Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Amneziya-11

     Sevil mənə qısılıb qolunu belimə doladı. Sanki düşüncələrimi oxumuşdu:
     -Burda vicdan əzabı çəkəcək heç nə yoxdur, özünə zülm eləmə. Onlar sənin sağaldığını bilsəydilər çox sevinərdilər. Saatlarla gəlib dayanırdılar xəstəxananın həyətində, həkimdən, məndən bir xəbər gözləyirdilər. Deyirdim ki, gedin evə, yormayın özünüzü, burda dayanmağın mənası yoxdur. Amma qalırdılar, getmirdilər. Sarsılmışdılar, uşaq kimi ağlayırdılar. Hacı Mövsüm yadındadı?
     Gözlərimi məzarlardan ayırıb:
     - Gündəliklərdəki Hacı Mövsüm? - soruşdum. - Hə, oxudum dünən.
     -İndi İçəri Şəhərdəki Cümə məscidinin axundu olub. Birinci xütbəsində meydanda ölən 72 nəfəri demokratiya şəhidi adlandırmışdı. Onlarla İmam Hüseynin Kərbəla şəhidlərini eyniləşdirmişdi. İran mollaları da dərhal fitva verdilər. Ayətullahlardan biri Mövsümü kafir elan elədi.
     Gülmək tutdu məni.
     -Məni güldürmək üçün danışdın bunu?
     Yanağımdan öpüb bir az da bərkdən qucaqladı məni.
     -Neynəyim? Dedim eynin açılsın.
     -Çox sağ ol, bu yaxşılığını unutmayacam.
     -Dəyməz.
     - Mövsüm demişkən, gündəliklərdə yazmışam ki, Sənanla dostlaşmışdı. Doğrudan yaxın olmuşdular?
     -Hə, özü də necə. Tez-tez görüşürdülər. Amma xeyri olmadı - nə Sənan Mövsümü ateistə döndərə bildi, nə də Mövsüm Sənanı dinə gətirdi. Elə hey mübahisə edirdilər. Sənan hər dəfə xəstəxanaya gələndə Mövsümdən danışırdı ki, yaxşı, təmiz adamdı amma bezdirib məni, gic-gic söhbətlərlə yorur. Yeri gəlmişkən, nə Mövsüm nə də başqa dindarlar meydana çıxmadılar. Amma indi azadlığın, demokratiyanın nemətlərindən faydalanırlar. Roman Bakinski, kafeyə toplaşan rusdilli dostları da demokrat olublar. Milli rejiminə tərif deyən, yaltaqlanan adamlar indi vəzifələrə daraşıblar. Keçmiş quruluşda Qənirəyə səcdə qılanlar, birdən-birə azadlıq fədaisi oldular. Yapon teatrı NO-da olduğu kimi - maskalarını çevirib dəyişdilər birdən. Özü də utanmadan deyirlər ki, biz də özümüzə görə mübarizə aparmışıq, rejimə nifrət etmişik. Ümumiyyətlə indilərdə “biz də rejimi sevmirdik, Millilərə nifrət edirdik” demək dəb olub. Kimi dindirirsən Milli rejimini söyür. Əşi - deyib başını tez-tez buladı - onsuzda həmişə belə olub. İnqilabı edənlər qalıb bir kənarda, yaltaqlar ona sahib çıxıb, öz adlarına yazıblar. Nə isə. Bir az gəzişək?
     Fəxri xiyabanda köhnə və yenə məzarlara tamaşa edə-edə, tələsmədən addımlamağa başladıq. Ucu-bucağı görünməyən xiyabanın tən ortasında, bir vaxtlar İslam Millinin nəhəng məzarının və on kvadrat metrlik sinə daşının ucaldığı yerdə iki küçə iti uzanıb, günəşin zəif şüalarından qızınmağa çalışırlar. Mən də Sevilə baxıb, düşüncələrinin istiqamətini tutmağa çalışıram. O yanımda ola-ola tənhalıq hissi bürüyüb məni. Yaddaşsızlığın əzabverici ağırlığını ürəyimdə, ağrısını iliklərimdə duyuram.

Mayor Dadaşov


     - Andersenin bütün məşhur nağılları bu kitabda var. Burda belə yazılıb. Amma Kölgə nağılı yoxdur. Dəqiq yadındadır ki, nağılın adı Kölgəydi?
     - Hə, yadımdadı. O gün müəllimə oxudu bizə, çox maraqlıydı.
     Andersenin qalın üzlü, nəfis tərtibatlı nağıl kitabında otuzdan artıq nağıl var, amma “Kölgə” yoxdur. Deməli məşhur nağıl deyil. Özgür deyir ki, bu kitabı ona mən almışam, Sevil də mənə göz-qaş eləyib uşağın dediyini təsdiqləməyimi istədi. İndi özümü elə aparıram ki, guya kitabı necə, nə vaxt almağım çox yaxşı yadımdadır. Bilmirəm daha nə qədər uşağı aldatmalı olacağıq? Sevili başa düşmürəm - uşağa “atanın yaddaşı pozulub” deyilsə, qiyamətmi qopar?
     Bayaq Özgürdən xahiş elədim ki, üzdən oxusun, mən də qulaq asım. Hansı nağılı oxumasının heç bir fərqi yoxdur mənim üçün. Amma Özgür üçün var - dirənib ki, məktəbdə eşitdiyi “Kölgə”ni oxumalıdır. Mən də bir söz demirəm, uşaqdır, şıltaqlıq etmək haqqıdır. Kitabdakı otuzdan artıq nağıldan birini oxumamaq üçün min bir üsula əl atan, bəhanələr uyduran balamı bir az da möhkəm qucaqladım, saçlarını iylədim. Doymurdum ondan.
     -Bəs o nağıl nə haqdadır? Danışa bilərsən?
     Özgür alnını qırışdırdı, dodaqlarını büzdü, laqeydcə dedi:
     -İsti bir ölkə olur, ora bir alim gəlir. O qədər istidi ki, alim kölgə tapa bilmir, xəstələnir. Ancaq gecələr küçəyə çıxa bilir.
     -Elə bu?
     -Eeee, nə bilim. Uzun nağıldı.
     -Bəs deyirdin xoşuna gəlib?
     Sevil əlində mandarinlərlə otağa girdi:
     - Sənin qədər tərs uşaq yer üzündə yoxdur. Nə yapışmısan ay bala Kölgədən? Oxu da ataya kitabdan.
     Özgür mandarinləri görcək kitabı divanın üstünə vıyıldatdı. Qabın içindən mandarin götürüb soymağa başladı:
     -Ata, sən sağalmısan?
     -Hə sağalmışam, necə bəyəm?
     -Bundan sonra bir yerdə yaşayacağıq?
     -Əlbəttə.
     Özgür mandarin dilimini ağzına atdı, nəsə fikirləşdi və soruşdu:
     -Bəs Rasim necə oldu?
     Bu, mənim cavab verə bilməyəcəyim sualdır. Sevilin üzünə baxdım. Qaşlarını çatdı, barmağını silkələyə-silkələyə uşağa yaxınlaşıb uca səslə, hiddətlə dedi:
     -Sənə deməmişəm ki, Rasimin adını bir də çəkmə?! Heç vaxt, heç yerdə! Eşitdin məni?
     Bunu belə etməzlər ay Sevil! Uşağın günahı nədir? Böyüklər axmaq-axmaq işlər görür, min bir oyundan çıxır, böyüklərin ağıllı olduğunu, hər şeyi bildiyini fikirləşən uşaqlar isə onların hərəkətlərini normal, düzgün hərəkət hesab edirlər. Onlar hardan bilsin ki, böyüklər ağıllı zad deyillər, heç uşaq ağlında da deyillər - onlar axmaqdırlar. Axmaq! Uşaq uzun müddət bir yerdə yaşadığı Rasim adlı atalığı haqqında nəsə soruşursa, ona bu cür sərt reaksiya göstərmək ədalətlidirmi? Sevil ona tuşladığım qeyzli baxışlarımı görüb tez otaqdan çıxdı. Mən də Özgürü öpüb ona göz vurdum. Güldü. Anasının çəmkirməsini çoxdan unutmuşdu.
     - Mandarinini ye, indi gəlirəm. Səninlə başqa nağıl oxuyacağıq.
     Sevil mətbəxdə pəncərənin qabağında dayanmış, tül pərdənin ucunu dartışdırırdı.
     -Nə olub sənə? - soruşdum.
     Nəmli gözlərini üzümə çevirdi.
     - Bu hələ nə qədər davam eləyəcək, hə? Rasim, Rasim, Rasim... Mən də bezirəm axı, əsəblərim dözmür. Neynəyim?
     - Yaxşı, sakitləş. Uşağın nə günahı var? Ona yox, özümüzə əsəbiləşməliyik.
     -Əşi nə əsəbiləşməyi! Özümdən zəhləm gedir! İndiki ağlım olsaydı o addımı atardım? Ailəmi dağıtdım, bu da azıymış kimi tanımadığım adama ərə getdim. Elə bilirsən bu səhvlərlə yaşamaq asandır?
     -Dedim ki, sakitləş! Bəsdir! Uşağın üstünə bir də qışqırma. Xahiş edirəm. Otur danış onunla, başa sal, de ki, Rasimdən ayrılmışam, bir də onunla görüşməyəcəyik, bundan sonra sən, mən və ata - üçümüz yaşayacağıq. Səbrlə, təmkinlə izah elə uşağa. Belə çətindir?
     -Düz deyirsən - gözlərinin ucunu silərək dilləndi. - Özümdən asılı deyil, çox tez özümdən çıxıram.
     -Normaldır. Altı ay elə mənim başımın üstündə dayanmısan. Rasim bir yandan, mən bir yandan, uşaq, iş, ev... Gör nə qədər problemin olub. Təkbaşına bu qədər işin öhdəsindən gəlmisən, böyük şeydir. Gərək əsəblərini müalicə edəsən. Zöhrab sənə psixiatrın nömrəsini vermişdi, yadındadı? İstəyirsən elə onunla danış, qəbuluna get.
     Sevil alt dodağını dişləyib gülümsündü:
     - Sən nə adamsan. O psixiatrın nömrəsini sənə görə vermişdi. Özün getmirsən, məni göndərirsən?
     - Onda gəl bir yerdə gedək - dedim. - Ər-arvad, ailəlikcə gedək başımızı müalicə etdirək.
     İkimiz də qəhqəhə ilə gülməyə başladıq.
     Bax belə. Evdən gülüş səsləri eşidilməlidir. Uşağın psixikasına belə gülüşlər müsbət təsir edir.
     Sevilin telefonu çaldı. Gülməyə davam edərək soyuducunun başından telefonu götürüb displeyə baxdı. Birdən gülməyi kəsib, ciddiləşdi, qaşları çatıldı.
     -Kimdir? - soruşdum.
     Telefonu mənə uzatdı:
     -Mayor Dadaşov.
     -Ver bura. Özüm danışaram.
     Bakı Şəhər Baş Polis İdarəsinin şüşə və dəmir konstruksiyadan inşa edilmiş tamamilə şəffaf, içində nələrin baş verdiyi çöldən asanca görülən 7 mərtəbəli binasının dördüncü mərtəbəsinə liftlə qalxıb mayor Dadaşovun kabinetini soruşdum. Əslində bu nəhəng zalda kabinet axtarmağın mənası yox idi, çünki bütün polis əməkdaşları şəffaf ara kəsmələrdən ibarət seksiyalarda oturmuş, elə ordaca vətəndaşları qəbul edirdilər. Kömək istədiyim gənc serjant, mənə mayorun masasını göstərdi və təşəkkürümə təbəssümlə cavab verib seksiyalar arasında gözdən itdi. Mayor Dadaşov başını aşağı əyib qabağındakı qalaq-qalaq qovluğun, sənədin içində eşələnirdi. Ona sakitcə salam verdim. Düşüncəli tərzdə başını qaldırıb məni görəndə gülümsədi. Elə bil gəlişimə çox sevinmişdi.
     -Murad bəy salam, salam. Buyurun keçin. Buyurun.
     Ayağa qalxıb kitab və qovluqlarla dolu olan dolabın yanındakı stulu mənə tərəf çəkdi. Canfəşanlığı, ifrat nəzakəti mənə bir qədər süni göründüyündən, özümü narahat hiss edirdim.
     -Əziyyət çəkməyin - dedim. - Özüm götürərəm.
     -Yox, yox, heç bir əziyyəti yoxdur. Buyurun əyləşin.
     -Çox sağ olun.
     Ola bilsin yanılıram, nəzakətində səmimidir. Nə bilim, bir azdan görəcəyik.
     Mayor yerinə oturub qarşısındakı kağızları əli ilə kənara, monitorun yanına itələdi.
     -Necəsiniz?
     -Təşəkkür edirəm, yaxşıyam - deyib stulun belinə yaslandım.
     - Siz allah bağışlayın. Ailənizdən, istirahətinizdən sizi ayırdım. İşimiz belədir, bəzən buna məcbur oluruq. Necə tapdınız buranı? Çətin olmadı ki?
     - Yox, rahat gəldim. Yoldaşım taksi tutub başa saldı. Maşın da indi küçədə məni gözləyir - bunu bilə-bilə dedim ki, vaxtımın az olduğunu başa düşsün. Başa düşdü də.
     - Eybi yox, işimiz uzun çəkməz. Müalicəniz necə gedir? Yaddaşınız düzəlirmi?
     -Yavaş-yavaş nələrsə yadıma düşür, amma hələ istədiyim səviyyədə deyil. Görək də. Ümidimi itirmirəm.
     –Çox gözəl. Əlbəttə, ümidi itirmək olmaz. Məncə də hər şey yaxşı olacaq. Bəlkə nəsə içmək istəyirsiniz? Sizə çay təklif edə bilərəm.
     -Təşəkkür edirəm, lazım deyil.
     -Nə oldu? Niyə güldünüz?
     –Heç... qəribədir.
     -Qəribə olan nədir?
     - Bu idarə, sizin bu... kabinetiniz, çay. Elə bil hamısı qondarmadır, doğruçu deyil.
     -Həə, sizi başa düşürəm. Amma burada qəribə heç nə yoxdur. Qondarma da deyil. İslahatlardan sonra polis orqanları məhz bu qaydada işləyir. Siz komada olarkən ölkədə baş verən dəyişikliklərdən yəqin ki, xəbəriniz var?
     -Var, var. Qəzetləri oxumuşam. Televizorda da maraqlı şeylər göstərirlər.
     -Bax belə. Odur ki, qəribə heç nə yoxdur - Dadaşov fəxrlə dedi. - Sualıma görə bağışlayın, sizi düz başa düşdümsə indi ailənizlə bir yerdə yaşayırsınız?
     -Bəli, bir yerdə yaşayırıq.
     - Əla - Dadaşov qımışıb dedi. - Həmişə evdə-eşikdə, ailənizlə bir yerdə.
     -Çox sağ olun.
     -Müalicənizi evdə davam etdirirsiniz?
     - Siz deyən ciddi müalicə də yoxdur. Bir-iki dərman var, onları qəbul edirəm. Yaddaşımın tam düzəlməsi üçün zamana ehtiyac var.
     - Başa düşürəm - mayor köks ötürdü. - Vaxtınızı çox almaq istəmirəm, ona görə də suallara keçəcəyəm.
     Ayağa qalxıb şkafdan boz rəngli bir qovluq götürdü. Yerinə oturub qovluğu açdı, kağızları vərəqləməyə başladı.
     -Murad bəy - gözlərini sənədlərdən ayırmadan dedi.
     -Bəli.
     - Toğrul Rüstəmovla Şamaxıdan Bakıya qayıdarkən qəza keçirmisiniz. Bu hadisəni az da olsa xatırlayırsınız?
     Təəssüflə başımı buladım.
     -Yox, xatırlamıram.
     Mayor diqqətlə üzümə baxıb təzədən başını aşağı endirdi, qovluqdan bir kağız çıxartdı.
     -Yadınıza düşürsə, xəstəxanada sizə Şeyla Oruc adlı xanımla bağlı sual vermişdim.
     -Bəli, yadımdadır.
     -Bu xanım da sizin yadınıza düşməyib?
     - O boyda ağır qəza yadıma düşmürsə, Şeyla adlı qadın necə yadıma düşsün? Ümumiyyətlə bu Şeyla kimdir ki?
     Başını qəflətən qaldırıb, gözlərini qıydı.
     -Şeylanın kim olduğunu bilmirsiniz?
     Mayorun birdən-birə dəyişməsi, ciddiləşməsi, mənə ittihamedici nəzərlərlə baxması qanımı qaraltdı. Həyəcanlanmamağa çalışaraq, soyuqqanlılıqla dedim:
     -Onu tanımıramsa, kim olduğunu necə bilə bilərəm?
     -Başa düşürəm.
     Mayor “başa düşürəm” desə də, bunu sözgəlişi dediyi, əslində məni başa düşmək istəmədiyi bariz görünürdü.
     -Əvvəlki istintaq, bu qadının Asiadent klinikasında müalicə olunduğunu, konkret desək sizin pasientiniz olduğunu aşkarlayıb.
     -Ola bilər - çiyinlərimi dartaraq dedim. - Yəqin ki, mənim yüzlərlə xəstəm olub, elə deyil? Nə üçün məhz bu xanımla maraqlanırsınız, başa düşmürəm.
     Mayor sualımı qulaq ardına vuraraq, davam etdi:
     - Burada həkimlərin də ifadələri var. Bildirilir ki, Şeyla sizin kabinetinizdə lazımından çox qalırdı, hətta aranızda nəsə “şübhəli bir əlaqə” varıydı. Görəsən hansı əlaqədən söhbət gedir?
     - Mənə də çox maraqlıdır - dedim. - Mənim pasientlə nə əlaqəm ola bilər? Mayor Dadaşov gülümsəyib kreslosuna yayxandı. Başını yırğaladı.
     -Nə bilim. Mən də sizin kimi. Elin ağzı torba deyil, büzmək olmur - dedi və bir az qabağa əyilib, məhrəm tərzdə pıçıldadı, - elə bilirsiniz qeybət qırmaq ancaq qadınların işidir? Yooox. İndi qadınlar yalan olub, kişilər dedi-qouyla məşğuldur - qımışdı.
     -Ola bilər.
     -Bəli, ola bilər - Dadaşov dedi və cəld hərəkətlə qovluqdakı kağızların arasından nəsə çıxardıb mənə tərəf uzatdı. - Bəlkə bu sizə kömək elədi?
     Mayorun əlindəki şəkil idi. Qadın şəkli.
     -Buyurun, Şeyla Oruc bu xanımdır. Tanıyırsınız? Yaxşı baxın.
     Fotonu mayorun əlindən almadan obyektivə gülümsəyən qadına diqqətlə baxdım. Deməli gündəliklərdə təsvir etdiyim Şeyla budur. Amma yox, xatırlamıram. Yaxşı ki, xatırlamıram. Xatırlasaydım gözlərimin ifadəsindən, mimikamdan özümü ifşa edə bilərdim. Dadaşov da diqqətlə üzümə baxır; üzümdə, gözlərimdə dəyişikliyin olub-olmayacağını, özümü şübhəli aparıb-aparmayacağımı görmək istəyir. Lakin gözlədiyi olmadı - soyuqqanlılığımı bu dəfə də qoruya bildim.
     - Yox cənab Dadaşov. Birinci dəfədir görürəm.
     Mayor üzündəki ciddi ifadəni dəyişmədən:
     - Xeyr, birinci dəfə görə bilməzsiniz. Onun dişlərini müalicə etmisiniz. Yəqin “yadıma düşmür” demək istəyirdiniz?
     Artıq əsəbiləşirdim.
     -Siz deyən olsun - yadıma düşmür.
     -Murad bəy, apardığımız istintaqdan məlum olur ki, dostunuz Toğrul, Samir Həsənzadə adlı iş yoldaşınızdan onun Şamaxıdakı evinin açarlarını götürüb. Siz qəzaya düşməmişdən təxminən 18 saat əvvəl. Sonra siz Şamaxıdan Bakıya qayıdanda qəza keçirmisiniz. Belə çıxır ki, bu 18 saat ərzində siz Şamaxıya gedib qayıtmısınız. Lakin Şamaxıdakı evə gəldiyinizi qonşular görməyib.
     Başım qarmaqarışıq olmuşdu. Şeyla, Şamaxı, Toğrul, Samirin evi. Mayor Dadaşovun nə demək istədiyini, söhbətin istiqamətini tuta bilmirdim. Əvvəl xəstəxanaya gəlib Şeyla ilə maraqlanmışdı. İndi də Şamaxıdan qayıdanda düşdüyümüz qəzadan danışır. Özü də elə danışır ki, elə bil qəzanın özü bir o qədər vacib deyil, əsas məsələ Şamaxıda kimin evində qaldığımız, ora nə üçün getdiyimizdir. Fərqi nədir Şamaxıya niyə getmişdik, orda harda qalmışdıq?
     -Şamaxının Şeyla Oruca nə dəxli? - soruşdum.
     Mayor istehza ilə gülümsünüb, qabağındakı qovluğu tələsmədən bağladı, qollarını masanın üstünə qoyaraq qamətini düzəltdi.
     - Gəldik əsas məsələyə. Şamaxının nə üçün bu qədər vacib olduğunu soruşursunuz.
     Yaxşı, sizə cavab verə bilərəm. Başımı yırğalayıb, eyni kinayəli tonla:
     -Zəhmət olmasa - dedim.
     - Siz qəzaya uğradığınız gün, Şeyla yaxın bir rəfiqəsinə öz stomatoloqu ilə görüşəcəyini deyib. İranə Süleymanova adlı rəfiqəsi bunu əvvəlki istintaqa bildirib.
     -Olsun da. Bayaq özünüz dediniz ki, klinikaya gəlib-gedib, məndə müalicə olunub.
     -Əlbəttə, əlbəttə - mayor yalançı canfəşanlıqla məni təsdiqlədi. - Amma klinikaya gəlsəydi! O gün Şeyla Oruc klinikaya gəlməyib. Heç siz də o gün işə çıxmamısınız. Yəni siz mərhum Şeyla Orucla başqa bir yerdə görüşmüsünüz.
     -Harda?
     - Şeyla rəfiqəsi ilə bunu da bölüşüb. Deyibmiş ki, stomatoloqdan xoşu gəlir, onunla yaxından tanış olmaq istəyir. Ona görə də stomatoloqu Gənclikdəki evinə dəvət etmək istəyir.
     -Gənclikdəki evinə? - hər nə qədər yaddaşımı itirsəm də, gündəliklərdə oxuduqlarımdan sonra Şeyla ilə harasa gedə biləcəyimə ehtimal verə bilmirəm. Onun Gənclikdəki evində nə işim var?
     - Bəli, Gənclikdə, millionerlər prospekti adlanan ərazidə atasının onun üçün tikdirdiyi üç mərtəbəli villa. Şeyla orda yaşamırdı, arada-bir dostları ilə orda “party”lər təşkil edirdi.
     -Şeyla deyib ki, stomatoloqla görüşəcəyəm? Lap yaxşı. Bəs mənim o evdə olduğuma dair istintaqın əlində sübut var?
     -İranə Süleymanova bu məlumatı istintaqa çox gec verib, çünki Şeyla Orucla telefonla danışandan iki gün sonra on günlüyünə Romaya uçub. Orda bu hadisədən xəbər tuta bilməzdi, çünki o vaxt mətbuata bu haqda heç nə deyilməmişdi, ümumiyyətlə Şeylanın yox çıxması sirr olaraq saxlanılırdı. Məsələni yalnız istintaq orqanları və Səyavuş Orucun yaxınları bilirdi. Əlbəttə Qənirə Milli də. Bu səbəbdən, İnarə Süleymanova Bakıya qayıdana qədər, istintaq yanlış istiqamətdə aparılıb. Süleymanovanın verdiyi ifadələrindən sonra isə, müstəntiqlər Asiadent klinikası ilə maraqlanıb, sizin adınızı öyrənib, xəstəxanada yatdığınızı biliblər. Şeylanın son günlər mobil telefonundan etdiyi və ona gələn zənglər də araşdırılıb. Məlum olub ki, siz qəzaya düşən gün, səhər saat doqquz radələrində Şeyla sizə bir dəfə zəng edib. Bu zəngdən sonra onun telefonuna heç bir zəng daxil olmayıb. Şeylanın Gənclikdəki evində aparılan təhqiqat zamanı orada sizin barmaqlarınızın izi aşkarlanmayıb. Bəli, bəli təəccüblənməyin. Siz xəstəxanada olarkən sizin barmaq izlərinizi də götürüblər. Tərslikdən o vaxt, yenicə tikilmiş villanın kamera sistemi hələ quraşdırılmamışdı. Ümid qalırdı yan-yörədəkə kameralara, amma Şeylanın evi qonşuluqdakı iki villanın kameralarının əhatə dairəsinə də düşmürdü. Ona görə də villaya kənar maşın, ya da adam gəldiyini müəyyənləşdirə bilməyiblər. Villanın həyətində Şeylaya məxsus, az-az sürdüyü Volkswagen Tiguan avtomobili varıydı.
     Birdən-birə məruz qaldığım bu informasiya axınından sonra, mayoru başa düşməyim daha da çətinləşmişdi.
     -Cənab Dadaşov bir dəqiqə, bir dəqiqə. Deməli mən o evdə olmamışam, düzdür?
     Mayor köks ötürüb başını yellədi:
     -Elədir, belə görünür ki, olmamısınız. Amma o evdə aparılan ikinci, həm də daha diqqətli təhqiqatdan sonra qonaq və vanna otaqlarında mikroskopik qan izlərinə rast gəlinib. Kimsə qan ləkələrini yaxşıca silməyə cəhd edib. Bu qan izlərindən sonra köhnə istintaq siz ayılana qədər gözləməyə qərar verdi. Təsəvvür edirsiniz, gözlədilər də! Düz iki ay! Amma siz ayılmırdınız ki, ayılmırdınız. Sonra da seçkilər yaxınlaşdı, ara qarışdı, məzhəb itdi. Mətbuata o ana qədər Şeyla Orucun yoxa çıxması ilə bağlı məlumat verilməmişdi, söhbət hələ də gizlin saxlanılırdı. Amma özünüz də bilirsiniz ki, balaca ölkədir, şayiələr tez yayılır. Müxalifət qəzetləri Səyavuş Orucun qızının harada olması ilə maraqlanmağa başladılar. Ümumiyyətlə Səyavuş Orucun qızı ilə münasibətlərinin o qədər də yaxşı olmadığı, onun qeyri-nikah əlaqəsindən uşaq doğmasını qızına bağışlaya bilmədiyi artıq hamıya məlum idi. Düzdür, atadır, övladının itməsindən pis olmuşdu amma o qədər də can yandırmırdı. Qızının şıltaqlıqlarından, hər gün kişi dəyişdirməsindən, yüngül əxlaqlı qadın kimi ad çıxarmasından bezmişdi. Çevrilişdən sonra da ki, Səyavuş ölkəni tərk etdi. Köhnə istintaq işi bağlaya bilməmişdi deyə, onu biz davam etdirməli olduq. Amma onlardan fərqli bir yol seçdik. Təzədən sizin iş yerinizə getdik, həmkarlarınızla söhbət etdik. Məlum oldu ki, həmin gün Toğrul Samirdən açarları götürüb. Bu detala əvvəlki istintaq fikir verməmişdi. Amma biz Şamaxıdakı evə ciddi yanaşdıq, ora getdik, evin içində və üç sotluq həyətdə araşdırma apardıq.
     Mayor bunları dedi və gözlərini bic-bic süzüb mənə baxdı. Kinayəli və çoxbilmiş nəzərlərlə müşayiət olunan fasilə məni narahat edirdi. İstəyirdim mayor sözünün davamını gətirsin. Sonda, fasilənin mənim üzərimdə lazım olan təsiri buraxdığına qane olan mayor yenə danışmağa başladı.
     -O evdə də sizin barmaq izlərinizə, qonşuluqda sizi görən bir allah bəndəsinə rast gəlmədik. Həm də ki, o vaxtdan sonra Samir Mikayılov və ailə üzvləri vaxtaşırı olaraq o evə gedib gəlirmişlər. Samirin özü bizə dedi ki, Toğrul ondan açarları alandan sonra, o evdə heç nəyə toxunulmayıb, ev axırıncı dəfə hansı vəziyyətdə olubsa, elə o vəziyyətdə də qalıb. Samirdən evin açarlarını alıb orda özümüz, Samirin iştirakı olmadan araşdırmalarımıza davam etdik və... nəhayət axtardığımızı tapdıq.
     -Nə tapdınız? - həyəcanımı gizlətməyə çalışaraq soruşdum. Mayorun davam etməsini istəyirdim, çünki Şeylanın yoxa çıxması, Gənclikdəki evində qan izlərinin tapılması ilə Şamaxıdakı ev arasındakı əlaqə məni çox maraqlandırırdı. Nəticənin mənim üçün yaxşı olmayacağını hiss etsəm də, bu istintaq əhvalatının nə ilə qurtardığını bilmək istəyirdim. Dadaşov isə son zərbəni belə vurdu:
     -Evin həyətində aparılan axtarışlardan sonra, bağın şimal tərəfində, divarın altında, iri selofan torbaya bükülüb basdırılmış qadın cəsədi aşkarlandı. Bu məlumat da məxfidir, istintaq bunu ictimaiyyətə açıqlamayıb. Heç Samirin özü də onun həyətindən nə tapdığımızı bilmir. Hər ehtimala qarşı onu da nəzarətdə saxlayırıq. Halbuki onun bu cinayəti törətmə ehtimalı sıfıra yaxındır.
     Dəhşətdən bərələn gözlərimi, əsən əllərimi mayor açıq-aydın görürdü. Bunları gizlədə bilməzdim artıq. Udqundum və boğazımdan bircə kəlmə çıxdı:
     -Nə?!
     - Murad bəy, yaddaşınızı itirdiyinizi bilirəm. Amma istintaq, Şeyla Orucun qətlində sizinlə Toğrul Rüstəmovun əlinizin olduğu qənaətindədir. Beləliklə sizə çox qısa, konkret sual verəcəyəm - Şeyla Orucu siz öldürmüsünüz?

LAPSUS MEMORIAE


     Məsələ orasındadır ki, nəyinsə “həqiqətən də” başımıza gəldiyinə, nəyisə “doğrudan da” yaşadığımıza dair heç birimizin əlində dəlil-sübut yoxdur. Məsələn oturmusan öz evində tualetdə, amma “doğrudan da” tualetdə oturub-oturmadığını özün də bilmirsən.
     Maks Fray “Sadə sehrli şeylər”
     Açığı, hallüsinasiyalar çox iyrəncdir. Lakin müəyyən zaman sonra belə şeylərə öyrəşməyə başlayırsan. Bir də görürsən ağzında bıçaq tutmuş rəhmətlik nənən, ayağının üstündə sürünür.
     Hunter Thompson “Las Vegas-da qorxu və nifrət”

Dəlixana qeydləri -1
(Kabus görmüşəm, yata bilmirəm)


     Deyəsən zamanın çarmıxına gərilmiş, bu dünyaya aid olmayan varlığa çevrilmişəm. Başım zaman adlı məngənədə sıxılıb, ayaqlarım isə möhkəmcə yerə basır. Qollarım isə... qollarım saysız-hesabsız paralel aləmlər arasında uçuş etmək üçün yaranmış qanadlardır. Bilmirəm hələ də nə üçün burdayam - niyə sonsuzluqda əriyib, milyonlarla paralel aləmdə yoxa çıxmıram? Nəhəng olsam da, çox cılızam həm də. Yox, əlbəttə mən insanam, azadlığa can atan insan. Başqa dünyalarda, cazibə qüvvəsi olan yad planetlərdə, ulduzlar arasında keçən həyatıma dair görüntülər axır yaddaşımdan. Sanki kölgələr səltənətindən qaçıb, kölgələrin olmadığı bir aləmə sığınmışam. Kainatın tən ortasında, lap mərkəzində çılpaq dayanmışam. Fövqəlbəşərə çevrilmişəm - malik olduğum güc məni tanrının da fövqündə dayanan bir qüvvəyə transformasiya edib. Bu, mənim yeni mövcudluq formamdır. Olduğum yerdə zülmətlə aydınlıq vəhdət içində mövcuddurlar. Yüksəlirəm. Yüksəldikcə də özümü daha yarımçıq, daha yarımçıq hiss edirəm. Bu zaman istəyirəm yerə, qaranlıq boşluğa çırpılım, orda əriyim, onun qatı enerjisinə qarışım, çünki əks halda bu işıq yandıracaq məni, külüm qalacaq, yox heç o da qalmayacaq. Enerjinin çoxluğundan, qatılığından, sıxlığından bədənim yırtılır, qıvranır. Bir nöqtəyə fokuslanmaq istərkən, nöqtələr bir anda nəhəng substansiyanın kiçik parçalarına çevrilirlər. Öz növbəsində bu substansiya da şüurumun hüdudlarını aşan əlçatmaz, anlaşılmaz qalaktikada əriyir. Səyahətim davam edir. İnformasiyanın çoxluğundan və sürətin itiliyindən şüurum bunları qəbul edə bilmir artıq. Beynim nüvə silahı kimi partlamağa hazırdır. Zülmət böyük bir əsrardır, orda şüurumun cövhəri gizlənib, tapmalıyam onu. Bu zülmət qucaqlayıb məni, bütün varlığımı bürüyüb, insana xas kodlar ötürür beynimə - şöhrət, qorxu, nifrət, paxıllıq, ehtiras. Növbəti dəfə yüksəlirəm. Aha, indi daha aydın görürəm, daha dəqiq bilirəm ki, yuxarıya yol yoxdur. Reallıqdan reallığa sürüşürəm, bu reallıqlar bir-birinə oxşamır. Bəlkə öz məkanımı, məskənimi taparam ümidi ilə minlərlə dünyalardan keçirəm. Öz tənhalığımı dərk edib titrəyirəm, kədər dalğaları keçir üzərimdən, şüurumun lap dibindən lazımsızlığımı dartıb çıxardır, mənə göstərir, titrək xatirələrim məni ağladır. Yazığım gəlir özümə, sonra birdən-birə özümə vuruluram. Bəs kimə vurulum? Axı məndən başqa heç kəs yoxdur bu ucsuz-bucaqsız, əsrarəngiz kainatda.
     Yenidən xoş gəlmişəm həyata.
Polkovnik Vahabov

     Bakı Şəhər Baş Polis İdarəsinə üçüncü gəlişimdə, mayor Dadaşovla birlikdə altıncı mərtəbəyə qalxdıq. İdarə rəisi və müavinlərinin kabinetlərindən başqa, burada bizi qəbul etməyə hazırlaşan Cinayət axtarış şöbəsinin rəisi polkovnik Vahabovun da otağı yerləşir. Polkovnikin şüşəli kabinetində jalüzlər sona qədər endirilib deyə, içərini görmək olmur. Dadaşov qapını taqqıldadıb icazə alandan sonra, geniş və işıqlı otağa daxil olduq.

Beş gün əvvəl
     Mayorla birinci görüşümüzün üstündən iki aya yaxın vaxt ötürdü. Bu müddət ərzində bir daha məni narahat etməyən Dadaşovun növbəti zənginə bais, məni xəstəxanaya çağırıb “ifşa” edən doktor Zöhrab oldu.
     Mənimlə xeyli söhbət edəndən sonra, doktor soruşdu:
     -Yaddaşınız düzəlibmi?
     - Deyə bilmərəm ki, hər şey yadıma düşür. Amma irəliləyiş var.
     -Murad, əzizim! Mənimlə açıq danışın, səmimi olun.
     -Doktor, mən sizinlə açıq danışıram.
     -Xeyr, elə deyil. Sizin xətrinizi çox istəsəm də, mənə yalan danışmağınızı bağışlaya bilmərəm. Unutmayın ki, ikimiz də həkimik. Mənim sizin kimi yüzlərlə xəstəm olub. Bizə o da məlumdur ki, bəzi amneziyalı xəstələr yaddaşları bərpa olunandan sonra da özlərini yaddaşsızlığa vururlar, hafizəsini itirmiş adam rolunu oynamağa davam edirlər. Xüsusən də gizlədəcək nələrisə olan xəstələr. Xahiş edirəm, belə etməyin. Bunun sonu yoxdur. Mən sizin tamamilə sağlam olduğunuzu görürəm və anamnezinizə bunu yazmağa borcluyam.
     Çaşqın halda üzünə baxır, nə deyəcəyimi bilmirdim.
     -Siz sağaldığınızı həyat yoldaşınızdan da gizlətmisiniz?
     -Doktor.
     -Murad bəy, xahiş edirəm! Bu rola öyrəşmisinizsə, dərhal tərgitin! Siz uçuruma gedirsiniz! Belə olmaz.
     -Doktor, axı mən bu günlərdə başa düşdüm ki, hər şey yadıma düşür. Üstündən az vaxt keçib.
     -Nə isə. Mən həkiməm, bəzi əlaqədar orqanlar məndən sizin vəziyyətinizlə bağlı nəsə soruşanda, həqiqəti deməliyəm. Odur ki, məndən inciməyin.
     Özümü hövlnak xəstəxanadan bayıra atıb, taksiyə mindim. Əsəbimdən yumruqlarımı düyün edib dizlərimə dirəmişdim, alt dodağımı dişləyirdim, Zöhraba da, yaddaşıma nifrət edirdim. Hətta sürücünün üstünə də çəmkirdim bərk sürsün deyə. Evə çatmamış, mayor Dadaşovun zəng vurmasından başa düşdüm ki, doktor Zöhrab mənimlə görüşünün nəticələri barədə hara lazımdırsa operativ məlumat ötürüb.
     -Eşitmişəm sağalmısınız Murad bəy. Təbrik edirəm. Bax belə. Baş ağrısı, təlaş, əsəb və gərginliklərlə dolu müsibətli günlərim başlayırdı. Mayorla ikinci dəfə görüşmək üçün ertəsi gün polis idarəsinə yollanmalı oldum. O gün başım möhkəm ağrıyırdı, ayaqlarım-əllərim də keyimişdi. Mayorla budəfəki görüşümüz hər ikimizin də aqressiv çıxışları, qarşılıqlı ittihamları ilə yadda qaldı. Hər zaman mülayim və nəzakətli olan gülərüzlü mayorun budəfəki hiddət və hikkəsindən başa düşdüm ki, ona tapşırılan cinayət işinin bu qədər uzanması, yarım ildən artıq müddətdir xətm olunmaması onun başını xeyli ağrıdıb. Mayorun mənimlə açıq danışması da elə bu səbəbdən idi.
     - Birinci dəfə sizə sual verdim ki, Şeylanı siz öldürmüsünüz, bunu inkar etdiniz, hətta məni şikayət etməklə hədələdiniz. Halbuki bu cinayəti sizin törətdiyinizdən əminəm. O vaxt sizə bir söz demədim, yaddaşınız düzələnə qədər gözləməyə qərar verdim. Amma artıq bəsdir! Dünən həkiminizlə danışdım, dedi ki, yaxşısınız, düzəlmisiniz. Hər şey yadınızdadır. Gəlin bu məsələni çox uzatmayaq. Şeylanı öldürdüyünüzü etiraf etməyiniz sizin xeyrinizədir, işinizi yüngülləşdirmiş olarsınız. Sizə üç gün möhlət verirəm.
     Evdə isə Sevilin sorğu-sualı gözləyirdi məni. Mayorla iki ay əvvəlki görüşümüzü, Şeylanın ölümü ətrafında gedən söz- söhbətləri indiyə qədər unutmayan Sevil məndən şübhələnməyə başlamışdı. Bunu hiss edirdim. Şübhələnməsəydi, hər şeyimizi satıb xaricə getməyi təklif etməzdi mənə. Deməli həbs olunmağımdan qorxur.
     - Nə oldu? Yenə nə istəyirdi səndən? Niyə susursan?
     -Dünən sənə demədim.
     -Nəyi?
     - Zöhrabın yanına getmişdim. Dedi ki, tam sağalmışam. Dedim siz deyən qədər deyil, amma o inanmadı, mənimlə mübahisə elədi. Mən xəstəxanadan çıxan kimi də, xəbəri Dadaşova çatdırıb. Ona görə çağırmışdı məni.
     -Bir dəqiqə, başa düşmədim. Sən bəyəm tam sağalmısan? Bəs dünən niyə demədin mənə? - Bu barədə heç nə bilməməyinə təəccüblənən Sevil, incimiş gözlərlə üzümə baxırdı.
     -Hə, demək olar ki, sağalmışam. Dünən demədim, çünki özümü yaxşı hiss eləmirdim.
     -İndi hər şey yadındadır?
     -Hə, hər şey yadımdadır.
     Şokdan süstləşən Sevil, özünü halsızca divana atdı:
     -Bunu məndən necə gizlətmisən? Utanmırsan?
     - Üç-dörd gündür başlayıb yadıma düşməyə. Sevil, qurban olum elə baxma mənə. Deyəcəkdim.
     -Haçan!?
     - Bu gün sabah deyəcəkdim. Fikirləşdim ki, gözləyim görüm neçə gün belə davam edəcək. Xahiş edirəm.
     -Bəs Dadaşov nə istəyir?
     Yanına oturub əlini tutdum. Əlini çəkməməyi sevindirdi məni.
     -Deyir cinayəti etiraf elə.
     Əzabdan, kədərdən usanmış, hər şeydən bezmiş adamlar kimi:
     -Qurban olum mənə düzünü de! - dedi. - Şeylanın ölümündə sənin əlin var ya yox? Neçə aydır şübhə ilə yaşayıram, özümə yer tapa bilmirəm. Məsələ sənin qatil olub-olmamağında deyil, mən səndən həqiqəti eşitmək istəyirəm. Başa düşürsən?
     Əlbəttə başa düşürdüm Sevili. Nə vaxta qədər yaddaşsızlığın arxasına gizlənəcəm? Heç olmasa Sevilə etiraf etməliyəm hər şeyi. Ondan yaxın adamım, ondan artıq can yandıranımmı var? Bir ay əvvəl gecə vaxtı sinəmə çökərək məni boğmağa başlayan, qan-tər içində oyadan o kabusu əvvəldən sona qədər danışmalıyam ona. Kabusu yox, kabus nədir?! Yaşanmış o qorxunc hadisənin gecənin qaranlığını al qana boyayıb yaddaşıma hücum edərək, dünyamı darmadağın edərək məni özümlə üzləşdirməsini danışmalıyam.
     Həyəcandan dilim dolaşa-dolaşa danışdıqlarımı, Sevil donmuş sifəti, ifadəsiz gözləri ilə dinləyirdi. Ağzımdan çıxan hər bir söz ona əzab versə, ürəyini dağlasa da məğrur idi, həqiqəti böyük bir mətanətlə qəbul elədi. Lakin bilirdim ki, dünyasını yıxıram bu dəqiqələrdə. Ərinin dilindən “mən qatiləm” etirafını eşidən hər sevən qadının dünyası necə yıxılarsa, onunki da eləcə yıxılırdı. Ərinin sağalacağı, yenidən xoşbəxt ailə kimi yaşayacağımız xoşbəxt, işıqlı günlərin intizarında olan Sevilin bütün xəyalları göyə sovrulurdu.
     Gözlərini döşəməyə dikib nəfəsi kəsilə-kəsilə, öldürücü bir kədərlə dilləndi:
     -Yenə bir yerdə yaşayacaqdıq, ailə olacaqdıq. Mənim ümidlərimə bax. Deməli sən qatilsən, hə? Niyə öldürdün axı onu?! Niyə?! İndi də həbsə gedəcəksən, hə? - başını qaldırıb dimdik üzümə baxdı. O baxa bilirdi üzümə, mənsə yox. İndi ona nə cavab verim, dünyanın özü boyda ağrısını, kədərini necə azaldım? Hansı təsəlli sözləri soyuda bilər ürəyini?
     Ağlamağa başladı. Gözləyirdim onsuzda. Nə vaxta qədər dözəcəkdi? Əlbəttə ağlamalıydı.
     - Qulaq as mənə. Apar gündəlikləri ver polisə. Eşidirsən?
     -Niyə? - heyrətlə soruşdum.
     Gözlərini silsə də, yaşlar bir ucdan axmağa davam edirdi.
     - Necə niyə? Oxusunlar görsünlər ki, Şeyla necə adam olub, səni necə bezdirib, necə hədələyib. Ver oxusunlar, hər şeyi başa düşsünlər.
     -O gündəlikər mənim üçün məhrəmdir, necə verim onları polisə?! Sən nə danışırsan? Orda səninlə sevişməyimizi yazmışam. Bir də ki, bunun nə xeyri var mənə? Mayor üç gün möhlət verib, başa düşürsən?
     -Xeyri var! Görəcəksən ki, sənə münasibətləri dəyişəcək. Başa düşəcəklər ki, Milli rejimi ilə mübarizə aparmısan, Niyazi Salayevin iqtidara gəlməsi uğrunda çalışmısan, Şeylaya da sırf rejimin adamı olduğuna görə nifrət etmisən. Bunu mütləq qiymətləndirəcəklər. Oxuyub görəcəklər ki, Şeyla səni hədələyib, yaşamağa imkan verməyib, təhqir edib.
     -Mən adam öldürmüşəm, anla bunu! Gündəliklərin mənə nə köməyi dəyə bilər? Sırf məni hədələyib deyə onu deşik- deşik etməliydim.
     Son sözlərimi eşitməmək üçün əlləri ilə qulaqlarını tutdu, gözlərini yumdu.
     - Bəsdir! Danışma! Sən mənim dediyimi elə, apar ver gündəlikləri Dadaşova. Xahiş edirəm. Mayorla dəniz kənarı parkda görüşdük. Özgürlə gəzintiyə çıxmış, qara bloknotu da üstümdə götürmüşdüm. Zəng vuran kimi gəldi. Həyəcanlıydı, onu bura dəvət etməyimə çox təəccüblənmişdi. Yanımda Özgürü görəndə birdən üzünün ifadəsi dəyişdi, uşaqla əllə görüşdü, başını sığalladı, adını soruşdu, dərsləri ilə maraqlandı. Uşağın yanında məni pərt etməmək üçün heç nə demədi, soruşmadı. Mayor mənim danışmağımı, nəsə deməyimi gözləyirdi. Susmağa davam edərək, titrəyən əllərimlə bloknotu ona uzatdım. Çaşqın gözlərlə əvvəl üzümə, sonra bloknota baxdı.
     -Bu nədir?
     -Götürün. Oxuyarsınız.
     Bloknot mənim əlimdən onun əlinə keçən kimi, arxamı çevirib Kukla teatrına sarı ağır-ağır yeridim. Yanımda addımlayan Özgür isə, arada üzünü çevirib əlində bloknot, hələ də heyrətlə arxamızca baxan mayora əl yelləyirdi.
5 gün sonra
     -Mənim üçün bu haqda danışmaq çox çətindir - köks ötürüb dedim. - O qadını tanıyırdım, pasientim olub. Keçən dəfə mayor Dadaşov onun öldürüldüyünü deyəndə, çox pis oldum. Dəhşətli hadisədir. Lakin sizi düz başa düşdümsə, əlinizdə cinayəti mənim törətdiyimə dair heç bir sübut yoxdur. Hər şey mənim etirafıma bağlıdır.
     Səliqəli, zövqlə dizayn edilmiş xudmani kabinetin proporsiyaları ilə uyğunlaşmayan nəhəng, komfortlu kreslosuna yayxanmış polkovnik Vahabov:
     -Siz hardan bilirsiniz ki, sübut yoxdur? - soruşdu. - Bu əminlik sizdə hardandır?
     -Nə barmaq izlərim tapılıb, nə də məni görən olub. Yoxsa düz demirəm?
     Mayor Dadaşov:
     -Düzdür, nə barmaq izləriniz tapılıb, nə də sizi görən şahidlər var - ciddi, monoton səslə dedi. - Belə baxanda təmizsiniz. Amma siz də bilirsiniz, biz də bilirik ki, bu cinayəti siz törətmisiniz. Özü də dostunuzla birlikdə. Əvvəl Gənclikdəki evdə olmusunuz, yəqin ki, cinayəti orda işləmisiniz, sonra da Toğrulun maşınında cəsədi aparıb Şamaxıda basdırmısınız.
     - Maraqlı danışırsınız cənab mayor, amma bunu hələ sübut etmək lazımdır. Ya da mən etiraf etməliyəm.
     -Biz də elə onu gözləyirik - polkovnik dedi.
     -Nəyi?
     -Etirafınızı.
     -Etiraf etməsəm necə?
     Polkovniklə mayor baxışdılar. Dadaşov əllərini sinəsində çarpaz birləşdirib stulun belinə söykəndi.
     - Bəs gündəlikləri bizə nə üçün verdiniz? Məqsədiniz nə idi?
     - Verdim ki, oxuyasınız. Şeyla haqqında nə fikirləşirəmsə orda yazmışam. Hər halda onu öldürmək planım olsaydı, onu da yazardım.
     - Düzdür, öldürmək niyyətinizin olduğunu yazmamısınız. Amma ona acıqlı olduğunuz, nifrət etdiyiniz kifayət qədər açıq yazılıb. Şamaxıya getməyiniz də dəqiqdir, çünki Bakıya qayıdanda qəzaya düşmüsünüz. Şamaxıdakı həyətdən isə Şeylanın cəsədi tapılıb.
     -Başa düşürəm, amma bunlar hələ sübut deyil. Qəzaya düşənə qədərki son bir ildə həyatımda baş vermiş bütün vacib, yaddaqalan hadisələri o bloknota yazmışam. Şeyla ilə necə tanış olduğumu, onunla aramızdakı mübahisələri, onun haqqında nə düşündüyümü təfsilatı ilə yazmışam. Orda Şeylanı öldürmək istədiyim barədə nəsə var?
     Mayor Dadaşov başını yırğaladı:
     -Əlbəttə, oxumuşuq, bilirik. Hətta onunla sevişdiyinizi də yazmısınız. Biz bilmirik yalandır, gerçəkdir amma yazmısınız. Bəs bunu nəyə, hara yozaq? Nifrət etmisiniz, həm də cinsi əlaqədə olmusunuz. Maraqlıdır, yox? Sonra da öldürmüsünüz.
     - Xahiş edirəm! - ucadan dedim. - Boynuma qoymayın. Mən hələ onu öldürdüyümü etiraf etməmişəm. Bir də ki, bizdən 72 nəfər öldüyü halda, bir dılğır Şeylanın təəssübünü niyə çəkirsiniz? Başa düşmürəm.
     Bayaqdan susan Vahabov dilləndi:
     - Bilirəm - Sənan Qurbanovun, Rəna Mahmudovanın dostu olmusunuz. Bilirəm ki, müxalifətçi olmusunuz, Milli iqtidarına nifrət etmisiniz, məktəbdə şeir üstündə dava salmısınız. Amma bütün bunlar, sizə cinayət törətmə haqqı tanımır. Burda başa düşülməyəcək nə var? Şeyla Orucun qatillərini tapmaq bizim peşə borcumuzdur.
     - Borcunuzdursa tapın. Deyirsiniz ki, əlinizdə sübut yoxdur, yalnız fərziyyə var. Onu mənim öldürdüyümü güman edirsiniz.
     Dadaşov düzəltdi:
     -Güman etmirik, bundan əminik.
     - Lap yaxşı, amma hər şey mənim etiraf etməyimdən asılıdırsa, əminliyinizin nə qiyməti qalır? Yoxsa qatil olduğumu zorla mənə etiraf etdirəcəksiniz?
     -Zorla niyə? Özünüz də görürsünüz ki, keçmişdə olduğu kimi indi polislər döyə-döyə adamın boynuna cinayət qoymur, heç bir təzyiq göstərmir. Hamıyla, ən qəddar cinayətkarla da nəzakətliyik, hər kəsin hüquqlarını tanıyırıq. Bəs siz neynirsiniz? Bundan sui-istifadə edirsiniz - mayor Dadaşov əsəbi tərzdə dedi.
     -Hansı nəzakətdən danışırsınız bəylər? Siz bu dəqiqə mənim hüquqlarımı pozursunuz. Özü də ən ali hüququmu!
     -Hansı hüququnuzu pozuruq? - Dadaşov maraqlandı.
     -Necə yəni hansı hüququmu? Təqsirsizlik prezumpsiyasından xəbəriniz yoxdur?
     Dadaşov çaşqın halda polkovnikə baxdı, sonra tez üzünü mənə çevirdi:
     - Əlbəttə, bu sizin təməl hüququnuzdur. Biz də onu tanıyırıq. Burada elə-belə söhbət edirik.
     -Xeyr! Mənə psixoloji təzyiq göstərirsiniz.
     - Yanılırsınız. Sizə təzyiq edən yoxdur. Sadəcə xahiş edirik ki, cinayəti etiraf edəsiniz.
     Düşünmədən, tez-tələsik dedim:
     - Yaxşı, tutaq ki, mən bu cinayəti boynuma aldım. Bunun cəzası nə olacaq?
     Dadaşov bir az fikirləşdikdən sonra dedi:
     - Dəqiq bir söz deyə bilmərəm, amma təxmini iki-üç il iş verərlər. Nəzərə alsaq ki, yüngülləşdirici faktorlar çoxdur, cinayəti də özünüz etiraf etmisiniz. Hə, iki-üç ildən çox olmaz.
     Hiss olunurdu ki, sualıma verdiyi cavabdan çox ümidlidir Dadaşov. Bəlkə də həbsdə az qalacağımı nəzərə alaraq cinayəti etiraf edəcəyimi gözləyir.
     -Deməli, ömrümün iki-üç ilini hansısa qancığa görə həbsdə çürütməliyəm? Siz bunu demək istəyirsiniz?
     Vahabov qəflətən qabağa əyildi. Yumruqlarını masanın üstünə qoyub təmkinlə, lakin sərt tərzdə danışmağa başladı:
     – Gündəliklərinizi oxudum Murad. Bizə aid olmayan intim hissələri də. Bu cinayət işi, birbaşa Daxili İşlər nazirinin nəzarətindədir. Nazir bu məsələni daim diqqətində saxlayır. Murad bəy, bizi başa düşün, bu çox ağır cinayətdir. Deyirsiniz ki, avtoritar rejimə qarşı mübarizə aparmısınız. Çox yaxşı! Bunu hamımız təqdir edirik. Bəs soruşmaq ayıb olmasın, mübarizəni nəyə görə aparırdınız? Hüquqi dövlət qurmaq, haqqı-ədaləti bərpa etmək, korrupsiyanın kökünü qurutmaq üçün. Yoxsa yanılıram? Susursunuz, amma mən bilirəm ki, niyyətiniz bu olub. Ən azı gündəliklərdən belə məlum olur. Sizi başa düşürəm - Şeylanı öldürmüsünüz, öldürəndən dərhal sonra da yaddaşınızı itirmisiniz. Siz bu vəziyyətdə ikən rejim də dəyişib. Açığı bütün bu hadisələr sizin xeyrinizə işləyib - heç kəs o qarmaqarışıq dövrdə bu cinayətlə məşğul olmayacaqdı, sonra da hər şey unudulub gedəcəkdi. Amma görürsünüz ki, unudulmadı. Unudulmayacaq da. İndi yaddaşınız da yerinə gəlib və yəqin ki, vicdanınızla baş-başa qalmısınız. Nə deyir sizə vicdanınız? Mənə çox maraqlıdır.
     Çox düşünmədən dedim:
     -Vicdanım mənə deyir ki, öldürmüsənsə də əcəb eləmisən. Qatil olmaq, cinayətkar olmaq pisdir, bilirəm. Amma Şeylanı mən öldürmüşəmsə, bundan ötrü peşman deyiləm. Özünüz də oxumusunuz - məni hədələyirdi, təhqir edirdi. Deyirdi ki, mənimlə görüşməsən, klinikadan atdıraram səni, başqa yerdə də iş tapa bilməzsən. Bunlar azdır?
     Mən hələ bunlara demirəm, deyə bilmirəm ki, Gənclikdəki villasında Şeyladan eşitdiyim təhqirlərə görə onu bu günün özündə də məzarından çıxarıb bir daha, bir daha, bir daha öldürməyə hazıram. Özü təhrik etmişdi məni. Onu öldürməkdən başqa çarəm qalmamışdı.
     Vahabov başını buladı:
     -Ola bilər. Amma bunlar adam öldürmək üçün səbəb deyil. Əslində biz də başa düşə bilmirik - Vahabov bir qədər susdu, fikrə daldı. - Şeylanın nə üçün belə etdiyini anlamırıq. Axı o, belə adam olmamalıydı - Vahabov mayor Dadaşovla göz-gözə gəldilər. Mayor da “haqlısınız” mənasında başını yırğaladı.
     Sinəmdən sancı qopdu, boynumun ardına ağrı saplandı. Polkovnikin son sözləri məni sözün əsl mənasında şoka salmışdı. Necə yəni “O belə adam olmamalıydı”. Kim? Şeyla?!
     -Polkovnik, siz nə danışırsınız!? Bu nə deməkdir?
     Vahabov boş gözlərlə üzümə baxıb, başını yana əyərək:
     -Murad bəy, siz Şeylanın kim olduğunu bilmirsiniz - dedi.
     -Necə bilmirəm? Nə mənada?
     Mayor Dada ş ov:
     - O mənada ki, Şeyla sizin fikirləşdiyiniz kimi rejimin adamı deyildi - dedi. - Əlbəttə, o Səyavuş Orucun qızıydı, formal olaraq sistemin içində idi. Amma hər şey göründüyü kimi sadə deyil.
     Udqunaraq soruşdum:
     -Bəs kimiydi Şeyla?
     -Qənirə Milliyə, rejimə nifrət edən, Demokratik İslahatlar Partiyasının iqtidara gəlməsi uğrunda çalışan, prezident aparatında gedən bütün söhbətləri, hazırlanan planları bizə çatdıran bir müxalifətçi. Ordu ilə, polislə müxalifət arasında əlaqələrin qurulmasında xidmətləri olan adam. Şeyla hələ xaricdə təhsil aldığı dövrdə Azərbaycan müxalifəti ilə yaxın əlaqələr qurmuşdu. Gündəliklərdə onun uşağının olduğunu da yazmısınız. Bilirsiniz uşağın atası kimdir? İndiki Daxili İşlər naziri Sülhəddin Muxtarlının oğlu. Onunla Avropada tanış olmuş, bir-birlərini sevmişdilər. Amma özünüz də başa düşürsünüz ki, müxalifətin ən parlaq simalarından olan Sülhəddinin gəlini olmağı Şeylaya heç kəs bağışlamazdı. Səyavuş Oruc qızının kimdən uşaq doğduğunu bilirdi. Bilir və çox qorxurdu. Əgər uşağın atasının kimliyi yuxarılara məlum olsaydı Qənirə Səyavuşu məhv edərdi. Bir baxıma qızının ölümü ona sərf edirdi. Hətta inqilabdan sonra bizim istintaq bu cinayəti Səyavuşun törətdiyi versiyası üzərində dayanmışdı. Amma sonra bütün yollar sizə gətirib çıxardı.
     -Necə? Axı...
     - Təəccübünüz başa düşüləndir. - polkovnik ağır-ağır dedi. - Yerinizdə kim olsaydı, şoka düşərdi. Şeyla sizi tanımırdı, kim olduğunuzu bilmirdi. Yəqin klinikadakı söhbətlərinizdən sonra sizə simpatiyası yaranıb. Görüb ki, qorxmaz müxalifətçisiniz, onunla mübahisə edirsiniz, düşündüklərinizi açıq-aşkar, çəkinmədən bildirirsiniz. Görünür sizinlə yaxından tanış olmaq istəyib. Siz də onu səhv başa düşmüsünüz. Əlbəttə, sizi hədələməsi bizə də qəribə göründü, nə üçün belə etdiyini mən də başa düşmürəm. Nə isə. Artıq hər şeyi bilirsiniz. Məncə biz kifayət qədər səmimi idik. İndi növbə sizindir. Onu öldürdüyünüzü etiraf edəcəksiniz?

Dəlixana qeydləri - 2 (Səhərdən qarnım ağrıyır. Gecədir. Saat on bir olar)


     Azərbaycanlılann tualetə münasibəti məni dəhşətə salır. Belə biabırçılıq olmaz. Bilmirəm, inzibati üsullarla bu münasibəti dəyişdirmək, azərbaycanlıların tualet haqqındakı təsəvvürlərini mədəniləşdirmək olar ya yox, amma nəsə etməyin vacibliyini, hətta zəruriliyini dərk edirəm. Bir fikir verin - azərbaycanlının maddi vəziyyəti nə olur olsun, onun tualeti mütləq miskin görkəmdə, çirkli və narahat olmalıdır. İctimai tualetlərdən ümumiyyətlə danışmıram. Böyük dərddir. Özü də bizim heç birimizi tualetlərimizin zəlil vəziyyəti narahat etmir, çünki bizim ölkəmizdə tualetin təmiz olması qeyri-təbii sayılır.
     Tualetdə oturan adam, bu məkanın atmosferindən dolayı istər-istəməz fəlsəfi, ya da metafizik düşüncələrə qərq olur. Görünür biz sıçanda, bu son dərəcə təbii, zəruri və çox zaman bizə həzz verən proses təxəyyülümüzə, yaddaşımıza təsir göstərir. Əlbəttə, lazımsız şlaklardan azad olaraq yüngülləşən orqanizm yüksək materiya haqqında daha rahat düşünə, fəlsəfəyə köklənə bilir. Bədənimizin fizioloji metamorfozları spesifik əqli gərginlik yaradır və şüurumuzu dərin düşünmə vektoruna istiqamətləndirir. Lakin bizim tualetlərimizdə bütün bunlar mümkün deyil. Azərbaycan tualetlərində zehin, əsasən bu tualetin nə üçün belə çirkli, narahat, üfunətli olması barədə suallarla məşğuldur. Bəli, tualetlərimiz yeniliklərə qarşı immunitetlidir, sivil dəyişikliklərə uyğunlaşmaq istəmir. Bizim tualetlərin “çirkli mahiyyəti’’ni qavramaq, başa düşmək mümkün deyil. Heç kəsdə bunun cavabı yoxdur. Heç kəsdə. Nə üçün bizim xalqımız işıqlı gələcəyə çirkli tualet cığırı ilə gedir, hə? Bu iyrəncliklə keçmişin hansı irsini, dəyərini qorumağa çalışır? Gəl indi bu suallara cavab tap, görüm necə tapırsan.
     Azərbaycanlı tualetə demokrat yaxud liberal, islamçı yaxud solçu kimi girsə də, ordan çıxanda mental cəhətdən maariflənmiş çıxıb, ənənənin ağuşuna atılır. Tualet bizə sübut edir ki, bütün bu “izmlər” mental birliyimizi, bütünlüyümüzü parçalamaq qüdrətində deyil: hamımız eyni tualetlərdə görüşürük, yollarımız orada kəsişir. Bu tualetlər bizim tarix muzeyimiz, həyat tərzimizdir. Bu tualetlər bizim özünəməxsusluğumuzun nümayişidir. Hamımız, arxaik keçmişimizdən bizə miras qalmış “öz” tualetlərimizdə xoşbəxtik.
     Elə bu xəstəxananın tualeti də istisna deyil. Bilirsinizmi, sıçmamaq da olmur axı! Yenə də palatadakı əl-üz yuyanın içinə birtəhər işəmək olur, amma sıçmaq üçün mütləq koridorun sonundakı, iyi bura qədər gəlib çıxan tualetə getməlisən. Deyirəm də, böyük dərddir. Hə, çox üzr istəyirəm, özümü təqdim etmədən, belə ağır, ürəkbulandıran mövzuya daldım. Siz allah bağışlayın.
     Adım Muraddır. Stomatoloqam. Deyilənlərə görə yaxşı həkiməm. Di gəl ki, yaxşı həkim olmaq, adamı cinayətdən sığortalamır. Bəli, mən ağır cinayət törətmişəm, adam öldürmüşəm. Mən qatiləm. Amma çoxlarının fikirləşdiyi kimi gicdıllağ deyiləm. Yəni əqli problemlərim yoxdur. Ruhi dispanserdə müalicə olunduğuma baxmayın - insanların taleyini əllərində saxlayan pis adamlar, məni həbsxana yerinə, dəlixanaya salıblar. Hesab edirlər ki, dəliyəm. İndiyə qədər dəliliyimin nədə təzahür etdiyini mənə adam balası kimi başa salan olmayıb. Adama dəli demək, böhtan atmaq asandır. Mən də sizə dəli deyə bilərəm. Xoşunuza gələr? Mənim də xoşuma gəlmir. Amma çarəm yoxdur. Müqavimət göstərəndə daha pis olur - əllərimi bağlayırlar, ağır iynələr vururlar. Bir dəfə cəhd eləmişəm, ondan bilirəm.
Psixo
     -Murad! Qalx, işə gecikirsən!
     Gözlərimi çətinliklə araladım. Ağzımda iyrənc tam varıydı, susuzluqdan da yanırdım. Başımın üstündə dayanıb məni çiynimdən silkələyən qadının siluetini gördüm. Saçları üzünə dağılmışdı, yenicə üstünə səpdiyi şirin ətri burnumu qıdıqlayırdı.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.09.2014) | Müəllif: R.C E W
Baxış: 353 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more