Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Birinci görüşün tarixcəsi
BİRİNCİ GÖRÜŞÜN TARİXCƏSİ
I HİSSƏ


    Bu hissə oxucunu Məmmədağa ilə, Məmmədağanın ay işığında gümüş kimi ağaran alüminium örtüklü furqonu ilə, milisioner Səfərlə, Məmmədağanın məhəllə uşağı Mirzoppa ilə və nəhayət, Məsməxanımla tanış edir, oxucu Məmmədağa ilə Məsməxanımın bir-birilərinə söylədiklərinin və söyləmədiklərinin şahidi olur.
    Həmin qəribə gecə idi. Aydın məsələdir ki, Abşeronda bu cür gecələr saysız olmuşdu və bundan sonra da olacaqdı, amma alüminium örtüklü furqonun arxasında birdən-birə bir topa qıpqırmızı bulud görünəndə Məmmədağa fikirləşdi ki, qəribə gecədi bu gecə; bu gecənin nə üçün qəribə olduğu ona məlum deyildi və o özü də öz fikrinə təəccüb edib gözlərini qıydı, bir müddət altdan-yuxarı qıpqırmızı buluda baxdı, sonra başını qaşıya-qaşıya dənizə baxdı, amma bu işdən bir şey anlaya bilmədi.
    Həmin qəribə yay gecəsi təzəcə başlayırdı və bir azdan alüminium örtüklü furqonun arxasında bir parça buludu qıpqırmızı qızardan günəş tamam batacaqdı, ay çıxacaqdı, ulduzlar çıxacaqdı, qurbağalar quruldamağa başlayacaqdı, cırcıramaların səsi aləmi başına götürəcəkdi. Zuğulba qayalarının yuxarısındakı pansionatın, sanatoriyanın həyətində yanan işıqlardan başqa kəndin bütün işıqları sönəcəkdi, Bakıya gedib-gələn elektrik qatarının səsi bir müddət lap aydın eşidiləcəkdi, sonra bu səs də kəsiləcəkdi, bir sözlə, Zuğulbanın bu dəniz sahilini həmişəki yay gecəsi bürüyəcəkdi.
    Indi bir tərəfdən də ay dənizdə üfüqü qıpqırmızı qızartmışdı və dənizin maviqırmızı suyu üfüqdən sahiləcən par-par parıldayırdı, amma Məmmədağa Abşeronda bu cür yay gecələrini çox görmüşdü və təkcə bir tərəfdən günün batması, bir tərəfdən də ayın çıxması bu gecəni onun üçün qəribə edə bilməzdi.
    Həmin gün axşama kimi külək əsirdi və külək bir saatdan bir dəyişirdi, gah xəzri ağappaq köpüklənmiş dalğaları qayalara çırpırdı, gah da gilavar əsirdi, amma axşamçağı birdən-birə külək dayandı və ağcaqanad yenə yamanca baş qaldırdı; Zuğulbanın dənizindən, qumundan, qayalarından olmazdı, amma ağcaqanadı da yaman ağcaqanad idi. Ağcaqanad Məmmədağanın gözünün düşməni idi, amma bu dəfə küləyin belə naxələf çıxması onun qanını qaraltmadı, çünki qəribə gecə idi bu gecə.
    Məmmədağa yenə gözlərini qıyıb qırmızı bulud parçasına baxdı. Qırmızı bulud parçası yavaş-yavaş solurdu və necə oldusa, bu solğunluq həmin qəribə yay gecəsinə bir nisgil gətirdi. Məmmədağa bu nisgilin də səbəbini başa düşmədi və axırda bu qərara gəldi ki, qəribəlik elə ona görə qəribəlikdi ki, səbəbi məlum deyil. Bu qərara gəlib sidq-ürəkdən gərnəşdi və başını qaşıya-qaşıya furqonun balaca taxta nərdivanını qalxıb içəri girdi.
    Məmmədağanın üstündə alabəzək iri hərflərlə «PNEVMATIÇESKIY TIR» yazılmış furqonu sübh tezdən yolun başında görünəndə çayçı Qəzənfərin qanı qaralırdı, çünki müştərilərinin bir çoxu – kəndin cavanları, yeniyetmələr həmin gün səhərdən axşamacan furqonun yanından əl çəkmirdi, tüfənglə nişan alırdı, parça toplarla bankalardan düzəldilmiş piramidaları vurub dağıdırdı, rezin halqaları tullayıb qarmaqlara keçirirdi.
    Yayda Zuğulbaya gələndə Məmmədağa həmişə furqonu kənddən aralıda, sahildəki qumluqda saxlayırdı. Məmmədağa belə fikirləşirdi: o yerdə ki, genişlik yoxdu, orada istirahət də yoxdu; o yerdə ki, baxanda üfüq görünmədi, yağış yağanda üstünə damcılamadı, gün çıxanda səni qaraltmadı, yəni o yerdə ki, dənizlə, qayalarla, ağaclarla təkbətək olmadın, orada əsl istirahət yoxdu. Təkbətək o mənada yox ki, ancaq sənlə dəniz – ikiniz olasınız, o mənada ki, sənlə dənizin arasını asfalt kəsməsin, dəmir yolu kəsməsin, tüstüdən, mazutdan, maşın səs-küyündən uzaq olasan.
    Məmmədağa istəsəydi, Bakının ən yaxşı yerlərindən birindəki TIR-ə işə düzələrdi; idarələrində hamı onu tanıyırdı və ona hörmət edirdi, çünki o həftə olmurdu ki, planı doldurmasın və indiyə kimi heç bir əskik işi olmamışdı ki, başını aşağı diksin; amma bunu istəmirdi Məmmədağa, çünki öz furqonunun, öz yolçuluq sənətinin aşiqi idi. Həftədə bir dəfə Bakıya gedirdi, pulunu təhvil verirdi, bazar gününü öz evlərində qalırdı, sonra yenə də yola çıxırdı. Abşeronda onun gəzmədiyi kənd yox idi. Hər kənddə bir, uzaqbaşı iki gün qalırdı, istəyirdi ki, heç kim onun furqonundan bezməsin və furqon hər dəfə özü ilə bir bayram gətirsin.
    Bu həftə Bakıdan Xırdalana getmişdi, oradan Dügaha, oradan Məhəmmədliyə, oradan Fatmeyiyə, oradan da bura gəlmişdi – bu qəribə gecəli Zuğulbaya. Sabah sübh tezdən Bakıya qayıtmalı idi.
    Axşam saat səkkizdən, doqquzun yarısından sonra TIR-ə gələn olmurdu, çünki hər gecə kənddə kino göstərilirdi və hərdən Məmmədağa özü də furqonu bağlayıb kinoya gedirdi, amma çox zaman axşamlar, gecələr də öz furqonu ilə məşğul olurdu, silib - təmizləyirdi, içini səliqəyə salırdı, tüfəngləri yağlayırdı, maşının kapotunu qaldırıb hissələrini gözdən keçirirdi, sonra da dənizdə çimirdi.
    Məmmədağa dənizdən sahildə dayanmış furqonuna baxmağı xoşlayırdı; hər dəfə furqonun təmiz alüminium örtüyünə, üstündəki rəngbərəng iri hərflərlə yazılmış şüarlara baxdıqca hiss edirdi ki, öyünür, lap lovğalanır və dənizin suyu da bu lovğalığı tamam təmizləyirdi, elə bil, ovcunda balıqqulağı yuyurdu, büllurlaşdırırdı, bir uşaq sevincinə çevirirdi; bu uşaq sevinci dənizin içində Məmmədağanın bütün bədəninə yayılırdı. Məmmədağa yaxşı başa düşürdü ki, bu dünyada furqonu olmaq və həmin furqonu bu cür bəzəmək elə böyük bir iş deyil.
    Bunu başa düşürdü, amma hər dəfə də alüminium örtüklü furqona baxdıqca, üstündəki yazıları oxuduqca belə məlum olurdu ki, yenə öyünür əməlli-başlı. Alüminium furqonun hər iki tərəfində iki eyni şüar yazılmışdı.
    Birincisi:
    Uçis iskusstvu metko strelyat!
    Ikincisi:
    Yunoşi i devuşki!
    Ovladevayte texniçeskimi vidami sporta!
    Bir yazını isə Məmmədağa özü fikirləşmişdi və furqonun girəcəyində «PNEVMATIÇESKIY TIR» sözlərinin aşağısında özü rəngbərəng hərflərlə yazmışdı:
    BIR GÜLLƏ ILƏ IKI DOVŞAN VURMAQ OLARMI? OLAR! Bu, müştəri yığmaq üçün yalandan yazılmış sözlər deyildi və ümumiyyətlə, Məmmədağanın yalanla heç arası yox idi. Bu mexanizmi o özü fikirləşib tapmışdı, özü də düzəltmişdi: taxta dovşanın döşündə qırmızı bir nöqtə vardı və güllə bu nöqtəyə dəyəndə həmin dovşan bir ayağı üstə sağ tərəfə əyilirdi, arxasından çıxan ikinci dovşan isə bir ayağı üstə sol tərəfə əyilirdi. Iş belə gətirdi ki, həmin qəribə yay gecəsi Məmmədağa dənizdə üzə-üzə həmişəki kimi sahildəki furqonuna baxıb öyünə bilmədi...
    Məmmədağa rezin parçaların üzərinə yapışdırdığı kağız nişangahları, taxta dovşanı, tülkünü, ayını, şiri və naməlum bir heyvanı, bankalardan düzəltdiyi piramidanı bir-bir nəzərdən keçirib birdən-birə darıxdı; tirdə işlədiyi müddətdən bəri birinci dəfə idi ki, beləcə darıxırdı; birdən-birə bu furqonun içi ona darısqal, cansıxıcı gəldi. O heç cür başa düşə bilmədi ki, bu nədən oldu; dayandığın yerdə birdən-birə beləcə darıxasan, qəribə iş idi; tüfənglərdən birini doldurub təkəlli qaldırdı və bir gözünü qıyıb nişan aldı. Həmişəki kimi onluğu vurdu, sonra özü də təəccüb etdiyi bir biganəliklə (nə olmuşdu axı, ona?!) məhəccəri aşıb kəlbətini götürdü və saçaqlı dəmir gülləni rezindən dartıb çıxartdı: sonra yenə məhəccəri keçib furqonun qapısına yaxınlaşdı, kəndin işıqlarına baxdı və birdən-birə belə bir fikir onu sarsıtdı ki, hərgah, bu saat burada onun başına bir iş gəlsə, heç kimin bundan xəbəri olmaz, bir müddət keçər, bu furqonu başqa birisi sürüb bura gətirər, hamı yenə gəlib nişan atar, amma heç kim yadına salmaz ki, dünyada Məmmədağa adında bir oğlan vardı və o oğlan bu furqonu çox istəyirdi, bu qumluğu da, bu dənizi də. Məmmədağa kənddən gələn işıqlara baxdı, baxdı və ona elə gəldi ki, bütün günü səhərdən axşamacan adamlarla olsa da, əslində o bu taxta dovşanın, tülkünün, ayının, şirin və naməlum heyvanın yanında tək-tənhadı.
    Məmmədağa ömründə belə şeylər fikirləşməzdi və bilməzdi ki, vaxt olar, onun başına belə fikirlər gələr...
    Furqona tərəf addımlayan adamın boğuq öskürəyindən məlum oldu ki, gələn milisioner Səfərdir.
    Milisioner Səfər içəri girib:
    – Axşamın xeyir, qağa! – dedi və dəsmalını çıxarıb sümükləri qabarmış arıq sifətinin tərini sildi.
    Məmmədağa bayaq ağlına gələn fikirlərin gözlənilməzliyindən başını qaşıyaqaşıya:
    – Axşamın xeyir, Səfər! – dedi və yenə də məhəccəri aşıb üstünə balaca döşəkcə qoyduğu taxta kətildə oturdu. Üzü quramalı bu döşəkcəni Səkinə xala düzəltmişdi və bu döşəkcə furqonda Məmmədağa üçün doğma şeylərin doğması idi.
    – Hə Səfər e, qağa? Adım Səfərdi, amma ömrümdə bircə dəfə səfərim olub, ode, o dağlardan, – milisioner Səfər əlini başının üstünə qaldırıb elə bil ki, o dağları göstərdi, – buraya, vəssalam!
    Milisioner Səfər otuz il idi Laçının dağlarından ayrılmışdı və həmişə o yerlərdən ötrü burnunun ucu göynəyirdi, yatanda da, duranda da o yerləri yadına salırdı, hər il hazırlaşırdı ki, oralara getsin, amma hər il də bir iş çıxırdı ortaya.
    Əlbəttə, əgər arvadı Zübeydənin ürəyindən olsaydı, indi çoxdan gedib gəzmişdi o yerləri.
    Məmmədağagilin məhəlləsində də gəlmələr vardı. Bunlar o adamlar idi ki, rayonlardan köçüb Bakıya gəlmişdilər, kimisinə hökumət məhəllədə boşalan evlərdən vermişdi, kimisi də pulla xüsusi mülk almışdı. Gəlmələr, adətən, məhəllədə özünü qərib hiss edirdi, heç kimlə qaynayıb-qarışmırdı. Məhəllə gəlmələrdən əvvəl bu evlərdə yaşayanları yaddan çıxarmırdı; onların çoxu təzə tikilmiş binalarda mənzil alırdı, bir müddət məhəllə ilə əlaqə saxlayırdı, sonra yavaş-yavaş bu əlaqə kəsilirdi, amma məhəllə onları uzun müddət yaddan çıxarmırdı.
    Ata-babadan bu məhəllədə yaşayan və əri Əbdül onu da, uşaqlarını da atıb qaçandan sonra Sarı hamamda kassir işləyən Ağabacı deyirdi:
    – Bu qarabağlıları görürsüz, ağəz, vəzəri yemirlər, deyirlər ki, adam belə göyərti yeməz...
    Zərgər Ələşrəfin arvadı Ziba deyirdi:
    – Ağəz, sən də söz danışdun də, zər qədrini zərgər bilər!
    Bərdədə ev-eşiyini satıb ailəsi ilə Bakıya köçmüş və indi tramvay sürücüləri kursunda oxuyan Allahverdi deyirdi:
    – Ə, sən ölməyəsən, məhəttələm bu bakılıların işinə!.. Səhərdən axşama kimi hər gün küftə-bozbaş bişirirlər. Səhər ayılıb eşidirsən ki, ət taxtasında ət döyürlər tıqqatıq, gecə yerinə girirsən, yenə də görürsən ki, ət taxtasında ət döyürlər tıqqatıq...
    Inqilabdan əvvəl Xarkovda universitet qurtarmış rus dili müəllimi Alxas bəy isə müsbət səkkiz şüşəli eynəyinin üstündən adama baxa-baxa deyirdi:
    – Oğul, bu nə qarabağlı söhbətidi, bu nə bakılı söhbətidi, nə çuşkabazlıqdı, nə həmşəribazlıqdı, ayıb deyil? Niyə özünüz özünüzə bir ad qoyub bihörmət edirsiniz?..
    ... Əlbəttə, milisioner Səfərin bütün bunlardan xəbəri yox idi və o, üz-gözünün tərini silib yaş dəsmalını yelləyə-yelləyə:
    – Qağa, – dedi, – birindən soruşublar ki, haralısan, deyib hələ evlənməmişəm. Bu, düzdü, amma o yerlərin dağları yaddan çıxmır də!.. Yaddan çıxmır ki, çıxmır...
    Bu saat oralarda olasan, qağa, başın haqqı, gərək yun cempir geyəsən, üstündən də pencək düymələyəsən. Yoxsa ayazdan dişin dəyəcək dişinə. Gərək pürrəng, xoruzpipiyi bir çay da içəsən ki, canın qızışsın, özün də ləzzət aparasan.
    – Söhbət çayın üstünə gəlib çıxanda milisioner Səfər lap bikeflədi.
    – Buranın çayı çay deyil ha!.. Nə qədər rəng tökürsən tök, nə cürə deyirsən dəmlə, amma o yerlərin çayının ləzzətini vermir...
    – Bilirsən nədəndi, qağa! Suyundan! O buz kimi dağ suyu ki, daşın dibindən pıqqıldayıb çıxır, başqa şeydi, qağa!..
    Milisioner Səfər papağını çıxarıb çoxdan tükü tökülmüş daz başının tərini sildi. Gün onun üz-gözünü qapqara qaraltmışdı, başının papaq altında qalan hissəsi isə ağappaq idi, elə bil, ağ kasanı çevirib qoymuşdular başına.
    – Başın haqqı, qağa, bu saat o çaydan iyirmi stəkan içərəm, doydum demərəm. Samovar da ki, başında çaynik, dızıldaya bir tərəfdə...
    Milisioner Səfər lap yanıb-yaxılırdı ki, indi dağ suyundan xoruzpipiyi çay içə bilmir, Məmmədağanı isə bu saat dünyada ən az maraqlandıran şey çay idi; o hələ də bayaqkı fikirlərinə mat-məəttəl qalmışdı və başa düşə bilmirdi ki, nədən idi bu fikirlər, nə olmuşdu ona; get-gedə yaşa dolur, bundandı bəlkə? Yəni doğrudan yaşdandı? O, gözlərini milisioner Səfərin ağappaq başından çəkib taxta dovşana, tülküyə, ayıya, şirə və naməlum heyvana baxdı və iki ildən bəri Abşeron yollarında ürəyində gəzdirdiyi bir istək, arzu yenə baş qaldırdı.
    Iki il bundan əvvəl Bakıdakı bulvarda böyük attraksion sərgisi açılmışdı və həmin sərgiyə baxan gündən bəri Məmmədağanın belə bir arzusu var idi ki, Abşeronun kəndlərini təkcə öz alüminium örtüklü furqonu ilə yox, bu cür bir attraksionla gəzib dolaşsın, bu səyyar attraksion sirk kimi bir şey olsun; Məmmədağa belə fikirləşirdi və indi də ona elə gəldi ki, belə bir attraksionu olsa, darıxmaq nədi, adamın heç başını da qaşımağa vaxtı olmaz.
    Milisioner Səfər papağı başına qoyub:
    – Belədir işlər, qağa, – dedi. Adım Səfərdi, amma həyatımda cəmi bircə səfərim olub...
    Sonra milisioner Səfərin yadına düşdü ki, bu gün səhər həyətdə dayanıb diş tozu ilə formasının dəmir düymələrini sürtüb parıldadanda, nə oldusa, arvadı Zübeydə yenə hirsləndi və üzünü ona tutub dedi ki, sən Səfər yox, Səfehsən... Nə üstündə hirsləndi Zübeydə? Milisioner Səfər bunu yadına sala bilmədi və gülümsədi.
    O, Zübeydənin hirslənmələrinə öyrənmişdi və daha acığı tutmurdu buna. Sonra birdən-birə yadına düşdü ki, deyəsən, yenə Naçalnikin üstündə hirsi tutdu Zübeydənin...
    Naçalnik yadına düşəndə yenə milisioner Səfərin qanı qaraldı, çiyninə qonmuş ağcaqanadı şappıltı ilə vurub öldürdü, sonra köynəyini təmizləyib dedi:
    – Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin də ora. – Sonra da Məmmədağaya baxıb gülümsədi. – Sən cavan oğlansan, belə şeyləri bilməzsən...
    Əlbəttə, Məmmədağa milisioner Səfərin nə fikirləşdiyini bilmirdi, amma burasını çox yaxşı bilirdi ki, bu arıq, uzun kişi bir də heç vaxt dağ suyundan xoruzpipiyi çay içməyəcək. Məmmədağa niyə belə fikirləşirdi, səbəbi məlum deyildi; bir də ki, milisioner Səfərin elə görkəmi belə deyirdi.
    Məmmədağa bunu da bilmirdi ki, milisioner Səfərin iki naçalniki var idi, biri təbii ki, idarədə, o biri də evdə. Məsələ burasında idi ki, milisioner Səfərin altı qızı, bir oğlu var idi, oğlu sonbeşik idi və o, anadan olanda həyatlarında birinci dəfə milisioner Səfərlə Zübeydənin sözü bir oldu: uşağın adını Naçalnik qoydular.
    Düzdür, indi uşaqlar Naçalnikin adını lağa qoyanda və o gəlib evdə ağlayanda ki, niyə mənə belə ad qoymusunuz, Zübeydə günahı yıxırdı milisioner Səfərin boynuna, amma o vaxt özü razılıq vermişdi və o vaxt milisioner Səfərin ürəyi lap dərində bir qubar bağlamışdı: o başa düşmüşdü ki, Zübeydə ona görə uşağa bu adı qoymağa razılıq verdi ki, bilirdi əri heç vaxt naçalnik olmayacaq.
    Milisioner Səfər indi də uşağa belə ad qoymaqlarına peşman deyildi. Əvvəla, ona görə ki, ad adamı bəzəmirdi, adam adı bəzəyirdi. Ikincisi, pis bir söz deyildi bu, Naçalnik gərək yaxşı oxuyaydı, yaxşı çalışaydı, adını doğruldaydı. Onun qanını qaraldan və axşam vaxtı bu furqona gətirən də elə burası idi.
    Milisioner Səfər yenə papağını qaldırıb yaş dəsmalla ağappaq başını sildi, bundan sonra uzün qara barmaqları ilə köhnə portsiqarından bir «Pamir» çıxarıb yandırdı, dərin bir qullab vurub dedi:
    – Işığa gəlir e, qağa, bu köpək uşağı ağcaqanadlar, işığa gəlir. Bu saat mən gedirəm, sən də işığı söndür.
    Məmmədağa furqonun ortasından sallanmış elektrik lampasına baxdı. Günaşırı şüşəsini silib təmizlədiyi bu iki yüz voltluq lampa furqonun içini elə gur işıqlandırırdı, elə bil, işıq bu darısqallığa sığışmırdı. Məmmədağa bu darısqallığı yenə hiss etdi, ürəyi qısıldı və lap qəti qərara gəldi ki, günü sabahdan attraksion məsələsini danışacaq idarədə, lazım olsa, gedəcək Nəcəfin yanına, axırı ki, bir iş edəcək.
    Nəcəf qabaqlar Məmmədağagilin məhəlləsində yaşayırdı və ondan cəmi dörd yaş böyük idi, amma indi nazir müavini işləyirdi. Məhəllədən kim onun yanına xahişə getmişdisə, Nəcəf əlindən gələni əsirgəməmişdi.
    Məmmədağa Nəcəfi yadına salıb bir balaca yüngülləşdi və milisioner Səfərin həmişə parıldayan qoburuna baxdı. Milisioner Səfər hər gün evdən çıxıb işə gedəndə qoburunu səliqə-sahmana salar, yaxşı-yaxşı silərdi. Məmmədağa tüfənglərdən birini məhəccərin üstü ilə ona tərəf sürüşdürüb:
    – Atmaq istəyirsən, götür at! - dedi.
    Milisioner Səfər bu dəfə boynuna qonmuş ağcaqanadı şappıltı ilə vurub öldürdü və yaş dəsmalı ilə boynunu silə-silə:
    – Yox, qağa, çox sağ ol, – dedi. – Atmaqla, vurmaqla aram yoxdu. Mənimki odu ki, əmin-amanlıq ola, sakitlik ola... Bilirsən, qağa, sənin yanına niyə gəlmişəm?
    – Milisioner Səfər axır ki, ürək eləyib mətləbə keçdi.
    – Mənim oğlumu gərək qoymayasan buralara gələ, gələndə qovasan.
    – Evdən xəlvət pul götürüb gəlib bura?
    – Yox, ə, sən də söz danışdın də!.. – Mənim oğlum oğurluq edər? Tanımırsan onu?
    – Yox.
    – Ona görə də elə deyirsən də!.. Mətləb başqadı, qağa... Dünən yox srağagün soruşuram ondan ki, daha böyük oğlansan, keçmisən səkkizinci sinfə, gərək indidən məqsədin ola ki, kim olacaqsan böyüyəndə. Deyir məqsədim var. Deyirəm kim olacaqsan? Deyir furqonum olacaq, kəndlərə tir gətirəcəyəm...
    Məmmədağa milisioner Səfərin uzun sifətinə, tərdən yaş olmuş köynəyinə, par-par parıldayan dəmir düymələrinə baxdı, sonra ayağa qalxıb məhəccərin üstündən atıldı və furqonun qapısına yaxınlaşıb kəndin işıqlarına baxdı. Ona qəribə gəldi ki, sübh tezdən buradan çıxıb gedəcək, bir də neçə vaxtdan sonra bura gələcək, amma kim isə tamam başqa adam, lap elə sabah dənizdə çiməndə, sahildə, günün altında parıldayan alüminium örtüklü bir furqonu gözünün qabağına gətirəcək, bu furqonu özünkü biləcək və ürəyində öyünəcək. Kəndin işıqları birdən-birə ona doğma gəldi, elə bil, içini isindirdi və Məmmədağa fikirləşdi ki, Abşeronun hər kəndində işıqlar sönəndən sonra gecənin yarısı yuxuya getməzdən əvvəl kiminsə gözlərinin qabağına alüminium örtüklü bir furqon gəlir və həmin furqon Məmmədağanın, bax, bu furqonudu. O, başını qaldırıb göyə baxdı.
    Qırmızı bulud parçası yox olub getmişdi. Dənizdə üfüq də qızarmırdı daha. Ay çıxmışdı, ulduzlar çıxmışdı, lap xəfif xəzri başlamışdı və ay işığında sahilə gələn ləpələrin köpüyü süd kimi ağappaq ağarırdı; bu süd ağlığında elə bil ki, həmin qəribə yay gecəsinin təmizliyi vardı və Məmmədağa başa düşə bilmədi ki, cəmi on dəqiqə bundan əvvəl niyə birdən-birə o cür darıxdı? Bir halda ki, dünyada bu cür süd ağlığı vardı, adam niyə darıxırdı, niyə adamın ürəyi qısılırdı?
    Milisioner Səfər heç vaxt heç kimin ürəyinə dəymək istəməzdi. Onun fikrincə, dünyada ən pis şey kiminsə ürəyini sındırmaq idi. Indi də arxadan bu cavan oğlanın qara saçlarına, enli kürəyinə, əzələləri sayılan qollarına baxa-baxa fikirləşdi ki, pis iş gördü deyəsən, könlünü sındırdı deyəsən bu oğlanın. Amma burası da var idi ki, cavan oğlan da gərək zəhmət çəkib onu başa düşəydi. Milisioner Səfər yaş dəsmalını səliqə ilə qatlayıb cibinə qoydu və uzun qara barmaqları ilə yenə də köhnə portsiqarından bir «Pamir» çıxarıb yandırdı, dərin bir qullab vurub dedi:
    – Bilirsən, qağa, nahaq pərt olursan. Deyiblər ki, həmişə imam üçün ağlayanda, bir dəfə də yezid üçün ağla. Mən nə deyirəm? Pis söz demirəm ki... Mən də istəyirəm təkcə oğlum yaxşı oxusun, böyüsün, böyük adam olsun...
    Məmmədağaya çox adam çox söz demişdi, amma uşaq vaxtı molla Süleymanın dediyi bir söz heç vaxt yadından çıxmırdı. Adamlara deyilən sözlər də qəribə idi. Bir də görürsən sənə elə söz deyirlər ki, şapalaq kimi tutur, amma bir aydan sonra yaddan çıxıb gedir və heç vaxt onu xatırlamırsan. Hərdən də elə söz deyirlər ki, heç fikir vermirsən, amma sonralar bütün ömrün boyu yadından çıxmır.
    Molla Süleyman Məmmədağagilin məhəlləsində olurdu və onun haqqında danışmaq köhnə Sarı hamam, köhnə məscid, yan-yana iki adam güclə yeriyən Dar dalan haqqında danışmaq kimi bir şey idi. Molla Süleymanın gözündə qalın şüşəli çeşmək, başında adda-budda tükü tökülmüş qəhvəyi rəngli buxara papaq, əlində üstü gümüşlə işlənmiş köhnə əsa olardı. Əvvəlcə molla Süleymanın çəliyinin tıqqıltısı eşidilərdi, sonra özü hansı həyətdənsə çıxıb səki ilə addımlayardı.
    Məhəllənin molla Süleymandan xoşu gəlməzdi. Molla Süleyman çağırılmayan qonaq idi və harda aşdı, orda başdı. Günlərin bir günündə məhərrəmlik vaxtı Məmmədağa ömründə birinci və axırıncı dəfə uşaqlarla Sarı hasara dırmaşıb məscidin həyətinə baxdı. Molla Süleyman balaca həyətin ortasında dayanıb mərsiyə deyirdi:
    Necə qan ağlamasın daş bu gün,
    Kəsilib yetmiş iki baş bu gün.
    Kaş bu gün, bu dəmdə
    Olaydım Kərbəlada.
    O zaman Məmmədağa molla Süleymanın çeşməyinin qalın şüşələri altından bərələn gözlərinə baxıb fikirləşmişdi ki, əgər yetmiş iki baş kəsilən vaxt Kərbəlada olsaydı, adamları darda qoyub elə birinci qaçan molla Süleymanın özü olardı.
    Məmmədağa bunu axşam evdə də dedi və Səkinə xala əvvəlcə ona acıqlandı ki, bir də məscid tərəfə getməsin, sonra da özünü saxlaya bilməyib gülümsədi:
    – Amma sən də az bilmirsən ha! – dedi.
    Məmmədağagilin məhəlləsində binaların çoxu birmərtəbəli, ikimərtəbəli idi və hamısının da damına qır basılmışdı. Məmmədağagil dama çıxıb molla Süleymanı gözləyirdi, çəliyin tıqqıltısı gələn kimi, birmanatlığın ucunu deşib sapla bağlayırdılar. Molla Süleyman səkinin üstünə düşmüş manatlığın yanına çatanda dayanırdı, çeşməyini pula zilləyib diqqətlə baxırdı, sonra əyilib yerdən götürmək istəyirdi. Molla Süleyman səkinin üstünə əyilən kimi Məmmədağagil sapı dartırdı və kişi pulun dalınca bir neçə metr az qala iməkləyirdi. Sonra Məmmədağagil hayküylə sapı yuxarı dartırdı və manatlıq molla Süleymanın yekə, çopur burnunun qabağından dama qalxırdı. Molla Süleyman lənət yağdıra-yağdıra, qarğışlayaqarğışlaya çəliyini tıqqıldadıb səkinin üstü ilə yoluna davam edirdi:
    – Dayanın bir, köpək uşağı! Əlləzinəni əzbər oxudacağam sizə!..
    Ən qəribəsi bu idi ki, üç-dörd gündən sonra molla Süleyman yenə də özünü saxlaya bilməyib, ucuna ip bağlanmış manatlığı götürmək üçün aşağı əyilirdi.
    Bir gün Məmmədağa Dar dalanın qabağındakı tut ağacının altında oturub taxtadan şumaqədər yonurdu. Birdən kim isə onun boynunun ardından tutub qaldırdı. Məmmədağa heç vaxt bilməzdi ki, molla Süleymanın qolunda belə güc var. Onun gözlərini də bu cür yaxından görməmişdi. Dərinə düşmüş bu acıqlı gözlər qalın şüşənin arxasında böyümüşdü. Molla Süleyman Məmmədağanın sifətini lap gözlərinin tuşuna gətirib saralmış seyrək balta dişlərinin arasından tüpürcək damcıları sıçraya-sıçraya:
    – Bircə, – dedi, – biləydim ki, böyüyəndə sən kim olacaqsan? Hambal olacaqsan, hambal! Hambal Dadaş deyəcəklər sənə!
    Bu vaxt Məmmədağagilin dalan qonşusu Kitabulla hardansa gəlib çıxdı və onu molla Süleymanın əlindən aldı:
    – Uşağın boynunu burax, a kişi! Burax deyirəm sənə!
    Molla Süleyman acıqlı gözləri ilə Kitabullanın hündür boynunu, enli kürəklərini, güclü qollarını nəzərdən keçirib:
    – Sən də Qoçu Nəcəfqulusan? – dedi.
    – Yox, Qoçu Nəcəfqulu deyiləm, amma burax uşağın boynunu!
    – Hə... Deməli, Həllac Mənsursan! – Molla Süleyman bu sözləri lap yanıbyaxılıb dedi və Məmmədağanın boynunu buraxdı; Məmmədağa düz bir həftə molla Süleymanın qaxac barmaqlarını boynunun arxasında hiss etdi.
    Indi o vaxtdan çox illər keçmişdi və o zaman dediyi bu sözlər yəqin molla Süleymanın özünün yadından çıxmışdı. Bakıda olanda Məmmədağa furqonun bir tərəfini səkiyə çıxarıb evlərinin qabağında saxlayırdı. Məhəllənin uşaqları furqonun başına yığılırdı və bu uşaqlardan heç kim ağlına gətirmirdi ki, bir vaxt Məmmədağanın özü məhəllədə dayanan maşınların qabağında bu cür atılıb - düşürdü. Düzdür, ondakı maşınlarla bu alüminium örtüklü furqon bir araya sığmırdı, yəni bu furqonun yaraşığının qabağında o «paluturka»lar, «villis»lər təzə nağaranın yanında köhnə dəf kimi bir şey idi.
    Məmmədağa Sarı hamama gedib özünü kisəçi Cabbara yaxşıca kisələtdirirdi, buğxanaya girib yaxşıca buğlanırdı, hamamdan çıxıb Əsədullanın budkasında bir krujka sərin pivə içirdi, sonra evə gəlib təzə köynəklərindən birini, təzə kostyumunu geyirdi, qalstuk taxırdı, çölə çıxıb Dar dalanın qabağındakı tut ağacının yanına gəlirdi. Tay-tuşları, məhəllənin cavanları bir-bir gəlib onunla görüşürdü, hal-əhval tuturdular və Məmmədağa məhəllədəki bütün yeniliklərdən xəbərdar olurdu, bilirdi ki, kim nişanlanır, hansı qızın «hərisini» veriblər, kim işini dəyişib, kim qonşusuyla dalaşıb, kim kimlə barışıb və kim kimdən inciyib. Böyük yeniliklərdən isə əvvəlcədən evdə xəbər tuturdu. Toya çağrılanda onun dəvətnaməsini Səkinə xalaya verirdilər və o həmişə işini elə qurmağa çalışırdı ki, toylarda iştirak eləyə bilsin.
    Məhəllədə hansı toyasa gedə bilməyəndə, o saat dedi-qodu başlayırdı və Məmmədağanın belə dedi-qodudan zəhləsi gedirdi. Işdi, heç cürə mümkün eləyə bilməyəndə, əvvəlcədən hədiyyəsini aparıb toy yiyəsinə verirdi, təbrik edirdi. Hər bazar günü Bakıda qalanda mütləq yas yerlərinə dəyərdi, başsağlığı verərdi, üzrxahlıq edərdi. Məhəllədə hamı onun xətrini istəyərdi və cavanlar onunla hesablaşardı. Məhəllənin fikri yekdil idi:
    – Məmmədağa kişi oğlandır!
    Bəzən molla Süleyman da çəliyini tıqqıldada-tıqqıldada günün altında par-par parıldayan alüminium örtüklü furqonun yanından keçirdi. Məmmədağagilin küçəyə baxan pəncərələrinin qabağında ayaq saxlayıb çəliyini qaldırırdı, ağacın ucu ilə şüşəni döyüb Məmmədağanın anasını çağırırdı, çeşməyinin arxasında irilənmiş zəhmli gözlərini düz arvadın gözlərinə zilləyib deyirdi:
    – Səkinə bacı, maşallah! Maşallah! Yaxşı oğlun var! Allah-taala onu sənə çox görməsin! Xoşbəxt olsun!
    Səkinə xala da ürəyindəki gizli təlaşla dil-ağız edirdi:
    – Çox sağ ol, molla! Ömrün uzun olsun!
    Səkinə xala qorxurdu ki, molla Süleymanın Məmmədağaya gözü dəyər; səhər mis qazanda ayrıca bozbaş asırdı, elə qazanla da göndərirdi molla Süleymangilə; bu da, bir növ, rüşvət kimi bir şey idi.
    Molla Süleymanın iki oğlu var idi, ikisi də dustaq yatırdı. Biri müharibə vaxtı əsir düşüb faşistlərin tərəfinə keçmişdi, o birisi isə on beş yaşında bir qızı zorlamışdı.
    Səkinə xala oğlundan çox razı idi. Məmmədağa keçən il bacısı Solmazı şah qızı kimi köçürmüşdü. Solmazın indi yaxşı ev-eşiyi vardı, özü də yaxşı adama rast gəlmişdi. Səkinə xalanın dünyada bircə nigarançılığı vardı ki, o da Məmmədağa sarıdan idi. Həm işi elə iş idi ki, adamı nigaran qoyurdu, həm də evlənmirdi ki, evlənmirdi: Səkinə xala məhəllənin ən yaxşı qızlarının adını çəkirdi, amma Məmmədağa heç kimi yaxın qoymurdu və belə söhbətlərdən də xoşu gəlmirdi. Səkinə xala bilirdi ki, oğlu bircə dəfə «hə» desə, məhəllənin ən adlı-sanlı ailəsindən ən yaxşı qızı gəlin gətirər evinə. Hətta qonşuları upravdom Kərim özü bir-iki dəfə işarə vurmuşdu ki, Məmmədağa nahaq subay gəzir. Upravdom Kərimin bütün məhəllənin yaraşığı bir qızı vardı, gündüz kitabxanada işləyirdi, axşam institutda oxuyurdu...
    ... Həmin qəribə yay gecəsi məhəllələri, evləri, Dar dalanın qabağındakı tut ağacı Məmmədağanın yadına düşdü və nədənsə ona elə gəldi ki, buradan – Zuğulbanın bu qumlu dəniz sahilindən onların məhəlləsinə cəmi bir saatlıq, furqonla iki saatlıq yol deyil, gərək günlərlə gedəsən bu yolu; birdən-birə ona elə gəldi ki, məhəllələri də milisioner Səfərin başı qarlı dağları kimi, bu yerlərdən çox uzaqdı; üzünü furqonun məhəccərinə söykəyib, səhərdən bəri papağı ilə sifətini yelləyəyelləyə özünü tənbehləyən milisioner Səfərə tutub:
    – Deyirsən, yaxşı vaxtıdı o dağların? – dedi.
    Milisioner Səfər məsələnin bu cür asan və yüngül həll olunmasına sidqürəkdən sevinib:
    – Başın haqqı, qağa, – dedi, – bu saat orada bir büsat var ki, qiyamətdi!..
    Sonra bir az susub əlavə etdi: – Deyəsən, müştərilərin gəlir. Milisioner Səfər papağını başına qoyub furqonun qapısından çölə boylandı və bu dəfə lap açıq-aşkar qanı qaraldı:
    – Qurumsaq oğlu qurumsaq, içib deyəsən yenə...
    Bir-birinin ardınca iki nəfər içəri girəndə spirt iyi furqonu başına götürdü və Məmmədağa qabağındakı kök oğlanı o saat tanıdı.
    Kök oğlan əvvəlcə milisioner Səfərə tərs bir nəzər saldı, sonra Məmmədağaya baxdı, sonra da taxta dovşana, tülküyə, ayıya, şirə və naməlum heyvana baxıb güldü:
    – Alə, kefdi ki bu, – cibindən bir dənə beşlik çıxarıb məhəccərin üstünə çırpdı:
    – Əlli dənə güllə ver! Atacağıq səhərə kimi!
    Onun yanındakı arıq oğlan da elə bil şüar deyirdi, əlini yuxarı qaldırdı:
    – Atacağıq!
    Məmmədağaya məlum oldu ki, Mirzoppa onu tanımadı, buna baxmayaraq, lap yüz güllə verərdi onlara, amma o yerdə ki, söhbət tüfəngdən-güllədən gedirdi, qoy tirin saçaqlı gülləsi olsun, fərqi yox idi, qardaşı da içib gəlsəydi, atmağa qoymazdı. Mirzoppa yağlı göz qapaqlarını qıyıb taxta dovşana baxdı və bu dəfə lap bərkdən güldü:
    – Alə, doğrudan kefdi e, bu! Nöş indiyəcən bura gəlməmişik biz?
    Mirzoppa arıq oğlana baxdı. Arıq oğlan əlini yuxarı qaldırıb:
    – Atacağıq! – dedi.
    – Tüfəngin yaxşısını ver a, xalaoğlu, fiktivni iş görmə bizimlə!.. – Bunu da Mirzoppa Məmmədağaya dedi.
    Əlbəttə, başqa vaxt olsaydı, Məmmədağaya belə sözlər demək mümkün olan iş deyildi, yəni bu sözləri deyən, TIR-in saçaqlı gülləsi kimi, furqonun qapısından çölə atılardı, amma Məmmədağanın bir xasiyyəti vardı ki, lazım olanda acı sözü udmağı bacarırdı; bu dəfə də Mirzoppanın yağlı sifətinə baxıb təkcə bunu dedi:
    – Qalsın sonraya. Bağlamışam tiri.
    – Neynəmisən? – Mirzoppa arıq oğlana baxdı, yəni ki, bu nə səfeh sözdü eşidirik, sonra üzünü Məmmədağaya tutdu. – Tez elə, alə, tez elə!
    Arıq oğlan yenə əlini qaldırıb:
    – Atacağıq! – dedi.
    – Atmayacaqsınız! – Bunu da milisioner Səfər dedi.
    – Sən mumla! – Bunu da Mirzoppa milisioner Səfərə dedi, sonra da əlini boğazına apardı.
    – Yığmısan məni, bax, bura! Hara gedirəm düşürsən dalıma. Əl çək məndən, deyirəm sənə!
    Milisioner Səfər papağını çıxarıb bu dəfə furqonun içinə dolmuş araq iyindən özünü yelləyə-yelləyə:
    – Ə, Mirzoppa, adam olmadın də, sən! – dedi. – Ayaq üstə dura bilmirsən, harana yaraşır indi tüfəng atmaq?
    Mirzoppa cibindən bir dənə də əzik beşlik çıxarıb məhəccərin üstünə çırpdı:
    – Puluna minnət! Yüz güllə ver! – dedi.
    Arıq oğlan yenə əlini yuxarı qaldırıb şüarını dedi:
    – Atacağıq!
    – Atmayacaqsınız! – Bunu təzədən milisioner Səfər dedi.
    Mirzoppa köynəyinin açıq yaxasından tükləri pırtdayıb çıxmış kök sinəsini qaşıya-qaşıya:
    – Sənə demirəm əl çək bizdən? – dedi. – Nə istəyirsən? Pulun yoxdu, pul verək?!
    Əlbəttə, bu söz milisioner Səfər üçün dünyanın ən böyük təhqiri idi. Hirsindən səsi xırıldaya-xırıldaya dedi:
    – Mənim indiyə qədər dilimə haram çörək dəyməyib! Indiyə qədər, gözümün ucuyla da olsa, kimsənin əlinə baxmamışam. Həmişə çesni olmuşam, düz dolanmışam. Həmişə də belə olacağam!
    Mirzoppa milisioner Səfəri nifrətlə təpədən-dırnağa qədər süzüb:
    – Elə ona görə bu günə qalmısan də!.. – dedi. Milisioner Səfər papağını başına qoyub Mirzoppanın lap qabağına yeridi:
    – Nə günə qalmışam, ə, mən? Nə günə qalmışam?!
    Mirzoppa bu dəfə milisioner Səfərə cavab vermədi, üzünü Məmmədağaya tərəf tutub:
    – Tez elə! – dedi. – Adama bir tüfəng, yüz güllə!
    Məmmədağa heç vaxt gözləməzdi ki, günlərin bir günündə, qəribə bir yay gecəsi Mirzoppa ilə beləcə rastlaşacaq. Əslində o, Mirzoppanı tamam yadından çıxarmışdı və bu gecə onu görməsəydi, bəlkə də heç vaxt yadına salmayacaqdı.
    – Noldu, alə? – Mirzoppa gözünün birini yumub diqqətlə Məmmədağaya baxdı və onu tanıdı. – Məmmədağa döyülsən sən?
    – Məmmədağayam...
    ...Mirzoppanın atası Əliabbas kişi qırçı idi və məhəllədə hamı onlara «Qırçılar» deyirdi. Iri bir qır tiyanı Mirzoppagilin küçə qapılarının qabağında dayanırdı və payızqabağı bu qır tiyanı məhəllədəki evlərin qapılarında gəzirdi. Əliabbas kişi binaların damına qır basırdı. Hərdən tiyan məhəllədən yox olurdu, bu o demək idi ki, Əliabbas kişi başqa məhəllədə iş götürüb. Həmin iri qır tiyanı görünməyəndə, elə bil, məhəllədə nəsə çatışmırdı, nəsə öz yerində deyildi. Mirzoppa həmişə özündən dörd-beş yaş kiçik uşaqlarla durub-otururdu və bu uşaqların yanında sözü keçirdi. Heç kim bilmirdi ki, Mirzoppanın neçə yaşı var və Məmmədağagili evdə onunla qorxudurdular:
    – Görürsüz Mirzoppanı, papiros çəkir, ona görə də boyu çıxmır. Kim papiros çəksə, Mirzoppa kimi pota olacaq, böyüməyəcək, bax, beləcə qartıb qalacaq.
    Uşaqlardan heç kim Mirzoppaya oxşamaq istəmirdi, çünki Mirzoppanın özünü heç kim istəmirdi, ondan qorxan vardı, amma xətrin istəyən yoxdu. Uşaqların arasında papiros çəkən də o idi, birinci dəfə arvadlardan danışan da o olmuşdu.
    Mirzoppagil məhəllənin aşağısında balaca yay kinoteatrının yanında olurdu. Bir yay həmin kinoteatrda üç ay hər gün «Tarzan»ı göstərdilər. Uşaqlar səhər yerlərindən qalxan kimi gedib bilet növbəsinə dururdu. Kinoteatrın qabağı bilet alverçiləri ilə dolu olurdu. Hərdən uşaqların pulu olmayanda, Mirzoppagilin damına çıxıb kinoya oradan baxırdılar və bunun üçün Mirzoppa səhəri gün onların hərəsindən abbası-abbası pul yığırdı.
    Mirzoppa həmişə böyük-böyük danışırdı, başından böyük qələt eləyirdi, uşaqlara qulluq buyururdu, böyüklərə qulluq göstərirdi; Məmmədağadan xoşu gəlmirdi, ona görə ki, göndərmək istəyəndə nə papiros dalınca gedirdi, nə tiyanın altında yandırmaq üçün taxta-tuxta yığırdı. Bir-iki dəfə xəlvətə düşəndə Mirzoppa onunla vuruşmuşdu, heç biri heç birini əməlli-başlı əzişdirə bilməmişdi, amma Mirzoppa həmişə qalib kimi gəzirdi, qalib kimi durub-otururdu.
    Bir gün hər şey dəyişdi. Həmin gün Mirzoppa evlərinin qabağındakı səkidə oturub qara çörəklə duzlu balıq yeyə-yeyə pəsdən oxuyurdu özü üçün:
    «Pobeda» - mobeda bilmərəm,
    Tarzanı mindirmərəm,
    Cenn ipi kəsibdir,
    Mən onu dindirmərəm.
     (Qəssab Ağanəcəfin arvadı Balacaxanım hərdən kefinə düşəndə məhəllədə uşaqların arasında bu məşhur mahnını başqa cür oxuyurdu:
    «Pobeda» - mobeda bilmərəm,
    «Moskviç»ə minmərəm,
    «Zim» qapıya gəlməsə,
    Mən heç hara getmərəm.
    Bunu oxuyurdu və həmişəki kimi, başına toplaşmış cavan məhəllə qızlarına göz vurub bərkdən şaqqanaq çəkirdi. Tramvay kursunda oxuyan Allahverdinin anası Ayna arvad evlərinin pəncərəsindən Balacaxanıma baxıb öz-özünə danışırdı: «Ona bax, gör nə şaqqanaq çəkir!.. Qarğa, məndə qoz var deyir e, lap!..»)
    Həmin gün Məmmədağa neft dükanından neft alıb evə aparırdı və Mirzoppanın yanından keçəndə özünü saxlaya bilməyib dayandı. O illər Məmmədağagildə şəkərbura, paxlava, şəkərçörəyi tez-tez olardı; onda Səkinə xala şirniyyat fabrikində işləyirdi, iki gündən bir, üç gündən bir işdə onlara pay verirdilər; şəkərbura tez-tez olardı, amma başqa şey az-az olardı, duzlu balıq isə heç olmazdı – Səkinə xalanın duzlu balığın iyindən xoşu gəlməzdi. Əlbəttə, Mirzoppa o saat başa düşdü ki, duzlu balıq üçün Məmmədağanın ağzı sulanıb, amma Mirzoppa da elə ona görə Mirzoppaydı ki, bu yerdə adamı yandırıbyaxardı.
    – Əntiqə silyotkadı! – Mirzoppa ağzını marçıldada-marçıldada duzlu balığın quyruğunu sümürdü. – Yeyirsən?
    Məmmədağa bilirdi ki, Mirzoppa belə məqamda adama balıq verən deyil, amma özünü saxlaya bilməyib dedi ki, hə, yeyirəm.
    – Pulun var yanında?
    Bayaq neft alanda Məmmədağaya xırda pul qaytarmışdılar və həmin xırda pullar indi Məmmədağanın trikotaj köynəyinin döş cibində idi, amma o vaxtlar pul Məmmədağagilin evində çox mötəbər bir şey idi və o, ürək eləyib bu pulları Mirzoppaya verə bilməzdi.
    – Hə, var pulun?
    – Yox.
    – Onda al! - Mirzoppa duzlu balığın yağına bulaşmış kök baş barmağını iki barmağının arasına soxub, Məmmədağaya göstərdi, sonra yenə duzlu balığın quyruğunu sümürüb ağzını marçıldatdı və birdən nəsə fikirləşib dedi: – Get evdən şəkərbura gətir, dəyişək. Ancaq yaxşısı olsun, üstündə də badam, özü də lap böyük.
    O illər məhəllədə konfet, şokolad, şəkərbura, paxlava, şəkərçörəyi ən ləziz şeylərdən idi və aydın məsələ idi ki, hamı bunları alıb yeyə bilmirdi. Gücü çatan Novruz bayramı üçün şəkərbura ilə paxlava bişirirdi. Əlbəttə, həmin şəkərbura, paxlava fabrikdə bişəndən ləzzətli olurdu, amma o yerdə ki, söhbət olubolmamaqdan gedirdi, onda evdə bişməyə, ya fabrikdə bişməyə fikir verən yox idi. Məmmədağa evdən şəkərbura gətirəndə Mirzoppa Dar dalanın qabağında dayanıb onu gözləyirdi. Şəkərburanı əlinə alıb zərgər Ələşrəf qızıla baxan kimi, o tərəf-bu tərəfinə baxdı və Məmmədağa fikirləşdi ki, Mirzoppa indi də təzə bir hoqqa çıxaracaq, amma şəkərbura Mirzoppanı tutmuşdu və o təkcə bunu elədi ki, minnət qoydu:
    – Yaxşı də, day sənsən... Ala.
    Məmmədağa duzlu balıq parçası ilə qara çörəyi alıb elə oradaca yedi,
    Mirzoppa isə evlərinə getdi.
    Iki gün keçdi və üçüncü gün axşam Mirzoppa özü Dar dalana gəldi, əlində tutduğu qara çörəklə duzlu balıq parçasını Məmmədağaya göstərib soruşdu:
    – Şəkərbura gətirirsən?
    – Yox, istəmirəm.
    – Istəmirsən? Silyotka istəmirsən? – Az qaldı Mirzoppanın gözləri kəlləsinə çıxsın. – Belə oldu?
    Həmin gecə Mirzoppa bütün məhəllə uşaqlarını tut ağacının altında başına yığıb deyirdi:
    – Sən öləsən, əntiqə kef eləyirdim özümçün, hərifləmişdim bu maminkin sınoku. Əntiqə şəkərbura gətirirdi mənimçün, üstündə də badam. Mən də basırdım buna köhnə silyotkanı, qara çörəyi. Çörəyi gedib Yasamaldakı tövlədən gətirirdim. Hacıbalagilin qoyunlarının qabağından. Şəkərburanı da yeyirdim özümçün əntiqə!..
    Mirzoppa yağlı-yağlı danışdıqca, uşaqlar gülürdü və Məmmədağa ömründə bu cür pərt olmamışdı; əlbəttə, burası məlum idi ki, Mirzoppa çörəyi gedib Yasamaldakı tövlədən gətirməmişdi və balıq da köhnə deyildi, bunların hamısını Mirzoppa özündən toqquşdururdu, amma bu yalanı Mirzoppa ləzzətlə danışırdı, çünki bu yalanlar Məmmədağanı xalis maymaq kimi qələmə verirdi.
    Üç-dörd gün də keçdi.
    Bir gün Məmmədağa məktəbdən qayıdanda Mirzoppa dayanmışdı Dar dalanın qabağında və nədənsə Məmmədağaya elə gəldi ki, Mirzoppa onu görməkdən ötrü səhərdən burdadı; Mirzoppanın ətli sifətində elə bir ifadə vardı ki, bu ifadə onun üzündə, ancaq özündən böyüklərin, özündən güclülərin yanında günahkar olanda əmələ gələrdi; Məmmədağanı görüb bir az çəkinə- çəkinə dedi:
    – Hə, qaranoy, məktəbdən gəlirsən? – Sonra yavaş-yavaş ürəklənib yenə əvvəlki Mirzoppa kimi böyük-böyük danışmağa başladı: – Yaxşı də, padumayeş, nolub e? Zarafat eləyirdim də o gün... Lap zaysan a, sən zarafat-zad da day bilmirsən nədi! Yaxşı... – Bu yerdə Mirzoppa yenə çətinə düşdü və yenə də bir az çəkinəçəkinə dedi: – Mənə bax, əntiqə silyotka var məndə, canımçun, alayı şeydi! Istəyirsən?
    – Bude, ala! - Bu dəfə Məmmədağa mürəkkəbə bulaşmış baş barmağını iki barmağının arasından çıxarıb Mirzoppanın gözlərinin qabağına uzatdı.
    Mirzoppa lap yanıb-töküldü:
    – Sən öləsən, heyf atam evdədi, yoxsa qoyardım lopuva sənün! – dedi və çıxıb getdi. Mirzoppa çıxıb getdi, amma Məmmədağa, nədənsə, bu intiqamından bir ləzzət anlamadı, Mirzoppanın bugünkü danışığında, duruşunda, yerişində nəsə elə bir şey vardı ki, Məmmədağanı sidq-ürəkdən ləzzət almağa qoymadı.
    Günorta vaxtı idi və Səkinə xala işdən tənəffüsə gəlib yaş süpürgə ilə həyətlərini tərtəmiz süpürmüşdü; yaş süpürgə həmişəki kimi, həyətə bir sərinlik gətirmişdi və Məmmədağa da qapılarının ağzındakı kubik daşın üstündə oturub təzə düzəltdiyi çəlpələnyin qarqarasına onluq sap dolayırdı. Dalandan Mirzoppanın kişi səsi kimi yoğunlamış səsi gəldi:
    – Məmmədağa!
    Məmmədağa qarqaranı pamazı köynəyinin yaxasına atıb həyətin dalan qapısına çıxdı:
    – Nə var? – bunu soruşdu və Mirzoppanın sifətində yenə də həmin ifadəni gördü – özündən böyüklərin, güclülərin yanında qələt eləyəndə əmələ gələn ifadəni.
    – Gəl bura də, bir dəqiqəyə.
    – Neynirsən məni?
    – Işim var sənnən...
    Mirzoppa onu dalandakı zibil yeşiklərinin yanında xəlvətə çəkdi və mətləbə keçməzdən əvvəl kefini xəbər aldı:
    – Necəsən?
    – Sənə nə var necəyəm? Nə deyirsən?
    Və Mirzoppaya məlum oldu ki, Məmmədağa ilə aranı düzəltmək daha çətin məsələdi, üz-gözünü qırışdırıb bir az başını qaşıdı, domba gözlərini dalanın üstündən keçən elektrik məftillərinə qonmuş sərçələrdə gəzdirdi və Məmmədağa başa düşdü ki, Mirzoppa bilmir hardan başlasın; axırı Mirzoppa dedi:
    – Mənə bax, Məmmədağa, öz canımçün, atam əntiqə kilkə gətirib, vışi şeydi, qabında yazıblar ki, ekstra, özü də Nizami muzeyinin qabağındakı prodmaqdan alıb...
    Məmmədağa bilirdi ki, Mirzoppa sabah yenə uşaqları başına yığıb onu pərt eləyəcək, özündən yüz cürə yalan toqquşduracaq, amma həmin gün onun birdən-birə Mirzoppaya yazığı gəldi; həmin gün Mirzoppa yenə də Mirzoppa deyildi və elə bil özü də bunu hiss edib minnət qoymaq istədi:
    – Mən sənə görə deyirəm e, əntiqə kilkədi... Badam-zad da lazım deyil, elə bir dənə şəkərbura gətir. Gözləyim səni burda?
    Məmmədağa bir söz deməyib evə getdi və bir dənə şəkərbura götürüb Mirzoppagilin həyət qapısına gəldi. Mirzoppa ədəb- ərkanla bir fal qara çörək kəsib üstünə də iki dənə duzlu kilkə qoymuşdu. Məmmədağanın gətirdiyi şəkərburanı alıb yenə də zərgər Ələşrəf kimi, o tərəf-bu tərəfinə baxdı, sonra kilkəni ona uzatdı:
    – Ala, sən öləsən, ancaq sən olmasaydın, heç kimlə dəyişməzdim bunu. Əntiqə şeydi!.. Qaranoyumsan da sən, neyniyim?..
    Sonra da Mirzoppa güldü və kök sifətindəki məzlum ifadə gözgörəti çəkilib getdi. Mirzoppa bir dəqiqənin içində əvvəlki Mirzoppa oldu; həyətlərinə girib qapını bağladı və birdən-birə Məmmədağaya elə gəldi ki, şəkərburanı Mirzoppa özü yemir, başqasına verir. Məmmədağa kilkələri elektrik şalbanının yanında dayanıb miyoldayamiyoldaya ona baxan boz pişiyin qabağına tulladı, çörəyi Mirzoppagilin küçə pəncərəsinin dəmir şəbəkəsinə soxdu və şalbanla dırmaşa-dırmaşa birmərtəbəli binanın damına çıxdı, kərpic bacanın dalında gizlənib Mirzoppagilin həyətlərinə tərəf boylandı.
    Dudu həyətdəki kranın yanında tərsinə çevrilmiş vedrənin üstündə oturmuşdu və Məmmədağa təəccüb etdi ki, vedrə bu qədər ağırlığa necə dözür. Mirzoppa Dudunun qabağında dayanıb əlindəki şəkərburanı onun ağzına uzadırdı. Dudu da şəkərburadan dişləyib yavaş-yavaş çeynəyə-çeynəyə udurdu.
    Məhəllədəki uşaqlardan heç kim Dudunun əsl adını bilmirdi; hamı Duduya elə Dudu deyirdi. Dudu həddindən artıq kök idi, lap yekə də başı vardı. Ona həmişə balaqları çox enli sətin finka geyindirirdilər ki, baldırları yeyilib yara olmasın, həm də onun bədəninə gələn şalvar yox idi. Dudunun başı həmişə əsirdi, ağzından da həmişə su tökülürdü. Dudu danışa bilmirdi, bir söz demək istəyəndə cürbəcür səslər çıxarırdı. Dudu heç vaxt uşaqların yanına gəlməzdi, hərdən küçəyə çıxıb həyət qapısının ağzında dayanırdı, gülürdü, öz-özünə cürbəcür səslər çıxarırdı. Dudunun on üç yaşı vardı (Məmmədağadan yaş yarım kiçik idi), amma hələ məktəbdə oxumurdu.
    Dudunun atası Mirzoppanın əmisi idi, müharibədə ölmüşdü, anası da pis işlər elədiyinə görə (deyirdilər ki, gecənin yarısı başqa məhəllələrdən bura kişilər gəlib tut ağacının altında onunla öpüşürmüş) Mirzoppanın atası Əliabbas kişi onu evdən qovmuşdu və Dudu təkcə qalmışdı Mirzoppagildə.
    Mirzoppa şəkərburanı Dudunun ağzına uzada-uzada deyirdi:
    – Hə, yeginən. Sabah yenə gətirəcəyəm sənə. Üstündə badam da olacaq sabah. Sabah sənə konfet də alacam. Sabah kino var əntiqə, uşaqlar gəlib damdan baxacaq, mən də pul yığıb səninçün konfet alacam əntiqə.
    Dudu heç nə ifadə eləməyən gözlərini naməlum nöqtəyə zilləyib ağzındakı şəkərbura tikəsini yavaş-yavaş çeynəyirdi. Və birdən necə oldusa, Dudu gözlərini qaldırıb dama baxdı, bacanın dalında gizlənməyə çalışan Məmmədağanı gördü.
    Dudu cürbəcür səslər çıxardı, şəkərbura tikəsinin qırıqları ağzından Mirzoppanın üzgözünə sıçradı. Məmmədağa əvvəlcə qaçmaq istədi – ona görə yox ki, Mirzoppadan qorxurdu, ona görə ki, başa düşmüşdü: bu gördüklərini gərək görməyəydi; başa düşdü ki, Mirzoppanın ürəyinin gizli sirri açılıb və bu sirri belə xəlvətcə gəlib açmaq yaxşı iş deyil.
    – Alə, əclaf oğlu əclaf, damımıza nöş çıxmısan? – Mirzoppa az qalırdı hirsindən partlasın, amma onun bu söyüşü Məmmədağanı özünə gətirdi, çünki Məmmədağa üçün dünyanın ən vicdansız işi ata söyüşüydü; çünki Məmmədağanın atası da müharibədən qayıtmamışdı və Məmmədağa onun heç sifətini xatırlamırdı; Məmmədağının atası Əli müharibənin birinci ili cəbhəyə getmişdi, elə birinci ili də Moskva yaxınlığında bir faşist gülləsinin qurbanı olmuşdu.
    Mirzoppa divarın qabağına cumdu, elə bil, bu saat atılıb dama çıxacaqdı:
    – Düş aşağı, əclaf oğlu, əclaf!
    – Əclaf oğlu özünsən! - Məmmədağa Mirzoppanın cavabını qaytardı, amma onun bütün üz-gözü alışıb-yanırdı, elə bil ki, indi həyətdə cürbəcür səslər çıxaran Dudunun Mirzoppanın əlinə dikilmiş gözləri şəkərburanın qalanına yox, ona baxırdı və elə bil ki, Dudunun ağzından sıçrayan şəkərbura qırıqları Mirzoppanın yox, onun üz-gözünə düşmüşdü.
    Sonra Məmmədağa şalbanla sürüşüb aşağı düşdü və Mirzoppa həyətdən küçəyə çıxanacan Dar dalana çatıb gözdən itdi; Məmmədağa Mirzoppa ilə dalaşmaqdan qorxmurdu, elə bil ki, utanırdı Mirzoppadan.
    Məmmədağa bütün günü evdən çıxmadı, axşam isə, Dar dalandan Mirzoppanın kişi səsi kimi yoğun səsi gəldi.
    – Məmmədağa!
     (Çox vaxt anaları, böyük bacıları Mirzoppanın baxışlarını oxuyub uşaqları onunla oynamağa qoymurdular; deyirdilər: «–Yekə kişidi o, boyu çıxmır. Üzgözündən həyasızlıq tökülür. Sizin tayınız deyil. Öz tay-tuşunuzla oynayın!».) Məmmədağa həyət qapısından başını çıxarıb:
    – Nə var? – dedi.
    – Bir dəqiqəyə gəl bura, işim var sənnən.
    Əlbəttə, Məmmədağa məlum səbəbə görə Mirzoppa ilə danışmaq istəmirdi, amma əvvəl-axır, onsuz da, üzbəüz gəlməliydilər; o, dalana çıxdı, Mirzoppa yenə də onu dalandakı zibil yeşiklərinin yanında xəlvətə çəkib domba gözlərini elektrik məftillərinə dikdi, sonra köynəyinin yaxasından qoynuna qoyduğu «Belomorkanal»I çıxarıb dərdli adamlar kimi bir papiros yandırdı:
    – Mənə bax, – dedi, – Məmmədağa, öz canımçün, olur də, qərdeşnən qərdeşin arasında yüz cür şey olur. Nolar? Sənnən day heç işim-zadım yoxdu, qərdeş canı. Sən də day uşaqlara deməginən ki, Mirzoppa şəkərburaları Duduya yedirdirdi, hə?
    Məmmədağa bu barədə heç fikirləşməmişdi də, yəni günorta damın üstünə çıxıb gördükləri və eşitdikləri ona elə təsir eləmişdi ki, Məmmədağanın acığı özünə tutmuşdu, həm də yaman acığı tutmuşdu; burası da Məmmədağaya məlum olmuşdu ki, Mirzoppanın da ürəyi var və bu ürək də hərdən kövrəlir, hərdən lap açılır, lap təmiz olur, lap geniş olur, amma indi Mirzoppanı qorxu götürmüşdü ki, birdən ürəyinin bu təmizliyini, bu açıqlığını məhəllənin başqa uşaqları da bilər – Mirzoppa yenə həmişəki Mirzoppa olmuşdu və bu yerdə Məmmədağanın ona bərk acığı tutdu, birdən-birə ürəyində elə bir intiqam hissi baş qaldırdı ki, heç olmasa, yarım saat müddətinə Mirzoppanın əskik əməllərinin hayıfını almaq istədi. Mirzoppa bir də soruşdu:
    – Hə?
    – Deyəcəyəm.
    Mirzoppa bir az çəpəki-çəpəki ona baxdı, sonra damağındakı papirosu dibinəcən sümürüb zibil yeşiyinə tulladı, ömründə yumadığı çirkli dişlərini qıcıyıb:
    – Mənə bax, – dedi, – sənə ağız açıram, öz canımçun, heç kimə ağız açmamışam ömrümdə! Yaxşı döyül, hərənin öz hörməti var, hərə özüyçün bir cayıldı...
    Məmmədağa bilirdi ki, Mirzoppa gözünün içinə kimi yalan deyir, indiyəcən çox adama ağız açıb, işi bərkə düşəndə özündən böyüklərə yalvarıb-yaxarıb, min dəfə «qələt eləmişəm» də deyib və bu dəfə onun yaralı yerini lap közərtdi:
    – Bizdən yığdığın pullara da Duduyçun konfet alırsan?
    Mirzoppa əlini Məmmədağanın gözlərinin qabağında oynatdı:
    – Alə, adam kişi olar! Səni adam bilmişik, qapuva gəlmişik!.. Necə adamsan, alə, sən?
    Mirzoppanın ən böyük pisliyi ondaydı ki, qorxurdu başqaları onun yaxşı cəhətlərini bilsin; yalan, adama sataşmaq onun üçün elə mötəbər idi ki, qorxurdu məhəllə uşaqları onun yaxşı bir işini eşidib üz döndərsinlər, bütün hörmətini itirsin; o, bir müddət çəpəki-çəpəki Məmmədağaya baxdı, elə bil fikirləşirdi ki, nə eləsin, bu işə ki, düşüb, necə çıxsın, bu saat bir-iki dənə ilişdirsin Məmmədağaya və cavabını da alsın, yoxsa dil töksün yenə? Axır qərara gəlib üz-gözünü qırışdırdı, bir az boynunun ardını qaşıyıb dedi:
    – Heç kimə deməsən, sənə bir hörmət eləyərəm, öz canımçun!
    – Nə?
    – Hörmət eliyərəm sənə. Əntiqə yerə apararam səni...
    Təbii ki, Mirzoppanın heç bir sözünün Məmmədağanın yanında etibarı yox idi və Mirzoppa özü də bunu bildiyinə görə məsələni çox uzatmadı, ağzını onun qulağına dirəyib pıçıldadı:
    – Əntiqə arvadlara baxmağa!..
    Məmmədağa bilirdi ki, Mirzoppadan nə desən çıxar və o, dünyanın ən əbləh işlərini görər ki, başqasının heç ağlına gəlməz, amma bu dəfə də onun sözlərinə inanmadı. Mirzoppanın ətli-yağlı dodaqlarının qulağına yaxınlaşmasından əti ürpəşdi. Mirzoppa isə o tərəf-bu tərəfə baxıb yenə də ağzını onun qulağına dirədi:
    – Hamamda çimən arvadlara. Lap lüt, öz canımçun!
    Elə bil, Məmmədağanın ürəyi qırılıb ayaqlarının altına düşdü və o heç özü də bilmədi ki, necə soruşdu:
    – Yalançının?
    – Eh, malades sənə, zarafatım-zadım var bəyəm sənnən? Gəl dalımca.
    Məmmədağagilin məhəlləsinin yuxarı başında Sarı hamam deyilən köhnə bir hamam vardı; ona görə belə deyirdilər ki, bu hamamın divarları lap əvvəldən, nədənsə, həmişə sarı rənglə əhənglənərdi. Hamamın üzü küçəyə baxırdı, arxası isə başqa ikimərtəbəli binanın arxasına söykənmişdi, amma arada bir az boş yer vardı və bu bir az yerdə quşbaz Ağamehdi özünə quşxana düzəltmişdi, göyərçinlərini bu quşxanada saxlayırdı və gecələr bura zülmət qaranlıq olurdu. Mirzoppa onu quşxananın yanına gətirdi, əli ilə quşxananın üstünü göstərib:
    – Ode, oradan baxanda hamısı görünür əntiqə, – dedi. – Indi qalxarıq, baxarsan. Sarı hamamın arxa tərəfində, yuxarıda balaca bir pəncərə vardı və bu işıq gələn pəncərə Ağamehdinin quşxanasının üstündən bir adam boyu hündürdə idi; Mirzoppa iz axtaran it kimi gəlib bu balaca pəncərəni tapmışdı.
    Məmmədağa, elə bil, yuxudaydı və bura necə gəldiyini heç özü də bilmirdi; o, başa düşürdü ki, Mirzoppaya qoşulub bura gəlməyi çox pis işdi və burasını da başa düşürdü ki, bir halda ki, Mirzoppa it kimi iyləyə-iyləyə gəlib bu balaca pəncərəni tapıb, deməli, dünyanın ən alçaq adamıdı və alçağa qoşulmaq da alçaqlıqdı; o qaçıb buradan getmək istədi; buranın nəm havası az qalırdı onun ürəyini bulandırsın, amma elə bil ki, nəsə maqnit kimi onu özünə çəkib burada saxlayırdı, həm də, daha gec idi, indi buradan qaçıb getsəydi, Mirzoppanın yanında, doğrudan da, maymaq olacaqdı, onun ürəyindən bir inilti keçdi ki, tezcə qurtaraydı bütün bu əhvalat.
    – Hələ kişilər çimir.... - Mirzoppa qulaqlarını şəkləyib həmin balaca pəncərədən gələn tas-ləyən səsinə, su şappıltısına qulaq asırdı, çimənlərin kişi, ya arvad olduğunu bu səbəbdən bilirdi və Məmmədağaya məlum oldu ki, Mirzoppa bu quşxananın yanında az geçələr keçirməyib.
    Göyərçinlər adam hiss eləyib quruldamağa başladı və bu qurultu Məmmədağanın ürəyini daha da artıq döyündürdü. Mirzoppa tərləmiş əli ilə
    Məmmədağanın biləyindən tutub:
    – Qorxma, – dedi.


<< 1 / 2 / 3 / 4 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (08.01.2014) | Müəllif: R.C E W
Baxış: 1669 | Reytinq: 3.4/5
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more