Əsas » Məqalə » Dini biliklər

Qurani-Kərimin tərcüməsi-16
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / 24 / 25 / 26 >>

    15. (Allah) buyurdu: «Belə deyil. Siz ikiniz də Bizim ayələrimizi aparın. Şübhəsiz, Biz sizinlə birgə (Fironun adamlarının nə dediklərini) eşidəcəyik!».


    16. «Fironun yanına gedərək deyin: «Həqiqətən, biz aləmlərin Rəbbinin göndərdiyi peyğəmbərlərik».
    17. «(Belə deyin) İsrail övladlarını bizimlə (Şama – öz ana vətənimizə) göndər».
    18. Firon dedi: «Məgər biz səni uşaqlıq çağında öz yanımızda böyütmədikmi? Ömrünün neçə ilini bizim yanımızda qalmadınmı?»
    19. Sən (bizim nemətlərimizə) nankorlardan olduğun halda, elədiyin o işi də elədin (bir kişini öldürdün)!»
    20. (Musa) dedi: «O işi o vaxt edərkən mən xəbərsizlərdən idim (xəbərsiz idim ki, bir zərbə bir kəsin ölümünə səbəb ola bilər)».
    21. «Buna görə də, sizdən qorxub qaçdım, sonra Rəbbim mənə peyğəmbərlik, hikmət və şəriət elmi əta etdi, məni Öz peyğəmbərlərindən etdi».
    22. «Məgər İsrail övladlarını kölə etməyin bir nemətdirmi ki, onu mənə minnət qoyursan (halbuki, mən də onlardan biri kimi sənin əsarətində idim)?!»
    23. Firon dedi: «Aləmlərin Rəbbi nədir?»
    24. (Musa) dedi: «O, göyləri, yeri və onların arasında olanları idarə və tərbiyə edəndir, əgər yəqinlik əhli olsanız, (gözəl şəkildə idarə və tərbiyə olunmalarından, onları idarə və tərbiyə edənin varlığını dərk edə bilərsiniz)».
    25. Firon öz ətrafındakılara dedi: «(Onun sözlərinə) qulaq asırsınızmı?! (O, necə də mənim sualımı olduğu kimi təkrarlayır. Mən ondan Rəbbin mahiyyətini soruşuram, Musa isə mənə Onun işləri haqqında cavab verir)?!»
    26. (Musa) dedi: «O sizin də, ulu babalarınızın da Rəbbidir».
    27. Firon dedi: «Həqiqətən, sizə göndərilmiş olan bu peyğəmbər, şübhəsiz, divanədir (mən bir şey soruşuram, o isə başqa şeydən danışır)!»
    28. Musa dedi: (O,) «Şərqin və qərbin (günəşin doğduğu və qürub etdiyi bütün planetlərin çıxma və batma yerinin) və bu ikisinin arasında olan hər bir şeyin Rəbbidir, əgər düşünsəniz?».
    29. Firon dedi: «Şübhəsiz, əgər məndən savayı bir tanrı qəbul etsən, mütləq səni həbs etdirəcəyəm».
    30. Musa dedi: «Hətta sənə açıq-aydın bir şey (iddianın doğruluğunu sübut edəcək aydın və aşkar bir möcüzə) gətirsəm də?!»
    31. Dedi: «Əgər düz danışanlardansansa onu gətir (görüm)».
    32. Beləliklə, Musa öz əsasını atan kimi (əsa), qəfildən açıq-aşkar bir əjdaha oldu. (Onun əjdaha olduğu tam aydın görünürdü).
    33. Və əlini (qoynunun altından) çıxardanda, o, baxanlara qəflətən (gözqamaşdırıcı) ağappaq və nurlu göründü.
    34. Firon ətrafındakı əyanlara dedi: «Həqiqətən, bu, çox bilikli bir sehrbazdır!»
    35. «Sizi öz sehri ilə torpağınızdan çıxarmaq istəyir. Fikriniz nədir?»
    36. Dedilər: «Onun və qardaşının işini təxirə sal və şəhərlərə toplayıcı məmurlar göndər.
    37. Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər».
    38. Beləliklə, bütün sehrbazlar məlum bir günün müəyyən olunmuş vaxtında (bayram günündə) toplandılar.
    39. Camaata (onları dəvət edib sehrbazlara tabe etmək məqsədilə) deyildi: «Siz də yığışacaqsınızmı?»
    40. «Əgər sehrbazlar qalib gəlsələr, biz də onlara tabe olaq (Fironun tanrılığına və dininə itaət etməyə davam edərik)».
    41. Sehrbazlar gəldikdə Firona dedilər: «Əgər qalib gəlsək, bizim üçün bir mükafat olacaqmı?!»
    42. (Firon) dedi: «Bəli! Və belə olan surətdə mütləq (bizim dərgahımıza) yaxın adamlardan olacaqsınız».
    43. Musa onlara dedi: «Nə atacaqsınızsa atın».
    44. Onlar öz iplərini və əsalarını yerə atdılar. (Firona və öz düzəltdikləri ilan kimi qıvrılan əşyalara çox güvənərək) dedilər: «Fironun izzətinə (və cəlalına) and olsun ki, mütləq biz qalib gələcəyik».
    45. Belə olduqda Musa (da) öz əsasını atdı. O, onların düzəltdikləri (və nümayiş etdirdikləri) həqiqi olmayan şeyləri qəfildən uddu.
    46. Sehrbazlar (işin əzəmətindən və Haqqın qüdrətindən, naçar) səcdə halında torpağa qapandılar.
    47. Dedilər: «İman gətirdik aləmlərin Rəbbinə.
    48. Musanın və Harunun Rəbbinə».
    49. Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan və birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».
    50. Dedilər: «(Bizə) heç bir zərəri yoxdur, çünki biz öz Rəbbimizə doğru dönəcəyik (və O hər şeyi yoluna qoyar)».
    51. «Həqiqətən, biz umuruq ki, Rəbbimiz – ilk iman gətirənlər olduğumuza görə günahlarımızı bağışlasın».
    52. Musaya belə vəhy etdik: «Mənim bəndələrimi gecə vaxtı çıxart, çünki siz təqib ediləcəksiniz (bununla da sizin qurtuluşunuzun və Fironun adamlarının həlakının müqəddiməsi hazırlanacaqdır)».
    53. Firon (İsrail övladlarının qaçmasından xəbərdar olduqdan sonra) şəhərlərə qüvvələr göndərdi (ki, ordu toplasınlar).
    54. (O belə deyirdi): «Həqiqətən, bunlar kiçik bir dəstədir».
    55. Və əlbəttə, bunlar bizi (dəfələrlə itaətsizliklərinə görə) qəzəbləndirmişlər.
    56. Şübhəsiz, biz ayıq-sayıq və hazırlıqlı bir dəstəyik.
    57. Beləliklə, (Biz) onları bağlardan və bulaqlardan,
    58. (Nemət) xəzinələr(in)dən, gözəl və dəyərli yerlərdən çıxartdıq.
    59. (Bizim qüdrət və hikmətimiz) belə idi (belə tələb edirdi) və onların hamısını İsrail övladlarına irs olaraq verdik.
    60. Beləliklə (Fironun adamları) günəş doğduqda onların arxasınca getdilər.
    61. O iki dəstə bir-birlərini gördükdə, Musanın (adamları) dedilər: «Şübhəsiz, biz artıq yaxalanmaqdayıq».
    62. Musa dedi: «Belə deyildir, şübhəsiz, Rəbbim mənimlədir, tezliklə mənə (nicat yolunu) göstərəcəkdir».
    63. Sonra Musaya vəhy etdik ki: «Öz əsanla dənizə vur». Dəniz (əsanın vurulmasıyla on iki yerdən yol kimi) bölündü və (iki yolun arasında olan) hər bir hissə böyük bir dağ kimi oldu.
    64. O biri dəstəni də (Fironun adamlarını) oraya yaxınlaşdırdıq.
    65. Musaya və onunla birgə olanların hamısına nicat verdik.
    66. Sonra o biri dəstəni (suda) qərq etdik.
    67. Həqiqətən, də bunda (bu hekayətdə Allahın tovhidi, qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Onların (müşriklərin) əksəriyyəti haqqa iman gətirən deyildilər.
    68. (Ya Peyğəmbər!) həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
    69. Və onlara (müşriklərə) İbrahimin xəbərini və hekayətini söylə.
    70. O zaman o, atasına və öz tayfasına demişdi: «Siz nəyə ibadət edirsiniz?»
    71. (Onlar) Dedilər: «Biz bütlərə ibadət edirik və daima onlarla birgəyik, onların dərgahlarına başımızı qoyuruq».
    72. (İbrahim) dedi: «(Onları) Çağırdığınız zaman səsinizi eşidirlərmi (və istəyinizi yerinə yetirirlərmi)?»
    73. «Yaxud sizə bir xeyir və ya zərər verirlərmi?»
    74. Dedilər: «(Yox), ancaq atalarımızın belə etdiklərini görmüşük».
    75. (İbrahim) dedi: «Nəyə ibadət etdiyinizi görürsünüzmü?
    76. Sizlər və ulu babalarınız?»
    77. «Şübhəsiz, aləmlərin Rəbbindən başqa onların hamısı mənim düşmənimdirlər (çünki onlar, özlərinə ibadət edənləri cəhənnəmlik edənlərdir, aləmlərin Rəbbi isə belə deyildir)».
    78. «Məni yaradan və daim (məişət və axirət işlərimdə) mənə doğru yol göstərən Odur».
    79. «Məni yedirdən də içirdən də Odur».
    80. «Xəstələndikdə mənə şəfa verən də Odur».
    81. « Məni öldürəcək, sonra dirildəcək Odur».
    82. «Cəza günü günahımı bağışlamasına ümid etdyim də Odur».
    83. «Ey Rəbbim, mənə əqli, dini elmlər bəxş et və məni salehlərə qovuşdur».
    84. «Mənə gələcək nəsillər arasında gözəl bir ad, xatirə, doğru danışan bir dil və (mənə) haqqa doğru bir dəvət edən ver».
    85. «Məni nemətlərlə dolu olan Cənnətin varislərindən et».
    86. «Atamı bağışla! O, azanlardan oldu. (Azər İbrahimin qayınatası və ya əmisi idi, atası Tarox isə Allahın təkliyinə inananlardan idi.)
    87. «Məni (insanların) dirildiləcəyi gün xar etmə»
    88. «O gün ki, malın və oğulların bir faydası olmayacaq».
    89. «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!».
    90. (O gün) Cənnət təqvalılara yaxınlaşdırılar.
    91. Cəhənnəm də azğınlara aşkar olar.
    92. Və onlara deyilər: «İbadət etdikləriniz haradadır,
    93. Allahın əvəzinə (ibadət etdikləriniz)?! Sizə kömək edirlərmi, yaxud əzabı özlərindən dəf edə bilirlərmi?!»
    94. Beləliklə, (ibadət etdikləri) o tanrılar və azğınlar bir-birinin ardınca, üzü üstə atılarlar.
    95. İblisin bütün əsgərləri də (daim onun itaətində olan müşrik, kafir və fasiqlər, İblisin özünün nəsli və balaları da oda sürüklənərlər).
    96. Onlar (Cəhənnəm əhli) bir-birlərilə dava-dalaş edən halda (öz tanrılarına) deyərlər:
    97. «Allaha and olsun ki, biz həqiqətən, açıq-aşkar yolumuzu azmışdıq».
    98. «Çünki sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq».
    99. «Bizi yalnız günahkarlar (fəsad törədən alimlər, zalım hakimlər və azğın dostlar) azdırdılar».
    100. «İndi, (bu gün) bizim nə bir şəfaət edənimiz,
    101. nə də mehriban və səmimi bir dostumuz var».
    102. «Kaş biz bir də (dünyaya) qayıda biləydik ki, möminlərdən olaydıq».
    103. Həqiqətən, də, bunda (bu hekayətdə Allahın qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Halbuki onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
    104. Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və yenilməzdir, (itaətkarlara qarşı) mehribandır.
    105. Nuhun qövmü Allahın bütün peyğəmbərlərini təkzib etdi.(Onların bəzisini təkzib etmək hamısını təkzib etmək deməkdir. Yaxud da onlar risalətin özünü inkar etdilər.)
    106. O zaman (qəbilə) qardaşları olan Nuh onlara dedi: «Məgər (Allahın qəzəb və əzabından) çəkinmirsiniz?»
    107. «Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».
    108. «Allahdan qorxun və mənə itaət edin».
    109. «Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
    110. «Belə isə, Allahdan qorxun və mənə itaət edin».
    111. Dedilər: «Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənəmi iman gətirək?»
    112. Dedi: «Onların nə etmiş olduqlarından və nə etdiklərindən mənim nə xəbərim var axı?!
    113. Əgər düşünsəniz onların hesabı yalnız mənim Rəbbimin öhdəsinədir».
    114. «Və mən əsla möminləri qovan deyiləm».
    115. «Mən yalnız açıq – aşkar qorxudanam (bir Peyğəmbərəm)».
    116. Dedilər: «Ey Nuh, əgər (bu dəvətdən) əl çəkməsən, mütləq daşqalaq olunanlardan olacaqsan».
    117. Dedi: «Ey Rəbbim, həqiqətən, qövmüm məni təkzib etdi».
    118. «Odur ki, mənimlə onların arasında aydınlaşdıran bir hökm çıxar, mənə və mənimlə birgə olanlara nicat ver».
    119. Beləliklə onu və onunla birlikdə (insanlar, heyvanlar və azuqə ilə) dolu olan gəmidəkiləri xilas etdik.
    120. Onların nicatından sonra qalanların hamısını (suda) qərq etdik.
    121. Həqiqətən, də, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti Haqqa iman gətirən deyildilər.
    122. Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
    123. Ad qövmü də (Hud qövmü) Allahın peyğəmbərlərini təkzib etdi.
    124. O zaman (qəbilə) qardaşları Hud onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?!»
    125. «Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».
    126. «Belə isə, Allahdan qorxun və mənə itaət edin».
    127. «Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
    128. «(Siz) hər bir uca məkanda əbəs yerə və əyləncə xatirinə bir bina ucaldıb var-dövlət nişanəsimi edirsiniz?»
    129. «Cah–cəlallı qəsrlər (və su hövzələri və hovuzlar) tikirsiniz, sanki əbədi qalacaqsınız?!»
    130. «Və (birini) yaxaladıqda (ona) zülmkarcasına cəza verirsiniz».
    131. «Belə isə, Allahdan qorxun və mənə itaət edin».
    132. «Qorxun o kəsdən ki, bildiyiniz şeylərlə sizə kömək etdi».
    133. «Sizə heyvanlar və oğullar (əta etməklə) kömək etdi»;
    134. «Həmçinin bağlar və bulaqlarla (kömək etdi)».
    135. «Həqiqətən, mən Böyük Günün sizə (çatacaq) əzabından qorxuram».
    136. Dedilər: «Nəsihət etsən də,öyüd verənlərdən olmasan da bizim üçün birdir».
    137. «Bu, (Allaha və axirətə dəvət) keçmişdə nübuvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. (Biz onu qəbul etmədik.) (Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz bizim keçmiş ata–babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz bəşərin əzəldən bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab – kitab adlı bir şey olmayacaqdır)».
    138. «(Bəs, axirət aləmi olmadığı üçün) bizə əsla əzab verilməyəcəkdir».
    139. Beləliklə onu (Hudu) təkzib etdilər və Biz də onları həlak etdik. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
    140. Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
    141. Səmud qövmü də Allahın bütün peyğəmbərlərini təkzib etdi.
    142. O zaman onların (qəbilə) qardaşları Saleh onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?»
    143. «Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».
    144. «Belə isə, Allahdan qorxun və mənə itaət edin»!
    145. «Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
    146. «(Güman edirsiniz ki,) burda olanların içində (şəxsi mühitdə və dünyəvi yaşayışda) əmin amanlıqla başlı–başına buraxılacaqsınız?!
    147. Bağlar və çeşmələr içində?!
    148. Əkinlər və nizamlı, nazik və lətif çiçəkləri olan xurma ağacları (içində)?!»
    149. «Məharətlə və təkəbbürlə dağlardan evlər yonub düzəldirsiniz?!»
    150. «Nəhayət, Allahdan qorxun və mənə itaət edin».
    151. «İsraf edənlərin (həddini aşanların) əmrinə tabe olmayın».
    152. «O kəslər ki, yer üzündə fəsad törədər və (heç vaxt) islah etməklə məşğul olmazlar».
    153. Dedilər: «Həqiqətən, sən cadu olunmuşlardansan».
    154. «Sən yalnız bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bir ayə və möcüzə gətir».
    155. (Sonra, Salehin duası ilə dağdan dişi bir dəvə çıxdı və Saleh) dedi: «Bu dişi bir dəvədir. (Bu bulağın) suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir».
    156. «Ona heç bir ziyan yetirməyin ki, Böyük günün əzabı sizi yaxalayar» (dünyada hamılıqla əzab və ya Qiyamət əzabı).
    157. (Amma onlar) dəvəni tutub kəsdilər, sonra isə peşman oldular.
    158. Beləliklə, (vəd olunmuş) əzab onları yaxaladı. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. nların əksəriyyəti haqqa iman gətirən deyildi.
    159. Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib (itaətkarlarla) mehribandır.
    160. Lutun qövmü də Allahın peyğəmbərlərini təkzib etdi.
    161. O zaman (qəbilə) qardaşları Lut onlara dedi: «(Bu şirk və küfrünüzdən) çəkinmirsinizmi?!»
    162. «Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm».
    163. «Odur ki, Allahdan qorxun və mənə itaət edin».
    164. «Mən bunun (risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
    165. «Siz bu dünyadakı insanlardan (yalnız) erkəklərləmi yaxınlıq edirsiniz?!»
    166. «Və Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edirsiniz?! (Günahınız kiçik deyil). Siz (xilqət və fitrət yolundan, şəriət çərçivəsindən) həddi aşan tayfasınız.»
    167. (Onlar) dedilər: «Ey Lut, əgər (bu sözlərindən) əl çəkməsən, mütləq sürgün olunanlardan olacaqsan!»
    168. (Lut) dedi: «Şübhəsiz, mən sizin bu əməlinizlə düşmən olanlardanam».
    169. «Ey Rəbbim, mənə və ailəmə bunların gördüyündən (əməlin cəzasından) nicat ver».
    170. Sonra ona və bütün ailəsinə nicat verdik.
    171. Yalnız (vəd olunmuş əzabda) qalanlardan olan qoca bir arvaddan (Lutun zövcəsindən) başqa.
    172. Sonra da o birilərini məhv etdik.
    173. Onların başlarına (daşdan) bir yağış yağdırdıq. (Xəbərdarlığa əhəmiyyət verməyən) qorxudulanların yağışı pis bir yağış idi!
    174. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) var və onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
    175. Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlarla) mehribandır.
    176. «Əykə» camaatı da Allahın bütün peyğəmbərlərini təkzib etdi.
    177. O zaman Şüeyb onlara dedi: «(küfr və şirkinizdən) çəkinmirsinizmi?!»
    178. «Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm».
    179. «Odur ki, Allahdan qorxun və mənə itaət edin».
    180. «Mən bunun (bu risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
    181. «(Alış-veriş zamanı) tərəzi qabını dolu verin (ölçüdə düz olun). Ziyan vuranlardan olmayın».
    182. «Düzgün tərəzi ilə çəkin».
    183. «İnsanların mallarını əskik verməyin və yer üzündə fəsad törədən hərəkət etməyin».
    184. «Sizi və sizdən öncəki qövmləri yaradandan qorxun».
    185. (Onlar): «Həqiqətən, sən cadu olunmuşlardansan»–dedilər.
    186. «Sən yalnız bizim kimi bir insansan. Həqiqətən, biz səni yalançılardan hesab edirik.»
    187. (Və istehza məqsədilə dedilər:) «Əgər doğru danışanlardansansa, onda göyün parçalarını üstümüzə endir».
    188. (Şüeyb) dedi: «Mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir (Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir)».
    189. Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.
    190. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
    191. Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib və (itaətkarlarla) mehribandır.
    192. Şübhəsiz bu (Quran) aləmlərin Rəbbinin nazil etdiyidir (Onun əzəli elmindən Lövhi-Məhfuza və oradan da Cəbrailin (Ruhul - Əminin) hafizəsinə nazil olmuşdur).
    193. Ruhul-əmin (Cəbrail) onu endirdi,
    194. Qorxudanlardan (Peyğəmbərlərdən) olasan deyə, sənin qəlbinə (nazil etdi),
    195. (Onu) açıq-aydın ərəb dilində (nazil etdi).
    196. Həqiqətən, də, bu (kitabın adı, vəzifəsi və gətirənin adı) keçmişdəkilərin (əvvəlki peyğəmbərlərin) kitablarında gəlmişdir.
    197. Məgər Bəni-İsrail alimlərinin bundan (bu kitabdan və onun vəsflərindən tamamilə) xəbərdar olmaları onlar (Məkkə müşrikləri) üçün sübut və nişanə deyilmi?
    198. Əgər bunu (bu kitabı bütünlüklə) bəzi əcəmlərə (ərəb olmayanlara başqa bir dildə) nazil etsəydik;
    199. Quranı (Peyğəmbər, ya o əcəm) onlara oxusaydı, əsla ona iman gətirməzdilər (və deyərdilər: «Əcəm dilində olan Quran hara, ərəb milləti hara?»)
    200. Biz onu belə (xoşagəlməz və batil düşündükləri halda Məkkə) günahkarlarının qəlblərinə beləcə yeritdik.
    201. (Ölüm, Bərzəx ya Qiyamətin) ağrılı əzabını görməyincə ona iman gətirməyəcəklər.
    202. (Bu əzab) onlara qəflətən, özləri də bilmədən gələr.
    203. Sonra (təəssüf və peşmançılıqla) deyərlər: «Görəsən bizə bir möhlət veriləcəkmi?»
    204. Belə olduqda, (məzəmmət məqsədilə deyilər:) «Bizim əzabımızamı tələsirdilər?!»
    205. (Ya Peyğəmbər!) xəbər ver, əgər onları illərlə (dünya həyatından) bəhrələndirsək;
    206. Sonra da vəd olunduqları (əzab) onlara yetişsə;
    207. Onlara verilmiş olan nemətlər (Allahın əzabından) nəyi onlardan dəf edə bilər?
    208. Biz (cəza olaraq) qorxudanlar (peyğəmbərlər, yaxud onların canişinləri) olmayan heç bir cəmiyyəti məhv etmədik;
    209. (Cəmiyyətə) bir öyüd – nəsihət olsun deyə, (dəvət kamil və dəlil-sübut tamam olsun deyə, əks təqdirdə onları məhv etmək zülm olardı). Biz heç vaxt zülmkar olmamışıq!
    210. Bunu (Quranı) əsla şeytanlar (Bizim Peyğəmbərimizə) nazil etməmişlər.
    211. Və (bu əzəmətli və müqəddəs iş) onlara (zatən şər və fəsad mənbəyi olan şeytanlara) layiq deyildir və (bu işin müqəddəsliyinə, öz zatlarının da xəbisliyinə görə) onların buna qüdrətləri çatmaz.
    212. Şübhəsiz, (göyün qapıları üzlərinə qapalı olduğuna görə) onlar (Allah kəlamını) eşitməkdən kənarlaşdırılmışlar.
    213. Allahla yanaşı başqa bir tanrı çağırma ki, əzaba düçar edilənlərdən olarsan.
    214. Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et.
    215. Və öz mehr (məhəbbət) və təvazökarlıq qanadını möminlərdən sənə tabe olan hər bir kəsin üzərinə endir; cəzbedici çətirini onların başları üzərində aç.
    216. Əgər sənə itaətsizlik etsələr, de: «Mən sizin etdiklərinizdən (sizin çirkin və batil işlərinizdən) uzağam».
    217. Və o qadir, qalib və mehriban (Allaha) təvəkkül et.
    218. O Allaha ki, səni (namaza, ya hər hansı bir xeyir işə) duranda, görür.
    219. Və həmçinin səcdə edənlər arasında (qiyam, rüku və səcdə) hərəkətlərini (görür).
    220. Çünki, O eşidən və biləndir.
    221. Şeytanların kimə (o əsrin kahinləri kimi) nazil olduğunu sizə xəbər verimmi?
    222. (Onlar) hər bir yalançı (böhtançı) və günahkara nazil olarlar.
    223. (Uca məqamdan) eşitdiklərini onlara təlqin edərlər və əksəriyyəti yalançıdır.
    224. (Peyğəmbər şair deyildir) şairlərə yalnız azğınlar tabe olarlar (uyarlar).
    225. Məgər görmədinmi ki, onlar hər bir vadidə (xəyallar aləmində) dərbədərdirlər?
    226. Və onlar özləri etmədikləri şeyləri deyirlər?!
    227. Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar.
Ən-Nəml ‏ surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Ta, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç bir kəsin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və belə mütəşabih ayələri vardır. And olsun Turi-sinaya və Süleymana ki, bu surə Quranın, aşkar və aydınlıq gətirən kitabın ayələridir).
    2. Möminlərə yol göstərən və müjdə verəndir.
    3. O kəslərə ki, namaz qılır və zəkat verirlər, o kəslərə ki, axirət gününə yəqinlik tapmışlar (möhkəm inanırlar).
    4. Həqiqətən, axirət gününə iman gətirməyənlərin (çirkin və batil) əməllərini (onları öz başlarına buraxmaq və şeytanı onlara hakim etməklə) nəzərlərində zinətləndirdik. Buna görə də onlar daim dərbədər bir vəziyyətdədirlər.
    5. Onları şiddətli əzab gözləyir və axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır! (Çünki, möminin günahdan əlavə savabları da vardır, lakin onların savabları aradan getmişdir).
    6. (Ya Peyğəmbər!) Həqiqətən, bu Quran hikmətli olan və (hər şeyi) bilən (Allah) tərəfindən sənə verilir.
    7. (Yada sal) o zaman(ı) ki, Musa öz ailəsinə demişdi: «Mən bir od hiss etdim (uzaqdan gördüm), tezliklə sizə ondan bir xəbər, yaxud (ondan) qoparılmış bir köz gətirərəm ki, bəlkə qızınasınız.»
    8. Musa alovun yanına çatdıqda belə bir nida gəldi: «Alovun içində olan (qüdrət və cəlalı alovda təcəlli edən Allah, yaxud alovun içində Allahın müqəddəsliyini bəyan edən mələklər), alovun yanında olan (Musa) çox xeyirli və bərəkətlidir. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir.»
    9. «Ya Musa, həqiqətən, yenilməz qüdrət və hikmət sahibi olan Allah Mənəm».
    10. «Əsanı at! (Musa əsasını yerə atdı.) Onun – iti sürünən ilan kimi sürətlə hərəkət etdiyini gördükdə, arxaya döndü və (elə getdi ki,) heç arxasına belə baxmadı. (Səs gəldi:) «Ya Musa, qorxma! Həqiqətən, peyğəmbərlərim Mənim yanımda qorxmazlar».
    11. «Lakin kim zülm etsə, bu pis əməldən sonra onun əvəzinə yaxşı bir iş görsə, həqiqətən, Mən çox bağışlayan və mehribanam».
    12. «Əlini qoynuna qoy ki, doqquz möcüzənin biri kimi parıldayan, eyibsiz-qüsursuz çıxsın. (Beləliklə) Firon və onun qövmünə sarı (yollan). Həqiqətən, onlar fasiq və itaətsiz bir qövmdürlər».
    13. Bizim aşkar və aydınlıq gətirən möcüzələrimiz onlara gəldikdə dedilər: «Bu, açıq-aşkar bir sehrdir».
    14. Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da zülm və təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə fəsad törədənlərin aqibəti necə oldu !
    15. Həqiqətən, Biz Davuda və Süleymana bir elm verdik (şəriət, qəzavət, siyasət, sənət və quşların dilini başa düşmək elmi) və onlar dedilər: «Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!».
    16. Süleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı və dedi: «Ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) bizə verildi. Həqiqətən, bu, həmin açıq-aşkar fəzilətdir».
    17. Süleymanın cin, insan və quşlardan ibarət olan qoşunu (döyüşə çıxmaq, ya hərbi hazırlıq üçün) toplandı. Qoşunun əvvəlinin və axırının birlikdə olması üçün hamısını bir yerə yığdılar.
    18. Nəhayət, (onlar) «Vadin-nəmlə» (Taifdəki, ya Şamdakı qarışqa vadisinə) endikdə, bir qarışqa (hamıya elan etmək məqsədilə) dedi: «Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzməsinlər!».
    19. Süleyman onun sözünə gülümsəyib (onun kəlamını duyduğuna, məqsədini başa düşdüyünə görə şükr edərək) dedi: «Ey Rəbbim, mənim özümə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver (qüvvət ver) və məni Öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et».
    20. Sonra Süleyman (qoşunundakı) quşları yoxlayıb dedi: «Mənə nə olub ki, Hüd-hüdü görmürəm. Yoxsa o burada deyildir?»
    21. «Mütləq ona şiddətli bir əzab verər, ya da başını kəsərəm. Yaxud da o (üzürlü səbəbə görə burada olmaması barədə) açıq-aşkar bir dəlil gətirsin».
    22. Beləliklə çox keçmədi ki, Hüd-hüd (qayıtdı və) dedi: «Mən elə bir şeydən xəbərdar olmuşam ki, sən xəbərdar deyilsən. Sənin üçün «Səba» şəhərindən (Yəmənin paytaxtından) mühüm və doğru bir xəbər gətirmişəm».
    23. «Həqiqətən, mən onlara (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır».
    24. «Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər».
    25. «Göylərdə və yerdə pünhan olanları aşkara çıxaran (otları torpaqdan, dənləri bitkidən, meyvələri ağacdan, sürünənləri yerdən, heyvanları nütfədən, suları buluddan, elmləri beyindən, mələkləri nurdan, şeytanları oddan və ümumiyyətlə bütün mövcudları «yoxluq» adlı gizli bir «evdən» çıxaran) və gizlətdiyiniz şeyləri (qəlbdən keçənlərin) və aşkar etdiklərinizi (xəlvətdə və aşkarda etdiyiniz əməlləri) bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir)».
    26. «Allahdan başqa heç bir tanrı yoxdur və O, böyük (əzəmətli) ərşin sahibidir (varlıq aləmi üzərində həqiqi və geniş hakimiyyəti vardır)».
    27. (Süleyman) dedi: «İndi isə, baxaq görək doğru deyirsən, yoxsa yalançısan».
    28. «Mənim bu məktubumu apar və onların tərəfinə at, sonra onlardan uzaqlaş (aralan), bax gör ki, (fikir mübadiləsi zamanı) nə danışırlar».
    29. (Hüd-hüd məktubu Səba mələkəsinə atdıqda, mələkə) dedi: «Ey əyanlar və böyüklər, mənim üçün çox dəyərli və hörmətli bir məktub atılmışdır».
    30. «Bu məktub Süleymandan gəlmişdir və (o) «Bağışlayan və mehriban Allahın adı ilə» (başlayır).
    31. «(Və onun məzmunu) belə(dir) ki; «Məndən üstün olmağa çalışmayın və hamılıqla təslim halında mənim yanıma gəlin».
    32. (Sonra) dedi: «Ey əyanlar və böyüklər, işim barədə mənə rəyinizi söyləyin, çünki mən heç vaxt siz yanımda olmayınca bir iş barədə qəti hökm verməmişəm».
    33. Dedilər: «Bizim (böyük) gücümüz (qoşunumuz və sursatımız) vardır, şücaət sahibiyik, yüksək hərbi imkana malikik. Əmr sənindir. Odur ki, bax gör nə əmr edirsən».
    34. Dedi: «Şübhəsiz, padşahlar elə ki, bir şəhərə (ya ölkəyə) daxil olarlar, oranı xarabazara çevirərlər və ölkənin başçılarını və qüdrətlərini zəlil edərlər və (onlar adətən) belə (hərəkət) edərlər».
    35. «Mən onlara bir hədiyyə göndərəcəyəm, görüm elçilərim nə ilə (hansı halla və cavabla) qayıdacaqlar».
    36. Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: «Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz».
    37. «Onların (mələkə və tayfasının) yanına qayıt! Biz mütləq elə bir ordu ilə onların üstünə gələcəyik ki, onun qarşısında durmağa qüdrətləri yoxdur və şübhəsiz, onları o torpaqdan əsir və zəlil halında çıxaracağıq».
    38. (Sonra) dedi: «Ey əyanlar və böyüklər, onlar hamılıqla təslim olaraq mənim yanıma gəlməzdən öncə, hansınız o qadının taxtını mənə gətirə bilər?»
    39. Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»
    40. Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: «Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükr etsə, öz xeyrinə şükr edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir».
    41. (Bu zaman Süleyman) dedi: «Onun taxtını (rəngini və formasını dəyişməklə) tanınmaz hala salın, baxaq görək (onu tanımaqla) yol tapacaq, ya yol tapmayanlardan olacaq».
    42. Beləliklə, elə ki, (Səba mələkəsi) gəldi, deyildi: «Sənin taxtın da belədirmi ?» Dedi: «Sanki, özüdür. Bundan öncə bizə (Süleymanın qüdrəti haqda) elm verilmişdir və biz təslim olanlardan idik».
    43. Allahdan başqasına ibadət etməsi ona (Allaha iman gətirməyə və Ona ibadət etməyə) mane olmuşdu. Çünki o, kafir bir tayfadan idi.
    44. Ona deyildi: «Qəsrin həyətinə daxil ol». Qəsrin həyətini gördükdə çoxlu su olduğunu güman etdi, odur ki, paltarının ətəyini baldırdan yuxarı qaldırdı. (Süleyman) dedi: «(Bu gördüyün) şüşədən ibarət olan şəffaf və sadə bir həyətdir». (Mələkə) dedi: «Ey Rəbbim, həqiqətən, mən (indiyə qədər) özümə zülm etmişəmmiş. İndi isə aləmlərin Rəbbinin müqabilində Süleymanla birgə müsəlman oldum». (Qəsrin əzəmətini görməsi, Hüd-hüdun məsələsi, taxtın gətirilməsi onun müsəlman olmasına səbəb oldu).
    45. Biz Səmud qövmünə onların (qəbilə) qardaşları olan Salehi göndərdik ki, Allaha ibadət etsinlər. Bu zaman onlar (möminlər və kafirlərə), bir-birilə çəkişən və düşmənçilik edən iki dəstəyə ayrıldılar.
    46. (Saleh) dedi: «Ey mənim tayfam, nə üçün yaxşılıqdan öncə pisliyə və əzaba tələsirsiniz (tövbəni və imanı təxirə salırsınız)?! Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?»
    47. Dedilər: «(Ey Saleh,) bizim uğursuzluğumuz sənin və yanındakıların nəhsliyindəndir (şərin və pisliyin səbəbi sizsiniz)». Dedi: «Sizin şər və uğursuzluğunuzun (səbəbi günahlarınızdır və günahlarınız) Allah yanındadır (Biz onun səbəbi deyilik). (Əslində) siz imtahan olunan bir tayfasınız (bu hadisələrin hamısı cəza xarakteri daşımır, əslində sizin imtahanınız üçündür)».
    48. Və o şəhərdə (şəhərin əşraflarından və azğınlarından ibarət) doqquz nəfər (yaxud doqquz kiçik dəstə) var idi ki, yer üzündə fitnə-fəsad törədər və əsla yaxşı bir iş görməzdilər.
    49. Onlar bir-birlərinə dedilər: «Allaha birlikdə and için ki, ona və ailəsinə gecə ikən hücum edək, sonra da qəyyumuna (vəlisinə) deyərik ki, biz (onun və) ailəsinin (kim tərəfindən) qətl olunduğunu görməmişik və əlbəttə, biz düz danışanıq».
    50. Və onlar böyük bir məkr işlətdilər. Biz isə özləri də bilmədən böyük məkr işlətdik (tədbir tökdük).
    51. Beləliklə bir gör ki, onların məkrlərinin aqibəti necə oldu. Biz onları və (onlarla eyni əqidədə olan) qövmlərini, hamılıqla yox etdik.
    52. Beləliklə bu, onların viran və (sakinlərsiz) bom-boş qalmış evləridir! Həqiqətən, bunda (bu hadisədə) bilən bir qövm üçün ibrət nişanəsi vardır.
    53. İman gətirən və daim təqvalı olan kəslərə (isə) nicat verdik.
    54. Lutu (yada sal), o zaman (o), öz qövmünə dedi: «Belə həddindən artıq çirkin bir işi bir-birinizin gözü qarşısında edirsiniz?!»
    55. «Siz qadınları qoyub şəhvət məqsədilə kişilərləmi yaxınlıq edirsiniz?! Həqiqətən, siz daim cahillik edən bir qövmsünüz».
    56. Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Lutun ailəsini öz cəmiyyətinizdən çıxarın, çünki onlar təmiz qalmaq istəyən insanlardır (və sizin əməlinizdən uzaq olmaq istəyirlər)».
    57. Beləliklə ona və ailəsinə nicat verdik, yalnız zövcəsindən savayı. (Onun məhv olan cəmiyyətdə) qalanlardan olmasını (əzəldən) təqdir etmişdik..
    58. Onların başına (daşdan) yağış yağdırdıq. O qorxudulanların yağışı nə yaman pis bir yağış idi!
    59. (Ya Peyğəmbər!) de: «Şükr və sitayiş Allaha məxsusdur. Salam olsun Onun seçdiyi bəndələrinə (peyğəmbərlərə, onların canişinlərinə və saleh- əməlli möminlərə); Allah daha yaxşıdır, yoxsa onların Allaha şərik qoşduqları?!»
    60. (O şəriklərmi yaxşıdır,) yoxsa göyləri və yeri yaradan, göydən sizə (yağış, qar və dolu şəklində) su nazil edən? Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı başqa bir tanrımı var? (Xeyr,) əslində onlar (Allahdan) üz döndərən və Ona şərik qoşan bir tayfadırlar.
    61. (O şəriklərmi yaxşıdır,) yoxsa yeri (insanlar üçün) sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maneə qoyan kəs?! (Dənizə oxşar olan çayların dənizlə kəsişdiyi yerdə, geniş bir ərazidə şirin su ilə duzlu su arasında bir divar yaratdı ki, bir-birləri ilə qarışmasınlar)? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! (Xeyr) Onların əksəriyyəti bilmirlər.
    62. (O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!
    63. (O şəriklərmi yaxşıdır,) yoxsa qurunun və dəryanın zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhmətindən (yağışdan) öncə bir müjdəçi olaraq göndərən? Məgər bir olan Allahla yanaşı başqa bir tanrı da var? Allah (Ona) şərik qoşduqlarından çox-çox ucadır.
    64. (O şəriklərmi yaxşıdır,) yoxsa məxluqatı öncə yaradan, sonra onları(n hamısını fani etdikdən, yaxud canlıları öldürdükdən sonra, başqa bir aləmə) qaytaran sizə göydən və yerdən ruzi yetirən? Məgər tək olan Allahla yanaşı başqa bir tanrı da var? De: «Əgər düz deyirsinizsə, dəlil – sübutunuzu gətirin».
    65. (Ya Peyğəmbər!) de: «Allahdan başqa göylərdə və yerdə olan heç bir kəs qeybi (şüur sahiblərinin hissiyyatından xaricdə olan aləmləri və elmləri) bilmir və onlar bilmirlər ki, nə vaxt dirildiləcəklər».
    66. (Qiyamət haqdır.) Onların axirətə olan elmi (başları tamam dünyaya qarışdığına görə) qurtarmışdır. Əslində onlar (dəlilləri eşitməklərinə baxmayaraq yenə də) axirət barəsində şəkk–şübhədədirlər. (Bədbəxtlikləri üzündən və qəlblərinə vurulan möhürə görə) axirətə qarşı kordurlar.
    67. Kafir olan kəslər dedilər: «Bizlər və atalarımız torpaq olandan sonra mütləq (nə vaxtsa dirildilib, qəbirlərdən) çıxarılacağıq?!»
    68. «Həqiqətən, bizə və atalarımıza bundan öncə də (dirilmə) vəd olunmuşdu. Amma bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!».
    69. (Ya peyğəmbər!) de: «Yer üzünü gəzib-dolaşın, baxın görün günahkarların axırı necə oldu!»
    70. (Ya peyğəmbər!) Onlar(ın iman gətirməmələrinə və inadkarlıqların)a görə qəm yemə və etdikləri məkr və hiylələrə görə ürəyini sıxma (çünki, Biz səni qoruyuruq).
    71. Və dedilər: «Əgər doğru danışansınızsa bu vəd (dünya əzabı, yaxud Qiyamət əzabı) nə vaxt olacaqdır?!»
    72. De: «Bəlkə də tələsik istədiyinizin (iki tərəf arasında hakim olan əzabın) bir hissəsi sizin arxanızcadır. (Bədr döyüşü günü yetişər)».
    73. (Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükr etmir.
    74. Və əlbəttə, sənin Rəbbin onların (ürəklərində) gizli saxladıqlarını da (dil vasitəsilə) aşkar etdiklərini də bilir.
    75. Göylərdə və yerdə elə bir gizlin şey yoxdur ki, açıq – aydın kitabda (Lövhi - məhfuzda) təsbit edilmiş və yazılmış olmasın.
    76. Həqiqətən, bu Quran İsrail övladlarına ixtilafda olduqları şeylərin əksəriyyətini (Üzeyirin və İsanın övladlığı, Məsihin qətli və bəzi yeməklərin haramlığı kimi) xəbər verir.
    77. Və əlbəttə o, möminlər üçün başdan – başa hidayət (doğru yol göstərən) və mərhəmətdir.
    78. Həqiqətən, sənin Rəbbin onların (İsrail övladlarının arasında Qiyamət günü ixtilafda olduqları bütün məsələlərə dair) Öz hökmü ilə hakimlik edəcəkdir. O, qüdrətli, qalib və (hər şeyi) biləndir.
    79. Belə isə, Allaha təvəkkül et. Sən, şübhəsiz (din, kitab və mərifətlər baxımından) açıq – aydın haqq yoldasan.
    80. Şübhəsiz, sən ölülərə, (küfr və inad edənlərə) eşitdirə bilməzsən və öz dəvətini üz çevirib dönən karlara çatdıra bilməzsən.
    81. Sən (o) korqəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə görə) iman gətir(ə bil)ənlərə eşitdirə bilərsən. Elə buna görə də (fitrətlərinə uyğun olaraq onlar Bizim müqabilimizdə) təslimdirlər.
    82. (Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri, nə zaman və necə çıxması, bu sözün əsl həqiqəti və ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır).
    83. (Yada sal), hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar(ın ilki və sonuncuları) bir yerdə cəm edilər və tutulub saxlanılar.
    84. Hazır olduqları zaman (Allah) buyurar: «Mənim nişanələrimi onlara elminiz çatmadığı halda təkzib və inkarmı etdiniz? Yaxud siz nə edirdiniz (Mənim ayələrimlə necə rəftar edirdiniz)?»
    85. Və etdikləri zülmlərə görə onlar barəsində mütləq olan əzab sözü yerinə yetirilər. Onlar heç danışa da bilməzlər. (Bu üç ayənin məzmunu da Qiyamətdən öncə olacaq hadisələrin sirlərindəndir).
    86. Məgər, gecəni rahatlıqları üçün yaratdığımızı və gündüzü (iş-güclə məşğul olmaları üçün) işıqlı etdiyimizi görmədilərmi? Həqiqətən bunda (bu yaradılışda) iman gətirən bir tayfa üçün (qüdrət və hikmətdən) nişanələr vardır.
    87. (Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər.
    88. (O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki, onlar buludun keçdiyi kimi hərəkət edərlər. (Bu) hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. (Başlanğıc aləmində görülən işin möhkəmliyinin tələbi də bir gün aləmin dağılması və nəticə aləminin yaranmasıdır). Həqiqətən O, etdiklərinizin hamısından xəbərdardır. (Və həmin gün haqq-hesab soruşulacaqdır).
    89. Hər kəs yaxşı əməllə gəlsə, (əvəzində) daha yaxşı (mükafat) onundur (onu gözləyir). Onlar həmin gün qorxu və dəhşətdən amandadırlar.
    90. Və hər kəs pis əməllə gəlsə, üzü üstə oda atılacaq (və onlara deyiləcəkdir:) «Məgər etdiklərinizdən qeyrisinə görəmi cəzalandırılırsınız?»
    91. (Ya Peyğəmbər! De:) « Mənə yalnız bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir Allaha ki, onu (o şəhəri) möhtərəm saymış və ona toxunulmazlıq vermişdir. (Varlıq aləmindən olan) hər bir şey Ona məxsusdur və mənə Onun iradəsinə təslim olanlardan olmaq əmr edilmişdir.
    92. (Mənə buyurulmuşdur ki,) bu Quranı (camaat üçün) oxuyam. Kim düz yola gəlsə, yalnız öz xeyrinə yol tapmışdır və kim yoldan azsa, de ki; «Mən yalnız qorxudanlardanam (və həqiqi hidayət mənim əlimdə deyildir)».
    93. Və de: «Həmd (aləmdəkiləri bu kitaba doğru dəvət etmiş) Allaha məxsusudur. Tezliklə Allah Öz (qəti) nişanələrini sizə (müşriklərə dünyada Bədr günündəki kimi və ya axirətdə) göstərəcək, siz onu tanıyacaqsınız. Sənin Rəbbin etdiklərinizdən xəbərsiz deyildir!»

Əl-Qəsəs ‏ surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Ta, Sin, Mim. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Və bu kitab həmin hərflərdən təşkil olunmuşdur, lakin heç bir kəsin onun oxşarını gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.) And olsun Turi – Sinaya və Məkkəyə, Tuba və Sidr ağaclarına və Muhəmmədə(s) ki,
    2. Bu surə bu aşkar və aydınlıq gətirən kitabın ayələrindən ibarətdir.
    3. Biz iman gətirən qövm(ü düz yola gətirmək) üçün Musa və Fironun xəbərindən (sərgüzəştindən) bəzisini haqq və düzgünlüklə (Cəbrailin dili ilə) sənə oxuyuruq.
    4. Həqiqətən, Firon (Misrin padşahı) o torpaqda baş qaldırdı və hakimiyyət tapdı və oranın camaatını müxtəlif dəstələrə parçaladı (hər dəstəyə öz dövlətinin işlərinin bir hissəsini tapşırdı və hər bir dəstəni o birisi ilə düşmən etdi.) Onlardan bir dəstəni (İsrail övladlarından ibarət olan dəstəni) zəifliyə (və qul olmağa) sürüklüyürdü (və bu nəslin kökünün kəsilməsi üçün) oğlanlarının hamısının başını kəsir və qadınlarını (isə) sağ buraxırdı. Həqiqətən, o, fəsad törədənlərdən idi.
    5. Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.
    6. Və onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq (ya onları o torpaqda yerləşdirək), Firona və (onun vəziri) Hamana və qoşunlarına onların (İsrail övladları) tərəfindən qorxduqları və çəkindikləri şeyi göstərək.
    7. Biz Musanın anasına sirli və sürətli bir şəkildə ilham etdik: «Onu əmizdir, elə ki, ondan ötrü (Fironun adamlarının ondan xəbər tutmalarından) qorxdun, onu (bir sandığın içərisinə qoy və) dəryaya at. Qorxma və qəmgin olma, şübhəsiz, Biz onu sənə qaytararıq və özünü də şəriət sahibi olan peyğəmbərlərdən edərik».
    8. Beləliklə, Fironun ailəsi onu (suyun üzündən) götürdülər ki, sonunda onlar üçün (məqam, mal və can) düşmən(i), hüzn və kədər səbəbi olsun! Həqiqətən, Firon, Haman və qoşunları xatakar idilər.
    9. Və Fironun zövcəsi dedi: «(Bu körpə) mənim və sənin gözünün işığıdır. Onu öldürməyin, bəlkə (gələcəkdə) bizə bir xeyri olar, yaxud onu oğulluğa götürərik». Onlar (işin aqibətindən) xəbərsiz idilər.
    10. (Övladından çox narahat olduğuna görə) Musanın anasının ürəyində (övladının fikrindən savayı) heç bir şey yox idi. Əgər Biz möminlərdən olması üçün onun qəlbini möhkəm etməsəydik, az qala mətləbi büruzə verəcəkdi.
    11. O, Musanın bacısına dedi: «Onun dalınca get»; beləliklə bacısı onu (körpənin Fironun adamlarının əlinə düşdüyünü) uzaqdan gördü, onlar isə xəbərsiz idilər (körpəyə kənardan nəzarət edən olduğunu bilmirdilər).
    12. Biz (bacısının onu tapmasından) öncə, bütün süd verən qadınları(n südünü) ona haram etdik. (Bu yaradılışda onun təbiətinə qoyulmuş bir haram idi.) (Körpə) heç kimin döşünü qəbul etmirdi (əmmirdi). Bacısı onlara dedi: «İstəyirsinizmi sizə zamin olub ona (uşağa) yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq bir ailəni nişan verim?»
    13. Beləliklə onu anasına qaytardıq ki, gözü aydın olsun, qəm yeməsin və bilsin ki, həqiqətən, Allahın vədi haqdır. Lakin onların (camaatın) əksəriyyəti (bunu) bilmir.
    14. (Musanın) cismi qüvvələri kamilləşəndə və əqli gücü möhkəmlənəndə (təqribən qırx yaşlarında) Biz ona hikmət (və əqli elmlər) və (keçmiş şəriətlər barəsində) elm verdik. (Biz) yaxşı əməl sahiblərini beləcə mükafatlandırırıq.
    15. (Musa Fironun qəsrindən) şəhərə əhalisi xəbərsizkən (istirahət vaxtı) daxil oldu. İki nəfərin bir-birilə vuruşduğunu gördü. Biri onun tərəfdarlarından idi, o biri düşmənlərindən. Tərəfdarlarından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Belə olduqda Musa bir yumruq vuraraq onu öldürdü, dedi: «Bu (dava) Şeytan əməlindəndir, həqiqətən, (Şeytan insanı) açıq-aşkar zəlalətə salan bir düşməndir».
    16. (Musa) dedi: «Ey Rəbbim, əlbəttə ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim, (çünki, özümü Fironun adamlarının təhlükəsinə atdım). Buna görə məni bağışla (onun pis nəticələrindən məni qoru)». Allah onu bağışladı. Həqiqətən, O, bağışlayan və mehribandır.
    17. (Musa) dedi: «Ey Rəbbim, (bütün ömrüm boyu) mənə əta etdiyin nemətlərə görə, əsla günahkarlara arxa olmayacağam».
    18. Beləliklə Musa şəhərdə (Misirdə) qorxu və vəhşət içərisində – (öz törətdiyi işin nəticəsini) gözləyən halda sübhü qarşıladı (gecəni keçirtdi). Bir də (gördü ki,) dünən ondan kömək istəyən şəxs, (yenə) onu köməyə çağırır. Musa ona dedi: «Həqiqətən, sən açıq-aşkar bir azğınsan!».
    19. Beləliklə (Musa) hər ikisinin düşməni olan kəsi yaxalamaq istədikdə (o düşmən qibti, yaxud onun tərəfdarı olan sibti Musanın onu vurmaq istədiyini zənn edərək) dedi: «Ey Musa, dünən bir nəfəri öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən?! Sən yer üzündə yalnız zülmkar və hökmran olmaq istəyirsən, islahedici (insanları islah edən) olmaq istəmirsən».
    20. Və şəhərin o biri başından (bəlkə də Fironun sarayı yerləşdiyi yerdən) bir kişi tələsik gəldi, dedi: «Ey Musa, həqiqətən, qövmün böyükləri səni öldürmək barəsində məsləhət – məşvərət edirlər. Odur ki, (Misirdən) çıx get. Şübhəsiz, mən sənin xeyirxahlarındanam».
    21. (Musa) qorxu və vəhşət içərisində, (hansısa bir hadisənin baş verməsini) gözləyən halda şəhərdən çıxdı, dedi: «Ey Rəbbim, mənə zalımların qövmündən nicat ver».
    22. O, Mədyən (şəhərinə) tərəf üz tutan zaman dedi: «Ümidvaram (ola bilsin ki,) Rəbbim məni düzgün yola (Mədyən şəhərinin yoluna) yönəltsin».

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / 24 / 25 / 26 >>
Bölmə: Dini biliklər | Əlavə edildi: azerhero (28.12.2013) | Müəllif: R.C E W
Baxış: 627 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more