Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 1-6

 

    Yox, professor, sabahı
    Sabah deyil, bu gün qorumalıyıq!
    Sabahın bu günkü kifindən
        qorunmalıyıq!
    Bu gün çürüyən toxum
    Sabah bərəkət olmur!
    Qənaət olmayanda,
    Bərəkət sərvət olmur...
    Biz bağların barını
    Ömürlük dərsək,
    Gələcək nəsilə
    Quru ağac versək,
    Adımızı, ruhumuzu
    Çəkərlər dara.
    Sümüyümüzü yığıb
    Qoyarlar toplara...
    Şerim sərbəstdir bir qədər
    Birdən ahəngdarlıq
        sevən Xəzər
    Məndən küsər.
    Mən qəsdən belə yazdım,
        professor,
    Mən şeri qırmazdım,
         professor,
    Qırılan sətirləri
    Qırılan balıqların
        sürüsünə bənzədirəm.
    Seyrələn nöqtələri
    Xəzərin seyrələn
    Kürüsünə bənzədirəm.
    Xəzərin taleyinə baxımda
    Bax, belə sərbəstlik var,
         professor!
    Sərbəstlikdən betər
    Sərməstlik var, professor!
1966.

 

İNSAN MONOLOQU
    Dünyaya gəlmişəm
    Dünyanın çağrışıyla.
    Yaşayıram
         anamın sevgisi,
         atamın qayğısı,
         nənəmin alqışıyla.
    Dünyadan gedəsiyəm
    Dünyanın ya qocalıq
         ya infarkt,
         ya xərçəng qarğışıyla.
    Dünyada nə hökmdar,
         nə Allah olmaq istəyirəm.
    Hər fikrin, hər ürəyin
          təzadlar adasına
          səyyah olmaq istəyirəm.
    Nəşələr qəsrinə,
         qəmlər odasına
         qonaq olmaq istəyirəm.
    Azarlar tropikinə
         dərman gətirir gəmim-
    Aydan gəlmiş adam kimi.
    O səyyah atam kimi
    Silahsızam, pakam, təmizəm.
    Hələ siz olmamış sizəm.
    Mənə bədxahlar fəndi verməyin.
    Talelər kəməndi verməyin.
    Mən gözəllər saçına
    Meh olmaq istəyirəm.
    Təbəssümlər çəməninə
    Şeh olmaq istəyirəm.
    Qoyun bir ömür zəlzələsinə
         qonşu olum.
    Nakam məhəbbətlərin
    İsa-Musa quşu olum...
    Raketlər dimdiyində
         yatırmayın məni.
    Atomlar pərşumunda
    batırmayın məni.
    Onsuz da insan ömrü
         azdır, az.
    Ölüm dünyası kəşf edəndən
    Kolumb olmaz,
    Qoyun yeni-yeni
    nur dağı tapım.
    Qoyun vaxtsız ölümləri
    vaxtında tapıb aparan
    sirrlər qaynağı tapım.
    Ölkələr var, əlində
    Kədər qaşığı görürəm.
    Xalqlar var, tikəsində
    sevinc bulaşığı görürəm,
    Qoyun bunları duyum,
    bunları yazım,
    Hakimi Hitler vəsiqəli
    oyunları yazım.
    Fikrimin son həddi-
    ayrılı fikirlər
    səddini qırmaqdır.
    Əsəbi başlardan
    silahlar boşaldan,
    qəzəbli imzalar
    hökmünü yumşaldan
    ədalət kürsüsü
    qurmaqdır.
    Nəsibim əbədi axtarış,
    xatirə, yazıdır.
    Xatirə dəftərim də
    insana qalasıdır...
1967.
BABAMIN SƏSİ

     Babamın gür səsi vardı,
    Babam bəzən
    Elə bərkdən danışardı-
    Az qalardı taxçadakı
    çıraq sönə.
    Yarpaqlar
    tab gətirməzdi
    gülüşünün
    ləpəsinə.
    Babam elə danışardı,
    Bəlkə də bir
    Qərbli qonaq
    Deyərdi ki,
         insana bax!
    Adətə bax!...
    O coşanda,
    O qəzəblə danışanda
    Deyərdin ki, bu saatca
    Sinəsindən şir çıxacaq...
    Bəli, babam,
    Dağ oğluydu!
    Dağ sinəli
         olmalıydı.
    O, səsini
    Şimşəklərlə cilalayıb,
    Gurşadlarla yumalıydı!
    Babama da bu gur səsi,
    Köhlən yoran
    Bu nəfəsi-
    Miras verən babalardı,
    Min illəri yola salan
    Bu dağlardı,
    Dərələrdi,
    obalardı.
    Qıjıltısı qulaq tutan
    çay dərəsi-
    Keçməliydi onun səsi.
    Quzuların mələşməsi,
    Qartalların qıyıltısı,
    Arıların guyultusu,
    Dağ selləri,
    Dağ yelləri
    Maqnit olub
    Səsi-ünü
    tutan yerdə,
    Ağız açan mağaralar
    Top nərəsi udan yerdə-
    Torpağın axın-axın
    At dırnağı görən igid,
    Xoş gününü
    Əldə qılınc-
    At belində sürən igid
    Gur səslə de,
    Harayla da-
    İlkin hasar oldu yada,
    Meşələrin sükutuna
    Batan kəndlər,
    Dərələrin boğazında
    yatan kəndlər
    Nərələrdən qalxmalıydı.
    Bu nərələr
    Basqınlara,
    Silahlanmış azğınlara
    İgidlərin ən birinci
         qalxanıydı.
    Bəzən elə bir nərə də
    Sıldırımlı bir dərədə
    Səda verib min olurdu.
    Qoca dağlar silkələnib
    Düşmən üstə uçulurdu...
    Qoy bu günün düşməni də
    At çapmasın harın-harın,
    Torpaq altda gizlətmişik
    Gur səsini babaların!..

UÇQUN

     Baxdıqca dağlara, dərələrə mən
    Qəribə fikirlər başıma gəlir.
    Bəzən ilk baxışda xoşa gəlməyən
    Uçqunlar yamanca xoşuma gəlir.

    Görürsən bir anda dağ dərəsində
    Uçqunlar özgə bir həyat yaradır.
    Min illik təzadlar mənzərəsində
    Uçqunlar təzə bir təzad yaradır.

    Uçqundan bir bulaq gəlir dərəyə,
    Uçqun bir talanın sönən yazıdır.
    Uçqun təbiətdə nəyinsə nəyə
    Təbiət dilində etirazıdır.

    Ayırır bir dağı bir dağdan uçqun,
    Qarın göz yaşını selə döndərir.
    Qartal yuvasını dağıdan uçqun,
    Bir düzü sonalı kölə döndərir.

    Birdir qabağında ağ da, qara da,
    Palıdı vələsə çatıb aparır.
    Ən güclü sayılan qayaları da
    Gücsüzlər içində qatıb aparır.

    Dağıdır bir əli, tikir bir əli,
    Onun daş biləyi, daş bənnası var.
    Nə bərbad edəndə çəkinir əli,
    Ən abad edəndə təmənnası var.
1966.

GECƏ DÜŞÜNCƏSİ

    Elə ki, həmdəmim
    Qələmlə varaq olur.
    Arzumun tamahında
    Qəribə iştah olur.
    Arabir dünyanı
    Yaradan hikmətlə
    Döyüşmək istəyirəm.
    Dünyada əbədi
    Qanunlar hökmünü
    Dəyişmək istəyirəm.
    Yer ilə yarışan
    Yeni-yeni yerlərin
    Yaranmağını istəyirəm,
    Arabir dünyanın
    Tərsinə fırlanmağını
        istəyirəm.
    Bəlkə onda görərik
    Ayın qaranlıq üzünü,
    Adamlar üzünün
    Əbədi gündüzünü.
    Bəlkə onda
    İqlimlər tamam dəyişə
         bilər.
    Yerini Amerikaya
    Vyetnam dəyişə bilər.
    Bəlkə onda əsrləri
    Çevirib oyada bilərik.
    Bəşərin mağara dövrünə
    Qayıda bilərik.
    İnsana ilk silah yönəldən
    Məxluqu taparıq.
    Silahı qaparıq,
    Özünü çaparıq.
    Bəlkə onda
    Zəncinin qarası azalar.
    Balaca xalqlara
    Mədəni təzyiqlər az olar.
    Bəlkə onda
    Alınma vəzifələr
    Adamını tapar.
    Yolumuza düşən
    Çürük tirlər
    Öz uçuq damını tapar.
    Bəlkə onda
    Kuba göyərərdi
    Araz boyunda.
    Bəlkə...Nə bilim...
    Siz Allah,
    Suallı "bəlkə”dən yapışmayın,
    Siz Allah, insanın
    İnsani səhvini bağışlayın...
1967.

YENƏ ARAZI GÖRDÜM

    Sahilin-dodağıma,
    Ləpən dilimə bənzər.
    Sahil boyu çinarlar
    Yazan əlimə bənzər.
    Qayaların həssasdır
    Mənim qulağım kimi.
    Tutqundur qaşqabağın
    Bu qaşqabağım kimi.
    Mən sənə bir şair,
    Sən mənə Araz de.
    Elə bil nə mənsiz
    sən Araz,
    Nə sənsiz mən şair
        olmazdım...
    Yenə də söz açsam,
    Mən səndən danışsam,
    Qorxuram, qorxuram
    Tənqidçi dostlarım
    Şairi döyərlər.
     "Yenə də Arazdan,
    Arazdan!”- deyələr.
    Mən səni görməyə,
    Yazmaya bilmirəm.
    Mən səndən deməsəm,
    Deməli, demirəm, gülmürəm.
    Səni öz məcrandan
    Qoparım gərək mən,
    Şerimlə hər yerə
    Aparım gərək mən.
    Mənim tək bir andım,
    Bir də bu ricam var,
        Araz,
    Mən səni apara bilməsəm,
    Sən məni apar, Araz!
Naxçıvan, 1962.

ÖZÜMƏ TƏSKİNLİK

    Hər gündən bir yeni əsər gözləmə,
    Səsim gəlməyəndə sönmüşəm demə.

    İlham da dərinlər qoynunda üzən
    Mahir dalğıclara bənzəyir bəzən.

    Arabir batmasa öz aləmində
    İtiklər tapılmaz söz aləmində.
1966.

DÜŞÜNCƏLƏR

    Fikirlərim dağınıqdır, dağınıq yaman,
    Küləklərə əsir düşən duman kimiyəm.
    Min şübhələr, həqiqətlər ünvanı tapan,
    Bir ünvanda qərar tutmaz güman kimiyəm.

    Elə bil ki, dartır məni yer ayağımdan,
    Elə bil ki, hər tükümdən bir daş asılıb.
    Hey fikirdir, hey xəyaldır beynimdən yağan,
    Yoxsa fikir qucağında qəbrim qazılıb!

    Bir xəyanət pərdəsidir ya nədir belə?
    Gözlərimin ağı-qara, qarası ağdır.
    Məni kimsə qılınclayar dost əlləriylə,
    Məni nəsə öz qəlbimdən uçuracaqdır.

    Bir sevdadır, bir insandır başımın tacı,
    Daş hasarlı ürəklərə girə bilmirəm.
    Qandan qaçıb, candan qaçıb, ürəkdən qaçıb
    Gözdə gəzən məhəbbəti görə bilmirəm.

    Yenə xəyal içindəyəm bir dar otaqda,
    Bəlkə mənim "mənsiz keçən” kef-damağım var.
    Dağıl, fikrim, nə yaşadım...Hələ qabaqda
    Bir ürəyi tufanlara tapşırmağım var...
1965.

MƏNİM NAXÇIVANIM

    Sinəmdə o yerin dağ havasıdır,
    Qaynar bulaqları qaynar qanımda.
    Mənim ürəyimin bir parçasıdır
    Doğma Şahbuzum da, Naxçıvanım da.

    Bir bağban əli var təbiətində-
    Dağda çiçəyi bol, bağda barı bol.
    O, yaxın dostudur təbiətin də
    Yayda günəşi bol, qışda qarı bol.

    Mən burdan baxıram bütün aləmə,
    Bu yerin qışı da yazımdır mənim.
    Axan çaylarına lal sudur demə,
    Onlar min nəğməli sazımdır mənim.

    Seyr elə Arazı bir yaz səhəri,
    Bir tarix dil açır onun səsində.
    Bu yerin min dərdi, min də kədəri
    Yazılmış Atabəy məqbərəsində.

    Yaxşı bax, hər qara qayanın, dağın,
    Dibi Zərdüştlərin ocaq yeridir.
    O gündən üstündə ana torpağın
    Qalan min yağının ləpirləridir.

    Biz nöqtə qoymuşuq acıya, dərdə
    Ömrü ulduzlardan almışıq indi.
    Babamız qəm əkib, qəm biçən yerdə
    Çiçəkli bağ-bağat salmışıq indi.

    Hanı Qəmküsarın qəm şəlaləsi,
    Qəlbində apardı neçə dərdi o.
    Çatsa qulağına bu günün səsi
    Ayılıb adını dəyişərdi o.

    Şəhərim çırağban, kəndim çırağban
    Kəhkəşan sinəmdən nur alsın deyir,
    Onun gecəsinin işıqlarından
    O tayın gündüzü işıq istəyir.
1957.

SABAHIN İMTAHANI

    Dünən mənə, neçə-neçə xəzinənin
        Açarını bağışladı.
    Koroğlular, Cavanşirlər
        Vüqarını bağışladı.
    Neçə qala divarında imzalanmış
        Daş kitablar bağışladı.
    Anaların göz yaşından süzgəc olan
         Gümüş qablar bağışladı.
    Bircə qarış torpaq üçün
    Bir obaya daş yağdıran,
    Rəiyyətə od daşıdan,
        quş sağdıran
    Padşahlara nifrətini verdi mənə,
    Ölümlərlə yaxalaşmaq
        Cürətini verdi mənə.
    Bu gün mənə hələ əsrin
        sazağını soyunmamış,
    Hələ həyat köynəyinin
        qan ləkəsi yuyunmamış
    Yeni dünya, yeni aləm bağışladı.
    Kosmik qaçış, raket qədəm bağışladı.
    İnsanları səadətə haraylamaq
        hüququnu verdi mənə.
    Yerin-göyün hüdudunu verdi mənə.
    Sabahlara bel bağlamaq
        ümidini verdi mənə.
    Bu ümidim elə şəffaf, elə safdır...
    Məncə, sabah dünəndən də, bu gündən də
    Ədalətli, fərasətli,
        cəsarətli olacaqdır!
    Kürəklərdə dünənlərin, bu günlərin
    Nə qədər ki, ağrısı var, alığı var,
    Nə qədər ki,
        ədalətlər, xəyanətlər,
        cinayətlər qalığı var,
    Su altının, su üstünün
    Nə qədər ki, "Polorislər” balığı var,
    Hərbi nazir,
    Hərbə hazır
        cənabların
    Nə qədər ki, hədə-qorxu qovluğu var-
    Sabahın haqq-ədalət məhkəməsi
    Bir hökmüylə möhkəm əzib,
    Kometalar divanına göndərəcək,
    Həqiqəti,
        mərhəməti yağışlara,
        küləklərə döndərəcək.
    Mənə elə gəlir, bəzən
    Dünyanın bir dərəsində
    İtən kiçik bir xalqın
        da dərdlərindən
    Sabah halı olacaqdır.
    Sabah yəqin ən barışmaz millətlərin,
    Böyüklüyün bayrağını
    Qan içində didişdirən dövlətlərin
    Ağsaqqalı olacaqdır.
    Mənə elə gəlir, sabah-
    Üfüqlərdən baxıb hər vaxt
    Ələ düşməz bir oğrunun
    Bir caninin yuvasını nişanlayır:
    Yalanların, böhtanların,
    Sobasını nişanlayır:
    Ayaqlardan dartanların,
    Bir cümləlik tərif üçün
    Yəhərlənib yortanların
    Cavanını, qocasını nişanlayır.
    Mənə elə gəlir, hətta
    Adamların həyatından
    Əxlaqından, muradından
    Səhərin bir varağında
    Gündəlik də açıb sabah.
    Hələ bir gün,
    Bir gün dövlət imtahanı aparacaq!
    Soruşacaq qonşuluğun şərtlərindən,
    Ailənin ən mürəkkəb dərdlərindən,
    İnsanlığın qanunlarda
         yazılmamış bəndlərindən...
    Yazılacaq-
         asılacaq buludlardan,
         pis alanlar!
    Yoldaşlıqdan, sədaqətdən,
        etibardan pis alanlar!...
    Ey əsrimin günahları!
    Döyün! Çırpın! Yuyun! Qurun!
    Sabahların imtahanı hələ durur,
        Hələ durur!
1967.

ŞƏHƏRDƏN KÖÇƏN TƏPƏ

    Bu gün yaman məyus oldum,
    Bu gün səhər-
    Gördüm:-şəhər kənarında
    Bir təpəni sökürdülər...
    Orda çoxlu çöl nanəsi,
    Orda çoxlu xınalı daş...
    Dayan bir az, dayan bir az,
    Maşın yoldaş!
    Yox, maşınlar dayanmadan
    O təpəni didirdilər:
    Dayanmadan, quzğun kimi
    Elə bil ki, çidarlanmış
    Bir köhləni didirdilər:
    O təpənin
    Balaca yal balaları
    Maşınların xortumuyla
    Haçalanıb
        dəvə, köşək olurdular.
    Kəfkir vuran maşınlardan
    Qazancalı maşınlara
    Axıb xörək olurdular.
    Qayasından qoparılan
    Məyus daşlar
    Yığılırdı maşınlara.
    Elə bil ki, kəsik başlar
    Yığılırdı maşınlara.
    Dimdiyində tük gətirən,
    Çöp gətirən bir quş gördüm-
    Bilmirdi ki, hara qona.
    Bu gün erkən işə çıxan
    Qarışqalar
        dönəcəkmi yuvasına?
    Gözlərimə çox əsəbi,
    Çox pərişan dəydi külək:
    Bəs o harda uyuyacaq,
    Bəs o harda dincələcək?
    Kim tapacaq uşaqların
    Daş dibində gizlətdiyi
    Kiçik taxta qılıncını?
    Uşaqların döyüş-vuruş
    Qalasının bu xıncımı
    Qulağıma sanki dolur.
    Çiçəklərin təbəssümü
    Üzüquylu...
    Arxezoyun, Kaynazoyun təəssüfü
    Xəyalımda bütün yolu
    Düşünürəm: bəlkə elə
    Bir eranın geoloji
    Muzeyini itirirlər.
    Bir axtarış güneyini
    Bir axtarış quzeyini itirirlər.
    Bu nə sözdür, nə deyirəm?
    Bəs təzə ev, təzə meydan?..
    -Mən nə bilim,
    Başımıza yer qəhətdi?
    Axı niyə şəhərlərdən
    Qovmalıyıq təbiəti...
1960.

ÖLÜM MƏNİ NİŞAN ALIR...

    Ölüm məni nişan alır,
    Gündə neçə dəfə.
    Bir nakamın,
    Bir bikəsin
    Ömründə neçə dəfə.
    Ölüm məni nişan alır,
    Vədəsiz tökülən yarpaq görəndə,
    Atasız doğulan uşaq görəndə.
    Tənqid qələmində qurum olanda,
    Qəbul zallarında- "Rəis məşğuldur”-
    Yalanı qrim olanda.
    Ölüm məni nişan alır,
    Təbrik çələngində
    Təmənna varsa.
    Alqış ahəngində
    Eyham eşitdirən bir məna varsa...
    Görünür, məni
    Öldürən qədər də
    Yaşadan var!
    Yoxsa, bu qədər ölüm olar?...
1967.

İLANDAN BETƏR

    Əsəbi vaxtımda
    Biri dedi: - sən
    Axı ilanla da yola gedənsən...
    Dedim ki, doğrudur!..
    -Doğrudur?..
    -Bəs biri ilandan betər olanda.
    Mən yazıq neyləyim,
    Neyləyim onda?..
1967.

DUMAN ÖMRÜ

    Ölüm istəyirəm. Qəfil bir ölüm.
    Bir kibrit ölümü.
    Barıt ölümü.
    Bir anda bir ovuc dumana dönüm,
    İstədiyim səmtə tutum yönümü.
    Görüm, hər qonanda dağlar qaşına,
    O dağdan, o çəndən necə yazmışam.
    Görüm, hər enəndə bulaq başına,
    Çiçəkdən, çəməndən necə yazmışam.
    Görüm dumanlara qoşula bilmək,
    Ayrılıb didərgin olmaq, necədir.
    İstəksiz dərədən daşına bilmək,
    İstəksiz dərəyə dolmaq, necədir.
    Görüm bir necədir yerlərə hopub,
    Vətən torpağının şehinə dönmək.
    Kiçik bir qayanın döşündə qopub
    Böyük bir dünyanın mehinə dönmək.
    Görüm, hər tutanda kəndi, şəhəri
    Fatehlər bu dəmdə nə görüb axı.
    Nənəmin Allahı min ildən bəri
    Nənəmin yurduna nə verib axı!
    Eh, xoşbəxt olardım onda necə də -
    Araza baş qoyub yata bilərdim.
    Davasız, tüfəngsiz bircə gecədə
    Sahili sahilə çata bilərdim.
    Qorxmazdım diplomat notalarından,
    Barışlar, sazişlər gəlməzdi yada.
    Qəfil tufanımdan, qəfil qarımdan
    Paylardım bir azca adamlara da.
    Bəli duman olum. Duman. Bir çəngə.
    Mənim öz yağışım,
    Öz qarım olsun.
    İstədiyim yerə yükümü çəkən
    Hökmüm, ixtiyarım, qərarım olsun.
    Birinin düzündə çiçək bitirən,
    Birinin gözündə bitən olmayım.
    Seyrək dumanları qovan, itirən,
    Qalın dumanlarda itən olmayım.
    Mənim sərhəddimdən dalğası keçən
    Yaman fikirləri daş edə bilim.
    Namərd qılıncının qabağında mən
    Qara kötükləri baş edə bilim.
    Nə qədər yol getdim fikirlər ilə,
    Hələ mənzilimin uzağı qalıb.
    Üfüqlər dalında nə qədər hələ
    Arzumun əlləri uzalı qalıb.
1967

ƏNƏNƏ

    Qızım - elə bil ki, nənəm,
    Oğlum - elə bil ki, mənəm.
    Mən atama oxşayıram.
    Atam babama,
    Amma
    Arzumun süfrəsini
        görən olsa,
    Fikrimizin bostanına
        girən olsa,
    Deyər ki, yaşayırıq
    Hərəmiz
        bir ayrı erada.
    Mən oxşarlıqdan qorxmuram.
    Mən uzaq yaşarlıqdan
        qorxmuram!
    Qorxmuram
        ayrı bir erada!
    Bilirəm
         zamandan məkana,
    Məkandan zamana
    Çəkilən əbədi
    Ənənə
         telləri
         yaşayır arada.
1967

DAĞ ÇAYI

    Elə bil pələngdir
        dağ çayı,
    Dərəni qoşublar ona.
    Bu dərə-qoşquda
    Daşıyır dağları
    Ləhləyə-ləhləyə,
    Çırpına-çırpına.
    Çıxıb bu hissimdən,
    Güc alıb hirsimdən
    Boğmaq istəyirəm:
    O gücü-qəzəbi,
    O dəli əsəbi,
    O hayı-harayı.
    Qorxuram,
    dağları
    Daşıyıb qurtara dağ çayı...
Kəlbəcər, iyul, 1968

BAHAR GƏLİB

    Bahar gəlib yurdumuza.
    Sular dilli,
    Çöllər güləş,
    Göylər qızıl.
    Təbiətin
        nur xonçalı,
    Gül qonçalı
    Gəlin qızı -
    Bahar gəlib.
    Duyğulara səhər yeli -
    Bahar gəlib.
    Səhərlərə duyğu seli -
    Bahar gəlib.
    Zirvələrin ağ donunun
    Saplarını çəkən bahar.
    Buludların ətəyini
    Üfüqlərin dağ çiyninə
        tikən bahar.
    Quzulamış ömürləri
    Mehvərindən sökən bahar.
    Yer üzünə yaşıl toxum
         əkən bahar.
    Elə bil ki, qəlbimizdə
    Fikirlər də,
        Sevinclər də,
    Gülüşlər də yaşıl donlu.
    Yaşıl ağac yanındakı,
    Yaşıl yamac yanındakı
    Açıq,
        Gizli
    Görüşlər də yaşıl donlu.
    Budaqlarda topa quşlar,
    Yaxınlarda, uzaqlarda
    Topa quşlar -
    Uçan nəğmə topaları.
    Dərələrin boğazında
    Bir-birini
    Qucan nəğmə topaları.
    Yeni-yeni təməl daşlı
    Ağ binalar -
    Şəhərimin göbələyi.
    Körpələrin qəhqəhəsi
    Bağ-bağatın kəpənəyi.
    Kür kükrəyir,
    Araz axır -
    Düzlərimin nur zolağı.
    Göllərimdən günəş doğur,
    Çöllərimə günəş yağır.
    Elə bil ki, böyüyərək
    Muğan olur günəş boyda.
    Elə bil ki, kiçiklərək
    Günəş olur Muğan boyda.
    Azərbaycan torpağı da
         cahan boyda.
    Bahar gəlib.
    Yer üzünün
         hələ gizli sazağı var.
    Hələ vəhşi dərələrin
    Həqiqəti xortumlayıb
    Udmağı var.
    Bahar gəlib
    Zülmətlərə,
    Sazaqlara qənim bahar.
    Gözəlliyə yasaqlara
        qənim bahar.
    Yer üzünə
    Əbədilik səpiləsi
    Yaşıl, mavi dənim bahar.
1968

VƏSİYYƏT
    Qara cilddə çap eləyin kitabımı
    Məndən sonra.
    Qara cilddə.
    Tünd qara.
    Qoy qara kağızım olsun
    O kitab dostlara, tanışlara.
    Mən o rəngi sevərdim;
    Boynu bükülü dərdim,
    Pardaxlı sevincim
    O rəngdə geyinərdi
    Mən o rəngi sevərdim.
    O rəngdəydi varaqlarda
    Fikrimin yazı geyimi...
    O rəngə hörmətimdir,
    Şəvəgözlülər, qarabuğdayılar.
    O rəngli kirpiklərin kölgəsində
    Əksim yaşardı.
    O rəngin bir ev dolusunda
    Vəslim yaşardı.
    O rəngin ən durusu,
    Safıdır
    Məni oxşayan ağılar.
    Qızlarımın gözündə
    O rəngin özü ağlar.
    Qara cilddə çap eləyin kitabımı,
        Məndən sonra
    Tünd qara.
    Fəqət soy - adımı
    Süd rəngiylə həkk edin ora.
    Daha nə deyim,
    Qoy mən
    Qara torpaq üstündə
    Üfüqə doğru gedən
    Ağ yola bənzəyim.
Bakı, fevral 1968
 
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (29.10.2013) | Müəllif: R.C E W
Baxış: 261 | Reytinq: 4.7/3
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more