qayadan qayaya atılan kəllər
    Buraya dirənib, buynuz tökərlər.
    Bir uçrum dibində ceyran izləri
    Son güman yerinə qısılı qalıb.
    Bir qaya döşündə nə vaxtdan bəri
    Bir qartal qanadı asılı qalıb.
    Ürəyi dolanda təbiət hərdən,
    Çəkilib gecələr ağlar burada,
    Qasırğa əlindən, tufan əlindən
    Qaçırıb dumanı, saxlar burada.
    Onda eraların hiddəti yatır.
    Doğulub öldüyü müddəti yatır.
    Burdan çıxmalıyam uca dağa mən,
    Qorxuram qorxumdan qışqırmağa mən;
    Birdən nəfəsimi sümürər dərə,
    Zirvəyə bir quru cəsəd göndərər.
    Bu dərə nə dərin, nə dar dərədir,
    Bura muzey dərə, məzar dərədir...
Avqust, 1970

QANADLI QAYALAR



    Bir daşmı sıyrılıb qopdu qayadan,
    Başı hamarlandı bir şiş qayanın.
    Burda qayaları qartal sayanın
    Uşaq heyrətinə baş əyir adam.

    Burda hər zirvəni zirvə qoruyur,
    Qartal gözləriylə baxır qayalar.
    Bir gündə neçə yol bir qartal boyu
    Alçalır qayalar, qalxır qayalar...
Şuşa, 1970

BULAQ DAŞINDA YAZI



    Nəğməsiz dodaqlar bu suyu lillər!
    Zirvələr qarından süzür dağ südü;
    Əyil duruluğa duru könüllə!
    Bir bulaq olubdur bu torpaq südü!
İyun, 1972

SALAM, A ZİRVƏLƏR



    Salam, a gədiklər, salam, a dağlar!
    Yenə boynunuzu qucmaq istərəm.
    Alıb küləyini qoluma, dağlar,
    Zirvədən zirvəyə uçmaq istərəm.

    Çoxdandır sürmürəm ayaq gəmimi,
    Dərəyə susuzam, zirvəyə acam.
    Batırıb buluda daş qələmimi
    Yağışlı bir nəğmə yazım yamaca!..

    Sonra da oxuyum, səsimi yazsın
    Qaya sinəsinə mətin qayalar.
    Torpaq nəğməsinə qoy qulaq assın
    Torpaqda ən möhkəm bitən qayalar.

    Zirvəyə qalxdıqca adamı sanki
    Günəş yuyundurur nur damarında.
    Azacıq uyudur, ətirli, sakit,
    Sərin dağ mehinin qanadlarında.

    Görünər zirvələr bərabərində
    Ağıllar mayakı ağıl zirvələr.
    Görünər zirvələr bərabərində
    Buluddöş dastanlar, nağıl zirvələr.

    Salam, a zirvələr, salam, a dağlar!
    Yenə bir qayada göyərdin məni.
    Salam, a zirvələr, salam, a dağlar
    Yenə bir nəğməlik köyrəldin məni...
İyun, 1970

CIRCIRAMA



    Öz sonuncu nəşəsiylə verib baş-başa,
    Yapışar da bir ağaca, bir daşa,
    Gecənin lal uyğusunu poza-poza,
    Tez mürgüyə gedənlərin
        yuxusunu poza-poza
    Oxuyar, oxuyar, oxuyar cırcırama,
    Sonra da əbədi
        yuxulayar cırcırama...
    Ömrün son çağında nəğmə oxumaq,
    Ölüm ayağında nəğmə oxumaq...
    Qəribə ömürdür, qəribə ölüm;
    Qəribə həyatım, qəribə ömrüm
    Bir anın dərdlərə tay olmayıbsa,
    Bir ovuc sevincin pay olmayıbsa,
    Qonumu-qonşumu harayın niyə -
    Çəkib oyatsın ki, "ölürəm”, deyə?!
    Beləsə, yaxşıdır cırcıramatək
    Nə yaşadım demək, nə öldüm demək;
    Sonu əvvəlindən xəbərsiz olan:
    Əvvəli sonutək əsərsiz olan
    Birisi söyləyər: bixəbər yazıq,
    Birisi söyləyər: bəxtəvər yazıq...
İyul, 1970

MÜHACİRİN DƏFTƏRİNƏ YAZILMIŞ XATİRƏ



    Qohum da soyuyur, dost da soyuyur,
    Gedən unudulur, gedən unutmur.
    Qərib ürəyində bir səs uyuyur:
    Vətən unudulmur, Vətən unutmur...
Yanvar, 1970

ÇOBAN SƏHƏRİ

Qışlaqda yazılmış şer

    Çoban qardaş, bu gün erkən oyat məni,
    Dan yerinə bir at çapmaq istəyirəm.
    Boz at gətir,
        boz dumanda boz at məni
    İtirdikcə itik tapmaq istəyirəm.

    Səhər-səhər qırovlu mərz - soyuq dodaq,
    Öpüm onu - isindirim, isinim bir.
    Uzaq üfüq qaşındakı sönən ocaq
    Nə zamansa qərib düşən hisslərimdir.

    Neçə ildir yollarıma çıxmır turac,
    Nəğməsinə, çəhliminə yadam indi.
    Dan yerinin işığını qulac-qulac
    İstəyirəm bu yollara atam indi.

    Canavar da görməmişəm çoxdan bəri
    Qurd ürəyi varmı indi - yeyən ola.
    Bu düzlərdən ov təzdirən ləpirləri
    Bir canavar yuvasına düyən ola.

    Şehli düzdək biçdirəcək qırçın-qırçın,
    Çoban bilər nə tamdadır payız südü.
    Elə bil ki, çiynindəki yapıncının
    Ətəyidir dalısınca gələn sürü.

    Cilov çəkim, ilgəhləsin qoşa sətrim,
    Gün dəyəndə şum buğlanar, xumarlanar.
    Təbimizdə sən olmasan - torpaq ətri,
    Şerimiz də bir baxışdan buxarlanar.

    Hər səhərin öz addımı, öz gəlişi
    Neçə ildir pəncərəmdə eyni səhər,
    Nolar bəşər - deyirəm ki, sözgəlişi, -
    Nəğmələri, ilhamları eynilətsələr.

    Xoşum gəldi o xallı, göydəmir atdan,
    Dəli olsun, yalmanına yata bilim.
    Bir səhəri başlayım mən üfüq altdan,
    Bir axşamı gün batanda bata bilim.
Dekabr, 1970

FƏHLƏ SÜFRƏSİ



    Bir qayanın dibindəcə süfrə açdıq,
    Kürsümüz də, mizimiz də daşdan idi.
     "Nə sağlığa, nə də yağlı sözə acdıq,
    Kim dahidi, kim uludu”- deyilmədi.
    Arpa çayı hazır idi içilməyə-
    İki zirvə qədəh kimi üz-üzəydi.
    Deyilmədi: üzülməyən, keçilməyən
    Dağları kim keçəndi, kim üzəndi...
    Dağ kəvəri gözümüzdən yaş axıtdı,
    Xallı kəklik yaldan baxıb
        qah-qah çəkdi.
    Dağ keçisi dərəyə daş dığırlatdı,
    Mırıq yarğan
        tozanaqda bir ah çəkdi.
    Fəhlə üçün bunlar adi xəbərlərdi,
    Gəvəzə söz-söhbətiydi yal-yamacın.
    Mənim üçün cığırlar ağ nəğmələrdi,
    Onun üçün tozlu çəhlim- özü açıb.
    Qayaları qaval kimi çaldı külək.
    Haradasa ildırım da nərildədi.
    Boz qayanın yarığından boz kürkünü
    Tez gətirib,
    Kürəyimə atıb dedi:
    Burda dolu daş qanadır,
    Burda yağış misi dəlir.
    O üfüqün qaşındakı qaşqabaqlı
    Qara bulud ağlamalı, gülməlidir...
    Buludlar ağ mərmisini səpdi yerə,
    Fəhlə nəhəng bir qayanı kürk elədi,
    O, nə adi heyrətini sərdi yerə
    Nə də böyük qorxmazlığı görk elədi.
    Təbiətin nağılına qulaq asdı:
    Nənəsinin nağılı kimi,
        Xumarlandı.
    İldırımı sanki dağlar lentə yazdı.
    Bir dil tapdı göyün eşqi,
        yerin andı.
    Dadlı idi yağış altda naharımız,
    Dumanı da, çiskini də əziz paydı,
    Bu naharda-min ətirli baharımız,
    Küləyi də, pencəri də əmlik əti.
    Bir fəhləyə qonaq oldum Arpaçayda,
    Bu süfrənin hər tikəsi bərəkətdi...
1973

DAĞLARA ÇAĞIRIŞ

Musa Yaquba

    Şair, qayalara, dağlara söykən,
    Mənim də arzumu sən yaşat barı.
    Özülsüz şöhrətlər uçurub sökən
    Zamana bənzəyən dağ gürşadları
    Min il də göz yumub, açsa ağzını
    Yuya bilməyəcək daş xınasını.
    Bu dağlar özəyi, özülü möhkəm,
    Şair, qayalara, dağlara söykən!

    Ən ağır anında dağlarla danış,
    Ən ali loğmandır o müdrik qoca.
    Nə qədər, nə qədər qaysaqlanmamış
    Dərdlər tullasan da dərə boyunca
    Dağ çayı çökdürüb çay daşlarına,
    Duruldub bənzədər göz yaşlarına.
    Dağlar öz hökmündə güzəştsiz, ötkəm,
    Şair, qayalara, dağlara söykən!

    Dağlar sevgisində bir ulu ata,
    Dağlar ərköyünlər atası deyil.
    Kimini xurcuntək çiyninə atan,
    Hellənc sapandına qoyub kimini

    Dərələr dibinə atası deyil.
    Hətta ildırımlar dağlar çibini,
    Dağların qorxusu, xətası deyil.
    İgidlər çiynini dağlara tikər,
    Şair, qayalara, dağlara söykən!

    Başından sağsağan əskik olmayan
    Donqar qoz ağacı pıçıldasa da:
    Gözündə gözəllər əksi olmayan
    Lil bulaq qıyqacı pıçıldasa da,
    Söykənmə möhrəsi nəm divarlara,
    Söykənmə özülü kəm divarlara.
    Ucalıq enilməz dağlar var ikən,
    Dağlara söykənən dağlara söykən!

    Dağlar dağ oyadan qıyıltıları
    Bütün dərələrə paylaya bilir.
    Ötəri, itəri vıyıltıları
    Bəzən min illərlə quylaya bilir.
    Beləcə səbr öyrən o dağ əmindən.
    Yorulub, beziksən dağ aləmindən,
    Mənim ünvanıma qarğıyıb, söylən,
    Məni bu dağlara çağırıb, söylə:
    Buyur, qayalara, dağlara söykən!
    Şair, qayalara, dağlara söykən!
1972

QARABAĞ DÜZÜ



    Bu gün mənim dənizimdi
        Qarabağ düzü,
    Kəhər atın tozanağı "Doqquzuncu bal”.
    Bu gün mənim söz düzümdü-
        Qarabağ düzü.
    Sonsuzluğun son xəttini gəzirdi xəyal.
    Bu gün mənim çörəyimdi
        Qarabağ düzü.

    Hər əlimdə Kür çayından
        bir bıçaq arxım,
    Yoğuracaq, yapacaqdım gecə-gündüzü.
    Sonra halal süfrələrə doğrayacaqdım.
    Bu gün mənim tariximdi
        Qarabağ düzü.

    Bu gün üfüq bir üzükdü-Nizami qaşlı.
    Geri fırlan, yer kürrəsi, zamandan küsüb
    Nüşabənin kəcavəsi təpədən aşdı...

    Qədim Bərdə Tərtər üstən
        yüz körpü atdı,
    Xəyanətin adlaması böyük ar oldu.
    Hanı tarix cünglərinə yubanmış atlı?-
    Azərbaycan qadınından
        hökmdar oldu!

    Bu gün mənim bir düz kürsüm-
        Qarabağ düzü.
    Qanadımdı qız alqışı,
        qadın alqışı.
    Bu gün mənim bacım Gülsüm-
        Qarabağ düzü.

    Doluxsunma, bir də gələr, şair qardaşın,
    Bu gün bizə quzu kəsdi Hüseyn qağa,
    Baxdım: sürü adaları göy düzdə üzür.
    Bir dostluğa, bir süfrəyə, bir eşqə sığan,
    Bir dənizdi yer üzünün Qarabağ düzü...
İyun, 1972

QOCA ƏMİM BELƏ DEDİ



    Kitabdan da, yaddaşdan da qayadı möhkəm,
    Bu qayalar sirr bilir ki, - Loğman da bilmir.
    Bir haray çək,
        bu dağlarda qalsın harayın.
    Könül səsi könüllərdə yaşamalıdır.
    Kişilərdən haray qalıb,
        ad qalıb bizə.

    Nakişinin səpdiyi dən qum bitiribdi.
    Sən arabir bu yerlərə özgə kimi gəl.
    Qərib yolçu donunda gəl.
    Şər qarışanda:
    Gör atının yedəyini tutan olurmu!
    Varsa, demək, bu yerlərdə kişilər ölmür.
    Qoca əmin bu dağlardan dağ ömrü alıb.
    Sən arabir bu yerlərə söz almağa gəl;
    Söz çəkməyə sözdən düzgün tərəzi yoxsa,
    Etibarın "para”, "bütün” çeşidi yoxsa,
    Dul arvadın çəpərinə daş atan yoxsa,
     "Üç ayaqlı uşaqlara” sataşan yoxsa,
    Bulaqları övlad kimi qoruyan varsa,
    Dağ çayını nənə kimi qoruyan varsa,
    Demək, burda qoca əmin yaşayır hələ,
    Demək, burda kişi ölür, kişilik ölmür...
24 dekabr, 1973

DƏNİZÇİ DÜNYASI



    Dənizçinin kayutunu şəkillər bəzər,
    İşıq saçar qadınların
        şəkil gülüşü.
    O, sulardan küsər bəlkə, dənizdən bezər,
    Nə yaxşı ki, baxtına bu şəkillər düşüb...
    Hər baxışın təbəssümü duru su ona,
    Enib sudan tor da atar ona baxışlar.
    Kimisinin yönü ona, duruşu ona,
    Kimisinin sədəf dişi bir hiss bağışlar.
    Bu baxışlar, bu duruşlar od olar gecə,
    Dənizçinin yatağına qor dolar gecə.
    Birisinin xəyalını qucar qucaqlar,
    Birisiylə görüşünü sabaha saxlar.
    Bu, gözəllik şahının da öz dərdi varmış,
    Bu qadınlar şəkildə də qısqanc olarmış.
    Birisinin umusundan yanar, kayutu,
    Birisinin küsüsündən donar kayutu.
    Bu baxışlar, bu duruşlar od olar gecə,
    Dənizçinin yatağına qor dolar gecə.
    Yuxusuna həmdəm olar incə bir qılıq,
    Dənizdən bir külək əsər ətirli, ilıq.
    Yuxusunda qağayılar qağıldaşarlar,
    Yuxusunda qağayılar qadınlaşarlar.
    Bir-birinə tullayarlar dənizdə onu,
    Çıxararlar, quylayarlar dənizdə onu.
    Ləpələr də soyuyarlar, buza dönərlər,
    Pəncərədə buz hörüklü qıza dönərlər.
    O, tor atar,
    Hörük-hörük saçlar düşər toruna.
    Yarı balıq əllər düşər toruna,
    Bellər düşər, nələr düşər...toruna.
    Üzlər düşər,
         gözlər düşər toruna...
    Birdən onu qısqanarsa sular pərisi,
    Gəmimimzi didikləyər, parçalar hirsi,-
    Hamımızı balıqlara qatıb aparar...
    Bircə cavan dənizçini qatıb aparar...
    Dənizçinin yatağına qor düşər gecə,
    Bir nəfəsin qarmağına ilişər gecə.
    O dartılıb, bir quruya çırpınmaq istər,
    Bir ümidə, bir qayğıya bürünmək istər...

    Görən onlar bir-birini haçan tapacaq?-
    Dəniz yuya, qum quruda bu qətiyyəti.
    Dalğaların qanadında bir oğlan oyaq,
    Sahillərin qumluğunda bir qız həsrəti...
Lənkəran, 1969

ÖMRÜMÜN SUAYRICINDA



    Uçuq bir dəhnədən suyu sovulmuş,
    Dəni qarışqaya, quşa yem olmuş,
    Üzündə səhərin sazaqlı yeli,
    Qabarlı çiynində təpcəkli beli,
    Qıçları çirməli
        bir suçu kimi
    Elə yol gedirəm fikirli, tutqun.
    Dayanıb, yorunuq bir yolçu kimi,
    Deyirəm çox nahaq bu yolu tutdum.
    Hansı bir bərənin gülləsindəsə
    Özümü ayıltmaq istəyəcəyəm.
    Ömrümün hansı bir pilləsindəsə
    Geriyə qayıtmaq istəyəcəyəm,
    Ata buyruğundan ilk qədəm alan,
    Ana yuxusunda uçurumu qalan
    O cavan kim idi?
    Sevdiyi qızgilin bağı yanından
    Keçəndə qəfildən duruxan cavan?
    Əyilib o bağa gizli daş atan,
    Mürgülü quşları vaxtsız oyadan
    O cavan kim idi?
    Nə idi o çağrış, nə idi o səs,
     "Hey-hey” cavabını gözləmədi bəs?
    Ağ yollar atını çapdı dalınca,
    Dolular atını çapdı dalınca.
    Buludlar üzünü qanatdı qəfil,
    Gürşadlar saçına əl atdı qəfil.
    Hər qaya dibində bir bacı bulaq
    Sızladı: nə zaman o qayıdacaq?...
    Yollar ətəkləyib, qayalar çapıb,
    O gənci axtarıb, o gənci tapıb,
    Rəddini, izini yollardan yığıb,
    Dağlara yönəlib, dağlara çıxıb
    Yenə ürgəmizi çullayacağam.
    Qıçıma dolaşan bəd niyyətləri,
    İlğım qiyafəli bədiyyətləri
    Dərənin dibinə tullayacağam.
    Sinib boz ürgənin bulud yalına,
    Çapıb gedəcəyəm bulud dalına.
    Arabir ucuna şimşək dolayan
    Qardaş dəyanətli dəyənəyimi,
    Məni görən kimi quyruq bulayan,
    Əlimi yalayan
        boz əniyimi-
    Mürgüdən oyatmaq istəyəcəyəm,
    Onlara qayıtmaq istəyəcəyəm.
    İki göz baxacaq bir boz çadırdan,
    İki iz çıxacaq bir boz çadırdan.
    Biri: vədəxilaf bir sona izi,
    Biri: iz izləyən qaynana izi...
    Dolaşa-dolaşa biri-birinə,
    O izlər bulaqdan dönəcək yenə.
    Mən məhəl qoymadan bunlara qəti
    Pay da istəmədən ilk məhəbbəti
    Qovaram atımı şıltaqlığıma,
    Gəncliyi haqlayan uşaqlığıma.
    Quzulu yamaclar dağıdar çəni,
    Təpələr çiyninə götürüb məni,
    Qaldırar havaya qartal sayağı,
    Sonra da uçurdar üzü aşağı.
    Qayadan qayaya pırıldatdığım
    Kəkliklər sevinməz bu gəlişimdən.
    Daşını dərəyə yuvarlatdığım
    Gədiklər sevinməz bu gəlişimdən...
    Yenə dərələrə sığışmaram mən,
    Yenə zirvələrə yığışmaram mən.
    Yenə ayağımdan atıb yolları
    Qanad istəyərəm bu günə sarı...
1970

BABƏK QILINCI

Ballada

I

    Bir alim dilindən qopdu qığılcım,
    Oyandı hövlnak daş qərinələr!
    Deyirlər tapılıb Babək qılıncı,
    Muştuluq paylayın, qarı nənələr!

    Bayram edəsiyəm bu günü, bayram
    Ox-qılınc nəvəsi silahlar ilə.
    Bir yaraq önündə büdpərəst ollam,
    Vuruşa-vuruşa allahlar ilə.

    Gəlin, a zirvələr qayalı-yallı,
    Qol-qola yapışaq, yaman çağımdı.
    Yallı gedəsiyəm, bir dəli yallı,
    Araz dəsmalımdı,
        Kür şallağımdı.

    Riyalar, xülyalar bazarı açan
    Minbərlər şəninə
        vay salmağım var,
    Nəsimi, Nəimi məzarınacan
    Yerin qulağına hay salmağım var:
    Deyirlər tapılıb Babək qılıncı!

    Ölümlə əlbəyaxa hansı nər idi
    Qanlar daşqınından götürdü onu.
    Özünə ərköyün övlad elədi
    Babəkin yaralı, qılınc oğlunu.

    Neçə il qaldılar mağaralarda,
    Bir qoca daşların yeminə döndü.
    Qılınc qəzəbindən daş zağalarda
    Qayalar əriyib dəmirə döndü.

    Babək, qılıncını yerə atanda
    Min igid qolunu torpağa atdı.
    Bəlkə də bu torpaq bir od qatında
    Onları əridib, qılınc yaratdı.

II



    Min qoldan güc alan bir ağıl gücü
    Zülmətlər deşəsi yol olmalıydı.
    Yaşamaq istəyən bu torpaq üçün
    Qol-ağıl, ağıl da qol olmalıydı.

    Deyirlər tapılıb Babək qılıncı!
    Babək harayının nidalarını
    Top kimi çiynimdə saxlayasıyam,
    Babək qılıncının şüarlarını
    Raketlər burnuna bağlayasıyam.

    Qürurlu qayalar, səs eşidin ki...
    Bir az da şux dursun heykəl qalalar.
    Xəndəklər, yarğanlar dərinləşin ki,
    Qorxuram qorxaqlar evsiz qalalar.
    Bu nə titrəmələr, bu nə əsmələr...
    Bu necə haraydı, bu necə səsdi.
    Bütün çeynəmələr, bütün kəsmələr,
    Bütün tapdamalar səsini kəsdi.

    Gözü qarnındalar hörümçək kimi
    Çəkilib qısıldı dib bucaqlara.
    Yalançı dilləri gəmircək kimi
    Çəkib tapşırıram
        daş bıçaqlara.

III



    Bir qoca dəmirçi qılınc naxışlar,
    Yazar dəstəyinə: "İnsan vüqarı”.
    Bəzən bir igidə onu bağışlar,
    Bəzən də yüz yaşlı göyçək bir qarı
    Alar bu təltifi, sıxar döşünə.
    Oğul qeyrətinə baş əyməyənin,
    Ana hörmətinə baş əyməyənin
    Çəkib bu qılıncı, çaxar döşünə.

    İndi bir gözədə bulaq nazlanıb,
    Bir dodaq üzünü püləmək istər.
    Bir dərə dolusu quş pərvazlanıb
    Dünyanı nəğməyə bələmək istər.

    Bir səhər bu səslə qalxdım yerimdən,
    Günəşlə bir baxdım yer kürəsinə.
    Bu səhər dünyada tuş olmadım mən
    Ağlayan, sızlayan ana səsinə.

IV



    Ana qayğısıyla başıma əl çək.
    Xeyirxah əməllər, işıq əməllər.
    Qayada bitəcək, daşda bitəcək
    Bir toxum yetirib bərəkət əllər.

    Ütük bir hiyləgər irişdi üzdə,
    Xəbər yabısına çubuğu dindi...
    Sərhəd qoşunları, üfüqümüzdə
    Qalxan bir dağa da söykənin indi!

    Deyirlər tapılıb Babək qılıncı,
    Babəki son anda udan qaraltı
    Dirilib bir qara duman gəzəcək,
    Babəki son anda satan qaraltı,
    Bu səsi boğmağa güman gəzəcək.

    Deyirlər tapılıb Babək qılıncı,
    Bu, yalan olsa da doğrulmalıdır!
    Onun döyüşdüyü dağ xıncım-xıncım,
    Dərə qıyma-qıyma doğranmalıdır!

    Babəkin məzarı düzəndi, dağdı,
    Bu dağlar, düzənlər qazılsın gərək.
    Babək heykəlinə Babəkin adı
    Babək qılıncıyla yazılsın gərək!
Sentyabr-oktyabr, 1970

UCA DAĞ



    Bu qədər ucalıq, nəyə gərəkmiş?
    Meşə qurşağından, çay topuğundan.
    Gərəksiz yüksəliş ölüm deməkmiş,
    Niyə ayrı düşüb daş-torpağından!

    Göyü papaq kimi geyib başına,
    Üstündən qartallar ötüşə bilmir.
    Çılpaq qayasına, soyuq daşına
    Yağışlı dumanlar yetişə bilmir.

    Ələsən, bir ovuc torpağı yoxdur,
    Yaşar baş daşından betər, deyirəm.
    Özündən savayı dayağı yoxdur,
    Bir fit səsindən də büdrər, deyirəm.
1970

MƏN GETSƏM...



    Mən getsəm, dərələr, dağlar qalacaq,
    Meşələr, çəmənlər, bağlar qalacaq.
    Buludlar qalacaq, ağlar qalacaq,
    Ey mənim yaşamaq, yazmaq həvəsim,
    Tək səni özümlə aparasıyam.

    Dırman zirvələrə yel qanadında,
    Tökül dənizlərə sel qanadında.
    Bir ağı, bayatı, dil qanadında
    Bir yuva qurmasan, ay quru səsim,
    Mən səni özümlə aparasıyam.

    Hələ uçqunlara indi tanışam,
    Sınıq qayaları yamamamışam.
    Hələ nə ərkim var belə danışam:
    Vətən daşlarına düşməyən əksim,
    Mən səni özümlə aparasıyam.

    Nə düz deməmisən, düzünü de ki...
    Bu torpaq ağartsın üzünü, de ki...
    Dünyaya sonuncu sözünü de ki,
    Ey qardaş qələmim, desəm-deməsəm,
    Mən səni özümlə aparasıyam.
1969-1970

YERLƏR



    Əgər ad sırası gəzsək həyatda,
    Əgər yer davası düşsə şerdə,
    Alqışlar altında Nizami ata
    Keçib oturacaq birinci yerdə.

    Birinci bir olur,
        Xoşbəxtmi deyək?!
    Ondan irəlidə yer yoxsa,
        nə pis...
    Birinci ildırım, birinci şimşək,
    Birinci yüksəyə kəsilər həris.

    Qorxun, birincilər, əli yalından!
    Əli yalınların dili yaraqdır.
    İkinci "hay verib”, qaçsa dalından,
    Birinci birinci yıxılacaqdır.
    Haxlar birincini ikinci addım,
    İkinci dağ olar,
        ikinci dərə.
    Saxlar birincini ikinci addım
    Bəzən qalxan üçün ikincilərə.
    Özü doğulmamış yeri doğulan, -
    Ayağı torpağa, əli dəmirə
        dəyməyən,
        dibçəkdə bir şitil oğlan
    Bəzən mismarlanar birinci yerə.

    Zaman çəkicinin möhürü yoxsa,
    Zaman kəlbətini dişini zağlar.
    Zaman, gözlüyünü gözünə taxsa,
    Yerlər də yerində oturacaqlar.

    Mənə pay yetişməz bu paylaşmada,
    Vaxt hanı yer ovu dalınca düşüm.
    Dərə adlamada,
        zirvə aşmada
    Əsgər yürüşüdür mənim yürüşüm.

    Vətən sevgisində birinci ada
    Birinci çatmağa pay yetər mənə.
    Burda birincilik:
        Vətən yolunda
    Birinci ölməyi öyrədər mənə!
1972

PAYIZ NİDASI



    Sənə də qar yağdı, güvəndiyim dağ!
    Sən də örənidin, a yaşıl yamac!
    Sən niyə dinməzsən, qaragöz bulaq,
    Sən niyə kövrəksən, ürəyini aç!

    Lal dili verilib bu dəli çaya,
    Bir cavan yasından gələnlər kimi.
    Sən niyə tutqunsan, xınalı qaya,
    Ər yolu gözləyən gəlinlər kimi.

    Mən insan bilmişəm qayanı-dağı,
    Təbiət yaşamır təbiət üçün.
    Mən ki, bu yerlərə gəlmirəm axı,
    Sadəcə təəssüf, ya heyrət üçün.

    Mənim də baxtımda bu mənzərələr
    Fəsil fırlatmağa girəvə tapır.
    Mənim də daş əlim qılınc dərələr,
    Mənim də boş əlim
    Daş zirvə tapır.

    Hanı o başıma dolu yağdıran
    Başı ayağından yalın olanlar.
    Hanı kürəyinə tərif yaxdıran
    Dili dabanından qalın olanlar.
    Tökər budağından çürük qozları,
    Ərinti, çürüntü bişirər payız.
    Yayın bürküsündə qalxan tozları
    Dağlardan aşağı düşürər payız.

    Dağlar payızlıdır, mən titrək əlli,
    Gözümdə gör nələr canlandı, nələr...
    Dağlar baharlıdır, mən əqidəli,
    Yaşasın baş-başa bu abidələr!
1970

SƏBRİMDƏN İNADIMA MƏKTUB



    Hər "səfər” qabağı mənimlə danış,
    Məni məşvərətçi baba bil hərdən.
    Nənələr duası yola salmamış
    İgidlər az dönüb uzaq səfərdən.

    Arabir ürəyin hökmündən daşın,
    Arabir sən ağlın ağzını ara.
    Təmkinsiz əllərdən atılan daşın
    Özü də pillədir çox azğınlara.

    Çəkməli olsan da boş yüyənləri,
    Üzəngi basmaqdan özünü saxla,
    Bircə şapalağa dəyməyənləri
    Hörmətə mindirmə bir şapalaqla.

    Yüyrək demirlər ki, hər qaçağana,
    Qaçmayan qovulsa yaxşıdı bəlkə.
    Ömrümüz qibtəçi bir sağsağana,
    Səhvimiz sağsağan yaşıdı bəlkə.

    Nə pisdir - şaxəli budaq içində
    Qalasan bir tənha yarpaq kimi sən;
    Sən hərdən bir dəstə uşaq içində
    Oyuncaq itirən uşaq kimisən:
    Əli cibindələr - göz yayındırar,
    Gözü cibindələr - güman hədəfi.
    Ov var, ovçusundan iz yayındırar,
    Ovçu var, ovundan bərəni qəfil.

    Hər gün də nur umma nur dağlarından,
    Ömürdə hər günü düzməzlər sapa,
    Çox "qızıl baxtların” budaqlarından
    Qızıl yarpaqları tökəcək sabah.

    Tozanaq görmüşük boş inadları,
    İnad çöp daşıyır - caynaq olanda.
    Çəkər zoğlarını torpaq qatları -
    İnad, inamına qaynaq olanda.

    İnamdan göyərsə bir dağdır inad -
    Bu, Vətən dağıdır söykən ki, söykən!
    Nə uçan quşunun dalınca daş at,
    Nə qopan daşının dalınca söylən...

    ...Mənim inamımın sərhəddini çək! -
    ... "Ədalət sərhəddi!” -
    Belə səs gəlir.
    Bir burda geriyə çəkilməyəcək.
    Bu inad, səbirsiz Vətən əsgərim...
Oktyabr, 1972

BİR DÖVLƏTƏM



    Bir balaca dövlətəm mən,
    Bir balaca ərazim var.
    Yer kürəsi qonşusunda
        sınanmağa,
    Planetlər məclisində tanınmağa
        ərizəm var.
    Bir balaca dövlətəm mən.
    Bayrağımdı bir ağ kağız,
        bir də qələm...
    Bundan artıq
        bəzək-boya istəmirəm.
    Bir balaca dövlətəm mən.
    Bu ürəkdən o ürəyə
        sərhəd xəttim.
    Ən nizami qoşunumdur
    Əzəl sevgim, son nifrətim.
    Bir balaca dövlətəm mən.
    Qələmimdir hərbi nazir,
    Paytaxtımdır yazı masam.
    Nizaminin, Füzulinin qoşunları
    Keçə bilməz gələcəyə,
    Yol üstündə bu balaca -
    Şer - sənət dövlətimlə
        mən olmasam.
1969

ARPAÇAY NƏĞMƏSİ



    Bir dərənin inadına qıfıl vurulur,
    Xəyalların aynasında bir göl durulur.
    Bir çay axır babaların arzularından,
    Bir çay axır qəlbimizin xəritəsinə.
    Nəğmə qopur dərələrin boz sularından,
    Qayalar da qulaq bağlar ötkəm səsinə:
        Arpaçayı aşıb daşar,
        Qayalarla qucaqlaşar.
        Yedəklənər yavaş-yavaş,
    Düzə enər yavaş-yavaş.
    Bir çay axır həsrətinə ilğımların da,
    Qum altında yol gözləyir çiçək gülüşü
    Bir vaxt dəli şimşək kimi o da harındı,
    İndi gurşad qanadları yanına düşüb.
    Kəklik səsi, qartal səsi qarışıb ona,
    Sarı sünbül saçaqları çöldə müntəzir.
    Bir çay axır boz səhranın dodaqlarına,
    Bir çay nəğmə dildə gəzir, dodaqda gəzir.
Arpaçay, dekabr, 1973

YURDUMUZUN QIZLARI
(Nəğmə)



    Zəhmətiniz üz ağlığı,
    Yurdumuzun gül qızları.
    Başımızın ucalığı,
    Bəxtimizin ulduzları.
    Nur daşıyar bu ağ yollar,
    Bələdçisi mərd oğullar.
    Təbəssümlər "uğur” - deyər.
     "Məni səslə, çağır” - deyər...

    Ön sırada gedənlərin
    Qismətinə alqış düşər.
    Qəhrəmanlar nəfəsindən
    Qayalara naxış düşər.

    Bir saz kimi çalaq Kürü,
    Bu düzlərə nəğmə qoşaq.
    Ağ işıqlı Mil-Muğanda
    Gül qızlara nəğmə qoşaq.
İyul, 1973

GÖZLƏRİ YOL ÇƏKƏN ANA MAHNISI
(Nəğmə)



    Bir ana, boynunu burmaqdan yorulmaz.
    Daş heykəl yanında durmaqdan yorulmaz.
    Gözləri yolları yormaqdan yorulmaz.

    Bu necə bahardı?
    Bu necə qışdı bəs? -
    Ay - Günəş gətirər,
    Qar-yağış gətirər,
    Muştuluq gətirməz.
    Bu Vətən yolunda dağ aşan oğullar,
    Torpaqdan göyərib daşlaşan oğullar.
    Əbədi şöhrətə yaraşan oğullar,

    Səhərlər sizsiniz üfüqdə işıq-zər.
    Gecələr gözünüz ulduzdan gülümsər.
    Həsrətim yollara dil səpər, gül səpər...

    Bu necə bahardı?
    Bu necə qışdı bəs? -
    Ay - Günəş gətirər,
    Qar-yağış gətirər,
    Muştuluq gətirməz.
1973

DAĞ YADDAŞINDA YAZI



    Birisini çıxartdılar uca bir yerə,
    Tez aşağı daş hellətdi:
    - Baxın, hardayam!..
    O birisi özü qalxdı bu yüksəklərə,
    Heç demədi: "Mən də varam,
    Mən də burdayam”.
    ... Yazı gördüm dağ döşündə -
    Dağ yaddaşında:
    Birincinin helləncinin
        çuxuru qalıb;
    İkincinin ayağının cığırı qalıb...
1973

BAKININ GECƏSİ
(Nəğmə)



    Bakının gecəsi,
    Məhəbbət çətirli
    Gilavar gülablı,
    Gilavar ətirli.

    Bu gecə nə gözəl,
    Nə sirli-soraqlı...
    Bu gecə, bu gecə
    Kəhkəşan daraqlı...

    Bu nurlu gecələr -
    Qəlbimdə gecələr.
    Səhərlər üfüqdən Günəşə köç elər.

    Analar laylalı, körpələr uyğulu,
    Xəzəri nəğməli,
    Xəzrisi duyğulu...

    Bakının gecəsi - nur adlı bir dəniz -
    Sahili eşqimiz,
    Mayakı qəlbimiz...
1973

KÜLƏKLƏR



    Döy qapımı, döy qapımı, Müşfiq küləyi,
    Əli Kərim qasırğası, qır pəncərəmi.
    Bir uçurumdan asılıdır şair urəyi,
    Bir sal daşa söykəmişəm pəncələrimi.

    Küləklərin laylasında uşaq kimiyəm,
    Küləklərin nənnisində oynayır əlim.
    Küləklərə qısılıram nənəmdir, - deyə,
    Saçlarını oxşamaqdan doymayır əlim.

    Torpağımız alov quşlu, şimşək cüyürlü,
    Bu torpağı qucmaq üçün dumanlaşaydım,
    Əyiləydim bir div kimi: Arazlı, Kürlü
    Dərələri sümürəydim, tufanlaşaydım.

    Qarşı gələn səd küləyi, sərhəd küləyi
    Mənim külək qoşunlarım əzərdi onda.
    Eh, nə bilim, bir dəlisov Məmməd küləyi
    Bəlkə sizin dalınızca əsərdi onda...
1971

QƏFİL



    Bir haray yuxuma güllə boşaltdı,
    Bir duyğu səsiymiş oyadan məni, -
    Qəfil bir səksəkə qoynuna atdı,
    Oyatdı bir qəfil yuxudan məni.

    Qəfil baş kəsmələr, qəfil asmalar,
    Qəfil qasırğalar yadıma düşdü.
    Qəfil hökmləri qəfil yazmalar,
    Naqəfil darğalar yadıma düşdü.

    Qəfil oyanışlar, vuruşlar ki, var!
    Yaman qəfilləri qəlbim unutdu.
    Qəfil hücumlara qəti duruşlar
    Gözümə təsəlli pərdəsi tutdu.

    Qəfil üsullarla çoxdan tanışıq,
    Bəzən bu cürəti yada vermişik.
    Qacarı qəfildən yaxalamışıq,
    Nəbini qəfildən bada vermişik.

    Qəfil muştuluqlar az çıxar yola,
    Qəfil xoş xəbəri haxla deyiblər.
    Qəfil bir sevgini dağdan qolayla
    Sonra dalısınca ağla, deyiblər.

    Bu torpaq əsrlər qaranlığında
    Qəfil nur dağları dikəldib axı!
    Bu torpaq qədimlər toranlığında
    Nadan sürüsü də kökəldib axı!

    Qəfil təzadların sıçrayış yeri-
    Gah zülmətli olub, bu yer, gah işıq.
    Biz hələ bu yerdə qəfilliklərin
    Əsil damarını axtarmamışıq...
1970

ÜFÜQ



    Nə yaxşı,
        əl çatmazdır üfüq;
    Nə yaxşı,
        arzularca
    Ucalmazdır üfüq.
    Nə yaxşı
        əl çatmazdır üfüq.
    Nə qədər xəyalımız
        səs qapır, söz tapır,
        çapır, çapır...
    Düz keçir, dağ aşır,
        yetmir ona.
    Nə yaxşı yetmir ona.
    Nə yaxşı,
        əl çatmazdır üfüq.
    Nə yaxşı, arzular kamına
        alçalmazdır üfüq.
    Nə yaxşı, istəyin
        boz quma əkiləni var.
    Ümidin çarmıxa çəkiləni var.
    Nə yaxşı, sən varsan,
        üfüqdən o yankı həyatım.
    Üfüqdən o yanda-
    Söz yetməz heyhatım...
1970

<< 12 / 3 / 4 / 5 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (30.10.2013) | Müəllif: R.C E W
Baxış: 972 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more