Rus parkı
Binamızın pilləkən meydançalarındakı həyətə baxan pəncərələrin hamısı ya tamam sınıb, ya da çat verib. Bunların nə vaxt, necə, kimlər tərəfindən sındırıldığı mənə məlum deyil. Daha doğrusu özümü dərk edəndən, bu şüşələrin yerində olmadığını, onlarla heç kimin - nə bina sakinlərinin, nə də əlaqədar təşkilatların - maraqlanmadığını, dəyişdirməyə yanaşmadığını görmüşəm. Meydançada rəqs edən yel, nazik gödəkcəmin yaxalarından sızıb bədənimi titrətdi. Tez- tələsik qapını bağlayıb liftə yaxınlaşdım. Düyməni basdım.
Xəfif baş gicəllənmədən, kürəyimi divara yaslayıb lifti gözləyəndə, kabinənin aşağılarda gurultulu səslə yeddinci mərtəbəyə yaxınlaşdığını duyuram. Bu səsi də özümü dərk edəndən - iyirmi ildən çoxdur ki, eşidirəm.
Budur, metafizik varlıq qapılarını səs-küylə, taybatay açıb məni udur.
Qəribədir, hər dəfə bu dar məkana daxil olanda, sanki bütün şəxsi areallarım sıxılır; fərdi, ərazi imperativlərim inkar olunur. Gözlərim avtomatik ya tavana, ya da yerə dikilir. Bu darlıqda qapılar da qapanandan sonra, insan keçmişindən təcrid olunur. Lift modernizmin və sürrealizmin gizli silahı kimi görünür mənə. Dünya bu dar çərçivənin kənarında öz axarı ilə yaşayır, dəyişikliklərə məruz qalır. Liftdəkilərə isə bunun heç bir aidiyyəti yoxdur - onlar öz dünyaları, bədbin düşüncələri və divardakı yazılarla baş-başadırlar.
Həyətə çıxıb ayaq saxlayır, dünənki günəşdə qovurulub qızarmış yarpaqların ağır-ağır, pıçıltı ilə nəm asfalta sərilməsini dinləməkdən zövq alıram. İslaq səthə yapışan yarpaqlardan yaranan qızılı-boz kompozisiyanı, şiddətli payız ətri tamamlayır. Bu ətri ciyərlərimə doldurub qərarlı addımlarla sağa buruluram.
Ruhum sıxılanda, nə istədiyimi özüm də bilməyəndə bura gəlirəm - məhkəmə binasının qarşısındakı, hündür küknar, şam, çinar və palıd ağacları ilə zəngin, 30-cu illərin yadigarı və Bayıl sakinlərinin qürur mənbəyi olan parka. Uşaqlığımda bu parkda dincələnlərin, körpələrini təmiz havada gəzdirənlərin əksəriyyəti rus, yəhudi, gürcü və rusdilli azərbaycanlılar olardı. Qaçdı-tutdu, gizlənqaç oynayan övladlarına nəzarət edən analar və nənələr tum çırtlaya-çırtlaya Qorbaçovdan, Perestroykadan və “Kölə İzaura” serialından danışardılar. Atamla skamyada oturub onların söhbətlərini dinləmək məni çox əyləndirirdi. Bu dünyada Bubble Gum saqqızlarından, Bruce Leenin filmlərindən daha önəmli heç nəyin olmadığını düşünür, qadınların isə boş-boş danışdığını anlayacaq qədər ağıllı sanırdım özümü.
Parkda gəzişən tək-tük adamlar yağışdan islanan skamyalara oturmağa cəsarət etmirlər. Bircə bu cütlük istisnadır - hər parkda olduğu kimi, bu parkda da saatlarla vaxt keçirməyi sevən aşiqlər, buradakı ən hündür, qollu-budaqlı çinar ağacının altındakı skamyada əyləşiblər. Oğlanın əynində qırmızı zolaqlı yaşıl sviter, qızın əynində isə qəhvəyi dəri gödəkcə var. Başını oğlanın çiyninə yaslayan qızın dodaqlarında incə bir gülümsəmə donub qalıb. Oğlan nəsə danışır, danışır, qarasaçlı qız isə hey gülümsəyir və arada bir başını tərpədib məmnunluğunu ifadə edir. Hələ çoxmu susacaq görəsən? Oğlanı isə narahat etmir onun susqunluğu - sanki özünə də elə bu lazımdır. Qarasaçlı qızın ona qulaq asmağını istəyir. Eşitməkdən çox, eşidilməyə ehtiyacı var. Mən isə çox zaman eşitmək istəyirəm. Sevdiyim insanın dərdini-sərini, problemlərini, sıxıntılarını üzərimə götürmək, onun yükünü yüngülləşdirmək kimi təbii tələbatım var. Düzdür, qarşılığa ehtiyac duyduğum anlar da olur, amma bu elə nadir baş verir ki, bu barədə xüsusi danışmağa dəyməz. Məni qarşılıqsız sevməyə, dəlicəsinə vurulmağa, özünü fəda etməyə hazır insanlardan aralı gəzib, sevgimi və dostluğumu başqalarına qarşılıqsız ərməğan etmək kimi ziyanlı, anlaşılmaz təmayülün “qurbanıyam”. Sevgidə və dostluqda dominanta çevrilmək qorxutmur məni - əksinə, sevdiyim nisbətdə sevilməməyimin şirin əzabından həzz duyuram. Bircə evlilik həyatım istisna təşkil edir - bəlkə də bütün varlığımla sevməli, dəyər verməli olduğum Sevilə “onsuzda mənimlədir”, “onsuzda mənimdir” düşüncəsi ilə hər mənada, hər addımda xəyanət etmişəm.
Qız bir anlıq başını oğlanın çiynindən qaldırıb üzünü ona çevirdi, süzgün baxışlarla baxdı, sonra təzədən çiyninə yaslandı. Görünür hansısa sözü, cümləni nə qədər səmimi deyib demədiyini anlamaqdan ötrü, gözlərinin içinə baxmağa ehtiyac duymuşdu. Mən isə bir vəd, ya da sevgi etirafı eşidəndə, müsahibimin gözlərindən söylədiklərinin əksini oxuma ehtimalından qorxduğum üçün, baxışlarımı hər dəfə qaçırdıram. Sevil danışanda isə həmişə gözlərinin içinə baxardım - səmimiyyətsizliyini yaxalamaq, bunu üzünə vurmaq arzusu ilə. Lakin o, hər zaman səmimi olurdu. Nadürüst olan isə mən idim. Stendaldan oxumuşdum ki, “Məhəbbət - iki insan arasında keçirilən “kim daha çox sevir” adlı yarışmadır”. Sevirsənsə, hər şeyini - ürəyini, maraqlarını, sevincini, biliyini, zarafatlarını, kədərini hətta bəzən qürurunu belə fəda etməyi, qurban verməyi bacarmalısan deyirdi mənə Sevil. Bəli, hər kəsə pay düşürdü mənim fədakarlıq potensialımdan - bircə Sevildən başqa. Sonda Sevil də anladı bunu. Anladı və getdi. Mənə isə “onsuzda dünyagörüşümüzdə ziddiyyətlər vardı” deyib, özümə təsəlli vermək qaldı.
Xeyr, sevgi hissinin əbədiyyən davam edə biləcəyinə inanacaq qədər sadəlövh deyiləm. Bilirəm ki, bu hiss də zamanla aşınmaya məruz qalır, vax gəlir iki insanın birlikdəliyi aludəçiliyə çevrilir. Nəinki mən, zamanı gəldiyində hər kəs bu acı həqiqətlə üzləşməkdədir. Sevilin yoxluğunun mənə çəkdirdiyi də ola bilsin cavabsız sevgi əzabı yox, məhz vərdişdən doğan kədərdir. İllər ötəcək, şən gülüşləri ilə parkı başına götürmüş bu məsum və müqəddəs körpələrin üzündəki sevinc də yox olub gedəcək. Çünki böyüklərin qurduğu bu murdar və binamus dünyaya qədəm qoymaq, bu çirkabın içində ərimək onların da alın yazısıdır. Anaları ilə parka gələn bacı-qardaş əllərində ağac budaqları ilə sərçələri qovalayır. Ola bilsin Özgür də indi anası ilə gəzməyə çıxıb. Əslində bu gün uşağı mən gəzdirməli idim, amma kefsizəm.
Bu il birinci sinfə başlayan oğlum, təsəvvür etdiyimdən də ağıllı, müdrik uşaqdır. Bir həftə əvvəl gəzməyə aparmaq üçün onu anasından götürdüyümdə, boynuma sarılıb məni bərk-bərk qucaqlamışdı, mən də saçlarından anasının ətrini duymuşdum. Fast-food-lardan birində çox xoşladığı kolbasalı pizzanı yeyə-yeyə mənim bitib-tükənməyən suallarıma cavab verməli olmuşdu. Mənimlə məktəb, sinif yoldaşları barədə ilk təəssüratlarını bölüşəndən sonra, ondan böyüyəndə kim olmaq istədiyini soruşmuşdum. “Mən böyümək istəmirəm axı” demişdi mənə gözlərini döyə-döyə. Valideynlərinin boşanmasına, atasının onları tərk etməsinə şahid olmuş balam da bilir ki, aldığı bu zərbə ilk və son deyil. Bəlkə də altıncı hissi ilə həyatın pusquda dayandığını və böyüyəcəyi “təqdirdə” ona daha ağır zərbələr endirəcəyini başa düşür. Həmin günün axşamı “Özgür müdrik uşaqdır” demişdim Rənaya, o da mənimlə razılaşıb “xoşbəxt atasan” demişdi. Daha soruşmadım ondan, oğlunu həftədə bir dəfə görən ata necə xoşbəxt ola bilər? Bir il əvvəl Sevillə yollarımız ayrılanda, ondan ötrü bu qədər xiffət çəkəcəyim ağlıma gəlməzdi. Əsla ayrılmaq istəmirdim yoldaşımdan, oğlumu itirmək istəmirdim, amma yeni, müstəqil və azad həyatın cazibəsi məni təhrik etmirdi desəm, ağ yalan olar. İndi isə hər ikisi üçün darıxıram, özü də çox. Özümlə baş-başa qalanda daha da güclənir sıxıntım. Etiraf edim ki, bu ayrılıq labüd olmuşdu. Bir evdə yaşayan bir-birinə yad iki insana çevrilmişdik və günü-gündən kəskinləşən münasibətlərimizə körpə Özgür də şahid olur, psixikası zədə alırdı. “Ərlik vəzifələrin bir yana, tutaq ki, onlar mənə heç gərək də deyil. Bəs hər gün evə gecə yarısından tez gəlməyən, uşağını görməyən atadan ata olarmı?” Sevilin bu sualı qarşısında ya susur, ya da səsimi başıma atırdım - bunların heç biri də, onun haqlı suallarına cavab olmurdu.
Düz bir il mübahisələrlə, dava-dalaşla, qışqırıqlarla keçdi və bu vəziyyət artıq qatlaşılmaz həddə çatanda, Sevil hamımız üçün ağır olan boşanma qərarını verdi.
Göy üzü get-gedə qatılaşır, qaranlıq hər yeri bürüyürdü. Hiss edirəm ki, yoğun bir boruya dolan şiddətli küləyin uğultusuna bənzər qulağımdakı mənşəyi naməlum çılğın səslər başgicəllənməmi daha da artırır. Qafatasımın içində sanki çoxminlik izdihamın çıxardığı rabitəsiz, ahəngsiz səs-küy var. “Toğrula zəng vurummu görəsən?” - ovucumda tutduğum telefona baxıb düşündüm. “Boşdursa, işi yoxdursa mütləq gələr. Hərçənd ki, bazar günləri də pasient qəbul edir.”
-Toğrul salam.
-Salam, salam. Necəsən? Hardasan?
“Hardasan” sualını vermək adətidir, bu da mənim çox xoşuma gəlir. Özü zəng edib harda olduğumu soruşsa başa düşmək olar, amma mən zəng edəndə də bu sualı eşidirəm.
-Bayılda, evin yanında.
-Parkdasan?
-Aha.
-Planın nədi? Gəlim yanına?
Beş ay əvvəl atasının ona hədiyyə etdiyi Honda CR-V işimizi xeyli asanlaşdırıb. Ən azından taksilərə pul tökmürük.
-Bu gün xəstən olmayıb?
- Səhər qəbul edib yola salmışam. O dəfə gələn kök arvad vardı ha, məktəb direktoru.
-Hə.
-İki kanalını təmizlədim. Birində də kistası var, hələ xeyli əlləşəcəm. Bilmirəm bu arvad məndən qabaq stomatoloqda müalicə alıb, yoxsa baytarda. Yəni indi boşam, gələ bilərəm - Toğrul siqnala basaraq kiminsə ünvanına yağlı söyüş göndərdi “Sür də ay oğraş! Sənin var-yoxunu...”
Özümü saxlaya bilməyib güldüm:
- Bu maşın sənin axırına çıxacaq. Əsəb xəstəsi olmusan.
- Özüm ölüm düz deyirsən. Bir-iki ay da belə getsə dəlixanalıq olacam. Hə, nədi? Gəlim harasa gedək?
-Gəl də, gəl. Görək neynirik.
-Bir az da veyllən parkda, on beş dəqiqəyə ordayam.
Toğrul
Bizimki birtərəfli, qarşılığı olmayan sirdaşlıqdır desəm, münasibətlərimizə ən dəqiq xarakteristikanı vermiş olaram. O, yalnız qulaq asmağı bacarır. Elədir, gərək mən danışım, o qulaq assın. Yeganə adamdır ki, mənim kimi danışmaqdan ziyadə dinləməyə üstünlük verən adamı saatlarla danışdıra bilir. Özü isə... Çox zaman, suallarıma həvəssiz cavab verəcəyini bildiyimdən, soruşmaq istədiyimi də soruşmuram, “sonraya” saxlayıram.
Sonranın gəlməyəcəyini bilə-bilə.
Öz dərdini özü üçün o qədər sakrallaşdırıb, üstünü mövhumatlarla o qədər qaplayıb ki, hər an, hər yerdə arxadan ona hücum çəkməyə, xəyanət etməyə hazır insanların olduğuna inanmağa başlayıb. Fürsət düşəndə də dostluğun mənasızlığından, gərəksizliyindən danışır. Sanki özünü buna inandırmaq istəyirmiş kimi - dostluğa hansı mənaları yüklədiyini dəqiqləşdirmədən - dostluğun “boş söhbət” olduğunu və ən məhrəm sirrini yalnız özü ilə bölüşə bildiyini deyir.
Yenə də, bütün məsuliyyətim və səmimiyyətimlə deyə bilərəm ki, Toğrul ən yaxın dostumdur. Səbəbini bilmirəm. Daha doğrusu hansı məziyyətlərinə görə həyatımda bu qədər yüksək mövqeyə sahib olduğunu, nə üçün ona bu qədər bağlandığımı deməkdə çətinlik çəkirəm. Əslinə qalsa zövqlərimiz, dünyagörüşümüz, ümumiyyətlə həyata münasibətimiz bir-birindən kəskin olmasa da, xeyli dərəcədə fərqlənir. Yəni ilk baxışda bir-birinə tamamilə zidd, uzlaşmaz insanlarıq. Bundan əlavə, mənim nəzərimdə Toğrul başdan ayağa mənfi keyfiyyətlərlə təchiz olunub. Bu halda, bizi bu qədər yaxın edən hansı ortaq dəyərdir görəsən? Mən hələ də bu sual üzərində düşünməkdəyəm. Toğrul isə... Dediyinə görə bu suala cavab axtarmağın mənası yoxdur, çünki bu sualın rasional, məntiqli cavabı təbiətdə mövcud deyil.
Nə mətbuat əhli olan dostlarımı, nə də həmkarlarımı Toğrul qədər özümə yaxın bilmirəm. Halbuki birincilərlə ortaq dəyərləri bölüşür, məişətdən siyasətə qədər hər şey haqda danışır, müzakirə edirik. İkincilərlə isə universitetdən başlayan və Toğruldan əlavə iki stomatoloqla da, indiki iş yerimiz olan Asiadent klinikasında davam edən yaxın münasibətimiz var. Bəs Toğruldakı hansı cövhər çatışmır bu insanlarda? Ağzıbütövlük? Dinləmə qabiliyyəti? Sədaqət? Yersiz və lazımsız məsləhətlər verməmə bacarığı? Susmaq lazım gələndə susmaq istedadı? Özünü ağıllı, çoxbilmiş göstərməməsi? İnanmadığı, anlayışı olmadığı mövzularda naqqallıq etməməsi? Hansı biri? Mənə yaxın insanların hansı birində bu keyfiyyətlərin olub-olmadığını yoxlamış, sınaqdan keçirmişəm? Hansı birinə mənə Toğrul qədər yaxın olmaq şansı tanımışam?
Heç birinə.
Deməli, Toğrul haqlıdır - bizim dostluğumuzun səbəblərinin rasional, məntiqli izahı mövcud deyil təbiətdə.
Adamın sözünü kəsmədən sona qədər qulaq asması və deyəcəyi bir söz yoxdursa, bunu açıq etiraf etməsi məni hər zaman heyran edib. Etirafı da elə səmimi, elə ürəkdən edir ki, bunun özü belə ən təsirli yardım, ən faydalı məsləhətə çevrilir. Toğrulun məharətlə imitasiya etdiyi daxili sakitliyinə və ən çətin anlarımda belə, məni yüngülləşdirən, sıxıntılarımı unutduran ironiyasına tez-tez ehtiyac duyuram. Bu gün olduğu kimi.
Məni narahat edən mənfi keyfiyyətlərinin başında isə, Toğrulun müstəqil insan olmaması, bir çox amildən - yaşına və istedadına yaraşmayan - asılılığı gəlir. Gözünü açandan isti ailə ocağı görməsi, ana nəvazişi və ata qayğısı ilə əhatə olunması nəticəsində, həyatda bərkə-boşa düşməməsi əlbəttə onun günahı deyil. Lakin potensialı və imkanları olduğu halda, bu günə qədər özünün heç nə əldə edə bilməməsi, hətta əldə etməyə yanaşmaması - məni çox karıxdırır. Şəhər mərkəzində atasının ona hədiyyə etdiyi iki otaqlı mənzildə sərgərdan həyatı yaşaması, gecələr dost-tanışını atasının aldığı maşına doldurub, pullarını barlarda, diskolarda səpələməsi, zaman-zaman sükan arxasına içkili oturması kənardan onun haqqında yanlış təsəvvürlərin yaranmasına - başıboş, infantil adam imicinin formalaşmasına gətirib çıxarır. Halbuki, bir mən bilirəm onun ürəyindəki təlatümü, beynindəki fırtınanı, daxili diskomfortunu, sonu görünməyən iztirablarını.
Əlləri də qızıldır Toğrulun - bunu klinikadakı hər kəs təsdiqləyir. Mükəmməl həkimdir, peşəkardır. Di gəl ki, qazandığından on qat artıq qazana biləcəyi, pasientlərinin sayını gündə birdən-ikidən, dördə-beşə çıxara biləcəyi halda, hər şeyi boş verib, bütün fikrini, enerjisini “o”na sərf edir - “ilahəm” dediyi Zümrüdə.
Toğrulun ailəsindən bəlkə də iki yüz dəfə var-dövlətli ailənin qızı olan Zümrüdü ən bahalı restoranlara dəvət etməyə, ona qiymətli hədiyyələr almağa pul çatdırmayanda da atasına, anasına üz tutur. Xroniki pulsuzluqdan əziyyət çəkən Toğrulun tez-tez atasından pul “qoparması” onu zərrəcə narahat etmir. “Rüşvətxorun pullarını xərcləyirəm də! Bunda pis nə var?” Rüşvətxor dediyi, Gömrük Komitəsində müfəttiş işləyən, doğrudan da korrupsiya piramidasında sağlam mövqeyə və nüfuza malik atası,
postsosialist-avtoritar sistemin on minlərlə sadiq qulluqçusundan biridir. Toğrul müxalif ritorikadan uzaq olsa da, atasından söhbət düşəndə, sanki özünü təmizə çıxarmaq, atasının günahlarını bölüşmək istəmədiyini sübut etmək üçün, onun ünvanına “murdar korrupsioner”, “büdcə oğrusu”, “yaltaq məmur” kimi ifadələr işlədir. Sözün düzü, bir-iki dəfə atası ilə necə və hansı tonda danışdığına da şahid olmuşam - əsəbi, soyuq və kifayət qədər nəzakətsiz. Ailədə bir bacının bir ərköyün qardaşı olan Toğrula hədsiz məhəbbət bəsləyən valideynləri, ona hər şeyi, hətta özlərinin dediyi kimi “göz görə-görə” oğullarını “uçuruma aparan”, gəlinliyə bir nömrəli namizəd Zümrüdü də bağışlamağa hazırdırlar. Təki Toğrulun könlü xoş olsun.
Onların tanışlığı, biz Tibb Universitetinin üçüncü kursunda oxuyarkən başladı. Toğrulgilin qonşuluğunda yaşayan rəqqas Nadir, məhəllədən iki dostu ilə birgə Toğrulu da Bakıda keçirilən MDB ölkələrinin Latın Amerika rəqsləri üzrə müsabiqəsinin finalına dəvət etmişdi. O axşam qonşular, Nadirin dörd ay əvvəl rəqs etməyə başladığı təzə tərəf müqabili Zümrüdü ilk dəfə səhnədə görəcəkdilər. Gördülər də. Qeyri-adilikdən uzaq, standart bədən quruluşuna malik, uzun qara saçlı, qartal burunlu, kifayət qədər eybəcər, lakin məharətli rəqqasə idi Zümrüd. Ən azından yuxarıdan, arxa sıralardan belə görünürdü. Belorus, Gürcü, Moldovan, Qazax cütlüklərinin ardından meydançaya atılan Nadir və Zümrüdün çıxışı həqiqətən də uğurlu alınmışdı. Birinciliyi Moldova qazansa da, bizimkilərə ikinci yeri vermişdilər.
Müsabiqədən sonra evə qayıtmaq üçün əl oyunları sarayının qarşısında dayanan taksilərdən birinə minməyə hazırlaşan Toğrulu, Nadir qolundan tutub saxlamışdı:
-Hara belə?
-Ooo Nadir, əzizim, təbrik edirəm.
Toğrul Nadiri qucaqlayıb hər iki yanağından öpdü. Yanında dayanmış sevgilisi Afətə başıyla salam verdi. Bu səmimi təbrik, Nadirlə sevgilisinin gözlərindəki sual dolu ifadəni yox etmək əvəzinə, daha da artırdı.
-Təbrik nədi alə? Hara gedirsən?
Toğrul çiyinlərini dartdı. Zorakı gülümsədi.
-Hara gedəcəm. Əlbəttə evə.
Nadir, sanki “bu gicbəsər nə danışır?” demək istərcəsinə sevgilisinə baxdı. Afət də qaşlarını çatıb başını bulayır, olduğundan ciddi, bir az da nigaran görünməyə çalışırdı.
-Ev nədi alə? - Nadir, latın-amerika rəqslərinin peşəkar ifaçısına yaraşmayacaq dərəcədə, Bakının avara-kriminal ləhcəsində danışırdı. - Elə şey yoxdu, bizimlə gəlirsən. Hamı Bəh-Bəh Kluba gedir!
- Mənim orda nə işim var axı ay Nadir? Siz gedin yeyin-için də.
-Gijdəmə. İlqarnan Mənsur da gəlirlər.
Şit zarafatları ilə hamını boğaza yığan, adındakı “ə” hərfindən utandığı üçün şəxsiyyət vəsiqəsində rüşvət verib adını “Mansur” yazdıran və hər kəsdən, onu məhz bu adla çağırmasını tələb edən sırtıq Mənsurla, alkoqolik İlqarı məhəllədə onsuzda hər gün görən Toğrul üçün, Nadirin sözləri arqumentdən çox əks-arqumentə oxşayırdı. Ağzını açıb “dərslərimi oxumalıyam” qəbilindən bir bəhanə uydurmağa hazırlaşırdı ki, sarayın xidməti qapısından çıxaraq özünün Lexus avtomobilinə sarı gedən Zümrüdə sataşdı gözləri.
Duruxdu.
Rəqqasə isə on beş metr aralıda dayanmış tərəf müqabilini görüb ayaq saxladı, ağır-ağır onlara yaxınlaşdı. Salamsız kəlamsız:
-Nadir, gəlmirsən? - soruşdu.
Qızın Afətlə Toğrulu görməməzlikdən gəlməsi onların diqqətindən yayınmadı. Nadir əvvəl tutuldu. Bir sevgilisinin əyilən sifətinə, qığılcım saçan gözlərinə, bir də Toğrula baxdı. Qərarsız dilləndi:
-Zuma sən get. Biz taksi ilə gələrik, yolundan qalma. Toğrulu dilə tuturam. - deyib əli ilə qonşusunu göstərdi.
Bayaqdan Toğrula tərəf baxmayan Zümrüd, tilsimlənmiş gənclə birinci dəfə göz-gözə gəldi. Başdan ayağa onu süzüb, təzədən üzünü Nadirə çevirdi.
-Gəlin bir yerdə gedək. Nə fərqi var? Dostun da gəlsin.
Toğrul udqundu. Ona daha əvvəl tanış olmayan qeyri-adi gizilti bürümüşdü vücudunu. Zümrüd rəqs edərkən ona yuxarı sıralardan, uzaqdan tamaşa edəndə, qıza qarşı zərrəcən maraq oyanmamışdı onda. İndi isə, sanki ovsuna qapılmışdı.
-Gedək, gedək. Bəsdi naz elədiniz.
Nadir, maşınına tərəf getməyə hazırlaşan Zümrüdə:
-Bəs valideynlərin? Onlar gəlmirlər?
Zümrüd zərif barmaqlarını yüngülcə alnına toxundurub əsəbi halda:
- Onların tusovkada nə işi var? Maşına görə deyirsənsə, papa öz maşını ilə gəlmişdi. Getdilər evə. Hə? Gedirik ya yox?
Bayaqdan evə getmək, dincəlmək, bəlkə bir az kitab vərəqləmək istəyən Toğrulun soyuqluq ifadə edən üzü, bürünc heykələ oxşayırdı. Zümrüdün arxasınca, qız hara desə, ora getməyə hazır idi.
Zümrüd başını buladı. Rəsmi təbəssümlə, dəvətkar əda ilə Toğrula baxdı. Gəncin buz kəsilmiş sifəti ifadəsiz olsa da, gözləri heyranlıq və itaət saçırdı.
Zümrüdün şeytani təbəssümü ilk qığılcım olmuşdu.
Toğrula illər uzunu dağ çəkəcək alovun ilk qığılcımı.
Zümrüd
Bu hadisədən təxminən iki ay sonra, Toğrul məni, daha doğrusu bizi, Zümrüdə təqdim etdi.
Gələcək həyat yoldaşımla yenicə görüşməyə başladığımız günlərdi. Tumurcuqlu, noğullu, səmənili Novruz bayramında tanış olduğum Sevillə, həmin ilin cırhacırlı yayında Zaqatalaya üz tutmuşduq. Sevilin oxuduğu Slavyan Universitetindən on beşə yaxın tələbə sifətlərini turşudub, aralarına düşmüş yad elementi, yəni məni tərs-tərs süzməkdə olsunlar, bizim gözlərimiz heç nəyi, heç kəsi görmürdü. Rus dili və ədəbiyyatı fakültəsinin qısqanc oğlanlarının, ağzından “semiçka” iyi gələn paxıl qızlarının iynəli ifadələri, üstüörtülü məzəmmətləri bizim eşidə, duya bilməyəcəyimiz qədər aşağı desibellərdə efirə gedirdi.
Onsuz qala bilməyəcəyimi Zaqatala dağlarında anladım. Dodaqlarından düşməyən təbəssümünü, yanaqlarında şirin çökəkliklər əmələ gətirən qəmzələri tamamlayırdı. Ona sataşmaqdan də həzz alırdım:
- “Səni sevirəm Sevil” demək çox uzun alınır, icazə ver bir dəfəlik “Üç “S”” deyim qurtarsın getsin. Mən “Üç S” deyəndə, sən nə demək istədiyimi başa düş.
O da əsəbiləşir:
-Mənə “Üç S” demək lazım deyil! Biədəb səslənir. Ondansa heç nə demə. Bildin?! - deyir, sonra da özü qəhqəhə ilə gülürdü.
Sevgilimlə fəxr edirdim. Qaşqabaqlı olmadığı, elə hey güldüyü üçün xoşbəxt idim. Saçlarını qısa kəsdirirdi, mən də hər dəfə ona uzunsaçlı qızları daha çox bəyəndiyimi deyib ilişirdim.
- Saçlarını uzatsan, bəlkə sənə evlənməyi təklif edərəm.
-Evliliyimiz bu şərtə bağlıdısa, onda çox gözləyərsən.
Evlilik söhbətlərinin yersiz olduğunu ikimiz də bilirdik. Ailə planları qurmaq üçün hələ çox tez idi. İkimiz də üçüncü kursda oxuyurduq. Sevil atasını, mənsə anamı erkən yaşlarda itirmişdik. O da ailənin bircə övladı idi, mən də.
Odur ki, ikimizin də valideynləri övladlarının izdivacını arzulayırdılar. Düzdür, Sevilin anası hələ çox gənc olduğundan, qızının məzun olmasını gözləyə də bilərdi. Mənim atam isə həm yaşlı, həm də şəkər xəstəsiydi. Dayanmadan nəvədən, gəlindən danışıb, məni əsəbiləşdirmək ən sevimli məşğuliyyəti olmuşdu. Atamı çox istəyirdim, amma universitetə daxil olandan sonra, artıq öz bildiyim kimi yaşayacağıma, onun göstərişləri ilə oturub durmayacağıma qərar vermişdim. Özümə verdiyim sözü atamla da bölüşmüşdüm. Kişi həmişəki kimi, mənə tərs-tərs baxıb üzünü televizora çevirmişdi. Bu isə, o demək idi ki, “sonra söhbət edərik, indi isə mənim düşünmək, öz lehimə arqumentlər fikirləşmək üçün zamana ehtiyacım var”. Mən də acı-acı gülüb, qapını çırpıb çıxmışdım evdən.
İki həftə olardı Zaqataladan isti, boğanaqlı, səs-küylü, tor-tozlu Bakıya qayıtmışdıq. Fəvvarələr meydanında, özümüzü sərin kafelərin birinə yenicə vermişdik ki, Toğrul zəng vurub bizi Anadolu restoranına şam yeməyinə dəvət etmək istədiyini bildirdi.
-Səni Zümrüdlə tanış edəcəm. Qızlar da bir-birini tanısınlar.
- Əla fikirdi, - dedim. Telefonu qırağa tutub Sevilə: - Toğrul bizi restorana dəvət edir. Zümrüdlə tanış etmək istəyir.
Sevil gülümsünüb razılıq bildirdi.
-Axşam neçədə? - soruşdum.
Xəttin obiri başında Toğrul iki-üç saniyə tərəddüd edib dilləndi:
-Yeddidə. Problem yoxdu ki?
- Yox, yox. Bizə uyğun vaxtdı. Axşam görüşərik.
-Oldu. Sevilə salam de.
Axşama qədər vaxt öldürməliydik. Azərbaycan kinoteatrında gündüz seanslarının birinə bilet aldıq. Film bizi maraqlandırmırdı. Gənclik ənənəsinə sadiq qalaraq arxa sıraların birində əyləşib film boyu öpüşmüşdük. Hətta o gün ilk dəfə əndazəni aşıb Sevilin döşlərinə toxunmuşdum. Müqavimət göstərməməyi məni ruhlandırmışdı. Əyilib məmə giləsini öpmüşdüm. Vulqarlıqla sərhədləşən bir “xi-xi” qopmuşdu dodaqlarından. Tez geri çəkilib qabaqda oturan üç-beş adamın bizə tərəf baxıb baxmadığını yoxlamışdım. Heç kəsin bizimlə işi yox idi.
-Niyə güldün? - soruşdum pıçıltı ilə.
-Qıdığım gəldi.
-Öyrəşsən yaxşı olar.
- Doğrudan? - qaşlarını çatıb baxmışdı mənə işvə ilə.
-Yüz faiz.
- Yaxşı. Amma ağını çıxartma. Zaqatalada məni ürkək-ürkək öpürdün. Sevişməyimiz kinoteatra qalıb?
-Orda bütün gözlər üstümüzdəydi axı.
- Heç vecimə də deyildi. Birinci addımı səndən gözləyirdim. Sən isə...
Dodaqlarına yapışıb sözünü yarıda kəsdim. Onun vanil tamlı dili damağımda gəzişdikcə, huşumu itirməkdən qorxurdum. O anda, Sevili kişilik alətimlə tanış etmək, əlini qaldırıb qabaran qasığıma qoymaq keçdi ağlımdan. Amma “hələ tezdir” düşünüb, bu fikirdən daşınmışdım.
Kinodan çıxıb bulvarda veyllənməyə qərar vermişdik. Dondurma yemiş, qağayılara bublik qırıntıları atmışdıq. Nəhayət, saatlar yeddini göstərəndə, Malakan bağının yanındakı Anadolu restoranına tələsmişdik. Toğrulla sevgilisi artıq bizi gözləyirdilər. Qızın qabağındakı boş fincan və yarıya qədər yeyilmiş keks, onların bizdən xeyli əvvəl bura gəlmələrindən xəbər verirdi.
Sözün düzü, Toğrul mənə bir qızla tanış olduğunu deyəndə, onun da Toğrul qədər sakit, mülayim, gülərüz olduğunu düşünmüş, beynimdə Skandinav məsumluğu olan, həlim təbiətli gənc bir qız obrazı canlandırmışdım. Nədənsə mənim təsəvvürümdəki Zümrüd danışanda qızarmalıydı. Ola bilsin məhz bu şərtlənmişlik, “o”nu gördüyüm anda, zehnimdə qurduğum bütün konstruksiyaların darmadağın olmasına gətirib çıxarmışdı. Yekəxana, özündən müştəbeh adamlara xas kinayəli, istehzalı nəzərlərlə bizə baxan, üstəlik fiziki cəhətdən eybəcər bu varlığı görəndə sarsılmışdım.
-Axşamınız xeyir, - çətinlikə dilləndim.
-Axşamın xeyir! Xoş gəldin. - Toğrul ayağa qalxdı. Qucaqlaşdıq. - Tanış olun Zümrüd, - deyə o, bizə sevgilisini təqdim etdi. Stula yayxanmış Zümrüd tənbəlcə “salam” deyib, oturduğu yerdən əlimi, sonra da Sevilin əlini sıxdı.
Heç yadımdan çıxmaz, əvvəl iki dəqiqəyə yaxın davam edən sükut çökmüşdü masaya. Sonra Sevil kinoteatrda baxdığımız filmdən söhbət açmaq istəmişdi, amma kinonu düz-əməlli xatırlamadığına görə, mövzunu dəyişməli olmuş, bulvarda yeni quraşdırılan karusellərdən danışmışdı. Sifətindən, onun da şokda olduğu anlaşılırdı. Yavaş-yavaş başa düşürdüm hər şeyi - Toğrulun son günlərdə keçirdiyi metamorfozun, danışan zaman fikrinin haralardasa uzaqlarda dolaşmasının, hətta qiymətlərinin aşağı düşməsinin səbəbləri indi aydın olurdu mənə. Gülüşündən danışığına qədər, hər şeyi ilə saxta olan bu qız, onu caynaqlarına keçirmişdi. Bunu anlamaqdan ötrü, Toğrulun gözlərinə baxmaq kifayət edirdi.
Zümrüdün gözləri isə dərin, intəhasız mənadan xəbər verirdi. Bu dərinlik təqdir ediləsi, sahibinə şərəf gətirən bir dərinlik deyildi. Bu ümmandan də dərin gözlər - əsrlərin əsrarını özündə gizlədən qap-qara enerji yuvası; bu coğrafiyada, hətta uzaq Misirdə yaşanmış qorxulu əhvalatların, qaranlıq cinayətlərin, qəddarlıqların, qanın və hərisliyin; küpəgirən qarıların ən şiddətli, açılması namümkün cadularının məlumat mərkəzi idi. Bu sürməli, Tutanxamon gözlərdən namərdlik, şərəfsizlik fışqırırdı və sanki bu qara magiya, əlli-yüz metr radiusdakı hər kəsi ruhdan salır, süstləşdirirdi. Əyriburun, sinə sümüyü çənəsinə çatacaq qədər qabaran bu qancığa, enerji vampirinə şər qüvvələrin ərməğan etdiyi butanın təsir gücü mənim də, Sevilin də həyat eşqimizi, sabaha olan ümidlərimizi param-parça edirdi. Ağzını hər açdığında ətrafa üfunət çiləyən, Fəyyum portretlərindəki təsvirlərə bənzər bu ifritə, deyəsən Sevillə mənim keçirdiyimiz diskomfortu da sezmiş və üzərimizdə çaldığı qələbəyə sevinmişdi.
Toğrul isə... O, heç nəyin fərqində deyildi. Göylərdə uçurdu, daha doğrusu quyunun dibində çapalayırdı. Onu valeh edən gözlərdə məsumluğun, qadına xas şıltaqlıq işartılarının çatışmadığını görməyəcək qədər kor olmuşdu. Əksinə, Toğrul bu gözlərdə, rəqqasələrə xas saxta təbəssümdə məna görürdü, işıq görürdü. Nökər kimi oturmuşdu onun qarşısında. Zümrüdün ən ağlasığmaz tələb və arzularını yerinə yetirməyə, alçalmağa, diz üstə sürünməyə hər an hazır bir əda ilə baxırdı onun ilan gözlərinə.
- Zaqatala necə keçdi? - Toğrul, yaranmış susqunluğu pozmaq üçün soruşdu. İndi biz onun bu mənasız sualına nə cavab verək? Sevil üzümə baxdı. O andaca Zaqatalanın sərinliyi yadıma düşdü, fikirləşdim ki, məmnuniyyətlə qaçardım bu tozlu, zəhərli Bakıdan. Xoruz banları ilə bir anlıq pozulan sükunəti, sonra dağ kəndinə çökən sakitliyi xatırladım. Sübh-tezdən həyət-bacasında eşələnməyə başlayan kəndlilər, bu iyrənc Zümrüddən min dəfə maraqlı, mənalı adamlardır.
- Əşi necə keçəcək? - dedim. - Biz öz aləmimizdəydik. Sevilin tələbə yoldaşları o qədər maraqsızdırlar ki...
Sevil gülüb, nifrətlə bizi süzən Zümrüdə baxdı və dedi:
-Hə, oğlanlar ancaq kababı fikirləşirdilər, qızlar da Muradla mənim qeybətimi qırırdılar.
-Bir yandan onları da qınamalı deyil. Oğlanları deyirəm. Başqa nə haqda fikirləşsinlər? - dedim. - Azərbaycanlılar istirahətə gedəndə gəzmək, təbiətin gözəlliyinə tamaşa etmək üçün getmirlər ki. Beyinlərində ancaq kababdı, araqdı.
Zümrüd döşlərini əsdirərək köks ötürdü, darıxdığını nümayiş etdirircəsinə çənəsini ovcuna qoyub Toğrula baxdı.
-Murad, sənin sözünə qüvvət, o gün professor Həsən Quliyevin kitabını oxuyurdum, elə təxminən sənin dediyin mövzuya aid bir hissə varıydı orda. - Sevil dedi və gözlənilmədən Zümrüdə baxıb, - Siz professor Həsən Quliyevi oxumusunuz? - soruşdu.
Zümrüd bir daha döşlərini silkələyib köks ötürdü, gözlərini süzərək üzünü Sevilə çevirdi. Kirpiklərini saniyədə səksən, bəlkə də yüz dəfə titrədə bilirdi. Boğazından yox, hardasa qarnından, ya da göbəyindən yüksələn boğuq tembrlə:
-Yox! Oxumamışam! - şəstlə dedi.
Adətən belə səs tonu ilə, kasıb tələbənin, ya da məzuniyyətə çıxmış əsgərin “sevişmək” təklifinə qətiyyətlə etiraz edən, hətta belə bir təkliflə üz-üzə qalmağı özlərinə təhqir bilən “bahalı” qəhbələr danışırlar.
-A, doğrudan!? Nahaq yerə. Professor yazır ki, normal insan təbiətin qoynunda bir anlıq da olsa romantikləşməlidir, tamam ayrı şeylər barədə fikirləşməlidir, yəni başı istirahətə qarışmalıdır. Amma azərbaycanlı təbiətə düşən kimi, həmin andaca beynində arxetipik istirahət obrazı canlanır, özünü kababa hazırlayır, təbiət isə elə-belə... istirahətin anturajına, nə bilim, fonuna çevrilir.
Toğrul alt dodağını çeynəyə-çeynəyə gah mənə, gah Sevilə baxırdı. Həqiqətən də anlaşılmaz situasiya yaranmışdı - bizi sevgilisi ilə tanış etmək üçün bura dəvət edən Toğrula “təbiətin qoynunda özünü necə aparmalı” mövzusunda leksiya oxumağa başlamışdıq. Daha doğrusu Toğrula yox, Zümrüdə. Düzdür, Sevillə mənim bu tip qızlardan acığımız gəlirdi, onları tez-tez lağa qoyub gülürdük, amma bu gün Sevil gözlədiyimdən də aqressiv aparırdı özünü. O, professordan sitat gətirməyə davam etdi:
- Həsən Quliyev onu da yazır ki, müasir azərbaycanlılar bizə məlum olmayan səbəbdən təbiətə qarşı tamamilə laqeyddirlər, biganədirlər. Düz deyir də, yox? Azərbaycanlıların ənənəvi həyat tərzində hansısa mutasiya baş verib, nəticədə də mentallığın təbiətlə mənəvi simbiozu pozulub, yaşayış mühitinə qarşı cazibə hissi onlarda ölüb...
Tanışlıq mərasimi alınmamış, məclis “poxa” dönmüşdü.
Anadolu restoranında görüşməyimizin üstündən yarım ilə yaxın vaxt ötürdü.
Toğrulla artıq düz-əməlli görüşə də bilmirdik. Dərslərdən sonra ATU-nun qarşısında saxlayan 10 ZM 555 nömrə nişanlı, Lexus markalı qara sedan, qapılarını açıb Toğrulu udur və yüksək sürətlə oradan uzaqlaşırdı. Bir zamanların şən, həyat eşqi ilə dolu, dost məclislərinin əvəzolunmaz sevimlisi Toğrulun ətrafında, indi bircə adam da qalmamışdı. O günlərdə Sevillə görüşlərimiz intensivləşdiyi və atamın xəstəliyi şiddətləndiyi üçün, Toğrulla aramızda yaranan məsafə bir o qədər də gözümə görünmürdü. Yenə də ona zəng vurmaq üçün arada vaxt tapır; keçmiş günlərdə olduğu kimi pivə içməyə, bilyard oynamağa dəvət edirdim. Bu dəvətlərimin onda doqquzuna verdiyi “yox” cavabları aramızda müəyyən soyuqluq yaratsa da, illərdir davam edən dostluğumuzu bitirməyə tələsmirdim. Hamıdan fərqli olaraq yaranmış vəziyyətin müvəqqəti olduğunu düşünür, Toğrulun bir gün mütləq bəsirətinin açılacağına ümid bəsləyirdim.
Zümrüdü bircə dəfə görənlərin isə onun enerji vampirliyindən, eybəcərliyindən danışmağa başlaması, Toğrul və sevgilisi ətrafında dedi-qoduların çoxalması mənə pis edirdi. Dostumun təəssübünü çəkdiyimdən, universitetdə edilən qeybətlərə, pıçhapıçlara etiraz bildirib, bir-iki nəfərlə az qalsın əlbəyaxaya çıxmışdım.
Amma Toğrulun valideynləri ilə dava edə bilməzdim. Anasının zəngi məni qəfil yaxalamışdı. O əsnada Sevillə sevişirdik.
-Oğlum, siz yaxın dostsunuz. Ağıl qoy onun başına. Bu uşaq lap özünü itirib axı. Gecəsi gündüzü qalmayıb. Qapanır otağına, çıxmır ordan. Saatlarla telefonla danışır, qışqırır, ağlayır. O qız kimdi axı ay bala? Tanıyırsan? Eşitmişəm rəqqasədi.
-Toğrul eləsinə vurulan oğlan deyil axı. Gördüm o gün ciyəri yanmışı. Gəlmişdi məhləyə. Həyasız köpək qızı. Toğrulun dalınca maşınla gəlmişdi. Təsəvvür edirsən? Biz görmüşük kişi qız dalınca maşınla gələr. Bunun heç abırı, həyası yoxdu?
-Sifətindən zəhrimar yağır. Nəyə oxşayır o ay Murad?
-Zövqlər müxtəlifdir xala. Nə etmək olar?
Məntiqim deyir ki, rənglər və zövqlər mübahisə predmeti ola bilməz. Ürəyim isə... söhbət həqiqətən də zövqdən gedirsə, əlbəttə belədir. Razılaşmamaq mümkün deyil. Amma mən, bu prinsipi Toğrula nə qədər aid etmək istəsəm, bir o qədər çıxılmazlığa düşürəm. Axı bu situasiyada zövqdən yox, yalnız korluqdan söhbət gedə bilər.
Bəli, bu zövqsüzlük də deyil - korluqdur.
Bizim ümumi tanışlarımız arasında Zümrüdü bəyənən bircə nəfərin olmaması, onu Toğrula yaraşdırmaması - məni çətin vəziyyətə salırdı, çünki problemin məndə olduğunu, qıza qarşı qərəz bəslədiyimi istisna edirdi. Sözün düzü, hər kəsin nifrət etdiyini sevməyi, hamının başa düşdüyünü başa düşməməyi bacarmaq da qəhrəmanlıqdır bir növ. Lap Daniel De Fonun dediyi kimi “Hər kəs yanılır, bir mən həqiqəti bilirəm demək çox çətindir. Bəs bu doğrudan da belədirsə, o zaman nə etməli?”
Toğrul üçün böyük mənada heç kəs və heç nə mövcud deyildi artıq. Hər şeyə qarşı laqeyd, hətta kinayəli olmuşdu. Hər kəsdən aralanmış, özünə qapanmışdı. Mənimlə dostluğunun davam etməsinin səbəbi isə, sırf onu olduğu kimi qəbul etməyim, Zümrüd barədə söz düşəndə isə susmağım idi. Ona bütün şıltaqlıqlarını, yerli-yersiz coşmağını, ən adi sözümə, təklifimə, xahişimə qarşı əsəbi reaksiya göstərməsini bağışlamağa hazır idim - təki bu ürəkbulandırıcı, zavallı görkəmli Toğrul getsin, yenidən əvvəlki səmimi, cana yaxın dostum qayıtsın.
Ayaqüstü, beş-onun dəqiqəlik söhbətlərimizin mövzusu ya birbaşa, ya da dolaylı olaraq Zümrüd olurdu. Gözləri işıldayaraq gələcək qayınatasından, qayınanasından, hətta baldızından belə danışırdı.
“Qayınanamın ad gününə nə alım görəsən?”
“Qayınatam Range Rover alıb. Ona açarlıq hədiyyə etmək istəyirəm. Yaxşı, bahalı açarlıqlar harda satılır?” “Baldızım skripka dərsinə gedir. Bəlkə skripka bağışlayım ona?” “Dünən Zümrüdlə 1033-ə getmişdik. Zülfiyyə Xanbabayeva da gəlmişdi.”
Nə yalan deyim - belə anlarda Toğrulu təpiyimin altına salmaq, əzişdirmək, boğmaq istəyirdim. Sonra gün gəldi dalaşdılar, uzun müddət görüşmədilər. Hadisənin necə baş verdiyini özü danışmışdı mənə. Həftə sonu öz bağ evinə dəvət edib ürəyini açmışdı.
- Xahiş elədim ki, rəqsi atsın. Əvvəl heç olmasa Nadirlə rəqs edirdi. Nadiri tanıyıram deyə bir söz demirdim.
Soyuducudan çıxardığı qarpızı, pendiri masanın üstünə qoyub başını qaldırdı. Göz-gözə gəldik.
-İndi də bir rusla rəqs etməyə başlayıb. Xoşum gəlmədi gədədən. Dedim rəqs etməyini istəmirəm.
Zümrüdə də Zümrüd deyərlər. Toğrulun ultimativ tələbini eşidən kimi qızın beyni çönüb, özündən çıxıb. Ağzına gələni deyib ona. Sonra da Lexus-un qazına basıb gözdən itib.
Əvvəl bilmədim nə deyim. Nitqim tutulmuşdu. Əslində çoxdandır bu anı gözləyirdim. Toğrulun bir gün mütləq şikayətlənəcəyini bilirdim. Mən də Zümrüd barədə nə düşünürəmsə deyəcəkdim, onu ayıltmağa çalışacaqdım. Di gəl ki, o an yetişəndə, özümü itirdim. Sayıqlamağa başladım.
-Əşi fikir vermə. Düzələr. Əsəbi olub.
İlahi, bu axmaq sözləri mənmi danışıram? Heç təsəllinin yeridirmi? Həqiqəti demək vaxtı gəlib çatmayıbmı? Yoxsa xeyirxah dost obrazı yaratmağa çalışıram?
Toğrul qarpızı dilimləyə-dilimləyə qulaq asır, şübhə ilə, gözucu baxırdı mənə.
-Doğrudan belə düşünürsən? Zümrüddən zəhlən getdiyini bilirəm. Hamının ondan zəhləsi gedir. Sənin də, anamın da, atamın da. Elə ona görə gətirmir də, bizimki.
İttihamı o qədər gülünc idi ki, başımı bulamaqla kifayətləndim.
- Gəl bu söhbəti bitirək Toğrul. Səfehləyirsən.
Dostumun gözlərini açmaq üçün əlimə düşən fürsət, beləcə balıq kimi sürüşüb getmişdi əlimdən.
Boz günlər başlamışdı Toğrulun həyatında. Depressiyalı günlər. Hər səhər üzünə maska taxıb universitetə gəlir, köhnə dost-tanışı ilə münasibətlərini bərpa etməyə çalışırdı. Zümrüdün əsiri olduğunu özü də bilirdi artıq. Bilir və bu əsarətdən qurtarmağın yollarını axtarırdı. Zümrüdün həqarətli təbəssümünü görmək, ədavətli səsini, cansıxıcı məzəmmətlərini eşitmək onu pərişan edirdi. Geyim tərzini, saç düzümünü dəyişmək də gəldi ağlına bir ara.
“Saçlarımı boyatmaq istəyirəm”.
“Sırğa taxsam mənə yaraşar?”
“Özün bilərsən” demişdim. Amma cəsarət etmədi buna. Başa düşülməməkdən, qınaq obyekti olmaqdan qorxdu.
Cilddən cildə girərək bu həyatda yerini, mövqeyini tapmağa can atırdı. Bir gün şən, bir gün melanxolik, bir gün qəzəbli, bir gün fədakar olurdu. Özünü olduğundan da laqeyd, qayğısız, hətta qəddar göstərmək cəhdləri məni əsəbiləşdirsə də, ona təzyiq etmək istəmirdim. Hər səhər güzgüdə heç nə ifadə etməyən, bomboş gözlər görməyə artıq vərdiş etmişdi. Dostlarla pivəxanaya yığışanda ürəkdən güldüyü də olurdu, halbuki qanlı göz yaşlarının bağrından fışqırmağa hazır olduğunu yaxşı bilirdim. Rahatlığın, xoşbəxtliyin, sevginin olmadığı bir dünya qurmuşdu özü üçün. Damdar dünya. Bu dünyada heç Zümrüdə də yer yox idi əslində. Bu dünyada yalnız Toğrulun özü və beynini dolduran qəmli düşüncələr vardı. Bir dəfə dostluğun, sevginin lazımsızlığından söz salmışdı.
“Hər şey boşdur. Dostluq nədi? Sevgi nədi? Tənhalıqdan gözəl heç nə yoxdur”. “Haqlısan” demişdim ona. Mübahisə etməyə həvəsim yox idi o gün. Sonrakı günlərdə də həvəsim olmadı. “Bir gün mütləq gözləri açılacaq” deyə, möcüzə gözləyirdim.
Toğrulun gözləri isə açılmırdı. Əksinə, Zümrüdlə münasibətlərində bir addım geridə olduğuna görə məndən, tələbə yoldaşlarından, ailəsindən bir addım öndə olmaq, özünü təsdiq etmək istəyi baş qaldırmışdı onda. Bilmədiyi, başı çıxmadığı mövzularda tez-tez mübahisə edir, mən başda olmaqla, hər kəsin qanını qaraldırdı. Hamı da mənim qədər tolerant ola bilmirdi təəssüf ki. Onun şıltaqlıqlarına, yekəbaşlığına dözməyib sərt cavab verən yoldaşlarımızla yumruq, təpik həddinə çatan mübahisələri bitirmək, araya girib tərəfləri sakitləşdirmək də mənə düşürdü.
Müdrikliyə iddialı olmuşdu. Məni sözün yarısından anlaması ilə fəxr edir, bu istedadı ilə bir addım öndə olduğuna inanırdı. Belə anlarda xoşbəxt, rahatlamış görünürdü.
“Murad, sən danışmasan da olar. Onsuzda bilirəm nə deyəcəksən. Ümumiyyətlə hər şey maraqsız olub ee. İnsanlar nə qədər cılız, mənasızdırlar”.
Zümrüdlə yenə görüşməyə başlamışdılar. Mesaj dalınca mesaj, zəng dalınca zəng və hər mesajdan, zəngdən sonra zəhər tuluğuna çevrilən Toğrula dözmək zərurəti. Qəribədir - müharibələr edən, qaydasız döyüşlərə çıxan, əzələlərini şişirdib qulaqları, dilləri, hətta xayaları ilə maşınları yerindən tərpədən bazburtlu kişilərin, pəhləvanların qadın qarşısında diz çökmələri, sürünmələri təbiətin ən böyük ədalətsizliyi deyilmi? Olmaya təbiətdəki tarazlıq buna deyirlər?
Tələbə yoldaşımız Əfqanın ad günündə, Zümrüd nümayişkaranə ayağa sıçrayıb, Toğrula olmazın həqarətlər yağdırıb məclisi tərk edəndə, biz nə baş verdiyini, onun nə səbəbə bu cür ədəbsizlik etdiyini başa düşməsək də, bu hərəkətdən sonra Toğrulun səbrinin daşacağına, onunla birdəfəlik üzülüşəcəyinə inanmışdıq. Toğrulu depressiyadan çıxarmaq üçün bir ay dəridən qabıqdan çıxdım. Başqaları üçün gülüş obyektinə çevrilmişdi dostum. Ona yazığı gələnlər də vardı. Amma heç kəsin ürəyi mənim qədər yanmırdı ona. Əlbəttə anasından başqa.
“Murad, oğlum, bu ifritə yenə neynəyib uşağa? Bu nə dərddi düşmüşük ay bala!”
Təzə-təzə Toğrulun üzündən düşməyən ağrılı, acılı ifadədən əsər qalmamışdı artıq. Boşluq hissi, ağrı hissinə qalib gəlmişdi. Həyata küskün dostum qəlbindəki, üzündəki boşluğu məharətlə gizlətdiyini sanırdı. Onunla bir dəfə dərdləşməyə cəhd etsəm də, “Məni heç kəs başa düşə bilməz” demişdi. “O cümlədən sən”.
İnciməmişdim bu sözündən. Hətta niyyətinin bilə-bilə xətrimə dəymək, məni üzmək olduğunu bilsəm də inciməmişdim.
Bir gün də, qəribə etirafı ilə mat qoymuşdu məni.
-Mən çox qorxaq adamam Murad.
-Bəlkə iradəsizsən?
Buğlu gözlərindəki ağrını görməyə ürəyim tab gətirmirdi.
Başını aşağı salıb:
-Eyni şey deyilmi? - soruşdu.
- Konkret nəsə demək çətindir. Amma dəqiq bilirəm ki, hər şey sənin əlindədir və hələ ki, gec deyil...
-Yaxşı. Bəsdir.
Müvəqqəti ayrılıq günləri başladığı üçün, Toğrul tez-tez bizimlə vaxt keçirirdi. Sevillə mən danışdığımız gülməli əhvalatlarla, məzəli söhbətlərlə onu güldürməyə, fikrini dağıtmağa çalışırdıq. Halbuki sabah onunla arası düzələndə, yenə bir-birimiz üçün yad olacağımızı Sevil də, mən də dəqiq bilirdik. O hikkə, o xılt ki, Zümrüddə var, əsla münasibətlərimizə, dostluğumuza razı olmayacaqdı.
Sevimli məkanımız olan Yaşıl kafedə oturmuşuq. Toğrul qalxıb tualetə gedən kimi, Sevil çay qaşığını yerə qoyub başını buladı:
- O qızın ondan nə istədiyini başa düşmürəm. Nə üçün belə zülm edir? Deyəsən heç özü də bilmir.
-Necə yəni bilmir. Çox yaxşı bilir.
- Özü də fikir ver. Hər kəs ona nifrət eləsə də, Toğrul bundan bir qram da narahat olmur. Bir nəfər qərəzli olar, iki nəfər qərəzli olar, ana qərəzli olar, ata qərəzli olar. Hamı da qərəzli ola bilməz axı!
-Az qalıb. Geci-tezi var. Başa düşəcək hər şeyi.
Başa düşəcəkmi? Onun indi bircə dərdi var - maşın. Zümrüdün altındakı Lexus Toğrulu dəli edir, qısqandırır. Dediyinə görə atasını divara dirəyib ki, “mənə təcili maşın al”.
Zavallı - elə bilir ki, maşını olsa Zümrüdlə eyni sosial statusa “yüksəlib”, onunla bərabər hüquqlu olacaq.
İllər keçib artıq. Zarafat deyil - düz yeddi il.
Biz Sevillə ailə qurduq. Atamı dəfn etdik. Oğul sahibi olduq. Boşandıq. Sonra Rənanı daxil etdim ömrümə. Oğlum məktəbə getdi. Toğrul isə hələ də Zümrüdün dalınca sürünür.
İndiyə qədər əlli dəfə ayrılıb, əlli dəfə barışıblar. Bütün ayrılıqların və barışmaların təşəbbüskarı da əlbəttə ki, odur - Zümrüd. Toğrul isə onunla arasındakı problemlərin kökünü başqa yerlərdə axtarır:
- Mane olurlar bizə, ona görə heç nə alınmır.
Problemi özündə, bu qeyri-sağlam münasibətdə yox, başqalarında axtarmağa başlaması, dostumun çox təhlükəli fazaya keçdiyindən xəbər verir. Yeddi ildə bircə dəfə belə yatağa girmədiklərini mənə etiraf edəndə isə, gözlərim bərəldi, hədəqəsindən çıxdı.
-Nə danışırsan? İndiyə qədər seks olmayıb aranızda?
- Yox, olmayıb. Bəlkə evlənməyimiz alınmadı. Nə üçün ləkələyim qızı?
“Günah səndə deyil, amcığının yerini itirmiş o küpəgirəndədir” demək istəsəm də, özümü zorla saxladım. Deməli gic rəqqasəyə heç seks də lazım deyilmiş. Yeddi ildə bircə dəfə sevdiyi kişi ilə yatmayan, bəkarətini ehtimal edilən “zifaf gecəsi” üçün qoruyan qadın, birmənalı olaraq ruhi xəstədir. Vücudunu yox, ruhunu sikdirən mənəvi qəhbədir. Belə qadınların əynindəki lifçik də “bronjilet” kimi olur və onu açmaq üçün, Qordi düyününü qılıncı ilə açan İsgəndər Zülqərneyndən ibrət götürmək lazımdır.
Hündür topuqlu ayaqqabıları ilə Toğrulun ürəyinin başında cövlan edən “əbədi bakirə” Zümrüd, öz şeytani rəqsləri üçün doğrudan da ələkeçməz meydança tapmışdı.
-Nə gündəsən? Saç-saqqal basıb səni. - Özünü nəm skamyaya buraxıb, ayağını ayağı üstünə aşırtdı. - Hə? Noolub yenə? Gəmilərin batıb?
- Gələn kimi adamı sancma - deyib, yorğun halda üzünə baxdım.
Siqareti sümürüb gözlərini qıydı:
-Heç xoşuma gəlmirsən. Depressiyadasan?
-Sən allah, ətim ürpəşir bu sözü eşidəndə. Kimi dindirirsən depressiyadan danışır - üzümü turşudub dedim.
-Vallah düz deyirsən. Yaxşı, onda belə deyim - səndə ruh düşkünlüyü var, - Toğrul bunu deyib güldü. - Hə, necədi? Azərbaycan dilində yaxşı danışıram?
Öz aramızda əsasən rus dilində danışdığımızdan (bunun səbəbi Toğrulun rusdilli olmasıdır) Toğrul nadir də olsa uğurlu, düzgün cümlə quranda, bunu xüsusi qeyd edir. Tərif eşitmək istəyir.
-Əla danışırsan - həvəssiz mızıldandım.
Toğrulun sifəti birdən ciddiləşdi. Siqaretdən son qullab alıb yerə atdı, ayaqqabısının dabanı ilə əzdi. Parkın əsas giriş qapısı tərəfə baxıb:
-Elə burda oturacağıq? Bəlkə qalxaq? - dedi.
-Qalxa bilərik.
-Hara gedək?
-Əzəli və əbədi sual - hara gedək! Hara desən, ora.
-İçki içmək istəyirsən bu gün?
- Ola bilər - tərəddüdlə dilləndim. - Amma musiqili yer olmasın, başım ağrıyır.
Başını yırğaladı, gözlərini qıydı və tez-tez dedi:
- Nə olub axı sənə? Səni belə ölüvay görəndə əsəbiləşirəm. Görəsən Toğrula desəm ki, hər bir insanın başına gələn və ancaq zamanla keçib gedən bir bilinməzlik, qərarsızlıq, istəksizlik dövrü keçirirəm - nə demək istədiyimi başa düşərmi? Məsələn indi mənə elə gəlir ki, kitab oxumaq, işləmək, pul qazanmaq istəyirəm. Əslində isə bunların heç birini istəmirəm. Hər şeyə həvəssizəm. Bütün gün marixuana çəkmək, içki içmək, özümdən getmək, ağıllı-ağıllı söhbətlər etmək, çətinliklə başa düşülən cümlələr qurmaq arzusu var ürəyimdə. Ən nəhayət Toğrula demək istəyirəm ki, yeddi ildir sən əzab çəkirsən, bir-iki il də mən əzab çəksəm nə olar? Özü də səni yandıran yeddi ildir qovuşa bilmədiyin qadın, mənə dağ çəkən isə dağılan ailəmdir.
Başımı çevirib halsızca dedim:
-Bəsdi də. Məni danlamağa gəlmisən?
Gülümsədi, sifəti yumşaldı:
- Yaxşı, bağışla. Özü də dur gedək. Yaxşı yer tanıyıram. Srağagün uşaqlarla tapmışıq oranı. Gənclikdədi, F-Club adlanır.
İtaətkarlıqla ayağa qalxsam da, “düş qabağıma” deməyim, əmr kimi səsləndi. Park boyunca addımlayıb yola çıxdıq. Toğrul maşının sağ böyrünü səkinin üstünə dırmaşdırmışdı.
-Səs-küylü yer deyil ki? - maşına oturub qapını bağlayanda soruşdum.
-Narahat olma. Musiqisiz, balaca zalı var. Yenə nə olub? - təşvişlə yerimdə qurdalandığımı görüb soruşdu.
-Qazı söndürmüşəm görəsən?
Toğrul bərkdən gülüb maşını işə saldı:
- Paranoyaların sənin axırına çıxacaq. Birincisi yüz faiz söndürmüsən. İkincisi də ki, guya söndürməsən, ev mütləq partlayacaq?
Gözümün ucu ilə profildən məni süzdüyünü fərq etdim.
- Dırnaqların uzanıb, saqqal üzünü basıb. Allah bilir mətbəxdə dağ boyda yuyulmamış qab-qacaq yığılıb.
-Bəsdir!
-Nə bəsdir? Sənə yaraşır bu günə düşmək? Məni danlayırdın ki, pintiyəm, özümə baxmıram, evə baxmıram, bomj həyatı sürürəm. Bəs özün nə gündəsən? Rəna ilə axırıncı dəfə nə vaxt görüşmüsən?
Sonuncu sualı, üstümə yağdırdığı məzəmmətlərin cavabını almamaqdan, özünü sığortalamaqdan ötrü verdiyini anladım. Taktikanı düzgün seçmişdi - Rənanın adını eşidən kimi, Toğrulun deyinməsini unudub, bu suala kökləndim.
- İki gün əvvəl bir yerdəydik. Necə bəyəm?
-Niyə dəvət etmirsən evinə? Gəlsin bir yır-yığış eləsin.
Pəncərəni aşağı salıb siqaret yandırdım:
-Lazım deyil. Özüm yığışdıraram.
Yarıya qədər endirdiyim şüşəni, Toğrul yanındakı düyməyə basıb sona qədər aşağı saldı.
-Çək, qurtar bağlayarıq. Salondan iy gəlir sonra.
-Pah atonnan. Nə yaman maşın qədri bilən olmusan.
-Kişi hərdən oturur, orasına-burasına baxır. Siqaret iyi gələndə mısmırığını sallayır. Hə, deyirsən özün yığışdıracaqsan evi?
-Hə, özüm yığışdıracam.
-Nə vaxt? Dəvənin quyruğu yerə dəyəndə?
Təəccüb və heyranlıqla üzümü ona çevirdim. İşlətdiyi zərbi-məsələ görə xeyli qürurlu görünür, bic-bic gülürdü.
-Necədi? Babamdan eşitmişəm dünən. İndi də yerinə düşdü.
|