HAMLET
İngilis dilindən tərcümə edəni: Sabir Mustafa
İŞTİRAK EDƏNLƏR:
Klavdi Danimarka kralı
Hamlet keçmiş kralın oğlu, indikinin qardaşı oğlu
Fortinbras Norveç şahzadəsi
Horatsio Hamletin dostu
Poloni kral sarayının müşaviri
Laert onun oğlu
Voltimand saray adamları
Korneli
Rozentrants Hamletin keçmiş universitet yoldaşları
Qildenstern
Ozrik
Zadəgan
Keşiş
Marsel zabitlər
Bernardo
Fransisko əsgər
Reynaldo Poloninin yaxın adamı
Kapitan
İngilis səfirləri
Aktyorlar
İki məzarçı
Gertruda Danimarka kraliçası, Hamletin anası
Ofeliya Poloninin qızı
Lordlar, ledilər, zabitlər, əsgərlər, dənizçilər, carçılar, xidmətçilər.
Hamletin atasının kölgəsi
Hadisələr Elsinorda cərəyan edir.
BİRİNCİ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Elsinor. Qəsrin önündə bir meydan.
Fransisko keşikdə dayanıb. Bernardo ona yaxınlaşır.
B e r n a r d o.
Orda kim var?
F r a n s i s k o.
Dayan, sən özün kimsən?
B e r n a r d o.
Yaşasın kral!
F r a n s i s k o.
Bernardo?
B e r na r d o.
Mənəm.
F r a n s i s k o.
Növbənə gəlmisən lap öz vaxtında.
B e r n a r d o.
Gecə yarı oluıb, get yat, qardaşım.
F r a n s i s k o.
Çox sağ ol ki, məni əvəz elədin.
Donmuşdum, qəlbim də bərk darıxırdı.
B e r n a r d o.
Növbən necə oldu, sakit keçdimi?
F r a n s i s k o.
Gözə görünmədi bir siçan belə.
B e r n a r d o.
Yaxşı, xudahafız, di get, əzizim.
Sonə rast gəlsələr Horatsio, Marsel,
Tələsdir, növbəyə gecikməsinlər.
F r a n s i s k o.
Deyəsən, onlardır. Dayanın, kimdir?
(Horatsio ilə Marsel daxil olurlar).
H o r a t s i o.
Vətən oğulları.
M a r s e 1.
Kral nökərləri.
F r a n s i s k o.
Mən getdim, hələlik.
M a r s el .
Yaxşı yol, dostum.
Yerində kim qaldı?
F r a n s i s k o.
Odur, Bernardo.
Sağ olun, gecəniz xeyrə qalsın.
Gedir.
M a r s e 1.
Ey Bernardo!
B e r n a r d o.
Nə var, bir söylə görüm.
Horatsio burdadır?
H o r a t s i o.
Deyəsən, burdadır.
B e r n a r d o.
Xoş gördük, Horatsio, xoş gördük, Marsel.
H o r a t s i o.
Hə, bu gecə o zad yenə gəldimi?
B e r n a r d o.
Heç nə görməmişəm.
M a r s e 1.
Horatsio inanmır buna heç cürə.
Deyir: iki dəfə o gördüyümüz
Kölgə yalnız bizim uydurmamızdır.
Odur ki, gətirdim Horatsiomı,
Bu gecə keşikdə qalsın bizimlə.
Yenidən gələrsə o qorxulu ruh,
Onu öz gözüylə görüb inansın,
Həm də bir onunla söhbət eləsin.
H o r a t s i o.
Boş şeydir, o gəlməz. "
B e r n a r d o.
Əyləşin bir az,
Bu iki gecədə nə görmüşüksə,
Bir daha birbəbir hamısını biz
Sizə danışaq ki, inanasınız.
H o r a t s i o.
Yaxşı, əyləşəyin, danış, Bernardo.
B e r n a r d o.
Dünən gecə göydə qütb ulduzundan
Qərb tərəfdə doğan həmən o ulduz
Yenicə bu cürə nur saçırdı ki,
Marsellə mən idim, saat bu zaman
Bir dəfə vurmuşdu...
Kölgə gəlir.
M a r s e 1.
Sus bir, kəs səsini, bax, yenə gəlir!
B e r n a r d o.
Lap özüdür, mərhum kralımızdır.
M a r s e l.
Horatsio, tez ol, onunla danış,
Axı, oxumusan, sən savadlısan.
B e r n a r d o.
Horatsio, bax, krala oxşamayırmı?
H o r a t s i o.
Odur! Qorxu, heyrət sarsıdıb məni.
B e r n a r d o.
O, sual gözləyir.
M a r s e 1.
Soruş, Horatsio.
H o r a t s i o.
De kimsən, nəçisən? Danimarkanın
Mərhum kralının əzəmət dolu,
Vüqarlı, möhtəşəm qiyafəsinə
Nə haqla girmisən bu gecəyarı?
Göyə and verirəm səni, cavab ver!
M a r s e 1.
Söz ona toxundu.
B e r n a r d o.
Görürsən, gedir.
H o r a t s i o.
Dayan, and verirəm, dayan, cavab ver.
Kölgə gedir.
M a r s e 1.
O getdi, danışmaq istəmədi heç.
B e r n a r d o.
Nə oldu, Horatsio? Rəngin saralıb,
Əsirsən; bu indi uydurmadımı?
Danış, sözün nədir, hə, fikrin nədir?
H o r a t s i o.
Onu görməsəydim öz gözlərimlə,
Allaha and olsun, inanmazdım heç.
M a r s e 1.
Oxşayırmı bizim kralımıza?
H o r a t s i o.
Sən özün-özünə oxşadığıntək.
O, xudpəsənd Norveç kralı ilə
Döyüşdəki hərbi paltarındaydı.
Polşa kralını danışıq vaxtı
Hirslənib xizəkdən buzun üstünə
Atdığı gün kimi qaşqabaqlıydı.
Bu çox qəribədir!
M a r s e 1.
O elə bu zaman dünən iki yol
Keçdi yanımızdan əzəmət ilə.
H or a t s i o.
Mən dəqiq bilmirəm, ümumiyyətlə,
Bunu bilirəm ki, dövlətimizi
Tutacaq bəladan bu xəbər verir.
M a r s e 1.
Gəlin əyləşəyin. Kim mənə deyər,
Gecələr hamını incidən, üzən
Eyni ciddiyyətlə, böyük diqqətlə
Belə keşik çəkmək nə deməkdir, nə?
Təcili yaranan dəhşətli toplar,
Xaricdən alınan qorxunc silahlar
İşarə deyilmi müharibəyə?
Gəmi hazırlayan ustalar neçin
Bazar günləri də iş günləritək
İşləyir bir an da ara vermədən?
Gecə də, gündüz də qan-tər içində
Tələsik bu cürə hazırlıq nədir?
Bunları kim mənə izah eyləyər?
H o r a t s i o.
Mən izah edərəm. Belə deyirlər,
İndicə surəti bizə görünən,
-Bildiyiniz kimi, bizim kralı
-İxtiyar Hamleti Norveç hakimi
Lovğa Fortinbras qanlı döyüşə
Təhrik eləyibdir. Həmin döyüşdə
Bizim cəsur kral öldürüb onu,
Çatıbdır dünyada şana-şöhrətə.
Şərəf qanunuyla təsdiq olunan
Belə müqavilə bağlanıb əvvəl:
Əgər Fortinbras məğlub olarsa,
Onun həyatı da, torpaqları da
Keçəcək əlinə bizim kralın.
Yox, əgər döyüşdə qalib glərsə,
Bizim hökmdarın varı-dövləti
Keçəcəkdir onun sərəncamına.
O müqaviləyə uyğun olaraq
Bütün malı-mülkü Fortinbrasın
Verilib Hamletin ixtiyarına.
İndi onun oğlu gənc Fortinbras
Sönməz coşqunluqla alovlanaraq
Gəzib oymaq-oymaq bütün
Norveçi Qanuna-qaydaya tabe olmayan,
Bir qarın yeməkçün başkəsənləri
Başına toplayıb, qoşun düzəldib.
İstəyir, atası qoca kralın
Bir vaxt itirdiyi bütün yerləri
Zor ilə, güc ilə geri qaytarsın.
Bu yaxşı məlumdur bizim dövlətə.
Zənnimcə, ölkədə tələm-tələsik
Əsgər toplamağın, çaxnaşmaların
Əsas səbəbi də elə tək budur.
B e r n a r d o.
Bu ancaq belədir, başqa cür olmaz.
Al qanlara həris, hərblərə bais
Krala bənzəyən o qorxunc kölgə
Belə qəzəb ilə silahlanaraq
Bizim düşərgəni nahaq dolanmır.
H o r a 1 s i o.
Ağlımın gözünə o batır qumtək...
Roma dövlətinin ən şanlı vaxtı,
Qüdrətli Sezarm qətlindən əvvəl
Ölülər məzardan çıxıb bayıra,
Gəzib küçələri ağ kəfənlərdə
Qorxunc, anlaşılmaz sözlər deyirmiş.
Quyruqlu ulduzlar göydən od töküb,
Qanlı yağış yağıb, tutulub günəş.
Dəniz Allahmı - qadir Neptunu
Hər zaman hökmündə saxlayan ay da
Müdhiş qaranlığa qərq olub tamam.
Elə bil ki, çatıb qiyamət günü.
Bəlkə, yerlər, göylər birləşib indi
Bizim yurddaşlara, bizim ellərə
Xəbərlər gətirən carçılar kimi,
Elə dəhşətlərtək dəhşət göstərir,
Sonra da fəlakət baş verəcəkdir.
Kölgə qayıdır.
Dinməyin, bir baxın, o yenə gəlir!
Ölsəm də mən onu saxlayacağam.
Dayan, sən ey xəyal! Səsin vardısa,
Əgər danışmağı bacarırsansa,
Sirrini söylə!
Sənə istirahət, bizə səadət
Gətirə biləcək, bəlkə, bir iş var,
Sirrini söylə!
Ölkənin dərdini duyubsan, bəlkə,
Biz onu tez bilsək, dəf eyləyərik,
Tez mənə söylə!
Bəlkə, sağlığında sən bir xəzinə
Zorla əldə edib, zorla qəsb edib
Gizlədibsən onu torpağın altda.
Belə deyirlər ki el arasında,
Siz ruhlar gəzirsiz xəzinə üçün,
Xoruz banlayır.
Sirrini aç mənə, dayan, bir söylə!
Marsel, saxla onu!
M a r s e 1.
Qılıncla vurum?
H o r a t s i o.
Hə, vur dayanmasa.
B e r n a r d o.
Burdadır!
H o r a t s i o.
Budur!
M a r s e 1.
O getdi! (Kölgə gedir). Toxunduq şah vüqarına,
Güc göstərib təhqir eylədik onu.
O hava kimidir, qılınc kəsməyir,
Hədərdir, gülüncdür zərbələrimiz.
B e r n a r d o.
Danışardı, heyf, banladı xoruz.
H o r a t s i o.
Bu səsdən diksinib çəkildi dərhal,
Qorxdu günahkartək cavab verməyə.
Belə bir söz var ki, sübhün carçısı
Xoruz zil səsiylə gündüz
Allahı -Günəşi oyadır öz yuxusundan.
Bu səsi eşitcək suda, atəşdə,
Torpaqda, havada dolaşan ruhlar
Tələsik qayıdır qəbirlərinə.
Biz indicə gördük bu həqiqəti.
M a r s e 1.
Xoruz banlayanda qeyb oldu kölgə.
Deyirlər ki, hər il qışdan az əvvəl,
Milad bayramında gecə sübhədək
Banlayır durmadan o səhər quşu.
Onda gəzə bilmir heç yerdə ruhlar,
Onda gecə keçir asııdə, rahat,
Yerə ziyan vurmur səyyarələr də,
Sehr də, cadu da düşür kəsərdən.
Vaxt belə müqəddəs, belə xoş olur!
H o r a t s i o.
Mən də eşitmişəm, az inamım var.
Baxın, səhər geyib qızıl donunu,
Gəlir şərq tərəfdən şehli zirvəylə.
Keşikdən gedəyin, budur məsləhət.
Bu gecə burada gördüyümüzü
Tez xəbər verəyin prins Hamletə.
Canım haqqı, bizə lal olan bu ruh
Onu görən kimi danışacaqdır.
Dostluğun, vəfanın hökm etdiyitək,
Deyin, biz bu sirri açaqmı ona?
M a r s e 1.
Gərək mütləq açaq, indi Hamletin
Harda olduğunu bilirəm, dostlar.
Gedirlər.
İKİNCI SƏHNƏ
Kral sarayında qəbul salonu.
Təntənəli musiqi.
Kral, kraliça, müşavirlər, Poloni, Laert, Voltimand, Korneli, Hamlet və başqaları daxil olurlar.
K r a l.
Əziz qardaşımız Hamletin yası
Hələ sona çatıb qurtarmasa da,
Qəlbimiz qalsa da kədər içində,
Matəmə batsa da bütün krallıq,
Gərək biz ağılla dözək bu dərdə.
Ağıl fəlakətlə vuruşub hər vaxt,
Gərək unutmayaq özümüzü biz.
Odur ki, əvvəllər bacımız olan,
İndi hamımızın kraliçamız
-Bu hərbi dövlətin varisi ilə
Biz kəbin kəsdirdik.
Gözlərimizin İndi biri gülür, biri ağlayır.
Dərdimiz birləşib şadlığımızla.
İndi tərəzinin iki gözünün
Birində sevinc var, birində kədər.
Nikah bağlayanda müşavirlərin
Bütün sözlərinə biz əməl etdik.
Siz də yaxşı, müdrik məsləhət üçün
Bizim təşəkkürü qəbul eyləyin.
Sonra da aydındır: gənc Fortinbras
Ya bizi saymayır, ya zənn edir ki,
Əziz və istəkli qardaşımızın
Ölümündən sonra dövlətimizdə
Hərc-mərcilikdir, özbaşınalıqdır.
Aldanıb uyaraq boş xəyallara
Elə düşünür ki, güclüdür bizdən.
Bizi dəng eləyib məktublarıyla,
Qoca atasının itirdiyini
-Cəsur, şücaətli qardaşımızın
Qanunla aldığı bütün yerləri
Bizdən qaytarmağı tələb eyləyir.
Budur müxtəsəri onun haqqında.
İndi həm özümüz, həm də məclisin
Əsl mahiyyəti, məğzi barədə:
Qarşıda görməli çox işimiz var;
Norveç kralına, Fortinbrasın
Əmisinə məktub hazırlamışıq.
O qoca xəstədir, düşüb yatağa.
Qardaşı oğlunun əməllərini,
Yəqin ki, eşitmir zəifliyindən.
Məktubda biz ondan rica edirik,
Alsın qabağım bu dikbaşlığın.
Yazmışıq bilsin ki, bütün qoşunlar
Toplanıbdır onun rəiyyətindən,
Xərci də verilir xəzinəsindən.
Mehriban Korneli, əziz Voltimand,
Məktubu sizinlə göndəririk biz.
O qoca krala salam aparın,
Artıq səlahiyyət vermirik sizə.
Nəzakət göstərin danışıq vaxtı,
Qanun sərhədindən kənar çıxmayın.
Gedin, zirək olun, qoy cəldliyiniz
Sədaqətinizi sübut eyləsin.
Korneli, Voltimand.
Yenə də hər zaman olduğu kimi,
Sizə sədaqəti sübut edərik.
Kral.
Bir şübhəmiz yoxdur, sizə yaxşı yol.
( Voltimand və Korneli gedirlər).
Hə, Laert, danışın, təzə nə xəbər?
Deyirdiniz, bizdən xahişiniz var.
O nədir ki, Laert? Xeyirlidirsə,
Siz öz arzunuza çatacaqsınız.
Dünyada nə varsa, nə mümkündürsə,
Onu heç vaxt sizdən əsirgəmərəm.
Danimarka taxtı atanız üçün
Əllərin ağıza, başın ürəyə
Xidmət etdiyindən az xidmət etmir.
Deyin arzunuzu!
L a e r t.
Böyük hökmdar,
Lütf edin, qayıdım mən Fransaya.
Bu şanlı tacqoyma mərasimində
Sizə göstərməkçün məhəbbətimi
Mən özüm oradan gəldim vətənə.
Etiraf edim ki, indi yenidən
Fikirlər, arzular, vəzifə borcu
Məni Fransaya çəkir birbaşa.
Təvəqqe edirəm, icazə verin.
K r a 1.
Atanız nə deyir, razılaşırmı?
P o l o n i.
Hökmdar, o, sonsuz yalvarışıyla
Meni cana yığdı, təngə gətirdi.
Nəhayət, razılıq verdim mən ona.
Xahiş eyləyirəm, izin veriniz.
K r a l.
Uğur olsun, Laert, öz vaxtınızı
Necə istəyirsiz, elə keçirin.
Hə, indi əzizim, mehriban Hamlet,
Ey mənim qohumum, ey mənim oğlum...
H a m 1 e t (kənara).
Qohumdan çox yaxın, oğuldan uzaq.
K r a 1.
Yenə qəm buludu alıb üzünü? Hamlet.
Əksinə, hökmdar, şadlıq günəşi
Onu daha artıq nura qərq edib.
K r a 1 i ç a.
Ah, Hamlet, gecətək tökmə qaş-qabaq,
Krala səmimi bir dost təki bax.
Gözünü zilləyib sən nə vaxtacan
Atanı torpaqda axtaracaqsan?
Bilirsən, əzəldən dünya belədir.
Canlılar öləcək, bax təbiətə,
Hamı bir-bir köçür əbədiyyətə.
H a m 1 e t.
Hə, dünya belədir.
K r a 1 i ç a.
Bəs nədən sənə
Bu matəm görünür təkcə, yeganə?!
H a m l e t.
Görünür! Yox, xanım, düzü belədir.
"Görünür?!" sözünü bilmirəm qəti.
Nə qara plaşım, nə yas paltarım,
Nə acı fəryadım, sonsuz göz yaşım,
Nə də ki üzümü tutan qəm-kədər,
Dünyada əzabı, dərdi əks edən
Heç bir şey, heç bir şey mənim qüssəmi
Heç vaxt həqiqətən göstərə bilməz,
"Görünmək", bu özü bir tamaşadır,
Bunu hər bir adam oynaya bilər.
Mənim qəlbimdədir dərdim, möhnətim,
Göstərmək deyildir onu adətim. Kral.
Atana bu qədər yas saxlamağın
Tərifəlayiqdir, gözəldir, Hamlet,
Fəqət bilməlisən, sənin atan da,
Onun atası da atalarmı
Taleyin hökmüylə itirib bir vaxt.
Oğulluq borcudur, atamız üçün
Biz gərək bir müddət matəm saxlayaq.
Ancaq ömür boyu qəmə qərq olub
Yas içində qalmaq günahdır, inan.
Kişiyə yaraşmaz belə bir kədər.
Bu kədər iradə zəifliyini,
Ağıl azlığını, qəlb korluğunu,
Avamlığı aydın göstərir, oğlum.
Ən adi, təbii bir hadisətək
Olacaq bir işə zidd çıxıb nədən
Deyinək, biz onun dərdini çəkək?
Yox, yox, bu günahdır göylər önündə,
Təbiət önündə, mərhum önündə,
Dünya yaranandan bu günə kimi
Ölən ataların cənazəsini
"Belə olmalıdır" sözləri ilə
Qəbrə yola salan insan ağlının
Qarşısında böyük bir qəbahətdir.
Bu sonsuz kədəri dəfn et torpağa,
Bu gündən özünə ata say bizi.
Qoy aləm bilsin ki, bu tacın-taxdın
Ən yaxın adamı sənsən dünyada.
Oğluna ən böyük sevgi bəsləyən
Atadan mən səni az sevməyirəm.
Təhsilini davam eyləmək üçün
Vittenberqe getmək niyyətindəsən.
Bu heç cür yatmayır ürəyimizə.
Ey əziz oğlumuz, vəliəhdimiz!
Xahiş eyləyirik, dəyiş fıkrini,
Gözümüz önündən getmə uzağa,
Sənin hər qayğını çəkək özümüz.
K r a 1 i ç a.
Qoyma yerə düşsün ananın sözü,
Getmə, bizimlə qal, burda qal, Hamlet.
H a m 1 e t.
Sizə tabe olmaq borcumdur, xanım.
K r a l.
Bu necə də həlim, gözəl cavabdır.
Ev sənindir, oğlum. Xanım, gəl gedək.
Hamletin bu zərif, qəşəng sözləri
Mənim ürəyimə sevinc gətirdi.
Bunun şərəfinə badə içəndə „
Hər qədəhdən sonra top nərələri
Gərək buludları lərzəyə salsın.
Yerdə çaxan şimşək göylərdə bu gün
Əks-səda versin. Gəlin gedəyin.
(Hamletdən başqa hamı gedir).
H a m 1 e t.
Ah, insan bədəni, necə möhkəmsən!
Əriyib dönmürsən göz yaşlarına.
Ey qadir yaradan, intiharı kaş
Yasaq etməyəydin biz insanlara.
İlahi, ilahi! Mənə bu dünya
Necə də mənasız, miskin görünür.
Hər yanda rəzalət, hər yanda dəhşət!
Baxımsız bağçanı kol-kos basantək,
Əclaflıq, alçaqlıq tutub dünyanı.
Bu iş nə tez oldu, nə cür baş verdi!
İki aydır ölüb, iki ay olmaz.
Elə gözəl kral, nəcib bir insan...
O, günəş Allahı Apollon idi,
Bu, içki tanrısı yaramaz Satir.
O mənim anamı elə sevirdi,
Qoymurdu üzünə meh də toxunsun.
Ey yerlər, ey göylər, yada salımmı?
Atamın boynuna sarmaşıb anam,
Ona məftunluqla baxar, baxardı,
İndisə aradan bircə ay keçmiş...
Bunu düşünməsəm daha yaxşıdır.
Qadınlar, qadınlar, sizin adınız
Etibarsızlıqdır aləmdə yalnız.
Bircə ay! Matəmli Niobeyatək
Göz yaşı içində mərhum atamın
Tabutu dalınca getdiyi zaman
Geydiyi başmaqlar köhnəlməmişdən
O qadın, o anam, aman ilahi...
Ağılsız, duyğusuz vəhşilər belə
Ondan daha artıq yas saxlayardı.
O mənim əmimə ərə gedibdir.
Gör kimə? Atamın öz qardaşına.
Mənim Herkulesə bənzədiyimtək
Onun da atama bənzəri vardı.
Ancaq tək bircə ay! Saxta göz yaşı
Hələ qurumamış yanaqlarında
O ərə gedibdir. Qorxunc sürətlə,
Belə bir tezliklə izdivac etmək!
Yox, yox, xeyir deyil bu işin sonu.
Partla, ey ürəyim, partla, parçalan;
Dilim susmalıdır, mən susum gərək!
Horatsio, Marsel ve Bernardo daxil olurlar.
H o r a t s i o.
Möhtərəm prinsə salam, ehtiram!
H a m l e t.
Sizi sağ-salamat görməyə şadam.
Horatsio! Bu nədir, səhv görür gözüm?!
H o r a t s i o.
Özüdür, ömürlük sizin qulunuz.
H a m l e t.
Horatsio, sən dostum olasan deyə
Mən özüm olardım ömürlük qulun.
Mənim əziz dostum! Vittenberqdən
Səni nə gətirib axı buraya?
O da Marseldirmi?
M a r s e 1.
Mehriban prins...
H a m l e t.
Mən sizi görməyə ürəkdən şadam...
(Bernardoya).
Axşamınız xeyir.
(Horatsio).
Doğrudan, söylə,
Səni nə gətirdib Vittenberqdən?
H o r a t s i o.
Tənbəllik gətirdib, əzizim milord.
H a m l e t.
Düşmən belə deməz sənin haqqında.
Sən özün-özünə böhtan ataraq
Gəl məni boş yerə təngə gətirmə.
Yaxşı bilirəm ki, tənbəl deyilsən.
Düz de, Elsinorda nə işin vardır?
Yoxsa içmək üçün gəldin buraya,
Sənə sərxoşluğu öyrədərik biz.
H o r a t s i o.
Milord, atanızın dəfninə gəldim.
H a m l e t.
Məni ələ salma, tələbə dostum,
De ki, ananızın toyuna gəldim.
H o r a t s i o.
Doğrudan da, milord, bu iş tez oldu.
H a m l e t.
Qənaət, qənaət gərək, Horatsio!
Qabaqlarda qalmış ehsan yeməyi
Birbaşa verildi toy sürfəsinə.
Qəddar düşmənimi cənnətdə görmək
Bu günü görməkdən yaxşı olardı.
Atamı görürəm, sanki atamı.
H o r a t s i o.
Harda, əziz milord?
H a m 1 e t.
Öz xəyalımda.
H o r a t s i o.
Ömrümdə bir dəfə görmüşəm onu,
Gözəl, əzəmətli bir kral idi.
H a m l e t.
İnsanlar içində bir insan idi.
Elə bir insanı görmərəm daha
H o r a t s i o.
Milord, dünən gecə mən gördüm onu.
H a m l e t.
Gördün? Kimi?
H o r a t s i o.
Milord, şanlı kralı, Sizin atanızı.
H a m 1 e t.
Mənim atamı!
H o r a t s i o.
Təəccüb etməyin, dinləyin bir az,
Danışım mən sizə bu möcüzəni.
Qoy bu cənablar da şahid olsunlar.
H a m 1 e t.
Danış, tez ol, tez ol, Allah eşqinə!
H o r a t s i o.
Ötən iki gecə bu iki cənab,
Marsellə Bernardo növbə çəkərkən
Heç vaxt görünməmiş belə iş olub:
Sizin atanıza bənzəyən bir şəxs
Başdan ağayadək silah içində
Onların gözünə görünüb birdən.
Təmkinlə, vüqarla, əzəmət ilə
Üç dəfə onların önündən keçib,
Yazıqların nitqi batıb dəhşətdən,
İldırım vurmuştək donub qalıblar.
Sonra qorxunc sirri açıblar mənə.
Onlarla birlikdə üçüncü gecə
Mən də keşik çəkdim, nə demişdilər
Bir-bir tamamilə təsdiq olundu.
O kölgə həmin vaxt həmin yerdəcə
Gəlib qarşımızdan keçdi bir daha.
Elə oxşayırdı atanıza ki,
İnsan əlləri də biri-birinə
Bu cürə bənzəməz.
H a m 1 e t.
Bu harda olub?
M a r s e 1.
Keşik çəkdiyimiz meydanda, milord.
H a m 1 e t.
Danışa bilmədiz bəs siz onunla?
H o r a t s i o.
Danışdım, ancaq o cavab vermədi.
Başını qaldırdı, elə zənn etdim
Danışmaq istəyir, fəqət bu ara
Bir xoruz banladı. Xoruz səsini
Kölgə eşidəntək tez uzaqlaşdı,
Bir anda qeyb oldu.
H a m 1 e t.
Çox qəribədir.
H o r a t s i o.
Canıma and olsun, bu həqiqətdir.
Borc bildik bu sirri açmağı sizə.
H a m 1 e t.
Təşəkkür, təşəkkür edirəm, dostlar.
Lakin sözləriniz çaşdırır məni.
Bu axşam növbəyə kim gedəcəkdir?
Marsel və Bernardo.
Biz, milord.
H a m 1 e t.
Dediniz, o silahlıydı?
Marsel və Bernardo.
Silahlıydı, milord.
H a m 1 e t.
Başdan ayağa?
Marsel və Bernardo.
Təpədən dırnağa.
H a m 1 e t.
Onun özünü,
Demək, görmədiniz?
H o r a t s i o.
Xeyr, gördük, milord.
Kölgə qaldırmışdı öz niqabını.
H a m 1 e t.
Hirslə tökmüşdümü qaş-qabağını?
H o r a t s i o.
Hirslidən daha çox kədərli idi.
H a m 1 e t.
Çöhrəsi solğundu, yoxsa qırmızı?
H o r a t s i o.
Yaman saralmışdı.
H a m 1 e t.
Gözünü sizə
Zilləyib baxırdı?
H o r a t s i o.
Kirpik çalmırdı.
H a m 1 e t.
Kaş orda sizinlə mən də olaydım.
H o r a t s i o.
Siz sonsuz heyrətdən şaşırardınız.
H a m 1 e t.
Elədir, elədir. O çox dayandı?
H o r a t s i o.
Rahat yüzə qədər saymaq olardı.
Marsel və Bernardo.
Daha çox, daha çox.
H o r a t s i o.
Mən görən zaman
Şübhəsiz, o bundan artıq qalmadı.
H a m 1 e t.
Saqqalı ağdımı?
H o r a t s i o.
Sağlığında mən
Gördüyümtək azca qırov düşmüşdü.
H a m 1 e t.
Keşik çəkəcəyəm sizinlə mən də,
Bəlkə, yenə gəldi.
H o r a t s i o.
Hökmən gələcək.
H a m 1 e t.
O kölgə bir daha əziz atamın
Əziz surətində gözə görünsə,
Cəhənnəm də yumsa ağzımı hətta,
Onunla mən mütləq danışacağam.
Mənim hamınızdan bir xahişim var:
Bu sirri siz gizli saxlamısızsa,
Yenə, yenə onu gizli saxlayın.
Bu gecə orada nə iş baş versə,
Göz qoyun, heç kimə deməyin ancaq.
Sevginizə qarşı borclu qalmaram.
Di gedin, hələlik. Saat on birlə
On iki arası həmin meydana,
Sizin yanınıza gələcəyəm mən.
H a m ı s ı.
Borcumuzdur sizə xidmət eyləmək.
H a m 1 e t.
Yox, yox, sevginizdir arxam, dayağım.
Qəlbimiz eynidir, dostlar, sağ olun.
(Horatsio, Marsel və Bernardo gedirlər).
Atamın kölgəsi, həm də silahlı!
Bunlar fəlakətdən bir nişanədir.
Bəlkə də, hiylədir. Kaş ki, bu gecə
Bircə tez olaydı. Sakit qal, könlüm!
Cinayət girsə də yerin dibinə,
Üzə çıxacaqdır vaxtında yenə.
Gedir.
ÜÇÜNCÜ SƏHNƏ
Poloninin evində bir otaq.
Laert ve Ofeliya gəlirlər.
L a e r t.
Artıq gəmidədir bağlamalarım.
Salamat qal, bacım, tənbəllik etmə,
Bir imkan, bir fürsət tapan kimi sən
Mənə məktub göndər.
O f e 1 i y a.
Şübhən var buna?
L a e r t.
Hamlet barədəsə... onun eşqini
Qanın coşması bil, boş əyləncə say.
Gənclərə dəb düşüb indi vurulmaq.
İlk bahar gələndə, bənövşə kimi,
Tez açıb, tez solar onun sevgisi,
Ətri, gözəlliyi bir anlıq olar.
Çox çəkməz.
O f e 1 i y a.
Çox çəkməz?
L a e r t.
İnan, çox çəkməz.
Yalnız əzələylə böyümür bədən,
-Bu məbəd böyüyüb yekələndikcə
Ağlın da, qəlbin də artır xidməti.
Bəlkə də, o sevir səni ürəkdən,
Niyyəti təmizdir, məhəbbəti saf,
Fəqət sən hər zaman ehtiyatlı ol.
Unutma, yüksəkdir onun mövqeyi,
Lakin hakim deyil özü özünə.
Hissinin, qəlbinin əsiridir o,
Öz arzusu ilə, öz zövqü ilə
Adi adamlartək hərəkət etmir.
Bütün bu dövlətin müqəddaratı
Asılıdır onun hər bir işindən.
Onun sevgisi də, məhəbbəti də
Dövlətin xeyrini güdməlidir, bil.
Başında öz fikri olmur prinsin,
Başqa bədənlərə o, başdır ancaq.
Hərgah gəlib desə: sevirəm səni,
İnanma, ağılla götür-qoy elə:
Dura biləcəkmi sözünün üstdə,
Məşhur əyanları Danimarkanın
Razı olacaqmı bir gör onunla.
Düşün, hansı bəla gözləyir səni?!
Əgər onun sevgi nəğmələrinə
İnanıb ləkəsiz qəlbini versən,
O boş, zəhlətökən uydurmalara
Açsan saf eşqini xəzinə kimi,
Bil ki, şərəfini itirəcəksən.
Ondan, Ofeliya, qorx, əziz bacım.
Hissini qəlbində boğmağı bacar,
Bu qorxunc sevgidən uzaq ol, uzaq.
Aya göstərirsə gözəlliyini,
Qız üçün bu özü ədəbsizlikdir.
Saflığa həmişə ləkə tez düşür.
Hələ qönçədəykən yaz çiçəkləri,
Onları qurd yeyir hey için-için.
Gəncliyin sübh şehi şəfəq saçanda
Xəstəliyə düşmək dəhşətdir, dəhşət.
Heç vaxt ehtiyatı buraxma əldən,
Ehtiyat insana gözəl sipərdir.
Bir səbəb olmadan qan dalğalanır,
Gənclik ehtirası od tutub yanır.
O f e l i y a.
Bu gözəl öyüdün gözəl mənası
Gözətçi olacaq könlümə hər vaxt.
Ancaq, əziz qardaş, göyə ucalan
Sıldırımlı yolu mənə göstərib,
Özü gül-çiçəkli cığırla gedən,
Verdiyi öyüddən utanmaz, məlun,
Günahlar törədən bir keşiş olma.
L a e r t.
Qardaşına inan. Mən çox dayandım.
Aha, atamız da gəlir, odur, bax.
(Poloni daxil olur).
İki dəfə almaq xeyir-duam
Özü də ikiqat bir səadətdir.
Təzədən ayrılmaq qismətmiş bizə.
P o l o n i.
Hələ də burdasan? Laert, bu nədir!
Yola düş, yola düş, tez ol, ayıbdır!
Yelkənin çiyninə qonubdur külək,
Sənin gəlməyinə mətəldir hamı.
Apar özün ilə xeyir-duamı,
Oğlum, bu sözlərim qalsın yadında:
Sirrini heç kimə açıb söyləmə,
Heç vaxt düşünmədən görmə bir işi.
Sadə, mehriban ol, ancaq heç vədə
İnanıb hamıyla yaxınlıq etmə.
Sınanmış, vəfalı dostlarmı sən
Polad tellər ilə qəlbinə bağla
Hər nadan tanışla, dönük yoldaşla
Görüşüb əlini qabar eyləmə.
Dalaşmaqdan çəkin, dalaşsan əgər
Möhkəm dur, rəqibin səndən çəkinsin.
Çox eşit, çox dinlə, fəqət az danış.
Hamının birbəbir öyrən fikrini,
Lakin öz fikrini gizlə hamıdan.
Pul kisənə görə sən geyin-kecin,
Fəqət təmtərağa, dəblərə uyma.
Çox vaxt paltarıyla tanınır insan.
Fransada isə nəcib kübarlar
Bu işdə olduqca tələbkardılar.
Nə borc al, nə borc ver; çünki borc versək,
Həm pulu, həm dostu itirərik biz.
Borc alsaq, heç olar qənaətimiz.
Özünə sadiq ol hər şeydən əvvəl,
-Gecənin dalınca gələn gündüztək
O zaman hamıya sadiq olarsan.
Yaxşı yol, unutma nəsiyyətimi.
L a e r t.
Sizdən aynhram istəməsəm də.
P o l o n i.
Vaxt tələb eləyir, dayanma, oğlum,
Xidmətçilər səni gözləyir çoxdan.
L a e r t.
Sağ ol, Ofeliya, qulaqlarında
Sözümü sırğa et.
O f e 1 i y a.
Qəlbimdə ləltək
Gizləyib, qəlbimi qıfıllamışam.
Onun açarını özünlə apar.
L a e r t.
Sağ-salamat qalın.
Gedir.
P o l o n i.
Hə, Ofeliya,
Danış, nə deyirdi qardaşın sənə?
O f e 1 i y a.
Prins Hamlet haqda bir para şeylər...
P o l o n i.
Mərhaba, ağıllı hərəkət edib!
Deyirlər ki, güya, axır zamanlar
Hamlet tez-tez gəlir sənin yanına,
Sən də ona qarşı çox mehribansan.
Əgər doğrudursa eşitdiklərim,
Xəbərdarlıq üçün deməliyəm ki,
Sen mənim qızıma, öz namusuna
Yaraşan hərəkət etmirsən, bala.
Aranızda nə var? Düzünü söylə.
O f e l i y a.
Ata, o son vaxtlar çox incəliklə
Mənə öz eşqini izhar eyləyir.
P o l o n i.
Eşqini! Nə! Tfu! Təcrübəsiz qız!
Sen bu qorxunc işi bilirsən hardan?!
Onun o dediyin incəliyinə,
Söylə, söylə görüm inanırsanmı?
O f e 1 i y a.
Ata, heç bilmirəm nə söyləyim mən?
P o l o n i.
Səni öyrədərəm, uşaqsan hələ,
Hər parlaq dəmiri qızıl sanırsan.
Mənasız sözlərə fikir vermə gəl,
Özünün qədrini-qiymətini bil.
Yoxsa el içində gülünc olarsan.
O f e l i y a.
Ata, mənə o öz məhəbbətini
Hörmətlə, ədəblə bəyan eylədi.
P o 1 o n i.
Bəli də, son dəblə; di qurtar, qurtar.
O f e l i y a.
Dünyadakı bütün müqəddəslərə
And içdi ki, sözü düzdür, doğrudur.
P o 1 o n i.
Cüllüt tutmaq üçün bir tələdir bu.
Bilirəm, gənclikdə qan alovlanır,
Bolluca and içir dil yana-yana.
Bu göz qamaşdıran parıltıların
İşığı çox olur, istiliyi az,
Bir azdan da sönüb qaralır tamam.
Sən bu şəfəqləri od sayma, qızım.
Bu gündən bir qədər ağıryana ol,
Çalış, həsrətini çəksinlər sənin.
Çağırılan kimi görüşə qaçma.
Hamletə qalanda təkcə inan ki,
Prinsdir, cavandır, hərəkətində
O səndən sərbəstdir, səndən azaddır.
Sözün müxtəsəri, Ofeliya, sən
Onun andlarına inanma heç vaxt.
Andlar fırıldaqçı dəllal kimidir,
Zahiri yalandır, batini saxta.
Yaxşı aldatmaqçün başqalarını
Mehriban, müqəddəs övliyaların
Paltarını geymiş oğraşa bənzər.
Dediyim bu qədər. Elə bu gündən
Prins Hamlet ilə söhbəti qurtar.
Qoy sənin adına ləkə gəlməsin.
Tapşırığım budur: öz yolunla get.
O f e 1 i y a.
Sizə tabe olmaq borcumdur, ata.
Gedirlər.
DÖRDÜNCÜ SƏHNƏ
Qəsrin önündə həmin meydan. Hamlet, Horatsio və Marsel daxil olurlar.
H a m 1 e t.
Hava kəsib-tökür, yaman soyuqdur.
H o r a t s i o.
İliyə işləyir şaxta qılınctək.
H a m 1 e t.
Saat neçə olar?
H o r a t s i o.
On ikiyə var.
M a r s e 1.
Xeyr, kilsə zəngi vuruldu artıq.
H o r a t s i o.
Doğrudan? Mən onu eşitməmişəm.
Əgər elədirsə, həmin o ruhun
Həmişə gəldiyi vaxt yaxınlaşır.
(Səhnə arxasından qısa şən musiqi və top gurultusu eşidilir).
Milord, agah edin, bu nə deməkdir?
H a m 1 e t.
Hökmdar kef çəkir səhərə qədər,
Sərxoşluq eləyir, atılıb düşür.
Reyn şərabının hər badəsini
İçib qurtarantək təbil, gərənay
Guruldayıb bunu qələbə kimi
Aləmə bildirir.
H o r a t s i o.
Bu bir adətdir?
H a m 1 e t.
Bəli, təssüf ki, bu bir adətdir.
Burda doğulsam da, burda olsam da,
Buna alışsam da uşaqlığımdan,
Mənə elə gəlir, belə adəti
Atmaq saxlamaqdan çox şərəflidir.
Bu rüsvayçı vərdiş şərqdə və qərbdə
Bizim xalqımızı bədnam eləyir,
Orda bizə əyyaş, donuz deyirlər.
Ən uca olsa da ləyaqətimiz,
Onun mənasını, onun məğzini,
Doğrudan, bu ləkə korlayır tamam.
Hərdən görürsən ki, bəzi adamın
Üzü çil-çil olur anadangəlmə,
Bu onun günahı, taksırı deyil.
Heç kəs istəyincə doğula bilməz.
Bir çoxları var ki, tünd xasiyyəti
Ağlını başından çıxarır tez-tez.
Xamırın mayası artıq olanda
Qıcqırıb çörəyi acıtdığıtək,
İnsanda bir cəhət həddi keçəndə
Onun xoş rəftarı ikrah doğurur.
Bir sözlə, dediyim budur ki mənim:
İnsan necə gözəl, təmiz olsa da,
Saya gəlməsə də xeyirxahlığı,
İstər təbiətin, istər taleyin,
İstərsə özünün qüsuru olsun,
Alnıma vurulmuş bir damğa varsa,
Hamının gözündə bir heçdir ancaq.
Ən igid adamı bir damcı zəhər
Öldüirə bilir ki.
Kölgə gəlir.
H o r a t s i o.
Baxın, o gəlir!
H a m 1 e t.
Ey müqəddəs göylər, özün kömək ol!..
Sən pak mələkmisən, ya məlun şeytan,
Cənnətin şəfalı səhər nəsimi,
Yoxsa cəhənnəmin qasırğasısan,
Məramın, niyyətin xeyirdir, ya şər?
Gəlişin necə də müəmmalıdır!
Səninlə mən mütləq danışmalıyam.
Sən kimsən? Mən sənə Hamlet deyirəm,
Kralsan, sən mənim doğma atamsan.
Böyük hökmdarı Danimarkanın,
H a m 1 e t.
Fikrim səndədir.
K ö l g ə.
Cəhənnəm odunda, zillət içində
Əzab çəkəcəyim vaxt çatıb artıq.
H a m 1 e t.
Heyf, yazıq kölgə!
K ö l g ə.
Halıma yanma,
Fəqət sözlərimə yaxşı diqqət ver.
H a m 1 e t.
Sənə qulaq asmaq borcumdur mənim.
K ö l g ə.
Elə ki eşitdin dediklərimi,
İntiqam almaq da borcundur sənin.
H a m l e t.
Nə?
K ö l g ə.
Sənin atanın öz ruhuyam mən.
Müəyyən müddətə - bütün günahım
Cəhənnəm odunda kül olanadək
Gecələr gəzməyə, gündüzlər isə
Alovda yanmağa məhkum olmuşam.
Gizli sirlərini dustaqxananın
Açmaq qadağandır, aça bilsəydim,
Bircə hekayətin bircə sözündən
Ürəyin soyuyar, qanın donardı.
Orbitindən çıxan ulduzlar kimi,
Gözlərin çıxardı hədəqəsindən.
Dolaşmış, yapıxmış saçın bir anda
Tamam ayrılardı biri-birindən,
Qudurmuş kirpinin tikanlarıtək
Başının üstündə biz-biz durardı.
Ancaq əbədiyyət ətdən və qandan
Yaranmış qulağa sirrini açmaz.
Əgər sevmisənsə atanı bir vaxt,
Dinlə, dinlə, oğlum, sən məni dinlə!
H a m 1 e t.
Aman Allah!
K ö l g ə.
Onun dəhşətli, rəzil,
Ən çirkin qətliyçün intiqam al sən.
H a m l e t.
Qətl?
K ö l g ə.
Bəli, alçaq, ən iyrənc qətl,
Bu bir vəhşilikdir, vicdansızlıqdır.
H a m 1 e t.
Tez danış, tez söylə, bir xəyal kimi,
Qisas almaq üçün qanad açım mən.
K ö l g ə.
Görürəm, hazırsan.
Zülmət dünyada
Suları mürgülü Leta çayının
Sahilində çürük bir ot da olsan,
Hazır olmalıydın. Qulaq as,
H a m l e t:
Deyirlər ki, məni bağda yatarkən
Əfi ilan çalıb. Yalandır, yalan.
Danimarkalılar saxtakarlıqla
Həyasızcasına təhqir olunub.
Bunu bilməlisən, nəçib gənc oğlum,
Atanı öldürən o əfi ilan
Qoyub öz başına onun tacını.
H a m 1 e t.
Ah, həssas ürəyim! Demək, öz əmim?
K ö l g ə.
Bəli, o qurumsaq, o dəyyus heyvan.
Ağlın əfsunuyla, hədiyyələrlə
-Ah, çirkin olanda ağıl, hədiyyə
Günahlar törənir dünyada ancaq!
-Mənim çox istəkli kraliçamı
İyrənc şəhvətinin toruna saldı.
Hamlet, heç belə də rəzalət olar!
Ananla biz nigah bağlayan günü,
And içib söz verdik bir-birimizə.
Sədaqət göstərdim əhdimə hər vaxt,
Mən ondan heç nəyi əsirgəmədim.
O mənim əvəzsiz məhəbbətimi
Alçağın dəyərsiz bəxşişlərinə
Qurban eylədi.
Şəhvət nazlansa da bir mələk kimi,
Ləyaqət sarsılıb toruna düşməz.
Fəqət bir mələyin cənnət qoynunda
Çirgiyi dünyanın səadətindən
Şəhvət leş yeyər.
Sakit ol, deyəsən, sübh mehi əsir.
Gərək kəsə deyim. Nahardan sonra
Adətimə görə, bağda yatarkən
Əmin oğurlanıb gəldi yanıma.
O məlun bəngotu cövhərini tez
Tökdü qulağıma. Elə zəhər ki,
Qorxunc düşmənidir insan qanının.
Bir anda bədənə axıb civətək,
Bütün damarları yandırır tamam.
Tünd sirkə qatılıb çürüyən südtək,
Bir göz qırpımında çürüyür qan da.
Bax, mənim həyatım məhv oldu bu cür.
Cüzama tutulmuş bir adam kimi,
Canımı bürüdü göz-göz yaralar
Bir an içində.
Mən yuxuda ikən doğma qardaşım
Həyatdan, taxt-tacdan, kraliçadan
Qəflətən, əbədi ayırdı məni.
Dua oxumadan, tövbə etmədən
Üzü qara getdim haqq dərgahına.
Bütün günahlarım boynumda qaldı,
Zülmət cəhənnəmin oduna düşdüm.
Dəhşətdir, dəhşətdir, olduqca dəhşət!
Qəlbində atana məhəbbət varsa,
Bu alçaq təhqirə sən dözmə, oğlum.
Qoyma Danimarka hökmdarlığı
Çirkin yataq olsun əxlaqsızlığa.
Lakin sən intiqam aldığın zaman
Çalış ki, saf ruhun ləkələnməsin.
Ananla bir işin olmasın heç vaxt,
Allahın hökmünə burax sən onu.
Qoy onun qəlbin dolmuş ilanlar
Ona əzab versin. Əlvida, oğlum.
İşıldaquşunun solur şöləsi,
Demək, yaxınlaşır sübh şəfəqləri.
Əlvida, əlvida, məni unutma!
Gedir.
|