Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti-4
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>

     İlyas Əfəndiyev:
     – Sən də az yazmamısan...– dedi və bu, əlbəttə, yalnız Cəfər müəllimin könlünü almaq üçün deyilən sözlər deyildi, həqiqət idi.
     Amma o kədərin akvareli Qovuşaqdakı o payız axşamından tamam çəkilib yox olmadı...
     Cəfər Cəfərov bir müddət Mərkəzi Komitədə şöbə müdirinin müavini vəzifəsində işləmişdi və güman ki, onun o payız axşamı səsindəki o kədər də, onun üçün həmin illərdə itirilmiş günlərin yaratdığı daxili ab-havanın ifadəsi idi. Sonradan iş belə gətirdi ki, həmin payız axşamından bir-iki il sonra, 1967-ci ildə Cəfər Cəfərov yenidən Mərkəzi Komitəyə qayıdası oldu və bu dəfə ideoloji katib vəzifəsinə...
     Nə etmək olar, Cəfər müəllimin o payız axşamı dediyi kimi, həyatdı də...
     Cəfər Cəfərov İlyas Əfəndiyevin dramaturgiyası barədə yüksək fikirdə idi. Vaxtilə «Bahar suları» haqqında da, «Atayevlər ailəsi» barədə də yazmışdı, amma 1964-cü ildə onun «Sən həmişə mənimləsən»in tamaşası haqqında yazdığı «Təklik faciədir» məqaləsi, ədəbi prosesdə həqiqi mənada səs saldı və mən deyə bilərəm ki, o pyes dramaturgiyamızın, o tamaşa teatr sənətimizin inkişafında hansı rolu oynamışdısa, o məqalə də Azərbaycan teatr tənqidinin inkişafında o rolu oynadı. Unudulmaz Əli Vəliyev yadıma düşür...
     İlyas Əfəndiyevin Əli Vəliyevlə xüsusi məhrəmanə münasibətləri var idi və Əli müəllim rəhmətə gedəndən sonra, ən hərarətli hisslərlə tez-tez onu xatırlayırdı, bu vicdanlı, təmiz adamın baməzə əhvalatlarını yadına salırdı, bizə də danışıb ürəkdən gülürdü və deyirdi ki, yazmağı bacarasan, Əli özü gözəl bir əsərin, «Don Kixot» səviyyəli bir əsərin qəhrəmanının prototipi ola bilər. «Dostumuzu xatırlayarkən» adlı essesində İlyas Əfəndiyev 30-cu illərin sonlarını, 40-cı illərin əvvəllərini xatırlayıb yazırdı:
     «Doğrusu, o zaman biz gənc yazıçılar özümüzdən yaşlı şairlərdən, yazıçılardan həmişə iki adamın – Səməd Vurğunla Əli Vəliyevin köməyinə güvənirdik. Çətinliyə düşəndə onlara müraciət edərdik. Əli bizim nöqsanlarımıza qarşı nə qədər sərt idisə, xahişimizə qarşı da o qədər qayğıkeş idi. Səməddə də, Əlidə də bizim ata-babalarımızdan, xalqdan gələn bir mərdanəlik var idi». Mən bu yerdə Sabirabadda yaşayan və artıq adını çəkdiyim həkim-yazıçı Əli Ağabəylini də xatırlamaq istəyirəm. Əli bəy Tibb Institutunda (indiki Tibb Universitetində) Mehdi Hüseynin həyat yoldaşı Fatma xanımla bir yerdə oxumuşdu və onu atamla Mehdi Hüseyn tanış etmişdi. O tanışlıqdan sonra Əli Ağabəyli ömrünün sonuna kimi İlyas Əfəndiyevin və ümumiyyətlə, bizim evin, ailənin sadiq və etibarlı bir dostuna çevrildi.
     Əli Ağabəyli çox koloritli, mədəni və çox da mütaliəli bir adam, yaxşı şahmatçı və böyük kitab həvəskarı idi. Moskvada yeni və maraqlı nə kitab çıxırdısa, o saat xəbər tuturdu və o kitabı əldə edirdi. İlyas Əfəndiyev üçün isə mütaliə, dediyim kimi, klassikləri oxumaq da, müasir dünya ədəbiyyatındakı maraqlı hadisələrin içində olmaq da, gündəlik həyatının yemək kimi, içmək kimi atributlarından biri idi.
     Əli Ağabəyli, İlyas Əfəndiyevlə, onun ətrafı ilə elə qaynayıb-qarışmışdı ki, o da Kislovodskdakı o pansionat-klubun daimi yay üzvlərindən birinə çevrilmişdi... İlyas Əfəndiyev Mir Mehdi Seyidzadə ilə həm uzun müddət qonşu oldu, həm də çox duzlu zarafatları var idi və İlyas Əfəndiyev hər dəfə «Hüsü Hacıyev» küçəsindəki məşhur Yazıçılar Binasının balkonunda Ağanı (Mir Mehdiyə belə deyirdilər) görəndə, onun öz sözləri ilə:
     – Ey zalım, necəsən?– deyirdi.– Təzə qəzəl zühur eləyib, yoxsa, yox?
     Və belə balkon görüşləri və zarafatları çox zaman ya Ağa əmigildə (mən də ona belə müraciət edirdim), ya da bizdə gözəl ekspromt bir məclislə qurtarırdı, illah da ki, Ağa əmi yeni bir qəzəl yazmışdısa, o məclislər lap aləm olurdu.
     Ağa deyirdi:
     – Ey zalım! Klassiklər yüz gözələ cəmi bir qəzəl yazırdı, mən isə, bir gözələ yüz qəzəl yazıram!
     İlyas Əfəndiyev 40-cı illərdə Kinostudiyada ssenari şöbəsinin müdiri işləmişdi və elə o vaxtlardan da Lətif Səfərovla, Muxtar Dadaşovla yaxın münasibətləri var idi. Lətif Səfərov hərdən-bir axşamlar bizə gələrdi («Körpüsalanlar»a film çəkmək istəyirdi) və həmin axşamlardan birində, faciəli ölümündən – intiharından təxminən bir həftə-on gün əvvəl, içi araqla dolu qədəhi başına çəkib İlyas Əfəndiyevə dediyi sözlər heç vaxt mənim yadımdan çıxmır:
     – Tofiqə gözəl mahnılar yazdırdım, Rəşidi də saxladım gələcək nəsillərə. Elə bu – mənim bəsimdi!
     Lətif Səfərov «Bəxtiyar» filminin quruluşçu rejissoru idi və söhbət Tofiq Quliyevin o film üçün bəstələdiyi mahnılardan, Rəşid Behbudovun da baş rolda o mahnıları ifa etməsindən gedirdi.
     Indi – rəhmətlik Lətif Səfərovun dediyi həmin «gələcək nəsillər»in yetişdiyi, bir-birini əvəz etdiyi bir vaxtda, mən hər dəfə Rəşidin ifasında o mahnıları eşidəndə, televizorda o filmdən fraqmentləri görəndə, bizim evdəki o axşamı xatırlayıram... Mən bu mövzunu qurtarmağa çətinlik çəkirəm, çünki hər dəfə son nöqtəni qoymaq istəyəndə yeni bir işıqlı sima gözlərimin qarşısında canlanır və mən onun barəsində, onunla İlyas Əfəndiyevin münasibətləri barədə, bu münasibətlərin də, öz növbəsində, sənət aləminin, Azərbaycan ədəbi-mədəni mühitinin bir hissəsi, bir parçası olması haqqında yazmaya bilmirəm, yazmasam, elə bil ki, onların ruhu qarşısında, nəsə, bir günah işlədirəm...
     Onların hamısı yazılmalıdı.
     Sağlıq olsun...
5.


     Artıq dediyim kimi, İlyas Əfəndiyev ədəbiyyata 1939-cu ildə «Kənddən məktublar» kitabındakı hekayələrlə gəldi və vəfatından sonra nəşr olunmuş «Sən ey böyük Yaradan» kitabındakı hekayə və kiçik povestlər isə onun son əsərləri oldu.
     Bu 57 yaradıcılıq ili ərzində İlyas Əfəndiyev altı roman («Söyüdlü arx» – 1958; «Körpüsalanlar» – 1960; «Dağlar arxasında üç dost» – 1963; «Sarıköynəklə Valehin nağılı» – 1976; «Geriyə baxma, qoca» – 1980; «Üçatılan» – 1981; bu romanların bəzisi povest kimi də təqdim olunub), beş povest («Kənddən məktublar»
     – 1939; «Aydınlıq gecələr» – 1941; «Torpağın sahibi» – 1952; «Qaçaq Süleymanın ölümü» – 1993; «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» – 1996), böyüklükiçikli qırx yeddi hekayə, bir çox oçerklər və xatirələr yazmışdır və bu nəsr yaradıcılığı onun yaradıcı fəaliyyətinin daimi tərkib hissəsi olmuşdur, İlyas Əfəndiyev nəsri və İlyas Əfəndiyev dramaturgiyası daima bir-birini əvəz və davam etdirmişdir.
     Orası da maraqlıdır ki, İlyas Əfəndiyev heç bir nəsr əsərini səhnələşdirməmişdir və o, bunu, ümumiyyətlə, qəbul etmirdi, «Pyes lap başlanğıcdan səhnə üçün düşünülməli, səhnə üçün yazılmalıdır!» – deyirdi, yazıçının öz romanını, povestini, hekayəsini səhnələşdirməsi barədə isə, yəqin bir az da hissə qapılaraq: «Aşığın sözü qurtaranda, sazım, dınqıl-dınqıl deyər!»– deyirdi. İlyas Əfəndiyevin hekayələri haqqında və bu hekayələrin Azərbaycan hekayəçiliyinin və ümumiyyətlə, Azərbaycan nəsrinin, Azərbaycan bədii dilinin inkişafında, janrın poetikası baxımından estetik rəngarəngliklərin əldə edilməsindəki rolu barədə çox yazılıb və bu da çox maraqlı və yəqin ki, əlamətdar bir faktdır: onun o ilk hekayələr kitabının – «Kənddən məktublar»ın düz 63 il (!) bundan əvvəlki rezonansı bu gün də hələ unudulmayıb.
     Oxucuların İlyas Əfəndiyevin hekayələrinə marağı ilə bağlı uzaq keçmişdə qalmış bir epizodu xatırlayıram.
     1954-cü ilin yayında – o zaman mən beşinci sinifə keçmişdim – biz Şuşadakı Yaradıcılıq Evinə getmişdik və həmin yay İlyas Əfəndiyevin yeni yazdığı «Su dəyirmanı» hekayəsi radio ilə verildi, hekayə böyük olduğu üçün, üç gün dalbadal oxundu.
     Şuşanın Bazar başı deyilən mərkəzində, taxta elektrik dirəyinin (şalbanın) başında gur səsi aləmi bürüyən bir radio aparatı var idi və o hekayə oxunan həmin üç gündə Bakıdan, ətraf rayonlardan Şuşaya istirahətə gələnlərin, Şuşa cavanlarının necə geyinib-kecinib Bazar başına yığışaraq hansı bir maraqla o radioya qulaq asmaları, Bazar başını bürümüş o gözəl hiss-həyəcan, Şuşadakı o «radio bayramı» və mənim də o adamların arasında daxili bir qürur və çox ciddi bir görkəmlə gözümü o radio aparatına zilləməyim tez-tez mənim yadıma düşür və elə bil, o hissləri yenidən yaşayıram....
     Mən «radio bayramı» dedim, bəlkə də Şuşadakı «hekayə bayramı» demək daha düz olardı...
     Və İlyas Əfəndiyev 1958-ci ildə ilk romanını – «Söyüdlü arx»ı yazanda, bu, ədəbi ictimaiyyətdə, bir növ, «sürpriz» kimi bir şey oldu, çünki o, artıq 20 il idi bir hekayəçi və dramaturq kimi tanınırdı, amma bu roman da ilk dəfə «Azərbaycan» jurnalının həmin ildəki 10 və 11-ci saylarında dərc olunan kimi, həm ədəbi tənqiddə, həm də oxucuların arasında böyük rezonans doğurdu.
     Yadıma gəlir, jurnal romanın çapını təzəcə bitirmişdi ki, «Azərbaycan gəncləri» qəzetində Xəlil Rzanın, bu şairə xas olan bir emosionallıqla yazdığı «Söyüdlü arx» romanının qəhrəmanı Nuriyyəyə açıq məktub»u dərc olundu (11 yanvar 1959), sonra Süleyman Rəhimovun «Ədəbiyyat və incəsənət» qəzetində «Söyüdlü arx» barəsində» adlı iki böyük məqaləsi çıxdı, bundan sonra məqalələr bir-birini əvəz etdi və o dövrün mətbuatını nəzərdən keçirən olsa, bunun şahidi ola bilər ki, «Söyüdlü arx» Azərbaycan ədəbi tənqidində, o vaxta qədər olmayan bir bədii-estetik təlatüm yaratdı.
     Bunu mən ona görə xüsusi qeyd edirəm ki, o vaxta qədər Azərbaycan ictimai fikrindəki «ədəbi təlatümlər» ideoloji xarakter daşıyırdı, bədiiyyat, poetika, estetik xüsusiyyətlər ədəbi tənqiddə ideoloji aktuallıqdan sonra gələn və haqqında ötəri bəhs olunan (ya da heç bəhs olunmayan!) ikinci dərəcəli əhəmiyyətə malik cəhətlər idi...
     Çox keçmədi ki, «Söyüdlü arx» Tamara Kalyaginanın tərcüməsində Moskvada, «Drujba narodov» jurnalında (1960, ¹ 12) dərc edildi, elə həmin 60-cı illərin əvvəllərində çex, slovak, gürcü, erməni, qırğız, eston, Ukrayna, latış dillərində nəşr olundu, sonra başqa dillərə çevrildi.
     «Söyüdlü arx»ın oxucular tərəfindən, xüsusən, gənc qızlar, gəlinlər tərəfindən necə qarşılanması ilə bağlı, yalnız bir faktı (belə faktlar isə, olduqca çox idi!) misal gətirsəm, elə bilirəm ki, bu günün oxucusunda 50-ci illər oxucusunun «Söyüdlü arx»la bağlı hiss-həyəcanlarının koloriti haqqında təsəvvür yarana bilər: Bakıdakı 190 saylı məktəbin tanınmış ədəbiyyat müəllimi Sürəyya Mirabdullayeva bu romanı birinci cümləsindən tutmuş sonuncu cümləsinə qədər əzbər bilirdi (!). «Körpüsalanlar»la bağlı mən artıq yazdım və İlyas Əfəndiyevin sonrakı romanlarının da ədəbi taleyi beləcə uğurlu oldu, amma «uğurlu oldu» o demək deyildi ki, hər şey hamar gedirdi, heç bir maneə yox idi və s. Yox, belə deyildi.
     Yenə bir hadisə yadıma düşür.
     «Sarıköynəklə Valehin nağılı» romanının çapından sonra, oxucuların böyük marağını, tənqidçilərin istəyini nəzərə alaraq, Yazıçılar Ittifaqı, bu romanın da, İlyas Əfəndiyevin başqa romanları və ümumiyyətlə, başqa əsərləri kimi, sovet ideoloji tələbləri baxımından ögeyliyinə baxmayaraq, Mərkəzi Komitədən də heç bir icazə almadan, məşhur Natəvan adına klubda romanın geniş müzakirəsini keçirdi və «Ədəbiyyat və Incəsənət» qəzeti bu müzakirəni geniş də işıqlandırdı (14 may 1977).
     Və birdən-birə Mərkəzi Komitənin yüksək rütbəli çinovnikləri (xüsusən, mədəniyyət şöbəsinin müdiri) böyük bir cidd-cəhd və kin-küdurətlə Yazıçılar Ittifaqından izahat tələb etməyə başladı ki, kimdən icazə alıblar və nə üçün bu romanın müzakirəsini keçiriblər, «Ədəbiyyat və Incəsənət» qəzetindən də başqa bir izahat tələb etdilər ki, nə üçün bu müzakirənin materiallarını dərc edib?
     O zaman mən Yazıçılar Ittifaqının katibi işləyirdim və o «MK tələbi»nin bütün təfərrüatı mənim yaxşı yadımdadır. Imran Qasımovu tez-tez MK-ya çağırırdılar, izahat tələb edirdilər, MK-nın ideoloji katibi, bilmirəm, romanı oxumuşdu, ya yox, amma Imran Qasımova: «– Bu roman inkişaf etmiş sosializm cəmiyyətinə (o zaman belə bir termin dəbdə idi– E.) yad bir əsərdir» – deyirdi, Imran Qasımov isə, heç bir izahat verməyəcəklərini bildirir və romanı müdafiə edirdi.
     Nəhayət, rəhmətlik Imran Qasımov, görəndə ki, Yazıçılar Ittifaqından da, «Ədəbiyyat və Incəsənət» qəzetindən də əl çəkmirlər, təlimat almış peşəkar «keçi suyu bulandırma mütəxəssisləri» artıq fəaliyyətə başlayıb və məsələ «Sarıköynəklə Valehin nağılı»na qarşı əməlli-başlı bir ideoloji «ifşa» kompaniyası ərəfəsinə gəlib çatıb, MK-nın o zamankı birinci katibi Heydər Əliyevin yanına getdi, məsələdən onu agah etdi və Heydər Əliyevin də elə Imranın yanındaca selektorun düymələrini basıb hadisəyə çox kəskin reaksiya verməsi ilə, həmin «izahat» tələbləri yox oldu... Bununla bağlı bir maraqlı (və səciyyəvi!) epizod da yadıma düşür. Elə o günlərdən birində mən nə üçünsə MK-ya getmişdim və arakəsmədə mədəniyyət şöbəsinin müdiri ilə rastlaşdım. Məni sidq-ürəkdən qucaqlayıb rusca: «– Sağ olsun Heydər Əliyeviç!– dedi.– Filankəsi (MK-nın ideoloji katibinin adını çəkdi) yaxşı yerində oturtdu! İlyas müəllimə mənim təbrikimi çatdır!» Halbuki, həmin yoldaş Filankəsin qulağını elə bu adamın özü doldurmuşdu və «Sarıköynəklə Valehin nağılı» ətrafinda yaranmış o hay-küyün də səbəbkarı elə o özü idi. Bu adam 1968-ci ildə İlyas Əfəndiyevin «Unuda bilmirəm» pyesinin tamaşasını da «millətçilik» təbliğ etdiyinə görə qadağan etmək istəyirdi və mən irəlidə bu barədə yazacağam. Bu gün bütün bunları xoş bir əhvalla xatırlamaq da, eləcə bir əhvalla oxumaq da mümkündür, çünki bu gün bunların hamısı artıq tarixin səhifələridir, o vaxt isə həmin bu tarixin yarandığı günlər idi və əhvalı pozurdu, qanı qaraldırdı, əsəbləri gərginləşdirirdi, bir sözlə, həyatı zəhərləyirdi...
     Amma o vaxt da həyat davam edirdi...
     Və İlyas Əfəndiyev həmişəki səliqə-səhmanıyla öz yazı mizinin arxasında idi. «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» adlı povestini o, yuxarıda göstərdiyim kimi, 1996-cı ilin 28 mayında bitirdi və bir gənclik həvəsi, şövqü ilə, həmişə müəllifinə xas olmuş lirik-romantik üslubda qələmə alınmış bu kiçik psixoloji povest İlyas Əfəndiyevin yazdığı sonuncu bədii əsərdir. İlyas Əfəndiyev nəsrlə ədəbiyyata gəldi, nəsrlə də getdi...
     O, 1983-cü ildə yazdığı «Duyğuların estafeti» adlı essedə uşaqlıq çağlarını xatırlayır, nənəsinin ona danışdığı bir əhvalatı uşaqlıq dostu Əhəd Bağırzadəyə danışmasını və həmin əhvalatın onlara necə təsir etməsini yazırdı: «Mən bu əhvalatı qoca nənəmdən eşitmişdim. Nənəm Sadıqcanı (söhbət Azərbaycan ifaçılıq sənətinin klassiki, məşhur tarzən Sadıqcandan gedir– E.) görmüşdü. Deyirdi, olduqca gözəl, yaraşıqlı bir oğlan idi. Sadıqcan tar çalanda güllüklərdə bülbüllər susub ona qulaq asarmışlar. Xanlıqdan gözəl, zərif bir qız Sadıqcana aşiq olubmuş. Lakin Sadıqcan evli olduğu üçün onun sevgisinə cavab verə bilməyib, aldatmaq da istəməyib. Qız isə, bu sevgidən dərdə düşüb, vərəm olub. Biz bir tərəfdən qızın halına acıyır, bir tərəfdən də Sadıqcanın kişi hərəkətini, arvadına, ailəsinə sədaqətini hiss edib mütəəssir olurduq. Sanki heç özümüz də hiss etmədən insanların gözəl rəftarları, hissləri bizi ucaldırdı, bizə səbəbini, mahiyyətini dərk etmədiyimiz şairanə bir ilham verirdi. Biz tanıyıb-tanımadığımız bütün yaxşı insanları sevməyə, özümüz də onlar üçün fədakarlıqlar etmyə hazır idik. Indi bu sətirləri yazarkən də mənə elə gəlir ki, bütün uşaqlar göz açıb ilk dəfə dünya ilə tanış olmağa başlayanda, o hisslərlə yaşayırlar».
     Və daha səkkiz ildən sonra, İlyas Əfəndiyev 70 il içində gəzdirdiyi o «mütəəssirliyi», o hissləri kağıza köçürür... «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» povestini yazır. Bu povest İlyas Əfəndiyevin sonuncu bədii əsəridir və onu 1996-cı il mayın 28-də bitirib. 82 yaşında yazdığı bu son povest gənclik ehtirası, şövqü, hisslər aləminin zənginliyi, romantik duyğular baxımından onun ən maraqlı yazılarından biridir.
     Sadıqcanın nəvəsi Aybəniz xanım, o zaman Xarici işlər naziri vəzifəsində işləyən Həsən Həsənovun həyat yoldaşıdır və mən «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı»nı oxuyandan sonra, əlyazmanı Həsən Həsənova da verdim ki, oxusunlar. Səhəri gün Həsən Həsənov mənə telefon açdı və:
     – Heç vaxt inanmaq olmaz ki, bu hissləri 82 yaşlı bir yazıçı ifadə edib,– dedi.– İlyas müəllimin adı olmasaydı, mən elə bilərdim ki, bu gözəl povesti 30 yaşlı bir gənc yazıb.
     «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» faktı mənim üçün ona görə əlamətdardır ki, İlyas Əfəndiyevin ən kiçik uşaqlıq çağları ilə, ömrünün, hətta 80-ni keçən sonrası arasında da bir harmoniya, hissiyyat dəyişməzliyi və zənginliyi var idi və o bir uşaq kimi həyata hansı hissiyyatla gəlmişdisə, elə həmin hissiyyatlarla da həyatdan köçdü.

6.


     Teatr İlyas Əfəndiyev üçün gündəlik həyatının nəfəs almaq, su içmək, yemək kimi tamam təbii, mübahisəsiz bir atributu idi və onun həyatının xüsusən son 32 ili («Sən həmişə mənimləsən»dən sonra) ən sıxı surətdə teatrla bağlı keçmişdir. Bu yerdə «teatr» məfhumu yalnız İlyas Əfəndiyevin tamaşalarından ibarət deyil, onun ehtiva dairəsi çox genişdir: bura Akademik Milli Dram Teatrının qapıçısı ilə hal-əhval tutmaqdan, yaradıcı heyətin, bütün işçilərin dərdindən-sərindən xəbərdar olmaqdan, onların ailə-məişət problemləri ilə bağlı xahişlərinə çarə qılmaqdan tutmuş, teatrın bədii-estetik simasının müəyyənləşdirilməsinə, gənc istedadların səhnəyə gətirilməsinə, yeni-yeni aktyor nəslinin yetişdirilməsinə qədər – hər şey onunla bağlı o «teatr» məfhumunun içində idi.
     Mən yuxarıda qeyd elədim ki, İlyas Əfəndiyev öz şəxsi arxivinə fikir verən adam deyildi, bəzən özü haqqında yazılan məqalələri belə, axıracan oxumağa hövsələsi çatmırdı, amma Akademik Milli Dram Teatrına bir əsər verdikdən sonra, onun mizarxası oxunuşundan tutmuş, bütün məşqlərində iştirak edirdi, hətta 80-90- cı illərdə hərdən nasaz olanda da məşqlərə gedirdi və biz buna etiraz etmirdik, çünki o məşqlərdən sonra özünü daha yaxşı hiss edirdi, ovqatı dəyişirdi, bəlkə özü də bunun fərqində deyildi, amma teatr ona açıq-aşkar müsbət emosiyalar verirdi və bu müsbət emosiyaların yalnız gözəl mənəvi deyil, cismani təsiri də açıq-aşkar idi.
     İlyas Əfəndiyev teatra necə bağlıydısa, teatr da eləcə ona bağlı idi. Aktrisa Şəfiqə Məmmədova:
     «Bu gün teatra onu yalnız və yalnız İlyas müəllim kimi sevə bilən, onu İlyas müəllim kimi duya və qiymətləndirə bilən bir sənət bilicisi, sənət fədaisi gərəkdir. İlyas müəllim səviyyəsində və masştabında bir sənətkarın teatrla birgə işi, sənət ünsiyyəti böyük nəticələr verdi ki, bu, göz qabağındadır. Özünü bütünlüklə teatra həsr edən bu böyük sənətkara mənim mənsub olduğum sənətkarlar nəsli də çox borcludur».
     Rejissor Mərahim Fərzəlibəyov:
     «Onun nüfuzu, istedadı, qələminin qüdrəti qarşısında hamı baş əyirdi, bir sözünü iki edən yox idi. O, bəyəndiyi rejissoru hər hansı incəsənət müəssəsindən çağırıb tamaşasının səhnə təcəssümünü verdirə bilərdi... İlyas Əfəndiyev dramaturgiyası məni bir rejissor kimi yetişdirdi. Mən hər gün İlyas Əfəndiyev dramaturgiyası ilə ünsiyyətdəyəm. Teatrda quruluşunu verdiyim tamaşalar səhnədə olan günlərdə tamaşalarla, yerdə qalan günlərdə pyesləri ilə ünsiyyətdə oluram. Bu zaman İlyas müəllimin müqəddəs ruhi varlığı ilə hər gün dialoqa girir, xəyalən onunla söhbətləşir, məsləhətləşir, əsərlərini müzakirə edirəm. İlyas Əfəndiyevin nəfəsi teatrımızın hər daşına hopmuşdur. Mən onu hər gün tamaşa salonunda hiss edirəm. Mən onu qrim, məşq otaqlarında görürəm. Teatrın hər qarışı, hər bir işığı İlyas Əfəndiyevlə bağlıdır.»
     Artist Səyavuş Aslan:
     «Mən bir sənətkar kimi teatr sənətində başqalaşmağımın, az-çox nəyəsə nail olmağımın səbəbini o qüdrətli sənətkarın öyüd-nəsihətlərində görürəm».
     Artist Əlabbas Qədirov:
     «Şəxsən mən 30 ilə yaxın yaradıcılığımda az-çox nəyə nail ola bilmişəmsə, bunun üçün İlyas Əfəndiyevə, böyük dramaturq və gözəl insana minnətdaram».
     Artist Fuad Poladov:
     «Əgər, teatrımızın yaşlı nəslinə mənsub olan aktyorlar söhbətlərində bir aktyor kimi yetişmələrində müasirləri Cəfər Cabbarlının və onun dramaturgiyasının böyük rolundan fəxrlə danışırdılarsa, biz də, yəni altmışıncı illərdə səhnəyə gəlmiş gənclər, cəsarətlə deyə bilərik ki, səhnəyə gəlişimizdə, bir aktyor kimi püxtələşməyimizdə müasirimiz İlyas Əfəndiyevin və onun zəngin dramaturgiyasının müstəsna rolu olmuşdur».
     Aktrisa Bəsti Cəfərova:
     «Onun teatr sənətinə ülvi, təmiz, yüksək məhəbbəti, sənətkarlara münasibəti, tamaşa üzərində aktyorlarla işləmək bacarığı, tamaşa hazırlanıb istehsalata buraxılandan sonra da tamaşanın qayğısını çəkməyi, tamaşa ilə bağlı hər bir məsələ ilə maraqlanması, sənətdə heç bir kompromisə getməməsi bizə həmişə dərs idi».
     Aktrisa Firəngiz Mütəllimova:
     «Həyatda kimə və nəyə görə yaşamağımın səbəbini dərk etdiyimə və bir də Vətənimə, xalqıma olan sonsuz sevgimə görə tək bir insana – unudulmaz İlyas Əfəndiyevə borcluyam».
     Aktrisa Kübra Əliyeva:
     «Mənə hər dəfə sual verirlər: «– Kübra xanım, bu sənətə gəlməkdə sənə kim kömək edib, müəllimin, rejissorun kim olub?
     Hər yerdə, hər zaman və ömrümün sonuna qədər cavabım budur:
     – İlyas Əfəndiyev! İlyas Əfəndiyev! İlyas Əfəndiyev!».
     Mən bu mülahizələri oxuyuram və fikirləşirəm ki, İlyas Əfəndiyevin teatrla belə bir qarşılıqlı bağlılığının, onun, hələ gənc yaşlarından etibarən, bir yazıçı kimi daima dramaturgiyaya meyl etməsinin, «İlyas Əfəndiyev teatrı»nın Azərbaycan mədəniyyətində yeni keyfiyyətli bədii-estetik bir hadisə kimi meydana çıxmasının, görünür, lap uşaq çağlarından bir işıq kimi içinə dolmuş teatr təəssüratının rolu böyük olmuşdur.
     İlyas Əfəndiyev uşaq ikən, Füzulidə, onun özünün sözləri ilə desəm, «kiçik, amma maraqlı, sevincli bir dram dərnəyi var idi» və bu dərnəyi yoxsullaşmış zadəganlardan olan Şamxal bəy Vəzirov təşkil etmişdi. Balaca İlyas o dərnəyin ifasında «Məşədi Ibad»a, «Arşın mal alan»a, «Laçın yuvası»na, «Dağılan tifaq»a, «Zorən təbib»ə, «Müfəttiş»ə baxmışdı və bu tamaşalar, şübhəsiz ki, təbiətən çox təəssüratlı bir uşaq olan İlyasa çox da təsir etmişdi.
     O kiçik dərnəyin fəaliyyət göstərdiyi klub, az bir zaman içində, İlyas Əfəndiyevin sonralar yazdığı kimi, «şəhər əhalisinin yeganə sevinc yeri oldu. Gənc artistlərin hərəsinin parlaq bir yaradıcılıq xüsusiyyəti meydana çıxırdı: paxlavapeşmət satan Mehdi kişinin oğlu Mürşüd Həşimli şəhərin məşhur tragiki olub, Oqtay Eloğlu, Aydın, Əmiraslan bəy rollarını xüsusi məharətlə oynayırdı. Evlərdə günəmuzd iş görən, xeyirdə-şərdə fəal iştirak edən Xeyransa xalanın oğlu Təhməz, məsələn, «Hacı Qara»da Kərəməli, «Məşədi Ibad»da Hambal rollarını oynamaqla şöhrət qazanmışdı. Aşpaz Məmmədəli əminin oğlu Səfər komik rollarda səhnəyə çıxanda tamaşaçılar gülməkdən qəşş edirdilər. Truppanın rejissoru olan Cəmil Vəzirov (Şamxal bəyin kiçik qardaşı– E.) özü Məcnun, Kərəm, Aşıq Qərib kimi rolları məharətlə oynayırdı... Hamı yeni tamaşaların afişalarını böyük həvəslə oxuyurdu, izləyirdi. Rəngli qələmlərlə çəkilmiş afişaların başında həmişə yazılardı:
     «Həyat müvəqqəti, sənət daimidir».
     İlyas Əfəndiyev bu həvəskar artistləri, onların göstərdiyi o tamaşaları ömrünün sonuna kimi tez-tez yada salırdı və bu zaman açıq-aşkar hiss olunurdu ki, o, həmin cavan artistlərin göstərdiyi tamaşaların əhvali-ruhiyyəsini yenidən yaşayır, yetmiş il əvvəl olduğu kimi, yenə də həmin təəssüratın sirri-sehri və sevinci içindədir. O da mənim yaxşı yadımdadır ki, 48-49-cu illərdə – onda mənim 5-6 yaşım vardı – yayda, Füzulidə, İlyas Əfəndiyev hansı bir həvəslə məni o teatra aparırdı və artıq tanınmış yazıçı olsa da, Akademik Milli Dram Teatrının səhnəsində böyük aktyorların ifasında üç əsəri tamaşaya qoyulsa da, Füzuli klubunun binasında hansı bir maraqla «Əsli və Kərəm»ə tamaşa edirdi.
     İlyas Əfəndiyevin uşaqlıq dövründə gördüyü və dediyim kimi, sonralar tez-tez xatırladığı həvəskar teatr fədailərinin böyük əksəriyyəti repressiyaların qurbanı olmuş, güllələnmiş, Sibir çöllərinin gedib-qayıtmazlarında itib-batmışdı, salamat qalanlar isə müharibədən qayıtmamışdı və həmin 48-49-cu illərdə o «köhnə qvardiya»dan yanlız Mürşüd Haşımlı – artıq professional əməkdar artist 20-25 il əvvəllərdə olduğu kimi, Qara Keşişi oynayırdı.
     Əlbəttə, İlyas Əfəndiyevin teatrla bağlılığı öz başlanğıcını Füzulidəki o kiçik dram dərnəyindən götürmüşdü, amma, eyni zamanda, mən düşünürəm ki, «İlyas Əfəndiyev teatrı»nı yaradan bədii-estetik xüsusiyyətlərin də bünövrəsi elə o dərnəyin sənət ehtirasında, daimi yenilik axtarışlarında, eksperimentlərdən çəkinməməsində qoyulmuşdur.
     «İlyas Əfəndiyev teatrı» uzun fasilədən sonra, Azərbaycan teatrına insani hisshəyəcanların bədii ifadəsini gətirdi və yalnız gətirmədi, onları ön plana çəkdi, hər cürə ideoloji şüarçılığı insan psixologiyasının lirik təqdimatı ilə əvəz etdi, sovet dövründəki hakim ideologiyanın yaratdığı sosializm realizmi estetik təmayülünün ziddinə olaraq yaxşıya şirə qatmadı və pisi də gizlətmədi, həyatı bünün mürəkkəbliyi, ziddiyyəti ilə səhnəyə çıxartdı və parlaq istedada malik aktyor nəsillərini yetişdirdi.
     Azərbaycan teatrının 37-ci ilin cəhənnəmindən (İlyas Əfəndiyev bu «teatr cəhənnəmini» «Sevgililərin cəhənnəmdə vüsalı» faciəsində təsvir edib) salamat qurtarmış Azərbaycan səhnəsinin, demək olar ki, bütün böyük aktyorları, yaşlı nəslin nümayəndələri İlyas Əfəndiyevin əsərlərində oynamışlar və yəqin ki, oxucular üçün maraqlı olacağını düşünüb, mən, aşağıdakı siyahını tərtib etdim: Mirzəağa Əliyev – Zeyniş («Intizar»), Babadayı («Işıqlı yollar»), Sidqi Ruhulla – Alxasbəy («Intizar»), Ağasadıq Gəraybəyli – Alxasbəy («Intizar»), Vasilyev («Işıqlı yollar»), Nəcəf («Bahar suları»), Qoca knyaz («Xurşid banu Natəvan»), Əli Qurbanov – Fərrux Haşımzadə («Intizar»), Babadayı («Işıqlı yollar»), Qalmağal Mədəd («Bahar suları»), Mustafa Mərdanov – Cəfər («Intizar»), Kərim («Işıqlı yollar»), Sadıq Sadıqov («Atayevlər ailəsi»), Əjdər Sultanov – Tofiq («Intizar»), Zəfər («Bahar suları»), Xosrov Atayev («Atayevlər ailəsi»), Ismayıl Osmanlı – Fərrux Haşımzadə («Intizar»), Kefli Bəşir («Bahar suları»), Səxavət («Mənim günahım»), Məmmədəli Vəlixanlı – Zeyniş («Intizar»), Hökumə Qurbanova – Sürəyya («Intizar»), Gülara («Işıqlı yollar»), Şəfəq («Bahar suları»), Lətifə («Atayevlər ailəsi»), Möhsün Sənani – Cəfərqulu («Işıqlı yollar»), Xan Murad («Bahar suları»), Q.Topuriya – Göhər xanım («Intizar»), Süleyman Tağızadə – Qambay («Intizar»), Ismayıl Dağıstanlı – Qambay («Intizar»), Elmar («Işıqlı yollar»), Tahir («Mənim günahım»), Böyük bəy («Mahnı dağlarda qaldı»), Ələsgər Ələkbərov – Alxan («Bahar suları»), Sona Hacıyeva – Gülyaz («Intizar»), Səadət (Bahar suları»), Əli Zeynalov – Səlim («Işıqlı yollar»), İldırım Atayev («Atayevlər ailəsi»), Həsənzadə («Sən həmişə mənimləsən»), Sahib («Mənim günahım»), Leyla Bədirbəyli – Lalə («Işıqlı yollar»), Mehriban («Atayevlər ailəsi»), Nurcahan («Mənim günahım»), Fəxrəndə xanım («Mahnı dağlarda qaldı»), Barat Şəkinskaya – Turac («Bahar suları»), Dilşad («Atayevlər ailəsi»), Mirvari Novruzova – Gülyaz («Intizar»), Turac («Bahar suları»), Gözəl («Mənim günahım»), Yeva Olenskaya – Narıngül («Bahar suları»), Əminə Sultanova – Göhər xala («Intizar), Ballı xala («Bahar suları»), Məlik Dadaşov – Ziya Şahsuvarov («Atayevlər ailəsi»), Həsənağa Salayev – Laçın («Işıqlı yollar»), Ağahüseyn Cavadov – Usta Fayiz («Işıqlı yollar»), Almurad («Mənim günahım»), Sofa Bəsirzadə – Reyhan («Atayevlər ailəsi»), Səadət xanım («Unuda bilmirəm»), Cəvahir xanım («Büllur sarayda»), Məmmədrza Şeyxzamanov – Mövsümzadə («Unuda bilmirəm»), Barsuq («Qəribə oğlan»), Həsənalı («Mahnı dağlarda qaldı»), Əliağa Ağayev – Dadaş («Qəribə oğlan»), Nəcibə Məlikova – Məlahət («Qəribə oğlan»), Qönçə («Büllur sarayda») və başqa sənətkarlar.
     Və aktyor oyunu baxımından belə bir zəngin təcrübəyə malik «İlyas Əfəndiyev teatrı», yuxarıda yazdığım kimi, yeni sənətkarlar nəsli yetişdirdi. Ədəbi tənqidin də, bu sənətkarların özlərinin də dəfələrlə yazdıqları, dedikləri kimi, 60-cı illərdə və sonralar sənətə gəlmiş Həsənağa Turabov, Amalya Pənahova, Şəfiqə Məmmədova, Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Hamlet Xanızadə, Səməndər Rzayev, Hamlet Qurbanov, Səyavuş Aslan, Mikayıl Mirzə, Səfurə Ibrahimova, Vəfa Fətullayeva, Fuad Poladov, Yaşar Nuri, Bəsti Cəfərova, Rəfael Dadaşov, Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı, Ramiz Məlikov və başqa istedadlı aktyorlarımızın yetişməsində, onların sənətinin formalaşmasında, eləcə də Azərbaycan teatr rejissorluğunun, teatr tərtibatının, teatr musiqisinin inkişafında «İlyas Əfəndiyev teatrı»nın böyük, bir çox məqamlarda isə həlledici rolu olmuşdur. Və bu proses bu gün də davam edir.
     Vaqif Yusifli 2002-ci ildə yazır: «Bu gün belə bir etiraf bəlkə daha ucadan səslənməlidir: İlyas Əfəndiyev Cəfər Cabbarlıdan sonra Azərbaycan dramaturgiyasına yeni bir üslub və nəfəs gətirdi, onun pyesləri uzun illər teatrımızın repertuar siyasətində mühüm rol oynadı. «İlyas Əfəndiyev teatr məktəbi» öz missiyasını indi də davam etdirir: lirik-psixoloji üslub tərzi, həyatın, gerçəkliyin zərif, incə hisslərlə təqdimi, gözəlliyin, həyat poeziyasının bədii-estetik təsdiqi İlyas Əfəndiyevdən sonra da davam edir. «İlyas Əfəndiyev teatr məktəbi» məkanında formalaşan rejissorlar, onun pyeslərinin «qəhrəmanı» olan aktyorlar indi də o böyük sənətkarı minnətdarlıqla xatırlayırlar».
     Bu yerdə mən, bir unikal faktı xatırlamaq istəyirəm: İlyas Əfəndiyevin təkcə bir teatrın – Akademik Milli Dram Teatrının səhnəsində 19 pyesi tamaşaya qoyulmuşdur və bu, müasir dünya teatr tarixində analoqu olmayan bir hadisədir. Həmin tamaşalar bunlardır:
     «Intizar» (Mehdi Hüseynlə birlikdə yazılıb) – ilk tamaşası 26 dekabr 1944-cü ildə oynanılıb. Quruluşçu rejissoru Səftər Turabov, quruluşçu rəssamı Nüsrət Fətullayev, bəstəkarı Əfrasiyab Bədəlbəyli idi.
     «Işıqlı yollar» – ilk tamaşası 19 iyul 1947-ci ildə oynanılıb. Quruluşçu rejissoru Adil Isgəndərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, geyim eskizlərinin müəllifi Bədurə Əfqanlı, bəstəkarı Fikrət Əmirov idi.
     «Bahar suları» – ilk tamaşası 11 dekabr 1948-ci ildə oynanılıb. Quruluşçu rejissoru Adil Isgəndərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, geyim eskizlərinin müəllifi Bədurə Əfqanlı, bəstəkarı Səid Rüstəmov idi.
     «Atayevlər ailəsi» – (ilk tamaşası 9 oktyabr 1954-cü ildə oynanılıb). Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Sadıq Şərifzadə, bəstəkarı Niyazi idi. (Həmin tamaşa yenidən bərpa olundu və 4 dekabr 1960-cı ildə ilk tamaşası göstərildi.)
     «Sən həmişə mənimləsən» – 14 noyabr 1964-cü ildə oynanıldı. Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Elçin Aslanov, bəstəkarı Fikrət Əmirov idi.
     «Mənim günahım» – ilk tamaşası 5 may 1967-ci ildə oynanıldı. Quruluşçu rejissoru Əşrəf Quliyev, quruluşçu rəssamı Böyükağa Mirzəzadə, bəstəkarı Sultan Hacıbəyov idi.
     «Unuda bilmirəm» – ilk tamaşası 1 noyabr 1968-ci ildə oynanıldı. Quruluşçu rejissoru – Tofiq Kazımov, quruluşçu rəssamı Sənan Qurbanov, bəstəkarı Emin Sabitoğlu idi.
     «Məhv olmuş gündəliklər» – ilk tamaşası 29 noyabr 1969-cu ildə oynanıldı. Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Sənan Qurbanov, bəstəkarı Emin Sabitoğlu idi.
     «Mahnı dağlarda qaldı» – ilk tamaşası 12 fevral 1971-cti ildə oynanılıb. Quruluşçu rejissoru Əliheydər Ələkbərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, bəstəkarı Süleyman Ələsgərov idi.
     «Qəribə oğlan» – ilk tamaşası 17 fevral 1973-cü ildə oynanılıb. Quruluşçu rejissoru Ağakişi Kazımov, quruluşçu rəssamı Nüsrət Fətullayev, bəstəkarı Emin Sabitoğlu idi.
     «Bağlardan gələn səs» – ilk tamaşası 1 oktyabr 1975-ci ildə oynanılıb. Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva, bəstəkarı Emin Sabitoğlu idi.
     «Xurşid banu Natəvan» – ilk tamaşası 11 sentyabr 1981-ci ildə oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Elçin Aslanov, bəstəkarı Arif Məlikov idi.
     «Büllur sarayda» – ilk tamaşası 17 sentyabr 1983-cü ildə oynanılıb. Quruluşçu rejissoru Ağakişi Kazımov, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Oqtay Kazımov idi.
     «Şeyx Məhəmməd Xiyabani» – ilk tamaşası 20 dekabr 1986-cı ildə oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva, musiqisi isə seçmə tərtibatlı idi.
     «Bizim qəribə taleyimiz» – ilk tamaşası 9 aprel 1988-ci ildə oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva, bəstəkarı Emin Sabitoğlu idi.
     «Sevgililərin cəhənnəmdə vüsalı» – ilk tamaşası 21 aprel 1989-cu ildə oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rasim Nəzirov, bəstəkarı Cavanşir Quliyev idi.
     «Tənha iydə ağacı» – Akademik Milli Dram Teatrı təmirdə olduğu üçün, ilk tamaşa 6 mart 1991-ci ildə Respublika Sarayında oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rafiz Ismayılov, bəstəkarı Cavanşir Quliyev.
     «Dəlilər və ağıllılar» – Akademik Milli Dram Teatrının təmiri uzandığı üçün, ilk tamaşa 9 noyabr 1992-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rafiq Abdullayev, bəstəkarı Vasif Adıgözəlov idi. Bu tamaşa İlyas Əfəndiyevin özünün gördüyü sonuncu premyera idi.
     «Hökmdar və qızı» – altı il çəkən təmirdən sonra Akademik Milli Dram Teatrı 1996-1997-ci il teatr mövsümünü ilk tamaşası 17 noyabr 1996-cı ildə oynanılan bu əsərlə açdı. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Ismayıl Məmmədov, musiqisinin tərtibatında isə Vasif Adıgözəlovun və Polad Bülbüloğlunun əsərlərindən istifadə olunmuşdu.
     Sonuncu tamaşa göstərilərkən, artıq İlyas Əfəndiyevin vəfatından 44 gün keçmişdi...
     Bu tamaşaların, demək olar ki, hamısı tamaşaçılar tərəfindən böyük maraq və hərarətlə qarşılanıb və orasını da deyim ki, İlyas Əfəndiyevin tamaşaları, demək olar ki, həmişə anşlaqla gedirdi.
     Akademik Milli Dram Teatrının arxivində qorunub saxlanmış məlumatlar əsasında İlyas Əfəndiyevin həmin teatrdakı tamaşalarının sayı barədə bəzi rəqəmləri oxuculara təqdim etmək istəyirəm:
     «Unuda bilmirəm» – 424 dəfə (müxtəlif bölgələrə qastrollarla birlikdə 500-dən çox);
     «Büllur sarayda» – 304 dəfə (qastrollarla bərabər 400-dən çox);
     «Qəribə oğlan» – 285 dəfə (qastrollarla bərabər 300-dən çox);
     «Sən həmişə mənimləsən» – 143 dəfə (qastrollarla birlikdə 250-dən çox);
     «Xurşid banu Natəvan» – 106 dəfə (qastrollarla birlikdə 150-dən çox);
     «Bizim qəribə taleyimiz» – 103 dəfə (qastrollarla birlikdə 140-dan çox);
     «Dəlilər və ağıllılar» – 103 dəfə (qastrollarla birlikdə 130-dan çox) Və s.
     Bu tamaşaların səhnə ömrünə nəzər salaq:
     «Unuda bilmirəm» – 1 noyabr 1968-ci ildə tamaşaya qoyulub, son tamaşası isə 4 iyul 1985-ci ildə göstərilib. 17 il fasiləsiz repertuarda olub. «Qəribə oğlan» – 8 aprel 1973-cü ildə tamaşaya qoyulub, son tamaşası 8 yanvar 1988-ci ildə göstərilib. 15 il fasiləsiz repertuarda olub. «Mahnı dağlarda qaldı» – 12 fevral 1972-ci ildə tamaşaya qoyulub, son tamaşası isə 23 sentyabr 1983-cü ildə göstərilib. 13 il fasiləsiz repertuarda olub. Və s., onun 3-4 ildən az repertuarda olan tamaşası, demək olar ki, yoxdur. Bir neçə il bundan əvvəl, «İlyas Əfəndiyev teatrı»nın istedadlı tədqiqatçılarından biri olan İlham Rəhimli yazırdı: «Azərbaycan teatrının 123 illik tarixində ona xidmət edən yüzlərlə milli dramaturqlarımız olub. Ancaq onların arasında öz teatrını yaradan, öz səhnə estetikasını müəyyənləşdirən, öz poetika göstəricilərini müəyyənləşdirən dramaturqlar çox azdır: Mirzə Fətəli, Mirzə Cəlil, Cəfər Cabbarlı, Əbdürrəhim bəy, Hüseyn Cavid... Bu siyahıda İlyas Əfəndiyevin adı ən ləyaqətli yerlərdən birini tutur. «İlyas Əfəndiyev teatrı» son otuz ilin milli səhnə fəaliyyətinin tənzimləyicisi, mənəvi-əxlaqi problemlərin bədii təcəssümçüsü, yeni teatr poetikasının müəyyənləşdiricisi, təzə aktyor nəslinin formalaşdırıcısı olub.» İlyas Əfəndiyev və teatr mövzusu ilə bağlı bu kiçik qeydləri bitirmək istərkən bir epizod yadıma düşdü. Təxminən iki il bundan əvvəl, soyuq bir qış axşamı Akademik Milli Dram Teatrının o zamankı direktoru və bədii rəhbəri Həsənağa Turabovun iş kabinetində idim. Rəhmətlik Eldəniz Zeynalov kabinetə girdi və məni görəndə özünü saxlaya bilməyib qucaqladı və dolmuş bir halda:
     – İlyas müəllimdən sonra, teatr yetim qalıb!.. Hamımız yetim qalmışıq!..– dedi.
     Mən bu kiçik (amma heç vaxt mənim yadımdan çıxmayacaq!) epizodu ona görə xatırladım ki, əgər səhv etmirəmsə, Eldəniz Zeynalov İlyas Əfəndiyevin yalnız bir əsərinin – «Dəlilər və ağıllılar» – tamaşasında epizodik Ağadadaş Nəcəfov rolunda Hacı Ismayılovun dublyoru olub və o da İlyas Əfəndiyevsiz teatrda özünü yetim hiss edirdi...
     Və nəhayət «İlyas Əfəndiyev və teatr» mövzusu ilə bağlı bir faktı da demək istəyirəm, çünki bu fakt da İlyas Əfəndiyevin şəxsiyyəti, xasiyyəti, düşüncənin hansı sferalarında yaşaması barədə az söz demir: o, Azərbaycan Teatr Xadimləri Ittifaqının üzvü deyildi...
     Və həmin Ittifaqa üzv olmaq üçün İlyas Əfəndiyevdən zəmanət almaq istəyən cavan (və qeyri-cavan!) dramaturqlar, ümumiyyətlə, teatr sənəti ilə bağlı olan adamlar bu faktı biləndə mat qalırdılar...

7.


     Oxucuların yaxşı tanıdığı nasir İlyas Əfəndiyevlə, dramaturq İlyas Əfəndiyevlə bərabər, uzun onilliklər boyu tənqidçi İlyas Əfəndiyev də daima Söz demiş, Sözün təəssübünü çəkmişdir.
     Doğrusunu deyim ki, İlyas Əfəndiyevin məqalələrini müxtəlif illərdə ayrıayrılıqda oxusam da, onun «Seçilmiş əsərlər»inin yeni nəşrini çapa hazırlayarkən, həmin məqalələri bir yerdə, bir toplu şəklində oxuduqda, mən maraqlı bir faktla qarşılaşdım: söhbət ədəbiyyatın aktual problemləri ilə bağlı və ardıcıl surətdə məqalələr yazan yazıçı İlyas Əfəndiyevdən yox, professional nasir, professional dramaturq kimi, professional da tənqidçi İlyas Əfəndiyevdən gedir. Bu məqalələrin elmi-nəzəri səviyyəsi, bədii-estetik maraqları güdmək ehtirası, mövzu genişliyi, təhlil obyekti seçilən əsərlərin janr müxtəlifliyi bu fikri söyləməyə əsas verir və bu mənada İlyas Əfəndiyev XX əsrdə bizim yazıçı-tənqidçi müştərəkliyini qələmində üzvi şəkildə birləşdirən sənətkarlarımızdan biridir. İlyas Əfəndiyevin məqalələrini xronoloji ardıcıllıqla oxuduqda, professionallığa aparan elmi-nəzəri xəttin necə formalaşmasının, necə sabitləşməsinin əyani şahidi oluruq.
     Onun ilk məqaləsi – «Bataqlıq soldatları» adlı film haqqında Ə.Bəbirlə birlikdə yazdığı resenziya «Yeni yol» qəzetinin 14 dekabr 1938-ci il sayında çap olunub və həmin məqalə, ümumiyyətlə, İlyas Əfəndiyevin mətbuatda çıxmış ilk yazısıdır.
     Orası da, yəqin, maraqlı (və əlamətdar!) bir cəhətdir ki, bu ilk yazıdan sonra, İlyas Əfəndiyevin «Ədəbiyyat qəzeti»ndə dərc olunmuş ilk müstəqil məqaləsi Milli Dram Teatrımızın səhnəsində tamaşaya qoyulmuş «Müsibəti-Fəxrəddin» tamaşası haqqında resenziyadır; bu mənada maraqlıdır ki, gənc yazıçı ilk müstəqil tənqidi fikrini gələcək yaradıcılıq həyatının (və ümumiyyətlə, həyatının) 1944-cü ildə «Intizar»ın tamaşasından sonrakı 52 ili ilə ən sıxı surətdə bağlı olacaq bir sənət ocağı haqqında söyləmişdir.
     Bu məqaləni mən 60-cı illərin ikinci yarısında mətbuatı araşdırarkən tapıb oxumuşdum və 30 ildən sonra – vəfatından bir-iki il əvvəl mən, «Müsibəti Fəxrəddin» tamaşası haqqında yazılmış bu ilk müstəqil məqaləsini İlyas Əfəndiyevin yadına saldım və soruşdum ki, necə oldu, bu ilk məqalə o teatrdan bəhs etdi?
     İlyas Əfəndiyev:
     – Yəqin təhtəlşüur olub... – dedi.
     Və biz fikir versək, görərik ki, Akademik Milli Dram Teatrının, qismən də başqa teatrların tamaşaları haqqında, daha geniş götürsək isə, ümumiyyətlə, teatr, dramaturgiya və kino problematikası İlyas Əfəndiyevin ədəbi tənqidində çox mühüm yer tutur.
     Yəqin bu da təsadüfi deyil ki, Azərbaycan yazıçılarının II Qurultayına (1954) və III Qurultayına (1958) dramaturgiya haqqında məruzələri İlyas Əfəndiyev etmişdir və onun, həmin məruzələrin əsasında yazdığı «Müasir dramaturgiyamız», «Son illərdəki dramaturgiyamız haqqında», eləcə də «Cavan dramaturqlar» və s. kimi sanballı məqalələri, «Yağışdan çıxdıq, yağmura düşdük»dən, yaxud «Kəndçi qızı»ndan tutmuş, «Antoni və Kleopatra», yaxud «Fırtına»yacan bir çox tamaşalar haqqında geniş və ciddi resenziyaları, teatr xadimləri barədə esseləri bir tərəfdən Azərbaycan teatr sənətinin, digər tərəfdən isə Azərbaycan sənətşünaslığının inkişafında, yüksək bədii-estetik meyarların formalaşmasında az rol oynamamışdır. Ancaq eyni zamanda, Azərbaycan nəsri və poeziyası da, İlyas Əfəndiyev ədəbi tənqidinin əsas mövzuları idi və bu yerdə söhbət yalnız həmin məqalələrin kəmiyyət göstəricilərindən getmir – bu, öz yerində (onun 150-yə qədər məqaləsi və sırf ədəbiyyat və sənət problemlərindən bəhs edən 40-a yaxın müsahibəsi çap olunmuşdur), söhbət, bəlkə də, daha artıq dərəcədə ondan gedir ki, bütün bu janrlar İlyas Əfəndiyev üçün ədəbiyyat haqqında, sənət haqqında, daha geniş götürsək, mədəniyyət və mənəviyyat haqqında fikirlərini söyləmək üçün eyni dərəcədə münbit zəmin yaradırdı.
     Tənqidçi Şamil Salmanov yazır: «Hər bir böyük yazıçı kimi, İlyas Əfəndiyev də öz dövrünün ədəbi prosesinə, ədəbi düşüncəsinə qüvvətli təsir göstərmiş sənətkarlardandır.»
     Bu fikrə yalnız onu əlavə etmək olar ki, həmin «qüvvətli təsir»də İlyas Əfəndiyevin qələmi sırf tənqidçi qələmi kimi də ciddi rol oynamışdır. İlyas Əfəndiyevin bədiiliyə münasibəti və bu münasibətdən doğan estetik tələbatı hələ gənc yaşlarından etibarən dəqiq və aydın idi.
     O, 1945-ci ildə, müharibənin yenicə bitdiyi günlərdə «Ədəbiyyat qəzeti»ndə çap etdirdiyi «Yüksək sənət uğrunda» adlı məqaləsində dövrün (hakim və qorxunc sovet – Stalin ideologiyasının!) ən çox təbliğ etdiyi və bir çox istedadsız «yazıpozuçuların », sırf bədii-estetik tələblər qarşısında polad qalxanına, zirehli əbasına çevrilmiş müqəvva «müsbət qəhrəman»la bağlı yazırdı:
     «Həyatda tez-tez, bəlkə də, hər gün təsadüf etdiyimiz adamı biz, təəssüf ki, hekayə və romanlarımızda ya heç görmürük və ya görsək də, sevə bilmirik. Çünki müəllif onu hadisələrin təbii gedişində deyil, havadan asılı vəziyyətdə saxlamağa, qəsdən «yaxşı» göstərməyə çalışır, başını tumarlayır, yerli-yersiz ona «həkimanə sözlər» dedirtməyə cəhd edir. Bu «həkimanə sözlər» neçə yüz il bundan qabaq dəfələrlə deyilmişdir. Müəllif insanın mürəkkəb daxili aləmini, onun saysız-hesabsız ziddiyyətlərini unudaraq, qəhrəmanın hər bir hərəkətini «yaxşılıq», «əlalıq» kimi qələmə verir. Yazıq adam, Balaşın ölü paltarı geymiş atasının vəziyyətinə düşür, quruyub qalır, boynunu belə tərpədə bilmir. Sonra müəllif, metaldan qayrılmış mexaniki adamı radio ilə idarə etdikləri kimi, öz qəhrəmanını başlayır hərəkət etdirməyə: «Sağa dön! Filankəsə bax! Burada əxlaq barəsində nitq irad et!» Nəticədə belə olur ki, oxucu müəllifin hamıya çoxdan məlum olan çeynənmiş sözlərini «mexaniki qəhrəmanın» ağzından eşidərkən əsnəməyə başlayır və axırda yadında heç nə qalmır.
     O yerdə ki, oxucular qeyd etməyə başlayır ki, sən filan sözü qəhrəmanına qəsdən dedirdirsən, çünki sənə belə lazımdır, orada artıq sənət öz təsir gücünü itirməyə başlayır. Flober bu məsələ haqqında yazır: «Mən elə güman edirəm ki, romançı heç bir münasibətlə öz fikrini açıqdan-açığa qeyd etməməlidir». Bir daha yada salaq ki, ən qəti (və qatı!) surətdə sosializm realizmi ədəbi prinsiplərinin əleyhinə deyilən, hakim ideologiyanın heç cürə qəbul etmədiyi və buna görə də, əslində, yasaqda saxladığı «insanın mürəkkəb daxili aləmini, onun saysız-hesabsız (!– E.) ziddiyyətlərini» bədii ədəbiyyatda görmək istəyən bu fikirlər, 1945-ci ildə, yəni «radio ilə idarə edilən» həmin «mexaniki adam»ın ədəbiyyatda hegemonluq etdiyi, yüksək qiymətləndirildiyi, dərsliklərə salındığı, müəlliflərinin mükafatlandırıldığı, «canlı klassik» elan edildiyi bir vaxtda söylənib...
     Və bu xətt – ədəbiyyata, sənətə belə bir psixoloji-estetik meyarlarla yanaşmaq
     – İlyas Əfəndiyev estetikasının əsas müddəalarından biri və bəlkə də, başlıcası idi və illər ötdükcə bu xətt onun özünün bədii yaradıcılığında da, onun ədəbi tənqidində də açıq-aşkar aparıcı magistrala çevrilmişdi.
     Mən artıq yazmışam ki, mütaliə İlyas Əfəndiyevin gündəlik həyatının çox mühüm və dəyişməz bir hissəsi idi və onun bədii-estetik zövqünün formalaşmasında, şübhəsiz ki, mühüm də rol oynamışdı.
     İlyas Əfəndiyevin mütaliəsi azad, sərbəst və eyni dərəcədə də özünəməxsus bir mütaliə idi, yəni bu mənada ki, xoşuna gəlməyən əsəri, kim nə qədər tərifləyir, tərifləsin, özünü məcbur edib axıra qədər oxumazdı, yaxud rus klassik ədəbiyyatını, xüsusən, Lev Tolstoyu və Anton Çexovu mükəmməl bilirdi və yüksək qiymətləndirirdi, amma müasir rus ədəbiyyatını izləmirdi, çünki ümumiyyətlə, sovet ədəbiyyatı onun üçün maraqlı deyildi, hərçənd «Sakit Don»u və ümumiyyətlə, Şoloxovu, Fadeyevin «Tar-mar»ını, Katayevin son povestlərini, Trifonovu, Belovu, Rasputini yüksək qiymətləndirirdi, Aleksey Tolstoyu və Konstantin Fedini istedadlı yazıçılar hesab edirdi.
     Ən çox sevdiyi yazıçılardan biri, bəlkə də birincisi Stendal idi, Balzakı, Floberi, Dikkensi, XX əsr yazıçılarından Stefan Sveyqi, Folkneri, Heminqueyi, Remarkı, Apdaykı çox bəyənirdi. Şekspiri, Lope de Veqanı, Molyeri, Qaldonini, Bomarşeni, Şilleri tez-tez xatırlayırdı, onların əsərlərindən misallar çəkirdi. XX əsr dramaturgiyasında Pirandellonu, Şounu, O’Keysini, O’Nili, Artur Milleri, Anuyu, Piter Ustinovu, Eduardo de Flipponu maraqla oxuyurdu. Rus dramaturgiyasında Çexovun pyeslərini böyük hadisə hesab edirdi, Ostrovskinin, Qorkinin isə dramaturgiyasını qəbul etmirdi. Lev Tolstoyu, dediyim kimi, çox yüksək qiymətləndirirdi, amma «Canlı meyit»i tamamlanmamış, üzərində işlənməmiş pyes hesab edirdi və Protasov xarakterindəki qeyri-dəqiqliyi Lev Tolstoy qələminə layiq bilmirdi. Rus sovet dramaturqlarından yalnız Rozov onun üçün maraqlı idi, bir də ki, son dövrlərdə Vampilovun pyeslərini həvəslə oxuyurdu və deyirdi ki, bu dramaturq, Çexovdan sonrakı rus dramaturgiyasında maraqlı (və faciəvi!) hadisədir.
     Çox sevdiyi kitablar «Don Kixot» və «Robinzon Kruzo» idi və bu kitabları yeniyetmə çağlarında oxuduğuna baxmayaraq, bütün epizodlar, təfərrüatlarına kimi, yadında idi. Ümumiyyətlə, onun oxucu yaddaşı, həqiqi mənada, heyrətamiz bir şey idi.
     1988-ci ildə yazdığı bir essedə belə bir hadisəni xatırlayırdı: «Bir dəfə Lev Tolstoy barədə söhbət edirdik. Mehdi (söhbət Mehdi Hüseyndən gedir. – E.) Tolstoyun bir-iki ştrixlə obrazın portretini oxucunun gözü qarşısında necə canlandırdığından danışırdı. Andrey Balkonskinin arvadı Lizanın təsvirindən danışanda, onun üst dodağının alt dodağından bir qədər uzun olduğunu söylədikdə mən dedim:
     – Əksinə, üst dodağı alt dodağından qısa təsvir edilmişdir.
     Mehdi dərhal hirslənib:
     – Gəl, mərcləşək!– dedi.
     Dedim:
     – Mərcləşək!
     – Bir «Inturist» qonaqlığından?!
     Dedim:
     – Oldu!
     Mehdi «Hərb və sülh» romanının birinci cildini götürüb həmin yeri açdı və məlum oldu ki, mən deyən kimidir. Mehdinin əməlli-başlı pərt olduğunu görüb dedim:
     – Yəqin sən çoxdan oxumusan, Mehdi, amma mən bu yaxınlarda oxumuşam. Ona görə də yadımda qalıb.
     Həqiqətdə isə, mən o romanı yalnız bir dəfə, özü də hələ yazıçı olmayanda – Füzulidə oxumuşdum. Hafizəm çox yaxşı olduğundan, «Hərb və sülh»ü çox sevdiyimdən detalların yadımda qalması təəccüblü deyildi.
     Fatma xanım bərkdən gülüb:
     – A kişi,– dedi,– uduzdun, apar uşaqların qonaqlığını ver». 40-50-ci illərdə, hətta 70-80-ci illərdə də ədəbi dairələrdə yalançı bir şüar hökm sürürdü: «Həyatı öyrənmək lazımdır!» və bu zaman həmin «Həyat» məfhumu, əslində, kolxozdan, sovxozdan, fabrikdən, zavoddan, bir sözlə, istehsalatdan ibarət idi.
     Bu şüarın əks qütbündə isə, bu gün nə qədər qəribə səslənsə də, kitab dayanırdı, yəni, filankəs həyatı (yəni, neft, yaxud metal istehsalını, baramaçılığı, camışçılığı, yaxud qaynaqçı peşəsini və s.) bilmir, kitabdan gəlir...
     İlyas Əfəndiyev söhbətlərində tez-tez bu mövzuya toxunurdu:
     – Həyat ilə kitabı qarşı-qarşıya qoymaqdan da əbləh bir şey tapmaq mümkün deyil!– deyirdi.– Onda Qraf Tolstoy, ya lord Bayron gərək əllərinə qələm almayaydılar... Özləri kitab oxumur, çünki kitaba yad adamlardı, ona görə də ortaya belə şüarlar atırlar!..
     Bir də İlyas Əfəndiyev deyirdi:
     – Həyatı öyrənmək lazım deyil, həyatı hiss etmək lazımdı!
     İlyas Əfəndiyev heç vaxt redaksiyaların sifarişi, yaxud kiminsə xahişi ilə məqalə yazmırdı, o, ədəbi tənqiddə də tamam sərbəst, azad bir adam idi və onun qələmə aldığı mövzunu, onun hissiyyatı, zövqü, sənət düşüncələri diqtə edirdi, o, həvəsi olmasa, qələmini nəyi isə yazmağa məcbur edən adam deyildi. Artıq çox uzaqlarda qalmış bir epizodu da xatırlamaqla bu barədə söhbətimi yekunlaşdırmaq istəyirəm.
     Mən 1969-cu ildə, 26 yaşımda namizədlik dissertasiyası müdafiə etdim və o müdafiə çox uğurlu keçdi, rəhmətlik Abbas Zamanov, opponentim olan Mehdi Məmmədov, Məmməd Hüseyn Təhmasib, Mirəli Seyidov, başqaları təklif etdilər ki, mənə birdən-birə doktorluq adı verilsin. O zamanın qaydasına görə dissertasiyanın avtoreferatını, sənədləri təsdiq olunmaqdan ötrü Moskvaya, Ümumittifaq Attestasiya Komissiyasına göndərdim. O materialların ardınca Moskvaya təcili anonim bir məktub göndərmişdilər ki, Elçinin dissertasiyasını özü yox, atası İlyas Əfəndiyev yazıb.
     Bu hadisə İlyas Əfəndiyevi qəzəbləndirmək əvəinə, ona ləzzət eləmişdi və gülə-gülə deyirdi:
     – Əşşi, mənim dissertasiya yazmaq həvəsim olsaydı, indiyə qədər elə oturub özüm üçün yazardım də!..

8.


     Mən artıq qeyd etdim ki, İlyas Əfəndiyev ömrü boyu vəzifəni, iclasları, bürokratik aparatı, sovet ədəbi-ictimai həyatının cürbəcür «seçkili» orqanlarını heç vəchlə yaxına buraxmayan bir adam idi (yalnız cavan çağlarından etibarən, həmişə Azərbaycan Yazıçılar Ittifaqı Rəyasət Heyətinin, bir də ki, Akademik Milli Dram Teatrı Bədii Şurasının üzvü olmuşdu, vəssalam!), onda, bütün bunlara qarşı təbii bir allergiya var idi, amma eyni zamanda o, (və bu, xüsusən, sovet gerçəklikləri kontekstində qəribə görünürdü) dünəninə, bugününə və sabahına görə hər an xalqının təəssübünü çəkməyə hazır olan (və çəkən!) bir ictimai xadim idi, oxucular da, ictimai mühit də onu ictimai xadim kimi də qəbul edir və ona hörmət bəsləyirdilər.
     Unudulmaz maestro Tofiq Quliyev hələ İlyas Əfəndiyevin sağlığında ikən yazırdı:
     «Mənim əziz dostum İlyas Əfəndiyev böyük dramaturq və nasirdir, onun müasir Azərbaycan ədəbiyyatının və teatr sənətinin inkişafında müstəsna xidmətləri var, o ən çox oxunan, sevilən Azərbaycan yazıçılarından biridir... Bir cəhəti də qeyd etmək istəyirəm: İlyas Əfəndiyev canı ilə, qanı ilə ədəbiyyata, sənətə bağlılığı ilə bərabər, həm də görkəmli ictimai xadimdir.»
     Doğrudan, qəribədir, Sovet Ittifaqında yaşayasan, heç zaman deputat seçilməyəsən, nəinki heç vaxt partiyanın rəhbər orqanlarında, ümumiyyətlə, heç Kommunist Partiyasının sıravi üzvü də olmayasan və səni ictimai xadim kimi də qəbul etsinlər – SSRI-də çətin analoqu tapılan bir hadisədir.
     Şəxsən mənim üçün, burada bir sirri-xuda yoxdur: İlyas Əfəndiyevin ictimai xadimliyi də onun qələminin bəhrəsi idi. Onun ictimai xadimliyini «yüksək» tribunalarda boğazdan yuxarı bir səmimiyətlə söylənən «atəşin» çıxışlar yox, təyinatlı deputat fəaliyyəti, icazəsi verilmiş təşəbbüskarlıq, tapşırılmış bəyanatlar, çağırışlar yox, qələminin vətəndaş ehtirası müəyyən edirdi.
     İlyas Əfəndiyev hələ Sovet Ittifaqı vaxtında həmin vətəndaş ehtirası ilə yazırdı: «Axı, biz, tribunalarda «vicdan, vicdan!» deyə bağıraraq, Didrodan, Aristoteldən sitatlar gətirən, əslində, pabmıqla baş kəsən, hər hökumət, partiya başçısının vaxtında bir dona girən, bu gün təriflədiyi «rəhbəri» sabah bağıra-bağıra pisləyən buqələmunları çox görmüşük».
     Həmin buqələmun ictimai xadimlər həmişə həm yazıçı İlyas Əfəndiyevin, həm də ictimai xadim İlyas Əfəndiyevin qələminin hədəfi idi.
     1991-ci ilin yanvarında – hələ sovet imperiyasının şərəfsizcəsinə süqutundan əvvəl, İlyas Əfəndiyev «Mənliyimiz və mədəniyyətimiz» adlı məqaləsində yazırdı: «Son yetmiş ildə Stalin repressiyası insanlarda bütün müqədds ideyalara inamı məhv etdi. Iş o dərəcəyə çatdı ki, hətta genlərin təsirinə, kibernetikaya inanmaq qadağan edildi. Stalinin zorla yaratdığı kollektivləşmə, yalançı beynəlmiləlçilik, kobud ateizm adamlarda paxıllıq, ikiüzlülük, közü öz qabağına eşmək, yaltaqlıq, satqınlıq kimi keyfiyyətləri sürətlə artırdı. Qardaş qardaşa, ata oğula inanmadı. Beləliklə, dəmir hasara alınmış sovet cəmiyyətində insanın daxili-ülvi mədəniyyətini cəhənnəm adamının soyuq amansızlığı əvəz etdi. Cəmiyyətin insani müvazinəti pozuldu.»
     İlyas Əfəndiyevin ictimai xadimliyi, öz imkanları daxilində, amma ehtirasla güddüyü həmin «insani müvazinəti pozulmuş cəmiyyətdə» doğma xalqının marağı idi.
     Mən heç vəchlə istəməzdim ki, oxucu, mənim nəyisə ideallaşdırmaq meylimdən şübhələnsin (onsuz da belə bir «ideallaşdırmanın» heç bir perspektivi, deməli, heç bir mənası yoxdur, İlyas Əfəndiyev demişkən, saf-çürüyü – tarix aparır və tarixin işinə də qarışmaq lazım deyil, çünki mümkün deyil!). Bəli, İlyas Əfəndiyevin də elə publisist yazılarına, ciddi məqalələrində elə abzaslara rast gəlmək mümkündür ki, orada hakim ideologiyanın tələb etdiyi tərənnümlər, xeyli dərəcədə az da olsa, təkrar olunur, ancaq bu, onun yaradıcılığının və vətəndaş mövqeyinin fonunda, bəlkə də, çox birbaşa deyirəm, açıq-aşkar bir komfulyaj rolu oynayır və bunu görmək üçün xüsusi cidd-cəhd də lazım deyil. Sovet Ittifaqında yaşamayan, sovet gerçəkliyini gözü ilə görməyən və o mühitdə yaradıcılıqla məşğul olmayan bir kəs bəlkə də, belə bir komfulyajı qəbul edə bilməz, çünki bunu başa düşmək, hiss eləmək çətin məsələdir.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.03.2014) | Müəllif: R.C E W
Baxış: 1246 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more