Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti-6
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>
KİM KİMƏ BORCLUDUR?


     Gözəl yaz günlərindən birində İlyas Əfəndiyev oğlu Timuçinin sürdüyü maşına minib Qubaya gedir və orada rastına çıxan Yusif Həsənbəyi də özü ilə götürür, gedirlər Qəşrəşdə kabab yeməyə.
     Təbiətin bu məhrəm guşəsində bir xeyli oturub yeyib-içirlər və axırda İlyas Əfəndiyev məşhur kababxana müdiri Babanı çağırıb soruşur:
     – Baba, nə qədər borcumuz var?
     Baba deyir:
     – İlyas müəllim, sizin mənə borcunuz yoxdu. Əksinə, mən sizə borcluyam.
     İlyas Əfəndiyev Babanı başa düşmür:
     – Necə yəni sən mənə borclusan?
     Məlum olur ki, Babanın digər müştəriləri İlyas Əfəndiyevi görüb tanıyırlar və bir-bir Babanı çağırıb İlyas Əfəndiyevin hesabını ödəyirlər. Baba nə qədər and-aman edir ki, hesab verilib, mümkün olmur.
     Baba:
     – İlyas müəllim,– deyir,– nə qədər eləmişəm, olmayıb, düz dörd dəfə sizin hesabınızı veriblər. Biri heç, qalan üçünü mən sizə borcluyam.
     İlyas Əfəndiyev:
     – Onda, halal xoşun olsun!– deyir. – Borclu borclunun sağlığını istər!– Və Qəşrəşdəki o gözəl günü beləcə başa vururlar.

MİR MEHDİ SEYİDZADƏNİN TƏRCÜMƏÇİLİYİ


     Mir Mehdi Seyidzadə bir ara rus və fars dillərindən, Xəyyam və Sədidən, Puşkin və Nekrasovdan tərcümələr edirdi. Bir gün İlyas Əfəndiyev ona deyir:
     – Ağa, yaman tərcüməyə girişmisən ha!..
     Mir Mehdi Seyidzadə:
     – Ey zalım!– deyir.– Bəs neyləyim?
     Otururam hər cümə,
     Eyləyirəm tərcümə,
     Bəlkə köməklik edə
     Xırda-xuruş xərcimə!..

«POSPELOV POSPEL...»


     Bir gün Mir Mehdi Seyidzadə İlyas Əfəndiyevə deyir:
     – Ey zalım! Sabah günorta saat 12-də radio ilə mənim təzə qəzəllərimi oxuyacaqlar, qulaq as, gör nə qiyamət eləmişəm!
     Sabahkı gün saat 12 olur, amma radio ilə Mir Mehdi Seyidzadənin qəzəlləri əvəzinə, diktor o zaman Sovet Ittifaqı Kommunist Partiyasının katiblərindən biri olan Pospelovun hansı iclasdasa söylədiyi uzun bir məruzəni oxuyur. Həmişəki kimi axşam İlyas Əfəndiyev üçüncü mərtəbədə sağ tərəfdəki həyət balkonuna çıxır, Mir Mehdi Seyidzadə də dördüncü mərtəbədə sol tərəfdəki həyət balkonuna və İlyas Əfəndiyev onu səsləyir:
     – Ağa, qəzəlləri vermədilər...
     Mir Mehdi Seyidzadə:
     – Ey zalım!– deyir.– Neyləyim?
     Pospelov pospel,
     Mir Mexdi ne uspel!..

MİR MEHDİ SEYIDZADƏ RESTORANA LİFTLƏ GEDİR


     Bir gün İlyas Əfəndiyev, Mehdi Hüseyn, Adil Isgəndərov və Mir Mehdi Seyidzadə «Köhnə Avropa» mehmanxanasında ikinci mərtəbədəki restorana gedirlər.
     Mir Mehdi Seyidzadə birinci mərtəbədə dayanıb lifti gözləyir.
     İlyas Əfəndiyev deyir:
     – Ağa, gəl pilləkənlə qalx də, restoran ikinci mərtəbədədir. Lifti niyə gözləyirsən?
     Mir Mehdi Seyidzadə:
     – Ey zalım!– deyir.– Niyə özüm qalxım?
     Minirəm liftə,
     Qalxıram müftə!..

MİR MEHDİ SEYİDZADƏ VƏ İSLAM SƏFƏRLİ


     Mir Mehdi Seyidzadə ilə Islam Səfərli yaxın dost idilər və aralarında məhrəmanə zarafatları var idi.
     Bir axşam Mir Mehdi Seyidzadə eyni blokda yaşadıqları İlyas Əfəndiyevgilə gəlir.
     İlyas Əfəndiyev zarafatla soruşur:
     – Ağa, nə əcəb təksən, bəs Islam Səfərli hanı?
     Mir Mehdi Seyidzadə:
     – Ey zalım!– deyir.– Görürsən də!
     Islam Səfərli
     Çıxmadı fərli!

AĞASADIQ GƏRAYBƏYLI ATASINI ARZULAYIR


     İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş «Xurşid Banu Natəvan» əsərində yaşı 90-nı keçmiş böyük aktyor Ağasadıq Gəraybəyli Qoca knyaz rolunu ifa edirdi.
     Əvvəlki tamaşalar kimi, növbəti tamaşa da çox müvəffəqiyyətlə keçir və tamaşaçılar qocaman sənətkarın ifasını da uzun müddət alqışlayırlar. Tamaşadan sonra İlyas Əfəndiyev teatrın bədii rəhbəri və direktoru Həsənağa Turabovla birlikdə Ağasadıq Gəraybəylinin qrim otağına gedib onu təbrik etmək istəyir, amma qocaman aktyoru bir az mütəəssir görür və:
     – Nə olub, Ağasadıq?– soruşur.– Gözümə birtəhər dəyirsən.
     Ağasadıq Gəraybəyli əməlli-başlı kövrəlir və:
     – İlyas, kaş atam sağ olaydı,– deyir.– Mənim bu müvəffəqiyyətimi görəydi!

QABİLİN SAĞLIĞI


     1974-cü ildə İlyas Əfəndiyevin anadan olmasının 60 illiyi münasibətilə köhnə «Inturist»in restoranındakı ziyafətdə kefi bir az kök olan Qabil sağlıq söyləmək üçün ayağa qalxır, qolunu yuxarı qaldırıb diqqətlə saatına baxır və deyir:
     – Əziz dostlar! Bu saat, bu dəqiqə bütün Azərbaycanda İlyas Əfəndiyevdən böyük dramaturq yoxdur!
     Belə bir sağlıqdan pərt olan Mirzə Ibrahimov deyir:
     – Qabil, istedadları saata baxıb təyin etməzlər!
     Məclis davam edir. Qırx dəqiqədən sonra, Qabil ayağa qalxır, yenə biləyini gözünün qabağına gətirib diqqətlə saatına baxır və deyir:
     – Əziz dostlar! Aradan düz qırx dəqiqə keçib. Mən yenə təkrar edirəm: bu saat, bu dəqiqə bütün Azərbaycanda İlyas Əfəndiyevdən böyük dramaturq yoxdur! Mirzə müəllim lap əsəbiləşir və ziyafətdə iştirak edən Azərbaycan Nazirlər Soveti sədrinin müavini Kamran Hüseynov onu məzəmmət edir:
     – Ay Mirzə, Qabildi, görürsən ki, bir az da vurub... Bu saat İlyasa möhürlü vəsiqə vermədi ki!..
     Qabil deyir:
     – Kamran müəllim, möhürlü vəsiqəni İlyas Əfəndiyevə Qabil yox, Allah özü artıq verib!..

EVLƏNƏNDƏ, GƏRƏK QIZ YAŞAYAN MƏNZİLİN MƏRTƏBƏSİNƏ BAXASAN


     Bürkülü bir sentyabr axşamı Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza və İlyas Əfəndiyev gənc yazıçı Əfqan Əsgərovun elçiliyinə gedirlər. Elçiliyə getdikləri mənzil beşmərtəbəli bir binanın beşinci mərtəbəsində imiş və lift olmadığı üçün həmin bürküdə tər-qan içində piyada pilləkənləri qalxan Süleyman Rəhimov orta mərtəbələrdən birində ayaq saxlayıb deyir:
     – A kişi, adam da beşinci mərtəbədən qız alar?

TƏLƏT ƏYYUBOVUN HİKKƏSİ VƏ ƏLİ VƏLİYEVİN QƏZƏBİ


     Azərbaycan yazıçılarının arasında ən hündür boylulardan biri Əli Vəliyev, ən gödək boylulardan biri isə Tələt Əyyubov idi.
     Bir gün Əli Vəliyev, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Imran Qasımov, Zeynal Xəlil və Əhməd Cəmil Yazıçılar Ittifaqında, sədrin otağında oturub söhbət edirlər. Moskva səfərindən təzə qayıtmış Mehdi Hüseyn səfərlə bağlı nəsə deyir və İlyas Əfəndiyev bərkdən gülür. Elə bu dəm Tələt Əyyubov içəri girir və Mehdinin nəsə dediyini, İlyas Əfəndiyevin də bərkdən güldüyünü görüb pərt olur.
     – Niyə mənə gülürsüz?– soruşur.
     Mehdi Hüseyn deyir:
     – Tələt, sənə gülmürük. Başqa söhbət var idi.
     Tələt:
     – Xeyr, siz mənə gülürdüz!– deyir.
     İlyas Əfəndiyev:
     – A kişi, deyirik ki, sənə gülmürdük də!..
     Tələt sakit olmur:
     – Xeyr, siz mənə gülürdüz!
     Bu vaxt Əli Vəliyev birdən ayağa qalxıb düz Tələt Əyyubovun qabağına yeriyir və yuxarıdan aşağı Tələtə baxaraq:
     – Nədi, sənə gülmək olmaz? – soruşur.– Lap yaxşı edirdik sənə gülürdük!
     Tələt Əyyubov aşağıdan yuxarı Əli Vəliyevə baxır və daha bir söz demədən otaqdan çıxır.

ƏLİ VƏLİYEV VƏ DƏLLƏK ƏHVALATI


     Əli Vəliyev hündür boylu, cüssəli, uzunsifət bir adam idi. Şəxsiyyəti də olduqca səmimi idi, düzlüyü və dəqiqliyi çox sevirdi, özü də həyatı boyu buna riayət edirdi.
     İlyas Əfəndiyev də, Əli Vəliyev də bir müddət indiki Istiqlaliyyət küçəsində, Əlyazmaları Institutu ilə üzbəüz eyni dəlləkxanaya, eyni dəlləyə gedirdilər.
     Bir gün İlyas Əfəndiyevin saçını qırxan dəllək şikayət edir:
     – Əli müəllimdən narazıyam...
     – Niyə?
     – Üzünü qırxıram, mənə 25 qəpik verir...
     İlyas Əfəndiyev divardan asılmış preyskurantı göstərir:
     – Bilirsən, Əli Vəliyev çox düz adamdı. Orda yazıblar ki, üz qırxmaq 25 qəpikdir, o da sənə 25 qəpik verir.
     Dəllək:
     – Orası elədi e, İlyas müəllim...– deyir.– Ancaq Əli müəllimin sifəti, maşallah, üç kişi sifəti boydadı...

MƏRAHİM FƏRZƏLİBƏYOV ÖZÜNƏ ŞƏR ATIR


     İlyas Əfəndiyev təbiətən bir az vasvası adam idi.
     Bir gün Akademik Milli Dram Teatrında «Hökmdar və qızı» tamaşasının məşqləri gedir və İlyas Əfəndiyev də həmişəki kimi, «öz»» lojasında (birinci mərtəbənin birinci sağ lojası) oturub məşqi izləyir. Quruluşçu rejissor Mərahim Fərzəlibəyov isə parterdə orturub məşqə rəhbərlik edir.
     Tamaşanın Sisiyanov ilə Lisaneviç səhnəsində nə isə İlyas Əfəndiyevin xoşuna gəlmir və o, iradını demək üçün rejissoru çağırır:
     – Mərahim!
     – Bəli, İlyas müəllim.
     – Gəl bura!
     Mərahim Fərzəlibəyovun İlyas Əfəndiyevə böyük hörməti var idi, eyni zamanda İlyas Əfəndiyevdən çəkinirdi. Bu dəfə də hiss edir ki, İlyas Əfəndiyev, deyəsən, əsəbiləşib, ona görə də lojanın qapısını açır, amma içəri girmir.
     – Eşidirəm, İlyas müəllim.
     İlyas Əfəndiyev hirsli-hirsli:
     – Içəri gir!– deyir.
     İlyas Əfəndiyevin vasvasılığını bilən Mərahim:
     – Yox, içəri girmək olmaz, İlyas müəllim,– deyir.
     İlyas Əfəndiyev təəccüblə:
     – Niyə?– soruşur.
     Mərahim deyir:
     – İlyas müəllim, qotur tutmuşam, bütün günü qaşınıram. Gecə də vannada yatmışam ki, evdəkilərə keçməsin...
     İlyas Əfəndiyev tələsik:
     – Onda, get, get yerinə, – deyir. – Get!.. Sonra danışarıq...

REDAKTƏ YOX, KORREKTƏ!


     İlyas Əfəndiyev ərəb əlifbası ilə yalnız ibtidai siniflərdə təhsil almışdı, amma sonradan əlifbamız iki dəfə (kirildən latına keçməyimizi də saysaq, üç dəfə!) dəyişsə də, İlyas Əfəndiyev ömrünün sonuna kimi bütün əsərlərini ərəb qrafikası ilə yazdı və onun xəttini Yazıçılar Ittifaqının makinaçısı, yazıçıların çox hörmət bəslədiyi, rəhmətlik Sona xanım Sadıqovadan başqa heç bir makinaçı oxuya bilmirdi. Əlli ildən artıq idi ki, İlyas Əfəndiyevin əlyazmalarını (bütün romanlarını, pyeslərini, hekayələrini!) Sona xanım makinada çap edirdi.
     1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Sona xanım artıq yaşlaşmışdı, tez-tez xəstələnirdi, İlyas Əfəndiyev də məcbur olurdu ki, kiçik yazıları kiril əlifbası ilə yazsın və həmin yazıları makinadan çıxarmaq üçün «Vətən» Cəmiyyətinin çox savadlı və səliqəli makinaçısı Sara xanıma verirdi.
     Bir dəfə Sara xanım görür ki, İlyas Əfəndiyevin verdiyi mətndə bir söz «qofta» kimi oxunur və müəllifin yazı-pozu işlərində çox ciddi olduğunu bildiyi üçün İlyas Əfəndiyevə telefon açır:
     – İlyas müəllim, mətndə bir söz «qofta» kimi oxunur, amma mən elə bilirəm ki, «kofta»dır. Icazə verirsiz redaktə edim?
     İlyas Əfəndiyev:
     – Sara,– deyir.– Redaktə yox, korrektə edə bilərsən!

ƏLİ VƏLİYEVİN ÜRƏYİ GENİŞDİR


     Yazıçılar Ittifaqının Rəyasət Heyəti bir dəstə gənc yazıçının Ittifaqa qəbul olunması məsələsinə baxır. Əli Vəliyev birinci ayağa qalxıb söz alır və özünə xas olan bir qətiliklə təkid edir ki, bu gənclərin hamısı Yazıçılar Ittifaqına qəbul olunsun.
     Əli Vəliyev yerinə əyləşəndə onunla yanaşı oturmuş İlyas Əfəndiyev yavaşca soruşur:
     – Əli, bunların hamısını tanıyırsan, əsərlərini oxumusan?
     Əli Vəliyev də yavaşdan:
     – Yox,– deyir.– Bunların birini mənə tapşırıblar, amma adı, famili yadımdan çıxıb. Ona görə də, cavandılar, qoy, elə hamısını götürsünlər Ittifaqa. Sən də hamısına səs ver!

QARYAGINDƏ (FÜZULİDƏ) YÜZLƏRLƏ BOLŞEVİK OLUB?


     1980-ci ildə, Kommunist Partiyasının 26-cı qurultayı qurtarandan bir-iki gün sonra İlyas Əfəndiyevlə Cəmil Əlibəyov görüşür. Hal-əhvaldan sonra İlyas Əfəndiyev soruşur:
     – Cəmil, gözümə birtəhər dəyirsən, nə olub?
     Cəmil Əlibəyov deyir:
     – İlyas müəllim, hansı bir namərdsə 26-cı qurultaya məndən onanim məktub yazıb.
     – Yazıb ki, Əlibəyova kinostudiyanın direktoru kimi bir vəzifə tapşırıbsız, amma onun atası Ədil bəy Qaryagində yüzlərlə bolşeviki qanına qəltan eləyib.
     İlyas Əfəndiyev gülür:
     – Cəmil, Ədil bəyin yaxşı güllə atmağını mən rəhmətlik atamdan eşitmişəm. Amma Qaryagində yüzlərlə bolşevik hardaydı ki, Ədil bəy də onları bir-bir tutub qanına qəltan eləsin?

10


     İlyas Əfəndiyev 82 il yaşadı.
     Əlbəttə, az deyil.
     O, bu dünyadakı missiyasını yerinə yetirdi və getdi. Ancaq bir epizod həmişə mənim fikrimdədir. İlyas Əfəndiyev mistik, sirli əhvalatlarla, anomal hadisələrlə, o cümlədən, Uçan Naməlum Obyektlərlə çox maraqlanırdı.
     1996-cı ilin – ömrünün sonuncu ilinin bir yay axşamı, Zuğulbada, bağda, onun çox xoşladığı boylu-buxunlu evkalipt ağacının altında oturub söhbət edirdik və o söhbət fırlanıb gəlib Uçan Naməlum Obyektlərin üstünə çıxdı.
     İlyas Əfəndiyev yarızarafat, yarıciddi:
     – Onları çox görmək istəyirəm!– dedi.
     Mən:
     – Neynirsən onları?– soruşdum.
     İlyas Əfəndiyev bir az rişxəndli, bir az da kədərli, qayğılı gözləri ilə göyə baxıb:
     – Onlara deyəsi bir-iki sözüm var! – dedi.
     Bəli, İlyas Əfəndiyev bu dünyada 82 il yaşadı və çox Söz dedi. Amma, bununla belə, İlyas Əfəndiyev bu dünyada deyə bilmədiyi o «bir-iki» Sözü də həmişəlik özü ilə apardı...
     O «bir-iki» Sözü daha heç kim deməyəcək... 2002.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.03.2014) | Müəllif: R.C E W
Baxış: 694 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more