Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-10

      -Olsun - dedi, gözlərini qaldırıb üzümə baxdı. - Yazıb qurtarandan sonra verərsən oxuyaram.
      - Mütləq - deyib saçlarından öpdüm. - Sənə çox sağ ol demək istəyirəm. Bu günkünə görə.
      –Buna ehtiyac yoxdur - dedi. - Özü də bu barədə danışmaq istəmirəm.
      -Olsun, amma bilirsən ağlıma nə gəldi?
      -Nə?
      - İnsanlar da kompüterlər kimi arada bir resetlənməlidir, yenilənməlidir ki, daha sürətli, daha yaxşı işləsinlər.
      Sevil cingiltili səslə ürəkdən gülüb qaynamağa başlayan qəfədanın altını söndürdü.
      - İndi başa düşdüm niyə gündəlik tutursan - güclü fantaziyan var. Özü də məndən ayrılandan sonra, daha da inkişaf eləmisən. Bəlkə roman yazasan?
      Taburetə oturub masaya dirsəkləndim.
      -Rəna da elə deyir.
      Soyuducunun qapısını silə-silə, laqeydcə:
      -Rəna kimdi? -soruşdu.
      -Görüşdüyüm qadın.
      -Görüşdüyün qadın. Onu çox sevirsən?
      - Sən Rasimi nə qədər sevirsənsə, o qədər sevirəm.
      -Cığallıq eləmə.
      -Cığallıq niyə olur?
      -Mən Rasimi sevmirəm.
      -Mən isə bilmirəm Rənanı sevirəm ya yox. Səni unuda bilmədiyimə görə, deməli sevmirəm. Amma Rəna çox yaxşı insandır.
      -Neçə yaşı var?
      “Qısqanırmı görəsən?”
      -Səndən üç yaş balacadı.
      -Bu evdə də heç vaxt olmayıb.
      -Yox.
      Gözlərimə dik baxıb:
      -Nə isə - dedi. - Sən keç otağa, televizora bax. Mənə mane olursan.
      -Bəlkə qalsın - dedim. - Qalanını da özüm yığışdıraram.
      -Dedim ki, keç get otağa. Gəlirəm indi.
      Qonaq otağına gəlib bloknotu şkafın üstünə qoydum, televizoru açdım. Xəbərlərdə Rövşən Zabitoğlunun “Nə? Harada? Nə zaman?” oyunundan fraqmentlər, ADNA-da yerdə yatan cəsədlər göstərilir; ailəsi, dostları daşlaşmış, kədərdən çökmüş sifətlərilə mikrofona nəsə deyirdilər. Kanalı çevirdim. Burada da eyni kadrlar, eyni mövzu vardı.
      Mətbəxdə səslər susdu, suyun səsi kəsildi. Sevil qapıdan boylanıb:
      -Tozsoran hardadı? - soruşdu.
      Yataq otağından, çarpayının altından toz basmış tozsoranı çıxardıb dəhlizə gətirdim. Sevil üz-gözünü turşudub onun üstünü nəm bezlə sildi, əvvəl mətbəxi, sonra dəhlizi tozsoranladı. Ardından yataq otağına keçib çarpayını sərdi, çirkli paltarları bir yerə topladı, təmizləri isə səliqə ilə şifonerə yığdı. Oranı da tozsoranladıqdan sonra qonaq otağına qayıtdı. Dizlərimi qatlayıb divanda oturmuş, bayırlıq paltarda evləri təmizləyən Sevilə baxırdım. Bu mənzərə keçmiş günlərə qaytardı məni. Sadəcə olaraq əvvəllər Sevil ev paltarında, xələtdə iş görərdi, indi isə bayırlığındadır. Çünki o, bu evə aid deyil. Qonaq otağı ilə də işini bitirib, bütün çirkli paltarları paltaryuyana atıb işə saldı. Ardından da mətbəxin, dəhlizin, otaqların döşəmələrini sildi.
      Evimi tanıya bilmirdim. Qadına qovuşduğundan, bayram edən evimi. Müasir qadınlar indilərdə cəmiyyətdəki ənənəvi rollarından, “evdar qadın” statuslarından narazı olsalar da; azadlıqdan, öz haqlarından danışsalar da, səliqə-sahmanı, təmizliyi onlardan yaxşı yarada bilən yoxdur. Özləri də bilirlər bunu. Bilirlər necə möhtacıq onlara.
      -Getməliyəm - dedi.
      -Belə tez?
      -Harası tezdi? Saat ondur. Rasim mesaj yazdı ki, evə gəliblər.
      Cəld ayağa qalxıb dəhlizə çıxdım.
      -Gözlə geyinim, yola salım səni.
      - Lazım deyil. Taksiyə minib gedəcəm.
      -Necə yəni? Gözlə mən də...
      Əlini ağzıma qoyub “sss” elədi.
      -Dedim ki, ehtiyac yoxdur.
      Qucaqlaşdıq.
      -Yenə gələcəksən? - ürkəkcə qulağına pıçıldadım.
      -Bilmirəm. Zəngləşərik.
      -Yenə də hər şeyə görə çox sağ ol - dedim və geri çəkilərək gözlərinə baxdım.
      -Dəyməz. Sən də Özgürün işini həll elədiyinə görə çox sağ ol.
      Başımı buladım:
      - Sən nə danışırsan? Söhbət mənim oğlumdan gedir.
      Ehtirasla öpüşdük. Getmək istəmədiyini, əlacı olsa yanımda qalmağa hazır olduğunu hiss edirəm. O da sevir məni. Çox sevir.
      -Salamat qal - deyərək, kilidi açdı.
      – Sən də özünə yaxşı bax. Özgürü öpərsən.
      Liftin qapıları açılana, Sevil gözdən itənə qədər baxdıq bir-birimizə. On beş-iyirmi saniyəlik baxışmamız, bir əsrə bərabər söhbət kimiydi. O mənə, mən də ona bu gecəyə görə minnətdarlıq edirdik. Qapını bağlayıb mətbəxə gəldim. Bu dəfə tərtəmiz mətbəxə. Buranın həmişə belə təmiz, səliqəli qalması Sevilsiz mümkün deyil. Taburetə oturdum. Sevilin açıq qoyduğu nəfəslikdən mətbəxə dolan sərin meh, uşaqların həyətdə yandırdığı tonqalın qoxusunu da özü ilə içəri gətirirdi.
      Şeyla çıxmırdı yadımdan. Çıxa da bilməzdi - sabaha görüş təyin edib mənə. Harasa gedəcəyik onunla. Getməliyikmi? Fərqli dünyaların adamlarıyıq ikimiz də. Bəs məndən nə istəyir? Hardan ilişdim mən bu məxluqa? Bu nə işdir düşdüm? ADNA-da baş vermiş hadisə, ona olan nifrətimi daha da artırırdı. Dolaylı da olsa, Rövşənin törətdiyi cinayətdə bu rejimin də barmağı vardı. Ömrünü bundan sonra da uzatmaq, xalqa divan tutmaq, cinayətlərinə davam etmək niyyətində olan rejimin. Cəmi 5 ay qalıb prezident seçkilərinə. Son günlərdə daha da aqressivləşib, quduzlaşıb Qənirə. Müxalif yönlü elektoratın sıralarının günbəgün genişlənməsi yuxusunu ərşə çəkib, gecəsini gündüzünü qarışdırıb. Şeyla da bir yandan zəli kimi yapışıb, qopmaq istəmir. Sabah onu yenə görəcəyimi düşünəndə, istər-istəməz əsəbdən dişlərimi qıcıyıram.
      Mən bilirəm nə etmək lazımdır - Toğrulla danışmalı, onunla məsləhətləşməliyəm. Mütləq.
      Nömrəsini yığıb xeyli gözlədim.
      -Salam.
      -Salam. Neynirsən, hardasan?
      -Evdəyəm. Sənə ehtiyacım var. Gələ bilərsən?

POST REVOLUTİON - 2

Cinayətin yalnız bəhanəyə ehtiyacı var.
Aristotel
Üsyan - kölənin şücaətidir.
Friedrich Nietzsche

İtirdiklərim


     Gündəlikləri bitirdim. Kim olduğunu 32 yaşında dərk etməyə başlayan insan hansı hissləri keçirə bilər? Bunu məndən soruşun.
     Qara bloknotun birinci səhifəsini açan kimi tənhalığımın, yalqızlığımın müfəssəl təsvirləri ilə qarşılaşdım. Oxuduqca özümə yazığım gəlirdi. Qəribə hissdir özünə kənardan baxa bilmək. Görünür bunu yaxşı bacarmaq üçün, hafizə tamam silinməlidir. Gündəlik tutmağa başlamağımın səbəbi də sadə imiş - Sevillə ayrılandan sonra düşdüyüm depressiya, təxminən il yarım sonra bu qara bloknotda qeydlər aparmağımla nəticələnib. Maraqlıdır, bəs niyə il yarım gözləmişəm? Evimin təsvirləri, tör-töküntü, pəncərə önündə dayanıb yoldan keçənlərə baxaraq fikrə dalmağım, Rus parkında gəzişməyim haqqında oxuduqlarım mənə o qədər doğma, əziz gəldi ki, elə bil bu sətirləri bir il əvvəl yox, dünən yazmışam. Xüsusilə də parka aid hissəni oxuyarkən həyəcanlanmış, xəyalımda uşaqlıq çağlarım canlanmışdı.
     Toğrul barədə yazdıqlarımdan, Sevilin nə qədər haqlı olduğu üzə çıxır - həqiqətən də, ən çətin anlarımda görüşüb dərdləşdiyim tək sirdaşım məhz Toğrul olub. Dostluqla bağlı fikirlərimizin fərqli olduğu, onun bu məfhuma bir o qədər də etibar etmədiyi məlum olsa da, münasibətlərimizə dostluqdan başqa ad qoymaq da olmur. Özü də çox möhkəm dostluq. Gömrük komitəsində işləyən atasından asılı olan, amma arada-bir onun ziddinə getməyi də bacaran Toğrulun, siyasi mövzulardan zindeyi-zəhləsi getdiyini başa düşürəm. Gündəliklərin onunla bağlı hissələrini, ən çox da aramızda yaşanan mübahisələri oxuyarkən üzümdə qeyri-ixtiyari kədərli bir təbəssüm yaranır. Ürəyimdə isə səliqəsiz, kələ-kötür xətlə yaratdığım bu canayaxın, səmimi dost obrazının mənim üçün elə kağız üstündə qalacağını, onunla bir daha heç vaxt görüşməyəcəyimi, söhbət edə bilməyəcəyimi dərk etməyin sancısı var.
     Rəna - sevib-sevildiyim qadın. Onunla Toğrulun ad günündə tanış olmuş, tanış olan kimi də aramızda mütləq nələrinsə yaşanacağını, tanışlığımızın bu ad günü mərasimi ilə məhdudlaşmayacağını başa düşmüşəm. Vurulmaqdan, aşiq olmaqdan qorxduğunu demişdi mənə. Mən də ən az onun qədər yenidən sevməkdən qorxduğumu ona etiraf etmişdim. Lakin qorxularımız günü-gündən şiddətlə alovlanan sevgimizə məğlub olmuşdu. Hətta gün gəlmiş, münasibətlərimiz az qala vətəndaş nikahı müstəvisinə keçmişdi. Sevişmə səhnələrimizi də yazmışam. Sevil onları oxuyubsa (oxuduğundan şübhəm yoxdur) xəcalətimdən səhər üzünə necə baxacam? Yox, elə deyil, Sevilin yeri başqadır ürəyimdə. Yazdıqlarımdan da bəlli olur ki, Rənaya və Sevilə qarşı keçirdiyim hisslər, hər ikisinin həyatımdakı yeri tamam fərqli olub. Sevilə olan sevgimlə, Rənaya bağlılığım heç müqayisəyə gəlmir. Bəli, Sevil mənim üçün qat-qat dəyərli, doğma insan olub. Yenə də qadındır, bu sətirləri oxuyarkən mütləq qısqanmışdır, başqa cür ola da bilməz. Xüsusilə də Rənaya yaraşdırdığım iltifatları oxuyanda. Nə bilim, bəlkə də haqqı yoxdur qısqanmağa. Əvvəla özü də ərə getmişdi biz boşanandan sonra. Belə olan halda, ömrümün sonuna qədər onun xatirəsinə sadiq qalıb, qadın üzü görməməyə and içməli deyildim ki! Həm də, Rəna yoxdur artıq. Bir qəhrəman kimi özünü fəda edib. Bundan sonra nə qısqanclığı? Rənanın xatirəsinə hörmətsizlik kimi çıxmasın, artıq Sevillə mənim aramda rəqib də qalmayıb. “Jaləsində yuyunmaq və gecənin ayazında qızışmaq üçün yaz sübhündə şəfəqi gözləyən çəmənlər tək möhtacam sənə”. Bu cümləni oxuyanda gülmək tutdu məni. Görəsən bu sözlər özümə aiddir, yoxsa hansısa kitabdan çırpışdırmışam?
     Sevili həm də oğlumu dünyaya gətirən qadın olduğuna, mənə övlad bağışladığına görə sevmişəm. Bircə bu səbəb yetər ki, ürəyimə ondan başqa heç bir qadın daxil ola, yerini tuta bilməsin. Gündəlikləri oxuduqca başa düşürəm ki, Özgürlə nəfəs alır, onun üçün yaşayırmışam. Boşandıqdan sonra da dərd alıbmış məni - uşaq kiminlə böyüyəcək, necə tərbiyə alacaq, kimə daha meylli olacaq? Atalığının səhnəyə çıxmasından sonra isə narahatçılığım daha da artıbmış. Hətta Sevili hədələmişəm ki, uşağı alacağam səndən. Yaxşı ki, bu axmaq işə girişməmişəm. Əlbəttə, girişməzdim də. Atalığı ilə yaşasa da, Özgürə güldən artıq söz deyəcəyi təqdirdə onun gözlərini oymağa hazır anası varıydı yanında, dayaq idi oğluma. Narahat olmağa dəyməzdi. Amma yenə də ərə getməsini uzun müddət həzm edə bilməmiş, bunu ona bağışlamamışam.
     Özgür. Azad və ləyaqətli ölkədə yaşamağı ən çox onun üçün arzulamış, sistemin dəyişməsi uğrunda bacardığım qədər, etiraz bildirmək səviyyəsində də olsa, kiçik mübarizəmi aparmışam. Məktəbdə yaşanan problemlər, “Qənirə ana” şeiri üstündə düşən mübahisə də göstərir ki, Milli rejiminin dəyişməsi həyatımın yeganə amalına çevrilmişdi. Oğlumun heç bir sarıdan korluq çəkməməsi üçün, qazandığım pulun ən az yarısını hər ay, müntəzəm olaraq Sevilin bank hesabına köçürürdüm. Klinikada işləməkdən iyrənsəm də, peşəmə nifrət etsəm də, hər gün Rəna, ya da Sənangillə görüşmək, ya da evimə qapanıb özümlə təkbətək qalmaq üçün iş saatının bitməsini səbrsizliklə gözləsəm də, işləməyə məcbur idim. Yaxşı ki, Toğrul daima yanımdaydı.
     Toğrul. Tələbəlik illərindən başlayan dostluğumuz Asiadentdə işlədiyimiz illərdə də davam etmiş, klinikada daha da möhkəmlənmişdi. Ömrünə fırtına kimi daxil olub Toğrulun qəlbində gözəllik, saflıq adına nə varsa darmadağın edən, həyata inamını göyə sovuran Zümrüd adlı qıza bəslədiyim kin və nifrət isə indi özümə qorxulu görünür. Mən bir insana, özü də qadına bu dərəcədə nifrət edəcək adamam?! Görünür doğrudan da pis, sevimsiz insan olub ki, nifrətimi qazanıb. Oxuduqca görürəm ki, məqsədi Toğrulu alçaltmaq, şəxsiyyətini tapdalamaq olub. Görəsən indi, Toğrul öləndən sonra neynəyir, nə iş görür? Gərək sabah soruşum Sevildən.
     Gündəliklərimdə, idbarlıqda Zümrüddən geri qalmayan bir başqa qadın tipi də var - mayor Dadaşovun mənə haqqında sual verdiyi Şeyla. Prezident aparatının “Milli maraqlar” şöbəsinin başçısı, xalq arasında “milli Ghebbels” adı ilə tanınan Səyavuş Oruc adlı adamın qızıymış. Onun dişlərini müalicə etmişəm. Yazmışam ki, “onun dişlərini qurdalamaq, həkim praktikamda üzləşə biləcəyim ən böyük ədalətsizlik və bəxtsizlikdıY’. Kabinetimdə siqaret çəkə-çəkə mənimlə siyasətdən danışıb, rejimi müdafiə edib, səhv yolda olduğumu mənə sübut eləməyə çalışıb. Ona da nifrət edirmişəm. Nifrət etdiyim halda da... sevişmişəm. Nə alçaq adamam!
     Şeyla. Nədir bu adda məni bu qədər narahat edən, ürəyimi sıxan? Rənanı başa düşmək olar - sevirdim onu. Bəs Şeylanı? Yazdığım qədər ikrah doğurubsa məndə, onunla bu biabırçı əlaqəyə necə, nə üçün girmişəm? Çətin ki, bu sətirlər xəstə təxəyyülümün məhsulu olsun. Yox, ola bilməz! Doğrudan da sevişmişik. Deməli Sevil bunları da oxuyub. Haqqımda nə düşünüb görəsən? Qadın görəndə ağzının suyunu axıdan şorgöz olduğumu fikirləşib yəqin. Doğrudanmı mən belə adamam? Sabah Sevillə bütün bunlar barədə ətraflı danışmalıyıq. Onsuzda danışacağıq.
     Qənirə Milli, İslam Milli, avtoritar rejim haqda də danışmalıyıq. Daha çox öyrənməliyəm, daha çox şey bilməliyəm. Bloknota yazdıqlarımla Sevilin mənə verdiyi qəzetlərdə oxuduqlarım arasındakı uçurum açıq-aydın görünür. Qəzet səhifələrini qarışdırdıqca, mənzərə tədricən şəkillənir beynimdə. Başa düşməyə başlayıram ölkənin hardan hara gəldiyini. Azərbaycanı iki dövrə bölə bilərəm artıq - komadan əvvəlki və komadan sonrakı Azərbaycana.
     Çox yox, iki-üç ay əvvəlin Azərbaycanı haqda qəzetlərdən oxuduqlarım kifayət edir ki, ölkədə polis rejiminin hökm sürdüyünü, korrupsiyanın cəmiyyətin bütün sahələrini əhatə etdiyini, vicdan daxil olmaqla hər şeyin alınıb satıldığını başa düşüm. Milli cütlüyünün ölkədə formalaşdırdığı hakimiyyət komandasının ideologiyası bütünlüklə rüşvət-korrupsiya ideologiyası olduğundan, Azərbaycanda korrupsiya dövlətin rəsmi siyasətinə çevrilmişdi. Buna görə də hakimiyyətin başında duranlar bir zəncirin halqaları kimi bir-birinə bağlanmış, hamı bir cinayətin - rüşvət-korrupsiyanın məhkumuna çevrilmişdi. Məhz bu səbəbdən rejim demokratiyaya, qanuna qənim kəsilmiş, hüquqa düşmən olmuşdu. Uzun illər ölkənin təbii sərvətlərini talayaraq, gələcəkdə milyonlara insanın fəlakətini, faciəsini hazırlayan rejim sabahı düşünmədən soymağa, qəsb etməyə davam etmişdi.
     Oxuduqca görürəm ki, narazıların inqilaba, dəyişikliyə ümidləri möhkəm olsa da, Qərbin dəstəyinə, köməyinə dair bədbinliyi də varmış. “Qərbi ancaq neft düşündürür”, “Həlledici məqamda hakimiyyətlə razılaşıb yenə demokratiyanı satacaqlar”. Az qala folklora çevrilmiş bu gileylər Azərbaycanda həm siyasətçilərin, həm də sadə xalqın dilindən tez-tez səsləndirilib, insanlar arasında ümidsizlik sindromu yaradıb. Sevilin mənə verdiyi qəzetlər arasında, bir vaxtlar Sənanın da işlədiyi Liberal qəzetinin iki həftə əvvəlki sayında maraqlı bir məqaləyə rast gəldim. Kərim Rəşidoğlu adlı jurnalist yazırdı: “İnqilabdan əvvəl Qərbə qarşı giley-güzarlı olan; ABŞ-ın, Avropanın xainliyindən danışan vətəndaşlarımıza cavab olaraq deyirdik ki, “xalq yalnız öz gücünə arxalanmalı, inqilabın resurslarını öz daxilində axtarmalıdır”. Deyirdik ki, “Hər şey Qərbin nə zaman və necə dəstək verib-verməməyindən yox, Azərbaycan xalqının ortaya qalibiyyət şanslı demokratiya mübarizəsi qoymasından asılıdır”. Zaman, bizim nə qədər haqlı olduğumuzu göstərdi. O ki, qaldı Qərbə, mən dünən olduğu kimi, bu gün də Qərbin ikiüzlülüyündən danışmağın, “Qərbi demokratiya maraqlandırmır” deməyin tərəfdarı deyiləm. Bu, haqsız iraddır. Nədir demokratiya? Xalqın öz hökumətini təşkil edib onu idarə etməsinə əsaslanan effektiv idarəçilik üsulu. Bu gün dünyanın bütün inkişaf etmiş ölkələri demokratiyanın bərqərar olduğu ölkələrdən ibarətdir. Artıq bunun özü inkişaf etmək istəyən hər bir xalqa bir işarə olmalıdır. Lakin həmin demokratik ölkələr yalnız öz xalqlarının qarşısında məsuliyyət daşıyırlar və Əfqanıstan, İraq, Azərbaycan qarşısında üzərilərinə heç bir öhdəlik götürməyiblər. Zaman-zaman demokratik dövlətlər İraq, Əfqanıstan, lap elə keçmişdə Azərbaycan kimi avtoritar rejimlər ilə sövdələşməyə gedib, öz maraqlarını təmin ediblər və edəcəklər. Ancaq bütün bunların demokratiyaya nə dəxli? Əgər ABŞ Əfqanıstanı bombalayırsa, İraqa qoşun yeridirsə, yaxud keçmişdə olduğu kimi Azərbaycandan ən müxtəlif sahələrdə güzəştlər qoparırsa, bütün bunlar Azərbaycanda seçki saxtakarlığına, məmur özbaşınalığına, aşkar avtoritarizmə necə haqq qazandıra bilər? Amma bütün bunlar geridə qaldı - xalq nəhayət ayağa qalxdı və qalib gəldi. Xalqın hakimiyyətə gətirdiyi Niyazi Salayev indən belə istəsə də sələflərinin yolunu gedə, diktatora çevrilə bilməz. Onu bir kərə ora gətirən xalq, zərurət yaranarsa endirə də bilər...”
     Milli rejimi. Ordusu, polisi, kəşfiyyatı, qoçu dəstələri olan, sarsılmaz kimi görünən bu rejimin başçılarının eyni zamanda nə qədər zövqsüz olduğunu da yazmışam gündəliyimə. Aristokratiyaya, intelelktualizmə iddialı olan Qənirənin əslində aqrar təfəkkürlü, zövqsüz bir arvad olduğunu, ərinin qurduğu və özünün davam etdirdiyi avtoritar üsul-idarəyə bütün dünyanın güldüyünü də yazmışam. Hər şeyləri ilə saxta olan bu adamlar kübar görünməyə, Qərb dəyərlərinə “açıq” olduqlarını nümayiş etdirməyə çalışdıqca batır, biabır olurdular. Onlara nə klassik musiqiyə qulaq asmaları, nə də ki, Cartier ya da Dolce Gabbana-dan “shopping” etmələri kömək etmirdi. Xüsusilə Qənirə - “çuşka” damğası ilə ömürlük damğalanmışdı.
     Sevilin mənə verdiyi qəzetlər bəs elədi ki, ölkədə nələrin baş verdiyini, illər boyu necə yaşadığımızı, Azərbaycanda hansı quruluşun hökm sürdüyünü öyrənmiş olum. Lakin hamının həsrətlə gözlədiyi azadlığın necə əldə olunduğunu görə bilməməyimi, xalqın mübarizəsində ön sıralarda olmamağımı özümə bağışlaya bilmirəm. Həyatın mənim üçün yarım illik müddətə dayanması mənim günahım olmasa da, vicdan əzabı çəkirəm indi. O qəzaya düşməsəydim, mən də o günləri görəcək, sevinc dolu zəfər anlarını yaşayacaqdım. Mütləq yaşayacaqdım.
     Yeri gəlmişkən, qara bloknotu oxuyub qurtarandan sonra yüksək yazı qabiliyyətinə malik olduğumun da fərqinə vardım. Yazdıqlarım özümü də təəccübləndirmişdi. Hətta Sənan da məndə yazıçılıq istedadının olduğunu dəfələrlə deyib, məni yazmağa təşviq edibmiş. Belə çıxır ki, mən də gizlincə yazır, yazdıqlarımı hər kəsdən, hətta Toğruldan, Rənadan, elə Sənanın özündən də gizlətmişəm. Qəzaya düşməsəydim yazmağa davam edəcəyim bu gündəliklərdə kəllə-mayallaq şəxsi həyatım, ölkədəki ağır siyasi vəziyyətlə bağlı depressiv qeydlərimdən başqa, işıqlı məqamlar da çoxdur. Dəyər verdiyim, sevdiyim insanlar haqqında təəssüratlarımı, onlara qarşı hiss etdiklərimi oxuduqca, normal həyatımda kifayət qədər sosial, istiqanlı insan olduğumu gördüm. Ateist olduğum da aydın oldu mənə. Əlbəttə, indi də tanrı, yaradılış haqda fikirləşəndə fövqəl qüvvəyə inanmadığımı, bunlarsız daha rahat olduğumu hiss edirəm. Ümumiyyətlə gündəliklər acı, şirin, məzəli, kədərli səhnələri ilə qaldı yadımda. Roman Bakinskinin “Mozart” kafesi, rusdillillilər, atamın siçovulların hücumuna məruz qalan şəkli haqqında yazdıqlarım məni güldürsə də, ADNA-da baş verən qırğına, Elmar Hüseynovun ölümünə, Zümrüd və Şeyla adlı qadınlara dair qeydlərim məni dərindən sarsıtmışdı. Bu siyahıda adı xüsusi seçilən Şeyla, hələ xəstəxana günlərimdən məni rahat buraxmır. Hər dəfə onun adı yadıma düşəndə qorxu, həyəcan keçirirəm. Niyə?
     Sevil arzulayıram, amma oyatmayacağam. Şirin yuxudadır.
     Səhər on birə işləmiş, mətbəxdən gələn qab-qacaq, axan su səslərinə oyandım. Qaz plitəsinin qabağında qurdalanan Sevilə arxadan yaxınlaşıb qarnını qucaqladım, boynundan öpdüm. Cingilti ilə gülüb:
     -Acsan? - soruşdu.
     -Elə də yox. Kofe içərəm.
     -Mama zəng eləmişdi, Özgürü məktəbə aparıb. Axşam mən gedib gətirməliyəm evə. Gələrsən mənimlə?
     -Əlbəttə gələrəm - sevindim. - Həm də görüm uşaq harda oxuyur.
     Sevil qaynayan çaydanı kənara çəkib, mənə kofe hazırlamağa başladı.
     -Gündəlikləri axıra qədər oxudun?
     - Hə, oxudum - taburetə oturub dedim. - Qəzetləri də oxudum, gündəlikləri də.
     -Necə oldu?
     -Nə necə oldu?
     -Nəsə düşdü yadına?
     -Sən deyən çox şey yox. Bircə bu Şeylanı başa düşə bilmirəm. Necə olub ki, belə bir adamla yaxınlıq qurmuşam - dedim və xəcalətimdən gözlərimi Sevildən qaçırtdım. - Polis də bu qadın haqda sual vermişdi. Sən də elə bil birtəhər olmuşdun mayor mənimlə danışanda.
     Sevil buğlanan fincanı qabağıma qoyub, mənimlə üzbəüz əyləşdi.
     -Gündəliklərdə yazmısan ki, klinikada səndə müalicə olunub. Əvvəl aranızda mübahisələr olub, sonra isə... kabinetdə sevişmisiniz. Hamısını oxumuşam - çəkinərək dedi. - Bəlkə də elə şey olmayıb, özündən uydurmusan - Sevil özü də bilir ki, bu, belə deyil. - Sən xəstəxanaya düşəndən təxminən iki həftə sonra polislər gəlib mənimlə görüşdülər. Şeyla adlı qadınla maraqlanmağa başladılar. O vaxt hələ bu evə gəlməmişdim deyə gündəlikləri görməmişdim, oxumamışdım, bilmirdim kimdən söhbət gedir. Sonra, xəstəxanada sənin cibindən çıxan şeyləri verdilər mənə - şəxsiyyət vəsiqəni, 230 manat pulu, evin açarını. Gəlib evdə yır-yığış eləyəndə bloknotu tapdım. Səninlə qəzadan bir gün əvvəl görüşəndə bu bloknotu mətbəxdə görmüşdüm. Mənə demişdin ki, gündəlik tuturam. Oxumağa başladım. Şeylanın adına orda rast gələndə hər şey aydın oldu mənə.
     Sevilin sözünü kəsdim:
     -Polislər səndən nə soruşmuşdular ki?
     - Dedilər Şeyla adlı qadın sizin keçmiş ərinizin yanında müalicə olunub, indi də itkin düşüb, tapa bilmirik. Axırıncı dəfə də Murada zəng vurub, onunla danışıb. Bilmək istəyirdilər mən o qadın haqqında nəsə bilirəm, ya yox. Sonra evdə gündəlikləri oxuyanda, başa düşdüm ki, bloknotu gizlətmək lazımdır, çünki orda Şeylaya olan nifrətini, qəzəbini yazmısan, polisin əlinə keçsəydi onlar üçün bəhanə ola bilərdi. Bloknotu götürüb apardım anamgilə, orda gizlətdim. Bir də inqilabdan sonra gətirdim evə. Nə mən, nə polislər o vaxt hələ bilmirdik sən sağalacaqsan ya yox. Bir gün də iki mülki geyimli şəxs gəldi xəstəxanaya. Həkimlə danışdılar ki, nəyin bahasına olur olsun səni sağaltmalıdırlar, çünki çox böyük adamın qızı yoxa çıxıb, sən isə bu barədə nəsə bilə bilərsən. Sonra birdən-birə polislərin də, mülkilərin də ayağı kəsildi. İndi yenə dadanıblar. İnqilabdan sonra mayor Dadaşov bir-iki dəfə gəlib-getmişdi. Sən komadan çıxandan sonra o, yenə gələndə, elə bildim qəzanın sağ qalan şahidi kimi səni dindirmək istəyir. Amma o da Şeyla ilə maraqlanmağa başlayanda, adını çəkəndə diksindim.
     Kofedən bir qurtum içib, düşüncəli baxışlarımı soyuducunun üstündəki maqnitli heyvan fiqurlarında saxladım.
     -Səncə o qızın yoxa çıxmasının mənə bir dəxli var?
     Belə bir sualı gözləməyən Sevil gözlərini bərəltdi.
     -Sənə nə dəxli ola bilər?! Bunu nə üçün soruşursan? Nədənsə şübhələnirsən?
     -Yox, elə belə soruşdum. Bəlkə deyirəm məndən şübhələnmək üçün əsasları var?
     -Boş danışırsan. Səndən niyə şübhələnsinlər?
     -Onda sən niyə gündəlikləri gizlətmək ehtiyacı hiss etdin? Orda mənim ziyanıma işləyən nə var ki?
     Sevil çaşdı, sağa-sola baxdı, əli ilə masanın üstünü bir neçə dəfə sildi.
     - Nə bilim. Birdən ağlıma gəldi ki, ordakı seks səhnəsi onları qəzəbləndirə bilər. Baxma da, balaca adamın qızı deyil.
     -Sən də ona görə gizlətdin?
     -Yox. Dedim axı, orda həm də söymüsən onu, ağzına gələni yazmısan. Nifrət edirəm, murdardır, idbardır, nə bilim iyrəncdir. Bunlar bəs deyil? Həm də səni hədələdiyini, şantaj etdiyini yazmısan. Əsas məsələ budur.
     -Nə olsun ki, hədələyib?
     -Polislər üçün bu əsas ola bilər.
     -Deməli əsas var.
     - Xeyr, mənim səndən şübhələnməyim üçün əsas yoxdur. Amma polislər üçün ola bilər deyirəm. Onları tanımırsan? Ən xırda şeyin ucundan tutub ucuzluğa gedirlər.
     Sevil düz deyir. Mən Şeylanın hara yoxa çıxdığını, qeybə çəkilməyinin mənimlə nə əlaqəsi olduğunu doğrudan bilmirəm, başa düşmürəm. Lakin ürəyimə çökən qəribə bir ağırlıq var - nəsə hiss edirəm sanki, xatırlayan kimi oluram, amma konkret heç nə canlanmır şüurumda. Bu da əzab verir mənə.
     -Əgər qəza iki-üç gün gec baş versəydi, Şeyla ilə görüşməyiniz haqqında da yazacaqdın. Gündəliklərdəki son yazı, mənim evə gəlməyim barədədir. Axırda da yazmısan ki, sabah Şeyla ilə görüşməlisən.
     - Bilirəm, oxumuşam. Bəlkə deyirəm ona nəsə...
     - Sus! Bəsdir! - Sevil qətiyyət və əsəblə dedi. - Biz nə bilək qız hara cəhənnəm olub? Bundan sənə nə? Haqlıdır Sevil - mənə nə onun yoxa çıxmasından? Polis mənimlə bir də bu barədə danışsa, açıq deyəcəm ki, birincisi Şeylanı xatırlamıram, ikincisi də ki, itkin düşübsə bunu məndən niyə soruşursunuz? Deməyinə deyəcəyəm lakin məni narahat edən, anbaan təqib edən bu qeyri-müəyyən duyğudan xilas ola biləcəyəmmi? Nədir ürəyimi bu qədər sıxan? Nədir?
     - Əşi beynini belə şeylərlə yorma, hər şey düzələcək. Onsuzda quruluş dəyişib, Səyavuş Oruc da qaçıb gedib xaricə, heç malını-mülkünü də apara bilməyib. Onun özünə cinayət işi açıblar. Kimdi Şeylanı itirib-axtaran?
     -Quruluş dəyişib - dedim, Sevillə göz-gözə gəldim. - Oxudum hamısını. Deməli illər boyu biz belə bir şəraitdə yaşamışıq. Mən isə arzuladığım dəyişikliyi gözlərimlə görmədim, dostlarım meydanda ölərkən, dərin yuxuda idim.
     - Düz yetmiş iki nəfər. Yetmiş iki gənc insan, həyatının baharında meydanda can verdi - Sevil kədərlə dilləndi. - Bəlkə meydanda olsaydın, sənə də nəsə olardı.
     -Nə demək istəyirsən? Yaxşı olub ki, komaya düşmüşəm?
     -Elə demək istəmədim - Sevil tərəddüdlə dedi. - Qismət belə imiş.
     -Bəsdir sən canın. Qismət nədir?
     Sevil güldü:
     - Düz deyirsən, gündəliklərdə qismət barədə yazdıqlarından sonra bu sözü dilimə gətirməməliyəm. Sənə bir söz deyim, amma gülmə.
     -Gülməli şeydirsə necə gülməyim?
     -Xəbərin var ki, sən əməlli-başlı yazıçısan?
     -Nə danışırsan? - təəccüblə soruşdum. - Nə yazıçısı?
     - Düz sözümdür, gündəliklərini oxuyanda elə bil həyəcanlı, maraqlı roman oxuyurdum. İstəsən orasını-burasını düzəldib, yaxşıca redaktə etdirib roman kimi çap etdirə də bilərsən.
     Sevil zarafat etmirdi, ciddi danışırdı. Susub heyrətlə ona baxdığımı, deməyə söz tapmadığımı görüb daha da ürəkləndi.
     –Xahiş edirəm, bunu elə. Səndə alınacaq, yüz faiz bilirəm. İstəmədiyin yerləri ixtisara sala bilərsən, hansısa yerlərinə əlavələr edərsən. Nə bilim... özün daha yaxşı bilirsən neynəmək lazımdır.
     -Bəsdir də. Kimə lazımdı mənim gündəliklərim?
     Səsimdəki qətiyyətsiziliyi fərq edən Sevil bir az da ruhlandı:
     -Naz eləmə! Deyirəm sənə götür yaz. Onsuzda hələ bir ay işə çıxan deyilsən, evdə oturub müalicə alacaqsan. Xeyli boş vaxtın olacaq. Başa düşürsən ki, sənin bu gündəliklərin tarixi sənəddir? Özü də mənə qalsa onun ikinci hissəsini də yaza bilərsən, belə daha maraqlı olar. Qəzadan əvvəl və qəzadan sonra. Komadan yaddaşsız vəziyyətdə ayılandan sonra nələr hiss eləmisən, ölkədəki dəyişiklik sənə nə cür təsir eləyib, adamları necə tanımağa başlamısan. Görürsən nə qədər mövzu var?
     Açığı, Sevilin səsləndirdiyi bu fikir dünən gecə gündəlikləri oxuyarkən mənim də ağlıma gəlmişdi. Xeyr, qeydlərimi roman şəklində kitab mağazalarının rəflərində görmürdüm, amma onların yazıldığı dil, üslub mənə olduqca maraqlı görünmüş, hətta bunları həqiqətənmi özümün yazıb-yazmadığıma şübhəm yaranmışdı. Sevil isə məni dilə tutmağa davam edirdi:
     -Sənan da həmişə deyərdi ki, Murad istəsə yazıçı ola bilər. Bunu gündəliyində də yazmısan. Rəhmətlik sənin əsər yazmağını çox istəyərdi, inanırdı sənə. Sən də yazsan, rəhmətliyin ruhu şad olar.
     Qadın ki, qadın. Sənanın haralardasa göylərdə ruhunun yaşadığına, kitab yazsam sevinəcəyinə inanır. Özü də nə deyirsən de, bu inancına sona qədər sadiq qalacaq. Daha ona başa salmaq olmayacaq ki, Sənanın bədəni çoxdan çürüməyə başlayıb, əti də sümüklərindən aralanıb, ruhu isə ümumiyyətlə yoxdur, heç vaxt da olmayıb. Deyəsən Sevil, özünü məşhur bir yazıçının arvadı hiss edirdi artıq. Elə hey danışırdı:
     -...Təsəvvür elə ki, roman bizim ayrılmağımızla başlayır, ya da xəstəxanada ayılmağınla. Nə bilim, sən daha yaxşı bilərsən. Bəlkə kitab Millilərin hakimiyyətə gəlişi ilə başlasın? Məncə gündəliklərdəki ardıcıllıq necə var, elə də qalsın. Mənə elə baxma, səninlə ciddi danışıram. Çox maraqlı roman alınacaq, inan mənə. Sevgi, siyasət, dostluq, məişət - hər şey olacaq orda. Sonra da amneziyaya düçar olmuş qəhrəmanın komadan ayılandan sonrakı həyatı. Bu, ikinci hissə olsun. Gülürsən, məni də əsəbiləşdirirsən! Gündəlikləri oxuyanda, doğrudan bədii əsər kimi oxumuşdum. Özümə də söz vermişdim ki, sən sağalandan sonra sənə mütləq roman yazdıracam.
     Sevilin mənə olan inamından, sağalacağıma dair əminliyindən təsirləndim:
     -Deməli inanırdın ki, sağalacam, hətta roman da yazacam?
     - Bəs necə? Oxuyanda gah gülürdüm, gah ağlayırdım, inanırsan? Öz-özümə demişdim ki, sağalsın, mütləq onu dilə tutacam.
     -Dedin də, elədin də.
     -Nədi, bəyəm pis təklifdi?
     - Yox - sevgi və minnətdarlıqla Sevilə baxıb dedim. - Əla təklifdi.
     Gözləri parıldadı, qabağa əyilib hərarətlə soruşdu:
     -Deməli yazacaqsan?
     -Ola bilər. Fikirləşməliyəm. İndi heç nə deyə bilmərəm. Yazmaq üçün gərək bir az yadıma nəsə düşsün axı. Dünən oxuyanda elə bil zaman-zaman beynimdə qığılcımlar parıldayıb sönürdü. Solğun, bulanıq sifətlər, hadisələr xatırlayırdım, sonra təzədən hamısını unudurdum. Çox ağırdır. Sevdiyim üç insandan heç biri bu gün həyatda yoxdur. Təsəvvür edirsən? Nə Toğrul, nə Sənan, nə Rəna. Heç biri qalmayıb. Hamı tərk edib gedib bizi - dedim və başa düşdüm ki, dediklərim onun qüruruna toxuna bilər.
     -Yəni üçünü də dost kimi nəzərdə tuturam. Rənanı da.
     -Murad bəsdir! Bu söhbətin heç yeri yoxdur. Səni qısqanıram bəyəm? Biz boşanmışdıq, istədiyin qadını sevə bilərdin, buna haqqın çatırdı. Hətta... indi də haqqın var.
     -Sən nə danışırsan?
     -Yəni biz hələ də evli deyilik. Səni başa düşürəm, Rəna haqqında mənimlə danışmaq səni incidir, bəs mən neynəyim? Elə bilirsən mənim üçün asandır? Rasimlə evləndiyimə görə özümü bağışlaya bilmirəm, bu hərəkətimdən çox utanıram.
     -Sevil.
     - Hə, utanıram. Amma olan olub, keçən keçib. Biz indi gələcəyə baxmalıyıq. Əgər sən də bir yerdə yaşamağımıza etiraz eləmirsənsə.
     - Bu nə sözlərdir danışırsan?! - taburetimi yanına çəkdim, əlimi çiyninə qoydum. - Dəlisən? Mən sənsiz yaşaya bilərəm?
     Dodaqlarından, yanaqlarından, gözlərindən öpməyə başladım. Elədir. Bundan sonrakı həyatımı onsuz təsəvvür edə bilmirəm. Gözümü açdığımda gördüyüm ilk insan olub Sevil - aylar boyu başımın üstündən ayrılmayan, mənə öz inamı ilə güc aşılayan, ürəyimi sevgi və iradə ilə dolduran; yenidən və daha şiddətli sevməyə başladığım qadın.
     -Əl-üzünü yumamış öpüşürsən? - gülərək dedi. - Özün yazmısan ki, səhər obaşdan öpüşənlərdən zəhlən gedir.
     -Hmm. Nə olsun ki. Kofe içmişəm, ağzımdan iy gəlmir. Nədi? Niyə elə baxırsan mənə?
     -Mən necə də sənin qədrini bilməmişəm.
     -Elə mən də. Bir-birimizin qədrimizi bilməmişik. Belə desək daha düzgün olar. Sən heç demədin, Rasimdən necə ayrıldın. İndi hardadır, neynəyir?
     Sevil həvəssiz dedi:
     - Sən xəstəxanaya düşəndən iki ay sonra boşanma ərizəsini yazdım. Heç bir ay çəkmədi.
     Bu böyük qəlbli qadının cəsarətinə, mərdliyinə heyranam.
     -Üç “S”.
     Gülə-gülə yanağımı oxşadı.
     -Mən də səni sevirəm - dedi. - Bundan sonra səndən ayrı yaşaya bilmərəm. Bunu xəstəxanada başa düşdüm. Razıyam səninlə - hər kəsi, bütün yaxın dostlarını itirmək insan üçün çox ağırdır. Deyirəm də, yaddaşın yerinə qayıdanda daha çox əzab çəkəcəksən. Mən ən çox o gündən qorxuram.
     - Yaxşı yadıma düşdü. Onların şəkilləri var evdə?
     Sevil alnına yüngülcə şapalaq vurdu:
     - Vay vay vay! Mən səndən də beşbətər yaddaşsızam ki! Gözlə gəlirəm.
     İti addımlarla mətbəxdən çıxıb qonaq otağına getdi, yarım dəqiqə keçməmiş əlində noutbukla geri qayıtdı.
     -Burda istəmədiyin qədər şəkil var.
     Kompüterin açılıb işə düşməsini nə çox gözləmək lazımmış! Ekranda donub qalan “Windows” yazısı məni hövsələdən çıxartsa da, sakitcə oturub gözləyirdim. Nəhayət açıldı. Sevil qovluqlarda bir neçə saniyə qurdalanıb şəkillər olan qovluğu açdı. Bir yandan Sevilin diqqətlə monitora dikilmiş üzünə, bir yandan da ekranda gördüyüm kiçik fotolara baxırdım. Sevil onlardan birini böyüdüb mənə göstərdi:
     -Bax, bu Rənadır.
     Şəkilin böyüməsi ilə ürəyim tez-tez döyünməyə başladı. Dünən gündəliklərdə Rəna ilə bağlı hissələri oxuyanda beynimdə hansı qadın obrazı canlanmışdısa, monitordan da o obrazı görürdüm. Bu qədər təsadüf olmaz. Yox, təsadüf nədir? Bu sözün heç yeri yoxdur. Əksinə oxuduqca tanıyırdım, tanıdıqca cizgiləri müəyyənləşir, siması şəkillənirdi şüurumda. Bu da nəticəsi. Deməli düzəlirəm, yaddaşım qayıdır özümə. Şəkildə Rəna üzünü üzümə yapışdırmışdı, ağzını iri açıb gülürdü. Mənimsə başımda kloun papağı varıydı. Bu papağın başımda olmasından deyəsən məmnun deyildim deyə sifətimi turşutmuşdum. Rəna isə əksinə, olduqca xoşbəxt görünürdü. Sevil yanımda oturduğundan həyəcanımı, duyğularımı gizlətməliyəm. Coşmamalıyam. Kişilər qadınların hansı məqamlarda qısqandıqlarını altıncı hissləri ilə duyurlar. Sevil min dəfə də “yox, qısqanmıram” desə, Rəna artıq çoxdan ölmüş olsa da, fotoya baxarkən ifrat emosionallıq nümayiş etdirsəm, mütləq qısqanacaq. Bilmirəm, bəlkə də yanılıram. Yenə də hər ehtimala qarşı hisslərimi içimdə boğub, laqeydcə:
     -Başqa şəkil yoxdur? - soruşdum.
     Başqa şəkillər də varıydı. Rənanın bir-birindən gözəl, iyirmiyə yaxın fotosu bir-bir gəlib keçirdi monitordan. Görünür ikimiz də şəkil çəkdirmək həvəskarı olmuşuq. Hər şəkildən sonra bir az da tanıyır, bir az da ürəyim yanırdı. Onun itkisinin şiddətini, acısını hiss etməyə başlayırdım. Artıq dözə bilmirdim, boğazımdakı qəhər düyünü nəfəs almağımı çətinləşdirirdi. Nə yaxşı ki, fotolar bitdi.
     -Bu da Toğrul - Sevil dedi.
     Monitordan, şıltaq gözləri ilə obyektivə gülən yaraşıqlı oğlan baxırdı. Yox, Rənanın obrazını təxmin etdiyim kimi Toğrulu hiss etməmişdim, amma yenə də bu üzün mənə tanış gəldiyini əminliklə deyə bilərəm. Bəli, tanımışdım onu. Harda, nə vaxt görüşdüyümüz barədə heç nə bilmirəm, amma tanıyıram. Budur, mən və Toğrul hansısa dağda, şəlalənin fonunda dayanmışıq, bu şəkildə isə dəniz sahilindəyik, burda at çapırıq, Toğrul sükan arxasındadır, Toğrul dizlərinə qədər girdiyi dayaz çayda tutduğu balığı sevinclə nümayiş etdirir, Toğrul, mən və Sevil hansısa kafedə oturmuşuq. Bu, lap köhnə şəkilə oxşayır.
     Sevil:
     -Sənanın elə də çox şəkili yoxdur - dedi və mənə iki şəkil göstərdi. Birində Sənan redaksiyada, monitor arxasında oturmuşdu, obirində isə dostları ilə çayxanada. Fotolardan ilk nəzərə çarpan onun kədər dolu gözləri, hər şeydən bezmiş insanın ümidsiz baxışları olsa da, ümumiyyətlə müsbət enerjili adam təəssüratı bağışladı mənə. Çayxanada çəkilmiş şəkilə diqqətlə baxdım. Sənandan başqa masanın ətrafında əyləşmiş üç nəfərdən heç birini təbii ki, tanımadım.
     -Toğrul harda basdırılıb? - qəfil soruşdum.
     Ani sualımdan təəccüblənən Sevil gözlərini monitordan ayırıb köks ötürdü:
     -Yasamal qəbiristanlığında.
     -Apararsan məni ora?
     -Əlbəttə. O nə sözdür.
     -Bəs Sənangil?
     - Onlar da Fəxri xiyabanda. Yetmiş iki nəfərin hamısı eyni qəbiristanlıqdadır.
     -İndi çıxa bilərik?
     -Çörək yeməyəcəksən?
     -Yox, ac deyiləm.
     - Onda çıxaq. Sən get geyin, mən də buraları təmizləyim gəlirəm.

Məzarlar


     Ölümə münasibətimi soruşsaydılar - ona nifrət edirəm deyərdim. Hə, nifrət edirəm. Ölümlə ilk tanışlığım uşaqlıq illərimə təsadüf edir. Maraqlıdır ki, amneziya kimi ağır bir xəstəlik belə, bu sarsıntını, sinif yoldaşımın maşının altında qalaraq can verməsini mənə unutdura bilməyib. Həyatın hər an yarıda kəsilə biləcəyini, ölümün yaş həddinin olmadığını ilk dəfə o gün anlamışdım. Xəstələrin və qocaların gözlənilən ölümü olduğu kimi, heç kəsin gözləmədiyi, qəfil gələn ölümlər də varmış. Qəfil ölümlər adama od qoyur, dağ çəkir, sındırır. Uşaqlıq və yeniyetməlik illərimdə ölümdən qorxsam da, indi ona nifrət edirəm. Heç vaxt sifətini görmədiyim, lakin kölgəsini hər zaman yanımda hiss etdiyim ölümdən daha böyük düşmənim yoxdur. Düz altı ay başımın üstündə dayandı, əl çəkmədi məndən. Sonda isə - müvəqqəti də olsa - qalib gəldim ona. Ölümə həm də ona görə nifrət edirəm ki, onun nə yumor hissi var, nə də təəssüflənməyi bacarmır. Adı çox, mahiyyəti isə birdir. Doğrudan e, niyə qorxur insanlar ölümdən? Ölüm boşluqdursa, onun olduğu yerdə heç nə yoxdursa, ondan qorxmaq nəyə lazım? Hər kəsdən özünə qarşı ehtiram, qorxu tələb edən ölüm hakim ola bilər, amma heç vaxt qanunun özü olmayacaq. Mən belə bir qanun tanımıram, ona görə də qorxmuram. Hərgah, biz özümüzə görə qorxmuruq ki, əzizlərimizdən ötrü qorxuruq. O da bilir bunu - bizi özümüzlə yox, sevdiklərimizlə sınağa çəkir. Mənim də ən yaxın dostumu alıb əlimdən. Ən yaxın dostumu. Nifrət edirəm ona! Ölümlə mübarizə aparan deyiləm. Bilirəm ki, mənası yoxdur, ona qalib gələ bilməyəcəm, geci-tezi var, məni də aparacaq. Olsun, o günə də hazıram. Amma ölümdən bircə xahişim var, artıq dayansın! Məndən sonra nə istəyirsə etsin, kimi istəyirsə alsın yanına, amma mən həyatda ikən əzizlərimlə işin olmasın, toxunmasın onlara. Onsuzda kimim qalıb ki, həyatda? Demək olar ki, hamısı gedib. Biri elə burada, qarşımda uzanıb. Soyuq torpağın altında, daş plitələrin arasında, dünyanın ən darısqal, ən ədalətsiz məkanında uyuyur.
     Əziz dostum, mən səni bir o qədər də xatırlamıram, daha doğrusu heç xatırlamıram. Sadəcə intuisiyamla ürəyimdəki yerinin nə qədər böyük olduğunu, səni nə qədər sevdiyimi, dəyər verdiyimi hiss edirəm. Heç yaraşmır sənə bu soyuq, qara mərmər. Qara mərmərin üstünə bir hökm kimi həkk olunmuş adın, soyadın, atanın adı, doğum və ölüm tarixin heç yaraşmır sənə. Ölüm tarixin. O gün mən də səninləydim, səninlə ölməliydim, amma sən öldün, mən sağ qaldım. Bilirəm ki, eşitmirsən məni, çünki yoxsan artıq, çoxdan torpağa qarışmısan. Özün getmisən, barı xatirən qalsın. Amma o da yoxdur. Gündəliklərdə nə varsa odur, ondan başqa heç nə bilmirəm, xatırlamıram. Həkimlər deyir müvəqqətidir, düzələcəyəm. Ola da bilər, olmaya da. Hələlik gündəliklər bes eləyir mənə. Sənə nə qədər bağlı olduğumu öz əllərimlə yazmışam. Sənin təkrarsız, özün xas yumor hissini, qəzəbini, sevgini yazmışam. Yaddaşım geri qayıtsa, sənin üçün daha çox darıxmağa başlayacağam, bilirəm ki, xiffətini hələ çox çəkəcəyəm, yoxluğunun acısını hələ çox duyacağam.
     Nə axmaq həyatım var. Ömrümün üstündən sanki vəba gəlib keçib. Hamı tərk edib məni - atam, dostlarım, sevgilim, hətta yaddaşım. Yox, nankor ola bilmərəm - heç olmasa həyatın kövrək budaqlarından bərk-bərk yapışıb mənə ayrılan ömür payını yaşamaq üçün Sevil adlı, Özgür adlı səbəblərim qalıb. Amma yenə də sənin ölümünlə barışmaq, razılaşmaq çətindir. Səni bir daha görə bilməməkdən, səsini eşitməməkdən daha böyük dərd ola bilərmi? Sən mənə, səni xatırlamaqda, ikinci dəfə tanımaqda kömək edə bilməyəcəksən. Qadınları, sənin çox sevdiyin, mənim isə baş açmadığım maşınları, atanı, sevgilini, mənim ailə problemlərimi, ümumiyyətlə ölkəmizi müzakirə edə bilməyəcəyik. Çünki sənin üçün hər şey bitib artıq. Hər şey bitib. Biz niyə aşdıq o uçurumdan? Nə baş verdi axı? Necə oldu?
     Gözlərimi, yanaqlarımı əlimin tərsi ilə silib on metr aralıda dayanıb təlaşla mənə baxan Sevilə döndüm:
     -Deməli Şamaxıdan qayıdırdıq.
     - Hə, Şamaxıdan - quru tərzdə, titrək səslə dedi.
     -Orda nə işimiz vardı?
     -Bilmirəm. Sizin ikinizdən başqa bunu bilən yoxdur. Deyəsən gündüz gedib gecə, səhərə yaxın qayıtmısınız. Şamaxı yolunun üstündə axşamtərəfi sürüşmə olub, siz də bilməmisiniz. Yol idarəsi də işarə qoymayıb, sürüşmə zonasını hasara almayıb. Bakıya qayıdanda maşınınız uçurumdan aşıb.
     -Aydındı.
     Əslində heç nə aydın deyildi. Şamaxıda nə işimiz vardı, ora nə üçün getmişdik, uçuruma necə yuvarlanmışıq? Heç nə yadıma düşmürdü.
     -Gündəliklərdəki son sözlərin də Toğrul haqqındadır.
     -Yadımdadı. Hətta oxuduqlarımın hamısı əzbərimdədir. Beynim elə bil tərtəmiz, ağ səhifədir - nə eşitsəm, nə oxusam, nə görsəm dərhal ora həkk olunur. Sən gedəndən sonra Toğrula zəng vurmuşam, bilirəm. Amma sonrası yadımda deyil.
     Hönkür-hönkür ağlamaq istəyirəm. Nəyin baş verdiyini bilənlərdən biri yerin dibində qurd-quşa yem olub, obiri isə ot kimi ömür sürür - başı boş, yaddaşsız, aciz. Tüpürəsən belə həyata.
     -Sən komada olanda Rəna da, Sənan da gəlib-gedirdilər xəstəxanaya. Qəzanı eşidən kimi Rəna nömrəmi tapıb mənə zəng vurmuşdu - Sevil boynunu bükdü. - İki qadın gecə-gündüz sevdikləri kişinin ölüm-qalım mübarizəsinin nə ilə qurtaracağını gözləyirdi. Sənin yaralanmağın, iki əzəli rəqibi dostlaşdırmışdı.
     -Nə danışırsan? - arxaya çönüb Sevillə göz-gözə gəldim.
     -Hə, dostlaşmışdıq Rəna ilə. Başqa cür ola da bilməzdi. Seçkilər yaxınlaşdıqca tez-tez görüşürdük. Gah mən Rənagilə gedirdim, gah o mənim yanıma gəlirdi. Hər gün də mütləq xəstəxanaya baş çəkirdik. Sənan da bizimlə olurdu. Seçkilərdən sonra meydan hərəkatı başlayanda mən də mitinqlərə getmək istəyirdim. Amma onlar imkan vermədilər. Dedilər sən Murada lazımsan, yanında olmalısan.
     - Bəs Toğrulun sevgilisi necə oldu?
     -Zümrüd?
     -Hə.
     Sevil çiyinlərini dartdı.
     -Qəzadan sonra onu görməmişəm. Toğrulun valideynləri ilə birinci və axırıncı dəfə polis idarəsində görüşmüşdüm. Çox pis düşmüşdülər, Natavan güclə atasını ayaqda saxlayırdı. Onda Natavandan soruşdum ki, bəs Zümrüd hanı. Dedi bilmirəm hansı cəhənnəmdədir. Bircə dəfə Toğrulun üçünə gəldi, on dəqiqə oturub zırıldadı getdi. Ondan sonra bir də görməmişik onu - Sevil susdu, sonra soruşdu. - Sənə bir söz deyim?
     -De.
     -O gündən sonra Natavanı da görmədim. Mənə elə gəlir ki, valideynləri də, bacısı da Toğrulun ölümündə səni günahkar sayırlar. Hamı elə düşünürdü ki, öləcəksən, ayağa qalxan deyilsən. Məndən başqa heç kəs sənin yaşayacağına inanmırdı.
     -Məni niyə günahkar sayırlar?
     - Polisdə eşitdiyimə görə, Toğrulu Şamaxıya sən aparmısan, özü ora gedən deyildi. Bunu da valideynləri deyiblər müstəntiqə.
     Alçaq səslə dedim:
     - Niyə mən? Mənim Şamaxıda nə işim var?
     Sevil tərəddüd içində idi, hiss olunurdu ki, bilmir nə desin, necə desin.
     -Bilmirəm. Şamaxının kəndində sizin iş yoldaşınız Samirin evi vardı. Bir neçə dəfə ora yeyib-içməyə getmişdiniz. Daha deyə bilmərəm o gün də orda olmusunuz, ya yox. Toğrul həmin gün Samirdən evin açarlarını almışdı. Polis də Şamaxıdakı qonşularla danışıb. Onlardan biri deyib ki, o gün Samirin evinə gələnlər olmuşdu, amma dəqiq yadında deyil gələn kim olub, hansı maşınla gəlib. Səslər eşidib deyə yadında qalıb. Polis də ehtimal edir ki, o evə gələn siz olmusunuz, qayıdanbaşı da qəzaya düşmüsünüz.
     -Əgər olmuşuqsa, neynirdik orda? İçki içmişik?
     -Yox, heç biriniz o gün içkili olmamısınız, bu dəqiqdir. Bəlkə qanın qara olub, Toğrul da bir günlük istəyib səni şəhərdən çıxartsın? Sonra görünür gecə, ya da səhərə yaxın qayıtmağa qərar vermisiniz.
     Məzar daşına baxa-baxa, bir daha olanları yada salmaq üçün cəhd edirəm, beynimi əziyyətə salıram. Yox, alınmır, iynənin ucu boyda belə işıq görmürəm. Oğraş beyin! Belə anlarda özümə nifrət edirəm. Ən yaxşısı bu barədə düşünməmək, hər şeyi təbii axarına buraxmaqdır.
     -Gedək.
     Sevil gözlərini yaylıqla silib ehtiyatla soruşdu:
     -Hara?
     -Sənanın, Rənanın yanına.
     –Elə indi? Bəlkə sabaha qalsın?
     -Yox! İndi. Onları da bu gün görməliyəm.
     Sevil çantasından nəm salfet çıxarıb mənə verdi, sonra da qoluma girdi. Qəbiristanlığın qapısına tərəf ağır-ağır yeridik.
     Fəxri xiyabanda yan-yana düzülmüş, eyni ölçülü 72 qara mərmər domino daşlarını xatırladır. Sənanla Rənanın məzarları arasında iki tanımadığım adamın qəbri var - Salamov Vüqar və Novruzov Əli. Burada uyuyanların hamısı meydana çıxarkən Milli rejiminin ordusu, silahı ilə qarşılaşacaqlarını; Qənirənin bütöv bir xalqı amansızcasına qətlə yetirməyə hazır bir qaniçən, cəllad olduğunu ehtimal edirdilər. Onların məntiqi də aydındır mənə - tunelin sonunda işıq görünmürsə əgər, əzab çəkərək yaşamağın nə mənası? Yox, əgər tunelin sonunda işıq görünürsə, onda o işığı yaxınlaşdırıb hər tərəfi nura qərq etmək üçün özünü qurban verməyə dəyər. Yəni hər iki halda ölüm əsaslı olur. Hər iki halda başa düşüləndir. Dostlarımın ölümü kimi.
     -Bunlar seçkiqabağı mitinqlər keçirməyə icazə vermirdilər, seçkilərdən sonra icazə verəcəkdilər? Seçkilərin nəticələri açıqlananda, məlum olanda ki, Qənirə Milli 99,8 faizlə üçüncü müddətə prezident seçilib...
     - Nə?! 99,8 faiz?! - belə həyasızlığı hətta mən gözləmirdim. - Dünən oxudum ki, İslam 90-92 faizlə seçdirirdi özünü. 99,8 faiz nədi?
     -Elə ona görə də bütün ölkə ayağa qalxdı. Əslində nəticələr nə olursa olsun qalxacaqdılar, amma 99,8 faiz, meydana çıxmaq niyyəti olmayanları da qəzəbləndirib küçələrə tökdü. Rayonlarda da mitinqlər başlamışdı. Hətta Hacıqabuldan olan millət vəkili Brilliant Xanlarova öz rayonundakı üsyançıların ayaqları altına kəlağayı atmışdı ki, “Bu mənim namusumdur, basıb keçə bilməzsiniz! Qayıdın evlərinizə! Qənirə Millinin qədrini bilin”. Cammat da neynəsə yaxşıdır? Kişilər başladılar kəlağayının üstünə işəməyə. Brilliantı də it kimi çırpıb, mitilini yolun qırağına atdılar. İki gün sonra xəstəxanada beyninə qan sızmadan öldü.
     Sidiyə bulaşan kəlağayı əhvalatını başqa vaxt eşitsəydim ürəkdən gülərdim. İndi isə...
     -Sən Bakıdan danış. Burda nə oldu, necə oldu?
     -Bakıda Niyazi Salayev bütün vətəndaşları Azadlıq meydanına çağırdı. Meydana gedənlər bilirdilər ki, polisin, daxili qoşunların sərt müqaviməti olacaq, mitinqi dağıdacaqlar. Yeri gəlsə güllə də atacaqlar. Elə də oldu - Sevil köks ötürüb dedi. - İqtidar meydana yüz əlli mindən artıq adamın yığışacağını gözləmirdi.
     -Yüz əlli min?!
     - Bəlkə də çox. İnsanlar dörd-beş istiqamətdən meydana axışıb şüarlar səsləndirməyə başlayanda, silah səsləri eşidildi... Sevil, sanki hadisələrin bilavasitə iştirakçısı olubmuş kimi, hər şeyi təfsilatı ilə danışdı. İlk ölən beş nəfərin arasında Sənan da vardı. Öldürülənlərin olduğunu görən izdiham, qorxub qaçmaq yerinə polisin üstünə hücum elədi. Gözlənilmədən minlərlə polis silahlarını atıb qaçmağa başladı. Mitinqçilər silahları götürüb Azadlıq meydanından Neftçilər prospekti ilə yürüşə başladılar. Elə nə oldusa, izdiham Azneft meydanına doğru gedəndə oldu. Qənirənin qvardiyasının qara maskalı əsgərləri Qız Qalasının yanındakı binaların damlarından xalqın üstünə atəş açdılar. Çox deyildilər, təxminən on beş-iyirmi nəfər olardılar, amma mövqeləri əlverişli idi deyə, altmışdan çox adamı bir neçə dəqiqə ərzində öldürə bildilər. Rəna da ölənlərin arasında idi. Yüzlərlə adam binalara hücum çəkdi. Aşağıdakılar da bir yandan damlara aramsız cavab atəşi açırdı. Təxminən beş dəqiqə sonra damdakıların silahları susdu - aşağıdan atılan güllələrdən ölənlər o qədər çox deyildi, amma dama çıxan mitinqçilər qvardiyaçıların hamısını güllələmişdilər. Hətta bir neçəsinin meyitini damdan aşağı da atdılar. İzdiham Azneft meydanına çatanda milli ordunun minlərlə əsgəri ilə qarşılaşdı. Möcüzə də elə o vaxt baş verdi - əsgərlər silahlarını yerə qoyub izdihama qoşuldular. Bu hadisə bir anda yetmiş iki nəfərin ölümünü unutdurdu insanlara, xalqı daha da ruhlandırdı. Mitinqçilər də, əsgərlər də “Azadlıq! İstefa! Rədd olsun İslam! Rədd olsun Milli!” qışqıra-qışqıra prezident aparatına hücuma keçdilər. Ora çata-çatda məlum oldu ki Daxili İşlər və Müdafiə Nazirliklərinin otuza yaxın generalı müxalifətin sıralarına keçib. Rayonlarda da kazarmaların çoxu üsyan edib, müxalifətə qoşulduqlarını elan eləmişdilər. Sonrakı günlərdə həbslər başladı, hətta bir neçə ölüm hadisəsi də oldu. Qarışıqlıq idi deyə iki naziri öldürdülər, müxtəlif rayonlarda da səkkiz icra başçısı öldürüldü. Hökumət nümayəndələrindən, oliqarxlardan qaçan qaçdı, qaça bilməyən də həbs olundu. İki həftəyə yaxın ölkəyə general Mədət Qasımov başçılıq elədi. Prezident kreslosuna oturan kimi parlament və prezident seçkilərinin eyni gündə keçirilməsinə qərar verdi. Təxminən iki həftə sonra keçirilən seçkilərdə Niyazi Salayev 83 faiz səs yığıb qalib gəldi. İndi parlamentdə də çoxluq Demokratik İslahatlar Partiyasınındır.
     Sənanla Rənanın sadə, qara mərmər daşlı məzarlarından gözlərimi ayıra bilmirdim. Baxdıqca da onların cəsarəti, mərdliyi, inamı haqda düşünürdüm. Görəsən bu qədər qurbana dəydimi? Dəyəcəkmi? Havam çatışmırdı elə bil, ağır-ağır nəfəs alıb soruşdum:
     -Qənirə indi hardadı?
     - Rusiyadan sığınacaq alıb, Moskvada yaşayır. Hökumət indi xarici banklarla danışıqlar aparır ki, Milli ailəsinin bütün bank hesablarına həbs qoyulsun.
     - Ümumiyyətlə vəziyyət necədir ölkədə? Bu qədər qurban verməyə dəyərdi səncə?
     Sevil azca başını qabağa əyib diqqətlə üzümə baxdı. Gözlərimin ucu ilə onun mənə baxdığımı görsəm də, mərmər sinə daşlarının üstünü oxumağa davam edirdim.
     -Nə mənada?
     -Yəni indiki vəziyyət hamını qane edir?
     Çiyinlərini dartıb düşüncəli tərzdə:
     -Yəqin ki, edir. Baxır qane etmək deyəndə nəyi nəzərdə tutursan - dedi.
     -Hər şeyi. Bütün şəhərə Avropa Şurasının bayraqları asılıb, bunu görmüşəm. Bundan savayı indiki hakimiyyətin əvvəlkindən fərqi nədir?
     -Fərqi nədir? - Sevil heyrətlə soruşdu. - Fərqi çoxdur. Təsəvvür elə ki, rüşvət bir həftə ərzində yığışdırıldı, bütün siyasi məhbuslar azadlığa buraxıldı, mətbuata, biznesə tam azadlıq verildi. Heç iki ay deyil hakimiyyət dəyişib, amma yüz il qabağa gedib ölkə. Mən demirəm ki, yüz faiz Avropa qurulub, amma heç olmasa yaxınlaşmışıq. Özü də çox yaxınlaşmışıq. Hətta deyərdim ki, Gürcüstanı da keçmişik.
     -Gürcüstanı?
     -Onlarda inqilab bizdən beş il əvvəl oldu. Düzdür, bizdən fərqli olaraq orda qan axmadı, keçmiş prezident İrakli Berulava sakitcə istefa verdi, yerinə Qərbdə təhsil almış, ABŞ-ın dəstəklədiyi namizəd David Çixladze prezident seçildi. O da gələn kimi ölkədə islahatlara başladı. Hardasa bir-iki ay ərzində rüşvətdə, adam oğurluğunda, banditizmdə ad çıxarmış Gürcüstan əməlli-başlı Avropa ölkəsinə çevrildi. Bizdə isə proseslər Gürcüstandan da sürətli gedir. Niyazi Salayev o gün...
     Rəna mənim üçün ideal qadın idi. Ola bilsin Sevilin yoxluğunu axıracan unutdura bilməmişdi mənə, amma bunu ondan gözləmirdim, tələb etmirdim də. Sevirdim onu, çünki təmənnasız olmuşdu mənə qarşı. Məni dəlicəsinə sevdiyi halda, məndən eyni şiddətdə sevgi tələb etmirdi. Qısqanmırdı, incitmirdi, əziyyət vermirdi. İstədiyim vaxt evinə gəlirdim, istədiyim vaxt gedirdim. Heç nə soruşmazdı, qəbul edirdi məni və yalnız mənə aid idi, bircə dəfə olsun xəyanət etmədi, etsəydi də, bu xəyanət sayılmazdı. Məğrur idi, ürəyi sevgi ilə doluydu. Elə bu fədakarlığı oldu onu meydana aparan - yaşamağı yox, ölümü seçdirən. İndi torpağın altındadır, hər şey üçün ona təşəkkür etmək istəsəm də eşidən, duyan deyil. Bu nə dərddir, nə zülmdür? Hər kəs haqqımda “öləcək, yaşayan deyil” dediyi halda, mən altı ay sonra ölüm-qalım mübarizəsindən qalib çıxıb gözlərimi açmışam. Di gəl ki, sevdiklərimi qucaqlaya, onlara ürəyimi aça, adicə çox sağ ol deyə bilmirəm. Bu nə haqsızlıq, nə ədalətsizlikdir! Bağışlayın məni ikiniz də. Bağışlayın ki, ən məsuliyyətli, ən lazımlı anda yanınızda olmadım, ola bilmədim. Özümü hazıra nazir adamlar kimi hiss edirəm, bu da qüruruma toxunur, incidir məni. Bağışlayın yalvarıram.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.09.2014) | Müəllif: R.C E W
Baxış: 735 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more