Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Birinci görüşün tarixcəsi-3
<< 1 / 2 / 3 / 4 >>


    – Nə bilim?.. Yəqin qayıda bilmirmiş də... Hamı bilirdi ki, Fatma Yadullanı məcbur eləyib, çünki Yadullayla Fatma da bir-birlərini çox istəyirdi...
    Ay lap yuxarı qalxmışdı və indi saysız ulduzlu göy ilə dənizi birləşdirən üfüq uzaq qaranlıq içində görünməz olmuşdu; üfüqün əvəzinə qapqara bir boşluq vardı; sahil boyu xeyli aralıda Buzovna elektrik stansiyasının işıqları gəlirdi və bu işıqlar indi elə bil dənizin ulduzları idi; dənizin ulduzları ilə göyün ulduzları qarışmışdı birbirinə; bir belə saysız ulduzun içində dan ulduzu tamam başqaydı, iri, işıqlı, tənha...
    – Tamilla Yadullanı istəyirdi?
    – Nə bilim... – Məmmədağa fikirləşdi ki, nə üçün bu sual indiyə kimi onun ağlına gəlməyib, nə üçün o indiyə kimi fikirləşməyib ki, Tamilla Yadullanı istəyirdi, ya yox?
    Məmmədağa gözlərini dənizdən çəkməyən Məsməxanıma baxdı və birdənbirə ona elə gəldi ki, gecənin yarısı Zuğulbanın dəniz sahilində qəflətən peyda olmuş bu qarabəniz qız onun əziz və doğma bir adamıdı.
    – Yazıq... – Bunu Məsməxanım dedi.
    – Kitabulla yazıq?
    – Kitabulla da yazıq, Tamilla da, Yadulla da yazıq, Fatma da, sən də...
    – Mən niyə?
    – Çünki on yaşında belə şey görmüsən... Indiyə kimi yadından çıxmayıb, çıxmayacaq da...
    Əlbəttə, Məmmədağa bu saat bilmirdi ki, Məsməxanım da yuxusuz uzun gecələrdə həyat barədə, ölüm barədə çox fikirləşib. Həmin yuxusuz gecələrdə ki, Mirzoppanı güclə sürüyüb çarpayıya yıxırdı və Mirzoppa da ağzından, burnundan, qarnından cürbəcür səslər çıxara-çıxara dünyadan bixəbər olurdu. Həmin yuxusuz gecələrdə Məsməxanım ürəyi közərə-közərə həyat və ölüm barədə fikirləşirdi və nədənsə, bu fikirləşmələrin hamısı axırda bununla qurtarırdı ki, Məsməxanım sehrli bir nağıl aləminə gedirdi, sehrbazların içində gəzib-dolaşırdı və bu sehrbazların hamısı da onu istəyən, onu əzizləyən adamlardı. Birdən gecənin yarısı Mirzoppanın ürəyi bulanırdı və çox zaman da durub ayaqyoluna getməyə taqəti olmadığı üçün yorğan-döşəkdən boynunu uzadıb çarpayının yanında döşəmənin üstünə qaytarırdı. Əvvəllər Məsməxanım axşamdan çarpayının yanına tas qoyurdu və bu tası görəndə Mirzoppa özündən çıxırdı:
    – Sən məni nə hesab eləyirsən? Pyaniskəyəm mən səninçün? Və yenə dava-dalaş başlayırdı, yenə əl-ayaq işə düşürdü, yenə üz cırmaqlanırdı, söyüşlər söyülürdü; axırı ki, tasın məsələsi həll olundu, tas daha axşamdan Mirzoppanın çarpayısının yanında dayanıb onun əməllərini gözləmədi. Mirzoppa öyüyə-öyüyə çarpayıdan döşəmənin üstünə qaytarırdı, amma Məsməxanım daha nə qoxu hiss edirdi, nə də Mirzoppanın böyürtüsünü eşidirdi; öz sehrli nağıl aləmində olurdu Məsməxanım, öz xeyirxah sehrbazlarının yanında və bu sehrbazlar nəinki, ancaq onun ürəyini oxşayırdı, bəzən həftələrlə, aylarla əl dəyməyən bədəni də bu nəvazişi hiss edirdi; Məsməxanım səhərə yaxın bu yumşaq oxşamalarla yuxuya gedirdi.
    Həmin qəribə yay gecəsi birdən-birə Məsməxanıma elə gəldi ki, yenə də öz sehrli nağıl aləmindədi və indi başa düşdü ki, bayaq nə üçün furqondan çıxıb gedə bilmirdi, çünki divarlarından taxta dovşan, tülkü, ayı, şir və naməlum heyvan asılmış, bu çöl-biyabanda alüminium örtüyü ay işığında gümüş kimi ağaran bu furqon elə bil ki, onun yuxusuz gecələrindəki sehrli nağıl aləmindən çıxıb Zuğulbanın dəniz sahilinə gəlmişdi; bu hündürboylu, yaraşıqlı oğlanın iri göy gözləri də onun sehrbazlarının əməli idi.
    – Sənin ulduzun var göydə? – Bunu da Məsməxanım soruşdu.
    – Mənim ulduzum?.. – Məmmədağa göyə baxdı. – Yox, mənim ulduzum yoxdu göydə.
    Abşeron yollarında Məmmədağanın çoxlu avtoinspektor tanışı vardı, amma Abşeron göyündə öz ulduzu yox idi. Məmmədağanın yadından da çıxmışdı ki, adam göydə özünə ulduz seçər və hara da getsə gecələr bu ulduzu saysız ulduzların arasından seçib tapar; Məmmədağa üçün bütün bunların hamısı uşaqlıqda qalmışdı.
    – Amma mənim ulduzum var!.. – Məsməxanım Məmmədağaya baxdı və elə bil, xəbər verdi ki, dünyanın bütün sərvəti məndədi. – Ode, bax, o ulduzdu, gördün?– Əlini uzadıb barmağı ilə dan ulduzundan bir az aşağıda güclə sezilən ulduzu göstərdi.
    – Onu hardan tapmısan elə? – Məmmədağa gözlərini güclə sezilən həmin ulduzdan çəkib gülümsəyə-gülümsəyə Məsməxanıma baxdı.
    Və birdən Məsməxanım soruşdu:
    – Sənin gülümsəməyin Kitabullanın gülümsəməyinə oxşayır?
    Məsməxanım bu sualı verdi və birdən-birə ürəyindən gizli bir qorxu keçib getdi; Məsməxanım qorxdu ki, indi ay işığında ona baxıb gülümsəyən bu göygöz oğlan da, günlərin bir qara günündə bir içmişin maşınına rast gəlib uzun ağ bağlamaya dönə bilər; Məsməxanım qorxdu və işığı güclə gəlib Zuğulbanın dəniz sahilinə çıxan ulduzuna baxdı.
    Məsməxanım bilə-bilə özünə bu cür uzaq bir ulduz seçmişdi, işığı güclə sezilən bir ulduz, çünki hərdən axşamlar pəncərələrinin qabağındakı böyük əncir ağacına baxa-baxa fikirləşirdi ki, göydə ulduzu olanların içində qisməti elə bu ulduzdu, çünki dünyada bəxti də elə bu cür uzaq işıqlıdı, amma sonralar, o vaxtlar ki, Məsməxanımın sehrli nağıl aləmi dünyaya gəldi, bu ulduzun da uzaqlığı əl çatmazlığından çıxıb həmin sehrli nağıl aləminə aparan bir məsafə oldu.
    Məsməxanımın sualı Məmmədağa üçün də gözlənilməz oldu, o, yenə də Kitabullanın gülümsəyən sifətini, işıldayan qızıl dişini gördü və bu qızıl diş indi ay işığında işıldayırdı. Məmmədağa dedi:
    – Bilmirəm..
    Məsməxanım dedi:
    – Bilirsən o ulduz mənə nə deyir?
    Məmmədağa soruşdu:
    – Nə deyir?
    Məsməxanım dedi:
    – O ulduz mənə deyir ki, Məsməxanım, sən heç vaxt ölməyəcəksən!
    Məsməxanım, sən həmişə yaşayacaqsan! Məsməxanım, qara torpaq səni görməyəcək!.. Yaxşı sözlər deyir?
    Məmmədağa dedi:
    – Yaxşı sözlər deyir.
    Məsməxanım həmin qəribə yay gecəsi əllərini yelləyə-yelləyə öz ulduzunu bərkdən səsləmək istədi: «-E-he-he-hey!», amma özünü saxladı, çünki, onsuz da, içini bayır eləyib qoymuşdu ay işığının altına.
    Məmmədağa soruşdu:
    – Daha nə deyir sənə o ulduz?
    Məsməxanım gözlərini öz uzaq ulduzundan çəkib Məmmədağanın gözlərinin içinə gülümsədi:
    – Daha heç nə demir...
    – Bəs demir ki, Məsməxanım, əslində sən Məsməxanım yox,
    Məsməbəbəsən?..
    – A - a - a... Bəbə niyə oluram? - Məsməxanım bunu dedi, amma açıq-aşkar hiss olunurdu ki, bu sözdən xoşu gəldi; Məmmədağanın dilində «Məsməbəbə» sözü çox şirin səsləndi, doğma səsləndi və bu sözün ilıqlığı Məsməxanımın ürəyinə yayıldı; sonra üç-dörd ay bundan əvvəl milisioner Səfərlə dalaşması yadına düşdü. Milisioner Səfər yenə də kefli Mirzoppanı tutub milis idarəsinə aparmışdı və bundan xəbər tutan Məsməxanım yenə də az qalırdı milisioner Səfərin gözünü çıxartsın yerindən. Milisioner Səfər yaş dəsmalı ilə üz-gözünün tərini silə-silə dedi:
    – Qızım, uşaqsan sən hələ, lap uşaqsan! Hayıf səndən!
    Onda bu söz yaman tutmuşdu Məsməxanımı və ona elə gəlmişdi ki, milisioner Səfər xırda gözləri ilə əslində çox şey görür, çox şey oxuyur. Milisioner Səfərin beləcə heyfsilənməsi onun əlini-qolunu qırıb yanına salmışdı və o zaman Məsməxanım fikirləşmişdi ki, nə üçün Mirzoppanın bəd əməllərinin üstündə gəlib bu yekə kişini bu cür bihörmət edir? Axı, bu kişi nə qədər olmasa da, Mirzoppadan bir on qat artıq adam idi. Məsməxanım yaxşı başa düşürdü və yaxşı bilirdi ki, adam öz əri haqqında belə sözlər deməz və belə şeylər fikirləşməz. Deməyinə, əlbəttə, Məsməxanım heç kimə heç nə demirdi, fikirləri isə hərdən qovub beyindən çıxarmaq olmurdu. Mirzoppa hər dəfə keflənib şuluq salanda, milis idarəsinə gətiriləndə Məsməxanım da onun ardınca gəlib davasını salırdı ki, ərimi buraxın; Mirzoppa onun əri idi və bu belə olmalı idi; amma fikirlər isə heç nəyə baxmırdı.
    Sonra Məsməxanım hər şeyi yadından çıxarmaq istədi, həmin qəribə yay gecəsi dünyanın heç bir pis işi barədə fikirləşmək istəmədi; sonra da Məsməxanım pıçıltı ilə mühüm bir xəbər verdi:
    – Bilirsən, mənim ulduzum zarafat xoşlamır...
    – Doğrudan? – Məmmədağa da pıçıldadı.
    – Hə. – Məsməxanım bu dəfə lap yavaşdan pıçıldadı, sonra da həmin pıçıltı ilə dedi: – Gəl sənə də bir ulduz seçək.
    Məmmədağa pıçıldadı:
    – Gəl seçək...
    Məsməxanım pıçıldadı:
    – Həmişəlik səninki olsun...
    – Yaxşı...
    – Hansını istəyirsən, seç...
    – Ode, onu... – Məmmədağa qolunu uzadıb barmağı ilə Məsməxanımın ulduzunun yanında işığı lap güclə sezilən bir ulduz göstərdi.
    Həmin qəribə yay gecəsi Məsməxanım birdən-birə başa düşdü ki, Zuğulbanın bu kimsəsiz dəniz sahilində bu ulduz oyununun axırı yaxşı qurtarmayacaq; əlbəttə, pis bir iş olmayacaq, amma acısı qalacaq bu ulduz oyununun; bu acı heç vaxt Məsməxanımın ürəyindən çıxıb getməyəcək, – Məsməxanım yaxşı bələd idi öz ürəyinə; alüminium örtüyü ay işığında gümüş kimi ağaran bu furqon Zuğulbanın bu dəniz sahilindən çıxıb gedəcək və o zaman Məsməxanımın ulduzunun yanındakı bu ulduz onun sehrli nağıl aləmini də bir heç edəcək.
    – Yox, onu yox. – Məsməxanım bu dəfə pıçıldamadı.
    – Bəs hansını? – Məmmədağa başa düşdü ki, Məsməxanımın ürəyindən nəsə bir nigarançılıq gəlib keçdi.
    – Özün seç.
    – Bir belə ulduz var, hansını seçim?
    – Hansını istəyirsən, seç, amma mənə göstərmə.
    – Niyə?
    Məsməxanım bu saat özü də özünə bildirmək istəmirdi ki, niyə?.. Bəlkə özü də özündən gizlətmək istəyirdi ki, günlər, aylar, kim bilir, illər keçəcək və o zaman başını qaldırıb haçansa qəflətən rast gəldiyi bir göygöz oğlanın ulduzuna baxmaq, hər gecə bu ulduzu görmək onun üçün ağır olacaq? O zaman həmin göygöz oğlan bu ulduzu, bu ulduzu ki, gecələrin bir gecəsi Zuğulbanın səmasında özünə seçmişdi, tamam yadından çıxaracaq və o zaman həmin ulduzun insan nisgilini Məsməxanım hiss edəcək...
    – Adam öz ulduzunu başqasına göstərməsin gərək.
    – Bəs sən niyə göstərdin?
    Məsməxanım yenə öz ulduzuna baxdı və sarı trikotaj köynəyinin kip örtdüyü yumru çiyinlərini çəkdi.
    Yenə xəzri başlamışdı və külək yavaş-yavaş bərkiyirdi; belə getsəydi, külək bu gecə bu yerlərdə əməlli-başlı fironluq edəcəkdi. Məmmədağa Abşeron havasına yaxşı bələd idi və bilirdi ki, Abşeron küləyinə etibar yoxdu – bircə saatın içində elə bir çovğun qopar ki, gəl görəsən. O, küləyi xoşlayırdı (Abşeron küləyindən zəhləsi gedən adam çox idi, xüsusən rayondan gələnlərin heç arası yox idi bu küləklə) və ağır maşını ilə küləyi yara-yara Abşeron yollarında çox yolçuluq etmişdi, amma həmin qəribə yay gecəsi Zuğulbanın bu dəniz sahilində gərək külək bərk əsməyəydi, qum adamın burnuna, qulağına dolmayaydı; gərək bu gecə burada külək elə əsəydi ki, bu qayalar yüngül qayıq olub dənizə çıxmaq istəyəydi.
    Məmmədağa dedi:
    – Xəzri bərkiyir deyəsən...
    Məsməxanım da ona baxdı və dedi:
    – Istəyirsən dayandırım bu küləyi?
    Məmmədağa soruşdu:
    – Sən cadugərsən?
    Məsməxanım dedi:
    – Hə, mən yaman cadugərəm...
    Sonra o tərəf-bu tərəfə boylandı.
    – Nə lazımdı?
    – Gərək ağacla danışasan. Ağaca deyəsən ki, küləyi dayandırsın.
    Məmmədağa çoxbilmiş Məsməxanıma güldü və soruşdu:
    – Hansı ağaca?
    Məsməxanım dedi:
    – Hansı olur, olsun. Məmmədağa bilirdi ki, Abşeron kəndlərində dəniz sahili qumsallıqda yaşıl
    ağac tapmaq çətin işdi; çürümüş qayıq skeleti tapmaq olar, müharibədən əvvəlki vaxtların içi qumla dolmuş araq, pivə şüşələrini tapmaq olar, mazuta bulaşmış avar, sahilə atılmış cürbəcür balıqlar, hətta suiti tapmaq olar, amma küləyi dayandırmaq üçün yaşıl bir ağac tapmaq çətin işdi.
    Məsməxanım dedi:
    – Ode, o təpənin üstü zeytunluqdu, gedək ora. – Sonra da Məmmədağanın cavabını gözləmədən əyilib səndəllərini ayağından çıxartdı və günortanın istisindən sonra yavaş-yavaş soyuyan qumun üstü ilə tez-tez addımlaya-addımlaya uzaqda bozaran təpəyə tərəf getdi.
    Məmmədağa çəkmələrinin içinə narın qum dola-dola bu cadugər qızın ardınca addımlayırdı və o, səndəllərini əlində tutub iti-iti gedən bu ayaqyalın qızın ardınca lap dünyanın axırına kimi beləcə addımlayardı.
    Məsməxanım ona tərəf çevrilib gülə-gülə:
    – Tez gəl də! – dedi: – O saat bilinir ki, asfalt adamısan. Çıxart ayaqqabılarını. Içi dolacaq qumla...
    Məmmədağa ayaqqabılarını, corablarını çıxardıb əlinə aldı və qaça-qaça ay işığında dayanıb onu gözləyən cadugər qıza çatdı.
    – Sən inanmırsan ki, küləyi dayandıracağam?
    – Inanıram.
    – Hə, görürəm, yaman da inanırsan... Indi baxarsan!
    Yavaş-yavaş sərinləyən narın qum Məmmədağanın ayaqlarına toxunduqca, barmaqlarının arasından süzülüb töküldükcə ona elə gəlirdi ki, yer üzündə yox, qəribə bir boşluqda addımlayır; bu boşluqda bir mülayimlik və həzinlik var idi; belə bir mülayimlik və həzinlik, ancaq gecələr ola bilərdi, gündüzlər isə yox olub gedirdi; gündüzlər qayğılar başlayırdı, hərəkət başlayırdı; gündüzlər gecəki adam elə bil ki, dəyişib başqa adam olurdu və həmin qəribə yay gecəsi birdən-birə Məmmədağanın ürəyinə bir səhər nigarançılığı çökdü.
    Abşeron küləyi Zuğulbanın dəniz sahilində qumdan böyük bir təpə düzəltmişdi və onlar gəlib bu qum təpəsinin yanına çatan kimi, Məsməxanım irəli çıxıb üzüyuxarı qalxmağa başladı; qalxa-qalxa da aşağı baxıb güldü:
    – Yavaş ol, a, yumbalanarsan birdən...
    Məmmədağa hər dəfə addım atdıqca, az qala, dizə qədər quma bata-bata:
    – Qorxma, – dedi, – gəlirəm dalınca!
    Qumun içi əməlli-başlı isti idi və bu isti Məmmədağanın ayaqlarını, topuqlarını qızdırırdı. Məsməxanım yuxarıdan qışqırdı:
    – Görürsən nə əntiqə istidi qum?
    Qumun bu istiliyi, doğrudan da, əntiqə istilik idi, yayın bürküsündə, elə bil, adamın bütün bədəninə bir sərinlik gətirirdi.
    Məsməxanım yuxarıdan qışqırdı:
    – Bilirsən, day gələn ildən bura dırmaşmaq olmayacaq belə!
    – Niyə?
    – Sanatoriya tikəcəklər burda! Dünyanın hər tərəfindən adamlar gələcək bura!
    Dünyanın hər yerində məşhur olacaq Zuğulba! Dünyanın hər yerində biləcəklər ki, Abşeronda, Xəzərin sahilində Zuğulba adında bir yer var! Amma hayıf ki, onda day bu qum təpə olmayacaq... Onda mən gəlib bu sanatoriyaya baxacağam, yadıma düşəcək ki, bir vaxt bu yerlərdə qum təpəsi vardı... Bir vaxt bu yerlərin qumunda elə isti vardı ki, adamın ürəyinə sərinlik gətirirdi, elə bil, quyu suyu içirdin...
    Qum təpənin üstündən Zuğulba pansionatına tərəf bir cığır ağarırdı və bu cığırın sağ tərəfi başdan-başa zeytunluq idi.
    – Buralar ilanlıqdı ha, bastalama.
    – Bu küləkdə ilan nə gəzir?..
    – Bu saat küləyin işinə baxacağam!
    Gecə vaxtı ilanlar çox zaman asfalta çıxırdı və Məmmədağa Abşeron yollarında yayda, demək olar ki, hər gecə asfaltın tən ortası ilə sürünən cürbəcür ilanlara rast gəlirdi. Bu ilanların çoxu gəlib-gedən maşınların altında qalırdı, amma gecələr elə hey asfalta çıxırdı. Asfalt günün istisini gecələr də özündə saxlayırdı və yəqin buna görə də Abşeron yolları gecələr ilanı özünə çəkirdi. Xəzri isə yavaş-yavaş lap bərkiyirdi.
    Məsməxanım cırcıramalar cırıldayan zeytunluqda xırda ağacların arasından sürətlə ötüb başqalarından daha qollu-budaqlı bir zeytunun qarşısında dayandı. Məmmədağa da tövşüyə-tövşüyə yaxınlaşıb ağacın yanında dayandı və ona elə gəldi ki, Məsməxanım bu qollu-budaqlı ağacı lap yaxşıca tanıyır. Məsməxanım bir əlində səndəllərini tutmuşdu, o biri əlini zeytunun xırda yarpaqlarına sürtdü, başını çevirib altdan-yuxarı Məmmədağanın gözlərinin içinə baxdı, gülümsədi, sonra yenə üzünü ağaca tutub budağını silkələyə-silkələyə dedi:
    Mən anamın ilkiyəm,
    Ağzı qala tülküyəm,
    Xəzri, get,
    Gilavar, gəl!..
    Sonra Məsməxanım yenə üzünü Məmmədağaya tutdu:
    – Sən ananın neçənci uşağısan?
    – Birinci.
    – Doğrudan? – Məsməxanım lap uşaq kimi sevindi. – Onda sən də de.
    Və Məsməxanım təzədən zeytunun budağını silkələyə-silkələyə öz ovsununu yavaşdan aramla deməyə başladı, Məmmədağa da onun sözlərini beləcə yavaşdan aramla təkrar etdi:
    Mən anamın ilkiyəm,
    Ağzı qara tülküyəm,
    Xəzri, get,
    Gilavar, gəl!..
    Sonra bir müddət səssizcə dayandılar. Zeytunluq qaranlıq idi, xırda, amma sıx yarpaqlar ay işığının qabağını kəsmişdi və qaranlıq içində Məmmədağa yanında dayanmış bu cadugər qızın nəfəsini hiss edirdi, ürəyinin döyüntüsünü eşidirdi, ona elə gəlirdi ki, bütün bunlar hamısı bir yuxudu, həmişəki kimi, Abşeron sahilində, kabinkasındakı meşin üzlü yumşaq oturacaqda uzanıb yatıb və qəribə bir yuxu görür; bu yuxuya narın qum səpirdilər, amma bu qum adamın üzünə-gözünə dolmurdu, bütün bədənini oxşayırdı; səhər isə oyanacaqdı və yuxu qurtaracaqdı...
    Və birdən-birə həmin qəribə yay gecəsində dünyanın ən böyük möcüzəsi baş verdi: yavaş-yavaş bərkiyən xəzri birdən-birə dayandı və cırcıramalar da, elə bil, bunu hiss edib daha da bərkdən cırıldamağa başladı.
    – Gördün? – Bunu qara gözləri qaranlıqda işım-işım işıldayan Məsməxanım dedi.
    – Gördüm. – Bunu da heyrətindən yerində donub qalmış Məmmədağa dedi.
    Məsməxanım gəldiyi kimi cəld də ağacların arasından keçib, qum təpənin üstünə çıxdı. Məmmədağa yalın ayaqlarını tikandan, çör-çöpdən gözləyə-gözləyə onun ardınca getdi.
    Ayaqları quma batdıqca və qumun istisi onların yalın ayaqlarını qızdırdıqca, ikisi də fikirləşdi ki, yaxşı gecədi bu gecə. Əlbəttə, onlar bir-birinin nə fikirləşdiyini bilmirdi və ikisi də eyni bir şey barədə fikirləşə-fikirləşə bir-birinə baxdı; bu gecə ona görə yaxşı gecəydi ki, ulduzlarla, dənizlə, bu qum təpəylə birlikdə bu saat buradan baxanda dəniz qırağındakı qumluqda dayanmış furqonun alüminium örtüyü ay işığında gümüş kimi ağarırdı; bu gecə ona görə yaxşı gecəydi ki, ulduzlarla, dənizlə, bu qum təpəylə birlikdə bu saat burada bir qız dayanmışdı ki, dənizlə danışa bilirdi və ağaclarla dostluq edirdi və burada bir oğlan da dayanmışdı ki, onun göy gözlərində Məsməxanımın vaxtilə hiss etdiyi iri kişi əllərinin mehribanlığı vardı.
    Dənizin bayaq külək bərkidikcə artan uğultusu da indi küləklə birlikdə kəsmişdi və dənizin dalğaları da daha ağarmırdı; dənizin ay işığındakı tünd göylüyü də getdikcə qaralırdı; qum təpənin üstündən dəniz daha böyük, daha nəhəng görünürdü.
    Məsməxanım dedi:
    – Sabah isti olacaq.
    Məmmədağa dedi:
    – Hə, isti olacaq sabah...
    Və onlar ikisi də birdən-birə hiss etdi ki, sabah haqqında fikirləşmək istəmirlər; bu gecə ki, vardı, bu gecədə ki, o təkcə furqon beləcə ağarırdı, zeytun ağagı küləyi dayandıra bilirdi, – ikisi də bunu fikirləşdi, amma ikisinin də ürəyindən gizli bir nigarançılıq keçdi.
    Ulduzların arasında yaşıl, qırmızı ulduz göründü, sonra təyyarə səsi gəldi və bu qırmızı, yaşıl ulduzlar onların başı üstündən uçub Binədəki aerodroma tərəf getdi; işıqlar görünməz oldu, amma səs hələ bir müddət də eşidildi və Məsməxanım bu səsə qulaq asa-asa soruşdu:
    – Sən hardan gəlmisən bura?
    Məmmədağa:
    – Fatmeyidən, – dedi.
    Məsməxanım bərkdən güldü:
    – A-a-a.. Mən elə bilirdim ki, göydən düşmüsən, amma deyirsən ki,
    Fatmeyidən... Doğrudan Fatmeyidən gəlmisən sən?
    Məmmədağa da güldü:
    – Hə, Fatmeyidən gəlmişəm, – dedi və təyyarənin səsi tamam kəsiləndən sonra fikirləşdi ki, dünən Fatmeyidə keçirtdiyi dünyanın ən adi gecəsi heç ağlına da gəlməzdi ki, sabahı gün Zuğulbada onu belə bir gecə gözləyir; Məmmədağa burasını da fikirləşdi ki, adam təkcə maşına minəndə, qatara, təyyarəyə, ya gəmiyə minəndə yolda olmur, adam elə yaranan gündən yolda olur, bu gündən sabaha aparan yolda və bu yolun adi yollardan bir fərqi var ki, bu gün minib sabah harada düşəcəyini bilmirsən; bilmirsən ki, səni nə gözləyir: bir şadlıqmı gözləyir, bir dərd-qəmmi gözləyir? Amma bir iş vardı ki, Məmmədağa qabaqlar belə şeylər barədə fikirləşməzdi və indi onun bu fikirlərə düşməsi də, görünür, həmin qəribə yay gecəsinin bir hissəciyiydi.
    Sonra Məmmədağa dedi:
    – Dünən gecə Fatmeyidə yağırdı... Bura yağmadı?
    – Yox.
    – Heç yağmadı?
    Məsməxanım:
    – Yox, – dedi və qıza qəribə gəldi ki, dünənki gecə onlardan biri yağışa düşüb, o biri yox.
    – Sən Fatmeyidə olmusan?
    – Yox, olmamışam.
    – Yaxşı kənddi.
    – Doğrudan? – Məsməxanım lap sidq-ürəkdən təəccüb etdi, elə bil ki, Ağadadaş yaşayan yer yaxşı ola bilməzdi; Ağadadaş Məsməxanımın yadına düşdü.
    Məsələ burasında idi ki, Məsməxanımın fikrincə, Ağadadaş dünyanın ən alçaq adamlarındandı və hər dəfə bu adam onun gözlərinin qabağına gələndə qızın əti ürpəşirdi, elə bil ki, bədəninə qurbağa toxunurdu...
    ...Ağadadaş Məsməxanımgilin uzaq bir qohumuydu və Məsməxanımın anası Güldəstə tanış-bilişin yanında, qonşuların yanında, yeri düşdü-düşmədi, həmişə onun adını çəkərdi, ondan danışardı ki, qoy hamı bilsin necə qohumları var. Ağadadaş çamadan sexinin müdiri idi. Fatmeyidə ikimərtəbəli böyük mülkü vardı, ləqəbi də Qızıl idi, hamı onu «Qızıl Ağadadaş» kimi tanıyırdı. Ağadadaşın ağappaq bir «Volqa»sı vardı və günlərin bir günündə Güldəstəylə Məsməxanım bazardan evə qayıdanda bu ağappaq «Volqa» ilə rastlaşdılar. Ağadadaş maşını saxlayıb onları da götürdü və düz həyətlərinə sürdü.
    Bu o zamanlar idi ki, Məsməxanım onuncu sinfə təzəcə keçmişdi və abbasıabbası yığdığı pulları fotoqraf Nikolayın satdığı «otkrıtkalara» verirdi. Bu «otkrıtkaların» hamısı da hind və ərəb filmlərindən kadrlar idi. Məsməxanım Ağadadaşın adını çox eşitmişdi, amma üzünü görməmişdi və ağappaq «Volqa» onların həyətində dayananda qıza elə gəldi ki, onu evlərinə «Volqa» yox, sehrli xalça gətirdi. Qonşular da həyətdə dayanan bu ağ «Volqa»nı görüb pəncərələrdən boylandı, kimi gözünü bərəltdi, kimi də mənalı-mənalı başını yellədi. Güldəstə maşından düşüb həyətdəki pəncərələrə baxdı, sonra Məsməxanımın maşından düşməyini gözləməyib dedi:
    – A-a-a... Çörək almaq yaddan çıxdı ki, ağəz... Məsməxanım bilirdi ki, evdə çörəkləri var və bazara gedəndə anasının çörək almaq fikri yox idi; Güldəstə ona görə belə dedi ki, bəzi paxıl qonşular pəncərədən baxıb yanıb-yaxılsın.
    Ağadadaş qabağındakı maşın güzgüsündə Məsməxanıma baxıb:
    – Yaddan çıxıb? Nolar, bu saat gedib alıb gətirrik, – dedi.
    Məsməxanım da güzgüdə Ağadadaşa baxıb gülümsədi.
    Güldəstə gözucu həyətdəki pəncərələrə baxa-baxa dedi:
    – Əziyyət veririk axı, sənə...
    Ağadadaş da güzgüdə Məsməxanıma gülümsəyib:
    – Xoşdu mənimçün, – dedi və ağ «Volqa» yerindən tərpəndi.
    Güldəstə kartof, soğan alıb doldurduğu ağır həsir zənbili yerindən qaldırıb evlərinə tərəf gedə-gedə dedi:
    – Xalamoğlu Ağadadaş budu də...
    Güldəstə əvvəllər «yaxın qohumumuz Ağadadaş» deyərdi, amma ağ «Volqa»dakı bu gəzintidən sonra, elə vəcdə gəlmişdi ki, indi onu xalası oğlu elədi. Qonşulardan kimisi bu xəbərə şübhə etdi, kimisi də ağ «Volqa»nın ardınca baxa-baxa fikirləşdi ki, sən demə, Gldəstə düz danışırmış, doğrudan da, bu cür mükəmməl qohumları varmış.
    Həyətdən çıxandan bir az sonra Ağadadaş maşını saxladı və bu dəfə daha güzgüyə baxmayıb üzünü Məsməxanıma tərəf çevirdi:
    – Gəl otur qabaqda, – dedi.
    Məsməxanım Ağadadaşın bu hörmətindən lap riqqətə gəldi və utana-utana dedi:
    – Çox sağ olun... Bura da yaxşıdı elə...
    Ağadadaş əlini uzadıb Məsməxanımın qolundan yapışdı:
    – Gəl, gəl qabağa. Kimnən əskiksən bəyəm?!
    Əlbəttə, bir halda ki, Ağadadaş kimi bir qohumları istəyirdi Məsməxanım keçib qabaqda əyləşsin və özünü daha rahat hiss etsin, daha onun sözünü yerə salmaq olmazdı; Məsməxanım dinməz-söyləməz, maşından düşüb bu dəfə qabaqda, Ağadadaşın yanında oturdu.
    Ağadadaş dedi:
    – Xoşum gəldi sənnən, yaxşı qızsan! – Sonra da soruşdu: – Neçə yaşın var sənin?
    Ağadadaşın tərifi qızın ürəyinə yağ kimi yayıldı və Məsməxanım qızara-qızara dedi:
    – On altı tamam olub, keçmişəm on yeddiyə...
    Ağadadaş sol əli ilə rulu tuta-tuta sağ əlini Məsməxanımın qara yubkasının altından çıxmış çılpaq dizinə vurdu:
    – Əşşi, sən lap tabakasan ki!..
    Məsməxanım ömründə restorana getməmişdi və bilmirdi ki, cücəni qurbağa kimi aralayıb qıpqırmızı qızardanda adına «tabaka» deyirlər və çox yeməli bir şey olur bu «tabaka»; Məsməxanım Ağadadaşın sözünü başa düşmədi və həmişə piyada gedib-gəldiyi bu yola baxa-baxa fikirləşdi ki, adamın Ağadadaş kimi bir qohumu olmağı çox yaxşı bir işdi; ancaq Məsməxanımı narahat edən, bu gözəl gəzintidən əməlli-başlı ləzzət almağa qoymayan və yavaş-yavaş ürəyini döyündürməyə başlayan bir səbəb vardı ki, bu da Ağadadaşın sağ əli idi; Ağadadaşın sağ əli eləeləcə Məsməxanımın çılpaq dizinin üstündə idi.
    Birdən Məsməxanımın ürəyi qırılıb ayağının altına düşdü – Məsməxanım hiss etdi ki, Ağadadaşın əli dizinin üstündən yavaş-yavaş yuxarı qalxır; bilmədi nə eləsin, özünü elə itirdi ki, cınqırığını da çıxarmadı. Amma, iş lap ağ olanda Məsməxanım daha özünü saxlaya bilməyib demək istədi ki, evlərində çörək var, heç bir çörək almaq lazım deyil, tez qayıtmaq istəyir evə...
    – Ağadadaş əmi...
    – Nə? Əmi? Heç gözləməzdim sənnən belə söz!..– Ağadadaş gözlərini yoldan çəkib məzəmmətlə Məsməxanıma baxdı. – Mənə elə Ağadadaş deginən, istəyirsən Ağa de, ya da Dadaş de, necə xətrün istəyir... Başqalarıyçın necə, səninçün də o cür! Əskik-zad deyilsən ki, başqalarından, necə istəyir xətrün, elə də çağır məni! Səni... səni yağ içində böyrək kimi saxlayacağam! Ayda bir dəst əntiqə paltar alacam səninçün, şuba da alacam, öz canımçun!
    Məsməxanım Ağadadaşın dediklərindən heç nə başa düşmürdü, təkcə bunu hiss edirdi ki, əl daha da yuxarı qalxır. Qız heç özü də bilmədi ki, necə haray saldı:
    – Saxla! Düşürəm! Ay mama!.. Ağadadaşın ilan vurmuş kimi əlini çəkməyiylə tormozu basmağı bir oldu – belə bir haray-həşiri heç gözləmirdi və Məsməxanım bir də onda özünə gəldi ki, küçə ilə evlərinə tərəf qaçır.
    Məsməxanımgilin mənzili ikimərtəbəli böyük binanın ikinci mərtəbəsində idi və Güldəstə də indi eyvana çıxıb ağ «Volqa»nı gözləyirdi: həyətdəki pəncərələr də ağ «Volqa»nı gözləyirdi. Başı alovlu qaça-qaça həyətdən keçib binalarına gələn Məsməxanımı görəndə qonşuların bəzisi başını buladı, bəzisi təəccüb etdi, bəzisi də fikirləşdi ki, belə-belə işlər, anası çıxan ağacı balası budaq-budaq gəzər...
    Güldəstənin hövlnak qapını açmağı ilə soruşmağı bir oldu:
    – Bu nə gündü belə? Nolub, ağəz? Ağadadaş hanı bəs?!
    Güldəstənin fikri vardı ki, Ağadadaşı bir-iki saat getməyə qoymasın, çay dəmləsin, mürəbbə qoysun qabağına, ağ «Volqa» da dayansın həyətdə və qızını bu görkəmdə görəndə Güldəstənin ağlına gələn birinci bu oldu ki, bəlkə ağ «Volqa» qəzaya uğrayıb, ya adam basıb.
    – Hanı bəs Ağadadaş?
    Məsməxanım hönkürə-hönkürə özünü divanın üstünə atdı:
    – Qaçdım mən, qaçdım! Qaçdım!
    Güldəstənin belə işlərdə səriştəsi az deyildi, o saat ürəyinə pis fikir gəldi:
    – Niyə? Niyə qaçdın? – soruşdu.
    – Əl atırdı mənə!..
    Güldəstə elə belə bir xəbər gözləyirdi, əlini əlinə vurub:
    – Vay, köpək oğlu! – dedi. – Kül olsun belə kişinin başına! Kişi niyə olur e...
    Məsməxanım həmişə anası belə sözlər deyəndə, söyüş söyəndə hirslənirdi, amma bu dəfə hönkürə-hönkürə təkcə bunu dedi:
    – Sən də həmişə deyirdin ki, qohummuzdu... qohummuzdu... day nə bilim nə...
    Güldəstənin başına, elə bil, təzədən bir qazan qaynar su ələdilər:
    – Qohummuz? Allah vurmuşdu onu! Qohummuza bir bax! Körpüdən keçəndə dal-dala dəymişik, vəssalam!.. Qara yerə soxum onu, o boyda arvadını evdə qoyub gəlib uşağa sataşır! – Sonra elə bil ki, Ağadadaş yanındaymış kimi, barmaqlarının onunu da şax açıb əllərini onun başına basdı: – Ala e! Ala! Qara yerə girəsən elə! Bundan sonra Ağadadaşın söhbəti Məsməxanımgilin evindən kəsildi, Güldəstə bir dəfə də olsun qızının yanında onun adını çəkmədi, amma hərdən Məsməxanım yanında olmayanda yenə də tanış-bilişin, qonşuların yanında öyünməkdən özünü saxlaya bilmirdi.
    – Qızıl Ağadadaş bizim qohummuzdu...
    ...Məmmədağa Məsməxanıma baxdı, elə bil, həmin qəribə yay gecəsi bu qızın nə fikirləşdiyini, ürəyindən nələr keçdiyinin hamısını bilməli idi:
    – Nə fikirləşirsən?
    Məsməxanım yalın ayaqları ilə qayalıqdan aşağı düşə-düşə:
    – Heç... – dedi. – Fikirləşirəm ki, dünyada pis adamlar var, bu pis adamların da bəd əməlləri var...
    – Nədi ki?
    – Biri var Fatmeyidə... Guya ki, qohummuzdu...
    Fatmeyi balaca kənd idi və Məmmədağa orada yaşayanların çoxunu tanıyırdı.
    – Adı nədi?
    – Ağadadaş.
    – Hansı Ağadadaş? Qızıl Ağadadaş?
    – Hə, Qızıl Ağadadaş. – Məsməxanım qumluqda dayanıb ay işığında qayalıqdan aşağı düşən Məmmədağaya baxdı, elə baxdı, elə bil, bu saat ondan çox gözlənilməz bir söz eşidəcəkdi.
    – Onu tutublar ki...
    – Doğru deyirsən? – Bunu da o saat qara gözləri alışıb-yanan Məsməxanım dedi və Məmmədağa bu küləkdayandıran qızın gözlərindəki qığılcımdan başa düşdü ki, çox pis adammış Ağadadaş.
    – Hə. Tutublar onu. Hökumətin çamadan sexini öz dükanına çeviribmiş...
    Yığdığı qızılların hamısı getdi işinin dalınca... Haramdı də!..
    – Qurban olum hökumətə! – Məsməxanım bu sözləri elə ürəkdən dedi ki, elə bil, illərdən bəri yığılıb sinəsində qalmışdı və indi birdən-birə fürsət tapıb çıxdı.
    Məmmədağa dedi:
    – Indi, belələrinin qanı gedib!
    – Hə... Vəlvələ düşüb canlarına köpək uşağının... – Məsməxanım qızışıb lap sarı simə keçəcəkdi, amma özünü saxladı. – Belələrini gözümün qabağında da assalar «uf» demərəm!
    – Pisliyi çox dəymişdi sənə?
    – Ağadadaşın? Hə... Çoxdanın sözüdü... Fağır qız uşağıydım onda... – Məsməxanım gülümsədi və Məmmədağa qızın qalın dodaqlarındakı təbəssümdə bir acı duydu; ürəyindən belə bir hiss gəlib keçdi ki, gecələr gilavar əsəndə dənizlə danışan bu qarabuğdayı qız kimsəsizin biridi, güvənməyə adamı yoxdu, öyünməyə bir işi yoxdu.
    Məlum məsələdir ki, Məsməxanım Məmmədağanın fikirlərindən xəbərsiz idi və indi birdən-birə onun ürəyinə keçmiş illərin, keçmiş Məsməxanımın nisgili gəldi. Indi əgər Ağadadaş Məsməxanıma sataşmaq istəsəydi, qız barmağıyla onun gözlərini deşərdi. O illər keçmişdə qalmışdı, o illər ki, Məsməxanım həyasızın birinin qabağında qorxusundan çaşıb qalmışdı; ona elə gəlirdi ki, indi tamam başqa adamdı, indi dünyanın hər üzünə bələddi və indi, kim olur-olsun, bir deyənə beş cavab verər, necə ki, Fazilovun abrını bükdü ətəyinə.
    Məsməxanımın pamidor köşkü rayondakı böyük meyvə-tərəvəz dükanına baxırdı və həmin dükanın müdiri qırx il ticarət sistemində işləyən Fazilov idi. Məsməxanım işləyən pamidor köşkünün arxa tərəfində böyük bir tut ağacı vardı və Fazilov lotereya ilə udduğu sarı «Moskviç»ində (hamı deyirdi ki, Fazilov bu «Moskviç»i lotereya ilə udmayıb, lotereya biletinin özünü kimdənsə böyük məbləğə alıb; Fazilov kələkbazın biri idi və istəmirdi ki, günlərin bir günündə ona belə bir sual versinlər: «–Ayda yüz iyirmi manat maaş alırsan, uşaqların var, ailən var, haradandı səndə bu qədər pul ki, maşın almısan?») tozanaq qaldıra-qaldıra teztez bura gəlib:
    – Pəh!.. deyirdi, sonra həsir şlyapasını yağlı peysərinə qaldırıb tuta baxırdı. –Ürəyim yandı, ay qız, qalx bir az tut yığ yeyək!
    Məsməxanım bu yaşlı kişinin sözünü yerə salmırdı, ağ çit pencəyini əynindən çıxarıb bir göz qırpımında ağaca dırmaşırdı, tutun dəymişlərindən bir-bir dərib boşqaba yığırdı; bu tut ağacını çırpmaq mümkün olmurdu, çünki hər tərəf qum idi; Məsməxanımın ağacda tutun yaxşılarından seçib bir-bir yığması on dəqiqə, iyirmi dəqiqə çəkirdi və günlərin bir günündə məlum oldu ki, Məsməxanım ağacda tut yığanda qoçaq Fazilov da köşkün pəncərəsindən altdan-yuxarı onun ayaqlarına baxır.
    Məsməxanım tut yığdığı boşqabı, az qala, Fazilovun başına çırpıb öz kəşfindən əməlli-başlı qeyzə gəldi:
    – Ay qoca kaftar! Məni ağaca dırmaşdırırsan, özün də altdan-yuxarı mənə baxırsan! Oğraş oğlu oğraş! Dayan bir!
    Fazilov bayram yumurtası kimi qıpqırmızı qızarıb özünü itirdi:
    – Ay qız, mən ağsaqqal kişiyəm...
    – Tülküsən sən, Həccə gedirsən! Dayan bir düşüm aşağı!..
    Məlum məsələdir ki, Fazilov Məsməxanımın ağacdan düşməsini gözləməyib sarı «Moskviç»inə tərəf götürüldü və Məsməxanım tutun axırıncı budağından aşağı atılanda maşın yerindən tərpəndi, tozanaq qaldıra-qaldıra gözdən itdi; Fazilov canını qurtardı həmin gün Məsməxanımın əlindən və bundan sonra həmişə çalışırdı ki, qızın gözünə görünməsin...
    ...Məsməxanım bunu yadına saldı və Zuğulbanın qumlu dəniz sahilindəki həmin yay gecəsi ürəyindən qəribə bir hiss gəlib- keçdi, bütün nisgili ilə başa düşdü ki, illər onun həmin süd kimi ağ «Volqa»dakı fağırlığını, məsumluğunu, ürəyinin qızlıq çırpıntılarını, uçuntularını qoparıb aparıb özü ilə və onlar bir də heç vaxt geri qayıtmayacaq; illər, elə bil, bataqlıq kimi bir şey idi, onun fağırlığını, məsumluğunu, ürək döyüntülərinin xısıntısını udmuşdu və həmin bataqlığın üzü indi yenə də əvvəlki tək bütöv idi, hamar idi, heç nəyin izi qalmamışdı, təkcə güclə hiss ediləcək bir əks-səda, güclə görünəcək bir kölgə qalıb ki, bunları duyanda adamın burnunun ucu göynəyir, ürəyi nisgillə dolur – bütün bunların hamısını Məsməxanım fikirləşirdi, ona belə gəlirdi. Məmmədağa isə qumsallıqda oturub çəkmələrinin bağını bağlaya-bağlaya fikirləşirdi ki, qabağında dayanmış bu qarabuğdayı qəşəng qız indi özünü dilli-ağızlı bilir, uşaq vaxtının fağırlığına gülür, həmin çağlara illərin uzaqlığında itib-batmış bir şey kimi baxır, amma əslində o, elə indi də fağır bir qız uşağıdır; bu fağır qız uşağının davakarlığı vardı, adamı sancan uzun dili vardı, üzgöz cırmaqlayan dırnaqları vardı, amma bütün bunların hamısıyla birlikdə o fağır bir qız uşağıydı, çünki əslində bütün bunların hamısı elə bu fağırlığı ört-basdır eləməkdən ötrü idi və burasını da dünyada heç kim bilmirdi ki, bu fağır qız uşağı dənizlə danışır, küləyi dayandırır – Məmmədağa da belə fikirləşirdi.
    Dəniz isə tamam sakitləşmişdi və sal qayalar yenə də yüngül qayıq olub üzmək istəyirdi; dəniz yenə də çay kimi şırıldayırdı və Məsməxanım lap suyun kənarına gəlib yalın ayaqları ilə nəm qumun üstündə dayandı, uzaqlara baxdı, sonra yalın barmaqlarına toxunan ilıq suya baxdı, sonra əyilib bir ovuc su götürdü, sonra əlini açdı və su barmaqlarının arasından yenə də dənizə töküldü; Məsməxanım nəm qumun üstü ilə sahil boyu addımladı və fikirləşdi ki, bəzən gecələr evdə krandan su damcılayanda adam səhərə kimi yata bilmir, amma bir belə suyun bu qədər səsi adamı dəli eləmir, yüngülləşdirir adamı, adam da bu sal qayalar kimi, gəmi olub üzmək istəyir; Məsməxanım sahil boyu addımladıqca bilirdi ki, bu saat bir cüt göy göz ona baxır və burasını da başa düşürdü ki, bundan sonra bu göy gözləri çox görəcək, öz gözlərini yumacaq və bu göy gözləri görəcək, amma dünyada heç kimin bundan xəbəri olmayacaq, heç kimin, bunu təkcə bir adam biləcək – Məsməxanım – vəssalam.
    – O vaxtlar sənə pislik ediblər? – Bunu Məmmədağa soruşdu.
    – Hansı vaxtlar? – Bunu da Məsməxanım soruşdu.
    – Demirsən ki, fağır qız uşağı idin... – Məmmədağa zarafata salıb soruşmaq istəyirdi, amma bu sözləri çətinliklə dedi.
    – Hə... O vaxtı deyirsən... – Məsməxanım gülümsədi, – Yox. Bir-iki dəfə...
    – Bəs sonralar necə? Sonralar da pislik görmüsən?
    – Sonralar?
    – Hə.
    – Sən pislik nəyə deyirsən?
    – Nəyə deyirəm? Bilmirəm... Pislik pislikdi də...
    Əlbəttə, Məmmədağa papağını qabağına qoyub fikirləşsəydi, cavab verə bilərdi ki, pislik nədir, yəni cavab verərdi ki, pislik nankorluqdu, pislik xudbinlikdi, əliəyrilikdi, hörmətsizlikdi, kəmfürsətlikdi, simiclikdi və başqa belə şeylərdi, amma bu dəfə Məmmədağa başqa şey fikirləşdi, fikirləşdi ki, pisliyi, ancaq adam adama eləmir, adamın tək qalmağı da pislikdi, kimsəyə güvənməməyi, nəyəsə öyünməməyi də pislikdi və o, birdən-birə başa düşdü ki, gecələr gilavar əsəndə dənizlə danışmaq da əslində pislikdi, adamın özünün pisliyi deyil, amma nəyinsə pisliyidi.
    – Adam döymək pislikdir?
    – Pislikdi, əlbəttə...
    – Bude, bax! – Məsməxanım birdən-birə sarı koftasının yaxasını kənara dartdı və qızın ətli, hamar çiynində bir qançır qaraldı; Məsməxanımın heç vaxt ağlına gəlməzdi ki, birdən-birə ay işığında çiynini açıb bu yad oğlana göstərəcək və həmin yad oğlan onun qabağında dayanıb çiynindəki qançıra beləcə baxacaq, sonra əlini qaldırıb onun çiynində gəzdirəcək, sonra əlini yaranın üstündə saxlayacaq və Məsməxanımın bütün bədəninə heç vaxt hiss etmədiyi həqiqi bir ilıqlıq gələcək, o, öz sehrli nağıl aləmindən çıxacaq, başa düşəcək ki, bu, nağıl aləmi deyil, həqiqətdi, elə biləcək ki, bu əl dünyada ən doğma adamın əlidi, ona elə gələcək ki, bu əl heç vaxt üzünü görmədiyi atasının əlidi...

II HİSSƏ


    Bu hissədə məlum olur ki, Məmmədağa ilə Məsməxanımın həmin qəribə yay gecəsindəki gözlənilməz görüşü istər-istəməz onları öz həyat yollarına nəzər salmağa sövq edir; ən qəribəsi isə burasındadır ki, özlərinin bundan xəbəri olmur, yəni xəbərləri olmur ki, əslində o gecə onları düşündürən ən əsas məsələ dünyada kiminçün və nə üçün yaşamaqlarıdır.
    Güldəstə «Bakı-Voronej» qatarında bələdçi işləyirdi və üç gün evdə olurdu, beş gün səfərdə. Məsməxanım birinci sinifdən internat məktəbdə oxuyurdu və anasının bu səfərləri onun ürəyini sıxmırdı, həftədə bir dəfə, ya iki dəfə anası yanına gəlirdi və Məsməxanım da elə bilirdi ki, elə belə də olmalıdı, amma gün keçdi, ay dolandı, yeddinci sinfi qurtardı və Güldəstə bu qərara gəldi ki, daha qızı böyüyüb, özü özünə qulluq edə bilər, evdə tək qalmaqdan qorxmaz; Məsməxanım internat məktəbdən çıxıb evə gəldi, adi uşaqlar kimi dərslərini evdə hazırladı, adi uşaqlar kimi də gecələr evdə yatdı və bu zaman anasının səfərləri hərdənbir onun ürəyini sıxmağa başladı.
    Güldəstə Məsməxanımı təkcə ona görə evə gətirməmişdi ki, qızını çox istəyirdi; əlbəttə, qızını çox istəyirdi və burasını da fikirləşirdi ki, daha gərək gözü onun üstündə olsun, çünki Məsməxanımın elə vaxtıydı ki, onu özbaşına buraxmaq olmazdı; Güldəstə həm də ona görə qızını evə gətirmişdi ki, istəyirdi səfərdən qayıdanda onu da evdə gözləyən olsun, onunçun da sevinən olsun və səfərə çıxanda onun da ardınca bir parç suatanı olsun. Məsməxanım hər üç gündən bir beş günün anasızlığına, təkliyinə get-gedə elə öyrənmişdi ki, başqa arvadları gündə öz uşaqları ilə bir yerdə görəndə az qalırdı təəccüb etsin və onun ürəyinin sıxılmağı da yavaş-yavaş çıxıb gedirdi, əvəzində ikinci bir dünyası yaranırdı, böyüyürdü, gözəlləşirdi, adam da istəmirdi oradan çıxsın.
    Məsməxanımın iki dünyası var idi: birincisində dərslərini hazırlayırdı, məktəbə gedirdi, özünə xörək bişirirdi, köhnə paltarlarını söküb təzədən tikirdi, anasının əyninə olmayanları öz əyninə düzəldirdi, axşamlar klubda kinoya baxırdı, anasının yolunu gözləyirdi, hərdən anası ilə birlikdə Bakıya gedib mağazaları gəzirdi və başqa bu kimi işlərlə məşğul olurdu, yəni o işlərlə ki, hamı bunlarla məşğul olur; Məsməxanımın ikinci dünyası isə təkcə onunku idi, yavaş-yavaş əmələ gəlmişdi və yavaş-yavaş da böyümüşdü, bu dünyada istədiyin vaxt yağış yağırdı, qar yağırdı, gün çıxırdı, istədiyin vaxt uşaq olurdun, istədiyin vaxt böyük olurdun, öz uşağın olurdu, bu uşağı əzizləyirdin, ona layla deyirdin və ürəyində dediyin bu layla ilə özün də yuxuya gedirdin.
    Məsməxanımın iki dünyasından başqa bir də bir «nə isə»si var idi. O, bu «nə isə»nin nə olduğunu bilmirdi, amma bunu bilirdi ki, dünyada bir «nə isə» var və bu «nə isə»ni gözləyirdi; bilirdi ki, gün geçəcək, ay dolanacaq, «nə isə» olacaq.
    Onda yaz idi və yaz gələndə Məsməxanımın ikinci dünyası da ağacların, güllərin, çiçəklərin rəngini alırdı, burada da günəş səbəbsiz sevinc yayırdı aləmə və beləcə yaz günlərindən birində evə gələn Məsməxanım otaqlarında tanımadığı bir kişi gördü; kişi ağ süfrə salınmış girdə mizin arxasında oturub anası ilə söhbət edirdi; bu ağ süfrə hərdən evə gələn qonağa xüsusi hörmət əlaməti olaraq mizin üstünə salınardı və indi də Məsməxanım başa düşdü ki, qonaqları hörmətli qonaqdı. Məsməxanım ikinci dəfə idi evlərində yad kişi görürdü; birinci dəfə görəndə hələ internatdan evə təzəcə köçmüşdü; onda səkkizinci sinifdə oxuyurdu, küləkli bir payız günüydü, coğrafiya müəllimi Əzizov xəstələnib dərsə gəlməmişdi, Məsməxanım da məktəbdən tez çıxmışdı, öz açarı ilə qapını açıb evlərinə girəndə yad bir kişini otağın ortasında dayanan görmüşdü. Yad kişi tələm-tələsik şalvarını geyib əkilmişdi, Güldəstə isə bir müddət başını yorğanın altından çıxarmamışdı.
    Budəfəki yad kişi çesuça kostyum geymişdi və Məsməxanımı görəndə nə anası, nə də bu kişi özünü itirdi, üz-üzə oturub çay içdilər: çayı nəlbəkiyə töküb hortuldada-hortuldada içdikcə bu yad kişinin kök sifətindən tər damcıları axırdı və o, xudahafizləşib gedəndə Güldəstə mənalı-mənalı:
    – Yaxşı oğlandı... – dedi.
    Bundan sonra Məsməxanım bu kök kişini evlərində tez-tez gördü və belə başa düşdü ki, anası bu kişiyə ərə gedir; Məsməxanım evə gələndə daha qapını öz açarı ilə açmırdı– zəngin düyməsini basırdı; Məsməxanımın ürəyində bir qorxu əmələ gəlmişdi, qorxurdu ki, birdən bu kök kişini də pis vəziyyətdə görər. Bu kişi birincidən xeyli cavan görünürdü, birinci kişi uzun, arıq idi, bir növ, milisioner Səfərə oxşayırdı, başı da onunku kimi daz idi; bu oğlan isə pota idi.
    Məsməxanım anasının ərə gedəcəyi günü gözləyirdi və həmin gecələr onun ikinci dünyasında yetim bir qızın getməyə yeri olmurdu, çovğuna düşürdü, borana, qara düşürdü, soyuqdan dişləri dişlərinə dəyirdi və günlərin bir günündə nağıllardakı şahzadələrə oxşayan bir oğlan gəlib onu soyuğun əlindən qurtarırdı; butün bu hadisələr gecələr baş verirdi, Məsməxanım yuxuya getməzdən əvvəl, gündüzlər isə kök kişi gəlib ağ süfrə salınmış mizin arxasında otururdu, çayı nəlbəkiyə töküb hortuldada-hortuldada içirdi, içdikcə də yağlı sifətindən tər damcıları yuvarlanıb axırdı.
    Əlbəttə, Məsməxanım daha yekə qız idi və başa düşürdü ki, anasının sinəsi dərdlidi, bütün tanış-bilişin, qonşuların evində bir kişi xeylağı var, kiminin əri, kiminin atası, kiminin də qardaşı – Məsməxanım bütün bunları başa düşürdü, amma bircə başa düşə bilmirdi ki, anası bu kök kişidə nə görüb: nə yaraşığı bir yaraşıqdı, nə də danışığı bir danışıqdı.
    Bir müddət beləcə keçdi və yenə də günlərin bir günündə dünyanın ən gözlənilməz hadisəsi baş verdi: Məsməxanıma məlum oldu ki, həmin kök kişi anası üçün yox, Məsməxanımın özü üçün onlara gəlib-gedirmiş.
    – Ağəz, sən hələ ayılmamısan? Sənin tayların şeytana papış tikir!.. Səndən ötrü gəlir də, Mirzoppa, day kimdən ötrü gələcək?.. Pis oğlan döyül, əli də çatıb çörəyə, şəhərə avtobus sürür, evi də var özünün ayrıca. Adam gərək ayağını yorğanına görə uzada. Elə bizim babımızdı... – Bu sözləri Güldəstə gözlərini bərəldib ona baxan Məsməxanıma dedi və beləcə də xeyir-duasını verdi.
    Mirzoppagil Bakıdan Zuğulbaya köçəndən sonra Əliabbas kişinin tiyanı bu yerlərdəki qır damlı evləri bir - bir gəzmişdi, amma bu tərəflərdə də həmin evlərin sayı yavaş - yavaş azalırdı. Buralarda da üçmərtəbəli, sonralar beşmərtəbəli üstü taxtapuşlu şəhər evləri kimi dövlət evləri tikilirdi. Köhnə binalar uçulur, sökülür, qır damlı təzə evlər isə tikilmirdi. Əliabbas kişi öz işinin ustası idi, bir dəfə üstünə qır basdığı ev bir də yeddi-səkkiz ildən sonra dammağa başlardı; müştərilər get-gedə azalırdı.
    Bir dəfə Mirzoppa atasına dedi:
    – Bu damlara qırı elə bas ki, gələn il səni bir də çağırsınlar də!..
    Əliabbas kişinin öyüd-nəsihət ilə arası yox idi, oğluna baxdı, baxdı və başa düşdü ki, Mirzoppanın kündəsi başqa xəmirdən yoğrulub. Zuğulbaya köçəndən on bir il sonra, Əliabbas kişi tiyanını qaynatdığı yerdə qəflətən vəfat etdi və günlərin bir günündə Mirzoppa atasının tiyanını avtobusuna qoşub metalloma apardı (daha tiyan müştərisi tapmaq mümkün deyildi) və onu on manat yetmiş qəpiyə satıb üç şüşə araq aldı, həmin gecə kinomexanik Ağagüllə birlikdə möhkəm vurdular.
    Aydın məsələdir ki, bütün bunlardan nə Güldəstənin xəbəri vardı, nə də Məsməxanımın. Mirzoppa Məsməxanımı kinoda görmüşdü, bəyənmişdi.
    Məsməxanım kinoya tez-tez gəlirdi, Mirzoppa da tez-tez Ağagülün yanında olurdu. Ağagül Mirzoppanın divarın kino göstərən gözündən Məsməxanıma baxdığını görüb göz vurdu:
    – Güldəstənin qızıdı... Yaxşı şeydi, anasından geri qalmaz!.. Mirzoppa Ağagülün söhbətini davam etdirmədi, günlərin bir günündə gəlib
    Güldəstənin qapısını açdı və özü özünün elçiliyini elədi; bundan sonra Mirzoppa tez-tez onlara gəlib-getməyə başladı.
    Güldəstə üç səbəbə görə Mirzoppaya «yox» demək istəmirdi: birincisi ona görə ki, Güldəstənin fikrincə, Məsməxanım nə qədər tez ərə getsəydi, bir o qədər yaxşı idi, çünki başına gələn başmaqçı olar deyiblər, Güldəstə istəmirdi ki, qızı günlərlə evdə tək qalsın, pis yola düşməyindən qorxurdu; ikincisi ona görə ki, Mirzoppa Məsməxanımın atasının kim olub, kim olmadığı barədə maraqlanmırdı və ümumiyyətlə, bu barədə heç bir söhbət salmırdı; nəhayət, üçüncü gizli bir səbəb də vardı ki, Güldəstə həmişə bunu öz başından qovurdu: o, illərdən bəri tək yaşamağa, ürəyindən keçəni eləməyə o qədər öyrənmişdi ki, qızı internatdan çıxandan sonra, elə bil, Güldəstəni yavaş-yavaş qəfəsə salırdılar, qızı ilə gizlənpaç oynamağa məcbur olurdu, darıxırdı, sıxılırdı, günlərinin əvvəlki sərbəstliyi, azadlığı hərdən lap burnunun ucunu göynədirdi.
    Təbii ki, Məsməxanım bütün bu səbəblərdən xəbərsiz idi və o, heç özü də bilmədi necə oldu ki, hortuldada-hortuldada, tərləyə-tərləyə nəlbəkidən çay içən bu kök oğlan gözlərində birdən-birə dəyişdi. Həmin gün Məsməxanım üçün kəşflər günü oldu. Məsməxanım qəribə-qəribə şeylər kəşf etdi. Məsməxanım kəşf etdi ki, bir belə müddət ərzində əslində bu evdə yad bir adam kimi yaşayıb, bu tənha otaqlar əslində həmişə onun üçün yad olub, soyuq olub. Düzdür, Məsməxanım anasını çox istəyirdi, amma həmin gün birdən-birə payızın qoxusu gəldi burnuna, xəzanın nisgili keçdi ürəyindən və fikirləşdi ki, bu evdə keçirtdiyi həyat payız səhəri kimi bombozdu. Bunu lap şair kimi fikirləşdi və burasını da birdən-birə kəşf etdi ki, şair olmaq üçün mütləq şer yazmaq vacib deyil, əslində elə adamların hamısı haradasa, haçansa şair olur. Ən başlıcası isə, Məsməxanım bunu kəşf etdi ki, adamın gərək bir dünyası olsun, adam gərək elə yaşasın ki, bir dünya bəs eləsin ona. Məsməxanım bunu kəşf etdi və lap mat-məəttəl qaldı, ikinci dünyasındakı yetim qızın qara-borana düşməsinə, şahzadəyə oxşayan oğlanın bu qızı xilas etməsinə gülməyi tutdu. Yetim qız da, şahzadə oğlan da çıxıb getdi işinin dalınca, gecələr Məsməxanım yuxuya getməzdən əvvəl avtobus uzun yoldan qayıtdı, Mirzoppa yorğun-yorğun evə gəldi, benzinə, mazuta bulaşmış əllərini yuyub Məsməxanımın onun üçün bişirdiyi küftə-bozbaşdan yedi; Məsməxanımın yuxusuna benzin qoxusu gəldi; onun sehrli nağıl aləmi göyün yeddinci qatından asfaltın üstünə endi və bu asfaltla Zuğulbadan Bakıya bir avtobus gedib-gəlməyə başladı...
    Onda hələ məlum deyildi ki, Mirzoppa içəndi, lap, araq şüşəsinin içinə girəndi. Onda hələ məlum deyildi ki, evlənəndən cəmi ikicə ay sonra, Mirzoppa düt deyənəcən içib gecənin yarısı evdə dava salacaq, qıpqırmızı gözlərini bərəldib dəhşətli sözlər deyəcək:
    – Camaat gedib zamministr qızı alır, mən də gedib bic alıb gətirmişəm!..
    Onda hələ çox şey məlum deyildi və burası da məlum deyildi ki, az keçəcək, çox keçəcək, dərə, təpə düz keçəcək və yenə yavaş-yavaş Məsməxanımın sehrli nağıl aləmi yaranacaq...
    ...Məsməxanımın çiynindəki qançır, elə bil, Məmmədağanın ovcunun içini yandırırdı və bu, onun ürəyini göynədirdi; o, başa düşürdü ki, ən yaxın adamı öləndə, ən müsibətli dərdə düşəndə ürək belə göynəyər; başa düşürdü ki, çox illər keçəcək, amma yenə də hərdən ovcundakı bu alovu hiss edəcək. Məsməxanım hiss etdi ki, bu saat ağlayacaq; əgər o, bu saat ağlasaydı, bunu ömründə özünə bağışlamazdı; Məmmədağanın gözlərinin içinə baxıb dedi:
    – Vuranda həmişə bədənimə vurur ki, görünməsin.
    Məmmədağa heç nə demədi.
    Məsməxanım dedi:
    – Əli də ağırdı yaman...
    Məmmədağa heç nə demədi.
    Məsməxanım dedi:
    – Elə bil kərpicdi...
    Və qız bu sözləri dedikcə, elə bil ki, bədəninə dəyən bu zərbələrin hayıfını indi Məmmədağadan alırdı; Məsməxanım hiss etdi ki, əlini hələ də onun çiynində saxlamış bu göygöz oğlanın ürəyi bu saat yanıb-yaxılır; birdən-birə Məsməxanıma elə gəldi ki, bu oğlanın ona yazığı gəlir; qızın gözləri parıldadı:
    – Mən də ondan geri qalmıram,– dedi və üç gün bundan qabaq Mirzoppanın ağrıdan öküz kimi böyürdüyünü yadına salıb gülümsədi.
    Məmmədağa qızın gülümsəyən qara gözlərinə baxdı və Məsməxanımın qalın dodaqlarındakı təbəssüm onun ürəyinin lap cızdağını çıxartdı. O, əlini yaranın üstündən çəkib, qızın boynunda, üzündə gəzdirdi, qara saçlarını sığalladı və Məsməxanım bütün varlığıyla hiss etdi ki, bu saat bu əlin sahibi onunla nə istəsə edə bilər; nə istəsə edər və o, mane olmaz, səsini çıxartmaz, çünki Məsməxanım yenə də öz sehrli nağıl aləmindəydi.
    Məmmədağagilin məhəlləsində yazılmamış bir qanun vardı: tanış-bilişin arvadına tamah salmaq olmazdı; əgər biriylə oturub bir tikə çörək yemisənsə, onun arvadı sənin bacındı. Məmmədağa heç vaxt bu qanunu pozmazdı; məsələ təkcə burasında deyildi ki, bu qanunu pozmaq olmazdı, məsələ burasında idi ki, bu yazılmamış qanun Məmmədağagilin damarında axırdı, qanına qatışmışdı. Zuğulbanın dəniz sahilindəki həmin qəribə yay gecəsi Məmmədağanın tamam yadından çıxmışdı ki, dünyada Mirzoppa adında bir adam var və bu köməksiz Məsməxanım, dənizlə danışan bu qız həmin Mirzoppanın arvadıdı. O əlini qızın qara saçlarından çəkib dinməz dayanmışdı və heç cür ağlına sığışdıra bilmirdi ki, Məsməxanım nəinki Mirzoppanın, ümumiyyətlə, kiminsə arvadıdı. O fikirləşirdi ki, indicə ağlamaqdan özünü güclə saxlayan bu qızın çiynindəki qançır dünyanın ən əbləh işidi, indiyəcən dünyada rast gəldiyi ən böyük insafsızlıqdı və Mirzoppanın kişilikdə heç bir adı yoxdu.
    – Harda işləyir Mirzoppa?
    – Qabaq Bakıya avtobus sürürdü, sonra içməyinə görə çıxartdılar. Indi biletsatandı. Elə həmin avtobusda...
    – Dudu sağdı?
    – Dudu? Sən tanıyırsın onu? – Məsməxanım əyilib səndəllərini geydi. –
    Çoxdan ölüb... Mən heç görməmişəm onu. Deyirlər çox gözəl oğlanıymış, çox ağıllıymış, tərbiyəliymiş... – Məsməxanım bir müddət susub sonra dedi: – Deyirlər o öləndən sonra Mirzoppa içməyə başlayıb...
    Məsməxanım «deyirlər» deyirdi, amma bu barədə Mirzoppadan başqa heç kim ona heç nə deməmişdi. Məsməxanım Mirzoppanın sözlərinə inanmırdı, amma onun Dudu haqqında danışdıqlarına inanmışdı; inanmışdı Dudunun gözəlliyinə, ağlına, kamalına. Mirzoppa içmiş vaxtlarında tez-tez Dudunu yadına salırdı və yana-yana elə ürəkdən danışırdı ki, cavan ölmüş bu oğlanın çox böyük qabiliyyətinə Məsməxanım şübhə etmirdi. Mirzoppa həmişəki kimi spirt iyi verə-verə çarpayıda oturub corablarını çıxarırdı, ayaq barmaqlarını qaşıya-qaşıya deyirdi:
    – Dudu sağ olsaydı, indi mən bu günə qalardım? Indi məni şoferlikdən çıxarıb arvad kimi avtobusda biletsatan qoyardılar ki, nə var, nə var, dərd əlindən içki içir? Gül balaydı, gül!.. Bircə dənə idi, Allah onu bizə çox gördü!..
    Hər dəfə də Mirzoppa Dudunu yadına salandan sonra kövrəlib ağlayırdı. Mirzoppanın bu ağlamaqları içki ağlamaqlarından deyildi, Məsməxanım bunu o saat hiss edirdi; Dudu yadına düşəndə Mirzoppanın gözlərinə, doğrudan da, bir dərd kölgəsi çökürdü və belə anlarda Məsməxanıma məlum olurdu ki, Mirzoppa da adamdı, Mirzoppanın da sinəsində ürək var; Məsməxanım fikirləşirdi ki, ağıllı, gözəl oğlanların beləcə cavan ölüb getməyi, Dudunun aqibəti dünyanın ən böyük müsibətidi; Məsməxanımın özünün də gözləri dolurdu. Mirzoppa deyirdi ki, vaxtilə Bakıdan qızların əlindən köçüb Zuğulbaya gəliblər. Qızlar Duduya görə onlara dinclik vermirmiş, ona məktublar yazırmışlar, onun dalınca düşürmüşlər və günlərin bir günündə məhəllələrində on yeddi yaşlı bir dünya gözəli Dudunun dərdindən divanə olub özünü öldürübmüş; onlar Zuğulbaya köçəndən sonra başqa bir dünya gözəli – on səkkiz yaşında qız üzünü kislota ilə yandırıbmış ki, Dududan başqa bir oğlana qismət olmasın.
    Mirzoppa deyirdi:
    – Alim idi, alim! Gündə üç dənə qalın kitab oxumasaydı yatmazdı! Institut dava eləyirdi onun üstündə ki, hansında oxusun. Qalsaydı əgər indi zamminstriydi Dudu! Onda bilərdilər ki, Mirzoppa kimdi!
    Məsməxanım bütün bunlara inanmışdı və burasına da inanmışdı ki, əgər Dudu sağ olsaydı, bəlkə Mirzoppa da belə Mirzoppa olmazdı.


<< 1 / 2 / 3 / 4 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (08.01.2014) | Müəllif: R.C E W
Baxış: 566 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more