Əsas » Məqalə » Dini biliklər

Qurani-Kərimin tərcüməsi
Əl-Fatihə surəsi


    1. Bağışlayan və mehriban Allahın adı ilə.
    2. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.
    3. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.
    4. Cəza gününün sahib və hökmdarına.
    5. (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
    6. Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!
    7. (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!

Əl-Bəqərə surəsi

    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitab «Əlif» (Allah) tərəfindən «Lam»ın (Cəbrailin) vasitəsi ilə «Mim»ə (Muhəmmədə - səlləllahu əleyhi və alih) nazil edilmişdir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
    2. Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir.
    3. O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.
    4. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (qiyamət) gününə yəqinlikləri vardır.
    5. Məhz onlar (Quranın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Quran onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir).
    6. Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər.
    7. Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir.
    8. İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər.
    9. Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər.
    10. Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır.
    11. Onlara «yer üzündə fəsad törətməyin» deyildikdə «biz yalnız islah edənlərik» deyərlər.
    12. Bil ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.
    13. Onlara «siz də camaat kimi iman gətirin» deyildikdə (öz qəlblərində) deyərlər: «Biz də səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər.
    14. Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər.
    15. Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir.
    16. Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular.
    17. Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir. Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar.
    18. Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar.
    19. Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət baxımından) əhatə etmişdir.
    20. Çaxan şimşək az qalır ki, onların gözlərinin işığını aradan aparsın. Onlara işıq saçan zaman həmin işıqda yol gedər, fəza qaranlıqlaşanda isə dayanarlar. Əgər Allah istəsəydi, onların eşitmə və görmə (qabiliyyət)lərini əllərindən alardı. Çünki Allah hər şeyə qadirdir.
    21. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız.
    22. Həmin O Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və göyü (ucaldılmış) bina etdi, göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsilə sizin üçün meyvələrdən ruzi çıxartdı. Buna görə də, (bütlərin bu cür varlıqları yaratmaq və ruzi vermək qüdrətinə malik olmamalarını) bilə-bilə Allaha şəriklər qoşmayın.
    23. Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, doğruçusunuzsa siz də (fəsahət, kəlmələrinin gözəlliyi, bəlağət, mənalarının dərinliyi baxımından və ya onun kimi heç kimdən dərs almayan bir şəxs tərəfindən) bir surə gətirin və (bu işdə) Allahdan başqa bütün köməkçilərinizi və şahidlərinizi də çağırın (ki, onlar sizin surənizin Bizim surəmiz kimi olmasına şəhadət versinlər).
    24. Və əgər (belə bir işi) etməsəniz - heç vaxt edə bilməyəcəksiniz də - onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin.
    25. İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır. Həmin bağlardan onlara ruzi olaraq bir meyvə verilən zaman deyərlər: «Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir.» Və onların yanına bütün meyvələr (gözəllik və lətafət baxımından) bir-birinə oxşar gətirilər. Orada onlar üçün (aybaşı, xəstəlik və pis xasiyyətdən) pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar.
    26. Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən - ağcaqanad olsun, ondan böyüyü, ya balacası- utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların Rəbbi tərəfindən olan bir həqiqətdir. Kafirlər isə deyərlər: «Görəsən Allahın bu məsəldən məqsədi nədir?!» (Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır.
    27. Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır.
    28. Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız.
    29. Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına) başlayan, beləliklə onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir.
    30. Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik.» Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm.»
    31. Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin.»
    32. Dedilər: «Sən (bütün eyb və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!»
    33. Allah buyurdu: «Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver.» Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: «Sizə demədimmi ki, həqiqətən Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!»
    34. Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi.
    35. Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız.»
    36. Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən (kəramət zirvəsindən və nemətlər məkanından) çıxartdı. Biz dedik: «(Şeytanla birlikdə bu məkan və məqamdan) həmişəlik bir-birinizə düşmən olaraq yerə enin. Yerdə sizin üçün müəyyən bir zamanadək sığınacaq və yaşayış vasitələri olacaqdır. (Onun zamanı hər bir bəşər övladı üçün ömrünün müddəti, bütün bəşər nəsli üçün isə dünyanın sonuna qədərdir.)
    37. (Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır.
    38. Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.»
    39. «Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.»
    40. Ey İsrail övladları (ey Yəqubun yəhudi və xaçpərəst övladları, Yəqubun vaxtından İsanın vaxtına kimi), sizə verdiyim nemətləri yadınıza salın və Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!
    41. Sizinlə olanın (Tövrat və İncilin) təsdiqləyicisi olan nazil etdiyimizə (Qurana) iman gətirin və ona ilk kafirlər olmayın (ki, gələcək nəsillər də sizə tabe olub həmişəlik kafir olsunlar). Və Mənim ayələrimlə (onları təhrif etməklə, aradan aparmaqla və səhv yozmaqla) az bir dəyər əldə etməyin və yalnız Məndən qorxun!
    42. Haqqa batil donu geydirməyin və bilə-bilə haqqı gizlətməyin.
    43. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin (namaz qılanlarla birgə namaz qılın).
    44. (Səmavi) kitabı oxumağınıza baxmayaraq camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!
    45. (İşlərinizdə) səbr (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir.
    46. O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər.
    47. Ey İsrail övladları, sizə bəxş etdiyim nemətlərimi və sizi (öz zamanınızda) aləmdəkilərdən üstün etməyimi yadınıza salın.
    48. Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə bilməyəcək və heç kimin şəfaəti qəbul olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir.
    49. Və (yadınıza salın) o zaman(ı) ki, sizə ən ağır işgəncələr verən - oğlanlarınızın başlarını bir yerdə kəsən, qadınlarınızı isə diri saxlayan fironçulardan (onların caynağından) nicat verdik. Bu işdə (sizin üçün) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.
    50. Və (yadınıza salın) o zaman(ı) ki, dənizi sizin üçün yardıq, beləliklə, sizə nicat verdik və siz baxa-baxa fironçuları (suda) batıraraq boğduq.
    51. Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.
    52. Həmin vaxt, o işdən sonra sizi əfv etdik ki, bəlkə şükr edəsiniz.
    53. Və (yadınıza salın) o zaman(ı) ki, Musaya (səma) kitab(ı) və (haqqı batildən) ayıran verdik ki, bəlkə hidayət olunasınız.
    54. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, həqiqətən, siz buzova sitayiş etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf (qayıdaraq) tövbə edin və özünüzü öldürün (tövbə və zahidliklə öz nəfsi istəklərinizi öldürün. Yaxud günahsızlar buzova sitayiş edənləri öldürsünlər) ki, bu əməl Yaradanınızın yanında sizin üçün daha yaxşıdır.» Beləliklə (belə etdikdən sonra), Allah sizə nəzər saldı və sizin tövbənizi qəbul etdi, (çün)ki O, çox tövbə qəbul edən və mehribandır.
    55. Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, Allahı aşkar surətdə görməyincə, sənə əsla iman gətirməyəcəyik.» Beləliklə, gözünüz baxa-baxa sizi ildırım vurdu.
    56. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükr edəsiniz.
    57. Və (Sina səhrasında sərgərdan qaldığınız zaman) buluddan başınız üzərində kölgəlik düzəltdik və sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin endirdik (və dedik:) «ruziniz etdiyimiz pak təamlardan yeyin.» Onlar (itaətsizlik və naşükürlük etməklə) Bizə zülm etmədilər, lakin özlərinə zülm edirdilər.
    58. Və (yadınıza salın) o zaman(ı) ki, dedik: «Bu şəhərə (Beytül-Müqəddəsə) daxil olun və oranın istədiyiniz yerindən bolluca yeyin və bu qapıdan (şəhərin, ya Məscidül-Əqsanın qapısından) səcdə halında daxil olun və «(ilahi, bizim istəyimiz) günahların tökülməsidir» deyin ki, sizin səhvlərinizi bağışlayaq. Biz yaxşı iş görənləri(n savabını) artıracağıq.
    59. Lakin zülm edənlər (Allahın kəlamını) onlara deyiləndən başqa şəkilə saldılar (məsələn, günahların bağışlanmasını istəmək əvəzinə buğda istədilər). Biz də zülm edənlərə itaətdən çıxdıqlarına görə göydən əzab nazil etdik.
    60. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmü üçün su istəyəndə (ona) «əsanı o daşa vur» dedik. Beləliklə, ondan (Yəqubun nəslindən olan on iki qəbilə üçün) on iki çeşmə qaynadı. Hər bir dəstə özünün su içmək yerini tanıdı (və dedik): «Allahın ruzilərindən yeyin, için və bu yer üzündə fəsad törədən olaraq hərəkət etməyin.»
    61. Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın.» Musa dedi: «Siz daha yaxşının yerinə alçaq şey istəyirsiniz? (İndi ki, belədir) bir şəhərə (şəhərlərdən birinə) gedin ki, istədiyiniz şeylər sizin üçün hazırdır». Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər. Bu (küfr və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar.
    62. Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar.
    63. Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə ucaltdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi əzmlə, möhkəm iradə ilə qəbul edin və orada olanları (əməl etmək üçün) xatırlayın, bəlkə təqvalı olasınız».
    64. Həmin vaxt, ondan sonra siz (öz əhd-peymanınızdan və deyilənləri qəbul etməkdən) üz döndərdiniz. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı (sizə tövbə etməyi nəsib etməsəydi), mütləq zərər çəkənlərdən olardınız.
    65. Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular.)
    66. Beləliklə, Biz o cəzanı (həmin dövrdə) olanlar və sonrakı nəsillər üçün ibrətamiz bir cəza və təqvalılar üçün öyüd-nəsihət etdik.
    67. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allah sizə (naməlum şəxsin qatilinin kimliyinin bilinməsi üçün) dişi bir inək kəsməyinizi əmr edir». Dedilər: «Bizi məsxərə edirsən?!» Dedi: «Nadanlardan olmaqdan Allaha pənah aparıram.» (Çünki, məsxərə etmək nadanların işidir.)
    68. Dedilər: «Bizə görə Rəbbini çağır, o dişi inəyin necəliyini (və onun neçə yaşında olmalı olduğunu) bizə aydınlaşdırsın»? Dedi: «O deyir ki, həmin dişi inək nə işdən düşmüş qoca, nə də heç işləməmiş cavandır, bunların ikisinin arasındadır. Odur ki, sizə əmr olunanı yerinə yetirin!»
    69. Dedilər: «Bizə görə Rəbbini çağır, onun rənginin necəliyini bizə aydınlaşdırsın.» Dedi: «Rəbbiniz deyir ki, o, görənlərə xoş gələn xalis tünd sarı rəngli bir inəkdir.»
    70. Dedilər: «Bizə görə Rəbbini çağır, onun hansı inək olduğunu bizə aydınlaşdırsın. Həqiqətən, bu inək (onun necəliyi) bizə qaranlıq qalıb və əlbəttə, Allah istəsə, biz doğru yolu tapanlardanıq.»
    71. Dedi: «Rəbbiniz deyir ki, o, yer şumlamaq və əkin yerini suvarmaq üçün ram olmayan dişi bir inəkdir, sağlamdır (nə bir nöqsanı var və nə də bir iş görüb) və onda əsl rənginə zidd olan rəng ləkəsi yoxdur.» Dedilər: «İndi (bu məsələ barəsində) həqiqəti gətirdin». Beləliklə, onun (inəyin) başını kəsdilər, (hərçənd ki,) elə etməyə razı deyildilər.
    72. Və (yadınıza salın) o zaman(ı) ki, bir nəfəri öldürüb, onun (qatili) barəsində mübahisəyə başladınız və Allah, gizlətdiyinizi aşkar etmək istəyirdi.
    73. Buna görə də dedik: «(Kəsilmiş inəyin) üzvlərinin bir parçasını ona (öldürülmüş şəxsin bədəninə) vurun (ki, dirilərək öz qatilini tanıtdırsın).» Allah ölüləri bu cür dirildir və Öz (tovhid və qüdrət) nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiniz.
    74. Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki (Musanın daşı və bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim halı gözə çarpmır.) Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
    75. (Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər.
    76. İman gətirənlərlə görüşdükləri zaman «biz iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikdə isə (bir-birlərinə) «Allahın (Tövratın ayələrindən elmini) sizə açıqladığını (İslam peyğəmbərinin sifətlərini və onun doğruluğunu bəyan edən ayələri) nə üçün onlara (müsəlmanlara) söyləyirsiniz ki, həmin hökmləri Rəbbinizin yanında sizə qarşı (dəlil) gətirsinlər (və qələbə çalsınlar)? Heç düşünmürsünüz?!» deyirlər.
    77. Məgər onlar bilmirlər ki, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir?!
    78. Onların bəziləri kitabdan (Tövratdan, bir ovuc) boş xəyal və puç arzulardan başqa bir şey bilməyən savadsızlardır və onlar (kitabın hökmləri barəsində) yalnız zənn və gümana malikdirlər.
    79. Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra «bu, Allah tərəfindəndir» deyirlər. Əlləri ilə yazdıqlarına görə vay olsun onlara və vay olsun onlara (bu təhrifin müqabilində) əldə etdiklərinə görə!
    80. Və dedilər: «Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri günlərin sayından) artıq yandırmaz». De: «Allah tərəfindən bir əhd-peyman almısınız – ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz – yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!»
    81. Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar.
    82. İman gətirən və yaxşı işlər görən kəslər isə Cənnət əhlidirlər və orada əbədi qalacaqlar.
    83. Və (yadınıza salın) o zaman(ı) ki, İsrail övladlarından «heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş dillə danışın, namaz qılın və zəkat verin» (deyə) əhd-peyman aldıq. Sonra az bir qisminizdən başqa, hamınız üz döndərdiniz. Siz (zatən) dönüksünüz.
    84. Və (yadınıza salın) o zaman(ı) ki, sizdən «bir-birinizin qanını tökməyin, bir-birinizi öz evlərinizdən çıxarmayın!» (deyə) əhd-peyman aldıq. Sonra (siz öz əhd-peymanınızı) etiraf etdiniz və ona şahidsiniz.
    85. (Lakin) yenə elə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni onlara qarşı bir-birinizə günah və itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran və (bununla belə) onlar əsir halında sizin yanınıza gələndə fidyə verərək onları azad edən də elə sizsiniz, halbuki onları (müharibəyə) çıxartmaq sizə (elə əvvəldən) haram idi. Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!) Buna görə də, sizdən belə iş görənlərin cəzası dünyada xarlıq və zillətdən başqa bir şey deyildir. Qiyamət günü isə (onlar) ən şiddətli bir əzaba tərəf qaytarılacaqlar. Allah, etdiklərinizdən xəbərsiz deyildir.
    86. Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır.
    87. Həqiqətən, Biz Musaya (səma) kitab(ı) verdik və ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik. Bəs nə üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?!
    88. Və dedilər: «Bizim qəlblərimiz (fitri olaraq sənin sözlərini dərk etməkdən) örtülüdür». (Belə deyil,) əksinə, Allah onları küfrlərinin müqabilində Öz rəhmətindən uzaqlaşdırıb. Buna görə də az iman gətirirlər (səma kitablarının müştərək yerlərinə və ya öz nəfsi istəklərinə uyğun olanlara iman gətirirlər).
    89. Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Quran) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vasitəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə!
    90. Özlərini satdıqları şey - Allahın Öz lütfü ilə istədiyi bəndəsinə (kitab) nazil etməsinə paxıllıq etdikləri üçün Onun nazil etdiyinə kafir olmaları - nə qədər də pis bir şeydir. Beləliklə, onlar (Allah tərəfindən) qəzəb üstündən qəzəbə düçar oldular. Kafirlər üçün xaredici bir əzab vardır.
    91. Onlara «Allahın nazil etdiyinə (Qurana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!»
    92. Həqiqətən Musa sizə möcüzələr və açıq-aydın dəlillər gətirdi, lakin siz ondan (o, Tur dağına getdikdən) sonra (özünüzə və Allahın ayələrinə qarşı) zülm edərək buzova sitayiş etməyə başladınız.
    93. Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınız üzərinə qaldırdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi ciddiyyətlə öyrənin, eşidin və qəbul edin.» Onlar (dilləri ilə) «eşitdik», (qəlbləri ilə isə) «itaətsizlik etdik» dedilər və küfrlərinə görə buzovun məhəbbəti onların qəlblərində möhkəmləndi. De: «Əgər möminsinizsə (və buzova pərəstiş etməyi, peyğəmbərləri öldürməyi və təkzib etməyi sizə imanınız əmr edirsə), onda imanınızın sizə əmr etdiyi şey nə qədər də pisdir!»
    94. De: «Əgər Allah yanında olan axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa, əgər doğruçusunuzsa onda ölümü arzulayın.»
    95. Onlar özlərindən qabağa göndərdikləri şeylərə (pis əməllərinə) görə, ölümü əsla arzulamazlar. Allah zalımların (halından) xəbərdardır.
    96. Əlbəttə (ki,) sən onları (uzun) ömür sürməyə bütün insanlardan – hətta (Allaha) şərik qoşanlardan – həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu (Cəhənnəm) əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir.
    97. («Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik» – deyən yəhudilərin cavabında) de: «Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Quranı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib.»
    98. Kim Allah, Onun mələkləri, peyğəmbərləri, Cəbrail və Mikail ilə düşmən olsa (kafirdir və) şübhəsiz Allah da kafirlərə düşməndir.
    99. Həqiqət budur ki, Biz sənə aydın və aydınlıq gətirən ayələr nazil etdik və onlara ancaq fasiqlər kafir olarlar.
    100. Nə üçün onlar nə vaxt (Allah və Onun peyğəmbərləri ilə) əhd bağlayıblarsa, onların bir dəstəsi onu pozub?! (Bunlar nəinki əhdi pozurlar,) hətta əksəriyyəti iman gətirmir.
    101. Onlara (yəhudi və xristianlara) Allah tərəfindən əllərində olanı (Tövrat və İncili) təsdiq edən bir peyğəmbər gəldikdə, onlardan kitab (elmi) verilmiş bir dəstə Allahın kitabına (Qurana və ya öz kitablarına, onun Allahın kitabı olmasını) bilmirmiş kimi arxa çevirdi.
    102. (Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!» Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!
    103. Əgər onlar iman gətirsəydilər və təqvalı olsaydılar (Allahdan qorxsaydılar) əlbəttə ki, Allah tərəfindən olan savab daha yaxşı olardı, əgər bilsəydilər!
    104. Ey iman gətirənlər! (Peyğəmbərə xitab edərkən) «raina» (bizi riayət elə) deməyin, «unzurna» (bizə nəzər sal) deyin (-çünki, birinci ifadə yəhudilərin yanında nifrin mənasınadır-) və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır.
    105. Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər Rəbbiniz tərəfindən sizə (vəhy, kitab və qələbə kimi) bir xeyir nazil olmasını sevmirlər, halbuki Allah Öz rəhmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf, mərhəmət sahibidir.
    106. Hər hansı bir nişanəni aradan aparsaq, ya yaddaşlardan silsək, ondan daha xeyirlisini, ya onun bənzərini gətirərik (hər hansı bir Quran ayəsini, ya ümumi bir hökmü, ya hansısa bir ilahi dəlili və ya digər əlamətləri götürsək, onun yerinə başqasını gətirərik). Məgər Allahın hər bir şeyə qadir olmasını bilmirsən?!
    107. Məgər bilmirsənmi ki, göylərin və yerin həqiqi mülkiyyəti, səltənəti və höküməti yalnız Allaha məxsusdur?! (Çünki hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun istəyindən asılıdır.) Sizin Allahdan başqa heç bir başçı və yardımçınız yoxdur?!
    108. Yoxsa siz də Peyğəmbərinizdən bundan qabaq Musadan (Allahın gözlə görülməsi) istənilən kimi (qeyri-mümkün və ya faydasız bir iş) istəmək istəyirsiniz?! İmanın yerinə küfrü qəbul edən şəxs, həqiqətən, doğru yolu itirmişdir.
    109. Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər. Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. Həqiqətən, Allah hər şeyə qadirdir.
    110. Namaz qılın və zəkat verin. Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir.
    111. Və dedilər: «Cənnətə yəhudi, ya xristiandan başqa əsla heç kəs daxil olmayacaqdır.» Bu, onların xam xəyallarıdır. De: «Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin.»
    112. Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.
    113. Yəhudilər dedilər: «Xristianlar haqq dində deyildirlər.» Və xristianlar dedilər: «Yəhudilər doğru dində deyildirlər.» Halbuki, onların hamısı (səma) kitab(ı) oxuyurlar. (Deməli iddiaların hər ikisi səhvdir və hər iki şəriət yalnız öz zamanlarında haqdır.) (Müşriklər kimi) nadanlar da onların sözləri kimi (sözlər) dedilər (ki, müsəlmanlar haqq deyildirlər). Odur ki, barəsində ixtilafa düşdükləri şey barəsində onların aralarında Qiyamət günü Allah hökm edəcəkdir.
    114. Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır.
    115. Şərq və qərb (yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.
    116. Və (kitab əhli) dedi: «Allah (Özü üçün) övlad götürmüşdür!» O (bütün bunlardan) pakdır! Əksinə, göylərdə və yerdə olanların hamısı Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun əlindədir). Hamı Onun qarşısında təslimdir. (Belə olan halda, mülkiyyət necə övlad ola bilər və mülkiyyət sahibinin ona nə ehtiyacı var?)
    117. (O,) göyləri və yeri yoxdan (layihə və plansız) yaradandır. Bir şeyin vücuda gəlməsi əmrini verəndə, ona yalnız «ol!» deyər, (həmin şey də) dərhal olar. (Bir şeyi istədiyi zaman həmin şey dərhal vücuda gələr.)
    118. (Müşrik və kafirlərdən olan) nadanlar dedilər: «Allah bizimlə nə üçün danışmır və ya bizə (sənin peyğəmbərliyinə dəlalət edən) bir möcüzə gəlmir?!» Onlardan qabaqkılar da buna bənzər sözlər dedilər. Onların qəlbləri (nadanlıq və inadkarlıqda) bir-birinə bənzəyir. Şübhəsiz, Biz (tovhid və Öz dinimiz barəsindəki) aydın dəlilləri inam əhli üçün bəyan etmişik.
    119. Şübhəsiz, Biz səni haqq və doğru olaraq müjdə verən və qorxudan kimi göndərdik və sən (risaləti çatdırdıqdan və dəlil gətirərək bəhanəyə yer qoymadıqdan sonra) Cəhənnəm əhli üçün (onların vəziyyətləri barəsində) qətiyyən məsuliyyət daşımırsan.
    120. Sən yəhudi və xristianların dinlərinə tabe olmayınca, onlar heç vaxt səndən razı qalmayacaqlar. De: «Həqiqətən (əsl) hidayət yalnız Allahın hidayətidir». Əgər sənə gələn elmdən sonra, onların nəfsi istəklərinə tabe olsan, Allah tərəfindən sənin üçün əsla bir başçı və yardımçı olmayacaqdır.
    121. Ona (Qurana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir.
    122. Ey İsrail övladları, sizə verdiyim nemətimi və sizi (öz zamanınızda) bütün aləmdəkilərdən üstün etməyimi xatırlayın.
    123. Və heç kəsin bir başqasının əzabını dəf edə bilməyəcəyi, (əzabın yerinə) ondan bir əvəzin qəbul olunmayacağı, şəfaətin ona heç bir fayda verməyəcəyi və onlara heç bir köməyin də göstərilməyəcəyi gündən çəkinin.
    124. Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim.» (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz.»
    125. Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kəbəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin.
    126. Və (xatırlayın) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə – hər növ meyvə və məhsullardan ruzi ver.» Buyurdu: «(Elə də edəcəyəm) və kim kafir olsa, onu bir az bəhrələndirəcək, sonra isə odun əzabına düçar edəcəyəm və ora pis bir qayıdış yeridir!»
    127. Və (yada salın) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kəbənin) təməlini ucaldırdılar (və deyirdilər): «Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!»
    128. «Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!»
    129. «Ey Rəbbimiz, onların arasına özlərindən Sənin ayələrini onlara oxuyan, kitab və hikmət (şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, yenilməz qüdrət və hikmət sahibi Sənsən!»
    130. İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, imamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır.
    131. O zaman Rəbbi (tovhid dəlillərini göstərdikdən sonra, ilham yolu ilə) ona «təslim ol!» buyuranda o, «aləmlərin Rəbbinə təslim oldum» dedi. Həmçinin (peyğəmbər kimi seçilərək göndərildikdən sonra, vəhy yolu ilə) ona «əmrə təslim ol!» buyuranda o, «Allahın əmrlərinə təslim oldum» dedi.
    132. İbrahim və Yəqub oğlanlarına öz dinlərini tövsiyə etdilər (və hər biri öz vəsiyyətində dedi) ki: «Ey mənim oğlanlarım, şübhəsiz, Allah bu dini sizin üçün seçib. Buna görə də (çalışın) dünyadan mütləq yalnız müsəlman olaraq gedin!»
    133. (Siz ki, «Yəqub öz oğlanlarına yəhudiliyi tövsiyə etdi» deyirsiniz,) məgər Yəqubun ölümü çatan zaman onun yanında və şahid idiniz? (Halbuki, Yəqub) öz oğlanlarına: «Məndən sonra nəyə ibadət edəcəksiniz?» – deyəndə, (İbrahimin hənif dinini tapşırmışdı və oğlanları da onun cavabında) «sənin və ataların İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha ibadət edəcəyik və biz Ona (Onun əmrlərinə) təslim olanlarıq» demişdilər.
    134. Onlar bir ümmət idilər ki, keçib-getdilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir və siz əsla onların etdikləri əməllər barəsində sorğu-sual edilməyəcəksiniz.
    135. Və (kitab əhli insanlara) dedilər: «Yəhudi yaxud xaçpərəst olun ki, doğru yolu tapasınız.» De: «Əksinə, haqq (yol)a yönəlmiş İbrahimin dininə (tabe olacağıq) və o, əsla müşriklərdən olmayıb.»
    136. (Ey möminlər) deyin: «Biz Allaha və bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub və Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musa və İsaya, eləcə də peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Onların arasında (haqq olmaları və Allah tərəfindən seçilib göndərilmələri baxımından) heç bir fərq qoymuruq və biz Onun müqabilində təslim olanlarıq.»
    137. Beləliklə, əgər onlar da sizin iman gətirdiklərinizə iman gətirsələr, şübhəsiz, doğru yolu tapıblar. Əgər üz döndərsələr, həqiqətən, müxalifət və düşmənçilik məqamındadırlar. Buna görə də, Allah tezliklə onların şərrini səndən dəf edəcəkdir və Odur eşidən və bilən!
    138. (Bəli, bizim qəlblərimizin imanı) ilahi boyaqçılıqdır! Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz Ona ibadət edənlərik.
    139. De: «Bizimlə Allah(ın işi) barəsində höcətləşirsiniz (ki, peyğəmbəri nə üçün ərəblərdən seçdi)? Halbuki O, (həm) bizim Rəbbimiz və (həm də) sizin Rəbbinizdir və bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir və biz Ona sadiqik» (və Peyğəmbərin seçilməsinin səbəbi həmin əməl və sədaqətdir).
    140. Deyirsiniz ki, İbrahim, İsmail, İshaq, Yəqub və (Yəqubun nəvələri olan) Əsbat yəhudi ya da xaçpərəst olublar? De: «Siz daha çox bilirsiniz yoxsa Allah» (ki, onların yəhudilik və xaçpərəstlikdən uzaq olduqlarına şəhadət vermişdir və siz bunu bilir və gizlədirsiniz)? Allah tərəfindən yanında olan (hər hansı) bir şəhadəti gizlədəndən daha zalım kim ola bilər?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.
    141. Onlar keçib getmiş bir ümmətdirlər, onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir. Siz onların etdiyi əməllər barəsində əsla sorğu-sual olunmayacaqsınız.
    142. Tezliklə səfeh insanlar deyəcəklər: «Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəsdən Kəbəyə tərəf) nə döndərdi?» De: «Şərq və qərb Allahındır, istədiyi şəxsi (bəşər cəmiyyətinin xeyirinə olan) doğru yola hidayət edir.» (Bir müddət Qüdsə üz tutmaq məsləhət idi, ondan sonra isə Kəbəyə üz tutmaq məsləhətdir.)
    143. (Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun. Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsi geri dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəli elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin etməmişdik. Hərçənd ki, bu hökm Allahın hidayət etdiyi şəxslərdən başqası üçün çətin və ağır idi. Allah sizin imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir. Həqiqətən Allah insanlara qarşı olduqca şəfqətli və mehribandır.
    144. Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin. Həqiqətən, (səma) kitab(ı) verilmiş kəslər bilirlər ki, şübhəsiz, bu, (Kəbəyə üz tutmaq) onların Rəbbi tərəfindən olan bir haqqdır. (Çünki, onların kitabında İslam Peyğəmbərinin iki qibləyə namaz qılacağı vardır.) Allah onların etdiklərindən (müxalifətlərindən) qafil deyildir.
    145. Şübhəsiz, sən kitab əhli üçün hər nişanə və dəlil gətirsən də onlar sənin qiblənə tabe olmayacaqlar və sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. Həmçinin onların bəzisi digərinin qibləsinə tabe olmayacaqdır. Əgər sənə verilmiş o elmdən sonra onların istəklərinə tabe olsan, onda şübhəsiz ki, zalımlardan olacaqsan.
    146. (Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi-səlləllahu əleyhi və alihi və səlləm-Tövrat və İncilin onu kamil tanıtdırması əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir.
    147. Bu haqq (qiblənin dəyişdirilməsi hökmü və haqq olan hər hansı digər bir hökm) sənin Rəbbin tərəfindəndir. Odur ki, əsla şübhə edənlərdən olma.
    148. Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kəbəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Harada olsanız, Allah (əməllərin əvəzini vermək üçün) sizin hamınızı (Məhşər səhnəsinə) gətirəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir.
    149. Və haradan (səfərə) çıxsan, (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Şübhəsiz bu, sənin Rəbbin tərəfindən haqq (fərman)dır və Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.
    150. (Bəli) və haradan çıxsan (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin ki, insanların zalımlarından (məntiqsiz söz danışanlarından) başqalarının sizə (irad tutmağa) bir dəlili olmasın (müşriklər deməsinlər ki, «İbrahimin dininin iddiasını etdiyi halda, onun qibləsi ilə müxalifdir» və ya kitab əhli «gəlməsi vəd edilmiş peyğəmbərin qibləsi Kəbə olmalıdır, deməli bu şəxs həmin peyğəmbər deyil» deməsinlər). Odur ki, onlardan qorxmayın Məndən qorxun. Və (həmçinin bu qiblənin təyin edilməsi) bəlkə hidayət olundunuz deyə Öz nemətimi sizə tamamlamağım üçündür.
    151. (Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir).
    152. Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükr edin və küfr və nemətlərimə nankorluq etməyin.
    153. Ey iman gətirənlər, səbr və namazdan kömək diləyin ki, həqiqətən Allah səbr edənlərlədir.
    154. Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz.
    155. Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver.
    156. O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər.
    157. Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!
    158. Həqiqətən, Səfa və Mərvə (dağları) Allahın (dininin və Ona sitayişin) əlamət və nişanələrindəndir. Odur ki, Allah evinin «həcc» ziyarətini edən, yaxud «ümrə»ni yerinə yetirən şəxsin o ikisini təvaf etməsində (ikisi arasında «səy» etməsində) ona (nəinki) heç bir günah yoxdur (əksinə vacibdir. Çünki, İslamdan qabaqkı müşriklərin Səfa və Mərvənin hər birində bir büt qoyub, hər dövrdə onlara təzim etmələri, sizin Allah üçün olan «səy» əməlinizin haramlığına səbəb olmur). Hər kim vacib miqdardan artıq xeyir bir iş görsə (səy və təvafın sayını artırsa), Allah qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir.
    159. Həqiqətən (Muhəmmədin-səlləllahu əleyhi və alihi və səlləm-peyğəmbərliyi və kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!
    160. Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm.
    161. Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!
    162. Əbədi olaraq onda (lənət içində) qalacaqlar. Onların nə əzabı yüngülləşdirilər və nə də onlara (üzr istəmələri üçün) möhlət verilər.
    163. Sizin tanrınız tək olan Allahdır, (ibadət edilməyə layiq) Ondan başqa bir tanrı yoxdur. O, bağışlayan və mehribandır.
    164. Şübhəsiz, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanların xeyrinə olaraq dənizdə hərəkət edən gəmilərdə, Allahın səmadan nazil etdiyi və vasitəsilə yeri ölümündən sonra diriltdiyi və müxtəlif növdən olan canlıları onun (yerin) hər tərəfinə yaydığı suda, küləklərin (bir tərəfdən başqa bir tərəfə) əsdirilməsində və göylə yer arasında təslim halda olan buludda (bu yeddi şeyin hər birində) düşünən qövm üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) nişanələr vardır.
    165. İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur. Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar).
    166. O zaman (küfr və zülm) başçılar(ı) öz ardıcıllarından uzaqlaşacaq, əzabı (gözləri ilə) görəcək və bütün əlaqə və bağlılıqları qırılacaqdır.
    167. (Küfr və zülm başçılarına) tabe olanlar deyərlər: «Kaş bizim üçün (dünyaya) bir qayıtmaq (imkanı) olaydı və onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşaydıq». Allah onların (dünya) əməllərini bu cür həsrət amilləri kimi onlara göstərər. Onlar Cəhənnəm odundan əsla çıxan deyildirlər.
    168. Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir.
    169. O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir.
    170. (Müşrik və kafirlərə) «Allahın nazil etdiyinə tabe olun» deyildikdə, onlar «(xeyr,) əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq» deyərlər. Görəsən ataları hətta bir şey anlamayıb, (düz yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?!
    171. Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər.
    172. Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin (çünki şükürsüz ibadət kamil deyildir).
    173. Həqiqətən (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir. Amma əslində ona meyli olmadan (Allahın hökmünə qarşı çıxmaq niyyəti olmadan) və zərurət miqdarını aşmadan (onları yeməyə) məcbur olan şəxsə heç bir günah yoxdur. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
    174. Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od yemək şəklində zahir olacaqdır). Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.
    175. Hidayət bahasına azğınlığı və bağışlanmaq müqabilində əzabı satın almış kəslər onlardır. Vay-vay, onlar oda necə də səbrlidirlər!
    176. O əzab buna görədir ki, Allah kitabı (bütün səma kitablarını) haqq olaraq (düzgün, ali və əqli bir hədəf üçün) nazil etmişdir. Həqiqətən Allahın kitabı (onun hamısının və ya bəzisinin qəbul edilməsi, kəlmələrinin, yaxud mənasının təhrif edilməsi) barəsində fikir ayrılığına düşmüş kəslər uzun-uzadı bir düşmənçilik içərisindədirlər.
    177. Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir.)
    178. Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın. Beləliklə kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir. (Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır.
    179. Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır (cəmiyyətin həyatı qisas hökmünün həyata keçirilməsindədir), (ki) bəlkə (nahaq qanlar axıtmaqdan) çəkinəsiniz.
    180. Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır.
    181. Odur ki, kim onu (həmin vəsiyyəti) eşitdikdən sonra dəyişdirsə (tərk və ya təhrif etsə), günahı yalnız onu dəyişdirənlərin boynunadır. Şübhəsiz, Allah eşidən və biləndir.
    182. Buna görə də, kim vəsiyyət edənin səhv etməsindən və ya günahından qorxsa (onun səhvən və ya bilərəkdən varislərin hüquqlarını pozmasını başa düşsə) və beləliklə (vəsiyyəti dəyişdirməklə) onların (varislərlə vəsiyyət olunmuş şəxslərin) arasını düzəltsə, (bu dəyişikliyə görə) onun boynuna günah düşmür. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.
    183. Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.
    184. Bir neçə gün! Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun). Və oruc tutmağın taqətsizləşdirdiyi kəslər (qocalar, azyaşlılar və ağır xəstələr oruc tutmaya bilərlər və onlar) üçün (oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir «mudd», yəni yeddi yüz əlli qram) yemək vermək onun kəffarə və əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz!
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / 24 / 25 / 26 >>
Bölmə: Dini biliklər | Əlavə edildi: azerhero (28.12.2013) | Müəllif: R.C E W
Baxış: 3314 | Rəy: 1 | Reytinq: 3.7/6
Bütün rəylər: 1
avatar
0
1 Umid • 17.33.41, 27.05.2014
Bunlardan gozel ne ola biler ki?
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more