Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Birinci görüşün tarixcəsi-2
<< 1 / 2 / 3 / 4 >>


    Məmmədağa biləyini Mirzoppanın əlindən çəkdi, ona elə gəldi ki, Mirzoppanın əli Dudunun ağzından axan suda islanıb; cınqırığını çəkmədən qulaqlarını şəkləmiş Mirzoppanın qaranlıqda güclə görünən ətli sifətinə baxdı – bu, əsl Mirzoppa idi, daha gizlincə Duduya şəkərbura yedizdirən, Duduya konfet alan Mirzoppa deyildi. Məmmədağa bütün şüuru ilə, ağlı ilə başa düşürdü ki, bu rüsvayçılıqdan qurtarmaq üçün buradan qaçıb getmək lazımdı və üstəlik Mirzoppanı da yaxşıca əzişdirmək lazımdı, amma ayaqları sözünə baxmırdı və ürəyi də elə hey səksəkə içində çırpınırdı.
    Mirzoppa yenə də tərli əli ilə onun biləyini sıxdı, yəni ki, iş var. Balaca hamam pəncərəsindən daha səs gəlmirdi, yəqin çimənlər çimib nömrədən çıxmışdılar. Bir az sakitlik çökdü və bu sakitlik içində, ancaq quşbaz Ağamehdinin göyərçinləri quruldayırdı; sonra pəncərədən yenə səs gəldi və Mirzoppa pıçıldadı:
    – Şərəbanıdı, təmizləyir nömrəni.
    Şərəbanı Sarı hamamda süpürgəçi idi. Sarı hamamın ümumi kişi şöbəsindən və ümumi arvad şöbəsindən başqa üç ayrı-ayrı nömrəsi vardı və bu balaca pəncərə də həmin nömrələrdən birinin pəncərəsi idi. Sonra yenə sakitlik çökdü və bir azdan yenə tas-ləyən, öskürək səsi gəldi, su şırıldadı və Mirzoppa da bu dəfə lap yavaşcadan pıçıldadı:
    – Qalx.
    Məmmədağa taxta nərdivanla yuxarı dırmaşdı və quşxananın damında pəncələri üstə qalxıb balaca pəncərəyə tərəf boylandı. Birdən-birə onun bütün bədəni uçundu, gözləri torlandı və bu tor pərdə arxasında elə şeylər gördü ki, elə bildi bu saat yer ayaqlarının altından qaçacaq və o, harasa düşəcək, özü də uçub düşəcək harasa; arvad bir ləyən suyu qızın başına tökdü və su qızın saçlarındakı, üzündəki, bədənindəki bütün sabunu yuyub aparanda Məmmədağa dəhşətə gəldi ki, hər gün yüz dəfə küçələrində gördüyü bu arıq, bu kifir qız bu qədər qeyri-adiymiş, bu qədər sehrliymiş, tilsimliymiş.
    Mirzoppa aşağıdan Məmmədağanın şalvarının balağını dartdı, yəni ki, düş aşağı, bir az da mən baxım; Məmmədağa, ancaq indi yadına saldı ki, Mirzoppa aşağıdadı və dəhşətlə o biri ayağını qaldırıb onun əlini itələdi. Məmmədağanı dəhşət basmışdı və bu dəhşət içində o görürdü ki, bu dəfə arvad özu sabunlanır, qız da əyilib ona kömək edir, anasının kürəyini, belini sabunlayır və hər dəfə qız əyilib durduqca Məmmədağanın bütün bədəni uçunurdu və o vaxt o özü də bilmirdi ki, bu nə deməkdir.
    Mirzoppa aşağıda daha dözə bilməyib nərdivana qalxdı, yuxarı dırmaşıb onu kənara sıxışdıraraq quşxananın üstündən balaca pəncərəyə sarı boylandı və Məmmədağa nəfəsini qısıb gözlədi ki, bu saat nə isə bir hadisə olacaq. Birdən-birə Mirzoppanın sinəsindən bir inilti qopdu və o, yekə başını hamamın köhnə divarına çırpdı. Məmmədağa daha özünə gəlib quşxananın damından birbaş yerə – hamamdan nəm çəkmiş torpağın üstünə atıldı. Quşxanadakı göyərçinlər daha da bərkdən quruldamağa başladı və Məmmədağa gözünü açanda Mirzoppa da özünü yerə atmışdı; bir müddət beləcə dayandılar – Mirzoppa ayaq üstə, Məmmədağa yerə sərilmiş, sonra Mirzoppa Məmmədağanın heç vaxt görmədiyi və təsəvvür etmədiyi bir hönkürtü ilə zır-zır ağlamağa başladı.
    Hamamda çimən arvad Mirzoppanın anası idi, hamamda çimən qız da Mirzoppanın bacısı Ədilə idi. Belə-belə işlər...
    O gündən sonra Məmmədağa bir neçə ay özünə gələ bilmədi; ona görə yox ki, həyatında birinci dəfə lüt arvad, lüt qız görmüşdü, ona görə ki, bir kişi qeyrəti onu boğurdu, məhəllə uşaqlarının, cavanların gözünün içinə düz baxa bilmirdi; qeyrət onu boğurdu ki, hərdən həyətlərinə gəlib anası ilə söhbət edən arvada, hər gün məhəllədə gördüyü qıza oğru pişik kimi gizlicə hamam pəncərəsindən baxıb. Hərdən gecələr hövlnak yuxudan oyanırdı, o saat yadına düşürdü ki, çox pis bir iş tutub və yerində qovrula-qovrula tutduğu bu işin əzabını çəkirdi, özünü dünyanın ən pis adamı hesab edirdi.
    Və Məmmədağa elə o günlərdən düzlüyün, mərdliyin, kişiliyin qədrini bildi; aylar, illər keçdi və zaman keçdikcə də bu hadisə yavaş-yavaş yaddan çıxdı, bir yeniyetməlik yuxusuna çevrildi ki, doğrudan da, yuxuda, ya həyatda olduğu unuduldu. O vaxtdan bəri Məmmədağa bütün ömründə elə bir iş görməmişdi ki, kiminsə yanında gözükölgəli olsun. Məhəllənin arvadları Məmmədağadan söz düşəndə deyirdi:
    – Ömrü uzun olsun, torpaq sanı yaşasın, elə bil, sir-sifətdən Kitabulladı.
    Xasiyyəti də qızıldı. Çox kişi cayıldı. Səkinə xalanın, aydın məsələdir ki, bu sözləri eşidəndə uçmağa qanadı olmurdu, amma özünü ağayana aparırdı, yəni ki, elə belə də olmalı idi, onun oğlu, Əlinin oğlu başqa cürə ola bilməzdi. Solmaz isə, o saat bu sözləri Məmmədağaya çatdırırdı və əvəzində də Məmmədağa ona acıqlanırdı.
    – Bir də mənim yanımda belə sözlər danışma!
    Əlbəttə, o vaxt məhəllə uşaqlarının heç nədən xəbəri olmadı, Məmmədağa heç kimə heç nə demədi, amma Mirzoppa daha məhəllədə lap az-az görünürdü, bir neçə vaxtdan sonra isə Qırçılar məhəllədən köçüb getdi. Əliabbas kişi məhəllənin ağsaqqallarına deyirdi:
    – Altı-yeddi ildən sonra Bakıda qır basmağa dam qalmayacaq. Köhnələri sökürlər, hər yerdə təzə ev tikirlər, beşmərtəbə, yeddimərtəbə, bir azdan doqquzonmərtəbə də tikəcəklər. Hamısının üstü taxtapuş. Yaxşısı budu elə indidən yığışıb köçüm kəndlərdən birinə. Abşeronda binaların hamısının damı qırdı, hansı kəndə getsəm, bekar qalmayacağam...
    Həmin vaxtdan da iri qır tiyanı Məmmədağagilin məhəlləsində görünmədi və məhəllə də yavaş-yavaş buna alışdı, indi daha adama elə gəlmirdi ki, nəsə yerində deyil, nəsə çatışmır. Indi on beş-on altı il keçmişdi o günlərdən. Belə-belə işlər...
    ...Həmin qəribə yay gecəsi bütün bunları yadına salan Məmmədağa furqonun gur işığında Mirzoppanın daha da kökəlmiş sir-sifətinə baxa-baxa birdən-birə özünü onun yanında günahkar hiss etdi, amma bu günah hissində artıq bir uşaqlıq xatiratının ilıqlığı vardı; bu günah hissi çox həzin bir peşmançılıq idi və indi Məmmədağanın ürəyindəki bu həzinliklə Mirzoppanın ona baxıb harın-harın gülümsəməyi heç vəchlə bir araya sığmırdı.
    Arıq oğlan yenə əlini yuxarı qaldırıb öz şüarını dedi:
    – Atacağıq!
    Milisioner Səfər bu arıq oğlana baxıb fikirləşdi ki, zalım balasının başında bir kəlmə «Atacağıq!» sözündən başqa bir şey yoxdu, amma tüfəng istəyir, güllə istəyir. Sonra da fikirləşdi ki, belələridi nahaq qan tökən, öz vücudları bir köpüyə dəyməz, amma uşaqları yetim qoyurlar, arvadları gözüyaşlı. Mirzoppa eləcə harın-harın gülümsəyə-gülümsəyə Məmmədağanı təpədən dırnağa kimi süzüb:
    – Pis döyülsən, – dedi. – Yaxşı, öz məhəllə uşağuva tüfəng vermirsən atmağa?
    Mirzoppanın bu cür açıq-aşkar harın-harın gülümsəməyinə baxmayaraq, Məmmədağa sidq-ürəkdən təəssüf etdi ki, Mirzoppa bu axşam bu qədər içib. Içməmiş olsaydı, əlbəttə, lap səhərəcən icazə verərdi ona nişan atsın. Heç pulunu da almazdı ondan. Düzdür, Məmmədağa həmişə belə hesab edirdi ki, öz gücünə səxavətli olasan gərək, hökumətin tirinin hesabına yox, amma bu saat bu barədə fikirləşməyə dəyməzdi, çünki Mirzoppa ayaq üstə güclə dururdu, yanındakı oğlanın isə əlini yuxarı qaldırıb bir kəlmə deməkdən başqa bir şeyə qabiliyyəti çatmırdı.
    Məsələ burasında deyildi ki, Mirzoppanın gülləsi kiməsə dəyə bilərdi. Düzdür, tirlərdə hərdən belə hadisələr olurdu, amma Məmmədağa indi tüfəngi Mirzoppaya verib özü sərhesab ola bilərdi, amma yenə də məsələ burasında idi ki, təlimatda iri qara hərflərlə içmiş adamların tirdə tüfəng atması qadağan edilmişdi. Məmmədağa isə öz təlimatının qabağında gözükölgəli olmaq istəmirdi.
    – Qalsın sonraya. – Bunu Məmmədağa dedi.
    – Sən mənnən nöş düzəlmirsən?! – Bunu Mirzoppa dedi və onun yoğun səsində açıq-aşkar bir hədə-qorxu vardı.
    – Atacağıq! – Bunu, aydın məsələdir ki, arıq oğlan dedi və əlini də yuxarı qaldırdı.
    – Atmayacaqsız! – Bunu da yaş dəsmalını təzədən cibindən çıxarıb üzgözünün tərini silən milisioner Səfər dedi.
    – Sən hürmə! – Mirzoppa domba gözlərini milisioner Səfərə bərəltdi.
    Milisioner Səfərin ürəyindən bir nalə qalxdı: a dağlar oğlu, gör nə günə qalmısan ki, düdüyün biri səninlə it dilində danışır. –Sonra yaş dəsmalını cibinə basıb Mirzoppanın qolundan yapışdı:
    – Gedək otdeleniyə!
    Mirzoppa qolunu dartdı:
    – Əl çək məndən!
    – Yox, gedəcəyik!
    – Dedim sənə əl çək məndən!
    – Gedəcəyik, vəssalam!
    Birdən-birə milisioner Səfərin qulağının dibində bir şapalaq cingildədi və onun arıq qara sifətində Mirzoppanın ətli barmaqlarının yeri ağardı.
    Bu çox gözlənilməz oldu və ən əvvəl arıq oğlan özünə gəldi, bir Mirzoppaya, bir də milisioner Səfərə baxıb, əlini «aerodrom» kepkasının üstünə basdı və bir göz qırpımında furqondan yerə atılıb əkildi. Sonra özünə gələn milisioner Səfər oldu:
    – Ə, dəyyus, hökumət nümayəndəsinə əl qaldırırsan?!
    Elə bil, vurduğu şapalağın cingiltisi və kinomexanik Ağagülün (bayaqkı arıq oğlanın) tələsik sivişib aradan çıxması Mirzoppanın özünü də birdən-birə ayıltdı və o, qəzəbindən udqunan milisioner Səfərin qalxıb-enən iri hulqumuna baxa-baxa başa düşdü ki, işi xarabdı.
    Milisioner Səfər bu dəfə Mirzoppanın yaxasından yapışdı:
    – Düş qabağıma!
    Və Mirzoppa da daha milisioner Səfərin əlindən dartınmadı, amma dilini də ağzında saxlamadı:
    – Gedək də, gedək! Hara deyirsən gedək! Səndən qorxub eləyən yoxdu. Bir dəfə Nəcəfə zəng eləsəm, paqonlaruvu çıxartdıraram! Baxarsan!
    – Az danış, düş qabağıma! – Milisioner Səfər bu sözləri elə zəhmlə dedi ki, Mirzoppaya məlum oldu: bir az da o yan-bu yan eləsə, səsini çıxartsa, bu kəndli oğlu onu ayı kimi süpürləyib basacaq altına, bunu hiss etdi və dinməz-söyləməz furqondan aşağı düşdü. Məmmədağa da onlarla birlikdə furqondan aşağı düşdü. Milisioner Səfər ay işığında daha da qaralmış sifətini Məmmədağaya çevirib:
    – Sən gəlmə, qağa, – dedi. – Səfər bunu əlindən buraxan deyil. Belələrini çox görüb Səfər!
    Mirzoppa bərkdən boğazını arıtlayıb qumun üstünə tüpürdü və bir az ehtiyatla:
    – Yaxşı, – dedi, otdelenedən Nəcəfə zəng elərəm, onda görərik!..
    Məmmədağa, milisioner Səfərlə Mirzoppa ay işığında gözdən itənədək furqonun qabağında dayandı, sonra çəkməsinin burnu ilə Zuğulbanın narın sahil qumunu tozlandıra-tozlandıra dənizə tərəf getdi. Bütün sahil bomboş idi və indi adama elə gəlirdi ki, bu yerlərdə ömründə heç kim olmayıb, dəniz həmişə bu cür tək-tənha olub və sahil də dənizlə həmişə bu cür bomboş təkbətəklikdə olub. Bu boşluq, dənizi daha böyük, intəhasız etmişdi və bu böyüklüyünə, intəhasızlığına baxmayaraq, dənizin də belə tənha görünməsi birdənbirə həmin yay gecəsinə bir qüssə gətirdi; dəniz həmişəki kimi boğuq bir səslə uğuldamırdı, şırıldayırdı dəniz, elə bil çay axırdı. Milisioner Səfərgilin dağlarından axan çaylar da yəqin belə şırıldayır və indi o çayların xəbəri yoxdu ki, ürəyini onlarda qoymuş milisioner Səfər bu gecə Abşeronda, Zuğulba deyilən bir kəndin kənarında, dənizin sahilində, Məmmədağa adlı bir oğlanın tirində nahaq, lap nahaq bir şillə yedi.
    Məmmədağa başa düşürdü ki, əslində həmin şillənin namərdliyi idi bu gecəyə qüssə gətirən, bu dənizi beləcə tənha edən; o, sahilboyu qumluqdan sonra başlayan Zuğulba qayalıqlarına baxdı və bu sal qayalar ay işığında ona həmişəkindən daha təmkinli göründü. Məmmədağa fikirləşdi ki, bir vaxt gələcək, həmin şillə yaddan çıxacaq, cingiltisinin pis əks-sədası bu yerlərdən tamam çəkilib gedəcək və bir vaxt gələcək ki, dünyada nə Məmmədağa olacaq, nə milisioner Səfər, nə də Mirzoppa, amma bu qayalar isə hər dəfə ay işığında beləcə qaralacaq; Məmmədağa başa düşürdü bu fikirlər çox da dərin fikirlər deyil, bütün bunlar məlum məsələdir, dünyaya məmmədağalar gəlib, məmmədağalar gedib, həmişə də belə olacaq; təkcə burası var ki, hər adam gərək ömrünü kişi kimi vursun başa bu dünyada, yəni bir halda ki, dünyada bu cür sal qayalar var və onlar bu cür təmkinlidir, bu cür böyük dənizlər var, ay var, ulduz var, o həyat ki, sənə verilib, onu gərək düz yaşayasan, təmiz yaşayasan və gərək elə bir şey olmasın ki, gecə yerinə girib yatmaq istəyəndə səni özündən utandırsın; hərgah, dünyada bir milisioner Səfər varsa, bu milisioner Səfərin oğlunun adı Naçalnikdirsə, özü də ömründə haram bir tikə yeməyibsə və ürəyi də qoyub gəldiyi dağların yanındadırsa, gərək o, bu dənizin sahilində, bu qayaların yanında, bu ayın işığında haqsız şillə yeməsin.
    Uzaqdan Bakıya gedən elektrik qatarının səsi gəldi: dəmir təkərlər relslərin üstü ilə taqqatuqla gedirdi və həmin taqqatuq indi, elə bil, bu Zuğulba gecəsinin, bu tənha gecənin nəbzi idi, vururdu; bu gecə nəbzinə qulaq asan Məmmədağa fikirləşdi ki, adamın ömrü də qatar kimi bir şeydi, səni mənzil başına aparıb düşürür, əvəzinə bir başqasını götürüb geri qayıdır, onu da o biri başda düşürüb təzəsini götürür, gedir-gəlir, gedir-gəlir və bir halda ki, bu yolun əvvəli var, axırı var, gərək papağını qabağına qoyub fikirləşəsən, fikirləşəsən ki, qatar relsdən çıxmayacaq, cədvəlini də pozmayacaq, ona görə bu məsafədə adam ol, adam kimi yaşa, adam kimi də öl.
    Yavaş-yavaş xəzri əsirdi və xəzri əsdikcə də həmin qəribə yay gecəsinə bir sərinlik gətirirdi, ağcaqanadlar yoxa çıxmışdı və Məmmədağa fikirləşdi ki, ağcaqanad da təbiətindi, külək də təbiətindi, amma külək ağcaqanadın qənimidi və ümumiyyətlə, bu dünya elə bir şeydi ki, hər pisliyin, hər namərdliyin öz qənimi var; əlbəttə, bu fikir də çox dərin bir fikir deyildi və Məmmədağa burasını da fikirləşdi ki, bu gecəni qəribə eləyən onun bəlkə birdən-birə filosofluq eləməyə başlamasıdı?
    Bu dəfə başqa bir səs gəldi və Məmmədağa alüminium örtüyü ay işığında gümüş kimi ağaran furqonunun yanında kiminsə qaraltısını gördü. Kimsə furqonun dövrəsində o tərəf-bu tərəfə gedə-gedə qışqırırdı:
    – E-ey!.. E-ey!..
    Məmmədağa başa düşdü ki, bu səs arvad səsidi, amma bu arvadın gecənin bu vaxtında onun furqonunun yanında niyə gəzdiyini başa düşmədi.
    – E-ey!.. E-ey!..
    Məmmədağa furqonun yanına gələndə on səkkiz-on doqquz yaşlarında bir qız onu elə top-tüfəngə tutdu ki, əvvəlcə heç nə anlaya bilmədi.
    – Hə, camaatı tutdurursan, özün də dəniz qırağında gəzirsən?.. Camaat nədi səninçün bəyəm, adam-zad deyil? Nə işin var camaatla? Yorta-yorta gəlmisən bura ki, adam tutdurasan?
    Məmmədağa furqonun açıq qapısından düşən elektrik işığında bu ortaboylu qızın qarayanız girdə sifətinə, par-par parıldayan iri qara gözlərinə, sarı trikotaj köynəkli, göy yubkalı yaraşıqlı bədəninə baxa-baxa heç cürə ağlına sığışdıra bilmirdi ki, bu davakar qız ondan nə istəyir və burada da nə işi var?
    – Bir dayan görək, ay bacı, nə olub, nə xəbərdi?
    – Bacın nöş oluram sənin? Bacın-zadın deyiləm!.. Buna bir bax! Qardaş tapılıb mənimçün, heç xəbərimiz yoxdur!.. Camaatı tutduranda bacı olmuruq, indi bacı oluruq!.. Əcəbdi!
    Həmin qəribə yay gecəsi bu qarabuğdayı qızın bu cür hay-küyü Məmmədağaya gülməli gəldi və o fikirləşdi ki, bir az da bu cür davam eləsə, bu qız onun üstünə cumub üz-gözünü cıracaq. Əlbəttə, Məmmədağa indi heç vaxt ağlına gətirə bilməzdi ki, əslində bu yay gecəsini belə qəribə edən bu qarabuğdayı qızın gecənin yarısı birdən-birə bura gəlməsi idi; indiyə qədərki qəribəlik isə bir ərəfə hissi idi – hərdən belə şeylər də olur dünyada; Məmmədağanın bundan xəbəri yox idi və o, doğrudan da, çaşbaş qalmışdı:
    – Camaat kimdi, kimi tutdurmuşam?
    – Camaat – mənim həyat yoldaşım!.. Bildin? Gedək bu saat, necə tutdurmusan onu, elə də buraxdır!
    – Mirzoppanı deyirsən?
    Mirzoppanın adı elə bil ki, bu qarabuğdayı davakar qızı bir balaca süstləşdirdi və o, gözlərini Məmmədağanın üzündən çəkməyib:
    – Hə, – dedi. – Bəs kimi deyəcəm?
    Məmmədağaya məlum oldu ki, bu qız Mirzoppanın arvadıdı və nədənsə, bu xəbər onunçun çox gözlənilməz oldu. Gecənin yarısı birdən-birə peyda olmuş bu qızın yanından keçib furqona qalxdı:
    – Mənnik bir iş yoxdu, – dedi.
    Əlbəttə, bu qız ki, belə qiyamətlə başlamışdı, beləcə asanca ondan əl çəkən deyildi; əllərini belinə qoyub, altdan-yuxarı sözləri yağdırmağa başladı:
    – Necə yəni mənlik bir iş yoxdu? Əvvəlcə tutdurursan, sonra da deyirsən ki, mənlik bir iş yoxdu? Əcəb işdi! Bizi nə hesab eləyirsən sən? Çuşka-zadıq səninçün? Bu saat gedək, onu buraxdır! – Qız da yuxarı qalxıb furqonun içinə girdi. Furqonun gur işığı, divar boyu yan-yana düzülmüş tüfənglər, uduş üçün qoyulmuş şampan butulkası, stolüstü güzgü, gəlin kuklası, fotoaparat, divardan asılmış taxta dovşan, tülkü, ayı, şir və naməlum heyvan, elə bil, qızı bir balaca çaşdırdı və o, bütün bunlara baxıb yenə də sualdolu qara gözlərini Məmmədağaya zillədi, yəni ki, gedirik, ya yox.
    – Ərini mən tutdurmamışam, ay bacı. Yoldaşıyla içib gəlmişdi...
    Qız onun sözünü kəsdi:
    – Yoldaşının başı batsın! Elə yoldaşları deyil onu yoldan çıxaran? – dedi və elə bil özü də öz sözlərinin mötəbərliyinə inanmayıb tələsik əlavə etdi: – Hə, nolsun içmişdi? Içməyin üstündə adam tutdurarlar? Sovet hökumətində elə qanun yoxdu ki, içməyin üstündə adam tutasan!
    Bu dəfə Məmmədağa doğrudan-doğruya hirsləndi:
    – Içməyin üstündə adam tutmazlar, amma milisioner Səfərə şillə vurmağın üstündə adam tutarlar.
    Amma bu qız da başqa qız idi, xoruz olub dimdikləşmək istəyirdi:
    – Milisioner Səfər plan doldurur, ona görə tutub aparıb onu.
    – Neyləyir? Plan doldurur? – Məmmədağanın daha bu qarabəniz qıza deməyə sözü qalmadı, yəni bu mənada ki, onun dilinə mat qaldı. – Ay bacı, mənim yanımda vurdu onu, özü də durduğu yerdə...
    Qız bir az susub:
    – Abrı-həyası yoxdu də... – dedi və Məmmədağaya məlum olmadı ki, bu sözlər kimə aiddir, Mirzoppaya, yoxsa ki, milisioner Səfərə.
    Qız yenə gözucu bu taxta heyvanlara baxıb, yəqin fikirləşdi ki, əgər bu tir bu gün gəlib burada dayanmasaydı, Mirzoppa da bura gəlməzdi, milisioner Səfərlə rastlaşmazdı və bu əhvalat da baş verməzdi:
    – Olmaz bu tirdən!..
    Aydın məsələdir ki, Məmmədağanın bu qızın nə fikirləşdiyindən xəbəri yox idi və həmin qızın acığını indi də tirə tökməsi ona lap gülməli gəldi; ümumiyyətlə, bu qızın hay-küyündə, bu cür çığır-bağır salmasında xalis bir uşaqlıq vardı və onun bayaq özü dediyi kimi, kiminsə «həyat yoldaşı» olması da adama gülməlidən də gülməli gəlirdi.
    Məmmədağa birinci dəfə görürmüş kimi, furqonunun dörd tərəfini də nəzərdən keçirib özü öz səliqəsindən razı halda gülümsədi:
    – Xoşuna gəlmir mənim tirim?
    Məmmədağanın bu cür açıq-aşkar özündən razı-razı gülümsəməyi qızı cin atına mindirdi:
    – Sənin tirin? Sənin niyə olur, hökumətin tiridi! Bəlkə atan bağışlayıb sənə?
    Məmmədağanın bir xasiyyəti vardı: ata haqqında artıq-əskik söhbətdən xoşu gəlmirdi və ən başlıcası isə belə söhbətlərə dözə bilmirdi – bu bir, ikincisi də o idi ki, Məmmədağa bu saat bu qarabəniz davakar qızdan lap ata söyüşünəcən hər şey gözləyirdi, odur ki, tez ciddiləşib:
    – Atam bağışlamayıb, – dedi və bir daha ata söhbətinə qayıtmamaq üçün elə bil ki, ona xəbərdarlıq etdi, amma bu xəbərdarlığın özü də otuz yaşında kişinin xəbərdarlığından çox on beş yaşında oğlanın xəbərdarlığına oxşayırdı: – Atam müharibədə ölüb.
    Qız ağzını açıb yenə nə isə qışqır-bağır salmaq istəyirdi, amma bu sözü eşidəndə birdən-birə susdu. Məmmədağa tanımadığı adamla (hətta tanıdığı adamla belə) açıqlıq eləməyi xoşlamazdı və bu dəfə də üzünü birinci dəfə gördüyü bu qıza tərcümeyi-halını danışması onu acıqlandırdı, qızın birdən-birə susması isə onu lap pərt etdi.
    – Adın nədi sənin?
    – Neynirsən?
    – Adam bir-biri ilə danışanda gərək bilsin ki, kim kimdi.
    – Məsməxanım.
    – Belə-belə işlər, Məsməxanım...
    Əlbəttə, Məmmədağa bu saat Məsməxanımın ürəyindən keçənlərdən xəbərsiz idi və bilmirdi ki, Məsməxanımın ürəyində bu saat bir ağrı sızıl-sızıl sızıldayır.
    Çox-çox illər bundan əvvəl, o vaxtlar ki, Məsməxanım balaca qız uşağı idi və həmin qız uşağının dünyada heç bir dərdi-səri yoxuydu, anası həmişə deyərdi ki, atan müharibədə ölüb. Anası səfərdə olanda Məsməxanım günlərlə evdə tək qalardı və o vaxtlar o həmişə atası ilə söhbət edərdi, sonralar bu söhbət internat məktəbində də davam edərdi, top guruldardı, bomba partlardı. Məsməxanım atasının yarasını sarıyardı, atası da iri kişi əlilə onun qara saçlarını sığallayıb gülümsəyərdi; bu iri kişi əllərinin istisi, mehribanlığı onun bütün bədəninə yayılardı və ürəyində belə bir məhəbbət əmələ gətirərdi ki, bu məhəbbətin qəhəri hərdən gözlərini doldurardı. Amma günlərin adi bir günündə birdən-birə Məsməxanıma məlum oldu ki, atası heç vaxt müharibədə ölə bilməzdi, çünki müharibə qurtarandan üç il sonra dünyaya gəlmişdi. Bu məlum olandan sonra Məsməxanım daha heç vaxt anasından atası barədə bir söz soruşmadı. Həmin söhbətlər yəqin anasının da yadından çıxıb getmişdi. Bəlkə heç yadından çıxmamışdı və Güldəstə də qızı kimi ürəyində çəkirdi? Amma həmin iri kişi əllərinin istisi, mehribanlığı uzun müddət çəkilib getmədi və əslinə baxsan, elə indinin özündə də haradasa bir az qalıb o istidən, o mehribanlıqdan.
    Məmmədağa qarşısında dayanmış bu gülməli qızın dolu sinəsinə, yaraşıqlı dizlərinə, yumru topuqlarına, səndəlli yalın ayaqlarına baxdı və ürəyindən qəribə bir nigarançılıq keçdi. Çoxdan idi onun ürəyindən belə bir nigarançılıq keçməmişdi və ona elə gəlirdi ki, belə bir nigarançılıq da yeniyetməlik illəri ilə birlikdə çıxıb gedib işinin dalınca. Indi həmin nigarançılıq hissinin birdən-birə qəflətən bu cür geri qayıtması elə bil ki, bu gülməli qızın, bu davakar, hay-küylü qızın gülməli olmağını da, davakarlığını da, hay-küyünü də yuyub apardı və Məmmədağa furqonun gur işığında dolu sinəli, yaraşıqlı bədənli, yumru topuqlu bu qızda bir məsumluq, bir təmizlik gördü.
    Məmmədağa gecə-gündüz Abşeron yollarında maşın sürə-sürə bərkimiş, çox görüb, çox götürmüş bir kişi idi və indi onun bu cür yeniyetməlik dövrünə qayıtması da, görünür, Zuğulbadakı həmin qəribə yay gecəsinin bir hissəciyiydi; bu dəfə o, həmin naməlum qəribəliyi bütün varlığı ilə hiss etdi. Gözlərini Məmmədağanın sarı köynəkdə, göy yubkada, yalın ayaqlarda gəzən baxışlarından çəkməyən Məsməxanım qabağında dayanmış bu hündürboylu, enlikürəkli oğlanın fikirlərini özü bildiyi kimi yozdu və ürəyindəki gizli bir ürkəkliklə furqonun açıq qapısından dalğalarının köpüyü ağaran dənizə baxdı, bu biyabanlığın kimsəsizliyini hiss etdi, sonra da Məmmədağanı xəbərdar etməkdən daha çox özünə toxtaqlıq vermək üçün:
    – Mən sən deyənlərdən deyiləm a-a! – dedi.
    – Mən deyənlər kimdi? – Məmmədağa məhəccərin üstündə oturub əlləri ilə dizini tutdu.
    – Hə?
    – Bilmirəm kimdi... – Qız bu oğlanın göy gözlərinə baxa-baxa başa düşdü ki, onun baxışlarını düzgün oxumayıb və bu dəm həmin baxışlar, nədənsə, ona çox doğma gəldi, elə bil ki, bu baxışları çox-çox görmüşdü. Nə üçün ona belə gəldi, özü də məəttəl qaldı.
    – Nə dedilər milisdə?
    – Dedilər ki, bu dəfə işi xarabdı... On beş sutkayla qurtarmadı bəlkə bu dəfə...
    – Bəs Nəcəfə zəng eləmədi?
    Məsməxanım təəccüblə bu oğlana baxdı, yəni ki, sənin tanımadığın adam yoxmuş ki, dünyada... Sonra dedi:
    – Nəcəf keçən il qovub onu kabinetindən...
    Bu sözləri dedi və özü də öz sözlərinə heyrət elədi, elə bil, o yox, başqa bir adam dedi bu sözləri. Məsməxanım heç kimin yanında belə danışmazdı, neçə illər idi ki, heç kim onun nə çəkdiyini bilmirdi, neçə illər idi ki, evlərinin söhbəti evlərində qalırdı və Məsməxanımın fikrincə, həmişə də belə olacaqdı, həmişə – ölənə kimi. Öləndən sonra camaat deyəcəkdi ki, dünyada bir Məsməxanım vardı, bu Məsməxanımın da Mirzoppa adında bir əri vardı, bir yerdə yaşayardılar... Amma necə yaşayardılar – bunu, heç kim bilməyəcəkdi və Məsməxanım da necə Məsməxanımdı, ürəyindən nələr gəlib, nələr keçirdi – bunu da heç kim bilməyəcəkdi... Yaxşı, bütün bunlar ki, belə idi, bütün bunları ki, heç kim bilməyəcəkdi, bəs indi o burada nə edirdi, nə işi vardı bu furqonun içində, bu taxta dovşanın, tülkünün, ayının, şirin və naməlum heyvanın yanında, bu yad oğlanın qabağında? Niyə çıxıb getmirdi öz xarabasına? Qızışıb gəldin bura, indi də görürsən ki, bu oğlanın heç bir təqsiri yoxdu və ondan heç nə də asılı deyil, təqsirlərin hamısı sənin o başıbatmış ərindədi, bəs niyə çıxıb getmirsən, nə gözləyirsən?
    Məsməxanım bunları fikirləşdi və evi yadına düşdü, çarpayısı yadına düşdü, yadına düşdü ki, yenə tək-tənha qalacaq həmin evdə, səhər durub işə gedəcək, pamidor, xiyar, üzüm – nə varsa, onu satacaq, axşam yenə tək-tənha otağında oturub pəncərədən evlərinin qabağındakı böyük əncir ağacına baxacaq və ürəyindən keçəcək ki, bu cür tək-tənha pəncərə qabağında oturmaqdansa, Mirzoppanın davadalaşı yaxşıdı, Mirzoppanın ayaqyolunda bərkdən öyüyə-öyüyə qusmağı, sonra da gəlib xoruldaya-xoruldaya, fısıldaya-fısıldaya yatmağı yaxşıdı.
    Keçən il həmin gün də əvvəlcə otağa spirt iyi doldu, sonra Mirzoppa içəri girdi və elə bil ki, dünyanın ən müsibətli xəbərini gətirirmiş kimi, bərkdən ağlaya-ağlaya (içəndən sonra tez-tez beləcə ağlamağı vardı Mirzoppanın) dedi ki, Nəcəf onu kabinetindən qovub:
    – Bir məhəllədə böyümüşük, bir yerdə aşıq-aşıq oynamışıq, şumaqədər yortmuşuq asfaltın üstünə, indi məni kabinetindən qovur!..
    Bir qədər bu cür yanıb yaxıla-yaxıla ağladı, dünyanın vəfasızlığından şikayət elədi, sonra da həmişəki kimi, hirsini tökdü Məsməxanımın üstünə, bir bəhanə tapıb əlini, ayağını işə saldı. Məsməxanım da onun yağlı sir-sifətini cırmaqlayıb qanatdı.
    Amma bütün bunların heç kimə dəxli yox idi, məhəccərin üstündə oturub furqonun gur işığında ona baxan bu göygöz oğlana da dəxli yox idi və Məsməxanım buradan çıxıb əvvəlcə milis idarəsinə gedəcəkdi, yenə də çığır-bağır salacaqdı, amma yenə də bu çığır-bağırdan bir iş çıxmayacaqdı, axırda tək-tənha qayıdacaqdı evinə. Bəyəm az olmuşdu belə gecələr?
    – Sənin neçə yaşın var? – Bunu Məmmədağa soruşdu.
    – Iyirmi dörd. – Bunu da Məsməxanım dedi və yenə də özünə məəttəl qaldı ki, niyə bu yad oğlanın bu cür suallarına cavab verir.
    – Iyirmi dörd? Sənə on doqquzdan artıq vermək olmaz.
    – Hə, hamı belə deyir... - Məsməxanım gülümsədi və özü də gözləməyəgözləməyə soruşdu:
    – Sənin neçə yaşın var?
    – Neçə olar səncə?
    – Məncə?.. Otuz... iki!
    – Hə, düz deyirsən... Amma iki yaş üstə gəldi...
    – Otuz?
    – Hə.
    Elə bil, dünən idi ki, Məmmədağanın yaşı onla başlayırdı: on beş, on altı, on yeddi, on səkkiz... Və o zamanlar otuz yaş çox-çox uzaqlarda olan bir şey idi; o zaman ağlına sığışdıra bilmirdi ki, nə vaxtsa otuz yaşı olacaq və ona elə gəlirdi ki, belə bir vaxt gəlib çıxanda dünya başqa olacaq, yəni burası aydın idi ki, gün həmin gün olacaqdı, ay həmin ay, ulduzlar həmin ulduzlar olacaqdı, amma Məmmədağa hələ o vaxtlardan başa düşürdü ki, bir günün, bir ayın, eyni ulduzların altında hərənin öz dünyası var; bu barədə gecələr fikirləşirdi, ən çox da damda yatdığı yay gecələri; həmin yay gecələri Səkinə xala axşamdan dama palaz salırdı, palazın üstündən qalın yun döşəyini salırdı, iri balıncı, nazik mitili gətirib Məmmədağanın yerini rahatlayırdı və Məmmədağa da gecə yerinə girəndə göydəki aya, ulduzlara baxırdı. Səkinə xalanın yaş süpürgə ilə süpürüb təmizlədiyi damın sərinliyini hiss edə-edə gözlərini yumub Bakının küçələri ilə təptəzə taksi «Pobeda» sürürdü. Məmmədağanın ən böyük arzusu taksi şoferi olmaq idi və o, hər gecə yuxuya getməzdən əvvəl taksi «Pobeda»sının çarxlarını nasosla doldururdu, motorunu yoxlayırdı, akkumulyatoruna baxırdı, sonra da benzinli şəlpə ilə əllərinin, qollarının mazutunu silib təmizləyirdi, sonra da taksisini sürürdü.
    Indi həmin günlər, elə bil, dünən idi və çox-çox uzaq görünən o illər əslində bir göz qırpımında gəlib keçdi. Məmmədağa Bakının küçələri ilə doğruçu taksi sürdü, sonra isə tirə keçdi və damda yatdığı o yay gecələri ağlına gəlsəydi ki, bir vaxt belə bir furqon tiri olacaq, səhərə kimi yuxusu qaçardı, yata bilməzdi səbrsizliyindən. Ancaq illər keçmişdi və indi məlum olmuşdu ki, hər kəsin dünyası da özü kimi böyüyür, kökəlir, ya arıqlayır.
    – Bəs adın nədi? – Bunu da Məsməxanım soruşdu və bu dəfə lap əli-ayağı yerdən üzüldü ki, nə suallardır belə, verir? Onun nəyinə gərəkdi ki, bu göygöz oğlanın adı nədir? Niyə biabır eləyir özünü?
    – Məmmədağa. – Məmmədağa Məsməxanıma baxıb güldü. – Uşaq vaxtı məni cinnəndirməkçün deyirdilər:
    Məmmədağa
    Girdi bağa.
    Bir quş tutdu,
    Oldu tısbağa!..
    – Hə, məni də cinnəndirirdilər uşaqlıqda. Dərsi bilməyəndə qorxurdum ki, indi çağıracaq məni müəllim, əlim, ayağım əsirdi. Uşaqlar da məni cinnəndirirdi: Məsməxanım Məsmədi, Əli-ayağı əsmədi...
    Məsməxanım bərkdən güldü və lövhəyə çağrılmaqdan qorxan, dünyadan xəbərsiz o balaca qız uşağı gözlərinin qabağına gəldi, sonra birdən-birə öz gülüşü öz qulaqlarında cingildədi və bu dəfə Mirzoppanın yağlı sifəti gözlərinin qabağına gəldi, spirt iyi burnuna gəldi, yadına saldı ki, Mirzoppa indi milis idarəsində oturub, ən azı, on beş sutkasını gözləyir. Bunu yadına saldı və özü öz arsızlığına heyrət elədi, amma burasını da sövq-təbii hiss etdi ki, bu saat lap arsızlıq olmur, nə olurolsun, bu gur işıqlı furqondan çıxıb getmək istəmir.
    Məmmədağa dedi:
    – Sən, axı, heç qorxana oxşamırsan...
    – Indi beləyəm də...
    – Hə, indi yamansan! - Bunu da Məmmədağa dedi və güldü.
    Məsməxanım bu oğlanın göy gözlərinə baxıb fikirləşdi ki, doğrudan çox qəribə oğlandı bu oğlan, bu cür iri göy gözləri var, amma qaşları, kirpiyi qaradı, saçları da qaradı, özünün də cəmi otuz yaşı var, amma başı ağarmağa başlayıb.
    Məmmədağa soruşdu:
    – Nə fikirləşirsən?
    Məsməxanım dedi:
    – Heç nə. – Və hiss etdi ki, qızarır.
    Məsməxanım çoxdan idi daha qızarmırdı, o vaxtdan ki, Mirzoppanın evinə gəlmişdi və indi qızardığını hiss eləyəndə ona elə gəldi ki, dünyada heç bir Mirzoppa yoxdu, heç vaxt ərə getməyib, bütün bunlar hamısı yalandı, yenə də hind kinolarına baxıb ağlayan əvvəlki Məsməxanımdı, bütün bu illərin acısı da bir yuxudu; cəmi bircə an ona belə gəldi, sonra qırx dəqiqə bundan əvvələ qədər üzünü görmədiyi bu oğlanın göy gözlərinə baxıb qəti qərara gəldi ki, buradan getmək lazımdı:
    – Yaxşı, getdim mən...
    Məmmədağa bir söz demədi və fikirləşdi ki, birdən-birə bu çöllü-biyabanda peyda olmuş bu qarabəniz qızın çıxıb getməsi çox təbii bir işdi; bunu fikirləşdi və fikirləşdikcə də ürəyindən bir nigarançılıq keçdi. Məmmədağa bu nigarançılığın səbəbini bilmirdi, amma burasını indi lap dəqiq bilirdi ki, bu qarabəniz qız çıxıb gedəndən sonra, bu gecənin bütün qəribəliyi öləcək və bayaqkı qayaların təmkini bütün gecə onun qulaqlarına həyatın mənasızlığını pıçıldayacaq. Məsməxanım furqonun açıq qapısından qumun üstünə atılıb Zuğulbaya tərəf baxdı: kəndin işıqları hələ gəlirdi; Məsməxanım orada yaşayanların çoxunu tanıyırdı və indi tanıdığı bu adamların hamısı haqqında bir-bir fikirləşə bilərdi, amma onlardan heç biri bilmirdi ki, səhər saat səkkizdən axşam altıyacan tərəvəz köşkündə pamidor, xiyar, üzüm, yemiş satan Məsməxanım indi gecənin bu vaxtında dənizin kənarında dayanıb onların pəncərəsindən gələn işığa baxır; heç kim bilmirdi ki, bu saat bu pəncərə işıqlarına baxan Məsməxanımın ürəyində bir təklik nisgili var və heç kim bunu da bilmirdi ki, əri milis idarəsində oturub, ən azı, on beş sutkasını gözləyən Məsməxanım təkcə adını bildiyi bir oğlanın göy gözlərini də özü ilə buradan aparacaq; bunu heç kim bilmirdi və bilməyəcəkdi də; əslində bunu Məsməxanım özü də əməlli-başlı başa düşmürdü, təkcə bunu bilirdi ki, indi ay işığında gümüş kimi ağaran bu furqon haçansa burada olmayacaq və o zaman Məsməxanım bu göy gözləri yadına salacaq, bu göy gözlər barədə fikirləşəcək, axşamlar evdə oturub pəncərədən əncir ağacına baxanda həmin göy gözləri görəcək; nə üçün belə olacaq? Məsməxanım bunun səbəbini də bilmirdi, amma burası lap dəqiq idi ki, onun ürəyi birdən-birə bu göy gözlərin baxışı ilə evdə, internat məktəbdə başını sığallayan həmin iri kişi əllərinin istisi, mehribanlığı arasında bir yaxınlıq, bir doğmalıq duymuşdu. Məsməxanımın ürəyində çoxdan hiss etmədiyi bir ilıqlıq baş qaldırmışdı.
    Məmmədağa furqondan düşüb qızın ardınca bir-iki addım atdı, sonra dənizə tərəf çevrilib:
    – Külək dayanıb... – dedi.
    Məsməxanım da ayaq saxladı, əlini havaya tutub:
    – Hə, – dedi, – dayanıb... Axşam yaxşı gilavar əsirdi.
    Məmmədağa dedi:
    – Gilavar isti əsir... Külək gərək külək olsun, sərin...
    Məsməxanım dedi:
    – Mən xoşlayıram gilavarı... Gilavar dənizə əsir də... Gilavar əsəndə dənizlə danışmaq olur...
    Məmmədağanın bütün vücudunu heyrət bürüdü:
    – Nə deyirsən?
    – Heç nə.
    – Sən dəniz qırağına gəlib dənizlə danışırsan?
    – Nöşün, evdə danışmaq olmur bəyəm? Gilavar sözləri aparır dənizə...
    Məsməxanım bunları dedi və birdən-birə özünə əməlli-başlı hirsi tutdu: axı, bu oğlan kimdir ki, ürəyinin sirrini ona açır belə? Niyə? Məsməxanım öz-özünə bu sualı verdi və ayaq saxlayıb geri çevrildi.
    Məmmədağa qarşısında dayanmış bu qızın gözlərinə baxdı. Ay işığında bu gözlər daha da qaralmışdı, daha da işıldayırdı. Dünyada Zuğulba deyilən bir kənddə gözəl bir qız var idi, bu qızın adı Məsməxanımdı və bu Məsməxanım ona görə gilavarı xoşlayırdı ki, gilavar əsəndə dənizlə danışmaq olur, söhbət etmək olur, külək adamın dediyi sözləri aparıb dənizə çatdırır. Bunu təkcə Məmmədağa yox, bütün yer üzündə heç kim bilmirdi ki, çığır-bağırla, hay-küylə dava-dalaş salan bu qız gilavar əsəndə dənizlə danışır...
    Məsməxanım başa düşürdü ki, buradan tez çıxıb getmək lazımdır. Məmmədağa qıza yaxınlaşıb bir müddət onunla üzbəüz dayandı, sonra soruşdu:
    – Nə fikirləşirsən?
    Məsməxanım bu göy gözlərin içinə baxa-baxa:
    – Sənə nə var, – dedi, – nə fikirləşirəm. Sən kimsən? – Bunları dedi və burasını da fikirləşdi ki, bu göy gözlərin heç bir təqsiri yoxdu ki, o öz-özünə açır sandığı, tökür pambığı.
    Məmmədağa dedi:
    – Mən Məmmədağayam.
    Məsməxanım dedi:
    Məmmədağa,
    Girdi bağa.
    Bir quş tutdu,
    Oldu tısbağa..
    Məmmədağa dedi:
    Məsməxanım Məsmədi,
    Əli-ayağı əsmədi.
    Məsməxanım güldü və həmin dünyadan bixəbər qız uşağı yenə gözlərinin qabağına gəldi:
    – Hə, yaman cinləndirirdilər məni.
    Məmmədağa güldü və Məmmədağa da məhəllədən ötən maşınların dalınca qaçan o balaca oğlan uşağını gözlərinin qabağına gətirdi:
    – Məni də...
    Elə bil ki, Məsməxanımın bütün hirsi soyudu və elə bil ki, bu ucaboylu, göygöz oğlan birdən-birə onun lap az qala doğma bir adamı oldu; elə bil ki, cəmi bir saat bundan əvvəl yox, lap qabaqlardan, lap uşaq vaxtlarından tanış idilər və o zaman hələ bu cür boylu-buxunlu olmayan bu göygöz oğlan boynuna qırmızı pioneer qalstuku taxıb çantasını yelləyə-yelləyə məktəbə gedən, məktəbdən qayıdan, barmaqları mürəkkəbə bulaşmış Məsməxanımı çox görmüşdü.
    Məmmədağa dənizə tərəf bir-iki addım atıb qayalıqlara baxdı. Indi xəzri dənizin ləpələrini qayalara çırpmırdı və bu sal qayalar bayaqkı ağırlığını tamam atıb yüngülləşmişdi, elə bil bu qayalar bu saat böyük qayıqlar olub dənizə girəcək, ehmallıca suyu yara-yara üzəcəkdilər.
    Məsməxanım da əli ilə qayalığı göstərdi: – Uşaq vaxtı axşamlar qorxardım bu qayalardan... Sözə baxmayanda anam deyərdi: «Bax,
     o qayalar var ha, gecələr gəlib sözə baxmayan uşaqları aparırlar!» Mənim də canıma üşütmə düşərdi... Heç soruşmazdım da ki, hara aparırlar? Qorxumdan büzüşüb yerimdə oturardım... Səni də qorxudurdular uşaqlıqda?
    – Məni? Yox...
    – Heç qorxmamısan uşaqlıqda sən?
    – Bir dəfə qorxmuşam.
    Məsməxanım gözlərini qayalıqdan çəkib Məmmədağaya baxdı, diqqətlə baxdı və Məmmədağaya elə gəldi ki, gilavar əsəndə dənizlə danışan bu qarabuğdayı qız bu saat onun başındakı fikirlərin də hamısını oxuyacaq, ürəyindən keçənlərin də hamısını biləcək, həmin ürəyindən keçənləri ki, Məmmədağa özü bu saat onlardan baş aça bilmirdi, təkcə bunu hiss edirdi ki, bir hərarət var ürəyində, elə bil, içində xəfif bir gilavar əsir. Çoxdan idi, lap çoxdan, evlərinin qır damında yatdığı o yay gecələrindən bəri Məmmədağanın ürəyində belə bir hərarət olmamışdı, yəni bu illər ərzində o çox sevinmişdi, çox şadlıq eləmişdi, amma, bax, bu cür bir hərarət olmamışdı ürəyində və indi o burasını da hiss etdi ki, bir belə illər ərzində ürəyi beləcə bir hərarətin həsrətində imiş.
    Sonra Məsməxanım soruşdu:
    – Nədən qorxmusan?
    – Heç...
    Məmmədağa Abşeron yollarında dolaşdığı axır vaxtlar bu köhnə əhvalatı, nədənsə, tez-tez yadına salardı və hərdən yenə də iyirmi il bundan əvvəlki kimi, Kitabullanı gülümsəyən görərdi; Kitabulla gülümsəyəndə dodaqlarının qırağından qızıl dişi parıldayardı; həmin qəribə yay gecəsi Zuğulbanın qumlu dəniz sahilində birdən-birə Kitabulla yenə də gülümsədi və onun qızıl dişi yenə də parıldadı.
    Məsməxanım bir də soruşdu:
    – Nədən qorxmusan uşaqlıqda?
    Məmmədağa dedi:
    – Heç... Küləyi görürsən, heç izi də qalmayıb.
    Məsməxanım soruşdu:
    – Nədən qorxmusan, de.
    Məmmədağa dedi:
    – Köhnə söhbətdi e, bu. Elə-belə ağzıma gəldi dedim sənə. Istəyirsən sənə başqa bir şey danışım, gülməli?
    – Yox, istəmirəm, nədən qorxmusan uşaqlıqda?
    ...Kitabullagil üç qardaş idi: böyüyü Səmədulla, sonra Yadulla, sonra da Kitabulla. Səmədulla yaşlı kişi idi, dənizdə işləyirdi, eşmə bığı vardı, hər dəfə bayram olanda müharibədə aldığı medalları döşünə taxıb nümayişə gedirdi və məhəllənin bütün uşaqları bu medalların azarkeşi idi. Yadulla çəkməçi idi, bulvarın girəcəyində, indiki Kukla teatrının yanında bir köşkü vardı və məhəllə uşaqları teztez bu köşkə gedib-gələrdi: Yadulla həmişə məhəllədəki uşaqların çəkməsini pulsuz yamayardı. Kitabullanın iyirmi beş yaşı vardı, şofer idi, «poluturka» sürürdi və hərdən bu «poluturka» Dar dalanın qabağında dayananda bütün məhəllə uşaqları bura yığışıb kuzova dırmaşardı. Məmmədağagilin arasında ən sayılanları bir-bir kabinkada oturardı və Kitabulla evdən çıxıb gülə-gülə kabinkada öz yerinə qalxardı, uşaqları beş-on məhəllə gəzdirib yenə Dar dalanın qabağına gətirərdi.
    Kitabullanın kabinkası həmişə səliqəli olardı. Kitabulla içəridən maşının qabaq şüşəsini bəzəyərdi. Şüşənin kənarlarına «otkritka» keçirmişdi və məhəllə uşaqlarının hamısı bu «otkritka»dakı yazını əzbər bilirdi. Qırmızı ürək şəklinin içində bir qız başını bir oğlanın sinəsinə qoyub gülümsəyirdi, bir dəstə bənövşəyi, qırmızı, sarı gülü isə öz sinəsinə sıxmışdı. «Otkrıtka»nın yuxarısında dimdik-dimdiyə iki ağappaq göyərçin şəkli vardı, aşağıda isə yazılmışdı:
    Pust naşa drujba budet veçnoy
    Kak drujba etix qolubey.
    Uşaqlar bilirdi ki, məhəllədəki qızların çoxu Kitabullanın dərdindən divanədi, aşiqdilər ona. (Məhəllədə uşaqların bilmədiyinə qurd düşərdi.) Əlbəttə, məhəllədə yaraşıqlı cavan oğlanlar çox idi, amma Kitabulla bu cavanların gözü idi. Qəssab Ağanəcəfin arvadı Balacaxanım dəmir şəbəkəli küçə pəncərələrinin qabağında balaca taxta kətilin üstündə oturub tum çırtlaya-çırtlaya Dar dalana tərəf göz eləyib yanında dayanmış məhəllə qızlarına deyirdi:
    – Ciyəriyanmış sir-sifətdən elə bil Yusifdi... Adam barmağını soğan yerinə doğrayar, «uf» deməz!..
    Məmmədağagilin belə söhbətlərdə səriştəsi var idi və başa düşürdülər ki, söhbət Kitabulladan gedir. Kitabullanın «poluturka»sı Dar dalanın qabağında dayanan kimi, məhəllə qızları pəncərələrdən oğrun-oğrun maşına tərəf baxır, bir iş bəhanə eləyib küçəyə çıxırdılar. Amma uşaqlar, məhəllədəkilərin hamısı kimi, burasını da bilirdilər ki, Kitabulla başqa bir qız istəyir və bu qız başqa yerdə olur; qız da Kitabullanı istəyirdi, amma hamı bilirdi ki, qızın ata-anası onu Kitabullaya vermir. Bu söhbət neçə müddət idi ki, məhəllədə gəzirdi və heç kimin ağlına sığışmırdı: necə ola bilər ki, Kitabulla kimi bir oğlana qız etibar etməyəsən?
    Günlərin bir günü gecə vaxtı bütün məhəlləyə bir xəbər yayıldı: Kitabullanın istədiyi qız ona qoşulub qaçıb, indi Səmədullagildədi, sabah yox, birisi gün Kitabulla ilə həmin qızın toyu olacaq.
    Kitabullagil Dar dalanın axırındakı həyətdə olurdu. Həyətlərində üç bina vardı. Məhəllədə bu binalar «Mənsur şüşəbəndi» adı ilə məşhur idi. Mənsur Kitabullagilin babası imiş və bu birmərtəbəli üç binanı öz əlləriylə tikibmiş. Hər binanın qabağı şüşənbənd idi və bu şüşəbəndlərin taxta şəbəkələrinin fotoşəkli muzeydən asılmışdı. Binalardan birində Səmədulla ailəsi ilə olurdu, o birində Yadulla ailəsi ilə olurdu, üçüncüdə də Kitabulla ailəsi ilə olacaqdı.
    Və həmin gecə Məmmədağagil Dar dalanın qabağında tonqal qaladı, məhəllənin qızları isə ikibir, üçbir Dar dalanın qabağından keçib Kitabullagilin həyət qapısına tərəf boylanırdı. Səhəri gün Səmədulla, bayram günləri nümayişə gedirmiş kimi, medallarının hamısını döşünə taxıb məhəllədəki qapıları bir-bir açdı. Məmmədağagilin də həyətlərinə gəldi, kiçik foto-dəvətnaməni Səkinə xalaya verdi:
    – Səkinə bacı, – dedi, – Əli yoxdu indi, amma sən varsan. Əlinin yeri məlum, nöşün ki, bilirsən, mənim can-ciyərim idi. Ancaq olacağa çarə yoxdu. Sabah xahiş edirəm bizə buyur, Kitabullanın toyudu.
    Məmmədağanın atası ilə Səmədulla uşaqlıqdan dost olmuşdular, müharibəyə də bir yerdə getmişdilər, Səmədulla qayıtmışdı, atası yox. Səkinə xala dedi:
    – Xoşbəxt olsunlar! Oğullu-qızlı olsunlar, qoşa qarısınlar. Çox sağ ol.
    Səmədulla eşmə bığlarının altından gülümsəyib dedi:
    – Sən də çox sağ ol! O gün olsun Məmmədağadan görəsən!
    Fotodəvətnamədə bir göyərçin dimdiyində məktub tutmuşdu və məktubun üstündə yazılmışdı: «Sizi əzizimiz Kitabulla ilə əzizimiz Tamillanın xeyir işinə dəvət edirik. Məclis 1951-çi il sentyabr ayının 17-də bəyin böyük qardaşı Səmədullanın evində olacaq». Aşağıda isə iki misra vardı:
    Mehrabı eşqdir uca göylərin,
    Eşqsiz, ey dünya, nədir dəyərin?
    Həmin gün məhəllədə paltarlar naftalindən çıxarıldı, kostyumlar ütüləndi, köynəklər yuyuldu. Hamı Kitabullanın Tamillanı istəməyindən, Tamillanın da Kitabullanı istəməyindən danışırdı. Indi daha hamı bilirdi ki, bir belə müddət ərzində Kitabullanı atəşində yandıran qız, yəni Tamilla institutda oxuyur və atasıanası onu bir tarix müəlliminə vermək istəyirmiş, amma Tamilla, ancaq Kitabullanı istəyirmiş və axırda da dünən gecə çamadanını götürüb evdən çıxıb. Bu xəbərlərin çoxunu Yadullanın arvadı Fatmadan öyrənirdilər. Fatma bir gecənin içində özü tikdiyi yaşıl ipək paltarını geyib dəqiqədəbir evə gəlirdi, qazan götürürdü, nimçəboşqab, stəkan-nəlbəki götürürdü və elə hey danışırdı:
    – Çox ağıllı qızdır! Ömrümdə belə qəşəng qız görməmişəm, qız deyil, ay parçasıdı! Kitabullaya layiq qızdı! Bir-birlərindən ötrü dəli-divanədirlər! Amma atası əzazilin biridi! Səhər Səmədulla qədeş getmişdi onlara barışıq eləsin, toya çağırsın, desin ki, nə qədər adamuvuz var, gözümuz üstə yerləri var, amma heç evə buraxmayıblar onu! Səmədulla qədeşi e!.. Səmədulla qədeşi evə buraxmayıblar!..
    Məmmədağagil heyrətdən donub qalırdı ki, bir adamın sinəsində bir belə medal ola, onu necə evə buraxmamaq olar?
    Fatma deyirdi:
    – Böyük adamdı atası, hər gün səhər dalınca işdən maşın gəlir, «emaddin». Nə olar e?.. Deyirmiş ki, papağımı yerə soxub mənim! Bu adda qızım yoxdu daha! Ömrünün axırınacan görükməsin gözümə! Əşşi, minnətin olsun sənin!.. Ona deyən lazım ki, Kitabulladan artıq oğlanla qohum olacaqdın? Amma qız ayrı qızdı! Ağıl deyirsən, onda! Tərbiyə deyirsən, onda! Kitabullaya layiq qızdı! Ikisi də qızıl gülün ləçəyidi, gözə gəlməsinlər!
    Hamı bilirdi ki, Fatma kiçik qaynı Kitabullanın xətrini dünyalar qədər istəyir, amma hamı da Fatmaya inanırdı ki, Tamilla ağıllı qızdı, gözəl qızdı, çünki bir qız ki, Kitabulla kimi bir oğlan dörd il istəyə-istəyə qala, bir qız ki, istəmədiyi üçün institut qurtarmış tarix müəlliminə getməyə, demək çox yaxşı qızdı o qız. Məmmədağagilin məhəlləsinin aşağı başında yaşayan klarnetçalan Ələkbər gümüş dilli klarnetini təmizləyə-təmizləyə deyirdi:
    – Çoxdandı mələdə toy-zad olmur... Özü də ki, Kitabullanın toyu! Sabah bir qan eləyəcəyəm ki, molla Süleymanın da oturduğu yerdə sümükləri oynasın!
    Əflatuna demişəm nağaranı gətirsin, Siyavuş da zurnanı püfləyəcək! Bir qiyamət eləyək ki, gərək, Kitabullanın adına layiq olsun! Hamı da bilsin ki, bacımız hansı mələyə gəlib!
    Həmin gün Solmaz tez-tez soruşurdu:
    – Mənə də verəcəksən konfet kağızı?
    Məmmədağa deyirdi:
    – Hə, verəcəm.
    – Çoxlu-çoxlu?
    – Hə.
    Sabah toy vaxtı uşaqlara cürbəcür konfetlər şabaş eləyəcəkdilər və Məmmədağagil də bu konfetləri yeyib kağızlarını da hamarlayıb yığacaqdı. Həmin gün Səkinə xala da çoxdan bəri açmadığı sandığı açıb, çoxdan bəri geymədiyi sarı ipək paltarını çıxartdı, naftalin iyi getsin deyə şüşəbənddə günə sərib dedi:
    – Səmədulla qədeşin sözünü yerə sala bilmərəm. Kitabullanın toyuna getməsəm, Əlinin də ruhu şad olmaz. Çox istəyirdi Kitabullanı, indi istəməsin, deyirdi ki, yaxşı oğul olacaq Kitabulla.
    Həmin gün Kitabullagilin həyət qapısının ağzında boyunlarına qırmızı lent bağlanmış iki qoyun mələyirdi və uşaqlar da Dar dalanın qabağındakı tut ağacına çıxıb yarpaq yığır, gətirib qırmızı lentli qoyunların qabağına tökürdülər. Tutun üstündə yarpaq qalmadı, qoyunun əti dadlı olacaqdı. Alxas bəyin bir sözü bütün məhəllədə məşhur idi: «– Əşşi, qoyun ətinin ləzzəti qaçıb!.. Qoyunda nə təqsir var?..
    Bir qoyun ki, şəhərdə adamla oturub borş yeyə, radioya qulaq asa, asfaltın üstündə gəzə, onun ətinin nə dadı olacaq?». Amma bu qırmızı lentli qoyunlar ki, bu gecə bu qədər tut yarpağı yedi, sabah Alxas bəy onların ləzzətindən doymayacaqdı. Və həmin gecə yerində uzanan Məmmədağa sabahkı toy dəsgahı barədə fikirləşirdi, gözlərinin qabağında Kitabulla gülümsəyirdi və gülümsədikcə də dodaqlarının qırağındakı qızıl dişi parıldayırdı; Məmmədağa sarı ipək paltarını geymiş anasını görürdü və sevinirdi ki, axır ki, anasını deyib-gülən gördü, axır ki, anası da başqaları kimi, arvadlar oturan otaqda, əl çala-çala qarmonçu Nisəyə dəm tuturdu, «–Ay can! Ay can!» – deyirdi; sonra Məmmədağa fotodəvətnamədə oxuduğu o iki misra haqqında fikirləşdi, bu sözlərin mənasını başa düşməyə çalışdı və nə qədər çalışdısa da bir şey başa düşə bilmədi, təkcə bunu çox dəqiq bilirdi, bir halda ki, eşqin nəticəsində qoyunların da boynuna qırmızı lent bağlanırdı, anası sarı ipək paltarını sandıqdan çıxarıb günə sərirdi, deməli, yer üzündə yaşayan adamlara lazımlı şeydir bu; bir gün gələcək, onun da belə bir fotodəvətnaməsi məhəllədə əldən-ələ gəzəcək və həmin fotodəvətnamədə də bu iki misra yazılacaq:
    Mehrabı eşqdir uca göylərin,
    Eşqsiz, ey dünya, nədir dəyərin?
    Və Məmmədağa bütün bunları fikirləşə-fikirləşə təzəcə yuxuya gedirdi ki, Dar dalanda şivən qopdu. Məmmədağagilin məhəlləsində çox işlər olmuşdu, amma o, ömründə bu cür ağlaşma görməmişdi, bu cür səslər eşitməmişdi. Gecənin yarısı birdən-birə Dar dalandan gələn arvad qışqırtıları, ağlaşmalar, ağılar elə səslənirdi, elə bil, bütün dalan qəflətən dərd əlində ulamağa başlamışdı. Bircə dəqiqənin içində Məmmədağanın başındakı tüklər biz-biz durdu və hövlnak yerindən qalxıb həyətə çıxan Səkinə xalanın da çığırtısı gələndə Məmmədağanın bütün bədəni əsməyə başladı.
    Bütün məhəllə ayağa qalxdı, uşaqdan böyüyə hamı küçəyə çıxdı və həmin gecə Dar dalanın qabağında o qədər adam vardı ki və bu adamlar elə şivən qoparırdı ki, günlər, aylar, hətta illər keçəndən sonra da bu gecə izdihamı, bu müsibət uşaqların gözünün qabağından getmədi, qulaqlarından çəkilmədi.
    – Kitabulla avariyaya düşüb ölüb! – Bu xəbər həmin gecə uşaqdan böyüyəcən bütün məhəllənin belini sındırdı.
    Axşam Kitabulla Lökbatandan yük gətirəndə Şıx çimərliyi tərəfdə boş bir avtobusla toqquşmuşdu. Sükan Kitabullanın sinəsini basıb qarnına girmişdi və o, elə o saat keçinmişdi. Avtobusun kefli sürücüsünə heç nə olmamışdı.
    Kitabullanın meyitini maşından düşürüb Dar dalanla aparanda birdən axırıncı həyətin qapısı açıldı, başıaçıq, ayağıyalın bir qız, arvadların əlindən qopub tabuta tərəf cumdu, vəhşi kimi, qabağındakı kişiləri aralayıb iki əli ilə tabutun taxtasından yapışdı, var gücü ilə dartdı; tabutu çiyinlərində saxlayan kişilərin ayağı titrədi, bu qızın dəli baxışlarının qabağında irəliləyə bilmədilər; qız tabutun taxtasını bir də dartdı, az qaldı meyit tabutun içindən yerə düşsün və kişilər, ancaq onu eləyə bildilər ki, tabutu cəld çiyinlərindən düşürüb yerə qoydular; tabutu yerə qoymaqla qızın özünü meyitin üstünə atmağı bir oldu və onun sinəsindən qopan şivənlə bütün bu gecə izdihamının köksündən çıxan nalə də bir oldu.
    Məhəllənin adamları Tamillanı birinci dəfə belə gördü. Səhər üz-gözünü cırıq-cırıq eləmiş Fatma batmış səsilə güclə qışqırırdı, az qalırdı boğazının göy damarları şişib partlasın:
    – Toyunçun gələn qoyunlar ehsanına kəsilir, ay Kitabulla, va-a-ay!..
    Toyuna çağırılmış qonaqlar, bütün məhəllə Kitabullanı basdırmağa getdi. Məmmədağagilin məhəlləsindən qəbiristanlığa qədər on kilometrlik yolu mafə çiyinlərdə getdi, heç kim maşına minmədi. Kitabullanın şofer dostları öz maşınları ilə gəlmişdilər. Maşınlar məhəlləyə sığışmırdı.
    Qəbiristanlıqda Ələkbər üz-gözünün yaşını sildi, hıçqıra-hıçqıra klarnetini qabından çıxardıb yığdı və həmin sentyabr günü Kitabullanın mafəsinin başında bir «Segah» çaldı. Ələkbərin klarneti bütün məhəllənin adından Kitabulla ilə sağollaşdı. Həmin sentyabr günü Ələkbər klarneti elə çaldı ki, bu çalğı dünyanın bütün dərdli işlərindən söhbət açdı; klarnet Ələkbərin titrəyən barmaqları arasında yandım deyib su istədi.
    Kitabullanın başı da əzildiyinə görə üzünü açmamışdılar və Məmmədağa heç cür ağlına sığışdıra bilmirdi ki, başdan-ayağa kəfənə bürünmüş bu uzun bağlama Kitabulladı. Məmmədağa bütün ömründə birinci dəfə idi qəbiristanlığa gedirdi və indi o, heç cürə ağlına sığışdıra bilmirdi ki, bu saat bu uzun ağ bağlamanın içindəki Kitabullanı mafədən götürüb təzə qazılmış qəbrin içinə qoyacaqlar, üstünə torpaq töküb sulayacaqlar, sonra da hamı məhəlləyə qayıdacaq, bu qəbir isə burada beləcə qalacaq, yağış yağacaq, külək əsəcək, bu qəbir isə burada beləcə qalacaq. Məmmədağanı dəhşət basdı, az qala hədəqəsindən çıxacaq gözləri ilə mafədəki uzun ağ bağlamaya baxdı, ağzı, burnu kəfənlə sarınmış Kitabullanın yerinə nəfəsi tıncıxdı, gözünün qabağına ağappaq duman gəldi və birdən elə bil ki, Kitabulla gülümsədi, bu ağ dumanın içində qızıl dişi işıldadı; Məmmədağa bircə onu bildi ki, bərkdən qışqırdı, daha sonrasını bilmədi, bir də iki gündən sonra evlərindəki çarpayısında özünə gəldi.
    Həmin ilin qışında Bakıya yaman qar yağdı, dərslər dayandı, maşınlar, tramvaylar işləmədi. Məhəllənin qocaları deyirdi ki, Bakıda belə qar-çovğun, belə qış görməyiblər.
    Bir gün belə bir xəbər yayıldı ki, gecə yuxarı məhəllələrdən birinə canavar gəlib. Üç ayın içində beli bükülmüş Səmədulla bu xəbəri eşidəndə çənəsi əsə-əsə dedi:
    – Bizim evə canavar sentyabrda gəlmişdi...
    Alxas bəy isə deyirdi:
    – Dədə Qorqudun bir sözü var, deyir:
    Gəlimli, gedimli dünya,
    Son ucu ölümlü dünya...
    ...Məsməxanım dənizin qırağı ilə yaş qumun üstündə addımlaya-addımlaya bir müddət heç nə demədi, sonra soruşdu:
    – Bəs qız nə oldu?
    – Tamilla?
    – Hə.
    – Fatmanın iki uşağı vardı, Kitabullanın qırxı çıxandan sonra, ikisini də götürüb getdi, atasıgilə, Yadulladan boşandı. Tamillanın da kəbinini kəsdirdi Yadullaya. Fatma deyirdi ki, Tamilla mənim bacımdı, Yadulla da day bundan sonra mənim qardaşımdı. Hamı bilirdi ki, Fatma Tamillaya görə belə elədi...
    – Day atasıgilə qayıda bilməzdi Tamilla, hə?


<< 1 / 2 / 3 / 4 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (08.01.2014) | Müəllif: R.C E W
Baxış: 863 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more