Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bəstəkarın vətəndaş sözü-4

<< 1 / 2 / 3 / 4 >>


     Bu üç cümlədə nə qədər kin var, nə qədər ədavət, düşmənçilik var... Nə idi bunun səbəbi, axı, söhbət eyni xalqın qələm əhlindən gedir... Qısqanclıqmı? Adicə paxıllıqmı? Qanmazlıqmı? Satqınlıqmı?
     Görünür, bir kəlmə ilə cavab vermək çətindir, görünür, bütün bunların hərəsində bir zəhər dozası var idi.
     Bu hücumlara tab gətirmək, onlara sinə gərmək, əlbəttə, ağır idi. Hələ 1909-cu ildə «Baku» qəzeti yazırdı: «İnsafdırmı ki, XX əsr müsəlman aləmində meydana gəlmiş belə talant məhv olsun?».


     Lakin bu kimi təlaşlar əbəs idi, çünki Üzeyir istedadı və Üzeyir Vətəndaşlığı məğlubedilməz idi. Elə həmin 1909-cu ildə mətbuat səhifələrində cahillər tərəfindən tənqid və təhqirlərə məruz qalanda, nadanlar hər cürə üsullara əl atanda belə, iyirmi dörd yaşlı Üzeyir Hacıbəyov yenə də xalqın mənafeyini ön plana çəkib «Tərəqqi» qəzetində yazırdı: «Zənburçulara» ciddi bir təklif. Ümummillətimizin asayiş və səlamətini gözləyən «Tərəqqi» kimi bir qəzetin mühərriri olduğum üçün «zənburçulara» ciddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə həzyanat söyləyəcəklərsə, söyləsinlər. Lakin məni bəhanə edib və yekdil və yekvücud olması lazım gələn millətimizin (kursiv bizimdir.) içinə «qarabağlı» («Zənbur» jurnalında Üzeyir Hacıbəyovun qarabağlı qiyafəsində karikaturası çəkilmişdi; Üzeyir bəy dirijorluq edirdi və karikaturanın altından da azərbaycanca: «Operaçı yaddan çıxmış ləhvü ləəb aləti olmuş musiqimizi düzəldir », rusca isə «Kompozitor sostavlyayet novıy kvartet deduşki Krılova» sözləri yazılmışdı.), «bakılı» kimi fitnəəngiz məsələlər salmasınlar. Mənim Əhmədbəyi müdafiə etməyim heç kimə ixtiyar verməz ki, aralığa «bakılı», «qarabağlı» məsələsi salsın. Mən nə edim ki, öz elmimi, biliyimi və bütün istedad və qabiliyyəti-xuda-dadimi millətin tərəqqisi yolunda sərf etməklə, xain, hüsud və bəxil «zənburçuların» gözlərinə bir ox olub batıram! Millət balalarının təlim və tərbiyəsinə cəhd edib də valideyn tərəfindən təşəkkürlər almaq, qəzetlərdə yazmaqla əhaliyə xidmət etmək və yaddan çıxmış, ləhvü ləəb aləti olmuş musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə çalışmaq və bunların əvəzində deyil ev tikdirmək, banklarda pul saxlamaq, bəlkə öz ailəsini belə bəsləyəcək qədərində də pulu olmayan bir mükafata razı olmaq (zənburçular) nəzərincə pis şeydirsə, qoy mən pis olum. Madam ki, mən, qara qəlbli, kəsifürəkli «zənburçuların» xoşuna gəlmirəm qoy gəlməyim! Qoy onlar bacarsınlar da məni dəfə çalışsınlar. Lakin əhalini ələ dolayıb da aralığa «bakılı», «qarabağlı» fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var, mənə desinlər. Bu, bir ciddi təklifdir. Üzeyir».
     Doğrusu, Üzeyir Hacıbəyovun nadan zənburçulara bu ciddi xəbərdarlığını oxuyarkən orta əsr Avropa ntsarlannın rəqibləri duelə çağıran saf namus təəssübkeşliyi bizim yadımıza düşdü...
     Üzeyir bəy öz xalqının oğlu idi, öz xalqının mənafeyi ilə nəfəs alırdı, öz xalqının mərd ənənələrindən bəhrələnirdi və ən çətin məqamlarda da bir fərd kimi, özünün yox, mənsub olduğu xalqın mənafeyini əsas götürürdü. Buna görə də cahil və nadanların geriliyindən tutmuş vulqar sosiologizm meyllərinəcən bütün zərərli təmayüllər onun şəxsiyyətinə də, yaradıcılığına da yabançı idi və Üzeyir bəyin mübariz Vətəndaşlığı bu yabançılığın aradan götürülməsi naminə həmişə effektli fəaliyyət göstərib.
     İyirminci illərdə, vulqar sosiologizmin yayıldığı, dəbdə olduğu dövrdə Üzeyir yaradıcılığının necə bir tənqidə məruz qaldığını, ümumi əhvali-ruhiyyəsini hiss etməkdən ötrü həmin dövrün vulqar sosioloji təmayüllərinə qarşı Cəlil Məmmədquluzadənin yazdığı «Dinc ol! Səbrini dər» felyetonunun bir yerini xatırlamaq, bizcə, yerinə düşər: «Mən onu deyirəm ki... Qaryağdı oğlu xanəndənin məclisinə tarzən Qurbanın əvəzinə Şərq musiqisinə aşina olmayan mandalina çalan əyləşdirməyək».‘
     Elə bilirik ki, bu bir cümlə ilə böyük Mirzə Cəlil dövrün bizi maraqlandıran səciyyəsini tamam açıqlamışdır və Üzeyir Hacıbəyov da iyirminci illərdə məhz xanəndə məclisinə «mandalina çalan əyləşdirmək» istəyənlər tərəfindən, belə bir yalançı (və zərərli!) proqressiv cəbhədən tənqid edilirdi.
     Qəribədir, Üzeyir Hacıbəyov bir tərəfdən, xüsusən, iyirminci ilə qədərki dövrdə, yalançı «millət qəhrəmanları» tərəfindən millətin əleyhinə gedən, milləti sevməyən bir şəxs və sənətkar kimi hücumlara məruz qalırdı, digər tərəfdən də, xüsusən, iyirminci illərdə, yabançı «qabaqcıllar» tərəfindən milli məhdudluqda təqsirləndirilirdi (görünür, burada qəribə bir şey yoxdur, söhbət, necə deyərlər, eyni medalın iki üzündən gedir...).
     Bəzən göstərdiyimiz hər iki cəbhənin hücumları eyni bir mövqedə birləşirdi və bu zaman biz heyrətamiz dərəcədə nadan və cahil mülahizələrlə rastlaşırıq. Misal üçün, əvvəllər kamança çalan olmuş, Azərbaycan xanəndələrini müşayiət etmiş, sonra isə kamançanı bir tərəfə atıb «nəzəriyyəçiliyə» başlamış Saşa Oqanezaşvili (əsl famili Ohanyan) 1920-ci ildə, inqilabdan bir neçə ay sonra yazırdı ki, Üzeyir Hacıbəyov... «nə Şərq və nə də Yevropa musiqisini bilir» və elə həmin cəfəng yazısında Üzeyir bəyə şamil etdiyi bəstəkar sözünü dırnağa alırdı...
     Əlbəttə, bu sayaq Şərq-Qərb söhbətləri, əslində, bir məqsədə qərəzçiliyə, Üzeyir yaradıcılığının mahiyyətini kiçiltməyə, vüsətini söndürmək istəyinə xidmət edirdi: böyük bir inqilab baş vermişdi, hisslər çılğınlaşmışdı, dövr mürəkkəb və əziyyətli idi, inqilabi fantaziyadan doğan maksimalizm ayıq təfəkkürə qalib gəlirdi və bir sıra qüvvələr üçün fürsət idi, Üzeyir Hacıbəyov yaradıcılığına böhtan atmaq, əhəmiyyətini azaltmaq olardı...
     B.Talıblı 1924-cü ildə yazırdı: «Gürcüstan, Ermənistanda yüzlərcə dəfə oynanıldıqdan sonra, Rusiyanı, Türkiyəni, İranı, Fransanı, Amerikanı, İspaniya, İtaliya və Misiri müvəffəqiyyətlə dolaşıb gəzən «Arşın mal alan» ilə xalqı (xalqın adından danışmağa nə var ki!.) qorxutmağa nə hacət?». Müəllif xalqı ucaldan bir müvəffəqiyyətə bu cür «qorxu aləti» kimi yanaşaraq davam edirdi: «Ancaq burada yavaşca Üzeyirin qulağına bunu pıçıldamaq istəyirəm ki, o yerlərdə «Arşın mal alan»ın oynanmağına səbəb onun yüksək musiqiyə və dərin mənaya malik olması deyil, qeyri millətlərin türk aləmi ilə, ələlxüsus, Şərq musiqisi ilə maraqlanmasıdır».
     Belə bir «pıçıltı» ehtiyacı, bu qara ehtiras, doğrusu, az qala, cismani bir naqislik təsiri bağışlayır... Axı, nə üçün «qeyri millətlərin türk aləmi ilə və ələlxüsus, Şərq musiqisi ilə maraqlanması», özü-özlüyündə doğru olan bu mülahizə «Arşın mal alan»ın məziyyətlərinin heçə endirilməsi bahasına qiymətləndirilməlidir? Məgər elə həmin «Arşın mal alan» öz yaradıcısı ilə bərabər, öz xalqını da ucaltmırmı?
     Əlbəttə, ucaldır, çünki onun yaradıcısıÜzeyir Hacıbəyov, hərgah belə demək mümkünsə, həmin xalqınAzərbaycan xalqının bir hissəsi, bir parçası idi.
     Biz artıq qeyd etdik ki, xalqın marağı ilə yaşayan, xalqın mənafeyini bütün şəxsi hiss-həyəcanlardan, şəxsi firavanlıqdan üstün tutan, xalqın gələcəyi naminə fəaliyyət göstərən və həmin gələcəyə inanan mütərəqqi Azərbaycan ziyalıları qaragüruhdan, cahil və nadanlardan fərqli olaraq Üzeyir Hacıbəyov yaradıcılığının vüsətini görmüş və həmin yaradıcılığı yüksək qiymətləndirmişlər.
     Üzeyir bəyin böyük və nüfuzlu müasiri Nəriman Nərimanov 1916-cı ildə yazdığı «Arşın mal alan» və operettalarımız» adlı məqaləsində, elə bil ki, Azərbaycan mədəniyyətinin gələcək «Koroğlu» təntənəsini elə o vaxtdan görürdü: «Üzeyir bəy cənabları oxuduğu elmin səbəbinə daha gözəl operalar meydana gətirəcəkdir. Hər halda, qeyri əsərlərə nisbətən hal-hazırda Üzeyir bəyin əsərləri böyük ümid yolu açır, bu yolda Üzeyir bəyin daha artıq tərəqqi etməyini qəlbdən istəyiriz».‘
     Bu sözlər, əlbəttə, cahil və nadanların böhtanlarından, iftiralarından, qarayaxalığından qat-qat güclü idi...
     Bu sözlər qiymətli və təsirli idi...

XƏLQİLİK
(Son söz əvəzi)


     Mən hər dəfə Üzeyir Hacıbəyov haqqında düşünəndə, onun işıqlı şəxsiyyətini, böyük sənətinin vüsətli miqyasını təsəvvürümdə canlandıranda, bu sənətin xalqın mənəvi aləminin zənginləşməsindəki misilsiz rolunun fərqinə varanda, birdən-birə elə bil ki, haradasa yenə «Koroğlu»nun üvertürası səslənir...
     Orkestri unudulmaz maestro Niyazi idarə edir...
     «Koroğlu»nun üvertürası, əlbəttə, dahiyanə bir sənətdən xəbər verir və eyni zamanda, məxsus olduğu xalqın böyüklüyündən, müdrikliyindən, qəhrəmanlığından deyir...
     Üzeyir Hacıbəyovun bütün sənəti«Leyli və Məcnun»dan «Koroğlu»yacan zəngin tutumlu bir sərvət hər bir notunacan, hər bir cümləsinəcən həmişə öz xalqına məxsus olmuşdur.
     Üzeyir Hacıbəyovun sənəti həmişə doğma xalqını ifadə etmişdir və bu bədii ifadə, eyni zamanda, parlaq istedadın məhsulu olduğu üçün, doğma xalqını həm də təsdiq etmişdir.
     Üzeyir sənətinin mahiyyətini səciyyələndirən söz budur: xəlqilik.
     Azərbaycan xalqının hiss-həyəcanı, arzusu, istəyi, qayğısı, psixologiyası, koloritibunlar hamısı Üzeyir melodiyalarına, Üzeyir gülüşünə, Üzeyir mübarizəsinə, Üzeyir fəlsəfəsinə çevrilmişdir.
     Üzeyir Hacıbəyov, dediyimiz kimi, əsrin ilk illərindən etibarən yaradıcılığa publisist bir qələmlə başlamışdır və bu qələm yalnız və yalnız xalqın rifahı naminə işləmiş, Şimali Azərbaycanda çarizm buxovlarına, Cənubi Azərbaycanda isə şahlıq istibdadına qarşı mübarizə etmiş, çarpışmışdır. Bu qələm heç vaxt yorulmamış, usanmamışdır, çünki gücü, qüvvəni də həmişə öz xalqından almışdır.
     Gələcək «Koroğlu» müzəffərliyi, qəhrəmanlığı öz bünövrəsini hələ əsrin başlanğıcında Vətəndaş jurnalist Üzeyir Hacıbəyov qələmindən götürürdü. Üzeyir Hacıbəyov qolugüclü müstəmləkəçi dairələrin amansız təqibinə məruz qalırdı, cəhalət və nadanlığın hədə-qorxusu onun həyatını real təhlükə altına salırdı, lakin xalqdan güc alan, xalqın gələcəyi naminə qələmlə döyüşən bu adam heç nədən çəkinmirdi, əksinə, haqq uğrunda daha artıq bir şövqlə mübarizə aparırdı.
     İllər keçdi... Bir-birinin ardınca Şərqin ilk orijinal operaları yarandı... «Arşın mal alan», «O olmasın, bu olsun» yarandı... İllər keçdi... Sənətin «Koroğlu» zirvəsi fəth edildi... «Sənsiz» yarandı... «Sevgili canan» yarandı... Bu sənət milli və coğrafi sərhədlər tanımadı. Avropanın, Asiyanın, Afrikanın, Amerikanın yüzlərlə teatr səhnələrindən müxtəlif xalqların, müxtəlif irqlərin nümayəndələri yalnız Sərvərin və Əsgərin, yalnız Gülçöhrənin və Gülnazın ariyalarına qulaq asmadı, əslində, Azərbaycan xalqının ürək döyüntülərini dinlədi, bu xalqın ucalığından, qadirliyindən xəbər tutdu...
     Vaxtilə «Xırdavatçı» imzası ilə gizlənmiş nadan bir qələm Üzeyir Hacıbəyov sənətinə lağ edərək yazırdı: «Nə qədər fikir edib anlaya bilmirəm ki, «Arşın mal alan» və «O olmasın, bu olsun» operettasının 100 illik yubileyi nə vaxt olacaqdır?».
     «Xırdavatçı»nın bu qara gülüşü bu gün həqiqi mənada xırdavatçılıq psixologiyasının sənətə münasibəti kimi səslənir. Böyük sənətin yolu keşməkeşli olur və böyük sənətkar bu keşməkeşli yolu arxada qoyur. Üzeyir kimi.
     Artıq gecənin yarısıdır, bu sözləri yazıram və elə bil ki, bu dəfə də haradansa, uzaqlardan Koroğlunun səsini eşidirəm...
     Koroğlunun ariyasını unudulmaz, əvəzsiz Bülbül oxuyur və mən xəyalən ona qulaq asıram. Mənim bütün daxilimi bir nikbinlik bürüyür. Mən fəxr edirəm ki, bu sənət mənim xalqıma məxsusdur. Mən fəxr edirəm ki, Üzeyirin sənəti, Bülbülün sənəti mənim doğma sənətimdir. Mən fəxr edirəm ki, Azərbaycan xalqı tarixə Koroğlular verib və əsrlər keçdikdən sonra öz Koroğlusunu bu dərəcədə əzəmətli, epik və eyni zamanda, bu dərəcədə incə, lirik təqdim edə bilir.
     Gecənin yarısıdır... Bir azdan Azərbaycan radiosunun verilişləri sona yetəcək və Azərbaycanın Himni səslənəcək. Üzeyir istedadı, Üzeyir Vətəndaşlığı, Üzeyir xəlqiliyi bu xalq Himninin melodiyaları ilə bizə yenə də çox sözlər deyəcək, çox hisslər aşılayacaq və biz min dəfə eşitdiyimiz bu Himndə özümüz üçün yeni kəşflər edəcəyik. Himn qurtaracaq. Bizə elə gələcək ki, bu Himni tamam dərk etdik. Lakin... lakin gecə keçəcək, sübh tezdən Azərbaycan radiosu yenə də həmin Himnlə öz verilişlərinə başlayacaq və biz Üzeyir bədii təxəyyülündən süzülüb gələn həmin xalq sədalarına qulaq asdıqca yeni-yeni kəşflər edəcəyik...
     1948-ci ilin ağır bir payız günündə Üzeyir Hacıbəyovun cənazəsi Akademiyanın binasından o zaman Bakının tamam ucqarı olan Fəxri Xiyabanacan çiyinlərdə aparıldı. Xalq sənətkar itirmişdi. Xalq öz sənətkarını sonuncu mənzilədək öz çiyinlərində apardı.
     İllər keçdi... Yeni-yeni nəsillər gəldi və haman sənətkar məhəbbəti, ehtiramı, elə bil ki, mənəvi bir estafet kimi, ürəklərdən ürəklərə keçdi.
     İllər keçəcək... Əsrlər keçəcək... Nəsillər bir-birini əvəz edəcək... Üzeyir məhəbbəti, Üzeyir ehtiramı yenə də nəsillərdən nəsillərə, ürəklərdən ürəklərə keçəcək...

1985.

<< 1 / 2 / 3 / 4 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.08.2014) | Müəllif: R.C E W
Baxış: 524 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more