Ibrahim xan əli ilə yer göstərdi:
– Buyurun.
Xanlar döşəkcələrin üstündə əyləşdi və Ibrahim xan Cavad xana müraciətlə:
– «Necəsiniz» soruşmuram, xan cənabları. Xəbər mənə çatıb. General Sisianov
Gəncə qalasının təcili təslim olmasını səndən tələb edir.
Cavad xan acıqla:
– Bəli, tələb edir… – dedi.– Bu, rus padşahlarının həmin siyasətidi ki, davam
edir. Yekatrinanın əmri ilə general Zubov Qafqaza yeriyib Dərbəndi mühasirə
eləyəndə, mən sizə dedim ki, təcili qoşunlarımızı birləşdirib Dərbəndin köməyinə
gedək. Heç kəsdən səs çıxmadı. – Cavad xan bir an nəfəsini dərdi və Ibrahim xana
baxıb təkrar etdi.– Heç birinizdən səs çıxmadı.
Cavad xan susdu, amma açıq-aydın hiss olunurdu ki, bu ehtiraslı adam özünü
güclə saxlayır, içi doludu.
Və bunu, əlbəttə, Ibrahim xan da hiss etdi, yüngülcə gülümsəyərək:
– Buyurun, davam edin…– dedi.
Cavad xan sözünə davam etdi:
– Zubov Dərbəndi alandan sonra, mənim qardaşım, ağsaqqalımız Ibrahim xan
ona hörmətli elçilərlə qiymətli hədiyyələr göndərib rus padşahına ixlasını bəyan etdi.
O hədiyyələrin hesabına, əlli dənə top əldə etmək olardı. Indi də budu, Sisianov ağa
təşrif buyurub… Qardaşımız Ibrahim xanın Zubova o cürə ixlası, o hədiyyələri rus
padşahının qəyyumçuluğunu qəbul eləmək kimi bir şey idi, bu da Ağa Məhəmməd
şaha fürsət yaratdı ki, Qarabağa gəlsin, Şuşa kimi bir qalanı alsın. Nə oldu?
Yekatrina kömək əlini uzatdı Ibrahim xan qardaşımıza? Yox. Qardaşımız da məcbur
oldu xanlığı buraxıb Balakənə getsin. Ağa Məhəmməd qətlə yetiriləndən sonra,
ağsaqqalımızın qardaşı oğlu Məhəmməd bəy burada nə fəsadlar törətdi?! Allah vəzir
Molla Pənaha rəhmət eləsin, onun da, oğlunun da başını üzdürdü Cıdır düzündə.
Amma Yekatrina Molla Pənaha bir əsa hədiyyə etmişdi… Nə isə!.. Allaha min şükür
ki, Axund Mirmöhsün ağanın tədbirləri və qoşunbaşı Saday bəyin sədaqətinin və
igidliyinin nəticəsində ağsaqqalımız Ibrahim xan yenə Qarabağ taxtına qayıda bildi.
Bütün bunlar ki, bu yaxınların söhbətidir, nə üçün bunlar yaddan çıxır?
Araya ağır bir sükut çökdü və o sükutu yenə Cavad xan özü pozdu:
– Məni məzur tutun, ağalar! Mən qızışıb bəzən lüzümsüz sözlər də deyirəm.
Ancaq ağalar,– Cavad xan barmağını yuxarı qaldırdı,– o başımızın üstündəkinin
dərgahına and olsun ki, bunların hamısı sizə, o cümlədən əziz qardaşım və
ağsaqqalımız Ibrahim xana məhəbbətimin ifadəsidir. Əlbəttə, hər birimizin səhvi var
və burası da həqiqətdi ki, indi oturub bu səhvlər barədə mübahisəyə başlasaq, çox
uzun çəkər. Vaxt isə gözləmir. Gəlin, bir dəqiqə belə itirmədən, nə döyüş
qüvvələrimiz varsa, birləşdirib Sisianova cavab verək. Mən sizi inandırıram ki,
rusun qoşununun köməyi gəlib çıxana qədər biz Sisianovu Dərbənddən də o tərəfə
qovub, Azərbaycanın sərhədlərindən xeyli uzaqlaşdıra bilərik.
Yenə araya ağır sükut çökdü və bu dəfə o sükutu Ibrahim xan pozdu:
– Qardaşım Cavad xan mənə ağır ittihamlar verir… Ancaq, ağalar, gəlin, ədalətlə
danışaq. Biz, hər cürə silahı, böyük qoşunu, böyük sərvəti olan iki dövlətin
arasındayıq. Bu dövlətlərin ikisinin də kürreyi-ərzin xəritəsi miqyasında maraqları
var. Mən istəyirdim, çalışırdım ki, millətimiz qırılmasın, xanlığımız viran
qalmasın… Mən indi də istəyirəm ki, hər şeyi danışıqlarla, sülhlə, tədbir və təmkin
ilə qaydasına qoyaq. Ona görə də, indi biz bu iki dövlətdən birinə iltiza etməliyik.
Çox fikirləşəndən sonra mən bu qərara gəlmişəm ki, biz rus padşahıyla daha tez dil
tapıb dost ola bilərik.
Cavad xan heç cürə gizlədə bilmədiyi bir acıqla:
– Nəyə görə?– soruşdu.
Ibrahim xan:
– Ona görə ki, – dedi,– bütün Azərbaycan torpağına sahib olmaq Iran şahlığının
çoxdankı arzusudur, son dövrlərin tarixi boyu bu istək gah yerinə yetir, gah da əldən
çıxır… Azərbaycan xanlıqları rus padşahına iltiza etsə, düşünürəm ki, bir dövlət
kimi daha tez istiqlaliyyət ala bilərik…
Cavad xan özünü saxlaya bilmədi və:
– Ağsaqqal,– dedi,– Iran padşahlığının dediyin o arzusu ki, var ha, yəni o arzu, o
istək Rusiya padşahlığı üçün bu qədər uzaqdır?!
Kəlbəli xan:
– Iran şahının özü də türkdü, – dedi. – Bizim adət-ənənələrimiz, dinimiz birdi.
Elə güman edirəm ki, biz Iranla, xüsusən Baba xanla daha tez dil tapa bilərik.
Məhəmməd xan başının hərəkəti ilə Kəlbəli xanın sözlərini təsdiq etdi:
– Biz, demək olar ki, bir torpaqda yaşayırıq. Gediş-gəlişimiz var, söz deməyə
imkan tapacağıq. Rus padşahlığının paytaxtı ilə bizim aramızda üç min verstə qədər
məsafə var. Dinimiz ayrı, dilimiz ayrı…
Cavad xan qızğın halda:
– Ağalar,– dedi,– mənə qulaq asın! Əgər siz öz xanlıqlarınızın müstəqilliyi,
gələcək birləşmiş milli istiqlaliyyət haqqında düşünürsünüzsə, bu, xam xəyaldır!
Gəlib torpağımıza kök salan, qalalarımıza hakim olan heç bir dövlət bizi saya
salmaz, təzədən bizə istiqlaliyyət verməz! Ona görə də mənim fikrim qətidir: nə rus
padşahı, nə də Iran şahı! Ibrahim xan, bağışla, ancaq deyəcəyəm. Hərgah sənin
Rusiyaya meylinin arxasında o fikir gizlənirsə ki, Rusiya sənə toxunmayacaq, Fətəli
şahla da qohum olduğun üçün, Iran şahlığı sənə toxunmayacaq, səhv edirsən,
qardaşım! Çox böyük səhv edirsən!
Ibrahim xan sərt hərəkətlə ayağa qalxdı:
– Siz uzaq yoldan gəlib yorulmusunuz, qardaşlarım. Buyurun, bir az istirahət
eləyin, sonra söhbətimizi davam etdirərik.
15.
Axşam düşürdü.
Və axşamın o düşhadüşündə Şuşa dağları, elə bil, mürgü döyürdü və bu yerlərin
sakitliyi də, elə bil, əzəli və əbədi bir sakitlik idi. Hətta xanəndənin uzaqdan gələn
səsi də, elə bil, elə bu əzəli və əbədi sakitliyin bir hissəciyiydi.
Xanəndə oxuyurdu:
Gördüm onu mən, söylədim, ey yar, sənə qurban,
Bəlkə yuxudur mən görürəm, sən mənə mehman?
Öpdüm yanağından, qızarıb oldu al-əlvan,
Mən yarıma, yarım da mənim dərdimə dərman.
Dərdim çoxalıb, dərd dedi, yarım bizə getdi,
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim, ömrüm necə gəldi, necə getdi…
Otağının pəncərəsindən xanəndənin səsinə qulaq asan Tuba xanım:
– Ağabəyimin sözləridi…– dedi.
16.
Ibrahim xan iti addımlarla sarayın dəhlizi ilə gedirdi. Axund Mirmöhsün ağa
onun ardınca addımlayırdı.
Ibrahim xan gedə-gedə deyirdi:
– Eşitdin də, Mirmöhsün ağa, eşitdin, Cavad xanın tənələrini? Eşitdin, məni necə
aşkar məzəmmət edirdi? Biz iki divin pusqusunda dayanıb içinə düşdüyümüz bu
tilsimi qan tökməklə sındıra bilmərik. Bizim nicat yolumuz qılıncda deyil,
tədbirdədir! Mən nə üçün ürəyimin bir parçasını kəsib Tehrana göndərdim? Mən nə
üçün o vaxt rus generalı Zubova qiymətli hədiyyələr göndərib rus padşahına öz
ixlasımı bəyan etdim? Nə edəcək Cavad xan? Hə?! Qoşun verin, deyir. Özünü divə
yem eləyəcək, vəssalam! Cavan-cavan oğullarını itirmiş analar da yerə, göyə lənət
oxuyacq!
Axund Mirmöhsün ağa:
– Təki gələcək nəsillər bizə lənət oxumasın!..– dedi.
Ibrahim xan başını çevirib yanpörtü Axund Mirmöhsün ağaya baxdı, nəsə demək
istədi, amma demədi, sonra qapını açıb otağa girdi.
Xanlar əyləşib onları gözləyirdi və Ibrahim xan içəri girən kimi, yenə ayağa
qalxdılar.
Ibrahim xan:
– Əziyyət çəkməyin, buyurun, əyləşin,– dedi, özü də döşəkcədə oturdu.– Mən
qardaşım Cavad xanın bayaq söylədiyi ittihamlara cavab vermək istəmirəm, ona
görə yox ki, onları qəbul edirəm, ona görə ki, artıq burada deyildiyi kimi,
mübahisəyə girişmək zamanı deyil, vaxt dayanıb bizi gözləmir və bir də, onsuz da
ki, tarix hər şeyi yerbəyer edəcək. Siz düz deyirsiniz, ağalar, vəziyyət mürəkkəbdir
və getdikcə daha da ağırlaşır. Biz Ağa _Məhəmməd şahın yaratdığı dəhşətli
günlərdən sonra, yenə fəlakətlərə düçar ola bilərik. Indicə aldığım məlumata görə,
qızılbaş qoşunu da Naxçıvan, Irəvan və Qarabağ sərhədlərinə doğru
irəliləməkdədir.– Hiss olunurdu ki, Ibrahim xan əsəblərini güclə sakitləşdirir.–
Qardaşım Cavad xan, söz sizin idi. Buyurun, hazırkı vəziyyətdən çıxmaq üçün siz nə
təklif edirsiniz?
Cavad xan dedi:
– Əgər siz və eləcə də, heç olmasa, Şəki, Şirvan, Bakı xanları – hər bir xanlıqdan
mənə iki min-üç min nəfər atlı versəniz, ha eləyib, Sisianova əlavə kömək gəlib
çatınca, mən onu aşağı Qafqazdan qovub çıxarardım.
Ibrahim xan:
– Bəs sonra?– soruşdu.– Sonra nə olacaq? Aleksandr padşah o saat öz qoşununun
aqibəti ilə barışacaq və susub oturacaq?
Cavad xan aşkar bir qəzəblə:
– Bilmirəm, – dedi.– Rus padşahı susacaq, ya nə edəcək?! Lakin bütün dünya
görəcək ki, biz də varıq, biz də bir qüvvəyik, bizimlə də hesablaşmaq lazımdır!
Ibrahim xan:
– Qardaşım, bunlar hamısı sözdür!– dedi.
Kəlbəli xan:
– Bəs, sərhəddimizə gəlib çatan qızılbaş qoşunu ilə neyləyəcəyik?– soruşdu.
Məhəmməd xan Ibrahim xana baxdı:
– Mən belə məlum edirəm ki, Ibrahim xan tamamilə rusa meyillidi. Ancaq mən,
məsələ gəlib bu nöqtəyə çatsa, ağalar, bəyan edirəm, Iranı tutacağam.
Ibrahim xan:
– Qardaşlar,– dedi,– mən rus padşahlığının himayəsi haqqında danışanda,
Azərbaycanın öz istiqlaliyyətindən əl çəkib, sözsüz rusa tabe olması fikrindən çox
uzağam. Mən Aleksandrla səmimi dost olmaq fikrindəyəm.
Cavad xan əvvəlki ötkəmliyi ilə:
– Cənab Ibrahim xan!– dedi.– Rus generalları Azərbaycanı işğal edəndən sonra,
rus padşahı səninlə dostluq mükaliməsinə girməz! Siz özünüz özünüzü aldadırsız!
Ibrahim xan da get-gedə gözgörəti sərtləşirdi:
– Mən uşaq deyiləm, Cavad xan! O vaxt general Zubovla da rus taxt-tacı ilə belə
bir dostluq barədə danışdım. O, mənim fikirlərimi nəinki bəyənmişdi, hətta
alqışlamışdı!
Axund Mirmöhsün ağa yavaşdan öskürdü və Ibrahim xan ona baxıb bir az
narazılıqla:
– Sözün var?– soruşdu.
Axund həmişəki kimi aramla:
– Üzr istəyirəm ki, siz xan əlahəzrətlərinin məşvərətinə müdaxilə edirəm, amma
bu gün bu məşvərətdən millətin taleyi asılıdır. Mən uzaq şimalda yaşayan rus xalqı
haqqında fəna bir söz deyə bilmərəm. Çünki bütün millətləri bir olan Allah yaradıb.
Amma rus padşahının Qafqaza və eləcə də Azərbaycana ağır toplarla, yeni əsləhə ilə
silahlanmış qoşunla gəlməsi məgər dostluqdan xəbər verir? Zubov da, Sisianov da
ilk növbədə bizim ata-babalarımızın tikdirdikləri qalaların açarlarını tələb edirlər,
orada qoşunlarını yerləşdirmək istəyirlər. Belə bir dostluğa inanmaq olar? Üzr
istəyirəm, əlahəzrətlər… Bəlkə də başımdan böyük danışdım…
Ibrahim xan tərs-tərs Axund Mirmöhsün ağaya baxdı, amma yenə bir söz demədi.
Kəlbəli xan:
– Axund ağa düz buyurur…– dedi.
Məhəmməd xan da:
– Mən də Axund ağanın sözlərini doğru hesab edirəm…– dedi.
Cavad xan:
– Yox, ağalar!– dedi.– Mən Ibrahim xan, sənə də, xan cənabları, sizlərə də
axırıncı dəfə təklif edirəm: təcili surətdə hazır atlılarımızı birləşdirib Sisianovu
qovmağa razılıq verirsinizmi? Artıq dərəcədə təveqqe edirəm, son sözünüzü
deyəsiniz!
Ibrahim xan:
– Mən general Sisianovla görüşüb danışmamış heç bir qərara gələ bilmərəm,–
dedi.
Cavad xan Kəlbəli xana və Məhəmməd xana baxdı.
Onlar bir söz demədi.
Cavad xan cəld hərəkətlə ayağa qalxdı:
– Ibrahim xan! Mən görürəm ki, məsələnin nə qədər ciddi olduğu nə sizi, nə də
bu qardaşlarımızı mənim qədər narahat etmir. Ona görə də mən məclisinizi tərk
edirəm və sizi xəbərdar edirəm ki, mən son nəfəsimə qədər rus padşahının qoşunu
ilə vuruşacağam. Mən namusumuzu, torpağımızı axırıncı gülləmə qədər müdafiə
edəcəyəm!
Və Cavad xan sürətlə otaqdan çıxdı.
17.
1 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.
Tiflisə quşbaşı qar yağırdı.
Üstü qarla dolu ağacların əhatəsində, hər tərəfini qar basmış o bina, o qarlı baxça,
elə bil, dünyanın ən sakit, ən rahat bir guşəsi idi.
Və o binadakı kabinetində knyaz Sisianov general Portnyakinlə üz-üzə
dayanmışdı.
– General Portnyakin! Mən sizə 11 topu olan piyada batalyonu verirəm! Üç
eskadron, əlavə olaraq da iki kazak yüzlüyü verirəm! Eşidirsinizmi? Iki kazak
yüzlüyü! Və bir əsgər kimi sizdən soruşuram: Cavad xanı məğlub edəcəksinizmi?
General Portnyakin:
– Zat-aliləri!– dedi.– Cavad xanı məğlub etmək üçün, onu öldürmək lazımdır!
Knyaz qışqırdı:
– Mən sizdən nə lazım olduğunu soruşmuram! Mən sizdən soruşuram ki, Cavad
xanı məğlub edəcəksiniz, ya yox?! Mən sizdən Gəncəni tələb edirəm! Gəncənin adı
xəritədən silinməlidir! Gəncənin adı yaddaşlardan da silinməlidir! Yaddaşlarda
Gəncə yox, Yelizavettapol qalmalıdır! Həmişəlik, general, eşidirsinizmi, minilliklər
boyu!.. Biz Cavad xana elə divan tutmalıyıq ki, bu yerlərin bütün türk tayfasına dərs
olsun! Bütün bu yekəbaş müsəlman ağalarına dərs olsun!
18.
Göydə uçuşan qara qarğaların qarıltısı get–gedə uzaqlaşdı və bir-birinə dəyən
qılıncların, atılan güllələrin, fınxıran atların, hücum edən, nalə çəkən əsgərlərin səsi
bütün aləmi başına götürdü.
… Gəncə yaxınlığındakı Quluqobu deyilən çöllükdə Cavad xanın atlıları ilə rus
qoşunu arasında ölüm-dirim davası gedirdi: süngüyə keçən kim, güllə atan kim,
gülləyə tuş gələn kim, atdan yıxan kim, yıxılan kim, qılıncla biçən kim, biçilən
kim…
… Piyada rus zabiti bağırırdı:
– Vperyod!.. Smert nevernım!
Və piyada rus qoşunları irəlilədikcə Cavad xanın atlıları onları qılıncdan
keçirirdi.
… Topçu rus zabiti bağırırdı:
– Oqon!..
Və hər dəfə rus topu atəş açdıqca Cavad xanın bir neçə atlısı yerə sərilirdi.
… Cavad xanın oğlu Hüseynqulu ağa çapa-çapa bir neçə nəfərlə at belində uca
bir çinar ağacının altında dayanmış atasının qabağına çatdı:
– Xan ata,– Hüseynqulu ağa qışqırdı.– Topların qabağında dayanmaq olmur!
Ehtiyat atlıları göndər!
Cavad xan:
– Yox,– dedi.– Bu gün bəsdi! Qalaya çəkiləcəyik!
Hüseynqulu ağa yenə çapıb özünü döyüş meydanına çatdırdı və bağıra-bağıra:
– Qalaya!..– dedi.– Hamı qalaya!.. Qalaya!.. Xanın əmridi!.. Qalaya!..
… Və Cavad xanın atlıları döyüş meydanından çıxıb Gəncə qalasına tərəf
çapmağa başladı.
… Topçu rus zabiti bağırırdı:
– Oqon po nevernım!
Toplar geriyə çapan atlılara atırdı.
– Oqon!
Toplar atırdı…
… General Portnyakin topun, tüfəngin səsi səngimiş döyüş meydanını gəzirdi.
Elə bil ki, yer üzündə qarğa-quzğun qalmamışdı, hamısı Quluqobuya uçub
gəlmişdi.
Döyüş meydanı inildəyirdi:
– Su…
– Pomoqite…
– Ölürəm…
– Vodu…
General Portnyakin döyüş meydanını dolaşa-dolaşa dəhşət içində pıçıldayırdı:
– Boje!.. Boje!.. Çto mı natvorili?! Prosti nas, qospodi!.. Prosti!..
General Portnyakin pıçıldaya-pıçıldaya xaç çevirirdi…
19.
Xidmətçi Ibrahim xanın otağına girib:
– Sizin çağrışınızla Vanya yüzbaşı əmrə müntəzirdir, xan sağ olsun,– dedi.
Bardaş qurub taxcadakı döşəkcənin üstündə oturmuş Ibrahim xan qarşısındakı
kağız-kuğuzu kənara çəkdi:
– Gəlsin.
Vanya yüzbaşı içəri girdi və kök bədəninə yaraşmayan bir cəldliklə Ibrahim xana
yaxınlaşıb əlindən öpdü:
– Maşallah, nəmxuda bədnəzərdən, əlahəzrət, gözümə yaxşı dəydiniz! Çox
nigaran idim! Tfu! Tfu! – Vanya yüzbaşı əyilib barmağı ilə döşəmənin taxtasını
döyəclədi.– Yaxşısız! Mənim gözüm yoxdu, məzhəb haqqı, ancaq bədnəzərdən
uzaq!..
Ibrahim xan:
– Otur, görüm,– dedi.
Vanya yüzbaşı:
– O–o–o!..– dedi.– Mən qələt eləyərəm atabaatamla, əlahəzrətin qarşısında
oturaram!
Ibrahim xan diqqətlə Vanya yüzbaşının gözlərinin içinə baxıb sərt:
– Otur!– dedi.
– Baş üstə!– Vanya yüzbaşı Ibrahim xanın qarşısında, elə taxta döşəmənincə
üstündə çöməlib oturdu.
– Nə var, nə yox, Vanya yüzbaşı? Deyirsən ki, nigaran idin? Nədi ki, camaat nə
deyir?
– Camaat nə deyəcək, xan sağ olsun? Camaat sizin qəhrəman atanız Pənah xana
rəhmət oxuyur, siz əlahəzrətə də uzun ömür arzulayır.
– Bəs sən niyə nigaran idin?
– Bəs necə nigaran olmayım? Mən nigaran olmayım, bəs kim nigaran olsun? Siz
əlahəzrət mənə torpaq verdiz? Verdiz! Məni, mən Banazurlu Vanyanı Vanya
yüzbaşı etdiz? Etdiz! Dünya da ki, xarab dünya, bəs mən nigaran olmayım ki,
əlahəzrət bu xarab dünyada sıxılır, ya yox? Ruslar ordan pırtlayır, qızılbaşlar burdan
zühur eləyir, Əbülfət ağa da ki, deyirlər…– Vanya yüzbaşı sözünü yarımçıq kəsib
susdu.
– Nə deyirlər? Əbülfət xan nə?
Vanya yüzbaşı cavab verməyə çətinlik çəkirdi.
Ibrahim xan qəzəbləndi:
– Mən səni bura ağzına su alıb oturmağa çağırmışam?!
Vanya yüzbaşı yerindən qalxmaq istədi.
Ibrahim xan əlinin hərəkəti ilə onu saxladı:
– Danış, görüm!
– Xan sağ olsun, sizin bizə elədiyinizi kim eləyib? Heç kim! Qarabağın Dumu
kimi, Tuğ kimi, Xankəndi, Hadrut, Daşaltı kimi səfalı yerlərində bizə torpaq ayırdız,
ev-eşik tikdik, kəndlər saldıq…
– Bunlar məlumdu, Vanya yüzbaşı, mətləbdən danış! Nə deyirlər Əbülfət ağa
barədə?
– Elə onu deyirəm ki, xan sağ olsun, mən nə bilirəm, gərək sizə deyəm.
Borcumdu… Camaat deyir ki, Əbülfət ağa, Allah onun canını sağ eləsin, həmişə
kefi kök, damağı da çağ olsun, camaat deyir ki, Əbülfət ağa Fətəli şahla çox
yaxınlaşıb…
– Yəni?..
– Yəni siz əlahəzrətin rusa meylindən narazıdı…
Araya sükut çökdü. Nəhayət, Ibrahim xan:
– Yaxşı…– dedi və ayağa qalxdı.
Vanya yüzbaşı da vücuduna yaraşmayan bir cəldliklə ayağa sıçradı.
Ibrahim xan:
– Mən səni başqa məsələ üçün çağırmışam…– dedi.– Bizim bu Axund
Mirmöhsün ağa barədə nə danışırlar? Doğrusu, son vaxtlar gözüm ondan su içmir…
– Axund Mirmöhsün ağa?– Vanya yüzbaşı təkrar etdi.– Baş üstə, nə lazımdı,
öyrənərəm… Əlahəzrət izn versə, mürəxxəs olaram.
– Deyəsən tələsirsən?
– Sizin sarayınızdan, qohum-əqrabanızdan uzaq, əlahəzrət, ölü yerinə
getməliyəm.
– Kimdi rəhmətə gedən?
– Əşşi, bizim bir Petros ağa var idi… Petros Dəlləkyan… Dünən gecə lampanı
yandırıb kitab oxuyurmuş yazıq, pəncərədən güllə ilə vurublar…
Ibrahim xanın yadına düşdü:
– Hə, səhər mənə dedilər… Guya, düşmənçilikdi… Balam, o Petros ki, gecəgündüz
kitab yazan, kitab oxuyan sakit bir adam idi, onunla kimin nə düşmənçiliyi?
Vanya yüzbaşı:
– Eh, xan sağ olsun, dünya, avara dünyadı…– dedi.
20.
29 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.
Knyaz Sisianov hərbi məclis çağırmışdı və hisslərini cilovlaya bilməyib
həyəcanla danışırdı:
– Cavad xan imperiyanın düşmənidir! O sağ qaldıqca, biz nüfuzdan düşürük! Öz
şəxsində bütün ətraf xanlara nümunə göstərir ki, təkbaşına rus ordusu ilə müharibə
aparır. Bunun axırı yaxşı olmayacaq, general Portnyakin! Mən sizə on bir topu olan
batalyon vermişəm! Üç eskadron vermişəm! Iki kazak yüzlüyü vermişəm! Indi o iki
yüzlükdən neçə nəfər qalıb? Cəmi on yeddi nəfər, general, on yeddi nəfər!
General Portnyakin:
– Zat-aliləri,– dedi,– Cavad xan özü üçün əlverişli taktika seçib. Gəncə qalası
yeraltı bir labirintdir. Cavad xan gözlənilməz səmtlərdə qaladan çıxır, bir müddət
vuruşur, vaxt yetişəndə tamam başqa bir səmtdən təzədən Gəncə qalasına qayıdır.
Sisianov:
– Buna dözmək daha mümkün deyil!– dedi.– Mən Gəncə qalasına təcili… və
amansız hücuma başlayıram! Bütün qüvvələri səfərbər edirəm! Gəncə erməniləri
bizə sifariş göndərməkdən, bizi hücuma çağırmaqdan beziblər! Biz Qafqazda
məskunlaşmış erməniləri özümüzdən narazı sala bilmərik! Onlar bu vəhşi diyarda,
bu cavad xanlar arasında bizim yeganə müttəfiqlərimizdir! Hücum! Amansız
hücum!
General Portnyakin:
– Gəncə qalası çox möhkəmdir, zat-aliləri,– dedi.– Mən artıq sizə məruzə etdim.
Gəncə başdan-başa lağımlardır, yeraltı yollardır. Oranı almaq asan olmayacaq!
Knyaz Sisianov:
– Kim asan yol axtarır, kənara çəkilsin, general!– dedi.– Sabah sübh tezdən
Gəncəyə hücuma başlayırıq!
Polkovnik Eristavi:
– Zat-aliləri, mən təklif edirəm… hətta… hətta xahiş edirəm ki, Cavad xana
sonuncu dəfə məktub göndərəsiniz.
Sisianov:
– Mən bu Asiya yekəxanasına nə qədər məktub göndərə bilərəm?– soruşdu.
– O məktubların tonu çox sərt olur…
– Mən Cavad xana məhəbbət məktubu yazmalıyam? Hə, polkovnik Eristavi?
– Cavad xan, hər halda, hökmdardır… Qacar kimi bir nəsildən çıxıb…
General Portnyakin:
– Mən də polkovnikin təklifinə tərəfdaram, zat-aliləri…– dedi.
Sisianov:
– Yaxşı!– dedi.– Mən sonuncu dəfə ona məktub göndərirəm ki, Gəncə qalasını
təslim etsin. Sonuncu dəfə! Təslim şərtlərini qəbul etmək üçün ona iki gün vaxt
verirəm! – Knyaz get-gedə daha artıq əsəbiləşirdi.– Gəncə böyük Rusiya
imperiyasının tərkib hissəsidir, bir əyalətidir, başqa yer deyil!
21.
Cıdır düzündə gözəl bir gün çıxmışdı və gözəl də bir sakitlik var idi.
Ibrahim xan at belində aramla addımlayırdı, bir az arxadan isə iyirmi-iyirmi beş
atlı gəlirdi.
Uzaqdan onlara tərəf çapan bir atlı göründü.
Xanın atlıları əvvəlcə narahat oldu, sonra yəqin ki, atlını atından tanıdılar.
Kimsə:
– Saday bəydi…– dedi.
Və Saday bəy ağ atı çapıb atlılara çatdı.
Atlılardan biri – bizim tanıdığımız xidmətçi irəli çıxıb Ibrahim xana yaxınlaşdı:
– Əlahəzrət, qoşunbaşı Saday bəy hüzurunuza buyurmaq istəyir.
Ibrahim xan:
– Gəlsin,– dedi.
Xidmətçi geri qayıtdı, sonra Saday bəy ağ atı irəli sürüb baş əydi və Ibrahim
xanla qoşa addımladı.
Ibrahim xan:
– Nə olub, qoşunbaşı?– soruşdu.– Çox amansız çapırdın…
–Xan sağ olsun, rusların böyük generalı Sisianov Gəncə qapısının açarını, Cavad
xanın da rus padşahına tabe olmasını tələb edib. Iki gün möhlət verib.
Ibrahim xan bir müddət heç nə demədi, sonra soruşdu:
– Bəs sən nə deyirsən?
– Biz nə isə etməliyik, xan…
– Nə?
– Biz Cavad xanı rus divinin qabağında tək qoya bilmərik!
– Onunla birlikdə o divə yem olmalıyıq biz? Hə?! – Ibrahim xan qəzəblə
qoşunbaşının üstünə çımxırdı.– Sən iki min atlı ilə rus toplarının qabağında nə
edəcəksən? Yaxşı, beş gün qarşılarını kəsdin, bir ay qarşılarını kəsdin, sonra? Sonra
nə olacaq?– Ibrahim xan susdu, sonra nisbətən sakit halda:– Saday,– dedi.– mən
qoşunu mənasız qırğına göndərə bilmərəm, başa düş…
Saday bəy sərt hərəkətlə cilovu çəkdi və ağ at fınxırıb kişnəyərək şahə qalxdı.
Saday bəy:
– Xan!– qışqırdı.– Qoşunbaşı Saday bəyi yaddan çıxarın!
Arxadakı atlılar narahatlıqla dərhal irəli çapdılar və Ibrahim xanla Saday bəyi
əhatəyə aldılar.
Ibrahim xan:
– Sən fərarilik edirsən?– qışqırdı.
Saday bəy:
– Qoy bunun adı fərarilik olsun! Mən könüllülərlə Cavad bəyə köməyə gedirəm,–
dedi.
Ibrahim xan eyni qızğınlıqla:
– Sən ölümə gedirsən!– qışqırdı.
– Olsun, xan! Əlvida!..
Və Saday bəy ağ atı çapanda Ibrahim xan onun ardınca yana-yana, sidq-ürəkdən
pıçıldadı:
– Axmaq… Axmaq uşaq…
Saday bəy çapıb dağlara tərəf uzaqlaşdı və Cıdır düzündən çıxanda bir də ağ atı
şahə qaldırıb var gücü ilə bağırdı:
– Əlvida, xan qızı!..
Dağlardan başqa bu sözləri eşidən olmadı…
22.
30 dekabr 1803-cü il. Gəncə.
Ay işığında Cavad xan başda olmaqla bir dəstə adam Gəncə qalasının bürclərini
gəzirdi.
Cavad xan soruşdu:
– Kərbəlayı Sadıq, nə deyirsən? Qala rus toplarına dözəcəkmi?
Yaşlı bir adam olan Kərbəlayı Sadıq:
– Xan sağ olsun,– dedi.– Bütün təmir işləri sona yetib. Bütün lazımi tədbirləri
görmüşük. Lağımlar da, yeraltı keçidlər də hazırdır.
Cavad xan:
– Söhbət iyirmi dörd rus topundan gedir, Kərbəlayı Sadıq!– dedi.– Rusun iyirmi
dörd topu müqabilində mənim ümidim o lağımlara, o yeraltı yollaradır ki, qəflətən
onların üstünə həmlə edək, tez də geri qayıda bilək.
– Buyruğunuza rəğmən, hər şeyi etmişik, xan sağ olsun. Inşallah, hər şey uğurlu
olar!
Ətrafdakı adamlar da cani-dildən xeyir dilədi:
– Inşallah!..
– Inşallah-amin!..
– Inşallah!..
23.
31 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.
Knyaz Sisianov iş otağında böyük yazı mizinin arxasında oturub işləyirdi.
Yavər içəri girdi:
– Zat-aliləri, Aşot Karapetyan adlı bu adam yenə sizin qəbulunuza gəlməyi təkid
edir.
– Dünən dedim ki, göndərin, polkovnik Koryagin onu qəbul etsin. Mənim vaxtım
yoxdur, kapitan! Bir də ki, Pavel Mixayloviç ermənilərin dilini yaxşı bilir…
Yavər:
– Üzr istəyirəm, zat-aliləri,– dedi.– Getmir. Üç gündür ki, şəxsən sizinlə
görüşməyə çalışır. Deyir ki, xüsusi olaraq bu görüş üçün Tehrandan qeyri-leqal
Tiflisə gəlmişəm. Deyir ki, son dərəcə əhəmiyyətli məsələdir.
Knyaz Sisianov qarşısındakı kağızları könülsüz halda kənara itələyib:
– Yaxşı, buraxın, gəlsin,– dedi.
Yavər çıxdı və bir neçə andan sonra Aşot Karapetyan otağa daxil oldu.
– Zat-aliləri, nəhayət ki, məni qəbul etdiyiniz üçün təşəkkürümü bildirirəm.
– Oturun, cənab Karapetyan. Xahiş edirəm, bir başa mətləbə keçəsiniz. Mənim
vaxtım çox azdır.
– Mənim də vaxtım azdır, zat-aliləri.– Karapetyan əlini syurtukunun yaxasından
içəri saldı və bir dəstə kağız çıxardı.– Mən bunları şəxsən sizə təqdim etmək üçün üç
gündür gözləyirəm.
Knyaz Sisianov açıq sezilən bir rişxəndlə o bir dəstə kağıza baxdı:
– Bunlar nədir? Yenə erməni qardaşlarınızın cürbəcür xahişnamələridir?
Aşot Karapetyan başını dik tutub:
– Xeyir, knyaz!– dedi.
– Bəs nədir?
Aşot Karapetyan sözləri bir-bir dəqiq tələffüz edərək:
– Bunlar Gəncə qalasının bütün lağımlarının, oradakı yeraltı yolların, gizli
kəhrizlərin, gizli ərzaq və silah anbarlarının xəritəsidir, – dedi.– Bunu Gəncədə
yaşayan erməni qardaşlarımız bizə çatdırıb.
Knyaz Sisianov bir anın içində bütün vücudunu bürümüş həyəcanı gizlətməyə
çalışaraq, kağızları alıb mizin üstünə qoydu və soruşdu:
– Bəs nə üçün onlar bunu mənim özümə çatdırmayıblar?
– Onlar Cavad xanla müttəfiqliyə söz veriblər. Cavad xandan ehtiyat edirlər,
Tiflisə gələ bilmirlər.
– Onlar Cavad xandan qorxur, ancaq siz Fətəli şahdan qorxmursunuz?
– Söhbət millətin taleyindən gedəndə, onlar da qorxmur, biz də qorxmuruq, zataliləri.
Biz bilirik ki, arxamızda Rusiyanın ikibaşlı qartalı dayanıb!
– Siz şiri-xurşid haqqında da bu sözləri deyirsiz?
– Lazım olanda, bəlkə də deyirik. Lazım olduğu üçün deyirik.
– Mən nə bilim ki, siz indi də ikibaşlı qartal haqqında bu sözləri lazım olduğu
üçün demirsiz?
– Bunu tarix sizə göstərəcək, zat-aliləri.
Knyaz Sisianov güldü:
– Mənim tarixi gözləməyə vaxtım yoxdu, cənab Karapetyan!..
– Ona görə də, sübut sizin mizinizin üstündədir, knyaz!
24.
1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə. Gəncə qalası.
Gəncə uğrunda vuruş gedirdi.
… Gəncə qalasını mühasirəyə almış rus qoşunları toplardan qala divarlarını atəşə
tutmuşdu.
… Gəncəlilər qalanın bürclərindən tüfənglə əsgərləri nişan alıb atırdı, yapıncıları
əyinlərindən çıxarıb neftə bulayırdı və od vurub qaladan əsgərlərin başına yağdırırdı.
… Bir-neçə zabitin əhatəsində atın belində oturmuş general Sisianov durbinlə
Gəncə qalasına baxırdı.
… Rus topçu zabitinin bağırtısı o ah-nalənin, o gurultunun, haray-həşirin içində
güclə eşidilirdi:
– Oqon!.. Oqon!..
… Cavad xan tez-tez barıdan dişarı baxırdı, sürətlə addımlayaraq bürcdən-bürcə
keçirdi, adamlarından tüfəngi dartıb alıb sinəsinə sıxırdı, barıdan boylanıb nişan
alırdı, atırdı:
– Düşmən ayağı Gəncəyə dəyməyəcək!– deyirdi. – Haydı, igidlərim!..– deyirdi.–
Qeyrət vaxtıdı!..
… Bu vaxt Kərbəlayı Sadıq təngnəfəs qalanın yuxarısına qalxdı:
– Xan!.. Xan!..– qışqırdı.– Ruslar yeraltı yollarla, lağımlarla şəhərə girir!
Cavad xan:
– Bizi satıblar!..– bağırdı.– Içimizdən satıblar bizi!..
… Əsgərlər qala divarlarının ətrafında yeraltı yolların, lağımların üstünü açırdı və
zabitlərin:
– Vperyod!..– qışqırıqları altında şəhərə girirdi.
… Hüseynqulu ağa bürclərdən birinin aşağısında qılıncını sağa-sola işlədib,
qalanın üstünə çıxmaq istəyən soldatları irəli buraxmırdı.
… Şəhərin qalaətrafı küçələrində qılıncların, süngülərin, güllələrin savaşı gedirdi.
… Cavad xan əlinə qılınc alıb qalanın üstündə soldatlarla vuruşurdu.
… General Sisianov durbinlə Gəncə qalasına baxırdı.
… Bu vaxt Saday bəy başda olmaqla bir dəstə atlı çapıb özünü yetirdi və ruslara
hücum çəkdi.
… Rus topçu zabiti:
– Oqon!..– qışqırdı.
Toplar qala divarlarını uçururdu.
… Vuruşa-vuruşa qalaya doğru irəliləmək istəyən Saday bəyin dəstəsi güllənin,
mərmilərin qarşısında get–gedə seyrəlirdi.
… Cavad xan:
– Hüseynqulu hardadır?– qışqırdı.
– Sol bürcdə vuruşur!– dedilər.– Hüseynqulu ağa möhkəm dayanıb!– dedilər.
… Kərbəlayı Sadıq haray qopardı:
– Rus bütün lağımların, keçidlərin ağzını açır!.. Hamısının yerini bilirlər!..
… General Sisianov qışqırdı:
– Gəncədən bir adam da çıxa bilməsin!
… Rus zabitinin tüfəngin titəyini basması ilə sinəsindən vurulmuş ağ atın
kişnəyib şahə qalxması və yerə sərilməsi bir oldu.
Saday bəy gözləri bərəli yerə sərilmiş ağ atın altından çıxıb ayağa sıçradı və yerə
düşmüş qılıncını götürüb indicə tüfəng atan zabitin üstünə cumdu.
Zabitin ikinci gülləsi Saday bəyin sinəsini deşdi və Saday bəy bir an dayandı,
sonra səndələyib üzüqoylu zabitin ayaqlarının altında yerə sərildi.
Zabit ayağı ilə Saday bəyin başını kənara itələdi:
– Axmaq müsəlman,– dedi.– Qılıncla tüfəngin üstünə gəlir.
… Qan-tər içində vuruşan Cavad xan Kərbəlayi Sadığı gördü. Kərbəlayi Sadığın
da əlində qılınc var idi.
Cavad xan acı bir heyrətlə:
– Kərbəlayı Sadıq, sən də vuruşursan?– soruşdu.
Kərbəlayı Sadıq:
– Bu bürcün memarı mənəm,– dedi.– Rus mənim meyidimin üstündən keçib bu
bürcü ala bilər!
… Hüseynqulu ağa qılıncı növbəti dəfə başının üstünə qaldıranda qarşıdakı
soldatın süngüsü onun sinəsini deşdi. Hüseynqulu ağa bir an yerində dondu. Soldat
süngünü daha da dərinə soxub, geri dartdı. Hüseynqulu ağa arxası üstə yıxıldı,
gözləri göyə zilləndi, dodaqlarının kənarından qan süzüldü və oğlan pıçıldadı:
– Atam sizdən mənim intiqamımı alacaq…
… General Sisianov:
– Toplar ara verməsin!..– qışqırdı.
… Soldat Kərbəlayı Sadığın qılınc həmləsini tüfənginin süngüsü ilə dəf etdi və
bir göz qırpımında süngünü altdan yuxarı kişinin boğazına soxdu.
Kərbəlayı Sadıq yıxıldı və soldat onun üstündən addımlayıb:
– Starıy çort!..– dedi və Kərbəlayı Sadığın boğazından qan axan donmuş sifətinə
tüpürdü.
… Və əlində qılınc irəli atılmaq istəyən Cavad xan güllə ilə sinəsindən vuruldu,
qılınc əlindən düşdü və xan son nəfəsində:
– Bayrağı ver!.. Bayrağı ver!..– qışqırdı. – Bayraqdarın uzatdığı bayrağın
dəstəyindən tutub kürəyi bürcün divarını sıyıra-sıyıra yerə çökdü.– Hüseynqulu
sizdən mənim intiqamımı alacaq…– pıçıldadı və Cavad xanın da gözləri dondu.
… Ruslar artıq Gəncə qalasına doluşmuşdu.
Gəncə qalası alındı.
25.
3 yanvar 1804-cü il. Tiflis. Sərdar iqamətgahı.
Sübh tezdən knyaz Sisianov başda olmaqla bir dəstə rus hərbçisi Tiflisin hələ
yuxudan oyanmamış boş küçələri ilə iqamətgaha doğru çapırdı.
Atlılar iqamətgahın həyətinə girdi və Sisianov atın belindən yerə sıçrayıb:
– Şampan!..– qışqırdı.– Şampan!..
… Xidmətçilər qədəhlərə şampan süzdü.
Knyaz Sisianov qədəhini yuxarı qaldırıb:
– Cənablar!– dedi.– Bunu qaldıraq yeni və əbədi rus şəhəri Yelizavettapolun
şərəfinə!– Və qədəhi sonuncu damlasınacan başına çəkdi.– Nəhayət ki, Gəncəni,–
bir an ara verib güldü,– keçmiş Gəncəni aldıq! Cavad xan da, oğlu Hüseynqulu ağa
da it kimi gəbərdi!
General Portnyakin indicə içib boşaltdığı qədəhi xidmətçinin uzatdığı sininin
üstünə qoyub:
– Zat-aliləri, onlar qəhrəman kimi həlak oldu!– dedi.– Düşmən olsalar da, biz
igidliyin qiymətini verməyi bacarmalıyıq!..
Knyaz Sisianov sərt bir ötkəmliklə:
– Onlar it kimi gəbərdi, general!– dedi. – Gəncə bizim olmalıydı, bizim də oldu!
Qarabağ da bizim olacaq! Irəvan xanlığı da, Bakı xanlığı da, o biriləri də bizim
olacaq! Bütün Gürcüstan da artıq bizimdir!
Knyazın ötkəmliyi general Portnyakinin açıq-aşkar xoşuna gəlmədi və o:
– Bizim?– soruşdu.
Knyaz:
– Bəli, bizim!– dedi.
General Portnyakin içəridən axıb gələn və bu dəm heç gizlətməyə də cəhd
etmədiyi bir rus kini və kinayəsi ilə:
– Siz kimsiz ki?– soruşdu.– Gürcü knyazı Sisişvili, yoxsa rus generalı Sisianov?
Knyaz Sisianov düz generalın qarşısına gəldi və onun gözlərinin içinə baxa-baxa:
– Mən rus əsilli general Portnyakinin komandiriyəm!– dedi.– Bildiz, general,
mən kiməm?
General Portnyakin susdu.
Knyaz Sisianov:
– Və bunu heç vaxt yadınızdan çıxarmayın! Hətta çoxlu şampan içəndə də!
İKİNCİ HİSSƏ
1.
Ibrahim xan bağçada kiçik uşaqları – Abbasqulu ağa, Gövhər ağa, Hacı Hacan
ağa, Səltənətbəyim, Əli ağa ilə oynayırdı.
Abbasqulu ağa:
– Kəndli ilə öküzü oynayaq!– qışqırdı.– Kəndli ilə öküzü!..
Ibrahim xan:
– Yaxşı…– dedi.– Mən kəndli!
Gövhər ağa:
– Mən də öküz!..– qışqırdı.
Ibrahim xan güldü:
– Ay qız,– dedi, – sənnən öküz olar?! Qız nədi, öküz nədi?!
Abbasqulu ağa:
– Öküz mənəm!– dedi.
Ibrahim xan:
– Yaxşı, mən oldum kəndli!– deyib, səsini dəyişdi və Abbasqulu ağaya
müraciətlə kəndlinin sözlərini söylədi:
Sarı öküz, sənnən budu diləyim,
Bir günlüyü tamam gərək əkəsən…
Istəmirəm axşamadək çəkəsən,
El töhmətin üstümüzə tökəsən…
Abbasqulu ağa baş barmaqlarını buynuz kimi gicgahından qaldıraraq səsini
dəyişib öküzün sözlərini söylədi:
Sən havaxtda mənim gördün işimi?
Qoymayırsan dinc saxlayım başımı…
Qoyundan, keçidən ver yoldaşımı,
Gör, mən onlar ilə necə çəkərəm!..
Uşaqlar da haray-həşirlə oyunu qızışdırırdı…
2.
Tehranda şah sarayının qadınlara məxsus hissəsində, kiçik bir baxçada o gözəl
fəvvarənin şırıltısı çay şırıltısına bənzəyirdi, amma çay deyildi və kim bilir, o
fəvvarəniin kənarında oturub gözlərini uzaq bir nöqtəyə zilləmiş Ağabəyim Ağa
suyun o səsinə qulaq asa-asa bəlkə elə bu barədə fikirləşirdi?
Xacə baxçaya daxil olub:
– Gəl, ağa,– dedi.
Əbülfət ağa xacənin ardınca bağçaya girdi:
– Məni nə münasibətilə çağırmısan, Ağabəyim?– soruşdu.
Xacə susəpəni əlinə alıb bağçadakı gülləri sulamaq istədi.
Ağabəyim Ağa qardaşının sualına cavab verməzdən əvvəl:
– Gülləri mən sulamışam, xacə,– dedi.– Sən gedə bilərsən.
Xacə tərəddüd etdi:
– Şahbanu…
Ağabəyim Ağa səsini bir az da ucaldıb təkrar etdi:
– Sən gedə bilərsən!– dedi.
Xacənin uzaq Qarabağdan gəlmiş bu bacı ilə qardaşı bağçada tək qoymaqdan
başqa çarəsi qalmadı.
Yalnız xacə bağçadan çıxdıqdan sonra Ağabəyim Ağa soruşdu:
– Deyirlər, Qarabağa gedirsən?
Əbülfət ağa:
– Hə,– dedi.– Onsuz da gəlib sənlə xudahafizləşəcəkdim.
– Elə bil, gözlərini məndən gizlətmək istəyirsən?
– Niyə?
– Səbəbini sən bilməlisən…
– Mənim ürəyim tər-təmizdi, Ağabəyim.
– Bəs, deyirlər, Qarabağa beş yüz seçmə atlı ilə gedirsən?
– Bəli. Şahımız ilə məsləhətləşdik və belə qərara gəldik.
Ağabəyim Ağa qardaşının sözünü təkrar etdi:
– «Şahımızla…"– Sonra dedi:– Deməli, xan atamızın üstünə qoşun çəkirsən?
– Xeyr, mən xan atamızın üstünə qoşun çəkmirəm. Mən istəmirəm ki, o özünü
də, bütün Qarabağı da məhv etsin. Xan atamız kafirlərlə danışığa başlayıb. Iran kimi
bir müsəlman dövlətinə arxa çevirib, dinsiz kafirlərlə bir olmaq istəyir. Belə
müsəlmanlıq olmaz. Islam hümməti belə bir iş tutmamalıdı! Allah bunu bizə
bağışlamaz və bütün millətimizi zəlil eləyər!
– Sən millətin dərdini çəkirsən?
– Bəs, mən millətin dərdini çəkməsəm, kim çəkməlidi?! Gördün, Allah Cavad
xana necə cəza verdi? Öz müsəlman qardaşlarıyla – qızılbaş ordusuyla birləşib
kafirləri torpağımızdan qovmaq əvəzinə, bu boyda Fətəli şahımıza arxa çevirdi,
təkbaşına kafirlərlə vuruşdu, axırı da o cürə pis qurtardı!.. Saday bəy də o cürə…–
Əbülfət ağa bir an susdu, sonra davam etdi.– Xan atamız Cavad xandan da o tərəfə
gedir, kafirlə danışığa başlayır. Bu şeytan tilsimidi, mən bu tilsimi qırmağa gedirəm.
Ağabəyim Ağa dodaqları əsə-əsə:
– Əbülfət…– pıçıldadı.– Əbülfət…– Və birdən-birə çılğınlıqla dedi:– Sən
millətin dərdini çəkirsən, yoxsa Qarabağ taxtının dərdini?– Sonra da bərkdən
qışqırdı.– Get!.. Get!.. Mən heç kimi görmək istəmirəm!..
Və Ağabəyim Ağa ürəyinin dərinindən axıb gələn bir hönkürtü ilə ağladı.
3.
Xidmətçi içəri girib dedi:
– Vanya yüzbaşı hüzurunuza təşrifinə izn istəyir.
Mitəkkəyə söykənərək döşəkcənin üstündə yanpörtü oturub kağızlara baxan
Ibrahim xan dikəlib:
– Gəlsin,– dedi.
Vanya yüzbaşı içəri girən kimi, yenə ağır vücuduna yaraşmayan bir cəldliklə irəli
yeriyib Ibrahim xanın əlindən öpdü, amma bu dəfə xan ona oturmaq təklif etmədi.
– Nə var, Vanya yüzbaşı, nə xəbərlə gəlmisən?
– Nə xəbər yoxdu ki, xan? Dünya qaynar qazandı, içindəki də pıqqapıq qaynayır.
Allah sizin canınızı sağ eləsin, bizə göstərdiyiniz iltifat…
Ibrahim xan onun sözünü kəsdi:
– Mətləbə keç, yüzbaşı. Mənim vaxtım yoxdu.
– Vaxt neyləsin? Bu vurhavura vaxt tab gətirər. O, sizsiniz ki, əlahəzrət, bu qədər
işin öhdəsindən…
– Dedim, mətləbə keç, kişi! Vaxtımı alma!
– Fətəli şahın əlli minlik qoşunu gəlib Naxçıvan və Irəvan xanlıqlarının lap
sərhəddinə dirənib. Bunu bilirsiz. Deyirlər, bu gün, sabah sərhəddi keçəcək…
– Sonra?
– Məzhəb haqqı, sonrasını deməyə cəsarətim çatmır…
Ibrahim xan yenə nəsə bəd bir xəbər hiss edib ayağa qalxdı və hirslə:
– Mütrüblük eləmə, kişi!– dedi.– Səndə nəvaxt cəsarət olub ki, indi də
çatışmasın?.. De, görüm, nə xəbərdi?
– Oğlunuz Əbülfət ağanın başçılığı ilə şahın beş yüz seçmə atlısı Qarabağa
gəlməyə hazırlıq görür…
– Nə? Nə dedin?!– Ibrahim xan özündən çıxıb, Vanya yüzbaşının yaxasından
yapışdı: – Sən hardan bilirsən bunu?
– Əlahəzrət, indiyədək olub ki, mənim gətirdiyim xəbərlər yalan çıxsın?
Ibrahim xan əlini yüzbaşının yaxasından çəkdi.
Vanya yüzbaşı:
– Xan sağ olsun, Əbülfət ağa qoşunla Qarabulağı keçib Tuğ kəndinə üz tutacaq.
Ibrahim xan:
– Əgər bu söhbət olubsa, Tehran sarayının bağlı qapıları arxasında olub, – dedi.–
Bunu sən hardan öyrənmisən?
– Saraylarda da divarın qulağı olur…
– Yaxşı, gedə bilərsən…
Vanya yüzbaşı yerindən tərpənmədi.
Ibrahim xan tərs-tərs yüzbaşıya baxıb:
– Nədi, yenə bayquş xəbəri var?– soruşdu.
– Mənə tapşırığınız var idi, xan…
Ibrahim xanın, elə bil, fikri özündə deyildi:
– Nə tapşırıq?
– Axund Mirmöhsün ağa barədə…
– Hə, nə oldu?
– Oturub-durub Əbülfət ağanı tərifləyir…
Ibrahim xan bu dəfə tamam özündən çıxdı və bağıra-bağıra Vanya yüzbaşını
yaxasından yapışıb qapıya tərəf itələdi:
– Nə olsun? Bəyəm Əbülfət ağanı tərifləmək olmaz?! Yaxşı eləyir, tərifləyir!..
Erməni dığası!.. Rədd ol!.. Rədd ol buradan!..
4.
Mayor Lisaneviç, daha iki rus zabiti və onları müşayiət edən yerli bəy atların
belində Xankəndindən Şuşaya doğru qalxırdı.
… Yaşıl bir yamacdan keçəndə, mayor Lisaneviç, görünür, daha özünü saxlaya
bilmədi, atı alt tərəfi sıldırım qayalıq olan yamacın lap kənarına sürdü və orada sinə
dolusu bir nəfəs alıb ətrafa baxdı.
Bütün ətraf Şuşa dağları idi.
Sonra mayor boylanıb aşağıdakı dərin uçurumlu yarğana baxdı və yenə sinə
dolusu nəfəs aldı:
– Qafqazda şeytani bir gözəllik var…– dedi.– Bunu sözlə ifadə etmək mümkün
deyil… Bunu rus şairləri yazacaqlar…
Rus zabitlərindən biri arxadan qışqırdı:
– Ehtiyatlı olun, cənab mayor! Uçuruma düşə bilərsiz!..
Mayor Lisaneviç:
– Uçurumdan qorxan adamın Qafqazda nə işi var?!– dedi və elə o uçurumun
başındaca atını şahə qaldırdı, sonra sürətlə geriyə çapıb, Şuşaya qalxan yola çıxdı və
eləcə çapa-çapa da yoxuş yuxarı getdi.
5.
Aşot Karapetyanın mindiyi fayton Tehranın küçələri ilə gedirdi.
Fayton böyük bir binanın darvazası ağzında dayandı. Aşot Karapetyan faytondan
düşüb, darvazanın qarşısındakı gözətçiyə:
– Ağayi-Pirqulu xan məni gözləyir!– dedi.
… Aşot Karapetyan içəri girəndə Pirqulu xan döşəkcədə bardaşqurma oturub,
qarşısındakı gödək mizin üstünə yığılmış bir qalaq kağıza baxırdı və Karapetyanı
görən kimi:
– Nə oldu, ağayi-Karapetyan, təzə siyahıları gətirdin?–soruşdu.
– Gətirmişəm, ağayi-Pirqulu xan. – Aşot Karapetyan əlindəki kağızları Pirqulu
xana uzatdı və yalnız bundan sonra:– Salam–əleyküm,– dedi.
– Əleykümə-salam. Vallah, ağayi-Karapetyan, indi salam verib, salam almağa da
macal qalmayıb, – dedi.– Hamısı bir yerdə neçə erməni ailəsi oldu?
– 750 erməni ailəsi Mağara tərəfdəndir, 342 ailə Şirazdandır, 433 ailə
Həmədandan, 126 ailə də Tehranın özündəndir. Hamısı da könüllü razılıq vermiş
ailələrdir, ağayi-Pirqulu xan. Əvvəl sizə verdiyim siyahı ilə birlikdə düz 6582
erməni ailəsi edir.– Aşot Karapetyan bir daha təkrar etdi.– 6582 ailə!
– Bu birinci mərhələdi ha, baba!..
– Bəli, ağayi-Pirqulu xan. Yeni siyahılar hazırlanmaq üzrədir.
Priqulu xan:
– Xeyli xub! Xeyli xub, ağayi-Karapetyan,– dedi.– Qibleyi-aləm çox tələsdirir!..
6.
Axund Mirmöhsün ağa içəri daxil olanda Ibrahim xan pəncərənin qarşısında
dayanmışdı.
Ibrahim xan ona sarı çönmədən:
– Axund, – dedi,– mən təfərrüatına varmıram, amma bu gündən sənin ayağın
mənim sarayıma dəyməyəcək! Sən Şuşaya da gəlməyəcəksən! Sən arana
düşəcəksən, bundan sonra Qarabulağın Saracıq obasında yaşayacaqsan! Sən o
obadan bir addım da kənara ayaq atmayacaqsan! – Xan gözlərini pəncərədən ayırıb
sərt hərəkətlə başını çevirdi və Axund Mirmöhsün ağaya baxdı.– Get və Allahına
şükür et ki, sənin başın Molla Pənahın başı kimi, bədənindən üzülmür. Mən bu
barədə artıq danışmaq istəmirəm!.. Get və ibadət et, bəlkə günahlarını yuya bildin!
Axund Mirmöhsün ağa:
– Mən, onsuz da, hər gün ibadətlə məşqulam…– dedi.– Hər bir insanın günahı
var. Göndərdiyin sürgündə də, inşallah, ibadətlə məşqul olacağam. Ancaq…
Ibrahim xan:
– Nə ancaq? Nə ancaq?– deyə onun sözünü kəsdi.
Axund Mirmöhsün ağa:
– Ancaq siz kimlə qalacaqsız, əlahəzrət?– dedi və otaqdan çıxdı.
7.
Xan sarayının həyəti qaynayırdı. Bir tərəfdə kabab bişirdi, bir tərəfdə ocağın
üstündə böyük qazan qaynayırdı, bir tərəfdə hind quşu, toyuq, turac yonulurdu…
Xanəndənin zilə çəkdiyi «Qarabağ şikəstəsi"nin səsi həyətə yayılmışdı:
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ…
Tehran cənnət də olsa,
Yaddan çıxmaz Qarabağ…
Toyuq yolan arvadlardan biri:
– Allah Ağabəyim Ağanın ömrünü uzun eləsin, gör də, gör, nə sözlər yazıb?!
Gör, o bədbəxt, nə çəkir də, qürbətdə!..– dedi və doluxsundu.
O biri arvad:
– Az-z-z, sənin niyə gözün dolur? – dedi.– Xanımlar şah saraylarında kefə baxır,
sən də burda zırıldayırsan?
Doluxsunmuş arvad:
– Allah elə kefi kəssin!– dedi və qolu ilə gözünü sildi.
… Qonaq otağında salınmış süfrənin arxasında isə bir–neçə əsabəsi ilə Ibrahim
xan, mayor Lisaneviç, onunla birlikdə gələn rus zabitləri əyləşmişdi.
Süfrənin üstünə cürbəcür meyvələr, yeməklər, şərbət, ayran düzülmüşdü.
Danışığı mayoru müşayiət edən azərbaycanlı bəy tərcümə edirdi.
Ibrahim xan:
– Mayor cənabları,– dedi, – mən sizin haqqınızda xoş sözlər eşitmişəm. Sizi
görməyimə çox şadam. Mən eşidəndə ki, zat-aliləri cənab Sisianov öz şəxsi
nümayəndəsi kimi, mənimlə ilkin danışıqlar üçün cənabınızı göndərir, xeyli
məmnun oldum.
Mayor Lisaneviç razılıqla:
– Əlahəzrət imperator Aleksandrın təbəələri, o cümlədən mən də sizin haqqınızda
çox eşitmişik və Qarabağın müdrik bir hakimi kimi sizə böyük hörmətimiz var.
Sisianov cənabları mənə şərəf verərək tapşırıb ki, əlahəzrət imperatorun şəxsi
hədiyyəsini sizə təqdim edim.
Mayor Lisaneviç və onunla gəlmiş rus zabitləri ayağa qalxdılar. Zabitlərdən biri
kənardakı mizin üstündən o hədiyyəni götürüb mayora verdi və mayor ehtiyatla
hədiyyəni açdı.
Bu – imperator I Aleksandrın qiymətli çərçivə içində böyük portreti idi.
Ibrahim xan bir an o portretə baxdı, sonra ayağa qalxdı, dərhal əyanlar da ayağa
qalxdı və Ibrahim xan dedi:
– Bu qiymətli ərməğan həmişə mənimlə və mənim nəslimlə bir yerdə olacaq.–
Portreti mayordan alıb bir də baxdı, sonra yanında dayanmış əyana verdi.
Əyan portreti aparıb divar dibindəki yorğan-döşək dolabının üstündə dikəltdi və o
an, elə bil, I Aleksandr Şuşada, Qarabağ xanının sarayındakı bu məclisi cismən
diqqətlə izləyirdi.
… Xidmətçilər qonaq otağına girib-çıxırdı, təzə-təzə yeməklər gətirirdilər,
boşalmış qabları aparırdılar və məclis əhli yeyə-yeyə söhbət edirdi.
Mayor Lisaneviç:
– Hörmətli xan,– dedi,– mən əminəm ki, sizinlə danışıqlarımızın axırı müsbət
qurtaracaq, ancaq bundan asılı olmayaraq, xahiş edirəm ki, bir cəhət həmişə sizin
xatirənizdə olsun: harada olmağımdan asılı olmayaraq, mənim simamda sizin həqiqi
dostunuz var! Bu sözləri sizə mən deyirəm, rus zabiti Lisaneviç!
Ibrahim xan həqiqətən məmnun idi:
– Bu sözlər mənim üçün çox qiymətlidir, cənab mayor! Çox sağ olun!
– Mənim missiyamın məqsədi sizə məlumdur, xan həzrətləri. Söhbət Qarabağ
xanlığının böyük Rusiya imperiyasının təbəəliyinə keçməyindən gedir. Bu məsələdə
sizin proqressiv mövqeyiniz şəxsən əlahəzrət imperatorun özünə də məlumdur. Zataliləri
cənab Sisianov bu barədə əlahəzrət imeratora ətraflı məlumat vermişdir.
|