Onu da görəndə yaxşı mənəmmi?
Bir əldə biz iki qədəhik, nəyik?
Yoxsa aramızda bir tikə kimi
Sənin taleyini bölüşməliyik?
Hüdudsuz bir sevda səmasında sən
Peykini tapmazsan bu cazibənlə.
İki planetin arasında sən
Fırlanan bir peykə bənzərsən belə.
1965
VƏDƏSİZ ÇİÇƏK
Bəlkə də dönməzdim bu həvəsimdən,
Qanunlar, adətlər, hədlər olmasa.
Oğlumun, qızımın ata səsindən
Araya çəkilən sədlər olmasa.
Yağdır ünvanıma sözün var nə ki,
Bir ömrün ikinci baharı yoxdur.
Neyləyim, məhəbbət evinin də ki,
Əldən ələ keçən açarı yoxdur.
Sən indi vədəsiz, qar altdan çıxan
Məsum bir çiçəyə bənzərsən, gülüm,
Dərməsəm qorxuram soldura tufan,
Əlimdə solarsan, dərərsəm, gülüm.
1964
"Mən hara baxsaydım, üfüqlər kimi”
Mən hara baxsaydım, üfüqlər kimi
Səni görərdim.
Üfüqdən yayılan şəfəqlər kimi
Səni görərdim.
Səhərin gözümə açıl deyərdi,
Axşamın gözümdə gecələyərdi.
Hardasa azdırdın gümanımı sən,
İtirdin əbədi ünvanımı sən,..
Doğrudan, əlçatmaz üfüqlər oldun,
Üfüqdə əriyən şəfəqlər oldun...
1964
DEYİLƏM
Bilirəm, mən sənin göz yaşlarınam,
Donub gözlərində qalan deyiləm.
Bir mələk donunda girib qoynuna,
Sonra şahmar kimi çalan deyiləm.
Birinə varamsa, birinə yoxam,
Yoğrulmuş xamırım, yayılmış yuxam...
Mən hər vədəsilə bir tale yıxan
"Həqiqət geyimli” yalan deyiləm.
Qonsan kirpiyimə bir jalə kimi,
Köçsən də qəlbimə bir nalə kimi,
Mən səni bir dolu piyalə kimi
Götürüb əlimdən salan deyiləm.
Hər eşqin yolu var, hər ömrün yarı,
Yeri, bu ümidlər yolunda yarı...
Daha nə gizlədim, çalınmış tarı
Kökləyən deyiləm, çalan deyiləm...
Dekabr 1964
"Deyirdim ömürlük sənindi qəlbim”
Deyirdim ömürlük sənindi qəlbim,
Onda yaşayırsan, yaşayır o da.
Deyirdim dəryadan dərindi qəlbim,
Çünki bir məhəbbət uyumuş onda...
Bilmədim heç necə yarıldı sinəm,
Bir tufan ağzında seli, gurşadı -
Qəlbimi arayıb, axtarıb bu dəm
Yudu bir sevdanı, sildi bir adı.
Qarğıma gurşadı, seli, küləyi,
Onlara mən dedim! Niyə mən dedim? -
Mənim ürəyimdən çıxan ürəyin
İçində bir ürək gizlənmiş idi...
1965
ONA
Necəsə üz-üzə gəldik səninlə
Bahar yağışıyla quru səhra tək.
Varaqla ömrünü öz əllərinlə,
Varaqla, varaqlar danışsın görək.
Niyə hamı tutan bir yol tutmadın?
Söylə, bu uçruma kim atdı səni.
Bəlkə Yeseninin yazdığı qadın
Doğub, özü kimi böyütdü səni.
Bir söylə içildi hansı badədə
Sənin sevgi nazın, sənin qız səsin.
Getdi hansı sözdə, hansı vədədə
Gəlinlik duvağın, analıq hissin.
Yandın, atəşinlə kimlər isindi?
On illik ömrünü aldı bir axşam.
Sönən bir ocağa bənzərsən indi,
Külünü isidən mən olmalıyam...
Hanı gül dodağın, sədəf dişlərin,
Saraldıb papiros, qaraldıb araq.
Sənin o ehtiras nəvazişlərin
Kimləri çalıbdır əqrəb olaraq?
O qədər ad-ünvan qalmaz yadında,
Dəftərə yazmısan adları bir-bir.
Söylə o məhəbbət siyahısında,
Söylə neçənci yer mənimkidir?..
Sevmədin oduna yanan kəsləri,
Hərə bir nöqsanla lağa qoyuldu.
Bəli, məhəbbətin kef məclisləri,
Zəhmətin qədəhlər qaldırmaq oldu.
Bu yolun dolaşıq bir sapa bənzər,
Gəl tapaq - harada itibdir ucu.
Deyirsən: "Nə lazım bu fəlsəfələr,
Sən nə birincisən, nə də sonuncu”...
İndi xatirələr odunda qızın,
Yeri, öz qəbrini öz əlinlə qaz.
Yeri, unutma ki, alovla buzun,
Küləklə dumanın dostluğu tutmaz.
Yeri, əllərimə dəyməsin əlin,
Bir əlin odu var onda - yanarsan.
Yeri, ürəyimdə qaynar bir eşqin
Büllur bulağını bulandırarsan.
Yeri, gözlərimdən silinsin əksin,
Aynadan silinən ləkələr kimi.
Yeri, baxışlarım səni əritsin
Günəş əritdiyi kölgələr kimi...
Yeri, yox bir dayan, qəbahət yolun
Sonundan dönmək də gec olmayıbdır!
Görünür, qoluna girən çox olub
Qoludan yapışan heç olmayıbdır...
1961
DALĞALARLA OYNAYAN QIZ
Uşaq kimi
Atıb-tutur onu dalğa:
Birdən tamam,
Tamam udur onu dalğa.
Deyirsən ki, köpük oldu,
Daşa dəyib sındı, itdi;
Yox, uzaqda,
Hamarlıqda
Ağac kimi yenə bitdi.
Qağayıdan vərdiş aldı,
Qol açaraq yelləndi o.
Külək əsdi, silkələnib
Dalğalara büləndi o.
Suyu elə qucaqladı,
Ehtirasla elə sıxdı,
Elə bil ki, dənizdən o
Dənizliyi alacaqdı.
Dalğaların səngərini
Xəncər kimi keçdi o qız.
Qat-qat gələn hər ləpədən
Bir tumanlıq biçdi o qız.
Üzdü, üzdü, uzaqlaşdı,
Kiçildi, ağ zolaq kimi,
Dənizin göy saçlarında
Gəzdi bir ağ daraq kimi...
Gözdən itdi.
Dalğa dəli,
Dalğa dəli kürən atdır.
Baş aparır,
İpə yatmır,
Hamı düşür həyəcana,
Hamı baxır, baxır ona;
Bir kişi də söz atır:
"Ey,
Qayıt, balıq balerina,
Ora sənin yerin deyil,
Cilovlamaq çətin olar,
Dalğa sənin ərin deyil....”
Bax, beləcə gün uzunu
Dalğalarla qız oynardı,
Dalğaları paltar kimi
Geyinərdi,
Soyunardı.
Bir gün yoxa çıxdı tamam.
Dalğalar da səngimişdi;
Deyən daha dənizin də
Nəfəsi bərk təngimişdi;
O qız ilə
Oynamaqdan yorulmuşdu;
Xumarlanıb,
Hamarlanıb,
Durulmuşdu.
O qız yoxdu. Bəlkə də var,
Yox sahildə ona baxan.
Gözəlliyi tufandadır,
Coş, ey tufan!
Gəlsin yenə
O qız dalğa, o qız dəniz!
Qaşı itən bir üzükdür -
Onsuz dalğa,
onsuz dəniz...
Qaqra, sentyabr 1965
ÖZÜMLƏ SÖHBƏT
-Hara tələsirsən?
-Bilmirəm hara!
Bir onu bilirəm: sürət gərəkdir!
Atını at getməz qayalıqlara,
Quşqonmaz zirvəyə sürmək gərəkdir!..
-Zirvədə nə var ki?
-Birincilik var!
Ordan aşağıya baxmaq şöhrəti...
-Bəs ora tələsik qalxmaq şöhrəti?
Yorular, büdrərsən!
-Dartan tapılar!
-Dartılar yabılar!..
-Görmüşəm yedəkdə qalxan çox atı...
-Yəqin görməmisən bu zarafatı:
Qırır yüyənini qəfil bir tufan:
Baxır gülə-gülə:
Bir daş sayağı,
Üzüaşağı
Necə də sürətlə yuvarlanırsan...
1967.
ŞAİR VÜQARI
Vüqarla yaşamış söz babaları,
Onu yaşatmasın, şerimiz niyə?
Əyilməz doğulan şair vüqarı
Yalnız baş əyibdir əyilməzliyə.
Çox şair yaşamış ağ gün möhtacı
Düşməni əyilməz bu vüqar olmuş.
Fatehlər qılıncı, padşahlar tacı
Bir lüt şairə də qibtəkar olmuş.
Dünən əl çalındı bir sənətkara,
Bir kürsü qulunun rəngi dəyişdi.
Elə bil səhnədə çox sıralara
Matəm buludundan su çiləmişdin...
Şairin gözləri oyulanda da
Kirpiyi qısmamış öz qürurunu.
Təpədən dırnağa soyulanda da
Vüqarı qoymamış "uf” deyə onu.
Sənətkar vüqarı deyildir ancaq
Boğazdan asılan hər quru əda.
Özüylə yanaşı dəfn olunacaq
Onu bəziləri satın alsa da.
Çox adlar itirib söz meydanları,
İzini-tozunu xəyal da bilmir.
Şöhrət azarına tutulanları
Şöhrətin özü də sağalda bilmir.
Qələmim, özünü çəkmə kölgəyə,
Sən də cavabdehsən bu səhvlər üçün:
Biri unudulur yaxşıdır deyə,
Biri təriflənir arxivlər üçün!
Alqışla ucalır sənətkar, sənət,
Ucaldan alqış da sərvət kimidir.
Oxucu imzası olmayan şöhrət
Oğurluq alınmış sənəd kimidir.
Hər sənət oğluna alqışlar deyin,
Tərif də şairin qanadlarıdır.
Şairlər vətənin ən çox ərköyün,
Ən çox da döyülən övladlarıdır.
İstəsən şairi əyəsən, onun
Ömrünün nə yazı, nə qışını al.
İstəsən şairi əyəsən, onun
Əlindən xalqının alqışını al...
1966.
TƏRİFDƏN QORXURAM
Tərifdən qorxuram, qorxuram yaman,
Onun fitnəsindən bac almalıyam.
Yoluma gül səpən tərif yanından
Saymazca keçməyi bacarmalıyam.
Arabir gözümə qonmayır çimir,
Tərifin nə qədər behişt bağı var.
Tərifin şirindil müsahib kimi
Yolçunu yolundan saxlamağı var...
Mart, 1967.
BİR ÖMRÜN QONAQLARI
(Pərdəsiz dram-zarafat)
Qapım döyülür.
- Ey kimsən?
-Xatirəyəm.
Mən.
Məktub gətirmişəm ilk məhəbbətdən.
(Mətbəxdə qəzəbli qadın görünür.
O, məktub əlində qapıdan dönür.)
Qapım döyülür.
- Ey kimsən?
- Tərifəm!
- Buyur!
- İçkin var?
- Yoxumdur!
- Onda yaz!
- (Ayağa durur).
Taq-taq.
- Ey kimsən?
- Mənəm, aç, -
Ehtiyac!
- Nə xəbər, çoxdandır yoxsan?!
- Deyən az gələndə çox darıxırsan?
Taxçanı boşaldın,
Boxçanı boşaldın...
Qonşun beş adamın maaşın alır...
O var, e...filankəs...o maşın alır.
- Sən Allah qoy yazaq!...
Yenə də taq-taq...
- Ey kimsən?
- Son xəbər qağandır! -
Dağılıb qurtarmır bu dünya andır:
Əsrimiz diplomat əsridir, baba!
Dillərdə sülh gəzir, ciblərdə bomba...
Turdan adlamadın...dostun var orda...
Dünən iki şerin batdı naborda.
-Qoyun nəfəs alım, ay aman nəfəs...
Yenə bir qapını döyürdü bir səs,
- Ey kimsən?
- Şöhrətəm!
- Buyur, sizə kim...
- Məmməd İbrahim...
- Qardaş, gecikmisən,
- O burda yaşamır!
- Harda yaşayır?
-Yaxında, üstündə bir qız ağlayan
Qəbir var-
Orda yaşayır...
1966.
POEZİYA, POEZİYA
Poeziya, poeziya!
Ey qələm qardaşım!
Mənimlə diz-dizə,
Üz-üzə
oturan
Sirdaş bacım,
Həmdəm qardaşım!
Bu dünya yolunda
Sən ömür karvanım!
Hardasa büdrəyib,
Əbədi yıxılsa
Sarbanım,
Tufanlar səhrası,
Boranlar gədiyi
Adlayan
Böhtanlar ətəyi
Qatlayan
Cürətin olarmı?
Qüvvətin olarmı?
Eşqimin Fərhadı,
Külüngün hardadı?
Sinəmin fikirlər
Dağını parçala!
Bir sönən ocağa
nur cala.
Bir dönük taleyin
Son ümid kütahında
işılda!
Peşiman pisliyin
Günahında işılda!
Poeziya, poeziya!
Ürəyin yarpaq dilisən,
Bənövşə nisgilisən,-
Bəşərin ən böyük
İttiham kürsüsü,
Ən iti
İntiqam qılıncı,
Ən incə
Gözəllik güzgüsü!
Poeziya, poeziya!..
Bir Müşfiq qəlbinin
Sarımtıl muradı!
Bir Lorka ömrünün
Bozumtul fəryadı!
Poeziya Poeziya, poeziya!..
Dalğalar çəngindən
Yoğrulmağı bacar!
Ürəklər kraterindən
Sovrulmağı bacar!
Yonmağı, yonulmağı,
Büdrəyib yanılmağı,
Çırpınıb
doğrulmağı bacar!
Yıxılan evlərə
Qaldırıcı kran
Olmağı bacar!
Sevgi məktublarında
Göz-ekran
olmağı bacar!
Dildən-dilə düş,
Əldən-ələ düş.
Döyül, bərki, cilalan.
Hamarlan, tumarlan!
İstər bu günkü
sərbəst meylində
sərməst ol,
İstərsə dünənki
formanla məst ol,
İstərsən ağ ol,
Lümlüt ağ ol!
Bircə ürəksiz başlardan,
Bircə başsız ürəklərdən
Uzaq ol,
Poeziya, uzaq ol!
1966.
ÖZÜMDƏN ŞİKAYƏT MƏKTUBU
Nə vaxt yazasıyam şah əsərimi,
İlk sözüm hardadır,
Son sözüm harda?!
Bəlkə də yersizəm bir səfil kimi
Şairlər ordusu gedən qatarda...
Qələm var əlimdə
Gör neçə ildir,
Bir nəğməm dillərə nə vaxt düşəcək?
Mənim gəlişimlə nə dəyişildi,
Mənim gedişimlə nə dəyişəcək?
Bəzən kirpiyimdə buz salxımlanır,
Beynimdə vulkana qulaq asıram.
Məni də çoxları bəxtiyar sanır-
Adım-sanım vardır,
Şer yazıram...
Nə yazdım, neylədim?
Harayım, səsim
Barı bir ürəkdə qala bildimi?
Mənim bir planet olmaq həvəsim
Bir peykin peyki də ola bildimi?
Günahkar torpaqmı,
Sumu, Günəşmi?
Ağlımmı tərsinə itilənibdir?
Niyə fikirlərim Nizamiləşmir?
Niyə qanadlarım ütülənibdir?
Hanı söz meydanım,
Çaparlıq şanım?
Yoxsa bir köhlənin qırıq nalıyam!
Niyə Füzulidən allah nişanı,
Səməddən vurğunluq almamalıyam!
Şair dost, havanı endir başından,
Nə mən təslim olum,
Nə sən qürrələn!
Sənət yarışında, söz yarışında
Yüzümüz bir Sabir deyilik hələ...
Yoxsa ağlımızla dil tapmır ürək,-
Yanmamış
Sönürük söz qürubunda.
Bir də azarkeşlər diliylə desək,
Çoxumuz oynayır "B” qrupunda.
İşıq sürəti var şair səsinin;
Sənət dünyasının yaşıl donuyuq.
Sevgilər, dostluqlar cazibəsinin
Bəlkə də birinci Nyutonuyuq.
Fəqət qəlbimizin incə tarında
Hələ çalınmamış çox simlər durur.
Hələ ağlımızın fəzalarında
Neçə tapılmamış
Sistemlər durur...
Bu günün ən dərin söz qatlarından
Sökülüb tökülən
Sərvətlər hanı?
Bu günün hadisə gürşadlarından
İldırım qoparan
Cürətlər hanı?
Mən də az açmışam öz qollarımı,
İstedad qılıncım çəkilib qına.
Olmaya cəsarət qanunlarımı
Satmışam ətalət qanunlarıma?..
İçir sağlığıma tərif-qənimim,
Mənə vəd-medallar bağışlayır da.
Müsbət "mən”im ilə mənfi "mən”imi
Barışan görəndə alqışlayır da...
Durmuşam özümlə bu gün üz-üzə;
Niyə doğulmuşam, nə üçün varam?
Dünyanın ən adil məhkəməsi də
Məni bağışlasa,
Mən özüm özümü bağışlamıram...
Şerim imtahandan necə çıxacaq,
Əsrin küləkləri çox möhkəm əsir.
Özünü ittiham,
İttiham ancaq
Şairin ədalət məhkəməsidir...
1966-1967.
MÖVZULARIM TÜKƏNƏNDƏ...
Cabir Novruza
Mövzularım tükənəndə səbrim tükənir,
Az qalıram qələmimlə sinəmi yaram;
Sanıram ki, bir qayadan uçub köhlənim,
Boş yüyəni elə dartır, belə dartıram...
Mövzularım tükənəndə elə bil ki, mən
Otağımda cərəyansız bir sim oluram.
Qarışqadan, hörümçəkdən gücsüz görünən
Düşmənə də baş əyirəm, təslim oluram.
Daş yamanır ilhamımın ayaqlarına,
Xəyalımın qanadları mıxlanır yerə.
Yüz xal düşür ürəyimin varaqlarına,
Eh, nə bilim, bir gərəksiz misraya görə.
Döyüşlərdə məğlub olan cəngavər kimi
Bir əlimə qılınc alıb, birinə qalxan,-
Ortalığa töküb bütün təqsirlərimi,
İtsəyirəm mən özümlə vuruşa qalxam!
Arayıram günahları, günahkarları,
Özümün də bəd işimi bir-bir sayıram.
Kitabların arasından pis kitabları
Qucaqlayıb otağımdan qovalayıram.
Mövzularım tükənəndə deyirəm bir an
Gənclik dönə, bir qız sevəm- aldada məni.
Bu qəflətin, bu həsrətin qəm yuxusundan
Bir məhəbbət zəlzələsi oyada məni...
Mövzularım tükənəndə darıxır masam-
Onun dərdi yüz haçalı, onun dərdi min!...
Bu dəmlərdə heç nəyə də əlim çatmasa,
Qaysağını qopardıram Araz dərdimin.
Mövzularım tükənəndə bilmirəm nədən
Xətainin son nəğməsi yadıma düşür!
Əqidəsi qoltuğunda tövbəyə gedən
Qalileyin məhkəməsi yadıma düşür!
Neçə-neçə dona girir söz ürəyimdə,
Elə bil ki, mövzular da ölür, doğulur.
Bəzən elə mövzuların tükənməyi də
Dönüb mənə tükənməyən bir mövzu olur...
Oktyabr, 1966
QAYĞILAR
Çiynimdən düşməyir dərdi-sər yükü,
Həmişə kədərim, qəmim oyaqdır.
Qayğılar qapımı elə döyür ki,
Qayğılar ömürlük mənə qonaqdır.
Fikrimdə tufanlar çırpınır, sınır,
Qələm dalğıc olur, söz dalğıc olur.
Bəzən bir işimin fərəhli sonu
Bir işə fərəhsiz başlanğıc olur.
Sifariş göndərir umu-küsülər
Toylardan, yaslardan, xəstəxanadan.
Hərdən hesabatsız qalan kürsülər
Çıxarmaq istəmir məni də yaddan.
Bir qəmin şəriki olmasa qəmim,
Sevinc oyatmasa sevincim əgər,
Sanıram çiynimdən ömürlük mənim
Əzab mələkləri düşməyəcəklər.
Yaxşı ki, fikrimi gözümdən duyub,
Çox şeyi qələmlə kağızlar udur.
Qayğılar qəlbimi yaman tanıyıb,
Qayğılar qəlbimin poçtalyonudur.
Məndən kəndimiz də küsübdür,- deyir-
Yoluma göz dikən yollar yorulub,
Köçəri quşların uçub getməyi
Bəlkə getməməyim ucundan olub.
Bir bağda barını qurd-quşlar yeyən
Budaq quruyubsa-günahkar mənəm,
Neçə il gözünə əlim dəyməyən
Bulaq quruyubsa-günahkar mənəm.
Mənə bir dərd olur, doğru bir sözü
Yalan daşlarının batırmağı da.
Biçili, ütülü bir şərəfsizin
Şərəf kürsüsündə oturmağı da.
Mənə bir dərd olur; dünyanın bu gün
Hələ çox dərdini dəf etməmişəm.
Mənə bir dərd olur, dərd olur neçün
Anamı sinəmdə dəfn etməmişəm?!
Hər yetim baxışı mənə ittiham,
Sinəmə xəncərdir dilənçi əli.
Gah masam-alışıb yanan Vyetnam,
Gah əlim-düyümlü bir zənci əli!..
Hardasa qayğılar yol gəlir hələ,
Sabahkı qayğıma qarışmaq üçün.
Hələ məndən qaçan çox dərdlərimlə
Məqam axtarıram vuruşmaq üçün.
1966.
ADİ GÜNLƏR EŞQİNƏ
Vaxt olur ki, xoş gəlməyir
Ömrümdəki təmtəraqlı günlər mənə.
O gün dingiş bir qız kimi
İfrat gəlir
Ən sevimli güllər mənə.
O gün, mənə
Qonşusunun paltarında toya gedən
Bir adamın yerişini xatırladır.
Kimə isə yandıq verən bir qadının
Gülüşünü xatırladır.
O gün bəzən
Nədənsə mən
madarını dəfn eləyən
Bir ananın kədərini düşünürəm.
Son səfərdə vurulan bir qəhrəmanın
Nakam qalmış zəfərini düşünürəm.
Təriflərdən qaçıb o gün
Tənha gəzmək istəyirəm:
Bir kasıbın süfrəsində
Çörək kəsmək istəyirəm.
Təmənnalı sağlıqların
Yalan qusan qədəhindən
iyrənirəm.
Bəxşiş qapan tamahların
Horralanmış qəhqəhindən
İyrənirəm.
Düzdür, o gün
Bir az çinli adamların
Baxışının buzu olmur.
Kimisinin gülüşü bol,
Gülüşünün duzu olmur.
Toy-bayramda onlar çoxu
Öz qınında mürgüləyər.
Gizli-gizli görüşlərin
Qılığında mürgüləyər.
Nə gizlədim, boyadılmış
Təntənəni, təmtərağı
Seyr etməyə təbim gəlmir.
Bu bəzəkli məclislərə
Qıçım gəlir, qəlbim gəlmir...
Ömrümüzün çox varağı-
adi günlər!
Təntənəsi, təmtərağı-
adi günlər!
Gəlin, bir də öpüm sizi,
Həyatımın əvvəlindən
Sonunacan səpim sizi...
1957.
MƏHƏBBƏT KÖRPÜMÜZ
("Naməlum qadına məktublar”dan)
Bizim faciəmiz qəhqəhəli qəm,
Bizim komediyamız qəm dolu gülüş.
Məhəbbət körpümüz deyə bilmirəm
Necə tikilmişdi, necə sökülmüş...
Mən ki, dil açardım məhəbbətinlə,
O necə əriyib bir güman oldu?!
Qurulan bir evə birinci pillə-
İnam pilləsində yıxılan olduq.
Çökdü süfrəmizə giley dumanı,
Tikanlar göyərdi könül yaramda.
Öldü sevgimizin baş qəhrəmanı
Öldü o səninlə mənim aramda.
Fikrinin göz görməz rişələrində
Qalan düyünlərimi meylini əydi?!
Qəlbinin qaranlıq guşələrində
Ayaq yerləri də gözümə dəydi...
Dedim ki, əriyər bu ötərgi qış,
Taparsan odunu, közünü məndə.
Fəqət sən özündə məni tapmamış
Axtarmaq istədin özünü məndə.
Nə qədər axtardın-tapılmadın sən,
Məni də qınadın çox sərtəm deyə.
Xəyanət qılıncı kəsən ürəkdən
Ədalət, mərhəmət istəmək niyə?!
Həyat qulağımdan bir məsəl asdı,
Sən də bil, gərəyin olar bir zaman,
Ürəyə girməyi bacarmaq azdır,
Ürəkdə qalmağı bacarmalısan!
Sinəm çox söykənib buz nəfəsinə,
Məhəbbət, ehtiras, ünsiyyət deyil.
Özümü yaşatmaq xatirəsinə
Səni yaşatmaq da məhəbbət deyil.
Çıxıram şəhərlər, kəndlər seyrinə,
Atıram olanı, keçəni bir-bir.
Bu qədər sənsizlik, sənsizlik yenə
Səni ürəyimə qaytara bilmir...
Bizim faciəmiz qəhqəhəli qəm,
Bizim komediyamız qəm dolu gülüş.
Məhəbbət körpümüz-deyə bilmirəm-
Necə tikilmişdi, necə sökülmüş...
Lvov-Bakı. İyul-avqust, 1966.
HARDASAN
Hardasan, ey qəlbimin
kimsənəsi, hardasan?
Hardasan, ey qəlbimin
bir dənəsi, hardasan?
Pərişan çağlarımın
görünməz həmdəmi sən,
Təlatüm dənizindən
nicatım-gəmisən.
Təzəcə düymələnən
çiçəklər kimi sən tər,
Gülüşün zülmətimin
bağrını
nurla didər.
Bezərəm gah özümün
cavabsız sualımdan.
Bezərəm bir gülüşün
xəyanət sığalından.
Gah elə çimirimdən,
yatağımdan bezərəm,
Telefon zənglərinin
tapdağından bezərəm.
Səni istər qələmim, səni istər,
səni istər.
Arabir batmağa da
yelkənim səni istər.
Sən riyalardan uzaq,
Andı boyalardan uzaq
Bir səs,
Bir nəfəs,
Bir ümid mayağı...
Hardasan, kimsən axı?
Bilmirəm!
Bilirəm bunu-sən
Hardasa yaxşılardan birisən...
Hardasan, ey qəlbimin
kimsənəsi, hardasan?
Hardasan, ey qəlbimin
bir dənəsi, hardasan?...
1966.
ELENA
Bilmədik dünya var-
Sərhədə çatınca.
Bilmədik ayrıdır
Ölkələr, adamlar-
Sərhədə çatınca.
Bilmədik sərhəddə
Məhəbbət qatarı
Görüşlər boşaldır,
Ayrılıq aparır.
Bilmədik, bilmədik
Siyasət çayından keçəcək
Məhəbbət gəmimiz.
Sonuncu hədiyyə olacaq
Birinci qəmimiz.
Bilmədik, Elena,
Bilmədik sığışmır
Məhəbbət
sərhəd qanununa.
Sərhəd
Məhəbbət qanununa...
Lvov-Bakı avqust, 1966.
SƏNİN İSTƏYİN
("Naməlum qadına məktublar”dan)
Sənin bu halına acığım gəlir,
Sənin bu qəlbinə yazığım gəlir.
Desəm ki, bir an da dərməyib nəfəs
Od üstə, buz üstə ayaqyalın gəz
Bilirəm, elərsən,
Bilirəm, desəm
Qəlbinin pərdəsi gərək tarıma,
Gözünü ver salım cib fanarıma
Bilirəm, elərsən,
Bilirəm, desəm
Qapıma bir quru ağac gəzirəm,
Gəlib quruyarsan qapımda o dəm.
Hazırsan önümdə alçalmağa da,
Bunu zəfər bilib, əl çalmağa da.
İstəsəm, önümdə varaq olarsan,
İstəsəm, telimdə daraq olarsan.
Fəqət istəmirəm, daş ürəyim var,
Var istəyin qədər yox istəyim var.
Demə ki, dünyada yox ürəyəm mən,
Qəlbimin insafı, rəhmi yanıbdır.
Bu sərt həqiqəti gərək biləsən;
Tabelər həmişə tapdalanıbdır!..
Müti məhəbbətlər oyuncaq olub,
Həlim təbiətlər oyuncaq olub.
Yox, eşqi dilənmə, ürəyini yar:
Bir azca məğrurluq,bir azca vüqar
Bir azca soyuqluq, bir azca təmkin,
Dönüklər üçün də bir azacıq kin,
Sevgi tellərinə düz cərgə-cərgə...
Bunlar məhəbbətin duzudu bəlkə?!
Bunu da elərsən, bilirəm, desəm;
Mən necə istəsəm, necə istəsəm,
O dona girərsən bir an içində.
Bəlkə bunun üçün, bunun üçün də,
Sənin bu halına acığım gəlir,
Sənin bu qəlbinə yazığım gəlir...
1966.
NECƏ YAŞAYAQ Kİ...
Necə yaşayaq ki, dünyada, gülüm,
Ömrün gədiyini vaxtsız aşmayaq,
Faraş ölümlərlə qarşılaşmayaq.
Həsrət körpüləri adlaya bilək,
Həsəd körpüləri adlaya bilək!
Necə yaşayaq ki, dünyada, gülüm,
Kimsədən olmasın umacağımız,
Bizim öz evimiz, öz ocağımız
Perikən bir eşqi ovuda bilsin;
Yanan bir qəzəbi soyuda bilsin?
Necə yaşayaq ki, dünyada, gülüm
Xəyanət toruna düşsə meylimiz,
Qırsın, parçalasın onu mehrimiz!
Necə yaşayaq ki, dünyada bütün
Nakam sevgilərin uçan evini
Biz öz eşqimizdə qurub yaşayaq?
Gücümüz çatarmı?
Çatar!-
Bu şərtlə ki, biz iki ömrün
"Sən”indən, "mən”indən "onlar” adlanan
Sərhəd xətlərini qırıb yaşayaq!
Fevral, 1967.
ELƏ BİLİRSƏN Kİ...
Sənin aləmində ən yaxşıyam mən,
Bəlkə də yaxşılar naxışıyam mən,
Sözümdə kəlamlar qaymağı vardır,
Sinəmdə səxavət bulağı vardır.
Dilim dadmayıbdır acılıq, sərtlik,
Qəlbim də tanımır pislik, namərdlik,
O qədər yumşağam, o qədər həlim,
İlan yuvasına uzansa əlim-
İlanlar əl çəkər ilanlığından.
Əl etsəm, ulduzlar dumanlığından
Kəhkəşan ayrılıb yaxına gələr,
Ceyranlar qapıma sağına gələr...
Gözündə gör necə uca durmuşam,
Heç özüm özümü tanımırmışam...
Bəlkə də beləyəm, bəlkə, nə bilim,
Sən məni səhnədə görürsən, gülüm!
Mətbəx tüstüsündə, süfrə qarında,
Bir nimdaş, ütüsüz ev paltarında,
Uşaq qayğısında, ev darlığında,
Bazarlıq, su dartmaq evdarlığında,
Qara qısqanclığın qəzəb atında,
Kişi sərtliyinin əsəb atında
Məni görməmisən,
Bunu bil ki, sən
Pərdəli görüşlər çağında elə
Qadınlar mələkdir, kişilər pilə...
1966.
QIZLAR
Eşqiniz olmasın çürük sap kimi,
Əllərdə gəzməyin bir kitab kimi.
Kimisə məst edən al şərab kimi
Axıb hər badəyə dolmayın, qızlar!
Oynar qəhqəhəniz şimşəklər kimi,
Ünvansız olmayın küləklər kimi.
Qar altından çıxan çiçəklər kimi
Vədəsiz göyərib solmayın, qızlar!
Siz bir qayıqsınız, tale dənizdir:
O bəzən bulanıq, bəzən təmizdir.
Tale ağlınızdır, düşüncənizdir,
Taleyin qayığı olmayın, qızlar!
1965.
"Bir ürək sındırdım”
Bir ürək sındırdım...bir qız ürəyi
Bir eşqin təməli uçdu yerindən.
Bir insan arzusu, insan istəyi
Çıxdı əbədilik öz mehvərindən.
1966.
SAHİLDƏ AĞ KƏPƏNƏKLƏR
Uçur ağ kəpənəklər,
Uçur ağ kəpənəklər,
Qovur,
onları qovur
Uşaq- kəpənəklər,
Şıltaq kəpənəklər.
Qovduqca uçur onlar,
Dənizə, göy dənizə
qaçır onlar.
Köpüklü ləpələri
Deyəsən ağ kəpənək
Sanır ağ kəpənəklər.
Sudakı uşaqları
Gül-çiçək sanır
ağ kəpənəklər.
Uşaqlar sevincini
Sərnişin kimi
Dənizə dartır onlar.
Hardasa atır onlar
Hardasa batır onlar-
Öz sevinc yüküylə bir.
Sahil onlara-getmə,
Dəniz onlara
gəlmə demir...
Həmişə bax beləcə
Azır ağ kəpənəklər,
Yazıq ağ kəpənəklər,
Yazıq ağ kəpənəklər...
1966.
ETİRAF
Bilmirəm neylədim öz əsrimdə mən,
Neylədim-gələcək nəsil deyəcək.
Bu günün ətrini nəğmələrimdən
Sabaha aparan nəsim deyəcək.
Hünərim çox olub özüm biləni,
Günahım ondan da çox olub hələ.
Bir gödək ömrümdə bir ailəni
Yarıda bilmədim məhəbbətimlə.
Bəzən bir səhvimə yüz tənbeh yedim,
Çırpınıb düzəldim, görən olmadı.
Böyük bir işimə mükafat nədir,
Bir çimdik "sağ ol”da verən olmadı.
Yazmışam hər şeyi könül naməmə,
Bircə bu günahım bağışlanacaq.
Neylədim - vətəni sevmək naminə,
Ucaltmaq naminə elədim ancaq...
1967.
YAXŞILIQ
Yaxşılıq neçə min ilməli hana,
Nəsildən nəsilə qalan varımız.
Fəqət yaxşılığı başa qaxana
Kişi deməyibdir babalarımız.
Bəzən baş-başa gəl qarla, yağışla,
Birinə səadət
həvəsində sən:
Əsil insanlara
dünya bağışla,
Bir çürük qoz umma əvəzində sən.
Olma təmənnalı
yaxşılıq acı.
O, zəhər qatılmış
çörək kimidir.
Ya da bir kasıbın,
Bir naillacın
Könülsüz satdığı inək kimidir.
Ya gürşad aparar,
Ya həllənc vurar,
Ya da döşü yanar-
Südü quruyar...
1966..
PROFESSOR GÜLƏ MƏKTUB
Oxudum, professor,
Oxudum məqaləni,
Seyr etdim Xəzərdəki
Vəsfə sığmaz aləmi.
Xəzər bir xəzinədar,
Xəzər bir xəzinədir.
Qoynu-qoltuğu dolu
Bir nənədir:
Yedirdir-süfrə salır,
Yatırdır-layla çalır.
Xəzər xəzərilərin
Gözəllik adını saxlayır.
Dalğalar arxivində
Babaların nərəsini,
Nənələrin fəryadanı saxlayır,
Xəzər Xəzər olandan
Sağılır qızıl inək kimi.
Sağıb, sorub,
Sonra yorub
qısır inək kimi
Biz onu satmaq istəyirik.
Ölü dənizlər muzeyinə
Atmaq istəyirik.
Xəzərdən ağ balıq,
Şahmayı, uzunburun,
Siyənək qurtarır.
Qızıl balıq adlı
Çiyələk qurtarır.
Xəzərin taleyi
Biganəliyə yem olur.
Xəzərin taleyi
Kağızlar üstündə
Problem olur.
Xəzərdən sahilə
Qızıl dartırıq,
Gülab tökürük.
Sahildən Xəzərə
Zəhər axıdır,
Çirkab tökürük.
Xəzərin bu dərdi
Bir nərilti kimi
Qulaqlara girmir,
Bizimlə mətbəxlərə,
Otaqlara girmir,
Daş yastıq, tikan döşək,
Buz yorğan olmur.
Ali məclislər süfrəsinə
Xəzərin dərdini
doğrayan olmur!
Adamlar var ki, Xəzər
Səhər də, axşam da,
Süfrəsini bəzər.
Beləsinə desən
Dardadır Xəzər,
Bir ucalt səsini!
Deyər:
hardadır Xəzər?!
Xəritədə gəzər
Afrika qitəsini...
Birdən deyərlər:
Dayan bircə!
Siz özünüz necə,
professor,
Bir afərin medalı
almaq üçün.
Rəislik talvarına
ucalmaq üçün
Gündə bir tədqiqat
Ağacı bitirənlərin,
Bir partlayışda
Yüz buruq dəyəri
itirənlərin
Qolundan yapışıb vüqarla
Fikrinizi beyninə
Vurmusunuzmu
elmi mismarla?
Yox, professor, yox!
Giley qəhrəmanımız çox,
Dil pəhləvanımız çox!
Bəlkə də bir qədər
Tünd oldu yazım,
Mübaliğə rəngini
Çox etdi şair ehtirasım.
Axı daş beyinləri sən
Gərək vaxtında deşəsən!
Bir də ki,
Adi dərdinə də
Heç dözüm yoxdu məndə-
Axı anamdır Xəzər!
Bəlkə Ölü dənizi də
Bir vaxt belə öldürüblər,
Ona da çirkablar
Gəmilərdən deyil,
Şüursuz beyinlərdən axıb,
Hələ də açılmamış
Sirli düyünlərdən axıb.
Bir gözəlin saçını kəsiblər,
Qolunu-qıçını kəsiblər,
Qulağından mirvarini açıblar,
Sonra bir düzün ortasında
Lüt-üryan qoyub qaçıblar.
Soyuq qurudub buz eləyib,
Günəş əridib duz eləyib...
Bu gün mən
Bu fikirlər içində gəzirkən
Sandım ki, bir əfsanəvi quşam,
Gələn əsrlərin
Hansı budağınasa qonmuşam:
Görürəm əlində tor-
İki professor
Ləpələri o üzə,
Bu üzə çevirir.
Bərk mübahisə gedir:
Biri deyir, bir zaman
Xəzərdə canlı varmış,
Onu ikiayaqlı canlılar
Qırıb qurtarmış.
Biri deyir:
Yox, elə bu dəniz ölüdür,
Əzəldən şüşə gözdür...
Əsəbim burda dözmür,
Daha dözmür, uçuram
Əsrimin indisinə.
Xəzər kimi hayqırır
indi sinəm;
Xəzəri qorumağa
Silah istəyir,
Yunan əsatirindən
Allah istəyir,
Dənizlər Allahı!
|