Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
İLYAS ƏFƏNDİYEV: ŞƏXSİYYƏTİ VƏ SƏNƏTİ
(Sənədli romandan fraqmentlər)
1.


     İlyas Əfəndiyev ən dəruni hisslər ilə Azərbaycana, Azərbaycanın içində – Qarabağa, Qarabağın içində isə – Füzuliyə, öz nəsil-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.
     Mən deyə bilmərəm ki, İlyas Əfəndiyev keçmişlə yaşayırdı, çünki belə deyildi, bəlkə də, əksinə idi, o, gələcəklə yaşayan bir adam idi və onun yaradıcılığındakı daimi yenilik meyli də, şəxsiyyətindəki xüsusiyyət – həmişə təzəlik, yenilik sorağında olması da, güman ki, elə buradan gəlirdi, amma bir cəhət də həqiqət idi:
     keçmiş həmişə İlyas Əfəndiyevin içində idi, həmişə onunla birlikdə idi. İlyas Əfəndiyevin «Geriyə baxma, qoca» və «Üçatılan» romanları, əslində, avtobioqrafik əsərlərdir və o romanlarda, eləcə də 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində yazdığı bir sıra xatirə-esselərdə, xüsusən, «Çovğunlu bir qış günündə», «Orfey quyudan çıxandan sonra nə gördü?..», «Axund Molla Şükürün cənnət bağı necə oldu?»da həyatının ilkin mərhələləri, soyu-kökü haqqında ətraflı yazıb və bu əsərlər yalnız onun özünün həyatının yox, ümumiyyətlə, xalqımızın yaxın keçmişdəki güzəranının, məişətinin, psixologiyasının, Qarabağ elatının etnoqrafik xüsusiyyətlərinin öyrənilməsi baxımından zəngin bir mənbədir. Bizim görkəmli tənqidçimiz Yaşar Qarayev yazırdı: «Azərbaycan tarixi barədə klassik sənədlər – yeddi «Qarabağnamə» var. Bütünlükdə, İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinci «Qarabağnamə» hesab edirəm».
     İlyas Əfəndiyevin ulu babası Xoca Əhməd Əfəndi XVIII yüzilin sonlarında Ərzurumun Kars mahalından gəlib Qarabağda, indiki Füzuli (o zamankı Qarabulaq, sonralar isə, orada öldürülmüş çar palkovniki Koryaginin şərəfinə «Qaryagin» adlandırılıb) rayonunun Saracıq deyilən obasında yurd salıb, orada evlənib, görkəmli din xadimi, islamşünas alim kimi məşhurlaşıb və onun nəsli «Əfəndi uşağı» kimi hörmət və nüfuz qazanıb.
     «Əfəndi uşağı» Xoca Əhməd Əfəndidən gələn dini ənənələri davam etdirib və o nəslin nümayəndələri bütün Arazboyu Qarabağın tanınmış, savadlı və nüfuzlu din xadimləri olublar.
     Ancaq təxminin yüz ildən sonra – XIX əsrin sonlarında «Əfəndi uşağı» nəslinin bu ənənəsi pozulub: Xoca Əhməd Əfəndinin nəticəsi Hacı Axund Molla Ağaməhəmmədin böyük oğlu Məhəmməd, həmin ənənəyə uyğun, nəsillikcə din xadimi olmaq əvəzinə, ilkin dini təhsilini başa vurduqdan sonra, ticarətə meyl edib və gənc yaşlarından etibarən, bacarıqlı, işgüzar, geniş əlaqələrə malik, ziyalı bir tacir kimi bütün Füzuli və ümumiyyətlə, Qarabağ camaatının hörmətini qazanıb. O, həm də igid, qabağından yeməyən, sərt xarakterə malik, at çapan, nişan vuran bir adam idi.
     İlyas Əfəndiyev 1993-cü ildə uşaqlıq çağlarını xatırlayaraq yazırdı: «Mənim dünyada fərəhləndiyim, fəxr etdiyim iki şey var idi: bunun biri Göydəmir atımızın Füzulidə, Şuşada heç bir cıdırda məğlub olmaması, ikincisi, atamın tapanca ilə sərrast nişan vurması idi. Novruz bayramında atamın, dostları ilə mərcləşib neçə metr hündürlüyə atılan almanı, yumurtanı havada necə vurduğunu çox görmüşdüm».
     Tacir Məhəmmədin Füzulidə müxtəlif mallar satılan doqquz dükanı, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Ağcəbədidə qumaş dükanları, Bakıda, Həştərxanda, Vladiqafqazda, Tehranda, Təbrizdə şərikləri var idi və Füzulidə tikilən ilk ikimərtəbəli böyük daş bina da onunku idi. Bolşeviklər gələndə soldatlar o binada yerləşdirilmişdi və sonralar bu barədə İlyas Əfəndiyev yazırdı: «On birinci ordu Azərbaycanı istila edəndə atamın mağazaları, bütün var-yoxu əlindən çıxmışdı. Biz qorxub Qaryagin şəhərindən kəndə qaçmışdıq. Evlərimiz xalça-gəbəylə, mebellə dolu qalmışdı. On birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi. Aralıq düzələndə, biz şəhərə – öz evimizə qayıdanda gördük ki, var-yoxumuzdan heç nə qalmayıb. Əsgərlər atamın Peterburqdan gətirdiyi mebelləri sındırıb taxtalarını ocaqda yandırmış, məxmərlərini də atlarına çul etmişdilər».
     Məhəmmədin elə gənc yaşlarında da ailə qurduğu Bilqeyis xanım isə, əslinəcabəti ilə bütün Qarabağda məşhur olan Bayram bəyin qızı idi və o, «Əfəndi uşağı»ndan fərqli olaraq, tamam dünyəvi bir nəslin nümayəndəsi idi. Orasını da deyim ki, bu iki müxtəlif təmayüllü nəslin qohumluğunun da maraqlı bir tarixçəsi var idi: gənc Məhəmməd, 16 yaşlı Bilqeyis xanımı qaçırmışdı və yeniyetməlik vaxtlarımda babamla nənəmin bu tarixçəsi Romeo və Cülyettanın hisslər aləmindən xəbər verən çox romantik bir əhvalat kimi mənə təsir edirdi...
     1988-ci ildə çap etdirdiyi «Çovğunlu bir qış günündə» adlı sənədli hekayəsində İlyas Əfəndiyev, 1934-cü ildə Pedaqoji Institutun tələbəsi ikən, qış vaxtı ata-anasının, bacı-qardaşlarının öz evlərindən çıxarıldığını, çadır qurub suyunpalçığın içində həyətdə yaşadıqlarını, üstəlik, atasının da xəstə olduğunu eşidib Füzuliyə qayıtmasını təsvir edir və yazır ki, onu Horadiz stansiyasından evlərinə köhnə tanışları – Həbib kişi öz faytonunda aparır.
     «Qədim Xorasan kürkünə bürünərək faytonun qozlasında əyləşmiş Həbib dayı keçən günlərdən, özünün cavan vaxtlarından danışırdı:
     – O vaxt atan (tacir Məhəmməd– E.) cavan, gözəl bir oğlan idi. Bilqeyis xanımı götürüb mənim faytonumda Ağdama qaçıranda, Pirağbulaq dərəsində Qaçaq Xanmuradın (XX əsrin onuncu illərindlə bütün Qarabağ mahalında məşhur bir qaçaq olub– E.) dəstəsinə rast gəldik... Atanın kimlərdən olduğunu, kiminlə qaçdıqlarını mən danışandan sonra, qaçaq Xanmurad barmağındakı brilyant üzüyü çıxarıb Bilqeyis xanıma verib dedi:
     – Bacı, bunu sənə boy görüncəyi verirəm. Inqilabdan sonra tez-tez gəlib, evimizi axtarıb, bizdən əsassız olaraq qızıl, tapanca tələb eləyən başabəla inzibati işçilər anamın dədə-babadan qalma ziynət şeyləri ilə birlikdə, Xanmuradın bağışladığı o üzüyü də aparmışdılar.» Şuşadakı rus gimnaziyasını bitirmiş Bayram bəy yalnız Füzuli tərəflərin deyil, bütün Qarabağın çox sayılan adamlarından biri idi və bu nüfuzuna, hörmət-izzətinə görə, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda, onu Ağdam qəzasının rəisi (naçalniki) təyin edirlər.
     Ağdam qəzası o zaman Gəncə quberniyasına daxil idi və Bayram bəylə qubernator Xudadat bəy arasında səmimi və məhrəm bir münasibət var idi. Yadıma gəlir, nənəm Bilqeyis xanım tez-tez xatırlayırdı ki, «Xudadat bəy dədəmə (yəni Bayram bəyə) demişdi ki, qoy Isfəndiyar bəy Şuşa realnı məktəbini bitirsin, onu Parisə oxumağa göndərəcəyik, Teymur bəyi də Fransada diplomatiya məktəbinə göndərəcəyik.»
     Isfəndiyar bəy – Bilqeyis xanımın kiçik qardaşı idi, amma tale ona başqa bir həyat yolu hazırlayıbmış: o, Şuşa realnı məktəbini qurtarandan sonra, XI rusbolşevik ordusu Azərbaycanı istila etdi və gümüş xəncəri belinə bağlayıb köhlən atın belində həmişə cıdır yarışlarını udan, davranışı, geyim-kecimi, igidliyi ilə «plov yemirəm ki, bığım yağa batar» deyən, eyni zamanda, rus ədəbiyyatını dərindən bilən, ümumiyyətlə, dünya mədəniyyətinə yaxşı bələd olan Isfəndiyar bəyin başına dünyanın min bir müsibəti gəldi və onun ömrü 1956-cı ildə Bakının keçmiş Poluxin küçəsində, Axund hamamının yanındakı birmərtəbəli binanın ikiotaqlı darısqal mənzilində sona yetdi.
     Teymuru isə – Bilqeyis xanımın dayısı oğlu Teymur bəy Bağdadbəyov idi və o yaraşıqlı, savadlı gəncə də diplomatlıq qismət olmadı – 1919-cu ildə erməni millətçiləri Şuşada xaincəsinə qətlə yetirdi və aradan nə qədər illər ötüb keçsə də, o qətlin ağrısı-acısı bizim evdəki xatirələrdən çəkilib getməmişdi...
     İlyas Əfəndiyev bütün bunlar barədə Nigar Rəfibəylidən bəhs etdiyi «Şairənin qisməti» adlı essesində yazıb və ümumiyyətlə, İlyas Əfəndiyev, ömrünün sonuna qədər Bayram bəyi tez-tez və xüsusi bir hərarətlə xatırlayırdı.
     Babası rəhmətə gedəndə (Əfəndiyevlər ailəsinə sonralar da çox zülm çəkdirmiş yerli bolşeviklər 1923-cü ildə onu zəhərləyib öldürmüşdülər) İlyas Əfəndiyevin doqquz yaşı var idi, amma onun Bayram bəylə bağlı xatirələri çox səlis və ən kiçik detallarına qədər təfərrüatlı idi, mən, hətta mat qalırdım ki, o yaşda uşaq bütün bunları necə yadında saxlayıb.
     Orasını da deyim ki, İlyas Əfəndiyev 1971-ci ildə tamaşaya qoyulmuş «Mahnı dağlarda qaldı» dramında Böyük bəy adı ilə Bayram bəyin obrazını yaratmışdı və bu surətin xarakteristikası ilə bağlı hər gün tamaşanın quruluşçu rejissoru Əliheydər Ələkbərovla danışması ilə kifayətlənməyib, günorta teatrdakı məşqlərdən sonra, hər axşam da telefonla bu rolun ilk ifaçısı Ismayıl Dağıstanlıya zəng edirdi, rolu təhlil edirdi, nüanslarını çatdırırdı.
     İlyas Əfəndiyevi narahat edən cəhət o idi ki, Böyük bəy – o dövrün ibarələri ilə desək, «sinfi düşmən» idi, amma müəllif onu ləyaqət, mərdlik, ağayanalıq, vətənpərvərlik, ailəcanlılıq timsalı kimi təsvir etmişdi və bütün bunları, necə deyərlər, akvarellə canlandırmaq lazım idi, çünki bu obraz və ümumiyyətlə, bu əsər, sovet yazıçısı tərəfindən, özü də dövrün hakim ideologiyası üçün çox mühüm olan bir mövzu ilə bağlı, gəmidə oturub gəmiçi ilə dava eləmək demək idi. İlk dəfə 1971-ci ilin 12 fevralında göstərilən bu tamaşada Böyük bəyin (Bayram bəyin!) obrazı İlyas Əfəndiyevin düşündüyü kimi də alındı və o dövrün ədəbi təsnifatı ilə desəm, Böyük bəy Azərbaycan sovet teatr sənətinin tarixinə «müsbət» bəy kimi düşdü. Bura orasını da əlavə edim ki, tamaşanın müvəffəqiyyəti o qədər böyük oldu və tamaşaçılar da, nüfuzlu tənqidçilər də onu elə yüksək qiymətləndirdilər ki, əsər Dövlət Mükafatı aldı.
     Sonralar mən «Mahnı dağlarda qaldı»nın əsasında «Mən hələ qayıdacağam» adlı kinossenari yazdım və rəhmətlik Kamil Rüstəmbəyov o ssenari əsasında eyniadlı film çəkdi və o film bir o qədər uğurlu alınmasa da, Həsənağa Turabovun ifasında Böyük bəy surəti filmdə də yaxşı çıxmışdı. Amma mən, deyəsən, mövzumdan bir az uzaqlaşıram...
     Məhəmmədlə Bilqeyis xanımın yeddi uşağı olur: ilk övlad İlyas, sonra Məhbub, Mustafa, Tofiq, Məhluqə, Arif, Nəzihə.
     Və bolşeviklər gəldikdən sonra, bu ailənin başına gətirilən məşəqqət, onların düçar olduğu min bir əzab-əziyyət barədə İlyas Əfəndiyev yuxarıda adını çəkdiyim əsərlərində, müsahibələrində bəhs edib, amma o məşəqqətə, o əziyyətlərə baxmayaraq, o yeddi uşağın yeddisi də («səsi alınmış»– yəni hakimiyyət tərəfindən bütün vətəndaş hüquqlarından məhrum edilmiş keçmiş tacir Məhəmməd 1933-cü ildə 46 yaşında vəfat etmişdi, nənəm Bilqeyis xanımın sözü ilə desəm, «bolşeviklər kişini çərlədib öldürdülər») böyüyüb təhsil aldı və cəmiyyətdə öz nəsillərinə layiq yer tutdu. Burada Bilqeyis xanımın sərt (düzdü, bəzi məqamlarda çox kövrək olurdu), məğrur xarakteri böyük rol oynamışdı.
     Təbiəti (və nəsli!) etibarilə zadəgan olan, mütaliəni çox sevən (axşamlar eynəyini taxıb həm əski – ərəb əlifbasında, həm də latın və kiril əlifbalarında kitablar oxuyurdu, ən çox sevdiyi romanlardan biri Mayn Ridin «Başsız atlı»sı, biri də Rəşad Nuri Güntəkinin «Çalı quşu» idi.) Bilqeyis xanım bütün canı ilə, qanı ilə sovet hökumətinə nifrət edirdi. Mənim bir çox təsirli uşaqlıq xatirələrim nənəmin Stalinə, başqa sovet rəhbərlərinə, komsomola, pionerə hədsiz kin-küdurəti ilə bağlıdır və çox zaman o, həmin nifrəti, kin-küdurəti gizlədə bilmirdi.
     Heç vaxt yadımdan çıxmayacaq bir epizodu xatırlayıram: 7 saylı məktəbin 3- cü sinifində oxuyurdum və bir gün bizi təntənəli surətdə pionerə keçirdilər, boynumuza qırmızı qalstuk bağladılar və biz pioner andı içdik. Məktəbə gəlmiş bəzi valideynlər bu münasibətlə uşaqlarını öpür, bir-birini təbrik edirdilər. O zaman biz Mirzə Fətəli küçəsi ¹ 117 ünvanında yaşayırdıq və mən də ilk dəfə boynuma bağlanmış o qırmızı ipək pioner qalstukunun sevinci ilə evə gəldim, şəstlə qapımızı döydüm. Qapını nənəm açdı və boynumdakı o ilk pioner qalstukunu görüb:
     – O nədi elə, taxmısan boynuna?– çımxırdı.– Çıxart, tulla o tərəfə!..
     İlyas Əfəndiyevin uşaqlıq yoldaşı, sonralar tarixçi olmuş Əhəd Bağırzadə 40- cı illərdə Azərbaycan KQB-sinin partiya təşkilatı katibi işləmişdi və İlyas Əfəndiyevə belə bir qəribə əhvalat danışmışdı: 40-cı illərin sonunda Moskvanın göstərişi ilə növbəti dəfə ifşa olunacağı nəzərdə tutulan «xalq düşmənləri»nin, yəni potensial repressiya qurbanlarının siyahısı tutulur və İlyas Əfəndiyevin də adı o siyahıda olur. Siyahını nəzərdən keçirən Mir Cəfər Bağırov öz əli ilə onun adını pozur və deyir:
     – Bu cavan yazıçıda işiniz olmasın. Neftçilərin həyatından yaxşı pyes yazıb («Işıqlı yollar»ı nəzərdə tutur). Qoyun qalsın. Ancaq bunun anası Azərbaycanda sovet hökumətinin ən qatı düşmənidir.
     Amma biz yenə Məhəmmədlə Bilqeyis xanımın övladlarına qayıdaq. İlyas Əfəndiyevin özündən sonrakı qardaşı Mustafa Əfəndiyev (Məhəmməd ikinci oğluna babası Axund Hacı Molla Ağaməhəmmədin atası Xoca Mustafa Əfəndinin adını qoymuşdu) fin müharibəsində, sonra II Dünya müharibəsində iştirak etdi, ağır yaralandı, müharibədən sonra isə Moskvada M.Lomonosov adına Universitetin jurnalistika fakültəsini bitirdi, görkəmli tərcüməçi və naşir kimi tanındı, 1982-ci ildə 63 yaşında ikən vəfatına qədər uzun müddət Azərnəşrin direktoru oldu. Onun bir çox tərcümələri, o cümlədən, Lev Tolstoydan tərcümə etdiyi «Hacı Murad» bizim tərcümə ədəbiyyatımızın gözəl nümunələrindəndir.
     Üçüncü qardaş Tofiq Əfəndiyev Xarici Dillər Institutunu bitirmişdi, tanınmış yazıçı, bir çox hekayə, povest və romanların, o cümlədən, məşhur «Prokuror» romanının müəllifi idi.
     Məhbub xanım və Məhluqə xanım (şair Çingiz Əlioğlunun anası) – müəllimə idilər, Arif Əfəndiyev – hüquqşünas, Nəzihə xanım – həkimdir. Orasını da deyim ki, ən kiçik bacısı Nəzihənin adını 17 yaşlı gənc ikən İlyas Əfəndiyev özü qoymuşdu və sonralar bu barədə yazırdı: «Bir aciz iynə ilə bir cəbəl nasıl qazılır?» misrası yadımda qalan şerin müəllifi gənc türk şairəsi Yişar Nəzihənin... şəklini məşhur türk ədəbiyyatşünası və şairi Ismayıl Hikmətin «Türk ədəbiyyatı» kitabında görmüşdüm... Mən təzə doğulan bacımın adını da Nəzihə qoymuşdum».
     Yəqin, qəribə cəhətlərdən biri odur ki, İlyas Əfəndiyevin həm ata, həm ana tərəfdən nəslində ədəbiyyatçılar, ümumiyyətlə, sənət adamları olmamışdı (yalnız dayısı, yəni Bilqeyis xanımın böyük qardaşı Cəlil bəy Bağdadbəyov tanınmış teatr xadimi, bir sıra pyeslərin, eləcə də çox maraqlı xatirələrin müəllifi idi, amma bu, – artıq onuncu illərin və sonraların hadisəsi idi), ancaq bu yeni nəsildə İlyas Əfəndiyevdən başqa, qardaşları da, artıq yazdığım kimi, ədəbiyyatçı idi. Sonrakı nəsildə də mən, qardaşım, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev, bibim oğlu, şair Çingiz Əlioğlu...

2.


     Qəribədir, İlyas Əfəndiyev uşaqlıq illərinə, soyuna-kökünə, iti hafizəsinin ötüb keçmiş günlərlə bağlı ömrünün son günlərinədək dəqiq təfərrüatlarıyla qoruyub saxladığı xatirələrə nə qədər bağlıydısa, bir o qədər də öz şəxsi arxivinə fikir verməyən, nəinki mətbuatda çap olunmuş əsərlərini, onun haqqında yazılmış məqalələri, hətta öz kitablarının belə, nüsxələrini özündə saxlamağa əhəmiyyət verməyən bir insan idi. Bizim tapıb, alıb gətirdliyimiz kitabları da, görürsən ki, hansısa oxucusuna, qələm yoldaşına, yanına gələn hansısa jurnalistə bağışlayırdı və təkrar nəşrləri hazırlayarkən, məcbur olurduq ki, əvvəlki nəşrləri kitabxanadan xahiş edib götürək, makinada üzünü çıxartdıraq.
     O öz şöhrətinin, öz yaradıcılıq taleyinin rejissoru deyildi və təbiəti etibarilə həmin sənətkarlardan biri idi ki, sənətinin taleyini zamanın (tarixin!) öhdəsinə buraxmışdı, onun üçün mübahisəsiz (və qəbul etdiyi!) bir həqiqət ondan ibarət idi ki, sən nə edirsən, et, göyə çıx, yerə düş, nə yazmısansa, onu zaman süzgəcdən keçirəcək və kafi, ya qeyri-kafi qiymətini verəcək – nə bundan yuxarı olacaq, nə də bundan aşağı.
     Və İlyas Əfəndiyev burasını da yaxşı bilirdi ki, sənəti süzgəcdən keçirəcək, çaf-çürük edəcək o qüvvə – zaman! tarix! – tamam amansız bir şeydir və heç bir şəxsi cidd-cəhdə baxmır.
     Bu, əlbəttə, o demək deyildi ki, İlyas Əfəndiyev yaradıcılığına qarşı biganə idi, əksinə, «yaradıcılığın taleyi» – bu mövzu onu daima düşündürürdü, bəzən tərəddüdlərə, hətta müvəqqəti bir mənəvi böhrana da gətirib çıxarırdı. Misal üçün, bir epizodu xatırlamaq istəyirəm, hərçənd bunu mən artıq hansı yazımdasa demişəm, amma indi də təkrar edirəm, çünki elə bilirəm ki, İlyas Əfəndiyevin yaradıcılıq psixologiyası, yazıçı xarakteri və ümumiyyətlə, təbiətinin xüsusiyyətləri barədə az şey demir.
     Bir dəfə axşamçağı mən ona baş çəkməyə getmişdim və onu görən kimi hiss etdim ki, fikirlidir, düşüncələri haradasa, başqa sferalardadır. Onun yaxşı kitabxanası var idi: müasir dünya ədəbiyyatı, klassiklər... və birdən İlyas Əfəndiyev iş otağında gəzişə-gəzişə kitab rəflərinin qarşısında dayandı və o kitabları göstərərək soruşdu:
     – Bunlardan sonra bizim yazmağımızın bir mənası var?
     «Bunlar» – Şekspir, Servantes, Molyer, Şiller, Höte, Lev Tolstoy, çox qiymətləndirdiyi Balzak, sevdiyi Flober...
     O zaman mən İlyas Əfəndiyevə belə bir cavab verdim:
     – Hər bir yazıçını öz xalqının taleyi, tarixi kontekstində qiymətləndirmək lazımdır. Hərənin öz yeri var. Yoxsa, hər şey, sənin şübhələndiyin kimi, mənasız olar.
     Mən bu gün də güman edirəm ki, onda atama düz cavab verdim. Amma bu cavab onun o dəmdəki hisslər aləminə nəsə bir təsir etdimi? – bunu deyə bilmərəm...
     Elə bilirəm ki, bu epizod onun öz yaradıcılığına və ümumiyyətlə, yaradıcılıq məsələlərinə, sənətə tələbkarlığından, daxili mübahisələrindən, yalnız sənətin yox, həyatın mənası barədə düşüncələrindən xəbər verirdi. Bəzən qəribə hadisələr olurdu.
     14 sentyabr 1943-cü ildə – gənc bir yazıçı olarkən – «Ədəbiyyat qəzeti»ndə İlyas Əfəndiyevin «Tar çalındı» adlı bir hekayəsi çap olunub – bu tarixi mən sonralar dəqiqləşdirdim, o hekayəni isə, necə olmuşdusa, ikinci nüsxəsi qorunub saxlanmış – indiki kimi yadımdadır – sapsarı, qıraqları didilmiş köhnə makina yazısından oxumuşdum, sonralar elə o köhnə makina yazısının sayəsində İlyas Əfəndiyev onu 1959-cu ildə nəşr olunmuş bircildlik «Seçilmiş əsərlər»inə, eləcə də 1964-cü ildə nəşr olunmuş ikicildliyinin birinci cildinə daxil etmişdi.
     60-cı illərin əvvəllərində, əgər, səhv etmirəmsə, 1966-cı ildə – onda mən aspiranturaya yenicə qəbul olunmuşdum – bizim gözəl yazıçımız Isa Hüseynovun «Saz» adlı povesti çap olundu və mən o povesti «Azərbaycan» jurnalında oxuyanda mat qaldım: eyni ilə İlyas Əfəndiyevin həmin hekayəsindəki süjet idi. O süjet bundan ibarət idi ki, qoca yaxşı tar çalır, yeganə qızı atasının tar çalmağını çox sevir, qız könüllü müharibəyə gedir, bundan sonra qocanın tarı divardan asılı qalır, çünki o da tarı, əslində, qızı üçün çalırdı və bir gün cəbhədən qızın qara xəbəri gəlir, həmin gecə qoca uzun fasilədən sonra, tarı sinəsinə sıxıb çalır.
     Gənc İlyas Əfəndiyevə xas olan lirik-romantik bir üslubda yazılmış bu əhvalat Isa Hüseynovun «Saz» povestində tar əvəzinə saz və qız əvəzinə oğlan olmaq etibarilə eynilə təkrar olunurdu.
     Düzdü, «Saz»da qələmə alınan material da başqa idi, təhkiyə də başqa idi, amma fakt, fakt olaraq qalırdı, necə deyərlər, kor-kor, gör-gör və mən bir gənclik hikkəsi və təəssübkeşliyi ilə bunu İlyas Əfəndiyevə deyəndə, o, əvvəlcə povesti oxudu, sonra mənim:
     – Heç olmasa, zəng elə Isaya, soruş ki, bu nə məsələdi belə? – deyə təhriklərimə gülümsəyə-gülümsəyə:
     – Isa yaxşı yazıçıdı,– dedi.– Görmürsən, elə bu povesti də yaxşı yazıb. Yəqin haçansa, yeniyetməlik vaxtlarında-zadda hekayəni oxuyub, o vaxtdan fikrində qalıb, sonra da sövq-təbii ortaya çıxıb...
     Bu barədə o, nə Isaya, nə də bir başqasına bir kəlmə dedi, hətta o hekayəni yeni kitablarına salmaq da istəmirdi və yalnız mənim təkidimlə həmin hekayə 1969- cu ildə nəşr olunan dördcildliyinin birinci cildində, 1981-ci ildə «Qırçı və qırmızı çiçək» hekayələr kitabında, 1984-cü ildə altıcildliyinin birinci cildində çap olundu və oxucular hazırkı nəşrin ilk cildində də həmin hekayəni – «Qoca tarını çaldı» – oxuya bilərlər.
     Mən bu hadisəni ona görə xatırlamadım ki, sonradan-sonraya Isa Hüseynovu suçlayım, əksinə, mən Isa Hüseynovu, xüsusən, 60 – 70-ci illərin ən yaxşı Azərbaycan nasirlərindən biri hesab edirəm və yeri düşmüşkən deyim ki, İlyas Əfəndiyev hələ 1957-ci ildə Isa Hüseynovun hekayələri haqqında «Yoldaşlıq söhbəti» adlı ayrıca məqalə yazıb «Ədəbiyyat və incəsənət» qəzetinin 3 avqust sayında çap etdirmişdi. Bu hadisəni də yalnız ona görə xatırladım ki, İlyas Əfəndiyevin xasiyyəti haqqında, mənim fikrimcə, az şey demir...

3.

     İlyas Əfəndiyev 80-ci illərin sonlarından etibarən mənim xahişimlə bir sıra xatirələr yazdı və elə bilirəm ki, o xatirə-esselərin onun yaradıcılığında xüsusi yeri var. Ona görə «mənim xahişimlə» deyirəm ki, İlyas Əfəndiyev ömrünün sonuncu günlərinə qədər daima yeni mövzular üzərində işləyirdi və onun xatirələr yazmağa, sadəcə olaraq, vaxtı yox idi. Bir də ki, xatirələr yazmağa o, bir az «yaradıcılığın sonu» kimi baxırdı və onun daimi işləyən bədii təfəkkürü, bədii fantaziyalar aləmi belə bir «yaradıcılıq sonu»nu heç vəchlə yaxına buraxmırdı. Onun 1987-ci ildə Əli Vəliyev haqqında yazdığı xatirəsi belə başlayırdı: «Mən keçmiş Qaryagin (indiki Füzuli) şəhərində coğrafiya müəllimi idim. Orada da yazmış olduğum «Kənddən məktublar» adlı hekayələr məcmuəmi 1938-ci ildə, məktəblilərin qış tətilində Bakıya gətirib Yazıçılar Ittifaqında nəsrə baxan mərhum yazıçımız Əbülhəsənə təqdim etdim. O mənim təhər-töhürümə, ayağımdakı uzunboğaz çəkmələrə baxaraq soruşdu:
     – Nəçisən?
     Nəçi olduğumu dedikdə, o:
     – Əzzim, əzzim,– dedi,– coğrafiya müəllimi hara, yazıçılıq hara?» Ədəbiyyat aləminə ilk adımını belə atan 25 yaşlı coğrafiya müəllimi İlyas Əfəndiyevin ilk kitabı – həmin «Kənddən məktublar» – 1939-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında çapdan çıxdığı vaxtdan etibarən, o – İlyas Əfəndiyev həmişə ədəbi tənqidin diqqət mərkəzində olub və bu uzun dövr ərzində onun yaradıcılığı haqqında yazılanlar həcm etibarilə, bəlkə də, onun özünün yazdıqlarından da çoxdur.
     İlyas Əfəndiyev haqqında elə yalnız Azərbaycan mətbuatında yazılanları xronoloji bir ardıcıllıqla gözdən keçirdikdə, haqsız, vulqar – sosioloji tənqidlərlə də rastlaşırıq, haqlı iradlara da rast gəlirik, amma bir həqiqət gün işığı kimi aşkardır: bir küll halında ədəbi tənqid və ümumiyyətlə, ədəbi ictimaiyyət İlyas Əfəndiyev yaradıcılığını həmişə yüksək qiymətləndirmiş, onun XX əsr Azərbaycan ədəbiyyatında tutduğu məxsusi yeri müəyyənləşdirməyə, yaradıcılığının poetikasını, «İlyas Əfəndiyev teatrı»nın bədii-estetik xüsusiyyətlərini açmağa çalışmışdır. Səməd Vurğun, İlyas Əfəndiyevin sadə adamları «böyük məhəbbətlə və hərarətlə» təsvir etdiyini, «onların zəhmətini parlaq və real boyalarla» göstərdiyini deyirdi. Nazim Hikmət, İlyas Əfəndiyevin dramaturgiyasını yüksək qiymətləndirirdi və məqalələrindən birində belə maraqlı bir fikir söyləyirdi: «Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın arasında kökün dərinliklərə yayılması, gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir birlik, vahidlik, budaqların eyni kök üzünə ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə həm oxşayırlar, həm oxşamırlar. Mirzə Ibrahimovla Mehdi Hüseynin nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da eyni şeyi söyləmək mümkündür».
     Məmməd Arif, İlyas Əfəndiyev haqqında bir sıra məxsusi məqalələr yazmışdı və onu «hər cür milli məhdudluqdan uzaq bir yazıçı» hesab edirdi, Mehdi Hüseyn, İlyas Əfəndiyevi «insan psixologiyasını təbii və sadə boyalarla göstərdiyi üçün» həmişə yüksək qiymətləndirirdi, hələ 1944-cü ildə, – o vaxt İlyas Əfəndiyev cəmi beş il idi ki, ədəbiyyata gəlmişdi – «Bir nasirimiz haqqında» adlı çox xeyirxah bir məqalə yazıb o zamanın ən nüfuzlu qəzetində – «Kommunist»də dərc etdirmişdi və özünə xas olan ədəbi intuisiya ilə Azərbaycan ədəbiyyatına yeni, heç kimə bənzəməyən bir istedadın gəldiyini göstərirdi. Eyni zamanda, aydın hiss olunur ki, Mehdi Hüseyn bu məqaləni «baş ideoloji tribunada» – «Kommunist» qəzetində dərc etdirməklə, həm də gənc yazıçını – İlyas Əfəndiyevi dövrün ideoloji hücumlarından qorumaq məqsədini də güdmüşdür.
     Sonralar Mehdi Hüseyn, İlyas Əfəndiyevin «Işıqlı yollar», «Atayevlər ailəsi» və başqa əsərləri haqqında geniş və dövrün kontekstində prinsipial əhəmiyyətli resenziyalar yazmışdı, Azərbaycan ədəbiyyatının aktual problemlərinə həsr olunmuş bir çox məqalələrində İlyas Əfəndiyevin yaradıcılıq xüsusiyyətlərinin üzərində dayanmış, bu xüsusiyyətlərin ədəbiyyata gətirdiyi yeniliklərdən bəhs etmiş, lazım olan məqamlarda – belə məqamlar isə az olmamışdı – öz prinsipial sözünü demişdi. Yeri düşmüşkən deyim ki, İlyas Əfəndiyev də Mehdi Hüseyn haqqında öz sözünü həmişə demişdir. Hələ 1946-cı ildə «Fəryad» haqqında mülahizələrim» adlı məqaləsini yazmışdı («Ədəbiyyat qəzeti», 3 iyul 1946), sonrakı illərdə də Mehdi Hüseynin yaradıcılığından, o cümlədən, kino yaradıcılığından ayrıca bəhs etmişdi və ümumiyyətlə, deməliyəm ki, həyatda da İlyas Əfəndiyevlə Mehdi Hüseyn çox yaxın dost idilər və mən gözümü açandan bu saf, necə deyərlər, «ürək dostluğunun» şahidi olmuşam və bir az sonra qısaca da olsa, bu barədə ayrıca yazacağam.
     Onlar 1942-ci ildə – Mehdi Hüseyn artıq tanınmış və iti qələmi, ədəbi mübarizədə kompromissiz və impulsiv xarakteri ilə özünə nüfuz qazanmış bir yazıçı və ədəbiyyatşünas, İlyas Əfəndiyev isə üç il əvvəl ilk hekayələr kitabını nəşr etdirmiş gənc bir yazıçı – birlikdə ilk yazılarını – Natəvan haqqında dövrü üçün çox maraqlı və cəsarətli bir məqalə yazmışdılar. İlyas Əfəndiyev 1944-cü ilin 26 dekabrında Akademik Milli Dram Teatrımızda (o zaman Məşədi Əzizbəyov adına Dövlət Dram Teatrı adlanırdı) tamaşaya qoyulmuş ilk səhnə əsəri «Intizar»ı da öz hekayələri əsasında Mehdi Hüseynlə birlikdə yazmışdı, 1948-ci ildə onlar bir yerdə A.Ostrovskinin «Son qurban» komediyasını Azərbaycan dilinə çevirmişdilər.
     Orası da mənim yadıma gəlir ki, həmin 40-cı illərin sonlarında – o zaman mən hələ heç məktəbə getmirdim – onlar birlikdə dublyaj üçün filmlərin mətnini tərcümə edirdilər və bəzən, həmin vaxt kino nazirinin müavini işləyən Imran Qasımov da onlarla birlikdə pulsuzluğun məcbur etdiyi belə bir müştərək «qonorar yaradıcılığına» qoşulurdu.
     Ancaq Mehdi Hüseynlə İlyas Əfəndiyevin bu dostluğu «bir-birilərini tərifləmək mənbəyi» deyildi, ədəbiyyatın, sənətin marağı İlyas Əfəndiyev üçün də, Mehdi Hüseyn üçün də son dərəcə vacib bir cəhət idi və mən dəfələrlə onların hansısa bir ədəbiyyat məsələsi ətrafında, hansısa bir əsərlə, o cümlədən, öz yazıları ilə bağlı necə qızğın, hətta müəyyən dövrlərdə bir-birindən inciyəcək dərəcədə kəskin mübahisələrinin şahidi olmuşam və onların ya bizdə, ya Mehdi Hüseyngildə bəzən gecənin yarısına kimi uzanan o ədəbi mübahisələri bu gün ən işıqlı xatirələr kimi tez-tez mənim yadıma düşür.
     İlyas Əfəndiyev ömrünün sonuna kimi Mehdi Hüseyni böyük hərarətlə, onun vaxtsız ölümünü böyük bir ürək ağrısı ilə yada salırdı, onun haqqında «Yeri görünən adam» adlı xatirə-esse yazmışdı («Azərbaycan» jurnalı, 1988, 2.), ancaq bu, başqa bir mövzudur və sağlıq olsun, haçansa bu barədə yəqin mən də geniş yazacağam... Indi isə yenə demək istədiyimə qayıdıram.
     Mirzə Ibrahimov yazırdı:
     «Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir». Süleyman Rəhimov özünəməxsus olan bir təhkiyə ilə:
     «İlyas Əfndiyev yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının münbit zəminindən doğan, rişələnən, getdikcə köklənən qoşa qardaş kimi qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə mahir dramaturqu birləşdirib, birlikdə söykək-söykək qaldırır...» – yazırdı.
     Mehdi Məmmədov göstərirdi ki, İlyas Əfəndiyev «mövzu seçməyi, məntiqli süjet qurmağı, dramatik vəziyyətlər, xarakterlər yaratmağı, öz fikirlərini bəyanat yolu ilə deyil, canlı hadisələrlə, yığcam dialoqlarda, əsl səhnə dili vasitəsilə ifadə etməyi gözəl bacarır.»
     Ismayıl Dağıstanlı isə, 1974-cü ildə yazırdı ki, Akademik Milli Dram Teatrımızın «son otuz ildəki inkişafını İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün deyil.»
     Orasını da deyim ki, Ismayıl Dağıstanlının bu fikri söylədiyi vaxtdan sonrakı iyirmi iki il ərzində İlyas Əfəndiyevin həmin teatrın səhnəsində daha doqquz əsəri tamaşaya qoyulmuşdu...
     Kamal Talıbzadə üçün «İlyas Əfəndiyev ən çox oxunan, sevilən, özü də heç kimə oxşamayan» bir yazıçıdır, bəstəkar Səid Rüstəmova görə, İlyas Əfəndiyev «bütün əsərlərində» «al-əlvan rənglər, naxışlar» görünən, «zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə malik» «bəstəkar qəlbli sənətkar» idi.
     Bu sitatları gətirdikcə gətirmək mümkündür. Cəfər Cəfərov və Məmməd Cəfər, Əli Vəliyev və Osman Sarıvəlli, Cəfər Xəndan və Əli Sultanlı, Mehdi Məmmədov və Əkbər Ağayev, Firudin Köçərli və Əzizə Cəfərzadə, Abbas Zamanov və Orucəli Həsənov və bir çox başqaları kimi, tamamilə müxtəlif, bir-birindən fərqli qələm sahibləri, sonrakı ədəbi nəsillərin Bəxtiyar Vahabzadə və Ismayıl Şıxlı, Bayram Bayramov və Bəkir Nəbiyev, Məsud Əlioğlu və Qulu Xəlilov, Cəlal Məmmədov və Əhəd Hüseynov kimi və bir çox başqa nümayəndələri, daha sonralar Xəlil Rza Ulutürk və Yaşar Qarayev, Seyfulla Əsədullayev və Təhsin Mütəllimov, Şamil Salmanov və Arif Səfiyev, Gülrux Əlibəyli və Inqilab Kərimov, Çingiz Hüseynov və Rüstəm Ibrahimbəyov, Islam Ibrahimov, Arif Hacıyev və Abbas Hacıyev, Ədilə Səfərova və Həsən Quliyev, daha da sonralar Aydın Məmmədov və Vilayət Quliyev, Kamil Vəliyev və İlham Rəhimli, Nizaməddin Şəmsizadə və Məryəm Əlizadə, Vaqif Yusifli və Akif Hüseynov, yenə də bir çox başqaları dəfələrlə İlyas Əfəndiyev yaradıcılığına müraciət etmiş və bu yaradıcılığı Azərbaycan xalqının XX əsrdəki tarixi və taleyi kontekstində yüksək qiymətləndirmişlər.
     İlyas Əfəndiyevin sağlığında Yəhya Seyidov, Yaqub Ismayılov, Aida Salahova, Yaşar Qarayev onun haqqında beş elmi monoqrafiya yazıb nəşr etdirmiş, XX əsr Azərbaycan nəsri və dramaturgiyasının, Azərbaycan ədəbi dilinin, Azərbaycan teatr sənətinin inkişafında İlyas Əfəndiyev yaradıcılığının rolunu və bədii-estetik xüsusiyyətlərini təhlil və tədqiq etmişlər. (Yəhya Seyidov. İlyas Əfəndiyev, Bakı, «Azərnəşr», 1975; Aida Salahova. İlyas Əfəndiyevin yaradıcılığının poetikası, Bakı, «Yazıçı», 1984; Yaşar Qarayev. İlyas Əfəndiyev, Bakı, «Bilik», 1987; Yaqub Ismayılov. İlyas Əfəndiyevin yaradıcılıq yolu, Bakı, «Elm», 1991; Yaşar Qarayev. Xarı bülbülün nağılı, Bakı, «Azərnəşr», 1995.) Əmin Əfəndiyevin tərtib etdiyi geniş biblioqrafik göstərici nəşr edilmiş (İlyas Əfəndiyev, Biblioqrafik göstərici, Bakı, Azərnəşr, 1985.), İlyas Əfəndiyevin yaradıcılığı haqqında dissertasiyalar müdaifə olunmuşdur. (Avtoreferatlar: H.H.Nəsirov. İlyas Əfəndiyevin yaradıcılıq yolu, Bakı, 1967; B.A.Məmmədov. İlyas Əfəndiyevin dramaturgiyası, Bakı, 1974; I.B.Salmanov. Azərbaycan sovet ədəbiyyatında lirikpsixoloji dramların dil və üslub xüsusiyyətləri, İlyas Əfəndiyevin frazeologiyası əsasında, Bakı, 1983; M.Ə.Əlizadə. Lirik-psixoloji dramda qəhrəman problemi, İlyas Əfəndiyevin yaradıcılığı əsasında, Bakı, 1990 və s.)
     Eyni zamanda, deməliyəm ki, İlyas Əfəndiyevin yaradıcılığından bəhs edən bu çoxsaylı məqalələr, istedadlı müəlliflərin ciddi tədqiqat əsərləri, təbii ki, Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslıq elminin inkişafında da az rol oynamamışdır. Bəli, bütün bunlar belə idi.
     Amma tamam səmimi deyirəm və istəyirəm ki, oxucular buna inansınlar: İlyas Əfəndiyevin, bəzən, özü haqqında yazılanları axıracan oxumağa hövsələsi çatmırdı və bu baxımdan onun üçün, bəlkə də, qat-qat artıq dərəcədə maraqlısı, bir insan və yazıçı kimi, onun hisslər aləmində daha artıq dərəcədə təsirlisi ard-arası kəsilmədən gələn oxucu məktubları idi. Yeni bir əsəri nəşr olunanda (misal üçün, «Söyüdlü arx» romanı), yaxud yeni bir əsəri tamaşaya qoyulanda (1964-cü ildə tamaşaya qoyulan «Sən həmişə mənimləsən»dən üzü bəri) isə poçtalyonlar hər gün onlarla, bəzən daha artıq oxucu məktubları gətirməkdən, o poçtalyonlardan birinin yadımda qalmış sözləri ilə desəm, onların «başmaqları yırtılırdı».
     Bir də ki, tanınmaz-bilinməz adamların – oxucuların, tamaşaçıların (və xüsusən də qadınların!) – telefon zəngləri... Onların etibarla söylədikləri həyat tarixçələri... hisslərin etirafı... müşkül suallar... və bu suallara cavab axtarışları... İlyas Əfəndiyevin xasiyyəti elə idi ki, bütün bunlarda onun üçün, hansısa bir iclasda, hansısa yüksək rütbəli bir çinovnikin, yaxud ədəbiyyat funksionerinin deyəcəyi tərifli sözdən, müqayisə olunmayacaq dərəcədə artıq bir hərarət – bəlkə də, bu yerdə məhrəmlik sözünü işlətmək olar?– var idi.
     İlyas Əfəndiyev heç bir bəhanəni, bəraəti, səbəbi yaxına buraxmadan, şüurlu surətdə öz yazı masasının arxasındakı kreslonu – özünün vəzifə kreslosu seçmişdi, onun iş kabineti mənzilindəki iş otağı idi və belə bir seçim onun təbiətinin, xarakterinin çox təbii bir cəhəti, xüsusiyyəti idi.
     İlyas Əfəndiyevin ən yüksək vəzifəsi 1958-ci ildən 1961-ci ilin əvvəllərinə qədər işlədiyi Yazıçılar Ittifaqının məsul katibi vəzifəsi olmuşdu (o zaman Yazıçılar Ittifaqının rəhbərliyi sədrdən və məsul katibdən ibarət idi).
     Yaxşı yadımdadı, bu vəzifəyə razılıq verməsi üçün, həmin ərəfədə Mehdi Hüseyn bir neçə gün axşamlar bizə gəlirdi, atamı dilə tuturdu, dost kimi xahiş edirdi, əsəbiləşib ədəbiyyat naminə tələb edirdi. O zaman Mehdi Hüseyn Yazıçılar Ittifaqının məsul katibi işləyirdi və bir-neçə gündən sonrakı plenumda Ittifaqın sədri seçilməli idi, İlyas Əfəndiyev isə, orada dramaturgiya üzrə məsləhətçi işləyirdi və Mehdi Hüseyn sidq-ürəkdən istəyirdi ki, o, məsul katib vəzifəsinə gəlsin. İlyas Əfəndiyev isə razılıq vermirdi və onun təkrar-təkrar dediyi söz indiyəcən mənim qulağımdadır:
     – Mehdi, hərə gərək öz işi ilə məşğul olsun də!.. Mənimki yazı-pozudu!..
     Təbiətən əsəbi bir adam olan Mehdi Hüseyn o saat pərtləşib alışırdı:
     – Bəs, mənə yazı-pozunun dəxli yoxdu?
     İlyas Əfəndiyev:
     – Sən başqa...– deyib gülürdü.
     Həmin gecələrdən birində Mehdi Hüseynin vəfalı həyat yoldaşı və İlyas Əfəndiyevin də çox hörmət etdiyi Fatma xanımın (mən tez-tez onlarda olurdum və ona «Fatma xala» deyirdim) bir zəngindən və dediyi:
     – İlyas, sən Allah, onu orada tək qoyma!– sözlərindən sonra məsul katib seçilməyinə razılıq verdi.
     «O» – Mehdi Hüseyn.
     «Ora» – Yazıçılar Ittifaqı.
     Fatma xanımın o zəngindən bir gün sonra Mehdi Hüseyn «ora» sədr, İlyas Əfəndiyev isə məsul katib seçildi.
     Ömrünün son illərində qələmə aldığı bir məqalədə İlyas Əfəndiyev katiblik fəaliyyətinə başlamasını belə xatırlayırdı:
     «Bu yaxınlarda çox sevdiyim Amerika yazıçısı Mark Tvenin «Məni necə deputat seçdilər» adlı hekayəsini təzədən oxuyurdum. O hekayə vaxtilə mənə özümün Yazıçılar Ittifaqının necə katibi olduğumu xatırlatdı. Mən katib seçildiyimin lap ilk günü Ittifaqın çox hörmət etdiyimiz işlər müdiri poçtanı gətirib mənə təqdim etdi. Bir neçə məktub, teleqram və sairə verib, iki bağlı konverti saxladı. Mən dedim:
     – Onları da açın, görək, nə var?
     Işlər müdiri həmişəki kimi ciddi cavab verdi:
     – Yoldaş İlyas, bu məktublar sizə aid deyil.
     Mən təəccüblə soruşdum:
     – Niyə?
     – Çünki siz partiyaçı deyilsiniz!
     – Deməli, bu məktubları ancaq partiyaçı katib oxuya bilər?
     – Bəli!» Beləcə fantasmoqorik iş günündən yeddi il sonra, 1965-ci ilin soyuq bir mart günündə Mehdi Hüseyn elə «oradaca» öz kabinetində haqq dünyasına köçdü... İlyas Əfəndiyev isə bir müddət yeni vəzifəsində işləyəndən sonra, getməyi barədə söz saldı və 1960-cı ilin ortalarından etibarən işə çıxmadı. Sonralar İlyas Əfəndiyev ömründəki yeganə «vəzifədə» işləməyini belə xatırlayırdı: «Ədəbi əsərlərin yüksək bədii keyfiyyəti, səmimiliyi uğrunda nələr etmək, qrafoman əsərlərlə necə mübarizə aparmaq haqqında, tarixi keçmişimizin bədii ədəbiyyatda əksi haqqında düşünürdüm. Lakin bütün bunlar barəsində tezliklə partiyaçı «yuxarı» ilə aramızda gizli konfliktlər başladı. Məsələn, mən «avtoritetli» müəllifin filan nəşriyyatda təzə çapdan çıxan filan «romanını» və ya «poemasını» oxuyub görürdüm ki, sünidir, quraşdırmadır. Fikirləşirdim ki, yazıçılar məclisində müzakirə eləyib, qüsurlarını göstərsək, başqalarına da görk olar. Müəllif yanıma gəlib, məmnun halda, əsərinin «yuxarıda» çox bəyənildiyini, yoldaş «rəhbərlərin» onu təbrik elədiyini söyləyirdi və bu söhbətdən çox keçməmiş görürdün ki, «Kommunist» qəzetində elə ağlasığmaz təriflərlə dolu bir məqalə çıxdı ki, adamın matı-qutu qurudu. Doğrusu, bu, mənim vəzifə borcuma toxunduğu və özümü, bir növ, təhqir olunmuş hiss elədiyim üçün, redaktora zəng eləyib soruşdum ki, siz özünüz o əsəri oxumusunuz?
     Redaktor:
     – Vallah, doğrusu, özüm oxumağa vaxt tapa bilməmişəm, gecə-gündüz rəsmi materiallarla məşğulam. Ancaq «yuxarıda» oxuyublar. Çox xoşlarına gəlib,– deyirdi.
     ... Bir gün öz-özümə haqq-hesab verdim ki... məndən Ittifaqa nə xeyir dəyib və özüm nə yazmışam? Baxıb gördüm ki, bu sualların cavabı çox yarıtmazdır. Ona görə də, günlərin birində papağımı götürüb, heç kəsə heç nə demədən çıxıb getdim».
     Və həmin gündən sonra İlyas Əfəndiyev Yazıçılar Ittifaqında işə çıxmadı. O, əslində, mehriban adam idi (düzdü, özü bunu büruzə vermirdi və ümumiyyətlə, İlyas Əfəndiyev hisslərin ifadəsi baxımından, əgər belə demək mümkünsə, qapalı adam idi, kimisə öz hisslər aləminə yaxınlaşdırmaqla arası yox idi, o aləm yalnız onun özünə məxsus idi), amma hərdən möhkəm sərtliyi də var idi və bir dəfə axşam eləcə bir sərtliklə telefonla Mehdi Hüseynə dediyi sözlər həmişəlik mənim yaddaşıma hopub:
     – Bilirsən nə var, Mehdi? Birtərəfli dostluq olmaz! Mən ömrümün üç ilini «orada» çürütdüm! Daha bəsdir! Indi sən də yaxşı dost ol, get, yuxarıda mənim məsələmi həll elə! Mən işə çıxmayacağam!
     «Yuxarı» – yəni ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və orada da İlyas Əfəndiyevin getməyinə razılıq vermirdilər, yəqin o «gizli konfliktin» aşkar olmasına ehtiyac yox imiş... Söhbət, əlbəttə, Mərkəzi Komitədə işləyən ayrıayrı adamlardan yox, Sistemdən gedir.
     Yaxşı yadımdadır, bir gün Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi və İlyas Əfəndiyevin də xətrini istəyən Nazim Hacıyev evimizə telefon açdı, İlyas Əfəndiyevlə xeyli söhbət etdi, onu yola gətirmək, hətta şirnikləndirmək («Ittifaqın məsul katibini deputat verəcəyik!») istədi, amma bir şey çıxmadı.
     Mehdi Hüseyn ilə o zaman Mərkəzi Komitənin birinci katibi işləyən Vəli Axundovun hələ xeyli əvvəllərdən yaxın münasibətləri var idi və mən atamla Mehdi Hüseynin oğlu Əlinin ad günlərinə gedəndə, Vəli Axundov da həyat yoldaşı Sara xanımla həmişə onlarda olardı.
     Bunu ona görə xatırlayıram ki, Nazim Hacıyevin zəngindən bir neçə gün sonra, çox güman, Mehdi Hüseynin təhriki ilə Vəli Axundov evə telefon açıb İlyas Əfəndiyevlə söhbət etdi, işdən çıxmaq istəməyinin səbəbini soruşdu. İlyas Əfəndiyev:
     – Ancaq bir səbəb var: yaradıcılıqla məşğul olmaq istəyirəm,– dedi, amma çox da qəti dedi.
     Bundan sonra, yalnız 1961-ci ilin ortalarında, təxminən doqquz ay işə çıxmayandan sonra İlyas Əfəndiyevi vəzifəsindən azad etdilər və o yerə, İlyas Əfəndiyevin Mehdi Hüseynə tövsiyəsi ilə, rəhmətlik Imran Qasımov seçildi və bir azdan, həqiqətən də, Azərbaycan SSR Ali Sovetinin deputatı «seçildi» (Mehdi Hüseyn isə SSRI Ali Sovetinin deputatı idi).
     Orasını da deyim ki, xeyirxah bir insan, dostların, tanışların, lap uzaqdanuzağa tanıdıqlarının belə, hər mənada «təcili yardımı» olan Imran Qasımovla da İlyas Əfəndiyev lap gənclik çağlarından istiqanlı bir münasibətdə idi və həmişə cavanlıqda tez-tez Imrangilə getməklərini, Imranın atası Həşim kişinin baməzə işlərini xüsusi bir şövq ilə danışırdı.
     Tale belə gətirdi ki, mən 1975-ci ildə, 32 yaşında ikən – o zaman Nizami adına Ədəbiyyat Institutunda baş elmi işçi vəzifəsində işləyirdim – Yazıçılar Ittifaqının katibi seçildim və SSRI respublikalarındakı Yazıçılar Ittifaqlarının ən gənc katibi oldum, özüm də vaxtilə İlyas Əfəndiyevin oturduğu kabinetdə oturdum. Bu, elə bil ki, bu hərdən İlyas Əfəndiyevə həyatın qəribə işlərindən biri kimi görünürdü və hərdən də mənə deyirdi:
     – Vallah, sən gül kimi Akademiyadan nahaq «ora» getdin. Səhərdən axşamacan intriqalar, o, bundan deyir, bu, ondan deyir, boş-boş da iclaslar!..– Sonra gülümsəyib deyirdi: – Düzdü e, Akademiyada da boş iclaslar az olmur...
     Həmin 1961-ci ildən 1996-cı ilin 3 oktyabrına – ömrünün son gününə qədər İlyas Əfəndiyev heç yerdə işləmədi və onun ən çox xoşlamadığı, ürəyini darıxdıran şey – iclas idi və demək olar ki, heç bir iclasa getmirdi, çox nadir hallarda, xüsusi bir səbəb olanda gedirdi.
     Bəxtiyar Vahabzadənin müşahidəsi dəqiqdir:
     «İlyas Əfəndiyev həmişə yazıb-yaratmışdır. Onun gurultulu məclislər, təntənəli yığıncaqlarla arası yox idi. Onun «sakit» fəaliyyəti həmişə oxucu və tamaşaçılar üçün partlayış və güclü sevinc gətirmişdir».
     İlyas Əfəndiyev yalnız Azərbaycanın yox, Sovet Ittifaqının barmaqla sayılacaq çox az yazıçılarından biri idi ki, Kommunist Partiyasının üzvü deyildi. Düzdü, İlyas Əfəndiyev SSRI-nin demək olar ki, mülki şəxslərə verilən bütün ordenlərini – Lenin, Oktyabr Inqilabı, Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı – almışdı, xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı idi, amma bunların bir çoxu onun özü üçün də gözlənilməz olmuşdu. Xasiyyətində təbii bir qürur olan İlyas Əfəndiyev, bu mükafatlara qarşı, həqiqətən, biganə idi. Indi çoxları belə deyir: guya, sovet mükafatlarına, ümumiyyətlə, bütün mükafatlara qarşı biganədirlər, onlar üçün əsas mükafat xalqın məhəbbətidir və s. və i.a.
     Mən 70-80-ci illərdə, dediyim kimi, Yazıçılar Ittifaqının katibi işləmişəm, sonra da başqa vəzifələrdə olmuşam və bu «biganələrin» həmin mükafatları almaq üçün hansı dəridən-qabıqdan çıxdıqları, bəzilərinin hansı şərəfsizliyə belə getdikləri mənim gözlərimin qabağındadı...
     Ancaq mən mövzumdan uzaqlaşmayım.
     Bir dəfə söhbət düşəndə İlyas Əfəndiyev mənə dedi:
     – Bəyəm, Füzuliyə Lenin ordeni vermişdilər?
     Amma elə bilirəm ki, mənim ona verdiyim cavabda da bir az həqiqət var:
     – Füzulinin dövründə Lenin ordeni yox idi. Olsaydı, verərdilər... Bəlkə də yanılırdım? Bilmirəm...
     Yeri düşmüşkən, bir hadisəni də qeyd etmək istəyirəm. 1984-cü ildə İlyas Əfəndiyevin 70 yaşı tamam olurdu və həmin ərəfədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi rəhmətlik Kamran Bağırov məni yanına dəvət etdi (bu da qəribə bir ənənəyə çevrilmişdi ki, lap cavan yaşlarımdan etibarən, «yuxarılar» atamla bağlı bir məsələ olanda, onun özünü yox, məni dəvət edirdi, sözlərini mənə deyirdilər). Kamran Bağırov, açıq-aşkar hiss olunan bir təəssüf hissi ilə və tamam səmimi şəkildə mənə dedi ki, çox çalışmasına baxmayaraq, Sov.IKP Mərkəzi Komitəsi İlyas Əfəndiyevə Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə razı olmur.
     – Mən bu məsələdən ötrü Qorbaçovun yanınacan gedib çıxdım (o zaman Baş katib xəstə Çernenko, Qorbaçov isə faktiki ikinci katib idi– E.). Dedi ki, 70 yaşına qədər heç Sov.IKP-yə üzv də olmayan bir yazıçıya biz Sosialist Əməyi Qəhrəmanı adını necə verək?– Mədəni bir adam olan Kamran Bağırov az qala üzrxahlıq edirdi...
     Doğrusu, bu söhbət mənim üçün gözlənilməz oldu, çünki o vaxta qədər bu barədə bir söz eşitməmişdim, Yazıçılar Ittifaqı da həmişə belə vaxtlarda olduğu kimi, Mərkəzi Komitəyə heç bir təqdimat yazmamışdı və axşam İlyas Əfəndiyevin yanına gedib bu əhvalatı ona danışanda, bərkdən şaqqanaq çəkib güldü:
     – Bəlkə ərizə verib Kommunist Partiyasına girim?
     İlyas Əfəndiyevin indiyəcən mənim qulağımda olan o şaqqanağı, o dəm, Çernenkoya da, o ada da, Kommunist Partiyasına da sidq-ürəkdən gələn bir lağın, iztehzanın ifadəsi idi və həmin axşam biz yaxşıca konyak içib ədəbiyyatdan, sənətdən, necə deyərlər, Irandan, Turandan xeyli söhbət etdik.
     70 illiyində isə Lenin ordeni aldı.
     Ancaq yalnız bir orden – Azərbaycanın «Şöhrət» ordeni onu, həqiqətən, sevindirmişdi. Bəlkə də «sevindirmişdi» sözünü bu yerdə mən bir o qədər də dəqiq işlətmirəm, «fərəhlənirdi» demək daha düz olardı, həm də, əslində, Azərbaycan üçün fərəhlənirdi, Azərbaycanın müstəqilliyinə görə, Azərbaycan dövlətinin öz ordeni olduğuna görə.
     İlyas Əfəndiyev müstəqil Azərbaycanın dövlət ordenini alan ilk yazıçı, ümumiyyətlə, ilk mədəniyyət xadimi idi və bu yerdə mən ən səmimi surətdə Heydər Əliyevin adını çəkmək istəyirəm.
     Heydər Əliyev həmişə İlyas Əfəndiyevə qarşı diqqətli olmuşdu və hələ 1980- ci ildə deyirdi:
     «İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks etdirilmişdir. Öz yaradıcılığında yazıçı, cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir».
     Və İlyas Əfəndiyev də həmişə Heydər Əliyevə böyük hörmətlə yanaşırdı. İlyas Əfəndiyev vəfat etdiyi gün Heydər Əliyev Sərəncam verərək Baş nazirin birinci müavini Abbas Abbasovun sədrliyi ilə Rəfael Allahverdiyev (Bakı şəhər Icra Hamiyyətinin sədri), Ağa Bala Hacıyev (Nazirlər Kabineti Işlər idarəsinin müdiri), Ismayıl Sadıqov (Nazirlər Kabineti Elm, Mədəniyyət və Təhsil şöbəsinin müdiri), Polad Bülbüloğlu (Mədəniyyət naziri), Anar Rzayev (Yazıçılar Birliyinin sədri) və Çingiz Abdullayevdən (Yazıçılar Birliyinin katibi) ibarət «İlyas Əfəndiyevin dəfnini təşkil etmək üçün Hökumət Komissiyası» yaratdı və səhərisi gün – 4 oktyabrda Şəhriyar adına Mədəniyyət Mərkəzində İlyas Əfəndiyevlə son vida mərasimi keçirildi.
     O mərasimdə iştirak edən Heydər Əliyev mənə başsağlığı verərkən bu sözləri də dedi:
     – Xalqımız böyük sənətkarını itirdi... Akademik Dövlət Milli Dram Teatrının təmiri çox uzandığına görə, İlyas Əfəndiyev özü həmin teatrın səhnəsində tamaşaya qoyulan on doqquzuncu əsərini – «Hökmdar və qızı» tamaşasını görə bilmədi. İlk tamaşa onun vəfatından düz qırx dörd gün sonra – 1996-cı ilin 17 noyabrında böyük müvəffəqiyyətlə göstərildi (o vaxtdan da bu günə kimi səhnədədir!) və 1997-ci il sentyabrın 20-də Heydər Əliyev gəlib o tamaşaya baxdı, əsəri çox yüksək qiymətləndirdi, tamaşadan sonra yaradıcı heyətlə görüşərək dedi:
     «– Şübhəsiz ki, biz bu gün, ilk növbədə, əsərin müəllifinin – böyük yazıçımız, dramaturqumuz İlyas Əfəndiyevin xidmətlərini qeyd etməliyik... İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töfhələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, vətənə və millətə sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu məsələlərdən çox bəhrələnmişdir.
     Ona görə də mən bu gün İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə, teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin xatirəsini əbədiləşdirmək üçün, qərarlar da qəbul edəcəyik, şəxsən mən bunu edəcəyəm, çünki o buna layiqdir. Belə əsərlərlə o, onsuz da özünü xalqın qəlbində yaşadacaqdır.
     Onun son əsəri – bu gün sizin təqdim etdiyiniz əsər həyatımız üçün çox əhəmiyyətlidir. Bu gün salonda üç saatdan artıq vaxt çox tez gəlib keçdi. Yeni tamaşa o qədər maraqlı, məzmunlu, mənalı idi, həm də siz hamınız o dərəcədə gözəl ifa etdiniz, salonda oturanlara bu əsəri gözəl çatdırdınız,– o cümlədən mənə də, – heç hiss etmədim ki, nə qədər vaxt keçibdir. Bu da ona görədir ki, birincisi – əsərin həsr olunduğu mövzu çox aktualdır, çox vacib bir mövzudur. Bu əsərlə İlyas Əfəndiyev yeni bir xidmət edibdir, bizim tariximizin o dövrünü açıb xalqımıza göstəribdir...» («Azərbaycan» qəzeti, 23 sentyabr 1997.)
     Mən, yenə də bayaqkı mövzuma qayıdıram. Yadıma gəlir, «Körpüsalanlar» povestini İlyas Əfəndiyev 1959-cu ilin sonunda yazıb bitirmişdi və unudulmaz Sona xanımın – mən gözümü açandan Yazıçılar Ittifaqında işləyən və İlyas Əfəndiyevin ərəb əlifbası ilə xəttini oxuyan yeganə makinaçının çap etdiyi əlyazmanın ilk oxucusu mən oldum. O zaman 10-cu sinifdə oxuyurdum və «Körpüsalanlar»ın romantikası, o əsərdəki lirika, psixoloji məqamlar mənə çox təsir etmişdi, hətta o qədər təsir etmişdi ki, bunu atamdan gizlətməyə çalışırdım...
     İlyas Əfəndiyev «Körpüsalanlar»ı da, başqa əsərləri kimi, əvvəlcə «Azərbaycan» jurnalına vermək istəyirdi.
     Ancaq hər şey başqa cür oldu.
     O zaman ən nüfuzlu qəzet Azərbaycan Kommunist Partiyasının orqanı olan «Kommunist» qəzeti idi və o qəzetin redaktoru rəhmətlik Israfil Nəzərov həmin ərəfədə İlyas Əfəndiyevdən qəzet üçün bir yazı istədi. İlyas Əfəndiyev isə ayrıca bir yazı yazmağa vaxtı və həvəsi olmadığı üçün, «Körpüsalanlar»dan kiçik bir parça seçib ona göndərdi (orası da yadımdadı ki, həmin parçanı mən aparıb Israfil Nəzərovun katibəsinə verdim).
     Bir gündən sonra, Israfil Nəzərov dedi ki, parça çox xoşuna gəlib və povestin hamısını oxumaq istəyir. İlyas Əfəndiyev əsəri ona göndərdi və təxminən on-on beş gündən sonra Israfil Nəzərov İlyas Əfəndiyevə telefon açdı, dedi ki, bütün redaksiya heyəti povesti oxuyub, çox xoşlarına gəlib və qərara alıblar ki, əsəri nömrədən nömrəyə əvvəldən axıracan çap etsinlər.
     Bu, o zaman üçün çox əlamətdar bir hadisə idi, çünki «Kommunist» qəzeti o vaxta qədər belə böyük əsər dərc etməmişdi, belə bir ənənə yox idi. Beləliklə, 1960-ci ilin 7 sentyabrından başlayaraq, «Körpüsalanlar» «Kommunist» qəzetində çap olunmağa başladı və oxucular arasında geniş əks-səda doğurdu.
     İlyas Əfəndiyev Füzulidə coğrafiya müəllimi işləyəndə, onunla birlikdə Qulam adlı bir müəllim də eyni məktəbdə dərs deyib və onlar yaxın dost olublar. Sonra rayonun «təşəbbüskar bolşevikləri» Qulam müəllimi «xalq düşməni» kimi ifşa edir və onu Sibirə göndərirlər. Mən uşaq vaxtı evimizdə Qulam müəllim haqqında çox eşitmişdim: «Görəsən, başına nə iş gəldi? Sağdı? Yoxsa güllələyiblər?» – nənəmin, atamın, Qulam müəllimin şagirdi olmuş kiçik bibim Nəzihənin o pıçıltısını, elə bil, indi də eləcə eşidirəm. 1956-cı ilin mənim üçün tamam heyrətamiz bir günündə Sibirdən sağ-salamat qayıtmış Qulam müəllim birdən-birə bizim qapımızı döydü... Deyəsən, qələm məni yenə başqa istiqamətə aparır...
     Uzun sözün qısası, Sibirdə sağlamlığını tamam itirmiş, çox zəifləmiş Qulam müəllim uzun müddət özünə bab bir iş tapa bilmədi, atam o zaman Mədəniyyət naziri işləyən Məmməd Qurbanovdan xahiş etdi, Qulam müəllim nəsə bir işə düzəldi, amma orada da çox işləyə bilmədi, axırda Bakıdakı qəzet köşklərindən birində satıcı işləməyə başladı və o rəhmətlik həmişəki kimi, həmin 1961-ci ilin sentyabr ayında da fasilə vaxtı tez-tez bizə gəlirdi və Bilqeyis xanımın açdığı balaca nahar süfrəsinin arxasında oturub «Körpüsalanlar»a qədər köşkdə yatıb qalan «Kommunist» qəzetinin səhər-səhər yarım saatın içində satılıb qurtardığını, camaatın isə, elə hey «Kommunist» qəzeti istədiklərini xüsusi bir ləzzətlə danışırdı. Ancaq on üç nömrədən sonra, əsər yarıya çatmış, sentyabrın 21-də qəzet birdən-birə elan dərc etdi ki, povestin çapını dayandırır.
     Bu – İlyas Əfəndiyev üçün həm gözlənilməz oldu, həm də əsərin beləcə yarımçıq qalması, təbiidir ki, ona ağır təsir etdi.
     Sonra məlum oldu ki, povestin çapı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunun tapşırığı ilə dayandırılıb və bu hadisə Israfil Nəzərovun özünü də çox pərt edib. Orasını da deyim ki, İlyas Əfəndiyevlə Israfil Nəzərovun cavan yaşlarından etibarən istiqanlı münasibətləri var idi.
     Yadıma gəlir, həmin sentyabr axşamlarından birində Israfil Nəzərov, İlyas Əfəndiyevə ürək-dirək vermək üçün bizə gəldi, oturub bir az yeyib-içdilər və iş elə gətirdi, söhbət elə alındı ki, İlyas Əfəndiyev özü Israfil Nəzərova ürək-dirək verməyə başladı...
     Bir müddət keçdikdən sonra, Azərbaycan mətbuatında «Körpüsalanlar»a qarşı Stalinin ölümündən sonra Azərbaycan ədəbi həyatında misli görünməmiş bir cəhalət hücumu kompaniyası və həmin kompaniyanın yaratdığı ajiotaj başladı: əsərin bədiiestetik cəhətləri qaldı bir tərəfdə və Stalin dövrünə məxsus bir vulqar-sosioloji cəbhədən, sovet cəmiyyətinin mənəvi qələbələr əldə etdiyi bir zamanda bu povestdə «əxlaq normaları pozulur», «müasir əxlaq normasından kənara çıxan sərbəst hərəkətlərə» yol verilir, «Səriyyə Qəribcanla hadisələrin əvvəlindən sonuna qədər açıq-saçıq bir şəkildə, təsəvvürə sığışmayan (!– E.) bir tərzdə davranır» (Səriyyə haqlıdırmı? «Ədəbiyyat və Incəsənət» qəzeti, 17 iyun 1961; «Sevil»dən «Saçlı»ya», «Azərbaycan jurnalı, 1962. və s.) deyə, povest nadan mülahizələrlə «ifşa» edilirdi, hətta iş o yerə gəlib çıxmışdı ki, misal üçün, «Azərbaycan qadını» jurnalı «Körpüsalanlar»ı «ifşa» edən xüsusi rubrika açmışdı və nömrədən-nömrəyə təşkil etdiyi «hiddətlənmiş oxucu məktubları» çap edirdi.
 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.03.2014) | Müəllif: R.C E W
Baxış: 1155 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more