Əsas » Məqalə » Dini biliklər

Qurani-Kərimin tərcüməsi-18
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / 24 / 25 / 26 >>

    11. Bunlar Allahın yaratdıqlarıdır, (siz də) Mənə Allahdan başqalarının (Allahın şəriki hesab etdiklərinizin) nə yaratdığını göstərin. (Onlar heç bir şey yaratmamışlar), xeyr, bu zalımlar açıq-aşkar azğınlıq içindədirlər.
    12. Və həqiqətən, Biz Loqmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: «Allaha şükr et. Kim şükr etsə, həqiqətən, öz xeyrinə şükr edər və kim kafir (nankorluq) olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri və işləri həmd olunmağa layiqdir)».
    13. Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». (Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər və bütün nemətlərin əsl sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir.)
    14. Və Biz insana ata-anası barəsində tövsiyə etdik. Anası onu (hamiləlik dövründə öz bətnində) getdikcə artan bir zəifliklə daşıdı (uşağa süd vermək və) süddən kəsmək iki il ərzində olur. (Dedik) ki: «Mənə və ata-anana şükr et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir».
    15. Əgər onlar (ata-anan) cəhd etsələr ki, haqqında elmin olmayan bir şeyi (ilahilikdə, müqəddəslikdə) Mənə şərik qoşasan, əsla onlara itaət etmə. Dünyada onlarla yaxşı davran və (bütün hallarda) Mənə tərəf dönən (yönələn) kəslərin yolunu tut! Sonra isə hamınızın dönüşü Mənə tərəfdir. Beləliklə (Mən) sizə etdiklərinizdən xəbər verəcəyəm.
    16. (Loğman dedi:) «Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır».
    17. «Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir».
    18. «Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz».
    19. «Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs ulaqların səsidir».
    20. Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! İnsanlardan bəzisi heç bir elmi (və əqli dəlili) və (vəhy və ilham əsasında) düz yol göstərəni aşkar və aydınlıq gətirən (səmavi) kitabı olmadan (ona əsaslanmadan) Allah barəsində mücadilə və mübahisə edir.
    21. Onlara deyildikdə ki: «Allahın nazil etdiyinə (kitabına və dini qayda-qanunlarına) tabe olun», deyərlər: «(Xeyr,) biz atalarımızdan gördüyümüzə (bütlərə ibadətə və cahiliyyət adətlərinə) tabe oluruq!» Bəs Şeytan onları (Cəhənnəmin) yanar əzabına tərəf dəvət edirsə necə?! (Yenədəmi onlara tabe olarlar?)
    22. Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir.(İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar.)
    23. Kim kafir olsa, onun küfrü səni kədərləndirməsin. Çünki, onların dönüşü Bizə tərəfdir. Biz onlara etdikləri əməlləri xəbər verəcəyik (və cəzalandıracağıq). Şübhəsiz, Allah sinələrin dərinliklərindəkini biləndir.
    24. (Biz) onları bir qədər (dünya ləzzətləri ilə) bəhrələndirərik, sonra da ağır bir əzaba düçar edərik.
    25. (Ya Peyğəmbər!) Əgər onlardan (müşriklərdən) soruşsan ki: «Göyləri və yeri kim yaratmışdır?» Deyəcəklər: «Allah» (Çünki, onlar xaliqlik və ilahilik baxımından Allaha şərik qoşmayıblar, bütləri özlərinə yalnız rəbb bilirlər.) De: «Həmd olsun (o) Allaha (ki, özünüz də etiraf edirsiniz)». Əslində onların əksəriyyəti bilmir (ki, hər şeyi nizamlayan və idarə edən elə onların xaliqidir).
    26. Göylərdə və yerdə olanların hamısı Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və axırda fani etmək – hamısı Onun istəyinə tabedir). Həqiqətən, Allah özü (heç nəyə) möhtac deyil və ehtiyacsızdır və (zatı, sifətləri və işləri) həmd olunmuşdur(həmd olunmağa layiqdir).
    27. Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla) Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və hikmətinin feyzi hüdudsuzdur).
    28. Sizin hamınızı yaratmaq və (öləndən sonra) diriltmək (ilk məxluqu yaratmağın asanlığı və Qiyamət günü insanları, əməlləri bir-birindən ayırmaq baxımından) yalnız bir nəfəri (yaratmaq və diriltmək) kimidir. Çünki Allah (hər şeyi) eşidən və görəndir (hamının danışığını eşidir, hamının xasiyyətini və əməllərini görür. Beləliklə Qiyamətdə Onun heç bir çətinliyi olmayacaqdır).
    29. Məgər Allahın (müəyyən fəsillərdə) gecəni(n bir hissəsini tədriclə) gündüzə və (başqa fəsillərdə) gündüzü(n bir hissəsini tədriclə) gecəyə daxil etdiyini, günəşi və ayı ram etdiyini görmürsənmi? Onların hər biri (Allhın əzəli elmində təyin olunduğu kimi) müəyyən bir müddətədək (öz düz və dairəvi hərəkəti ilə) hərəkətdədir. Allah etdiklərinizdən xəbərdardır!
    30. Bu (nəhayətsiz malikiyyət, elm və qüdrət) ona görədir ki, Allah (mütləq və sabit olan bir) haqdır (vücudu vacib olandır) və Ondan başqa bütün çağrılanlar isə (ilahilik və tanrılıq baxımından mütləq surətdə) batildir. Allah (hər şeydən) uca və böyükdür.
    31. Sizə öz (tovhid, qüdrət və hikmət) nişanələrindən bəzisini göstərsin deyə gəmilərin Allahın nemətləri sayəsində (dənizin suyu, külək və hava sayəsində) dənizdə hərəkət etdiyini (və Onun nemətlərini daşıdığını) görmədinmi?! Həqiqətən, bunda daim səbrli olan hər bir şükr edən kəs üçün nişanələr (ibrətlər) vardır.
    32. Elə ki, dənizin dalğası kölgə salan buludlar kimi onları bürüyər, ixlaslı etiqad və dua ilə Allahı çağırarlar. Lakin elə ki, (Allah) onları sahilə çıxarıb nicat verər, yalnız onlardan bəzisi orta mövqe tutar (tək olan Allaha etiqadlarından dönməzlər). Bizim nişanələrimizi yalnız əhdə vəfasız, xain və nankorlar inkar edərlər.
    33. Ey insanlar, öz Rəbbinizdən qorxun. O gündən qorxun ki, heç bir ata (o günün əzabından) heç bir şeyi öz övladından uzaqlaşdıra bilməz, övlad da öz atasından heç bir şeyi kənarlaşdırıb uzaqlaşdıra bilməz. Şübhəsiz, Allahın vədi haqdır. Belə isə dünya həyatı sizi məğrur etməsin və hiyləgər Şeytan sizi Allah barəsində aldatmasın!
    34. Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O bilir). Yağışı (göydən) O yağdırır. O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir. Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır.

Əs-Səcdə surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Əlif, Lam, Mim. (Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və eyni zamanda möcüzədir. Bu kitab Əlif (Allah) tərəfindən Lamın (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)
    2. Bu kitabın aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk – şübhə yoxdur.
    3. Yoxsa (Məkkə müşrikləri): (Muhəmməd) Bunu (bu kitabı) özündən uydurmuşdur»- deyirlər. (Belə deyildir) əksinə, bu səndən öncə (İbrahim (ələyhissalam)ın, yaxud İsa (ələyhissalam)ın zamanından sonra) onlara bir qorxudan (peyğəmbər) gəlməyən bir qövmü qorxutmağın üçün sənin Rəbbin tərəfindən (nazil) olan həmin haqdır və (O) sabitdir. Bəlkə doğru yola yönəlsinlər.
    4. Göyləri və yeri və onların arasındakıları altı gündə (altı gündüzdə, yaxud altı gecə və gündüzdə və ya altı dövrdə uzun bir müddətdə) yaradan, sonra isə (aləmin səltənət və tədbir) ərş(in)i hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz (qəyyumunuz) və şəfaətedəniniz (yaradılış işlərinin axınında bir vasitə) yoxdur. Məgər öyüd-nəsihət almırsınızmı?!
    5. O, (xilqətin əvvəlindən Qiyamət qopacağı vaxta qədər) bu dünyanın işlərini (Öz cəlal) səma(sın)dan (bu yer barəsində olan fərmanla, mələklərinin əli ilə) tədbir və tənzim edir. Sonra (tədbirdən hasil olunan nəticələr) sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə On(un dərgahın)a sarı yüksələr (və araşdırılmaq və hökm olunmaq üçün «hesab» dayanacağında Ona təqdim olunar).
    6. O uca məqam, qeybi də, aşkarı da bilən və yenilməz qüdrət sahibi və mehriban olan (Allah)dır.
    7. O, yaratdığı hər şeyi gözəl yaratmışdır (onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır).
    8. Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından (nütfədən) əmələ gətirdi.
    9. Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükr edirsiniz.
    10. (Müşriklər) dedilər: «Məgər (biz) torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!» (Bizim qüdrətimiz məhdud deyildir). Əksinə, onlar öz Rəbbi ilə görüşü inkar edirlər.
    11. (Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»
    12. Kaş günahkarlar öz Rəbbinin hüzurunda başlarını aşağı salaraq «Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək, şübhəsiz, biz tam yəqinliklə inananlardanıq!» - (deyəndə) görəydin.
    13. «Və əgər istəsəydik, hər bir kəsə (möminə və kafirə) (onlar boyun əyənə qədər möcüzəni təkrar etməklə, iradədə-istəkdə məcburiyyət tətbiq etməklə) ona münasib doğru yol göstərərdik. Lakin Mənim sözüm (əzəldən) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!»
    14. (Onlara deyərik:) «Belə isə, bu günkü günümüzün görüşünü unutmağınızın cəzasını (Cəhənnəmin əzabını) dadın, biz də sizi unutduq (Öz mərhəmətimizdən sildik)və etdiklərinizin cəzası olaraq dadın əbədi əzabı».
    15. Həqiqətən, Bizim ayələrimizə və nişanələrimizə ayələrlə öyüd-nəsihət verildikdə səcdə halında üzü üstə düşənlər və öz Rəbbinə həmd deməklə (Onu) təsbih edənlər, (Onu) hər bir eyib və nöqsandan pak (və uzaq) bilənlər, əsla təkəbbür və lovğalıq etməyənlər iman gətirər.
    16. (Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər.
    17. Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!
    18. Belə isə, məgər imanlı olanlarla fasiq olanlar eynidirmi? Əsla (onlar) eyni deyildir!
    19. Lakin iman gətirib saleh əməllər edənlər üçün «Məva» Cənnətləri və bağları vardır, (və bunlar hamısı dünyada) etdiklərinin mükafatı olaraq bir qonaqlıqdır.
    20. Fasiqlərə gəldikdə isə olanların məskəni (cəhənnəm) odudur, hər zaman oradan çıxmaq istəsələr (qapılara və ya divarlara yaxınlaşsalar) oraya qaytarılarlar və onlara deyilər: «Dadın təkzib və inkar etdiyiniz odun əzabını!»
    21. Biz ən böyük əzabdan (axirət əzabından) öncə onlara mütləq ən yaxın əzabı (dünya əzabını – qıtlıq, xəstəlik, məğlubiyyət və sairə) daddıracağıq, bəlkə (düz yola) qayıdalar!
    22. Öz Rəbbinin ayələri ilə öyüd – nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz mütləq günahkarlardan intiqam alanıq.
    23. Şübhəsiz Biz Musaya (səmavi) kitab (Tövrat) verdik, belə isə (sən) onunla görüş (meracda, yaxud Qiyamətdə Allahla və ya Musa ilə görüş) barəsində şəkk və şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik.
    24. Səbr etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik.
    25. Həqiqətən, sənin Rəbbin Özü Qiyamət günü onların arasında ixtilafda olduqları şey barəsində hökm verəcəkdir.
    26. Məgər (bu) onları hidayət etmədimi, onlar uçun aydın olmadımı ki,onlardan öncə (indi) yurdlarında gəzib dolandıqları (və məhv olma nişanələrini və evlərinin viran qaldığını gördükləri) neçə-neçə dəstələri məhv etdik?! Həqiqətən, bu işdə (Allahın tovhidi və qüdrətinə dair) nişanələr vardır, məgər (onlar qəlb qulağı ilə) eşitmirlərmi?!
    27. Məgər görmədilərmi ki, Biz suyu (yağış, çay, çeşmə və bulaq şəklində) otsuz yerə tərəf axıdıb, onun vasitəsilə heyvanlarının və özlərinin yedikləri əkinlər yetişdiririk?! Məgər (onlar bütün bunları öz gözləri ilə və qəlblərinin gözü ilə) görmürlərmi?!
    28. Və (müşriklər istehza ilə) dedilər: «Sizin bu qələbəniz nə vaxt olacaqdır, əgər düz danışansınızsa?!»
    29. (Ya Peyğəmbər) de: «Fəth günü (əzabın nazil olma zamanı, yaxud Qiyamət günü) kafir olanların iman gətirmələrinin heç bir faydası olmaz və onlara heç bir möhlət verilməz!»
    30. Belə isə (hələlik) onlardan üz döndər və (İlahinin vədini) gözlə ki, onlar da (sənin məğlubiyyətini, ya ölümünü) gözləyirlər.

Əl-Əhzab ‏ surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Ya Peyğəmbər, Allahdan qorx və kafirlərə və münafiqlərə itaət etmə, çünki Allah daim (işlərin məsləhətlərini) biləndir və (onların icrasında) hikmət (diqqət və möhkəmlik) sahibidir.
    2. Sənə Rəbbin tərəfindən vəhy olunana tabe ol (və müşriklərin saziş bağlamaq təklifinə əhəmiyyət vermə), həqiqətən, Allah daim etdiklərinizdən xəbərdardır!
    3. Allaha təvəkkül et və Allah (bəndələrinin işlərində) vəkil olmaqda və işləri düzüb – qoşmaqda kifayət edər.
    4. Allah heç bir kəs üçün daxilində iki ürək (və bədənində iki can və əlbəttə ki, beynində iki bir – birinə zidd etiqad) yaratmamışdır; «zihar» etdiyiniz (analarınıza oxşatmaqla özünüzə haram etdiyiniz) qadınlarınızı (zövcələrinizi) sizə (həqiqi) ana etməmişdir; oğulluğa götürdüklərinizi də sizə (həqiqi) oğul etməmişdir, bunlar (qadınlarınızı haram etməyiniz və özünüzə oğul seçməyiniz) sizin dilinizlə dediyiniz (boş) sözdür. Allah haqq söyləyir və O, bəndələrini (doğru) yola gətirir.
    5. Onları (öz) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər atalarının kim olduğunu bilməsəniz onlar sizin din qardaşlarınız və dostlarınızdır (deyin: bu, mənim din qardaşım, yaxud dostumdur). Əgər bir yerdə – (aid etməkdə) – səhv etsəniz, sizə günah yoxdur. Lakin (günah) qəlblərinizlə, qəsdən (bilərəkdən onları başqasına aid) etmənizdir və Allah həmişə bağışlayan və rəhimlidir.
    6. Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir (Peyğəmbərin onların can və mallarından istifadə etmək barədəki istəyi onların öz istəklərindən irəlidir) və onun zövcələri (onların ehtiramının saxlanması və onlarla evliliyin haram olması baxımından) onların (möminlərin) anaları (hökmündə)dir. Qohumlar (vərəsəlik məsələsində) bir-birlərinə Allahın kitabında (Lövhi-Məhfuzda, ya Quranda) möminlərdən və mühacirlərdən daha layiqdirlər, amma əgər (varis olmayanlara) öz dostlarınıza (mal vəsiyyət etməklə) yaxşılıq etmək istəsəniz bu istisnadır. Bu, (hökm, qədim zamanlardan bəri) kitabda (Lövhi – Məhfuzda, yaxud Quranda) yazılmışdır.
    7. (Ya Peyğəmbər!) (yada sal) o zamanı ki, Biz bütün peyğəmbərlərdən (peyğəmbərlik əta edərkən) xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan xüsusi əhd-peyman aldıq (bu peyğəmbərlər müstəqil kitab və şəriət sahibi idilər və başqa peyğəmbərlər şəriəti onlardan alırdı) onlardan möhkəm bir əhd – peyman aldıq ki, (hamısı bir – birini təsdiq edib insanları bir başlanğıca və bir dinə sarı dəvət etsinlər)
    8. (Allah bununla ümmətlərin) doğru danışanlarından (cəza günü mükafat vermək üçün) doğruluqlarını xəbər alsın. O, kafirlər üçün ağrılı bir əzab hazırlamışdır.
    9. Ey iman gətirənlər, (Əhzab döyüşündə müxtəlif ərəb qəbilələrindən olan çoxlu) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq və güclü) külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir.
    10. O zaman (şəhərinizin) yuxarı və aşağı tərəfindən sizə üz tutmuşdular. O zaman gözlər (qorxunun şiddətindən bayılmış adamların gözləri kimi) əyilmiş və ürəklər ağıza gəlmişdi və (siz) Allah (barəsində) nalayiq gümanlara düşmüşdünüz.
    11. (Məhz) o zaman möminlər imtahan edilmiş və möhkəm sarsılmış, iztiraba düçar olmuşdular.
    12. Və (yada sal) o zaman(ı) ki, münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi) olanlar deyirdilər: «Allah və Rəsulu bizə aldadıcı vəddən başqa bir şey verməmişdir».
    13. Və (yada sal), o zaman onlardan bir dəstə dedi: «Ey Mədinə əhli, (bu meydan) sizin qalmaq yeriniz deyildir odur ki, (öz şəhərinizə) qayıdın» (yoxsa hamınız öldürüləcəksiniz). Bir dəstə isə: «Bizim evlərimiz qoruyucusuzdur» deyib Peyğəmbərdən qayıtmaq izni istəyirdilər, halbuki (evləri) qoruyucusuz deyildi, onlar ancaq (cihaddan) qaçmaq istəyirdilər.
    14. Və əgər «əhzab» (dəstələr) Mədinənin ətrafından (töklüşüb) onların evlərində, başlarının üstünü alıb onlardan dinlərindən əl çəkmələrini istəsəydilər, mütləq bunu qəbul edərdilər və yalnız azca ləngiyərdilər.
    15. Halbuki, onlar bundan öncə (İslamı qəbul etdikləri andan döyüşdə düşmənə) arxa çevirməyəcəkləri haqda Allahla əhd-peyman bağlamışdılar. Allahın əhd-peymanı barədə mütləq sorğu-sual olunar.
    16. De: «Əgər ölümdən, yaxud öldürülməkdən qaçırsınızsa, qaçmağınız əsla sizə heç bir fayda verməz. Belə olan surətdə (dünyada) yalnız az bir müddət keçinəcəksiniz, ya az bir bəhrə görəcəksiniz».
    17. De: «Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar».
    18. Şübhəsiz, Allah sizin içərinizdən (başqalarını), döyüşdən saxlayanları və öz (həmməslək) qardaşlarına «Bizə tərəf gəlin (döyüşə getməyin)» – deyənləri də tanıyır, döyüşə onların ancaq azı gələr.
    19. Onlar sizə qarşı xəsisdirlər (sizə kömək etməkdən və sizin məqsədiniz uğrunda mal sərf etməkdən çəkinərlər) və elə ki, hər hansı bir qorxu üz verər, onların ölüm halında bihuş olmuş (bayılmış) adam kimi (qorxudan) gözlərinin hədəqəsində dolanaraq sənə tərəf baxdıqlarını görərsən. Elə ki, qorxu aradan gedər, sizi acı və iti dilləri ilə sancarlar. Onlar (qələbə nəticəsində qənimətdən sizə yetişən) xeyirə xəsisdirlər. Onlar (həqiqətdə) iman gətirməmişlər. Buna görə də Allah onların bütün (yaxşı) əməllərini puça çıxartmışdır. Bu, (iş) Allah üçün asandır.
    20. (Qorxaq münafiqlər) elə bilirlər ki, «əhzab» (dəstələr Mədinənin ətrafından hələ də) getməmişlər (və buna görə də qorxu və vahimə içərisindədirlər). Əgər «əhzab» (dəstələr) (yenidən) qayıtsa(lar), onlar səhrada bədəvilər arasında olmalarını istərlər ki, sizin (döyüş barədə) xəbərlərinizi soruşalar. Əgər sizin aranızda da olsaydılar az bir qismi döyüşərdi.
    21. Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.
    22. Möminlər «əhzabı» (və düşmən qoşunlarını) gördükdə dedilər: «Bu, Allahın və Rəsulunun bizə verdiyi vədidir və Allah və Rəsulu düz buyurmuşlar». (Bunları görmək) onların yalnız imanlarını və itaətini artırdı.
    23. Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzrlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər.
    24. (Bu imtahanlar ona görə baş verir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə – əgər istəsə – əzab versin, yaxud (tövbə etdikləri təqdirdə) onlara nəzər yetirsin (tövbələrini qəbul etsin). Çünki Allah daim bağışlayan və rəhm edəndir.
    25. Və Allah kafir olan kəsləri onlar hirsli və qəzəbli olduqları, heç bir mala və qələbəyə nail olmadıqları halda geri oturtdu və möminlərin döyüş çətinliyini (aradan) qaldırdı. Allah daim güclüdür, qüdrətli qalibdir.
    26. Allah kitab əhlindən (Bəni – Qüreyzə kimi) onlara (kafirlərə) kömək edənləri, öz hasarlarından (qalalarından) endirdi, qəlblərinə qorxu və vəhşət saldı. Siz (onlardan) bir qismini öldürür, bir qismini də əsir alırdınız.
    27. Allah onların yerlərini, evlərini, mallarını və (Xeybər torpağı kimi) ayağınız dəyməyən torpağı irs olaraq sizə verdi. Allah daim hər şeyə qadirdir.
    28. Ya Peyğəmbər, zövcələrinə de: «Əgər siz dünya həyatını və onun bər – bəzəyini istəyirsinizsə (və Peyğəmbərin evinin mövcud vəziyyətindən narazısınızsa), onda gəlin sizi (mehriyyələrinizi, yaxud ondan artığını verməklə) bəhrələndirim və gözəl bir tərzdə (təlaq verməklə) azad edim».
    29. «Əgər Allahı, Onun Rəsulunu və axirət evini istəyirsinizsə, şübhəsiz, Allah içərinizdən yaxşı iş görənlər üçün böyük bir mükafat hazırlamışdır».
    30. Siz, ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, (axirətdə) onun əzabı ikiqat artacaqdır. Bu, Allah üçün asandır (və Peyğəmbərlə evliliyiniz buna mane ola bilməz, əksinə Peyğəmbərin zövcələri olduğunuza görə bu zəruridir.)
    31. Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq.
    32. Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın.
    33. Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli – Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir.
    34. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şəri hökmləri) xatırlayın. Həqiqətən, Allah daim ən kiçicik xırdalıqları belə görəndir və (hər şeydən) xəbərdardır.
    35. Şübhəsiz, Allah (kəlmeyi şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!
    36. Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şərən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür.
    37. (Ya Peyğəmbər, yada sal) o zaman(ı) ki, Allahın (iman) nemət(i) əta etmiş olduğu və sənin də ona nemət verdiyin (azad edərək oğulluğa götürdüyün) şəxsə deyirdin: «Zövcəni saxla (boşama), Allahdan qorx». Və sən (gələcəkdə) Allahın aşkar edəcəyi şeyi (onun boşanmış zövcəsi ilə evlənməyə əmr olunmağını) öz ürəyində gizli saxlayırdın və camaatdan qorxurdun (ki, desinlər: «Öz oğulluğunun boşadığı zövcəsi ilə evlənmişdir»). Halbuki Allah Ondan qorxmağa daha layiqdir. Beləliklə elə ki, Zeyd ondan ehtiyacını çəkdi (onunla əlaqəsini kəsib ona təlaq verdi) onu sənin kəbininə keçirdik (səninlə evləndirdik) ki, (gələcəkdə) oğulluqları öz ehtiyaclarını zövcələrindən çəkdikləri zaman (onları boşadıqda) – möminlər üçün öz oğulluqlarının zövcələri ilə evlənməkdə bir çətinlik və maneə olmasın, və Allahın (yaradılış) əmri daim olasıdır.
    38. Allahın Peyğəmbər üçün qərara almış olduğu şeydə ona heç bir çətinlik və maneə yoxdur; (Bu) Allahın bundan öncə gəlib getmiş kəslərin (peyğəmbərlərin) barəsində olan (cari) sünnəsidir (qayda-qanunudur). Daim Allahın (bəşər barədə olan) əmri təyin olunmuş bir hökmüdür və təqdir olunmuş (hesablanmış) bir qəzavü-qədərdır.
    39. O kəslər ki, Allahın risalətlərini və hökmlərini (camaata) yetirər və Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar Allah özü (onların batinlərini və zahiri əməllərini) hesablamaqda kifayət edir.
    40. Muhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir.
    41. Ey iman gətirənlər, Allahı çox zikr edin!
    42. Ona hər səhər və axşam təsbih deyin.
    43. Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur.O, möminlərə daim rəhm edəndır.
    44. Onunla (Allahla) görüşəcəkləri gün (ölüm anı, yaxud Qiyamətdə və ya Cənnətə daxil olan vaxt) (Allahın) onlara alqış(ı) və xeyir-dua(sı) «salam»dır. (Allah) onlar üçün çox qiymətli və dəyərli bir mükafat hazırlamışdır.
    45. Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik.
    46. Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən və aydın və nur saçan bir çıraq (olaraq göndərdik).
    47. Möminlərə müjdə ver ki, onlar üçün (dünyada və axirətdə) Allah tərəfindən böyük bir lütf və bəxşiş vardır.
    48. Və kafirlərə və münafiqlərə (heç bir təklifdə) itaət etmə və (hələlik) onların sənə əziyyətlərinə əhəmiyyət vermə və Allaha təvəkkül et və Allah (bəndələrinin) işlər(in)ə vəkil olması və onları yoluna qoyması kifayət edər.
    49. Ey iman gətirənlər, möminə qadınlarla nigah bağlayıb sonra da cinsi əlaqədə olmadan onlara təlaq versəniz, beləliklə sizin onların öhdəsində olan bir «iddə»niz yoxdur ki, onun (günlərini) sayasınız. Beləliklə (əgər mehriyyə təyin olunmuşsa mehriyyənin yarısını verməklə, mehriyyə təyin olunmayıbsa onların şənlərinə uyğun olan bir məbləğ verməklə) onları bəhrələndirin və onları ən gözəl bir tərzdə sərbəst buraxın (boşayın).
    50. Ey Peyğəmbər, (hələlik qadınlardan yeddi dəstəni) sənə halal etdik: mehriyyələrini verdiyin qadınlar, (döyüşdə əsir düşmələri ilə) Allahın sənə qənimət olaraq verdiklərindən malik olduğun kənizlər, səninlə (Məkkədən Mədinəyə) hicrət etmiş əmin qızları və bibilərinin qızları və dayın qızları və xalalarının qızları və Peyğəmbərin onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlamış olan (mehriyyəsiz özünü Peyğəmbərin ixtiyarında qoyan) hər hansı möminə qadın (Bu hökm «bağışlamaq» əqdi və onun qəbulu ilə nigahın bağlanması) yalnız sənə məxsusdur, digər möminlərə yox. Biz zövcələri və kənizləri barədə camaata vacib etdiyimizi (qadınların sayı, mehriyyə, onların dolanışıq xərci və kənizlərin hökmləri) bilirik sənə çətinlik və məşəqqət olmasın (və müxtəlif evliliklər vasitəsilə ərəb tayfalarını özünlə və İslamla bağlayasan) deyə (Sənin üçün qadınlar barəsində bu imkanı yaratdıq) və Allah həmişə bağışlayan və rəhm edəndir.
    51. (Zövcələrinlə olan rəftarın və vaxtları onlarla bölmək barəsində) onlardan hansını istəsən növbəsini təxirə salar və hansına da istəsən öz yanında yer verərsən. Uzaqlaşdırdığından hansını (yenidən) tələb etsən, sənə heç bir günah yoxdur. Bu, (hökm, onların hamısının ixtiyarı sənin əlində olması) onların gözlərinin işığa gəlməsinə (göz aydınlıqlarına) və qəmgin olmamalarına və onlara verdiyin (növbət)ə hamılıqla razı olmalarına daha yaxındır (uyğundur). (Çünki sənin rəftarının ədalət üzərində və vəhy ilə əlaqədar olduğunu görürlər) və Allah sizin qəlblərinizdəkiləri bilir və Allah həmişə (hər şeyi) biləndir və həlimdir.
    52. Bundan sonra (bu zövcələrindən əlavə) sənə (başqa) qadınlar halal deyildir. Gözəllikləri (və yaxşılıqları) sənin xoşuna gəlsə də belə onları başqa qadınlarla da dəyişdirə bilməzsən. Malik olduğun kəniz isə istisnadır. Allah həmişə hər bir şeyə nəzarət edəndir.
    53. Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın. Çünki (sizin) bu, (rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət çəkir (və heç bir şey demir). Halbuki, Allah həqiqət(i və sizin vəzifələrinizi bəyan etmək)dən xəcalət çəkməz. Əgər onlardan (Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz üçün həm də onların qəlbləri üçün daha təmiz olar. Sizə yaraşmaz və caiz deyil ki, Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz. (Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə evlənəsiniz, şübhəsiz bu, (iş) Allahın yanında çox böyükdür (böyük bir günahdır).
    54. Əgər (Peyğəmbərə əziyyət vermək, yaxud onun zövcələri ilə evlənmək barədə) bir şeyi aşkar etsəniz, yaxud gizlətsəniz (fərqi yoxdur) şübhəsiz Allah həmişə hər bir şeyi (hətta sizin qəlbinizdən keçənləri belə) biləndir.
    55. Peyğəmbərin zövcələrinə (və digər qadınlara) ataları(nın), oğulları(nın), qardaşları(nın), qardaşı oğullarının, bacısı oğullarının, özləri tək qadınlar(ın) və malik olduqları kənizlər(in) (yanında hicabı tərk etmək)də heç bir günah yoxdur. Allahdan qorxun (siz ey qadınlar), çünki Allah həmişə hər şeyə nəzarət edən və şahiddir.
    56. Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun.
    57. Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır.
    58. Mömin kişiləri möminə qadınları günah etmədikləri halda incidənlər, həqiqətən, böhtan və açıq-aydın bir günah qazanmışlar (çünki onları incitmək onlara günah isnad etməkdir və bu özü böhtandır).
    59. Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir.
    60. Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən). Bu zaman onlar bu şəhərdə yalnız az bir müddəti çıxmaq şərtilə səninlə qonşu ola bilməzlər.
    61. (Onlar Allah tərəfindən) lənətlənmiş (və camaat tərəfindən qovulmuş) olaraq, harada ələ keçsələr tutulmalı (yaxalanmalı) və pis bir şəkildə və hamılıqla öldürülməlidirlər.
    62. (Bu cür əzab) Allahın bundan öncə gəlib keçənlər (onlara bənzəyənlər) barədə olan (cari) sünnəsidir və Allahın sünnəsində əsla bir dəyişiklik tapmazsan.
    63. Camaat səndən Qiyamət barəsində (onun yaxınlığı, uzaqlığı, necə baş verəcəyi, o günün uzunluğu haqqında) soruşar. De: «Onun elmi Allah yanındadır;». Və nə bilirsən, bəlkə də Qiyamət yaxındır!
    64. Allah kafirlərə lənət etmiş (axirətdə Öz rəhmətlərindən uzaqlaşdırmış) və onlar üçün yanar od hazırlamışdır.
    65. Onlar orada əbədi qalacaqlar (və) heç bir vəli (hami) və köməkçi tapmayacaqlar.
    66. Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (sarı və qara rəngə düşdüyü) gün (onlar) deyərlər: «Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!»
    67. Və deyərlər: «Ey Rəbbimiz, biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi (düz) yoldan azdırdılar».
    68. «Ey Rəbbimiz, onlara əzabın iki qatını ver (öz günahlarının əzabını və bizi yoldan çıxartdıqlarına görə bizim günahlarımızın əzabını) və onlara böyük bir lənət düçar et».
    69. Ey iman gətirənlər, (Peyğəmbərin barəsində) Musanı (qeyri - şəri əlaqədə və ya Harunu öldürməkdə ittiham etməklə) incidənlər kimi olmayın! Allah onu (Musanı) onların dediklərindən təmizə çıxartdı və o, Allahın yanında çox abırlı idi.
    70. Ey iman gətirənlər, Allahdan qorxun, doğru və möhkəm söz danışın!
    71. (Əgər belə etsəniz) Allah sizin əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, həqiqətən, böyük bir səadətə nail olar.
    72. Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi.
    73. (Əmanət insana təqdim olundu) ki, nəticədə Allah münafiq kişilərə və münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara (əmanətin təqdim olunmasının əsl məqsədlərindən azdıqlarına görə) əzab versin. Həmçinin Allah (əmanətin təqdim olunmasının və xilqətin əsl məqsədinə müvafiq hərəkət edən) mömin kişilərə və möminə qadınlara nəzər yetirsin və onların tövbələrini qəbul etsin. Allah həmişə bağışlayan və rəhm edəndir.

Səba surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Həmd göylərdə və yerdə nə varsa, hamısının həqiqi sahibi olan Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və məhv etmək – hamısı Onun iradə və istəyi ilədir), axirətdə (də) bütün həmdlər Ona məxsusdur (çünki axirət aləminin də bütün gözəllikləri Ondandır) və O (yaradılış və şəriət qanunlarında diqqətli və möhkəm) hikmət sahibidir və xəbərdardır.
    2. Yerə daxil olanı (sular, ölülər, xəzinələr, köklər və heyvanlar) və yerdən çıxanı (heyvanlar, bitkilər, bulaqlar və mədənlər) və göydən nazil olanı (mələklər, səmavi kitablar, İlahi qəzavü-qədərlər, planetlərin nuru, şimşək və yağışlar) və göyə qalxanı (mələklər, bəndələrin əməlləri, bəzi cinlər və bəzi insanların ruhları) – hamısını bilir. O, rəhm edən və bağışlayandır.
    3. Və kafir olanlar dedilər: «Əsla bizə Qiyamət günü gəlməyəcəkdir». De: «Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, mütləq (Qiyamət) sizə gələcəkdir»; O Allah ki, qeybi biləndir. Göylərdə və yerdə zərrə ağırlığında heç bir şey Onun elmindən gizlin deyildir. Bundan daha kiçik və daha böyük (bir şey) yoxdur ki, açıq – aşkar kitabda (Lövhi - Məhfuzda) olmasın.
    4. (Bütün bunlar ona görədir ki,) iman gətirən və yaxşı işlər görənlərə mükafat versin. Məhz onlar üçün bağışlanmaq və çox dəyərli bir ruzi vardır.
    5. Və Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etmək)də səy göstərən kəslər üçün ən pis əzablardan şiddətli bir əzab hazırlamışıq.
    6. (Din və səmavi kitab) elm(i) verilmiş kəslər gördülər və bildilər ki, Rəbbin tərəfindən sənə nazil olan haqdır və (O) qüdrətli, həmd olunmuş Allahın yoluna yönəldir.
    7. Və kafir olanlar (bir-birinə istehza ilə) deyirlər: «Sizə siz (yerin altında) tamamilə parça-parça olub dağıldıqdan sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir olacağınızı xəbər verən bir kişini göstərəkmi?!»
    8. «Görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilikmi var?!» (Belə deyildir), əksinə (əslində) axirətə iman gətirməyənlər (indidən) əzabda və uzun-uzadı bir azğınlıq içərisindədirlər.
    9. Məgər önlərində və arxalarında olana, göyə və yerə baxmadılarmı? Əgər istəsək onları yerə batırar, yaxud göy (cisimlərinin) parçalarını onların başlarına tökərik! Həqiqətən, bunda (Bizim bu vüsət və qüdrətimizdə) hər bir tövbəkar və Allaha tərəf qayıdan hər bir bəndə üçün (tovhid və peyğəmbərlərin doğruluğuna dair) bir nişanə vardır.
    10. Həqiqətən, (Biz) Davuda Öz tərəfimizdən bir lütf və rəhmət əta etdik (belə ki, dağları və quşları ona ram etdik və dedik:) «Ey dağlar və ey quşlar, onunla birgə Allahı zikr etməkdə səs-səsə verin;» həmçinin dəmiri onun üçün yumşaltdıq ki,
    11. «Geniş zirehlər toxu və onların toxunmasında ölçünü gözlə (halqalar həm bir-birinə, həm də paltarın hissələrinə uyğun olsun, zireh də bədənin ölçüsündə olsun) və (bu nemətlərin şükrü olaraq) yaxşı işlər görün ki, Mən etdiklərinizi görənəm».
    12. Və Süleyman üçün küləyi (ram etdik). (Onun) sübh gedişi (sürətlə qaçan atın gedişi ilə) bir aylıq yol və axşam gedişi də bir aylıq yol idi. Onun üçün mis bulağını axıtdıq. Cin tayfasından elələri var idi ki, Rəbbinin izni ilə xidmətində işləyirdi. Onlardan hər kəs Bizim əmrimizdən boyun qaçırırdısa, ona alovlu oddan daddırırdıq.
    13. Onlar onun (Süleyman) üçün istədiyi hər bir şeyi-möhkəm qəsrlər (yaxud məbədlər və ibadət mehrabları), heykəllər, böyük hovuzlara bənzər kasalar və sabit, yerindən tərpənməyən qazanlar düzəldirdilər. (Və buyurduq:) «Ey Davud ailəsi, (bu nemətlərə) şükr edin və Mənim bəndələrimdən şükr edən azdır».
    14. Ölümü onun üçün (o, əsaya söykənmiş halda olarkən) qərara aldıq (və onu öldürdük). Yalnız yerdə hərəkət edən onun əsasını yeyən bir qurd (taxtabiti) onları (ailəsini və cinləri) onun ölümündən xəbərdar etdi. (Süleyman) yerə yıxılanda (qeyb elmini bilmək iddiasında olan) cinlər başa düşdülər ki, əgər qeybi bilsəydilər, o alçaldıcı əzabda qalmazdılar. (Uzun müddət müti halda artıq çoxdan dünyasını dəyişmiş sultanın hüzurunda durmazdılar.)
    15. Həqiqətən, Səba qövmü üçün onların məskənlərində (Allahın qüdrəti və rəhmətinə dair) bir nişanə var idi. (Orada) sağ və sol tərəfdə iki bağça (var idi. Onlara dedik:) «Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. (Məskəniniz) pak bir şəhərdir və Rəbbiniz də bağışlayan».
    16. (Lakin onlar Allahdan və Onun dinindən) üz döndərdilər və Biz onlara «Ərim» bəndinin selini göndərdik. Onların (müxtəlif meyvələrlə dolu olan) iki bağını acı meyvələri, yulğun ağacları və bir qədər sidr ağacı olan iki bağa döndərdik.
    17. Biz onlara küfr və nankorluqlarına görə belə cəza verdik. Məgər inkar və nankorluq edəndən başqasını cəzalandırarıqmı?!
    18. Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik) şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı get-gəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) «Gecələr və gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin – amanlıqla get – gəl edin».
    19. (Lakin onlar nemətin bolluğundan və gediş-gəlişin rahat olmasından doydular), dedilər: «Ey Rəbbimiz, bizim səfər (düşərgə)lərimizin arasını uzaq et» (ki, azuqə və miniyə ehtiyac olsun, beləliklə də varlıların üstünlüyü aydınlaşsın) və onlar özlərinə zülm etdilər. Biz də onları (yaddaşlarda ibrətamiz) dastanlar etdik və onları tamamilə pərən-pərən saldıq. Həqiqətən, bunda (bu hadisədə) hər bir səbirli və şükr edən şəxs üçün (Allahın qüdrəti və qəzəbinə dair) nişanələr vardır.
    20. Və həqiqətən, İblisin onlar barəsində zənni düz çıxdı yalnız möminlərdən ibarət bir dəstə istisna olmaqla hamısı ona tabe oldular.
    21. Və əsla onun (İblisin) onların üzərində heç bir hökmranlığı yox idi (onları zorla məcbur etmirdi). Yalnız (vəsvəsə və dəvət edirdi ki,) axirətə iman gətirən kəsi, ona şəkk-şübhə edəndən ayırmaq (seçmək) barəsində Bizim əzəli elmimiz həyata keçsin (və kimin imanlı kimin şəkk içində olduğu məlum olsun). Sənin Rəbbin hər bir şeyi hifz edəndir.
    22. De: «Allahın yerinə (məbud) zənn etdiklərinizi çağırın, (görəcəksiniz ki, sizə cavab vermək qüdrətləri yoxdur, çünki onlar) göylərdə və yerdə zərrə qədər də bir şeyə malik deyillər və onların o ikisində (göylərin və yerin yaradılışı, hifzi və idarə olunmasında) heç bir şərikliyi yoxdur və Allah üçün əsla onlardan bir köməkçi yoxdur».
    23. (Şəfaət etməsinə, ya şəfaət olunmasına) izn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir. (Və günahkarlar o gün vəhşət içərisində olacaqlar). Nəhayət (izn verilərkən) onların qəlblərindən qorxu və vəhşət getdikdə (şəfaət edənlərə) deyərlər: «Rəbbiniz nə dedi?» Deyərlər: «Haqq (olan bir kəlam dedi və şəfaətə izn verdi), və O (hər şeydən) uca və böyükdür».
    24. De: «Göydən və yerdən sizə ruzi verən kimdir?» De: «Yeganə olan Allah. Elə isə doğru yolda, ya açıq-aşkar azğınlıqda olan bizik, ya siz?!»
    25. De: «Siz Bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız və Biz də sizin etdiyiniz əməllər barədə sorğu-sual olunmayacağıq».
    26. De: «Rəbbimiz (qiyamət günü) bizlə sizi (bir yerə) cəm edəcəkdir, sonra bizim aramızda haqq üzrə, qəti surətdə hökm verəcəkdir. Odur qəti surətdə hökm edən və bilən».
    27. De: «Allaha şərik qoşduqlarınızı mənə göstərin (görüm onlarda tanrılıq əlamətlərindən bir şey var, ya yoxdur?) Belə deyildir. Odur vacib, yeganə və bütün kamalları Özündə cəmləndirən Allah, (Odur) yenilməz qüdrət və hikmət sahibi».
    28. Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonundək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.
    29. Deyərlər: «Bu (Qiyamət, hesab və hökm etmə) vəd(i) nə zaman olacaqdır? Əgər siz düz danışansınızsa».
    30. De: «Sizə vəd olunmuş gün elə bir gündür ki, (ölüm günü, ya axirət günü) əsla ondan nə bir saat təxir edərsiniz və nə də irəli keçərsiniz».
    31. Və kafir olanlar dedilər: «Əsla bu Qurana və ondan öncə olana (səmavi kitablara) iman gətirmərik». Və əgər zalımları Rəbbi qarşısında (hüzurunda) ayaq üstə saxlanılıb bir-birləri ilə danışan halda görsəydin (çox təəccüblənərdin). Zəiflədilənlər təkəbbürlülərə deyərlər: «Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq».
    32. Təkəbbürlük edənlər zəiflədilənlərə deyərlər: «Məgər sizə doğru yol gəldikdən sonra sizi ondan saxlayan bizmi idik?! (Xeyr,) əslində siz özünüz günahkar idiniz».
    33. Və zəiflədilənlər təkəbbürlük edənlərə deyərlər: «Əslində (bizi azdıran sizin) gecə-gündüz (qurduğunuz) hiylə idi, o zaman ki, bizə Allaha kafir olmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz.» Onlar əzabı gördükdə (öz) peşmançılıqlarını gizlədərlər. Biz kafir olanların boyunlarına dəmir halqa keçirdərik, məgər etdiklərindən (yaxud etdikləri əməlin təcəssümündən) başqa bir şeyləmi cəzalandırılırlar?!
    34. Biz hər hansı bir bəşər cəmiyyətinə elə bir qorxudan (peyğəmbər) göndərmədik ki, oranın əyan-əşrafı və rifah içərisində yaşayanları deməsinlər: «Həqiqətən, Biz sizin göndərildiyiniz şeyə kafirik».
    35. Və dedilər: «Bizim mal-dövlətimiz və övladlarımız (sizinkindən) çoxdur və bizə heç bir vaxt əzab olunmayacaqdır (çünki, bizə verilənlər Allahın bizə olan məhəbbətinin əlamətidir)».
    36. De: «Həqiqətən, mənim Rəbbim (ümumun mənafeyinə və quruluşun zərurətinə əsasən) istədiyi şəxs üçün ruzini bol edər və azaldar. (Bunlar həmin şəxslərə qarşı məhəbbətin və nifrətin əlaməti deyildir) və lakin insanların çoxu (bunu) bilmir».
    37. Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər.
    38. Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etməy)ə səy edən kəslər əzab üçün gətiriləcəklər.
    39. De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır».
    40. Və (yada sal) o günü ki, onların hamısını (ibadət edənləri və ibadət olunanları) toplayacaq, sonra da mələklərə deyəcək: «Bunlar (dünyada) sizəmi ibadət edirdilər?»
    41. (Mələklər) deyərlər: «Sən (hər hansı bir eyb və nöqsandan uzaq), paksan, bizim dostumuz, hamimiz və yardımçımız yalnız Sənsən, onlar deyil. (Onların bizə ibadət etmələrinə razı deyildik). Əslində onlar cinlərə ibadət edirdilər (çünki cinlər onların ibadətlərinə razı idilər və) onların əksəriyyəti cinlərə iman gətirmişdi».
    42. Beləliklə bu gün sizlərin bəziniz digərlərinə nisbət heç bir mənfəət və zərər (vermək qüdrətinə) malik deyil və zülm edənlərə deyəcəyik: «Təkzib etdiyiniz odun əzabını dadın».
    43. Bizim aşkar və aydınlıq gətirən ayələrimiz onlara oxunanda, deyərlər: «Bu (adam) ancaq sizi ata-babalarınızın ibadət etdiklərindən döndərmək istəyən şəxsdir» və deyərlər: «Bu (kitab da Allaha qarşı) uydurulmuş yalandan başqa bir şey deyildir». (Bəli,) haqq onlara tərəf gələn zaman kafir oldular, dedilər: «Bu, yalnız açıq-aşkar bir sehrdir».
    44. Biz (Qurandan öncə) onlara (səmavi) kitablar verməmişdik ki, onu oxuyalar və səndən öncə də (İsanın, ya İbrahimin zamanından indiyə kimi) onlara bir qorxudan (peyğəmbər) göndərməmişdik (ki, ona əsaslanaraq səni təkzib edələr, əslində onların inkarları inadkarlıq üzündəndir).
    45. Bunlardan əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər, halbuki bunlar (sayları, qüvvələri və ömürlərinin uzunluğu baxımından) onlara verdiklərimizin onda birinə belə yetişməmişdilər. Amma onlar da (peyğəmbərlik dəlilləri və kitabın sarsılmazlığı baxımından) bunlara verdiklərimizin onda birinə yetişməmişdilər; beləliklə onlar da Mənim peyğəmbərlərimi təkzib etdilər, belə isə (baxsınlar görsünlər ki,) Mənim onlara qarşı rəftarım necə oldu!
    46. De: «Mən sizə yalnız bir nəsihət verirəm (və tapşırıram) ki, (bu Peyğəmbəri tanımaq və qəbul etmək üçün qarmaqarışıqlıq salmadan özü də) Allaha xatir iki-iki, bir-bir ayağa qalxın, sonra (onun keçmişi, dəlilləri və möcüzələri barəsində) fikirləşin. (Onda görərsiniz ki,) sizin bu (mehriban) yoldaşınızda heç bir dəlilik yoxdur. O, yalnız irəlidə olan çətin bir əzabdan (axirət əzabından) sizi qorxudandır (bir peyğəmbərdir)».
    47. De ki: «Sizdən istəmədiyim bütün muzdlar sizin olsun. (Sizdən muzd istəməyə haqqım var idi). Sizdən istədiyim muzd (Əhli-Beytimə olan məhəbbət) sizin öz xeyrinizədir, mənim mükafatım yalnız Allahın öhdəsinədir və O hər bir şeydən agah və hər bir şeyə şahiddir».
    48. De: «Şübhəsiz mənim Rəbbim haqqı təlqin edir (səmavi kitabları peyğəmbərlərin qəlblərinə nazil edir və onların dilindən cəmiyyətə çatdırır). O, qeybləri kamil şəkildə biləndir».
    49. De ki: «Haqq (İslam dini) gəldi. Batil (şirk və bütpərəstlik təsirini itirdi, çünki onlar) nə (öz işlərindən və dünya işlərindən) bir şeyə başlayar və nə də (bir şeyi) yeniləşdirər».
    50. De ki: «Əgər yoldan azsam, öz zərərimə azmış olaram. Əgər hidayət tapsam, bu da Rəbbimin mənə olan vəhyi sayəsindədir. Həqiqətən, O, eşidən və yaxındır».
    51. Sən onları (müşrikləri və kafirləri, ölümdən ya Qiyamətin qopmasından) vəhşət içərisində olduqları zaman bir görəsən! Artıq onlar qaçıb can qurtar a bilməzlər və yaxın bir məkandan yaxalanarlar (yerin üzündən onun altına, yaxud yerin altından Qiyamət səhnəsinə doğru, o zaman olduqca təəccüblənərsən).
    52. Onlar (qəbirdə, ya Qiyamətdə) deyərlər: «Biz ona (Qurana) iman gətirdik». Amma uzaq bir yerdən əlləri (imana və tövbəyə) necə çata bilər?! (Dünyadan o aləmə yol yaxın və oradan isə dünyaya yol uzaqdır).
    53. Halbuki, onlar həqiqətən, bundan öncə onu (Quranı və Peyğəmbəri) inkar etdilər. Güman üzündən və görmədən, uzaq bir məkandan (onlara) töhmət oxu atdılar.
    54. Və (aqibətdə) onların və meylləri və iştahları çəkən şeylər (dünya ləzzətləri) arasında (ölümün vasitəsilə) ayrılıq salındı, necə ki, bundan öncə onların bənzərləri barəsində edilmişdi. Çünki onlar (axirət aləmi barəsində) tərəddüdlü və qaranlıq bir şəkk-şübhə içərisində idilər.

Fatir surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Həmd göyləri və yeri (ilk dəfə, öncədən nümunə olmadan yoxdan) yaradan, ikiqanadlı, üçqanadlı, dördqanadlı mələkləri (yaradılış aləminin idarə olunması və vəzifələrin yerinə yetirilməsi aləmində vəhy və ilham işini icra etmələri üçün) elçilər edən tək olan Allaha məxsusdur. O, yaradılışda istədiyini artırar və varlıq aləmində yayar, çünki Allah hər şeyə qadirdir.
    2. Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur.
    3. Ey insanlar, Allahın sizə olan nemətlərini yada salın, məgər yeganə olan Allahdan başqa elə bir yaradan varmı ki, sizə göydən və yerdən ruzi versin? Ondan başqa bir tanrı yoxdur, elə isə (haqdan) necə və haraya döndərilirsiniz?!
    4. Əgər səni təkzib etsələr (qəmgin olma), həqiqətən, səndən öncə də peyğəmbərlər təkzib olunmuşdur. (Mükafata və cəzaya layiq olan) bütün işlər (axirət günündə) Allaha tərəf qaytarılacaqdır.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / 24 / 25 / 26 >>
Bölmə: Dini biliklər | Əlavə edildi: azerhero (28.12.2013) | Müəllif: R.C E W
Baxış: 708 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more