Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Hökmdarın taleyi-4
<< 1 / 2 / 3 / 4 >>
33.


    Ay işığında uzaqdan Şuşa qalasının qaraltısı görünürdü.
    Və Şuşa qalasına qalxan yolda üç atlı gedirdi.
    Əmiraslan bəy yoldan çıxıb atı kənara sürdü və çevrilib, arxadan gələn iki nəfərə:
    – Buradan sürün…– dedi.– O tərəfdə ruslar durur…
    … Və Əmiraslan bəy beləcə bələdçilik edə-edə ay işığında o iki atlını Şuşa qalasına tərəf aparırdı.

34.


    Otaqdakı şam işığında dörd nəfər əyləşmişdi: Ibrahim xan, Əmiraslan bəy və Şuşa qalasına qalxan o iki atlı. Ibrahim xan o iki nəfərə baxa-baxa deyirdi:
    – Naibüssəltənə ismarıc göndərəndə ki, mənimlə danışmaq istəyir, çox məmnun oldum. Qibleyi-aləm mənim kürəkənim deyil, oğlumdur!.. Naibüssəltənəyə də mən həmişə qardaşım kimi baxmışam. Mənim ruslara olan iltifatımın yeganə səbəbi məcburiyyət və köməksizliyim olmuşdur. Əmiraslan bəyə də mən tapşırdım ki, siz elçilərə şəxsən bələdçilik edib qalaya qaldırsın.
    Elçilərdən biri:
    – Təşəkkürümüzü bildiririk, ağayi-Ibrahim xan,– dedi.– Abbas Mirzə
    Naibüssəltənə bizə belə bir buyruq verib ki, vəziyyətdən siz cənablarını agah edək və kafirlərin əleyhinə bəradərliyimizi bərpa edək.
    Ibrahim xan:
    – Buyurun, ağalar,– dedi.
    – Naibüssəltənənin rəşadətli qoşunları, bu yerlərdəki müsəlman qardaşlarımıza cani-dildən yardım göstərə bilmək üçün, bildiyiniz kimi, indi aran Qarabağın və Şirvanın torpaqlarında yerləşib. Gürcü şahzadəsi Aleksandr bəradərimiz 14 minlik ordusu ilə Gəncənin 65 verstliyində düşərgə salıb və Allah qoysa, Naibüssəltənənin qoşunları ilə bahəm kafirləri həm Gürcüstandan, həm də Şəkidən, Qarabağdan, Şirvandan, Bakıdan tutmuş ta Dərbəndəcən, inşaallah, qovub, dədələrimizin, babalarımızın yurdundan bir dəfəlik çıxarmaq əzmindədir. Firəngistanın padşahı Napoleon qibleyi-aləmə rusların əleyhinə yardım vəd edib və deyirlər ki, Napoleon padşah vədinə əməl edən şəxsdir. Naibüssəltənənin fikri və istəyi belədir ki, xan cənabınız bir həmlə ilə Şuşanı ruslardan təmizləsin və atlıları ilə arana enib Naibüssəltənənin rəşadətli qoşunlarına birləşsin və müştərək kafirlərin axırına çıxaq. Əmiraslan bəy özünü saxlaya bilməyib:
    – Sisianovun qətlindən sonra mayorun əsgərləri lap quduzlaşıb,– dedi.– Yoldan ötəni saxlayıb, yoxlayırlar, elə bil, dədələrinin obasıdı.
    Elçilərdən ikincisi:
    – Bilirik, baba,– dedi.– Bunları burda saxlayırsız, xanlığı var-yoxdan çıxarır, bir az yerlərini möhkəmlədəndən sonra gör nə olacaq də!.. Ağayi-Ibrahim xan, biz geri qayıtmalıyıq. Naibüssəltənə cənabınızın cavabını gözləyir.
    – Naibüssəltənəyə mənim salam və ehtiramlarımı yetirməyinizi rica edirəm, ağayi-elçilər. Əmin olsun ki, mən əlimdən gələni əsirgəməyəcəyəm. Ancaq özümüzü səfərbər etmək üçün bir müddət rüsxət versin. Naibüssəltənə bizim arxalandığımız dağdır. Bir müddət rüsxət, ağalar, rüsxət!.. Rüsxət istəyirəm… Sonra, Allah qoysa, əlimizdən gələni edəcəyik! Naibüssəltənənin buna heç şübhəsi olmasın!.. Ruslar tək sizin üçün kafir deyillər ki, ağalar, bizim üçün də kafirdirlər də!.. Indi isə yola çıxmazdan əvvəl bir az dincəlin, nahar edin. Yenə Əmiraslan bəy özü sizi yola salacaq.
    Ibrahim xan ayağa qalxdı. Elçilər də ayağa qalxdı və baş əyib otaqdan çıxdılar.
    Əmiraslan bəy də dişarı çıxmaq istəyəndə xan onu əylədi:
    – Sən qal.
    Əmiraslan bəy ayaq saxladı. Xan ona baxıb:
    – Sən nə fikirləşirsən?– soruşdu.
    Əmiraslan bəy:
    – Əlahəzrət,– dedi.– Mən siyasətə müdaxilə edən adam deyiləm. Mənimki qılıncdır və sizin əmrinizdir. Ancaq elçilər çox pərt qalxdılar, xan sağ olsun.
    Soldatlar da həddini aşıb, qudurublar. Sisianovun qətlindən sonra heç kimlə hesablaşmırlar, azğınlaşıblar. Ermənilər də bir tərəfdən yavaş-yavaş onlarla dilbir olmağa başlayıb... Vanya yüzbaşı günün günorta çağı heç nədən çəkinmir, gedib, girir rusların qərargahına… Ibrahim xan gülümsədi:
    – Vanya yüzbaşı nədi ki, nə də eləyə bilsin? Indi biz bu həngamədə Vanya yüzbaşının dərdini çəkəcəyik?
    – Bilmirəm, xan sağ olsun! Ancaq əmr versəniz, mən elə bu gecə hücum çəkib, onları didərgin salaram!
    – Qulaq as, qoşunbaşı, qızışma! Saday bəy bədbəxt oğlu, qızışdı, axırını gördük!..
    Elçilər hər şeyi demədilər axı! Ruslar Ağdamda 4000 sərbazı darmadağın elədi. Abbas Mirzə qorxur və bizim əlimizlə öz mövqeyini möhkəmlətmək istəyir. Mən rusları buradan qovum, ruslar da Iran qoşununa qalib gəlsin, onda Qarabağın günü nə olacaq? Gözləmək lazımdı… 500 əsgərin öhdəsindən gəlmək asandı, amma biz rus əjdahası ilə kəllə-kəlləyə gələ bilmərik!.. Gözləyək, görək, divlərin boğuşması nə ilə qurtaracaq, onda da qərarımızı verərik. Əmiraslan bəy:
    – Üzr istəyirəm, xan həzrətləri,– dedi.– Onda gec olmayacaq ki?..
    Ibrahim xan yüngülcə gülümsəyib:
    – Islanmışın yağışdan nə qorxusu?– dedi. – Sonra da əlavə etdi: – Səhər tezdən üç-dörd günlük Xankəndinə gedib dincələrəm, görək sonrası nə olur. Sən də bizimlə gedəcəksən. Bu elçiləri isə ehtiyatla yola sal ki, rusların xəbəri olmasın!

35.


    Elə həmin gecə Vanya yüzbaşının pəncərəsi həyəcanla döyüldü.
    Vanya yüzbaşı yatağında qurcalanıb:
    – Ara, kimdi yenə bu gecə vaxtı?– soruşdu və qalxıb çarpayıda oturdu.
    Kimsə yavaş və həyəcanlı səslə pəncərədən onu səslədi:
    – Vanya dayı!.. Vanya dayı!..
    Vanya yüzbaşı:
    – Zəhrimar, Vanya dayı! Çor, Vanya dayı!– deyib çarpayıdan düşdü.
    Əri ilə eyni çarpayıda yatmış Haykanuş arvad da oyanıb çarpayıda dikəldi:
    – Vallah,– dedi,– bunlar sənin axırına çıxacaqlar! Əyninə bir şey sal, soyuq olar sənə! Qov onları, qayıt, gəl, gir yerinə!
    Vanya yüzbaşı:
    – Hara qovum o yetimləri, ay arvad, hara? Yerləri-yurdları var ki, bu bədbəxtlərin?.. Eh, ay Haykanuş, deyirsən də…– deyə deyinə-deyinə pəncərənin qabağına gəldi və şüşənin bir tayını açıb, əvvəlcə: – Ara, soyuğa bax, e!..– dedi. –
    Sonra pəncərədən boylandı.– Hə?
    Pəncərəni döyən adam yüzbaşının qulağına tələm-tələsik nəsə pıçıldamağa başladı.
    Haykanuş arvad çarpayıdan düşüb ərinin çiyninə adyal saldı.
    Vanya yüzbaşı çiynindəki adyalı özünə bürüyə-bürüyə adama:
    – Yaxşı, matağını,–dedi.– Get, soyuqdu, sətəlcam olarsan!– Və pəncərənin tayını bağladı.
    Haykanuş arvad:
    – A kişi, vallah, sən özün özünə qəsd edirsən!– dedi.– Hamını fikirləşirsən, özündən başqa! Gəl, gəl, gir yerinə!
    – Yox, mən daha yata bilmərəm. Gedirəm çay dəmləyim. Sənə də gətirim?
    – Yenə nə bəd xəbər verdilər sənə, hə?– Haykanuş arvad da çiyninə adyal salıb, otağın küncündə zəif işıqla yanan şamı əlinə aldı və ərinin ardınca o biri otağa keçdi.– Bunlar nə vaxt əl çəkəcəklər səndən?
    Vanya yüzbaşı gülümsədi:
    – Onlar məndən yox, mən onlardan əl çəkə bilmirəm e, ay arvad, mən!..– Maşanı götürüb əyildi və samovarın közünü qurdaladı.– Mən öz millətimə arxa çevirə bilmərəm, Haykanuş!..
    – Bilmirəm, vallah, nə deyim?.. Səndən çox nigaran qalıram… Sənin indi daha o cavan vaxtların deyil!
    Vanya yüzbaşı gülümsədi:
    – Nədi, deyirsən day qocalmışam?
    – Deyirəm ki, özünə yazığın gəlmir, heç olmasa, mənə yazığın gəlsin!..
    Neynəyəcəyəm sənsiz mən?.. Gecə bilmirsən, gündüz bilmirsən… Belə olmaz axı…
    Elə bilirsən sənin qədrini biləcəklər?..
    – Kim kimin qədrini bilir ki?.. Bu axmaq dünyada insanın bir qəpiklik qiyməti var ki?!. Eh, deyirsən də… – Vanya yüzbaşı soyuqdan bədənini silkələyib adyalın içində büzüşdü.– Nə isə… Təki millətə bir gün ağlayaq…
    Haykanuş ərinin qoluna qısıldı:
    – Vallah, özünü məhv edəcəksən…– deyə pıçıldadı.
    – Bu dünya kimi tutub saxlayıb özündə? Isgəndəri saxlayıb? Tiqranı saxlayıb?
    Vanyanı da saxlamayacaq… Bizim bu bədbəxt millət, ay arvad, haçansa bir gün görməlidi, ya yox?.. Yüz illərlə guşənişin yaşamaq elə bizim boyumuza biçilib? – Sonra samovarın lüləsindən közü üfürməyə başladı.– Bunun közü lap sönüb ki…
    Haykanuş arvad:
    – Sən çəkil,– dedi.– Indi özüm od salaram…

36.


    Vanya yüzbaşı həyəcanla mayor Lisaneviçin iş otağının qapısını açdı və içəri girib salamsız-kəlamsız dedi:
    – Cənab mayor, sizin xəbəriniz var ki, bu gecə Abbas Mirzənin iki nəfər elçisi
    Şuşa qalasına gəlib və Ibrahim xanla görüşüb?
    Mayor Lisaneviç:
    – Ola bilməz!– dedi və yazı masasının arxasından qalxdı. – Mənim adamlarım gecə-gündüz qalanı qoruyurlar!
    – Sizin adamlarınız mənim adamlarım kimi bu dağların hər qarışına bələd deyil, mayor! Gecə Abbas Mirzənin iki elçisi Əmiraslan bəyin bələdçiliyi ilə Şuşaya gəlib, Ibrahim xanla gizli danışıqlar aparıblar! Bəlkə siz istəyirsiniz ki, mərhum knyaz Sisianov kimi, bu türk xanları sizin də başınızı kəssinlər?! Hə? Amma mən istəyirəm ki, Allah məni çağıranda, öz isti yorğan-döşəyimdə, öz əcəlimlə onun hüzuruna gedim!
    Mayor Lisaneviç:
    – Mən heç vaxt Ibrahim xana inanmamışam! – dedi.– Bu adamın gözlərindən hiylə yağır!
    Vanya yüzbaşı sakitləşmək bilmirdi:
    – Nə olsun ki, inanmırsız?.. Inanmırsız, ancaq heç nə də etmirsiz! Abbas Mirzə öz sərbazları ilə Şuşanın əlli-altmış verstliyindədi. Ibrahim xanın quldurları gecə üstünüzə hücum çəksə, hara qaçacaqsınız? Elə bilirsiz, bu 500 ac soldatla Qarabağ quldurlarının öhdəsindən gəlmək asandı? Siz hələ bu türk tayfasını tanımırsız!.. –
    Vanya yüzbaşı əlini baldırına çırpdı.– Məzhəb haqqı, mən mat qalıram! Ara, Rusiya boyda bir zırpı məmləkət, üzr istəyirəm, bu qədər sadəlövh ola bilər?! Ibrahim xan özü də bu gün bütün ailəsini götürüb, gedib Xankəndinə.
    – Xankəndinə gedib?
    – Bəli. Sizin bundan da xəbəriniz yoxdu? Soldatlarınızın araq içməkdən başı ayılır ki?!
    Mayor Lisaneviç yüzbaşının son sözlərinə fikir vermədi.
    – Nə üçün gedib?
    – Bunu ondan soruşmaq lazımdır!
    Mayor Lisaneviç həyəcan içində otaqda var-gəl etməyə başladı və:
    – Ailəsi ilə bir yerdə…– deyə, elə bil, özü özü ilə danışmağa başladı.– Nəsə oyun oynayır… Şübhəsiz oyun oynayır, özünü də, ailəsini də təhlükəsiz yerə çəkir…
    Mən Tiflisə təcili çapar göndərməliyəm.
    Vanya yüzbaşı:
    – Qorxuram ki, gec ola,– dedi.– Siz özünüzün, soldatlarınızın başını qorumasaz, heç kim sizin başınızı qorumayacaq, mayor!

37.

15 iyun 1806-cı il. Şuşa yaxınlığındakı Xankəndi. Xanın yay iqamətgahı.
    Cırcıramaların səsi hər tərəfə yayılmışdı və bir tərəfdən də qurbağaların qurultusu o yay gecəsində dünyanın gözəl bir xətircamlığından xəbər verirdi…
    … Ibrahim xan ev libasında iqamətgahın həyətində oturub qızıl nargilə çəkirdi.
    10 yaşlı Gövhər ağa başını onun dizinin üstünə qoymuşdu.
    Tuba xanım iqamətgahdan çıxıb:
    – Yatdı?– soruşdu.
    Ibrahim xan:
    – Hə…– dedi və gülümsədi.– Danışdı, danışdı, axırda yatdı…
    – Aparım içəri.
    – Yox, qoy, bir az yuxulasın yanımda…
    Tuba xanım gəlib ərinin yanında oturdu.
    – Ibrahim…
    – Nədi?
    – Bu işlərin axırı necə olacaq?..
    Ibrahim xan yenə gülümsədi:
    – Yaxşı olacaq…
    Və elə bu dəm qəfildən açılan güllə səsləri, at kişnərtisi, hay-küy aləmi bürüdü:
    – Strelyay!..
    – Rubi ix!..
    – Qırdılar bizi!..
    – Ruslar gəlib!..
    … Mayor Lisaneviç başda olmaqla atlı soldatlar iqamətgaha hücum etmişdi.
    Rus soldatları qışqırırdı:
    – Rubi vsex! Vsex etix svoloçey!
    … Iqamətgahda yuxudan durmuş uşaqlar – Abbasqulu ağa, Səltənət bəyim, Hacı
    Hacan ağa, Əli ağa, qadınlar, nökər və kənizlər qışqıra-qışqıra bir-birinə qarışmışdı.
    … Tuba xanım:
    – Uşaqlar!..– Qışqırıb iqamətgaha qaçdı.
    Gövhər ağa yuxudan kal durub, qorxudan titrəyə-titrəyə atasının böyrünə qısıldı.
    Ibrahim xan:
    – Qorxma, qızım, qorxma!..– deyirdi.
    …Soldatlar atla iqamətgahın içinə girdi.
    … Qılıncı başının üstünə qaldırmış Mayor Lisaneviç:
    – Nikomu net poşadı!– qışqırdı.– Nikomu!
    …Soldatlar qarşılarına çıxanı – uşağı, qadını, qocanı at belindən qılıncdan keçirirdi.
    … Ibrahim xan Gövhər ağanı qucağına götürüb qalxmaq istədi, amma macal tapmadı, elə həmin an da onun üstünə çapan soldatın gülləsi xanı sinəsindən vurdu.
    Ibrahim xan bir əli ilə Gövhər ağanı, o biri əli ilə qanı axan sinəsini tutub oturdu.
    Ikinci gülləni atmaq istəyən soldat özü vurulub atdan aşdı və əli tüfəngli
    Əmiraslan bəy Ibrahim xanın üstünə atıldı.
    – Dur, xan, dur!.. Tez elə!..
    Ibrahim xan:
    – Əmiraslan bəy!.. Mənlə işin olmasın…
    Əmiraslan bəy:
    – Qalx, xan!..– deyə təkid etdi.– Səni buradan çıxaracağam!..
    Ibrahim xan:
    – Mənimki qurtardı…– dedi və Gövhər ağanı bəyə tərəf itələdi.– Bunu qaçırt!..
    – Mən səni burada belə qoya bilmərəm, xan!..
    Ibrahim xan yenə Gövhəri göstərib, tamam taqətsiz halda:
    – Tez qucağına al onu, apar!.. Tez…
    Əmiraslan bəy Ibrahim xanın sinəsindən fışqırıb axan qana baxıb, tərəddüd etdi.
    Nəfəsi darıxan Ibrahim xan:
    – Apar, dedim… Tez elə…– deyə pıçıldadı.
    Əmiraslan bəy yenə xanın qanlı köksünə baxdı, sonra qərar verərək Gövhər ağanı qamarlayıb özünü qaranlığa verdi.
    … At belində yataq otağına girmiş soldat bir küncə qısılmış Abbasqulu ağanı qılıncdan keçirdi.
    … Ağ gecə köynəyi qana bulaşmış Səltənət bəyimin dəhşətdən böyümüş gözləri eləcə donub qalmışdı.
    … Soldatlar süngünü dəhşətdən qışqıra-qışqıra ağlayan Hacı Hacan ağanın boğazına soxdu.
    … Əli ağa uzun ağ gecə köynəyinin ətəkləri ayaqlarına dolaşa-dolaşa qaçırdı və rus soldatının gülləsi onun kürəyini qana boyadı.
    … Mayor Lisaneviç çaparaq Ibrahim xanın qarşısında dayandı.
    Xan altdan yuxarı mayora baxdı və güclə gülümsədi:
    – Allaha kömək edirsiz, mayor?
    Mayor Lisaneviç ayaqlarını üzəngiyə basıb dikəldi və var gücü ilə Ibrahim xanı qılıncdan keçirdi:
    – Staraya lisa!..
    … I Aleksandr dodaqlarındakı yüngül təbəssümlə eləcə portretdən baxırdı…
    Vaxtı ilə knyaz Sisianovun imperatorun öz adından Ibrahim xana hədiyyə etdiyi portret – I Aleksandrın portreti divardan asılmışdı.
    Bütün bədəni uçunan Tuba xanım otaqda yerə çökdü, hər iki əli ilə də baldırlarına vura-vura qarşısındakı şəkilə baxıb, xırıltılı səslə qışqırdı:
    – Allah bu zülmü yerdə qoymayacaq! Allah bu müsibəti sənin də nəslinə qimət edəcək!– Qışqırmaqdan Tuba xanımın boğazının damarları şişib az qalırdı partlasın.– Allah…
    Soldatın qılıncı Tuba xanımı sözlərini yarımçıq kəsdi və bu qadını həmişəlik susdurdu.

38.

23 fevral 1806-cı il. Sankt–Peterburq. Qış sarayı.
    Imperator I Aleksandr iş otağında yazı mizinin arxasında oturmuşdu.
    Daxili işlər naziri ayaq üstə onun qarşısında dayanıb məruzə edirdi.
    Nazir:
    – Qarabağ xanı ilə birlikdə qətlə yetirilənlərin siyahısı…– dedi və susdu.
    Imperator əmr etdi:
    – Oxuyun!
    Nazir iki əlilə də tutduğu qovluğu bir az da gözlərinə yaxınlaşdırıb siyahını oxumağa başladı:
    – Ibrahim xan… Tuba xanım – arvadı… Abbasqulu ağa – oğlu, 12 yaşında…
    Səltənət bəyim – qızı, 9 yaşında… – nazirin əlləri gözgörəti titrəyirdi.– Hacı Hacan ağa – oğlu, 8 yaşında… Əli ağa – oğlu, 6 yaşında…
    Imperator:
    – Kifayətdir!– dedi və mizin arxasından qalxıb otaqda gəzişməyə başladı.–
    Hamısı neçə nəfərdir.
    Nazir:
    – Xidmətçilərlə bir yerdə 21 nəfər, əlahəzrət…
    Imperator var-gəl edə-edə əsəbi halda:
    – Kimdir mayor Lisaneviç?– soruşdu.
    Daxili işlər naziri cavab vermək istədi:
    – Mayor Lisaneviç Qarabağda Şuşa qarnizonunun…
    Imperator onun sözlərini yarımçıq kəsdi və:
    – Heç kim!– deyə özü öz sualına cavab verdi.– Heç kim! Mayor Lisaneviç heç kimdir! Sıfırdır! Sıfır!.. Allah bu qırğının cəzasını Romanovlara verəcək!..

EPİLOQ


    Xacə əlində şam tutub sarayın qaranlıq arakəsmələri ilə irəlidə addımlayırdı.
    Ağabəyim Ağa onun ardınca gedirdi.
    Xacə qapılardan birinin qabağında ayaq saxladı və qapının ağzında dayanmış keşikçiyə:
    – Qibleyi-aləmin razılığı var,– dedi.
    Keşikçi kənara çəkildi.
    Xacə, onun ardınca da Ağabəyim Ağa otağa girdi.
    Yalnız xacənin əlindəki şamın zəif şöləsi ilə işıqlanan otağın ortasında, girdə mizin üstündə qırmızı ipək örtük salınmış qabarıq bir şey var idi.
    Xacə o biri əlini uzadıb örtüyü qaldırdı.
    Bu – qızıl məcməyinin içində knyaz Sisianovun başı idi.
    Ağabəyim Ağa şamı xacədən alıb knyazın başına yaxınlaşdırdı.
    Və indi baş şam işığında aydın görünürdü.
    Ağabəyim Ağa bir müddət başa baxdı.
    Sonra Ağabəyim Ağa şamı xacəyə qaytarıb otaqdan birinci çıxdı…

EKRANDA YAZILDI:


    Ağabəyim Ağa Azərbaycan və fars dillərində şerlər yazaraq Şərqdə məşhur oldu, ömrünün sonlarında tərki–dünya bir həyat sürərək əri Fətəli şahdan üç il əvvəl –1831-ci ildə Iranın Qum şəhərində vəfat etdi. Əbülfət ağa Abbas Mirzənin başçılığı ilə Iran qoşunlarının Cənubi Qafqaza bir neçə hücumunda iştirak etsə də, bir daha Qarabağa qayıda bilmədi və 1839–cu ildə 73 yaşında Iranda vəfat etdi.
    Mayor Lisaneviç podpolkovnik rütbəsində istefaya çıxdı və birdən-birə Qafqazın gözəl və sirli təbiəti haqqında şerlər yazmağa başladı, amma bu şerlər heç kimin diqqətini cəlb etmədi, buna baxmayaraq, uzun ömür sürüb 91 yaşında Sankt- Peterburqda vəfat edən Lisaneviç, ömrünün sonuna kimi Qafaqaz haqqında şerlər yazdı.
    Polkovnik Qaryagin 1809-cu ildə aran Qarabağdakı Qarabulaq döyüşündə həlak oldu və Qarabulaq şəhəri onun şərəfinə uzun müddət Qaryagin adını daşıdı. Pirqulu xan 4 avqust 1805-ci ildə Fətəli şahın əmri ilə edam edildi.
    Vanya yüzbaşı əlahəzrət imperator I Aleksandrdan nəsildən nəsilə keçmək şərti ilə «Məlik» rütbəsi aldı və 1811-ci ildə 71 yaşında Şuşada, sətəlcəmdən vəfat etdi. Aşot Karapetyan bir neçə müşayiətçi ilə bərabər, növbəti dəfə Araz çayını keçib Şimali Azərbaycana gəlmək istərkən sərhəddə quldurlar tərəfindən qarət edilərək qətlə yetirildi.
    Gövhər ağa böyüyərək xeyriyyəçi kimi məşhur oldu, Qarabağda öz hesabına məscidlər tikdirdi, məktəb və xəstəxanalar açdırdı, körpülər saldırdı və 1867-ci ildə Şuşada vəfat etdi.
    Əmiraslan bəy başına dəstə toplayıb Şuşa dağlarında ruslara qarşı qaçaqçılıq həyatı yaşadı, tez-tez və hər dəfə də gözlənilməz basqınlar edərək bir çox rus soldatını, zabitlərini qətlə yetirdi, çar hökuməti onun başına 500 çervon qiymət qoydu və yaxın ətrafının xəyanəti nəticəsində ələ keçən Əmiraslan bəyi ruslar 1816- cı ildə Gorusda dar ağacından asdılar. Ibrahim bəy knyaz Sisianovu qətlə yetirdikdən sonra bir müddət Abşeron yarımadasında gizləndi, Rusiya Bakını ələ keçirdikdən sonra Irana qaçdı və heç kim onun sonunun nə ilə qurtardığını bilmədi.
    Polkovnik Eristavi knyaz Sisianovun qətlindən sonra istefaya çıxdı və 1813-cü ildə Sankt-Peterburqda rus zabiti ilə dueldə həlak oldu. Ibrahim xandan sonra Qarabağın xanı onun oğlu Mehdiqulu xan oldu və 1822-ci ildə Rusiya Kürəkçay müqaviləsini pozaraq Qarabağ xanlığını ləğv etdi.
    Cənubi Qafqaz uğrunda davamlı müharibələrdən Rusiya qalib çıxdı. 1828-ci il fevralın 10-da Rusiya ilə Iran arasında Türkmənçay müqaviləsi imzalandı və həmin müqaviləyə Iran tərəfdən Abbas Mirzə imza atdı. Rusiya Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı işğal etdi, bütün xanlıqlar ləğv olunaraq, Rusiyanın əyalətinə çevrildi. 90 ildən sonra – 1918-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan etdi, ancaq iki il keçmiş – 1920-i ildə rus-bolşevik ordusu tərəfindən yenidən işğal olundu və yalnız 1990-cı ildə öz müstəqilliyini bərpa etdi.
    Gəncənin adı yalnız XX əsrin sonlarında – 1989-cu ildə özünə qaytarıldı. 2005-ci ildə Gəncədə, Cavad xanın qəbri üzərində məqbərə ucaldıldı.

SON


    6 – 19 yanvar 2005.
    Istanbul.


<< 1 / 2 / 3 / 4 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (09.01.2014) | Müəllif: R.C E W
Baxış: 480 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more