Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-3
Evdə


     Xəstəxanadan çıxdığımız gün yağış yağırdı.
     Evə gedirik deyə, sevincindən özünə yer tapa bilməyən Sevil, gah koridora qaçıb sanitardan nəsə soruşur, gah palataya qayıdıb dolabın içində eşələnir, mənə mənasız suallar verir, rabitəsiz sözlər danışırdı. Həyəcanını başa düşsəm də, bölüşmürdüm. Axı mən burdan çıxıb hara getdiyimi də düz-əməlli bilmirəm! Xəstəxanadan çıxmaq, bu divarların arxasındakı dünyanı tanımaq, keçmişimi xatırlamağa çalışmaq, yeknəsəqlikdən qurtulmaq istəyirəm istəməyinə, bəs sonra? Gedəcəyimiz evi yadıma sala bilmirəmsə, Sevilin “evə dönüş” həyəcanını necə bölüşə bilərəm?
     Sevil qamətini düzəldib “Mən hazır, gedə bilərik” deyəndə, Zöhrab içəri girdi. Boşalmış palataya gülümsəyərək göz atıb divana oturdu, yerini rahladı. Başa düşdüm ki, uzun-uzadı nəsə danışacaq, bizə moizə oxuyacaq. Yanılmamışdım - evdə keçəcəyim müalicə kursu, fizioterapiya seansları, qida qəbulu barədə on dəqiqəyə yaxın təlimatlar verdi. Sonda da əlavə etdi ki, bir problem yaransa, psixoloji yardıma ehtiyacım olsa Əlixan adlı psixiatrla əlaqə saxlaya bilərəm. Problem deyəndə ki, yaddaşım uzun müddət bərpa olunmasa, psixiatrın köməyi lazım ola bilərmiş. Sevil Əlixanın nömrəsini telefonuna qeyd edib Zöhraba təşəkkür etsə də, “Murada psixiatr zad lazım olmayacaq, özü düzələcək” deməyi də unutmadı.
     -Təki siz deyən olsun. Amma reseptdə yazdığım dərmanları mütləq alın. Baş ağrılarınız sizi narahat eləməsin, get-gedə azalacaq. Gərək daim hərəkətdə olasınız, təmiz havada çox qalsınız. Yeməyinizə də fikir verin. İnanıram ki, Sevil xanım sizə yaxşı baxacaq - deyib Sevilin üzünə mülayim nəzər saldı.
     Zöhrab danışa-danışa əynimə gödəkcə geyindirən Sevil, həkimə minnətdarlıqla baxıb “əlbəttə” dedi və boynuma şərfi dolayıb, iri çantanı yerdən götürdü:
     -Bax belə. Doktor, biz hazırıq.
     Əlini çiynimə qoyan Zöhrab, liftə qədər bizi müşayiət etdi.
     - Əsas odur ki, qorxmayasınız, həyəcanlanmayasınız. Mütləq düzələcəksiniz, özü də beyniniz əvvəlkindən də yaxşı işləyəcək. Sadəcə səbrli olun.
     Sevil liftin düyməsini basıb həkimin əlini sıxdı.
     -Çox sağ olun doktor. Hər şey üçün sağ olun. Mən də əvvəl ona əlimi uzatdım, amma kiçik tərəddüddən sonra qucaqladım. İki dəfə kürəyimə yavaşca vurub ata məhrəmliyi ilə:
     –Özünüzdən muğayat olun - dedi. - Bir də buralara yolunuz düşməsin. Həmişə belə möhkəm qalın.
     -Sağ olun doktor. Hər şey üçün sizə təşəkkür edirəm.
     Doktor Zöhrab, birmənalı olaraq yadımda peşəkar həkim və cana yaxın insan kimi qalacaqdı.
     Küçəyə çıxar çıxmaz, çəpəki yağan yağış şiddətlə üzümüzə çırpıldı. Xəstəxananın qarşısında gözləyən çoxsaylı taksilərdən qapıya ən yaxın olanına özümüzü atıb yola qoyulduq. İlk dəfə xəstəxana ərazisindən kənara çıxdığım üçün hər şey maraqlı görünürdü mənə. Parlament prospekti ilə irəliləməyə başladığımızda yol boyu düzülmüş plakatlarda yazılan şüarları oxumağa başladım. Onların çoxu, Avropa Birliyinin bayraqları ilə bəzənmiş dirəklərin üstünə vurulmuş dördkünc lövhələrə yazılmışdı: “Azadlıq, Demokratiya, İnsan hüquqları”, “Korrupsiyaya yox deyək!”, “Tək yolumuz demokratiya!”, “Şah qanun deyil, qanun şahdır”, “Dövlət insanın xidmətində”, “İqtidar xalqın xidmətçisidir”, “Avropanın liberal dəyərlərini mənimsəyək!”, “Dini fanatizmə və ekstremizmə yox!”...
     Sevil lövhələri maraqla oxuduğumu görüb:
     - Əvvəllər belə yazılar nə gəzirdi - dedi. - Bunların hamısı yeni quruluşun fəaliyyətidir. Xalqı maarifləndirmə proqramını işə salıblar - güldü. - Xalq isə deyir ki, “təzə iqtidar içimizdəki qulu öldürür”.
     Susuram - nə şərh verə, nə bir söz deyə bilmirəm. Bulanıq yaddaşımda aydın olmayan, əyri-üyrü görüntülər peyda olub təzədən yoxa çıxır. Bu şüarların yeni olduğunu, “əvvəlki” həyatımda dirəklərdən belə yazıların asılmadığını mən də xatırlayan kimi oluram. Yazılar həmişə olub, lakin mahiyyət və məzmun etibarilə indikilər tamam ayrı ovqatdan, məramdan xəbər verir.
     -Özgür hardadı indi?
     - Anamgildə. Özüm dedim ki, sabah gətirsin. Bu gün evdə birinci günündü - bir az rahatlaş, dincəl sabah oğlunla doyunca söhbət eləyərsiz.
     Bəlkə də haqlıdır. Hələ öz evimə öyrəşməli, Sevillə bolluca söhbət etməli, bir çox məsələyə aydınlıq gətirməliyəm. Heç olmasa qəzadan əvvəlki son iki-üç ilim barədə məlumatlı olmalıyam. Sevillə necə, nə üstə boşandığımızı, onun kimə və nə üçün ərə getdiyini, biz boşandıqdan sonra tanış olduğum qadınları, Rənanı... Bəs Toğrulla necə olub qəzaya düşmüşəm? Bu da aydın deyil mənə. Sevil Rasimdən də boşandığını deyir. Niyə, nə üstə boşanıblar? Bəs biz bundan sonra necə, harda yaşayacağıq - bir evdə, yoxsa? Oğlumuzun taleyi necə olacaq, dərsləri necə oxuyur? Ən çox da ölkədə nələrin dəyişdiyini, çevrilişin necə baş verdiyini bilmək istəyirəm. Bəli, indi özüm də görürəm ki, çox şey dəyişib, amma bunları anlamaqdan ötrü zehnimi xeyli yormalı, beynimin qaranlıq dəhlizlərinə işıq salmalıyam. Sevil də bu işdə yeganə köməkçim, dostumdur. Axı ondan və oğlumdan savayı kimim qalıb bu həyatda? Ən yaxın dostlarım, hətta sevgilim də bu dünyadan köçüblər. Belə baxsan elə mən də köçmüşəm. Yaddaşım bərpa olunmayacaqsa, bu cür ot kimi yaşamağın nə mənası? Zöhrab da, Sevil də deyirlər düzələcəyəm, hər şey yaxşı, hətta əvvəlkindən də yaxşı olacaq. Onlara inanmaqdan başqa əlacım yoxdur, inanmağa məhkumam. Amma düzəlməyəcəyəmsə, ölənə qədər belə yarımçıq yaşamaqdansa, indidən ölmək yaxşıdır.
     Ölüm. Mən onun astanasındaydım, sağalmağım əsl möcüzədir. Ölümdən başqa çıxış yolu qalmayanları indi necə də başa düşürəm. Necə də yaxından duyuram bu qorxunc qərarı verərkən, ölümə gedərkən onların hansı hisslər keçirdiyini. Kim, ağlı başında hansı adam boş yerə özünə qıyar, ömrünə son qoyar? Düzdür, hər birimizin zaman-zaman ölüm barədə fikirləşdiyimiz, hətta ölümü arzuladığımız anlar olur. Lakin onun soyuq nəfəsini üzümüzdə hiss etdiyimizdə, necə də bərk-bərk sarılırıq həyata! Hələ görüləcək işlərimizin, deyiləcək sözlərimizin, yaşanılacaq duyğularımızın qaldığını xatırlayırıq. O anda hamısı bir-bir yadımıza düşür, gözümüzün qabağından keçir. Hətta uzaq keçmişdə qalan, çoxdan unutduğumuz səhnələr də canlanır şüurumuzda.
     Hələ ki, bu küçə, bu bina, bu blok mənə heç nə demirlər, bununla da əslində məhv edirlər məni, dəli edirlər. Bəs bu lift? Xəstəxanadakı kimi geniş, işıqlı, güzgülü və təmiz deyil. Darısqal kabin, sıxılan ruhum, yerə ya da tavana baxmaq zərurəti, divarlardakı yazılar. Əlbəttə, zəhləm gedir bu darlıqdan, dözmək olmur ona. Tanışdır bu duyğu mənə, çox tanışdır. Mənzilin qapısı isə daha çox düşür yadıma. İçəri addım atan kimi yaddaşımda bir qığılcım çaxır - mən bu evi tanıyıram! Valideynlərimi də xatırlayıram. Hə, bu evin içində atama, sonra da anama dair xatirələr qırıq-qırıq da olsa şəkil alır yaddaşımda.
     Soyunmaqda mənə kömək edən Sevil bir yandan diqqətlə məni izləyir. Şərfdən, gödəkcədən, ayaqqabılardan bir-bir azad oluram. Evi gəzmək, görmək üçün tələsirəm. Sevilə də deyirəm bunu. Ürəkdən gülür:
     -Guya evlər nə boydadı ki?
     Əvvəl vanna otağının qapısını aralayıb içəri boylandım, sonra ardıcıllıqla mətbəxə, yataq otağına keçdim. Xatirələr hafizəmdə bulanıq canlanır, mənə əzab verir, istəyirəm başımı bərkdən divara vurum bəlkə köməyi oldu, beynim işləməyə başladı, yada saldım hər şeyi. Yox, bunun mənə nə faydası? Əşi olsun, hələlik bu da bəsimdir. O vaxt faciə olardı ki, bu evə qarşı tam laqeyd qalardım. Qonaq otağına girəndə əvvəl pəncərəni və boz tül pərdəni gördüm. Hə, mən bu pəncərənin qarşısında dayanıb küçəyə baxıram. Tez-tez dayanıb baxıram. Sanki kənardan özümü görürəm indi, özümə tamaşa edirəm. Müdhiş hissdir, qorxuludur. Bəs bu divan? Keçib əyləşirəm və... bu cırıltı necə də tanışdır, doğmadır! Bu masa, bu servant. Servantdakı kitablar - dünya və rus klassikası, müasir ədəbiyyat. Çərçivədə şəkil. Ayağa qalxıb cumdum şəkilə doğru, əlimə götürdüm. Əlbəttə, dərhal tanıdım atamı.
     Sevil qapının çərçivəsinə söykənib mənə baxırdı.
     -Yaxşısan?
     -Hə, narahat olma.
     -Acsansa yemək var, mama toyuqlu aş pişirib. Qızdırım?
     -Yox, çox sağ ol. Çay varsa içərəm - çərçivəni yerinə qaytarıb dedim.
     -Suyu elə indicə qoydum qaynamağa.
     Bilmirəm, mənə nə oldusa, özümü halsızca divana buraxıb mızıldandım:
     -Gəl otur yanımda, qurban olum.
     - Can, mən sənə qurban olum. - cəld gəlib yanıma oturdu, əlini yanağıma qoydu. - Doğrudan yaxşısan, ağrın zadın yoxdu?
     -Yaxşıyam, doğrudan yaxşıyam - otağa diqqətlə nəzər yetirərib dedim. - Bircə yada sala bilsəm.
     -O da düzələcək, narahat olma. Aa, qəfədan qaynayır. Sən televizora bax, mən sənə çay dəmləyim - televizorun pultunu mənə verib yanağımdan öpdü, mətbəxə qaçdı.
     Sevil bax deyirsə, baxaram. Televizoru yandırdım.
     Yadıma düşür ki, “əvvəlki həyatımda” televizor həvəskarı olmamışam. Nədənsə bu xatirə güldürdü məni. Ədalətsizliyə bax - xatırlamalı o qədər vacib şey qala-qala, mən keçmiş həyatımda televizora olan münasibətimi yada salıram. Kanalların birində Azərbaycan dilinə dublyaj olunmuş xarici film göstərirdilər. Başqa bir kanalda isə cizgi filmi. Üçüncü kanalda debat gedirdi - studiyadakı yuvarlaq, qara masanın arxasında iki nəfər qonaq və yüngül-məzac qadınlara xas sırtıq təbəssümü olan aparıcı qız əyləşmişdi. Debatın mövzusunu ekranın sol alt küncündən oxudum - “Demokratiyanın sərhədləri”. Qonaqlardan biri - dazbaş, danışanda xəfifcə pəltəkləyən, əlli yaşlarında kişi - yumruqlarını birləşdirib stolun üstünə qoymuşdu və monoton səslə danışırdı:
     -Biz bundan sonra, demokratiyanı çərçivəyə salmaq yox, onun sərhədlərini daha da genişləndirmək barədə düşünməliyik. İllər boyu Milli rejimi xalqın təməl hüquq və azadlıqlarını boğdu. Xalqımız demokratiyanın nə olduğunu hardan bilsin axı? Azad seçkinin nə olduğunu hardan bilsin? Ona görə də siz, Əlövsət bəy, demokratiyanın sərhədlərindən danışanda mənə elə gəlir ki, onu məhdudlaşdırmağı nəzərdə tutursunuz.
     Əlövsət bəy deyilən orta yaşlı adamın nazik bığı, iri və ucuiti qulaqları vardı, gözləri də qəzəblə parıldayırdı. Əl-qolunu ölçərək opponentinə etiraz etməyə başlayanda, bayaq danışan qonaq daha da qızışdı.
     -Nədi, bəlkə düz demirəm!?
     Aparıcı qız, əsəblərə toxunan, nazik, cüyültülü səsi ilə:
     - Arif bəy, Əlövsət bəyin də bu barədə fikrini eşitsək pis olmaz. Siz ittiham səsləndirdiniz, onun isə cavab vermək hüququ var - dedi.
     Arif məcburiyyət qarşısında “əlbəttə, buyursun” deyəndən sonra, Əlövsət boğazını arıtlayıb:
     - Arif bəy, siz məni düzgün başa düşmədiniz. Mən məhdudlaşdırmaqdan danışmıram. Sadəcə olaraq sizin təklif etdiyiniz hüdudsuz azadlığın sonu elə seksual inqilabdır - pafosla dedi. - Bizim ölkədə isə bunun üçün əsas yoxdur. Hələ bu misallardan ancaq biridi, başqa arqumentlər də gətirə bilərəm.
     -Seksual inqilaba əsas yoxdursa, niyə narahat olursunuz? Seksual inqilab süni ola bilməz axı. Əgər cəmiyyət buna hazır deyilsə, o barədə heç danışmağa dəyməz. Amma hazır olandan sonra heç birimiz bunun qarşısını ala bilmərik - nə siz, nə mən. Odur ki, bu kontekstdə islama, milli dəyərlərə istinad etmək yersizdir. Onsuzda Milli rejimi dinə və milli mənəvi dəyərlərə iyirmi ildən artıq apelyasiya etdi. Biz də bunun axırını gördük də.
     -Xahiş edirəm, dəqiqə başı Milli rejimi-Milli rejimi deməklə, söhbətin istiqamətini sapdırmayın. Bu gün Milli rejimi yoxdur ki?! Devirmisiniz, əcəb eləmisiniz, amma xahiş edirəm dürüst olun. Sizin dərdiniz Avropa dəyərləri, demokratiya deyil. Siz hamınız, sizin hökumətiniz Avropalı missionerləri bura yığıb xalqımızın əxlaqını pozmaq istəyirsiniz. Gəlin xalqa hesabat verin - deyin görüm, Avropadan aldığınız qrantlar hara sərf olunur, nəyə sərf olunur? O gün də sizin nazirliyin əməkdaşı deyirdi ki, kimsə Azərbaycanda ilk peşəkar porno film çəkmək istəsə, biz bunu yalnız alqışlaya bilərik.
     Arif əsəbi halda qımışıb, əlləri ilə “bu nə deyir?” mənasında jest elədi:
     - Baxın, biz despotik, avtoritar iqtidarı devirib, onun qalıqları üzərində demokratik sistem təsis etməyə çalışırıq. Missionerin, porno filmin buna nə dəxli, siz nə danışırsınız?
     Bu məqamda özünü ağıllı göstərmək istəyən aparıcı müdaxilə edib Arifə özü sual verdi:
     - Əlövsət bəyin söylədiklərində heçmi haqlı məqamlar yoxdur? Əvvəlki rejimə görə, indi biz bütün milli-mənəvi dəyərlərimizdən vazmı keçməliyik? Razıyam, Milli rejimi bu dəyərləri gözdən salmışdı, şitini çıxarmışdı, amma bundan sonra bizim işimiz bunları doğru istiqamətdə inkişaf etdirmək olmamalıdırmı? Şəxsən mən özümü müsəlman sayıram və düşünürəm ki, bizə seksual inqilab lazım deyil. Porno film də həmçinin.
     Arif aparıcının sözünü kəsdi:
     -Seksual inqilabdan bizim opponentlərimiz danışır, biz yox.
     Qız təslim olmaq niyyətində deyildi:
     -Bəs siz azad seksdən danışanda, opponentləriniz nə deməlidir?
     Arif yenə qımışıb, “mən hara düşmüşəm, bunlar nə qanmaz adamlardır” tərzində əlini buladı:
     - Siz nə danışırsınız ay xanım? Azad seks nədir? Seksin qeyri-azadı da olur? Hə? Aparıcı gözlərini döyərək:
     -Nə necə olur? - soruşdu.
     -Azad olmayan seks necə olur? Onu soruşuram.
     -Azad olmayan seks, partnyorlardan birinin, ya da ikisinin iradəsinin xaricində baş verən, onlardan birinin, ya da ikisinin istəmədiyi seksdir. Məsəlçün, zorlama - azad olmayan seksdir. Yoxsa, normal seks əlbəttə ki, azad olmalıdır. Siz ümumiyyətlə nə danışdığınızı bilirsiniz? Müsəlmansınızsa öz dininizə uyğun yaşayın, sizə kim mane olur? Amma bizim dövlətimiz sekulyar dövlətdir, Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə də mənim geniş anlamda başa düşdüyüm insan hüquq və azadlıqlarını, sizin seksual inqilaba, seksə, beldən aşağı mövzulara endirməyiniz məni çox təəssüfləndirir... ”
     Sevil, buğlanan iki fincanla otağa girib yanıma yaxınlaşdı.
     -Bunlara baxırsan? Bezdiriblər ee.
     Fincanımı onun əlindən götürüb:
     -Hə, maraqlı gəldi nəsə. Gic-gic danışırlar. Kimdir ki, bunlar? - soruşdum.
     - Bu Arif Mövsümovdur, mədəniyyət nazirdi, inqilabı edənlərdən biridir. Niyazi Salayevin yaxın dostudur. Əbülfəz Quliyev isə müxalifət partiyasının deputatıdır. Çevrilişdən sonra parlament seçkiləri keçirildi, bu çoban da deputat seçildi.
     -Nə müxalifət partiyası?
     -Təzə yaranıb, inqilabdan sonra. İndiki hakimiyyətdən narazılar Rifaha Qayıdış adlı partiya qurub seçkilərə getdilər. Ölkədə nə qədər kloun, təlxək, avara var, yığışdı bu partiyaya. İnqilabdan sonra prezident seçkiləri ilə parlament seçkilərinin eyni gündə keçirilməsinə qərar verildi. RQP-nin də 125 nəfərlik parlamentdə 6 deputatı var.
     Təəccüblə ona baxdığımı görüb:
     - Sən komaya düşəndən sonra siyasətlə maraqlanmağa başladım - fəxrlə dedi.
     Güldüm. Sonra ciddiləşib soruşdum:
     -İnqilab dəqiq nə vaxt oldu?
     -Ay yarım olar. Deyirəm ən çox arzuladığın hadisəni də görə bilmədin. Çox təəssüf - dedi və əlimdən pultu alıb televizoru söndürdü - İndi sən çiməcəksən, sonra da sənin yaddaşını düzəldəcəyik.
     Çaydan bir qurtum içib alnımı qırışdırdım:
     -Necə edəcəyik bunu?
     - Hmm. Məsələn sənə suallar verəcəm, sən də cavab verəcəksən. Qorxma, kömək eləyəcəm sənə.
     -Gündəliklərim hanı bəs?
     Gözlərini qıyıb mənə baxdı.
     -Elə indi oxumaq istəyirsən? Qaça-qaçdır?
     Ayağa qalxıb stola yaxınlaşdım, ağzıma bir şokolad atdım. Bu dad üçün də darıxmışammış.
     -Rasimdən niyə ayrıldınız?
     Divanın belinə yaslanıb fincanı iki ovucu ilə tutdu, gözlərini tavana dikdi.
     -Bizimki alınmadı. Alınmayanda insanlar boşanır.
     - İnsanların hansı hallarda boşandığını təxmini başa düşürəm - gülərək dedim. - Mən səbəbini soruşuram.
     Köks ötürüb qabağa əyildi, qamətini düzəltdi.
     -Çünki səndən sonra onunla qala bilməzdim. Komada yatırdın, hər an ölə bilərdin. Mən hər gün sənin yanında olmalıydım, səninlə olmalıydım. İki ay reanimasiyada yatdın, sonra intensiv terapiyaya köçürdülər. Ondan sonra yanına buraxıldım. Özgürü də bir-iki dəfə gətirdim yanına. Rasim bunları qəbul edə bilmirdi. Onu da qınamıram, arvadı gecə- gündüz xəstəxanada itib batırdı.
     Vicdanım sızıldadı:
     -Mənə görə nə qədər əziyyət çəkmisən - dedim.
     -Boş-boş danışma. O nə sözdür?
     -Bəs necə oldu? Birdən-birə ona dedin ki, ayrılıram səndən?
     - Bir gün dava düşdü evdə. Ağlamağımın üstündə. Qayıdıb mənə dedi ki, o adam canlı deyil, bitkidir, bu gün sabahlıqdı. Sonra məlum oldu ki, mən evdə olmayanda uşağa da həmin sözləri deyib, onu ağladıb. Özgür əməlli-başlı depressiyaya düşmüşdü. Dərslərini buraxırdı, oxumurdu. Anam da ona görə indi düşüb onun dərslərinin üstünə ki, uşaq sinifdə dala qalmasın.
     Divana qayıdıb yanına oturdum, yarıyacan boşalmış fincanı əlindən aldım. Öpüşməyə başladıq. Əllərimi döşlərində sürüşdürdüyümü görüb üzünü məndən araladı:
     -Buna hələ vaxtımız olacaq - dedi və ayağa qalxdı.
     Yataq otağına keçib oradan noutbukla qayıtdı.
     - Bu da sənin kompüterin. Yaxşıdı parol qoymamısan, indi yüz faiz yadına düşməzdi.
     Bərkdən gülüb, əlindən noutbuku aldım, üstünü sığalladım:
     -Parol qoymamışam, sən də əlbəttə qurdalamısan, hə?
     -Yox əşi, nəyimə lazımdır? - gözlərini bic-bic süzüb dedi.
     -Yaxşı, yaxşı mənə gəlmə də. Bəs gündəliklərim hanı?
     Sevil saxta hiddətlə noutbuku əlimdən dartıb aldı, masanın üstünə qoydu:
     –Kolonka qızıb, marş hamama! Xəstəxananın iyi gəlir səndən.
     -Sən canın, sonra çimərəm də.
     - Elə şey yoxdu! Elə bu saat çimirsən. Xəstəxana iyi verə-verə gəzmə evdə. Çiməndən sonra da yemək yeyəcəyik. Ondan sonra istəyirsən gündəliklərini oxu, televizora bax, neynirsən elə.
     -Sən həmişə belə qəddar olmusan?
     -Marş!
     Sevil məni vanna otağına tərəf itələyir, mən isə zəli kimi yapışdığım dodaqlarından qopmaq istəmirdim.

***


     Qara bloknotumdan əlavə, Sevil evin künc-bucağında yığılıb qalmış son bir ayın ona yaxın qəzetini də verdi mənə: “Bunları da oxu, faydalı olar”. Qəzetlərə sevindim, amma əvvəl bloknotdakıları oxumaq - özümlə, fikir dünyamla tanış olmaq üçün tələsirdim. İndi məni yalnız gündəliklərin düşündürdüyünü, gecəni onları oxumaqla keçirmək istədiyimi başa düşən Sevil, saat on ikiyə qalmış yanağımdan öpüb mənə “Gecən xeyrə” dedi və yatmağa getdi. Evdə ayaq səsləri susandan, qonaq otağının işığı sönəndən sonra özümə kofe süzüb mətbəx stolunun arxasına keçdim, bloknotu açdım və bir zamanlar yazdığım, bu gün isə xatırlamadığım qeydlərimi oxumağa başladım.
     Nəhayət keçmişimə səyahət edib, özümlə üzləşəcəkdim.

II FƏSİL
GÜNDƏLİKLƏR


O... ömrü boyu yalan və cinayətlərlə qidalana-qidalana,
qəddarlıq, şərəfsizlik uzərində ucalmış və anlamışdı ki,
hakimiyyət tamahı - yalnız şiddətli hakimiyyət yanğısını
doğurur, lakin, başa düşməmişdi ki, hakimiyyətdən,
təkcə bizim dünyanın yox, heç o biri dünyaların da
axırınacan doymaq mümkün deyil...”

Gabriel Garsia Markes
“Patriarxın payızı”
Ürəkbulanma


     Bir, iki, üç, dörd... iyirmi, iyirmi bir, iyirmi iki... qırx altı, qırx yeddi...
     Başımı su ilə dolu sarımtıl vannadan çıxarıb tərləmiş güzgüdə bulanıq, solğun əksimlə göz-gözə gəlirəm. Əksim dərin bir nəfəs alır.
     Həftələrdir yuyulmayan dəsmalla güzgüdəki təri sildim, saçlarımı quruladım. Vanna otağının qəhvə rəngli divarlarına eybəcər damcı ləkələri çöküb. Onlardan birini barmağımla silmək istədim, alınmadı. Ləkə divarın canına hopmuşdu. Çətin ki, bundan sonra kimsə bu ləkələri silə. Bütün mənzilim kimi, vanna otağı da qadınsızlığın ağır nəticələri ilə üzləşib. Qadına aid heç bir iz daşımayan bu darıxdırıcı məkanda - nə ona aid şampun, nə saç balzamı, nə duş geli, nə makiyaj silən salfetlər - heç biri qalmayıb. Vanna otağı erotizmini itirib sanki. Cütünü itirmiş diş fırçam isə, boynunu büküb arıq pastaya söykənib. Əncam qılmasam, nəinki vanna otağı, bütün varlığım pas tutacaq. Gülümsəməyə gücüm də var hələ.
     Tənha olmaqla, tək olmaq arasında uçurum boyda fərq varmış. Halbuki, dərinliyinə varmasan, sinonim kimi görünür bu sözlər. Aralarındakı fərqi anlamaqdan ötrü dostlarımın ötən həftə çayxanada etdiyi söhbətə bir küncdə oturub, qəlyan sümürə-sümürə qulaq asmalıyammış.
     Bir şairdən söhbət düşmüşdü. İndi heç adı da yadımda deyil. Dedilər “Təkəm” adlı bir şeir yazıb, özü də uğurlu alınıb. Əvvəl qulağıma fraqmentlərlə çatan söhbətə diqqət kəsilib qulaq asmağa başladım. Sənan ürəkdən gülmüş, sonra isə ciddi görkəm alıb, başını bulamışdı.
     - Gör vəziyyəti necə ağırdır. Tənha da deyil ey bu həyatda! Təkdir, tək! Yəni Allah kimi.
     Heç kim ağzımı açacağımı gözləmirdi. Yenə də:
     - Görəsən bu iddiası təkəbbürdən irəli gəlir? - soruşdum. - Yoxsa təkliyini elan etməsi ümidsizliyin, çarəsizliyin gətirdiyi hayqırtıdır?
     Cavab gəlmədi. Birtəhər baxdılar mənə, araya söz qatıb, söhbətin mövzusunu dəyişdilər. “Tək” şairin poetikası bircə dəqiqə belə müzakirə olunmağa layiq deyilmiş.
     İndi özüm-özümə verirəm bu sualı: tənhayam, yoxsa təkəm? Bu, söz oyunu deyilsə və ikisi arasında doğrudan da “uçurum boyda fərq” varsa, hansı birini mənə aid etmək olar? Hansı biri mənim ruhi böhranımı, psixiloji vəziyyətimi daha dəqiq, daha dolğun əks etdirir?
     Xeyr, əhatəmdə kifayət qədər insan var. Dost və sevgili adlandıra biləcəklərimdən başqa da, daim ünsiyyətdə olduğum, bəzən isə ünsiyyətdə olmağa məcbur qaldığım adamlar. Bu mənada özümü tənha adlandıra bilmərəm. Bəs təklik nədir? Təkəbbür qalası? Allahlıq iddiası?
     Təklik mənlik deyil, məsuliyyəti ağırdır. Bəs tənhalıq?
     Örtüksüz, yerbəyerindən ipləri süzülmüş nimdaş Riqa divanına sərilib gözlərimi yumdum. Yenə burnuma köhnəliyin və on illər əvvəl qurumuş nəmliyin qoxusu dəydi. Bəlkə də atam bu nimdaş divanda əkmişdi məni, o əsnada yalnız öz həzzini düşünərək, nəticəni ağlına gətirməyərək, tərləyərək, yorularaq. Anam da maye halında məni bətninə - bəşəriyyətin ən zərif saxlanc yerinə qəbul etdiyində, təri atamın tərinə qarışıb bihuş olanda, zarıyanda və inildəyəndə bir əzabın, bir tənhalığın və bir çarəsizliyin bünövrəsini qoyduğunu düşünməmişdi. Axı onların heç biri, mənim indi cavab axtardığım sualların ağır yükü altında əzilməmişdilər.
     Uşaq yaşlarımda, böyüklər “başım ağrıyır” deyəndə, bu ağrının nə cür ağrı olduğunu, diş, yaxud da qarın ağrısından nə ilə fərqləndiyini düşünürdüm. Baş ağrısını dadmaq istəyirdim, böyükləri başa düşməkdən ötrü. Sifətindən zəhrimar yağan, yaşıl, qırmızı güllü xələtli anamı, başında arxadan möhkəmcə düyünlənmiş kəlağayı ilə xatırlayıram. Bu ona aid hafizəmdəki yeganə obrazdır. Üç yaşlı uşağın yaddaşına rəsm edilmiş, anası ilə bağlı ilk və son obraz. Sonradan baş ağrısı çəkən qadınlarımızın əsasən bu üsula əl atdıqlarını, başlarını sıx çevrələyən əski-üskülərlə ağrılarını azaltmağa çalışdıqlarını gördüm.
     İndi bir ildir baş ağrısı mənim də çağırılmamış, çıxıb getmək istəməyən qonağımdır. Vücudum bütün ağrı kəsicilərə öyrəşib deyə, həblər də kömək etmir. Uşaq olanda həkimlərin xəstələnmədiyini, müəllimlərin yatmadığını, yemək yemədiyini düşünürdüm. Budur, baş ağrılarından əziyyət çəkən bir həkim kimi, özümə əlac tapa bilmirəm indi.
     Mən tənhayam, ya təkəm - deyəsən mənim üçün fərqi də yoxdur. Lap tutaq ki, yalnızam. Bunun adı nə olursa olsun - əzabına dözə bilmirəm artıq. Sevmirəm bu hissi, nifrət edirəm. Dərddən, kədərdən mazoxistik həzz duyanlara isə paxıllığım tutur. Əzabın mənbəyini qurutmaq bir yana, o mənbəni sevməyə, ona daha çox bağlanmağa, içində daha çox batmağa can atırlar və bunu bacarırlar. Necə? Nə üçün? Bax bu aydın deyil mənə.
     Mənə aydın deyil bu sıxıntıdan necə narahat olmamaq; qəfəsə qapadılmış ürəyin gah zəif, gah sürətli çırpınışlarını necə sevmək olar? Asosial adamları görən gözüm yoxdur. Dərdinə qapanmış, bədbinliyi kultivasiya edən enerji vampirlərindən uzaq gəzirəm, çünki onlarla ünsiyyət zamanı həyata, işığa, səadətə, xoşbəxtliyə inamım daha da azalır, bəzən isə yoxolma həddinə çatır. Sonra özümə gəlmək üçün uzun, upuzun bir zamana ehtiyac duyuram.
     Ürəyim bulandı. Köhnə Riqa divanının gərgin yaylarını cırıltı ilə boşaldıb cəld ayağa qalxdım. Vanna otağına qayıdıb unitaza əyildim. Qusa bilmədim. Gözlərim sulanmışdı, ürəyim tez-tez döyünürdü. Bir müddət nəfəsimi dərib, üzümə su vurdum, otağa qayıtdım. Burada ən sevdiyim yer olan pəncərə kənarına yaxınlaşdım.
     Oktyabr ayı bu il yağışlı, küləkli gəlmişdi. Qəmgin, eyni zamanda coşqun yağış yağırdı. İri damcılar son bahar marşı çalaraq şiddətlə asfaltı döyəcləyirdilər. Boz səma, soyuq küləyin hücumlarından sifətini turşutmuşdu. Küçədə tək-tük adam gözə dəyirdi.
     İnsanın nə istədiyini bilməməyindən daha işgəncəli heç nə təsəvvür etmirəm. Oxumağa kitablarım, zəng vurmağa dostlarım, sevgilim, həmkarlarım var - bəs nəyi gözləyirəm? Niyə oxumağı gözləyən kitablardan birini əlimə götürmürəm? Niyə heç kimə zəng vurmuram, görüşüb sıxıntılarımdan bir az olsun azad olmaq istəmirəm? Öz ovqatımla insanların qanını qaraltmaq istəmirəm bəlkə? Yox, bu belə deyil. Axı mən hisslərimi ustalıqla gizlətməyi, biruzə verməməyi bacarıram.
     Ümumiyyətlə zahirən çox sakit, təmkinli adamam. İstənilən hissi, ya da emosiyanı oynamağa da hazıram, təki ətrafımdakı insanlar müəyyən situasiyada istədiyim reaksiyanı göstərsinlər. Əslində bu, çox vaxt onların da xeyrinə olur. Düzdür hisslərimi sevsəm də, emosiyalar hərdən özümə ziyan vurur. Hiss mənim nəyəsə qarşı şüurlu münasibətimdirsə, emosiyalarım tamam fərqlidir - güclü, dəyişkən və səbatsızdır. Bir an üçün hansısa hadisə zamanı üzə çıxan qeyri- adekvat və dərk edilməmiş reflekslərimdir.
     Xeyr, mən demirəm ki, hisslərlə yaşamaq daha asandır. İstənilən hiss zamanla öz təravətini, dərk edilmə şiddətini, hətta cazibədarlığını da itirir. Çox güman ki, romantik duyğuların zamanla zəifləməsi da bundandır. Emosiylar isə narkotik kimidir mənim üçün. Onlar daha maraqlı və kəskindir. Ola bilsin anlıq gəlib, tez də sönürlər, amma emosiyalarla yaşamaq daha maraqlıdır. Mənim kimi adamlar hər yerdə və hər zaman fərqində olmadan emosiya axtarışında olurlar. Odur ki, tələb-təklif qanununa uyğun olaraq emosiyaların tacirləri və istehlakçıları var.
     Pəncərəmdən açılan mənzərəni sevirəm. Bir istiqamətli avtomobil yolu, marketlər, dayanacaq, maşın yağlama mərkəzi, qadın salonu - insanların gündəlik yaşantısını, tələbatlarının ödənmə və pul qazanma prosesini müşahidə etməyimə imkan verir mənə pəncərəm. Küləyin qaldırdığı paltarının balaqlarını aşağı endirməyə çalışan orta yaşlı bir qadın, sola baxa-baxa yolu keçib yaşadığım doqquzmərtəbəli binanın altında gözdən itdi. Ürəkbulanmam hələlik keçmişdi. Pəncərədən bayıra baxmaq, gördüklərim barədə düşünmək deyəsən kömək edirdi mənə. İndi də gənc sevgili ya da evli cütlük yolu keçir. Onlar da maşınlardan ehtiyatlı olmağa çalışırlar. Ekstrasensor hadisələrin burulğanında yaşayan, metafizik inanışları rasional ağlı üstələyən, fövqəlbəşərə inanan bu adamların arasında insan özünü çox cılız, lazımsız hiss edir. Dəfələrlə olub ki, dostlarla oturub bu insanları müzakirə edəndə, bircə cümlə ilə söhbəti yekunlaşdırmışıq - onlar bizdən xoşbəxtdirlər. Xoşbəxtdirlər, çünki ayda bir dəfə verilən bayram, iki günlük tətil, bayram axşamı dənizkənarı parkda atılan fişənglər və pulsuz, kütləvi konsertlər - bunların xoşbəxt olmasına kifayət edir. Əzablı ifadə naxış kimi həkk olunsa da boz sifətlərinə, xoşbəxt olduqlarını deyib, şükür içində yaşayırlar. “Allah bundan pisini göstərməsin. Buna da min şükür” sözləri ilə təsəlli tapırlar.
     Mənə elə gəlir bütün bəşəriyyət keçib bundan. Şükür zaman-zaman, bütün insanlığın yırtıcı kimi, acgözlüklə udduğu xırda amma doydurucu qida olub. Mənim ölkəmin insanları haralardasa uzaqlarda, onlardan daha pis yaşayan, daha çox əzilən xalqların olduğunu bilib, şükür edirlər. Telekanallar ölkədəki problemləri bir kənara qoyub, qonşu ölkələrdə, uzaq şərqdə, Avropada, Amerika qitəsində baş verən faciələri, səfaləti, təbii fəlakətləri, aclığı, yoxsulluğu, böhranları qabardıb hamıya bir ağızdan “bizə min şükür” dedirdir. Qocalar övladlarının, yaxınlarının öhdəliyindədir, ona görə də müavinətlərinin az olması onları narahat eləmir. Məmurlar rüşvət piramidasında hərə öz yerində bərqərar olub, ona görə də maaşlarının azlığı onlar üçün dərd deyil. Bir sözlə sistem mükəmməl qurulub. Mükəmməl sözünün bu situasiyada işlədilməsi nə qədər doğrudur, bilmirəm, amma başqa əvəzedici ifadə tapmaqda da çətinlik çəkirəm.
     Daha nə yazıb, nə danışasan? Qələm əhli olan dostlarımdan da tez-tez soruşuram bunu. Razılaşırlar mənimlə: “Düzdür, təkrarçılığa yol veririk. Amma deyilməmiş heç nə qalmasa da, biz yazmaqdan və danışmaqdan başqa heç nə bacarmırıq... ”
     Onsuzda heç nəyin düzəlməyəcəyinə dair inanc kök salıb ürəklərində. Siyasi hakimiyyət ölkədə elə bir vəziyyət yaradıb ki, əllərini aşağı salıb, səssiz-səmirsiz, dəhşətlə baş verənlərə tamaşa etməkdən başqa əlac qalmayıb. Bu unikal sistemin eybəcərliyi həm də ondadır ki, hər şeyin, o cümlədən mübarizənin və ümidin də mənasızlığına inandırıb əhalini.
     Bu telefon zəngi məni əzablı yalnızlıqdan qurtarmağa hesablanıb görəsən? Ola da bilər, olmaya da. Displeyə baxıram. Zəng vuran Rənadır.
     - Nəhayət, şahzadəm məni yad elədi - səs tonumu elə bacarıqla dəyişdim ki, elə bil bayaqdan kefim saz, damağım çağdır.
     Rənanın səsi isə kal gəldi:
     - Demə-demə. İndicə oyanmışam. Səhər beşə qədər kinoya baxdıq - xəttin o başından əsnədiyini duydum.
     -Kiminlə baxmısan?
     - Ləman gecə bizdə qalmışdı. İkiyə qədər oturduq yemək yedik, bir az içdik. Sonra da dedim daha gecdir, bizdə qal, səhər gedərsən.
     Ləman Rənanın ən yaxın rəfiqəsidir. Bir dizayn şirkətində art-direktor işləyir.
     Bu sualın cavabı mənim üçün bir o qədər əhəmiyyətli olmasa da:
     -Çıxıb gedib, yoxsa yanındadı? - soruşdum.
     - Yox, burdadı. Mətbəxdə qurdalanır - Rəna bir də əsnədi. - Sənin planın nədi? İstəyirsən gəl bir yerdə nahar edək.
     - Yox əşi, sağ ol. Sizə nuş olsun.
     Rəna səsimdəki qətiyyətsizliyi sezdi.
     - Naz eləmə - dedi ağzını əyə-əyə. - Gəlirsən gəl də.
     Bu dəfə daha qəti idim:
     - Yox, yox zarafatsız. İstəmirəm. Sizə nuş olsun. Ləmana da salam deyərsən. Şəhərə çıxası olsan xəbər ver, görüşək.
     -Çətin ki, bu gün vaxtım olsun. Kalan görüşüm var.
     -Bazar günü nə görüş? - təəccüblə soruşdum.
     Rəna neft və inşaat şirkətləri üçün avadanlıq satan firmada satış müdiri işləyir. Gündə bir neçə müştəri ilə görüşmək, onlara yeni kataloqları göstərmək, təkliflər vermək onun vəzifəsidir. Məndən 3 qat artıq pul qazanır və bu fakt nə onu, nə də məni hələlik narahat etmir. Əslində edə də bilməz, çünki biz heç vətəndaş nikahında da deyilik və bir-birimizin qarşısında öhdəlik götürməmişik.
     -İş görüşü deyil. Xalam qızı məni sevdiyi oğlanla tanış eləmək istəyir. Kafeyə gedəcəyik.
     Sonra da işdəki bir qızın ad günüdür, ora baş çəkməliyəm. İstəsən sən də gələ bilərsən.
     Tanımadığım bir qızın ad günü mərasiminə getmək həvəsində deyildim. Ümumiyyətlə səs-küylü məclisə düşmək, halımı daha da pisləşdirə bilərdi.
     - Yox, çox sağ ol. Amma ad günündən tez çıxsan, zəng elə görüşək. Şəhərdə olacam. Yağır. İsti geyinərsən.
     - Yaxşı canım, oldu. Ləman da çağırır, mən gedim. Öpürəm səni. Özünə yaxşı bax.
     -Mən də səni.
     Telefonu söndürmədən öncə, gözlənilməz suallar vermək adətidir.
     - Səsin nəsə birtəhər gəlir. Yaxşısan? - Rənanın səsində doğrudan da səmimiyyət notlarını sezdim. Bu məni sevindirdi.
     -Narahat olma. Bir az başım ağrıyır.
     -Yaxşı, oldu - dedi. Səsində şübhə qırıntıları vardı.
     -Görüşərik canım, sağ ol.
     Bax belə. Boşanmış kişinin göylərdən göndərilmiş təsəllisi - Rəna. Nə zaman ehtiyac duysam, hər an tələbatlarımı ödəməyə hazır, öz gələcəyinin konturları mənimkilər qədər bulanıq və qeyri-müəyyən olan fədakar sevgilim.
     Yenə də məndən fərqli olaraq ailə qurmamış, dünyaya övlad gətirməmiş gənc qadın.

Rəna


     Rəna Toğrulun 29-cu ad gününə onun bacısı ilə gəlmişdi və gələn kimi yanımdakı boş stula əyləşmişdi. Əvvəl başı ilə salam vermişdi, mən də salamını almışdım. On dəqiqə sonra isə artıq əlli illik dostlar kimi nəyəsə qəşş edib gülürdük. Bu qəribə idi - azərbaycanlı qızlara xas olmayan rahatlığı, sakitliyi məni çaşdırmışdı. Özünü sıxmırdı, ən əsası isə vulqar və sırtıq deyildi. Mən dayanmadan içdiyimə görə, o gün nə danışdığımızı xatırlamıram. Rəna məndən az içsə də, öz dediyinə görə onun da yadında heç nə qalmayıb. Görünür heç birimizin məqsədi danışmaq deyildi o gün - biz bir-birimizi tanımaqla məşğulduq. Toğrul, sevgilisi Zümrüdü rəqsə dəvət edəndə, başı ilə mənim də Rənanı rəqsə qaldırmağıma işarə vurmuşdu. Deyəsən buna ehtiyac da yox idi. Böyük həvəslə, cəld ayağa sıçrayıb, Şarl Aznavurun lirik mahnısı fonunda rəqs etmişdik.
     Bir-birimizə baxıb gülümsəyirdik. Üzündəki cizgilərə, gülümsəyən gözlərinə baxır, ətirli saçlarını qoxulayırdım. Ürəyim tez-tez döyünür, içim qızırdı. Qəlbimin hərarəti nəfəsimi kəsirdi. Qollarımda bir qadın vardı və mənə başqa heç kim lazım deyildi. Bu nə idi belə? Məhəbbət? Yenə məhəbbət? Ürəyim qəfildən sancdı. Biruzə vermədim. Bu qorxu əlaməti idi. Məhəbbətin nə olduğunu yaxşı bilirəm mən. Ağrı, ancaq ağrı. Bəlkə də bilməmişəm, dadmamışam mən əsl sevgini? Bəlkə mənimki yalnız ötəri həvəs olub, ya da asılılıq.
     Yerimizə oturub növbəti araq qədəhlərini boşaldandan sonra, masanın altında yumşaq əlini tutmuşdum nəvazişlə. Toğrul siyasətdən danışmadığıma görə xoşbəxt görünürdü. Təkcə Toğrul yox, bu məclisdə oturan hər kəs yenə ənənəvi söhbəti açacağımdan qorxurdular elə bil. “Onsuzda dediklərini bilirik də, daha qanımızı niyə qaraldırsan? Hə, bu hakimiyyət pisdir, biz əminliklə diktaturaya doğru addımlayırıq. Ölkə uçuruma gedir. Amma imkan ver bu gün rahat oturaq, bunları fikirləşməyək.” İllərdir hamı məndən “bunu” düşünməməyi tələb edir. “Heç olmasa bir gün” danışmamağı, susmağı. “Onsuzda danışmağın xeyri yoxdur. Başını sal aşağı, işini gör” - eşitdiyim yalnız bunlardır.
     Yəni, o axşam Toğrula da sərf edirdi Rənaya maraq göstərməyim - həm susub, “boş-boş” danışmadığıma, həm də ki, qadınsızlıq dövrümə son qoyacaq bir yaxınlaşmanın ilk addımları atıldığına görə. Düşünürdü ki, bu yaxınlaşma baş verərsə, onun yaxın dostu depressiyadan çıxacaq və “bu zəmində” yaşanan mübahisələrimizə, daimi narahatçılığıma son qoyulacaqdı. Toğrul belə hesab edirdi. Mən isə bir yandan bağlandıqca bağlanır, bir yandan da dalğa-dalğa üstümə gələn bu gizildədici duyğudan dəhşətə qapılırdım.
     Sonrakı günlər qorxularımı daha da artırdı. Doğrudan da bu dərdsiz-qəmsiz, daim gülümsər qıza mübtəla olurdum.
     Tək yaşadığı iki otaqlı mənzilinin qonağı olurdum və o, heç soruşmurdu nə üçün onu öz tənha, qadınsız və səliqəsiz evimə dəvət etmirəm. Əslində bu sualın cavabını, sualın özündə axtarmalıydı. Dəvət etmirdim, çünki evim tənha, qadınsız və səliqəsiz idi. Sevil çıxıb getdiyi gündən bu yana, heç nəyə toxunulmamışdı o evdə. Heç nəyə. Rənanın yataq otağından sonra, mənzilində ən sevdiyimiz məkan mətbəx idi. Sevişəndən sonra o mənə türk üsulu kofe dəmləyir, mən isə soyuducuya hücum çəkib, əlimə keçən pendir, kolbasa, badımcan kürüsündən eklektik buterbrodlar hazırlayırdım. Dizlərinə qədər uzanan mavi gecəliyində Rəna olduğundan daha qısa boylu görünürdü və bu görkəmi adam kimi kofe içməyimə, buterbrod yeməyimə mane olurdu. Tez-tez onu möhkəmcə qucaqlayıb boynundan öpür, incə, vanilli yanaqlarından kiçik dişləmlər alırdım. Sonra da dözə bilməyib döşlərinə sürüşdürəndə dilimi: “İmkan ver çörəyimizi yeyək də” deyib qəşş edirdi.
     - O gün səni görəndə, başa düşdüm ki, vurulmuşam. Qəribədir.
     Rəna başını sinəmdən qaldırıb:
     -Niyə? - soruşdu.
     Azacıq əyilib alnından öpdüm.
     -Belə tez vurulan adam deyiləm.
     Gülümsündü. Təzədən başını sinəmə qoydu. Mən onun ipək, şabalıdı saçlarını sığallayırdım. Çarpayının bəyaz örtüyü yarıyacan yerə süzülmüşdü.
     -O qədər tənha görünürdün ki, o axşam. - dedi. - Özümdən asılı olmadan sənə sığınmaq istədim. Açığı mən özüm də vurulmaqdan qorxuram. Çox təhlükəlidir. Həyat hər şeyə, hətta duyğularıma da nəzarəti öyrədib mənə. Amma hərdən özümü dalğalara təslim etmək istəyirəm. İstəyirəm üzərimə gələn sevgi selinə qapılım, heç nə düşünməyim. Deyəsən belə də etmişəm.
     Daha Rənaya demirəm ki, Sevildən sonra bu hissləri yenidən yaşamaq, bu əzabı təzədən dadmaq qorxusu var içimdə. Özümdən arxayın deyiləm. Öz çılğınlıqlarımdan, ehtirasımdan qorxuram. Halbuki hər ikimiz də gecikdiyimizi bilirik - iş işdən keçib. Onun gerçəkdən hansı hissləri keçirdiyini bilə bilmərəm, ancaq məndən söhbət gedirsə - qəlbimin məhrəm guşəsində Sevili hələ də yaşadaraq sevirəm Rənanı.
     Rənada ən çox bəyəndiyim keyfiyyətlərdən biri də, siyasi mövzulara maraq duymasıdır. Bu, bizim qızlara xas olmayan cəhətdir. Mən danışanda diqqətlə qulaq asmaq bir yana, öz sözünü deməyi, təhlil yürütməyi də bacarır. Çoxsaylı stomatoloq həmkarlarımla yalnız işdə görüşsəm və demək olar ki, Toğrul istisna olmaqla, onların heç biri ilə yaxın dostluq münasibətim olmasa da, çevrəmdə bir qayda olaraq Rənanın da çox sevdiyi, hörmət bəslədiyi müxalif fikirli yazıçı, jurnalistlər olur. Köhnə həyat yoldaşım Sevildən fərqli olaraq, Rəna onların bütün söhbətlərinə diqqətlə qulaq asmağı bacarır, kitablarını, yazılarını müntəzəm oxuyur. Sanki illərdən bəri axtardığı, yaxın olmaq istədiyi mühiti nəhayət tapdığı üçün mənə dəfələrlə minnətdarlıq etməsinə cavab olaraq, “Onda mən də Toğrula təşəkkür borcluyam, çünki səni, onun sayəsində əldə etmişəm” deyirəm.
     Uşaqlar isə hər fürsətdə Rənaya giley edirlər:
     “Murada nə qədər deyirik sən də yaz, yazmır. İstəsə roman da yazar.”
      “Yüz faiz yazar!”
     Mən də təvazökarlığıma salıb, başımı bulayıram: “Məndən nə yazıçı? Diş qurdalamaqdan başqa əlimdən heç nə gəlmir. Heç onu da fərli bacarmıram.”
     Rəna onları tez-tez heyrətləndirir. Dağüstü parkda yığışdığımız ənənəvi çay məclislərindən birində, Rənanın ölkənin tanınmış publisistlərindən, Liberal qəzetinin əməkdaşı Sənan Qurbanovla mübahisəyə girişməsi, mənim üçün gözlənilməz olmuşdu. Söhbət xalqın laqeydliyindən düşəndə:
     -Ağız-ağıza verib xalqı söyürsünüz neçə ildir - demişdi. - Xalqın tənəzzülündə hakimiyyətin oynadığı rolu görməyəcək, danacaq qədər gözləriniz kordur? Xalqın bütün bəlalarının baiskarı onlardır. Alçaldılmış, zəlil günə qoyulmuş insandan nə gözləmək olar?
     Evli olduğum dövrdə tez-tez evimizə toplaşan reaksionist dostlarımın söhbətlərinə Sevilin sadəcə qulaq asmaqla kifayətlənməsinə, heç bir reaksiya bildirməməsinə Sənan da, Cavid də, Araz da öyrəşmişdilər. Sevil üçün evimizdə ən sevimli qonaq, məclislərdə isə ən əziz masa yoldaşı siyasətdən uzaq Toğrul və bizim amorf həkim həmkarlarımız idi. İndi isə yanımda oturan qadın, cəmiyyət üçün “təhlükəli”, “qorxulu” mövzulara toxunur, üstəlik mübahisə də edirdi.
     Sözü yarımçıq qalan Sənan əvvəl gözlərini bərəldib Rənaya baxmış, sonra da özünə gələrək, ən sevdiyi idman növü olan mübahisəyə girişmişdi.
     -Əşi xalq bəs niyə qalxmır ayağa? Niyə qorxur? Neftdən gələn milyonlarla pulu mənasız bayramlara, kütləvi tədbirlərə, camaatı sürü kimi meydanlara toplayıb onları ən axmaq, ən zövqsüz aktyorlarla əyləndirməyə sərf edirlər. Günün günorta çağı ölkədə insanlar qətlə yetirilir, qatilləri heç vaxt tapılmayacaq cinayətlər işlənilir. Rüşvət baş alıb gedir. Təhsil, səhiyyə çöküb. Bəs xalq niyə susur?
     Başqa vaxt olsaydı Sənanla razılaşardım, amma bu gün Rənamı müdafiə etməliydim.
     -Məncə də xalqı bu qədər təhqir etmək düzgün deyil. Başa düşün - sizin bu xalqa qoyun, axmaq, bivec deməyiniz hakimiyyətə də sərf edir. O gün də televizorda biri çıxıb danışırdı ki, azadlığı hakimiyyət yox, Azərbaycan xalqının mədəniyyəti, dünyagörüşü məhdudlaşdırır. Xalqın mədəniyyətinə və mentalitetinə qarşı çox həssas olan Qənirə Milli isə, xalqın sifarişi ilə onun azadlığını çərçivəyə salır. Yəni demək istəyir ki, bu xalqa azadlıq lazım deyil. Belə adamlar sizin kimilərin yazılarından ruhlanır da! Siz xalqı söydükcə, bütün bəlalarımızın səbəblərini xalqın özündə gördükcə, onu qabiliyyətsiz, fərasətsiz adlandırdıqca həm xalqı ruhdan salırsınız, həm də bu cinayətkar hakimiyyətə bəraət qazandırırsınız. Özünüz də fərqində olmadan.
     Sənana nəyisə sübut etmək mümkün deyil. Həmişəki kimi, öz dəmir arqumentlərini işə salır:
     -Xalq apriori pis olduğuna görə yox, sadəcə olaraq öz zəlil vəziyyəti ilə razılaşıb, barışıb dizləri üstə çökdüyünə görə layiqdir nifrətə. Biz buna görə söyürük xalqı.
     Başını çiynimə yaslayıb Sənanı dinləyən Rəna etiraz etmişdi:
     - Qırx il Musa, öz xalqının içindəki köləni boğmaqdan ötrü yəhudiləri çöllərdə süründürmüşdü. Bununla belə, böyük uğur əldə edə bilməmişdi. Amma bizdə tam tərsi olub, özü də ikiqat - yetmiş il bu xalqa köləlik aşılanıb. Yetmiş il bəlkə də tarix üçün əhəmiyyətsizdir, amma fərdin, millətin həyatında çox ciddi rəqəmdir. Hələ mən 37-də repressiyaya uğramış ziyalılarımızı demirəm.
     Sevgilimlə fəxr edirdim. Gülümsəyib profilinə baxdım. Cəsur, sözünü çəkinmədən deyə bilən bir qadınım var. Xoşbəxtlik üçün bundan artıq nə lazımdır kişiyə? Fürsət tapanda pasientlərimlə demokratiyadan, insan haqlarından, azadlıqdan danışanda hər dəfə sözlərim beton divara çırpılır: “Onsuzda heç nə düzələn deyil, başını sal aşağı, işini gör”. Toğruldan da bunu eşidirəm. Sevildən də bunu eşidirdim. Düzdür, əzizdir mənə hər ikisi də, amma bütün fikirlərimi mənimlə bölüşən, hər məsələdə mənimlə həmrəy olan bir qadınla tanış olmağım, mənim üçün əlahiddə bir hadisədir.
     Toğrulun ad günündə, Toğruldan tamam fərqli dünya duyumuna mənsub bir qızla tanış olmaq ehtimalı nə qədər zəif olsa da, o gün bu tanışlıq baş verdi. Deməli dünyamız möcüzələrdən xali deyil. Bir yetmiş boyunda, şabalıdı saçları, gözəl, dümdüz burnu, kiçicik qulaqları, iri alnı və badam gözləri olan gözəl bir qadınla rəqsə qalxanda, münasibətlərimizin vur- tut beş-altı cümləlik keçmişi vardı. Hardan biləydim ki, qısa müddət ərzində ürəyimi fəth edəcək bir insanla ilk rəqsimi edirəm?
     Yağış artıq kəsmişdi. Qüruba hazırlaşan göy üzündə yer-yer, səliqəsiz ləkələrə bənzər maviliklər görünürdü. Bir az sonra onlar da itəcək və bircə ulduzu olmayan səma, daha da bozaracaq. Əlində kulyoklarla marketdən çıxan ana, bir əlindən tutduğu körpə oğlu ilə, qaça-qaça yolu keçirdi. Tez-tez ayaqları yerdən qopan balaca isə, görünür mağazadan istədiyi şirniyyatı, ya da oyuncağı almayan anasına etiraz olaraq gözlərini yumub, dodaqlarını dördbucaq formaya salıb bərkdən ağlayırdı.
     İnsanları başa düşmək çətin deyil. Xeyr, bəraət qazandırmalıyıq demirəm, sadəcə başa düşməkdən danışıram. Əslində mən də gücsüzəm, acizəm bu qeyri-insani sistemin hüdudsuz imkanları qarşısında. Repressiv aparata tuşlaya biləcəyimiz hansı silahımız var axı? Odur ki, bu qəddar rejimdən qorxanları qınamalı da deyil. Hər kəsdən özünü qurban verməsini, fəda etməsini gözləyənlər, hətta bunu tələb edənlər var. Halbuki buna haqqımız yoxdur. Bu sistem ondan narazı olanları, etiraz səsini yüksəldənləri qaçırdan, öldürən, işgəncə verən, ailəsinə, uşağına qarşı zorakılıq törədən, malını-mülkünü talan eləyən, evini yandıran, partladan, sübh tezdən ya da alaqaranlıqda evinin qarşısında alnından güllə ilə vuran, cibinə narkotik maddə atıb həbs edən bir sistemdir. Nə qədər danışsam da, susmağı özümə ar bilsəm də - mən də bu sistemdən qorxuram.
     Sənanla razı olduğum məqamlar var - xalqın mentaliteti bizi təslimçiliyə, boyun əyməyə, susmağa səsləyir. Bu “dəyərlər toplusu” da sistemi qane etdiyinə görə, aparat onu maksimum kultivasiya edir. Mentalitet cilalanır, ona parlaqlıq qatılır, inkişaf etdirilir və mümkün olan bütün kanallar vasitəsilə kütlə arasında təbliğ olunur. Təslim olan, boyun əyən xalqı sevmək çətindir, bilirəm, bəs bizləri bu ağır, dözülməz rəftara məruz qoyanların heçmi günahı yoxdur? İndi Rəna öz evində Ləmanla nahar edir. Mən isə ora getmək istəmirəm. Rəna tək olsaydı da getməzdim - ovqatım əl vermir. Bu gün işə də getməyəcəm. Deməli vərdiş etdiyim, artıq iyrənməkdən yorulduğum ağız boşluğu, tüpürcək, qan, irin də görməyəcəm. Pasientlərim beş ildir diş həkimi peşəsinə yovuşa bilməyən, işindən zövq almayan, xəstələrindən zəhləsi gedən bir stomatoloqun kreslosuna əyləşdiklərini bilsəydilər, görəsən reaksiyaları nə olardı? Mənə nifrətlərini qusardılar, yoxsa peşəsini sevməsə də, işini yüksək səviyyədə görən stomatoloqa valeh olardılar?
     Hər bir insanın uşaqlıq arzusu olur - özü də bir yox, bir neçə. Onlardan bəziləri uzaq, geri dönüşü olmayan keçmişdə ilişib qalsa, zamanın dəhlizlərində yox olub getsə, aktuallığını itirsə də - qəlbimizdə, yaddaşımızda yaşatdığımız və müxtəlif səbəblərdən nə tam, nə də qismən reallaşdıra bilmədiyimiz arzularımız da var. Bu arzularla bağlı xatirələrə dalanda, yüngül bir hüzn saplanır ürəyimizə və biz, bu mütəmadi kədərlə, peşmançılıq hissi ilə yaşamağa məhkum olduğumuz üçün, özümüzü bağışlaya bilmirik.
     Mən, atamın təlqinləri ilə diş həkimi oldum. İndiyə qədər də bu peşəmi, pul qazanmağın başqa üsulları mənə məlum olmadığı üçün icra edirəm. Ola bilsin yazıçı, publisistlərlə ünsiyyətim də, içimdəki realizə olunmamış arzuların doğurduğu kompleksdən irəli gəlir.
     Atam tez-tez olmasa da, məni anasız böyütdüyünü, həyatımı ona borclu olduğumu vaxtaşırı yadıma salardı. Konstruktorlara, suvenir avtomobillərə marağımdan tutmuş, məktəbdəki ilk məhəbbətimə qədər - həyatdakı bütün cəhdlərim onun ülgüc kimi kəsici ironiyası ilə toqquşurdu. Uşaq olanda mənə ən əziz, ən doğma insan idi atam. Zaman keçdikcə anladım ki, qan qohumluğu sən demə heç nə ifadə etmirmiş bu həyatda, çünki bu qohumluq, bu bağ - mənim seçimim deyil. Tibb Universitetinə qəbul olunmağım - bütün başlanğıclarımı rüşeymdəcə boğan atamın qarşısındakı son təslimçiliyim oldu.
     Gözlərimi yumub alnımı ovuşdurmağa başladım. Rəna yanımda olsaydı yarım saat, hətta bir saat alnımı, gicgahlarımı zərif barmaqları ilə yorulmadan masaj edərdi. Ola bilsin başımın ağrısı heç keçməzdi də, amma mən bunu ona bildirməzdim.
     Şiddətli baş ağrılarımın, müdhiş qorxularımın, günü-gündən böyüyən narahatçılığımın, əndişələrimin məni bir gün dəli edəcəyini düşünüb, bu ehtimaldan vahiməyə qapılıram. Hər şeyini itirmiş pərişan, pəjmürdə məcnun obrazında görə bilmirəm özümü. Psixiatriya kitablarında əzab çəkən insanların çırpınışlarına və sonradan xoşbəxtliyi tapdıqlarına dair pafoslu hekayələrə rast gəlmək olur. İnsanlar, biz stomatoloqlara pul ödəyib əvəzində sağlam dişlər əldə edirlər, son dövrlər dəbə minən psixiatrlara dünyanın pulunu xərcləyənlər isə bir qayda olaraq: “Problem sənin özündədir, dərdinin dərmanı öz içindədir, ancaq özün-özünə kömək ola bilərsən” kimi səfeh-səfeh məsləhətlər eşidirlər. Bütün psixiatrlar buna oxşar diaqnozlar qoyub, bir-iki əsəb sakitləşdirici, hərdən də psixotrop dərmanlar yazırlar. Yenicə formalaşmağa başlayan milli, feodal burjuaziyamız dəniz sahilində milyonluq villalarla, “super car” avtomobillərlə yanaşı, psixiatrlara da meyl salıb. Bu səbəbdən, ölkədə həmişə ögey övlad münasibəti görən bu sahə, indilərdə uğurla inkişaf edir. Bəlkə də belə olması daha yaxşıdır.
     Görəsən mən dəli olsam, nə cür dəli olacağam - mülayim, həlim təbiətli yoxsa aqressiv? Tələbəlik illərində, sahəmizə aidiyyəti olmasa da, sırf maraq xətrinə psixiatriya kafedrasında oxuyan yoldaşlarımızla ruhi dispanserə, “praktikaya” getmişdik. Orada mən, dəlilərimizin bir qayda olaraq qəzəbli, hiyləgər, namərd xislətli olduğunu, ambisiya və iddialarında sərhəd tanımadıqlarını aşkarladım. Kinolardan, sənədli filmlərdən gördüyüm Qərb ölkələrinin dəliləri isə mənə həmişə səxavətli, mülayim, şirindil görünüb. Deməli dəlilər xalqın güzgüsü, iç üzü, onun keyfiyyətinin göstəricisidir. Ola bilsin yanılıram, amma bu mənim müşahidələrimdir.
     Bircə ona təəssüf edirəm ki, Rəna ilə tanış olandan sonra məndə həyata aid ağır, iztirablı ümidsizlik hissindən, ruhi boşluqdan heç əsər də qalmayacağına inandığım halda, bu belə olmadı.
     Rənagilə getməsəm də, heç olmasa küçəyə çıxım. Bəlkə təmiz havada bir az özümə gələrəm?
     Tünük gödəkcəmi hara tullamışam görəsən?

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.09.2014) | Müəllif: R.C E W
Baxış: 468 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more