Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Hökmdarın taleyi
HÖKMDARIN TALEYİ
İlyas Əfəndiyevin «Hökmdar və qızı» faciəsinin motivləri əsasında yazılmışdır.

PROLOQ


    … Sonra ildırım çaxdı…
    … Tufan qopmuşdu, şıdırğı bir yağış yağırdı…
    … Və atlı o şıdırğı yağış altında sıldırım qayaların dibi ilə yarğan boyu boz ürgəni var gücü ilə çapırdı…
    Su atlının sifətindən, üst-başından süzülüb axırdı, amma o bunun fərqində deyildi, gözlərini qıyıb qarşıya baxırdı, elə bil ki, baxışları ilə sıldırım qayaların dibindən cığır açırdı və elə bil, boz ürgə də o dəm belindəki adam gözləri ilə açdığı o cığırla çapırdı.
    Qayaların təpəsindən baxanda, adama elə gəlirdi ki, at çapmırdı, atlı ilə bərabər, o boz ürgəni də tufan aparırdı…
    Yarğanın dibi bitib burulanda atlı cilovu çəkdi, boz ürgə bu qəfil dartmadan şahə qalxdı, burun pərələri gözgörəti şişib böyüdü və atın kişnərtisi o çovğun hayküyündən də güclü oldu, bütün yarğana yayıldı.
    Və o kişnərtinin ardınca atlının bağırtısı eşidildi:
    – Ruslar gəlir!..
    Elə o andaca iri bir qayanın altında daldalanmış ikinci atlı bu xəbəri alıb yerindən götürüldü və bu dəfə də o tufanın içində ikinci atlı çapmağa başladı…
    O sözlərin isə, yağış şırıltısının müşaiyəti ilə əks-sədası yarğan boyu hər tərəfə yayılırdı:
    – Ruslar gəlir!..
    – Ruslar gəlir!..
    – Ruslar gəlir!..

BİRİNCİ HİSSƏ

1.

6 sentyabr 1802–ci il. Sankt-Peterburq. Qış Sarayı.
    Imperator I Aleksandr öz iş otağında general və əyanların arasında var-gəl edirdi və imperator bu dəm, elə bil, əsabələri ilə yox, öz-özü ilə danışırdı:
    – Xəzər Rusiyanın daxili dənizinə çevrilməlidir. Isti dənizlərə bizim yolumuz Cənubi Qafqazdan keçir… Nə qədər ki, Avropanın başı Bonaparta qatışıb, biz bundan istifadə etməliyik… Cənubi Qafqaz imperiyanın tam rahatldıqla söykənə biləcəyi bir Cənub sütunu olmalıdır… – Ani sükutdan sonra imperator sonuncu sözü, elə bil ki, bir az rişxəndlə təkrar etdi:– Olmalıdır… ancaq… General Knorrinq!
    General Knorrinq baş əydi:
    – Əlahəzrət…
    1 Aleksandr yenə ani bir sükutdan sonra:
    – Mən hələ keçən il sizə yazmışdım ki, Fətəli şahın… – dedi və nəyi isə yadına salmaq istədi.– Onu oralarda necə çağırırdılar?
    General Knorrinq:
    – Baba xan, əlahəzrət…– dedi.– Fətəli şah taxta çıxmazdan əvvəl…
    Imperator generalın sözünü yarımçıq kəsdi:
    – Bilirəm, bilirəm… Baba xan… Mən sizə, general, hələ keçən il yazmışdım, nə qədər ki, Iranın Cənubi Qafqazla bağlı iddiaları gerçəkləşməyib, yerli hakimləri, xüsusən, Qarabağ, Gəncə, Irəvan, Bakı, Şirvan… Biri də var idi… Hə, Şəki xanlıqlarını öz tərəfimizə çəkməliyik... Bu isə o demək idi ki, ən yaxın zamanlarda – vaxt artıq çoxdan yetişib! – o xanlıqları Rusiyanın tərkibinə qatmaq üçün hazırlıq işləri getməli idi… Artıq Ingiltərə Fətəli şahla müqavilə bağlayıb! Bəs siz nə etmisiz, general?
    General Knorriq nəsə demək istədi.
    Imperator əlinin işarəsi ilə onu saxladı:
    – Bilirəm… Georgiyevskdə danışıqlar aparmısınız. Ancaq… – Imperator gülümsədi.– Orada kimlər iştirak edib?
    Həyəcanını boğmağa çalışan general Knorrinq dedi:
    – Tərki şamxalı, Qara Qaytaq usmisi, Tabasaran hakimi…
    Imperator yenə onun sözünü kəsdi:
    – Bunları bilirəm… Bəs, Azərbaycandan? Azərbaycandan kimlər?
    – Quba və Talış xanlarının nümayəndələri…
    – Bəli, cəmi iki xanlığın… Özü də xanla yox, onların nümayəndələri…
    General Knorrinq:
    – Üzr istəyirəm, əlahəzrət…– dedi.– Onları yanlız danışıqlarla ram etmək olmayacaq…
    I Aleksandrın sifətindəki təbəssüm çəkildi və o sərt bir ifadə ilə:
    – Kim deyir ki, biz onları yalnız danışıqlarla ram edəcəyik?..
    – soruşdu.– Mən sizə belə bir söz demişəm, general?
    General Knorrinq yenə nə isə demək istədi, amma imperator bu dəfə də əlinin işarəsi ilə onu saxladı:
    – Lazım deyil, general… Artıq bunun əhəmiyyəti yoxdur… Bu danışıqlar, verilən vədlər müvəqqəti diplomatik gedişdən başqa bir şey deyil! Bu ki, aydın məsələdi!.. Rusiya bu danışıqları məgər ciddi qəbul edə bilər?.. Yox! Qəbul edə bilməz! Və etməyəcək! Əlbəttə, zor işlədiləcək! Şərq hakimləri o qədər də axmaq deyillər ki, güc görməyəndə bizim verdiyimiz vədlərə inansınlar! Vəd o zaman şirnikdirici olur ki, arxasında güc dayanır! Güc görməyən hansı axmaq ultimatum qəbul edər?! Biz zor işlətməliyik və işlədəcəyik! Özü də elə zor ki, ətrafdakılara da dərs olsun! Qafqaz Şərqdir! Vəhşi qafqazlılarla Şərq dilində də danışmağı bacarmaq lazımdır! Knyaz Sisianov!
    Knyaz Sisianov bir addım irəli atıb baş əydi:
    – Əlahəzrət…
    – Mən sizi Qafqazın Baş komandanı təyin edirəm! Cənubi Qafqazdakı bütün mülkü-hərbi hakimiyyəti mən sizə həvalə edirəm, general!
    Knyaz Sisianov şümal bədənini tarım çəkib:
    – Təşəkkür edirəm, əlahəzrət!– dedi.– Əmin ola bilərsiniz ki, mən sizin etimadınızı doğruldacağam! Imperator yenə gülümsədi:
    – Bunu zaman göstərəcək, Pavel Dmitriyeviç!.. Əsas odur ki, Qafqazda başınızı qoruyun!..
    – Imperiyanın yolunda mən başımdan keçməyə hazıram, əlahəzrət!..
    – Mənim buna şübhəm yoxdur, knyaz… Ancaq, hər-halda, başınızı qoruyun! O sizə də, bizə də lazımdı!

2.

6 sentyabr 1802-ci il. Sankt-Peterburq. Qış sarayı. Bal zalı.
    Gözəl bir gecə, gözəl bir bal idi…
    Orkestr özü də öz ifasından ləzət ala-ala çalırdı və saraya dəvət olunmuş Sankt- Peterburq zadəganları rəqs edirdi.
    … Knyaz Pavel Dmitriyeviç Sisianov I Aleksandra baş əyərək imperatriçə
    Yelizavettanı rəqsə dəvət etdi:
    – Xahiş edirəm, mənə şərəf verəsiniz, əlahəzrət…
    Imperatriça imperatora baxdı və I Aleksandr yüngülcə başını tərpətdi. Imperatriçə Yelizavetta gözəl bir təbəssümlə gülümsəyərək knyazın dəvətini qəbul etdi.
    … Knyaz Sisianov ilə imperatriçə bütün zalın ehtiram və səcdə dolu diqqəti altında rəqs edirdilər.
    … Imperatriça:
    – Sizi təbrik edirəm, knyaz…– dedi. – Imperator sizə böyük ümidlər bəsləyir… Knyaz:
    – Təşəkkür edirəm, əlahəzrət…– dedi.– Mən o ümidləri doğrultmağa çalışacağam.
    – Həqiqətən, qəribə taleyiniz var, knyaz!.. Böyük bir imperiyanın ən səlahiyyətli nümayəndəsi kimi ata-baba yurdunuza gedirsiniz… Yəqin qan da çəkir…
    – Qan barədə bir söz deyə bilmərəm, əlahəzrət, ancaq əlahəzrət imperatorun və imperiyanın qarşısındakı borcun məsuliyyətini hiss edirəm.
    – Tale nədir? Tale hər bir insanın bu dünyadakı missiyasıdır. Sizin də missiyanız beləymiş, knyaz… Mən də sizə inanıram və siz mənim üçün də… – Imperatriçə sözünü davam etməyə, elə bil, bir az çətinlik çəkdi.– Mənim üçün də… əziz bir adamsız… Deyirlər, Qafqazda sıldırım dağlar çoxdur. Mən istəyirəm ki, siz o dağların arasında, o vəhşi diyarlarda… – Imperatriçə özü öz sözünü yarımçıq kəsdi.– Belə deməklə sizin qəlbinizə toxunmadım?
    Knyaz güldü:
    – Yox… Siz olan şeyi deyirsiz…
    Imperatriçə davam etdi:
    – Mən istəyirəm ki, siz o diyarlarda xatırlayasınız ki, uzaq Sankt-Peterburqda mənim simamda bir dostunuz var! Mən bilirəm ki, siz dediyiniz o borcu müqəddəs sayan bir insansız və inanıram ki, həmin borcu layiqincə yerinə yetirəcəksiniz! Məndən bir xahişiniz varmı, knyaz?
    – Var.
    Imperatriçə maraqla knyaz Pavel Sisianova baxdı:
    – Eşidirəm…
    – Deyirlər, Gəncə Qafqazın ən gözəl şəhəridir…
    Imperatriçə eyni maraqla:
    – Ola bilər…– dedi.
    – Icazə verin Gəncəni sizin şərəfinizə Yelizavettapol adlandıraq.
    Imperatriçə ani bir şaşqınlıqdan sonra gülümsədi:
    – Bunun üçün Gəncə imperiyanın bir parçası olmalıdır, knyaz…
    – Buna şübhəniz olmasın, əlahəzrət!
    – O zaman, elə bilin ki, icazəni aldınız…

3.


    Şuşa dağlarını duman bürümüşdü…
    Və o duman içindəki yaşıl yamacda iki atlı gedirdi…
    Ağabəyim Ağa qumral kəhərin belində yanpörtü oturmuşdu, bir az arxada isə ağ atın belində Saday bəy gəlirdi.
    Ağabəyim Ağa başını arxaya çevirib:
    – Nədi? – soruşdu. – Yenə ağzına su alıbsan?
    Saday bəy duman içində boz-yaşıl kölgə kimi güclə sezilən dağlara baxdı, ayaqlarını üzəngiyə basıb, elə bil, başqa nələr də görəcəkmiş kimi, atın belində dikələrək ətrafa boylandı və:
    – Vallah, – dedi, – belə vaxtlarda sənnən danışmağa qıymıram… Istəyirəm ki, elə eyzən o dağlara baxasan…
    Bu sözlər açıq-aşkar Ağabəyim Ağanın ürəyinə yayıldı və qız:
    – Bəsdi, sən Allah…– dedi. – Amma o gözəl sözlərin sevdasını heç cürə gizlədə bilmədi.
    Qumral kəhərlə ağ at duman içindəki o yaşıl yamacda bir müddət də eləcə addımladı.
    Ağabəyim Ağa bu dəfə başını arxaya çevirmədən – elə bil, sözlərini qarşıdakı dumanlı dağlara deyirdi – bir az da şıltaqlıqla:
    – Həmişə deyirsən ki, məni çox istəyirsən… – dedi.– Bəs mənnən çox istədiyin bir şey yoxdu?
    Saday bəy cavab vermədi.
    Ağabəyim Ağa:
    – Nə oldu, qoşunbaşı?– soruşdu.– Düzünü deməkdən qorxursan?
    – Mən heç nədən qorxmuram!
    – Onda de! Var, ya yox?
    Saday bəy:
    – Var…– dedi.
    Bu dəfə ikisi də susdu.
    Bəlkə bu söz, Saday bəyin bu təsdiqi Ağabəyim Ağa üçün gözlənilməz oldu?
    Və o sükutu Saday bəy pozdu:
    – Qarabağ!– dedi.
    Ağabəyim Ağa aşkar bir qısqanclıqla:
    – Pah!..– dedi.– Yaman özündən razısan!
    – Sən soruşdun, mən də dedim!
    – Onda çap, Cıdır düzünə! Görək sənin ağ atın nə deyir, mənim kəhərim nə deyir!?
    – Belə dumanda Cıdır düzündə cıdıra çıxmazlar, a xan qızı! Bir də görərsən ki, sıldırımdan qopub Daşaltının dibinə düşübsən!
    Ağabəyim Ağa bərkdən gülüb:
    – Ay ağ at!..– dedi.– Gör, sənin belindəki bu qoçaq sənin barəndə nə fikirdədi ey!..
    Saday bəy:
    – Indi ki, belə oldu, onda gəl, görüm, xan qızı!– dedi və irəli çapdı.
    Ağabəyim Ağa:
    – Baxaq, qoşunbaşı!– dedi və o atlıların ikisi də çapıb Şuşa dağlarının dumanı içində görünməz oldu.

4.


    Şuşanın Bazar başı şəhərin sakinləri ilə dolu idi…
    … Xan carçısı misgər dükanının qənşərində yoğun bir kötüyün üstünə qalxıb gur səslə car çəkirdi:
    – Camaat!.. Əlahəzrət hökmdarımız Ibrahimxəlil xan taxt səltənətin ildönümü münasibətilə xalqa əfvi–ümumi əta eləyib! Zindandakı məhbusların azadlığı barədə sərəncam verib! Camaat!..
    … Bu xəbər Bazar başında alış-verişlə məşqul olan adamların arasına bir çaxnaşma saldı…
    … Xəbəri evə tez çatdırmaq üçün biri dükanı bağladı…
    … O biri aldığı arşın malı yarımçıq piştaxtanın üstünə atıb qaçdı…
    … Bir başqası atın belinə sıçradı…
    … O biri eşşəyi dartdı...
    … Və bazar əhli xana dua edirdi:
    – Allah xanın ömrünü uzun eləsin!..
    – Allah xanı həmişə öz taxt-səltənətində bərqərar eləsin!
    – Allah Pənah xana rəhmət eləsin!..

5.


    Dağlar arası əyri-üyrü uzanıb gedən dolanbac Molla Nəsrəddin yolu ilə üzüyuxarı
    – Şuşa qalasına doğru karvan qalxırdı və o karvan dəvələrinin aram-aram atdıqları addımlar, elə bil, o Şuşa dağlarının təmkininin davamı idi…
    Qala divarının qarşısında oynaşan bir dəstə uşaq aşağıdan qalxan o karvanı görüb çığır-bağır saldı:
    – Karvan gəlir!..
    – Karvana bax!..
    – Bizimkilər deyil!..
    – Tehran karvanıdı!..
    – Irandan gəlir!..

6.


    Ibrahim xan Şuşa iqamətgahında Axund Mirmöhsün ağa ilə bərabər nargilə çəkirdi və hiss olunurdu ki, xan fikirli, qayğılıdır.
    Xan nargilədən dərin bir qüllab vurub:
    – Bir qara qəpiklik zəmanə deyil, Mirmöhsün ağa…– dedi.
    Axund Mirmöhsün ağa gülümsədi:
    – Zəmanə nə vaxt yaxşı olub ki?..
    Bu vaxt qapıçı içəri girdi.
    Xan açıq-aşkar bir nigarançılıqla:
    – Nə xəbərlə gəlmisən?– soruşdu.
    Qapıçı:
    – Karvan yerbəyer olundu. Dəvələr…
    Xan onun sözünü kəsdi:
    – Bunları bildik, sonra?
    Qapıçı əlindəki iki bürmə kağızın ikisini də irəli uzatdı:
    – Biri hədiyyələrin siyahısıdı...
    Xan təəccüblə:
    – Nə hədiyyələr? – soruşdu.– Fətəli şah mənə hədiyyə göndərib?
    Qapıçı:
    – Bəli.– dedi.– Bu da Fətəli şahdan sizə namədir...
    Xan maraqla qapıçının əlindəki kağıza baxdı.
    – Ver ağaya.
    Qapıçı hər iki kağızı Axund Mirmöhsün ağaya verdi.
    Xan:
    – Karvanla gələnlərə yaxşı qulluq edin,– dedi.– Gedə bilərsən.– Və qapıçı eşiyə çıxan kimi, üzünü Axunda tutdu:– Naməni oxu, Mirmöhsün ağa, görək, nə məsələdi?
    Mirmöhsün ağa namə bükməsini aça-aça:
    – Allah qoysa, xeyir olar…– dedi.
    Ibrahim xan, elə bil, Axund Mirmöhsün ağaya yox, zəmanəyə çımxırdı:
    – Mən bu zəmanədən heç bir xeyir xəbər gözləmirəm!– dedi. Mirmöhsün ağa naməni oxumağa başladı:
    – «Şöhrətli Qarabağ hakimi Ibrahim xana Şahənşahi–Iran, əzəmətli Fətəli şahdan salam. Ibrahim xan, hökmdarımız Ağa Məhəmməd şahın Şuşa şəhərində xaincəsinə qətlə yetirilməsindən sonra, onun cənazəsini hörmətlə Tehrana göndərməyindən xeyli məmnunam. Şöhrətli Qarabağ xanlığı ilə dostluğa söykənən himayədarlıq münasibətini daha da möhkəmləndirmək üçün, sənin – şərəfli Ibrahim xanın kamallı qızı Ağabəyim Ağa ilə izdivac arzusunda olduğumu bildirirəm. Ağabəyim Ağanın əqli, fərasəti mənə məlum olduğundan və o məhz sən Ibrahim xanın qızı olduğundan, onu özümə Baş hərəm etmək fikrindəyəm. Oğlun Əbülfət ağanı da öz sarayıma dəvət edirəm.
    Salam-dua ilə Fətəli şah, Şahənşahi–Iran.»
    Araya sükut çökdü.
    Ibrahim xan nargiləni bir tərəfə itələyib taxtın üstündə dikəldi, bayaqdan bəri qoltuğunu söykədiyi mitəkkələri də kənara çəkdi və Fətəli şahın naməsindəki sonuncu cümləni təkrar etdi:
    – «Əbülfət ağanı da öz sarayıma dəvət edirəm…» Ağabəyim Ağa ona bəs eləmir… Əbülfəti də girov istəyir… Mənimlə qohum olur, amma qanımı sormağa hazırdır… Araya yenə sükut çökdü. Axund Mirmöhsün ağa indicə oxuduğu naməni yavaş– yavaş bürmələdi.
    – Nə fikirdəsən?– Bunu Ibrahim xan soruşdu.
    Axund:
    – Iki nəhəng əjdaha burun-buruna durub, bir-birini divara qısnayıb,– dedi.–
    Qarabağ Iran üçün də, Rusiya üçün də bir udumluq tikədi…
    – Elə də müdrik bir fikir söyləmədin, ağa…– Ibrahim xan əsəblərini cilovlaya bilmədi, döşəkcənin üstündəki iri kəhraba təsbehi götürüb ayağa qaldı və Axund Mirmöhsün ağa da qalxıb yüngülcə baş əydi.
    – Mən olanını təkrar etdim, xan sağ olsun… Sizin həmişəki sözlərinizdi ki, ehtiyatlı olmaq lazımdı…– Bu sözləri də Mirmöhsün ağa dedi.
    – Bəli, ehtiyatlı olmaq lazımdı, amma bu ehtiyat bizi hara aparıb çıxaracaq?..
    Əlbəttə, Rusiya kimi bir məmləkət üçün, Iran kimi bir səltənət üçün balaca Qarabağ bir udumluq tikədi… Amma bəzən tikə, əjdahanın da boğazında qalır… Hə?
    – Nə deyim, xan sağ olsun?.. – Axund çiyinlərini çəkdi. Ibrahim xan pəncərənin qabağına keçdi, əllərini arxasında çarpazlayıb təsbehin iri daşlarını oynada-oynada uzaqdan aydın görünən Topxana meşəsinə baxdı:
    – Nə qədər çalışdım mən? – dedi.– Nə qədər dil tökdüm ki, gəlin birləşək, yumruq kimi bir olaq, vahid bir Azərbaycan dövləti yaradaq, yoxsa bizi bir-bir udacaqlar?! Sən ki, bunun şahidisən, Mirmöhsün ağa!.. «Düzdü» – dedilər, amma nə oldu? Cavad xan bir tərəfə çəkdi, Kəlbəli xan bir tərəfə çəkdi, Hüseynqulu xan bir tərəfə, Məhəmməd xan bir tərəfə, mənim kürəkənim Səlim xan da bir tərəfə… Mən heç özümü də təmizə çıxarıb onlardan ayırmıram… Bir-birimizlə çəkişmək, bir-birimizə badalaq gəlmək, hakimiyyət uğrunda bir-birimizə zülm etmək, bax, ağa, budu sən deyən o tikəni rahat-hülqum edən! – Ibrahim xan gözlərini pəncərədən çəkib vəzirə baxdı.– Mən də təzə bir söz demirəm, deyinirəm… Naməyə nə cavab verək?
    – Biz Iranla açıq düşmənçilik edə bilmərik…
    – Mən Ağabəyim Ağanı qurban verməliyəm?!– Ibrahim xanın gözlərində bir qəzəb qığılcımı çaxdı, amma Axund Mirmöhsün ağa təmkinini pozmadı.
    – Dünyadı, xan sağ olsun… Hərənin bir taleyi var… Qurani–şərif də izdivacı vacib sayıb…
    – Ay ağa, sənin cəddinə qurban olum, bəsdi, qurtar mənə məktəb dərsi keçməyi… – deyə Ibrahim xan hirsləndi.– Izdivac vacibdi deyə, mən, gözümün işığını, Ağabəyim Ağanı həmişəlik yad bir məmləkətə göndərməliyəm? Allahın hər verən günü şah sarayında təkliyini, gücsüzlüyünü, acizliyini hiss edəcək!.. Mən qızı belə bir qəribçiliyə məhkum etməliyəm?! Əbülfət kimi bir cavanı Tehrana girov göndərməliyəm?!
    – Əbülfət ağa, onsuz da, Iran təmayüllüdü…
    – Nə olsun? Cavandı, çox şeyi başa düşmür… Bu, onun lələsi Molla
    Cəfərqulunun tərbiyyəsinin nəticəsidi ki, təqsiri də mənim özümdədi, nəzarətdə saxlamamışam. Indi nə olsun? Hə? Əbülfəti girov göndərim Tehrana ki, Fətəli şah kefi istəyəndə onun başını bədənindən üzsün?!
    Axund Mirmöhsün ağa cavab vermədi.
    Ibrahim xan yenə gözlərini pəncərədən Topxana meşəsinə zillədi.
    – Susursan, Mirmöhsün ağa, çünki yaxşı bilirsən ki, mənim başqa çarəm yoxdu…
    Mimrmöhsün ağa:
    – Hökmdarlıq ancaq kənardan baxan üçün şirin şeydi…– dedi.
    Ibrahim xan eləcə pəncərədən baxa-baxa:
    – Bəs, Rusiya bu izdivaca nə deyəcək? Boğazımızdan yapışmayacaq ki, bir tərəfdən deyirsən, bizimlə danışıqlara meyillisən, amma o tərəfdən də Iranla qohum olursan?
    – Deyəcək, əlbəttə… Amma mən başqa bir çarə görmürəm… Bir də ki, Fətəli şah özü də türkdü. Biz bu izdivacdan, bu qohumluqdan istifadə edib, Qarabağın toxunmazlığını təmin edə bilərik, Azərbaycanı vahid bir dövlətə çevirməkdə Fətəli şahın əzəmətinə, Iranın qüdrətinə söykənə bilərik. Nə üçün Fətəli şah istəməsin ki, Iranla Rusiya arasında bir müsəlman dövləti olsun? Və lazım olduqda Rusiyanın həmlələrinə Iran özü yox, məhz bu dövlət cavab vermək məcburiyyətində qalsın? Xüsusən də ki, bu dövlət də Fətəlinin öz dədə-baba kökündən olacaq…
    – Axund, bəyəm Ağa Məhəmməd şah öz türkümüz deyildi? Bəyəm Nadir türk deyildi? Şah Abbas türk deyildi? O biriləri türk deyildi? Nə oldu? Bəyəm o boyda Osmanlı türk deyildi, səfəvilər də türk deyildi ki, bir-birini qırdılar? Bəs o qırğından kim qazandı? Mirmöhsun ağa, Iranın başında kim olursa-olsun, bu məmləkətin bir dövlət kimi qədim tarixi var, böyük dövlət ənənələri var və Azərbaycanın müstəqilliyi onların dövlətçiliyi üçün bir təhlükədir.
    – Ağabəyim Ağanın zəkasına hamı bələddi, xan sağ olsun. Onun Fətəli şaha təsiri ola bilər…
    Ibrahim xan dərindən köks ötürdü:
    – Eh!.. Ağabəyim Ağa o boyda səltənətin maraqlarına üstün gələcək?..– Sonra eləcə pəncərədən baxa-baxa dedi.– Bilirsən ürəyimdən nə keçir, Mirmöhsün ağa? Allah-tala bir gün, bircə gün məni bütün qayğılardan azad edəydi və mən, bax, o
    Topxana meşəsində həmin günü təkcə, Mirmöhsün ağa, eşidirsən, təkcə və tamam qayğısız gəzib-dolaşaydım…

7.


    O gözəl tirmənin naxışları, elə bil, Qarabağ dağlarının rəngindən, ətrindən xəbər verirdi...
    … Tuba xanım bir-iki qaravaşı ilə döşəkçənin üstündə oturub o tirmənin naxışlarını toxuyurdu…
    … Ibrahim xan iti addımlarla iqamətgahın üst qatına qalxdı və qapını açıb Tuba xanımın otağına girdi.
    Qaravaşlar dərhal ayağa qalxıb təzim etdilər və otaqdan çıxdılar.
    Ibrahim xan səbrini tamam itirmişdi:
    – Sən də vaxt tapmısan tirmə toxumağa? Nə oldu?
    Tuba xanım tirməni kənara qoyub:
    – Bu izdivac çətin olacaq, Ibrahim…– dedi.
    – Mənim baxtıma asan şey yazılmayıb! Nə deyir?
    – Nə deyəcək? Bəyəm, sən bilmirsən?
    – Hədiyyələrə nə dedi?
    – Heç gözünün ucuyla da baxmadı. Ibrahim, bu qız başqalarına bənzəmir… Onun ürəyi sınsa, ömrü boyu düzəlməyəcək…
    Ibrahim xan özündən çıxdı:
    – Sənin ürəyin yoxdu? Mənim ürəyim yoxdu? Kimdi indi ürəyi sayan? Kimdi ürəyi hesaba alan?
    – Mən sənə demişəm də, onun meyli Saday bəyədi…
    Ibrahim xan daha da hirsləndi:
    – Qoşunbaşı Saday bəy bir əlindəki qılıncla Iranın başını kəsəcək, o biri əlindəki qılıncla da Rusiyanın başını üzəcək!? Hə?! Tərəkəməoğlu Saday bəy lap Teymurləng olsun, üç min qoşun ilə Qarabağı rusdan necə qorusun?! Fətəli şahdan necə qorusun?!
    Tuba xanım:
    – Deməli, Ağabəyim Ağanı zorla Tehrana göndərəcəksən?
    Araya sükut çökdü.
    Və o sükutdan sonra Ibrahim xanın cavabı belə oldu:
    – Sən elə bilirsən mənim ürəyim daşdandı?
    Tuba xanım:
    – Yox, mən elə bilmirəm…– dedi.
    Ibrahim xan:
    – Ağabəyimlə özüm danışacağam,– deyib otaqdan çıxdı.

8.


    Bir nəfər Şuşanın sal daşdan salınmış və gecənin qaranlığında tamam kimsəsizləmiş küçəsi ilə tələsik addımlarla addımlayırdı.
    O, küçəni burulub xəfif ay işığında qaraltısı aydın seçilən köhnə Alban kilsəsinin xarabalığına tərəf getdi və kilsənin girəcəyində qəfildən qaranlıqdan çıxan bir adam onun qarşısını kəsdi:
    – Kimsən?
    – Dənizdən dənizə gedirəm.
    – Keç.
    Və o bir nəfər kilsənin qapısından içəri girmək istəyəndə, qarşısını kəsən adam onu tanıdı:
    – Vanya yüzbaşı, sənsən?
    Vanya yüzbaşı:
    – Ara, mən bəxti qaradan başqa hansı səfeh olacaq, gecənin yarısı isti yorğandöşəyə girmək əvəzinə, düşsün Şuşanın bu buz kimi soyuq daş küçələrinə? Hə, matağını?– deyə şikayət etdi və içəri girə-girə:– Bu zülmətdə yıxılıb qabırğamı sındırmasam yaxşıdı…– dedi. – Qaranlıqda ehtiyatla irəliləyərək üç-dörd daş pilləkən aşağı düşdü və köhnə taxtalarının arasından adda-budda işıq süzülən qapını itələdi.
    Qapı cırıltıyla açıldı.
    Hər tərəfi daş mağaraya bənzəyən bu zirzəmidə zəif şam işığında altı-yeddi nəfər daş üstündə dövrələmə oturub, gicgahından tutmuş ta çənəsinəcən uzanan çapıq yeri o zəif şam işığında da aydın görünən bir nəfərə diqqətlə qulaq asırdılar və görünür, elə söhbət də ciddi olduğu üçün Vanya yüzbaşı içəri girəndə, içəridəkilərin bəzisi onu təkcə başlarının işarəsi ilə salamladı, bəziləri də hörmət əlaməti olaraq ayağa qalxmaq istədi, amma Vanya yüzbaşı əlinin işarəsi ilə onları yerindən qalxmağa qoymadı.
    Üzü çapıq adam deyirdi:
    – Bu gün Allahın yüz illərdən sonra bizə həqiqətən yazığı gəlib, millətimiz üçün ən əlverişli şərait yaradıb. Biz bu şəraitdən istifadə etməyi bacarmalıyıq. Əgər biz bu şəraitdən də istifadə edə bilməsək, o zaman bizdən sonrakı nəsillər də heç vaxt Ermənistan dövlətini yarada bilməyəcəklər. Vanya yüzbaşı pıçıltıyla yanındakından soruşdu:
    – Artyun paşanın Istanbuldan göndərdiyi nümayəndə budu?
    – Hə, Vanya dayı…
    – Mesrop Hamparsumyan?
    – Bəli...
    Mesrop Hamparsumyan çıxışına davam edirdi:
    – Rus ayısı Şimaldan gəlir, özü də bu dəfə, Yekatrinanın vaxtında olduğu kimi, onun geri çəkilmək fikri yoxdu. Gördünüz, Kartli–Kaxetiya çarlığı necə məcbur oldu ki, Rusiya ilə birləşməsi barədə manifest elan etsin? Tiflis indi Rusiyanın bir quberniyasıdır, knyaz Sisianov da oturub orada və hakimi-mütləq kimi quberniyanı idarə edir. Ovanes Melik-Paşayev Sankt-Peterburqdan xəbər göndərib ki, imperator I Aleksandr fikrində qətidir: Rusiya Cənubi Qafqazı nəyin bahasına olursa-olsun, ram etməlidir. Iran ayağa qalxıb, Rusiyanı Cənubi Qafqaza buraxmaq istəmir, Azərbaycan xanlıqlarında da, Kartli-Kaxetiya çarlığında da öz hakimiyyətini bərpa etmək istəyir. Fətəli şah fanatik paniranistdir. Onda belə bir maniya var ki, Iranı yenidən nəhəng və qüdrətli dövlətə çevirəcək. Yəqin ki, cənab Aşot Karapetyan mənim sözlərimi təsdiq edər, çünki cənab Karapetyanın da, Tehran sarayına yaxın olan başqa erməni qardaşlarımızın da, bu, manikal ideyaları Fətəli şahın başına yeritməkdə böyük xidmətləri var. Belədir, ya yox, cənab Karapetyan?
    Aşot Karapetyan təmkinlə başını tərpədərək:
    – Fətəli şah nəyin bahasına olursa-olsun, rusları bu yerlərə buraxmaq istəmir,– dedi.– Buna heç kimin şübhəsi olmasın!
    Mesrop Hamparsumyan:
    – Təşəkkür edirəm, cənab Karapetyan,– dedi.– Azərbaycan xanlıqları bir-biri ilə çəkişir, bir-biri ilə yola getmirlər. Gürcüstan şahzadəsi Aleksandr Tehranda müsəlmanlığı qəbul edib, qoşun toplayıb Tiflisdə general Sisianovun üstünə getmək istəyir. Osmanlı imperiyası diqqətlə bu hadisələri izləyir. Napoleon Avropada Rusiya ilə müttəfiq olmaq istəyir, ancaq əl altından Iranı Cənubi Qafqaz uğrunda Rusiya ilə müharibəyə şirnikləndirir. Bizim üçün bundan əlverişli vəziyyət bir də nə zaman olacaq, cənablar? Cənubi Qafqazın münbit torpaqlarından gözəl bir yeri biz harada və nə zaman tapacağıq?
    Bir müddət heç kim dinmədi.
    – Mən sizinlə tamamilə razıyam, cənab Hamparsumyan!– deyə Aşot Karapetyan sükutu pozdu.– Biz sürətlə Cənubi Qafqazda, xüsusən Irəvan, Qarabağ, Naxçıvan və Gəncə xanlıqlarında məskunlaşmalıyıq. Baxın, Iranda biz nə vəziyyətdəyik? Tarix bizi nə kökə salıb? Marağadan tutmuş, Mazandarana, Həmədanadək hərə bir tərəfə səpələnib. Bir az orda, bir az burda, bir az da o tərəfdə… Bunun axırı nə olacaq? Belə davam etsə, pərən-pərən düşmüş bir millət nə edə bilər? Əriyib gedəcək… Millətimiz, tariximiz məhv olacaq… Gələcəkdə kimsə, hardasa oxuyacaq ki, hə, haçansa belə bir millət var imiş… Cənablar, biz mütləq müəyyən ərazilərdə toplum halında olmalıyıq.
    Mesrop Hamparsumyan:
    – Bu çox ciddi məsələdir, cənablar!– dedi.– Üzr istəyirəm müdaxilə etdiyim üçün, cənab Karapetyan. Bizim millətin Cənubi Qafqazda məskunlaşması həm Iranın xeyrinədir, həm də, cənablar, Rusiya bunu istəyir. Iki düşmən bir məsələdə – bizimçün tarixi əhəmiyyəti olan bir məsələdə eyni mövqedədir. Biz, Allahın bizə bəxş elədiyi bu şəraitdən maksimum istifadə etməliyik! Bağışlayın, cənab Karapetyan, buyurun.
    Aşot Karapetyan sözünə davam etdi:
    – Fətəli şah bizim həmvətənlərimizi Qarabağda və Irəvan xanlığında məskunlaşdırmağa söz verib. Biz müsəlmanların arasındakı qarışıqlıqdan, rus ayısının isti sular həsrətindən istifadə etməliyik. Biz bu torpaqlarda məskunlaşıb öz dövlətçiliyimizi bərpa etməliyik. Xəzərdən Qara dənizəcən Böyük Ermənistanın bünövrəsi burada qoyulmalıdır. Mesrop Hamparsumyan bir qürur hissi ilə:
    – Cənab Karapetyan!– dedi.– Sizin bu sözləriniz bu gün kiməsə xam xəyal kimi görünə bilər. Ancaq bu sözlər gələcək həqiqətin ifadəsidir! Çünki hər şey bizim özümüzdən, bizim bacarığımızdan, bizim xalqımıza sevgimizdən, tariximizə məhəbbətimizdən və ehtiramımızdan asılıdır. Hərgah bu sevgi, bu məhəbbət, bu ehtiram həmişə bizimlə olacaqsa, o zaman erməni xalqının taleyi bu qədər acı olmayacaq. Baxın, bu gün Osmanlı ordusunda on bir erməni paşa var! On bir paşa! Bilirsiz, bu nə deməkdir? Bir-iki nəsil sonra bu rəqəm ikiqat artacaq! Osmanlı padşahlığı get-gedə zəifləyir… Druzlar Suriyaya da, Fələstinə də vəlvələ salıb… Ərəblər Ərəbistan səhralarının indi tam ağasıdır… Məmlük bəyləri Misirdə fironluq edir… Epirdə, Yunanıstanın şimalında bizim suilot qardaşlarımız üsyan qaldırır… Osmanlı daha buna dözmək halında deyil, cənablar, Osmanlı davam gətirə bilməyəcək, Sultan Səlimin «Nizami-cədid"i də onların dadına yetməyəcək. Artyun paşa bu fikirdədir ki, biz hələ üzə çıxmamalıyıq, həmişəki kimi öz işimizi görməliyik. Qoy Osmanlı zəifləsin, qoy müsəlmanlar bir-birini qırsın, qoy türklər özləri özlərinə qənim kəsilsin!.. Qoy, Rusiya öz ordusuyla öz sözünü desin!.. Qoy, Avropa hörümçək kimi, öz intriqalarını hörsün!.. Bütün bu hadisələrdə Allah bizimlədir! Cənablar, uzağı əlli-altmış ildən sonra biz öz sözümüzü deyəcəyik. Artyun paşa inanır ki, Böyük Ermənistanın yaranması prosesi elə bu əsrdə – X1X yüzildə başlayacaq! Sadəcə olaraq, biz situasiyanı nəzarətə götürməyi və bundan effektli istifadə etməyi bacarmalıyıq. O zaman tarix sübut edəcək ki, sərhədləri dənizdən dənizə qədər uzanacaq Ermənistan dövləti bizim xam xəyallarımızın bəhrəsi deyil!
    – Cənablar! Cənablar! Bir az realist olun! Siz düz yolda deyilsiniz! Bu yolun sonunda millətimizi bədbəxtçiliyə apara bilərsiniz! Bu yol qan gölməçələrindən keçir, cənablar! Doğrudanmı siz bunu görmürsünüz? Biz başqalarına xəyanətlə öz millətimizi xoşbəxtliyə apara bilmərik, cənablar! – Bu sözlər köhnə kilsədəki o gecə yığıncağında çox qəfil və çox da yad səsləndi və bu sözləri deyən adam həyəcanını gizlədə bilməyib ayağa qalxdı. – Ayılın, cənablar, ayılın! Aşot Karapetyan:
    – Siz kimin qanının təəsübünü çəkirsiniz, cənab Petros Dəlləkyan?– soruşdu.– Türklərin? Siz bizi kimlərə xəyanətdə suçlayırsınız? Türklərə?
    Petros Dəlləkyan:
    – Yox!– dedi.
    – Bəs kimə?
    – Ona! – Dəlləkyan barmağını yuxarı qaldırıb bir də təkrar etdi. – Ona!
    Zirzəmiyə narahat bir sükut çökdü və bu sükutu Vanya yüzbaşı pozdu:
    – Ara, Petros ağa, sənin bu gecə vaxtı, bu soyuqda burda nə işin var? Ara, niyə isti yorğan-döşəyində yatmırsan? Türklərin ürək dostusan, get dostluğunu elə də! Istəyirsən, get, lap özünə sünnət elə! – Vanya yüzbaşı ləzzətlə güldü.
    Petros Dəlləkyan:
    – Siz tərbiyəsiz adamsız, Vanya yuzbaşı!– dedi.
    Vanya yüzbaşı eləcə ləzzətlə gülə-gülə:
    – Ara, məzhəb haqqı düz deyirəm!– dedi.
    Mesrop Hamparsumyan maraqla Vanya yüzbaşıya baxdı və yanında oturandan yavaşca soruşdu:
    – Vanya yüzbaşı budu?
    – Bəli.
    – Mən belə adamlarla bir yerdə qala bilmərəm! – Bu sözləri də barmağı ilə Vanya yüzbaşını göstərərək Petros Dəlləkyan deyib, iti addımlarla mağaradan çıxdı.
    Mesrop Hamparsumyan onun ardınca baxa-baxa:
    – Bizim millətimizin bədbəxtliyi ondadır ki, aramızda belələri də var…– dedi.–
    Ancaq türklər bizim analarımızı, bacılarımızı öz hərəmxanalarına yığanda, heç onu,– Hamparsumyan barmağını yuxarı qaldırdı, – fikirləşmirlər! Bizi eşşək kimi işlədib, özümüzü də adam yerinə qoymayanda, gülüb bizi ələ salanda heç ondan qorxmurlar!.. Bizim petros dəlləkyanlarımızın belə hümanizmi, yatanda, türklərin heç yuxusuna da girmir!.. Vanya yüzbaşı bərkdən deyindi:
    – Ara, bura lap buzxanadı!..
    Bu dəfə də hamı Vanya yüzbaşıya baxdı.
    – Ara, bizim canımız bu xaraba Alban kilsəsinin zirzəmisindən nə vaxt qurtaracaq?
    Aşot Karapetyan dedi:
    – O zaman ki, Vanya yüzbaşı, biz bu Alban kilsəsini öz kilsəmiz edəcəyik və katalikos özü gəlib burada bizim balalarımıza xeyir-dua verəcək! Vanya yüzbaşı:
    – Vax!. – dedi. – Ara, Aşot ağa, siz buranı elədiz erməni kilsəsi, mən dedim olmaz? Ha? Mesrop ağa, sən allah, de görüm, Artyun paşanın canı-başı salamatdımı?
    Mesrop Hamparsumyan məclisin gedişatından açıq-aydın bir narazılıqla:
    – Yaxşıdı…– dedi.
    – Sən məzhəb, Mesrop ağa, məndən – Vanya yüzbaşıdan ona çoxlu salam de! Biz onunla köhnə dostuq!
    Hamparsumyan:
    – Bilirəm…– dedi.
    – Ara, görürəm, sən hər şeyi bilirsən… Ha–a? Türklər demişkən, maşallah olsun!.. Artyun paşaya mənim adımdan deyərsən ki, buralarda hər şey qaydasındadı, heç nədən narahat olmasın.– Vanya yüzbaşı əlini arxasına aparıb belini dikəltdi. – Ağalar! Fətəli şah Ibrahim xanın qızı Ağabəyim Ağaya elçi düşüb. Oğlu Əbülfəti də girov tələb edir. Xanın əlacı yoxdu, razılıq verəcək. Biz bu vəziyyətdən ağılla, bacarıqla istifadə etməliyik. Sisianovu başa salmaq lazımdı ki, Ibrahim xan Rusiya əleyhinə Iran ilə gizli sövdalaşma aparır, Qarabağı Iran himayəsinə salmaq istəyir, ona görə də onunla qohum olur. Ağalar! Ibrahim xan ağıllı, tədbirli, hiyləgər bir hakimdi. Məzhəb haqqı, adam heç inana bilmir ki, türkdən belə ağıllı adam çıxsın! Nə qədər ki, o sağdı, biz millətimiz naminə Qarabağda istədiyimizi edə bilməyəcəyik. Nüfuzlu adamdı, zəhmli adamdı, dünya görüb, onunla zarafat eləmək olmaz. Azərbaycanın bütün xanlıqları onunla hesablaşır. Nə qədər ki, o sağdı, Qarabağ xanlıq olaraq qalacaq. Biz çalışmalıyıq ki, Qarabağ Rusiyanın bir əyalətinə çevrilsin. Bizdən başqa bütün Qafqazda bu türklərin, bu müsəlmanların arasında rusların kimi var ki, ona arxalansınlar? Heç kimi. Ona görə də biz rusların özündən də yaxşıca istifadə etməliyik. Qoy, bizi axmaq hesab eləsinlər, qoy, elə bilsinlər ki, bizim əlimizlə türklərin arasında öz işlərini görürlər, amma biz, öz işimizi görək. Onda tarix görəcək ki, axmaq kim imiş!.. Ara, məzhəb haqqı, bura buzxanadı. Mən də uzun danışdım… Haykanuş xalanız təkdi isti yorğan-döşəkdə, məni gözləyir, mən getdim…– Vanya yüzbaşı bu sözləri deyə-deyə ayağa qalxdı.– Ağalar, yeni görüşümüzəcən!
    Mesrop Hamparsumyan:
    – Vanya dayı,– dedi.– Mən Petros Dəlləkyanın sözlərindən nigaran qaldım…
    Ondan gözüm su içmir…
    – Ara, Petros ağadı da… Sən Artyun paşaya de ki, heç nədən narahat olmasın…–
    Vanya yüzbaşı yenə ləzzətlə güldü.– Petros ağanı mən özüm sünnət edərəm…
    Və Vanya yüzbaşı zirzəmidən çıxdı, ehtiyatla addımlaya-addımlaya pilləkanları qalxdı və soyuqdan çuxasının içində büzüşərək köhnə kilsə xarabalığından uzaqlaşmaq istəyəndə, bayaq qaranlıq içindən çıxan adam yenə birdən-birə zühur elədi:
    – Sağ olun, Vanya yüzbaşı…
    Vanya yüzbaşı:
    – Ara,– dedi.– Məzhəb haqqı sən burada sətəlcam olmasan, yaxşıdı.– Sonra əlini cibinə salıb bir sikkə çıxardı və ona uzatdı.– Ala, bu soyuqdan sabaha salamat çıxsan, get, Qəssab Məşədi Abışdan uşaqlarına bir girvənkə ət al, yesinlər…
    Adam sikkəni götürüb:
    – Allah səni bizim başımızın üstündən əskik eləməsin, Vanya dayı!– dedi.
    Vanya yüzbaşı bir-iki addım da atıb başını geri çevirdi:
    – Amma, – dedi, – türklərin bozbaşından bişirərsiz, – dedi.– Bu havanınkı yağlı türk bozbaşdı!
    Vanya yüzbaşı qaranlıqda gözdən itdi.

9.


    Ibrahim xanın kiçik uşaqları – Abbasqulu ağa, Səltənət bəyim, Hacı Hacan ağa, Əli ağa və başqa uşaqlar bağçadakı yelləncəklərdə oynaşırdı və dünyanın əbləh işlərindən, əlbəttə, xəbəri olmayan bu uşaqların hay-küyü bütün bağçanı başına götürmüşdü.
    … Ağabəyim Ağa bir kənardakı kiçik mizin arxasında oturub nəsə – güman ki, şer – yazırdı və burası da bağçanı bürümüş o gün işığı kimi aydınca görünürdü ki, uşaqların o qayğısız çığır-bağırı, o gözəl haray-həşiri ilə Ağabəyim Ağanın o dəmdəki hissləri, fikirləri arasında çox həzin bir təzad var.
    … 9 yaşlı Gövhər ağa bir az kənarda dayanmışdı və uzaqdan bacısının yazı yazmasına tamaşa edirdi.
    Ağabəyim Ağa qıza tərəf çönüb:
    – Sən niyə gedib onlarla oynamırsan?– soruşdu.
    Gövhər ağa sidq-ürəkdən gələn bir təəccüblə:
    – Bacı,– dedi,– mən bəyəm uşağam?
    Ağabəyim Ağa güldü və elə bu zaman Ibrahim xan ağacların arasından çıxıb onlara yaxınlaşdı, Gövhər ağaya:
    – Sən get,– dedi.
    Qız atasının sərt sifətinə baxıb başa düşdü ki, mübahisə yeri deyil və narazılıqla başını aşağı salıb oradan uzaqlaşdı.
    Ağabəyim Ağa tələsik mizin üstündəki kağızları yığışdırıb ayağa qalxdı.
    Ibrahim xan əlinin işarəsi ilə onu saxladı:
    – Indi gedirəm,– dedi.– Bir dəqiqəliyə gəlmişəm.
    Araya sükut çökdü.
    – Anan mənə söylədi ki, sən Fətəli şahın zövcəsi olmaq istəmirsən…– Xan sükutu pozdu.– Tehrana getmək istəmirsən… Səni başa düşməmək üçün, gərək eşşək olasan…– Bu sözləri yavaşdan və təmkinlə deyən Ibarahim xan birdən özünü saxlaya bilməyb bağırdı:– Mən eşşək deyiləm! Eşidirsən? Eşşək deyiləm mən!.. Uşaqlar xanın bağırtısını eşidib tələsik qaçıb getdilər və Ibrahim xan da, elə bil, o uşaqların gözü ilə kənardan özünə baxdı və yenə özünü ələ aldı, təmkinlə:.
    – Sən kəs ürəyini, doğra, at bizim hamımızı öz ürəyindən!.. Nə qədər çətin olsa da, nə qədər qanı axsa da, kəsib atmalısan. Bu, səndən, məndən asılı olan bir iş deyil. Sənin bəxtin onda qara oldu ki, bu alçaq dünyaya xan qızı kimi təşrif buyurdun. Sən Qarabağı fikirləş, xanlığı fikirləş. Saday bəy kimi igidlər təkcə Qarabağda deyil, Qaradağın da Saday bəyi var, Şəkidə də, Bakıda da, Gəncədə də, Təbrizdə də, Xoyda, Marağada, Ərdəbildə də, Irəvanda, Naxçıvanda da igidlər var, amma nə olsun? Onlar yumruq kimi bir qüvvə deyillər, tək-təkdirlər. Hərə öz dərdisəri ilə məşquldu! Hərə öz xanını qoruyur!.. Bizi istəməyənlərin əlində onları eləcə tək-tək dənləməyə nə var ki! Mən Baba xanın elçilərini geri qaytaracağam? Yaxşı, qaytardım! Sonra nə olacaq? Qarabağın başına hansı müsibətlər gələcək? Bizim xan nəslimizin axırı nə olacaq? Ayrılıq çətin işdir, qürbət müsibətdir, ürəyin istəyini boğmaq məşəqqətdir, bəli, belədir! Qoy, belə olsun! Qaytaraq şahın elçilərini! Onda bəs Qarabağ nə olsun, xan qızı? Qarabağa kim yiyə çıxsın, Ağabəyim Ağa!? Ibrahim xan iti addımlarla uzaqlaşdı.

10.

5 mart 1803–cü il. Paris. Birinci konsulun iş otağı.
    Birinci konsul Napoleon Bonapart divanda, Rusiyanın Fransadakı səfiri onunla üzbəüz kresloda, xarici işlər naziri Taleyran isə yandakı kresloda oturmuşdular. Napoleon çox mehriban danışırdı:
    – Sizdən gizlətmirəm, cənab səfir və istəyirəm ki, sözlərimin səmimiliyinə inanasınız: mən Aleksandra qardaş münasibəti bəsləyirəm. Xahiş edirəm, ona, elə belə də çatdırasınız. Avropanın şərqində Rusiya imperiyası nə qədər qüdrətli olarsa, bir o qədər Fransanın xeyrinədir. Bir tərəfdən ingilislər, bir tərəfdən də Avstriya hər vasitə ilə Rusiya ilə Fransa arasında ixtilaf yaratmağa çalışırlar, çünki bu onların maraqlarına cavab verir. Avropanı bu qoca, bu mühafizəkar imperiyaların iddiasından qurtarmaq lazımdır! Biz – Fransa və Rusiya – biz bunu etməsək, kim edəcək? Mən, qardaşım Aleksandr ilə harda deyirsə və nə zaman deyirsə danışıqlara hazıram. Mən Rusiya ilə gizli, ya açıq müttəfiqlik müqaviləsi bğağlamağa hazıram. Bizim Rusiya ilə bölüşə bilməyəcəyimiz bir şey yoxdur. Ingilislər də, Avstriya– Macarıstan da bunu yaxşı bilir və bizim birləşəcəyimizdən qorxur. Mən Aleksandra belə bir birlik və əbədi dostluq təklif edirəm. Rusiyanın maraqları – bizim maraqlarımızdır!
    Napoleon ayağa qalxdı. Səfir və Taleyran da ayağa qalxdılar. Səfir təzim edərək:
    – Zat-aliləri, – dedi. – Məni qəbul etdiyinizə, eləcə də açıq və səmimi söhbətinizə görə sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Mən sizin dedliklərinizin hamısını əlahəzrət imperator I Aleksandra çatdıracağam və bu missiyanı özüm üçün şərəf hesab edirəm. Zat-alinizin mehribanlığından su-istifadə edib qiymətli vaxtınızı aldığım üçün üzr istəyirəm. Icazənizlə sizi tərk edim.
    Napoleon:
    – Sağ olun, cənab səfir,– dedi.– Mən sizə çox ümid bəsləyirəm.
    Səfir ikinci dəfə təzim edərək otaqdan çıxdı.
    Napoleon onun ardınca baxa-baxa:
    – Söhbətimiz pis alınmadı…– dedi.
    Taleyran yüngülcə təzim edərək:
    – Zat-aliləri, siz danışıqlar mizinin arxasında da döyüş meydanındakı general Bonapartsınız…
    Napoleon gülümsədi:
    – Məni üzümə çox tərifləməyin, Taleyran,– dedi və diqqətlə xarici işlər nazirinin gözlərinin içinə baxdı.– Məni arxamca tərifləyin…
    Taleyran gözlərini Napoleonun nəzərləri altından çəkdi və yenə yüngülcə təzim edərək getmək istədi:
    – Icazənizlə…
    – Dayanın, Taleyran! – Napoleon onu saxladı və əllərini arxasında çarpazlayıb otaqda var-gəl etməyə başladı. – Dayanın… Napoleon otaqda var-gəl etdikcə, Taleyran nigarançılıq dolu nəzərlərlə ona baxırdı.
    Nəhayət, Napoleon eləcə var-gəl edə-edə və Taleyrana baxmayaraq dilləndi:
    – Fətəli şaha mənim adımdan məktub hazırlayın.
    – Fətəli şaha? – deyə Taleyran təəccüblə soruşdu.
    – Bəli!
    – Nə məzmunda?
    – O, Xəzər dənizini rusların üzünə bağlasın. Rusiya Cənubi Qafqazı götürsə, bununla kifayətləməyəcək, Iranın şimal bölgələrini də ələ almaq istəyəcək. Fransa Iran ilə Rusiya əleyhinə gizli müqavilə bağlamağı təklif edir. Iran Rusiya ilə müharibəyə başlasa, biz hər vasitə ilə Fətəli şaha kömək etməyə hazırıq. Məzmun aydındır?
    Taleyran cavab vermədi.
    Napoleon hirslə:
    – Taleyran, – dedi.– siz istəmirsiz ki, mən güclü olum! Mən bunu bilirəm, Taleyran! Çünki siz Fransanı yox, özünüzü düşünürsünüz! Siz zəif hökmdarın yanında qüdrətli nazir olmaq istəyirsiniz! – Napoleon daha da sürətlə var-gəl etməyə başladı.– Mən niyə sizə dözürəm, Taleyran? Necə bilirsiz?
    Taleyran:
    – Mən başqa şey barədə düşünürəm, zat-aliləri…– dedi.
    – Hansı başqa şeylər barədə? Hə?
    – Üzr istəyirəm, zat-aliləri, mən…– Taleyran özünü saxladı və sözünün ardını demədi.
    Napoleon bir anlıq ayaq saxlayıb ona baxdı:
    – Cəsarət etmirsiz deməyə?!
    Taleyran cəsarət etdi:
    – Mən siyasi əxlaq barədə düşünürəm, zat-aliləri…
    – Nə?– Napoleon heyrətlə xarici işlər nazirinə baxdı.– Siyasi əxlaq barədə düşünürsüz? – Və sürətlə addımlayaraq düz Taleyranın qarşısında dayanıb gözlərini altdan yuxarı onun sifətinə zillədi.– Sizin siyasi əxlaqdan danışmağa haqqınız çatır?!
    Taleyran təzim edib:
    – Icazənizlə…– dedi və çevrilib axsaya-axsaya qapıya tərəf getdi.
    Napoleon onun ardınca:
    – Məktubu gözləyirəm, Taleyran!– dedi.
    Taleyran otaqdan çıxdı.

11.


    Ağ atın dəli gözləri, elə bil, yeri, göyü görmürdü…
    Saday bəy sıldırım qayaların təpəsi ilə ağ atı çap ki, çapasan – çapırdı.
    Və Saday bəy atın belində dodaqlarını sıxıb, gözlərini kip qapamışdı və dünyanı görmək istəmirdi…

12.


    Xan sarayının qadınlara məxsus hissəsində qız–gəlin qaynaşırdı.
    Ağabəyim Ağa böyük güzgünün qarşısında oturmuşdu və kənizlər xan qızını bəzəyirdilər.
    Tuba xanım Ağabəyim Ağanın yanında oturmuşdu və qızının əlini əlinə alıb oxşayırdı.
    – Elə ki, çətin vaxtların oldu, elə ki, ürəyin qısıldı, məni yadına sal, qızım, məni gətir gözlərinin qabağına. – Tuba xanım deyirdi.– Mən Avar hakimi Ümmə xanın bacısı kimi həyatımda birinci dəfə Dağıstandan çıxıb Qarabağa, xan atana zövcə gələndə, səndən kiçik idim… Indi görürsən, maşallah, hər şey qaydasındadı…– Uzaq günlərin xatirəsi Tuba xanımın gözlərinə işartı gətirdi, qadını gülümsətdü. – Bu sözləri ki, indi mən sənə deyirəm, Ağabəyim, bu sözləri beləcə, o vaxt, məni Qarabağa yola salanda rəhmətlik anam Çiçəkbanu mənə deyirdi… Çiçəkbanu, sənin nənən, bilirsən, çərkəz xanı Sabutay xanın qızı idi, çərkəz ellərindən Dağıstana gəlmişdi… Allah qoysa, heç bilməyəcəksən ki, vaxt necə keçdi, sən də qızını uzaq ellərə yola salanda, ona bu sözləri deyəcəksən… Yaxşıdı, pisdi, amma xanzadə, şahzadə xanımların taleyinə belə yazılıb…

13.


    Dağlar arasından dolanan Molla Nəsrəddin yolu ilə Şuşadan arana doğru üzüaşağı bir karvan gedirdi…
    … Saday bəy qabağını kəsən ağac budaqlarını, kol-kosu əlləri ilə o tərəf-bu tərəfə yara-yara irəliləyirdi…
    … Ağabəyim Ağa iki kənizi ilə bərabər faytonda oturmuşdu. Əbülfət ağa at belində faytonun yanınca gedirdi.
    Ağabəyim Ağa başını qaldırıb Şuşa dağlarına baxdı və:
    – Əbülfət, – dedi.– Görəsən biz bir də bu yerlərə qayıdacağıq?
    Əbülfət ağa gülümsəyib:
    – Əlbəttə!..– dedi.
    Ağabəyim Ağa eləcə Şuşa dağlarına baxa-baxa:
    – Sən qayıda bilərsən, bəs mən?– soruşdu.
    Əbülfət ağa:
    – Kim bilir, bacı? – dedi.– Iran qüdrətli məmləkətdi… Bəlkə sən bu yerlərin şahbanusu kimi haçansa təzədən bu yerlərə baş çəkdin?!
    Ağabəyim Ağa:
    – Yox, Əbülfət, istəmirəm…– pıçıldadı. – Istəmirəm… Bu yerlərin şahbanusu olmaq istəmirəm… Bu yerlərin şahbanusu olmasın, Əbülfət…
    Guya ki, dünyanın işləri Əbülfət ağadan asılı idi…
    … Bu dəm Saday bəy isə dağın başında dayanıb get-gedə yolu burulub gözdən itən karvanın ardınca baxırdı…

14.
9 oktyabr 1803–cü il. Şuşa. Xan sarayı.
    Ibrahim xan otağın qapısı qarşısında dayanıb qonaqlarını qarşılayırdı. Mirmöhsün ağa da onun yanında idi.
    Xidmətçi bərkdən elan etdi:
    – Naxçıvan xanı əlahəzrət Kəlbəli xan!
    Kəlbəli xan içəri girdi, Ibrahim xanla qucaqlaşdılar, Axund Mirmöhsün ağa ilə əl tutuşdular.
    Xidmətçi yenə də bərkdən elan etdi:
    – Irəvan xanı əlahəzrət Məhəmməd xan!
    Məhəmməd xan da içəri daxil oldu və o da Ibrahim xanla qucaqlaşdı, Axund Mirmöhsün ağa ilə əl tutuşdu.
    Xidmətçi dişarı çıxdı.
    Ibrahim xan:
    – Qarabağa təşrif buyurmağınız məni çox şad edib, qardaşlar, – dedi.– Dünən xəbər çatdı ki, gəlirsiniz. Xoş gəlib, səfa gətiribsiniz. Bütün Qarabağ sizin öz doğma el-obanızdı. Buyurun, əyləşin.
    Qonaqlar taxtlara sərilmiş döşəkcələrin üstündə əyləşdilər. Ibrahim xan da onlarla üzbəüz əyləşdi. Axund Mirmöhsün ağa bir az kənarda oturdu.
    Ibrahim xan:
    – Necəsiniz?– soruşdu.– Nə var, nə yox? Çoxdandı görüşmürük…
    Kəlbəli xan:
    – Necəliyimiz, güman edirəm ki, cənabınıza yaxşı məlumdu,– dedi və bir başa mətləbə keçdi.– Məhəmməd xan qardaşımızla qərar verdik ki, səninlə məsləhətləşməyə gələk, Ibrahim xan. Cavad xana da sifariş göndərmişik ki, münasib bilsə, məşvərət üçün təcili bura gəlsin. Sizin, bir ağsaqqal kimi, qapınızın həmişə bizim üzümüzə açıq olduğunu biz yaxşı bilirik, Ibrahim xan.
    Ibrahim xan:
    – Təşəkkür edirəm, – dedi.
    Kəlbəli xan:
    – Məsələ vacib, zaman məhduddur, – deyə sözünə davam etdi.– Padşah Aleksandrın böyük generalı Sisianov daha gəlib Tiflisdə əyləşib.
    Məhəmməd xan əsəbi halda dilləndi:
    – O, bizim Irəvan xanlığından da, Naxçıvan xanlığından da tələb edir ki, rus padşahına tabe olaq!..
    Ibrahim xan:
    – Mən bunu iki gün bundan qabaq eşitmişəm,–dedi.– Bəs siz nə fikirdəsiniz?
    – Naxçıvan xanlığı heç bir padşaha tabe olmaq istəmir. Ancaq təhlükə çox ciddidir,– Kəlbəli xan dedi.
    Məhəmməd xan:
    – Irəvan xanlığı da heç bir padşaha tabe olmaq istəmir,– dedi.– Ibrahim xan, nə siz, nə də biz heç vaxt xaçpərəst tayfasına düşmən münasibət göstərməmişik. Yekatrinanın vaxtında onun böyük generalı Qafqaza gələndə, sən, Ibrahim xan, hörmətli elçilərlə generala hədiyyələr göndərdin. Öz ixlasını bildirdin. Mən də Osmanlıdan, Irandan axışıb Irəvana gələn ermənilərin heç birini rədd etməmişəm. Nə olsun ki, xaçpərəstdirlər? Göydə Allah birdir! Lakin indi xanlıq istiqlaliyyətimizi itirə bilərik…
    Axund Mirmöhsün ağa yavaşdan ösgürdü.
    Kəlbəli xan:
    – Axund Mirmöhsün ağa mötəbərin deyəsən sözü var, – dedi.
    Axund Mirmöhsün ağa:
    – Müsaiddirsə?– soruşdu.
    Məhəmməd xan:
    – Buyursunlar,– dedi.– Biz bilirik ki, Axund ağa Ibrahim xan qardaşımızın ən yaxın və məhrəm, ən sədaqətli adamıdır. Ağanın sözləri bizimçün də qiymətlidir. Ibrahim xan da başının işarəsi ilə razılığını bildirdi.
    Axund Mirmöhsün ağa yenə bir-iki dəfə astaca öskürüb:
    – Mütəşəkkirəm,– dedi.– Ibrahim xan neçə dəfə Azərbaycan xanlarına təklif etdi ki, gəlin, şərtləri işləyək, xanlıqları birləşdirib vahid Azərbaycan dövləti yaradaq, hətta onu da buyurdu ki, biz də Nadir şah Əfşarın Muğanda çağırdığı kimi bir qurultay çağırıb bu məsələni orada həll edək. Amma əqil-səlimlə edilmiş bu təklifə qol qoyulmadı. Yoxsa ki, indi güclü bir orduya malik olardınız. Peyğəmbər əleyhissəlam yüzlərcə yerə bölünmüş ərəb qəbilələrini birləşdirməsəydi, Islam dünyası o qədər vüsətli qələbələrə nail ola bilməzdi.
    Məhəmməd xan:
    – Cənab Mirmöhsün ağa, – dedi.– Sizin sözlərinizdə həqiqət var, ancaq indi təqsirkar axtarmaq vaxtı deyil. Rus generalı başımsızın üstünü alıb, tabeçiliyimizi tələb edir.
    Kəlbəli xan:
    – Ibrahim xan,– dedi.– Sən Fətəli şahla qohum olmusan. Oğlun Əbülfət ağa da hal-hazırda onun sarayında yüksək mənsəbdədir. Deyirlər, Fətəli şah qızınız Ağabəyim Ağanın əqil-fərasətinə valeh olub, hətta dövlət tədbirlərini də onunla məsləhətləşir. Əgər Fətəli şah xanlıqlarımızı saxlamaq şərtilə bizə kömək edərsə, biz də Sisianovun təklifini rədd edərik. Mən rus padşahının cəngindən qurtarmağın başqa bir yolunu görmürəm.
    Bu zaman qapı açıldı və xidmətçi elə eşikdəncə elan etdi:
    – Gəncə xanı əlahəzrət Cavad xan!
    Və Cavad xan özünə xas olan cəldliklə içəri daxil oldu. Xanlar ayağa qalxdı, Cavad xan əvvəlcə Ibrahim xanla, sonra Kəlbəli və
    Məhəmməd xanla qucaqlaşdı, Axund Mirmöhsün ağa ilə əl tutuşdu.

<< 1 / 2 / 3 / 4 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (09.01.2014) | Müəllif: R.C E W
Baxış: 1024 | Reytinq: 1.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more