Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti-5
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>

     Bir epizod yadıma düşür.
     2001-ci ilin yanvarında, Nyu-Yorkda, BMT-nin fəaliyyətini işıqlandıran və ədəbiyyatdan da yaxşı xəbərdar olan jurnalist Con Lafeytlə söhbət əsnasında bu mövzu gəlib ortaya çıxdı və o, açıqca mənə dedi:
     – Bilirsiz, cənab Elçin, mən belə bir komfulyajı heç cürə qəbul edə bilmərəm.
     Çünki mənim gözümün qabağına Bulqakov gəlir. Mənim üçün «Ustad və Marqarita» nümunəsi var!
     O zaman mən:
     – Əzizim, Con!– dedim,– onda gedin, elə həmin Bulqakovun Koba haqqında yazdığı pyesi oxuyun...
     Bununla mən, təbii ki, həmin «ədəbi komfulyaja» bəraət qazandırmaq məqsədi güdmürəm, sadəcə olaraq, izah etmək istəyirəm ki, «sovet ədəbi komfulyajı» bir sıra həqiqi sənətkarlar üçün paravoz rolu oynayırdı, sistemə yad, ögey, hətta qərəzli əsərləri öz ardınca çəkib apara bilirdi...
     İlyas Əfəndiyevin vətəndaş mövqeyi və fəaliyyəti ilə bağlı yalnız bir nümunənin üzərində qısaca dayanmaq istəyirəm: Cənub mövzusu. Hələ 1983-cü ildə, uşaqlıq dostu, Füzulidə bir məktəbdə oxuduqları Əhəd Bağırzadə haqqında yazdığı bir essedə, İlyas Əfəndiyev həmin uşaqlıq illərini keçirdiyi yerləri xatırlayır və yazırdı:
     «Şəhərin (Füzuli nəzərdə tutulur. – E.) bir kilometr şimalında Hacılı arxı keçirdi. Əslində bu, arx deyildi, qış-yay axan balaca bir çay idi. Hacılı arxından yüz əlli-iki yüz metr şimalda, yazda daşıb göylə gedən gurultulu Quruçay, ondan da bir qədər şimalda, dolana-dolana Köndələnçay axırdı. Quruçayla Köndələnçayın arasında kəsik konus şəklində «Qara köpək» adlanan bir təpə ucalır. Onun üstündən baxanda Arazın o tayında gümüşü bir duman altında uzaq bir əfsanə kimi Savalan dağı görünür. Biz bilirdik ki, Savalan dağının ucaldığı o yerlərdə də azərbaycanlılar yaşayır. Lakin heç bir əlaqəmiz, gediş-gəlişimiz olmadığından oradakı həyat bizə, ancaq nağıllardan bəlli idi».
     İllər keçdikcə o nağıl aləmi İlyas Əfəndiyevin düşüncəsində sərt bir reallığa çevrilir və onun üçün Vətən – bölünməz idi, Vətən – yalnız Arazboyu Qarabağ deyildi, Vətən – yalınız SSRI-nin tərkibindəki Sovet Azərbaycanı deyildi, Vətən – şimallı-cənublu, şərqli-qərbli Azərbaycan idi.
     1968-ci ildə İlyas Əfəndiyevin «Unuda bilmirəm» əsəri tamaşaya qoyuldu və «Sən həmişə mənimləsən»dən sonra ikinci böyük uğur qazandı. «Sən həmişə mənimləsən»lə Azərbaycan teatrına gələn və bundan sonra İlyas Əfəndiyevin on bir əsərində baş rolları ifa edən Amalya Pənahova yazır: – «Unuda bilmirəm» tamaşasında Nərmin surəti ilə düz 500 dəfə səhnəyə çıxmışam və hər dəfə də böyük şövqlə. Bu tamaşayla teatra axın-axın tamaşaçı gəldi.» Və o «axın-axın» tamaşaçı, şübhəsiz ki, 40-cı illərin sonlarından etibarən, Cənub mövzusunun get-gedə artan bir sərtliklə Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, Azərbaycan ictimai fikrində qadağan olunduğu bir zamanda, Azərbaycan səhnəsində ilk dəfə özünün bədii ifadəsini tapmış bu mövzunu da alqışlayırdı.
     Bu tamaşaya ictimai baxış keçirilən 1968-ci ilin o küləkli-çiskinli payız günü mənim yaxşı yadımdadır. Tofiq Kazımovun yaratdıtı yaradıcı heyət – qocaman Məmmədrza Şeyxzamanovla (Mövsümzadə), Sofa Bəsirzadə ilə (Səadət xanım), Muxtar Avşarovla (Kərəm dayı) birlikdə, gənc Həsənağa Turabovun (Kamran), Amalya Pənahovanın (Nərmin), Hamlet Qurbanovun (Cəmil) oyunu, gənc Solmaz Haqverdiyevanın tərtibatı və Emin Sabitoğlunun musiqisi müasir həyatın bir parçasını səhnədə elə bir sənətkarlıqla, şövqlə, həvəslə yaratdılar ki, elə bil, o saatlarda Cənub özü bir Savalan əzəməti ilə, eyni zamanda, o boyda da bir nisgil ilə Akademik Milli Dram Teatrının səhnəsindən görünürdü – vaxtilə Füzulidə, Qaraköpək təpənin üstündən Arazın o tayında «gümüşü bir duman altında» görünən kimi görünürdü, amma daha nağıl aləmində yox, səhnə, sənət gerçəkliyində. Ictimai baxışa toplanmış tamaşaçılar – teatr xadimləri, sənətşünaslar, yazıçılar (yadıma gələnlər: Abbas Zamanov, Məmmədağa Şirəliyev, Mirzəağa Quluzadə, Bayram Bayramov, Kamal Talıbzadə, Hüseyn Abbaszadə, Qasım Qasımzadə, Ədilə Əliyeva, Cabir Səfərov, gənc Yaşar Qarayev və b.) tamaşadan sonra ayağa qalxıb uzun müddət ifaçıları alqışladılar və hər şey... əməlli-başlı bir dava-dalaşla qurtardı: ictimai baxışda iştirak edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yüksək vəzifəli bir funksioneri tamaşanı... qadağan etdi:
     – Bu cür zəhərli millətçiliyi (azərbaycanca yaxşı bilmədiyi üçün, rusca danışırdı və onun rusca dediyi o ifadə o vaxtdan da yaddaşıma həkk olub qalıb: «otravlennıy nasionalizm»), belə bir pantürkizmi səhnəyə çıxarmaq olmaz!
     Çox ciddi bir deyişmə oldu.
     Tofiq Kazımov danışan adam deyildi və o, ürəyində nələr çəkirdi – Allah bilir. İlyas Əfəndiyev isə, tamam özündən çıxıb – mən onu çox az vaxtlar bu cür əsəbiləşən görmüşdüm – camaatın içində o adama – yarımrəhbər (rəhbərcik!) partiya işçisinə – necə deyərlər, dişinin dibindən çıxanı dedi və mən o deyilənləri yenidən xatırlamaq, eləcə də o adamın 34 ildən və dünya tamam dəyişəndən (onun da bu dəyişikliyə uyğun «başqalaşdığından»!) sonra adını çəkmək istəmirəm. Təkcə onu deyim ki, qızarıb pörtmüş həmin yüksək vəzifəli partiya funksioneri sürətlə tamaşa salonundan çıxa-çıxa:
     – Görərsiz, İlyas müəllim!– dedi.
     İlyas Əfəndiyev də:
     – Sənin kimilərini mən çox görmüşəm!– deyə onun ardınca qışqırdı və zaldan çıxıb birbaşa direktorun kabinetinə getdi.
     Teatrın direktoru rəhmətlik Əliheydər Ələkbərov da, həmişəki kimi, o yüksək vəzifəli partiya funksionerini ötürmək əvəzinə, İlyas Əfəndiyevin ardınca, öz kabinetinə tərəf getdi və uzun müştüyünə taxdığı siqareti dilxor-dilxor çəkə-çəkə Tofiq Kazımov da, başqa teatr işçiləri də onların ardınca getdi. Cavan bir aspirant olan mən də Əliheydər Ələkbərovun kabinetinə getdim. İlyas Əfəndiyev direktorun kabinetindən telefonla o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji işlər üzrə katibi işləyən Cəfər Cəfərova zəng elədi və əsəbi halda:
     – Cəfər, səninlə danışan «otyavlennıy nasionalist»dir! – dedi, sonra da indicə baş verənləri çox hiddətlə söylədi.
     Atamın xasiyyətinə yaxşı bələd olan Cəfər Cəfərov onu yanına dəvət etdi və İlyas Əfəndiyev, Allah bilir, axırıncı dəfə nə vaxt olduğu Mərkəzi Komitənin (indiki Nazirlər Kabinetinin) yerləşdiyi binaya getdi.
     Axşam o, evə qayıdanda məlum oldu ki, Cəfər müəllimin kabinetində həmin partiya funksionerinin iştirakı ilə çox gərgin söhbət keçib (o israr edirmiş ki, «Unuda bilmirəm» başdan-başa millətçilikdən ibarətdir və bu tamaşa Sovet Ittifaqı ilə başqa dövlətlər – yəni Iran – arasında gərginliyə səbəb ola bilər; həm də şikayətlənib ki, İlyas Əfəndiyev onu o qədər camaatın arasında təhqir edib) və son qərar bu olub ki, katib özü gedib tamaşaya baxsın.
     Səhərisi gün Cəfər Cəfərov tamaşaya baxdı, əsəri də, yaradıcı heyətin işini də çox bəyəndi, mərdi-mərdanə fikrini açıq dedi və üç-dörd gündən sonra – noyabrın 1- də – «Unuda bilmirəm»in çox uğurlu premyerası oldu və ağzınacan tamaşaçılarla dolu olan zal uzun müddət ayaq üstə artistləri alqışladı, İlyas Əfəndiyevi də, Tofiq Kazımovu, Emini, Solmazı da səhnəyə dəvət etdi.
     Aradan bu qədər illər keçib, amma «Unuda bilmirəm»in o ilk tamaşasında oynayan artistlər bu gün də o premyeranın uğurundan ağız dolusu danışırlar. «Unuda bilmirəm» tamaşası – eyni bir tamaşa – yuxarıda yazdığım kimi, düz 17 il repertuarda qaldı, 500 dəfədən artıq göstərildi və bu rəqəmlər bizim teatr tariximizdə, şübhəsiz, unikal bir hadisədir.
     İlyas Əfəndiyev üçün, əlbəttə, xoş idi ki, tamaşa belə böyük bir uğur qazandı, amma o biri tərəfdən də:
     – Təki bu premyera Cəfərə baha başa gəlməsin! – deyə narahatlıq keçirirdi... «Unuda bilmirəm»dən sonra Cənub mövzusu İlyas Əfəndiyev dramaturgiyasında aparıcı xətlərdən birini təşkil edirdi və onun Azərbaycanın Bütövlüyü, Azərbaycanın müstəqilliyi barədəki fikirləri 1986-cı ildə tamaşaya qoyulmuş «Şeyx Xiyabani» əsərində, özünün, o zaman üçün təəccüblü görünəcək dərəcədə cəsarətli bədii ifadəsini tapdı.
     İlyas Əfəndiyevin bədii əsərlərdəki cəsarəti – daima yeniliyə meyli, yeni mövzular qaldırması, psixoloji dərinlərə varmaq ehtirası onun istedadına, həyatdakı cəsarəti isə – xarakterinin xüsusiyyətlərinə söykənirdi.
     1982-ci ilin payızında Azərbaycan ictimai həyatında, ümumiyyətlə, Sovet Azərbaycanının tarixində, o vaxta qədər heç bir başqa sovet respublikalarında analoqu olmayan bir hadisə baş verdi: Hüseyn Cavidin cənazəsi Sibir çöllərində axtarıldı, tapıldı, Bakıya gətirildi və bu münasibətlə Elmlər Akademiyasının binasında matəm mərasimi keçirildi.
     Həmin gecə, saat 2-dən keçmiş, o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji işlər üzrə gənc, enerjili və açıq-aşkar bir milli təəssübkeşlik mövqeyində dayanan katibi Həsən Həsənov telefonla mənə evə zəng elədi. Onun sözlərini o gecə necə qeyd etmişəmsə, eləcə də, olduğu kimi, bu yazıya köçürürəm:
     – Elçin, salam. Sənə Heydər Əliyevin tapşırığı ilə zəng eləyirəm. Indicə büronun iclası qurtarıb. Hüseyn Cavidlə bağlı sənədlərə baxırdıq. Başdan-başa danoslardır, qələm yoldaşlarının yazdığı ifşalardır. Onu müdafiə eləyən yeganə məktubu İlyas Əfəndiyev yazıb. Yazıb ki, «Cavidi azad etmək lazımdır, çünki xalq, onsuz da, onu sevir, onu unutmayıb, ürəyində gizlin saxlayıb, onu oradan çıxarmaq mümkün deyil. Cavid azad olunsa, respublikada vətənpərvərlik ruhu da yüksələr.» Heydər Əliyev tapşırdı ki, bizim təşəkkürümüzü İlyas müəllimə çatdırım. Səhərisi gün mən bu telefon zəngini atama danışanda, yadına saldı ki, müharibə təzə başlayan vaxt Mərkəzi Komitəyə belə bir məktub yazmışdı... Stalin zamanı absurd hadisələr çox olub: bəzən Sistemin qulları tutulub antisistemçilər kimi güllələnirdi, bəzən də belə məktublar nəzərdən qaçırdı... Bir də ki, kim bilir, o məktub hansı əllərə düşüb, hansı hissləri yaradıb, bəlkə də, bilərəkdən görünməz bir küncə atılıb...
     İlyas Əfəndiyevin həyatında ağrılı-acılı hadisələr də az olmayıb, fərəhli, sevincli hadisələr də.
     Onun həyatındakı ən sevincli-fərəhli hadisələrdən biri, birincisi – Azərbaycanın müstəqqilliyi idi və mən çox şükürlər edirəm ki, tale bu müstəqilliyi görməyi ona qismət etdi.
     Onun həyatındakı ən ağrılı-acılı hadisələrdən biri isə – Qarabağın istilası və dağıdılması oldu və mənim üçün gün işığı kimi aydın bir həqiqətdir ki, Qarabağ sarsıntısı olmasaydı, İlyas Əfəndiyev daha artıq yaşayardı...
9.


     İlyas Əfəndiyev yumoru sevən və hiss edən, duzlu (amma həddini aşmayan!) zarafatı xoşlayan və qiymətləndirməyi bacaran, təbiəti etibarilə canlı, sükunətdən darıxan, rəsmiyyəti, xüsusən də «partiya rəsmiyyətini» heç cürə qəbul etməyən, quru, emosiyasız insanlarla ünsiyyətdən darıxan (və qaçan!) bir adam idi. Yəqin elə təbiətinin bu cəhətlərinə görə də o, ədəbiyyatda, sənətdə satiranı (ölçü hissini aşmamaq, lağlağılığa varmamaq şərtilə!), yumoru duyur və qiymətləndirirdi. Mən indi bu sətirləri yazanda fikirləşirəm ki, qəribədir, onun yumor hissinin bu dərəcədə zəngin olmasına baxmayaraq, demək olar ki, satirik əsər yazmırdı. Yalnız bir komediya – «Qəribə oğlan» – yazmışdı, bir də ki, «Yaylaq qonşumuz» hekayəsini satirik əsər hesab etmək olardı, vəssalam. Hətta bu əsərlərdə də onun qələmi imkan tapan kimi, lirik psixologizmə qaçırdı...
     Həyatda o, lirik-romantik söhbətləri heç xoşlamazdı, yəqin ona görə ki, lirika, romantika onun daxilində idi və daxilindəki həmin hissiyyat o qədər şəxsi idi ki, onu başqa bir kimsənin müdaxiləsinə yaxın buraxmaq olmazdı (və buraxmırdı!), bu – başqalarının gözü qabağında soyunmaq kimi bir şey idi. Görünür, İlyas Əfəndiyevin təbiətindəki şuxluq onun daxilindəki həmin lirikanın, romantikanın libası, geyimi idi.
     O, özü satira yazmırdı, amma, dediyim kimi, ədəbiyyatda satiraya heç vəchlə biganə deyildi. Misal üçün, onun çox sevdiyi və çox da yüksək qiymətləndirdiyi Azərbaycan şairi – Sabir idi. Yaxud «Ölülər»i, ümumiyyətlə, dünya dramaturgiyasında şedevrlərdən biri hesab edirdi, xüsusən, Şeyx Nəsrullah ilə Şeyx Əhmədin dialoqları onun çox xoşuna gəlirdi. Sobakeviç isə rus nəsrində onun bəyəndiyi surətlərdən biri idi, xüsusən, Sobakeviçin osetrinanı yediyi qonaqlıq səhnəsini tez-tez xatırlayıb gülürdü.
     Çexovun hekayələrini də bəyənirdi, Çexov çinovniklərini rus nəsrinin zirvələrindən biri hesab edirdi, amma orasını da deyim ki, Çexovun dramaturgiyasını, onun satirasından daha yüksək qiymətləndirirdi, gurultulu epitetləri xoşlamasa da, Çexov dramaturgiyasına «dahiyanə dramaturgiya» deyirdi. «O olmasın, bu olsun»dakı tiplər qalereyası – Məşədi Ibadın özü, Hambal, Qəzetçi Rza, Qoçu Əsgər, Intellegent Həsən, Sənəm, eləcə də M.F.Axundovun Hacı Qarası, Dərviş Məstəli şahı, Müsyö Jordanı İlyas Əfəndiyev üçün yalnız Azərbaycan yox, dünya komedioqrafiyasının klassik surətləri idi.
     Söhbət əsnasında dəfələrlə ondan eşitdiyim sözlər yadıma düşür. Deyirdi:
     – Üzeyir bəy heç musiqi yazmasaydı, təkcə elə «Məşədi Ibad»la, «Arşın mal alan»ın mətninə görə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri kimi tarixə düşəcəkdi.
     Üzeyir bəyin və Mirzə Cəlilin satirik publisistikasını olduqca yüksək qiymətləndirirdi, eləcə də Mirzə Cəlilin «Quzu», «Hamballar», «Usta Zeynal» kimi hekayələri, Haqverdiyevin «Maralları»ndakı personajlar (bu personajlara münasibətdə, əlbəttə, bir Şuşa sevgisi də şübhəsiz idi) tez-tez onun yadına düşürdü. Cəfər Cabbarlının yumorunu, Ocaqqulu, Oddamdı, Atakişi və Babakişi, Şərif kimi qəhrəmanlarının koloritini çox qiymətləndirirdi və həmişə də təəssüf edirdi ki, Cəfər Cabbarlı komediya yazmayıb. Hərdən mənə deyirdi:
     – Səni inandırıram ki, Cəfər qalsaydı, yaxşı komediyalar yazacaqdı... Görünür, bu fikirdə belə bir düşüncənin də ifadəsi var idi ki, illər ötdükcə sovet gerçəkliyi Cabbarlını inqilabi romantikadan ayırıb satiraya sövq edəcəkdi... Amma bu sözü də ondan bir neçə dəfə eşitmişəm ki, əgər Cəfər Cabbarlı sağ olsaydı, 37-də onu da aparacaqdılar...
     – Cəfərin inqilabi romantikası inqlabın əjdahasına çevrilib onun özünü də məhv edəcəkdi...– deyirdi.
     Ümumiyyətlə, İlyas Əfəndiyev Cəfər Cabbarlı istedadını böyük vergi hesab edirdi və qəribədir ki, həyatda heç vaxt Cabbarlını görməsə də (Cabbarlı vəfat edəndə İlyas Əfəndiyev 20 yaşlı əyalət müəllimi idi), onun şəxsiyyətinə də çox hörmət edir, Cabbarlıya doğma, hətta məhrəm bir münasibət bəsləyirdi. Görünür, bu yerdə, İlyas Əfəndiyevin gənc yaşlarında Aydının, Oqtay Eloğlunun romantikası ilə təması da öz işini görmüşdü.
     O, Molyeri də çox bəyənirdi və Molyerin komediyalarını Şekspirin komediyalarından üstün tuturdu, baxmayaraq ki, Şekspiri son dərəcə böyük bir düha hesab edirdi.
     Bir dəfə, yadıma gəlir, vəfatından bir il əvvəl – 1995-ci ilin yayında Zuğulbada, onun çox xoşladığı evkalipt ağacının altında oturub növbəti «gecə söhbəti» edirdik və söz dramaturgiyadan düşəndə İlyas Əfəndiyev dedi:
     – Şekspir bizim bu dünyaya sığışmır. Mənə elə gəlir ki, Şekspir başqa bir sivilizasiyadan bizim yer kürəsinə gəlib...– Sonra da gülüb: – Bəlkə də, azıb, gəlib... – dedi.
     Amma buna baxmayaraq, o, sırf komiklik baxımından Molyerin komediyalarını daha artıq bəyənirdi və burası da yaxşı yadımdadır ki, 1990-cı ildə mən Molyerin «Jorj Danden» və «Skapenin kələkləri» komediyalarını Azərbaycan dilinə tərcümə etmişdim və İlyas Əfəndiyev bunu biləndə, həmin tərcümələri məndən aldı, qrankaların kənarında qeydlər edə-edə (ümumiyyətlə, mənim yazılarımı həmişə əlində karandaşla oxuyurdu, sonra da qeydlərini deyirdi) oxudu. Ən maraqlısı isə bu oldu ki, həmin tərcümələrdən sonra Molyerin rus dilindəki üçcildliyini götürüb birinci səhifədən sonuncu səhifəyədək təzədən oxudu.
     – Şekspirin komediyaları ağırdı,– deyirdi.– Molyer isə ağır deyil, tərtəmiz çay, su kimi axıb gedir...
     Bomarşenin komediyaları da onun xoşuna gəlirdi, Bröxtin «Üçqəpiklik opera»sını, yadıma gəlir, dəfələrlə oxumuşdu və ümumiyyətlə, Bröxtin dramaturgiyasını yüksək qiymətləndirirdi. Şounun komediyaları, xüsusən «Piqmolion» da onun bəyəndiyi əsərlərdən idi.
     Ostrovskinin komediyalarını isə heç bəyənmirdi, amma «Müfəttiş»i təkcə rus yox, dünya dramaturgiyasında hadisə hesab edirdi. Ümumiyyətlə, Qoqol onun üçün böyük yazıçılardan biri idi və həmişə də təəssüf edirdi ki, bu yazıçı bu qədər az yaşayıb.
     Mən uşaq vaxtı, 40-cı illərin sonu, 50-nin əvvəllərində tez-tez İlyas Əfəndiyevlə birlikdə o zaman Məşədi Əzizbəyov adına olan Akademik Teatrımızın tamaşalarına gedirdim və səhv etmirəmsə, 1952-ci ildə (onda mən 7 saylı məktəbin üçüncü sinifində oxuyurdum) orada Mehdi Məmmədovun quruluşunda «Müfəttiş» tamaşaya qoyulmuşdu. İlyas Əfəndiyev (mən də onunla birlikdə) azı on dəfə o tamaşaya baxmışdı.
     Biz teatrın direktorunun (Adil Isgəndərovun) lojasında otururduq. Xlestakovun rolunu Fateh Fətullayev ifa edirdi, gənc Məlik Dadaşov da onun dublyoru idi. Osipi isə Mirzağa Əliyev oynayırdı və Osip divana yıxılıb ayaqlarını yuxarı qaldıraraq, acından qarnını tutub: «– Vay, qarnım!»– deyə qışqıranda İlyas Əfəndiyevin necə ürəkdən gülməyi indi də gözümün qabağındadı. Bəzən tamaşa gedəndə atam Adil Isgəndərovun kabinetində olurdu, amma Osipin həmin səhnəsində mütləq lojaya gəlib baxırdı və bir az zarafatla Adil Isgəndərova deyirdi:
     – Ədil Rzayeviç, deyirlər ki, Mehdi quru adamdı... Quru adamın belə tamaşaları olar?
     Adil Isgəndərov ciddi görkəmlə:
     – Olar, qadam,– deyirdi.– Olar...
     İlyas Əfəndiyev şaqqanaq çəkib gülürdü, hətta bəzən elə gülürdü ki, parterdə oturan tamaşaçılar başlarını qaldırıb lojaya baxırdı və həmin anlarda mən utanıb özümü kənara çəkirdim ki, məni görən olmasın. Gözəl günlər idi...
     Haldoninin «Mehmanxana sahibəsi» tamaşası yadıma gəlir və o tamaşaya da, səhv etmirəmsə, rəhmətlik Mehdi Məmmədov quruluş vermişdi. O tamaşada Mirandolinanı Barat Şəkinskaya, Kavaler Ripafrattanı Möhsün Sənani, Markiz Forlipopolini Mustafa Mərdanov, Qraf Albofioritanı isə Ağasadıq Gəraybəyli oynayırdı və bu korifeylərin oyununun da İlyas Əfəndiyevin ürəyinə necə yağ kimi yayıldığının mən dəfələrlə şahidi olmuşdum.
     Sonrakı illərdə – gərək ki, 1955-ci il idi – yenə Mehdi Məmmədov «Hacı Qəmbər»i tamaşaya qoymuşdu və İlyas Əfəndiyevin (mən də həmişəki kimi, onun yanında!) premyeradan sonra baş rolun ifaçısı Məmmədəli Vəlixanlının qrim otağına gedib onu necə sidq-ürəkdən gələn bir hərarətlə təbrik etməsi də mənim teatrla (və atamla!) bağlı gözəl xatirələrimdən biridir.
     Bizim komik aktyorlardan yuxarıda adlarını çəkdiyim Ağasadıq Gəraybəylinin, Mustafa Mərdanovun, Möhsün Sənaninin, eləcə də Məmmədəli Vəlixanlının (xüsusən, onun Ocaqqulusunu və «Lənkəran xanının vəziri»ndəki Vəzirini), Ağahüseyn Cavadovun, Ismayıl Osmanlının, Lütfəli Abdullayevin, Məcid Şamxalovun, Füzuli teatrının aktyoru (və ömrünün sonuna kimi bizə gəlib-gedən) Mürşüd Həşimlinin sənətini, Barat Şəkinskayanın, Mirvari Novruzovanın, Məlik Dadaşovun komik istedadını (məsələn, onun Şeyx Nəsrullahını), Ağadadaş Qurbanovun Mirzə Səməndərini, Ələsgər Ələkbərovun Salamovunu, Əminə Sultanovanın Mariya Timofeyevnasını atam böyük sənətkarlıq nümunəsi hesab edirdi.
     Sonrakı aktyorlar nəslinə mənsub olan Səyavuş Aslanın istedadı barədə həmişə ağızdolusu danışırdı və «Hökmdar və qızı»nın məşqlərində satirik planda işlənmiş erməni Vanya rolunu ifa edən Səyavuşun oyunundan çox razı idi. Yeri düşmüşkən deyim ki, Səyavuşun tərəf-müqabili kimi Haykanuş rolunun ifaçısı Kübra Əliyeva da İlyas Əfəndiyevin qiymətləndirdiyi aktrisalardan idi.
     Çox təəssüflər ki, İlyas Əfəndiyev «Hökmdar və qızı»nın premyerasını görə bilmədi. 1996-cı il oktyabrın 3-də İlyas Əfəndiyev vəfat etdi, iki aydan sonra, dekabrın 15-də isə «Hökmdar və qızı»nın ilk tamaşası göstərildi və zalda oturub Səyavuşla Kübra xanımın gözəl ifasına tamaşa edə-edə, tamaşaçıların gülüşünü, alqışlarını eşidə-eşidə mənə elə gəlirdi ki, İlyas Əfəndiyev də hardasa, başımızın üstündən səhnəyə baxır və bu artistlərin oyunundan xoşu gəlir... Amma mən yenə keçmişlərə qayıtmaq istəyirəm.
     1954-cü ildə Tofiq Kazımov «Atayevlər ailəsi»ni tamaşaya qoymuşdu və mən də İlyas Əfəndiyevlə birlikdə hər axşam o tamaşaya gedirdim. Tamaşada yozumu satirik planda verilmiş Sadıq surətinin ifasında Mustafa Mərdanov ilə Məmmədəli Vəlixanlı bir-birinə dublyor idi. Hərdən tamaşadan sonra İlyas Əfəndiyev Tofiq Kazımovu və Niyazini (tamaşanın musiqisini o bəstələmişdi) köhnə «Inturist»də restorana dəvət edirdi və süfrə arxasındakı söhbət əsnasında Tofiq Kazımov şikayətlənirdi:
     – Əşşi, qalmışam Mustafa ilə Vəlixanlının arasında. O deyir bu gün mən oynayacağam, bu deyir, yox, mən oynayacağam...
     İlyas Əfəndiyev gülüb:
     – Tofiq,– deyirdi.– Məni bu işə qatma. Mustafa da böyük sənətkardı, Vəlixanlı da!
     Orası da indi gözəl bir xatirə kimi yadıma düşür ki, həmin «Inturist» məclislərindən sonra, Niyazi bəzən təkid edirdi ki, bizə gedəcəyik! İlyas Əfəndiyev də, rəhmətlik Tofiq Kazımov da nə qədər edirdisə ki, indicə süfrənin arxasından qalxmışıq, gecdir, mümkün olmurdu, təzədən Niyazigilə gedirdilər (mən – 5-ci sinif şagirdi də onlarla! onlar yeyib-içib söhbətləşirdi, mən də onlara qulaq asırdım) və məlum olurdu ki, Həcər xanım (maestronun vəfalı həyat yoldaşı) plov bişirib Niyazini gözləyir. Onların Niyazigildəki məzəli söhbətləri, oradakı o duzlu ab-hava da heç vaxt mənim yadımdan çıxmayacaq.
     Mən lap uşaqlıq çağlarımdan İlyas Əfəndiyevin həyatının sonuna qədər, onun Mehdi Hüseynlə, Əli Vəliyevlə, Adil Isgəndərovla, Süleyman Rüstəmlə, Mir Mehdi Seyidzadə (ona «Ağa» deyirdilər) ilə, professor Əmir Həbibzadə ilə, bəstəkar Sultan Hacıbəyovla, atamın, Əmir müəllimin, xüsusən, Sultanın dostu, musiqiçi, Mədəniyyət Nazirliyinin işçisi, çox koloritli bir adam olan rəhmətlik Davud Balayeviç Qədimovla (ona «Dodik» deyirdilər), həkim-yazıçı Əli Ağabəyli ilə, başqaları ilə duzlu-məzəli söhbətlərinin, zarafatlarının şahidi olmuşam. Fikirləşirəm ki, o zarafatların, məzəli əhvalatların bir qismi ilə, eləcə də həm İlyas Əfəndiyevdən eşitdiyim, həm də başqalarının mənə danışdığı bəzi hadisələrlə oxucuları tanış etsəm, bu, bir insan, şəxsiyyət kimi, İlyas Əfəndiyevin xarakterini duymağa kömək edər.
     Eyni zamanda, güman edirəm ki, bu yumoristik hadisələr, epizodlar, mükalimələr dövrün yazıçılar mühitini hiss etmək baxımından da maraqlıdır. Orasını da deyim ki, bu zarafatlar yalnız və yalnız təmiz hisslərin, gözəl münasibətlərin, qarşılıqlı hörmət və istəyin məhrəmanə ifadəsidir və mənim də bu epizodları qələmə almağım onlarda adı çəkilən Əli Vəliyev və Xan Şuşinskinin, Mehdi Hüseyn və Ağasadıq Gəraybəylinin, Süleyman Rəhimov və Mir Cəlalın, Əbülhəsən və Mirzə Ibrahimovun, Adil Isgəndərov və Mir Mehdi Seyidzadənin, Məmməd Əkbər və Zeynal Xəlilin, Əliağa Kürçaylı və Cabbar Məcnunbəyovun, Islam Səfərli və Salam Qədirzadənin, Firudin Şuşinski və Tələt Əyyubovun, başqalarının ruhuna ehtiramımın ifadəsidir.
     Elə bütün bu mülahizələri nəzərə alaraq da, mən həmin məzəli əhvalatların bəzisi ilə bu kitabın oxucularını tanış etmək istəyirəm.

ÇƏTİN VƏZİYYƏT


     Əllinci illərin əvvəllərində İlyas Əfəndiyev Azərbaycan Yazıçılır Ittifaqında məsləhətçi işləyirdi. Bir nəfər ədəbiyyat xəstəsi (zorən təbib!) qoltuğundakı yekə bir qovluq ilə həftə səkkiz, mən doqquz, İlyas müəllimin yanına gəlir, kolxozdakı əmək qəhrəmanlarının şanlı fəaliyyətindən, camışçılıq sahəsində dövlət planını artıqlaması ilə yerinə yetirməklərindən bəhs edən povestini ona oxumaq istəyir.
     İlyas Əfəndiyev də hər dəfə bir bəhanə ilə onu başından edir. Axırda daha mümkün olmur və günlərin bir gözəl yaz günündə həmin ədəbiyyat xəstəsi Yazıçılar Ittifaqındakı məsləhətçilər otağında İlyas müəllimlə üzbəüz oturub o böyük və danqdanq danqıldayan povesti ona oxumağa başlayır.
     O, yazısını oxuduqca İlyas Əfəndiyev Yazıçılar Ittifaqının geniş şüşəbəndindən görünən o gözəl yaz gününə baxır, kim bilir, nə fikirləşir, nələri xatırlayır, kimləri düşünür...
     Bizim o zorən təbib isə böyük bir həvəslə povesti oxuyub qurtarır və intizarla İlyas Əfəndiyevə baxır.
     İlyas Əfəndiyev soruşur:
     – Nə oldu?
     – Qurtardım də, İlyas müəllim...
     – Hə?
     – Bəli! Indi fikrinizi bilmək istəyirəm!
     Bir müddət sükut çökür.
     Sonra İlyas Əfəndiyev deyir:
     – Onda sən bir qısaca bunun süjetini danış görüm...

BƏS, NİYƏ TƏRİFLƏMİRSƏN?


     «Hüsü Hacıyev» küçəsindəki 19 saylı binada (öz ənənələri, şuxluğu, zarafatı olan və min təəssüf ki, artıq bir çox məşhur sakinlərini itirmiş Yazıçılar Evində) üçüncü mərtəbədə yaşayan İlyas Əfəndiyev bir gün eyvana çıxır və görür ki, ondan aşağı mərtəbədə yaşayan Salam Qədirzadə də eyvandadır, balaca samovarına (bu da o gözəl binada bir məşhur samovar idi!) köz salır.
     – Salam, salam!
     – Salam, İlyas müəllim!
     – Nə var, nə yox?
     – Sağlığınız, İlyas müəllim.
     – Bugünkü «Ədəbiyyat qəzeti»ndə mənim hekayəmi oxudun?
     – Bəli, İlyas müəllim.
     – Onda, bəs, səhərdən niyə tərifləmirsən?!

«NAM SALAT VMESTE!»


     1942-ci ilin yayında, müharibənin çətin vaxtında Mir Cəfər Bağırov Əli Vəliyevi, Zeynal Xəlili, Azərbaycan KP MK-nın məsul işçisi Kərimov familyalı bir nəfəri və o zaman cavan bir yazıçı olan İlyas Əfəndiyevi MK-ya çağırır və şəxsi tövsiyələri ilə onları əsgərlərlə görüş keçirmək üçün, Naxçıvanda yerləşən 402-ci Azərbaycan diviziyasına ezam edir.
     Bu kiçik dəstənin rəhbəri Əli Vəliyev idi və səfər bitdikdən sonra bu barədə bilavasitə M.C.Bağırovun özünə məlumat verməli idi. Onlar Əli Vəliyevin ciddi nəzarəti altında isti Naxçıvanda gündə bir neçə dəfə əsgərlərlə görüş keçirirlər: Əli Vəliyev məclisi aparırdı, İlyas Əfəndiyev «Azərbaycan ədəbiyyatı Böyük Vətən Müharibəsi günlərində» mövzusunda məruzə edir, hekayəsini oxuyurdu, Zeynal Xəlil də şerlərini oxuyurdu və günorta da gəlib zabitlərin yemək otağında nahar edirdilər.
     Birinci gün nahar vaxtı xörəkpaylayan rus qızı onlardan soruşur:
     – Salat vam otdelno prinesti, ili vmeste?
     Səmimi bir adam olan Əli Vəliyev dərhal:
     – Salat vmeste! – deyir.
     O qorxulu illərin rəsmi məsuliyyət hissi Əli Vəliyevdə çox güclü idi və Əli müəllim Naxçıvanda səfər yoldaşlarına nəfəslərini dərməyə də imkan vermirdi: dördü də bir yerdə görüşə gedir, bir yerdə nahar edir, dördü də mehmanxanadakı böyük bir otaqda bir vaxtda yatırdı.
     Havalar həddən artıq isti keçirdi və eləcə isti günlərdən birində günorta görüşdən qayıdarkən naharqabağı Əli Vəliyev deyir:
     – Ürəyim yaman gilənar istəyir!..
     Günlərinin yeknəsəqliyindən canı darıxan İlyas Əfəndiyev deyir:
     – Əli, icazə ver, mən gedim şəhər bazarından gilənar alım gətirim.
     – Nahara gecikməzsən ki?
     – Yox!
     – Onda get, amma tez gəl ki, nahara gecikməyək!
     27 yaşlı İlyas Əfəndiyev qarnizondan çıxıb şəhərə gedir və bazarın girəcəyindəki kiçik kababxanadan tar səsi eşidir. Içəri girib görür ki, qarabəniz arıq bir tarzən tarı sinəsinə sıxıb, gözlərini yumub, necə deyərlər, ürəyinin mizrabıyla «Segah» çalır və o «Segah» neçə gündən bəri birinci dəfə azadlığa çıxmış İlyas Əfəndiyevi necə tutursa (bəlkə elə həmin təəssüratla da bir müddətdən sonra, məşhur «Qoca tarını çaldı» hekayəsini yazır...), kababxanada əyləşib yüz qram konyak, bir az da yemək sifariş edir.
     Tarzən çalır, İlyas Əfəndiyev qulaq asır, bircə Allah bilir ki, o anlarda nə hisslər keçirir, dünyanın hansı işlərini fikirləşir, təzədən yüz qram konyak gəlir və bu münvalla vaxt keçir, qaş qaralır, bazar bağlanır və axşam İlyas Əfəndiyev boş qarnizona qayıdanda görür ki, Əli Vəliyev, sağ tərəfində də Zeynal Xəlillə Kərimov, sükut içində həyətdəki skamyada oturublar və Əli Vəliyev qəzəblə gözlərini zilləyib naməlum bir nöqtəyə.
     İlyas Əfəndiyev yavaşca gəlib oturur Əli Vəliyevin sol tərəfində və ömründə dilinə içki dəyməmiş Əli Vəliyev çönüb onu yanında görəndə, belə bir gözlənilməzlikdən:
     – Boy!..– deyir, sonra burnunu tutub: – Püf!..– eləyir.– Dədəmin goruna and olsun, bunu Bağırova xəbər verməsəm, məndən pis adam yoxdu! – Hirslə ayağa qalxır. – Kərimov, dur!
     Bundan sonra Əli Vəliyev İlyas Əfəndiyevi danışdırmır. Günorta nahar zamanı Əli Vəliyev uzun barmağını İlyas Əfəndiyevə tuşlayıb xörəkpaylayan qıza:
     – Yemu salat otdelno!– deyir.
     Qorxuya düşən Kərimov tez-tez İlyas Əfəndiyevin qulağına pıçıldayır: «– Başımıza oyun açdın! Sən heç, Bağırov mənim dədəmi yandıracaq! Deyəcək ki, bəs, sən hara baxırdın?! Səni onlarla bir yerdə nəyə göndərmişdim?!» Iki gün beləcə davam edir, üçüncü gün günorta hərbçilərlə görüş zamanı İlyas Əfəndiyev məruzəsindən sonra, hekayə oxumaq əvəzinə, insani hisslərdən danışmağa başlayır, Əli Vəliyevin komandir Aslan Novruzovun müharibədə həlak olmasını təsvir edən hekayəsi üzərində dayanır.
     Müharibədən əvvəl Incəsənət Idarəsində sədr müavini işləmiş, cavan, yaraşıqlı bir oğlan olan Aslan Novruzovu İlyas Əfəndiyev də yaxşı tanıyırmış və onun ölümü barədə həmin görüşdə çox təsirli danışır, deyir ki, Əli müəllimin bu hekayəni yazması onun bir insan kimi, daxili kövrəkliyinin nümunəsi, həyatdan cavan getmiş bir adam qarşısında mənəvi borcunun ifadəsidir...
     Görüş qurtaran kimi, bu çıxışdan çox təsirlənmiş Əli Vəliyev üzünü İlyas Əfəndiyevə tutur:
     – İlyas, gedək! Naharın vaxtıdı!
     Onlar yeməkxanaya gələndə Əli Vəliyev xörəkpaylayan qıza deyir:
     – Nam salat vmeste!
     Kərimov, nəhayət ki, rahat nəfəs alır.

MƏMMƏD ƏKBƏR TƏƏSSÜF EDİR


     1950-ci illərin ortalarında bir yaz axşamı İlyas Əfəndiyev Cənubi Sovet Meydanındakı evinə tərəf gedirmiş və küçədə yazıçı-jurnalist və gözəl insan Məmməd Əkbərlə rastlaşır.
     – Nə var, nə yox, Məmməd Əkbər? Necəsən?
     Məmməd Əkbər:
     – Eh, necə olacağam, ay İlyas?– deyir.– Heç olmasa, Allahın Əfqanıstanına padşah da olmadıq!

HAMAM ƏHVALATI


     Görkəmli yazıçımız Əbülhəsən sağlam, gumrah, sifəti qırmızı rəngli bir adam idi, özü də keçmiş «Kommunist» (indiki Istiqlaliyyət) küçəsində yaşayırdı. Bir gün İlyas Əfəndiyev həmin «Kommunist» küçəsi ilə gedəndə Xan Şuşinski ilə rastlaşır. Xan Şuşinski İlyas Əfəndiyevin dayısı, görkəmli teatr xadimi Cəlil bəy Bağdadbəyovla yaxın dost olmuşdular və o, İlyas Əfəndiyevin də xətrini çox istəyirdi. Xoş-beşdən sonra Xan Şuşinski deyir:
     – İlyas, sizin o möhtərəm Əbülhəsən var e, çox təmizkar kişidi!
     – Elədi, Xan əmi! Bəs, sən nədən bildin?
     – Hər dəfə filarmoniyaya gedəndə bu Qəminis küçəsində onnan rastlaşıram, sifətinnən görürəm ki, kişi hamamdan gəlir!..

POÇT ƏHVALATI


     1939-cu ildə Füzuli rayonunda müəllim işləyən 25 yaşlı gənc İlyas Əfəndiyev təzəcə yazıb bitirdiyi, sonralar isə Azərbaycan ədəbiyyatının məşhur faktlarından birinə çevrilən və müəllifinə böyük şöhrət qazandıran «Kənddən məktublar» silsilə hekayələrini fikir öyrənmək üçün Bakıya gətirir, həyatında ilk dəfə Yazıçılar Ittifaqına gedir.
     O zaman görkəmli yazıçımız Əbülhəsən Yazıçılar Ittifaqında nəsr üzrə məsləhətçi işləyirdi və Əbülhəsən müəllim otağa daxil olmuş bu cavan oğlana baxıb soruşur:
     – Nə istəyirsən?
     İlyas Əfəndiyev deyir:
     – Mən... «Kənddən məktublar»... yazmışam...
     Yazmaq həvəskarlarının əlindən zinhara gəlmiş Əbülhəsən müəllim:
     – Əzzim, əzzim,– deyir,– bura Yazıçılar Ittifaqıdır, poçt idarəsi deyil! Məktub yazmısan, apar at poçta!
     ... Sonralar elə həmin Əbülhəsən müəllimin özünün də yaxından köməkliyi ilə «Kənddən məktublar» kitab halında nəşr olundu və böyük müvəffəqiyyət qazandı.

İLYAS ƏFƏNDİYEV QRAFOMANDAN YAXASINI NECƏ QURTARDI VƏ NƏBİ XƏZRİNİ NECƏ İŞƏ SALDI


     Əllinci illərdə İlyas Əfəndiyev, Osman Sarıvəlli, Zeynal Xəlil və Nəbi Xəzri Yazıçılar Ittifaqında məsləhətçi işləyirdilər.
     İlyas Əfəndiyev dramaturgiya üzrə, Nəbi Xəzri isə poeziya üzrə məsləhətçi idi və ikisi də Yazıçılar Ittifaqının məşhur «məsləhətçilər otağında» otururdu.
     Bir gün bir «şer bülbülü» içəri girib İlyas Əfəndiyevin başının üstünü alır.
     – İlyas müəllim, bir dənə əla drama yazmışam, on pərdəsi var! Indi oxuyacağam sizə!
     İlyas Əfəndiyev soruşur:
     – Nə yazmısan?
     – On pərdəli drama! Içində əla şerlər də var!
     – Deyirsən əla şerlərdi də?
     – Bəli!
     – Onda keç Nəbi Xəzrinin yanına, başla ona oxumağa. Şerə o baxır!

SÖZ BIR OLAR!


     Müharibədən əvvəlki illərdə Füzuli rayonundan Bakıya gəlmiş cavan bir oğlan olan İlyas Əfəndiyev 1945-ci ildə bir müddət «Kommunist» qəzetində oçerk yazan vəzifəsində işləyir. Qəzetin Baş redaktoru isə Əli Vəliyev idi.
     Bir gün Əli Vəliyev tapşırır ki, İlyas neftçilərin həyatından təcili bir oçerk yazsın. İlyas Əfəndiyev oçerki yazır, amma həmin vaxt Əli Vəliyev xəstələndiyi üçün, işə çıxmır və redaksiyaya zəng çalıb xahiş edir ki, İlyas onların evinə gəlib oçerki ona oxusun.
     İlyas Əfəndiyev Əli Vəliyevin xətrini çox istəyirdi və kişinin xahişinə əməl edib onlara gedir, görür ki, Əli Vəliyev yorğan-döşəkdə uzanıb, istəkli həyat yoldaşı Qumru xanım da oturub onun yanında.
     İlyas Əfəndiyev oçerki oxumağa başlayır və qurtaranda sükut çökür, sonra Qumru xanım ərinə:
     – Alı, – deyir, – maşallah, nə qəşəng yazıb e!..
     Sonra yenə sükut çökür və bu dəfə sükutu Əli Vəliyev özü pozub İlyas Əfəndiyevdən soruşur:
     – Bə nə gözləyirsən?
     İlyas Əfəndiyev:
     – Gözləyirəm ki, fikrini deyəsən də!– deyir.
     Əli Vəliyev:
     – Boy!..– deyə sidq-ürəkdən təəccüb edir və yekə əlini Qumru xanıma tərəf uzadır.– Dedi də!..– Sonra əlavə edir: – Tez apar redaksiyaya, göndərsinlər nabora!

MOTOR QAYIŞININ ƏHVALATI


     Altmışıncı illərin lap əvvəllərində İlyas Əfəndiyev yazıçı Qılman İlkini də qonaq götürür və özünün «Volqa» maşınında Masallıya, orada həkim işləyən bacısı Nəzihə xanımgilə gedirlər.
     Maşını İlyas Əfəndiyevin o zaman onuncu sinifdə oxuyan oğlu Timuçin sürürdü.
     Birdən yolda maşının motorunun qayışı qırılır və Timuçin yol kənarında dayanıb qırılmış qayışı ötüb keçən maşınlara göstərir ki, kimsə dayanıb yardım eləsin.
     Bir müddət keçir, maşın dayanmır, hamısı ötüb keçir və gözləməkdən təngə gəlmiş İlyas Əfəndiyev maşından düşüb Timuçinə deyir:
     – Sən çəkil, özüm saxladacağam.
     İlyas Əfəndiyev əlini qaldırdığı elə birinci maşın onların yanında dayanır və sürücü pəncərədən boynunu uzadıb hörmətlə:
     – İlyas müəllim, nə lazımdı?– soruşur və ehtiyat kəməri olmadığı üçün, təəssüflə üzrxahlıq edib gedir.
     Ikinci maşının sürücüsü də İlyas müəllimi tanıyıb maşını onların yanında saxlayır və pul almadan ehtiyat kəməri onlara verib gedir.
     Kefi kökələn İlyas Əfəndiyev Timuçinə deyir:
     – Gördün maşını necə saxlayarlar?!
     – Mən də İlyas Əfəndiyev olsaydım, saxlayardılar!– deyə Timuçin cavab verir.

İLYAS ƏFƏNDİYEVİN ANASI BİLQEYİS XANIM FİRUDIN ŞUŞINSKİYƏ TƏSİR EDƏ BİLMƏDİ


     Görkəmli sənətşünas, çox koloritli bir adam olan Firudin Şuşinski İlyas Əfəndiyev yaradıcılığının pərəstişkarı idi. Hələ qırxıncı illərin sonu, əllinci illərin əvvəllərindən etibarən o İlyas Əfəndiyevin «Mirzə Fətəli» küçəsindəki mənzilinə gedib-gələrdi, Qarabağın tarixi ilə bağlı yeni nə fakt tapsaydı, o saat gəlib İlyas Əfəndiyevgildə danışardı, gözəl Şuşa mühiti ilə, oranın Qəssab Abış, yaxud Hambal Əsgər xan kimi məşhur qəhrəman-personajları ilə bağlı yeni nə məzəli əhvalat eşitsəydi (ya da bu əhvalatları özü quraşdırsaydı!), ilkin olaraq gəlib İlyas müəllimgildə söyləyərdi.
     İlyas Əfəndiyevin Şuşa ilə çox bağlı olan anası Bilqeyis xanım da Firudin Şuşinskinin xətrini istəyirdi, hərdən şüyüdplov, yaxud zoğallı çəkmə bişirəndə xüsusi sifariş göndərtdirib Firudini də yeməyə dəvət edirdi, oturub onunla ləzzətlə söhbətləşirdi, amma hərdən də Firudinin şuşalılara xas olan bir şuxluq və məzə ilə kimlərəsə söz qoşması, kimlərisə bəzəməsindən, bu cürə zarafatlarından narazı qalırdı, Firudini məzəmmət edirdi.
     Bir gün Bilqeyis xanım belə məqamlardan birində Firudinə dedi:
     – Ay Firudin, adam gərək elə eləsin ki, bu dünyadan köçəndən sonra da onu xoşluqla xatırlasınlar, incikliklə yox.
     Firudin Şuşinski isə:
     – Bilqeyis xanım, – dedi. – Mən öləndən sonra, götürüb lap Xəznə qayasından (Şuşanın Cıdır düzü ilə üzbəüz) üzüaşağı tullasınlar, bunun mənə nə dəxli?

KOLXOZ ATININ NİGARANÇILIĞI


     1965-ci ilin iyun ayında İlyas Əfəndiyev Gəncənin o zamankı I katibi Tofiq Bağırovun dəvətilə Gəncəbasara istirahət səfərinə çıxmışdı və həmin vaxt Musiqili Komediya Teatrı da Gəncədə qastrolda idi.
     Hər gün səhər yeməyinə oturarkən İlyas Əfəndiyev Lütfəli Abdullayevi də qonaq evinə dəvət edirdi və Lütfəli də hər dəfə gülməli əhvalatlar danışıb əhlimasanın ürəyini açırdı.
     Onun danışdığı əhvalatlardan biri İlyas Əfəndiyevin çox xoşuna gəlmişdi və sonrakı illərdə tez-tez o əhvalatı xatırlayıb gülürdü. Elçin də həmin əhvalatı «Poçt şöbəsində xəyal» pyesinə salmışdı.
     Lütfəli Abdullayev danışırdı:
     « – Mir Cəfərin vaxtıydı, bir gün məni Mərkəzi Komitəyə çağırdılar. Gəlib gördüm ki, xeyli adam toplanıb, yazıçı qalmayıb, bəstəkar, rəssam qalmayıb, hamı burdadı. Məlum oldu ki, «Pravda» qəzetinə respublikada abunə yazılışı pis gedir və Mir Cəfər Bağırovun şəxsi tapşırığı ilə bizi ikinəfərlik, üçnəfərlik briqadalara bölüb göndərirlər rayonlara ki, təbliğat aparaq, camaat «Pravda»ya yazılsın. Mən də, respublikanın bir məsul partiya işçisinin rəhbərliyi ilə düşdük Gədəbəy rayonuna. Rayonu kənd-kənd gəzib təbliğat aparırdıq ki, zəhmətkeşlər «Pravda» qəzetinə abunə yazılsın. Bu məsul partiya işçisi gecə bilmirdi, gündüz bilmirdi, danışmaqdan səsi batmışdı, nə özü bir saat oturub yemək yeyirdi, nə də mənə aman verirdi, elə hey deyirdi ki, yoldaş Bağırov bizə məsuliyyətli vəzifə etibar edib, gərək yerinə yetirib bu böyük etimadı doğruldaq. Gədəbəyin ucqar dağ kəndlərinə maşın yolu yox idi, bu məsul partiya işçisi sifariş elədi, kolxozdan bizimçün at göndərdilər, hərəmiz birinə minib yol yoldaşlarımızla üz tutduq o ucqar kəndlərə ki, «Pravda»nı təbliğ edək. Daşlı-çınqıllı dağ cığırıyla qalxırdıq, birdən necə oldusa, o məsul partiya işçisinin mindiyi atın ayağı altından çınqıl qaçdı, at büdrədi, sonra böyrü üstə aşıb belindəki kişiylə bərabər, bir xeyli kəllə-mayallaq gedib düşdü balaca bir yarğanın dibinə. Kişi qanın içində özündən getmişdi, bir təhər onu qucağımıza götürüb yuxarı qaldırdıq, güc-bəla özümüzü yaxın bir kəndə çatdırdıq, hay saldıq, hərbi texnika gəldi, məsul partiya işçisini apardıq rayon xəstəxanasına, Bakıdan həkimlər gəldi, iki gün-iki gecə onun başının üstündə dayandım, yazıq özünə gəlmirdi, elə hey zarıyırdı, mən də qorxudan sarımı udmuşdum ki, bu bədbəxt öləcək, cavabdehi mən olacam. Axır ki, üçüncü gün səhər saat beşdə, bu məsul partiya işçisi gözünü açdı, əvvəlcə bir-bir həkimlərə baxdı, sonra gözlərini mənə zillədi, birtəhər ağzını açıb:
     – Lütfəli... – dedi.
     – Can! – dedim.
     – Lütfəli, – dedi.– O kolxoz atının vəziyyəti necədi?».

ELƏ BİL ÖZ MALINDI!


     1954-cü ildə Moskvada SSRI Yazıçılarının II qurultayı keçirilirdi. Müxbirlər qurultay iştirakçılarından müsahibələr alırdı, mətbuat uzun müddətdən sonra keçirilən bu qurultayı geniş işıqlandırırdı və bütün Moskva bu qurultayın abhavasında idi.
     Səmimi və özünəməxsus bir insan olan Əbülhəsəndən xahiş edirlər ki, radio ilə çıxış etsin və o da gecəni hazırlaşıb səhər çıxış edir. O biri gün səhər Süleyman Rüstəm tənbəllik etmir, radionun mühasibatına gedir və deputat nişanı olan sinəsini kassanın pəncərəsinə söykəyib:
     – Mən qurultay nümayəndəsi yazıçı Əbülhəsənəm!– deyir.– Sənədim yadımdan çıxıb mehmanxanada qalıb. Xahiş edirəm dünənki çıxışıma görə qonorarımı verəsiniz.
     Kassir qadın deputat nişanına baxa-baxa ürək eləmir ki, qurultay nümayəndəsini incik salsın və kitab-dəftərə baxıb Əbülhəsənin qonorarını Süleyman Rüstəmə verir.
     Axşam qurultayın növbəti iclası qurtarandan sonra, Süleyman Rüstəm İlyas Əfəndiyevi, Mehdi Hüseyni və pul xərcləməyə bir o qədər də həvəskar olmayan Əbülhəsəni yaşadıqları «Moskva» mehmanxanasının üçüncü mərtəbəsindəki restorana qonaq dəvət edir.
     Əbülhəsən mizin üstünə düzülmüş gözəl təamlara baxa-baxa:
     – Əzzim, əzzim!..– deyir.– Bu Süleyman Rüstəm çox əliaçıq adamdı! Gözəl məclis düzəldib!
     Süleyman Rüstəm:
     – Əbülhəsən,– deyir.– Öz malın kimi ye, iç!
     Cani-dildən yeyib-içməyə başlayan Əbülhəsən yalnız gecənin yarısınacan çəkən o gözəl məclis qurtarandan sonra başa düşür ki, əslində məclisi... o özü verib.

İLYAS ƏFƏNDİYEV PAPİROS ÇƏKİR


     Qırxıncı illərdə bir gün gənc İlyas Əfəndiyev Yazıçılar Ittifaqında Məmməd Səid Ordubadi ilə rastlaşır. O zaman İlyas Əfəndiyev bərk papiros çəkirdi və yenə də əlində papiros var imiş. M.S.Ordubadi soruşur:
     – İlyas, nə çəkirsən elə?
     – «Belomor kanal», mirzə.
     – O neçəyədi elə?
     İlyas Əfəndiyev bir qutu «Belomor kanal»ın qiymətini deyir.
     M.S.Ordubadi:
     – Ba-a!.. – deyə təəccüblənir.– Bəs Maqsud üç dəfə bundan çox pul verib papiros alır!
     – Yəqin o bahalı papiros çəkir də.
     – Niyə bə o eləsin çəkir, sən beləsin?
     İlyas Əfəndiyev: – Çünki,– deyir.– O Məmməd Səid Ordubadinin oğludur, mən isə səsi alınmış,
     evindən çıxarılıb didərgin salınmış, çərləyib ölmüş bir kişinin oğluyam! Stalinizmin tüğyan elədiyi o dövrdə M.C.Bağırovun yaxın dostu olan M.S.Ordubadiyə belə bir söz demək zarafat deyildi...

MİR CƏLAL MÜƏLLİMİN SUALI


     Əllinci illərin əvvəllərində bir axşam İlyas Əfəndiyevlə Mir Cəlal dənizkənarı bulvarda rastlaşırlar. Hal-əhval tuta-tuta bir az gəzişirlər.
     O zaman «Mirzə Fətəli» küçəsindəki 110 saylı həyət evində, ikiotaqlı mənzildə yaşayan İlyas Əfəndiyev ev şəraitindən gileylənir. Xeyirxah bir adam olan və səhərdən axşama kimi elmi işlə, tədrislə, yaradıcılıqla başı qarışmış Mir Cəlal müəllimin dünyanın əbləh işlərindən bir o qədər də xəbəri yox idi.
     Diqqətlə İlyas Əfəndiyevə qulaq asan Mir Cəlal müəllim birdən dayanıb dəniz sahilində tikilib qurtarmaqda olan böyük bir binanı göstərir:
     – Ay İlyas, bax, bu bina sənin xoşuna gəlmir?
     İlyas Əfəndiyev həmin binaya baxıb:
     – Niyə xoşuma gəlmir, Mir Cəlal?– deyir.– Lap yaxşı xoşuma gəlir!
     Mir Cəlal müəllim sidq-ürəkdən təəccüb edərək soruşur:
     – Qardaş, bəs, niyə demirsən ordan sənə bir yaxşı mənzil versinlər?!
     ... Sonralar İlyas Əfəndiyev bu söhbəti xoş bir xatirə kimi tez-tez yadına salardı...

ƏLİAĞA KÜRÇAYLININ BAZARLIĞI VƏ İLYAS ƏFƏNDİYEVİN ONU SORĞU-SUALA TUTMASI
I


     Yazıçıların «Hüsü Hacıyev» küçəsindəki beşmərtəbəli məşhur binaları 60–70- ci illərdə əslində Bakının duzlu-məzəli bir ziyalı ocağı idi. Bir gözəl günlü-işıqlı bazar günü səhər Əliağa Kürçaylı bazarlıq eləyib evə qayıdırmış və həyətə girəndə üçüncü mərtəbədəki eyvanında dayanmış İlyas
     Əfəndiyev onu çağırır:
     – Əliağa, həmişə bazarlıqda!
     – Çox sağ olun, İlyas müəllim!
     – Əliağa, yaxşıca bir toğlu əti almısanmı?
     – Bəli, İlyas müəllim!
     – Nəlikdi?
     – Bozbaşlıq.
     – Bəs, bozbaş üçün yaxşı soğan necə?
     – Onu da almışam.
     Dördüncü mərtəbədəki eyvanında dayanıb bu söhbətə qulaq asan Mir Mehdi Seyidzadə yuxarıdan qışqırır:
     – Ey zalım, mən dünən soğan almışam, bal kimi çıxıb!
     İlyas Əfəndiyev eləcə Əliağa Kürçaylıya müraciətlə:
     – Əliağa,– deyir, – çayı balla içərlər, bozbaşı soğanla bişirərlər!

II


     Bir gün yenə səhər tezdən Əliağa Kürçaylı bazarlıq eləyib evə qayıdırmış və yenə də üçüncü mərtəbədəki eyvanında dayanmış İlyas Əfəndiyev onu səsləyir:
     – Əliağa, həmişə bazarlıqda!
     – Çox sağ olun, İlyas müəllim!
     – Yaxşı nə almısan?
     – Hinduşka almışam, İlyas müəllim.
     – Çolpadı?
     – Bəli.
     – Neçə kilo olar?
     – Iki-üç kilo.
     Dördüncü mərtəbədəki eyvanında dayanıb bu söhbətə qulaq asan Mir Mehdi Seyidzadə deyir:
     – Ey zalım, mən srağagün hinduşka almışdım, on kilo!
     İlyas Əfəndiyev yenə də eləcə, Əliağa Kürçaylıya müraciətlə:
     – Əliağa,– deyir, – on kilo dana olar. Yeməli hinduşka elə iki-üç kilo olar.

HAYIF SƏNƏ, OSETRİNA!


     Bir gün axşam Mehdi Hüseynlə İlyas Əfəndiyev, həmişəki kimi, zəngləşib, dəniz kənarında gəzməyə çıxırlar.
     Gəzişə-gəzişə söhbət zamanı Mehdi Hüseyn yazıçılıq iddiası ilə yerə-göyə sığmayan bir nəfər haqqında deyir:
     – Dünən axşam qapının zəngi basılır, açıb görürəm ki, filankəsdir. Bir əlində qalın bir qovluq, o biri əlində də yekə bir osetrina. Qovluğu uzadır ki, təzə əsərimdi, xahiş edirəm, oxuyub fikrinizi deyəsiz. Dedim, mənim indi əsər oxumağa vaxtım yoxdu! Suyu süzülə-süzülə çıxıb getdi.
     İlyas Əfəndiyev soruşur:
     – Bəs osetrina nə oldu?
     Mehdi:
     – Onu da verdim qoltuğuna!– deyir.
     İlyas Əfəndiyev:
     – Nahaq!– deyir.– Gərək deyəydin, osetrinanı bizə gətirəydi!

TOLSTOY KƏŞFİ


     İlyas Əfəndiyev ilə Zeynal Xəlil Hüsü Hacıyev küçəsindəki Yazıçılar evinin üçüncü mərtəbəsində üzbəüz qonşu olurdular. 50-ci illərin ortalarında ikisi də Yazıçılar Ittifaqında məsləhətçi işləyirdi.
     Bir gün təsadüf elə gətirib ki, ikisi də eyni vaxtda evdən çıxıb, piyada işə yollanırlar.
     İlyas Əfəndiyev fikirli imiş və onun söhbətə həvəsi olmadığını görən Zeynal Xəlil də yol boyu susur.
     Eləcə sükut içində bir xeyli gedib Yazıçılar Ittifaqı ilə üzbəüz, keçmiş 26-lar bağına çatanda, görünür, daha bu sükuta dözməyən Zeynal Xəlil, yəqin, başqa bir söz tapmadığı üçün:
     – Balam, bu Tolstoy çox böyük yazıçıdır!– deyir.

BƏS, SÜLEYMAN RÜSTƏM NİYƏ BOYNUNA ALMIR?


     Bir gün söhbət əsnasında İlyas Əfəndiyev Əbülhəsənə deyir:
     – Əbülhəsən, sən xəsissən də! Niyə boynuna almırsan?
     Həmin gün gecə saat 2-də İlyas Əfəndiyevin evində telefon zəng çalır. İlyas Əfəndiyev bu gecə zənginin nigarançılığı içində tələsik telefonun dəstəyini götürür.
     – Əzzim, əzzim, mənəm, Əbülhəsəndi. Yaxşı, mən boynuma alıram ki, xəsisəm! Bəs, Süleyman Rüstəm niyə boynuna almır ki, xəsisdi?!

İLYAS ƏFƏNDİYEVİN EHTİYATSIZLIĞI


     1960-cı illərdə İlyas Əfəndiyevin yeznəsi Üzeyir Məmmədov Masallı rayonunun Baş həkimi işləyirdi və İlyas Əfəndiyev tez-tez dostlarını onlara qonaq aparırdı.
     Bir yaz günü də İlyas Əfəndiyev Süleyman Rüstəmlə Masallıya gedir və bacısıgildə gözəl bir süfrə arxasında oturub yeyib-içirlər.
     Televizorda muğamat konserti göstərilir və İlyas Əfəndiyev müğəninin oxuduğu hansısa bir qəzələ qulaq asa-asa deyir:
     – Ə, belə də bekara sözlər olar?
     Süleyman Rüstəm qızara-qızara:
     – Əşşi, cavan vaxtlarımda yazmışam...– deyir.

ADIL İSGƏNDƏROV YENƏ İNFARKT OLUB


     İlyas Əfəndiyevlə Adil Isgəndərov sözləşirlər ki, sabah səhər teatrda görüşsünlər.
     İlyas Əfəndiyev sözləşdikləri vaxtda teatra gedir və görür ki, dəqiq adam olan Adil Isgəndərov hələ gəlməyib. Bir müddət keçir və nəhayət Adil Isgəndərov gəlib çıxır.
     İlyas Əfəndiyev:
     – Ədil, səndən çıxmayan iş, hardaydın?– soruşur.
     Adil Isgəndərov üzrhahlıq edir:
     – Qadam, sən Allah, bağışla, bir az gecikdim. Səhər yuxudan duranda yenə infarkt olmuşdum!..

CABBAR MƏCNUNBƏYOV VƏ ƏLİ VƏLİYEV DASTANI


     1940-cı il idi, gənc yazıçı İlyas Əfəndiyev Füzulidən Bakıya təzə gəlmişdi və yenicə nəşr olunmuş ilk hekayələr kitabı «Kənddən məktublar»dan sonra dərhal məşhurlaşmışdı.
     Bir payız axşamı İlyas Əfəndiyev hansı yazısına görə isə, qonarar alır və Abdulla Faruqla Əlirza Abdullayevi köhnə «Inturist»in restoranına dəvət edir. Restoranda yeyib-içirlər, məclis qızışır və necə olursa yanaşı mizin arxasında əyləşmiş adamlarla sözləşib dalaşırlar.
     Onların bu hərəkəti Yazıçılar Ittifaqının Rəyasət Heyətində müzakirə edilir və Rəyasət Heyətinin üzvləri belə qərara gəlirlər ki, bu cavan yazıçılara töhmət versinlər. Bu vaxt Əli Vəliyev təklif edir ki, Cabbar Məcnunbəyovu isə Yazıçılar Ittifaqından çıxarsınlar. Hamı təəccüb edir:
     – Əli, axı, Cabbar Məcnunbəyov Soçidə istirahət edir, bunlarla olmayıb, onu niyə Ittifaqdan çıxaraq?
     Əli Vəliyev deyir:
     – Bəli, Cabbar Məcnunbəyov Soçidədir. Bəli, bunlarla olmayıb. Amma Cabbar Məcnunbəyov Bakıda olsaydı, şübhəsiz ki, bunlarla bir yerdə restorana gedəcəkdi, bunlardan da çox içəcəkdi və özünü də bunlardan pis aparacaqdı! Axırda restoranda şuluqluq edənlərə töhmət verirlər, Cabbar Məcnunbəyovu isə Əli Vəliyevin təkidi ilə Yazıçılar Ittifaqının üzvlüyündən azad edirlər.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.03.2014) | Müəllif: R.C E W
Baxış: 926 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more