Əsas » Məqalə » Dini biliklər

Qurani-Kərimin tərcüməsi-15

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / 24 / 25 / 26 >>

    61. (bəli,) onlardır bütün xeyir əməllərə tələsənlər! Həmin xeyir (əməl)lərdə (başqalarından) qabağa düşən də onlardır.
    62. Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı) haqq danışan (və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan) bir kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar.
    63. Lakin (kafirlərin) qəlbləri bu barədə (dünya vəzifələri və axirət cəzaları barəsində) nadanlıq və qəflət içərisindədir və onların bundan (bu nadanlıq və qəflətdən) başqa etdikləri digər (küfr və günah) əməlləri də vardır.
    64. (Bu keflilik və qəflətləri) o vaxta kimi (davam edər) ki, onların naz-nemət içində olub əyyaşlıq edənlərini (xəstəlik, yoxsulluq və müharibədə məğlubiyyət kimi) əzaba düçar edərik, (bu zaman) birdən fəryad qopararaq nalə edərlər.
    65. (Onlara deyilər:) Bu gün fəryad qoparıb nalə etməyin. Şübhəsiz sizə Bizim tərəfimizdən kömək edilməyəcəkdir.
    66. Həqiqətən Bizim ayə və nişanələrimiz sizə oxunur, amma siz dal-dala keçmişinizə qayıdırdınız (Bizim ayələrimizin müqabilində şirk, itaətsizlik və cahiliyyət adətlərinin arxasınca gedirdiniz).
    67. Həmin üz döndərməklə lovğalanır və gecə yığıncaqlarında onların haqqında pis sözlər danışır və istehza edirdiniz.
    68. Belə isə heç bu kəlam (Quran) barəsində (onun insanın qüdrətindən xaric möcüzəvi bir söz olması haqqında) düşünüb fikirləşmədilər? Yoxsa onlara, keçmiş atalarına gəlməyən bir şey gəlib?
    69. Yoxsa öz peyğəmbərlərini (onun əsl-kökünün paklığını, əxlaq və əməl baxımından keçmişinin gözəl olmasını) tanımadıqları üçün onu (onun peyğəmbərlik və kitabını) inkar edirlər?
    70. Yoxsa «onda bir dəlilik var» deyirlər? (Belə deyil,) əksinə, o, haqqı (səma kitabını və axırıncı şəriəti) gətirib, lakin onların çoxu haqqı xoşlamırlar.
    71. Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gətirdik, lakin onlar öz öyüd-nəsihət vasitələrindən üz döndərirlər.
    72. Yoxsa (peyğəmbərliyinin yerinə yetirilməsi üçün) onlardan sabit muzd və xərclik istəyirsən? (Xeyr!) Rəbbinin (verəcəyi) muzd və xərclik daha yaxşıdır və O, ruzi verənlərin ən yaxşısıdır.
    73. Doğrudan da sən onları (əqidə, əxlaq, əməl və davranışda) doğru yola dəvət edirsən.
    74. Həqiqətən axirətə iman gətirməyənlər (doğru) yoldan çıxıblar.
    75. Əgər onlara rəhm etsək, çətinlik və sıxıntılarını aradan qaldırsaq, mütləq yenə də öz itaətsizliklərində sərgərdancasına inadkarlıq göstərəcəklər.
    76. Biz onları (Məkkədə qəhətlik və xəstəlik kimi) əzaba düçar etdik. Lakin onlar öz Rəbblərinin dərgahına nə baş əyib təvazökarlıq göstərdilər, nə də yalvarıb-yaxarırlar.
    77. Nəhayət (öldürməklə) üzlərinə ağır bir əzab qapısı açdığımız zaman, birdən həmin əzabın içində çaş-baş və (nicat tapmaqdan və hər şeydən) naümid olarlar.
    78. Sizin üçün qulaq, gözlər və qəlblər yaradan Odur. Lakin çox az şükr edirsiniz.
    79. Sizi yer üzündə (onun tərkibindəki maddələrdən) yaradan Odur və (yer üzündə torpağa çevrildikdən sonra bir daha Qiyamətdə) Ona tərəf toplanılacaqsınız.
    80. (Həyat qabiliyyəti olan hər bir varlığı) dirildən və (ölüm qabiliyyəti olan hər bir varlığı) öldürən Odur və gecə ilə gündüzün get-gəli Ona məxsusdur (və Onun əlindədir). Belə isə heç düşünmürsünüz?!
    81. Əksinə, onlar da keçmişdəkilərin dediklərini dedilər.
    82. Dedilər: «Ölüb bir ovuc torpaq və sümük olduqdan sonra yenidən dirildilib qaldırılacağıq?!»
    83. Əlbəttə, bu vəd bundan əvvəl də bizə və atalarımıza verilmişdi. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil.
    84. De: «Əgər bilirsinizsə (deyin görək) yer və onda olan hər bir kəs (hətta onların tanrıları) kimə məxsusdur?»
    85. Onlar «Allaha məxsusdur» deyə (cavab verə)cəklər. De: «Belə isə heç ibrət götürmürsünüz?! (Bəs Onun yenidən diriltməyə qadir olmasını nə əsasla inkar edirsiniz)?!»
    86. De: «Yeddi göyün Rəbbi və (aləmin işlərinin idarəsinin və ilahi hökmlərin çıxarılma məkanı olan) böyük ərşin Rəbbi kimdir?»
    87. Deyəcəklər: «(onlar da) Allaha məxsusdur.» De: «Belə isə heç (Onun qüdrət və qəzəbindən) çəkinmir (axirəti inkar edir)siniz?!»
    88. De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»
    89. Onlar deyəcəklər: «(Bunların hamısı) Allaha məxsusdur.» De: «Belə isə (bu aydın həqiqətlər müqabilində) necə və haradan ovsunlanırsınız?!»
    90. Əksinə, Biz (yaradılışın başlanğıcı, tovhid və yaradılışın sonu barəsində) onlara haqqı gətirdik və əlbəttə, onlar yalançıdırlar.
    91. Allah əsla Özünə (zatından ayrılmış və uluhiyyət sifətləri ilə vəsf edilən) övlad götürməmişdir və Onunla (birgə) əsla digər bir tanrı və məbud olmamışdır. Yoxsa (əgər elə olsaydı) hər tanrı öz yaratdığını aparardı (və həmin şeyə yiyələnmək və onun işlərinin idarə edilməsində məxsus üsulla davranardı və nəticədə dünyanın hissələri arasındakı vahid nizam-intizam, idarəçilik pozulardı). Və (ziddiyyətli işlərin həyata keçirilməsi istiqamətində) mütləq biri digərini üstələməyə çalışardı (müstəqil vücud, qüdrət və iradə bunu tələb edir). Allah (şəriki olması və övlad götürməsi barəsində müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.
    92. Qeybi və aşkarı bilən Allah! Allah Ona qoşulan şəriklərdən üstündür.
    93. De: «Ey Rəbbim! Əgər onlara vəd olunan (əzab)ı mənə göstərsən
    94. onda məni zalımların dəstəsinə daxil etmə ey Rəbbim!»
    95. Həqiqətən Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik (necə ki, Bədrdə göstərdik).
    96. Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik.
    97. Və de: «Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm.»
    98. «Və onların (namaz halında və ölüm zamanı) mənim yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!»
    99. (Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar,
    100. bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır.
    101. Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar.
    102. Beləliklə kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ağır və dəyərli olsa, belələri həqiqətən nicat taparlar.
    103. Və kimin ölçülmüşləri yüngül və dəyərsiz (küfr əqidələri, əxlaqi rəzilliklər və haram əməllər) olsa, öz varlıqları barəsində ziyana düşmüş və Cəhənnəmdə əbədi qalacaq kəslər onlardır.
    104. Od(un şölələri) şiddətlə üzlərinə çırpılar və onlar orada qaşqabaqlı və xar olarlar və dodaqları yandığı üçün dişləri görünər.
    105. (Allah onlara deyər:) «Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?!»
    106. Deyərlər: «Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik.»
    107. «Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq.»
    108. (Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»
    109. Həqiqətən Mənim bəndələrimdən bir dəstəsi «ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan» deyərdilər.
    110. Lakin siz onları ələ saldınız və nəhayət (bu halınız) sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara (möminlərə) gülürdünüz.
    111. Həqiqətən bu gün Mən onları səbrləri müqabilində mükafatlandırdım. Doğrudan da onların hamısı uğur qazanıblar.
    112. (Allah və ya bir mələk kafirlərə) deyər: «Yer üzündə neçə il qaldınız? (Dünya həyatında və ya Bərzəx aləmində neçə il qalmısınız?)
    113. Onlar (axirətin əbədi olmasını bildikdən və onu dünya və Bərzəx ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün və ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş.»
    114. (Allah və ya mələk) deyər: «(Bəli,) lap az bir zaman qaldınız. Kaş (məsələnin həqiqətini və işinizin sonunu orada) biləydiniz!»
    115. Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və (bir də) heç vaxt Bizə tərəf qaytarılmayacaqsınız?
    116. Allah – varlıq aləminə mütləq hakim olan O haqq hökmdar ucadır! Ondan – o möhtərəm ərşin (varlıq aləminin quruluşunun qərara alındığı və mələklər tərəfindən həyata keçirildiyi ərşin) Rəbbindən başqa bir məbud yoxdur.
    117. Kim Allahla birgə barəsində dəlil-sübutu olmayan başqa bir məbudu çağırsa, onun haqq-hesabı yalnız Rəbbinin yanındadır. Şübhəsiz, kafirlər nicat tapmayacaqlar.
    118. Və de: «Ey Rəbbim, bizi bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!»
Ən-Nur surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. (Bu,) Bizim bəlkə ibrət götürəsiniz deyə nazil etdiyimiz, (məzmununa əməl etməyi) vacib buyurduğumuz və içində (tovhid və dini maarif barəsində) aydın ayə və dəlillər nazil etdiyimiz bir surədir.
    2. (Ey müsəlmanların adil hakimləri,) zina etmiş qadınla zina etmiş kişinin hər birinə yüz şallaq vurun. (Əlbəttə, bu o şəraitdədir ki, onun həyat yoldaşı olmasın, onlar bir-birləri ilə məhrəm olmasınlar və zina icbari zina və yaxud kafirin müsəlman qadınla zinası qismindən olmasın.) Əgər Allaha və axirət gününə imanınız varsa, məbada Allahın dinində (onun icrasında) o ikisinə (zinakarlara) qarşı mərhəmət və ürəyiyumşaqlığa düçar olasınız! Və gərək o ikisinin əzabına möminlərdən bir dəstəsi şahid olsun.
    3. Zinakar kişi (təbii ki,) zinakar və ya müşrik qadından başqası ilə evlənməz (və o, əsla iffətli qadının arxasınca getməz) və zinakar qadını (təbii ki,) zinakar və ya müşrik kişidən başqası almaz. Bu (cür ailə qurmaq iffətlərinə görə) möminlərə qadağan edilmişdir.
    4. Və (ey müsəlmanların işlərinin başçıları,) iffətli qadınlara zina isnad verib sonra (öz iddialarının isbatı üçün) dörd kişi şahid gətirməyən kəslərə səksən şallaq vurun və daha heç vaxt onların şahidliklərini qəbul etməyin. Onlar həqiqətən fasiqdirlər.
    5. Ondan (vurduqları töhmətdən) sonra (batinlərində) tövbə edən və (töhmətə görə verilən ilahi cəza müqabilində təslim olmaqla və ya töhmət vurduğu şəxsi razı salmaqla özünü) düzəldən kəslər istisnadırlar. Şübhəsiz, Allah bağışlayan və mehribandır.
    6. Öz arvadlarına zina isnad verib özlərindən başqa bir şahidləri olmayan kişilərin birinin (dörd şahid gətirmədiyi üçün, töhmət vuran şəxslərə təyin edilmiş cəza növünü onun boynundan götürən) şahidliyi özünün doğruçulardan olması barəsində Allaha dörd dəfə (and içərək) şahidlik etməsidir. (O, dörd dəfə belə deməlidir: «Allahı dediklərimdə doğruçu olduğuma şahid gətirirəm.»)
    7. Beşinci şəhadət(də belə deməlidir): Əgər yalançılardan olsa Allah ona lənət etsin! (Bu şəhadətdən sonra kişi üçün şahidsiz irəli sürdüyü ittihama görə şəriətdə nəzərdə tutulmuş cəza hökmü götürülür və qadın məhkum olunur.)
    8. İttiham edilən qadından (da) əzabı (şəriətdə təyin edilmiş cəzanı) «o kişi (ona zina nisbət verməkdə) həqiqətən yalançılardandır» deyə dörd dəfə Allaha şəhadət verməsi götürür.
    9. Beşinci şəhadət(də isə) «əgər o kişi doğruçulardandırsa Allah ona (mənə) qəzəb eləsin!» deməlidir.
    10. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı və Allah tövbə qəbul edən və hikmət sahibi olmasaydı (çoxdan günahlarınızın ağır cəzasına düçar olardınız).
    11. Şübhəsiz, o böyük böhtanı (Peyğəmbərin – səlləlahu əleyhi və alihi və səlləm – zövcələrindən birinə pis iş isnad vermək böhtanını araya) gətirənlər siz(in özünüz)dən olan mütəşəkkil və yekdil bir dəstədirlər. Onu öz ziyanınıza saymayın, əksinə, o sizin xeyrinizədir. (Çünki o, pakların bəraət qazanmalarına və yalançı və münafiqlərin rüsvay olmalarına səbəb olur.) Onların hər biri üçün qazandığı günahın cəzası vardır. Onlardan bu böhtanın əsas hissəsini öhdəsinə götürən (onu yaymaqla daha çox məşğul olan və daha çox etiraz edən) kəs üçün isə böyük bir əzab vardır.
    12. Nə üçün onu eşidəndə (sizdən olan) mömin kişi və qadınlar bir-birləri barəsində yaxşı gümanda olmadılar və «bu aşkar bir böhtandır» demədilər?!
    13. Nə üçün ona (həmin ittihama) dörd kişi şahid gətirmədilər?! Şahidləri gətirmədikləri üçün Allahın yanında onlar özləri yalançıdırlar. (Çünki şahid olmayan təqdirdə hətta insanın özü bilsə belə zina isnad vermək şəriət və axirət cəzası baxımından yalan hökmündədir.)
    14. Əgər dünyada və axirətdə Allahın sizə lütf və mərhəməti olmasaydı girişdiyiniz işə görə sizə mütləq böyük bir əzab yetişərdi.
    15. O zaman onu (həmin böhtanı) bir-birinizin ağızından götürür, barəsində məlumatınız olmayan şeyi dilinizlə deyir və onu asan sanırdınız. Halbuki o, Allah yanında böyük (günah) idi.
    16. Nə üçün onu eşidən zaman «bunu (bu sözü) dilimizə gətirmək bizə yaraşmaz və caiz deyil; paksan Sən (ey Allah), bu, böyük bir böhtandır» demədiniz?!
    17. Allah sizə nəsihət verir ki, əgər imanınız varsa (bir də) heç vaxt belə şey etməyəsiniz.
    18. Və Allah sizə ayələri (hökmləri, əmr və qadağaları) bəyan edir. Allah bilən və hikmət sahibidir.
    19. Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz.
    20. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı və Allah şəfqətli və mehriban olmasaydı (bu günahın cəzası sizi haqlayardı).
    21. Ey iman gətirənlər, Şeytanın addımlarına tabe olmayın. Kim Şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı. Lakin istədiyini (kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən və biləndir.
    22. Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and içməsinlər. Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır.
    23. Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır.
    24. O gün ki, dilləri, əlləri və ayaqları onların ziyanına, (dünyada) etdiklərinə şəhadət verəcəklər.
    25. Allah həmin gün onların (əqidə və əməllərinin) haqq cəzasını tam şəkildə əda edəcəkdir və onlar (əyani şəkildə gördükdən sonra yəqinliklə) Allahın həmin sabit haqq və (camal və cəlalı axirət aləmində kamil şəkildə cilvələndiyi üçün tam) aşkar olmasını biləcəklər.
    26. (Əqidə, əxlaq və əməldə) xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündürlər (onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Onlar (paklar başqalarının onlar barəsində) dediklərindən pak və uzaqdırlar. Onlar üçün (dünya və axirətdə) bağışlanma və dəyərli ruzi vardır.
    27. Ey iman gətirənlər, öz evinizdən başqa heç bir evə icazə almayınca və həmin evin adamlarına salam verməyincə daxil olmayın. Bu sizin üçün daha yaxşıdır. Bəlkə ibrət götürdünüz.
    28. Əgər onda bir kəsi tapmasanız, (sahibi tərəfindən) sizə icazə verilməyincə ora daxil olmayın. Əgər «qayıdın» deyilsə, qayıdın. O, sizin üçün daha pakdır. Allah, etdiklərinizi bilir.
    29. İçərisində işiniz və mənafeyiniz olan yaşayışsız evlərə (və ümumi məkanlara) daxil olmaq sizin üçün günah deyil. Allah (niyyət və işlərinizdən) aşkar etdiyinizi də, gizlətdiyinizi də bilir.
    30. Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır.
    31. Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız.
    32. (Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir.
    33. Evlənmək (imkanı) tapmayanlar, Allah Öz lütfü ilə onların ehtiyaclarını aradan qaldırana kimi gərək iffətli olsunlar. (Qullardan özlərini almaq və pulu tədricən vermək üçün) yazılı müqavilə istəyənlərlə, əgər onlarda bir xeyir (həmin məbləği ödəmək və müstəqil həyat sürmək qüdrəti) bilsəniz, onlarla yazılı müqavilə bağlayın və Allahın sizə verdiyi ilahi maldan (zəkatın qulun azad olunmasında istifadə üçün müəyyənləşdirilmiş hissəsindən) onlara verin (ki, özlərini azad etsinlər). Və iffətli olmaq istəyən cavan kənizlərinizi, dünya malı tələbi ilə zinaya məcbur etməyin. Kim onları məcbur etsə, həqiqətən Allah onların məcbur edilmələrindən sonra (məcbur edilənə icbara məruz qaldığı üçün, məcbur edənə isə tövbə edəcəyi təqdirdə) çox bağışlayan və mehribandır.
    34. Həqiqətən Biz (bu Quranda) sizin üçün aydınlıq gətirən ayələr, sizdən qabaq (ötüb) keçənlərdən xəbər və sifətlər, təqvalılar üçün öyüd-nəsihət nazil etdik.
    35. Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.
    36. (Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər.
    37. Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar.
    38. (Onlar Allahı zikr etməklə məşğuldurlar) ki, Allah onlara etdiklərinin ən gözəl mükafatını versin və Öz lütfündən onlara (verilən mükafatı) artırsın. Allah istədiyinə hesabsız (əməllə müqayisə etmədən) ruzi verir.
    39. Kafirlərin (ibadət, sədəqə və ixtira kimi) bütün (xeyir) əməlləri hamar yerdəki ilğım kimidir ki, susuz (insan uzaqdan) onu su sayar, nəhayət (gəlib) çatanda onun (heç) bir şey olmadığını görər. (Kafirin ölümü onun həmin ilğıma çatmasıdır ki, onda bütün əməllərinin puç olduğunu görər.) Və Allahı yanında görər və O, onun (əməllərinin) hesabını tamamilə ödəyər (Allah onun yaxşılıqlarının ilğıma çevrilməsinə səbəb olan küfrünün və digər günahlarının cəzasını verər). Allah tez haqq-hesab çəkəndir (hesab günü əməllərin toplanması, zamanın keçməsi və əməl sahiblərinin çoxluğu hesabın vəd olunan vaxtda tez yerinə yetirilməsinə mane olmur).
    40. Yaxud (da kafirlərin şər əməlləri) dərin dənizdə üzərində daha bir dalğa olan dalğanın örtdüyü və onun da üstündə bir bulud olan qaranlıqlar(ın altda qalıb batan şəxsə nisbəti) kimidir. Bir-birinin üzərinə yığılmış qaranlıqlardır ki, əgər o, əlini çölə çıxar(araq gözünün qabağında tut)sa onu asanlıqla görməz. (Səhv inanclar, çirkin əxlaq və haram əməllər dünyada onun qəlbinin fəzasında, axirətdə isə başının üstündə duracaq zülmətlərdir.) Allahın nur vermədiyi kəsin heç vaxt nuru olmayacaqdır.
    41. Məgər göylərdə və yerdə olan hər bir kəsin, həmçinin (göydə) qanad aç(ıb uç)an quşların Allahı pak sifətlərlə mədh etmələrini (qəlb gözü ilə) görmürsən?! Onların hər biri (xilqətdə verilmiş bacarığı və istəyi ilə) öz dua, itaət, namaz və zikrini bilmişdir. Allah onların etdiklərini bilir.
    42. Göylərin və yerin həqiqi sahiblik və hökmranlığı Allaha məxsusdur. (Çünki onların yaradılmaları, qorunmaları, idarə olunmaları və yox edilmələri – bunların hamısı Onun istəyi ilədir.) Və (həyata gəlib sonra ölən hər bir kəsin) qayıdış(ı) Allaha tərəfdir.
    43. Məgər görmürsənmi ki, Allah (müxtəlif istiqamətlərdən) buludu yavaş-yavaş qovur sonra onu(n parçalarını) bir-birinə qovuşdurur, daha sonra onları üst-üstə yığır? Beləliklə onun (buludun) arasından yağışın çıxdığını görürsən. Həmçinin (Allah) göydən, onda olan donmuş bulud dağlarından qar və dolu nazil edir. Onun vasitəsi ilə (dünyada cəzalandırmaq) istədiyi qövmə ziyan vurur və onu, istədiyi qövmdən sovuşdurur. Onun şimşəyinin parıltısı az qalır gözləri(n işığını) yox etsin.
    44. Allah gecə - gündüzü dəyişdirir (onların birini digərinin arxasınca gətirir və yaxud birindən azaldaraq digərinə artırır). Həqiqətən bunda (bu dəyişkənlik və onun mənşəyində) bəsirət sahibləri üçün bir ibrət (və Allahın tovhid, qüdrət və hikmətinə dair bir dəlil) vardır.
    45. Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi (ilan, balıq və digər sürünənlər) qarnı üstə sürünür, bəzisi (insan və quşlar kimiləri) iki ayağı üstə yeriyir və bəzisi dörd ayağı üstə yeriyir. Allah istədiyini yaradır. Həqiqətən Allah hər şeyə qadirdir.
    46. Şübhəsiz, Biz aydınlıq gətirən ayələr nazil etmişik. Allah (ümumi hidayətdən sonra) istədiyini doğru yola (mənəvi kamilliklərə) tərəf yönəldir.
    47. (Münafiqlər) «Allaha və bu peyğəmbərə iman gətirdik və itaət etdik» deyir, sonra bunun ardınca onların bir dəstəsi üz döndərirlər. Onların (iman iddiasında olanlarının) heç biri iman gətirən deyildirlər.
    48. (Mövcud ixtilaf və çəkişmə barəsində) aralarında (peyğəmbərin) hakimlik etməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman onların bir dəstəsi dərhal (Peyğəmbərin yanına getməkdən) üz döndərərlər.
    49. Və əgər (həmin çəkişmədə) haqq onların tərəfində olsa, təslim və itaətkarlıqla ona tərəf gələrlər.
    50. Onların qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) var, yoxsa (imandan sonra) şəkk-şübhəyə düşüblər? Yoxsa Allahın və Onun Peyğəmbərinin (hakimlik edən zaman) onlara zülm etmələrindən qorxurlar? (Bunların heç biri deyil,) əksinə, onlar (batini nifaqlarına görə) doğrudan da zalımdırlar.
    51. Möminlər (mövcud ixtilaf və çəkişmə barəsində) aralarında (peyğəmbərin) hakimlik etməsi üçün Allaha və Onun Peyğəmbərinə tərəf çağırıldıqları zaman onların sözləri yalnız «eşitdik və itaət etdik» olar. Həqiqi nicat tapanlar onlardır.
    52. Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, Allahdan qorxsa və Ondan çəkinsə, belələri həqiqətən uğur qazananlardır.
    53. Özlərinin ən möhkəm andları ilə Allaha and içdilər ki, əgər onlara (cihada getməyi və ya evlərindən çıxmağı) əmr etsən, mütləq çıxacaqlar. De: «And içməyin, (sizə) gözəl və səmimi itaət (vacib)dir (and içmək yox)! Əlbəttə, Allah, etdiklərinizdən xəbərdardır.»
    54. De: «(Bütün hökmlərdə) Allaha itaət edin və (işlərin ixtiyar sahibi kimi verdiyi göstərişlərdə) bu Peyğəmbərə itaət edin. Beləliklə əgər üz döndərsəniz (bilin ki,) onun borcu yalnız boynuna qoyulmuş vəzifəni (ilahi tapşırıqları) çatdırmaq, sizin borcunuz isə boynunuza qoyulmuş vəzifə(ni qəbul edərək ona əməl etmək)dir. Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi yalnız aşkar (tapşırığı) çatdırmaqdır. (Hökmlərin icrası imamət məqamının, dünya və axirətdə cəza vermək isə Allahın işidir.)
    55. Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər.
    56. Namaz qılın, zəkat verin və bu Peyğəmbərə itaət edin ki, bəlkə rəhm olundunuz (Allah sizə rəhm etdi).
    57. Küfr edən kəslərin yer üzündə (Allahı Öz hədəflərini gerçəkləşdirməkdə və ya düşmənlərini məhv etməkdə) aciz qoyacaqlarını güman etmə. Onların yeri oddur və (ora) doğrudan da pis bir sonluqdur.
    58. Ey iman gətirənlər, sizin qullarınız və həddi-buluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar: Sübh namazından qabaq, günorta paltarlarınızı çıxardığınız zaman və işa namazından sonra ki, (həmin) üç vaxt sizin xəlvət vaxtlarınızdır. Bundan (həmin üç vaxtdan) sonra sizə və onlara (icazəsiz daxil olmaq) günah deyildir, (çünki) onlar həmişə (ünsiyyət zərurəti üzündən) sizin ətrafınıza dolanırlar (və yaxud sizin bir-birinizlə işiniz olur, get-gəl edirsiniz və hər dəfə icazə almaq çətindir). Allah ayələri (hökmlərini) sizə bu cür bəyan edir. Allah bilən və hikmət sahibidir.
    59. Uşaqlarınız (da) həddi-buluğa çatan zaman(dan sonra) onlardan qabaqkılar (onlardan qabaq həddi-buluğa çatmış şəxslər) icazə aldıqları kimi (sizin yatdığınız yerə daxil olmaq üçün həmişə) icazə almalıdırlar. Allah Öz ayələrini (hökmlərini) sizin üçün bu cür açıqlayır. Allah bilən və hikmət sahibidir.
    60. (Heyz və hamiləlikdən kəsildiyi üçün təbii olaraq) evlənmək (cinsi yaxınlıq) meylləri olmayan qoca qadınların öz zinət və bəzəklərini göstərmədən (baş örtüyü və bu kimi üst) paltarlarını çıxarmalarında bir günah yoxdur. İffətli olmaları onlar üçün daha yaxşıdır. Allah eşidən və biləndir.
    61. (Xüsusi olaraq) kora, topala, xəstəyə, (ümumilikdə isə) sizin özünüzə (bu on bir evdə:) öz evlərinizdə (övladlarınızın və yaxud həyat yoldaşlarınızın evlərində), atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları ixtiyarınızda olan evlərdə və dostlarınızda (onların evlərində) yemək yeməkdə günah yoxdur. (Həmin evlərə) hamılıqla və ya ayrı-ayrı (daxil olmaq, istirahət etmək, yemək və digər şeylərdən) istifadə etməkdə sizə bir günah yoxdur. Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam – Allah tərəfindən olan bərəkətli və pak bir salam verin. Allah, ayələri (hökmləri) sizin üçün bu cür açıqlayır ki, bəlkə düşünəsiniz.
    62. (Həqiqi) möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş və (məsləhət, müharibə, cümə namazı və bayram tədbirləri kimi) mühüm ictimai işdə onunla birlikdə olanda icazə almayınca onun yanından getməyən kəslərdir. Allaha və Onun Peyğəmbərinə imanı olanlar səndən icazə istəyənlərdir. Buna görə də əgər bəzi işlərinə görə səndən icazə istəsələr, onlardan istədiyin kəsə icazə ver və Allahdan onlar üçün bağışlanmaq dilə. Allah çox bağışlayan və mehribandır.
    63. Peyğəmbərin sizin aranızdakı (hər hansı bir din və dünya işindəki) dəvət və çağırışını sizdən birinin digərini dəvət və çağırması kimi hesab etməyin (və onu əhəmiyyətsiz saymayın). Həqiqətən Allah (Peyğəmbərin dəvətindən sonra onun məclisindən) bir-birinin kölgəsində (xəlvətcə) yavaş-yavaş camaatın arasından çıxanları tanıyır. Buna görə də gərək Peyğəmbərin əmrindən çıxanlar onlara (dünyada) bir bəla və ya (axirətdə) ağrılı bir əzab gəlməsindən çəkinsinlər.
    64. Bil ki, şübhəsiz, göylərdə və yerdə olanlar Allahın həqiqi mülküdür. (Çünki onların hamısının yaradılması, qorunması, idarə edilməsi və yox edilməsi Onun istəyinə tabedir.) Şübhəsiz, O, sizin durumunuzu (cismani vəziyyətinizi, ruhi sifətlərinizi və ictimai mövqeyinizi) bilir və (Allah bütün insanların) Ona tərəf qaytarılacaqları gün, onları etdiklərindən xəbərdar edəcəkdir. Allah hər şeyi biləndir.

Əl-Furqan ‏ surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Furqanı (haqq ilə batili bir-birindən ayıran, ayə və surələri bir-birindən ayrı olan Quranı) aləmdəkilərin hamısını (kökləri kəsilənədək bütün insan və cinləri) qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir.
    2. O Allah ki, göylərin və yerin mülkiyyət və hakimiyyəti Ona məxsusdur, Özü üçün övlad götürməmişdir, mülkiyyət və hakimiyyətində heç bir şəriki olmamışdır, hər bir şeyi yaradıb və (onların) hər biri üçün (vücud, əlamətləri, həyatını davam etdirməsi və qarşılıqlı əlaqələr baxımından) öz halına münasib ölçü təyin etmişdir.
    3. Allahın yerinə (nəinki) heç bir şey yaratmayan, (hətta) özləri yaradılan (yaradılmış olan), özləri üçün heç bir ziyan və xeyirə malik olmayan və öldürməyə, həyat bəxş etməyə və ölümdən sonra diriltməyə qadir olmayan məbudlar götürdülər.
    4. Kafirlər dedilər: «Bu (Quran), onun (Muhəmmədin (s) ) özündən uydurduğu və digər bir dəstənin (yəhudilərin) bunda ona kömək etdikləri yalandan başqa bir şey deyildir.» Beləliklə onlar doğrudan da (Peyğəmbərə belə bir nisbət verməklə böyük) bir zülmə və yalana batdılar.
    5. Və dedilər: «(Bu kitab) onun istəyi ilə (başqalarının) onun üçün yazdıqları keçmişlərin əfsanələridir; həmin yazı səhər-axşam ona oxunur (və o da eşitdiklərini əzbərləyərək camaata oxuyur)».
    6. De: «Onu (Quranı) göylərdə və yerdə olan örtülü sirləri (məxluqatın elm və hisslərinin çərçivəsindən xaric olanları) bilən (Allah) nazil etmişdir.» Həqiqətən O, çox bağışlayan və mehribandır (və bu səbəbdən kafirlərə əzab göndərməkdə tələsmir).
    7. (Müşriklər) dedilər: «Bu necə peyğəmbərdir ki, yemək yeyir və bazarlarda gəzir?! (Halbuki peyğəmbər mələk olmalıdır.) Nə üçün ona (heç olmasa) bir mələk nazil olmur ki, onunla birlikdə (insanları) qorxutsun (və onun peyğəmbərliyini təsdiq etsin)?»
    8. Yaxud nə üçün (göydən) ona bir xəzinə göndərilmir və ya onun bir bağı yoxdur ki, ondan istifadə etsin?! Və bu zalımlar (camaata) dedilər: «Siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz.»
    9. Gör sənin üçün necə məsəllər çəkdilər və nə sifətlər dedilər, beləliklə də (Peyğəmbərin və peyğəmbərliyin tanınmasında) yollarını azdılar və onların (haqqa tərəf) bir yol tapmaq qüdrətləri yoxdur.
    10. Uca, əbədi və bərəkətlidir O (Allah) ki, əgər istəsə, sənə ondan (xəzinə və bağdan) daha yaxşısını – (ağaclarının) altından çaylar axan bağlar verər və sənin üçün saraylar yaradar. (Lakin bu kimi şeylər peyğəmbərliyə dəlalət edən işlər deyil.)
    11. (Peyğəmbərin yemək yeməsinə və gəzməsinə görə peyğəmbərliyin inkar edilməsi bəhanədir.) Əksinə, (əslində) onlar Qiyaməti yalan hesab etdilər (və cəza günü olmayanda təbii ki, peyğəmbərlik və din də puç və əbəs bir iş olacaqdır). Biz Qiyaməti yalan sayan kəs üçün yandıran bir od hazırlamışıq.
    12. (Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər.
    13. Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar.
    14. (Onlara deyilər:) Bu gün ah-vay və ölüm fəryadını bir dəfə ucaltmayın, ah-vay və ölüm fəryadını çox (dəfələrlə) ucaldın. (Çünki etiqad və əməldə olan hər bir günah üçün əzab, hər bir əzab üçün isə ah-vay və ölüm fəryadı vardır.)
    15. De: «O yaxşıdır, yoxsa təqvalılara (Allahın əzəli elmi və Lövhi-Məhfuzda) mükafat və qayıdış yeri olaraq vəd edilmiş əbədi Cənnət?!»
    16. Onlar üçün orada əbədi qalacaqları halda (Cənnət nemətlərindən) istədikləri şey vardır. Bu iş, sənin Rəbbinin öhdəsində olan (və möminlər tərəfindən həm dil, həm də əməl ilə) istənilmiş bir vəddir.
    17. Və (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və mələkləri) bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?»
    18. Onlar deyəcəklər: «Paksan Sən (ey Allah)! Bizə Səndən qeyrisini dost götürmək yaraşmazdı (və buna haqqımız da yox idi). Lakin Sən onları və atalarını (dünya nemətlərindən) bəhrələndirdin, nəhayət Səni (və Sənin peyğəmbərlər vasitəsi ilə göndərdiyin ayələrini) unutdular və məhv olmuş bir dəstə oldular.»
    19. (İbadət edənlərə deyilər:) Həqiqətən (məbudlarınız) sizin dediklərinizi təkzib etdilər. Buna görə də nə əzabı (özünüzdən) dəf etmək, nə də (özünüzə) bir kömək etmək qüdrətiniz var. Biz sizdən (bu dünyada) zülm edənə, (axirətdə) böyük bir əzab daddırarıq.
    20. Bizim səndən əvvəl göndərdiyimiz peyğəmbərlər istisnasız olaraq yemək yeyir və bazarlarda gəzirdilər. Biz sizin bir qisminizi digəriniz üçün (peyğəmbər və ümmət, ağıllı və nadan, varlı və yoxsul təbəqələrini) sınaq vasitəsi etmişik, ki, (görək öz vəzifələrinizi yerinə yetirməkdə) səbr edəcəksinizmi? Sənin Rəbbin (hamının halını) həmişə görəndir.
    21. Bizim görüşümüzə ümidi olmayan (axirəti inkar edən) kəslər dedilər: «Nə üçün bizə mələklər göndərilmədi və ya öz Rəbbimizi görmürük?» Doğrudan da onlar öz batinlərində təkəbbür göstərdilər və böyük bir itaətsizlik etdilər.
    22. Mələkləri (ölüm mələklərini və ya Bərzəx aləminin mələklərini və yaxud Qiyamət səhnəsinin mələklərini) görəcəkləri gündə günahkarlara bir müjdə olmaz və onlar (mələklərə) deyəcəklər: «Bizə tam (təhlükəsiz) bir aman (və sığınacaq) verin.» Mələklər deyəcəklər: «(Allahın rəhmət və Cənnəti) sizə qəti qadağandır.»
    23. Biz (onların küfr halında) etdikləri (sədəqə, xalqa xidmət, xeyirli ixtiralar və bu kimi yaxşı) əməllərə üz tutacaq və onları (havada) dağınıq toz-torpaq edəcəyik. (Çünki Allah mükafatı kiminsə haqqı olduğu üçün deyil, Öz lütfü ilə verir. Bundan əlavə, elə dünya nemətlərinin özü mükafatdır. Axirət nemətlərindən bəhrələnmək isə imanın olması şərti ilə mümkündür.)
    24. Həmin gün Cənnət əhli daha yaxşı yerə və daha gözəl istirahət məkanına malik olacaqdır.
    25. Və (yada sal) o gün(ü) ki, göy onda olan ağ buludla parçalanar (və ya dünyanın nadanlıq və maddiyyat buludu kənara çəkilər və uca aləmin həqiqətləri zahir olar) və mələklər xüsusi nizamla yerə endirilərlər.
    26. Həmin gün (bütün varlıq aləmi üzərində) həqiqi mülkiyyət və hakimiyyət Rəhman olan Allaha məxsus olar və o gün kafirlər üçün çox çətin bir gün olacaqdır.
    27. Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım.»
    28. «Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım.»
    29. «Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Quranın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qurandan) yayındırdı.» Şeytan insanı həmişə xar edib və (indi də) edir.
    30. (Həmin gün) Allahın peyğəmbəri deyəcəkdir: «Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Quranı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi).»
    31. Biz beləcə (insanda nəfsi istək yaratmaq, şeytanı insana vəsvəsə etməkdə azad buraxmaqla) hər bir peyğəmbər üçün günahkarlardan düşmənlər qoyduq. Sənə Rəbbinin doğru yol göstərən və yardımçı olması kifayətdir.
    32. Küfr edənlər dedilər: «(Əgər Quranın mənbəyi Allahın elmidirsə onda) nə üçün Quran ona bir yerdə (bütöv halda) nazil olmayıb?» Onun vasitəsi ilə sənin qəlbinə sabitlik və möhkəmlik vermək üçün (onun nazil olması) belədir. Və (buna görə də) onu yavaş-yavaş, bir-birinin ardınca (iyirmi üç il ərzində müxtəlif həcmlərdə sənə) oxuduq.
    33. Onlar sənin (peyğəmbərliyinə tənə vurmaq) üçün (sehrbaz, şair, əfsanə söyləyən və bu kimi) hər nə məsəl və sifət gətirsələr, Biz (cavabında) sənin üçün həqiqəti və daha gözəl izah, açıqlama gətiririk.
    34. (Qiyamət günü) üzü üstə düşüb Cəhənnəmə tərəf toplanılanlar ən pis yerdədirlər və onlar ən azğın insanlardır.
    35. Həqiqətən Biz Musaya (səma) kitab(ı olan Tövratı) verdik və qardaşı Harunu onun yanında (Tövrat elmi, onun qorunması, əməl edilməsi və çatdırılması işində, eləcə də düşmənlə mübarizədə ona) yardımçı etdik.
    36. Beləliklə (onlara) dedik: «Bizim ayə və nişanələrimizi təkzib etmiş dəstənin (Firon və onun tayfasının) yanına gedin.» (Onlar deyilən yerə getdilər və həmin tayfa onları təkzib etdi.) Belə olduqda Biz onları ən ağır üsulla həlak etdik.
    37. Nuhun qövmünü Bizim elçilərimizi (bütün peyğəmbərlərin təkzibi ilə nəticələnən ilahi peyğəmbərliyin əsasını) təkzib etdikləri zaman suda batırdıq və onları(n hekayətini) insanlar üçün (Öz qüdrət və əzəmətimizi göstərən) bir nişanə etdik. Biz zalımlar üçün ağrılı bir əzab hazırlamışıq.
    38. Və (Hudun qövmü) Adı, (Salehin qövmü) Səmudu, (Şüeybin qövmü olan və ya şam ağacına ibadət edən) Rəss əhlini və bu fasilədə (onların arasında dünyaya gəlmiş) bir çox cəmiyyətləri (həlak etdik).
    39. (Həmin qövmlərin) hər birinə (ibrətamiz) məsəllər çəkdik və (qəbul etmədikləri üçün onların) hamısını pərən-pərən (saldıq) və məhv etdik.
    40. Onlar (Məkkə müşrikləri) yəqin ki, pis yağış yağdırılmış şəhərdən (Lutun qövmünün daş yağışı yağdırılmış məskənlərindən) keçiblər. Belə isə məgər oranı görməyiblər? (Görməyə bilməzlər,) lakin onların yenidən dirilməyə ümidləri (və etiqadları) yoxdur.
    41. Onlar səni görən zaman yalnız məsxərə edərlər (və deyərlər:) «Allahın peyğəmbərliyə göndərdiyi (şəxs) budur?!»
    42. «Doğrudan da əgər biz onlara (bütlərimizə ibadətdə) səbr etməsəydik az qalmışdı ki, o bizi tanrılarımızdan azdırsın.» Əzabı (qəbr, Qiyamət və yaxud da Bərzəx əzabını) görəndə kimin daha azğın olduğunu biləcəklər.
    43. Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət və millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi və ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!
    44. Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)
    45. Məgər Rəbbinin (səhərlər və axşamlar) kölgəni (bütün cismlərin kölgələrini) necə uzatdığını (Onun bu qüdrətini) görmədin? Əgər istəsəydi (yeri hərəkətdən saxlamaqla) onu dayandırardı. Sonra biz günəşi ona (kölgənin varlığına və ya hərəkətinə) dəlil etmişik.
    46. Sonra onu (kölgəni günəş cismlərin başı üzərinə çatana kimi) yavaş-yavaş Özümüzə tərəf çəkdik (qüdrətimizlə yox etdik).
    47. Gecəni(n qaranlığını) sizin üçün örtük (kimi), yuxunu işlərdən ayrılmaq və rahatlıq vasitəsi və gündüzü (cəmiyyət arasına çıxaraq ruzi qazanmaq üçün) dağılışmaq vaxtı edən Odur.
    48. Buludları Öz rəhmətinin önündə (yağışdan qabaq) müjdəçilər olaraq göndərən Odur. Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik
    49. ki, onun vasitəsi ilə ölmüş torpağı dirildək və onu yaratdıqlarımızdan heyvanların və çoxlu insanların içməsi üçün (onların) ixtiyarına verək.
    50. Doğrudan da Biz yağış nemətini xatırlamağı (lap qədimdən) insanların arasında müxtəlif üsullarla bəyan etmişik və bunu (bu neməti) insanların arasında həmişə dolandırmışıq (dünyanın kamil quruluşuna əsasən hər bir mühitə və hər bir millətə ondan pay vermişik) ki, (Bizim qüdrət, hikmət və mərhəmətimizi) yada salsınlar. Lakin insanların çoxu haqqa kafir və nemətə nankor olmaqdan başqa (hər şeydən) boyun qaçırdı.
    51. Əgər istəsəydik hər bir cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərərdik (lakin müəyyən səbəblərdən dünyanın sonuna kimi bütün cəmiyyətlər üçün səni seçdik).
    52. Buna görə də heç vaxt kafirlərə tabe olma və bundan (bu kitabdan və onun güclü məntiqindən) ilhamlanaraq onlara qarşı böyük bir cihad et (onlarla həm silahlı, həm də ideoloji mübarizə apar.)
    53. İki dənizi bir-birinə birləşdirən Odur. Onlardan biri(nin suyu) dadlı və şirin, o biri isə şor və acıdır. O, onların arasında (bir-birlərinə qarışmamaları üçün Öz qüdrəti ilə) möhkəm maneə yaratmışdır. (Böyük şirin çaylar dənizə tökülür və onların şirin suyu şor suyun ortasında geniş bir ərazidə şor suya qarışmadan qalır.)
    54. Sudan (nütfədən) insan yaradan və onu nəsəb və səbəb əlaqələri (vasitəsi, hər bir insanın öz qan qohumları ilə olan nəsəb əlaqələri, eləcə də həyat yoldaşının qohumları ilə sonradan yaranan səbəb əlaqələri) sahibi edən Odur. Sənin Rəbbin həmişə hər şeyə qadirdir.
    55. (Müşriklər) Allahın yerinə onlara nə bir xeyir verən və nə də bir ziyan vuran şeyə (bütə) ibadət edirlər. Kafir həmişə öz Rəbbinə qarşı (Şeytana və Allahın düşmənlərinə köməkçi və) arxadır.
    56. (Ey Peyğəmbər!) Biz səni yalnız müjdə verən və qorxudan (bir peyğəmbər) olaraq göndərmişik (və cəmiyyətə hakim olaraq hökmlərin icrası imamətin, mükafatlandırmaq və cəza vermək isə rübubiyyətin vəzifələrindəndir).
    57. De: «Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində – sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq istəməsi istisna olmaqla, bir muzd istəmirəm. (Peyğəmbərin dəvətindən sonra ümmətin ixtiyari şəkildə Allaha tərəf getməsi peyğəmbərliyin muzdudur.)»
    58. Heç vaxt ölməyən O diriyə təvəkkül et və Onu həmd-səna ilə birgə pak sifətlərlə mədh et (və hər bir nöqsandan uzaq və pak bil). Bəndələrinin günahlarından Onun xəbərdar olması kifayətdir.
    59. Göyləri, yeri və onların arasında olanları altı gündə (altı gündüzdə, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaradan, sonra yaradılmışlar üzərində hakimiyyət taxtında qərar tutan(ın)! (O,) Rəhman (olan Allah)dır. Buna görə də (həqiqəti hər şeydən) xəbərdar olan Ondan (Allahdan) soruş.
    60. Onlara «Rəhman (olan Allah)a səcdə edin» deyilən zaman (məsxərə edərək) deyərlər: «Rəhman nədir? (Tanımadan) sənin əmr etdiyinə səcdə edək?!» Və (sənin sözün) onların nifrət və uzaqlığını artırır.
    61. Göydə (ulduzlardan) bürclər vücuda gətirən və onda çıraq (günəş) və parlaq ay yaradan (Allah) uca, əbədi və bərəkətlidir.
    62. (Allahı və Onun əzəmət və cəlalını) yada salan və ya (Onun nemətlərinə) şükr etmək istəyən şəxs üçün gecə və gündüzü bir-birinin əvəzləyicisi edən Odur. (Belə edib ki, yada salmaq və şükr etmək birində yaddan çıxsa, onun əvəzi digərində çıxılsın.)
    63. Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir.
    64. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər.
    65. Və o kəslər(dir) ki, «ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (Cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir» deyərlər.
    66. Şübhəsiz, Cəhənnəm pis yer və pis məskəndir.
    67. Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar.
    68. Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar.
    69. (Və əqidə və əməl günahları birləşdiyi üçün) Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar.
    70. (Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır.
    71. Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil.)
    72. O kəslər ki, yalandan şahidlik etmir (yalan, qina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər;
    73. Və o kəslər ki, Rəbblərinin (vəhy, Quran və moizə kimi) nişanələri ilə öyüd-nəsihət verildikdə onun müqabilində özlərini kar və kor (kimi) aparmırlar (əksinə, onu qəlb ilə dinləyir və batini gözlə görürlər);
    74. Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər,
    75. səbrləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr(i i)lə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır!
    76. (Onlar) orada əbədi qalacaqlar (və ora) gözəl yer və gözəl məskəndir.
    77. (Müşriklərə) de: «Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi. Çünki həqiqətən siz (Onun ayələrini) təkzib etdiniz. Buna görə də (bu təkzib) tezliklə (sizin üçün) ayrılmaz və daimi bir əzab olacaqdır.»

Əş-Şuəra surəsi


    Bağışlayan və mehriban Allahın adı ilə.
    1. Ta, Sin, Mim. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Amma heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. And olsun Turi-Sinaya, Məkkəyə, and olsun Tuba və Sidr (ağaclarına) və Muhəmmədə (s) ki,)
    2. Bu surə aşkar və aydınlıq gətirən kitabın ayələridir.
    3. (Ya Peyğəmbər!) Bəlkə sən onlar iman gətirməyəcəklər deyə, özünü həlak etmək istəyirsən?!
    4. Əgər istəsək göydən onlara elə bir nişanə (məcburedici dəlil, ya xaredici bir əzab) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər.
    5. Onlara Rəhman (olan Allah)-dan elə bir yeni öyüd-nəsihət vasitəsi (surə, moizə, möcüzə) gəlməz ki, ondan üz döndərməsinlər.
    6. Beləliklə, həqiqətən, onlar (Bizim ayələrimizi) təkzib etdilər. Odur ki, istehza etdikləri şeyin xəbərləri tezliklə onlara yetişəcəkdir (verilən vədləri Bərzəxdə, ya Qiyamətdə başa düşəcəklər).
    7. (Bu qədər israrla təkzib etdikləri halda) məgər yer üzünə baxıb orada nə qədər növbənöv könül oxşayan (bitkilər və ağaclar) bitirdiyimizi görmədilərmi?
    8. Həqiqətən, bunda (Bizim tovhidimiz, qüdrətimiz və rəhmətimizə dair) bir əlamət vardır. Amma onların əksəriyyəti (fitrətlərinin çirkinliyi ucbatından) iman gətirməmişlər və (bundan sonra da) iman gətirməyəcəklər.
    9. Həqiqətən, sənin Rəbbin (intiqam alma və cəza vermə baxımından) yenilməz qüdrət və (möhlət vermə baxımından) mərhəmət sahibidir.
    10. Və (Ya Peyğəmbər! Yada sal), bir zaman Rəbbin Musanı səslədi ki: «Get o, zalım tayfanın sorağına;
    11. Firon qövmünün sorağına (çox təəccüblüdür), məgər qorxmurlar?!»
    12. (Musa) dedi: «Ey Rəbbim, doğrusu qorxuram ki, məni təkzib etsinlər».
    13. «Sinəm daralır (sıxılır) və (danışarkən) dilim tutulur. Odur ki, (vəhy mələyini) Haruna göndər (onu mənə köməkçi et)».
    14. «Onlarla bağlı boynumda bir günah var (onlardan bir nəfəri öldürmüşəm). Buna görə də (risaləti yerinə yetirməzdən öncə) məni öldürəcəklərindən qorxuram».

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 / 19 / 20 / 21 / 22 / 23 / 24 / 25 / 26 >>
Bölmə: Dini biliklər | Əlavə edildi: azerhero (28.12.2013) | Müəllif: R.C E W
Baxış: 757 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more