H a m 1 e t.
Bir özün fıkirləş, sonsuz qəzəbdən
Necə alışmayım, necə yanmayım!
Atamı öldürdü o haramzadə,
Anamı sövq etdi əxlaqsızlığa.
O xain taxt-tacla mənim aramda
Dayanıb keçilməz bir sərhəd kimi,
Gömdü ürəyimdə ümidlərimi.
İndi də özümü məhv etmək üçün
Hələ tor da qurur, qarmaq da atır.
Yox, gərək məhv edəm onun özünü.
Ləkəsiz vicdanın tələbidir bu:
Bəşərin canında o bir yaradır,
Onu kəsməliyəm bu əllərimlə.
Qorxulu caniyə cəza verməmək
Özü də dünyada bir cinayətdir.
H o r a t s i o.
Bütün nə olubsa İngiltərədə
Tezliklə eşidib biləcək kral.
H a m l e t.
Hələ o vaxtacan fürsət mənimdir.
"Bir" deyənə kimi başı bədəndən
Bir qılınc zərbəsi ayıra bilər.
Ancaq, Horatsio, sıxılır qəlbim,
Laertin qəlbinə toxundum nahaq.
Görürəm, eynidir bədbəxtliyimiz,
Gedib almalıyam onun könlünü.
İnan, deməseydi elə ədayla,
Elə təmtəraqla kədərini o,
Mən belə coşmazdım.
H o r a t s i o.
Susun! Gələn var.
Ozrik daxil olur. .
O z r i k.
Zati-aliləri Danimarkaya bir daha xoş gəlib.
H a m l e t.
Sizə həddindən artıq təşəkkür edirəm, ser (Yavaşca Horatsioya) Sen bu mığmığam tanıyırsan?
H o r a t s i o (yavaşca Hamletə).
Xeyr, milord.
H a m 1 e t (yavaşca Horatsioya).
Xoşbəxtsən ki, tanımırsan.
Çünki belə adamı tanımaq bedbəxtlikdir,
Onun çoxlu bərəkətli torpağı var.
Heyvanı heyvanlara hökmdar seçsən, axurunu gətirib kral süfrəsiylə yanaşı qoyacaq.
Bu əsl dolaşadır. dediyim kimi, eşələnməyə də ucsuz-bucaqsız zibilxanası var.
O z r i k.
Mehriban prins, əgər siz zati-alilərin asudə vaxtı olsaydı, əlahəzrətin bir neçə sözünü sizə ərz eləməklə mən özümü xoşbəxt sanardım.
H a m 1 e t.
Men o sözləri bütün qəlbimlə dinləməyə hazıram, ser. Ancaq şlyapanızı öz yerinə qoyun. O, başı örtmək üçündür.
O z r i k.
Siz zati-alilərinə ürəkdən təşəkkür edirəm. Yaman istidir.
H a m 1 e t.
Xeyr, xeyr, inanın mənə, yaman soyuqdur.
Şimal küləyi əsir.
O z r i k.
Doğrudan ha, düz buyurursunuz milord, yamаn sоyuqdur.
H a m 1 e t.
Ancaq, mənə elə gəlir ki, yaman iştidir, dehşətli bürküdür.
O z r i k.
Dəhşətli istidir, əzizim, elə bərk bürküdür ki, elə bil, yox, mən necə olduğunu ifadə etməyə söz tapa bilmirəm. Amma, əzizim, onu deyə bilərəm ki, əlahəzrət bunu sizə bildirməyi mənə əmr etdi: o sizə görə böyük məbləğdə mərc gəlib. Ser, həmin mərcin məğzi budur ki... H a m 1 e t.
Xahiş eyləyirəm, yadınızda saxlayasınız.
Hamlet onu şlyapasını başına qoymağa məcbur edir.
O z r i k.
Yox, yox, mehriban prins, lazım deyil, vallah, mənə belə yaxşıdır. Ser, bu günlərdə Laert saraya gəlmişdi. Sizi inandırıram ki, o əsl centlmendir. Son dərəcə əla xasiyyəti var. Adamlarla çox lətif və çox incə rəftar edir. Görkəmi elə gözəldir ki, onun məziyyətlərini bir sözlə ifadə edə bilsək deyərdik: o, ləyaqət məcmuəsi, gözəllik xəritə-sidir. Zira hər hansı alicənab bir gəncin arzu etdiyi bütün ali keyfiyyətləri onun timsalında görmək olar.
H a m 1 e t.
Ser, sizin tərifləritıizdən onun ləyaqəti heç nə itirmir. Lakin mən bilirəm ki, onun məziyyətlərini bir-bir sadalamaq yaddaşı çətinliyə salar. Yelkənli gəmi dəryada yolunu itirdiyi kimi, yaddaş da fikirler axınında çaş-baş qalar. Buna baxmayaraq, biz onu həqiqetən tərifləsək deyə bilərəm ki, o yüksək mənəvi gözəlliklərə malik, nadir, qeyri-adi bir insandır. O elə bir vücuddur ki, dünyada ona bərabər bir insan yalnız güzgüdə onun özüdür. Onu yamsılayanlar isə onun zəif kölgəsindən başqa bir şey deyil.
O z r i k.
Siz zati-aliləri onun barəsində əsl həqiqəti buyurdunuz.
H a m 1 e t.
Axı, bunun nə mənası var? Nə üçün biz öz uzun, kobud nitqimizlə o centlmeni təhqir edirik?
O z r i k.
Ser?
H o r a t s i o.
Məgər kəsə, sadə dillə danışmaq olmazmı? Hə, cənab, bir təcrübədən keçirin görək.
H a m 1 e t.
O centlmenin adını çəkməklə siz nə demək istəyirdiniz?
O z r i k.
Laertin?
H o r a t s i o (yavaşca Hamletə).
Yazığın kisəsi boşalıb, daha xərcləməyə qızılı qalmayıb.
H a m 1 e t.
Laertin, ser.
O z r i k.
Məncə, sizə məlumdur ki,..
H a m 1 e t.
Mən istərdim ki, sizə məlum olsun, ser. Bir də sizin bunu bilməyinizin mənə heç bir istisi-soyuğu yoxdur. Yaxşı, sözünüzü deyin, ser.
O z r i k.
Sizə məlumdur ki, Laert necə də mahirdir.
H a m 1 e t.
Onunla müqayisədən çəkindiyim üçün bunu təsdiq etməyə cəsarətim çatmır. Belə deyirlər ki, özünün qiymətini bilməyən başqasının da qiymətini bilməz.
O z r i k.
Mənim fıkrim budur ki, o, silah işlətməkdə mahirdir. Bu sahədə ən şöhrətli adamdır, dünyada onun tayı-bərabəri tapılmaz.
H a m 1 e t.
Onun silahı nədir?
O z r i k.
Qılınc və xəncər.
H a m 1 e t.
İkiqat silahlanıb. Lap yaxşı.
O z r i k.
Kral Laertlə, ser, altı ərəb atından mərc gəlib. Laert də öz tərəfindən, mən eşitdiyimə görə, bütün dəm-dəstgahı ilə birlikdə altı fransız qılıncı və xəncəri boyun olub. Kəmərlərin, aşırma qayışların, onların üstündəki ilgəklərin misli-bərabəri yoxdur. Vallah, halqalar adamın ağlım heyran qoyur, dəstəklərə elə yaraşır ki! Halqalar çox qəşəngdir, hər naxışında, hər bəzəyində dərin mənalar gizlənib.
H a m 1 e t.
Siz halqalar nəyə deyirsiniz?
H o r a t s i o (yavaşca Hamletə).
Mən bilirdim ki, söhbət izahsız keçməyəcək.
O z r i k.
Halqalar, ser, elə ilgəklərdir.
H a m 1 e t.
Əgər biz böyrümüzdə xəncər əvəzinə top gəzdirə bilsəydik, sizin bu ifadəniz məzmununa daha çox yaraşardı. Qoy o vaxta qədər bu söz elə ilgək olaraq qalsın. Fikrimizi yayındırmayaq, bütün dəm-dəsgahı ilə birlikdə, hər naxışında, hər bəzəyində dərin mənalar gizlənən halqalanyla bərabər altı fransız qılıncına qarşı altı ərəb atı. Deməli, bu, Danimarkaya qarşı Fransız mərci olur. Yaxşı, siz buyurduğunuz kimi desək, nə üçün buna boyun olublar?
O z r i k.
Kral, ser, deyir ki, ser, yarış on iki zərbədən ibarət olsun. Kim on iki zərbə vursa, qalib sayılsın. Laert deyir: Hamletə üç zərbəni güzəştə gedirəm. Qoy o doqquzunu vursun. Hərgah siz zati-aliləri yarışa razılıq cavabmı lütf etsəniz, bunu tezliklə yoxlamaq olar.
H a m 1 e t.
Əgər mən "yox" cavabmı lütf etsəm necə?
O z r i k.
Mən demək istəyirəm ki, milord, siz yarışa razılıq versəniz.
H a m 1 e t.
Ser, mən bu salonda gəzinəcəyəm. İndi mənim istirahət vaxtımdır. Hərgah əlahəzrət arzu edirsə, qoy qılıncları gətirsinlər. () centlmen hazırdısa, kral fıkrini dəyişməyibsə, əgər bacarsam, əlahəzrət üçün istədiyi qılınc və xəncərləri qazanacağam. Yox, əgər bacar masam, onda qazancım yalnız rüsvayçılıq və rəqibimin ağır zərbələri olacaqdır.
O z r i k.
Mən sizin sözlərinizi elə beləcə çatdırmaq səadətinə nail ola bilərəmmi?
H a m l e t.
Lap elə beləcə deyə bilərsiniz, ser, ürəyinizə yatan bəlağət və məlahət çiçəkləri ilə də bəzəyə bilərsiniz.
O z r i k.
Özümü bütün səmimiyyətimlə siz zati-alilərin iltifatına tapşırıram.
H a m 1 e t.
Bu şərəfdən pək məmnunam.
Ozrik gedir.
Özünü tapşırmaqda o yaxşı eləyir.
Çünki özündən başqa, onu heç kəs tapşırmaz.
H o r a t s i o.
Gör, yumurtadan təzəcə çıxmış cüllüt kimi, yumurta qabığı da başında necə qaçır!
H a m 1 e t.
O yəqin anasını əmməmişdən qabaq da bu cür nəzakətlə əzilib-büzülürmüş. İndi belələri nə qədər desən var. Onları bu dəyərsiz əsrimiz yaman qiymətə mindirir. Bu adamlar zamanm yalnız ümumi ahəngini və müasirliyin zahiri cəhətini duyurlar. Onlar saraya yığılmış bir növ adamlardı, çəlləyə toplanmış köpük kimi hamının diqqətini cəlb edirlər. Onları yoxlamaq üçün bir azca üfürəndə o saat qovuq kimi partlayıb heç olurlar.
Bir lord daxil olur.
L o r d.
Milord, əlahəzrət kral gənc
Ozriklə sizə salam göndərmişdi.
Ozrik qayıdıb xəbər gətirib ki, siz onu salonda gözləyirsiniz. Hökmdar məni sizin yanınıza yolladı.
O öyrənmək istəyir ki, siz fikrinizi dəyişməmisiniz ki. Yarışa indi başlayırsınız, yoxsa onu başqa vaxta keçirmək arzusundasınız?
H a m 1 e t.
Mən öz qərarıma sadiqəm. Mənim qərarım kralın arzusuna bağlıdır. Əgər hökmdar hazırdısa, mən də hazıram. İndi və yaxud başqa vaxt, nə zaman istəsə buyura bilər, təki mənim əhval-ruhiyyəm indiki kimi yaxşı olsun.
L o r d.
Belədirsə bu saat kral, kraliça və başqaları buraya gəlirler.
H a m 1 e t.
Xoş gəlirlər.
L o r d.
Kraliça istəyir ki, siz yarışa başlamamışdan qabaq bir neçə xoş söz deyib Laertlə barışasınız.
H a m 1 e t.
O mənə xeyirxahlıq öyrədir
Lord gedir.
H o r a t s i o,
Siz mərci uduzacaqsınız, milord.
H a m l e t.
Yox, güman etmirəm. Laert Fransaya gedəndən bəri müntəzəm olaraq mən qılınc təlimi keçmişəm. Yarışdakı güzəştlər də mənim xeyrimədir. Mən qalib gələcəyəm. Lakin ürəyim elə sıxılır ki, sən bunu təsəvvür edə bilməzsən. Amma zərər yoxdur, keçib gedər.
H o r a t s i o.
Xeyr, necə yəni keçib gedər, mehriban milord..
H a m l e t.
Bu yalnız ağılsızlıqdır. Bu, gələcək haqqında elə bir narahatçılıq duyğusudur ki, ancaq qadınları qorxuya sala bilər.
H o r a t s i o.
Əgər ürəyinizə nəsə damıbsa, onda ürəyinizin səsinə qulaq asın. Mən gedib onları gəlməyə qoymaram. Deyərəm ki, siz yarışa hazır deyilsiniz.
H a m 1 e t.
Heç vaxt belə iş tutma. Gələcəkdə baş verə biləcək bir təhlükə indidən bizi sarsıda bilməz. Bütün varlığın taleyi yaradanın istəyindən asılıdır. Yaradanın istəyi olmadan bir sərçə belə ölməz. İndi olacaq şey sonraya qalmaz. Sonra olacaq şey indi olmaz. Əsas budur ki, insan ölümə həmişə hazır olmalıdır. Bir də ki, dünyadan köçən-də insan özüylə heç nə aparmır, onda nə üçün dünyadan vaxtında köçməyək? Qoy nə olacaq, olsun!
Kral, kraliça, Laert, Ozrik, lordlar və əllərində qılınc tutmuş xidmətçilər daxil olurlar,,
K r a 1.
Gəl, Hamlet, gəl, oğlum, Laertə əl ver.
Kral Laertin əliylə Hamletin əlini birləşdirir.
H a m l e t.
Məni əfv edin, ser, incitdim sizi,
Keçin günahımdan bir əyan kimi.
Burdakılar bilir, sizə də yəqin
Bunu deyiblər ki, taleyim necə
Məni dəliliklə cəzalandırıb.
Mən çox kobudluqla toxundum sizin
Bakir hissinizə, şərəfmizə.
O gün nə etdimsə günahkar ancaq
Mənim şiddətlənən dəliliyimdir.
Laerti Hamletmi təhqir eyləyib?
Heç vədə, heç vədə bu ola bilməz!
Hamlet olmayıbdır o gün özündə.
Əgər olmayıbsa, Hamlet özündə,
Deməli, Laerti təhqir etməyib.
Bəs onda müqəssir kimdir, axı, kim?
Müqəssir Hamletin sərsəmliyidir.
Əgər belədirsə, onda Hamletin
Özü, yalnız özü təhqir olunub.
Onun düşmənidir divanəliyi.
Hamının yanında budur xahişim:
Heç vaxt düşünməyin bu cür, bu ağır
Günahı etmişəm qəsdlə, qərəzlə.
Bilmədən kamandan buraxıb oxu,
Mən öz qardaşımı yaralamışam.
L a e r t.
Təhqir elədiniz bakir hissimi,
Keçirəm mən sizin t aqsırınızdan.
Halbuki bu halda intiqam odu
Qəlbimdə daha gur alışmalıydı.
Fəqət şərəfini ləkələdiniz,
Mənim haqqım yoxdur sizi əfv edim.
Müdrik ağsaqqallar qərar verməmiş
Barışa bilmərəm sizinlə heç cür.
Lakin o vaxtacan bu saf, səmimi
Məhəbbətinizi məhəbbətlə mən
Qəbul eyləyirəm.
H a m l e t.
Ürəkdən şadam.
Hazıram yarışım öz qardaşımla.
Menə qılınc verin. - İşə başlayaq,
L a e r t.
Birini də mənə, hə, gəlin görək.
H a m 1 e t.
Qılınc oynatmaqda naşıyam, Laert.
Mənimlə yarışda məharətiniz
Qaranlıq gecədə bir ulduz kimi
Daha çox parlayıb işıq saçacaq.
L a e r t.
Mənə gülürsünüz?!
H a m 1 e t.
Yox, canın haqqı.
K r a l.
Onlara qılınc ver, cəld tərpən,
O z r i k.
Hamlet - qardaşoğlu, sən bilirsənmi
Yarışın şərtini?
H a m l e t.
Çox gözəl, milord.
Bilirəm, mərc gəlib əlahəzrət,
Zəif durmalıdır güclüyə qarşı.
K r a l.
Yox, yox, bu düz deyil, bu ola bilməz,
Yaxşı tanıyıram hər ikinizi.
O bir az üstündür, elə bununçün
Gedir üç zərbəni sənə güzəştə.
L a e r t.
Başqasım verin, bu çox ağırdır.
H a m 1 e t.
Bu isə lap mənim ürəyimcədir.
Uzunluğu birdir bu qılıncların?
O z r i k.
Bəli, əziz milord.
Onlar yarışa hazırlaşırlar.
K r a l
Şərab gətirin.
Hamlet ya birinci, ya da ikinci
Zərbələri vursa və yaxud da o
Üçüncü zərbəyə cavab qaytarsa,
Qalanın qoy bütün mazğallarından
Onun şərəfınə toplar atılsın.
Onun sağlığına içəcək kral,
Onun qədəhinə bir ləl atacaq,
Hə, elə bir ləl ki Danimarkanın
Bir-birinə varis dörd kralının
Tacına taxdığı nadir incidən
Daha qiymətlidir, daha gözəldir.
Verin qədəhləri. Qoy ildırımtək
Coşsun nağaralar şeypurlarla bir,
Şeypurlar toplarla zəbanə gəlsin,
Toplarsa göyləri salsın lərzəyə,
Göylər də yerləri titrətsin zağ-zağ.
"İçirəm Hamletin sağlığına mən!"
Di gəlin başlayaq, sizsə, hakimlər,
Yarışa diqqətlə nəzarət edin.
H a m 1 e t.
Hücuma keçin, ser.
L a e r t.
Gəldim ha, milord.
Vuruşurlar.
H a m 1 e t.
Bu biri.
L a e r t.
Dəymədi.
H a m 1 e t.
Hakimlər desin.
O z r i k.
Zərbədir, şübhəsiz, həqiqi zərbə.
L a e r t.
Yaxşı, elə olsun, başlayaq bir də.
K r a l.
Dayanın, içəyin, şərab paylayın.
Hamlet, yaxına gəl, bu ləl sənindir.
Sənin sağlığına, qədəhini al.
Səhnə arxasında şeypur səsləri və top gurultuları eşidilir.
H a m l e t.
Əvvəlcə döyüşü bitirim gərək.
Bir azca gözləyin. - Gəlin, başlayaq.
Vuruşurlar.
Bu da başqa zərbə. Nədir sözünüz?
L a e r t.
Toxundu, toxundu, yoxdur bir sözüm.
K r a 1.
Qalib geləcəkdir bizim oğlumuz.
K r a l i ç a.
Yaman tərləyibsən, yaxın gəl, Hamlet
Götür dəsmalımı, üz-gözünü sil.
Sənin bu qələbən şərəfınə, bax,
İçir kraliça.
H a m 1 e t.
Sağ olun, xanım. K r a 1. İçmə, Gertruda!
K r a 1 i ç a.
İçəcəm, milord,
Təvəqqe edirəm, icazə verin.
K r a l.
Qədəhdə zəhər var. Məhv oldu artıq.
H a m l e t.
Cəsarətim çatmır hələ içməyə,
Tezliklə, tezliklə içərəm, xanım.
K r a 1 i ç a.
Yaxın gəl, üzünün tərini silim.
L a e r t.
Hökmdar, indi mən vuracam onu.
K r a 1.
Ağlım çətin kəsir, inanmıram heç.
L a e r t (kənara).
Fəqet belə bir iş vicdansızlıqdır.
H a m 1 e t.
Hə, üçüncü dəfə başlayaq, Laert.
Ciddi hücum edin, xahişim budur,
Elə bil, mənimlə oynayırsınız.
L a e r t.
Beləmi? Beləmi? Yaxşı, başlayaq.
Vuruşurlar.
O z r i k.
Heç biri tutmadı.
L a e r t.
Di alın indi!
Laert Hamleti yaralayır.
Vuruş davam edir.
Sonra onlar qılınclarını dəyişirlər.
Bu dəfə Hamlet Laerti yaralayır.
K r a 1.
Ayırın onları! Hirsləndilər ki.
H a m 1 e t.
Yox, yenə başlayaq.
Kraliça yıxılır.
O z r i k.
Kraliçaya
Baxın, ey, yıxılıb, kömək eyləyin.
H o r a t s i o.
Onlar ikisi də qan içindədir. -
Milord, o nə qandır?
O z r i k.
Laert, o nədir?
L a e r t.
Ozrik, öz tələmə düşdüm cüllüttək,
Xəyanət eylədim başqasına mən,
Ömrümü puç etdi öz xəyanətim.
H a m 1 e t.
Bir deyin, nə oldu kraliçaya?
K r a 1.
Qan görüb, qorxudan gedib ürəyi.
K r a 1 i ç a.
Yox, yox, içkidəndir, - ah, əziz oğlum!
İçkidən, içkidən zəhərlənmişəm.
Ölür.
H a m l e t.
Bağlayın qapını, burda xain var,
O alçaq bu saat tapılsın gərək!
Laert yıxılır.
L a e r t.
O alçaq burdadır. Hamlet, bilin ki,
Yara almısınız siz də ölümcül.
Dünyada bir məlhəm sağaltmaz sizi,
Heç yarım saat da yoxdur ömrünüz.
Xəyanət aləti əlinizdədir,
Onun nəhs ucuna zəhər çəkilib.
Rəzil hiyləgərlik məhv etdi məni,
Bu yerdən ayağa qalxmaram bir də.
Sizin ananız da zəhərlənibdir.
Daha bacarmıram, kəsilir səsim...
Kraldır, kraldır müqəssir ancaq.
H a m 1 e t.
Deməli, qılınc da zəhərlənibdir!
Ey zəhər, dayanma, öz işini gör!
(Qılıncı kralın köksünə sancır). –
H a m ı.
Xəyanət! Xəyanət!
K r a l.
Ah, kömək edin,
Dostlar, ölməmişəm, yaralanmışam.
H a m 1 e t.
Al, oğraş, al, qatil, yaramaz kral!
Al, iç bu zəhəri, ləlin budurmu?
Di tərpən, anamın arxasınca get!
Kral ölür.
L a e r t.
Çatdı cəzasına ədalət ilə.
Zəhəri o özü hazırlamışdı.
-Gəlin, halallaşaq biz, nəcib
Hamlet. Özümlə atamın ölümü üçün
Keçirəm mən sizin günahınızdan,
Mənim günahımı siz də əfv edin.
Ölür.
H a m 1 e t.
Göylər bağışlasın günahımızı.
Bir azdan gəlirəm arxanızca mən.
-Horatsio, ölürəm, bu da axırı.
Bədbəxt kraliça, artıq əlvida!
-Siz ey bu dəhşətdən titrəyən, əsən,
Rəngi avazıyan dilsiz şahidlər,
Ah, vaxtım olsaydı, sizə deyərdim...
Fəqət ölüm, bu küt, amansız məmur
İnsanı həbs edir təcili, dərhal,
Taleyin höknünü gecikdirmir heç!
Neynək, belə olsun, belədir qismət.
-Horatsio, ölürəm, barı sən yaşa,
Sən mənim haqqımda nə varsa bütün
Əsl həqiqəti ellərə danış.
H o r a t s i o.
Yox, yox, bacarmaram, sizsiz yaşasam,
Daniyalı deyil, romalıyam mən.
Burda mənim üçün zəhər qalıbdır.
H a m 1 e t.
Qədəhi mənə ver, sən ki, kişisən,
Allah xatirinə, mənə ver onu.
Əziz Horatsio, eldən-obadan
Əgər gizli qalsa dərdli həyatım,
Bürüyər adımı qara ləkələr,
Gələcək nifrətlə yad edər məni.
Hərgah dostumsansa, onda bir müddət
Əl çək, imtina et səadətindən.
Bu kobud dünyada əzablara döz,
Yenə də nəfəs al qəmlə, kədərlə,
Hamıya nəql elə hekayətimi.
Səhnə arxasından marş və yaylım atəş eşidilir.
Görən, bu hərbi marş, bu atəş nədir?
O z r i k.
Polşa torpağından qələbə ilə
Geriyə qayıdır gənc Fortinbras.
Odur ki, ingilis səfirlərini
Yaylım atəşiylə salamlayır o.
H a m 1 e t.
Horatsio, ölürəm, oh, kəskin zəhər
Qırır amanımı, qətiyyətimi.
Müjdələr gələndə İngiltərədən
Dünyada mən artıq olmayacağam.
Bunu qabaqcadan hiss edirəm ki,
Taxt-tac çatacaqdır Fortinbrasa.
Mən buna razıyam sidqi-ürəkdən.
Böyüklü-kiçikli hadisələri
Bir-bir danışarsan sən özün ona.
Sonrasa, sonrasa... əbədi sükut.
Ölür.
H o r a t s i o.
Heyf, susdu böyük, gözəl bir ürək! - Yatın, rahat yatın, mehriban prins. Müqəddəs göylərdən enib mələklər
Sizə lay-lay çalsın nəğmələriylə. - Nədir təbil səsi, kimdi gələnlər?
Səhnə arxasında marş.
Fortinbras, ingilis səfirləri və məiyyət əllərində bayraqlı təbil sədaları altında daxil olurlar.
F o r t i n b r a s.
Hanı bu tamaşa?
H o r a t s i o.
Hansı tamaşa,
Dünyada görünüb eşidilməmiş
Ağır müsibətmi?
O buradadır.
F o r t i n b r a s.
Hər tərəfdə cəsəd, hər tərəfdə qan!
Bu nədir? Bu qədər qurbanlarmı
Qırıb dəhşət ilə, qırıb qeyz ilə,
Yoxsa lovğa ölüm öz sarayında
Bu gün kef eləyir, ziyafət verir?
B i r i n c i s ə f i r.
Nə müdhiş səhnədir! İngiltərədən
Gətirilən xəbər yaman gecikdi.
Kralın hökmü yerinə yetib,
Ölüb Rozenkrants Qildensternlə.
Kral sağ olsaydı, razı qalardı,
İndi kim edəcək bizə təşəkkür?
H o r a t s i o.
O sizə təşəkkür etməzdi əsla,
Heç vaxt istəməyib o bu ölümü.
İndi ki, siz gəlib İngiltərədən
Polşada döyüşdən qalib çıxdınız,
Geri qayıdarkən gördünüz burda
Ürəyə dağ basan bu cinayəti,
Onda əmr eyləyin, cənazələri
Gətirib yığsınlar bir hündür yerə.
Mənə izn verin, hamıya bir-bir
Danışım burada baş verənləri.
Söyləyim şəhvətin rəzalətini,
Hiylənin qan saçan cinayətini,
Nahaq qırğınları, nəhs hökmləri,
Zorun, alçaqlığın qətllərini.
Axırda da deyim necə, nə təhər
Düşdü quyu qazan öz quyusuna.
Mən bütün bunları nəql edim sizə.
F o r t i n b r a s.
Tez gəlin dinləyək bu faciəni,
Təcili, tələsik şura çağıraq.
Uğursuz bir gündə güldü taleyim,
Mənim taca-taxta ixtiyarım var,
Gərək öz haqqımı bildirəm indi.
H o r a t s i o.
Bunu da mən sizə bildirməliyəm,
Hamletin səsidir taleyin səsi,
O sizə səs verdi son nəfəsində.
Gəlin cəld tərpənək, cəld görək işi,
Yoxsa ağıl-şüur dumanlı ikən
Daha çox dəhşətlər baş verə bilər.
F o r t i n b r a s.
Hamleti igid bir sərkərdə kimi,
Dörd nəfər kapitan çiyninə alsın,
Meydana aparsın hərbi qaydada.
Onun arxasınca hərbi musiqi
Göylərə ucalsın qəmlə, kədərlə.
Hamlet sağ olsaydı, şübhəsiz ki, o
Ən gözəl, ən yaxşı kral olardı.
Götürün, götürün cənazələri! -
Döyüşlərdə olur belə cinayət,
Buralar necə də dəhşətdir, dəhşət. -
Bu qəm məskənindən uzaqlaşaq biz,
Yaylım atəşinə əmr veriniz.
Matəm marşı. Cəsədləri apararaq gedirlər. Toplardan yaylım atəşi açılır.
|