Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 1
ŞERİMİZİN  XAN  ÇİNARI

        Məmməd Araz özü ilə təqribən eyni illərdə yaradıcılıq aləminə qədəm qoymuş həmkarları arasında yeganə şairdir ki, əsərləri belə geniş və bu qədər də səxavətlə nəşr olunur. Əlbəttə, bu, hər şeydən əvvəl onunla şərtləşir ki, şairin yaradıcılığı mənsub olduğu nəslin zəngin ədəbi təcrübəsinin ən qiymətli cəhətlərinin ləyaqətli təmsilçisidir. O, çağdaşlarının duyğu və düşüncələrini, ümid və arzularını, zəmanəmizin qlobal problemlərini, Azərbaycan xalqının tale yüklü məsələlərini özünəməxsus sənətkar şakərilə, ahəngdar dil, təravətli təsvir və ifadə vasitələrilə, ən başlıcası isə, sirayətedici vətəndaş yanğısı ilə əks etdirir.
 
***

        Yetmiş il bundan əvvəl Şahbuzun Nurs kəndində, el-obada xüsusi hörmət və ehtiram sahibi olan İnfil kişinin ailəsində Məmməd adlı qarabuğdayı, qaragözlü, çəlimsiz bir uşaq dünyaya göz açanda atası və anası bəlkə də heç xəyallarına belə
gətirmədilər ki, o, böyüyüb şair olacaq. Amma, sən demə, həmin bu uşaq Azərbaycanın ən görkəmli şairlərindən biri- Məmməd Araz olmaq üçün Allah vergisilə doğulubmuş. İllər keçdi. Atası da, anası da indi çox dəbdə olan heç bir plan, yaxud proqram tərtib etmədən, sadəcə valideynlik vəzifələrini yerinə yetirərək, hərşeyi öyrənmək, bilmək istəyən, xalq deyimlərinə heyran-heyran qulaq asan, eşitdiklərini beynində, ürəyində hifz edən balaca Məmmədin qarşısında sinə dəftərlərini səxavətlə açdılar, özləri də bilmədən onun məhz bir şair kimi yetişməsinə zəmin yaratdılar.
        Bəli, Məmməd Araz bütün varlığı ilə ana dilinin təbii axarına, folklor, ata-baba müdrikliyinin qaynaqlarına bağlı olan bir sənətkardır. İlk kitablarından birini "Anamdan yadigar nəğmələr”, poetik yetkinlik çağlarında nəşr etdirdiyi ən sanballı poemasını isə "Atamın kitabı” adlandırmaqla şair böyük təvazökarlıqla olsa da, demək istəyir ki, yazdıqlarım içində yaxşı nə varsa, onların hamısı üçün ilk növbədə atamla anama, mötəbər daşıyıcısı nənə-babalarımız olan zəngin mənəvi irsimizə, təkrarsız folklorumuza borcluyam. Şerlərindən birində "Nənəmin kitabı” kimi mənalandırdığı bu böyük xəzinəni şair dərin minnətdarlıq duyğusu ilə belə açıqlayır:

        Ellərin zəkası, xəyalı, dərdi,
        Orda pərdə-pərdə dilə gələrdi.
        Onda nəğmə vardı, bayatı vardı,
        Onda sevinc quşu, qəm atı vardı.

       ...Kitabın ildırım sürəti vardı.
        Bir anda bir əsri uçub aşardı.
        Sinəmə el sazı asdı o kitab,
        Sinəmə çox kitab yazdı o kitab.

        Allah vergisi əvəzsiz nemət idi. Böyüklərindən eşitdikləri, məktəbdə öyrəndikləri də çox əhəmiyyətli, çox vacib idi. Lakin bunlar gələcək şair üçün kifayət deyildi. Buna görə də o, Böyük Vətən müharibəsinin ağır ehtiyac möhürü vurmuş olduğu 40-cı illərdə bilavasitə həyatın özündən öyrənməli, onun sərt dönüşlərinə, ağır sınaqlarına sinə gərməli olur.

        Mən çox gözəl öyrəndim
        Dəryazların dilini,
        Küləklərin dilini,
        Sazaqların dilini.
        Onda zaman müəllim,
        Təbiət dərslik idi,
        Dil dərsimiz bunların
        Hökmünə təslim idi.
        Yerdən çörək diləyən
        Xış dili bilməliydi,
        Quş dili bilməliydi,
        Daş dili bilməliydi.

        Sonralar Bakıya gəlib pedaqoji institutu bitirsə də, bu etirafda deyilənlər M.Araz üçün həm də insanları, onların daxili aləmini, psixologiyasını, zəngin qarşılıqlı münasibətlərini öyrədən əvəzsiz bir universitet rolunu oynamışdır. Həmkarlarından birinin kitabı haqqında danışarkən M.Araz demişdir: "Sənətdə özünəməxsusluq o zaman reallıqla bir yola çıxır ki, dövrə, zamana məxsusluqla tərs mütənasib olmasın. Yoxsa özünəməxsusluq susuz dəyirmana bənzəyəcək”. Maraqlıdır ki, şair özü yaradıcılığının ilk mərhələsindən, sövqü-təbii ilə, özündən əvvəl yaşamış orijinal poetik simaların irsi ilə həmahəng olan, əsl irs-varis münasibətlərinə əsaslanan özünəməxsusluq kəsb etmişdir. Özünəməxsusluqların cərgəsində olmaq- öz sənətinin mahiyyətilə xalqa, folklora, klassik irsə bağlılıq deməkdir: lakin folklorun, klassik irsin sehrindən çıxmağı bacarmayanlar heç vaxt yaradıcılıqda özünəməxsusluq iddiasında ola bilməzlər.
        M.Araz 50-ci illərin əvvəllərindən yazmağa başlamışdır. Onunla Bakıdakı təhsil illərimiz, bir qədər fərqlə də olsa, üst-üstə düşür. Ə.Kürçaylı, X.Rza, Q.Xəlilli və T.Mahmudla biz universitetin filologiya fakültəsində eyni kursda oxuyur, T.Bayram, S.Əsəd, M.Araz isə pedaqoji institutun müxtəlif fakültələrində təhsil alırdılar. Biz yazıçılar ittifaqında o zaman görkəmli sənətkarların rəhbərlik etdikləri "Gənclər günü” tədbirlərində müntəzəm iştirak edir, ilk yazılarımızı burada oxuyur, nəşr etdirir və bu zəmində sıx ünsiyyətlə saxlayırdıq. M.Araz ali ədəbiyyat kurslarında müdavim olanda isə mən artıq "Azərbaycan gəncləri” qəzetinin redaksiyasında çalışır və onun Moskvadan göndərdiyi şerləri vaxtaşırı bu qəzetin səhifələrində nəşr etdirirdim...
        Yazmağa 50-ci illərdə başladığına, "Sevgi nəğməsi” adlı ilk kitabını da 1959-cu ildə çap etdirdiyinə baxmayaraq, bir şair kimi M.Arazın qələmi növbəti onillikdə daha da püxtələşmiş, "Araz axır”, "Mən səni taparam”, "Ömür karvanı”, "İllərdən biri” və s. kitabları məhz 60-cı illərdə Azərbaycan ədəbiyyatına parlaq istedadlı yeni bir şairin gəlişindən xəbər vermişdi. Bakir insani duyğuları, saf məhəbbəti tərənnüm edən bir sıra əsərləri, "Göy göl”, "Nobel mükafatı”, "Professor Gülə məktub” şerləri, "Paslı qılınc” adlı ilk poeması da elə bu illərin məhsuludur. M.Arazı bir şair-vətəndaş kimi məşhur edən "Professor Gülə məktub” şeri həmin illərin Azərbayjan poeziyasında vətəndaş lirikasının ən görkəmli nümunələrindən biri oldu. Ümumiyyətlə, yazılış illərindən asılı olmayaraq M.Arazın adı çəkilən şerləri, habelə "Vətən mənə oğul desə”, "Məndən ötdü, qardaşıma dəydi”, "Dünya sənin, dünya mənim, dünya heç kimin”, "Azərbaycan-dünyam mənim” kimi onlarca əsəri poeziyamızın qızıl fondunda həmişə qalacaq, xalqımızın yeni-yeni nəsillərinin vətəndaş tərbiyəsində öz layiqli xidmətlərini göstərəcəkdir.
        Görkəmli alim Gülə ünvanlanmış şer Xəzər dənizinin acınacaqlı taleyinə həsr edilmişdi. İndi bizdə ekoloji tarazlıq problemindən çox danışılır, yazılır, televiziya və radio verilişlərində bu məsələyə geniş yer verilir: hətta ekoloji polis xidməti də təsis edilmişdir. Uzun illərdir ki, müxtəlif adlar altında Azərbaycan təbiətini, xüsusən də Xəzərin sərvət və gözəlliklərini qorumaq məqsədilə dövlət strukturları və elmi-tədqiqat idarələri fəaliyyət göstərir. M.Araz isə hələ təqribən 30 il bundan qabaq cəmiyyətin, ictimai fikrin diqqətini Xəzərin amansızcasına istismardan əmələ gəlmiş dərin yaralarına yönəldir və bu nadir təbiət incisinin taleyi üçün ədəbiyyatımızın güclü həyəcan təbilini çalırdı:

        Xəzər...
        Sağılır qızıl inək kimi,
        Sağıb, sorub, sonra yorub,
        Qısır inək kimi
        Biz onu satmaq istəyirik,
        Ölü dənizlər muzeyinə
        Atmaq istəyirik.
       ...Xəzərdən sahilə
        Qızıl dartırıq,
        Gülab tökürük,
        Sahildən Xəzərə
        Zəhər axıdır,
        Çirkab tökürük.

        Şerdə yanğılı şair qəlbindən qopan vətəndaş qəzəbinin hədəfi o zaman ölkəmizdə hakim olan müstəmləkə sistemi idi. Dənizin sahilində yaşadığı halda ailəsinin güzəranını təmin etmək məqsədilə bir-iki ədəd balıq tutduğu üçün minlərlə soydaşımız haqqında cinayət işləri qaldırıldığı o illərdə Xəzərin sərvətləri "qanuni surətdə” vəhşicəsinə talan edilir, respublika büdcəsinə keçirilən qəpik-quruş müqabilində dünya balığının, dünya kürüsünün ən nadir, ən qiymətli növləri gəmi-gəmi, təyyarə-təyyarə xaricə daşınıb dönər valyutaya, daha aydın desək, qızıl pula satılırdı. Əsrin bu ən böyük ədalətsizliyi üçün müqəssir olanları şair bütün varlığı ilə, vətəndaş cəsarətilə lənətləyirdi.
        Məxluqatın ən şərəflisi olan insanın öz insanlıq vəzifəsinə ən uca və əbədi vəzifəsinə layiq yaşaması həmişə M.Arazın baş mövzusu olub, əsərlərində müxtəlif yönlərdən işıqlandırdığı problemdir. Onun lirik qəhrəmanının tapındığı ən ulu məqsəd bir vətəndaş kimi insanların karına gəlmək, haqqın, ədalətin, nəcibliyin, xeyirxahlığın təntənəsinə qeyrətlə qulluq etməkdir. Bu yolda əngəl olan təcavüzkarlığa, xəyanətə, natəmizliyə, bədxahlığa qarşı ardıcıl mübarizə aparmaq həmin məqsədə çatmağın sınaqlarından çıxış vasitəsidir. Vətənpərvərlik, vətəndaşlıq bu qəhrəmanın boyuna biçilmişdir.

        Vətən mənə oğul desə nə dərdim,
        Mamır olub qayasında bitərdim...

        -deyən bu qəhrəman çox təvazökar olub şöhrətpərəstlikdən, özünü gözə soxmaqdan, xidmətləri müqabilində mükafatlar ummaqdan uzaqdır. Mamır mənim tanıdığım, hələ uşaq ikən nəbatət dərslərində öyrəndiyim bitkilərin ən kiçiyidir. Vətəni tərifindən "Oğul!” kimi şərəfləndirəcəyi təqdirdə Siz lirik qəhrəmanın umduğu mükafatın mahiyyətinə varırsınızmı? Qayada bitən adicə mamır! Ədəbiyyatımıza belə təvazökar, belə gözü-könlü tox lirik qəhrəman gətirdiyi üçündür ki, bu gün şerimizin nəhəng xan çinarlarından birinə çevrilmişdir.
        Dahi alman şairi və filosofu İ.V.Höte şairliyin mahiyyətindən bəsh edərkən deyərmiş: "Nə qədər ki, bir qələm sahibi özünün xırda subyektiv duyğularını ifadə edir, hələ ona şair demək olmaz. Lakin mühitini, gerçəkliyi qavrayıb onu ifadə etməyin yolunu tapanda həmin adam şairə çevrilir”. Bu yolu tapanların əsərləri yalnız öz müəlliflərinin deyil, çağdaşlarının da fikri-hissi axtarışlarını, arzu və ideallarını, sevinc, kədər, ümid və istəklərini, dövrün şirinli-acılı həqiqətlərini əks etdirmək iqtidarına malik olur. Ədəbi təcrübə göstərir ki, bütünlükdə varlığı, mühiti, adamları qavrayıb yenidən yaşamaq, onu şerdə əks etdirməyin yolunu tapmaq həqiqətən də çox ağır yaradıcılıq sınağıdır ki, M.Araz poeziyamızın bir neçə görkəmli nümayəndəsi kimi bu sınaqdan alnı açıq çıxmışdır. O, dünyaya, insanlara Azərbaycan zəminindən baxır, ölkənin, xalqın qayğıları ilə qanadlanır, millətlər yarışında soydaşlarımızın şərəfli yer tutması üçün çalışır. Şairin əsərlərini təkrar-təkrar oxuduqca bir daha inanırsan ki, başqaları tərəfindən dəstəklənən namərd qonşunun işğalına məruz qaldığı, təkləndiyi üçün bu gün bir qədər pəjmürdə, peşiman görünsə də, Azərbaycan sarsılmamışdır və şairin öz şerlərində canlandırdığı məğrur qaya obrazı kimi yenilməz vüqarını qoruyub saxlayır.
        M.Arazın nəzərində əsl sənətkar, vətəndaş şair xalq qarşısında, cəmiyyət qarşısında hər şeyə cavabdehdir:

        Bir bağda barını qurd-quşlar yeyən
        Budaq quruyubsa, günahkar mənəm.
        Neçə il gözünə əlim dəyməyən
        Bulaq quruyubsa, günahkar mənəm.

        Bir Şair ilk baxışda sadə görünən təbiət hadisələrindən mürəkkəb cəmiyyət hadisələrinə körpü salır, əxlaqi-mənəvi qüsurlarımızda, bir sıra ictimai-siyasi problemlərimizin vaxtında və düzgün həll olunmamasında şerimizi günahkar hesab edir:

        Bir Mənə bir dərd olur doğru bir sözü
        Yalan daşlarının batırmağı da.
        Biçili, ütülü bir şərəfsizin
        Şərəf kürsüsündə oturmağı da.

        Deyilənlərin bir növ məntiqi yekunu hesab etdiyim bu misralar isə M.Arazın ulu şair babası, zəmanəsinin ağır-ləngər qəm karvanının sarbanı olan Füzulinin "Mənəm ki, qafilasalari-karvani qəməm” misrası ilə çox gözəl səsləşir:

        Çiynimdən düşməyir dərdi-sər yükü,
        Həmişə kədərim, qəmim oyaqdır.

        Bu gün bütün qeyrətli, vətənpərvər, bir qədər kövrək ürəkli azərbaycanlılar kimi M.Araz da, onun şerləri də erməni işğalına məruz qalmış torpaqlarımızın taleyi üçün, vətən yolunda axıdılan şəhid qanları üçün nalə çəkib qan ağlayır. Axı vaxtilə onun da ən sayseçmə misraları Qarabağa, Şuşaya həsr edilmişdi:

        Gecənin qoynunda yanar dağ-şəhər,
        Fəzadan asılı çılçıraq-şəhər.
        Dağlar öz ovcunda yandırıb onu,
        Ulduzlar qoynuna qaldırıb onu.
        Bu dağlar-vüqarı, bu dağlar-gücü
        Bu gecə kəşf etdim bir Şuşa bürcü...

        Bu gözəl misraları oxuyur və fikirləşirəm ki, Şuşa da, işğal edilmiş digər torpaqlarımız da xalqımızın iradəsilə mütləq azad ediləcəkdir. Yoxsa təkcə M.Arazın misraları deyil, bizim bütün ədəbiyyatımız, mənəviyyatımız, babalarımızın qəbirləri, Vaqifin məqbərəsi od tutub yanar və gələcək nəsillər bizə də, şerimizə də bunu bağışlamazlar!
        Bu gün M.Araz hər yerdə istedadının pərəstişkarları tərəfindən alqışlarla qarşılanır. Onun əsərlərinin nəşri üçün də ciddi problem yoxdur. Lakin bu, heç də həmişə belə olmayıb. Vaxtilə şairin bir sıra şerləri redaktor və "qlavlit” kabinetlərinin qalın qapılarını, hündür kandarlarını aşıb keçə bilmədiyi üçün geriyə, müəllifin üstünə qaytarılmış, onu yaradıcı adam üçün çox mürəkkəb olan əndişələrə salmışdır. Zəif olduqlarına görəmi? Əlbəttə, yox! Vətənə qara yaxdığı, yaxud həyat həqiqətini təhrif etdiyinə görəmi? Qətiyyən yox! Şairin özünün həmin şerlərinə çox sərt, amansız bir müraciəti var:

        Yalanmı danışdız? Ağzında yalan
        Boğaram öz doğma balamı da mən.
        Vətənsiz alışan, vətənsiz yanan
        Vətəndaş pasportlu ilhamı da mən!

        Sadəcə olaraq bu şerlərdə öz əksini tapmış Azərbaycan həqiqətləri, keçmiş İttifaq həqiqətləri, daha dəqiq desək, bu həqiqətlərin ifşası "sabitlik” və "qayda-qanun” keşikçilərini dəhşətə gətirir, onlar da yuxarıların qəzəbindən qorxduqları üçün həmin əsərləri müəllifin üstünə qaytarırdılar. Araz, Cənub mövzusunda yazdığı bəzi əsərlərin belə nakam taleyini nəzərdə tutan M.Araz 1968-ci ildə, imperiya sütunlarını xalq qəzəbinin hələ sarsıtmadığı bir vaxtda belə qətiyyətlə yazmışdı:

        Mənə şərəflidir belə ölümlər:
        Vətəndaş Qoy batsın sinəmə, batsın min nizə,
        Vətəndaş Arazdan, cənubdan yazmağın əgər
        Vətəndaş Dünyada ən böyük cinayət isə!

        M.Arazın torpağa, xalqa, onun taleyinə bağlı olub böyük bəşəri duyğulardan qanadlanan qəhrəmanı insanı ilkinliyə, bütövlüyə, kamilliyə çağırdığı, bu yüksək milli, bəşəri dəyərləri bütün varlığı ilə sevdiyi üçün özü də sevilir və geniş miqyasda təqdir olunur, nümunə kimi qəbul edilir. Şairi oxuculara sevdirən nədir? Vətəndaş amalı ilə yanaşı sənətkar məharəti, güclü istedad. Bu məharət və istedad onun söz üzərindəki işində özünü xüsusilə aşkar göstərir. Saysız-hesabsız münasibətlərlə faydalandığımız, bədii əsərlərdə dönə-dönə qarşılaşdığımız söz və ifadələr, bədii təsvir vasitələri M.Arazın şer və poemalarında təzə, təravətli bir biçimdə canlanır, şair aşıb-daşan fikir və duyğularını əks etdirmək üçün onlara yeni məna çaları aşılayır. Axı lirik qəhrəman, onun həyata, insanlara münasibəti, fəal vətəndaş mövqeyi vasitələri yox, quru moizə ilə deyil, hər şeydən əvvəl sənətkar fərdiyyətilə vəhdətdə təzahür edəndə həqiqi fikri-emosional təsir qüvvəsi kəsb edir. Məhz bu baxımdan lirik şer bədii yaradıcılığın ən çətin, söz üzərində zərgər işi tələb edən mürəkkəb növlərindən biridir. O, əksər hallarda müxtəsər yazıldığından ilk sözündən son misrasınadək bir tam halında, həm də lap qısa bir müddətdə hərtərəfli qavranılır. Burada əsərin bütövlükdə uğurlu çıxmasından savayı, bir də onun dili, ahəngi, vəzni, ölçüsü, qafiyəsi, obrazlı ifadələr sistemi, bir sözlə, bütün tərkib hissələri diqqətli oxucunun gözləri önündə canlanır.
        Yaxşı şer ən ali və incə duyğuların, ən ciddi və dərin fikirlərin məhz obrazlı ifadəsi əsasında yaranır. Qafiyəsiz, ilk nəzərdə hətta vəznsiz görünən şer obrazlı təfəkkürün məhsuludursa, məqbul sayıla bilər, amma ciddi ölçülər və mükəmməl qafiyələr əsasında yazılmış nəzm obrazlı təfəkkürdən məhrumdursa, şer cərgəsinə çıxarıla bilməz. Ona görə də şair öz əsərinin əsasında duran yüksək fikri, nəcib duyğunu, ali məqsədi müvafiq poetik səviyyədə təqdim etmək üçün böyük yaradıcılıq zəhmətinə qatlaşır.
        M.Arazın güclü istedad sahibi olduğunu hamı bilir. Amma onun bir sıra əsərləri kimi "Bir ömür yolunda” şeri də bir daha sübut edir ki, güclü istedad sahibləri də şeri elə belə, necə deyərlər, "bir nəfəsə” yazmırlar. Poeziyanın "qara fəhləsi” olan M.Araz da öz əsərləri üzərində dönə-dönə işləyir, düşünüb-daşınır, arayıb-darayır və onları bu cür mükəmməl səviyyədə oxucuların mühakiməsinə təqdim edir:

        Ömrümə kibrit çək dost əllərilə,
        Ömürdü-bir çəngə küləşdi-deyim!
        Döşümə düymə tik dost əlləriylə,
        Sinəmdən göyərən günəşdi- deyim!

        Təmənnasız dostluq, sədaqət və qədrşünaslıq haqqında uzun müddətdir ki, mən bu dərəcədə mükəmməl bir şer oxumamışdım.
        Axıcılıq və ahəngdarlıq, məna gözəlliyi ilə bədiiliyin çox uğurlu xəlitəsi, mübaliğənin bütün şiddətinə baxmayaraq (düymə hara, günəş hara?) inandırıcılığı, az sözlə (dördcə misra ilə) böyük bir mətləbin ifadəsi bu əsərin ürəyə yatımlığını, uzun ömürlülüyünü təmin etmişdir.
        Nakam taleli gözəl şairimiz Əhməd Cavaddan üzü bəri təbiətin nadir möcüzəsi olan Göy gölə yüzlərcə şer həsr edilmişdir. Məmməd Arazın eyni adlı qoşması onların ən yaxşılarındandır. Nümunə üçün verdiyim, bu bir bənd də içində olmaq şərtilə, həmin qoşmada Göy göl həqiqətən də təkrarsız gözəllik mücəssəməsi kimi canlanır:

        Yel əsdi, yarpaqlar suya töküldü,
        Göy çitə tünd sarı güllər tikildi.
        Buludla ağladı, günəşlə güldü
        Deyəsən, bir kövrək insandı Göy göl...

        Payız vaxtı Kəpəzin ətəklərində olanlar ruzgarın azacıq deyişməsindən hər dəfə Göy gölün yeni bir gözəlliklə cilvələndiyini çox görüblər. Bu şerdə olduğu kimi onun poetik təsvirini vermək isə əsl şair işidir.
        M.Araz yığcam şer ustasıdır. Onun sözçülüklə işi yoxdur. Şair fikri kəsə deməyin, az sözlə mükəmməl poetik qənaət ifadə etməyin tutarlı nümunələrini yaratmışdır.

        Bu torpaq əsrlər qaranlığında
        Qəfil nur dağları dikəldib axı!
        Bu torpaq qədimlər toranlığında
        Nadan sürüsü də kökəldib axı!

        Hələ on altı il əvvəl M.Araz sənətinin lakonizmini yüksək qiymətləndirən xalq şairi R.Rza yuxarıdakı misraları nümunə gətirib yazmışdı: "Bu həqiqətə cild-cild kitablar bağlamaq olar. Sən demə bir neçə sətirdə də bu həqiqətin bədii təsdiqini vermək olarmış”. Özünün də, qələm yoldaşlarının da yaradıcılığına həmişə obyektiv tələbkarlıqla yanaşan Rəsul müəllimin, bu böyük ustadın dedikləri M.Arazın bir çox digər əsərləri üçün də səciyyəvidir.
        Üslubiyyatçı alimlərin müşahidələrinə görə onun bədii dili bütün hüceyrələrilə müasirdir. Bu dil ənənə ilə yenilikçiliyin, bədiiliklə dialektçiliyin, xəlqiliklə elmiliyin ahəngdar surətdə qovuşmasına ən parlaq nümunələrdən biridir. Xüsusən aforistik ifadə tərzi şairin dilinin vacib üslubi keyfiyyətidir. Müxtəlif illərə məxsus ayrı-ayrı əsərlərindən aldığım bu beytlərdən onun kitablarında istənilən qədərdir:

        İstedad elə bir toxuma bənzər,
        Göyərər quru bir daş üstündə də.
        Ən böyük qəhrəman-qəhrəmanlığa
        Əvəz istəməyən, pay ummayandır.

        Taleyin hökmünü gözləmək azdı,
        Taleyin hökmünü özün imzala!
        Məncə qapısını kitab açmayan
        Bir ev müəllimsiz məktəb kimidir.

        M.Araz, təzə kitabları, ədəbi orqanları, ümumiyyətlə dövrü mətbuatı vərəqləyərkən yeni əsərlərini həsrətlə axtardığımız, tapanda acgözlüklə, bir nəfəsə oxuduğumuz, tapmayanda məyus olduğumuz barmaqla sayılacaq dərəcədə az çağdaş sənətkarlarımızdan biridir. Beləcə oxucu etimadı qazanaraq gözlənən, yaxşı mənada izlənən şair olmaq yaradıcı sima üçün böyük mənəvi səadətdir.
        Bu müxtəsər yazıda mən M.Arazın sənətkar palitrasında çeşidli əlvan rənglərin sayrışmasından ətraflı danışa bilmədim. Onun sevən qəlbin dolub-boşalmasını incəliklərinə qədər əks etdirən məhəbbət lirikasını açıqlamadım. "Üç oğul anası”, "Araz axır”, "Əsgər qəbri haqqında ballada”, "Atamın kitabı”, "Mən də insan oldum” və s. poemalarındakı gözlənilməz süjet dönümlərini, romantik ricətləri, canlı insan surətlərini təhlil etmədim. Dilimizə çevirdiyi şer və poemalarda özünü göstərən tərcüməçi ustalığından bəhs etmədim. Balalarımız üçün yazdığı və uşaq aləminin əsrarəngiz rənglərini əks etdirən sadə, lakin mənalı əsərlərinin heç adlarını da çəkmədim.Bu deyilənlərin hər biri, o cümlədən də xüsusən M.Araz poeziyasında sənətkarlıq axtarışları ayrıca tədqiqat işi üçün qiymətli material verməkdədir. Yazdıqlarım isə, olsa-olsa, şairin yaradıcılığının mühüm bir istiqaməti, onun vətəndaş lirikası haqqında qeydlərdir. M.Araz sənətinin əsl qiymətin alimlərimiz son kitabı yazılmaqda olan yeni, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi”ndə, monoqrafiya və məqalələrində verəcəklər. Lakin bunlarsız da şair dostum, qardaşım Məmməd Araz artıq çağdaş ədəbi prosesin ən fəal aparıcı qüvvələrindən biri kimi Azərbaycan ədəbiyyatında öz layiqli yerini tutmuşdur.
        Onu da demək çox vacibdir ki, M.Arazın fəaliyyəti təkcə bədii yaradıcılığından ibarət deyil. Etiraf edək ki, on illər boyunca, bir-iki müəllifi çıxmaq şərtilə, yalnız şer yazmaqla şairlər öz ailələrinin güzəranını təmin edə bilməmişlər. Bu üzüqara ənənə cəmiyyətdə gedən məlum proseslərlə əlaqədar olaraq bu gün də davam etməkdədir. M.Araz da peşəkar şair olduğuna baxmayaraq müntəzəm bədii axtarışlar aparıb yüzlərlə əsərini yazmaqla yanaşı, öz zəif və zərif canı ilə həmişə haradasa işləməli olmuşdur. O, müəllimlik etmiş, qəzet-jurnal redaksiyalarında, nəşriyyatlarda müxtəlif vəzifələrdə çalışmış, on il Yazıçılar İttifaqında poeziya bölməsinə başçılıq etmişdir. Otuz ilə yaxındır ki, şair "Azərbaycan təbiəti” jurnalının redaktorudur.
        M.Araz ömrünün altıncı onilliyi arxada qalıb tarixə çevrildi.Sənətkar ömrünün mənası haqqında onun çox aydın qənaəti var:

        Ömür də bir borcdur, əlli il, yüz il,
        Bədbəxtdir az yazıb çox yaşayanlar.
        Şair dost, ömrünü yaşında deyil,
        Yazdığın nəğmənin ömründə axtar.

        Bu baxımdan Azərbaycanın xalq şairi M.Araz nigaran olmaya bilər. Onun dərc etdirdiyi 20-dən artıq kitabındakı ən yaxşı əsərləri məhz uzun ömürlü nəğmələr olub oxuyanların, dinləyənlərin fikrində, məktəb dərsliklərində, efir və ekran verilişlərində, mahnı mətnlərində fəaliyyət göstərməkdə, müəllifinə haqlı şöhrət gətirməkdədir. Bu əsərlər xalqımızın keşməkeşli tarixinin ən mürəkkəb mərhələsi olan bu günlərdə də elin-obanın karına gəlir, istiqlalımız uğrunda, halalca torpaqlarımız uğrunda, "mayası nur, qayəsi nur” Azərbaycan uğrunda işğalçılara qarşı mübarizədə adamlarımızı ruhlandırır. On illər, bəlkə də yarım əsr keçəcək, M.Araz yazmaqdan yorulacaq. Lakin onun şer bulağı ictimai yığıncaqların, müxtəlif miqyaslı ədəbi məclislərin xitabət kürsülərində, kitablarının səhifələrində, sevgililərin məhəbbət məktublarında, məktəb uşaqlarının şirin dillərində çağlayacaqdır. Şer sevənlər gah coşğun, gah da həzin axan bu sənət bulağının göz yaşı kimi dumduru, büllur kimi saf və təravətli suyundan həmişə nuş edib "Oxqay” deyəcəklər.
Bəkir NƏBİYEV
Akademik
SƏNİ AXTARIRAM



        Gözümdən getməyir camalın sənin,
        Köçüb qonşuluqdan hayana getdin?
        Kəpəzmi, Qoşqarmı oldu məskənin
        Yoxsa onlardan da o yana getdin?

        Qoynunda dəfinə tapdığın zaman
        Ucaltdı dağ boyda hansı dağ səni?
        Nərgiz rəng aldımı yanaqlarından
        Öpəndə nərgizli bir yaylaq səni?

        Görəsən, bu soraq düşdümü elə:
        "Yamanca şöhrətli mühəndisdir o!”
        Eşqin hansı qəlbi gətirdi dilə?
        Kim dedi ilqara, əhdə düzdür o?

        Gözümdən getməyir camalın sənin,
        Köçüb qonşuluqdan hayana getdin?
        Kəpəzmi, Qoşqarmı oldu məskənin
        Yoxsa onlardan da o yana getdin?

        Səni axtarıram o gündən bəri,
        Axı açmamışdım sənə könlümü.
        Yaz gəldi, açıldı bahar gülləri,
        Mənsə açmamışam yenə könlümü.

        Bəzən tüfəng alıb çıxsam da düzə,
        Ceyran oylağından aralı gəzdim.
        Ovçu ov axtarar, ovçu ov gəzər,
        Mən məni ovlayan maralı gəzdim.

        Bəzən ac qayıtdım evə də, amma
        Bir tikə çörəyi yeyə bilmədim.
        Bütün sirlərimi bilən anama,
        Məhəbbət sirrimi deyə bilmədim...

        Bəli, axtarıram səni o gündən,
        Könlüm istəyəni görə bilmirəm.
        Qəlbimi özünlə aparmısan sən,
        Mən onu heç kəsə verə bilmirəm...
1957

NƏNƏMİN KİTABI



       Könül nə danışdı, nə dedi mənə-
       Uçdu körpəliyə xəyalım yenə...
       Durdu gözlərimdə ixtiyar nənəm,
       Vüqarı dağ nənəm, saçı qar nənəm...
       Elə bil, saçımı darayırdı o,
       Qəlbimi, fikrimi arayırdı o.
       Duyurdu üzünə dikilən baxış
       Deyir ki, ay nənə, bir nağıl danış...
       Yenə də kitabı varaqlanırdı,
       Qəlbi gah sevinir, gah da yanırdı...
       Ellərin zəkası, xəyalı, dərdi
       Onda pərdə-pərdə dilə gələrdi.
       Onda nəğmə vardı, bayatı vardı,
       Onda sevinc quşu, qəm atı vardı.
       Onda dinləyərdim Zərniyarı da,
       Valehi sızladan qəm-qübarı da.
       Kitab Məcnun kimi ağlardı bəzən,
       Leylinin yasını saxlardı bəzən.
       Kitabın ildırım sürəti vardı,
       Bir anda bir əsri uçub aşardı...
       Ondakı nağılın hüdudu hanı?
       Saysızdı ondakı hünər dastanı.
       Ondaydı ellərin fikri, nəfəsi,
       Keçmişin sükutu, bu günün səsi.
       Nənəmin səsində, dilində idi:
       Elə bil, hər nə var əlində idi.
       Bəzən bir yetimə taxt da qurardı,
       Şahısa qaldırıb yerə vurardı.
       Bu zaman nənəmə alqış deyərdim,
        "Danış, dalısını, danış” deyərdim.
       Ellərin sevinci, ellərin dərdi
       Nənəmin dilində dilə gələrdi.
       Mən də gah sevinər, gah da yanardım,
       Nənəmi ən böyük alim sanardım.
       Sinəmə el sazı asdı o kitab,
       Sinəmə çox kitab yazdı o kitab.
       Onun Araz kimi kükrəyib daşan,
       Kürün nəğməsinə nəğmələr qoşan.
       Hünər dastanı da, sevinc səsi də,
       Bəzən söz üstündə titrəməsi də.
       Nənəmin qəlbindən qəlbimə doldu,
       Məni şair edən o kitab oldu.
       O kitabın səsi el səsi idi;
       O kitab nənəmin sinəsi idi.

1956.

QARANQUŞ

 


       Əsdi vədə yeli...yaz müjdəsilə
       Qondun eyvanıma yenə, qaranquş!
       Mən sənin eşqinlə gəlirkən dilə,
       Uçmağın dərd oldu mənə, qaranquş!

       Bir zaman yuvanı uçurmuşam mən,
       Bəlkə də, bəlkə də o yadındadır.
       Dilin yox, dərd açıb söz söyləyəsən,
       Dilin də, sözün də qanadındadır.

       Bəzən əlində şiş, çiynində yaba
       Uşaqlar yanıma yığıldı, ay quş!
       On günə, bir aya tikdiyin yuva
       Bircə an içində dağıldı, ay quş!

       Yelləmi, selləmi keçdi ötən gün?
       O, bəlkə ötəri şimşək səsiydi.
       Sənin öz yuvandan ayrı düşməyin
       Mənimçün bir uşaq əyləncəsiydi.

       Bəlkə bu halımdan incidi dağ-daş
       Bunu öz vaxtında duya biləydim.
       Bir günlük uşaqlıq günahmı, kaş
       Bütün ömrüm boyu yuya biləydim.

       Bilmədim o günün ani nəşəsi
       Mənə dərd olacaq ömrüm uzunu.
       Bəlkə ev qayğısı, övlad nəfəsi
       Olmasa indi də duymazdım bunu.

       Eh, xəyal nələri gətirir yada...
       Yeni müjdən ola mənə, qaranquş!
       Körpəlik gülüşüm qanadlarında
       Bircə gün geriyə dönə, qaranquş!

       Vaxt olur cansızdan can umur insan-
       Adi təsəllidir, bunlar da ancaq.
       Uçan körpəliyim, uçulan yuvan
       Onsuz da geriyə qayıtmayacaq.

       Gəl yenə yuva qur doğma yerində,
       Könlüm həsrətinlə dindi, qaranquş!
       Ta uçma, çəkinmə məni görəndə,
       Mən uşaq deyiləm indi, qaranquş!

1957.

 

AĞARMA, SAÇIM, AĞARMA!


       Nə erkən sənə dən düşdü,
       Niyə düşdü, nədən düşdü?
       Beynimmi qüvvədən düşdü?
       Ağarma, saçım, ağarma!

       Arzu sonsuz, ömür yarı...
       Artdı alnın qırışları,
       Səndə insaf olsun barı
       Ağarma, saçım, ağarma!

       Məni qəmgin görsə əgər
       Düşmən gülər, dost qəm yeyər,
       Qızlar baxıb "dayı” deyər,
       Ağarma, saçım, ağarma!

       Daşdır qəlbin, daşdır canın,
       Yoxdur, duyğun, yoxdur qanın.
       Hələ gəncəm, sən vicdanın
       Ağarma, saçım, ağarma!

       Ömür keçir, yaman keçir,
       Qəlbimdən qara qan keçir.
       Daha gözəllər yan keçir,
       Ağarma, saçım, ağarma!

       Hələ səsim ucalmayıb,
       El gücündən güc almayıb.
       Hələ ürək qocalmayıb
       Ağarma, saçım, ağarma!

       İlham adlı şahpərim var,
       Yol üstəyəm, səfərim var...
       Yazılmamış əsərim var...
       Ağarma, saçım, ağarma...

1957.

İŞIQLAR

 


        Sahil boyu yanır kəndin işıqları,
        Tala-tala kölgə salır suya çinar.
        Əyildikcə göy budaqlar suya sarı,
        Elə bil ki, salam verir çaya çinar.

        Dayanmışam o çinarın dibində mən,
        Nəzərlərim ayrılmayır kəndimizdən.
        Enir, qalxır ağ sırğalı göy dalğalar,
        Bu sahildə neçə-neçə xatirəm var.

        Güc eləyib, kəmənd atdıq sel gücünə,
        Çay üstündə bir "hes” tikdik el gücünə,
        Əlimizlə işıq oldu gur şəlalə,
        Otaqlara sanki doldu nur şəlalə...

        Alqışladı zəhmətimi hamı o vaxt,
        Gül gətirdi qızlar mənə qucaq-qucaq.
        Uşaqlar da gözlərində sevinc hissi,
        Çağırdılar məni: "işıq mühəndisi”.

        Həmin günlər axıb getdi sular kimi,
        Yaşa doldum, boy atdım o çinar kimi.
        O günləri yad edirəm indi yenə,
        Gənclik səsi bürümüşdür kəndi yenə.

        Həmin səslər sanki deyir mühəndisə:
        "Sən gərəksən, çox gərəksən hələ bizə.
        Hələ işıq çəkəcəksən tarlalara,
        Töhfələrin yenə vardır, bu diyara...”

        Salam verib el gücünə, el səsinə,
        Sinəm dönür qranit dağ sinəsinə.
        Ağ evlərə ağ işıq tək axıram mən,
        Kəndimizə bir gənc kimi baxıram mən.
        Canlı sənət, canlı əsər heç solarmı?
        Əməlləri işıq olan qocalarmı?

1957.

 

İZ SAL

 


       Dostum Budaq Budaqova

       Səyyah dostum, yol uzundur,
       Yol daşlıdır, qayalıdır.
       İnsan oğlu keçilməyən
       Qayaların qartalıdır.

       Axtarışlar aləmində
       Çox yıxılır, durur insan.
       Sənsə baxıb dağ başına
       Hamar yollar axtarırsan.

       Şəlaləli yamaclarda
       Hamar gəzmə, düz axtarma.
       Dostum, həyat yollarında
       Özün iz sal, iz axtarma.

1956

 

KƏNDDƏ BİR AXŞAM

 


       Sevirəm sevməli sözü, söhbəti,
       Bu axşam çox adam yığılıb bizə.
       Neçə qəhrəmanın adı, şöhrəti
       Gəlir nağıllarla məclisimizə.
       Budur, sinədəftər qocalar yenə
       Enir tarixlərin dərinliyinə...
       Kimi Koroğludan, kimi Babəkdən,
       Kimi də Gülgəzdən, Abbasdan deyir:
       Sözlər bulaq kimi axır ürəkdən,
       Hər qoca bir nağıl, bir dastan deyir...
       Aşıqdan danışan aşıqdır sanki,
       Coşur şair kimi şairdən deyən.
       Bir qoca, Tomrisdən elə deyir ki,
       Sanırsan evində qonaqmış dünən.
        (İndi duyuram ki, el ürəyində
       Neçə duymadığım əsərlər yatır.
       Bəlkə də onunçün şerə, sənətə
       Əlim az yetişir, ünüm az çatır).
       Belə axşamlarda adətdir, hər kəs
       Gərək söhbət aça, danışa, dinə.
       Pəncərə yanından ucalan bir səs
       Məclisə xoş söhbət gətirir yenə:
       -Ə, Qədir, keçmişdən bir əl çəksənə,
       Qarnı ac gününmü dad verir sənə?
       Bu gündən, bu gündən bir danış görək.
       Bu gün qazanılır yediyin çörək,
       De, o adamqıran atomdur, nədir...
       -A kişi, o böyük bir xəzinədir.
       Deyirlər, bir tikə qoysan bir dağa
       Əriyib çevrilər qara torpağa...
       -Görəsən, əriyər "Gəlin qayası”?
       Yerində dağ ola taxıl tayası?
       -Yayda İşıqlının qarı hayıfdır,
       Ona dəyməyələr barı, hayıfdır...
       -Bir ovuc İşıqlın kimə gərəkdir,
       O, buz dağlarını əridəcəkdir.
       -Qardaş, mat qalmışam bu texnikaya,
       Aya uçacaqlar deyirlər, Aya.
        (Diksinir bu sözdən gödək Fərzəli,
       Baxır ona tərəf üzündə əli).
       -Yox, ə, inanmıram, bu ola bilməz,
       Bəs Aya dəysələr uçub tökülməz?
       -Ay sənin babanın daxmasıdır, ə,
       Külək əsməmişdən sovrula göyə?
       Deyirlər, bir yekə dünyadır o da,
       Bəlkə adamlar var sənin boyda da...
       -Dədən cır Kərimdən boysuzam, yəni,
       Yovşandan asardı ov tüfəngini...
       Onların sözündən gülüşür hamı,
       Daha da qızışır söhbət axşamı.
       Kəndin adətindən yaxşı halıyam,
       Mən də bu məclisdə danışmalıyam.
       Hanı o qüdrətim el arasında,
       Bir damla su nədir sel arasında?
       Bəlkə də hər sözüm quruca səsdir,
       Bir kəlmə deməmiş, deyirlər "bəsdir”.
       Bir də ki, bu gecə mənə gərəkdir,
       Sabah başqa söhbət keçiləcəkdir,
       Odur ki, duraraq bu gecəliyə
       Məclisdə təzə bir adət açıram.
       Artıq gecə keçir, yorğunuq -deyə,
       Şirin bir yuxudan söhbət açıram.
       Deyirlər:- Bəs niyə danışmadın sən,
       Niyə tüstüləndin, alışmadın sən?
       Yoxsa çevrilərək axarsız suya,
       Əbədi yar dedim yatağıma mən.
       Yox, verib onları şirin yuxuya,
       Keçdim yazmaq üçün otağıma mən...

1956.

 

QONŞU GƏLİNİ

 


       Qarşı pəncərənin önündə bəzən
       Durub sevgilini gözləyəndə sən,
       Alır qucağına xəyallar məni,
       Rahat buraxmayır suallar məni.

       İnsan da bu qədər cüt yaranarmış
       Həyatın nə incə sirləri varmış!
       Baxıram, elə bil üzü üzündür,
       Baxışı baxışın, gözü gözündür...

       Bəlkə görməmisən həmin qızı sən,
       Nə ola görəsən toyumuzu sən!
       Hörmətlə sıxaram onda əlini,
       Ay qonşu gəlini, qonşu gəlini...

       Həyatın nə incə sirləri varmış,
       İnsan da bu qədər cüt yaranarmış...
       Lakin qısqanclığın üzü yamandır,
       Sevgilin küsməsin məndən, amandır...

       Mən sənə baxmıram gözəlsən,- deyə,
       Demirsən, bəs niyə baxıram, niyə?
       Ay qonşu gəlini, mən utanıram
       Deyəm sənə:- Baxıb onu anıram.

1955.

 

GÖRÜŞMƏMİŞ DOSTLAR


       Gecə vaxtı Böyükdüzdən.1
       Tələsik də keçsən əgər,
       Qəlbin sənə bir anlığa
       "Qəlbsiz olma, dayan”- deyər.
       Yaxşı baxsan sahil boyu
       Mürgüləyən lal gecəyə,
       Görərsən ki, bir vadidə
       İki ocaq salmış iki
        xal gecəyə.
       Görərsən ki, sol sahildə
       Bizim kəndin baş çobanı
        Əmir dayı
       Ocağına dəm verərək,
       Elə bil ki, göndərir o
       Öz dostuna alov payı...
       O taydakı dostu isə
       Dirsəklənib dövrəsində
       Alovlanan ocağının,
       Tütək çalır dalğın-dalğın...
       O çobanlar neçə ildir
       Görüşmədən dost olmuşlar,
       Yaylımları bir başlanar,
       Ocaqları bir alışar.
       Birisinin arxacına
       Qurd təpilsə gecə yarı,
       O birinin itləri də
       Hücum çəkər çaya sarı.
       İki sürü bir sulanır
       İki dostu ayrı salan
       Lilli çaydan.
       Həzin tütək səsləriylə
       Salam verir bir-birinə
       O, o taydan, bu, bu taydan...
       Bəzən yayır tütəkləri
       Araz boyu Araz kimi
       İki qəlbin nidasını.
       Bəzən onlar bir çalırlar
       "Gəl ey bənək” havasını...
       Yaz olanda hər ikisi
       Sürüsünü dağa çəkir,
       Bir vadidən biri sola,
       O birisi sağa çəkir.
       Qış olanda sahil boyu
       Bir qışlağa enir onlar.
       Xan Arazdan biri sağda,
       Biri solda tutur qərar.
       Yenə hər kəs tütəyində
       Söhbət açır yaylağından-
       Savalanın dumanından,
       Salvartının qaymağından...
       Biri deyir qəhrəmanlıq
       Nişanıyla dönmüşəm mən,
       Biri deyir, nişanını
       Dərd asıbdır ürəyimdən.
       Birisinin otardığı
       El vardatı, el malıdır.
       Birisinin var-dövləti
       Yalnız fikri, xəyalıdır.
       Lakin ürək deyənləri
       Tütək açıb deyə bilmir.
       Bəlkə dostlar bir-birini
       Bir dost kimi duya bilmir.
       Neçə ildir bir vadidə
       Görüşməmiş dostdur onlar.
       Ürəkləri bir olsa da,
       Aralıqda bir olmayan
       Geniş dövlət sərhəddi var.
       Hərdən deyir mənə ürək:
       "Dostlar nə vaxt görüşəcək?”
       Mən onların görüşmədən
       Dostluğundan dedim ancaq.
       Onların ilk görüşünü
       Tarix özü danışacaq.

1956.

SƏHƏR-SƏHƏR

 


       Baharın nə gözəl çağları gəlmiş,
       Bülbülü çağırır gül səhər-səhər.
       Vətənin eşqiylə dil açıb yenə
       Könlümün sazında tel səhər-səhər.

       Çıxır meşəlikdən talaya əlik,
       Səkir daşdan daşa xınalı kəklik.
       Şehdən muncuq düzür güllük, çiçəklik,
       Gəlinə bənzəyir çöl səhər-səhər.

       Gedirəm tələsik tarlaya sarı,
       Hamıdan tez gələ o qız da barı.
       Sinəsi qartallı qayalıqları
       Əks edir sonalı göl səhər-səhər.

       Sevda yolçusunun xəyalına bax,
       Sənsiz əfsanədir gözəllik ancaq.
       Ey günəş üzlü yar, günəşdən qabaq
       Yoluma nur çilə, gəl səhər-səhər.

1957.

 

DƏNİZÇİ

 


       Dedilər: -- "Dincəlmək vədəndir artıq,
       Daha qocalmısan, təqaüdə çıx.
       Qoca dənizçinin qaraldı qanı,
       Fikrinə boranlar, yellər qarışdı.
       Dəniz qasırğası, dəniz tufanı
       Onu bu söz qədər sarsıtmamışdı.
       Oturub gəminin göyərtəsində,
       Əlini dizində daraqladı o.
       Sanki göy dənizin göy sinəsində
       Keçən qırx ilini varaqladı o.
       Qəlbində gəncliyin ilk arzuları,
       Min dəfə duruldu, bulandı bu dəm.
       Qırx il dolandığı mavi suları
       Onun xəyalları dolandı bu dəm.
       Çırpındı ürəyi, titrədi əli,
       Hanı fırtınalı su yaran çağı?
       Sahildən-sahilə neçə gözəlin
       Qəlbini özüylə aparan çağı?!
       Axan su, ötən gün qayıtmaz geri,
       Bu sirri babalar danışdı getdi.
       Bəlkə də o coşğun gənclik illəri
       Coşqun dalğalara qarışdı getdi.
       Dalğalar qoynunu tərk etdi qoca
       Əbədi əlvida demədi ancaq.
       Dedi: -- Mən dünyadan ayrılmayınca,
       Ürəyim dənizdən ayrılmayacaq.

       Dayandı sahildə hər axşam-səhər,
       Qoca eşqə gəldi, ilhama gəldi.
       Elə bil dil açıb dilsiz ləpələr
       Köhnə sirdaşını salama gəldi.
       Onu uzaqları çəkdikcə xəyal,
       Sevinc də duyurdu, qəm də yeyirdi.
       Fəzalara uçan bir qoca qartal
       İndi uçanları seyr eləyirdi.
       Qopdu qasırğa da, pülədi qar da,
       Səslədi qocanı hər səda, hər səs.
       Yox, onu dənizdən ayırsalar da,
       Sahildən ayıra bilmədi heç kəs.

1958.

 

KƏKLİK

 


       Nə səkirsən narın-narın
       Yenə daşdan-daşa, kəklik?
       Könlüm istər nəğmən kimi
       Bircə nəğmə qoşa, kəklik!

       Sinən altı sal qırmızı,
       Ayaqların al qırmızı.
       Dimdiyində xal qırmızı
       Yanar qoşa-qoşa, kəklik!

       Niyə təksən, danış əzəl,
       Dağlar qızı, xallı gözəl...
       Bir vəfalı yar ilə gəl
       Vuraq ömrü başa, kəklik!

       Dağlar qoynu çiçək-çiçək,
       Mən gedirəm, getmir ürək.
       Uç Məmmədin xəyalı tək,
       Bu dağlarda yaşa, kəklik!

Şah yaylağı, iyul, 1956.

 

PALID

 


       Sevgilim, o qoca palıda bir bax,
       Yenə puçurlayıb onun budağı.
       Yadına gəlirmi iki il qabaq
       O ilk görüşümüz, o bahar çağı?

       Durmuşduq dibində o palıdın biz,
       Ətrafda min rəngli çiçək var idi.
       Çırpınan, titrəyən bizim qəlbimiz,
       Bir də o palıdın yarpaqlarıydı.

       Görüb neçə bahar, qış havasını,
       Durur qoca palıd bir xatirə tək.
       Min yol dəyişsə də, o libasını,
       Bizim ilk sevgimiz dəyişməyəcək!

1955.

 

AYRILIQ



    De niyə dalğınsan, dərdin var kimi,
    Alıb qucağına fikirlər səni?
    Ötən tələbəlik illərinəmi
    Şirin xatirələr çəkirlər səni?

    Sevdiyin o qızmı düşür yadına?
    Nədənsə ilk eşqi unutmur insan.
    Utancaq bir səslə bəlkə də ona
    Könül açdığını xatırlayırsan?

    Söylə, ayrılığı duyurmu ürək?
    Axı biz ayrılmaz sirdaşlar idik.
     (Bir məslək yolunda birləşdirərək,
    Sən bizi dost etdin, ey tələbəlik!)

    Dostum, institutun pillələrində
    Mənim də, mənim də izlərim vardır.
    Gəzdiyin bu zalın lövhələrində
    Hələ silinməmiş sözlərim vardır.

    Bəzən mürgüləmiş gecənin özü,
    Mən sirdaş olmuşam öz xəyalıma.
    Ələyib seçmişəm neçə min sözü,
    Cavab tapmaq üçün bir sualıma.

    Hərdən düşündükcə çatılır qaşım,
    Təhsil illərinin başqadır dadı.
    Bu illər ərzində, ey qəlb yoldaşım,
    Bizim bir sözümüz ayrı olmadı.

     (Bəxtiyar olaram öz istedadım
    O gündən bir lövhə yarada bilsə.
    Toz-duman içində qoy itsin adım,
    İlhamım bir şerə qadir deyilsə.)

    Böldük duyğumuzu, şadlığı, qəmi,
    Bir oldu fikrimiz, əməllərimiz.
    Bu gün, məslək dostu, könül həmdəmi,
    Artıq vidalaşır dost əllərimiz.

    Duyub ayrılığı çırpınır ürək,
    Axı biz ayrılmaz sirdaşlar idik.
     (Bir məslək yolunda birləşdirərək
    Sən bizi dost etdin, ey tələbəlik!)

    Dostum, düşünmə ki, ayrılırıq biz,
    Doğrudur, gün gəlib ötüşəcəkdir.
    Bir məna daşıyan saf əməlimiz
    Həyat məktəbində görüşəcəkdir.
1954.

 

 

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (14.10.2013) | Müəllif: R.C E W
Baxış: 2308 | Reytinq: 4.0/4
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more