8. Allah (insan və qeyri-insan olmasından asılı olmayaraq) hər bir dişinin nə daşıdığını və onların bətnlərinin nəyi azaltdığını və nəyi çoxaltdığını (bətndəki övladların sayının bir və ya bir neçə olduğunu, hamiləlik dövrünün altı aydan bir ilə kimi nə qədər çəkəcəyini) bilir və (varlıq aləmini təşkil edən ünsürlərdən) hər bir şeyin Onun yanında (müəyyən) bir miqdarı vardır. 9. Gizlini və aşkarı biləndir və O, hər bir şeydən və vəsfdən böyük və üstündür.
10. (Onun üçün) sizdən birinin sözünü (ürəyində) gizlətməsi (yaxud birinin qulağına pıçıldaması) ilə birinin onu aşkar etməsi, birinin gecə vaxtı gizlənməsi ilə gündüz aşkar şəkildə gəl-get etməsi eynidir.
11. İnsan üçün (onun əməllərini yazan Rəqib və Ətid adlı iki mələkdən başqa) onun önündə və arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar. Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün Ondan başqa heç bir yardımçı və başçı yoxdur.
12. (Dolu və seldən) qorxmaq və (rəhmət və xeyirə) ümid üçün (çaxan) şimşəyi sizə göstərən və (axar sudan ibarət bir dərya olan) ağır buludları vücuda gətirən (və yuxarı qaldıran) Odur!
13. Göy gurultusu (yaradılış dili ilə) Ona həmd etməklə birgə Onu paklıqla öyür (ağılla diqqət etdikdə başa düşmək olur ki, göydə olan səslər Onun qüdrətinin kamilliyindən və nöqsandan pak və uzaq olmasından danışırlar) və həmçinin mələklər əzəmətinin qorxusundan (Onu paklıqla öyürlər). Və ildırımları göndərir və onları Allah barəsində çəkişdikləri halda istədiyi fərdə ya fərdlərə (cəzaya layiq kəslərə) yetirir! O, böyük qüdrət, eləcədə məkrlə mübarizədə şiddətli cəza sahibidir.
14. Haqqa tərəf və həqiqi dəvət (insanları ibadət və itaətə çağırmaq) yalnız Ona məxsusdur (və həmçinin haqq və həqiqi çağırışa və hacət istəməyə yalnız O layiqdir). Müşriklərin Onun yerinə çağırdıqları kəslər, onlar üçün (ehtiyaclarından) heç bir şeyi rəva etməzlər. Onlar suyun, ağzına çatması üçün (uzaqdan) iki ovucunu suya tərəf uzadan (və ya suyun ağzına yetişməsi üçün iki əlini açaraq suya sal(ıb çölə çıxar)an,) lakin suyun onun ağzına əsla yetişməyəcəyi kəs kimidirlər (bütlərin müşriklərin istəklərini yerinə yetirmələri, susuz bir şəxsin susuzluğunun yatırılmasında uzaqdan suya əl uzatmağın təsiri kimidir). Kafirlərin duası azğınlıq və puçluqdan başqa bir şey deyildir.
15. Göylərdə və yerdə olan hər bir kəs və hər bir şey istər-istəməz (ağıl və iman sahibləri ixtiyari itaətkarlıqla, başqaları isə qeyri-ixtiyari itaətkarlıqla) Allaha səcdə edir və həmçinin onların kölgələri (göylərdə günəşin və ya hər hansı bir başqa nurun müqabilində qərar tutan və gecə-gündüzləri olan kölgəli cisimlərin kölgəsi) səhərlər və axşamlar (Allah qarşısında səcdə edirlər).
16. (Müşriklərə) de: «Göylərin və yerin Rəbbi kimdir?» (Sonra özün) de: «Allah!» (Çünki bundan başqa bir cavab yoxdur və onlar inadkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: «Belə isə, hətta özləri üçün (heç) bir xeyir və ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı və başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?» Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeylər) yaradan şəriklər qoşublar və (nəticədə bu) iki cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar (arasındakı oxşarlıq) onları çaş-baş salıb (və buna görə də şərikləri də ibadətə layiq biliblər)? De: «(Şübhəsiz) hər bir şeyin yaradanı Allahdır və Odur tək, (varlıq aləminin bütün hissəciklərinə) qalib və mütləq hakim!
17. (Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir.
18. Özlərinin Rəbbinə (Onun çağırışına müsbət) cavab verənlər üçün gözəl aqibət və gözəl mükafat vardır. Ona (Onun çağırışına müsbət) cavab verməyən kəslər (isə), əgər (axirət günü) yer üzündə olan şeylərin hamısı və həmçinin onun (digər bir) misli onların olsa, hamısını özlərinin nicat tapmaları üçün fəda etməyə razı olarlar. Hesabatları pis olacaq kəslər onlardır (onların heç bir xeyir əməlləri qəbul deyil və heç bir günahları da bağışlanmayacaqdır). Onların yerləri Cəhənnəmdir və ora çox pis bir qalacaq yeridir!
19. Beləliklə məgər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən kəs, (batini gözü) kor olan kəs kimidir? Əslində yalnız ağıl sahibləri ibrət götürərlər.
20. Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tovhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar.
21. Və o kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar.
22. Və o kəslər ki, özlərinin Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə) səbr etdilər, namaz qıldılar, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində və aşkarda Allah yolunda xərclədilər və özlərinin yaxşı əməlləri ilə günahları (ya öz yaxşı davranışları ilə başqalarının pis rəftarını) uzaqlaşdırırlar. Bu dünyanın (gözəl) sonu (onun sona çatması ilə Cənnətə daxil olmaq) onlar üçündür.
23. (Həmin o) əbədi Cənnətlər ki, onların özləri və atalarından, zövcələrindən və övladlarından (əqidə baxımından) layiq olanlar (əməlləri naqis olsa da, onlara görə) ora daxil olarlar. Və mələklər hər bir qapıdan onların yanına daxil olarlar.
24. (Və deyərlər:) «Səbr və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O dünyanın sonu (olaraq bura) nə gözəldir!»
25. Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır.
26. İstədiyi kəs üçün (maddi və mənəvi) ruzini çoxaldan və ya azaldan Allahdır! Onlar (kafirlər) dünya həyatına sevinirlər, halbuki, dünya həyatı axirət müqabilində (cüzi) bir paydan başqa bir şey deyildir.
27. Və küfr edən kəslər (məsxərə məqsədilə) «nə üçün ona Rəbbi tərəfindən (bizim ürəyimiz istəyən, yaxud Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?» deyirlər. De: «Şübhəsiz, Allah (möcüzəni hikmət və məsləhət əsasında göndərir, buna görə də haqqı qəbul etməyənlərdən) istədiyi şəxsi azğınlıqda boşlayır və Ona tərəf qayıtmış şəxsi hidayət edir».
28. O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır.»
29. Şadlıq və sevinc, pak həyat, uca Cənnət və Tuba ağacı iman gətirən və yaxşı işlər görən kəslərə məxsusdur və onların gözəl bir dönüşləri vardır.
30. (Öz cari qanunlarımıza əsasən keçmişdəkilərə peyğəmbərlər göndərdiyimiz kimi,) səni (də) özlərindən qabaq ümmətlər gəlib-keçmiş bir ümmətin içərisinə göndərdik ki, sənə vəhy etdiyimizi onlara oxuyasan, halbuki onlar Rəhman olan Allaha küfr edirlər (Onun vəhdətini və rəhmətinin şamilliyini qəbul etmirlər). De: «O mənim Rəbbimdir, Ondan başqa heç bir məbud yoxdur, yalnız Ona təvəkkül etdim və dönüşüm yalnız Ona tərəfdir.»
31. Və əgər vasitəsilə dağların hərəkətə gətirildiyi, ya yerin yarılıb parça-parça olduğu, yaxud vasitəsilə ölülərlə danışılan bir Quran olsaydı (bunun onların imanına yenə də heç bir təsiri olmazdı). (Çünki iman və hidayət,) hətta işlər və əmrlər bütünlüklə Allaha məxsusdur. Buna görə də məgər iman gətirən kəslər (hələ də bunların imanından) ümidlərini üzüb başa düşməyiblərmi ki, əgər Allah istəsəydi insanların hamısını (məcburi surətdə) hidayət edərdi?! (Lakin Allahın qanunu imana məcbur etmək deyildir.) Və küfr edən kəslərə daim etdiklərinin cəzası olaraq əzici bir müsibət yetişər, yaxud onların evlərinin yaxınlığında nazil olar ki, Allahın (son) vədəsi yetişsin. Həqiqətən Allah vədə xilaf çıxmaz.
32. Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi, beləliklə, küfr (və istehza) edən kəslərə (bir müddət) möhlət verdim, sonra onları (suda boğulma, zəlzələ, səmavi bağırtı və daş yağışı kimi əzablarla) yaxaladım. Buna görə də (bax gör) Mənim əzabım necə olmuşdur?!
33. Belə isə, məgər hər bir cana hakim olan və onun əməlinə nəzarət edən kəs (cansız bütlər kimidir? Bununla belə) onlar Allaha şəriklər qoşublar. De: «Onları (sifətləri ilə) adlandırın (deyin ki, onlar diri, yaradan, eşidən və görəndirlər)! «Doğrudanmı Allaha yer üzündə (səlahiyyətini) tanımadığı bir şeydən xəbər verirsiniz? Yoxsa quru və boş söz deyirsiniz? (Xeyir, şübhəsiz, Allahın heç bir şəriki yoxdur,) əksinə, küfr edən kəslər üçün onların məkr və hiylələri zinətləndirilib və onlar (haqq) yoldan saxlanılaraq məhrum ediliblər. Allahın azğınlıqda boşladığı kəsə əsla yol göstərən olmayacaqdır.
34. Onlar üçün dünya həyatında (döyüşdə məğlubiyyət, xəstəlik və qıtlıq kimi bir sıra) əzab(lar) vardır. Əlbəttə, axirət əzabı daha çətindir. Onları Allah(ın əzabın)dan bir qoruyan (da) yoxdur.
35. Təqvalılara vəd edilmiş Cənnətin vəsfi belədir: Onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!
36. (Səma) kitab(ı) verdiyimiz kəslər (İslamı təsdiq edən yəhudilər və xristianlar) sənə nazil olana sevinirlər. Və (kitab əhlindən olan) dəstələrdən bəziləri onun bəzi yerlərini (özlərinin üç üqnuma, cismiləşdirmə və təhrif kimi batil əqidələri ilə müxalif olan yerlərini) inkar edirlər. De: «Həqiqətən mənə Allaha ibadət etməyim və Ona (üluhiyyətdə, rübubiyyətdə, yaradılışda və ibadətdə) bir şərik qoşmamağım əmr olunmuşdur. Yalnız Ona tərəf çağırıram və dönüşüm də yalnız Ona tərəfdir».
37. (Peyğəmbərlərə kitab nazil etdiyimiz kimi) beləcə başdan-başa haqqa hökm edən, uca hikmətli və ərəbcə olan bu kitabı sənə nazil etdik (ki, onlar onu daha yaxşı anlasınlar). Əgər sənə gəlmiş elmdən sonra onların nəfsi istəklərinə tabe olsan (məsələn onların qibləsini, yaxud üçlük əqidəsini qəbul etsən), Allah tərəfindən sənin üçün heç bir başçı və qoruyucu olmayacaqdır.
38. Həqiqətən biz səndən öncə peyğəmbərlər göndərdik və (mələk deyil, bəşər olduqları üçün) onlara da zövcələr və övladlar verdik. Heç bir peyğəmbər Allahın izni və iradəsi olmadan bir nişanə və möcüzə gətirə bilməz. (Çünki) hər bir vaxt üçün (hikmətə uyğun olaraq) bir yazı və hökm qərara alınmışdır (deməli Allahdan başqası, hətta peyğəmbər istədiyi vaxt möcüzə gətirə bilməz).
39. Allah («məhv və isbat» lövhəsində yazılmış, olacaq hadisələrdən) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-kitab (Lövhi-Məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır.
40. Əgər onlara vəd etdiklərimizin (dünyəvi cəzaların) bir qismini sənə göstərsək, yaxud (ondan qabaq) sənin canını alsaq, sənin vəzifən (onların əzabını görmək deyil) yalnız tapşırığı çatdırmaqdır və (imana məcbur etmək və hər təklifi qəbul etmək deyil) hesab çəkmək (və cəzalandırmaq) Bizim öhdəmizədir.
41. Məgər Bizim bu yerə üz tutmağımızı və daim onun ətraf və kənarlarından azaltmağımızı görmədilər? (Fərdlərdən, cəmiyyətlərdən, alimlərdən, dövlətlərdən və mədəniyyətlərdən bəzilərini azaldır və ya məhv edirik. Dünyanın bütün hadisələri barəsində) hökmünü əsla dəf edə bilən olmayan halda hökm edən yalnız Allahdır. O, tez hesab çəkəndir.
42. Şübhəsiz, bunlardan qabaq olmuş kəslər (Allahla və Onun elçiləri ilə müxalifət etməkdə) məkr və hiylə işlətdilər, halbuki, bütün məkrlər Allaha məxsusdur (onların hamısının necəliyi, səbəbkarları və batil etmə yolları Onun elmi və iradəsi altındadır). O hər bir kəsin nə əldə etdiyini bilir. Və tezliklə kafirlər bu dünyanın sonunun kimin olduğunu biləcəklər. (Bu yerin sonu əməlisaleh insanların hökümətidir, yaxud dünyanın sonu yaxşı insanlar üçün gözəl axirətdir.)
43. Kafirlər «sən (Allahın) peyğəmbər(i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Quranın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir.
İbrahim surəsi
Bağışlayan və mehriban Allahın adı ilə.
1. Əlif, Lam, Ra. (Mən hər bir şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu Quran dünyadakı) insanları onların Rəbbinin istək və köməyi ilə qaranlıqlardan (əqidə, əxlaq və əməl əyriliklərindən) nura (ilahi hidayətə) tərəf çıxarmağın və O qüdrət və mədh olunmuş xislətlər sahibi olan (Allah)ın yoluna istiqamətləndirməyin üçün (Öz əzəli elmimizdən Lövhə, oradan Cəbrailin qəlbinə və oradan da) sənə nazil etdiyimiz bir kitabdır.
2. O Allah ki, göylərdə və yerdə olanların hamısı (onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə edilməsi və sonda yox edilməsi Onun istək və iradəsindən asılıdır). Çətin əzaba görə vay və ölüm olsun kafirlərə!
3. O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər.
4. Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Beləliklə, Allah (ilahi dəlil-sübutu qəbul etməyənlərdən) istədiyini azğınlıqda boşlayır və istədiyini (ilahi dəlil-sübutu qəbul etdikdən sonra, kamilliklərə doğru) hidayət edir. Odur yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibi!
5. Həqiqətən Biz Musanı (əsa, şəffaf əl və Tövrat kimi) Öz nişanə və möcüzələrimizlə göndərdik ki: Öz qövmünü (nadanlıq, küfr və itaətsizlik) zülmətlər(in)dən (iman) nur(un)a tərəf çıxart. Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən bunda (bu xatırlatmada) hər bir səbr və şükr edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır.
6. Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allahın sizi fironçulardan u sizə pis işgəncələr verən, oğlanlarınızı kütləvi şəkildə qətlə yetirən və qadınlarınızı (xidmət etmək üçün) diri saxlayanlardan nicat verən zaman sizə olan nemətini xatırlayın. Bu işdə sizin üçün Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».
7. Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükr etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir.»
8. Musa (öz qövmünə) dedi: «Əgər siz və yer üzündə olanların hamısı Allaha kafir olsanız, yaxud Onun nemətlərinə qarşı nankorluq etsəniz (Ona bir zərər vurmazsınız, çünki) həqiqətən Allah ehtiyacsızdır və sifət və işləri mədh olunandır (ki, mələklər və möminlər Onu dilləri ilə, yaratdıqlarının kamilliyi isə Onu öz halları ilə mədh edirlər).»
9. Məgər sizdən qabaqkıların – Nuh, Ad və Səmud qövmünün və onlardan sonra olub (sayları və hallarını) Allahdan başqa heç kəsin bilmədiyi kəslərin xəbəri sizə çatmayıb?! Peyğəmbərləri onlara (tovhid və öz nübuvvətləri barədə) aydın dəlillər gətirdilər. Onlar isə peyğəmbərlərin əllərini ağızlarına qaytardılar (ki, sakit olun, yaxud öz əllərini öz ağızlarına qoydular ki, susun və ya əllərini ağızlarına qoyub qəzəbdən sıxdılar) və dedilər: «Biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik və həqiqətən biz sizin, tərəfinə çağırdığınız şey (tovhid və bütlərin batil olması etiqadı) barəsində tərəddüd doğuran və qaranlıq bir şəkk içərisindəyik (din və kitabınızı inkar edir, tovhid barəsindəki dəlillərinizi qənaətbəxş saymırıq).»
10. Peyğəmbərləri onlara dedilər: «Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?! O sizi günahlarınızdan bəzisini bağışlamağa və sizə (ömrünüzün) müəyyən bir müddət(in)ədək möhlət verməyə çağırır. Dedilər: «Siz də bizim kimi yalnız bir bəşərsiniz (və) bizi atalarımızın ibadət etdikləri şeylərdən saxlamaq istəyirsiniz.Odur ki, bizim üçün açıq-aşkar bir dəlil (bu gətirdiklərinizdən qeyrisini) gətirin».
11. Peyğəmbərləri onlara dedilər: «(Bəli,) biz də sizin kimi yalnız bir bəşərik. Lakin Allah Öz bəndələrindən istədiyinin boynuna haqq qoyur (və onu peyğəmbərliyə seçir). Allahın əmri və istəyi olmadan biz sizə bir dəlil (və möcüzə) gətirə bilmərik və (bu) ağıl baxımından (da) mümkün deyildir. Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər».
12. «Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbr edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər».
13. Və küfr edənlər öz peyğəmbərlərinə dedilər: «Əgər bizim dinimizə qayıtmasanız, biz sizi mütləq öz vilayətimizdən çıxaracağıq». Beləliklə, Rəbbi onlara vəhy etdi ki: «Zalımları mütləq həlak edəcəyik».
14. «Və şübhəsiz, onlardan sonra həmin vilayətdə sizi yerləşdirəcəyik. Bu (vəd), Mənim məqamımdan (Mənim cəlal, əzəmət və ədalətimdən, ya Qiyamət günü Mənim hüzurumda durmaqdan) qorxan və Mənim hədələrimdən çəkinən kəs üçündür».
15. Və peyğəmbərlər (Allahdan) hökm, qurtuluş və zəfər istədilər, (yaxud) kafirlər Allahın əzabını istədilər və (nəhayət) haqqa düşmən olan hər bir itaətsiz təkəbbür sahibi naümid oldu və ziyana uğradı (və qırmızı ya ağ ölümlə küfr halında dünyadan getdi).
16. Onun (ölümünün) ardınca (gələn) Cəhənnəmdir və (ona) qanla qarışıq çirkli su içirdiləcəkdir.
17. Onu çətinliklə qurtum-qurtum içər və rahat uda bilməz. Və ölüm (Cəhənnəm işgəncələri) hər bir tərəfdən ona üz tutar, halbuki o ölən deyildir (çünki, o dünyada ölüm yoxdur) və onun ardınca çətin və ağır bir əzab vardır.
18. Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və hamısı sovrulub dağılmış) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (dünyəvi nəticələr, mənəvi təsirlər və axirət mükafatları) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət!
19. Məgər (qəlb gözü ilə) Allahın göyləri və yeri (və bu heyranedici əzəmətli quruluşu) haqq olaraq (uca və əqli bir məqsəd üçün) yaratdığını görmədin? Əgər istəsə sizi (azğınlıq və itaətsizlik edəcəyiniz təqdirdə) yox edər və (varlıq səhnəsinə) yeni bir məxluq gətirər.
20. Və bu (yox etmək və yenisini vücuda gətirmək) Allaha çətin deyildir.
21. Və (Qiyamət günü hesab üçün) hamılıqla Allahın hüzurunda zahir olarlar. Beləliklə, (dünyada dərrakə baxımından) zəiflər təkəbbürlülərə deyərlər: «Biz sizə tabe idik, bizdən Allahın əzabından (az da olsa) bir şeyi dəf edərsinizmi?» Onlar deyərlər: «Əgər Allah (dünyada) bizə hidayət qismət etsəydi, biz də mütləq sizi hidayət edərdik, ya əgər burada bizi nicat yoluna hidayət etsə, biz də sizi hidayət edərik; bizim üçün istər (ah-zar edib) dözümsüzlük göstərək, istərsə də səbr edək, birdir, bizə heç bir çıxış yolu yoxdur.»
22. (Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır.»
23. İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edilərlər. Onların (bir-birlərinə, yaxud Allah və mələklərin onlara) oradakı xeyir-duaları «salam»dır.
24. Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tovhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır.)
25. O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir. (Bu ağacın meyvəsi dünyada ideal cəmiyyətin və ali ilahi bir ictimai həyatın gerçəkləşməsi, axirətdə isə kamil bir səadətə nail olmaqdır.) Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər.
26. Pis (küfr və şirk) kəlmə(si)nin məsəli isə yerdən qopardılmış və əsla sabitlik və qərarı olmayan pis ağac kimidir. (Küfr və şirk əqidələri və ya hər hansı bir batil iş onu daşıyan fərdlərin ölümü ilə puç olacaqdır və həmçinin kafir cəmiyyət nəhayət bir gün məhv olacaqdır.)
27. Allah iman gətirmiş kəsləri möhkəm söz (tovhid kəlməsi) ilə dünya həyatında və axirətdə sabitqədəm edir. Və həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir.
28. Məgər (küfr başçılarından və rifaha uyanlardan) Allahın nemətlərini (nemətlərin şükrünü) nankorluğa dəyişənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?!
29. Daxil olacaqları, toxunaraq hərarətini duyacaqları və yanacaqları Cəhənnəmə! Ora pis bir məskəndir.
30. Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De: «(Bir neçə günlük bu dünyanızda) bəhrələnin ki, dönüşünüz mütləq oda tərəfdir.»
31. İman gətirən bəndələrimə de ki, namaz qılsınlar və onlara ruzi olaraq verdiyimizdən (mal, məqam və canlarından) heç bir alış-verişin və dostluğun olmayacağı (mal və tanışlıq əlaqələrinin nə olacağı və nə də işə keçəcəyi) gün gəlməmişdən qabaq gizlində və aşkarda Allah yolunda xərcləsinlər.
32. Allah göyləri və yeri yaradan, göydən (yağış, qar və dolu şəklində) su nazil edən, beləliklə, onun vasitəsilə müxtəlif məhsullardan sizin (yeməyiniz, müalicəniz və geyinməyiniz) üçün ruzi çıxardan və gəmiləri Onun istək və iradəsi ilə dənizdə üzsünlər deyə sizin üçün ram edən və həmçinin çayları sizin üçün ram edəndir.
33. Həmçinin (yaradılış məcburiyyəti ilə) daim (hərəkətdə, nur saçmaqda və yerə təsir göstərməkdə) olan günəşi və ayı sizə ram etdi. Və (yerin hərəkətini günəşlə tənzim etməklə) gecə ilə gündüzü də sizə ram etdi.
34. Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz. Həqiqətən insan çox zalım və nankordur.
35. Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!» (O, Bəqərə surəsinin 126-cı ayəsində də belə bir istək istəyib.)
36. «Ey Rəbbim, o bütlər insanların çoxunu azdırmışlar (onların azmalarına səbəb olmuşlar). Odur ki, kim mənə tabe olsa, o məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən Sən çox bağışlayan və mehribansan.»
37. «Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükr etsinlər».
38. «Ey Rəbbimiz, şübhəsiz, Sən bizim gizlətdiyimizi də, aşkar etdiyimizi də bilirsən. Yerdə və göydə heç bir şey Allahdan gizlin deyildir».
39. «Həmd və şükr olsun qocalıq çağımda mənə İsmaili və İshaqı əta edən Allaha! Həqiqətən mənim Rəbbim duanı eşidən və qəbul edəndir».
40. «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!»
41. «Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla!»
42. Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən) bərələcəyi gün üçün möhlət verir.
43. Boyunlarını uzadıb başlarını yuxarı qaldıran halda gözlərini belə qırpmazlar. Onların qəlbləri (dəhşətin çoxluğundan hər hansı bir fikir və diqqətdən) boşdur.
44. Və insanları onlara əzabın gələcəyi, beləliklə, zülm edənlərin «ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq» deyəcəkləri günlə qorxut. (Onda onlara deyilər:) «Məgər bundan öncə sizin üçün heç bir yoxluq və zavalın olmayacağına and içən siz deyildiniz?!»
45. «Və özlərinə zülm etmiş kəslərin mənzillərində məskunlaşdınız, sizə onlarla necə rəftar etdiyimiz (onları hansı əzablarla məhv etməyimiz) aydın oldu və sizin üçün məsəllər çəkdik (amma bütün bunların sizə heç bir təsiri olmadı).»
46. Və şübhəsiz, onlar (bizim peyğəmbərlərimizə qarşı) öz hiylələrini işə saldılar, halbuki onların hiylələri – dağları yerdən qoparacaq qədər güclü olsa da – (onu əzəldən bilmək, dünyada onunla mübarizə aparmaq yolu və onun axirətdəki cəzası) Allahın yanındadır.
47. Buna görə də Allahı Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxan sanma. Şübhəsiz Allah yenilməz qüdrət və intiqam sahibidir.
48. Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!
49. Həmin gün günahkarları (məzhəb, məslək, günah, rəhbər və davamçılarının yaxınlığı baxımından) zəncirlərdə bir-birlərinə bağlanmış görəcəksən.
50. Onların köynək və libasları qətrandan (pis iyli və alışan tünd yağdan)dır və üzlərini od bürüyəcəkdir.
51. Allahın hər bir kəsi (küfr və itaətsizlikdən) kəsb etdiyinin müqabilində, yaxud həmin əqidə və əməllərin gerçək təzahürü ilə cəzalandırması üçün. Həqiqətən Allah tez hesab çəkəndir (bütün əməllərin hesabı və cəzanın miqdarının təyin olunması dərhaldır, yaxud cəzanın müddəti, hətta Bərzəx ya Qiyamət olsa belə, Allahın nəzərində çox tezdir).
52. Bu, insanlar üçün yetərli bir moizə və kifayət edən bir təbliğdir (ki, doğru yolu tapıb hidayət olunsunlar) və onunla qorxudulsunlar və bilsinlər ki, O, tək olan məbuddur və həm də ağıl sahibləri düşünüb ibrət alsınlar. Əl-Hicr surəsi
Bağışlayan və mehriban Allahın adı ilə.
1. Əlif, Lam, Ra. (Mən, hər şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (uca məqamlı) surə, bu kitabın və (özü) aydın (olan) və aydınlıq gətirən Quranın ayələridir və bu (uca məqamlı ayələr), Lövhi-Məhfuzda sabit olan ayələr və həmin Lövhdə olan aydın Quranın ayələridir.
2. Bir çox kafirlər (müsəlmanların qələbəsini görəndə və ya ölən zaman və yaxud cəza günü) kaş müsəlman olmalarını arzulayarlar.
3. Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər.
4. Biz heç bir insan cəmiyyətini (Lövhi-Məhfuzda) onun üçün (ömür müddəti barəsində) məlum yazı olmadan həlak etmədik.
5. Heç bir ümmət və dəstə, özünün müəyyən (edilmiş ömür) müddətindən nə irəli keçə bilər və nə geri qala bilər.
6. Və (istehza məqsədi ilə Peyğəmbərə) dedilər: «Ey bu zikr (Quran) nazil olan şəxs, həqiqətən sən dəlisən!»
7. «Əgər sən doğruçusansa, nə üçün (iddianın doğruluğunu sübut etmələri və sənə müxalif olanları əzmələri üçün) mələkləri bizim yanımıza gətirmirsən?»
8. Biz mələkləri yalnız haqq olaraq (möcüzəvi şəkildə haqqı isbat etmək üçün) nazil edirik və onda (əgər qəbul etməsələr, cari qanunumuza əsasən) onlara möhlət verilmir.
9. Həqiqətən bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq.
10. Doğrudan da Biz səndən öncə keçmiş tayfalara (peyğəmbərlər) göndərdik.
11. Və onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.
12. Biz beləcə bu Quranı (höccəti tamam etmək üçün, ona istehza olunmasını isə bədbəxtliklərinə uyğun olaraq) günahkarların qəlblərinə yeridərik.
13. Halbuki ona iman gətirməzlər. Əlbəttə, keçmişdəkilərin yolu da keçmişdir (onlar da belə idilər).
14. Əgər göydən onların üzünə bir qapı açsaydıq və onlar daim oradan yuxarı çıxsaydılar (və bütün aləmləri görsəydilər),
15. yenə də «həqiqətən bizim gözümüz bağlanmışdır, əslində biz cadu olunmuş (sehirlənmiş) bir dəstəyik» deyərdilər.
16. Həqiqətən Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik.
17. Və onu hər bir qovulmuş şeytandan qoruduq (şeytanların oraya qalxaraq mələklər aləminin sirlərindən xəbərdar olmaq qüdrətləri yoxdur).
18. Gizlicə qulaq asan istisna olmaqla ki, onu aydın bir şölə təqib edər.
19. Və bu yeri sərdik, onda möhkəm dağlar yerləşdirdik və orada hər bir şeydən müəyyən ölçüdə (hər biri zahiri görünüş, xüsusiyyət, zaman və məkan baxımından müəyyən biçimdə olan bitkilər) bitirdik.
20. Və orada sizin üçün və ruzisini sizin vermədikləriniz (heyvanlar və cinlər) üçün hər cür yaşayış vasitələri qoyduq.
21. (Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik. (Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk).)
22. Və küləkləri (buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur.
23. Şübhəsiz dirildən və öldürən Bizik və Bizik (fani olduqdan sonra onların hamısının) varisi!
24. Həqiqətən Biz sizin həm (yaradılışın əvvəlindən indiyə qədər olmuş) keçmişlərinizi(n sayını), həm də gələcəklərinizi(n sayını) bilirik (və sizin (iman və təqvada) irəlidə olanlarınıza da elmimiz var, sizin (iman və təqvada) geridə qalanlarınıza da)!
25. Əlbəttə, sənin Rəbbin (Qiyamət günü) onları (həyat vermək üçün onların bədən üzvlərini və hesab üçün fərdləri) toplayacaqdır. Həqiqətən O, hikmət sahibi və biləndir.
26. Şübhəsiz, Biz (ilk) insanı qoxumuş palçıqdan götürülmüş quru, çiy və səs çıxaran (insan surətinə düşmüş) gildən yaratdıq.
27. Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq.
28. Və (yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Şübhəsiz, Mən qoxumuş palçıqdan alınmış quru gildən bəşər yaradacağam».
29. «Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!»
30. Beləliklə, mələklərin hamısı (onun qarşısında) səcdə etdilər.
31. İblisdən başqa, ki, o, səcdə edənlərlə birgə olmaqdan boyun qaçırtdı.
32. Allah buyurdu: «Ey İblis, sənə nə olub ki, səcdə edənlərlə birgə deyilsən?»
33. Dedi: «Mən əsla Sənin qoxumuş palçıqdan alınmış quru gildən yaratdığın bəşərə səcdə edən deyiləm!»
34. Allah buyurdu: «Belə isə, buradan (Cənnətdəki uca məqamdan, Allah dərgahından və ali mələklərin sırasından) çıx ki, həqiqətən sən (hər bir rəhmət və kəramətdən) qovulmuşsan».
35. «Və şübhəsiz, (ilahi vəzifələrin yerinə yetirilməsi müddəti olan indidən) cəza gününədək sənə lənət olacaqdır (və ondan sonra da əbədi cəza zamanıdır).»
36. Dedi: «Ey Rəbbim, elə isə mənə onların (Adəm övladlarının) dirildiləcəkləri günə kimi möhlət ver».
37. Allah buyurdu: «Sən möhlət verilənlərdənsən».
38. «(Lakin Qiyamətədək deyil,) məlum vaxtın gününədək (bəşər cəmiyyətinin hamısının düzələcəyi və ya bəşər nəslinin İsrafilin surunun birinci dəfə üfürülməsi ilə kəsiləcəyi günədək)».
39. Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam».
40. «Sənin (rəhmətini şamil etməklə) onların arasından seçdiyin bəndələrin istisna olmaqla».
41. (İblis onların az bir qismindən başqa hamısını ixtiyari hidayətdən çıxarıb məcburi şəkildə azdıracağını iddia etdi.) Allah buyurdu: «Bu, (onları ixtiyari hidayət və zəlalət yolunda qoymaq), Mənim öhdəmdə olan düz yoldur (və hər bir qüdrətdən xaricdir)».
42. «Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»!
43. «Və onların hamısının vədə yeri, mütləq Cəhənnəmdir».
44. Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. (Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür.
45. Və həqiqətən təqvalılar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar.
46. (Daxil olan zaman onlara) «(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsınız».
47. Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər.
48. Orada onlara əsla bir zəhmət yetişməz və onlar oradan əsla çıxarılmazlar.
49. (Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm!
50. Və həmin ağrılı əzab (da) Mənim əzabımdır.
51. Və onlara İbrahimin qonaqlarından xəbər ver.
52. Onlar onun hüzuruna daxil olub «salam!» deyən zaman o (İbrahim) dedi: «Həqiqətən biz, (vaxtsız və icazəsiz gəldiyinizə görə) sizdən qorxuruq.»
53. Dedilər: «Qorxma, biz səni (İshaq adlı) bilikli bir oğulla müjdələyirik (ki, o, vəhy vasitəsilə din elmləri və səmavi kitablardan xəbərdar olacaqdır)».
54. Dedi: «Qocalığın mənə yetişdiyi bir halda mənə müjdə verirsiniz?! Belə olan halda, mənə nə müjdə verirsiniz?»
55. Dedilər: «Sənə düzgün (haqq və sabit) bir (işə görə) müjdə verdik. Buna görə də əsla naümidlərdən olma».
56. Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!»
57. Dedi: «Ey elçilər, bəs sizin (əsl) işiniz nədir?»
58. Dedilər: «Biz günahkar bir qövmə (Lut qövmünə) göndərilmişik (ki, onları həlak edək)».
59. «Lutun ailəsi istisna olmaqla. Biz onların hamısına mütləq nicat verəcəyik.»
60. «Onun (nicat tapacaq ailə üzvlərindən də) zövcəsi müstəsnadır ki, onun (imansızlığına görə) mütləq (Lut qövmünün əzabda) qalanlar(ın)dan olmasını qərara almışıq».
61. Beləliklə, elə ki, elçilər Lut ailəsinin yanına gəldilər,
62. Lut dedi: «Həqiqətən, siz tanış olmayan və yad bir dəstəsiniz».
63. Dedilər: «(Arada pis bir məqsəd yoxdur,) biz (sənin qövmün üçün) barəsində şəkk və tərəddüddə olduqları şeyi (əzabın nazil olmasını) gətirmişik.
64. «Və Biz sənin üçün haqq xəbəri və doğru vədi gətirmişik və şübhəsiz, biz düz danışanlarıq».
65. «Odur ki, gecənin bir yarısında öz ailəni yola sal, özün də onların arxasınca get, sizdən heç kim yerdə qalmasın (ya heç kim dönüb geriyə baxmasın) və əmr olunduğunuz səmtə tərəf yola düşün».
66. Və Biz mütləq baş verəcək bu işi ona vəhy etdik ki, bunların kökü səhəri açarkən kəsiləcəkdir.
67. Və (o halda) şəhər əhli sevincək gəldi.
68. Lut dedi: «Bunlar mənim qonaqlarımdır, məni (bu biabırçı işinizlə) rüsvay etməyin».
69. «Və Allah(ın əzabın)dan qorxun və məni xar və başıaşağı etməyin».
70. Dedilər: «Məgər sənə dünya adamlarını (onları dəvət etməyi, sığınacaq verməyi və onları qonaq etməyi) qadağan etməmişik?!»
71. Dedi: «Əgər bir iş görmək istəyirsinizsə, bunlar mənim qızlarımdır.» (Öz qızlarına, yaxud onların özlərinin peyğəmbərin qızları yerində olan arvadlarına işarə etdi).
72. Sənin canına and olsun ki, onlar öz (küfr, günah və şəhvət) məstliklərində çaşqın və sərgərdan idilər.
73. Və (nəhayət) günəş çıxan zaman onları (göydən gələn) bağırtı yaxaladı.
74. Beləliklə, onların şəhərlərini alt-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq.
75. Şübhəsiz, bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır.
76. Və əlbəttə, o (viran edilmiş həmin şəhərlər) yol üzərində hələ də qalmaqdadır (və ibrət götürmək üçün bir amildir).
77. Və həqiqətən bunda (bu hadisədə) iman əhli üçün (Haqqın qüdrəti və batilin cəzası barəsində) bir nişanə vardır.
78. Və həqiqətən «Əykə»nin (Şüeybin qövmünün məskunlaşdığı çox sıx ağaclı diyarın) əhalisi zalım idi.
79. Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.
80. Və həqiqətən Hicr əhalisi (Salehin ümməti olan Səmud qövmü) Allahın peyğəmbərlərini təkzib etdilər.
81. Və Biz onlara (dəvənin daş və sairədən xaric olması kimi) Öz nişanələrimizi verdik, amma onlar ondan üz döndərdilər.
82. Və onlar (dağın aşmasından və düşmənin yol tapmasından) xatircəm halda dağlardan evlər yonurdular.
83. Beləliklə, səhəri açarkən onları (göydən gələn bir) bağırtı bürüdü.
84. Beləliklə (məskən, övlad və var-dövlət kimi) kəsb etdikləri şey onlardan (Allahın əzabından heç nəyi) dəf etmədi.
85. Və Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (və uca və ağılın təsdiq etdiyi bir məqsəd üçün) yaratmışıq və şübhəsiz, Qiyamət gələsidir (və kafirlərə cəza verəcəyik). Buna görə də, gözəl tərzdə (nə qədər ki, döyüş əmri almamısan) güzəşt et.
86. Həqiqətən sənin Rəbbin həmin (bütün şeyləri) yaradan və (hər şeyi) biləndir.
87. Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Quranı əta etdik.
88. Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.
89. Və de: «Həqiqətən mən (sizi ilahi əzabın nazil olmasından çəkindirən) həmin aşkar qorxudanam.»
90. Bölənlərə (əzab) nazil etdiyimiz kimi!
91. Həmin o kəslərə ki, (peyğəmbərin göndərilməsinin əvvəlində) Quranı neçə hissəyə böldülər (bir hissəsini sehr, bir hissəsini şer, bir hissəsini keçmişlərin əhvalatları və bir hissəsini cinlərin kəlamı adlandırdılar. Həmçinin onun bir hissəsini qəbul və bir hissəsini rədd etdilər. Onları müxtəlif əzablarla həlak etdik).
92. Buna görə də, sənin Rəbbinə and olsun ki, şübhəsiz (Qiyamət günü) onların hamısını sorğu-suala tutacağıq.
93. (Dünyada) etdikləri əməllər barəsində.
94. Buna görə də, sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir.
95. Həqiqətən Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq.
96. Həmin o kəslər(in) ki, Allaha digər bir məbudu şərik qoşurlar. Tezliklə biləcəklər!
97. Şübhəsiz, Biz sənin qəlbinin onların dediklərindən sıxılmasını bilirik.
98. Buna görə də, Rəbbinə həmd və şükr etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol!
99. Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!
Ən-Nəhl surəsi
Bağışlayan və mehriban Allahın adı ilə.
1. (İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır.
2. Mələkləri Öz əmri ilə ruhla (vəhy və Quranla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!»
3. Göyləri və yeri (və bu ikisinin arasında olanları) haqq olaraq (və uca və əqli əsasları olan bir məqsəd üçün) yaratdı. O, onların şərik qoşduqlarından uca və üstündür.
4. İnsanı (onun ilk ata–anası istisna olmaqla) nütfədən (valideyinlərin bir-birinə qarışmış dəyərsiz nütfəsindən) yaratdı. Amma (bununla belə) o, birdən-birə açıq-aşkar düşmən(ə çevrilmiş)dir (ki, hətta öz yaradanına qarşı çıxır).
5. Və dördayaqlıları (dəvə, inək və qoyunu) yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi və (digər) xeyirlər vardır. Və siz onlardan (onların südündən və ətindən) yeyirsiniz.
6. Və onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda və səhərlər otlağa göndərəndə bir gözəllik və zinət vardır.
7. Onlar sizin ağır yüklərinizi yalnız çox çətinlik bahasına yetişə biləcəyiniz şəhərə daşıyırlar. Həqiqətən sizin Rəbbiniz çox şəfqətli və mehribandır.
8. Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq və sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri də yaradacaqdır.
9. Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).
10. Göydən sizin üçün (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Sizin (istər yerin altından, istər üstündən götürdüyünüz) içməli suyunuz ondandır və heyvanları otardığınız ağac və ot ondan bitir.
11. Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.
12. Gecəni və gündüzü və günəş ilə ayı sizə ram etdi və bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda (bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.
13. Həmçinin bu yerdə sizin üçün müxtəlif növlərdə və müxtəlif rənglərdə yaratdığı şeyləri (dağları, fəzaları, səhraları və heyvanları ram etdi). Həqiqətən bunda (bu məxluqlarda və onların təsir və xüsusiyyətlərində) ibrət alan dəstə üçün bir nişanə vardır.
14. Və təzə ət yeməyiniz və geyindiyiniz (ləl və mərcan kimi) zinətləri çıxarmağınız üçün dənizi ram edən Odur. Və gəmiləri onda (dənizin sinəsini) yaran görərsən (sizin müxtəlif ehtiyaclarınızı təmin etmək üçün) və (ticarət və digər yollarla) Allahın lütfündən axtarasınız deyə! Və bəlkə şükr etdiniz.
15. Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).
16. Və həmçinin (yerdə, insanları öz məqsədlərinə doğru istiqamətləndirmək üçün) əlamətlər (qoydu) və onlar (axşam) (qütb və sairə) ulduz(unun) vasitəsilə yolu tapırlar.
17. Belə isə, heç yaradan kəs (yuxarıdakı işləri yoxdan var edə bilən kəs, heç bir şey) yaratmayan kəs kimidir? Heç öyüd-nəsihət almırsınız?!
18. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz (o ki, qaldı hamısının şükrünü yerinə yetirəsiniz). Şübhəsiz, Allah çox bağışlayan və mehribandır.
19. Allah gizlətdiklərinizi də (qəlbinizin sirlərini və camaatdan gizlətdiyiniz əməl və mallarınızı da) və (danışıq, əməl və mallarınızdan) aşkar etdiklərinizi də bilir.
20. Onların Allahın yerinə çağırdıqları kəslər bir şey yaratmırlar və onların özləri yaradılırlar.
21. Onlar cansız ölülərdir və (özlərinin və ya onlara ibadət edənlərin) nə vaxt dirildiləcəklərini bilmirlər.
22. Sizin məbudunuz tək olan məbuddur, amma axirətə iman gətirməyənlərin qəlbləri haqqı inkar edir və onlar təkəbbürlü və lovğadırlar.
23. Şübhəsiz, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən O, təkəbbürlüləri sevmir.
24. Onlara «Rəbbiniz nə nazil etmişdir?» deyildikdə, «keçmişdəkilərin əfsanələridir» deyərlər.
25. Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!
26. Əlbəttə, onlardan qabaqkılar da (öz peyğəmbərlərinə qarşı) hiylə işlətmişdilər. Allah onların (bina və yaşayışlarının) bünövrəsini kökündən sarsıtdı və nəticədə başlarının üstündən tavan üzərlərinə çökdü. Və onlara bilmədikləri yerdən əzab yetişdi.
27. Sonra (Allah) onları Qiyamət günü də rüsvay və xar edəcək və deyəcəkdir: «Haradadır Mənim o şəriklərim ki, onların barəsində (haqq əhli ilə) düşmənçilik və dava-dalaş edirdiniz?!» Elm verilmiş kəslər (peyğəmbərlər və onların yaxınları) deyərlər: «Həqiqətən bu gün rüsvayçılıq, xarlıq və əzab kafirlər üçündür».
28. Mələklər özlərinə zülm etmiş kəslərin canlarını alan zaman, onlar təslim və itaətkar olar (və) «biz heç bir pis iş görmürdük» (deyərlər). «Xeyr (pis iş görürdünüz)! (Çünki) şübhəsiz Allah etdiklərinizi biləndir».
29. Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!
30. Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!
31. Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır. Allah təqvalıları belə mükafatlandırır.
32. O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər.
33. Məgər (bu müşriklər ölüm) mələyin(in və ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin yetişməsindən başqa bir şey gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər (ki, onlara əzab nazil oldu). Allah onlara zülm etmədi və lakin onlar (özləri) özlərinə zülm edirdilər.
34. Beləliklə, etdikləri günahların cəzası onlara yetişdi və istehza etdikləri şey (əzab vədəsi) onları bürüdü.
35. Və müşriklər dedilər: «Əgər Allah istəsəydi nə biz və nə də atalarımız Ondan başqa bir şeyə ibadət etməz və Onsuz (Onun icazəsi olmadan) bir şeyi haram etməzdik! (O belə bir şeyi istəmədiyi üçün bizə əzab da yoxdur.)» (Bəli) onlardan qabaqkılar da bu cür etmişdilər. Belə isə, məgər Bizim peyğəmbərlərin öhdəsinə açıq-aşkar təbliğdən başqa bir şey (vəzifə) düşür?! (Onların cavabında belə deyin: Allah küfrün olmamasını və halalın haram edilməməsini qəti iradə ilə istəməmişdir. Çünki bu, şəriətin müəyyənləşdirdiyi vəzifələrin ixtiyarla azad şəkildə yerinə yetirilməsi ilə ziddiyyət təşkil edir. Amma bununla belə, O, həmin işləri qadağan etmişdir və küfr və əzab da bu qadağaya daxildir.)
36. Əlbəttə, Biz hər bir ümmətin içərisindən bir peyğəmbər seçdik ki: «Allaha ibadət edin və (şeytan və insan) tağut(ların)dan uzaq olun.» Beləliklə Allah onların bəzisini (dəvətin əslini qəbul edənləri kamal mərhələlərinə) hidayət etdi və onlardan bəzisinə (dəvəti rədd edənlərə) zəlalət və azğınlıq qətiləşdi. Buna görə də, yer üzündə gəzin və təkzib edənlərin aqibətinin necə olduğuna baxın!
37. Sən onların hidayət olmalarını lap çox istəsən də (bunun bir xeyiri yoxdur, çünki) Allah azğınlıqda boşladığını hidayət etməz və onların bir köməkçiləri yoxdur.
38. Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit (əzəli iradəyə əsaslanan, Lövhi-Məhfuzda yazılmış, səmavi kitablarda qeyd edilmiş və peyğəmbərlər vasitəsilə cəmiyyətə çatdırılmış) bir vəddir və lakin insanların çoxu bilmir.
39. Barəsində ixtilafa düşdükləri şeyi onlara aydınlaşdırması və (bəşəriyyətin arasında küfr yaranandan onun sonunadək) küfr edənlərin yalançı olmalarını bilmələri üçün!
|