Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-5


     - Maşallah. Sən babanla tez-tez görüş, bəlkə dilini öyrəndin.
     Əyləcə basıb qırmızı işıqda saxladı.
     -Nə sikirəm e bu dili? - dedi üz-gözünü büzüşdürərək.
     Toğruldan bu tərz təfavütsüz, vecsiz sözlər eşidəndə başına bir qapaz ilişdirmək keçir ürəyimdən.
      Doğma dilə münasibət haqda onunla bir neçə dəfə yorucu mübahisələrimiz olub. Toğrulun da mənsub olduğu rusdilli subkulturanın ölkədə hökm sürən eybəcər, qeyri-insani sistemin doğurduğu ən təhlükəli zümrə olduğunu ona dəfələrlə izah etməyə çalışmışam. Toğrul da rusdillilərin bu rejimin intişarçısı, korrupsiya mexanizminin ən vacib vinti olduqlarını anlayacaq qədər dərrakəli, şüurlu adamdır. Amma yenə də məsələni böyütdüyümü, öz nifrətimdə ifrata vardığımı, rusdillilərə qiymət verərkən mübaliğə etdiyimi deyib, hər fürsətdə giley edir.
     Halbuki mən ifrata yuvarlandığımı düşünmürəm. Xalqın dərdlərindən, problemlərindən, gözləntilərindən uzaq olan rusdillilər - cəmiyyətdə polifoniyanı, fərqli düşüncəni imitasiya etdikləri; mütaliəyə, intellektə, erudisiyaya iddialı olduqları və rusdilli olmayanları buna inandıraraq, onlarda kompleks yarada bildikləri üçün iyrəncdirlər. Ölkədə tüğyan edən cinayətlərə səssiz-səmirsiz tamaşa etmək yolunu seçdikləri üçün idbardırlar.
     Rusdillilərin konformizmi “mən siyasətə girişmirəm, siyasət murdardır” tipli yığcam bir bəhanənin çərçivəsinə sığışacaq qədər cılızdır. Bu bəhanəni əllərində bayraq etməklə, onlar əsl simalarını gizlətdiklərini; bu arqumentlə silahlanmaqla savadlarının, intellektlərinin onlara yüklədiyi məsuliyyətdən qurtulduqlarını sanırlar. Passionar reaksiyaya potensialları çatdığı halda, nəyisə dəyişməyə yanaşmayaraq, özlərini iblisə təslim ediblər. Loyallıq, konstruktiv müxalifət, sentrizm... Bu ürəkbulandırıcı sözləri də leksikonumuza onlar, rusdillilər daxil ediblər. Bunların da cəm halında bircə mənası var - öddəklik və təslimçilik.
     Ayağını ayağı üstünə aşırmış, rusdilli olmayana yuxarıdan aşağı baxan, saitləri uzada-uzada “Mən siyasətdən uzağam” deyən bu əbləhlərin əslində nəzərdə tutduğu budur - “Mən köləyəm. Mən qorxağam. Vəziyyət məni qane edir. Təki mən salamat olum”. Onlar da çox gözəl başa düşürlər ki, vətəndaş mövqeyi olmayan, status-kvoya təslim olan, hakim dairələrin həndəvərində fırlanan adam, istərsə yüz dəfə intellektual olsun - beləsinin sivil, demokratik cəmiyyətlərdə zərrə qədər dəyəri yoxdur. Rejimin ziddinə getmək bir yana, bizim rusdillilər nifrət etdikləri, ağız büzdükləri Azərbaycan mentallığını özləri üçün xilasedici jilet bilib, hamı bir nəfər kimi “Padşaha qeydsiz şərtsiz itaət” düsturuna əməl edirlər. Politologiya terminologiyasının arxasına sığınaraq ağıllı cümlələr qurmaqla, kütlələri hər şeyin yaxşı olduğuna, hakimiyyətin alternativsizliyinə inandırmağa çalışan rusdillilərin nəzərində, sistemə müxalif olan, meydanlara çıxan, üsyan edən azərbaycandilli gənclik çuşkadır, hətta əlahəzrət kraliçanı bəyənmədiyinə görə - xaindir.
     -Siz rusdilliləri Səddamın turşusunda yandırmaq lazımdır. Adam olan deyilsiniz - dedim. - Köləsiniz ki, kölə!
     Toğrul nırç-nırç edərək, başını yırğaladı:
     - Etiraz! Üsyan! Azadlıq! Bəsdir sən allah.
     -Anlamadım, xoşuna gəlməyən nədi?
     -Azərbaycanda ictimai fikirdən danışmaq absurddur, başa düşürsən?
     -Absurddur. Haqlısan.
     - İctimai rəydir, vətəndaş mövqeyidir - bunlar kapitalist cəmiyyətlərə xas olan, bizim kimi natural təsərrüfatla idarə olunan feodal beyinli məxluqlarda görülməyən hadisədir. Odur ki, Azərbaycanda sistemdən də, sistemə müxalifətdən də danışmaq yersizdir. Xalqın, millətin olmadığı yerdə isə, onun dilindən söhbət gedə bilməz.
     Siqaretin kötüyünü əsəblə pəncərədən vıyıldadıb:
     -Düz deyirsən. Bu dil, doğrudan da sənin nəyinə lazımdır? - dedim və kresloya yaslanıb gözlərimi yola dikdim.
     Düzdür, rusdillilər arasından - ümumi qaydaları pozmayan - istisnalar da çıxır arada-bir. Məsələn, Elmar Hüseynov kimi istisnalar. Qənirə Millini Mariya Antuanettaya oxşatdığı üçün qətlə yetirilən Monitor jurnalının baş redaktoru.
     O məşum gecəni bu gün yaşanmış kimi xatırlayıram. 2 il əvvəl, mart ayının 2-si, yaşadığı binanın pilləkənlərində killer 8 güllə sıxmışdı onun bədəninə. Bu, “Müasir Mariya Antuanetta” adlı məqaləyə görə və başqalarına görk olsun deyə jurnalistə verilən, Azərbaycanla birlikdə dünyanı da silkələyən amansız cəza idi.
     Ertəsi gün insan seli yola salırdı onu son istirahətgahına. Elmarın tabutu, çiyinlərdə Yasamal qəbiristanlığına üzürdü. Qəbiristanlıqda baş verənləri anlamağa, dərk etməyə çalışsam da, prostrasiya vəziyyətində olduğumdan, şüurum yalnız bulanıq qəbir daşlarına ilişir, tanımadığım insanların adlarını və ölüm tarixlərini oxuyurdum. Sonra gördüm ki, məzarlığa gələnlərin üzləri görünmür, hamı başını aşağı endirib, büzüşüb qalıb. Daha bilmədim dərddən, yoxsa sazaqdan əyiliblər. Bahar qışın qalıqlarına yenicə əncam qılırdı deyə, hələ soyuq və küləkli idi hava. Bu qədər adamı bir yerdə çoxdandı görmürdüm. Elmar bu insanların əksəriyyətini tanımırdı heç. Amma hamı onu tanıyırdı.
     Sənan o gün demişdi ki, Elmarın ölümü də həyatı kimi performanslı oldu. Doğrudan da, nə gözəl ölümdü onun ölümü! Əlində, iki yaşlı oğluna aldığı meyvəli yoğurtla pilləkənləri qalxan və üstünə güllə seli tökülən ata, qana buladığı yoğurtu bərk-bərk tutub, ağrıya müqavimət göstərərək pilləkənləri qalxmağa davam edir. Divarları al qana boyayaraq mənzilinə çatıb qapını döyür və yıxılır sevdiklərinin qollarına, “Buyurun, mən gəlmişəm” deyə. Maraqlıdır, görəsən onun qatili, Elmarın əlindəki yoğurtu, canının parçası olan övladına aldığı bu üç quruşluq sovqatı görmüşdümü?
     İki ildir ki, yoxdur bizimlə Elmar. Onu öldürməklə, “etiraz etməyin sonu budur” mesajını verən rejimin acığına, hələ də xoşbəxt gələcəyin və al şəfəqlərin sərxoşedici ümidləri ilə yaşayan insanlar var bu ölkədə. Kaş ki, ölümün əbədi həyatın başlanğıcımı yoxsa hər şeyin sonumu olduğunu dəqiq bilsəydik. Nə qədər cəsur olsaq da, əbədi yoxolma qorxudur bizi. Ölüm adlanan tragik sonu beynimiz qəbul etmək istəmir. Fiziki yoxolma ilə barışa bilmirik. Halbuki vücudun sərhədlərini aşmaq, həyat adlanan dar və sönük geometriyanın fövqünə yüksəlmək, sonsuzluğa pərvazlanmaq, sırf ölümü görmək, onunla təmas etmək, onu kəşf etmək üçün böyük bir məchula doğru yola çıxmaq deyilmi əsl qəhrəmanlıq, əsl ehtiras?
     -Çatmışıq. Eşidirsən?! Heey!
     Diksinib üzümü Toğrula çevirdim.
     -Nədi? Nə qışqırırsan?
     - Deyirəm çatmışıq - Toğrul başı ilə doqquz mərtəbəli binanın altındakı göy rəngli, neon lövhəyə işarə eləyib, - Buradı - dedi və maşını hündür çinar ağacının altında saxlayıb motoru söndürdü.

Rənanın yataq otağı


     Nədir sevgi? Ləzzətini nədə, necə duymaq olar? Sevən insan müstəsnalığını, vəhdətini inkar edib, özü ilə bahəm, sevdiyini də həyatın mərkəzinə qoyursa, deməli bunun üçün ciddi səbəbləri olmalıdır, elə deyilmi? Özümüz sevməyənə qədər, bunu başa düşmürük. Məhəbbət mövzulu gözyaşı bol kinolara, şirin romanlara indilərdə “trivial” deyib dodaq büzmək, istehza etmək dəbdə olsa da, hər birimiz bu “triviallığın” əsiri olmamışıq bəyəm?
     Böyrü üstə uzanmış Rəna, gicgahını sağ əlinin ovcuna qoyub dirsəkləndi. Sevişəndən sonra bu pozanı alıb, mənə yuxarıdan tamaşa etməkdən xoşu gəlir. Mən isə tavana baxır, arada bir üzümü ona çevirib danışıram. Olur ki, çox təsirli bir söz deyəndə əyilib burnumdan öpür.
     -Çoxdandır bu qədər içməmişdin.
     -Həəə.
     -Sərxoş olanda sevişməyindən yoxdu.
     - Doğrudan? Sərxoş olanda heç özüm bilirəm ki, neynirəm?
     Qəfildən sol əli ilə xayalarımı yüngülcə sıxdı:
     - Deməli heç özün də bilmirsən necə sevişirsən? Hə?!
     - Aaah. Bir az da sıxsan, ümumiyyətlə sevişmə qabiliyyətimi itirəcəm.
     Rəna büllur səsi ilə gülüb dodaqlarını dodaqlarıma qondurdu.
     -Onda bu gecəlik bəsindir. Sənə cəza verirəm.
     -Mənim şahzadəm necə də mərhəmətsizdir.
     Qarnıma şapalaq vurub nazlana-nazlana:
     - Sən öləsən! - dedi. - Məndən mərhəmətlisini hardan tapacaqsan? Evin yenə it kökündədi, hə?
     Dərin “of” çəkib gözlərimi yumdum:
     - Sən də Toğrul oldun mənim üçün? Əl çəkin də məndən. Sizin işiniz gücünüz yoxdu? Evimlə nə işiniz var?
     Rəna barmaqları ilə sol gözümün qapağını araladı.
     -Yəqin siçovullar evini basıb.
     - Əcəb eləyiblər - dedim. - Onsuzda yeməyə heç nə yoxdu evdə. Heç şəkil də qalmayıb.
     Çoxmərtəbəli binamızda siçovullar zirzəmidən ta sonuncu mərtəbəyə qədər maneəsiz qalxıb düşür, fürsət tapanda mənzillərə şığıyır, tapmayanda isə kövrək beton divarları gəmirib evlərə girirlər. Ötən yay Sənanla və Azadlıq radiosunun müxbiri Cavidlə Batumiyə bir həftəlik dincəlməyə getmişdik. Bakıya qayıdanda siçovul, ya da siçovulların mənzilimin əməlli-başlı altını üstünə gətirdiklərinə şahid olmuşdum. Gəmiricilər bir neçə yerindən televizorun kabelini, şap-şapımın sol tayının burnunu, mətbəxdəki içi boş çörək qabının qırağını, hətta komodun üstündəki atamın şəkilinin olduğu çərçivəni didik-didik eləmişdilər. Atamın taxta çərçivəli fotosunun siçovulların qəzəbinə tuş gəlməsi, indiyə qədər dostlarım arasında ən “mırt” mövzudur. Ayda azı bir dəfə rəhmətliyin siçovullara yem olmuş fotosundan danışıb, halları pisləşənədək gülürlər.
     Belə baxanda, günah onlarda deyil. Dilimi dinc saxlasaydım bu söhbətdən heç kimin xəbəri olmayacaqdı. İndi isə hadisəni özüm yada salmışdım. Rəna qeyri-ixtiyari güldü və birdən ciddiləşib dedi:
     -Bəsdi! Gic-gic danışma.
     Saçlarını sığallayıb üzünü üzümə yaxınlaşdırdım. Üst dodağını yüngülcə dişlədim.
     - Əşi, kişi yəqin o dünyada kef eləyir. Şəkilinin siçovulların yeməsi, dünyada neçə adama qismət olub e?
     -Bəsdi dedim sənə! Aaaa! Nə allahsız adamsan!
     -Həm allahsız, həm peyğəmbərsiz, həm imansız - əsnəyib ağzımı marçıldatdım. Rəna dodaqlarını bir-birinə sıxıb, gözləri gülərək baxırdı mənə.
     -Toğrul heç bir saat da oturmadı deyirsən?
     Başımı yırğaladım:
     -Yox. Hərəmizə iki tekila içmişdik ki, zəng gəldi. Əvvəl bayıra çıxıb on beş dəqiqə danışdı. Sonra da qayıdıb dedi ki, getməliyəm. Çox pərt olmuşdu. Məni kluba özü dəvət eləmişdi deyə xəcalət çəkirdi. Mən də acığa düşdüm. Ondan sonra saat yarım da oturub, beş tekilanı tək içdim.
     O anı xatırladım yenə - telefonuna gələn zəngi, displeydə “onun” adını görən kimi söndürüb nömrəni təzədən yığmasını, tələm-tələsik bayıra qaçmasını.
     Sevgililəri ilə telefonla danışan adamlar iki kateqoriyaya bölünür - söhbətin məzmununu gizlətməyə ehtiyac duymadan, sevdiyi insana “canım”, “əzizim”, “həyatım”, “dovşanım” tipli nəvazişli sözlərlə müraciət etməkdən çəkinməyənlər və başqalarının yanında qadınla, qızla danışmağı ayıb sayaraq, əllərində telefon, uzaqlara qaçanlar.
     -O, gedirəm deyəndə, sən nə dedin?
     -Nə deyəcəm? Dedim olan şeydir, get, narahat olma.
     Rəna gözlərini qıyıb əsəbi halda başımın üzərindən pəncərəyə baxdı.
     - Axırına çıxacaq bu qız onun - sonra təzədən göz-gözə gəldik, - Bəs sən ona heç nə demirsən?
     - Bilmirsən ki, bu adamla danışmaq mümkün deyil? Natavan sənə deməyib?
     Toğrulun bacısı Natavan, Rənanın yaxın rəfiqəsidir.
     -Ola bilsin bacısı, hətta nəinki bacısı - atası, anası ilə də danışmaq istəmir. Bəs sən? Yaxın dost deyilsiz? Dərdləşmirsiz?
     - Özü danışmaq istəyəndə qulaq asıram, amma bölüşmək istəmirsə, məcbur etməyəcəm ki! Onsuzda əzab çəkir.
     -Əzab çəkirsə bölüşsün də.
     -Deyir ki, heç kəs onu başa düşmür, düşə də bilməz.
     -Sən də?
     -Hə, mən də.
     Rəna ovcuna yasladığı başını buladı:
     -Dəhşət. Səni heç tanımırmış.
     - Əslində yaxşı tanıyır. Zarafat deyil, on ilə yaxındır dostluq edirik. Bu on ilin yeddi ilini Zümrüdlədi. Daha danışılası, deyiləsi bir söz qalmayıb, başa düşürsən?
     -Qəribədir. Anamızdan, atamızdan, övladlarımızdan fərqli olaraq dostlarımızı, sevgililərimizi özümüz seçirik. Heç kəs zorla bizə demir ki, filankəslə dost ol, filankəsi sev. Amma dostluq da, məhəbbət də birtərəfli olanda, insana necə də ağır gəlir. Düz demirəm?
     -Yenə başladın filosofluğa?
     Rəna gülüb başını yastığa atdı. Gözlərini mənim kimi tavana dikdi.
     - Sən demirdin ki, filosofluq söhbətini bu qədər ucuzlaşdırmaq olmaz?
     -Deyirdim.
     - Həqiqi dostluq ancaq kişilər arasında olur deyən də sən idin.
     -Əlbəttə.
     -Bəs nə oldu?
     Qalxıb oturdum. Kürəyimi divara yaslayıb bir siqaret yandırdım.
     -İndi Toğrul dərdləşməyi xoşlamır, qapalıdır deyə dost sayılmırıq?
     -Nə bilim. - Rəna dodaqlarını büzdü. - Bəs biz?
     Sualı anlamadım. Tüstünü yana üfləyib Rənaya baxdım:
     -Nə biz?
     -Biz bir-birimizi başa düşürük?
     -Eeeh. Sən allah ağır söhbətlər eləmə. İçkinin təsiri təmiz qaçdı.
     Rəna qəfildən yataqdan düşüb penuarını əyninə atdı.
     - İncidin məndən? - yazıq sifət alıb soruşdum.
     - Yox əşi. Kofe hazırlamağa gedirəm. İçərsən?
     -Hələ soruşursan? Niyə içmirəm.
     Saçlarına tumar çəkə-çəkə yataq otağından çıxmasına tamaşa edərkən xoşbəxt olduğumu, əndişələrimin yersiz olduğunu düşündüm. Nəyim çatışmır axı? İşim, bərbad vəziyyətdə olsa da özümə aid evim, məktəbə gedən oğlum, sevgilim, dostlarım var. Ürəyimi sıxan, məni bu qədər ruhdan salan nədir bəs?
     Bilirəm nədir. Günü-gündən azğınlaşan avtoritar rejimin ölkədə yaratdığı xof atmosferi, azacıq vicdanı olan hər kəsi narahat edir. Etməlidir. Siqareti külqabında əzib söndürdüm. Hələ də anlaya bilmirəm - bir qadın necə bu qədər zalım, qəddar ola bilər! Halbuki Qənirə prezident seçiləndə hamı onun aparacağı islahatlardan, korrupsiyaya son qoyulacağından, qadın şəfqətinin və analıq instinktlərinin dövlət idarəsinə yalnız müsbət təsir edəcəyindən danışırdı. Nə oldu bəs? Qənirə on ilə yaxındır ki, prezidentdir. Ölkə isə sürətlə uçuruma yuvarlanır - korrupsiya çiçəklənir, polis rejimi güclənir, ölkənin təbii sərvətləri mənimsənilir, respublikaçılığın dayaqları sarsıdılaraq monarxiya üsul-idarəsi qurulur. “Hər şey və hər kəs Qənirə Millinin xidmətində” şüarı, artıq açıq-aşkar şəkildə insanların beyninə yeridilir, televiziya kanallarından məhz bu postulat təlqin olunur. Bütün bunlardan sonra, normal adam bu ölkədə rahat, qayğısız yaşaya bilərmi?
     Zümrüdlə eyni xislətdədir Qənirə. Ölkə başçısını başa düşməkdən ötrü, Zümrüdü tanımaq kifayətdir. Onda belə çıxır ki, Zümrüd Qənirədirsə, Toğrul da xalqdır.
     Gülə-gülə başımı yırğaladım.
     Mesaj gəldi. Toğrul yazırdı. Adını an, qulağını bur. Bu gün tez getdiyi üçün üzr istəyir, “sabah artıqlaması ilə oturub içərik” deyirdi.
     Cavab yazmadan telefonu kənara qoydum. Üzr istəməyinə ehtiyac yox idi. Mən onu başa düşürəm.
     Rəna haqlıdır - Toğrul onun hisslərinə, çəkdiyi əzablarına nüfuz etmək iqtidarında olmadığımı düşünməklə yanılır. Mən onu çox gözəl başa düşürəm. Başa düşülməyəcəyinə inanan hər kəs, əslində onu başa düşə biləcək bir insanın, bir dostun həsrətindədir. Bəzən belə bir insan, o andaca yanında oturub: “Axı mən onu başa düşürəm. Çox yaxşı başa düşürəm” düşünür. Amma “o adam” da susmaqdadır.
     Çünki, onun üçün başa düşmək, başa düşdüyünü sübut və izah etməkdən daha rahatdır.
     Çünki, o, duyğularını ifadə edəcək kəlmələri tapmaqda acizdir.
     Çünki, o, əzab çəkir. Sözsüz və sübutsuz başa düşdüyü üçün əzab çəkir.
      “Hər şey yaxşı olacaq”, “hər şey hələ qabaqdadır”, “narahat olma”, “fikir vermə” deməkdən, yəni yola verməkdən asan nə var? O an üçün ən lazımlı, ən təsirli sözü seçə bilməkdir əsl məharət. Lazım olan sözlərin seçimi, insanın zamanla qazandığı istedaddır deyirlər.
     -Neynirsən burda? Gəl mətbəxə də. Kofe hazırdı.
     Rəna qapının çərçivəsinə söykənib, maraqla mənə baxırdı.
     -Sayıqlayıram. Deyəsən poxmel başlayır.
     -Başa düşmədim.
     - Deyirəm sayıqlayırdım. Sənin o sözün varıydı e, başa düşmək filan. O barədə düşünürdüm.
     -Nə qərara gəldin?
     - O qərara gəldim ki, biz özümüzü başa düşürük ki, başqasını da başa düşək? Ya da başqası bizi başa düşsün?
     Rəna dodaqlarını büzüb bir az fikirləşdi.
     - Niyə elə deyirsən? Hərdən olur ki, biz özümüzü başa düşmədiyimiz halda, bizi başa düşən tapılır.
     Acı-acı gülüb yataqdan qalxdım. Rənanın, barmaqlarımın ucunda ilişib qalan şəpilərini geyindim.
     - Bu nə biabırçılıqdı e? Mənim ayağıma şap-şap almaq lazımdır.
     Gözlərini süzdü:
     -Canın çıxsın al gətir. Ayda, ildə bir dəfə, kefinə düşəndə bu evə gəlirsən. Bəlkə evdə hər şeyi cütləşdirim, elə ər-arvad kimi yaşayaq?
     Rənanı belindən tutub möhkəmcə bağrıma basdım.
     -Sus, namərd qadın! Kişinin sözü qanundu!
     -Sən öləsən.
     Qapının çərçivəsinə söykənib, ehtirasla öpüşməyə başladığımızda, dan yeri sökülürdü.

Şeyla


     -Bir-iki saat içində xəstən olacaq?
     Qapıdan içəri boylanan Azər, nadir hallarda həkimlərin otaqlarına baş çəkir. Direktor kabinetindəki yumşaq, hündür kreslosundan ancaq tualetə getmək və arada-bir gimnastik hərəkətlər etmək üçün qalxır. Deyilənə görə, xoşagəlməz bir mənzərə ilə üzləşməkdən, öz ünvanına pis söz eşitməkdən qorxduğu üçün otaqları gəzmir. Ya da həkimlərlə arasındakı məsafəni açmaq istəmir. Çürükçü, həm də qorxaq olsa da, ona səmimi, istiqanlı adam demək olar. Qənirə Millinin divardan asdığı iri portreti azıymış kimi, masasının üstünə də, Qənirəni oğlu Elnurla birlikdə əksetdirən 10x15 ölçüsündə qızılı çərçivəli fotosunu qoyub. Şərq dünyasının diktator uşaqlarının sevimli şəhəri olan Londonda oxuyan Elnur, yanağını boynundan qucaqladığı anasının yanağına yapışdırıb, debil gülümsəmə ilə obyektivə baxır. Balasını qoynunda əzizləyən Qənirənin gözləri isə nədənsə buzlu, təbəssümü saxta, sifətindəki ifadə isə əndişəlidir. Bu fotonu masanın üstündə gördüyümdə gözlərimi bərəldib Azərə baxmış, o da “hər ehtimala qarşı lazımdır” demişdi. Bir yandan onu da qınamalı deyil. Vergilərdən, fövqəladə hallardan, səhiyyədən, sanitariya və epidemiologiya stansiyasından, polisdən, sosial inkişaf nazirliyindən, dövlət təhlükəsizliyindən yoxlamaya gələn müfəttişlərə öz loyallığını isbatlamaq üçün, prezident və ailəsinin fotoları vacib atribut hesab olunur.
     Otağa girib-girməməkdə tərəddüd edən Azərin bic-bic gülən gözlərindən sözlü adam olduğunu hiss etdim. Bayaqdan sahmana salmaq üçün qurdalandığım siyirtməni bağlayıb:
     -İki saat sonra bir xəstəm gəlməlidi. Necə bəyəm? - soruşdum.
     Əzilə-əzilə otağa keçdi. Sağa sola baxdı. Elə bil ömründə birinci dəfə stomatoloq kabineti gördüyündən, hər şey ona maraqlı gəlirdi. Açıq yaşıl rəngli kresloya yaxınlaşıb dəri üzlüyə sığal çəkdi.
     -Bayaq, prezident aparatında işləyən tanışım zəng eləmişdi - bunu dedi və barmağı ilə tavana işarə elədi. “Prezident aparatındakı tanışım” hər şeyi artıqlaması ilə açıqladığından, tavana tuşlanmış barmağa ehtiyac yox idi. “Bu məsələnin mənə nə dəxli?” sualı oxunan gözlərlə ona baxdığımı görüb, bormaşının idarə pultunu sağa-sola çevirdi və tez-tələsik dedi:
     - Səyavuş Oruc qızını bizim klinikaya göndərmək istəyir. Tanışım xahiş elədi ki, ona yaxşı həkim məsləhət görüm.
     Prezident aparatının “Milli maraqlar” şöbəsinin başçısı, xalq arasında “milli Ghebbels” kimi ad çıxarmış Səyavuş Orucun qızının dişlərini qurdalamağın, həkim praktikamda üzləşə biləcəyim ən böyük ədalətsizlik və bəxtsizlik olduğunu düşündüm. Qanım qaraldı. Ovqatımdakı dəyişikliyi Azər də sezdi.
     -Sən allah problem çıxarma!
     -Başqa həkim tapa bilmədin?
     -Bu klinikada səndən yaxşısı var?
     -Niyə yoxdu? Toğrul, Samir.
     Azər əsəbi tərzdə əlini əsdirdi:
     - Dayan görüm e. Toğrulun fikri-zikri özün bilirsən də hardadı. Samir də çox danışır. Bu qız da elə pasientdir ki, ehtiyatlı olmaq lazımdır. Gic-gic danışmaq olmaz.
     Kresloma oturub ayaqlarımı uzatdım.
     -Belə adamların öz ailə həkimləri olur. Xeyir ola bizim klinikaya gəlir?
     -Düzdü, olur. Amma onların ailə həkimi bütün normal insanlar kimi Avropaya qaçıb, orda yaşayıb işləyir. Özü də ki, nə olub bizim klinikaya? Belə avadanlıq kimdə var? - deyib, gözləri ilə bormaşına işarə elədi.
     Asiadent klinikasında işləyən doqquz stomatoloqun heç biri, Azərin ötən il Almaniyadan gətirtdiyi yarım milyon dollar dəyərində avadanlığın hansı pulla alındığını bilməsə və “dəyirmanın suyu hardan gəlir” sualına cavab tapmasa da, Azər öz avadanlığı ilə fəxr etməyə, hətta yas və toy məclislərində də fürsət tapıb, klinikadakı “texnoloji möcüzəsi, analoqu olmayan aparatların” təbliği ilə məşğul olmağa davam edir.
     Əllərimi sinəmdə çarpaz birləşdirib həvəssiz maraqlandım:
     -Nə problemi var?
     - Doğuş sonrasıdı deyəsən. Paradontit zaddı yəqin. Mən belə başa düşdüm.
     -Aha.
     Azər bic-bic güldü. Aralı qalan qapını bağlayıb mənə yaxınlaşdı.
     - Mən bilən ərindən boşanıb. Daha doğrusu, eşitmişəm ki, heç ərə də getməyib. Sevdiyi oğlanı olub. Sonra ayrılıblar, o da tək doğub.
     - Bunların mənə nə dəxli? - tərs-tərs Azərə baxıb soruşdum. Qız haqqında verdiyi bu məlumat, doğrudan da məni zərrə qədər maraqlandırmırdı.
     -Necə yəni? Sən subay, o subay. Bəlkə bəyəndiniz bir-birinizi?
     Bunları deyib burnu ilə gülməyə başladı. Azər həmişə ağzı bağlı gülür. Burun pərələrinin açılıb-bağlanması nisbətində, ona qarşı nifrətim artırdı.
     - Aparatda işləyən tanışın, qızın şəxsi həyatı haqqında lazımından artıq danışır. Sənə elə gəlmir?
     Sözüm ox kimi hədəfə sancılmışdı. Azərin əyilən sifətini görüb, ləzzət aldım. Elə bil söhbətin nədən və kimdən getdiyini indi dərk etmişdi.
     -Yarım saata burda olar - soyuq tərzdə dedi.
     Sərsəm hərəkətləri ilə həyəcanlı olduğunu biruzə verirdi. Ona yazığım gəldi.
     -Narahat olma - dedim. - Əlimdən gələni eləyəcəm.
     Azər nigaran gözlərlə mənə baxdı və nə üçünsə baş əyib kabinetdən çıxdı.
     Balli ayaqqabıları və Birkin çantası, onun hansı təbəqəyə mənsub olduğunu açıq aşkar nümayiş etdirirdi. Firuzə rəngli ipək köynəyi ilə, ifadəli baldırlarını qabardan bəyaz şalvarı isə ahəng yaradırdı. Onu görən kimi, vəhşicə sevişmək üçün ideal qadın olduğunu anladım. Bir yetmiş beş boyunda, saçlarını sarıya boyatmış, uzun kirpikli bu qadına gözəl demək olardı, əgər dodaqlarının dolğunluğu sifətinə sünilik qatmasaydı. Gözlədiyimin əksinə, olduqca mehriban və gülərüz idi. Döşləri xırda olduğundan, yenicə doğmuş qadına bənzəmirdi. Otağa göz gəzdirib:
     -Gözəl kabinetiniz var - dedi. - Kresloya oturmalıyam?
     Öz-özümə “yox, başına oturmalısan” desəm də, qıza rasional cavab verdim:
     -Əlbəttə. Buyurun əyləşin.
     Ali təbəqənin qızı, kresloda yerini rahlamağa başlayanda, mən şirmanın arxasına keçərək əllərimi yudum. “Nə üçün ona qarşı bu qədər qərəzliyəm? Kimliyindən asılı olmayaraq, o, pasientdir. Düzdür, onun gəldiyi yerdə belə düşünmürlər. Onlar kimliyindən asılı olmayaraq, etiraz səsini ucaldan hər kəsi məhv edirlər. Amma mənim öz prinsiplərim var. Ən azından Hippokrat andı içmişəm”. Dodaqlarımın yüngülcə qaçması, mənə toxtaqlıq verdi. “Gülə bilirəmsə, deməli hər şey qaydasındadır”.
     Kreslonun yanına qayıdıb əlcəkləri taxa-taxa:
     -Gəlin əvvəl şikayətlərinizə qulaq asaq - dedim.
     - Bilirsiniz doktor. Bağışlayın, adınız necə oldu?
     Başını azacıq yana əyib, sağ döşümün üstündəki kartdan adımı oxudu.
     -Murad. Mənim də adım Şeyladır.
     -Çox şadam.
     Deyəsən, bir-birimizin adlarını öyrənməyimiz, Şeylanı bir balaca rahatlatmışdı.
     - Əslində problemlər hamiləliyin yeddinci ayında başladı. Nə soyuq içə bilirdim, nə isti. Axırıncı bir həftədir dişlərim qanayır.
     Güzgünü əlimə alıb ona tərəf əyildim. Üzünə yaxınlaşdıqca, göründüyü qədər gənc olmadığını fərq etdim. Yaşı otuzu keçmiş olmalıydı.
     -Açın ağzınızı zəhmət olmasa.
     Projektordan süzülən tutqun işıq, Şeylanın üzünə düşərək, sifətindəki şıltaq və istehzalı ifadəni yumşaldır, dodaqları ətrafındakı xırda qırışıqları daha artıq nəzərə çarpdırırdı.
     Şeyla gecikmişdi. Qabaq üst və alt dişləri bərbad vəziyyətdə idi. Dişəti qızarıb, yer-yer şişmişdi. Ağız qoxusunun bu qədər şiddətli olacağını bilsəydim, bayaqdan boğazımda sallanan maskanı taxardım. İndi taxsam, başa düşüb inciyə bilər.
     Güzgünü qabın içinə atıb kresloya oturdum. İki-üç saniyə Şeylanın dolğun dodaqlarında, xırda amma ifadəli döşlərində, şabalıdı gözlərində gəzişdi baxışlarım. Gözlərinin gözəl olduğunu etiraf etməliyəm.
     -Kompleks müalicə tələb olunur Şeyla xanım.
     -Nə olub axı mənə? - həyəcanla soruşdu.
     -Daha nə olacaq? Dişəti əməlli-başlı iltihablanıb. Bəs özünüz hiss eləmirsiniz ki, dişinizlə damağınız arasında boşluqlar, ciblər əmələ gəlib? Bu ciblər də mikrob yuvasıdır da. Nə üçün vaxtında getməmisiniz həkimə?
     -Ginekoloqum icazə vermirdi. Deyirdi doğuşdan sonra gedərsən.
     -Bu nə savadlı ginekoloqdur belə?
     Şeylanın gözlərində qəzəb qığılcımlarını görüb, sözlərimə peşman oldum. Deməli ilk “quşu” buraxmışdım. Amma Şeylanın növbəti sözləri qəzəbin mənə yönəlmədiyini bildirirdi.
     -Eybi yox. Onunla danışaram.
     İndi isə ginekoloqun taleyindən narahat olmuşdum. Belələri, gözlərini qırpmadan adamın karyerasına xətt çəkmək iqtidarındadırlar. Bircə bu çatışmırdı ki, mənə görə kiməsə ziyan dəysin.
     -Onu da başa düşmək olar. Uşağın təhlükəsizliyini fikirləşib. Belə baxanda, düz eləyib doğuşdan sonraya saxlayıb. İntəhası, gərək kalsiumlu qidalar qəbul etməyinizi məsləhət görəydi. Nə isə.
     Şeyla bir saniyə belə düşünmədən:
     - Xeyr! Heç onu da eləməmişdi - hirslə başını buladı. - Müalicə çox ağrılı olacaq?
     Çiyinlərimi çəkdim.
     -Mütləq iynə vurulmalıdır. Vitaminlər filan. Antibiotik müalicəsi də olacaq. Diş ciblərinə gel doldurmalıyıq. Siz narahat olmayın, dərinlik kritik həddə çatmayıb. Amma bəzi dişlərdə xırdaca laxlama var. Uşaq süd yeyir?
     Sanki “uşaq əmizdirmək hara, mən hara” demək istərcəsinə sərsəm-sərsəm baxdı mənə. Bilmək olmurdu - uşağın süd yeməməyindən təəssüf edir, yoxsa mənim “tərbiyəsiz” sualımdan məyus olub. Başını yırğaladı:
     -Yoox, yemir.
     “Döşlərindən məlum olur” düşündüm.
     -Bu o qədər vacibdir? - udqunub soruşdu.
     -Nə vacibdir? - başa düşmədim.
     -Uşağın süd yeməyi.
     - Demək istəyirəm ki, müalicəmizdə əngəlimiz olmayacaq. Bir tərəfdən yeməməyi uşaq baxımından pisdir - gülümsədim.
     -Amma müalicə vaxtı özümüzü məhdudlaşdırmayacağıq.
     -Ayağa qalxıb siyirtməyə yaxınlaşdım.
     - İndi damağınıza üç yerdən iynə vuracam. Çox ağrıtmayacaq. İynə nazikdir.
     Siyirtmədən şprisi və ampulu çıxartmaq üçün qurdalanmağa başlayandan, yanına yaxınlaşıb ağzını açmağı xahiş edənə qədər, bircə kəlmə danışmadı. Həyəcanlı olduğu, iynədən qorxduğu açıq-aşkar görünürdü. İynəni batıracağım nöqtələrə ledokain püskürdüb şprisi ağzına yaxınlaşdıranda gözlərini yumub, başını kreslonun arxasına dirədi. Kirpikləri titrəyir, üzündəki sinirlər hamar yanaqlarını qırışdırırdı. Nə qədər vərdiş etsəm də, ağız qoxusunu gözəl qadınlara yaraşdıra bilmirəm. Ağzından pis iy gələn qadın, ictimai yerdə gəyirən, ya da qaz buraxan qadından fərqsizdir. “Nə səfeh fikirdir” düşündüm. “Sanki kişinin ictimai yerdə gəyirməsi, ya da qaz buraxması normal haldır.”
     -Şeyla xanım, özünüzü bu qədər gərməyin.
     İynəni sonuncu dəfə batırıb, şprisi tumboçkanın üstünə qoydum:
     -Çox ağrıtdı?
     Şeyla gözlərini açdı. Əli ilə yanağını ovxalamağa başladı.
     - Yox, əliniz çox yüngüldü. Amma ağrıdı ağrımadı, iynə görəndə panikaya düşürəm. Əgər bundan sonrakı iynələrin də belə ağrısız olacağına söz verirsinizsə, onda problem olmayacaq.
     Gülən gözlərini qıyıb projektora baxdı.
     - Hə, bağışlayın - deyib, projektoru söndürdüm. - Narahat olmayın, ağrıtmaz. Amma sizə yazacağım otları mütləq alıb, vaxtı-vaxtında qarqara eləməlisiniz. Yaxşı?
     -Əlbəttə.
     - Hər gün klinikaya gələ biləcəksiniz? İynələri gecikdirmək olmaz.
     Əlini yanağından çəkməyən Şeyla, bir az düşünüb dedi:
     -Əlbəttə, problem deyil. Sabah da gəlməliyəm?
     -Gəlməlisiniz, bəli.
     -Saat üçdə olar?
     Masaya yaxınlaşdım, açıq bloknotumda sabahkı qrafikimə baxıb dedim:
     – Olar. Üçdə gəlsəniz, on-on beş dəqiqəyə proseduranı bitirərik.
     -Müalicə neçə gün çəkəcək?
     -Düşünürəm ki, on gün bizə gen-bol bəsdi.
     Şeyla ayağa qalxmaq üçün həmlə etdi. Çətinlik çəkdiyini görüb ona əlimi uzatdım. İşvəli gözlərindən yardım təklifimə razılıq oxunurdu. Nazlana-nazlana əlimi tutub ayağa qalxdı.
     -Sağ olun.
     -Buyurun.
     -Sizə bir söz deyim?
     “Mənə nə deyəcəyini bilirəm. Tərifləyəcək.”
     - Bu kabinetdə özümü o qədər yüngül, təhlükəsiz hiss edirəm ki, elə bil stomatoloq yanına yox, gözəllik salonuna gəlmişəm. Birinci dəfədir stomatoloqun yanından qaçıb getmək üçün tələsmirəm.
     -Bizi bir tapan sevinir, bir də itirən. Vərdiş eləmişik.
     Güldü və gözlənilmədən kabinetdəki ikinci kresloya oturdu. Ayağını ayağı üstünə aşırdaraq çantasını açdı, dodaq boyasını çıxartdı.
     -Yox, elə deyil. Siz fərqlisiniz. Düz sözümdür.
     Dodaqlarını boyadıqdan sonra, onları bir-birinə sürtüb boyanı yaydı. Rahat hərəkətləri məni əsəbiləşdirsə də, bir tərəfdən bu rahatlığı ilə məndə rəğbət oyadırdı.
     -Bir söz soruşsam inciməzsiniz?
     -Buyurun - dedim.
     -Siz mənim kim olduğumu bilirsiniz?
     -Nə mənada?
     Məni bic-bic süzüb:
     - Yaxşı daa, - dedi. - Sizə deməyiblər ki, kim gəlir yanınıza? Ola bilməz axı.
     Əllərimi yanlara aralayaraq:
     - Düzdür, Azər vəzifəli bir şəxsin qızı gələcək demişdi. Amma bunun nə əhəmiyyəti var? Bütün xəstələr mənim üçün birdir.
     Şeyla təəccüblə soruşdu:
     -Doğrudan?
     Mən də təəccüblə:
     -Əlbəttə, - dedim. - Bunda inandırıcı olmayan nə var?
     - Yəni siz demək istəyirsiniz ki, Səyavuş Orucun qızının adi bir xəstədən fərqi yoxdur?
     Çox provokativ, hətta alçaq sual idi.
     -Əlbəttə yoxdur. Niyə də olmalıdır? Başqalarına qarşı laqeyd, sizə qarşı daha məsuliyyətli olmalıyam?
     Hərəkətsiz oturub, diqqətlə mənə qulaq asan Şeylanın cavabı belə oldu:
     -Buna inanmaq istəyərdim.
     Elə bil quluncumun altına şiş soxdular. Qəzəbimdən dişlərimi sıxdım.
     -Necə?!
     Həddini aşdığını başa düşüb gülümsədi:
     - Yox, yox. Bunu söz gəlişi dedim. Yoxsa əlbəttə ki, sizə inanıram. Hərəkətlərinizdən, danışığınızdan hiss olunur ki, yaltaqlıq sizə yaddır.
     -Haqlısınız, yaltaq adamlardan zəhləm gedir.
     Bu cümləni elə tez-tələsik dedim ki, özüm də mat qaldım.
     Cavabımın sürətindən və itiliyindən diksinən Şeyla, iri açılmış gözlərini preparat və alətlərin olduğu şüşəli dolaba çevirdi.
     Sonra təzədən mənə baxdı.
     - Hətta deyərdim yaltaqlara nifrət edirsiniz. Özü də tək onlara yox.
     -Yaltaq vəzifə sahiblərinə nifrətiniz daha böyükdür.
     Etiraf edim ki, Şeylanı görəndə, geri zəkalı adam təəssüratı oyatmamışdı məndə. Amma son sözlərindən sonra, həm də kifayət qədər ağıllı olduğunu düşündüm. Qəribədir. Adətən belə adamlar, bu dərəcədə dərin olmurlar. Olmamalıdırlar.
     -Hardan bilirsiniz?
     - Bunu bilməyə nə var? Mənə qarşı soyuq, laqeyd olduğunuzu hiss etdim.
     Başımı sağa-sola bulayıb:
     -Doğrudan belə düşünürsünüz? - təəssüflə soruşdum.
     - Xeyr! Məni düz başa düşün. Həkim kimi çox diqqətlisiniz, məsuliyyətlisiniz. Amma bir insan kimi...
     -Anlamadım.
     - Siz allah bəsdirin. Axı siz, görünmək istədiyinizdən daha ağıllısınız.
     -Sağ olun - qərarsız dedim. - Bunu kompliment kimi qəbul etməliyəm? Doğrusu, artıq narahat olmağa başlayırdım. İynədən sonra nə üçün çıxıb getmədiyini, nə deyə mənim simpatiya və antipatiyalarımı müzakirəyə açdığını başa düşmürdüm. Vətəndaş mövqeyimin, siyasi baxışlarımın, kimi sevib, kimə nifrət etməyimin işimə nə dəxli var?
     - Kompliment deyil, faktdır. Sizin kimi adamla söhbət etmək çoxdankı arzumdur. Bilirsiniz niyə? Çünki hamı üzümə gülür, yaltaqlanır. Siz isə kim olduğumu bilə-bilə... Susdu. Acı-acı gülümsədi.
     - Kim olduğumu bilə-bilə mənimlə adi bir pasient kimi rəftar etdiniz. Bəlkə də adi pasientinizlə daha mehriban, daha səmimisiniz. Mənimlə isə məsafəli olmağa çalışırdınız.
     Ayağa qalxdı.
     - Hə, yadımdan çıxmamış, kartınızı ala bilərəm?
     - Əlbəttə - cins şalvarımın arxa cibindəki portmonenin içindən bir kart çıxarıb ona uzatdım. Kartı alıb üstündə yazılanları diqqətlə oxudu, sonra çantasına atdı. Qadınlar həmişə belə edir, əllərinə nə keçdi atırlar çantalarının içinə, sonra da tapmaq üçün iki saat qurdalanırlar. Kişilərə səliqəsiz deməyə üzləri də var hələ.
     -Yaxşı, vaxtınızı almayım. Sabah görüşəcəyik onsuzda. Saat üçdə burda olacam.
     Şeyla gedəndən sonra, otaqda ağzının qoxusu yox, zərif ətrinin şleyfi qaldı. “Gözəl ətirdir” düşündüm. “Hətta gözəl qadındır. Amma murdar rejimi təmsil edir. Deməli özü də murdardır.”
     Qapının ağzında onu gözləyən son model S-Class-a minərkən, çönüb klinikanın binasına baxdı. Deyəsən pəncərəmi müəyyən etmək istəyirdi. Jalüzü azca aralamışdım deyə, məni görmürdü. Dodağında təbəssüm, gözləri oynaya-oynaya mindi maşına. Pəncərələrin birindən ona baxdığıma zərrə qədər şübhə etmirdi. Məni yandıran da bu idi məhz - onu güddüyümü bilməsi.
     Mercedes gözdən itənə qədər maşının dalınca baxdım.
     Etiraf edim ki, sabah onu bir daha görmək üçün səbirsizlənirəm.

Ruslan və Lüdmila


      “...Təsəvvür edin - Bakının mərkəzində “Rusian və Lüdmiia” adlı nəhəng kitab mağazası, altında isə “Mozart” ədəbiyyat kafesi. Ölməz Puşkinin unudulmaz əsərinin adından ilham alaraq, bu kitab məbədinə “Ruslan və Lüdmila” adını qoyan isə, kitab vurğunu, ədəbiyyat aşiqi, gənc iş adamı Roman Bakinskidir. Onu da qeyd etmək yerinə düşər ki, bu mağaza Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə açılıb və mağazanın açılışında hər iki ölkənin mədəniyyət nazirləri iştirak ediblər. Müxbirimiz Svetlana Kotoçkina Azərbaycanın paytaxtı Bakıda Roman Bakinski ilə görüşərək ədəbiyyat, kitab və Rus mədəniyyəti haqqında söhbətləşib.
     - Roman, kitab mağazası və ədəbiyyat kafesi açmaq fikri sizdə necə yarandı? Və nə üçün məhz Ruslan və Lüdmila?
     -Mənə məxsus kitab mağazalarımın olması, səhərdən axşama qədər kitabların əhatəsində olmaq mənim çoxdankı arzum olub. Bilirsinizmi, mən uşaq yaşlarımdan kitab vurğunuyam. Oğlanlar həyətdə top oynayanda, mən Leninin kitablarını oxuyurdum. Vallah düz sözümdür. Valideynlərim də kitabsevər olublar və biz, SSRİ dövründə ailəlikcə kitabsevərlər klubunun üzvü olmuşuq. Onu da deyim ki, mən qədim kökləri olan, nüfuzlu bir nəslin nümayəndəsiyəm. Bakinskilər Azərbaycan mədəniyyəti və elminə böyük töhfələr veriblər. Ulu babamdan mənim atama və əmilərimə qədər
     - nəslimizdəki bütün kişilər alim və yazıçılar olublar. Mən də bu zəncirin son halqası kimi, xalqımıza kitab mağazası və ədəbiyyat kafesi bəxş etdim. Ruslan və Lüdmila adına gəldikdə isə, mən hələ uşaq vaxtı bu əsəri oxuyanda, onun kinosuna tamaşa edəndə Ruslan qədər yaraşıqlı və güclü olmağı xəyal etmişəm (gülür).
     -Deməli bütün layihələrinizin reallaşmasında, uşaqlıq arzularınızın böyük rolu olub.
     - Bəli, bəli. Bilirsinizmi Bakı, Aleksandr Puşkinin xatirəsinin, irsinin çox əziz tutulduğu şəhərdir. Bakı əhalisi hər zaman rus dilinə, rus ədəbiyyatına, rus mədəniyyətinə vurğun olub, Rusiya dəyərlərini bütün dəyərlərdən üstün tutub. Təsadüfi deyil ki, Bakı əhalisinin yarısından çoxu öz dilində danışa bilmədiyi halda, rus dilində səlis danışır.
     -Doğrudan da çox sevindirici haldır...
     -Əlbəttə! Rusiya və rus xalqı bilməlidir ki, Azərbaycan onun ən yaxın müttəfiqi, ən yaxın dostudur. Bizim hər şeyimiz - dünənimiz, bu günümüz və gələcəyimiz Rusiya ilə bağlıdır. Məhz Rusiya Federasiyası Avropa Birliyinin Azərbaycan üzərindəki ekspansiyasının qarşısını almaqdadır. Əlbəttə ki, ölkə rəhbərliyində, rus dilini sevən yüksək çinli məmurlarımızın xidmətlərini də danmaq olmaz. Onlara da ayrıca təşəkkür düşür.
     -Bəs Azərbaycan dili necə? Məsələn siz öz doğma dilinizi bilirsiniz?
     -Xeyr, bilmirəm. Daha doğrusu məişət səviyyəsində bilirəm. Hesab edirəm ki, bu qədər bilmək kifayətdir. Birləşmiş Millətlərin proqnozuna görə, 2050-ci ilə qədər dünyada 50 funksional dil qalacaq. Onların arasında Azərbaycan dili yoxdur. Odur ki, Azərbaycan dili kimi xırda və əhəmiyyətsiz dilləri yaşatmaq üçün milyon dollarlar xərcləmək yerinə, dünyanın aparıcı 3-5 dilindən birinə ya da bir neçəsinə yiyələnmək daha məqbuldur. Biz tarixən Rus dilinin arealında yaşamışıq. Odur ki, bu dili bu gün də yaşatmaq və inkişaf etdirmək bizim borcumuzdur. Rusiya da bizə bu işdə dəstək olmalıdır.
     -Mağazanızda Azərbaycan dilində kitablar satırsınız?
     -Xeyr, satmırıq. Bizim müştərilərimiz Azərbaycan dilində olan kitablara maraq göstərmirlər.
     -Bəs dövlətin rəsmi dilində kitabların satılmaması etirazla qarşılanmır ki?
     -Əlbəttə qarşılanır. Mətbuat yazır, bəzi qeyri-hökumət təşkilatları etiraz edir. Amma şəhərdə 10 dənə kitab mağazası var. Hamısı da Azərbaycan dilində kitab satır. Nə üçün hamının gözü elə bizim mağazamızdadır axı? Bu nə deməkdir?! İstəmirəm satmıram. Zorla deyil ki!
     Bu məqamda, kafedə qonşu masada oturmuş gənc bir qız söhbətə qoşulur.
     -Müdaxilə etdiyimə görə üzr istəyirəm. Biz doğrudan da bu kafe ilə, bu kitab mağazası ilə və Romanla fəxr edirik. Bura bizim ən sevimli yerimizdir. Siz bilirsiniz ki, şəhərdə normal bir yer qalmayıb? Doğrudan elədir! Hər yeri Azərbaycan dilində danışanlar zəbt ediblər.
     -Siz bundan narahat olursunuz?
     Roman müdaxilə edir.
     -Lyamoçka (Ləman-red.) bizim daimi müştərilərimizdəndir. Ola bilsin o, öz fikrini düzgün ifadə edə bilmədi. Bilirsinizmi, tarixən belə olub ki, azərbaycandillilər əyaləti, əyalət təfəkkürünü rusdillilər isə urbanistik mədəniyyəti təmsil ediblər. Sovetlər dağılandan sonra rusdilli şəhər olan Bakı, əyalətdən gələnlərin istilasına məruz qaldı. Bu da haqlı olaraq bizləri, yerli əhalini qıcıqlandırır. Biz demirik ki, Azərbaycan dili pisdir, lazımsızdır. Bir relikviya, tarixi abidə, raritet kimi öz dilimizə dəyər veririk. Amma dilimiz müasir dövrümüzün tələblərinə cavab vermirsə, bu dildə ədəbiyyat yaratmaq mümkün deyilsə, ondan yapışmağın, ona investisiya qoymağın nə mənası var? Azərbaycan dilinin lazımsızlığını tək mən yox, məşhur yazıçımız Samit Osmanlı da qeyd edirlər.
     -Samit Osmanlının kitablarına mağazada rast gəlmişdim.
     -Aha. O bizim gənc və perspektivli yazarianmızdandır. Azərbaycan dilində nəsr yaratmağın mumkun olmadığını, bu dilin ədəbiyyata yatmadığını o da etiraf edir. Özünün də rus dilində yazması elə bu amillərdən irəli gəlir. Sözün düzü, Samit əvvəllər belə düşünmürdü - azərbaycandillilərlə oturub-dururdu. Amma bizim kafeyə gəlib-getməyə başlayandan, rusdilli elitar klubun üzvü olandan, bir az da qlamurlaşandan sonra, həqiqəti dərk etdi (gülür). Bütün rusdilli yazıçıların, tələbələrin və Bakı elitasının məbədidir bizim kafe...”
     Sənan zəng edib, saat yeddidən sonra “Mozart” kafesində görüşməyi təklif edəndə, üç gün əvvəl oxuduğum müsahibədən bu hissə yadıma düşdü . Paytaxtın mərkəzində, Puşkinin məşhur poemasının adını daşıyan kitab mağazası və “Mozart” ədəbiyyat kafesinin sahibi, son bir ildə naşirlik fəaliyyəti ilə də ad çıxarmış iş adamı Roman Bakinskinin, Rusiyanın məşhur “nowaflM u Hae3flHMKM» jurnalında dərc olunmuş bu müsahibəsini internetdən oxuyanda, ölkədəki rusdilli-azərbaycandilli qarşıdurmasının artıq yeni bir mərhələyə, hətta təhlükəli fazaya keçməkdə olduğunu anlamışdım. Bakinski açıq-aşkar Azərbaycan dili və bu dilin daşıyıcıları ilə məzələnməkdə olsun, müxalif mətbuat isə onu “vətənini, ölkəsini, millətini sevməməkdə’’ ittiham edərək, “nə üçün Roman, mağazaya ad seçərkən, bizim milli məhəbbət əfsanələrimiz olan Əsli və Kərəmə, Leyli və Məcnuna, Fərhad və Şirinə, yaxşı, bunları da istəmirsə heç olmasa Bahadır və Sonaya yox, məhz Puşkinin Ruslan və Lüdmilasına müraciət edib?" sualı ilə, ona “milli məhəbbət əfsanələrimizə xəyanət edən adam’’ ünvanını yaraşdırırdı.
     Roman isə onun haqqında yazılanlara məhəl qoymayaraq, yerli və xarici mətbuata müsahibələr verməyə, kitab mağazası və ədəbiyyat kafesi ilə yanaşı, fürsət bu fürsət özünü də reklam etməyə davam edirdi. Onun müsahibə və fotosessiyaları “Cool”, “Doxsan birlər”, “Crazy”, “Intellektual libido” kimi qlamur jurnallarda çıxmaqla yanaşı “Mingəçevir işıqları”, “Monodexb Y36eKucmaHa”, “Sədərək” qəzetləri; “Tibb aləmi”, “Azərbaycan dünyası”, “Təbriz-Bakı”, “El qızı” və “Tazə bəy”jurnalları kimi, şübhəli reputasiyası olan mətbu orqanlarda da yer alırdı. Müxtəlif pozalarda çəkdirdiyi fotoları və müsahibələrinin dərc olunduğu qəzet, jurnal və saytların hesabını itirən Roman Bakinski, bütün müsahibələrində dostcanlı adam olduğunu vurğulayaraq, “işdən vaxt tapanda, dostlarla Mafiya oynayırıq”, “balıqla aram yoxdu, amma pivə ilə noxud əla gedir”, “saç düzümümü Türk ustası Erola etibar edirəm” tipli açıqlamalar verir. Hər gün bir televiziya kanalında çıxış edən, hər dəfə bir qiyafədə tamaşaçıların qarşısına çıxan bu adam qəribə, bəlkə heç özünün də başa düşmədiyi Azərbaycan dilində ədəbiyyatdan, mədəniyyətdən və kitaba sevgidən danışır.
     Sonuncu pasienti səkkizə beş dəqiqə işləmiş yola salandan sonra Rənaya zəng elədim.
     -Bir azdan çıxıram. Görüşə biləcəyik?
     Rənadan “yox” cavabı eşitmək qeyri-mümkündür.
     -Yarım saat sonra hara desən gələrəm.
     -Mozart necədi?
     Əvvəl səssizlik oldu. Sonra sevgilim səs tonunu dəyişib soruşdu:
     -Orda oturaq deyirsən? - özü də cavabı gözləmədən - Yaxşı gələrəm, - dedi. - Yarım saat sonra ordayam - çaşqınlıq hiss olunmurdu səs tonunda. Amma mənə veriləsi sualları vardı yəqin.
     -Operanın qabağında olacam.
     Otağın qapısını bağlayıb klinikadan çıxdım. Havaya boğucu kəsafət çökdürən boz buludlar insanın ovqatını təlx edir, elə bil evə qapanmağı, küçələrdə gəzməməyi əmr edirdi. Siqaret yandırıb, sağa-sola baxaraq taksi axtardım. Yüz metr aralıda sarı Renault müştəri gözləyirdi. Ağır-ağır maşına doğru irəlilədim. Şeyla çıxmırdı ağlımdan. S-Class-a minib gözdən itdiyi andan, onu unuda bilmədiyimi özümə etiraf etdikcə sarsılırdım. Nə olub mənə? Onun mənsub olduğu klana, quruluşa nifrət edirəmsə, deməli ona da nifrət etməliyəm, elə deyil? Edirəmmi? Yoxsa o qadın maraqlı göründü mənə? Onu bir daha görmək üçün sabahı iplə çəkirəmmi? Təbii ki, ürəyimdə Şeyla adlı bir qadın yoxdur, ola da bilməz. Bəs niyə çıxmır ağlımdan? Zehnimi niyə məşğul edir?
     Taksinin arxa qapısını açıb oturdum.
     -Dram teatrının yanına.
     Şeyla gözəldirmi? Toğrul demişkən “Ha 6e3pbi6be, u paK pbi6a” . Rənadan gözəldirmi? Əsla. Rəna çox gözəldir. Rəna özəldir. Bəs Rəna Sevildən gözəldirmi? Xeyr. Bu mümkün deyil. Rəna heç vaxt Sevildən gözəl ola bilməz. Yaxşı, bəs Sevilin gözəlliyindən mənə nə? Şeylanın gözəlliyindən mənə nə? Hər ikisi də mənə eyni məsafədə dayanmayıblarmı? Yeri gəlsə, bir vaxtlar evimin qadını olan Sevil Şeyladan daha əlçatmaz deyilmi mənim üçün?
     İşdən çıxan adamlar səkilərdə, maşınlarsa yollarda tıxaclar yaradır. Hamı tələsir. Hamı hövsələsizdir. Elə bil hamının planetar miqyasda vacib, təxirəsalınmaz işləri var. Bura Londondur, yoxsa Tokio? Axı bu insanlar tələskənliklərində də, hövsələsizliklərində də saxtadırlar. Bütün sürücülər əllərini siqnalın üstündə hazır saxlayıblar ki, yeri gəldi-gəlmədi səs- küy yaratsınlar. Elə bizim taksi şoferi kimi.
     Sabah Şeyla yenə gələcək. Görəsən yenə məndən danışacaq? Tanımadığım bir pasient ilk dəfədir ki, haqqımda fikir bildirir, mən isə buna icazə verirəm, etiraz etmirəm. Deməli mən də bu söhbətdə maraqlıyam. Diqqətini cəlb etmək mənə xoşdur. Şəxsiyyətimlə maraqlanması eqomu oxşayır.
     -Burda saxlayın zəhmət olmasa.
     Pulu ödəyib İslam Milli küçəsi ilə, Talıb Qulamov küçəsinin kəsişməsində, Qənirə Milli adına kitabxananın arxasında düşüb yolu keçdim.
     Dram teatrının qarşısındakı meydança skeytborçu uşaqların işğalına məruz qalıb. Qızlı-oğlanlı skeytbord sürən yeniyetmələrin cıvıltısı qəribə şəkildə əsəblərimi sakitləşdirir. Onların sayəsində urbanistik mahiyyətə bürünən bu meydan, indi azadlıq adasını xatırladır. Təkərlərini az qala divarlara dırmaşdıran balaca “virtuozların” şən, qayğısız gülüşlərində doğmalıq duyuram sanki. Bir yandan uşaqlara tamaşa edir, bir yandan da gözucu afişalara nəzər yetirirəm - “Kral Lir”, “Romeo və Culyetta”. Nə maraqlı tamaşalardır! Avropalılar bunları görsələr, elə bilərlər Azərbaycan normal ölkədir; xalq kütlələri teatra, operaya, baletə düşə bilmək üçün upuzun növbələrə düzülür. Halbuki teatr da, opera da, balet də, filarmoniyadakı konsertlər də qeyri-legitim hakimiyyətin öz cinayətlərini maskalamaqdan ötrü qurduğu; azadlığın yox, avtoritarizmin möhkəmlənməsinə xidmət edən anturajlardır. Şəhərdə tikilən göydələnlər və körpülər kimi. Açılan bahalı butiklər və restoranlar kimi. Günü-gündən sayları çoxalan beş ulduzlu otellər kimi.
     Yenicə siqaret yandırmışdım ki, Rənanın mənə doğru yaxınlaşdığını gördüm.
     Qoynuma soxulub bərkdən qucaqladı məni. Dodaqlarından öpdüm. Çeynədiyi çiyələk saqqızının ətri dəydi burnuma.
     -Necəsən? - soruşdum.
     -Pis deyiləm. Səndə təzə xəbərlər var deyəsən.
     -?
     -Bura xeyrola?
     - Həə, onu deyirsən. Heç. Sənan zəng eləmişdi. Gedək.
     Teatr binasına tərəf tələsmədən addımlamağa başladıq. Rəna çantasına yellədə-yellədə:
     -Deyirəm axı. Sən bura gələn deyilsən. Deməli o dəvət eləyib.
     -Əslinə qalsa, heç o da buralara gələn deyil - dedim.
     Rəna əlini belimə doladı.
     -Doğrudan e. Kafe, restoran qəhətdi bəyəm?
     - Yəqin bu gün vurmaq istəmir. Çayla yola verəcək bizi.
     Dram teatrının sağ böyründə, zirzəmidə yerləşən “Mozart” kafesinin qapısını açıb içəri girdik. On masadan yeddisinin boş olduğu kafedə həzin, instrumental musiqi çalınırdı.
     Səhv etmirəmsə İqor Krutoy olmalıdır.
     Kafenin şimal divarı boyu döşəmədən tavana qədər uzanan rəflərdə yüzlərlə kitab var. Kitablardan hansınısa bəyənib almaq istəyən, burma pilləkənlə ikinci mərtəbədə yerləşən, kafedən iki dəfə böyük sahəsi olan mağazaya qalxmalıdır. Roman müsahibələrinin birində: “Bakının ən ağıllı, ən savadlı adamları gəlir bu kafeyə. Vaxtını öldürmək, özünü göstərmək istəyən gənclərin burda yeri yoxdur. Ziyarətçilər kitaba toxunmaq, onu hiss etmək, yeni kitablarla tanış olmaq istəyən təbəqədıY’ demişdi. Deməli biz, Rəna ilə hal-hazırda bu “ali” təbəqənin arasındayıq.
     Roman haqlıdır - “Mozart”-da, insan özünü başqa bir fəzada hiss edir. Bu fəzada, yəni “kitabla təmas etmək istəyən təbəqənin” əhatəsində olmaq, kitaba nifrət yaratmasa da, ən azından insanda kitaba qarşı qeyri-ciddi münasibət formalaşdıra bilər, çünki buradakı kitablar ən yaxşı halda fon rolunu oynayır. Özlərini “elitar” təbəqə, “kübar” cəmiyyət adlandıran, ambisiyaları imkanlarından və qabiliyyətlərindən qat-qat yüksək olan, mütaliədən ziyadə kafenin Wi-Fi xidmətindən yararlanmaq üçün bura yığışan kafenin daimi müştəriləri, elə bil kitablardan hördükləri divarların arxasında gizləniblər. İntellektualizm, dərinlik və mədəniyyətin yalnız onlara məxsus olduğuna ciddi-ciddi inanırlar. Kitabdan hörülən bu divarların arxasındakı cəmiyyət və onun problemləri isə, onları qətiyyən maraqlandırmır. Daha doğrusu onlar bütün bunlardan xəbərsizdirlər. Azərbaycan reallığından uzaq, mikro dünyalarında yaşayan bu insanlar ölkədə nələrin baş verdiyini bilmədikləri kimi, keçmiş və gələcək haqda da nəinki düşünmür, hətta bu barədə beyin yormağı axmaqlıq sayırlar.
     Bu kafedə Azərbaycan dilində danışmaq ayıb sayılır. 25 yaşlı ofisiant Yelena, rus dilində danışmayanlara elə sifət göstərir ki, yediyini içdiyini də qaytarıb qaçmaq istəyirsən. Hətta bir neçə ay əvvələ qədər, girişdəki sağ divardan asılmış ağ lövhəyə flomasterlə yazılmış: “Ev heyvanlarının və azərbaycandillilərin kafeyə girməsi qadağandır” xəbərdarlığını oxumaq da mümkün idi. Gülümsəyən smayliklərlə bəzədilərək, guya zarafat kimi təqdim olunan bu xəbərdarlıq, kafeyə təsadüfən gələn Xızı rayonunun qadın millətvəkili Natavan Həbibinin diqqətini cəlb edərək, onu qəzəbləndiribmiş. Kafedə əməlli-başlı dava salan, Romana ağzından çıxanı deyən Natavan, lövhəni öz əlləri ilə divardan söküb küçəyə vıyıldadıbmış. O gündən sonra deputat xanım “Mozart” a ayaq basmasa da, kafenin “zarafatçıl” müştəriləri azərbaycandillilərə sataşmağa cəsarət etmirlər. Ağ lövhəyə isə indilərdə günün menyusu, yeni salatlar və içkilər haqqında məlumatlar yazılır.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.09.2014) | Müəllif: R.C E W
Baxış: 740 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more