Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-9

     -Necə yəni unudaq? Sən nə danışırsan? – masanın üstündən yerə atılıb əllərini cins şalvarının ciblərinə saldı, qarşıma dikilib qəzəblə qarışıq kinayəli gözlərini üzümə zillədi. - Biz hələ təzə başlayırıq, sənsə deyirsən unudaq. Mən səndən çox şey istəmirəm. Arada bir görüşək, söhbət eləyək... sevişək.
     - Sən nə danışırsan? Nə görüşməyi? Zarafat edirsən? Sən kim, mən kim?
     - Ooo. Nədi? Özünü mənə yaraşdırmırsan, yoxsa məni özünə?
     - Söhbət bundan getmir - dedim. Sözlər boğazımda tıxanıb qalmışdı. Nə deyəcəyimi bilmirdim. Doğrudan da mənə tanış olan situasiya deyildi deyə, özümü necə aparmaq barədə heç bir təsəvvürüm yox idi. - Biz başqa dünyaların adamlarıyıq. Dünən sən birinci başladın. Başa düşürsən, sənə qarşı heç nə hiss etmirəm. Səndən qadın kimi xoşum gəlmir.
     Qəşş etdi:
     - Ha ha! Xoşun gəlmir? Ona görə dünən vəhşi kimi qayırırdın məni bu stolun üstündə?! - deyib əli ilə masaya möhkəmcə vurdu.
     Ona “Sus! Dəhlizdə səsin eşidilə bilər” deməliydim amma heç nə demədim. Psixi xəstə kimi aparırdı özünü, mən də mat keçmiş vəziyyətdə ona tamaşa edirdim. Hiddət saçan gözləri qorxuluydu. Bircə onu düşündüm ki, “bu bəla hardan ilişdi mənə?”
     -Bir də belə şey olmayacaq! Heç vaxt!
     Başını yırğalayaraq, gözlərini qıydı:
     -Olacaq əzizim. Olacaq. Mütləq olacaq!
     Başa düşdüm ki, məndən əl çəkmək niyyətində deyil və “olacaq” deyirsə, deməli doğrudan da olacaq.
     -Məni hədələyirsən?
     -Əlbəttə. Belə də yoza bilərsən. Mən qadın ola-ola sənə görüşməyi, sevişməyi təklif edirəm, sən isə naz edirsən. Bilmirsən ki, rədd edilən qadınların intiqamı yaman olur?
     Mən yuxu görürəm, yoxsa bunlar doğrudan mənim başıma gəlir? Yox, yox! Bu bəla da deyil, bu müsibətdir. Hər istədiyini əldə etməyə öyrəşmiş, tutduğunu qopardan şıltaq qadına rast gəlmişəm. Görəsən hansı günahlarıma görə belə cəzalandırılıram?
     -Razı olmasam neynəyəcəksən? - əsəblə irişərək soruşdum.
     Əllərini aralayıb, gözlərini yarıyacan yumdu, kirpiklərini titrətdi.
     - Nəinki bu klinikada, heç yerdə iş tapa bilməyəcəksən. İşləmək, yaşamaq istəyirsənsə təklifimə yox deməməlisən.
     Nəfəsim kəsildi. Fincanın dibində qalan kofedən iki qurtum içdim. Əlimi cibimə atıb siqaret çıxartdım. Yandırdım. O hardasa başımın üstündə dayanıb və dəqiq bilirəm ki, mənə baxır. Ondan iyrənirəm. Çox iyrənirəm. Birdən yenə səsi gəldi, diksindim.
     -Uşaq neçə nömrəli məktəbdə oxuyur?
     -20-də - avtomatik dedim və öz səsimi tanımadım.
     Şeyla çantasından telefonu çıxartdı.
     -Adı nədir?
     Mən nə üçün ona cavab verməliyəm? Nə eləmək istəyir? Birdən uşağı da zibilə salar. Amma cavab verdim:
     -Özgür. Özgür Fərəcov.
     -O'key - nömrəni yığıb bir az gözlədi. - Alo, Kəmalə necəsən? Sağ ol cigər, çox sağ ol... Hə, demə-demə.. Ha-ha-ha... Kəmiş, 20 nömrəli məktəblə əlaqə saxla... Hə, hə 20 nömrəli. Bir şagirdi tapşırmaq lazımdır. Adı Özgür Fərəcov. Nəsə xırda problem yaranıb direktorla, danışıb məsələni yoluna qoymaq lazımdır. Oldu? Hə də, yaddan çıxarsınlar söhbəti, qurtarsın-getsin... Hə, cigər... Oldu... Hə, nəticəni mənə deyərsən a sonra. Öpdüm. - Telefonu təzədən çantasına atıb, - Bax belə - dedi.
     -Kimə zəng eləmişdin? - yorğun halda başımı ağır-ağır qaldırıb soruşdum. Taqətim qalmamışdı, çox yorulmuşdum.
     -Atamın köməkçisinə. İki dəqiqəyə həll edəcək hər şeyi. - diqqətlə üzümə baxdı. - Mənə nifrət edirsən?
     -O gün dedim axı - edirəm. Özü də çox.
     Dodaqlarını büzüb, başını endirib-qaldırdı.
     - Lap yaxşı - laqeyd əda ilə dedi. - Özün bilərsən. Mənə sənin sevgin yox, bədənin lazımdır.
     Diqqətlə üzünə baxdım. Gözlərimdə nifrət yox, sadəcə boşluq vardı, özüm də bunu hiss edirdim. Deyəsən o da.
     -Narahat olma, gedirəm. İşlərim var. Həm də sən eks-arvadınla görüşməlisən axı. Sabah səninlə maraqlı bir yerə gedəcəyik. Xəbərin olsun. Yəni sabaha plan qurma.
     -Necə yəni gedəcəyik? Bu nə tondur? Mənə əmr edirsən? - təzədən qızışdım, səsimi yüksəltdim.
     -Coşma canım, coşma. Sənə əmr eləyən yoxdur. Sadəcə, deyirəm ki, sabah rahat söhbət eləyək. Kabinetdə alınmır. Nə isə, zəngləşərik. Sağ ol - dedi və çantasını götürüb çıxdı.
     O gedəndən sonra çənəmi yumruğuma dayayıb külqabıdakı pomadalı siqaret kötüyünə zillədim gözlərimi. Zahirən sakit görünsəm də, içimdə sanki vulkan qaynayırdı. Nəsə fikirləşmək lazımdır. Özü də təcili. Bu, belə davam edə bilməz.
     Toğrul elə bil bayaqdan Şeylanın getməyini gözləyirdi. İki dəqiqə keçməmiş otağa girib qapını örtdü.
     -Nə deyir?
     Gözlərimi ağır-ağır qaldırıb Toğrula baxdım. İndi onu daha yaxşı başa düşürdüm. Başına gələn başmaqçı olar. Düzdür, situasiyalarımız mahiyyət etibarilə oxşar olsa da, təfərrüatlarda xeyli fərqlənir - Zümrüd Toğrulun zəifliyindən istifadə edərək onu barmağına dolayır. Özü də onunla yatmır. Şeyla isə mənim güclü ya da zəif xarakterli olmağımla maraqlanmır. O, öz şərtlərini diqtə edir. İmkanlarına, gücünə arxalanaraq mənə təzyiq göstərir. Şıltaq, eyni zamanda bir- iki kitab oxumaqla, özünü dahi sanan ağıldan kəm qadın - bu lap böyük faciədir.
     Axı onun Avropada təhsil alması da, dəb xətrinə atılmış addımdır. Görünür ki, tərbiyəsizdir. Uşaqlıqdan “yox” sözü eşitməyib. İndi isə diqqətə ehtiyacı var. Bəlkə də... Görəsən bunun əvvəlki kişisi kim olub? Çox varlı, imkanlı, öz çevrəsinin adamı olub yəqin. Deməli Şeyla mənimlə yataraq ondan intiqam alır.
     Qənirə Millinin hansı əxlaqın sahibi olduğunu, ölkəni necə idarə etdiyini Şeylanın davranışlarını müşahidə edərək başa düşmək olar. Eyni əxlaqdadırlar - Zümrüd, Şeyla, Qənirə Milli. Şeylanın malik olduğu imkanlar Zümrüddə də olsaydı, bəlkə Toğrul indi ya dəlixanaya düşmüşdü, ya da ümumiyyətlə yaşamırdı.
     -Heç nə. Nə deyəcək. - dedim. - Söhbət elədik elə-belə.
     -Həəə. Ürəyimi çəkmə!
     -Dedim bundan sonra aramızda heç nə ola bilməz.
     -O nə dedi?
     -Dedi ki, olacaq.
     Toğrul özünü kresloya buraxdı. Dirsəklərini dizlərinə qoyub əllərini birləşdirdi, qabağa əyildi.
     -Nə danışırsan?! Bəs indi necə olacaq?
     - Bilmirəm, sən də üstümə gəlmə - əsəbi halda qışqırıb ayağa sıçradım. - Qəhbə əl çəkmir məndən.
     Telefon zəngi ilə diksindim. O idi zəng edən. Toğrula baxdım:
     -Cavab ver də. Gör nə deyir.
     Telefonu əlacsız açdım.
     -Alo.
     -Eşidirəm - dedim.
     - Məsələ həll olundu. Uşağın məktəbdə heç bir problemi olmayacaq. Qənirə Millini söyməsin, şeirləri əzbərləməsə də olar - Şaqqanaq çəkdi. - Eşitdin? Nə isə, sabahkı planı unutma.
     Telefonu xələtimin cibinə atdım.
     -Nə deyir? - Toğrul həyəcanla soruşdu.
     -Deyir məsələ həll olunub.
     Gözlərini qıyıb dala çəkildi, kresloya söykəndi:
     -Nə məsələ?
     -Özgürün məsələsi.
     -O hardan bilir?
     -Mən danışdım ona. Amma kömək istəmək üçün yox, rejimi söymək üçün yaxşı fürsət düşmüşdü, danışdım. O da atasının aparatından məktəbə zəng vurdurtdurub, tapşırtdırıb uşağı. Zəng eləmişdi bunu xəbər versin. İndi minnətliyəm onun yanında. Əşşi nə isə. Yəqin Özgür üçün buna dəyər.

Qovuşma


     Əlbəttə, Özgür üçün, oğlum üçün buna dəyər. Seçim qarşısında qalsam, övlad sınağından çıxa bilməyəcəyimdən zərrə qədər şübhəm yoxdur. Tərəzinin bir gözünə Özgürü, obiri gözünə qürurumu qoysalar, heç düşünmədən oğluma doğru yüyürəcəyəm. Çünki Özgürümün bircə damla göz yaşına tab gətirə bilmərəm. Edəcəyim bu seçimdən ötrü utanmadığım, xəcalət çəkmədiyim kimi, özümü ləyaqətsiz, bişərəf də saymıram. Əsl ləyaqətsiz, bişərəf olan - opponentlərini övlad sınağına çəkən bu eybəcər sistemdir, mən yox. İndi nə edək ki, aclığa, işgəncələrə, təhqirlərə dözə bilənlər, ailələrinin alçaldılmasına dözə bilmirlər? Kitablarda, böyük amallar uğuruna gözünü qırpmadan ailəsindən keçən ideya adamlarından, qəhrəmanlardan, inqilabçılardan bəhs edilir. Bu ibtidailik çatmır mənə. Neçənci əsrdə yaşayırıq bəyəm? Dünyanın bu vaxtında övladı, ailəni, sağlamlığı fəda etməyə məcbur qalmaq olarmı? Kimsə deyə bilər ki, elə rejimin uzunömürlü olmasının səbəblərindən biri də ailəmizə, övladımıza olan bağlılığımızdır; onların təhlükəsizliyinin bizim üçün hər şeyin fövqündə dayanmasıdır. Razı olmağına razıyam, amma insanın öz yaxınına bunca bağlı olmasında heç bir faciə, anormallıq da görmürəm.
     Bilmirəm, bəlkə də görməliyəm. Bəlkə də bu gün, məhz buna hazır olmalıyıq.
     İslam Millinin öldüyü, o ümid dolu, bol illüziyalı günlər, sanki dünən yaşanıbmış kimi yadımdadır. İnsanı yandıran odur ki, hakimi-mütləqin ölümündən sonra, onun yerinə arvadının taxta keçəcəyini, kraliça olacağını deyən üç-beş adama da lağ edirdik ki, bu mümkün deyil. “Müasir dünya, Qərb buna icazə verməz” deyirdik. Hətta “xalq icazə verməz”. “Bizim zəmanəmizdə monarxiya qurmaq mümkün deyil”.
     Nə oldu bəs?
     Bu günün pəncərəsindən dünənə boylanıb baxanda, hər şey necə də gülməli görünür.
     Kraliça taxta oturan kimi ritorikamız da dəyişdi: “Qərb nefti demokratiyadan üstün tutdu”, “Azərbaycanda demokratiyanın qurulmasına imkan verməyən Rusiya ilə İrandır”, “Amerika bizi satdı”... Yəni təsəllini, özümüzdən başqa hər kəsi günahlandırmaqda tapırdıq.
     Hə, xalqdan da incimişdik axı. Çox nahaq. Adolf Hitler almanları qadına oxşadırdı: “Alman xalqı da, alman qadını kimi güc qarşısında baş əyir”. Deməli, xalq elə hər yerdə xalq imiş. Başqa tərəfdən, meydanlara tökülən, 131 nəfər qurban verən, işgəncələrə məruz qalan da bu xalq olmadımı? “Evində otur Qənirə!” şüarları ilə meydanlara axışan izdiham, Qənirənin belə bir müqavimət qarşısında sınacağına, doğrudan da evinə qapanacağına sadəlövhcəsinə inanırdı. Düşünürdü ki, ərindən qalan milyardlarla sərvətə malik olan bu qadına prezidentlik kürsüsü heç lazım da deyil.
     Milyardları olan Qənirə isə nəinki getmədi, xalqın üzərinə güllə yağdırdı.
     Belə bir rejimə bundan artıq necə müqavimət göstərilə bilərdi? Mümkün olan hər şey edilmədimi? Ola bilsin edilmədi. Ola bilsin hardasa ciddi, bağışlanmaz səhvlər buraxıldı. Etiraf edək ki, bəzilərimiz, uzun illər ölkədə “nəyin pis, nəyin yaxşı” olduğuna təkbaşına qərar verən İslam Millinin ölümündən sonra “yeni eranın başlayacağına” inanmaq kimi qəflətə düşmüşdük! Qənirənin prezident kürsüsünü zəbt etməsi bizə zəif ehtimal kimi göründüyündən, buna hazır deyildik. Hətta, Qənirə dövlət başçısı postunu işğal edəndən sonra da, boş xəyallara qapılıb quruluşun liberallaşacağına ümid bəsləyənlərimiz oldu.
     Bu gün isə Qənirə elə bir rejim qurub ki, ərinə rəhmət oxutdurur. Ölkə məqsədyönlü şəkildə uçuruma sürüklənir. Düzdür, sürüklənmə prosesi əvvəl-əvvəl neftə bulaşaraq getdiyi üçün, bir çoxumuz bunun ağrısını gec duyurduq. Son iki ildə isə geriləmə, tənəzzül, şəxsiyyətə pərəstiş lap kulminasiyaya çatdığından, ölkənin uçurumun astanasında dayandığını görməyən, bilməyən, başa düşməyən qalmayıb.
     Bir yandansa Milli avtoritarizminin quduzlaşmasının, xalqın əks-reaksiyasına səbəb olacağına dair ümidlərimizi yenidən cücərtməkdədir. Sənan da ümidlidir, Araz da, Rəna da. Elə mən də. Axı son ölən ümiddir, necə ümidlənməyək? Bizi yaşadan, doyuzduran, nəfəs aldıran ümidlərimiz deyilmi? 20 ildir Azərbaycanın üzərindən çəkilməyən zil qara buludu dağıtmaq ümidimiz var və biz, bu ümidimizi sevirik. Bu, elə bir buluddur ki, içimizə nüfuz edərək, “mən”imizin ən dərin, ən ucqar köşələrinə sirayət edib; belə çalışqan, istedadlı, bacarıqlı bir milləti zəlil günə qoyub, əxlaqsızlaşdırıb; rüşvətdən, xəyanətdən, yaltaqlıqdan, şərəfsizlikdən başqa ona heç bir seçim haqqı tanımayıb, alternativ göstərməyib; sındırıb, əzib, alçaldıb, özü kimi acgöz, doyumsuz, xain edib; reqressi alın yazısına çevirib, taleyinin çarxını tərsinə döndərib, əlindən hər şeyini, o cümlədən sabaha olan inamını da alıb.
     Elmar Hüseynov qətlə yetirilməmişdən əvvəl “Müasir Mariya Antuanetta” məqaləsində yazmışdı ki, “Tunelin sonunda işıq görünmür, ölkə zülmət içində çapalayır. Bu yol aydınlığa yox, alatorandan zülmətə aparır”.
     Öldürdülər onu. Azərbaycandan qat-qat işıqlı, komfortlu, rahat və təhlükəsiz yerə - torpağın altına göndərdilər. Dedilər “get, oradakı tunelin sonunda işıq taparsan”. Onun itkisi ilə barışmaq çətin olsa da, Elmarın öz işığını tapdığını qəbul etməliyəm. Çünki Elmar ümidini büsbütün itirmişdi. Hamımız vaxtaşırı ümidimizi itirmirikmi? Ona görə itiririk ki, mübarizəyə labüd, uzunmüddətli bir proses kimi baxa bilmirik, nəticəni daha çox arzulayırıq. Mübarizə nəticəyə hesablanmamalıdır demirəm. Əksinə, nəticəni görmək həvəsi, prosesin əsas təkanverici qüvvəsidir. Amma prosesin özü mənim üçün daha vacibdir. Özünə hörmət qoyan, ləyaqəti olan hər bir kəs bu prosesə qoşulmalıdır. “Onsuzda nəticəsi olmayacaq” deməməlidir. Belə biqeyrət bəhanəni dilə gətirməkdənsə, susmaq yaxşıdır. Tunelin sonunda iynə ucu boyda işıq görmək intizarı ilə illər uzunu yaşamaq çətindir, bilirəm. Hər adamın işi deyil - yorur, tükədir, həvəsdən salır. Lakin intizar yalnız o zaman əsl intizara çevrilir ki, nəticənin hasil olacağına zərrə qədər şübhə qalmır. Onsuzda həyatımız başdan ayağa kiçikli-böyüklü intizarlarla dolu deyilmi? Həmişə nəyisə gözləmirikmi? Gözləyirik, çünki intizar mövcudluğun ən radikal modusudur - hər zaman gözləmə mövqeyindəyik, varlığımızın vektoru həmişə hərəkətdədir, daim irəliyə yönəlikdir, indiki zamanda qərar qıla bilmir. Bu, bizi otdan, bitkidən, göbələkdən fərqi olmayan; sistemə məğlub olmuş, süstləşmiş çoxluqdan fərqləndirən başlıca cəhətdir.
     Bəli, “onsuzda heç nə düzəlməyəcək” deyənlər otdur, bitkidir, göbələkdir. Çünki duyğusuzdurlar, ürəksizdirlər. Düşünə, duya, hiss edə və ən əsası özünə hesabat verə bilməyənlərə intizar yaddır, uzaqdır. Çünki ümid etmək yaxud etməmək, inanmaq yaxud inanmamaq, bilmək yaxud bilməmək, sevmək yaxud nifrət etmək, sevinmək yaxud qəmlənmək, əzab çəkmək yaxud zövq almaq kimi bütün instinktlər mütləq intizar orbitlidir. Məhz bu səbəbdən biz göbələkləri başa düşürük, onlar isə bizi yox.
     İndiki rejimdən daha pisini təsəvvür etmək doğrudan da əxlaqsızlıqdır. Milli rejimindən sonra iqtidara kim gələcək - məni bir o qədər maraqlandırmır. Mənim indiki rejimlə obyektiv səbəblərə söykənən, onurğama işləmiş, bütün varlığımı bürümüş şəxsi-qərəzliyim var. Onun sadəcə olaraq rədd olub getməsini istəyirəm. Mənim bu iqtidara nifrətimin, iqtidarın neft sevgisindən, pul hərisliyindən və gözü qanlı zalımlığından daha şiddətli olduğuna inanıram.
     Bir dəfə Sevil soruşmuşdu məndən: “Tutaq ki, rədd olub getdi. Bəs sonrası?”
     Sonrası...
     Onsuzda bizim kimi adamlar heç vaxt nəticə ilə kifayətlənmir, ondan razı qalmırlar. Hədəfə çatmaq intizarın mahiyyətini dərk etmişlər üçün son deməkdir, məhv olmaq deməkdir. Çünki həyat, aramsız olaraq hədəfə doğru qaçışdır. Əldə olunmuş nəticə real deyil, real olan yalnız və yalnız intizardır.
     Yadımdadır, siyasətdən uzaq olan atamın da (ona qorxaq demək daha ədalətli olardı) ümidləri varıydı. Bircə dəfə mənimlə respublika, azadlıq və iqtidar haqqında danışmışdı, o da qəbul imtahanlarına hazırlaşdığım günlərdə. O da cəmi yarım saat.
     İslam Millinin TV ekranlarından düşməyən sifəti, illər boyu onun dilindən eşitdiyim mənasız səfsətələri məni artıq bezdirməyə başlayır, içimdə yeniyetməlik dövrünə vida etməyə hazırlaşan gəncə xas çılğınlıq baş qaldırır, hər şeyə, ən əsası isə sistemə üsyan etmək şövqü yaranırdı. Bir gün dözməyib, özümdən asılı olmayaraq “Nə murdar adamdır bu” dedim. Atam da birtəhər mənə baxıb “Amma biz başqa şey gözləyirdik, bilirsən?” demişdi. “Sovet dağıldı, fikirləşdik ki, tay bundan sonra hər şey yaxşı olacaq. Sovetdən qalan bütün pis şeylər çıxıb gedəcək. Amma olmadı. Rus getdi, özümüzünkü gəldi. O, rusdan da betər, rusdan da qəddar oldu”. Soruşdum ki, “Bəs niyə belə oldu?” O da bildiyi kimi cavablandırdı bu sadəlövh sualımı. Analitik beyni yox idi kişinin, sadə adamıydı. “Əşi acgözün biridi də” demişdi. “Axır ki, Moskvadan canı qurtardı, indi ondan nəsə tələb edən, soruşan yoxdu. O da meydan sulayır. Camaatın başını aldadır ki, suverenlikdi, demokratiyadı, azadlıqdı. Cavansan hələ oğlum, sən dərslərinlə məşğul ol, özünə gün ağla. Bu ölkə düzələn deyil.”
     Özümə “gün ağladımmı” bilmirəm, amma atamın arzuladığı tipdə adam olmadım. Əksinə, ildən-ilə rejimə olan nifrətim qar topası kimi böyüyürdü. İkinci kursda oxuyanda, siyasət varlığımın ayrılmaz parçasına çevrilmişdi artıq. Çünki atamın, qarşısında aciz qaldığı sualların cavabını özüm tapırdım.
     Anladım ki, Azərbaycan müstəqillik qazanandan sonra cəmiyyətimiz, Sovet dövründə yatıb yuxusunda görə bilməyəcəyi dəyişikliklərin gözləntisinə qapılmışdı. Hər şey - siyasət, mədəniyyət, mənəviyyat - təzələnməliydi, yeni görkəm almalıydı. Arzuların çevrəsi genişləndikcə genişlənir, insanlar hələ bir il əvvəl əlçatmaz kimi görünən xəyalların gerçəkləşməsini istəyirdilər. Dəyişikliklərə böyük ehtiyac vardı və bu ümidləri doğruldacaq, arzu olunan həyat modellərinin geniş spektrini cəmiyyətə təklif edəcək siyasi liderə ehtiyac yaranmışdı. Bu siyasi lider müstəqilliyin ilk günlərindən Qərbə inteqrasiyadan, demokratik dəyərlərdən, liberal iqtisadiyyatdan danışan Niyazi Salayev yox, Kommunizm dövründə xırda oğurluqlarla kifayətlənən indi isə əlinə bütün ölkəni talan etmək kimi bir fürsət düşən İslam (Qulamov) Milli oldu. Sovet imperiyası illərində vahid konstitusiyaya, Moskvanın direktivlərinə riayət etməyə məcbur olan İslam Milli, müstəqillikdən sonra “islamın” və “millinin” arxasına sığınaraq xalqa divan tutdu. Allahın və milli-mənəvi dəyərlərin köməyi ilə illər uzunu qəsb etdi, soydu, dağıtdı. Xalq da ləbbeyk dedi, şükür dedi, İslam Millini - islamı və millini pənah yeri, ümid yeri bildi.
     Bu gün olduğu kimi, Milli rejiminin ilk günlərində də sistemin ən böyük dayağı milli-mənəvi dəyərlər, mentalitet, ağsaqqallıq institutu və din oldu. Mentallıqla yoğurulmuş demokratiya qısa müddət sonra cəmiyyəti gələcək qarşısında qorxu ilə keçmişə duyulan xiffət arasında məngənəyə saldı. “Allahın yer üzündəki kölgəsi” olduğunu açıq-aşkar dilə gətirən İslam Milli mentalitetlə möhtəkirlik edərək daxildə, demokratiya ilə möhtəkirlik edərək isə Qərbdə özünün “suveren demokrat” obrazını yaradırdı. Gündüzlər demokrat qiyafəsində xalqın qarşısına çıxan Milli, gecələr öz opponentlərinə mental duzaqlar qururdu. Bir yandan “radikal yox, ənənəvi islam” dediyi dinin, şərqçiliyin arxasına sığınır, digər tərəfdən isə Qərb dairələrinə sübut etməyə çalışırdı ki, Azərbaycanda müxalifət iqtidara gəlsə, Qərbin buradakı maraqlarına təhlükə yaranacaq, hətta şəriət dövləti qurulacaq. İslam Milli, hakimiyyətinin ilk günlərindən müxalifətin “Demokratiya, azadlıq, liberal dəyərlər” şüarları səsləndirərək güc-bəla ilə keçirməyə nail olduğu mitinqləri ləkələmək üçün min bir fənd işlədir, nümayişlərin keçirildiyi meydan və küçələrdən hər dəfə “Lə iləhə illəllah, Muhammədun rəsulullah” yazılmış yaşıl bayraqlar, ərəbcə ayələr və duaların həkk olunduğu vərəqələr tapılırdı.
     İndi isə, seçkilər yaxınlaşdıqca yenə nəzərlərimiz Qərbə çevrilib - Avropadan, okeanın otayından mədəd umuruq. Nə vaxtsa azad və ədalətli seçkilərin keçiriləcəyi ehtimalı, əsla ehtimaldan o tərəfə keçməyəcəyi üçün, siyasi ömrünün yarısını ev dustaqlığında, həbsxana və DTN-nin zindanlarında keçirən Niyazi Salayevin Qərbin dəstəyi ilə hakimiyyətə gətiriləcəyinə, bizdə də Gürcüstansayağı məxməri inqilabın baş tutacağına inananlarımız az deyil. Bu günlərdə kiçicik dedi-qodular, əhəmiyyətsiz xəbərlər, ən ağlasığmaz şayiələr belə azsaylı müxalif qəzetlər və Azadlıq radiosu üçün “sistemin bu yaxında çökəcəyini” müjdələyən əlamətlərə çevrilir. Bu “əlamətlərlə” bir müddət ovunub rejimin iflasını gözləyir və hər dəfə başa düşürük ki, qapıldığımız illüziyalar suda batmamaq üçün saman çöpündən yapışan cəmiyyətimizin xəstə təxəyyülündən başqa bir şey deyil. Reallıqdan yox, inanmaq istədiklərimizdən danışırıq hamımız. “Qəribədir - proseslər öz başına buraxıldığı, ölkədə dərəbəyilik hökm sürdüyü halda, bu sistemi dağıtmaq nə üçün belə çətindir?” sualına da heç cür cavab tapa bilmirik.
     Atamın mənə “biz başqa şey gözləyirdik” dediyi o günün üstündən illər ötüb. Bu zaman ərzində “azadlığımıza nə qədər yaxınlaşa bildik?” sualı ətrafında düşünməyə, təhlil yürütməyə başlayanda, Elmar Hüseynovun “tunelin sonundakı zülmətlə” bağlı etdiyi apokaliptik kəhanətə daha çox inanmağa başlayırsan. Hara doğru, nəyə doğru getdiyimiz məchuldur. İllərdir imitasiya və saxtakarlıq bataqlığında çapalayırıq. Bir yandan, hakimiyyət Avropa qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsindən, demokratik normalara, hüquq və azadlıqlara sadiq olmasından dəm vurur, digər tərəfdən isə, rəqiblərinə qarşı repressiyanı gücləndirir, seçkiləri saxtalaşdırır, vətəndaşların hüquq və azadlıqlarını kobud şəkildə pozur. Açıq-aydın görünür ki, Qənirə Milli siyasi əks-təsirin olmamasından, özünün cəzasızlığından ləzzət alır. Bəli, bu beş ildə ölkə, Qənirə adlanan sınaqdan çıxa bilmədi. Çıxa bilmədiyi üçün də bu sistemi bütün iyrənclikləri, dəhşətləri, ekzistensial problemləri ilə birlikdə həzm edərək, məcburiyyət qarşısında idbar ərinə dözən, hətta nəinki dözən, onu sevməyə başlayan bir qadına oxşadı.
     Atam deyərdi ki, “həyat heç vaxt bizim qarşımızda cavabsız suallar qoymur”, yəni hər şeyin bir izahı, cavabı mövcuddur. İndi isə başa düşürəm ki, həyatın bizim qarşımızda qaldırdığı məsələləri tənbəllik ya da qorxaqlıq ucbatından həll etməyə tələsməyəndə, onlar daha da mürəkkəbləşib həlli imkansız problemlərə çevrilir. Təcrübəmiz artdıqca, zənginləşdikcə problemlər də ağırlaşır. Lap məktəbdəki kimi - sadədən mürəkkəbə doğru.
     Mənə maraqlıdır - bu gün atam sağ olsaydı mənə nə deyərdi? Oğlu ilə fəxr edərdimi? Yoxsa “başını sal aşağı işini gör” tərzində məsləhəti ilə məni mütiliyə, kütlədən biri olmağamı sövq edərdi? Sonuncu ehtimal daha realdır - müxalifətçiliyimlə razılaşmazdı, bilirəm. Sənanın atası isə oğluna hər işdə, hər addımda dayaqdır. Oğlunun müxalifliyi, yazdığı yazıları ilə fəxr edir, Liberal qəzetini dosta-tanışa, qonşulara nümayiş etdirib “Baxın, bunu oğlum yazıb” deyir. Əksər atalardan fərqli olaraq “hər kəs necə, sən də elə” demir ona. Həyatı “öz axarında” yaşamaq, qismətinə qane olmaq vərdişi aşılamır. Mənim atam isə “qismətdən artıq yemək olmaz” düsturu ilə yaşayırdı. Özünü “bu günün” ləzzətini yaşamağa, sabahı düşünməməyə həsr etmişdi. Odur ki, oğlunun mitinqlərə çıxdığını bilsəydi, əminəm ki, xəstəlik tapardı. Qınamıram atamı. O da məni, mən Özgürü sevdiyim qədər sevirdi. Nə az, nə çox. Amma mən atamdan fərqli olaraq oğluma köləlik, təslimçilik aşılamıram. Onsuzda cəmiyyətimiz bunu mənim yerimə artıqlaması ilə edəcək. Şüurlarımızda kök salmış qismət arxetipi mübarizənin lazımsız, gərəksiz olduğunu körpə çağlarımızdan məzara qədər qulağımıza fısıldamırmı? Bu gün məktəb, sabah ali məktəb, birigün iş yerindəki rəhbərlik, qonşularımız, qohumlarımız... Qismət - total şəkildə hamımızı “bu günə” qapılmaya istiqamətləndirir: mentalitet “qisməti” zəruri olan bütün arxetipik komponentlərlə bəzəyərək, biz azərbaycanlılara da qismət çərçivəsindən kənara çıxmağı qadağan edir.
      “Hanı bu xalq, niyə səsi çıxmır?” sualının cavabı da qismətdə, şükürdə, dözümdə gizlənib.

***


      Aylar sonra ilk dəfə mətbəxdə oturmuşam. Bu daracıq məkanın üfunəti, pərişan halı məni narahat etmir, çünki pəncərəmin zil qaranlıq boşluğuna gözlərimi zilləyib heç nə düşünməməyə çalışıram. Alınır desəm yalan olar - son günlərdə yaşananları düşünməmək, ya da tamam başqa şeylər haqda fikirləşmək üçün gərək ruhsuz olasan. Deməli mənim ruhum var. Ruhum varsa, tanrı da var. İnsan çox mürəkkəb konstruksiyadır.
      Külqabında yeddi ədəd siqaret kötüyü, qabağımda yarıyacan içilmiş kofe, qara bloknot, qələm. Toğrul burda olsaydı gülərdi mənə. Bir gün klinikada, qalın bloknotuma nəsə yazdığımı görüb soruşmuşdu:
      “Neynirsən?”
      “Heç... Elə belə. Qeydlər aparıram”
      “Nə qeydləri?”
      “Nə bilim e? Ordan-burdan yazıram da.”
      “Həəə. Axır ki, Sənanın dediyi oldu, yazmağa başladın.”
      “Ona deyib eləməyəsən a! Özüm üçün də... elə belə yazıram. Ciddi deyil.”
      “Noutbukda niyə yazmırsan?”
      “Belə daha rahatdır.”
      “Çox ibtidai adamsan.”
      “Sikdir.”
      İnternetdə gəzişmək, musiqiyə qulaq asmaq, ya da şəkillərə baxmaqdan başqa kompüter nə işə yarayır? Yazılarımı əllə yazmalıyam, yazdığımı hiss etməliyəm. Ola bilsin Toğrul düz deyir - ibtidai adamam. Mətbəxim doğrudan da Homo Erectusun mağarasına oxşayır. Evə əl gəzdirmək lazımdır, amma bilmirəm hardan, nədən başlayım. Bu gün işdən çıxanda niyyətim buydu - evi silib-süpürmək, pəncərələri açıb otaqları havalandırmaq, qabları yumaq. Yataq, qonaq otaqlarının divarlarına, aylardır yuyulmayan pərdələrə siqaret qoxusu hopub. Heç olmasa pərdələri yumaq lazımdır. Hara baxsan çirkli paltarlar, corablar, kağız-kuğaz. Pinti olduğumu tək yaşamağa başlayandan sonra dərk etdim. Bunun o yan- bu yanı yoxdur - nə stress, nə depressiya, nə fəlsəfə? Pintiyəm - qurtardı getdi. Pintilik yaxşı şey deyil, ona görə də bu gündən evləri təmiz saxlayacağam. Evə gələndə, yolda belə düşünürdüm. Amma mənzilin qapısından içəri addım atan kimi anladım ki, təmizliyə qadir deyiləm - nə taqətim var, nə həvəsim. Qəribədir - indiyə qədər necə olub evi tarakanlar, böcəklər basmayıb?
      Saat səkkizə işləyir. Ürəyimdə, şair demişkən, dünyanın özü boyda, nəhəng bir dərd var. Ağırlıq, narahatçılıq, nigaranlıq. İllər sonra Sevil ilk dəfə evimə gələcək. Gəlib nə deyəcək görəsən? Nə haqda danışacaq? Mövzu yalnız oğlumuzmu olacaq?
      Yerimdən çətinliklə qalxıb öz fincanımı yudum, ardınca da ikinci çirkli fincanı, sonra bir stəkan, ikinci stəkan, boşqab... Ölə-ölə, həvəssiz yuyurdum. Sevilin gələcəyini bilə-bilə həvəssizəmsə, deməli “o”na dair heç bir ümid yoxdur içimdə. Bəlkə də nə haqda danışacağımızı, söhbətin istiqamətini bilmirəm deyə həvəssizəm. Bilsəm ki, Sevil ayaq üstü yox, oturub bir-iki saat mənimlə söhbət edəcək, bir yerdə çay içəcəyik, hətta çayı da özü dəmləyəcək. Bilsəm ki, o bura həm də məni görmək, mənimlə təkbətək qalmaq üçün gəlir. Bilsəm ki, mənə həyatımın son şansını, fürsətini verməyə, bağışlamağa, barışmağa, qayıtmağa hazırdır. Yox! Mən nə danışıram? Onun gündəmində Özgürdən başqa heç nə, heç kim ola bilməz. Dəfələrlə uşağı götürmək üçün küçədə, məktəbdə onunla üz-üzə gəlmişik. Bircə dəfə də eyham vurmayıb mənimlə görüşmək istəyinə.
      Adətən əsəblərimə toxunan, indi isə ürəyimə yağ kimi yayılan zəng çalındı. Köpüklü əllərimi tez yaxalayıb, nə üçünsə bloknotu pəncərənin qırağına qoydum və qapıya cumdum. Gələnin kim olduğuna dəlikdən baxmadan açdım. Əlbəttə, oydu. Sanki hər gün bax beləcə bu qapıdan içəri girirmiş kimi, ona “keç” dedim. Səsim xırıltılı çıxdı deyə, boğazımı arıtladım. Həyəcandandır.
      Quru, lakin səmimi salam verib qərarsız addımlarla daxil oldu evimə. Duruxdu. Çiynimi çiyninə sürtərək qapını bağladım:
      -Xoş gəlmisən.
      Görəsən onu öpə, ya da qucaqlaya bilərəm? Buna haqqım var? Birdən məni səhv başa düşdü? Axı boşanandan sonra heç əlini də sıxmamışam. Ürəyim qopub dabanlarıma düşəcək elə bil. Bədənim də boşalıb. Xalçasız-palazsız, tozlu qonaq otağına boylandığını görüb əllərimi tez-tez əsdirdim:
      -Ayaqqabılarını çıxartma. Evlər it kökündədi.
      -Hə - deyib gülümsədi - Görürəm.
      Otağa keçdi, çantasını divanın üstünə atdı, pencəyini çıxarıb səliqəylə stulun belinə asdı və qısaqollu, boz paltarda qarşımda dayandı. Onun hərəkətlərini nəfəsimi tutub izləyirdim. Bu gözəl qadın, əslində bu evin qadınıdır, bu evə aiddir.
      Başını qaldırıb gözlərini tavanda, divarlarda, pəncərədə, pərdələrdə gəzişdirdi:
      -Həə, gör neçə vaxtdır.
      Cəsarətimi toplayıb:
      -Darıxmışdın? - soruşdum və öz axmaq sualımdan utandım.
      Gözlədiyimin əksinə əsəbiləşmədi. Dodaqlarını büzüb televizora yaxınlaşdı, iki barmağını onun səthinə sürtüb:
      - Darıxmaq? - barmaqlarının ucundakı tozu təmizləyib soruşdu. - İnsanlar heç vaxt dörd divar üçün darıxmırlar. İnsanlar, dörd divarı bölüşdükləri adamlar üçün darıxırlar.
      -Deməli mənim üçün darıxmışdın? - sırtıq-sırtıq qımışdım.
      İstifini pozmadı:
      - Mən elə bu evdə olanda da sənin üçün darıxırdım. Üzünü düz-əməlli görürdüm bəyəm?
      -Bu boyda fasilədən sonra evə gəlirsən, onda da məni acılayırsan - yazıq adamlar kimi mızıldandım.
      -Yaxşı, bağışla - dedi və təzədən otağa göz gəzdirib - Evlər niyə bu gündədi? - soruşdu.
      Öz yaşadığım mənzili birinci dəfədir görürmüşəm kimi sağa-sola baxıb:
      -Təmizləmək istədim. Nəsə əlim yatmadı.
      -Əlin yatmadı. - deyərək düşüncəli halda pəncərəyə yaxınlaşıb pərdələri araladı, nəfəsliyi açdı. Evə dolan sərin külək bədənimə üşütmə salsa da bir söz demədim. Otağın ağır havası hiss ediləcək dərəcədə sovrulub nəfəslikdən çölə çıxırdı.
      -Yadındadı, mən Rasimlə evlənəndə, Özgürü məndən almaq istəyirdin ki, qoymaram uşaq yad kişinin yanında böyüsün - üzünü mənə çevirdi, göz-gözə gəldik, - Bu şəraitdə böyüdəcəkdin onu? - əlləri ilə otaqdakı səliqəsizliyə, tör-töküntüyə işarə edərək soruşdu.
      -Sevil! Yalvarıram bəsdi.
      -Nə isə. Fikir vermə. Nə üçünsə bu gün səni danlamaq istəyirəm. Halbuki... buna haqqım yoxdur - acı-acı gülümsəyib, ardından da ciddiləşdi - Hə, məktəbə getdin, direktorla görüşdün. Danış görək nə oldu, necə oldu? - divana oturub soruşdu.
      Ayaq üstə qalmayıb oturması, nə üçünsə ümidləndirdi məni. Deməli hələ burdadır, çıxıb getmək üçün tələsmir. Toxtadım və məktəbdəki əhvalatı əvvəldən sona qədər ona danışdım.
      - Sən görəydin Özgür necə doluxsunub qalmışdı. Uşağı bu qədər sıxma-boğmaya salmaq olar?! Ora məktəbdi, yoxsa türmə?
      Sevil Özgürün doluxsunduğunu eşidəndə gərginləşdi, ana instinkti ilə sifətində qəzəb qırışları əmələ gəldi. Bu halıyla da gözəldir Sevil.
      -Bunları başa düşdüm - dedi. - Bəs Rasimə zəng vurub təhqir eləməyin nəydi? - Sualı verib əllərini sinəsində çarpaz birləşdirdi, başını əyib dimdik üzümə baxdı. Məndən haqlı olaraq cavab gözləyir, ərini nə üçün təhqir etdiyimi bilmək istəyirdi.
      - Oğlumu yaltaq, kütlədən biri eləmək istəyən adamla başqa nə cür danışa bilərdim? - dedim. - “Qənirə bizim prezidentimizdir, ona hörmət eləməliyik” nə deməkdi? Belə oğraşı təhqir eləməyim, neynəyim?
      Sevili yaxşı tanıyıram, qürurlu qadındır. Başqa vaxt olsaydı etiraz edərdi mənə, dalaşardı, Rasimin müdafiəsinə qalxardı. Amma indi dinmirdi, elə hey üzümə baxırdı. Saniyələr saniyələri qovaladıqca da mən narahat olurdum.
      - Aydındı. Rasimi söymək üçün yaxşı bəhanə keçmişdi əlinə. Elə deyil?
      Düzdür, Rasimi təhqir etmək, hətta döymək üçün həmişə fürsət gəzmişəm, amma bu gün doğrudan da hiddətlənmişdim. Söhbət oğlumdan, onun şəxsiyyət kimi, vətəndaş kimi formalaşmasından və bunların qarşısındakı “Rasim” adlı maneədən gedirsə, mən bütün ədavətimi, kinimi, şəxsi intriqa və kaprizlərimi unudub onunla qısqanc sabiq ər kimi yox, oğlunun gələcəyini, taleyini düşünən bir ata kimi danışmalıyam. Sevil bu qədərmi pis tanıyır məni?
      -Səhvin var - deyib stula oturdum. - Direktorun, müəllimin dediklərini eşitsəydin, sən də dəli olardın. Beynim əməlli başlı çönmüşdü. Özgür də deyəndə ki, Rasim ona şeiri əzbərlətmək istəyib, lap özümdən çıxdım. Yeri gəlmişkən... dedi ki, dava eləmisiniz Rasimlə. Nə məsələdi?
      Sevil çətinliklə də olsa gülümsədi:
      - Nə əclaf uşaqdı bu. Nə var, nə yox hamısını çatdırır sənə.
      - Atasıyam da - dedim. Səsimdəki qürur notları Sevilin diqqətindən yayınmadı.
      -Əlbəttə atasısan. Bundan kimin şübhəsi var?
      -Nə üstündə dava eləmişdiniz?
      - Elə sən nə üstündə ona zəng eləmişdinsə, mən də onun üstündə.
      Yox, mən əslində xoşbəxt adamam - Özgürün anası sarıdan bəxti çox gətirib.
      -“Qənirə ana”?!
      -Həm də “Qənirə ana”. Əsas da, sənin ziddinə getdiyinə görə. İcazə vermərəm ki, uşaq atasından bir şey, atalığından isə başqa şey eşidib çaş-baş qalsın.
      Eşitdiklərim məni o qədər sevindirdi ki, qalxıb ona sarılmaq, öpmək istədim. Özümü güclə saxladım.
      -Bunlar uşaqları şikəst edirlər - dedim. - Zombiləşdirirlər. Sən məni başa düşməlisən.
      -Başa düşürəm - sözümü kəsdi. - Rasimlə də elə buna görə savaşdıq. Amma sən yenə də onu təhqir edə bilməzsən! Buna haqqın yoxdur. Özünü elə aparırsan ki, guya mən uşağın qayğısına sənin qədər qala bilmirəm, bu vəzifə də düşüb sənin çiyinlərinə. Bir dəqiqə! Sözümü kəsmə. Mən Rasimin harda səhv buraxdığını səndən yaxşı bilirəm, bunun qarşısını da lazım olanda alıram. O bədbəxt, heç sənin adını da çəkmir qorxusundan. Özgür də, mən də buna icazə vermirik. Özgür tez-tez fəxrlə sənin oğlun olduğunu deyir. Gündə “atam üçün darıxmışam” deyib, onu əsəbiləşdirir. Səhərdən axşamacan səninlə gəzdiyi kafelərdən, mindiyi karusellərdən, getdiyi parklardan, görüşdüyünüz dostlarından danışır. Onsuzda Rasimin evdə günü qaradır. Çünki, sən hələ də bizim həyatımızdasan Murad, başa düşürsən?
      -Doğrudan? - udqunaraq soruşdum. Sevil yeganə insandır ki, onun qarşısında aciz görkəm almaqdan çəkinmirəm. Hətta bundan xoşum gəlir.
      -Üşümürsən? - soruşdu.
      - Yox, yox - dedim. - Yaxşıdı. Təmiz havadı da. Bilirsən bu pəncərə axırıncı dəfə nə vaxt açılıb?
      Sevil sözlərimi qulaq ardına vurub soruşdu:
      -İndi məsələ nə yerdədir? Bu gün Rasimə məktəbdə heç nə deməyiblər. Mən də nigaran qalmışam. Bilmirəm uşağı çıxardacaqlar məktəbdən, yoxsa yox.
      Gözlərimi ondan qaçırdıb:
      - Məsələ yoluna qoyulub - dedim. - Özgürə güldən ağır söz deyən olmayacaq.
      Bu “xoş” xəbəri çox həvəssiz, mızıldayaraq çatdırmağım Sevilin diqqətindən yayınmadı. Ona necə başa salım ki, bu işdə Şeyla adlı bir qancığın barmağı var? Mənə baş ucalığı gətirməyən bu hadisəni ona necə danışım?
      -Necə yəni yoluna qoyulub? - şübhə ilə soruşdu.
      - Həll olunub deyirəm də. Yuxarıdan direktora zəng eləyib Özgürü tapşırıblar - güc-bəla ilə gülümsədim ki, bu zəngin mənə əzab verdiyini başa düşməsin.
      - Direktora belə bir zəngi kim edə bilər? Axı söhbət Qənirədən gedir! Olmaya prezidentin özü zəng vurub?
      - Sevil, yalvarıram bu qədər sual vermə də. Problem həll olunub, ya yox? Həll olunub! Bu bəs deyil sənə?
      Çiyinlərini dartıb gözlərini divardakı bir nöqtəyə zillədi:
      - Olsun. Həll olunubsa lap yaxşı. Nə deyirəm ki?
      -İncidin məndən? - ehtiyatla soruşdum.
      -Yoox, niyə inciyirəm - dedi və susdu.
      - Hə? Görürəm ki, nəsə demək istəyirsən. De, gəlsin. Nədir axı səni bu qədər narahat edən?
      Qayğılı gözlərlə üzümə baxıb tez-tez dedi:
      - Deyirəm bəlkə kiməsə ağız açmısan, kiminsə qabağında alçalmısan?!
      - Eeee! Sən də ki! Ağlına gələn şeyə bax! Alçalıb eləməmişəm. Tamam ayrı söhbətdir. Amma yenə də çox sağ ol.
      -Nəyə görə?
      - Ən azından kiminsə qabağında alçalmağımı istəmədiyini bilmiş oldum. Amma onu da bil ki, Özgür üçün lazım gəlsəydi alçalardım da.
      Təzədən üzümə, ondan qaçırtmağa çalışdığım gözlərimə şübhə ilə baxdı. Yarım dəqiqəyə yaxın susduq ikimiz də. Artıq bir söz deməyin yeri də yox idi. İnadla gözləyirdim ki, susqunluğu əvvəl Sevil pozsun. O isə, eşitdiklərindən əlavə məndən bir söz çıxmayacağını anlayıb ayağa qalxdı. Ürəyim düşdü - yoxsa getməyə hazırlaşır, nədi? Qapının ağzındakı stulda oturduğum, yolu qismən bağladığım halda mənə toxunmadan yanımdan süzülüb mətbəxə keçdi. Mən də yerimdən durub onun ardından otaqdan çıxdım. Mətbəxin qapısında dayanmışdı. Pəncərə kənarındakı dibçəkdə solmuş bitkini, qazmaq bağlamış tavaları, qazanları, bir yığın boşqabı, yerdə və stolun üstündəki çörək qırıntılarını, kolbasa- sosiska parçalarını görüb iki əliylə ağzını tutdu:
      -Bu nədi?! - hayqırdı.
      Dəhlizin divarına söykənib, gərginlikdən dartınmış zərif çiyinlərinə tamaşa edirdim. Sakitcə dedim:
      -Bu, sənin yoxluğundu Sevil.
      Tələsmədən üzünü mənə çevirdi. Cavabımdan razı qaldığını, sözlərimdən təsirləndiyini gözlərindən oxudum. Ona olan möhtaclığımın etirafı idi bu sözlər. Daracıq dəhlizdə qabaq-qənşər dayanmışdıq deyə nəfəsini üzümdə hiss edir, özümsə nəfəs almağa qorxurdum. Titrəyən əlimi ona doğru uzatdım, çiynindən yumşaqca tutub ehmalca özümə sarı çəkdim. Müqavimət göstərməməklə məni ruhlandırır, doğru yolda olduğuma, beynimdən və könlümdən nə keçirsə çəkinmədən, qorxmadan etməkdə sərbəst buraxıldığıma işarə verirdi. Ürəyimdə ona minnətdarlıq edərək dodaqlarından öpdüm. Öpdüm və qarşılığında daha şiddətli öpüldüm.
      Qadınlar belə yanıqlı öpüşməklə, kişinin daha da irəli gedə biləcəyinin siqnalını verirlər. Mən onu düz başa düşmüşdüm. Bundan sonra hər bir kişi nə etməlidirsə, mən də onu edəcəkdim. Həyatımın ən qiymətli yükünü qucağıma qaldırıb, dar koridorda ayaqlarını və başını divara vurmamağa etina göstərərək, yataq otağına apardım. Necə əziyyət çəkdiyimi görüb güldü. Mənsə onun gülüşünü yarıda kəsib təzədən dodaqlarına əyildim. Onu yatağa uzandırıb, öpüşməni dayandırmadan özüm də yanına uzandım. Bir yandan öpürdüm, bir yandan isə barmaqlarımı boynundan, boğazından aşağı sürüşdürüb döşlərinin arasındakı düzənliyə yetişdim.
      Bir anlıq üzünə baxdım. Hər toxunuşumdan ehtizaza gələn Sevilin gözləri yumulmuşdu, kirpikləri titrəyirdi. Vaxtımızın çox olmadığını bilə-bilə tələsmirdim. Əlimi baldırına qoyub, paltarının balağını yuxarı çəkdim. Nazik kapron corablar baxımlı, ətirli dərisinin incəliyini, məxməriliyini gizlətdiyindən, əfsunedici ayaqları ilə əllərimin arasındakı incə maneəni parçalamaq istədim. Ürəyim hər an sinəmi yırtıb bayıra atılmağa hazır idi. Başqa cür ola da bilməzdi - uzun ayrılıqdan sonra ilk dəfə onunla sevişəcək, Sevilə sahib olacaqdım. O məndən qaçmayacaq, yox deməyəcək. Bu yuxu da deyil, xeyr! Capcanlı uzanıb yanımda, təslim edib özünü mənə. Paltarını cəld hərəkətlə, göz qırpımında özü çıxarıb yerə atdı. Ardından da lifçiyini açdı. Qonaq otağından içəri süzülən tutqun işıqda vücudu sədəf bəyazlığına boyanmışdı. Daşlaşmış məmə gilələrini növbə ilə öpdüm əvvəl, sonra isə döşlərini bir-birinə sıxıb iki giləni birdən ağzıma aldım. Vəhşiləşmişdim, özümü itirmişdim, ondan doymağın mümkün olmadığını bilə-bilə, elə bil doymaq istəyirdim. Mələk saflığındakı bədəninin hər bir qarışını öpə-öpə aşağı enir, bir yandan da döş gilələrini sığallayırdım. Tumanını dişlərimlə aşağı çəkməyə çalışsam da, çətinlik çəkdiyimi görüb əlləri ilə mənə kömək elədi. Dizlərinə qədər enən tumanını, ardından da kapron corablarını hövsələsizcə çıxartdım. Hədəfə çatmışdım artıq. Sulanmış laləsinin ləçəklərini barmaqlarımla aralayıb dilimin ucunu çəhrayı çiçək yatağına qədər daldırdım. Zəif səslə zarıyaraq sətəlcəm adamlar kimi əzilib büzüldü. Bir, iki, üç, dörd, beş... Getdikcə sürəti artırır, onu həzzin zirvəsinə çatdırmaq, bihuş etmək üçün çırpınırdım. Mənə yalvaracağı, “Gəl artıq!” deyəcəyi ana qədər onu qıcıqlandırmalı, cırnatmalıydım. Barmaqlarımı döş gilələrində işlətməyə davam edərək, dilimi ləçəklərinin qıvrımlarında gəzişdirirdim. Göbəyinin altı artıq nəzarətdən çıxmışdı, alovlanmışdı, hərarət saçırdı. İlahi əmanəti dilə gəlib sərtlik, qabalıq, hətta qəddarlıq tələb edirdi sanki. Ayaqlarından və belindən yüngülcə itələyərək Sevili üzü üstə çevirdim. Kürəyindən belinə qədər hər bir qarışı öpdüm. Pambıq təpələrinə çatanda isə onları aralayıb dizlərini azacıq qatladım. Qarşımda açılan mənzərə, məni huşumu itirmək həddinə çatdırmışdı və... o anda “Gəl də! Gəl! Səni istəyirəm!” əmrini eşitdim.
      Ayaqlarının arasına keçib dizlərimlə baldırlarını araladım. Sürətlə içinə daldım. Həzzdən nəfəsim kəsildi, boğazımdan çıxan kut zarıltıları, vəhşi qışqırıqlar əvəzlədi. Sevil də başını çılğınlar kimi sağa-sola fırladır, əllərini qaldırıb baldırlarımı cırmaqlayırdı. Bu pozadan ikimizin də doyduğunu hiss edən kimi, içindən çıxıb onu arxası üstə çevirdim. Üzünü, gözlərinin ifadəsini, məmnunluğunu görmək istəyirdim həm də. Parıldayan saçları dalğalanaraq yanlara dağılanda, ağappaq alnı açıldı. Gicgahından axmağa başlayan tər damcısı, nazik xətlə qulaq məməsinə çatıb, boynunun ardında gözdən itdi. İri, ala gözləri ehtirasdan, arzudan tutqunlaşmış, iki nəhəng dəryaya çevrilmişdi. Bu dəryalar məni özünə dartırdı. Bu gözlərin ovsununa təslim olmamaq, cazibəsinə qapılmamaq mümkün deyildi. Bu gözlərdə batmaq, batmaq, bir daha çıxmamaq istədim. Bir qolumu başının altına keçirib üzünü üzümə yaxınlaşdıraraq dirsəkləndim, obiri əlimi isə yumruq edib yatağa dirəyərək üstünə uzandım. Zarıltısı şiddətləndikcə, mənim də bu zərif vücuda boşalmaq anımın yaxınlaşdığını duyurdum. Həzzin zirvəsinə birlikdə, eyni anda çatmalıydıq. İkimiz də təngnəfəs olmuşduq, dalğaların sahilə vurduğu balıqlar kimi havanı acgözlüklə udurduq. Sevilin altımda qıvrılmağa başladığını, konvulsiv çırpınışlarının artdığını hiss etdim. Artıq yaxınlaşırdı. Mən də gəlirdim. Bax bu dəqiqə, indi qovuşmalıydıq. Az qalıb. Az qalıb. Çatmışıq.
      İkimiz də son dəfə titrəyib sinxron boşaldıq.
      Süstləşib nəm mələfələrə sərilmiş Sevilin farforlu vücudunda iri tər damcıları parıldayırdı. Yanına uzanıb əlini tutdum. Barmaq uclarından nəbzini duyurdum.
      -Özgür hardadı?
      Sevil boğazını təmizləyib:
      -Rasimlə bulvara getməliydilər - dedi. - Yəqin gəzirlər indi.
      Gic gülmək tutdu məni. Sevil sinəmin qalxıb-endiyini görüb üzümə baxdı.
      -Nə olub? - soruşdu və cavabımı gözləmədən özü də gülməyə başladı. - Sən canın, doğrudan nə olub?
      -Biz səninlə burda nəylə məşğuluq, oğlumuz da atalığı ilə bulvarda gəzir. Əla!
      -Əla deyil. Bu həyatdır. Kim deyərdi ki, nə vaxtsa belə bir şey ola bilər? - Sevil gülməyi dayandırıb köks ötürdü.
      -Sevil.
      -Hə.
      -Səndən bir söz soruşmaq istəyirəm.
      Söz soruşmaq ən təbii haqqım olduğu halda, ondan icazə almağıma təəccüblənibmiş kimi baxdı mənə:
      -Soruş da.
      -Rasim yaxşı sevişir, yoxsa mən?
      -Off. Siz kişilər düzələn deyilsiniz. Onu da, səni də bircə şey maraqlandırır - hansınız daha yaxşı sevişirsiniz. Amma başa düşmürsünüz ki, qadın üçün bu suala cavab vermək çox çətindir. Hətta bu barədə danışmaq alçaldıcıdır. İntim sirləri niyə açmalıyam axı?
      Pişik kimi qoynuma soxulub başını sinəmə qoydu. Keçmiş arvadımın saçlarına sığal çəkə-çəkə, bu ölkədə neçə adama belə bir həyatın qismət ola biləcəyini düşündüm. Oğlum atalığı ilə bulvarda gəzir, mən isə, yəni uşağın həqiqi atası, öz keçmiş arvadımla yataqdayam. Sevil indi ərinə xəyanətmi etdi? Gülməlidir - nə xəyanəti? Kimə və kiminlə xəyanət? Öz əri ilə, yaxşı belə deyək, uşağının atası ilə sevişməsi xəyanətdirmi?
      -Bəs səndən uşaq istəmir? - soruşdum. - Yoxsa bu sual da ayıb sayılır?
      - Yox, ayıb sayılmır. İstəyir. Əlbəttə istəyir.
      -İstəyir.
      - Hə, istəyir - dedi və bir müddət susdu, - Amma mən istəmirəm.
      -Niyə?
      -Bilmirəm.
      –Boşan ondan yalvarıram. Qayıt mənə! - son sözlərim özüm üçün də gözlənilməz oldu.
      Dirsəyi üstə qalxıb üstümə uzandı. Amma gözlədiyimin əksinə üstümdə çox qalmadı, sol tərəfə sürüşüb yataqdan düşdü. Corablarını, tumanını, lifçik və paltarını götürüb yeyin addımlarla qonaq otağına keçdi. Yoxsa xətrinəmi dəydim?
      Ayağa qalxıb dalıyca çıxdım. Tumanını geyinmişdi artıq, indi də lifçiyini taxırdı. Məni görüb başını qaldırdı.
      –Hə? Nə deyirsən? - soruşdum. - Boşanarsan?
      Divana oturdu. Corablarını ayaqlarına keçirə-keçirə şıltaq gülümsəmə ilə təpədən dırnağa qədər süzdü məni.
      -Qabağımda lüt kişi dayanıb, məndən ərimdən boşanmağımı tələb edir. Əsl kino epizodudur.
      -Yalvarıram bəsdi. Zarafat eləmirəm.
      Corabının ikinci tayını da ayağında tarıma çəkib ayağa qalxdı. Başından paltarını keçirməyə çalışaraq:
      - Özünə gəl. Heç başa düşürsən nə danışırsan? Oyun oynayırıq biz?
      Yanına yaxınlaşıb paltarı geyinməsinə kömək elədim, dağınıq saçlarını sığalladım və boynunun ardından tutub üzünü üzümə yaxınlaşdıraraq dodaqlarından öpdüm. Geyimli bir qadının yanında çılpaq dayanmaq, kənardan doğrudan da qəribə görünə bilər. Amma mən, yenidən oyanmışdım deyə, nəsə etməliydim. Daha doğrusu etməliydik. Mənim Sevilim belədir - hər şeyi özü başa düşdü.
      Öpüşərək gəlib divanın kənarında dayandıq. Dodaqlarımdan qopub məni sinəmdən xəfifcə itələdi. Yarı uzanmış vəziyyətdə divana sərildim. O qədər sərtləşmişdim ki, elə bilirdim bir toxunuşla boşala bilərəm. Qabağımda diz çökdü, dizlərimi araladı. Bir əlini sinəmə dayadı, obiri əli ilə alətimi sıxıb ilıq ağzına götürdü. Pəncərədən əsən sərin yelin üşütdüyü vücudumun yalnız kiçik bir parçası mühafizədə idi indi. Mülayim üşütmə ilə ilıq ağız qeyri-adi kontrast yaradırdı. Sevil tez-tez gedib gəlirdi. Zarıdığımı eşidən kimi ağzından çıxartdı və əli ilə işləməyə davam edərək xayalarımı bir-bir əmməyə başladı. Bədənimin titrədiyini hiss edən kimi də, əlinin sürətini artırdı. Boğazımda çıxan “ahhh” naləsi ilə şiddətlə göbəyimin üstünə boşaldım. Son dəfə aşağıdan üstə doğru çəkərək, ucunda qalmış damcını əlinə sürtüb qalxdı. Vanna otağına keçib, oradan çirkli tumanlarımın biri ilə qayıtdı.
      -Ver, özüm silərəm - dedim.
      Bir yandan silinir, obiri yandan dəhlizdəki güzgünün qarşısında dayanıb makiyajını təzələməsinə tamaşa edirdim. Silindikdən sonra yataq otağına keçib alt paltarlarımı, köynəyimi geyinib otağa qayıtdım. Sevil saçlarını darayırdı. Dəhlizə gəlib arxasında dayandım.
      -Bilirsən - dedim. - Sən gedəndən sonra bu evə qadın ayağı dəyməyib.
      -İnanıram - deyib, güzgüdən mənə baxdı. - Doğrudan inanıram. Bilirəm ki, sən hələ də məni sevirsən.
      -Bəs niyə getdin? Nə üçün atdın məni?
      Sevil üzümə elə baxdı ki, elə bil küçədə ondan 8-ci mikrorayona hansı avtobusun getdiyini soruşan adama marşrutu başa salmağa hazırlaşır:
      - Bir yerdə yaşamağımız mümkün deyildi artıq. İndi də bu addımı düzgün atdığımı düşünürəm. Peşman zad deyiləm.
      Ülgüc kimi kəsicidir sözləri, çünki həqiqətdir. Düz deyir, mən zərrə qədər dəyişməmişəm ki, peşman olsun. O indi qayıtsa da yanıma, hər şey əvvəlki qaydasında davam edəcək. Bəlkə təzə-təzə özümü yığışdırıb Sevilə, oğluma daha çox vaxt ayıracam. Məsələn Rasim kimi. Sonra yavaş-yavaş onlara olan marağım, qayğım, diqqətim səngiyəcək. Dostlarımla daha çox vaxt keçirib, içki süfrələrində inqilabdan, çevrilişdən, rejimdən danışıb evə gec saatlarda gələcəm. Bunu ikimiz də bilirik deyə acığım tutur Sevilə. Amma bir söz deyə bilmirəm. Deməyə ixtiyarım da yoxdur. Onun əri mən deyiləm, Rasimdir. Olsun. Amma mən ona daha yaxın olmalıyam, çünki oğlumuz var. Hə, deyəsən əsl şərqlilər kimi düşünürəm. Bəli, mən şərqliyəm, çox dözümsüzəm. Onun ərdə olmasına təhəmmül edə bilmirəm. Bacarmıram özümlə. Azərbaycan kişisiyəm. Bəs Rasim kimdir? Azərbaycan kişisi deyilmi? O da mənim kimi paternalist cəmiyyətin yetişdirdiyi - oğul, ailə kultuna bağlı, patriarxal təfəkkürlü adam deyilmi? Bilmirəm. Boşanmış, özü də uşaqlı bir qadınla evlənəcək qədər müasir düşüncəli adamdırsa, deməli mənim kimi deyil. Mən, “kişilik kodeksi”-nin diqtə etdiyi mənfur namus-qeyrət paradiqmasının, bu ümummilli refleksiyanın əsiriyəm. Cəmiyyətin mənim çiyinlərimə, məndən icazəsiz yüklədiyi rolu, vəzifələri icra etməyə məhkumam. Özümdən iyrənirəm. İyrənirəm!
      - Ayda neçə dəfə təmizləyirsən evi? - səsi mətbəxdən gəldi. - Gör nə gündədir buralar! Belə vəziyyətdə necə yaşayırsan?!
      Daldığım qəmli düşüncələrdən ayılıb ayaqlarımı mətbəxə sürütlədim:
      -İki-üç aydan bir təmizləsəm böyük şeydir - bu barədə heç danışmaq istəmirdim, amma Sevilə deyinməyi qadağan edə bilməzdim. Onun mənimlə yatağa girəcək qədər böyük ürəyi varsa, istədiyini mənə deyə bilər. Lap danlayar, söyər, təhqir edər. Ömrümün sonuna qədər ona minnətdar olacağam.
      Nəm əskini götürüb stolun üstünü silməyə başladı.
      -Bu gün gələcəyimi bilə-bilə də təmizləmədin.
      -Düz deyirsən. Eşşəyəm də.
      Gözlərini süzüb baxdı mənə:
      -Nə əcəb tumançaq deyilsən?
      –Özü də eşşək niyə olursan? - əskini yaxalayıb plitənin tutacağından asdı, qabları yumağa qoyuldu, - Evləri ona görə təmizləmədin ki, gəlib evini təmiz görsəm, normal həyat yaşadığını, hər şeyin qaydasında olduğunu fikirləşə bilərəm. Sənsə belə düşünməyimi istəməzdin, yox? İstəyirdin ki, evləri bu vəziyyətdə görüb ürəyim ağrısın.
      Dinmirdim. Eləcə susub ona qulaq asırdım. Sevil həm düz deyirdi, həm də yox. Ola bilsin onun dediyi “məkrli” planı şüuraltımda qurmuşam. Amma mən... Yox, mən bu dərəcədə rola girə bilmərəm. Əşi olsun! Öz düşüncəsində, inancında qalsın. Heç mən özüm də onun səhv fikirdə olub olmadığından əmin deyiləm. Bəlkə doğrudan da onun dediyi kimidir?
      Qabları yuyub qurtarandan sonra pəncərə kənarına yaxınlaşdı ki, oradakı boş siqaret qutularını zibil qabına atsın. Gözləri bloknotuma sataşdı. Onu açmağa hazırlaşdığını görüb, pəncərəyə doğru həmlə etdim.
      -Bəs bu nədir? - soruşdu.
      Kobudca dartıb dəftəri əlindən aldım:
      -Baxma.
     -???
      -İncimə qurban olum.
      -İnciməyim?! - heyrətlə mənə baxıb çiyinlərini dartdı.
      Bloknot əlimdə, günahkar adamlar kimi başımı aşağı salıb dayanmışdım, üzünə baxmağa cəsarət etmirdim. Ona “incimə” demək doğrudan gülməli idi. Ona qarşı kobudluq etmişdim və Sevil, haqlı olaraq bu davranışımı anlaya bilmirdi. Sonda başımı qaldırıb nəm gözlərinə baxdım. Sevil dolub qalmışdı.
      -Qurban olum incimə. Mən... gündəlik tuturam.
      Üzündəki ifadə dəyişmədi. “Nə olsun? Mən nə yazdığını görə bilmərəm bəyəm?” sualı oxunurdu gözlərindən.
      -Məni düz başa düş. Utanıram.
      Yanıma gəlib belimdən qucaqladı məni, başını sinəmə qoydu. Bloknotu əlimdən buraxmadan mən də bərkdən qucaqladım onu.
      - Hisslərini göstərməkdən çəkinirsən. - dedi. - Məndən niyə utanmalısan ki?
      -Səndən söhbət getmir. Ümumiyyətlə heç kəsə göstərə bilmirəm. Doğrudan utanıram. Özüm üçün yazıram.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.09.2014) | Müəllif: R.C E W
Baxış: 343 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more