Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya
AMNEZİYA

esxatoloji perspektivdə avtoritarizm anatomiyası
Saparmurad Türkmənbaşı və Yelena Çauşeskunun əziz xatirələrinə ithaf olunur.
     "...Əlbəttə, hakimiyyət kiçik, imtiyazlı bir zümrəyə aid olduğu halda belə, ölkə sərvətlərinin bərabər, ədalətli bölgüsü aparıla, insanlara özəl mülkiyyət və komfortlu həyat haqqı tanına bilər. Lakin belə bir cəmiyyət uzunömürlü olmayacaq. Çünki hər kəsə sərvətlərdən pay düşsə, insanların əyləncəyə vaxtı qalsa kütlə savadlanacaq, müstəqil düşünməyə başlayacaq, nəticədə isə imtiyazlı fəqət heç bir funksiyası olmayan kiçik hakim zümrəni devirəcək. Bu səbəbdən iyerarxik cəmiyyət yalnız yoxsulluq və cəhalət üzərində bərqərar olmalıdır...”
     “...Partiyanı dağıtmaq qüdrətində olan narazılar, ölkənin 85 faizini təşkil edir... Bu narazılar öz güclərinin, imkanlarının fərqinə varsalar, çevriliş etmək üçün əlbir olmalarına da ehtiyacları qalmaz. Bunun üçün, onların ayağa qalxaraq, at kimi üstlərindəki milçəkləri silkələməsi kifayətdir. Partiyanı məhv etmək onların istəklərinə bağlıdır və çox asandır. Gec-tez buna ağılları çatacaq. Amma!..”

George Orwell “1984”


     “...Respublika Prezidentinin adını anmaq, millətin müqəddəs maraqlarına məşəl kimi işıq tutmaq deməkdir! O millət ki, ulu öndərin müdrik rəhbərliyi altında bütün sahələrdə inkişafa nail olub və olmaqda davam edir! Öz taleyi, dolaylı olaraq da Vətənin taleyi üçün narahat olan, ləyaqətli və anarxiya düşməni azad vətəndaşlar olaraq bildiririk ki, ölkəmizin çiçəklənməsi yalnız və yalnız bizim ulu prezidentimizin yenidən bu posta seçilməsilə mümkündür! Nə üçün dövlət gəmisinin idarəsini başqasına verərək riskə getməliyik? Axı bizim ölkəni hal-hazırda əsrimizin ən görkəmli dövlət xadimi idarə edir! Tarix onu dahilərin dahisi, müdriklərin müdriki, azadlıq mücahidi, mütəfəkkir və demokrat kimi ucaldıb artıq! Prezident postunda onun yerinə hansısa başqa adamı təsəvvür edən kəs, dərhal millətin, yəni bizim hamımızın maraqlarına xəyanət edən xain kimi damğalanmalıdır! Belə bir fikri ağlına gətirənlər, kimliyindən asılı olmayaraq cəmiyyət üçün təhlükəli ruhi xəstələr kimi təcrid olunmalı, əgər ruhi xəstə deyillərsə, onda qanunlarımıza müvafiq olaraq Vətənə xəyanət maddəsi ilə ittiham olunaraq həbsxanaya göndərilməlidirlər!..”

Migel Anxel Asturias “Sinyor prezident”
 
HƏR ŞEY BELƏ BAŞLADI
(Trivial reminissensiya)


     Hər şey, sərsəri bir bombanın partlaması ilə başladı.
     Yox, müharibə çoxdan bitmişdi, bomba da göydən düşməmişdi. Heç kəs - o cümlədən 3 yaşlı İslamın II Dünya müharibəsinin veteranı olan qəhrəman atası da - yerin dibindən bombanın çıxacağını təsəvvür edə bilməzdi.
     Talıb Qulamov 1950-ci ildə ali məktəbi bitirən kimi, Odessa şəhərindəki Maşınqayırma zavoduna təyinat almışdı. Odessanın cənub-qərbində, almanların bombalayaraq yerlə bir etdiyi yaşayış məntəqələri - kəndlər və qəsəbələr artıq bərpa olunmuş, həyat normal axarına düşmüşdü. Bərpa olunan rayonlardan biri də, Artsiz rayonu idi. Talıbgilin ailəsinə də bu rayondakı Nadejdovka qəsəbəsində, elə qəsəbənin adına uyğun, ailənin ümid yeri olan bir mənzil verilmişdi. Talıbın işləyəcəyi Maşınqayırma zavodu da, evinin yarım kilometrliyində yerləşirdi.
     Yeni inşa edilmiş, gözoxşayan üç mərtəbəli “stalinka”nın birinci mərtəbəsində, iki otaqlı mənzil hələ də boya, lak, aseton qoxuyurdu. Talıbın arvadı Ceyranın ilk işi, bütün pəncərə altlarını və balkonu dibçəklərlə bəzəmək olmuşdu.
     Nadejdovka qəsəbəsinin mərkəzində tikilən dörd üç bloklu “stalinka” kvadrat formada inşa edildiyi üçün, həyətdə geniş bir meydan boş qalmışdı. Sakinlər mənzillərə köçəndən sonra, qəsəbə soveti onlara həyətyanı sahə ilə bağlı göstəriş vermişdi. “Müharibə yenicə bitib, hələ hökumətimiz özünə gəlməyib, çətinliklər var. Bu həyəti də siz abıra salmalısınız. Uşaqlara meydança qurun, özünüz üçün ağaclar əkin. Mərkəzə yazmışıq. Skamyalar, bir-iki dənə də karusel söz veriblər. İş üçün lazım olan bütün alətlər veriləcək...”
     Yeni mənzillərdən son dərəcə razı qalan, xoşbəxt sovet vətəndaşları, böyük həvəslə işə girişdilər. SSRİ müharibədə qalib gəlmişdi və bu insanlar, hələ də zəfər eyforiyasından çıxmamışdılar. Hər kəs böyük məmnuniyyətlə dövlətlə əl-ələ, qol-qola olmağa, gecə-gündüz işləməyə, yoldaş Stalinə kömək etməyə hazır idi. Həyətdə park salmaq, uşaqlarına oyun meydançası hədiyyə etmək istəyən sakinlər hamılıqla qollarını çırmayıb, qadınlı-kişili torpaqda eşələnirdilər.
     İslamın anası Ceyran da qonşu qadınlarla bir yerdə yer belləyir, ağac əkir, hamıdan daha əzmli və inadkar olmağı ilə ərini qürurlandırırdı. Tibb bacısı olan Ceyranın həyəcanını başa düşmək çətin deyildi - canından əziz oğlu, uzağı bir həftə sonra bu həyətdə o baş-bu başa qaçacaqdı. Ceyran əlinin tərsi ilə alnının tərini silib, belı növbəti dəfə, var gücü ilə torpağa sancdı. “Bu nədi belə?” - belin tiyəsi sərt bir cismə dirənmişdi.
     Daş plitələrin döşəndiyi hissədə işləyən Talıb, Ceyranın səsləməsi ilə arvadına yaxınlaşdı. Onun əlindən beli alıb bir neçə dəfə sərt cismə vurdu. Cisim daşa oxşamırdı. Qəribə küt səs çıxarırdı.
     Talıbın yəhudi, gürcü, kalmık qonşuları karıxdığını görüb ona yaxınlaşdılar.
     - Lopatka ilə olmur - Talıb dedi. - Gəlin lomla vuraq.
     Talıb, gürcü Aftandilin əlindən lingi alıb, birinci zərbəni özü vurdu. Sonra yenə, yenə, yenə vurdu. Tərlədi. Aftandil lingi götürüb bir neçə dəfə özü vurdu. Ceyran da bir yandan belin ucu ilə torpağı eşələməklə kişilərə kömək edirdi.
     Yəhudi David qonşularının əziyyət çəkdiyini görüb:
     -Çəkilin qırağa. Bu dəfə mən sınayım.
     Davidin zərbəsi sonuncu oldu.
     Hər şey bir göz qırpımında baş verdi. Üçüncü Reyxin “Luftwaffe”sindən qalma “yadigar” mərminin partlaması ilə, bayaqdan sərt cismin ətrafında toplaşıb ona zərbələr endirən, hətta tamaşa edənlərin hamısı parça-parça oldu.
     Üç yaşlı İslam isə, o vaxt Zoya Kosmodemyanskaya adına 2 saylı uşaq bağçasında mışıl-mışıl yatırdı.

     Faciənin xəbəri SSRİ-yə yayılmadı.
     Ümumiyyətlə SSRİ-də nəinki pis, bəzən yaxşı xəbərlər də yayılmırdı. Total təcrid sistemi mükəmməl işləyirdi bu dövlətdə. Elə də olmalıydı. “Əmin addımlarla kommunizmə doğru irəliləyən” vətəndaşları ruhdan sala biləcək, onları bədbinləşdirəcək xəbərlərin qarşısı alınmalıydı. Hər şey elə ustalıqla ört-basdır edildi ki, bir ay sonra “stalinkalara” köçən yeni sakinlər, onlardan əvvəl bu həyətdə nələrin baş verdiyindən bixəbər idilər.
     Bəs 3 yaşlı İslamın taleyi necə oldu? Azərbaycanın gələcək birinci katibinin, daha sonra isə prezidentinin rəsmi tərcümeyi-halında valideynlərinin faciəvi surətdə öldüyü, İslamın isə uşaq evində böyüdüyü yazılmaqdadır. Bu məlumatların üstündən ötəri keçilsə və uşaqlığı ilə yeniyetməliyi barədə başqa heç nə bilinməsə də, onun tələbəlik dövrü, xüsusən də Leninqrad Politexnik İnstitutunda oxuduğu illər haqqında kifayət qədər məlumat var. “İslam Qulamovun atası və anası Odessada bir partlayışda həlak olublar. Bunu da sonradan, səksəninci illərin sonunda öyrəndim. Onu yaxşı tanıyan adam kimi deyə bilərəm ki, o heç vaxt öz uşaqlığından danışmazdı. Elə bil həyatı Leninqradla başlayırdı, ondan əvvəl isə ümumiyyətlə yaşamamışdı.”
     80-ci illərin əvvəllərindən Qulamovla Mərkəzi Komitədə işləmiş, sonradan Azərbaycanın Rusiyada səfiri olmuş, hazırda isə Avropa ölkələrinin birində mühacirətdə yaşayan Həsən Həsənov bunları öz xatirələrində yazır. Amma Həsənovun bilmədiyini bilən adam da tapıldı. Söhbət, 1954-cü ildə bacısı Məsmə ilə birlikdə Bakı şəhərindəki 2 saylı uşaq evinin himayəsinə verilən Xanış Quliyevdən gedir. Xanış kişi hal-hazırda Moskvada yaşayır. O, ailəsi ilə hələ səksəninci illərin sonlarında Rusiyaya köçüb.
      “Yaxşı yadımdadır. 54-cü ilin oktyabrında atam öləndən və bacımla mən yetim qalandan sonra, bizi 2 saylı uşaq evinə verdilər. Yetimxanada qızlı-oğlanlı o qədər uşaq vardı ki, ikimərtəbəli binada onlara çarpayı çatdırmaq olmurdu”.
     Xanış kişinin sözlərinə görə, həmin vaxt ölkədə hələ qıtlıq hökm sürsə də, uşaqlara yaxşı yemək verirdilər. Hər gün şorba, sıyıq və bir parça çovdar çörəyi. Uşaqların çoxu öz çörəyini ehtiyat üçün yastıqlarının altında gizlədərdilər. Azərbaycanın gələcək prezidenti, 7 yaşlı İslamı isə, Xanış kişi belə xatırlayır: “Həyətdə futbol oynayardıq. İslamın isə idmana marağı yox idi. Bir dəfə onu qapıçı qoyduq. Buraxdığı birinci qoldan sonra yataqxanaya qaçdı. İncimişdi. Vəzifəyə gələndən sonra, onun qapısına qol vuran adamı öldürtdürdü. İzi-tozu qalmadı yazığın. Belə kinliydi. Onun heç oxumağa da həvəsi yox idi. Uşaqlardan da gen gəzirdi. Biz bir yerə yığışıb, laqqırtı vuranda, cürbəcür oyunlar fikirləşəndə, İslam həmişə tək qalırdı. Nəsə mənə elə gəlirdi ki, o, bizim yanımızda darıxır. Həm də kədərli olurdu. O vaxtdan yarım əsr ötüb, amma balaca İslam hələ də gözümün qabağındadır: həmişəki kimi tək, qaradinməz, qaşlarının altından oğrun-oğrun baxan uşaq...”
     Bəzi qoçaqlar yetimxanadan qaçmağa cəhd edirdilər. Hündür, kərpic hasarın həndəvərində dolaşan itin adi vaxt uşaqlarla işi olmurdu, amma qaçmaq istəyənlərin üstünə cumurdu. Xanış da qaçanlar arasında olub. “İslama dedim ki, qaçaq mənimlə. Amma o razı olmadı. Mənə elə gəlir, itdən qorxurdu. Bəlkə də qorxmurdu. Bir sual, indiyə qədər mənə dinclik vermir - uşaq evinə sığınan, orada böyüyən adam, necə oldu ki, öz xalqına qarşı belə amansız, qəddar oldu?”
      “İslam Qulamov yetim olduğunu tez-tez vurğulamağı sevirdi. Əlbəttə, o atasız-anasız böyümüşdü. Amma çox az adam bilir ki, onun “yetimliyi” o qədər də uzun sürməyib” - bu sözlər isə Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri, baş nazirin keçmiş müavini Xanəmir Heybətova məxsusdur. O da indi xaricdə yaşayır. Azərbaycanda onun haqqında qondarma cinayət işi açıldığından, Heybətov vətənə qayıdarsa, ömürlük həbs cəzasına məhkum ediləcək.
      “İnanın, mən nə danışdığımı çox yaxşı bilirəm. İslamın Şamaxıda yaşayan əmisi var idi. Azərbaycanın ən qabaqcıl kolxozlarından birinə sədrlik edirdi. Bilirsiniz, bu nə deməkdir? Minlərlə baş qoyun, bol-bol məhsul, meyvə-tərəvəz... Bir sözlə, onun əmisi, o vaxtların şərtlərinə görə, imkanlı adam idi. Mən dəqiq bilirəm ki, o qardaşı oğlunu bir il sonra öz yanına, Şamaxıya apardı. Onun üçün əlindən gələni əsirgəmirdi, heç nədən korluq çəkməyə qoymurdu. Özü oxutdurdu onu, boya-başa çatdırdı. 1970-ci ildə İslam Qulamovun Leninqrad Politexnik İnstitutunu bitirdiyini hamımız bilirik. Bəs İslam Qulamovun bu ali məktəbə daxil olana qədər, Moskvada ali təhsil almağa cəhd elədiyini bilən varmı? Qulamov orta məktəbi qurtarandan sonra, qibtə olunası inadkarlıqla həmkarlar ittifaqlarının, müxtəlif təşkilatların kandarını yağır eləmişdi. Yer üzündə bircə doğma adamının olmamasından şikayətlənir, yalvarırdı ki, onu Moskvaya oxumağa göndərsinlər. Göndərdilər də...”
     Sən demə Azərbaycanın gələcək prezidenti Moskva Su Təsərrüfatı İnstitutunda bir il oxuyandan sonra, onu ali məktəbdən xaric ediblər... yaxşı oxumadığına görə. O da, suyu süzülə-süzülə, əmisinin Şamaxıdakı evinə qayıdıb.
     İnanılmaz olsa da, bir müddət sonra Qulamov yenə həmin ittifaqlara müraciət eləməyə başlayıb. Yenə də ona rəhm edib, kömək əlini uzadıblar. Bu dəfə Leninqrad Politexnik İnstitutuna göndərməklə.
     Heybətovun sözlərinə görə, İslam Qulamovun gənclik illərindən gizlədiləsi çox şey var. Elə bu səbəbdən, Qulamov onu gəncliyindən tanıyan hər kəsin başını əkib - kimisini həbsə atıb, kimisini ölkədən qovub, kimisini də öldürtdürüb. Hətta, onu böyüdən, oxutduran əmisinə, onun ailəsinə və əmisinin Şamaxıdakı qonşularına da mərhəmət etməyib.
      “Mən onunla eyni vaxtda oxuyan bəzi azərbaycanlılarla söhbət eləmişəm. Əmisi ona paltar, yemək, pul göndərirdi. Üstəlik, yetim olduğuna görə tələbə uşaqlar da olan-qalanlarını onunla bölüşürdülər.”
     Ali məktəbi bitirəndən sonra, Qulamovun həyatında növbəti mərhələ başlayır - QRES-dəki işi. Heybətov danışır ki, Qulamov nə mühəndis kimi mühəndis, nə də adam kimi adam olmayıb. İntellekti də sıfırın altında olub. Amma yaltaqlıda pərgar idi. Bir dəfə Azərbaycan KPMK-nin birinci katibi Gülməmməd Qafarov QRES-ə gəlir. Qulamov yüksək çinli qonaqdan ötrü əldən-ayaqdan gedibmiş. Gah çay süzür, gah meyvə qabını ona tərəf çəkir. Qafarov soruşur: “Bu cavan oğlan kimdir?”. Ona deyirlər ki, gənc mütəxəssisdir, yetim oğlandır, ata-anasız böyüyüb. Birinci katib də “Neynək, belədirsə, mən ona kömək eləyərəm” deyir.
     Bir ay, iki ay, üç ay keçir. Bu söhbətin üstündən yarım il ötür. Qulamov Qafarovun vəd etdiyi köməyi səbirlə gözləyir. Sonda, gözləməkdən yorulan gənc kadr, qərara gəlir ki, özü Respublika başçısının qəbuluna düşüb, vədini ona xatırlatsın.
     Qafarov yetim oğlana rəhm eləyib, onu özünə yaxı nlaşd ırır.
     Artıq Qulamov Qafarovun kabinetindən çıxmaz olmuşdu. Hətta Birinci katibin evində də tez-tez olurdu. Başmaqlarını cütləyir, çantasını daşıyır, evin bazarlığını eləyir, qapısını açırdı. Yeri gəlmişkən, yüksək vəzifəli adamlara qapı açmaq Qulamovun adəti idi. Heybətov gülə-gülə yada salır: “Yaxşı yadımdadı, o vaxt hələ MK-da işləyirdi. Elə ki, görürdü, rəhbərlikdən kimsə çıxış qapısına tərəf gedir, güllə kimi ora götürülürdü. Gülümsəyərək, başını aşağı salıb, qapını açırdı. Sonralar isə...” Heybətov köksünü ötürür. “Gündüzlər, iş vaxtı o, çox sadə adam idi. Zəngin həyata meyli, özünü heç nədə biruzə vermirdi. Zövqsüz, ucuz paltarlar geyinirdi, ancaq xidməti maşında gəzirdi, sadə mənzildə yaşayırdı. Amma gecə ki, düşdü, onu tanımaq olmurdu! Hətta Azərbaycan kompartiyasının MK-nin birinci katibi olandan sonra belə, eyş- işrəti, qumarı tərgitə bilmirdi”.
     Qulamovun Azərbaycan SSR KP-nın Birinci Katibi seçilməsi də müəmmalı olmuşdu. Qafarovun qəfildən infarkt keçirərək ölməsi, ölmədən əvvəl isə bir neçə məclisdə, ən əsası isə Moskvada, özündən sonra ən layiqli namizəd kimi İslam Qulamovu gördüyünü dilə gətirməsi, sonuncunun ləyaqətsiz şəxsiyyətinə bələd olan adamlarda istər-istəməz şübhə doğururdu.
     Lakin, bütün şübhələrə baxmayaraq olan olmuş və İslam Qulamov 1985-ci ildə Birinci Katib seçilmişdi.
     SSRİ dövrünün mahir yaltağı olan İslam Qulamov, yaltaqlanmaqda o qədər qabağa getmişdi ki, respublika vətəndaşları üçün iş vaxtını da Moskvaya uyğunlaşdırmışdı. Ona qədər iş vaxtı səhər 9-da başlayıb, axşam saat 18.00-da qurtarırdı. Əslində, elə Moskvada da eyni sistem idi. Amma Spass qülləsindəki saat 18.00-ı vuranda, Azərbaycanda bir saat fərqlə 19.00 olurdu. Qulamov isə əmr eləmişdi ki, iş günü Moskvada iş bitəndə sona yetməlidir. Yəni Azərbaycanda 19.00 olanda.
     Yeri gəlmişkən, SSRİ xalq deputatlarının 89-cu qurultayında, Sovet Konstitusiyasındakı Kommunist Partiyasının aparıcı rolu barədəki 6-cı maddənin dəyişdirilməsinin əleyhinə birinci səs verən də Qulamov olmuşdu.
     KP MK-nin Siyasi Bürosunun keçmiş üzvü Aleksandr Yakovlev yazır ki, “Biz Qulamovla Siyasi Büronun qurultaylarında və iclaslarında görüşürdük. Onda heç bir diqqətəlayiq cəhət görməmişəm. Demokratik islahatlar vaxtı onun özünü aparmağına gəlincə... nə bilim, mənə elə gəlir ki, onun heç vecinə də deyildi. Əgər Perestroyka başlamasaydı, o heç də məyus olmayacaqdı. Amma bir şeyi danmaq olmaz ki, onda şərqlilərə məxsus nəzakət, hörmətcillik vardı.”
     KP MK-nin Siyasi Bürosunun bir başqa keçmiş üzvü Yeqor Liqaçov isə yazır: “Adi, ortabab adam idi! Elə də parlaq intellekti-filanı yox idi. Nəsə bir təşəbbüskarlığı da həmçinin. Taktikası da belə idi - hamı necə, o da elə. Buna görə də, çalışırdı kütləvi çıxışlar eləməsin. Belə baxanda çalışqan, qulluqpərgar adam kimi yadımda qalıb. Əslində, o vaxtlar elə hamı belə idi. Yadıma gəlir, bir dəfə xahiş elədi ki, respublikada içməli su təchizatı məsələsində ona kömək eləyim. Mən də etdim. Sonra mənə danışırdılar ki, Azərbaycanda o, tez-tez mənim sağlığıma badələr qaldırırmış. Deməli, minnətdarlıq hissindən məhrum deyildi”. SSRİ dağılandan sonra Qulamov uzun müddət bilmədi özünü necə aparsın. “Birdən hər şey təzədən əvvəlki vəziyyətə qayıtdı, onda necə?” Amma heç nə “qayıtmadı”. SSRİ adlı ölkə artıq süquta uğramış, geriyə dönüşü olmayan yola qədəm qoyulmuşdu.
     Müstəqilliyin ilk günlərində Azərbaycanda liberal dəyərləri mənimsəmiş demokratik qüvvələr formalaşmağa başlasa da, onlar repressiya aparatının vahid idarəçisi, cəza mexanizminin yeganə nəzarətçisi, geniş inzibati resurslara malik Qulamovun qarşısında duruş gətirə bilməyəcək qədər zəif idilər. Sonda, tiraniyadan qurtulmağı arzulayan xalqın qorxduğu oldu və Qulamov 98 faiz “səs çoxluğu” ilə Azərbaycan Respublikasının prezidenti seçildi. Avropa Şurası isə, Azərbaycanı Rusiyanın orbitindən çıxarmaq üçün, tez-tələsik aldığı qərarla bu ölkəni sıralarına qəbul edərək, tarixindəki ən böyük səhvi işləmiş oldu. Avropalılar bir az da gözləmiş olsaydılar, İslam Qulamovun Avropa dəyərlərinə və demokratiyaya hansı münasibətdə olduğunu özləri görəcəkdilər.
     Avropa Şurası birinci şoku SSRİ-nin dağıldığı ilk günlərdə Demokratik İslahatlar Partiyasını quran və qısa müddətdə ölkədə kifayət qədər populyarlaşaraq xalqın rəğbətini qazanan Qərbyönümlü liberal Niyazi Salayevin gülünc ittihamla həbs olunması ilə keçirdi. Onu ABŞ-a işləməkdə günahlandıraraq həbs etdirən Qulamovun sonrakı hakimiyyət illəri, Niyazi Salayevə 90 faizdən artıq səs vermiş xalqdan (seçkilərin real nəticələrindən çox yaxşı xəbərdar olan Qulamov, ömrünün sonuna qədər Azərbaycan xalqına bunu bağışlamayacaqdı) intiqam almaq strategiyası üzərində qurulmuşdu. Avropa verdiyi tələsik qərardan ötrü peşman olmuşdu, amma artıq çox gec idi. Olan olmuşdu.
     1993-cü ildə, dünyanın nüfuzlu neft şirkətləri ilə Azərbaycan nefti və qazının satılması üzrə müqavilələr imzalayan İslam Qulamov, ilk neft-qaz gəlirləri əlinə keçməyə başlayan kimi, özünə iqamətgahlar, saraylar tikdirməyə başladı. Respublikanın dörd bir yanında ucalan nəhəng və zövqsüz tikililərdə yalnız qızıldan və mərmərdən istifadə olunurdu. Qulamovun çoxsaylı “oyuncaqları” arasında təyyarələrini, son model avtomobillərini, saat kolleksiyasını, məşhur rəssamların tablolarını, Dubayda aldığı villaları, hətta süni adaları da sadalamaq olar.
     1993-cü ildə, Rusiya Federasiyasına etdiyi uğursuz səfərdən qayıdan Qulamov, gözlənilmədən öz soyadından imtina etdiyini və bundan sonra Milli soyadından istifadə edəcəyini açıqlamışdı. “Mən milliyəm, soyadım da Milli olmalıdır” deyən Qulamov, maraqlıdır ki, bu soyadın istifadə hüququnu yalnız özü və ailə üzvləri ilə məhdudlaşdırmış, yerdə qalan Azərbaycan vətəndaşlarına “Milli” soyadını qəbul etməyi qadağan etmişdi. “Mən hər zaman milli-mənəvi-dini dəyərlərimizə bağlı adam olmuşam. Hələ SSRİ dövründə dinimiz, milli dəyərlərimiz uğrunda vuruşmuşam. Kompartiyaya nifrət etmişəm, Qorbaçova da ağzımdan çıxanı demişəm. Adımı təsadüfən İslam qoymayıblar. Bu ad mənə, ağır ömür yolumda çox kömək olub. Soyadımı Milli etməklə, mən bütün dəyərlərimizi təcəssüm etdirən lider kimi adımı və soyadımı da şəxsiyyətimlə tamamlayaraq - İslam Milliyə çevrilirəm və ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!”.
     Bir baxıma, bu hərəkəti ilə milli və dini dəyərlərin əsl mahiyyətini açan İslam Milli, fərqində olmadan Azərbaycanın inkişaf yolunun yalnız və yalnız Qərbin liberal dəyərlərində olduğunu göstərmiş və milli-mənəvi dəyərlərə istinad edən azsaylı müxalif fikirli ziyalıları da, Qərbdən başqa alternativin olmadığına əmin etmişdi. Bəli, nə qədər paradoksal səslənsə də, ən azı buna görə, yeni soyadından əlavə “Millətin atası”, “Parlaq günəş” və “Dünyanı heyran qoyan adam” kimi titul və adlara sahib olan İslam Milliyə, dərin təşəkkür düşür.
     İslam Milli Azərbaycanda postsovet diktaturası qurmaq planını həyata keçirərkən yalnız “o”nun yardım və məsləhətlərinə arxalanır, “o”nun tövsiyələrini kompartiyada topladığı təcrübədən və heyvani instinktlərindən üstün tuturdu. Əlbəttə, söhbət pul və iqtidar hərisliyində sərhəd tanımayan sadiq köməkçisi, həyat yoldaşı Qənirədən gedir.
     İslam, bütün uğurlarını borclu olduğu Qənirə Dostəliyeva ilə 1980-ci ildə evlənmiş, bu izdivacdan oğlu Elnur və Azərbaycan xalqı üzərində onilliklərlə davam edəcək olan hakimiyyəti doğulmuşdu. Həqiqətən də, məqsədyönlü Qənirə olmasaydı, bəlkə də İslam hakimiyyət zirvələrini belə asanlıqla fəth edə bilməz, ierarxiya pillələrinin birində ayağı büdrəyər, əzmi tükənərdi.
     Qənirə olmasaydı, İslam bəlkə də qeyrətə gəlib, inadkarlıqla Moskvaya yaltaqlanmaqdan bezə bilərdi.
     Qənirə olmasaydı, bəlkə də vicdanının səsini dinləyib, özünə opponent bildiyi xalqına divan tutmaqdan vaz keçə bilərdi.
     “Coco Chanel” ləqəbli ədabaz Qənirə olmasaydı, İslam Milli Avropalıları öz proqressivliyinə, müasirliyinə və islahatlara açıq olmağına inandıra bilməzdi. Avropa modasının ən son təmayüllərinə, öz xalqının güzəranından daha yaxından bələd olan Qənirənin, Qərbliləri belə heyran qoyan geyimi-keçimi olmasaydı, İslam Milli Avropa siyasi çevrələrini hansı anturajla hipnozlayacaqdı?
     Ola bilsin bunlar sadəlövh ehtimallardır, istisna etmək olmaz. Lakin həqiqət həqiqətliyində qalır - doğrudan da qadın böyük qüvvədir.
     Qənirə 1955-ci ildə Qubada, kasıb kəndli ailəsində dünyaya göz açıb. Məktəbi həvəssiz oxuyan Qənirə yalnız əmək, nəğmə və bədən tərbiyəsi dərslərindən yaxşı qiymətlər alırdı. On dörd yaşına çatanda o, Bakıya, dayısının evinə köçür. Burada orta təhsilini güc-bəla ilə başa vuraraq, özünə bir məşğuliyyət axtarır. Heç vaxt savad sarıdan kasad olduğuna görə kompleks keçirməyən Qənirə, intellektinin aşağı olması ucbatından girdiyi bütün işlərdən (aptek satıcısı, atelyedə dərzi köməkçisi, hətta mənzil-istismar sahəsində katibə) qısa müddət sonra çıxarılırdı. Amma məyus olmurdu, “əzmi” və “iradəsi” qırılmırdı.
     19 yaşı tamam olanda Qənirə Kommunist Partiyasına üzv olmağa qərar verdi və qəribə də olsa, buna nail oldu. SSRİ kimi nəhəng imperiyanın partiya sıralarına hansı ağlının, savadının, istedad və bacarığının sayəsində daxil olduğunu özündən başqa bilən yoxdur. Gənc və perspektivli kommunist İslam Qulamovu da elə partiya təşkilatının iclaslarından birində görüb, bir könüldən min könülə vurulmuşdu.
     İlk baxışdan sonra ilk öpüş və öpüşün ardından Azərbaycan xalqının taleyinə yazılmış faciələr silsiləsinin təməl daşının qoyulması.
     1980-ci ildə Qənirənin hələ “Azərbaycan xalqının anası”, “Azərbaycanın parlaq məşəli”, “Qəhrəman qadın”, “Elm və mədəniyyət işığı”, “Ziyalılığın meyarı”, “İsmət və namus abidəsi” kimi titulları yox idi. İki eşşəyin arpasını bölməkdə aciz, ortastatistik kəndli qızı Qənirə, 1980-ci ildə həyatını İslamla birləşdirəndə, çox yox, beşcə il sonra hakimi-mütləqə çevriləcəyini heç xəyal da etmirdi. Bəlkə də edirdi.
     1985-ci ildə birinci katib seçiləndən dərhal sonra, İslam Qulamovun arvadına təqdim etdiyi birinci hədiyyəsi - kimyaçı diplomu oldu. Nə üçün məhz kimyaçı? Bu da, indiyə qədər cavabı tapılmayan suallardan biridir. Lakin, məsələ bununla da bitmədi. Müstəqillikdən sonra, alimlik ambisiyaları iltihablanan Qənirə, kimya elmləri doktoru olmaq eşqinə düşdü. Adını yazmaqda çətinlik çəkən savadsız bir qadının kimya elmləri doktoru olması, qarışıqlıq və xaosun hökm sürdüyü o illərdə çox diqqət cəlb etmədiyindən, fürsət bu fürsət deyən birinci ledi, Milli Elmlər Akademiyasının “akademiki” ünvanını da əldə etdi.
     Dostəliyeva soyadından imtina edərək Milli soyadını alan Qənirə, bütün xarici səfərlərdə ərini müşayiət edir, “İslam və Qənirə Millilər Pakistana rəsmi səfər etmişlər” kimi xəbərlərdən məst olur, on il cavanlaşırdı. 93-cü ildə, Milli cütlük Londona səfərə hazırlaşanda, Qənirə prezident sarayına çağırdığı Xarici İşlər nazirinə: “Səfəri elə qurun ki, yolüstü Parisə, ordan da Romaya dəyək. Təzə paltarlara baxmaq istəyirəm” deyə, tapşırıq vermişdi. Heyrətdən dili tutulan xarici işlər naziri, əvvəl bilməmişdi nə desin. Qənirənin boş və qəddar gözləri, nazirdən “baş üstə” cavabını gözləyərək nifrətlə baxırdı. Handan-hana özünə gələn nazir, bu işin o qədər də asan olmadığını, müvafiq proseduralara ehtiyac duyulduğunu deyəndə, Qənirə: “Bura bax qodux! Sən anadan nazir doğulmusan? Nədi!? Biz səni qanadımızın altına alana qədər iylənmiş qoyunlarını otarmağın yadından çıxıb? Sən bilirsən mən kiməm? Bilirsəən!?” deyərək bağırmağa və masanı yumruqlamağa başlamışdı.
     Azərbaycan respublikasının sahibəsi, ərinin boyhaboy portretlərini və yaltaq şairlərin ona yazdıqları misraları ölkənin dörd bir yanına asdırmışdı. Mədhiyyələr Qənirə üçün də yazılırdı. Məsələn məşhur bir mədhiyyədə deyilirdi: “Dahi rəhbərin yolunu işıqlandıran, Azərbaycanı qələbəyə aparan parlaq ulduz - Qənirə Milli!”.
     Telekanallar Qənirənin prezident aparatındakı kabinetini tez-tez göstərirdilər. Muzeyi xatırladan kabinetin divarları başdan-başa müxtəlif diplomlar, sertifikatlar, “elmi və pedoqoji fəaliyyətindəki uğurlarına” görə aldığı təşəkkürnamələr ilə dolu idi. Qənirənin bütün bu kolleksiyanı, xüsusilə də xarici ölkələrdə ona verilən diplomları necə əldə etməsi, illər boyu hər kəsi maraqlandıran sual olmuşdur. Çox az adam bilir ki, Avropa və Amerikada, üçüncü dünya ölkələrinin liderləri və oliqarxları üçün diplomlar, titullar, fəxri adlar hazırlayan institut və təşkilatlar var. Azərbaycan Dövlət Təhlükəsizlik Nazirliyində (DTN) isə, dünyanın dörd bir yanında Qənirə Milli üçün diplom və fəxri ad axtaran xüsusi bir şöbə fəaliyyət göstərir. Məhz bu gizli şöbə, Milli cütlüyün bütün xarici səfərlərində, Qənirənin növbəti dəfə fəxri elmi ad və ya hansısa universitetin fəxri müəllimi titulunu almasını təmin etməklə məşğul olurdu. Hərdən Qənirə elmi konfranslarda da çıxış etməli olurdu. Fors-major xarakterli belə zərurətlər yarananda, Qənirə öz nitqini istisnasız olaraq siyasi-ictimai məsələlər üstündə qurur, bilmədiyi mövzuda danışıb biabır olmaqdan yamanca qorxurdu.
     Qənirənin “dünya şöhrətli alim və xanım” olmaq ambisiyası əlbəttə ki, bircə diplomla, ya da titulla təmin oluna bilməzdi. Qənirə həm də əşya xəstəsi idi. Xarici ölkələrin rəsmiləri, yaxud da tanınmışları ona mütləq hədiyyə təqdim etməliydilər. Belə hədiyyələr verilməyəndə, Qənirə DTN nazirinə zəng vuraraq təhqir edir, bəzən də onu Prezident sarayına çağıraraq, hamının gözü qabağında alçaldırdı. Buna görə də, DTN-nin xüsusi gizli şöbəsi, hədiyyələrlə də məşğul olurdu və hər xarici səfərdə, o ölkənin siyasiləri və tanınmışları Qənirəyə “gözlənilmədən” bahalı hədiyyələr - brilyantlar, qədim çini qablar, xalçalar, zinət əşyaları və s. - təqdim edirdilər. Əlbəttə, TV-lər də bu kadrları gündə on beş dəfə göstərir, xalqın şüuruna “Qənirə Milliyə dünyada böyük hörmət var” təsəvvürü yeridirdilər.
     Milli cütlük Fars Körfəzində olanda, İordaniya kralı Hüseyn azərbaycanlı dostlarını dəniz gəzintisinə dəvət eləmişdi. Heyət gəminin göyərtəsinə qalxan kimi Qənirə, İslam Millinin qolundan dartıb demişdi: “Mən də belə bir gəmi istəyirəm! Dərhal!”. İslamla göz-gözə gələn Hüseyn, Azərbaycanlı qonağın üzündəki ifadədən hər şeyi başa düşmüş və səhəri gün öz nümayəndəsini İslam Millinin yanına göndərmişdi. “Təəssüf ki, kral bu gəmini sizə hədiyyə edə bilməyəcək. Allah özü bu gəmiyə xeyir-dua verib. Amma Nyu-Yorkda bu gəminin eynisini düzəltdirib sizə göndərəcək. Buna söz verir”.
     Bir il sonra prezident Hüseyndən xəbər gəldi ki, gəmi artıq hazırdır. Gəmini vaxt itirmədən Qara Dəniz üzərindən Azov dənizinə, oradan da Xəzərə üzdürdülər. Bakıda, gizli bir limanda lövbərini saldılar və Qənirə, bircə dəfə olsun, nəinki bu gəmiyə minmədi, heç ona gəlib baxmadı da.
     İslam Millinin 2000-ci ilin avqust ayında qəfildən və şübhəli şəkildə ürəyinin dayanmasından sonra, onun qurduğu klan rejiminin qondarma parlamentinin sədri Zahid Əsədov prezident səlahiyyətlərini icra etməyə başladı və 2000-ci ilin oktyabr ayında keçirilən prezident seçkilərində müxalifətin vahid lideri Niyazi Salayev qalib gəldiyi halda, Qənirə Milli xalqı qırğına verərək, prezident kreslosuna əyləşdi.

I FƏSİL
POST REVOLUTİON - 1


İnsan, öz həyatını bütün rəng və çalarlarla zənginləşdirməli, lakin xırda
şeylərlə beynini doldurmamalıdır. Detallar həmişə banaldır.
Oscar Wild Koma
     Ölümdən qayıdanlar, “o dünyanı” görüb gələnlər bir qayda olaraq tuneldən; upuzun, dar və qaranlıq bir dəhlizin sonundakı işıqdan danışır. Hər kəsin xatirəsi, empirikası eynidir - “işıq məni özünə doğru çəkirdi”, “işıq topasının içindən məlahətli bir səs məni ağuşuna çağırırdı”, “mən işığa doğru qaçmağa başladım”, “sonra... oyandım”.
     Oyanandan sonra da əməliyyat otağında, ya da palatada olduqlarını görürlər. Başlarının üstündə də mütləq kimsə dayanıb onları səsləyir, ya da silkələyir. Ölümdən dönənlərin klişe hekayətlərini nə inkar etmək olur, nə də təsdiq. Bu şübhəli təcrübə, tanrının varlığı ilə yoxluğu kimi bir şeydir - inanan inanır, inanmayan isə ağız büzür. Lakin etiraf edək ki, bu “gediş-qayıdışın” PR-ı çox uğurlu qurulub - inananlar daha çoxdur.
     Məndə isə görünür nəsə çatışmır, çünki hər kəsin gördüyünü görməmiş, eşitdiyini eşitməmişdim. Ayılandan sonra danışılası, öyünüləsi hekayəmin, insanları təəcübləndirəsi “tunel” əhvalatımın olmaması məni məyus etsə də, işığa doğru yüyürmədiyim, uçmadığım üçün xoşbəxtəm həm də. Deməli “onlar” kimi ölümün bir addımlığında dayanmamışam - sadəcə yatmışam. Yaxşı, razıyam, çox yatmışam.
     Oyanmağım isə mən bilən ağrıdan oldu. Adama ölüm arzuladan şiddətli, dözülməz ağrıdan. Yox, söhbət vücudumun ağrısından da getmir. Daha ziyadə ruhum ağrıyırdı. Əlbəttə, fiziki ağrı duymurdum deyə bilmərəm - bütün bədənim qıvranırdı. Amma bu ağrılar da, ruhumun iztirabının məntiqi davamı idi elə bil. Ən azından mənə belə gəlirdi. Sanki dərimi döşəküzü kimi içalatımla birgə tərs üzünə çevirib, yaxşıca çırpıb təzədən bədənimin içinə doldurmuşdular. Özü də bədənə əvvəlki “mən” yox, yeni bir “mən” doldurulmuşdu. Nəsə çatışmırdı bu yeni “mən”də. Elə bil doğma, yaxın, əziz bir parçamdan məhrum edilmişdim. Əzabımı artıran isə məhz nəyin çatışmadığı sualına cavab tapa bilməməyim idi.
     
     Cavabsız suallara qalsa, onlar heç saymaqla bitməz - kiməm, nəçiyəm, hardayam, neçə vaxtdır burdayam... Görün nə çoxdur. Şüurumun sərhədlərində isə suallarıma cavab verməkdən çox, sualların sayını artıran bulanıq, qeyri-dəqiq xatirələr gəzişir. Nə qədər gücənsəm də başa düşə, müəyyən edə bilmədiyim yuxu kimi, hallüsinasiya kimi uşaqlıq illərimə dair əyri-üyrü epizodlar. Nə bilmək olar, bəlkə də valideynlərimi görürdüm. Bilmirəm, əmin deyiləm. Bircə o yadımda qalıb ki, bu görüntülər də qısa ömürlü oldu. Nəyi və kimi gördüyümü özüm üçün aydınlaşdırmağa macal tapmamış, kövrək bulud kimi əriyib getdi bu şirin, eyni zamanda əzablı ilğım. Getdi və bir daha qayıtmadı.
     Xatirələr buxarlanıb getsə də, ağrılarım qalmaqda davam edirdi. Hər şeyi əhatə edən, bürüyən ağrılarım. Vücudumun hər bir hüceyrəsində, hər bir əzamda, sinirimdə, hətta saçlarımın uclarında da ağrı vardı. Bir-iki iztirablı oyanışdan sonra nəhayət yəqin etdim ki, bu ağrılardan qurtulmağın bircə yolu təzədən yuxuya getməkdir. Bunun üçün xüsusi səy göstərməyə də ehtiyac qalmırdı - istədim istəmədim yuxu sürüyüb aparırdı məni.
     Növbəti dəfə özümü anlaqlı hiss edəndə, vücudumun ağrıları bir az azalmışdı, bircə başım əvvəlki şiddətdə ağrıyırdı. Göz qapaqlarımı aralamağa cəhd edəndə isə beynimdə şimşəklər çaxdı. Yenə də ağrıya müqavimət göstərib gözlərimi açmağa çalışdım. Amma yarıyacan aralaya bildiyim gözlərimi bir nöqtəyə zilləmək istəsəm də, bacarmadım. Ətraf bulanıq idi, konkret heç nə görmürdüm deyə, gözlərimi açıq saxlayıb başımın ağrısını daha da artırmağın mənası qalmırdı. Ona görə də təzədən yumdum gözlərimi. Bircə onu anladım ki, olduğum yer nə qaranlıqdır, nə də aydınlıq - boz, yeknəsəq bir məkandayam. Bəlkə də ömrümdə birinci dəfə heç nə barədə fikirləşmirdim, çünki ağlıma heç nə gəlmirdi. Sanki qafatasımın içini beyindən təmizləyib, əvəzinə pambıq doldurmuşdular. Başımı yana çevirmək cəhdim isə, mənim üçün çox pis nəticələndi. Boynumdan elə bir ağrı qopdu ki, yaralı öküz kimi böyürmək istədim. Amma alınmadı - səsimə, boğazıma nəzarəti də itirmişdim. Huşumu itirməyim, oyanmağım kimi qəfil oldu.
     Sonra səslər məni narahat eləməyə başladı. Bu səslər mənə yatmağa, ağrılarımı unutmağa mane olurdu. Uğultu şəklində qarmaqarışıq, anlaşılmayan hay-küydən ibarət səslər sözlərə çevrilmirdi ki, nəsə başa düşüm. Deyəsən başımın üstündə iki nəfər söhbət edirdi amma nə dedikləri çatmırdı mənə. Səsimi idarə etmirdim deyə onlardan susmağı, rədd olub getməyi də tələb edə bilmirdim. Deyəsən bir dəfə nəsə deməyə cəhd etdim, onda da boğazımdan civiltiyə bənzər səs çıxdı. Bundan sonra bir neçə saniyəlik səsləri kəsildi, susdular, amma sonra daha da canlanaraq, həyəcanla donquldanmağa başladılar. Səsimin sözümə qulaq asmaması, məni barmağımı tərpətməyə vadar etdi. Tərpənən barmaq gözlərindən yayınmadı - bu dəfə daha ucadan qışqırmağa başladılar. Mən həyat əlamətləri nümayiş etdirdikcə başımın üstündə dayananların qudurduğunu başa düşüb yatmağa qərar verdim. Qərar verməsəydim də yatacaqdım.
     Yatacaqdım ki, uşaqlığıma dair xatirələr yenə canlansın şüurumda. Dənizkənarı parkda atamın mənə aldığı, dəmir qabın içindəki Sovet illərinin ucuz amma ləzzətli dondurması; artıq qırış düşən əlində tutduğu yaylıqla dodaqlarımı silməsi, birlikdə mindiyimiz karusel. Bu, başqa uşağa, başqa bir ataya aid görüntülər də ola bilərdi, amma mənə elə gəlirdi ki, uşaq da mənəm, ata da mənim atamdır. Yalnız mənim atam belə mehriban, gülərüz ola bilər. Yalnız mənim atam məni bu qədər sevə bilər. Nə üçünsə ağlayırdım belə yuxular görəndə. Yanağımdan axan yaşlar da qulaqlarımın içinə dolub narahat edirdi məni.
     Şirin, rəngbərəng yuxu gördüyüm növbəti gecələrin birində yenə ayıldım. Gecə olduğunu, hər tərəfi bürümüş zil qaranlıqdan başa düşdüm. Adətən sağ tərəfdən həmişə gur işıq gələrdi (sonradan bildim ki, çarpayımın sağında iri pəncərə var). Gözlərimi bu dəfə tam aça bildim. Başım ağrısa da onları inadla açıq saxlayırdım. Tavana neçə dəqiqə, ya da neçə saat baxaraq ayıq qaldığımı deyə bilmərəm. Maşınların tavanda gəzişən bulanıq işıqlarına baxmaq maraqlıydı. İşıqlar palataya düşsə də, küçədən maşın səsləri gəlmirdi. Ya da mən eşitmirdim. Məni bu mütləq səssizlik narahat etmirdi, yox. Elə olsaydı rahat-rahat yuxuya gedərdim. Məni uyuyan nəhəng binanın sükutu vahiməyə salırdı. Keçən səfərki uğursuz təcrübəni yada salaraq, başımı astaca pəncərəyə tərəf çevirdim. Bu dəfə bədənim sözümə qulaq asdı, ağrılarım da əvvəlki kimi kəskin olmadı. Dərin nəfəs alıb pəncərəyə baxdım. Göy üzündə şəhərin işıqları ilə aydınlanan buludlar üzürdü. Buludlara və ulduzlara sonsuzluğa qədər baxa bilərəm. Onda yuxuya getmək də asan olur.
     Səhər oyananda, arxasını mənə çevirib pəncərənin qabağında dayanmış bir qız gördüm. Bu qız, ilğıma oxşamırdı.
     Ona nəsə demək istədim, alınmadı. Xırıltılı, boğuq bir səs çıxdı boğazımdan.
     Qız diksindi. İldırım sürətilə üzünü mənə çevirdi, üstümə cumdu:
     -Murad! Murad, əzizim! Oyandın?!
     Gicgahlarım zoqquldayır, gözlərim dumanlanır, yenə huşumu itirməyə hazırlaşırdım. Üzünü düz-əməlli görə bilmədiyim bu qadına minnətdarlıq etməliyəm, halbuki onun zəhlətökən qayğıkeşliyi məni hövsələdən çıxarır. Kaş ki, bir az sussa, danışmasa, axı səsi başıma düşür.
     Nə düşündüyümü sanki hiss etdi, əyilib alnımdan, yanaqlarımdan öpməyə başladı. Alçaq səslə:
     -Neçə gündür özünə gəlirsən amma təzədən sönüb gedirsən. Bu dəqiqə həkimi çağırıram - deyib divara yaxınlaşdı, düyməyə basdı.
     Heyran-heyran ona tamaşa edirdim. Çox gözəl idi. Gəlib sakitcə yanımda dayanmasını, bayaqkı kimi məni öpməsini, qucaqlamasını istədim. Uzun olmayan şabalıdı saçlarını arxadan at quyruğu yığmışdı. Təbəssümlü üzü, yanaqlarında şirin çökəkliklər əmələ gətirən qəmzələri mənə bütün diskomfortumu unutdururdu. Gəldi yanıma, əlimin üstünü sığallamağa başladı. Ağzım, boğazım qəribə, anlaşılmayan səslər çıxarmaqdan başqa bir işə yarayırammı görəsən? O danışır, başa düşdüyüm sözlər deyir mənə - “həkim”, “çağırmaq”, “Murad”... mən isə susuram. Murad... Əlbəttə, mən Muradam. Bəs o?
     Bütün gücümü toplayıb danışmalıydım. Mən danışa bilirəm, bunu bacarıram. Həmişə danışmışam, bundan sonra da danışacam. Başımın ağrısını azaltmaq üçün gözlərimi yumdum və:
     -Siz kimsiniz? - soruşdum. Deməli doğrudan da danışa bilirəmmiş.
     -Yorma özünü qurban olum. Həkim bu saat gəlir.
     -Siz... çox gözəlsiniz.
     Məntiqli cümlə qurub qadına kompliment deyə bilirəmsə, deməli başım işləyir, özüm də yaşayıram.
     Qız güldü, bir az da qızardı. Bu ifadə onu daha da gözəlləşdirirdi.
     -Gücünü qoru sən allah. Birdən yenə yatarsan.
     Mənimlə çox səmimi danışırdı. Həkim çağırırsa deməli özü həkim deyil. Bəlkə tibb bacısıdı? Tibb bacısı... Bəli, mən bilən həkimdən başqa tibb bacısı da olur. Bura da yüz faiz xəstəxanadır. Deməli mən xəstəxanadayam.
     –Yaxşı - dedim. - Amma siz danışın.
     Nədənsə gözləri doldu, dodaqları titrədi.
     – Üşümürsən?! - deyəsən bu sualı elə-belə, nəsə demək xətrinə vermişdi.
     -Yox - dedim və nə üçünsə soruşdum - bayır soyuqdu?
     Mənim üçün ağır olsa, sözlər çətinliklə cümlələrə çevrilsə də, danışmaq istəyirdim. Nə haqda danışmağın fərqi yox idi, təki danışım, bu vərdişi yenidən qaytarım.
     -Hə, çox soyuqdu. Deyəsən qar yağacaq. Üşüsən deyərsən, üstünə bir dənə də ədyal ataram.
     Qapı açıldı. Təlaşla palataya girən eynəkli, dazbaş həkimin qırx-qırx beş yaşı olardı.
     -Sevil xanım, xəstəmiz özünə gəlib?
     Qız əlimi sığallamağı dayandırıb, ayağa qalxdı. Həyəcanla:
     - Hə, bir az var - dedi və birdən hönkürtü ilə ağlamağa başladı.
     O ağlayırdı, məni isə gülmək tutmuşdu. Baş ağrısını saymasam, özümü yaxşı hiss edirdim. Ona görə də, qızın nə üçün özünü həlak etdiyini başa düşmürdüm. Həkim əlini onun çiyninə qoyub sakitləşdirməyə çalışdı:
     -Sevil xanım, sakit olun. Xahiş edirəm sakit olun. Hər şey qaydasındadı. Gedin əl-üzünüzü yuyun, sonra gələrsiniz.
     Çiyinləri titrəyən qız zəif səslə “yaxşı” deyib palatadan çıxandan sonra, həkim yanıma yaxınlaşaraq divardakı cihazları qurdalamağa başladı, qoluma taxılmış sistemi yoxladı.
     –Adım Zöhrabdır. Zöhrab Nəsibov. Sizin həkiminizəm. Özünüzü necə hiss edirsiniz? - soruşub nəbzimi tutdu, ardından da fənəri yandırıb iti şüanı göz bəbəklərimə tuşladı. Cavab vermədiyimi görüb, soruşdu:
     -Danışa bilirsiniz?
     - Hə - halsız dilləndim. Gözümə işıq salması başımın ağrısını şiddətləndirsə də, ona bir söz demədim.
     –Özünüzü necə hiss edirsiniz?
     -İntensiv terapiyada adam özünü necə hiss edə bilər?
     Zöhrab qımışdı. Zarafatım xoşuna gəlmişdi.
     -İntensiv terapiyada olduğunuzu hardan başa düşdünüz? - soruşaraq stula əyləşdi.
     -Necə yəni hardan? - sifətimi turşudub - görmürəm bəyəm hardayam? - dedim.
     -Deməli görürsünüz və başa düşürsünüz... - Zöhrab yenə qımışdı. - Çox gözəl. Amma mənə maraqlıdır, bunu nədən bildiniz? Bəlkə burdakı aparatları tanıyırsınız?
     Çarpayının sol tərəfindəki tumboçkaya gözümlə işarə elədim:
     -Adrenalin hidroxlorid, Aneksat. Bunları nədir bəs?
     -Deməli bu preparatları tanıyırsınız?
     Zöhrabı başa düşə bilmirdim. Məni dolayır, nədi? Şpris nasosu, aspirator, nə bilim defibrillyatorun olduğu palatanın nə palatası olduğunu bilməyə nə var?
     -Siz həkimsiniz Murad? - ciddi-ciddi üzümə baxıb soruşdu.
     -Necə yəni? - gülmək tutdu məni. - Həkiməm?
     -Özünüzü həkim hiss edirsiniz?
     -Yox.
     - Niyə? Preparatları tanıyırsınız, avadanlıqdan da yəqin başınız çıxır.
     Maraqlı sualdır. Amma cavab verməkdə çətinlik çəkirəm. Gözlərimi yumdum. Yuman kimi də yanağımda əlini hiss etdim.
     -Murad! Murad! Özünüzə gəlin!
     Gözlərimi aralayıb ayaq üstə dayanmış, həyəcandan sifəti əyilmiş həkimə təəccüblə baxdım.
     -Nə olub? Niyə qışqırırsınız?
     Doktor ürəkdən “off” deyib təzədən yerinə oturdu.
     - Dedim bəlkə yenə özünüzdən getmisiniz. Bilirsiniz son on gündə neçə dəfə ayılıb yatmısınız?
     -Doğrudan?
     Zöhrabın dedikləri ağlasığmaz idi. Onu başa düşməkdə çətinlik çəkirdim. Hə, dəfələrlə oyanmağım, oyanıb təzədən yatmağım da yadımdadır. Tay on gün nədir?
     –Xahiş edirəm - dedim. - Başa salın. Niyə burdayam?
     Üzündəki ciddi ifadəni dəyişmədən dedi:
     -Siz Mərkəzi klinik xəstəxananın intensiv terapiya şöbəsindəsiniz.
     -Mənə nə olub?
     –Yadınıza heç nə düşmür?
     Gözlərimi tavana dikib bir müddət düşündüm və:
     -Yooox - dedim.
     Qapını tərəddüdlə aralayan bayaqkı qız içəri boylanıb:
     -Gəlmək olar? - soruşdu.
     Zöhrab oturduğu yerdə bir az ona tərəf çönüb:
     - Gəlin Sevil xanım, gəlin - dedi, təzədən mənə döndü.
     -Aha. Deməli heç nə yadınızda deyil.
     Qız gəlib çarpayının ayaq tərəfində dayandı. Gözləri ağlamaqdan qıpqırmızı olmuşdu. Məndən ötrü bu qədər ağlayırsa deməli çox qiymətliyəm onun üçün. Həkim getsin, ondan xahiş edəcəm ağlamasın. Özümü doğrudan da yaxşı hiss edirəm. Bircə bu zəhrimar baş ağrısı olmasa.
     -Murad, siz qəza keçirmisiniz.
     Doktorun bu sözlərini eşidəndə, gözlərimi qızdan ayırıb Zöhraba baxdım:
     -Nə qəzası - qaşlarımı çatıb soruşdum.
     -Avtomobil qəzası.
     Qəribədir, bəs bu barədə nə üçün heç nə bilmirəm?
     -Hə?! Qəza necə baş verib?
     -Rayon yolunda, yüksək sürətlə getdiyiniz yerdə.
     Gözlərimi bərəldib heyrətlə ona baxdığımı görən Zöhrab, başı ilə qıza işarə elədi.
     -Sevil xanımı tanıyırsınız?
     Diqqətlə “Sevil xanımın” üzünə baxdım. Nə bilim. Sifəti mənə tanış, hətta doğma gəlir. Sanki illər uzunu onu tanımışam, yanında olmuşam. Amma yanıla da bilərəm. Ola bilsin bu günkü, yarım saat əvvəlki tanışlığımızın təsirindəyəm hələ də.
     -Yox, - dedim. - Tanımıram.
     Həkim kədər və təəssüf dolu gözlərlə qıza baxdı. Sevil isə özünü saxlaya bilməyib yenə ağlamağa başladı. Bu dəfə səssiz, amma yanıqlı ağlayırdı.
     Onu ağlatdığım üçün xəcalət çəkirdim.
     -Xanım, nə üçün ağlayırsınız? Özümü çox yaxşı hiss edirəm.
     Becid addımlarla qapıya tərəf qaçdı, dəhlizə çıxdı.
     -Ona nə olub? - soruşdum. - Vəziyyətim o qədər pisdir bəyəm?
     Zöhrab qalın eynəklərinin altından diqqətlə baxa-baxa başını buladı:
     -Elə deməyin. Qəza ağır olub.
     Gülümsəyib:
     - Heç olmasa sağ-salamatam? - soruşdum. - İndi vəziyyətim necədi?
     - Xəstəxanaya gələndə dörd qabırğanız sınmışdı. Hər iki ayağınızda da sınıqlar, çatlar var idi. Başınızdan da ağır travma almışdınız. Sağ qalmağınız möcüzədir.
     - Ayaqlarım indi gipsdədi? - soruşub, ayaq barmaqlarımı tərpətməyə çalışdım. Çətin olsa da, onları bir az hərəkət etdirə bildim. Gipsdə olsaydım, ayaqlarım ədyalın altından belə nazik, arıq görünməzdi.
     -Yox, gipsdə deyilsiniz. Amma sağ ayağınızda indi də titan ştift var. Əsas ona çalışırdıq ki, beyin ölümü olmasın. Şükür ki, özünüzə gəldiniz. On gündür ayılıb yatırsınız. Xeyli ümidlənmişdik.
     Gözlərimi yumub xırıltı ilə dedim:
     -Deməli başım ona görə ağrıyır.
     -Bəli. Travmanız ağır olub. Yaddaşınızı da ona görə itirmisiniz.
     -Yaddaşımı itirmişəm?! - gözlərimi açaraq, mənim vəziyyətimdə olan bir adamın çıxarmağa qadir olduğu ən yüksək səslə soruşdum.
     Zöhrab isə özünə bəraət qazandırırmış kimi, suçlu əda ilə:
     -Narahat olmayın, müalicə ilə yavaş-yavaş özünüzə gələcəksiniz - dedi. - Bir həkim kimi, siz də bilməlisiniz ki, travmatik amneziya müvəqqəti olur. Başınıza xeyli tikiş qoyulmuşdu. Onları da sökmüşük. Amma sifətinizdə problem yoxdu, narahat olmayın.
     Əllərimi qaldırmaq, hərəkət etdirmək istədim, alınmadı. Sol qoluma sistem qoşulmuşdu, sağ qolum isə sadəcə olaraq tərpənmirdi.
     - Qollarım - deyə zarıdım. - Tərpədə bilmirəm.
     - Eybi yox - Zöhrab dedi. - Təzə-təzə belə olur. Siz hələ güc toplamalısınız. Zarafat deyil, gör neçə vaxtdır komadasınız. Şübhə ilə Zöhraba baxıb:
     - Nə qədər qalmışam bəyəm? - soruşdum. - Yəni belə çoxdur?
     Zöhrab köks ötürdü. Ayağa qalxıb əllərini ciblərinə saldı:
     -Düz yarım ildir ki, komadasınız. Sizcə azdır?

Özünəqayıdış


     Necə, nə vaxt yuxuya getdiyimi xatırlamıram. Zöhrab çıxıb getmişdi, yoxsa yanımda oturmuşdu - bilmirəm. Palatada olduğu halda yatmışamsa, heç yaxşı iş görməmişəm. Özü də ona verəsi xeyli sualım qalmışdı.
     Ayılanda, soyuq yanvar küləyi dəli kimi yenə şüşələrə hücum çəkirdi. Bilmirəm beyninin qurdu tərpənmişdi nəydisə, qıyha çəkib coşur, pəncərədən görünən küknarları ikiqat əyir, bilmərrə səngiyib dincəlmirdi. Bayırdakı soyuq-sazağı büsbütün əzalarımda, canımda-qanımda hiss etməyə başlayanda kömək istəmək üçün palatada gözlərimlə adam gəzdim.
     Sevil, əllərini sinəsində çarpazlayıb divanda oturmuşdu. Pəncərədən çılğın küləyə baxırdı.
     -Üşüyürəm - yazıq-yazıq zarıdım.
     Cəld ayağa qalxıb “bu dəqiqə” dedi və şkafdan ikinci ədyalı çıxartdı. Gətirib üstümə sərdi.
     -Su istəyirəm - istəklərim bitmirdi.
     Tumboçkanın üstündəki qrafindən stəkana yarıya qədər su süzdü. Əli ilə başımı qaldırıb suyu mənə içirtdi. Mənə təşvişlə baxmasından hiss etdim ki, gicgahımdakı damar tez-tez qeyri-müntəzəm vurur, özüm də tərləməyə başlayıram. Yaylıqla alnımı sildi, sonra mehribanca alnımdan öpdü.
     -Yaxşısanmı?
     -Belə də. Çox yatmışam?
     -Yox, iki saat olar.
     - Səhər ayılıb sizi yanımda görəndə elə bildim ölmüşəm, siz də mələksiniz.
     Uğunub getdi, yenə qəmzələri oyandı. Komplimentim xoşuna gəlmişdi.
     - Mənə Sevil de. “Siz” nədi? - gülə-gülə soruşdu.
     - Oldu Sevil - mən də gülümsəməyə çalışdım amma əminəm ki, sifətim o anda muşmulaya oxşayırdı.
     -Həkim bu saat gələcək - deyib stula oturdu. - Vaxtıdı.
     -Gəlsin - dedim. - Amma xahiş edirəm yenə ağlayıb bayıra çıxma.
     - Oldu - kədərlə gülümsündü. - Çıxmaram. Ağrın zadın yoxdu?
     - Yox, sən deyən yoxdu. Bir az başım ağrıyır. Tərpənəndə əzələlərimdə də ağrı olur.
     -Aylardır hərəkətsiz uzanmısan, belə olacaq da.
     - Həm də sıxılıram. Yatağa bağlı qalmaq, tərpənə bilməmək öldürür məni. Doğrudan da fiksasiya kəmərləri, vücuduma qoşulmuş şlanqlar hərəkətlərimi məhdudlaşdır, ürəyim darıxırdı. Sevil məhəbbətlə, şəfqətlə baxırdı mənə. Baxışlarında elə bir doğmalıq varıydı ki, onu bağrıma basmaq istədim.
     -Səndə güzgü var? - soruşdum. - Özümə baxmaq istəyirəm.
     Əvvəl nəsə fikirləşdi, sonra isə özündən əmin halda ayağa qalxıb divanın üstündəki çantasından yumru güzgünü çıxarıb gətirdi. Onu ehtiyatla üzümə tutdu. Güzgüdən mənə baxan gözlər, elə bil üzümün ümumi quruluşu ilə tərs mütənasib idi. Seyrək saçlarımın altından, başımın sağ tərəfində, az qala qulağıma qədər uzanan çapığı gördüm. Burnum, iri alnım heç xoşuma gəlmədi. Bəs bədənim? Bir qolumda sistem varıydı, ikinci qolmu isə ağrıdan tərpədə bilmirdim. Gərək Sevildən kömək istəyim.
     - Zəhmət olmasa ədyalı qaldır. Bədənimə baxmaq istəyirəm.
     Sevil duruxdu. Sonra mülayim nəzər saldı üzümə.
     -Bəs üşüyürdün?
     -İndi qızışdım.
     -Amma lütsən ha! Xəbərin olsun.
     Gülümsəyərək:
     - Yaxşı - dedim. - Sən ədyalı çək, özün də baxma. Əvvəl yastığı bir az qaldır. Sevil gülümsəyən dodaqlarını büzüb yastığı bir balaca qaldırdı. Boynumun ardından küt ağrı qopsa da, səsimi çıxarmadım ki, ürkməsin. Bu vəziyyətdə bədənimi rahat görə bilərdim. Sevil reaksiyamı görmək üçün baxışlarını üzümdən ayırmadan, ədyalları yavaş-yavaş qaldırdı. Gözlərimin qarşısında açılan mənzərə, ürəyimi sızıldatdı. Sinəmdən kardio-cihaza qədər uzanan kabellərə yenə dözmək olardı, amma büzüşüb düymə boyda qalmış penisimə keçirilən və hardasa yatağın altında gözdən itən uzun katetoru görəndə, qasıq nahiyəmdə məni nəyin narahat etdiyini nəhayət başa düşdüm və dərhal bu şlanqdan azad olmaq barədə planlar qurmağa başladım. Həkim gələn kimi deyəcəm çıxardıb rədd eləsin onu.
     Sevilə “çox sağ ol” dedim və minnətdarlıq əlaməti olaraq ona gülümsədim.
     Sevil ədyalları üstümə örtdüyü əsnada, mədəmdən eybəcər bir quruldama eşidildi.
     -Deyəsən acam - suçlu-suçlu dedim.
     Sevindi, elə bil dünyaları bağışladılar ona.
     -Zöhrab demişdi ki, acsa sulu yemək verə bilərsiniz. Toyuq supu var. Deyim qızdırıb gətirsinlər?
     -Olar dedim. Bir azdan gətirərsən, - gözlərimi yumub boynumun ağrısını həzm etməyə çalışdım. - Deməli yarım ildir heç nə yemirəm?
     - Hə, yemirsən. Damarlarından qidalanırdın - şirin-şirin gülüb alnımı oxşamağa başladı.
     - Bağışla, sənə axmaq sual verəcəm. Mənim neçə yaşım var?
     Sevil bir az tutulsa da, tez özünə gəlib dedi:
     -Otuz iki.
     -Bəs sənin?
     -Otuz.
     -Cavan görünürsən.
     -Sağ ol - deyib yanağımdan öpdü.
     -Bəs məni hardan tanıyırsan?
     Bir saniyə əvvəl qupquru olan gözlər yenə sulandı. Göz qapaqlarını qırpsaydı damcılar yanaqlarından süzüləcəkdi. Ağlamasını istəmirəm, əsəbiləşirəm.
     - Sevil xahiş edirəm, ağlama! Xoşum gəlmir. İstəyirsən soruşmayım.
     Dərindən köks ötürüb göz yaşlarını “geri qaytarmaq” üçün əvvəl tavana, sonra da mənə baxdı:
     -Mən sənin həyat yoldaşınam.

  
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.09.2014) | Müəllif: R.C E W
Baxış: 739 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more