Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Hökmdarın taleyi-3
<< 1 / 2 / 3 / 4 >>


    – Mən Rusiya ilə dostluq etmək və həmişə ona sadiq qalmaq vədini vermişəm, cənab mayor. Biz vədinə xilaf çıxan adamlar deyilik…
    – Biz bunu bilirik, xan həzrətləri. Böyük Rusiya imperiyasının sizə bəslədiyi hörməti siz özünüz də, sizin gələcək nəsilləriniz də əyani şəkildə gərəcəksiniz. Siz – dostsunuz! Ancaq…
    – Elə bil nəsə deməyə çətinlik çəkirsiniz…
    – Fətəli xan sizin oğlunuz Əbülfət ağanı beş yüz atlı ilə Qarabağa göndərib…
    – Bilirəm… Mən bu məsələ ilə məşğulam. Mən onun atasıyam, o mənim atam deyil. Mənim dediyim olmalıdır, onun dediyi yox.
    – Əlbəttə, belə olmalıdır… Görünür, Əbülfət ağa bizi bəhanə edib Qarabağın xanlıq taxtına çıxmaq istəyir…
    Ibrahim xan bir az əsəbi təkrar etdi:
    – Mən bu məsələ ilə məşğulam, cənab mayor. Lazım olsa, özüm onun qarşısına çıxacağam.
    – Mən yalnız onu deyə bilərəm ki, hörmətli cənab xan, Rusiya heç zaman sizi darda qoymayacaq, sizə xəyanət etməyəcək. Siz və sizin gələcək nəsliniz Rusiya təbəəliyində əbədi olaraq Qarabağ xanlığına rəhbərlik edəcəksiniz. Sizin heç bir hakim hüququnuz məhdudlaşmayacaq. Nə qədər Rusiya olacaq, o qədər də Qarabağ xanlığı olacaq. Nə qədər Qarabağ olacaq, o qədər də Ibrahim xan və onun nəsli Qarabağda xanlıq edəcək!
    Ibrahim xan gülümsəyərək barmağı ilə göyü göstərdi:
    – Ancaq hər şey bizdən asılı deyil, cənab mayor. Allah da var!
    Mayor Lisaneviç:
    – Biz Allaha kömək etməliyik!– dedi.
    Ibrahim xan diqqətlə mayor Lisaneviçin gözlərinin içinə baxdı:
    – Biz Allaha kömək etməliyik?
    Mayor Lisaneviç:
    – Əlbəttə!– dedi.– Biz bütün yaxşı işlərdə Allaha kömək etməliyik!
    Ibrahim xan bir-neçə an susdu, sonra dedi:
    – Mən dünya görmüşəm, cənab mayor… Sizin gözlərinizdən görürəm ki, həqiqətən alicənab və xeyirxah adamsınız.
    – Təşəkkür edirəm, xan həzrətləri. Siz bunu birgə fəaliyyətimizdə də görəcəksiniz!

8.


    Şuşa bazarında şıdırğı alış-veriş gedirdi.
    … Bir nəfər müştəri:
    – Məşədi Abış, mənə yarım girvənkə döyməlik ət ver,– dedi. Qəssab Məşədi Abış əlində tutduğu bıçağın bir həmləsi ilə dükanın qabağında qarmaqdan asılmış qoç budundan bir tikə ət kəsib ona uzatdı:
    – Al.
    Adam:
    – Bəs tərəzidə çəkmirsən?– soruşdu.
    Qəssab Məşədi Abış az qala heyrətlə:
    – Ba–a–a!..– dedi.– Mənə inanmırsan?– Sonra əti tərəzinin gözünə qoydu.– Düz yarım girvənkədi, ya yox?
    – Bravo!.. Bravo!..– Bu sözləri də mayor Lisaneviç dedi.
    Mayor Lisaneviç rus zabitləri ilə birlikdə şəhəri gəzə-gəzə Şuşa bazarına gəlmişdi. Onlara Vanya yüzbaşı bələdçilik edirdi.
    Vanya yüzbaşı:
    – Bəli!.. Bəli!..– deyə,– elə bil, bir bıçaq vurmaqla əti qram dəqiqliyi ilə kəsən Qəssab Məşədi Abış yox, elə Vanya yüzbaşının özü idi – mayorun «bravo"larını təsdiq etdi, sonra da fəxrlə: – Sağ ol, Məşədi Abış, ara, əlin var olsun!– dedi. – Sonra qonaqları bazarın o biri başına tərəf çəkdi.– Gəlin, gəlin, hələ sizi nalbənd Muxtarın yanına aparım bir!.. Ara, usta odu e!..

9.

10 iyun 1804-cü il. Tehran. Şah sarayı.
    Fətəli şah məşvərət çağırmışdı.
    Uzun mizin üstündə Qafqazın xəritəsi açılmışdı və Fətəli şah da, əsabələri də mizin arxasında dayanmışdı.
    Fətəli şah dedi:
    – Mən daha dözə bilmərəm. Mən gözlədikcə, kafir ruslar bizim şimalımızda möhkəmlənirlər. Rusiya Şimali Qafqazla kifayətlənmir, Cənubi Qafqazı da götürür!
    – Şah sağ əlinin barmaqlarının beşini də xəritəyə dirədi.– Ingiltərə Rusiyanın əleyhinə bizimlə müqavilə bağladı, ancaq heç bir iş görmədi. Bizi kafir ruslarların əleyhinə qızışdırırlar, ancaq özləri Napoleonun əleyhinə Rusiya ilə saziş bağlayırlar. Çünki ingilislərin özləri də elə ruslar kimi kafirdir. Mən taxt-tacımızın varisi Abbas
    Mirzənin sərkərdəliyi ilə əlli minlik ordumuzu Cənubi Qafqaza göndərirəm.
    Abbas Mirzə baş əydi:
    – Bə-çeşm, qibleyi-aləm! Mənə şərəf verdiniz!
    Fətəli şah Pirqulu xana müraciət etdi:
    – Ağayi-Pirverdi xan, ermənilərin yığılması bitdimi?
    Pirverdi xan:
    – Bəli, qibleyi-aləm!– dedi.– Yeddi minə yaxın erməni ailəsi yığmışıq. Əmrinizə müntəzirdir!
    – Yeddi minə yaxın, yəni, nə deməkdir?
    – Düz 6582 erməni ailəsidir, qibleyi–aləm.
    Fətəli şah:
    – Çox gözəl! – dedi. – Biz Azərbaycan xanlıqlarını zəiflətmək üçün, mütləq ermənilərdən istifadə etməliyik. Mənim əmrimlə əhli-əyalı ilə ağayi-Pirverdi xanın dediyi qədər erməni yığılıb. Onlar Abbas Mirzənin arxasınca gedəcək. Bu, birinci mərhələdi, inşallah, Allahın köməkliyi ilə bu işi gərək davam etdirək. Qoşunlarımızın Cənubi Qafqazda, xüsusən Azərbaycanda və xüsusən də Irəvan və Qarabağ xanlıqlarında fəth etdiyi torpaqlarda Iran ermənilərini məskun edəcəyik. Belə edəndə, gələcəkdə də o tərəflərdə bizim üçün xətircamlıq olacaq. O yerlərin türkləri isə Irana gətirilməlidir, onları burada səpələmək lazımdı. Bu işi səliqəsəhmanla yerinə yetirməliyik. Ağayi-Pirverdi xan, bu işi sizə həvalə edirəm və ümidvaram ki, sizdən narazı qalmayacağam.
    Pirverdi xan:
    – Canımla, başımla, qibleyi-aləm!– dedi.– Heç bir şübhəniz olmasın!
    Şah davam etdi:
    – Abbas Mirzə ilk növbədə Qarabağı ram etməlidir! Özüm də əsas qüvvələrlə, Allah qoysa, ora gedəcəyəm. Qarabağ səfəri rəhmətlik əmim Ağa Məhəmməd şaha düşmədi, bizə düşər, inşallah!.. Firəngistanın səfiri ağayi-Fransua Sebastiani ilə söhbətim olub. Napoleon məktub yazıb mənə qardaşlıq təklif edir. Osmanlıdan, bizdən, bir də özündən ibarət böyük bir ittifaq arzusundadır… Belə bir ittifaq haqqında hələ ki, bir şey deyə bilmərəm… Osmanlı ilə ittifaq?.. Bilmirəm… Bilmirəm, belə bir ittifaqdan bir şey çıxar, ya yox?.. Ancaq Napoleona məktub göndərib Firəngistan ilə saziş imzalamaq fikrindəyəm. Kafirlərlə, kafirlərin özlərinin hiylə dili ilə danışmaq gərək!..

10.


    Ibrahim xanın gözləri uzaqlara baxırdı və elə bil, o, qarşısında əmrə müntəzir dayanmış Vanya yüzbaşını heç görmürdü.
    Ibrahim xan:
    – Mən bu işi başqa heç kimə etibar edə bilmərəm,– dedi.– Sən təcrübəli adamsan, bu işi ehtiyatla və gizlin görməlisən.
    – Xan sağ olsun, başını cəlladın dəhrəsinin altına qoy de, qoyaram, uf da eləmərəm!
    Ibrahim xan:
    – Başın hələ ki, mənə lazımdı… Hələ ki!..– dedi və bu sözlər açıq-aşkar ikibaşlı səsləndi.
    Vanya yüzbaşı bu sözlərdəki gizli hədəni, gizli xəbərdarlığı hiss etdi və:
    – Xan, tapşırığınızı verin!– dedi.
    – Sən Əbülfət ağanın yanına getməlisən… Belə bir məqamda oğul ilə atanın savaşını tarix bizə bağışlamaz, Vanya yüzbaşı!.. Onunla məxfi görüşmək istəyirəm.
    Bunu gərək nə Baba xan, nə də ruslar bilsin. Bu, tamam pünhan bir görüş olmalıdı…
    – Nə vaxt yola düşməliyəm?
    – Elə bu gecə.

11.


    Fətəli şah və Ağabəyim Ağa üstünə cürbəcür meyvələrlə dolu qab qoyulmuş kiçik mizin arxasında üzbəüz oturmuşdular.
    Ağabəyim Ağa:
    – Ibrahim xan sənin qaynatandır,– dedi.– Onun yurdunu kor qoymaq olarmı?
    – Bir Allah şahiddir ki, mənim onunla heç bir qərəzim yoxdur! Ancaq onun əməlləri Iranın əleyhinə çevriləndə, mən buna dözə bilmərəm! Sən mənim üçün çox əzizsən, Banu! Bunu bütün Iranda bilməyən yoxdu. Mən öz canımı sənə qurban edə bilərəm, ancaq Iranın maraqları mənim üçün öz canımdan artıqdır!
    – Ibrahim xan Qarabağı qorumaq istəyir. O hər vasitə ilə çalışır ki, Azərbaycan vahid bir dövlət olsun. Axı, sən də azəri türküsən…
    – Bəli, mən azəri türküyəm. Ancaq mən Şahənşaham! Iran kimi bir məmləkətin başında duran adamam! Mənim bu məmləkət qarşısında məsuliyyətim var! Iranın yarısından çoxu azəri türküdü. Indi mən nə etməliyəm, deməliyəm ki, gedin, şimaldakı xanlarla birləşin, ayrıca bir Azərbaycan dövləti yaradın? Belə şey ola bilməz, Banu! Mən imkan verə bilmərəm ki, azəri xanlıqları ikişaf etsin, böyüsün, sonra da birləşib məmləkətimizi parçalasın, vahid bir dövlət olsun! Biz heç zaman belə şeylə barışa bilmərik. Indi də, yüz illərdən sonra da! Mənim möhtərəm qaynatam isə xam xəyallara düşüb ruslarla dil tapmaq istəyir. Ruslarla ha!.. Bu təkcə Irana yox, bütün Islama xəyanətdir!– Fətəli şah ayağa qalxdı.– Mənim işlərim çoxdu, Banu.– Və otaqdan çıxdı.

12.


    Sakit bir qaranlıq içində çathaçat yanan ocağın işığı Əbülfət ağanın da, Vanya yüzbaşının da sifətinə düşmüşdü və onlardan bir az aralıdakı çadırın qapısı ağzında dayanmış iki silahlı yavər də aydınca görünürdü.
    Əbülfət ağa:
    – Sən tək başına, gecənin yarısı bu Dizaxa necə gəlib çıxmısan, ay Vanya yüzbaşı?– soruşdu.
    – Əbülfət ağa, indiyədək olub ki, xan atan mənə iş buyura, mən də onu etməyim?
    Nəyimdi? Bir canımdı, bir də Haykanuş xalandı, vəssalam!.. Bu fani dünyada yaşadığımı, yaşamışam. Nədən qorxacağam? O boyda şəxs mənə iş tapşırıb! Əbülfət ağa bir müddət susdu, sonra:
    – Xan necədir?– soruşdu.
    – Maşallah! Yaxşıdı! Allah bədnəzərdən saxlasın!– Vanya yüzbaşı dedi.
    Yenə sükut çökdü və əlindəki çubuqla ocağı qurdalayan Əbülfət ağa bir müddətdən sonra o sükutu pozdu.
    – Eşidirəm səni?
    Vanya yüzbaşı ehtiyatla o tərəf-bu tərəfə baxdı, çadırın qabağındakı yavərlərə sarı boylandı və səsini yavaşıdıb:
    – Xan səninlə məxfi görüşmək istəyir,– dedi.
    Əbülfət ağa:
    – Nə üçün məxfi?– soruşdu.– Mən Fətəli şahdan xəbərsiz onunla necə görüşə bilərəm?
    – Vallah, nə deyim, Əbülfət ağa? Atadı… Ürək dözmür də…
    – Ürəkdən-zaddan keçib daha, Vanya yüzbaşı!..
    – Allah bu dünyanın üzünü qara eləsin!.. Yəqin xanın öyüdü-nəsihəti var…
    – Nə öyüd-nəsihət? Fətəli şahın mənə etibar elədiyi qızılbaş atlılarını başsız buraxıb, gedib, rusun ayağına düşməliyəm?
    – Nə deyim, vallah… Mən bu fani dünyada az yaşamamışam, ancaq, Əbülfət ağa, məzhəb haqqı, ömrümdə bu gecəki kimi çətin söhbətim olmayıb… Sən bir tikə vaxtından mənim gözümün qabağında böyümüsən… Ibrahim xanın da buyruğu mənimçün qanundu! Ancaq mən nə edim? Vallah, Axund Mirmöhsün ağaya da çox hayıfım gəldi…
    – Mirmöhsün ağaya? O ki, mömin bir adamdı, ona nə oldu?
    – Xanın qəzəbinə düçar oldu.
    – Niyə?
    Vanya yüzbaşı ayağa qalxmaq istədi.
    – Mən xanın ismarıcını sənə yetirdim, Əbülfət ağa, məni dara
    çəkmə… Əbülfət ağa hirslə:
    – Mən atamın oğluyam ha, Vanya yüzbaşı!.. – dedi.– Məni cin atına mindirmə.
    Otur!..
    – Baş üstə.
    – Axunda nə olub?
    – Əlahəzrət Axundu arana, Qarabulağın Saracıq obasına sürgün etdi, orada ev dustağıdı…
    – Niyə axı?
    – Əbülfət ağa, sən Həzrət Abbas, məni məhşər ayağına çəkmə…
    Əbülfət ağa səsini qaldırıb yüzbaşının üzünə çımxırdı:
    – Vanya yüzbaşı!..
    Vanya yüzbaşı əlacı kəsilmiş, köks ötürdü və:
    – Axund Mirmöhsün ağa səni müdafiə edirdi…– dedi.
    Əbülfət ağa ayağa qalxdı:
    – Bir sözlə, bu iki daşın arasında atam ehtiyat edir ki, mən gəlib onun yerində oturaram, hə?
    – Nə deyim, vallah… Mən o kişinin çörəyini yeyirəm…
    Əbülfət ağa:
    – Olsun!– dedi.– Qoy olsun! Bir halda ki, belədi, mən nə üçün Qarabağ taxtında əyləşməyim?! Hə, yüzbaşı, nə üçün?!

13.


    … Dizax yaxınlığında ata ilə oğulun savaşı gedirdi.
    Hər iki tərəfin atlıları bir-birinə aman vermirdi.
    Aydın görünürdü ki, Qarabağ atlıları qızılbaş sərbazlara üstün gəlir.
    … Ibrahim xan at belində irəlidəki döyüş meydanına nəzarət edirdi.
    Xan yavərinə:
    – Çap, Əmiraslan bəyə çatdır ki, Əbülfət ağaya bir şey olmasın!– qışqırdı.
    Yavər döyüş meydanına çapdı.
    … Qarabağ atlıları qızılbaşları qovurdu və çatanda da qılıncdan keçirirdi.
    … Əmiraslan bəy:
    – Qovun bu namərdləri!– qışqırırdı.– Qovun!
    Yavər çapa-çapa ona yetişdi:
    – Xan əmr etdi ki, Əbülfət ağaya əl dəyməyəsiz! Ona gərək xəsarət toxunmasın!
    Əmiraslan bəy:
    – Onsuz da, Əbülfət ağa arvad kimi qaçıb getdi!..– deyə qışqırdı.

14.

14 may 1805-ci il. Gəncə yaxınlığındakı Kürək çayının sahili. Çadır.
    Nəhayət ki, Ibrahim xanla knyaz Sisianovun görüşü baş tutmuşdu.
    Knyazdan və xandan başqa, onları müşayiət edən əsabələr, o cümlədən polkovnik Eristavi, mayor Lisaneviç, Əmiraslan bəy və başqaları da çadırda idi. Söhbət ayaq üstündə gedirdi və söhbəti polkovnik Eristavi tərcümə edirdi.
    Knyaz Sisianov:
    – Cənab Ibrahim xan!– dedi.– Sizin böyük Rusiya imperiyasına olan ixlasınız əlahəzrət imperatoru xeyli məmnun etmişdir. Sizin müharibəsiz, qan tökmədən Rusiya təbəəliyini qəbul etmənizi biz həmişə yüksək qiymətləndirəcəyik. Əlahəzrət imperator I Aleksandr mənə böyük iltifat göstərərək tapşırıb ki, onun adından sizə təşəkkürümüzü bildirim. Siz Dizaxda oğlunuz Əbülfət xanın 500 atlısının – seçmə qızılbaş atlılarının qarşısına qəhrəmanlıqla çıxdınız. Onu qaçmağa məcbur etdiniz. Bilirəm, Qafqazda məni tamamilə soyuqqanlı bir varlıq kimi qələmə verirlər, ancaq mən atanın oğulun qabağına getməyinin hansı iztirablar gətirdiyini başa düşürəm… Buna görə də əlahəzrət imperator sizə inanır. Siz başqa xanlar kimi bir söz deyib, başqa iş görmürsünüz.
    Ibrahim xan:
    – Mənim üçün ən əsas Qarabağın əmin-amanlığıdır,– dedi.
    – Əlbəttə! Əmin-amanlıq bizim üçün də əsas şərtdir. Cəllad belə, öz istəyinə qalsa, baş kəsməz! Bizim imzalayacağımız bu müqavilənin də amacı məhz əminamanlıqdır. Sənədin türkcəsi ilə mayor Lisaneviç sizi tanış edib.
    Mayor:
    – Elədir, cənab Baş komandan!– dedi.
    Ibrahim xan da başını tərpədib təsdiq etdi.
    Knyaz Sisianov davam etdi:
    – Müqaviləyə əsasən Qarabağ xanı, onun varisləri, xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur. Eyni zamanda, sizin Qarabağdakı xanlıq hüququnuz bütün zamanlar üçün təsdiq olunur. Əslində, bu, iki dövlət arasında dostluq və qardaşlıq müqaviləsidir. Rusiya həmişə sizə dayaq olacaq. Iran da, Osmanlı padşahlığı da bundan sonra sizi tək görməyəcək, sizin torpağınızı tapdaq altına salmayacaq. Buna görə də siz…
    Ibrahim xan knyazın sözünü kəsdi:
    – Buna görə də mən Rusiya xəzinəsinə hər il səkkiz min çervon ödəməliyəm…
    Xanın sözlərində açıqca bir tənə hiss olunsa da, knyaz Sisianov gülümsədi:
    – Bu sizin üçün elə də böyük bir məbləğ deyil, hörmətli xan…
    – Ancaq biz dostluqdan, qardaşlıqdan danışırdıq…
    Knyaz qaşlarını çatdı və soyuq bir səslə:
    – Təzədən danışıqlara başlamalıyıq?– soruşdu.
    Ibrahim xan:
    – Yox…– dedi.– Bunun bir mənası yoxdur. Mən öz mövqeyimi müəyyənləşdirmişəm… Artıq geriyə yol yoxdur.
    Knyaz Sisianov:
    – Bravo!.. Bravo!..– dedi.– Ibrahim xan, siz əsil siyasət adamısız, həqiqətin gözünə dik baxa bilirsiniz!– Sonra əlinin işarəsi ilə çadırın yuxarı başında qoyulmuş mizi göstərdi.– Indi isə, buyurun!
    Onlar mizə yaxınlaşdılar. Müqavilənin mətni mizin üstündə idi.
    Knyaz Sisianov Ibrahim xanı mizin arxasındakı kürsüyə dəvət etdi:
    – Buyurun, cənab Ibrahim xan!
    Ibrahim xan mizin arxasına keçdi, kürsüdə oturmayıb, əyilərək, müqaviləyə tələsik imza atdı.
    Sonra knyaz Sisianov mizin arxasına keçdi, kürsüdə əyləşdi və müqaviləni imzalamazdan əvvəl:
    – Cənablar!– dedi.– Bu, tarixi bir məqamdır! Bu gün – 1805-ci ilin 14 may günü həmişəlik qoca tarixin yaddaşında qalacaq. Böyük Rusiya immperiyasının Qarabağ xanlığı ilə bağladığı Kürək müqaviləsini gələcək nəsillər də daima xatırlayacaq!
    Və knyaz Sisianov, elə bil, hər anın möhlətini uzatmaq istəyirdi – aramla müqaviləni imzaladı, sonra ayağa qalxıb əlini Ibrahim xana uzatdı:
    – Təbrik edirəm!– dedi.
    Onlar əl tutuşdular.
    Knyaz Sisianov əlində qovluq tutmuş rus zabitinə başı ilə işarə etdi və dedi:
    – Indi isə, cənab Ibrahim xan, böyük məmnuniyyətlə bildirirəm ki, əlahəzrət imperator I Aleksandrın Fərmanı ilə sizə general rütbəsi verilir.
    Rus zabiti irəli çıxıb qovluğu uzatdı və knyaz Fərmanı polkovnik Eristavidən alıb Ibrahim xana təqdim etdi.
    Ibrahim xan:
    – Təşəkkür edirəm, zat-aliləri…– dedi.– Xahiş edirəm mənim minnətdarlığımı əlahəzrət imperatora çatdırasınız.
    Knyaz:
    – Mütləq!– dedi.– Mütləq çatdıracağam, cənab Ibrahim xan! Arxayın ola bilərsiniz! – Sisianovun kefi açıq-aşkar kökəlmişdi və o, polkovnik Eristaviyə işarə eldərək,– hörmətli Ibrahim xan, bizim tərcüməçi dostumuzun türkcəsi necədir?– soruşdu.
    Ibrahim xan:
    – Əladır!– dedi.
    Knyaz Sisianov qürurla:
    – Görürsünüz,– dedi.– Bu, sizə və sizin xalqınıza bizim hörmətimizin ifadəsidir.
    Rus polkovniki sizin dilinizi bu cür öyrənib!
    Bütün bu sözləri tərcümə edən polkovnik Eristavi tərifdən özünü bir az naqolay hiss etdi və:
    – Fransız dili Avropada nədirsə, zat-aliləri, türk dili də bütün Qafqazda odur!– dedi.
    Görünür, polkovnikin bu sözləri knyazın o qədər də xoşuna gəlmədi və o yenə siyasətə qayıtdı:
    – Razılaşdığımız kimi, mən Şuşaya qarnizon göndərməliyəm. Düzdü, qarnizonun komandirini hələ təyin etməmişəm, ancaq güman edirəm ki, bu gün-sabah bu məsələ həllini tapacaq.
    Ibrahim xan mayor Lisaneviçə baxdı və dedi:
    – Zat-aliləri, mən xahiş edirəm Şuşaya mayor Lisaneviçi təyin edəsiniz.
    Knyaz Sisianov:
    – O-o-o!.. Siz adam tanıyansınız, cənab Ibrahim xan!– deyib güldü.– Siz deyən olsun! Qoy, mayor Lisaneviç orada öz generalından muğayat olsun!

15.


    Axşam düşürdü və göz işlədikcə uzanan dümdüz çöllük yavaş-yavaş qaranlıq içində itirdi.
    Irəlidə bir kareta, arxasıyca bir dəstə atlı Kürək görüşündən sonra Tiflisə tərəf çapırdı.
    Knyaz Sisianov karetada tək gedirdi.
    Sonra knyaz karetanın pəncərəsindən at belində onu müşayiət edən yavərə dedi:
    – Mayor Lisaneviçi çağırın.
    Yavər dərhal atın ağzını çevirib, arxadan gələn atlılara tərəf çapdı və mayorla birlikdə geri qayıtdı.
    Mayor Lisaneviç kareta ilə yanaşı gedirdi.
    Knyaz Sisianov dedi:
    – Mən sizi yaxşı tanıyıram, mayor, bilirəm ki, məsuliyyəti hiss edirsiniz!
    Mayor:
    – Təşəkkür edirəm, zat-aliləri!– dedi.
    – Şuşa qarnizonunun komandiri, əslində, Şuşanın və bütün Qarabağın sahibi olmalıdır. Ibrahim xan mənim heç xoşuma gəlmədi. Elə bil, yatıb, indi yuxudan oyanıb… Mən ondan hər şey gözləyirəm… Gördünüz, müqaviləyə imzanı necə atdı? Heç olmasa, nəzakət xətrinə də, oturmadı. Generallıq fərmanını necə qarşıladı?
    Elə bil, ona generallıq rütbəsi verilmirdi, ölüm hökmü oxunurdu… Rusiya imperiyasının generallığını öz şəninə sığışdırmır, axmaq qoca… Siz çox diqqətli və ehtiyatlı olmalısınız!
    Mayor:
    – Zat-aliləri,– dedi.– Mənim üçün anamız Rusiyaya şərəflə xidmət etməkdən müqəddəs bir şey yoxdur!
    – Mən bu xanların heç birinə ianmıram. Naxçıvan hakimi Kəlbəli xan, Irəvan hakimi Məhəmməd xan bizimlə əhdnaməni pozub, indi Abbas Mirzəyə kömək edirlər. Düzdü, Ibrahim xanın nümunəsi yaxşı oldu, Şəki xanı da indi bizimlə müqaviləyə imza atır, ancaq mən onlara da inanmıram! Inanmıram, mayor, inanmıram! Siz də inanmayın və lazım gələndə amansız olmağı bacarın!
    … Kareta da, atlılar da uzaqlaşıb axşamın ala-toranında gözdən itdi…

16.


    Axşam düşürdü və yavaş-yavaş Şuşa dağlarının ancaq qaraltısı görünürdü…
    Bir dəstə atlı Şuşa qalasına tərəf qalxırdı.
    Irəlidə at belində Ibrahim xan Əmiraslan bəylə qoşa addımlayırdı.
    Bir az arxada bir dəstə atlı gəlirdi.
    Ibrahim xan Əmiraslan bəyə baxdı və soruşdu:
    – Nə fikirləşirsən, qoşunbaşı?
    Əmiraslan bəy cavab vermədi.
    Ibrahim xan bir də təkrar etdi:
    – Nə fikirləşirsən? De!
    Əmirsalan bəy yenə bir müddət susub, sonra dedi:
    – Görəsən, səhv etmirik ki, xan?
    Ibrahim xan gözlərini qarşı dağlara zillədi və handan-hana:
    – Bilmirəm…– dedi.

17.


    Qarnizon dağ yolu ilə Şuşaya tərəf qalxırdı.
    Başı qarlı Şuşa dağları o ucalıqdan, elə bil, qarnizona baxırdı.
    At belində irəlidə gedən mayor Lisaneviç yanındakı zabitə:
    – Baxın, necə əzəmətli dağlardı!..– dedi.– Elə bil, bu dağlar bizi salamlayır!.. Elə bil, bu dağlar bizi çoxdan gözləyirdi…

18.

12 iyun 1805-ci il. Araz sahili. Abbas Mirzənin çadırı.
    Iran qoşununun sərkərdələri Abbas Mirzənin çadırına yığışmışdı.
    Abbas Mirzə:
    – Pirqulu xan!– dedi.– Sən qəhrəmanlıq göstərib, rəşadətli qoşunlarımızla
    Əsgəran qalasını ram etdin! Mən şərəfli bir tapşırığı yerinə yetirərək şah babamızın hədiyyəsini sənə təqdim edirəm!
    Abbas Mirzə qulamın gətirdiyi böyük xəncərin daş-qaşlı dəstəyindən tutub, eləcə də daş-qaşlı qınından sivirdi və:
    – Qoy bu qılınc həmişə sənə yar olsun!– dedi.
    Pirqulu xan qılıncı vəliəhddən aldı, sıyırıb ülgücündən öpüb gözünün üstünə tutdu, sonra qıllıncı qınına soxub dedi:
    – Mən şah babamızın böyük iltifatla verdiyi bu hədiyyəni alıb hüzurunuzda bir daha bidirirəm ki, son nəfəsimə qədər canımla, qanımla anamız səltənəti-Irana xidmət edəcəyəm! Qibleyi-aləm əmin olsun ki, onun əmri mənim üçün Quran ayəsi kimi bir şeydir!
    Abbas Mirzə:
    – Indi isə erməniləri Əsgəranda yerləşdirmək lazımdır!– dedi.

19.


    Ibrahim xan hirsli gözləri ilə baxırdı.
    Onun gözlərinin qarası böyümüşdü, az qalırdı hədəqəsindən çıxsın.
    Ibrahim xan güzgüdə özü özünə baxırdı.
    Və Ibrahim xan qarası böyüyüb, az qala, hədəqəsindən çıxacaq o gözləri ilə gözlərinə baxa-baxa:
    – Indi sən kimsən?– soruşdu.–Yalançı rus generalı, yoxsa Qarabağın yalançı xanı?

20.


    Əsgəranın küçələrində aləm bir-birinə qarışmışdı.
    Qızılbaş sərbazları azərbaycanlı ailələri evlərindən çıxarıb, at və eşşək arabalarında özləri ilə gətirdikləri erməni ailələrini həmin evlərdə yerləşdirirdilər.
    Azərbaycanlı ailələr isə boşalmış arabalara doldurulurdu.
    … Əsgəranın küçələrini çığır-bağır bürümüşdü… Uşağını çağıran kim, atasınıanasını səsləyən kim, söyən kim, döyən kim, qarğış eləyən, əlacsızlıqdan başınagözünə döyən kim…
    – Ay zalımlar, ev-eşiyimizi burda qoyub hara aparırsız bizi?
    – Bəs heyvanlar?
    – Ay aman!..
    – Ata!..
    – Ay insafsızlar, heç olmasa, qoyun evin kişisi gəlsin!
    – Çıxın! Oturun arabalara!– Qızılbaş sərbazları ağına-bozuna baxmadan ev-eşik sahiblərini qamçılaya-qamçılaya, yaxasından yapışıb itələyə-itələyə, qolundan tutub sürükləyə-sürükləyə arabalara doldururdu.
    … Ağız deyəni qulaq eşitmirdi. Uşaqların çığırtısı, arvadların ah-naləsi, qarğışı, kişilərin söyüşü bir-birinə qarışmışdı.
    … Sərbazlardan biri əlindəki qamçını havada oynada-oynada?
    – Haydı, çıxın!– qışqırırdı.– Haydı, arabalara!..
    Yaşlı bir kişi:
    – Sən türksən?– soruşdu.
    Sərbaz:
    – Bə nəyəm, baba?– dedi.– Əlbəttə, türkəm!..
    – Bəs, sən necə türksən ki, bizi evimizdən, elimizdən-obamızdan qoparıb Irana sürürsən? – kişi soruşdu.
    – Pirqulu xanın əmridi, baba!– sərbaz dedi.
    – Pirqulu xan da türkdü?
    – Əlbəttə, baba! Bə nədi? Abbas Mirzə də türkdü! Qibleyi-aləmin özü də türkdü!
    Kişi sərbazın üzünə bir lomba tüpürdü:
    – Tüpürüm sizin kimi türklərə!
    Sərbaz kişinin belinə bir qamçı çəkdi:
    – Həpənd oğlu, həpənd!
    Bir qamçı da… Bir qamçı da…

21.


    Güllə səsinin gəlməyi ilə göydə boşqabın çiling-çiling sınmağı bir oldu.
    Göyə atılan daha bir boşqab vurulub çiling-çiling oldu.
    Sonra üçüncü boşqab…
    Mayor Lisaneviç qarşısındakı mizə düzülmüş tapancaları bir-bir götürüb zabitin göyə tulladığı boşqabları vura-vura Cıdır düzündə nişan atırdı.
    Mayor daha bir-neçə boşqab vurub, tapancanı mizin üstünə atdı və:
    – Bəsdir, poruçik!– deyib, yaxındakı qayanın başına tərəf addımladı, qarşıda – yarğanın qarşı tərəfindəki Topxana meşəsinə baxdı, sonra yarğanın dibində qıjıltıyla axan Daşaltı çayına baxdı.– Mən heç vaxt heç kimə paxıllıq etməmişəm,– dedi.–
    Ancaq indi şairlərə paxıllıq edirəm, poruçik!

22.


    Cənubi Qafqazın xəritəsində cürbəcür xətlər çəkilmiş, işarələr qoyulmuşdu.
    … Fətəli şah hündür qamətini əyib diqqətlə mizin üstündə açılmış xəritəyə baxırdı.
    Xidmətçi qapını açıb:
    – Qibleyi-aləm,–dedi.–Ağayi-Əbülfət ağa hüzurunuza buyurmağa gəlib.
    Fətəli şah qamətini düzəltmədən başını qaldırıb qəzəb və kinayə dolu gözləri ilə xidmətçiyə baxdı:
    – Bizi aləmdə xar eləyən fərsiz qayınım nə istəyr? Özünü də biabır elədi, bacısının da adına xəcalət gətirdi.. Rədd olsun!
    Xidmətçi baş əyib otaqdan çıxdı.
    Fətəli şah yenə diqqətini toplayıb xəritəyə baxdı.

23.


    Dörd-beş rus soldatının, deyəsən, kefi kök idi, gözəl bir rus mahnısı oxuyaoxuya Şuşanın küçələrini gəzirdilər.
    … Və onlar eləcə gəlib bazara çıxdılar.
    … Şuşa bazarında əvvəlki alış-veriş, əvvəlki səs-küy, əvvəlki ovqat yox idi. Şuşa bazarı, elə bil, sınıxmışdı.
    … Qəssab Məşədi Abışın da müştərisi yox idi.
    Soldatlar gəlib onun dükanının qabağında dayanıb, qarmaqdan asılı düzülmüş təzə-tər ətlərə baxdılar və soldatlardan biri əlini uzadıb:
    – Myaso xoçu!– dedi.
    Qəssab Məşədi Abış:
    – Köpək uşağı!– dedi.– Ermənilərin arağını dümləyib yenə gəliblər!
    Soldat:
    – Çto on qovorit?– soruşdu.
    O birisi:
    – A çert yeqo znayet?– dedi, sonra: – Day nam myaso!– qışqırdı.
    Qəssab Məşədi Abış dükanın yuxarıdan açılıb-örtülən qapısını soldatların burnunun ucundan aşağı salıb dükanı bağladı.
    Soldat:
    – Day nam myaso, svoloç!– bağırdı və çiynindəki tüfəngi çıxarıb dükanın qapısına atmaq istədi.
    O biri soldat:
    – Ne nado! – deyə ona imkan vermədi.– Çort s nim! Poşli!..
    … Və soldatlar yenə o gözəl rus mahnısını oxuya-oxuya, keflə Şuşanın küçələrini gəzirdi…

24.


    Vanya yüzbaşı Şuşa qarnizonunun yerləşdiyi binaya gələndə rus gözətçilər onu tanıyıb heç nə soruşmadılar:
    – Proxodite.
    Yüzbaşı içəri girdi və onu görən rus zabiti:
    – Yenə nə olub, Vanya yüzbaşı?– soruşdu.
    Vanya yüzbaşı şikayət etdi:
    – Ara, nə olacaq? Ara, mən söküldüm daha! Məzhəb haqqı, mən lümlüt olmuşam! Hardadı cənab mayor?
    – Öz kabinetində!
    Vanya yüzbaşı arakəsmə ilə gedib qapılardan birini açdı.
    Mayor Lisaneviç iş masasının arxasında əyləşmişdi və Vanya yüzbaşını görən kimi, ayağa qalxıb gülümsədi:
    – Xoş gəlmisiz, cənab yüzbaşı!
    – Sağ olun…
    – Necəsiz?
    – Çox pisəm!
    Mayor təəccüb etdi:
    – Niyə?
    Vanya yüzbaşı:
    – Siz Ibrahim xanla müqavilə bağladız,– dedi.– Belədi?
    – Bəli.
    – Orada birinci yazdız ki, Ibrahim xan bütün dövlətlərlə əlaqəsini qəti kəsib, tamam dünya miqyasında təkcə rus dövlətinə tabe olsun. Belədi?
    – Belədi.
    – Indi Ibrahim xan kiminlə hansı əlaqəni kəsib-kəsməyib, bilmirəm. Bu sizin işinizdi! Ikinci, yazdız ki, xan qonşu ölkələrlə, ancaq rus sərdarının icazəsi ilə münasibət saxlaya bilər. Onların məktublarına ancaq rus sərdarının icazəsi ilə cavab verə bilər. Indi Ibrahim xan gündə Ağabəyim Ağa ilə məktublaşır-məktublaşmır, bilmirəm. Bu sizin işinizdi. Üçüncü, yazdız ki, Qarabağda olan rus qoşunu üçün xan ucuz qiymətə buğda almalıdı. Belədi?
    Mayor Lisaneviç səbr və açıq-aydın hiss olunan bir maraqla qulaq asa-asa yenə:
    – Bəli, elədir!– dedi.
    – Ara, təkcə ucuz qiymətə buğdayla 500 əsgər saxlayarlar?! Ara, vallah-billah, mən söküldüm! Araq ver, donuz ver, yağ ver, pendir ver!..
    Mayor güldü:
    – Nə olar? Siz bizim varlı dostumuzsuz!
    – Ara, hansı türkün həyətinə girsən, məndən on dəfə varlıdı!
    – Özünüzü kasıb göstərməyin, cənab yüzbaşı! Darıxmayın!
    – Ara, darıxmayım, bəs nə edim? Kimdi Qarabağın sahibi? Türklərdi, ruslardı?
    – Türklərin gözəl bir atalar misalı var.
    Vanya yüzbaşı:
    – Türklərin bütün atalar misalı gözəldi,– dedi.– Hansını deyirsiz?
    – Xəstə tələsər, armud vaxtında dəyər.
    Vanya yüzbaşı yenə şikayət etdi:
    – Ara, bu armud bəs nə zaman dəyəcək? Bizim ömrümüz çatacaq buna?

25.


    Əmiraslan bəy Xan sarayının həyətində onlara tərəf gələndə Ibrahim xan Gövhər ağanı yelləncəkdə yelləyirdi.
    Gövhər ağa:
    – Bərk itələ!– dedi.– Bərk yellə!
    Ibrahim xan Əmiraslan bəyi görüb:
    – Bəsdi,– dedi.– Düş, qaç.
    Gövhər ağa da Əmiraslan bəyi gördü və başa düşdü ki, getmək lazımdı, yelləncəkdən düşüb, könülsüz-könülsüz uzaqlaşdı.
    Ibrahim xan qızın ardınca baxdı, sonra Əmiraslan bəydən soruşdu:
    – Nədi? Neçə vaxtdı görürəm, özünə yer tapa bilmirsən.– Bir az hirsli təkrar etdi:– Nədi?
    Əmiraslan bəy:
    – Xan sağ olsun, üzr istəyirəm ki, cəsarət edib sizdən izn istəyirəm.
    – Nə izn?
    – Izn verin, mən bir günün içində o rus qarnizonunu dağıdıb, onları Qarabağdan qovum! O 500 soldata sizdən bircə gün vaxt istəyirəm, bacarmasam, vurdurun boynumu!
    – Sonra?
    – Sonra da Allah kərimdi!
    Ibrahim xan yanıb-töküldü:
    – A kişilər!– dedi.– Ay mənim qardaşlarım! Ay bəylər! Ay qəhrəmanlar! Təkcə Allaha ümidin axırını Cavad xan göstərmədi sizə? Nə üçün sizin gözünüz bu qədər bağlıdı? Bu qədər avamlıq olmaz axı!.. Nə üçün siz elə bilirsiz ki, mən bu torpağı sizdən az istəyirəm?! Nə üçün siz elə bilirsiz ki, mənim ruslardan sizdən az zəhləm gedir?! Sən qovdun qarnizonu, başa düşdüm! Bəs, Sisianov gəlib bütün bu eli-obanı topa tutanda nə edəcəksiz?! Nə elədi səndən əvvəlki qoşunbaşı? Saday bəy ki, bütün Qarabağ igidləri onun başına and içirdi! Nə elədi? Getdi Cavad bəyə kömək eləməyə, üç nəfər-beş nəfər əsgər öldürdü, özünü də məhv elədi!
    Ibrahim xan susdu və araya sükut çökdü.
    Handan-hana Əmiraslan bəy soruşdu:
    – Bəs biz nə etməliyik, xan sağ olsun? Əsgərlər analarımızın, bacılarımızın gözü qabağında erməni arağı içib, keflənib qışqırmalıdı, bizi də vecinə almamalıdı?
    Ibrahim xan:
    – Dözmək lazımdı!– dedi.
    Yenə sükut çökdü və bu dəfə sükutu Ibrahim xan özü pozdu:
    – Mən məlumat almışam ki, Abbas Mirzə rusların üstünə böyük hücuma hazırlaşır. Səbr elə… Görək, nə olur?..

26.

9 iyul 1805-ci il. Şahbulaq. Abbas Mirzənin qərargahı.
    Abbas Mirzə hərbi məşvərət çağırmışdı.
    – Kafir polkovnik Koryagin qaçdı, gördünüz ki? Şahbulağ kimi bir qalanı rəşadətli ordumuza təslim edib qaçdı. Ağayi-Pirqulu xan onları qıra-qıra təqib etdi. Indi Muxrat qəsrində gizləniblər, Koryagin kömək gözləyir. Ancaq onlara kömək gələnə qədər biz Muxratı da almalıyıq, sonra, bax, buradan,– Abbas Mirzə xəritədə Qazaxı göstərdi,– Qazaxdan böyük hücuma keçməliyik. Buradan başlayıb Dərbəndə kimi kafirləri qovmalıyıq. Qoşunlarımız kafir rusları qovduqca, xanlıqları da, Gürcüstanı da birdəfəlik məmləkətimizə birləşdirməliyik. Bəsdir, xanların nazı ilə oynadıq! Qibleyi-aləmin uca hakimiyyəti bu yerlərdə həmişəlik bərpa olunmalıdı!

27.

27 iyul 1805-ci il. Qazax yaxınlığındakı Zəyəm kəndinin ətrafı.
    … Iran qoşunları ilə rus qoşunları arasında şiddətli döyüş gedirdi.
    … Topçular, piyadalar, süvarilər – hamısı bir-birinə qarışmışdı.
    … Toplar atılır, atlar şahə qalxır, qılınclar toqquşurdu.
    … Hər iki tərəf ölürdü və öldürürdü.
    … Rus zabitlərinin əhatəsində dayanmış general Portnyakin göstərişlər verirdi.
    … At belində ora-bura vurnuxan Pirqulu xan əlinin işarəsi ilə Iran süvarilərini döyüş meydanına göndərirdi:
    – Haydı, igidlərim!.. Allah bizimlədi!..
    … Iranlı süvarinin qılıncı piyada soldatın başını yarıya böldü:
    – Al, kafir it oğlu!.. – Sonra əyilib qılıncı o biri soldatın qarnından üzüyuxarı çəkdi: – Bu da sənin payın!..
    … Soldat süngünü Iran sərbazının qarnına soxdu:
    – Tufu, bezbojnik! – deyib onun cəsədinə tüpürdü.
    … Hər iki tərəfdən atılan top mərmiləri döyüş meydanında partladıqca, süvarilər də, atları da, piyadalar da qırılırdı.
    … Və bu vaxt general Portnyakin yerində səndələdi.
    Qışqırıq qopdu:
    – Qenerala ranili!
    General Portnyakinin ətrafındakı zabitlər onu qucaqlarına alıb yerə uzatdılar.
    Generalın mundirinin yaxası qana bulaşmışdı.
    Zabitlərdən biri onun mundirinin yaxasını açmaq istəyirdi.
    General gözlərini açıb:
    – Lazım deyil, polkovnik Koryagin…– dedi.– Bu ölümcül yaradı…– Sonra polkovnikin qollarına söykənib bir az dikəldi və xırıldaya-xırıldaya: – Mən Rusiyada ölmək istəyirəm!..– dedi və xırıldayan səsini bir az da ucalda bildi.– Eşidirsiz?.. Mən anamız Rusiyada ölmək istəyirəm!.. Rusiyada…– Və generalın başı sinəsinə düşdü.
    Polkovnik Koryagin general Portnyakini ehtiyatla yerə uzatdı və onun gözlərini qapayıb ayağa qalxdı, bir müddət generala baxdı, sonra qılıncını sivirib irəli cumdu:
    – Vperyod!.. Za matuşku Rossiyu, za imperatora, vperyod!..
    … Ruslar hücuma keçmişdi…

28.


    Abbas Mirzə at belində və bir neçə atlının əhatəsində düşərgənin qarşısında dayanmışdı.
    Yağış yağmağa başlamışdı, amma Abbas Mirzə də, o biri atlılar da qətiyyən bunun fərqində deyildi.
    Gözlərini uzağa dikmiş Abbas Mirzə fikirli və qayğılı idi.
    Bu vaxt onlara tərəf çapan bir atlı göründü.
    Bu atlı Pirqulu xan idi.
    Pirqulu xan çapıb Abbas Mirzənin qabağına gəldi və həyəcanla:
    – Naibüssəltənə! Naibüssəltənə! Evimiz yıxıldı!– qışqırdı.– Kafirlər hücuma keçib. Bizimkilər qaçır. Gəldim ki, cənabınızı xəbərdar edim, sizi xilas edək, Naibüssəltənə! Amanın bir günüdü! Sizə xətər toxunmasın!
    Abbas Mirzə:
    – Pədər-süxtə!–qışqırdı və bir göz qırpımında yəhərin kənarından qamçısını çəkib Pirqulu xanı sifətindən qamçıladı.– Pədər-süxtə! Məni xilas edənə bax! It oğlu, it! Zənən kimi qaçıb gəlib ki, Naibüssəltənəni xəbərdar etsin!.. It oğlu, it!.. Abbas Mirzə Pirqulu xanı dəlicəsinə qamçılayırdı…

29.

28 yanvar 1806-cı il. Tiflis. Sərdar iqamətgahı.
    Knyaz Sisianov müşavirə çağırmışdı.
    – General Zavalişin donamanı Lənkərandan Bakı yaxınlığına aparıb. Dünən səhər tezdən sahilə desant çıxarıb və Bakının iki kilometrliyində… Polkovnik Eristavi, o yerin adı necədir?
    Polkovnik Eristavi:
    – Naxırbulaq. O yerin adı Naxırbulaqdır, zat-aliləri,– dedi.
    Knyaz Sisianov sözünə davam etdi:
    – Hə, general Zavalişin desant çıxararaq o yerdə düşərgə qurub. Bizim Tehrandakı dostlarımız xəbər verirlər ki, Bakı xanı Hüseynqulu xan Fətəli şahdan kömək istəyib. Şah urmiyalı Əsgər xana tapşırıb ki, qoşunla Bakı xanlığına köməyə getsin. Məlumata görə, Qubalı Şeyxəli xan da Bakı xanına kömək edəcəyinə söz verib. Biz bütün bunlara imkan verə bilmərik. Əlahəzrət imperator Bakı xanlığı ilə birdəfəlik qurtarmağı tələb edir. Biz bu dəfə ya güclə Bakını almalıyıq, ya da qoşunların gücünü və mövqeyini göstərməklə ultimatum vasitəsilə Qarabağ kimi Bakıya da girməliyik. Mən artilleriyanı da götürüb bu gün Bakıya yola düşürəm. Biz Naxırbulaqda general Zavalişinin desantı ilə birləşməliyik. Sonra isə ultimatum verib məsələni həll etməliyik. Cənablar, mənə yaxşı yol diləyin! Ürəyimə damıb ki, mənim bu səfərim ən uğurlu səfərlərimdən biri olacaq!.. Güman edirəm ki, on beş, uzağı iyirmi gündən sonra burada yenə görüşəcəyik.

30.

8 fevral 1806-cı il. Bakının ətrafı.
    Knyaz Sisianov ilə polkovnik Eristavi at belində astadan çapa-çapa yanaşı gedirdi.
    Knyaz Sisianov:
    – Bu gün mənim həyatımda ən xoşbəxt günlərdən biridir, polkovnik,– dedi və güldü.– Görünür, Allah belə buyurub ki, mənim gələcəkdə yazacağım memuarlarda bu cür xoşbəxt günlərimin səhifələri çox olsun… Bakı da Rusiya təbəəliyini qəbul etdi. Bakı da bizim oldu! Indi baxarsız, polkovnik, Hüseynqulu xan it kimi qabağımızda sülənəcək! Nə qədər aldatdı bizi?! Nə qədər bizə yalançı vədlər verdi?! Indi güc görüb, qorxusundan muma dönüb! Sukin sın! Bunların hamısı it tayfasıdı! Polkovnik Eristavi:
    – Dönə-dönə üzr istəyirəm, zat-aliləri! Ancaq onlarla belə rəftar etmək olmaz…
    Knyaz Sisianovun həmin gün kefi, görünür, həqiqətən kök idi və o yenə güldü:
    – Əzizim Eristavi!.. Siz yalnız mənim yavərim deyilsiniz, eyni zamanda, mənim dostumsunuz! Deyəsən, sizin babalarınızın Qafqaz qanı hərdən içinizdə bu yerlərin təəssübkeşliyini etmək istəyir…
    – Bəs sizin?
    – Sizə doğrusunu deyim, polkovnik? Patetikadan kənar həqiqəti? Yox, heç zaman!.. Eşidirsiniz? Heç zaman! Və mən bununla fəxr edirəm, polkovnik! Mən fəxr edirəm ki, mənim içimdə vəhşi Qafqazdan heç bir əsər-əlamət qalmayıb!..
    … Və elə bu vaxt Hüseynqulu xan bir dəstə atlı ilə Bakının Qoşa Qala Qapısı ağzında onları gözləyirdi.
    Hüseynqulu xan:
    – Allah kafirlərin böyük generalı bu məlunla mənim ilk görüşümü xalqımız üçün xeyirli etsin! – dedi.– Bunların bəlası millətimizin başının üstündən iraq olsun!
    Xan ilə yanaşı dayanmış Ibrahim bəy:
    – Kafirlər bizim xalqımıza necə xeyir gətirə bilərlər, əmioğlu? – soruşdu.– Bunların bəlası millətimizin başının üstündən necə iraq ola bilər ki, sən onlara itaətini bildirirsən? Indi də Bakının açarını ona təqdim etməyə hazırlaşırsan?!
    – Bəs nə edim? Başımızın üstünü almış bu bəladan millətimizi necə qurtarım?
    Fətəli şahdan kömək istədim, Şeyxəli xan o tərəfdən kömək vəd etdi, nə oldu? Kafir topuyla, tüfəngiylə gəlib oturub qulağımızın dibində! Gəmiləri də dəryadan bizə baxır! Bu div boyda bir kafir məmləkəti ilə mən hansı dildə danışım, hə?
    – Cavad xanın danışdığı dildə.
    – Bəs, o dilin axırı nə oldu? Ibrahim xan müdrik adamdı, nə qədər dedi, Cavad xan rəhmətlik qulaq asmadı, özü də qurban getdi, şir kimi oğlunu da qurban verdi! Bəs, Gəncə nə oldu? Tarmar oldu Gəncə! Yoxdur Gəncə! Yeli… Yelizavetta… Yelizavettapol var! Tfu!.. – Hüseynqulu xan atın belindən yerə tüpürdü. – It uşağının sözləri də dilimə yatmır!.. Heç adını da deyə bilmirəm!.. Indi sən istəyirsən ki, Bakı da Aleksandrapol olsun? Yaxşı, bəsdir, əmi – oğlu!.. Vallah, cavan olmasaydın, cəzalandırardım səni.–Sonra Hüseynqulu xan acıqla əlavə etdi.–Ancaq sən də hər dəfə cavanlığına salma!
    Uzaqdan atlılar göründü.
    Ibrahim bəy:
    – Cəmisi iki nəfərdi…– dedi.
    Hüseynqulu xan tənə ilə:
    – Görürsən?– dedi.– Bunun mənası odu ki, mənim arxamda div boyda nəhəng bir məmləkət durur.
    – Yox, bunun mənası odur ki, mən sizi adam hesab etmirəm!..
    Hüseynqulu xan bu dəfə əməlli-başlı hirsləndi:
    – Bəsdir, Ibrahim bəy! Qurtar bu uşaq-muşaq söhbətini! Özün də atdan düş, get, onları qarşıla, hörmət-izzətlə hüzurumuza gətir. Mən o gələndən sonra atdan düşəcəyəm.
    Ibrahim bəy atdan düşüb o iki atlıya tərəf getdi.
    … Knyaz Sisianov atın belindən yerə sıçradı və ətrafa baxıb:
    – Gəncənin çinarlarından, Qarabağın meşələrindən sonra, o dağlardan sonra buralar çox misgin görünür, polkovnik…
    Polkovnik Eristavi də atdan düşdü və:
    – Ancaq Qafqazda belə misginlik, bəzən, aldadıcı olur, zat-aliləri… – dedi.
    Knyaz Sisianov yenə güldü:
    – Siz belə müdrik kəlamlar söyləməkdənsə, məşhur Bakı qalasının qoca divarlarına baxın… – dedi və əlavə etdi: – Bakı kimindirsə, Xəzər də onundur!
    Ibrahim bəy onlara yaxınlaşdı.
    Knyaz Sisianov onu başdan ayağa süzüb:
    – Sən kimsən?– soruşdu.
    Polkovnik Eristavi sualı tərcümə etdi.
    Ibrahim bəy:
    – Mən Hüseynqulu xanın əmisi oğlu Ibrahim bəyəm.
    Polkovnik Eristavi tərcümə etdi.
    – Bəy?– Knyaz Sisianov gülümsədi.– Bundan sonra kimin bəy olub, olmadığını biz müəyyən edəcəyik!
    Polkovnik Eristavi bu sözləri tərcümə etmək istəmədi:
    – Knyaz…
    Ibrahim bəy də, elə bil, nəsə hiss etdi və:
    – O nə deyir?– soruşdu.
    Eristavi:
    – Heç… Sənə aid deyil…– dedi.
    Knyaz Sisianov narazılıqla:
    – Siz mənim sözlərimi tərcümə edirsiz, yoxsa özünüz bu adamla söhbət edirsiz?– dedi. – Sonra atlılara tərəf baxıb:– Hüseynqulu bəy o boz atın belindəkidi?– soruşdu.
    Eristavi tərcümə etdi.
    Ibrahim bəy:
    – Bəli,– dedi.
    Və bu zaman knyaz Sisianov gülümsədi:
    – Qorxusundan başına o qədər atlı yığıb?
    Polkovnik Eristavi:
    – Zat-aliləri, bu sizə hörmət əlamətidi…
    Knyaz əsəbiləşdi:
    – Həddinizi aşmayın, polkovnik!– dedi.– Mən sizinlə söhbət etmirəm.
    Dediklərimi bu adama tərcümə edin!
    Ibrahim bəyin görkəmi, dik duruşu, baxışı, gözlərinin ifadəsi açıq-aşkar knyaz
    Sisianovun xoşuna gəlmirdi.
    Ibrahim bəy yenə:
    – O nə dedi?– soruşdu.
    Eristavi tərcümə etdi.
    Ibrahim bəy bu dəfə də:
    – Bəs, siz necə, heç kimdən qorxmursuz ki, görüşə ancaq tərcüməçi ilə gəlmisiz?– soruşdu.
    Knyaz sözləri xüsusi olaraq aramla tələffüz etdi ki, Eristavi olduğu kimi tərcümə etsin:
    – Mən kimdən qorxacağam? – Sisianov Ibrahim bəyin qarşısına gəldi.– Səndən?– Sonra lap yaxınlaşıb gözlərini cavan oğlanın düz gözlərinin içinə zillədi.– Mən heç kimdən, birinci növbədə də səndən qorxmuram!
    Ibrahim bəy:
    – Nahaq yerə!– dedi və bu sözləri deməyi ilə belindən asılmış xəncəri qınından sıyırıb knyaz Sisianovun ürəyinə soxmağı bir oldu.
    Bir anın içində heyrətdən gözləri bərəlmiş knyaz bir söz deməyə macal tapmadı və üzü üstə torpağa sərildi.
    Polkovnik Eristavi:
    – Knyaz!– qışqırdı və özünü Sisianovun üstünə atdı.
    …At belində dayandığı yerdən bütün bunları görən Hüseynqulu xan:
    – Sən neylədin, ay köpək oğlu?!–qışqırdı.–Bizi bəlaya saldın!..

31.


    Axşamçağı yüngül bir külək əsirdi və Xəzərin sularını yüngülcə bir dalğa kimi də sahilə çıxarıb, geri qaytarırdı…
    Bakıya axşam düşmüşdü.
    Hüseynqulu xan Xan sarayında yaxın ətrafını bir yerə cəm etmişdi.
    – Bu əclaf oğlu, əclaf Ibrahim bəy bizi zibilin içinə soxub! Fikirləşdikcə, dəhşət məni basır! – Bir neçə anlıq sükutdan sonra Hüseynqulu xan sözünə davam etdi:–
    Elə bilirəm ki, Ibrahim bəyi tutub qəfəsə salmaq lazımdı. Molla Fərəculla başda olmaqla bizim ağsaqqallar mənim oğlanlarımla bilikdə Sisianov gorbagorun nəşini götürüb hörmət-izzət ilə ruslara qaytarmalıdı. Necə ki, Ağa Məhəmməd şah Şuşada qətlə yetiriləndən sonra, Ibrahim xan onun cəsədini böyük hörmət-ehtiramla Tehrana göndərdi. Biz də elə etməliyik. Ibrahim bəyi də qəfəsin içində ruslara təslim etməliyik…– Yenə bir neçə anlıq sükutdan sonra, üzünü ağsaqqala tutdu.– Nə deyirsən, Molla Fərəculla?
    Molla Fərəculla:
    – Çox ağır məqamdı…–dedi.–Amma bir çıxış yolu tapmalıyıq... Hüseynqulu xan, sən mənim gözlərimin qabağında böyümüsən. Bakı taxtı uğrunda apardığın bütün mübarizələrdə mən sənin yanında olmuşam. Indi də, Allah qoysa, sənin yanında olacağam… Ona görə də, mən fikrimi deyirəm, amma mənim fikrim tamam fərqlidi. Rus bizimlə daha heç vaxt barışmaz və heç vaxt da bizi bağışlamaz. Onun böyük generalını biz öldürmüşük. Özü də davada öldürməmişik, təkcanına danışığa gələndə öldürmüşük. Indi nə qədər boğazımızı yırtsaq ki, and-aman etsək ki, biz onu öldürmək istəmirdik, kim bizə inanacaq? Heç kim! Rus ilə bizimki ömür-billah qurtardı! O biri tərəfdən, Ibrahim bəyi ruslara təslim etsən, millət ayağa qalxacaq. Bu saat Bakı camaatı toy-bayram içindədi ki, rusun böyük generalı öldürülüb. Ibrahim bəy bu saat qəhrəmandı, onu ruslara təslim etsən, Bakı camaatının qabağında dura biməyəcəksən…– Molla Fərəculla susdu.
    Hüseynqulu xan:
    – Bəs, sən nə təklif edirsən? – soruşdu.
    Molla Fərəculla:
    – Rusların təbəəliyini qəbul etdiyin üçün, Fətəli şah səndən çox incikdi. Onunla barışmaq və ona sığınmaq lazımdı…– dedi.
    – Mən bu iki daşın arasında Fətəli şahla necə barışım ki, ruslarla xosunlaşmağa başlamışdım?..
    – Ibrahim xanın adını çəkdin… O Ağa Məhəmməd şahın nəşini Irana qaytardı.
    Sən də belə bir iş gör…
    Hüseynqulu xan darıxdı:
    – Molla Fərəculla, mən səni başa düşmürəm. De, görək, fikrin nədi?
    – Sən də Sisianovun başını Fətəli şaha hədiyyə göndər!
    Molla Fərəcullanın bu sözləri çox gözlənilməz səsləndi və bunu, elə bil, özü də hiss edib:
    – Onsuz da, rus ilə bizimki qurtardı! – dedi.– Nə qədər ki, sən Hüseynqulu xan varsan, nə edirsən, et, rus sənin ən qəddar düşmənin olacaq! Belə olan təqdirdə axıracan getmək lazımdı. Divin biri getdi, o birisindən yapışaq!
    Hüseynqulu xan Molla Fərəcullaya baxıb əvvəlcə bir söz demədi, sonra qarşısında oturanları bir-bir gözdən keçirib:
    – Nə deyirsiniz?– soruşdu.
    Heç kim cavab vermədi.
    Hüseynqulu xan:
    – Allah baiskarın cəzasını versin!– dedi və dərindən köks ötürdü:– Molla
    Fərəculla ağsaqqalın dediyi olsun!
    Məclis iştirakçıları razılıq əlaməti olaraq başlarını tərpətdilər.
    Hüseynqulu xan ayağa qalxdı:
    – Cəllad Ibadullaya deyin, işini səliqəli görsün!

32.


    Nöyüt lampası yanan yarıqaranlıq otaqda qollarını çırmalamış iki nəfər knyaz Sisianovun mundirinin paqonlarından yapışıb, onun, yoğun və uzun taxta parçalarından düzəldilmiş taxtın üstündə uzadılmış meyitini irəli çəkdi, çənəsini yuxarı qaldırdı, mundirinin yaxasını aşağı dartdı.
    Knyaz Sisianovun boynu tamam açıq idi.
    Və o taxtın başında dayanmış cəllad Ibadulla iki əli ilə dəstəyindən yapışdığı böyük, enli dəhrəni yuxarı qaldırdı və var gücü ilə zərbə endirdi.


<< 1 / 2 / 3 / 4 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (09.01.2014) | Müəllif: R.C E W
Baxış: 916 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more