Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 1-4

   

    Maralın duruşu
    Necədir - görmürəm.
    El köçür yaylağa, -
        görmürəm.
    Qız gedir bulağa, -
        görmürəm.
    Göy bir an kişnəyir
    Dərədə sel olur, -
        görmürəm.
    Bir çəngə buludun
    Göz yaşı göl olur, -
        görmürəm.
    Sağın da başlanır,
    Əkin də, biçin də,
    Qırxın da başlanır,
    Yığın da başlanır,

 

        görmürəm.
    Şairin rejimi şerdir;
    Bəzəyi, düzəyi,
    Çörəyi, geyimi şerdir.
    Bir zavod tüstüsü
    Burnuma dəyməsə,
    Bir marten peçinin
    İstisi burnuma dəyməsə,
    Dağılmaz başımdan
    Bu sükut, ay müdir.
    Sən məni arabir
    Gəl unut, ay müdir...
1962.

 

ŞAİR ÖMRÜ

    Fikirli oluram, tutqun oluram,
    Qanı soyuq bilir dost-tanış məni.
    Axı mən bu halı satın almıram,
    Təbiət beləcə yaratmış məni...

    Gülüb danışmıram günlərlə bəzən,
    Fəqət səsim də var, gülüşüm də var.
    Əriyər duyulmaz gülüşlərimdən
    Şənliyi gülüşlə ölçən adamlar.

    Hərdən hay-harayla keçən ömrümün
    Bircə mənasından xəbərim olur:
    Ən az danışdığım günlərim mənim
    Ən çox danışdığım günlərim olur.

    Az gülüb danışan sanmayın məni,
    Dodağı qaçmadan gülmək də olar.
    Bəzən bir iclasın demədiyini
    Ani bir baxışla demək də olar.

    Mənim poladımdır hər kiçik yazım,
    Fikrimlə əriyib döyülməlidir.
    Şair masası da marten sobası,
    Şair əlləri də fəhlə əlidir.

    Gülüşsüz olmaqdır - fikirsiz olmaq,
    Bunlarsız varamsa - o mən deyiləm.
    Mən belə, mən belə özüməm ancaq,
    Özümdən ayrıla bilən deyiləm.
1961.
BƏNNA

    Sən tikən binanı seyr etdim dünən,
    Bir şer oxundu hər naxışında.
    İndi düşündüm ki, anladım ki, mən,
    Öz dili var imiş dilsiz daşın da.

    Daş deyil, arzundur hər təzə bina,
    Görən: - mən də qurum, yaradım, - deyir.
    İşdən qayıdanlar baxanda ona,
    Qoy yenidən işə qayıdım deyir.

    Gücünə o qədər inanır ürək -
    Sən Obu Xəzərə tökə bilərsən...
    Sən, lazım gələrsə, Yerdən Marsadək
    Qranit qüllələr tikə bilərsən.

    Vaxt oldu ürəyin döndü mərmiyə,
    Sən silah götürüb keşikdə durdun.
    Bəzən də düşmənə qalmasın deyə
    Özün tikdiyini özün uçurdun...

    Hər istəyin yeni, hər arzun yeni,
    Əlinlə dağ üstə dağ ucalıbdır.
    Deyirəm bəlkə də möhkəmliyini
    Yonduğun sərt daşlar səndən alıbdır.
1959.

BAKI FƏHLƏSİ

    Sən göydən ummadın günəşli günü,
    Yazdın öz bəxtini öz əllərinlə.
    Həyatın hər ağır məşəqqətini
    Əzdin çəkicinlə, yudun tərinlə...

    Səndə şairlik də, alimlik də var,
    Fikrin qanadlıdır, ağlın dərindir.
    Xəzərin qoynunda qalxan buruqlar
    Sulara yazılan sətirlərindir...

    Samuru sinənə sığışdıraraq
    Gətirdin Abşeron torpağına sən.
    Buruq meşəsində işləyib, sabah
    Palıd meşəsində dincələcəksən.

    Ölçülsə, bəlkə də günəşə dəyər
    Yaşayıb, yaratmaq həvəsin sənin.
    Hər evin qonağı olasan deyə
    Xəzriyə dönübdür nəfəsin sənin...

    Bakı bir monolit binaya bənzər,
    Ucalır, bir illik sürəti - bir an!
    Şerimiz ona bir naxışsa əgər,
    Sən onun qranit sütunlarısan...
1959

GÖY İŞIQ

    Mən bir göy işığam öz aləmimdə,
    Şer aləmimdə, söz aləmimdə...
    Buruq qazanlara yol verirəm mən,
    Şer yazanlara yol verirəm mən.
    Sevinclər, nəşələr, hirslər, qəzəblər,
    Vüsallar, hicranlar, dəmlər, əsəblər,
    Ta nələr... yüklənən, yortan qatarlar,
    Bu günü sabaha dartan qatarlar,
    Zəhmət, mehribanlıq, düzlük, həqiqət
         məndən gəlib keçir.
    Sanki bütün varlıq, bütün cəmiyyət
        məndən gəlib keçir.
    Keçdiyi yollara sərhəd qoymuram,
    Dilə, milliyyətə bir səd qoymuram.
    Gedir, gələcəyə yol alıb insan,
    Onun pasportuna yazılıb: İNSAN!
    O gedir, bu gediş dayanmayacaq.
    Onu saxlamağa, boğmağa ancaq
    Onun sürətinə çatmaq qorxulu,
    Onu öz yolundan atmaq qorxulu.
    Silahla yüklənən maşınlar gəlir,
    Atomlu, nüvəli daşqınlar gəlir...
    Gəlir, bu axını saxlamaq üçün,
    Gəlir, yollarını bağlamaq üçün
    Qəlbimin qanıyla boyanmalıyam,
    Yenə yanmalıyam, mən yanmalıyam!
1962

A ZALIM...

    Tanımırsan yaxın nədir, yad nədir,
    Yada dostsan, dosta yadsan, a zalım!
    Ürəyimdə bir günəşin odu var,
    Kür quruyar, Kürə atsan, a zalım!

    Dağ dayanmaz bu ağrıya, bu qəmə;
    Qisasın var - al bu canım, bu qəmə.
    Qəm dəryası axıtmısan sinəmə,
    Bu qəsdindən yaman şadsan, a zalım!

    Danışmırsan, yoxsa dildir baxışın?
    Gah xəncərdir, gah da mildir baxışın.
    Həm öldürür, həm dirildir baxışın.
    Nə sehrigar bir cəlladsan, a zalım!
1956.

BƏZİ ŞAİRLƏRƏ

    Az tərif axtarın, az şöhrət gəzin,
    Əsər yaratmayır giley, danışıq.
    Cinayət deyil ki, düşünək bizim
    Çoxumuz bir dahi doğulmamışıq.

    Çinsiz, rütbəsiz də batmayaq yasa,
    Əsgər şərəfilə yaşayaq da bir.
    Hamı döyüşlərdə general olsa
    Daha generallıq kimə gərəkdir...
1963

MƏNİM ÜNVANIM

    Gülüşlərdə, sözlərdə,
    Gözlərdə gəzdiyim sən.
    Keçilməmiş yollarda,
    İzlərdə gəzdiyim sən.
    Tələbə disputunun
    Alqışlar dalğasında,
    Daşyonan bir fəhlənin
    Qolunda, baltasında,
    Keşikçi bir əsgərin
    Farağat duruşunda
        gəzdiyim sən.
    Düşünən bir alimin
    Qərarında, hüşunda
        gəzdiyim sən.
    Mindiyim yel sürətli,
    Sənət adlı bir qatar.
    Biletsiz yeri olan,
    Biletli yersiz də var...
    Hər evə, hər ürəyə
    Mən girmək istəyirəm.
    Mən səni hər yerdə
    Qələmli, varaqlı,
    Çəkicli, oraqlı
    Görmək istəyirəm.
    Sən də mənə həyatsan,
    Dili yanan səhraya
    Həyat olan su kimi.
    Mən səni gəzəsiyəm
    Öz yaralı ovunu
    İtirən ovçu kimi.
    Ömrümdəki gündüzlər,
    Gecələr səndən keçir,
    Yaşayıb, keçəcəyim
    Küçələr səndən keçir.
    Ömürlük gözdən itsəm,
    Səndə taparlar məni.
    Lap köçüb Marsa getsəm,
    Səndə taparlar məni.
    Sən şer adlanırsan,
    Ürəyimdə yanırsan.
    Məndə yaşayan olub,
    Məni yaşadan oldun.
    Sən məndə yuva qurub,
    Mənə də ünvan oldun.
1962

ƏLVİDA, DAĞLAR!

    Bəlkə bu yerlərə bir də gəlmədim,
    Duman, salamat qal, dağ, salamat qal.
    Dalımca su səpir yoxsa buludlar? -
    Leysan, salamat qal, yağ, salamat qal!

    Qıy vuran qartallar yox oldu çəndə,
    Nərgizlər saraldı şehli çəməndə.
    Ey qaragöz pəri, dalımca sən də
    Boylan, salamat qal, bax, salamat qal!

    Gəldim, qarşıladı güllər-çiçəklər,
    Gedirəm, əl edir boz biçənəklər.
    Nidamı çaylara dedi küləklər:
    Bulan salamat qal, ax - salamat qal!

    Dağların pələngi, şiri də sənsən,
    Şairi də sənsən, şeri də sənsən.
    Varı, bərəkəti, xeyri də sənsən -
    Çoban, salamat qal, sağ-salamat qal!
1962

TƏRİFSİZ

    Gərəksiz tərif də yuxuya bənzər,
    Uyudar qələmi iş üstündə də.
    İstedad elə bir toxuma bənzər
    Göyərər bir quru daş üstündə də.

    Demə hər addımda şöhrətim hanı,
    Tərifsiz ömrün də öz tərifi var.
    Sübuta çalışar öz varlığını
    Yalnız varlığına inanmayanlar!
1962

DOSTLAR

    Hər çətin anımda kəsin yanımı,
    Axın ürəyimə gülüşlə, sözlə.
    Mən öz varlığımı, öz ünvanımı
    Tapıram hər yeni gəlişinizlə.

    Bəzən hamarda da büdrəyir adam,
    Oxuyun üzümə nə günahım var.
    İttiham etsəniz güzəşt sanaram,
    Güzəştə getsəniz ittiham olar.

    Gözümdə, könlümdə bir qönçə kimi
    Hərəniz bir duyğu bəxş edər mənə.
    Ömrüm bir dolaşıq düyünçə kimi
    Həmişə möhtacdır dost əllərinə.
1964

GÖY GÖL

    Çiskinli bir gündə gəldim bu yerə,
    Dumanda görünməz - dumandı Göy göl.
    Tənha qayalara, lal meşələrə
    Zülmət gecələrdə hayandı Göy göl.

    Bir səhər gördüm ki, durulub yatır,
    Kəpəzin dibində burulub yatır.
    Qovulan ceyran tək yorulub yatır,
    Daş atdım, diksinib oyandı Göy göl.

    Döşünü qayıqlar düymə tək bəzər,
    Dedim bu görkəmlə Xəzərə bənzər -
    Qızını yaylağa köçürüb Xəzər;
    Baxdı, cilvələndi, nazlandı Göy göl.

    Yel əsdi, yarpaqlar suya töküldü,
    Göy çitə tünd sarı güllər tikildi...
    Buludla ağladı, günəşlə güldü,
    Deyəsən bir kövrək insandı Göy göl...
Sentyabr, 1964

BİTMƏMİŞ ŞERLƏR

    Hər arzu, hər istək nəğməyə dönüb
    Səslənə bilməyir könül tarımda.
    Bir sətir yarımçıq, bir fikir sönük
    Qalır qaralanmış varaqlarımda.

    Yox, gülüm, onları yandırma, dayan;
    Gəzdirsin, yaşatsın hər sözü ürək;
    Öz ömür yolunu başa vurmayan
    Döyüşçü dostunun xatirəsi tək.
1968

NAMƏLUM QƏHRƏMAN

    Sən dəniz qoynunda, dəzgah dalında
    Tarlada, zavodda... hər yerdə varsan.
    Şöhrət paylananda, ad paylananda
    Nə şöhrət umarsan, nə ad umarsan.

    Səninçün meyarı şöhrətin, şanın
    Nə medal, nə də ki, tərif - yazıdır.
    Sənin aləmində hər qəhrəmanlıq
    Bəlkə də ən adi iş normasıdır.

    Demirsən yolunda xalqın, vətənin...
    Demirsən. Sanmayaq fikrin donubdur,
    Bu hisslər qanınla yeriyib sənin
    Qəlbinə, beyninə həkk olunubdur.

    Haray da salmazsan düşsən dara sən;
    Özgənin dərdinə dərman əlində...
     "Can-can” demədiyin adamlara sən
    Canını verərsən yeri gələndə.

    Əlindən zəmilər, bağlar boy alır;
    Şöhrətin işindir, söhbətin deyil.
    Neçə mərtəbəli, neçə boyalı
    Çıxışlar, vədələr adətin deyil.

    Bəs niyə az görür səni şerimiz?
    Əlini sıxmırıq bir iftixarla.
    Arayıb seçirik adamları biz
    Bəzən də toz basmış siyahılarla.

    Şair, ürəyini bircə anlığa
    Bu adi adamlar yolunda yandır.
    Ən böyük qəhrəman, qəhrəmanlığa
    Əvəz istəməyən, pay ummayandır...
1964

PƏNCƏRƏM ÖNÜNDƏ EV

    Pəncərəmin qarşısında
        bir ev quruldu;
    Pəncərəmin önündə bir
        ayna qırıldı.
    Ləpəvari təpələri,
    Təpəvari ləpələri,
    Xəyalımdan üfüqlərə
    Şaxələnən meridianı
        itirdim mən.
    Təkliyimə həmdən olan
    Bir dünyanı itirdim mən.
    Buludlara, raketlərə
        dolanıb gedən,
    Aya, Marsa, Veneraya
        uzanıb gedən;
    Neçə bürcü bir-birinə
        calayan, tikən
    Fikrimin işıq sapı
    Qırıldı.
    Qırığını hardan tapım?
    Hər baxanda,
    Baxışlarım təyyarə tək
    Buludlarda dolaşardı.
    Kirpiklərim dan yerinin
    Al rənginə bulaşardı.
    Bir gün yenə fikirdəydim,
    Birdən fikrin aynasına
    Səyriyən bir işıq dəydi.
    Gördüm bina işıqlandı,
    İşıqlandı xəyalım da,
    Baxışım da, otağım da.
    Təbəssümə döndü o dəm
    Giley adlı
    Buz kəlmələr dodağımda.
    Balkonlara qızlar çıxdı.
    Gülüşlərdən gül əkildi.
    Çiyinlərdən məhəccərə
    Neçə qara çay töküldü.
    Neçə-neçə uşaq səsi,
    Neçə şahmat düşüncəsi,
    Nərd çağrışı
    Boylandı hər pəncərədən.
    Tarıma da
    Qonşu bir tar gəldi deyən...
    Bu minvalla
    Dəniz döndü,
    Üfüq döndü,
    Səma döndü,
    Fəza döndü.
    Niyyətimdə bəd fikirlər,
    Təəssüflər donub tamam
    Buza döndü...
1963

ARAZIN NƏĞMƏSİ

    Səndən danışıram, Araz, ay Araz,
    Bulan da, durul da, səsimi dinlə.
    Apar ellərə yay, könüllərə yaz
    Bu kiçik nəğməmi nəğmələrinlə.

    Nəğməm də özüm tək cavandır hələ,
    Mənim də səsim var səsinə çatsın.
    Yüz il qələm çalan sənətkar əli
    Nəğmənə bənzəyən nəğmə yaratsın!

    Sən canlı tarixsən doğrudan, Araz,
    Səsində min ildən qəm-qubar qalıb.
    Sinəndə dil açan bu yanıqlı saz
    Ulu babalardan yadigar qalıb.

    Qoca şahidisən qoca dünyanın;
    Çox nahaq qanlara boyanmısan sən.
    Nə bilim, bəlkə də neçə ananın
    İlıq göz yaşından yaranmısan sən...

    Axıb çağlayırsan illərdən bəri,
    Bəlkə də yaşını bilməyir insan!
    Sinələrdən qopan qəmi, kədəri
    Torpağa yazmısan, daşa yazmısan.

    Üstündən çox şahlar keçirmisən sən,
    Dalğanda igidlər döyüşməsi var.
    Səsində qəlb açıb, kama yetməyən
    Neçə sevgilinin hicran səsi var.

    Nə qədər ağırmış dərdin, möhnətin,
    Ağrıdır sinəmi acı xəyallar.
    Araz, dilin olsa sözün, söhbətin
    Min il yazılası bir dastan olar.

    Gah həzin, gah coşğun nəğmə deyirsən,
    Bəlkə də hər havan bir sazdan qalıb.
    Səsin Koroğludan, hirsin Tomrisdən,
    Qəmin də Dilqəmdən, Abbasdan qalıb.

    Qışda lal olursan günahı var tək,
    Yazda qılınc alıb qeyzə gəlirsən.
    Gecəli-gündüzlü mənzil kəsərək
    Nə nəfəs dərirsən, nə dincəlirsən.

    Gah gizli nəğmələr qoşur suların,
    Susursan utancaq bir mehman kimi.
    Gah da nərə çəkib coşur suların
    Balası vurulmuş bir aslan kimi.

    Səndə təmkinlik də, dəlilik də var,
    Dağlarda pələngsən, düzlərdə quzu.
    Bəlkə sularında dil açıb ağlar
    Leyli məhəbbəti, Məcnun arzusu?
    Çağlayırsan yenə, coşursan yenə,
    Hər nəğmən, hər halın mənə tanışdır.
    Deyirəm: ağ saçı ləpələrinə
    Bəlkə də Səbuhi bağışlamışdır.

    De, hansı çağlardır çıxmır yadından,
    Bəzən xəyallara dalırsan, Araz!
    Bəlkə Xançobanın qəlbindən qopan
     "Bənək” havasına dalırsan, Araz!

    Bu günün çobanı başqadır ancaq
    Ağlamır nəğməsi torpağın, yerin.
    Ömür günümüzlə qucaqlaşaraq,
    Dalınca daş atdıq qara günlərin.

    Açıldı sabahı elin, obanın,
    Sular da başqa bir ahənglə dindi.
    Arzusu gözündə köçən babamın
    Torpağı sevindi, daşı sevindi.

    Görüb bu sevdalı, güllü baharı
    Sən də başqalaşdın, Araz, ay Araz!
    Dəyişib səmtini çöllərə sarı
    Yeni nəğmə qoşdun Araz, ay Araz!

    Hanı dəliliyin, bir danış görək?
    Milin su dərdinə çara çəkirik!
    Tutub yedəyindən hara istəsək
    Ora döndəririk, ora çəkirik.
    Hər damlan nemətdir bu doğma elə,
    Çölümə pambıqsan, evimə işıq.
    Sən yaradan barı yesək də, hələ
    Sənin dastanını yaratmamışıq.

    Yox, yox, gəl incimə hələ uşaqdır
    Bu nəğmə şairi, bu saz şairi;
    Sabah dastanını başlayacaqdır
    Bu Araz şerinin Araz şairi!
1957

DEYİRLƏR ŞER OXUNMUR

    ... Fikirlər dolanır başımda min-min,
    Görən doğrudanmı oxunmur şer?
    Görən doğrudanmı insan qəlbinin
    İncə hisslərinə toxunmur şer?

    Şair nə gərəkdir oxucu yoxsa?
    Beyinlər, ürəklər pas atıb, nədir?
    Şerimiz öz fikir donunu yoxsa,
    İndi "son modada” geyinməlidir?

    Bir insan bilirəm hər nəğməni mən,
    Nəğmə də insanla bir doğulubdur.
    Ürəkdə sevinci, qəmi kəşf edən
    İlk səyyah bəlkə də nəğmə olubdur.

    Nəğməni körpə tək böyüdüb insan,
    Nəğmə ana olub - ovunmuşuq biz.
    Dərdin, ehtiyacın tufanlarından
    Azmı nəğmələrlə qorunmuşuq biz?!

    Sellər uyudubdur laylalarımız,
    Çöllər uyudubdur holavarımız.
    Odlu şerlərlə suvarıb bəzən
    Qəzəb qılıncını babalarımız.

    Ötən müharibə yadımda qalır:
    Onda qələmlər də səfərbər idi.
    Hər şair yurdumun bir generalı,
    Hər şer yurdumun bir əsgəriydi.

    Vətən nəğmələri olmasa bir an
    Könüldə gül açıb yaz ola bilməz.
    Nəğməsi olmayan, şeri olmayan
    Bir xalqın tarixi yazıla bilməz!

    Fikirlər dolanır başımda min-min,
    Görən doğrudanmı oxunmur şer?
    Görən doğrudanmı insan qəlbinin
    İncə hisslərinə toxunmur şer?

    Bəlkə qan dəyişib insan canında,
    Hər şeyi sevməmək bir adət olur.
    Yox, şair, hər kiçik bir yalanın da
    İçində bir kiçik həqiqət olur.

    Artır söz yığını, artır çayır tək,
    Hamı deyən olub, yazan olubdur.
     "İlhama sarılmaq”, qələm götürmək
    Papiros çəkməkdən asan olubdur.

    Gəlin gizlətməyək: hələ şerimiz
    Peyk ola bilməyib yer kürəsinə.
    Gəlin gizlətməyək, gizlətməyək biz
    Bu gün şerimizin bülbül səsinə
    Qurbağa səsini qatanlar da var;
    Arpa çörəyini lavaş yerinə,
    Çürümüş ipliyi qumaş yerinə ,
     "Köhnə dağarcığı tumaş yerinə”
    Bu gün oxucuya satanlar da var;

    Sən də, ey oxucu, önümdə dayan!
    Sən də çək ortaya günahını bir!
    Məncə qapısını kitab açmayan
    Bir ev müəllimsiz məktəb kimidir.

    Adam var fərqini bilməyir hələ
    Böhtan yazan əllə, söz yazan əlin.
    Qəlbi lal, beyni kar adamlar ilə
    Şeri tərəziyə qoymayaq gəlin!
1964

İNSAN

    Mən getsəm dünyada uçrum yaranar,
    Toyda da, yasda da görünər yerim.
    Yay da bir ah çəkər, payız da yanar,
    Qışda da, yazda da görünər yerim.

    Mən getsəm, saç yolub dağların çəni
    Ağlayar bir ana, bir bacı kimi.
    Təbiət düşünər, düşünər məni
    Bir fiqur itirən şahmatçı kimi...
1964

İSTEDAD

    Doğar ürəkli ağıl,
    Ağıllı ürək onu.
    Bəzən bu gün itirər,
    Tapar
        gələcək onu.
    Onu bir damla kimi
    Dənizə tullasalar -
    Damlaları birləşib,
    Dağ yıxan dalğa olar.
    O, kiminin gözündə
    Ucalar ulduz kimi.
    Kiminin də gözünə
    Sancılar buynuz kimi,
    Bir onu,
        ona qəfil
    Daş atandan qoruyun.
    Bir də qoltuqlar altda
    Yaşadandan qoruyun...
1965

QIRMIZI QƏLƏM

    Bir vaxt onu tapanda
        olmazdı dərdim.
    Qaşqa qulunu da,
    Təpəl quzunu da
        sevindirərdim.
    Qırmızı zolaqlı yumurta
        necə qəşəng olardı!
    Qatarda uzaq gedən,
    Döyüşdə bərk olardı...
    Bir az da böyüdüm,
    Bu qələmlə qırmızı
    Alma çəkdim, cam çəkdim,
    Qırmızı adam çəkdim.
    Qiymətlər içində
    Ən çox sevdiyim
        qırmızı "beş”di.
    Keçdi,
    Qırmızı pionerlik
    Dövrüm də keçdi.
    Qırmızı qələmlə bir də
    Sonralar qarşılaşdım,
    Bu dəfə sevinmədim,
    Titrədim, çaşdım.
    Rəngi bilinməz rəngdə
    Gözümə dəydi
        qırmızı qələm.
    Bir bürokrat əlindəydi
        qırmızı qələm...
1965

BİR OTAQDA

    Bəlkə də bu günahımdır:
    Qələm aldım, şer yazdım...
    Sən olmasan mən bu qədər
    Bir otağa qapanmazdım...
    Sən olmasan bəlkə elə
    Bir çobandım dağda-daşda.
    Umu-küsü bilməzdi heç
    Qohum-qardaş, dost-tanış da.
    Kimisinin köynəkliyi,
    Kimisinin əlcəkliyi,
    Kimisinin bulaması,
    Kimisinin dələməsi
    Gələrdi də... Atam - anam
    Göz yorğunu olmazdılar.
    Məktubların, soraqların
    Ümidinə qalmazdılar.
    Sən olmasan bu titrəyən,
    Bu ağrıyan ürək nəydi?
    Bəlkə şair olmamağım
    Olmağımdan gərəkliydi?!
    Bəzisinə ürək qazıb
    Söz ələmək asan gəlir,
    Düyün düşən fikirləri
    Çözələmək asan gəlir,
    Göz görməyən duyğuları,
    Məhəbbəti, ehtirası,
        kefi, yası cilalayıb
    Söz eləmək asan gəlir.
    Bəzən olur: saatlarla
    Danışıram ölü kimi.
    Bəzən olur: saatlarla
    Öz-özümə danışıram
        dəli kimi.
    Kiminləsə vuruşuram,
    Kiminləsə barışıram,
    Kiminləsə yarışıram,
    Oda, közə qarışıram;
    Elə bil ki, meteorlar
         yağışını
    Dəf edirəm bir otaqda.
    Mən özümü neçə dəfə
    Dəfn edirəm bir otaqda.
    Vəsf etdiyim gözəlliyə
    Pəncərədən baxıram mən,
    Neçə qızın sevgisinin
    Orbitindən çıxıram mən;
    Gözlərimin şirin yüxü
    Damarını kəsirəm mən
    Sevgilimin saçlarının
    Tumarını kəsirəm mən.
    Həyatımdan bezəndə də
    Gəlib şer yazıram mən.
    Bir dostumdan küsəndə də
    Gəlib şer yazıram mən.
    Ömrü boyu körpə olan
        körpəm sənsən.
    Könüllərdə daşqınım sən,
        körpüm sənsən.
    Neçə böhtan məclisinin
    Şahmatında itsəm belə
        fiqur kimi,
    Sən varsan, mən əyilmərəm,
    Əyilmərəm qürur kimi.
    Sən olmasan bu dünyada
         nəyəm, kiməm?
    Sən olmasan sonsuz ata,
    Sən olmasan bir yetiməm.
    Sən əzabım, sən havarım,
    Sən fırtınam, sən avarım...
    Ya səninlə bu sevdamın
    Dalğasında batasıyam,
    Ya səninlə öz arzumun
    Sahilinə çatasıyam...
1965

"Bəzən unuduram özümü tamam”

    Bəzən unuduram özümü tamam,
    Elə bil özümçün yoxam həyatda.
    Giley yorğunuyam, zəng yorğunuyam,
    Yolum bir otaqda, işim yüz adda.

    Qoy belə ərisin min ömrüm olsa,
    Boş anı keçməsin bir dəqiqəmin.
    Deyirəm hamıçün yaşayıramsa,
    Hamı da mənimçün yaşayır yəqin...
1964

"Qanıma gizlicə işləyən...”

    Qanıma gizlicə işləyən
    Şaxtanı sevmirəm.
    Dibində dayazlıq gizləyən
    Dəryanı sevmirəm.
    Silahsız insanla döyüşən
    İnsanı sevmirəm.
    Qarşıma mərdliklə çıxacaq
    Tufanı sevirəm!
    Gəmimi daşı yox, dalğası
    Batıran ümmanı sevmirəm!
    Özündən güclünü yıxası
    İnsanı sevirəm!
1965

TƏSƏLLİ

    Mənə dar günümdə təsəlli verin,
    Yaşaya bilərəm susuz, çörəksiz.
    Ölüm ayağında qapımdan girin
    Gözləri dolusu ümidlərlə siz.

    Sonuncu çağrışı duyanda insan,
    Nə çörək, nə də ki, su acı olur.
    Bəli, son ayaqda, son anda insan
    Yalnız təsəllinin möhtacı olur.
1966

OD

    Vəhşilik dişini çəkdi çiy ətdən -
    Elə ki, dünyada od aldı insan.
    Təkcə işıq deyil, bu təbiətdən
    O gün ləzzət aldı, dad aldı insan.

    Bəlkə o qələbə, o kef, əyləncə
    Neçə mağarada əks olub qalır.
    Bəşər tarixinin ilk günü, məncə
    İnsan od aldığı gün olmalıdır.

    Od aldı insanın əli ağacdan,
    Çıxdı od içindən ox da, qılınc da.
    Qalxdı təbiətlə vuruşa insan
    Qaranlıq gecədə, ayazlı qışda.

    Od aldı insanın əli, bu əllər
    Fikrə də, qəlbə də od yükü çatdı.
    Kürələr içində qovruldu əllər,
    Əllərdən yapışan maşın yaratdı.

    Od aldı insanın əli, bu oddan
    Min toplu, tüfəngli hissə də doğdu.
    Deyirəm, bəlkə də, elə bu oddan
    Bu odu söndürmək hissi də doğdu...

    Od - gülüş, təbəssüm, uşaq səsində,
    Od - fikir, xəyaldır, şən arzulardır.
    Fəzanın bugünkü xəritəsində
    Neçə gəmimizin od yolu vardır.

    Ey bəşər, dünyanın mayası oddur,
    Od alıb bu odun keşiyində dur!
    İtirər tapdığı bu odu insan
    Sən hərbin odunu oğurlamasan.
1964

QOCA

    Əkdiyi çiçəklər göyərir
         hər bahar gələndə,
    Sancdığı tənəklər göyərir
        hər bahar gələndə
    Elə bil o keçən arzular,
    Diləklər göyərir
        hər bahar gələndə.
    Uşaqlıq qayıdır, dodağı
    Dolu bir sevinclə, gülüşlə.
    Cavanlıq qayıdır, torpağı
    Titrədən qürurlu yerişlə.
    O sanki yenidən doğulur
        hər bahar gələndə.
    Torpağı qızdıran
        havalar gələndə.
    Qıçları titrəyə-titrəyə
    Tələsir bağçaya.
    Əl atır külüngə, vedrəyə,
    Tələsir bağçaya.
    Deyirsən kəsilsə ayağı
    Təbiət günəşi kəsəcək;
    Çiçəklər körpə tək ağlayıb,
    Ağaclar qocadan küsəcək.
    Geciksə, nəğməsiz qalacaq
    Təzəcə dil açan yarpaqar.
    Geciksə, yarışil olacaq
    Cərrahı gözləyən budaqlar.
    Harada itirsən onu sən
    Bir ağac dibində yenə gəz.
    İşini az bilməz alimdən,
    Yerini nazirlə dəyişməz.
    Qocaya "nə yaman qocalıb”
        deyənlər tapılır.
     "Az işlə, ömrünə az qalıb”
        deyənlər tapılır.
    Onsuz da öləcək, bilir o,
    Başını bulayıb gülür o:
    Bəs işsiz, bir qara daş kimi...
    Bu ağır bir ölüm deyilmi?
    Biz gedək, bizimlə dünyanın
    İşığı keçəsi deyildir.
    Əlindən yapışıb insanın
    Həyat ki, köçəsi deyildir.
    Şərt odur köçəndə göstərək
    Bir ömrün tutduğu yeri biz.
    Ən təzə binadan düşən bir
    Kərpic tək bilinsin yerimiz.
Oktyabr 1965

ŞÜARLAR

    Yol üstdə lalə tək yanır hər şüar,
    Sağ yan da, sol yan da əkin yeridir.
    Elə bil kürədən çıxıb nidalar,
    Tirelər, nöqtələr ütülənibdir.

    Ay sədr, ağzından od-alov yağır,
    Yol boyu necə də səliqə-səhman!
    Tarlanı bürüyən otun, alağın
    Onsuz da görünmür şüar dalından...
Oktyabr, 1965

FƏHLƏ ŞERİ



    Qaytardı redaktor lirik şerimi,
    Qaytardı fəhlə yox, zavod yox, - deyə.
    Zavoddan yazdığım kiçik şerimi
    Oxudum bir axşam qonşum fəhləyə.

    Fəhlə də gileyə tutdu ki, məni
    Bəs hanı məhəbbət, lirika hanı?
    Gəl indi inandır çap eləyəni,
    Gəl indi sevindir sən oxuyanı...
1964

MƏNƏ BAĞIŞLANA

    Qartaldan nə sürət istəyirəm mən,
    Nə ömür, ən cürət istəyirəm mən,
    Bircə istəyirəm cavan yaşımda:
    Yığıb qanadını qaya başından
    Uzaq uçuşlara şığıdığı an
    Mənə bağışlana dağ qartalından...
Oktyabr 1963

GƏLƏCƏYİN ADDIM SƏSİ

    Nə təmkinlə, nə sürətlə
        gəlir, baxın,
    Hər millətin ana qəlbi,
    Ana dili dodağında
        gülür, baxın!
    Qoltuğunda Yer şarının
    Bir boyalı xəritəsi -
        necə gəlir.
    Məzlumlara nurlu sabah,
    Kapitala gecə gəlir!
    Zənci kimi dili yanan
    Səhralara bulud olur
        burum-burum.
    Ayaq dəyməz meşələrə
    Ağ yol kimi onu burun!
        Onu burun!
    Fəzanın göy yaxasında
    Yeni insan nişanına
    Neçə ilgək açıb gəlir.
    Bir tropik iqlimiylə
    Qütblərə qaranquş tək
        köçüb gəlir.
    Veneranın, Marsın, Ayın,
    Daha nəyin qollarını,
    Göyün insan yollarını
    Bir-birinə çatma kimi
        çatıb gəlir;
    Ölüm səsli silahları
    Ümmanların xəyal getməz
    Çökəyinə atıb gəlir.
    Gəlir, gəlir, sinələri
        seyrə çıxır,
    Deyilməmiş sözlər tapır,
    Ən qiymətli inci tapan
        səyyah kimi.
    Neçə-neçə pula həris
    Şüura da bıçaq çəkir
        cərrah kimi.
    O gəldikcə mən görürəm:
    Bir xəbisin qəlbi donub,
    Qanı donub, canı donub;
    O dinməyir, tərpənməyir,
    Elə bil ki, xəncər udub!
    O gəldikcə qızım gülür,
        Üzüm gülür,
        Gözüm gülür,
        Arzum gülür!
    Gəlir, gəlir, neçə ana
    Döyüşlərdən qalıb çıxan
    Oğlu kimi öz bağrına
        basır onu.
    Gəlir, gəlir
        gələcəyin
        nur çantalı poçtalyonu!
1964

İKİ TALE

    Üz-üzə gəldilər bir təsadüflə,
    Biri alışmamış kibritdir hələ,
    Çəkilib atılmış papiros biri, -
    Dünəni qaytarmaq istəmir geri;
    Onun ümidləri tikan üstədir,
    O heç nə istəmir, heç nə istəmir -
    Kişi nəfəsilə isinən bucaq,
    Onunla səhəri açan bir qucaq,
    Bir də günahından keçən mərhəmət...
    Oğlanın suallı baxışları sərt:
    Yönəldir gözünə göz aynasını,
    Salır ürəyinə söz aynasını...
    Birinə məhəbbət, ürək lazımdır,
    Birinə bir parça çörək lazımdır...
1965

UTANMA, QARA QIZ

    Nə qaralmaq eyibdir,
    Nə yanmaq, qara qız.
    Dağınıq saçından,
    Bərkiyən əlindən,
    Cızılan qıçından,
    Utanma, qara qız!

    Buxağı pambıqdan ağ
    Gözəllər görmüşəm.
    Mən mərmər sinələr,
    Şaftalı yanaqlar,
    Pilə əllər görmüşəm.
    Xarici kinolardan
    Təzə yeriş öyrənən,
    Ayrı bir təbəssüm.
    Ayrı bir gülüş öyrənən
    Qızlar mələk də olsa,
    Mənim zövqümcə deyil;
    Onların ən incəsi
    Üzükdən keçsə belə
    Mənimçün incə deyil.
    Yaxın gəl, qara qız,
    Gəl əl tut.
    Əlini-qolunu bağlayan,
    Sürətini saxlayan
    Adətlər varsa da, unut.
    Gül görüm, qara qız,
    Gözünün şəfəqi
    Üzündə səyrisin.
    Bəzənib gəzməyinə,
    Toylarda süzməyinə
    Sədd olan varsa, qoy
    Utansın,ərisin.
    Deməyə, gülməyə layiqsən,
    Gülüşün dünyanı dolansın.
    Utanma, qara qız!
    Çörəyi gözəllik
    Olanlar utansın.
    Bir xalq məsəlinin
    Əksini deyim mən,
    Boğazında görünər
    Ağ üzüm yesən.
    Qaralıqla şöhrət
    Yanaşı olur bəzən.
    Ağlıqla da nifrət
    Yanaşı olur bəzən.
    Nə tərlan yerişin var;
    Nə sirli gülüşün var, -
    Dişlərinin şəfəqi
    Süzülür dodağına.
    Sən güləndə deyirəm,
    Bənövşə suyu
    Sıxılıb yanağına.
    Bu geniş çöllərin
    Sonası, qara qız.
    Hər pambıq kolunun
    Anası, qara qız.
    Çaylara coşğunluq,
    Göllərə şəffaflıq,
    Bulaqlara nəğmə,
    Duruluq və saflıq
    Gülüşün gətirir.
    Taxılı, pambığı
    Tarlalar qoynuna
    Yürüşün gətirir
    Utanma, qara qız!
    Utansın üzü yox,
    Vicdanı qaralar.
    Eh, sənin kölgəndə
        od olan,
    Planlar doldurub, ad alan
    Kişilər hələ var...
15 avqust 1962

QADINLAR

    Məni səcdəsinə gətirər biri,
    Qoynunda gül kimi bitirər biri.
    Od olub əridər, itirər biri...
    Elə ki, ömrümün itər xoş günü,
    Dərdim, əzabımın ağır yükünü
    Yalnız alar biri, götürər biri...
Qaqra, sentyabr 1965

İNAM

    Qoru eşqimizi, böhtandan qoru,
    Məhəbbət bulaqsa, böhtan da lildir.
    Bir bala ceyranın gözündən duru
    Bulaq da sel vaxtı bulana bilir!

    Bir damcı böhtanın gurşad gücü var,
    Bəzən özülündən yıxır bir evi.
    Məhəbbət aləmi inam, etibar,
    Bir də ki, bir də ki, etiraf sevir.

    Bilirəm, sənə çox xəbərlər gəlir,
    Qəlbinin telləri çəkilir tarım.
    Bu sənə bir təhər, bir təhər gəlir:
    Çoxdur qadın dostum, qız tanışlarım...

    Mən bu məsəlimi danan deyiləm:
    Şair gözəlliyin göz dustağıdır!
    Bir qadın gözündə qəm duysam, o dəm
    Sanıram ömrümün qürub çağıdır.

    Ehtiram gərəkdir hər gözəlliyə,
    Demə ki, budaqlar gəzən bir quşam.
    Bir baxış mükafat alaram deyə,
    Mən sənin eşqini tapdamamışam.

    Nə danım, dostum var qız da, qadın da,
    Bunun min nidalı "niyəsi” yoxdur;
    Mənim hörmətimdə, zarafatımda
    Bir umu, təmənna hiyləsi yoxdur.

    Nə elə göyçəyəm, nə adlı-sanlı,
    Mənim hörmətimi bu sirdə ara:
    Həmişə evcanlı, ailəcanlı
    Kişilər xoş gəlir çox qadınlara...
1965

SƏN GETDİN

    Sən mənim yazıma birinci yağış,
    Sən mənim qışıma sonuncu qardın.
    O mənim qəlbimdə ünvan tapmamış,
    Pərişan bir eşqi hara apardın...

    Sən getdin, təbiət bir səs itirdi,
    Bir sevgi dastanı qaldı yarımçıq.
    Bir ulduz əbədi buluda girdi,
    Bir çiçək göyərib soldu yarımçıq.

    Sən getdin, son həsrət eşqi gözündən
    Qəlbimə axmadı sözlə, qılıqla.
    Bəlkə oğurlayıb səni özümdən
    Sənə qaytarırdım bu ayrılıqla...

    Son dəfə dinlədim ayaq səsini,
    Qəlbimdə bir tufan qopdu dərindən...
    Sən getdin, elə bil yer kürəsini
    Ayırdın bir anlıq öz mehvəridən.

    Dəydi bir-birinə səma, dəniz, dağ,
    O görüş nə idi, bu ayrılıq nə?
    Nə bilim, hər halda bir qəlbi qırmaq,
    Bir tale yıxmaqdan asandır mənə.

    Bir də ki, dənizə bənzər bu aləm,
    Həyatım, taleyim onsuz deyildir.
    Mən yalnız gəmiyəm, üzmək bilirəm,
    Hara üzməyimi - cəmiyyət bilir...
1964

SƏN

    Kimsə gözlərində gizlənib sənin,
    Kiminsə adı var dodaqlarında.
    Duyuram səsinin, gülüşlərinin
    Qalır sədası da qulaqlarında.


    Ürəkdən gəlməyən gülüşün, sözün
    Başqa bir ürəyə yamansın niyə?
    Mən səni öpəndə yumulur gözün,
    Yumulur, o məni görməsin deyə.

   

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.10.2013) | Müəllif: R.C E W
Baxış: 528 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more