Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bəstəkarın vətəndaş sözü-3

<< 1 / 2 / 3 / 4 >>


     Cavab: Zəngəzur acları, çünki onların hər biri millətin qeydinə qalıb bir dərd çəkirlər. Amma, məsələn, Bakı milyonerləri milyon manatın qeydinə qalıb milyon dərd çəkirlən).
     1.Zəngəzurlu azərbaycanlılar— zəhmətkeş kəndlilər xalqın təəssübünü çəkdikləri üçün qırılmış, qaçqın düşmüş, aclığa düçar olmuşdular və onlar «millətin qeydinə» qaldıqları üçün cəmi bircə dərd çəkirdilər, amma qolugüclülərin, varlıların «dərdi» daha artıq idi: pul çox, pul qazanmaq ehtirası puldan da çox, rəqabət böyük, buna görə də qayğı da həddən artıq çox...
     Böyük Sabirin:
Millət necə tarac olur, olsun, nə işim var?!
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
     deyən tipi yada düşür; bu cümlələrdəki, bu misralardakı Vətəndaşlığın əzəməti, doğrusu, hər dəfə adamı heyran edir, necə deyərlər, yüksəkliyi, ucalığı baxdıqca adamın gözünü qaraldır...
     Sabirin də, başqa böyük istedada malik mollanəsrəddinçilərin də, o cümlədən, Üzeyir bəyin də bu öldürücü satirasını meydana çıxaran Vətəndaşlıq dünya ictimai fıkrinin Servantes, Rable, Qoqol Vətəndaşlığına layiq bir ictimai-etik kateqoriyadır.


     Məhz həmin Vətəndaşlıq, «Müsəlmanların halı» adlı dialoqlardan ibarət kiçik felyetonda olduğu kimi, nə «Hökumət qapısı»ndan, nə «Ağalar qapısı»ndan, nə «İntelligent qapısı»ndan, nə də «Dövlətli qapısı»ndan çəkinmir (və onlardan sərf-nəzər etmir!), bu qapı sahiblərinin xalqaqeyrətli «Zəngəzur acları»na, onların hüquqsuz, savadsız, pulsuz qardaşları kərbəlayı müseyiblərə, məşədi fərəcullahlara, mahmud əmilərə, kərbəlayı bədəllərə münasibətini realist mahiyyətli bir satira ilə çılpaqlaşdırır, bu münasibəti olduğu kimi göstərir.
     Budur həmin kiçik felyeton:
     «Hökumət qapısında:
     -Kərbəlayı Bədəl, görə bildin?
     -Görə bildim.
     -Nə dedi?
     -Dedi: «Zavtra!».
     Ağalar qapısında:
     -Məşədi Fərəcullah, ağa evdə idi?
     -Bəli, evdə idi.
     -Səni gördü, nə dedi?.
     -İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü.
     İntelligent qapısında:
     -Mahmud əmi, razı oldumu?
     -Balam, yox.
     -Nə üçün?
     -Dedi: «Beş yüz manat ver, yazım».
     Dövlətli qapısında:
     -Kərbəlayı Müseyib, getmişdin?
     -Hə, getmişdim.
     -Görə bildin?
     -Balam, yox. Səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi».’
     Hökumətin «zavtra-zavtra»deyə başından elədiyi, ağanın söydüyü, intelligentin kiçik bir şikayət ərizəsi yazmaqdan ötrü beş yüz manat rüşvət istədiyi (yenə də Sabirin məşhur «Ürəfa marşı»ndakı misralar yada düşür: «İntelligentik, gəzərik naz ilə, Ömr edərik nəşeyi-dəmsaz ilə... Həftədə bir dilbəri-tənnaz ilə... Həmdəm olub işləri sahmanlarıq... Ay bərəkallah, nə gözəl canlarıq!..), dövlətlinin əl tutmadığı bu adamlar xalqın nümayəndələri idi, xalq idi və bu münasibət də, əslində, ayrı-ayrılıqda Kərbəlayı Bədələ, Məşədi Fərəcullaha, yaxud Mahmud əmiyə, Kərbəlayı Müseyibə yox, xalqa münasibət idi.
     Lakin bütün bunlara baxmayaraq... bütün bunlara baxmayaraq, Üzeyir Hacıbəyov, misal üçün, 1915-ci ildə qələmə aldığı «Deviz»» adlı məqalədə mollaların «qəzet haramdır» etiqadından, qırmızı saqqallıların «məktəb ziyandır» etiqadından, «boynu qraxmallı»ların «Azərbaycan dilində danışmaq eyibdir» etiqadından danışaraq üfüqdə yenə də «hüşyarlıq günəşi» görürdü və o böyük inamdan, ruh yüksəkliyindən doğan bir patetika ilə yazırdı: «Elm və bilik dağlarında donmuş qalan tərəqqi qarı yavaş-yavaş əriyir; bu gün-sabah sel gəlib, qabağına çıxan hər bir kol-kosu kökündən qoparıb aparacaqdır. Onda görüm hansı möhkəm etiqad bu selin qabağında dura biləcək^.
     Elə həmin ildə yazdığı «Bisavad və basavad» adlı məqaləsində isə, bu sözləri oxuyuruq: «...savaddan başqa bir ürəkdə bir dübr və şövq lazımdır».
     Həmin dübrinam ki, həmin şövq də, heç vaxt, ən ağır dəqiqələrdə belə, Üzeyir Hacıbəyov publisistikasından əskik olmamışdır: Üzeyir bəy gülmüş, ifşa etmiş, eyni zamanda, artıq neçənci dəfə dediyimiz kimi, inanmışdır, çünki o sarkazm ilə, o acı gülüşlə birlikdə, həmişə «ürəkdə bir dürr və şövq» də var idi.

5.


     Dünya ədəbiyyatının Nəsimi, Xətai, Füzuli kimi orta əsr korifeyləri ölməz poemalarını, şerlərini yazdıqları doğma Azərbaycan dilini ən yüksək bədii-estetik zirvələrə qaldırmışlar, «KitabiDədə Qorqud» kimi bəşəri səciyyəli mənəvi bir sərvət bu dildə dünyaya gəlmişdir, yalnız Azərbaycanın deyil, bütün müsəlman Şərqinin Avropaya, o cümlədən, Vatikana göndərdiyi ilk diplomatik məktublar Şah İsmayıl Xətai tərəfindən bu dildə yazılmışdır, lakin illər keçmişdi, bir tərəfdən fars istibdadı, bir tərəfdən də çarizm müstəmləkəçilik siyasəti Azərbaycan dilini tədris-maarif ocaqlarında, rəsmi dairələrdə sıxışdırıb aradan çıxarmaq, xalqın dilini avamlıq, cahillik və nadanlıq dilinə çevirmək istəyirdi və məqsəd də sadə və aydın idi: dil xalqın milli özünüdərkinin, özünüifadə və özünütəsdiqinin əsas faktorudur.
     V.İ.Lenin yazırdı: «Rusiyada əhalinin yarısından çoxu, demək olar, beşdə üçü (dürüst 57 faizi) milli əsarət altındadır, onlar hətta ana dilindən də azad istifadə edə bilmirlər, onları zorla ruslaşdırırlar».
     Üzeyir Hacıbəyov da hələ 1910-cu ildə yazırdı ki, bir millətin ki, «dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir».
     Üzeyir bəyin Azərbaycan dili ilə bağlı xidməti ikili səciyyə daşıyır: a) bu dilin təmizliyi uğrunda, onun milli-vətəndaş hüququnun bərqərar olması naminə mübarizə; b) bilavasitə bu dildə, canlı, anlamlı şəkildə sənət əsərləri, məqalələr, felyetonlar yazaraq onun bədiiyyatla bərabər, xüsusən, dövrün artmış tələblərinə cavab verən siyasi-ictimai publisistika sahəsində də qadirliyini əyani şəkildə, təcrübədə göstərmək.
     Üzeyir bəyin Azərbaycan dilinə bağlılığı, bu dillə əlaqədar vətəndaş fəaliyyəti, bu dili dərindən bilməsi, duyması və təqdim edə bilmək bacarığı öz müasirləri böyük qələm dostları tərəfindən yüksək qiymətləndirilirdi. Bu baxımdan Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazıb «Molla Nəsrəddin»də çap etdirdiyi «Tövhid» felyetonu bizim üçün əlamətdar göründü.
     Həmin ildə «Tərəqqi» qəzeti ana dilimizi inkişaf etdirməyin çətinliyini onda görürdü ki, Azərbaycan ziyalıları, mədəniyyət və maarif xadimləri öz dillərini bilmirlər: «...tamam altı milyon Qafqaz müsəlmanları hamı ürəfa qismi ilə bir yerdə ana dilini necə ki, lazımdır, bilmirlər. Doğrudur, bəzi yazı-pozu bilənlərimiz bu iddiaya düşüblər ki, guya onlar türk (Azərbaycan.) dilinə aşinadırlar; lakin bu bir xam xəyaldır... Nə mollalarımız türk dilini necə ki, lazımdır bilirlər, nə mühərrirlərimiz, nə müəllimlərimiz və nə də qeyri savadlılarımız...».
     Cəlil Məmmədquluzadə «Sabiq müəllim» imzalı müəllifin bu sözlərini misal gətirir və buradakı ümumiləşdirməyə, maksimalizmə, hissə qapılmaya istehza edərək yazırdı: «...mühərrirlərimizdən nə Əhməd bəy Ağayev türk (Azərbaycan.) dilini bilir, nə Haqverdiyev, nə Məmməd Əmin Rəsulzadə, nə Nərimanov, nə Əlisgəndər Cəfərzadə, nə Üzeyir cənabları, nə Faiq Nemanzadə (hərçənd İstanbulda təhsil eləyib, amma görünür ki, məqalə sahibi Nemanzadəni də bilməyənlər cərgəsinə salır C.M.). Bəli, müəllimlərin də heç biri türk (Azərbaycan) dilini bilmir: nə Firudin Köçərli cənabları bilir, nə Sultanməcid Qənizadə, nə Rəşidbəy Əfəndizadə, nə Bakıda kitab yazan müəllimlər, nə Gəncədə axundovlar, nə İrəvanda və qeyri şəhərlərin müəllim və qəzet müxbirləri. Şairlərdən nə keçənlər, nə də indiki Sabirlər....
     Göründüyü kimi, Mirzə Cəlil bilərəkdən müxtəlif dünyagörüşlü, müxtəlif siyasi-ictimai mövqeyə malik qələm sahiblərimizə istinad edir, lakin indiki halda bizim üçün diqqətəlayiq cəhət budur ki, Mirzə Cəlil kimi dövrün ən mötəbər müəllifi cəmi iyirmi dörd yaşlı Üzeyir bəyin də adını Sabir, Ağayev, Rəsulzadə, Nərimanov, Haqverdiyev, Köçərli və b. kimi böyük və nüfuzlu ədiblərlə birgə çəkir, ona da doğma Azərbaycan dilini təmsil edən qadir müəlliflərdən biri kimi yanaşır.
     Üzeyir Hacıbəyovun ana dilinə münasibəti də, ümumiyyətlə, xalqa münasibəti kimi, tamamilə aydın idi: hələ ilk felyetonlarını çap etdirdiyi vaxtdan etibarən o dili sıxışdıran, hər vasitə ilə onu inkişaf etməyə qoymayanlara qarşı mübarizə aparmışdır, dili ərəb-fars ibarələri ilə doldurub xalqdan uzaqlaşdıran təmayüllərin yanlış bir yol olduğunu, bunun ziyanını göstərmişdir və dediyimiz kimi, öz əsərlərinin poetikası ilə dillə bağlı tələblərinin, fikirlərinin gözəl əyani nümunələrini yaratmışdır.
     Üzeyir bəyin bədii-publisistik dili bir tərəfdən lüğətinin zənginliyi, sintaksis quruluşunun və morfoloji xüsusiyyətlərinin mürəkkəb, çoxcəhətli bədii-siyasi informasiya üçün münbit bir zəmin yaratması ilə diqqəti cəlb edir, digər tərəfdən isə həmin dil o qədər aydın və doğmadır ki, savadsız bir kəndli tərəfindən də dərhal qavranır, başa düşülürdü.
     «Tərcüman»ı oxuyanda» adlı felyetonunda (1907) o, məhz bu baxımdan bir sıra mətbuat orqanlannın, o cümlədən, «Tərcüman» qəzetinin qəliz dilini kəskin tənqid edirdi: «...Bu üsuli-idarəyi-cəbhənin məğdudiyyəti arasında Sarohanda öldürülən dilmanc Rüşdi Paşayı, Taifdə boğdurulan Midhət Paşayı, Losbos cəzirəsində zəhərlənən Sadıq Paşayı zikr etməkdən keçəlim... Birdən elə bilərsiniz ki, bu sözləri mən deyirəm, ha! Əstəğfürullah! Nə borcuma qalıbdır?».
     Əsrin əvvəllərindən başlayaraq Azərbaycan ictimai fikrinin, Azərbaycan dilinin saflığı, sadəliyi uğrundakı mübarizəsi barədə ədəbiyyatşünaslığımız çox yazmışdır və biz deyilənləri təkrar etmək istəmirik, yalnız bir məqaləyə diqqəti cəlb etməklə kifayətlənirik.
     Üzeyir bəyin yaşlı və nüfuzlu müasiri, böyük ədəbiyyatşünas alim və xalq müəllimi Firudin bəy Köçərli 1913-cü ildə yazdığı və «Molla Nəsrəddin»də çap etdirdiyi «Ana dili» məqaləsində deyirdi: «Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dildə yazsınlar, ta ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsın».
     Yüksək mədəniyyətli bir ziyalı kimi tanınan Köçərlinin bu dərəcədə kəskin ifadələr işlətməsi («meymunluqdan əl çəksinlər») dilin təmizliyi və sadəliyi probleminin dövr üçün nə qədər aktual olduğunu göstərir və buradakı «oxuyan (yəni xalq!) anlasın, düşünsün və ayılsın» sözlərinin arxasındakı məna, elə bilirik ki, həmin kəskinliyə bəraət qazandırır.
     Köçərli elə həmin məqaləsində yazırdı: «Allah Əlibəy Hüseynzadəyə insaf versin. Kaş o alicənab, İstanbulda rahat əyləşib bizim şumbəxt Qafqaza təşrif gətirməyə idi. O cənabın elm və kamalına sözümüz yoxdur. Sözümüz ondadır ki, elm və kamaldan bizə bir bəhrə vermədi (bu məqalə yazılarkən Əlibəy artıq dörd il idi ki, Türkiyəyə getmişdi.), ancaq dilimizə pozğunluq saldı, təzə dil gətirdi. Ətrafını bir dəstə meymunlar bürüdü və ona təqlid etməkdə bir-birinə macal verməyib «böyük hünərlər» (dımaq F.Köçərlinindir.) göstərdilər».
     «Elm və kamalına» söz olmayan Əlibəy Hüseynzadə kimi mürəkkəb və zəngin həyat yolu keçmiş qələm sahiblərini «elm və kamalsız» təqlid edən, yamsılayan epiqonçu təmayül bütün qabaqcıl ziyalılar kimi, Üzeyir bəyə də yad olmuşdur və o həmişə bu təmayüllə mübarizə etmişdir.
     Bu təmayüllə bərabər, Azərbaycan dilinə yuxarıdan aşağı baxan, bu dili bilməyən və bilmək də istəməyən, vətəndaş hisslərindən məhrum «intelligent»lərimiz də var idi və Üzeyir Hacıbəyov «Bisavad və basavad» adlı məqaləsində məhz həmin «intelligent»lərin dili ilə deyirdi: «Ey, müsəlman qəzetinin bir sətrini hıqqana-hıqqana oxuyunca, «Kaspi» ilə «Baku»nu (Azərbaycanca, rusca nəşr edilən qəzetlər.) başdan ayağa oxuyub qurtararam!
     Bu «intelligent»lər Azərbaycan dilli ədəbiyyata, publisistikaya ağız büzürdü, elə həmin felyetonda göstərildiyi kimi, Azərbaycan dilində yazan ədiblər «bizim üçün avtoritet» deyillər,deyirdi. «Bizim yanımızda onlar (söhbət doğma Azərbaycan dilində yazan ədiblərdən gedir.) molla yanında tələbədirlər».
     Üzeyir bəy bu cür «intelligent»lərə müraciətlə deyirdi: «Onda siz yazın, biz oxuyaq», Azərbaycan dilində «savadınız yoxsa da, rusca yazın, biz zəhmət çəkib tərcümə edərik».
     Əlbəttə, həmin «intelligent»lər nəsə yazmaq, xalqın mənafeyi naminə nəsə eləmək iqtidarında deyildilər (qalstuk taxıb, tox qamına başqalarına lağ eləməyə nə var ki!), çünki ürəkdə xalq məhəbbəti yox idi (cücəplov məhəbbəti isə, əlbəttə, var idi!), onların xislətində xalqın hiss və həyəcanlarına, istək və arzularına, adət və ənənəsinə bir yadlıq var idi, xalqın keçmişinə və gələcəyinə biganəlik var idi.
     Məhz buna görə də Üzeyir Hacıbəyovun «İş görək, iş görək», adlı məqalədə (1915) yazdığı «şüursuz özümüzkülərdən şüurlu özgələr yaxşıdm) sözlərinin arxasında dayanmış ağrını bütün iztirabları ilə hiss və təsəvvür etmək, elə bilirik ki, çətin deyil, çünki bu məqalə yazılan vaxtdan düz yetmiş il sonra, bu günün özündə də biz bəzən öz doğma dilinə yuxarıdan aşağı baxmaq hallarına rast gəlirik...
     Üzeyir bəy 1912-ci ildə yazdığı «Dilimizi korlayanlar» adlı məqaləsində müxtəlif zümrələrin, həm də bir-birinə düşmən olan zümrələrin «bir şeydə böyük ittifaq bağladıqlarını» yazırdı: «O şey dilimizi korlamaqdır... Məsələn, axund belə danışır:
     -Zaman ki, mən burada əglətmişəm, hərgah bir şəxs ki, onun zahiri və batini mənə məlum olmayan surətdə qapıdan daxil olub içəri girdi və mənə salam verdi, hansı ki, mənə aiddir və yainki aid dögül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun salamının cavabında deyəm ki, əleykəssalam!
     Axund bunu demək istəyir ki, tanımadığın bir adam sənə salam versə, salam almaq sənə borcdur. Amma farsdan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür...».
     Yaxud bəzən artistlər, teatr işçiləri dili «lirikləşdirmək», ona bər-bəzək vermək xətrinə sözlərin təbii sırasını pozurdu (biz bu gün də ara-sıra həmin hadisənin şahidi oluruq!) və Üzeyir Hacıbəyov buna da göz yummurdu: «Uşaq bazara gedib qoz alır və evə qayıdıb anasına deyir ki, «ana, bazardan qoz aldım».
     Amma artist bazardan qoz alıb qayıtsa, anasına belə deyər:
     -Ana, bazardan aldım qoz».
     Üzeyir Hacıbəyov öz doğma xalqına və həmin xalqın dilinə o dərəcədə bağlı idi və bu bağlılıq onun yaradıcılığında özünün o dərəcədə böyük bədii-estetik inikasını tapmışdı ki, biz artıq bu və ya digər şəkildə bir neçə dəfə dediyimiz fikri bir daha təkrar etməkdən çəkinmirik: Üzeyir bəyin bütün Vətəndaş mübarizəsinin, bütün yaradıcılığının arxasında böyük bir məhəbbət dayanırdıxalqa məhəbbət, onun dilinə məhəbbət.
     M.Aslanov Üzeyir bəyin təhsil aldığı Qori müəllimlər seminariyasının arxivini araşdırarkən, bizcə, çox maraqlı və əslində, Üzeyir Hacıbəyovun bütün yaradıcılığı, bütün həyat yolu üçün epiqraf ola biləcək bir fakta rast gəlir: on beş yaşlı tələbənin xasiyyətnaməsində belə bir qeyd var:
     «3 dekabr 1900. Tələbə Üzeyir Hacıbəyov ana dilində danışmışdır. Müfəttişin töhməti».
     Bu fakt Üzeyir Hacıbəyovun şəxsiyyəti, yaradıcılığı və taleyi ilə bağlı ilkin və səhih proqnoz verən bir sənəd kimi çoxmənalıdır və dövrün kontekstində bir-biri ilə sıx əlaqədə olan iki cəhəti qabarıq göstərir: ana dilinə məhəbbət və müfəttiş töhməti.
     İllər keçəcəkdi... O müfəttiş töhməti qubernatorların, naçalniklərin, generalların, milyonçuların, cahillik və nadanlığın töhməti (təqibi! təhqiri!) səviyyəsinə qalxacaqdı, lakin həmin töhmət də, təqib də, təhqir də heç nə edə bilməyəcəkdi, gücsüz olacaqdı, çünki ana dilinə o məhəbbət, xalqa böyük məhəbbətə çevriləcəkdi, «ana dilində danışmaq» ehtiyacı xalqın, onun dilinin, onun mütərəqqi adət-ənənələrinin, onun keçmişinin və gələcəyinin təəssübünü çəkən bir Vətəndaşlığa çevriləcəkdi.
     Bu sözləri yazıram, xəyal isə məni otuz beş il bundan geriyə, əllinci illərin lap əvvəllərinə aparır. O zaman mən 7 nömrəli məktəbin ibtidai sinfində oxuyurdum və bizim məktəb ilə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı (onda hələ Akademik deyildi) bir-birinə yaxın küçələrdə yerləşirdi. Mən səhər növbəsində oxuyurdum və tez-tez məktəbdən çıxıb Opera teatrına günorta tamaşalarına gedirdim: «Koroğlu»ya.
     Məktəbimiz ilə Opera teatrı arasındakı o üç-dörd tinlik məsafə, mənim üçün, əslində, möcüzə dərəcəsində bir sevincə, böyük fərəhə, qürura aparan bir yol idi və mən, əlbəttə, çox dumanlı şəkildə belə düşünürdüm, belə hiss edirdim ki, bu yolda nəsə illəri adlamaq, vaxtı, zamanı keçmək xüsusiyyəti var, elə bil ki, bu yol həmin sevinclə, fərəhlə birlikdə, həm də gələcəyə aparırdı.
     Koroğlu (unudulmaz və sevimli Bülbül!) Qıratıncanlı atın belində səhnəyə çıxırdı və o zaman birinci-ikinci sinif şagirdinin ürəyi heç nə ilə müqayisə olunmayacaq bir sevinclə, bir fərəhlə dolurdu: o uşaq tamaşadan sonra da uzun müddət o musiqini eşidirdi və həmin musiqi get-gedə onu tamam ələ alırdı, reallıqdan çıxarırdı, Koroğlu kimi Qıratın belində oturdurdu, əlinə qılıncqalxan verirdi və mən Üzeyir musiqisinin sədaları altında Qıratın belində yadelli işğalçılara qarşı vuruşurdum...
     Mən fəxr edirdim ki, azərbaycanlıyam...
     Mən fəxr edirdim ki, Üzeyir Hacıbəyovun musiqisi, Bülbülün səsi mənimlə Azərbaycan dilində danışır...
     Əlbəttə, musiqinin də, xatirələrin də, hisslərin də dili var və onlar səninlə öz doğma dilində, ana dilində danışanda, busəadət, xoşbəxtlikdir, bu o dilin qadirliyi, sənin mənəvi zənginliyindir.

***


     Üzeyir Hacıbəyovun publisistikası xalqın gələcəyi naminə əməli və effektli iş görən bir publisistika idi.
     Üzeyir bəy yuxarıda haqqında bəhs etdiyimiz «İş görək, iş görək» məqaləsində yazırdı: «İş görək! İş görək! Boş-boş sözlər danışmayaq, danışmayaq, danışmayaq!».
     Onun bu sözləri yazmağa mənəvi haqqı var idi.
     Onun publisistikası bu sözlərin, bu Vətəndaş çağırışının təcrübədə parlaq nümunəsi idi.

4-CÜ FƏSİL
«PADŞAHLA PADŞAHLIQ ELƏMƏK OLAR!..»


     Şimali Azərbaycanda doğulub böyüyən, burada yazıb-yaradan, burada mübarizə aparan Üzeyir Hacıbəyov üçün də, C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, Ömər Faiq və bir çox başqa qələm dostları kimi, Azərbaycan vahid bir ölkə, Azərbaycan xalqı vahid bir xalq idi və Arazın o tayında Cənubi Azərbaycanın şah istibdadı altındakı milli məhkumluğu da Üzeyir bəy üçün Şimali Azərbaycanın çarizm müstəmləkəçilik siyasəti sayəsindəki milli-mənəvi iztirabları qədər ağır və dözülməz idi. Üzeyir Hacıbəyov publisistikası çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparırdı, eyni zamanda, bu publisistikada Cənub problemi, Cənubi Azərbaycan xalqının güzəranı, mənəvi sıxıntısı və ümumiyyətlə, İran mövzusu əsas mövzulardan biri idi. O əsrin əvvəllərində İran hadisələrini, Cənubi Azərbaycandakı milli azadlıq hərəkatını ürəkdən gələn bir xalq təəssübkeşliyi ilə izləyir və Səttarxan başda olmaqla Cənubi Azərbaycan mücahidlərinəmübarizə aparan, əlinə tüfəng alıb milli azadlıq naminə ölümə gedən əsl mücahidlərə dərin və əməli rəğbət bəsləyirdi. Bu rəğbət hissi o qədər güclü idi ki, Üzeyir istedadı bəzən onu bircə cümlə ilə parlaq şəkildə ifadə edirdi. Misal üçün, Səttarxan hərəkatının ölüm-dirim mübarizəsi zamanı1908-ci ildə yazılmış «Müxtəlif fikirlər» adlı bir cümləlik, iki cümləlik miniatürlərdən ibarət yazıda belə bir satira ilə rastlaşırıq:
     «Dedilər ki, bu gecə Səttarxan hücum edəcəkdir. Sabahadək subaşına getməkdən yoruldum.
     Mir Haşımın aftafası».
     Mir Haşım irticaçı Təbriz ruhanilərindən biri idi və xalqın düşmənləri ilə əlbir olub xalqın əleyhinə mübarizə aparırdı. Səttarxan məşhur Təbriz döyüşündə Hacı Səməd xan Eynüddövləni məğlub etdikdən sonra, Mir Haşım da Eynüddövlə ilə birlikdə Təbrizdən qaçmışdı. İstər-istəməz, Sabirin milli qürur hissi ilə nəfəs alan və dövrün kontekstində dahiyanə şeri yada düşür:
Səndə günah qalmadı, qurban sənə,
Səy elədin, çatmadı meydan sənə,
Qıldı fəqət həsrətü Hirman sənə.
İndi ye öz bozbaşmı, Mir Haşım!
Durma, götür qaç başmı, Mir Haşım!
Yardımı Səttar başmı, Mir Haşım?
     Üzeyir Hacıbəyov məhz mir haşımları nəzərdə tutaraq hələ 1906-cı ildə yazdığı məşhur «Lüğət» felyetonunda «istibdad» sözünü belə izah edirdi: «İstibdad yəni hökumətin milləti sümürüb süngüyə çəkməsi. Amma bəzi müsəlman «üləma»larının təsəvvürünə görə, istibdad əmin və asayişə deyirlər. Məsələn, İranda istibdad olanda əmin və asayiş də var idi...».
     Mir haşımlar şahlıq istibdadının dayaqlarından idi və Üzeyir publisistikası həmin istibdada qarşı gülə-gülə, eyni zamanda, yana-yana, ağrıya-ağrıya mübarizə aparırdı. O «Yazı yazanın yazı yazmaqdan qabaq fikri» satirasında (1908) olduğu kimi, bir tərəfdən: «Adam çox fikir eləsə anarxist olar, vallah! İran şahlarını pisləyirik ki, deyirmişlər: «Pəs əz mən hər çe bad-bad!» (Məndən sonra nə olur, olsun!). Vallah, doğru deyirmişlər»deyə xalqın və Vətənin səfaləti hesabına şəxsi firavanlığının qayğısına qalan İran şahlığının səciyyəsinə gülürdü, digər tərəfdən isə ürək yanğısı və ağrısı ilə, biganəliyə, ətalətə, milli qeyrətsizliyə qarşı milli təəssübkeşliyə çağırırdı: «İranda adamların boynuna zəncir salırlar... Dəmir şişləri qızdırıb bədəninə soxurlar! Bəh-Bəh! Biz bu sözləri eşidirik, amma heç halımıza təfavüt eləmir. Məsələn, dünən yazılmışdı ki, İranda «Ruhulqüds» müdirini ölüm cəzasına məhkum edibdirlər; sonra da yazılmışdı: «Onu boğacaqlar...». Gör ha, o adamı boğacaqlar. Biz hamımız bunu oxuduq, sonra qəzeti yerə qoyub işimizə getdik. Dəxi bir fikir eləmədik ki, axı, necə yəni «onu boğacaqlar?».
     Həmişə aktiv olan, işgüzar olan Üzeyir publisistikası elə həmin satiranın özündə də xalqı ayağa qalxmağa səsləyirdi: «Bu cəlladlar nədir? Onlar da bizim kimi adam deyildirlərmi? Nə üçün adam boğurlar? Şah buyurur!.. Şahı boğsunlar, yəni bir azca boğsunlar, onda o görər ki, bu cür şeylər pis zaddır...».
     Üzeyir Hacıbəyov şahı da, şahlığın ən yüksək rütbəli vəzifə sahiblərini də öldürücü bir satiranın hədəfinə çevirirdi, Azərbaycan xalqını istismar edənlərə milli-azadlığını (hətta milli mənsubiyyətini!) əlindən almağa çalışanlara nifrətlə gülürdü. «İran xəzinəsində pul yoxdur» adlı felyetonunda Azərbaycan xalqının qatı düşmənlərindən Əmir Bahadır Cəng: «Bəli, gedək pul dilənək!..deyir, Qəribə işdir bu, vallah, İranın rəiyyəti də dilənsin, vəziri də!.. Amma zərər yoxdur, mənə də «Süpəhsalari külli-qoşuni-İran, vəziri-hərb Əmir Bahadır Cəng» deyərlər ki, bu saat mənim adım dünyanın hər tərəfində söylənir!». Əmir Bahadır qapıları gəzir, lakin heç kim ona pul vermir. Əmir öz papağını girov təklif edir: «Papaqdan məqsud mənim bu başımdakı papaq deyil... mən Süpəhsalari külli-qoşuni-İran vəziri-hərb Əmir Bahadır Cəngin namusudur».
     Əlbəttə, olmayan şeyi girov götürməzlər...
     «Müxtəlif fikirlər» adlı başqa bir felyetonda Əmir Bahadır Cəngin burnu deyir: «Əşi, əvvəllər hardan olsa, yenə İran qəribqurəbasının ciblərini iyləyib bir şey tapırdıq, amma indi... həpçixi!..».
     1907-ci ildə, yuxarıda yazdığımız kimi, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının qızğın bir çağında keçmişdə soyulan «qərib-qürəba» deyərkən, Üzeyir bəy, ilk növbədə, azərbaycanlıları nəzərdə tuturdu və dərd burasında idi ki, əmir bahadır cənglərin də çoxu milliyyətcə azərbaycanlı idi (Məgər şah özü milliyyətcə azərbaycanlı deyildimi?! Məgər bu günün özündə Azərbaycan dilini və ümumiyyətlə, Azərbaycan xalqını inkar edən əhməd kəsrəvilər, doktor şəfəq rzazadələr, mahmud əfşar yezdilər milliyyətcə azərbaycanlı deyilmi?!).
     Milli hisslərini itirmiş bu yaltaq mənsəbpərəstlər Üzeyir qələmindəki həmin Vətəndaşlığı xüsusi bir ehtirasla dilə gətirirdi. Bu baxımdan, «Hara qaçacaqlar?» satirasında verilən bir sual bizim üçün çox mənalı və əlamətdar görünür: «Ravi belə rəvayət eləyir ki, Eynüddövlə, Şüca Nizam, Rəhim xan, Mir Haşım, Mirzə Həsən, Mirzə Kərim (Cənubi Azərbaycan milli-azadlıq hərəkatını boğmaq istəyən və milliyyətcə, əsasən, azərbaycanlı olan şah nökərləri) və qeyriləribunlar hamısı Təbrizdən çıxıb qaçarkən şaha belə bir məktub yazıblar: «Salam-duadan sonra yazıb məlum edirik ki, «ma səd nəfər budim tənha, onha, yek nəfər budənd o cəm», ona binaən Təbrizdən qaçdıq, vəssalam». İndi mən öz-özümə fikir edirəm: yaxşı, bunlar hara qaçacaqlar?».
     Doğrudan da doğma xalqına xəyanət edənlər, xalqını satanlar hara qaça bilərlər? Əlbəttə, dünya böyükdür, hardasa gedib məskən salmaq, baş girlətmək olar, lakin özün özündən (ana südündən) hara qaçacaqsan? Üzeyir Hacıbəyov üçün xalqın, Vətənin fovqündə nəinki xoşbəxtlik, ümumiyyətlə, həyat yox idi və buna görə də onun dünyagörüşündə, həmin dünyagörüşün bədiipublisist ifadəsində satqınlar məhvə məhkum idi.
     Elə həmin 1908-ci ildə komediya şəklində yazılmış «Yuxuda» felyetonunda da Cənubi Azərbaycan milli-azadlıq hərəkatı qarşısında duruş gətirə bilməyib qaçmış yüksək rütbəli İran dövlət xadimləri, hərbçiləri, ruhaniləri (Şüca Nizam, Müctəhid Mirzə Həsən, Mir Haşım, Müqtədirüddövlə, Rəhim xan...) Tehranda, şahın hüzurunda Təbrizdəki böyük məğlubiyyətin günahını bir-birlərinin üstünə yıxırlar.
     Əlbəttə, nə bu qorxaq və eyni zamanda, qorxunc saray adamlannın, nə Mir Haşım kimi millət xainlərinin, satqınların, nə də Məmmədəli şah kimi bir müstəbidin ağlına da gələ bilməzdi ki, məğlubiyyətin səbəbi qoluzorlu əyanların, dini fanatizm ilə silahlanmış mürtəce ruhanilərin qorxaqlığı, kütbeyinliyi deyil, ayağa qalxmış bir xalqın Azərbaycan xalqının milli qəzəbi, milli özünütəsdiq ehtirasıdır.
     Felyetonda Məmmədəli şah Lyaxovu səsləyir və «Bu adamları aparıb top ağzına qoyarsan!»əmrini verir, həmin yüksək rütbəli əyanlar, hərbçilər, ruhanilər də qorxudan gözlərinə-başlarına vura-vura yuxudan oyanırlar.
     Lyaxov kim idi?
     Məmmədəli şah «çar polkovniki, qaniçən Lyaxovu inqilaba qarşı mübarizə üçün Tehranın hərbi qubematoru təyin etmişdi.
     Əlbəttə, heyrətlənməmək mümkün deyil. Hər iki tərəfin yeritdiyi müstəmləkəçilik siyasəti nəticəsində tarixən İran şahları ilə romanovlar arasında həmişə müharibələr, çəkişmələr getmişdir, lakin müstəmləkəçiliyin hökmünə bax, o yerdə ki, söhbət istismar olunan, soyulan xalqın milli-azadlıq hərəkatından gedir, hətta tarixən bir-birini didmiş və həmişə də didməyə hazır olan dövlətlər, üsuli-idarələr belə, məhz həmin müstəmləkəçiliyin mənafeyi naminə birləşirlər, xalqları milli-mənəvi cəhətdən boğmaqda bir-birlərinə kömək edirlər.
     Cənubi Azərbaycan milli-azadlıq hərəkatını məhv etmək işində bir çox çar generalları, polkovnikləri şah istibdadına bilavasitə və hərtərəfli kömək edirdilər. Misal üçün, şair Əliqulu Qəmküsarın kiçik qardaşı, jumalist Rzaqulu Nəcəfov «Sabir və İran inqilabı» xatirəsində yazır ki, mücahidlər «bir-bir tutulub çar cəlladı general Vorepanov tərəfindən edam edilirdi».
     Dini etiqadını bütün dünyaya nümayiş etdirən, hətta şiəlikdən başqa müsəlman təriqətlərinə belə pis baxan İran kimi bir məmləkətin paytaxtının hərbi qubernatoru Lyaxov olur...
     Bu həmin Lyaxovdur ki, Üzeyir Hacıbəyovun «Müxtəlif fikir»lərində:
Gəldim İrana,
Qoydum virana!
     deyir, «İrana dair aşıq nağılı» felyetonunda «əlini qoyur qulağının dibinə və rusca bu cür bir şikəstə çağırır: «Ya persidski ataman...», yenə də həmin felyetonda olduğu kimi, Təbriz döyüşündə Səttarxan tərəfindən məğlub edilmiş saray qolugüclülərindən Rəhim xana: «Ax tı svoloç, Raxim xan!» deyir. Bu həmin Lyaxovdur ki, «Komediyalar» adlı felyetonda: «Bəli, qorxutmaq, qorxutmaq lazımdır bu asiyalıları!» deyir (özü və ağaları Asiyanın hesabına yaşadığı halda, Asiyanın ən gözəl şəhərlərindən birinin qubematoru olduğu halda! Bəlkə də elə buna görə...)
     Üzeyir bəyin 1907-ci ildə yazdığı «Suallar və suallara da cavablar» satirasında belə bir mükalimə var:
     «S u a l. Dünyada İran məmləkətlərinin ən yavuq xeyirxahları kimdir?
     C a v a b . İran xanları və hakimləri. Çünki bunlar çox yaxşı bilirdilər ki, İran həmişəki halında qaldığı vaxt kafir əcnəbilər gəlib onların vətənini istila edəcəkdirlər, ona görə, bunlar da səy eləyirlər ki, vətəni kafir əlinə verməkdənsə, elə hazır özləricə soyub, dağıdıb kafirləri «damağ» qoysunlar».
     Üzeyir Hacıbəyovun dəqiq göstərdiyi belə bir ərbab psixologiyasına və əqidəsinə baxmayaraq, milli-azadlıq hərəkatını boğmaq naminə, həmin «xanlar və hakimlər» lyaxovları köməyə çağırırdı, «vətəni kafir əlinə verməyi» daha üstün tuturdu.
     «Komediyalar» felyetonundakı bir dialoq da bu baxımdan çox səciyyəvi və əlamətdardır:
     «Ş a h (iztirab ilə). Bəs deyirlər ki, Təbrizə rus qoşunu gəlir?
     Əmir Bahadır. Bəli, gəlir.
     Ş a h . Bəs nə tövr olsun?
     Əmir Bahadır.Nə təfavütü vardır. Təbriz bizim deyildir ki! Məncə, rus qoşunu məşrutəçilərdən min pay yaxşıdır».
     Bütün dövrlərdə belə olur. İstismar edən fars müstəmləkəçiləri milli-azadlıq mübarizəsindən daha artıq qorxub, çəkiniblər, nəinki yadelli işğalçılardan. Onlar həmişə vətəni, xalqı yadellilərə satmağa hazır olublar, təki müstəmləkə zəncirləri ilə buxovlanmış xalqlar ayağa qalxa bilməsin...
     Səttarxan başda olmaqla Azərbaycan oğulları şah istibdadına və müstəmləkəçiliyinə qarşı ölüm-dirim mübarizəsi aparırdı, silahsızlığa, təcrübəsizliyə, maddi imkan məhdudluğuna baxmayaraq, parlaq qələbələr çalırdı və bu zaman Üzeyir qələmi «Kimdən nə soruşdular» felyetonunda olduğu kimi, şaha, onun nazirlərinə, sərkərdələrinə xüsusi bir şövqlə (bədii şövqlə!) gülürdü: «İsgəndəri Zülqərneyndən xəbər aldılar ki, cəsarət və şücaəti kimdən öyrəndin?». Dedi: «Nəvvab Eyniddövlə ilə Sərdar Nüsrət Rəhim xandan». Dedilər: «Nə tövr?». Dedi: «Onların yerinə utandığımdan».
     «İrana dair aşıq nağılı» felyetonunda isə Səttarxanın məğlub etdiyi və yuxarıda haqqında danışdığımız Əmir Cəng Mərəndə Şüca Nizamın qəbri üstündə oxumaq üçün belə bir teleqram vurur:
Dəryada gəmim qaldı,
Biçmədim, zəmim qaldı.
Yoldaşlarım ora-bura qaçdı, sən də ki, öldün,
Bəs mənim kimim qaldı?
     Xalqın öz mübarizəsi ilə özünü təsvir etməsi, min illərin şahlıq institutu üzərində mənəvi və müstəqim qələbə çalması Üzeyir Hacıbəyov üçün təbii, qanunauyğun, dialektik bir hadisə idi; çünki, o, əlinə qələm alıb ilk məqalələrini, ilk satiralarını yazdığı dövrdən etibarən, ən çətin məqamlarda belə, bu xalqın qadirliyinə inanırdı. Artıq haqqında bəhs etdiyimiz «Hara qaçacaqlar» satirasında qələminə xas olan bir duzla və iftixarla yazırdı: «Daha Səttarxanın gücü məlum oldu. Kişi daha padşahla padşahlıq etdi. Halbuki, bütün İran və bizim Bakıda bütün Quba meydanının adamları («yalançı millət qəhrəmanları, avam hacılar, «boynu qraxmallı» intelligentlər.) deyirdilər ki, padşahla padşahlıq eləmək olmaz. Amma görünür ki, olar və necə ki oldu».
     Cənubi Azərbaycandakı xalq hərəkatı «Monoloq, ya müsəlmanca həsbi-hal» felyetonunda olduğu kimi, hətta obıvatelləri belə, sarsıdır, onları heyrətə gətirir: «İndi bu saat İranın o vəzirləri, o cəlal və şövkət sahibləri ki, bir adam onların ayağına durmasa idi, iki parça eləyib şəhərin qapısından asdırardılar, həmin həmşəhərlilərin (obıvatellərin təbirincə, Cənubda yaşayan azərbaycanlıların.) əlində mum kimi olub «Bəli, bəli» deyirlər. O vəzir ki, onun yanında indiyə kimi bir adamın cürəti olmayıbdır ki, otursun, məcbur olubdur ki, ayaq üstündə durub, otağın içində ayağını ayağının üstə aşırıb oturan həmşəhərlilərin qabağında cavab versin!».
     ...Bu felyetonların, məqalələrin yazılmasından, az qala, yetmiş il keçir, lakin bu günün özündə də onlar bizim hər birimizin ürəyindən xəbər verir.
     Bu günün özündə də onlar aktual səslənir, təsir edir, düşündürür.
     BuÜzeyir istedadının nəticəsidir.
     Üzeyir Vətəndaşlığı isə həmin istedadın mühüm tərkib hissəsi idi.

5-Cİ FƏSİL
«...GÖZLƏRİNƏ BİR OX OLUB BATIRAM!»


     Hər bir sənətkarəsl sənətkar, ilk növbədə, öz doğma xalqının sənətkarıdır, onun fəaliyyəti, onun yaradıcılığı həmişə xalqının mənafeyinə həsr edilir və hərgah istedad böyükdürsə, hərgah həmin fəaliyyət yüksək Vətəndaş qayələrindən bəhrələnirsə və həmin yaradıcılıq da bədii-estetik qadirliyi ilə bərabər, sosialictimai problematikaya da aktiv surətdə müdaxilə etmək iqtidarındadırsa, o zaman, haqqında danışdığımız o «xalq mənafeyi»nin daxili tutumu, əlbəttə, daha vüsətli, daha mənalı olacaqdır.
     Üzeyir Hacıbəyov həm fəaliyyəti, həm də yaradıcılığı ilə xalq mənafeyi naminə effektli iş görən böyük sənətkar idi və bu effektli vətəndaşsənətkar işi əvvəlcə müəllimlik, maarifçiliklə başlamış, sonra daha artıq dərəcədə jurnalistika sahəsində davam etmiş və 1908-ci ildən etibarən jurnalistika ilə bərabər, bəstəkarlıqla öz dialektik inkişafını tapmışdır.
     1907-ci ildən Üzeyir dühasının sayəsində yalnız Azərbaycanın deyil, bütün müsəlman Şərqinin ilk operaları yaranmağa başladı. «Leyli və Məcnun», «Şeyx Sənan», «Rüstəm və Söhrab», «Şah Abbas və Xurşidbanu», «Əsli və Kərəm», «Harun və Leyla» kimi operalar bir-birinin ardınca səhnələri və ürəkləri fəth etdi (bu gün də belədir!), «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan» kimi dünya operetta sənətinin inciləri meydana çıxdı. Lakin... lakin çarizm müstəmləkəçilik siyasətinin gah açıq, gah da gizli şəkildə şirnikləndirdiyi, təhrik etdiyi, yetişməsi, güclənməsi üçün münbit zəmin yaratdığı nadanlıq və cahillik müxalifatı da daha artıq bir ehtirasla böhtanlar atmağa, iftiralar yağdırmağa başladı, guya ki, lağa qoydu, sancdı...
     Cahillik və nadanlıq müxalifatı cürbəcür dona bürünüb hücuma keçirdi: gah xalq və əxlaq təəssübkeşliyi mövqeyindən, gah «intellektual» cəbhədən, gah dini pərdə altında...
     Kim idi bu davakar cahillik və nadanlıq müxalifatını yaradanlar, təmsil edənlər: çar çinovnikləri, savadsız mollalar, qorxaq və qeyrətsiz qoçular, gah da qatı mühafizəkar «əhli-qələm»lər...
     Üzeyir Hacıbəyov sənətinin gur işığı altında həşərat kimi özlərini itirmiş bütün bu millət və əxlaq «təəssübkeşləri» onun yaşadığı və fəaliyyət göstərdiyi mühitdə çirkabla dolu əsəbi bir əhval yaradırdı və Üzeyir şəxsiyyəti, əlbəttə, iztirab çəkirdi, lakin Üzeyir vətəndaşlığı, Üzeyir istedadı məğrur addımları ilə o çirkab gölməçələrin üstündən adlayıb keçirdi.
     Nadanlıq mətbuat səhifələrində Üzeyir bəyi «Ağayi Şeyx bəstəkar namdari cibişdanqulu» adlandırırdı. «Əgər millətimiz bunlardan (yəni Üzeyir Hacıbəyovdan.) opera və operetta istəmiş olsaydı da, gərək millətimizə deyə idilər: Ay bala! Hələ yekəl, kişi ol! Tərbiyəli ol!.. Lap əməlli kişi ol ki, hər şeydə kamil olasan. Mən də sənə əyləncə üçün bir opera yazım. Xülasə, pul, pul, pul!..»‘ yazırdı və min bir yaradıcı əzabın, şəxsi məhrumiyyətlərin bahasına başa gələn sənət əsərlərinin bir qazanc mənbəyi kimi meydana çıxdığını söyləyirdi.
     Əlbəttə, biz bu gün sübut etmək istəsək ki, Üzeyir operaları pul xatirinə yazılmırdı, bu sənət əsərləri böyük mənəvi bir ehtiyacın sayəsində yaranırdı açıq qapını döymüş olarıq, hətta gülünc görünərik; lakin bumüasir dövrün Üzeyir Hacıbəyov ədəbi irsinə münasibətidir, həmin ədəbi irs, necə deyərlər, qalib olduğu üçün belədir, yetmiş beş-səksən ilinmürəkkəb, bəzən çox ziddiyyətli illərin sınağından çıxdığı üçün, Azərbaycan xalqının mənəviyyatında, hətta məişətində çox görümlü bir yer tutduğu üçün belədir.
     Azərbaycan mətbuatının tarixindən xəbərdar olanlar yaxşı bilirlər ki, inqilabdan əvvəl qəzet və jurnallarda müxtəlif gizli imzalarla, çox zaman satirik imzalarla yazmaq bizim jurnalistikamızın xüsusiyyətlərindən biri idi. Bizim bir çox istedadlı və mütərəqqi qələm sahiblərimiz, o cümlədən, Üzeyir Hacıbəyovun özü cürbəcür məzəli imzalardan istifadə edirdilər (misal üçün, Üzeyir bəyin «Filankəs»dən başqa imzaları: «Müxbiriniz usta Murad bənna», «Hamamçı», «Saqqallı, hənalı filankəs», «Adı molla, özü bəy filankəs» və s.) və həmin gizli, məzəli imzalarla müəlliflərin əqidəsi, dünyagörüşü arasında, aydın məsələdir ki, heç bir müstəqil, birbaşa analogiya yox idi. Lakin bununla belə, doğrusunu deyək ki, mətbuatda Üzeyir Hacıbəyova hücum edənlərin gizli imzaları bu gün bizə çox rəmzi görünür: «Düdük», «Sırtıq», «Boşboğazski», «Şeytanbazarski», «Gənc bekar», «Piyada zəvvar», «Zurnaçı»...
     Üzeyir Hacıbəyovun şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı ilə əlaqədar hücumlarda söhbət həqiqi mənada sırtıqlıqdan, boşboğazlıqdan, şeytançılıqdan, avaraçılıqdan gedir, buradakı zurnaçılıq xalqın dərdini söyləyən, əzəmətindən xəbər verən o gözəl zumanın səsindən yox, nadanlıq və cəhalətin, mürtəceliyin harayhəşirindən soraq gətirir.
     1907-cu ildə «Kor aşıq» imzası altında gizlənmiş müəllif istehza ilə «Zənbur»da yazırdı: «Canım, birdən-birə biz italyannan musiqi barəsində bir cərgədə durduq! Dəxi buna nə sözün?». Öz doğma xalqını ikinci növ hesab edən («...birdən-birə... italyannan bir cərgədə durduq!») müəllif nadanlığını, qeyrətsizliyini ört-basdır üçün «Verdi, ya Rubinşteyn, yaxud Bethoven, Vaqner» qarşısında səcdə edərək (tanış məlumatfüruşluq «üsulu»dur!) yazır ki, bizdə «istəyirsənsə opera düzəlt, ya zurnaçı ol! Hal-hazırda erməni tayfası cürət edib opera təsnif edə bilmir... Amma düşmən kor olsun, bizlər gözəl operalar yaza bilirik...».
     Öz xalqına bu dərəcədə yuxarıdan aşağı baxan, başqalarının «cürət edib opera təsnif edə bilmədiyi» halda, özümüzün opera yazmağımıza bu dərəcədə heyrət edən, bunu bu dərəcədə anormal sayan, lağa qoyan aşığın korluğu, əlbəttə, rəmzi məna daşıyır, çünki bu korluq fiziki bir çatışmazlıq yox, mənəvi eybəcərlik idi.
     Adını ziyalı qoymuş bir sıra «boynuqraxmallı»lar (Sabirin xalq adından dediyi dəqiq misralar yada düşür: «İntelligent ağalar, biz sizi çoxdan tanırıq... Bilirik, sizdə bu gün qeyrəti-millət yoxdur!...») mənsub olduqları xalqın imkanlarına (deməli, həmin xalqın gələcəyinə!) inanmırdılar və buna görə də deyək ki, elə həmin 1909-cu ildə «Zənbur» jurnalında Üzeyir bəyin karikaturasını çəkirdilər.
     Sonralar Üzeyir Hacıbəyov xalqın mənəvi sərvətinin yaradıcısı kimi həmin xalqın ürəyinə artıq çoxdan yol tapmış olduğu zaman, onun sənət dostu və silahdaşı Mirzağa Əliyev həmin karikaturanı belə xatırlayırdı: «Üzeyir bu şəkildə belə göstərilmişdi: ayağında çarıq, əynində cırıq arxalıq, əlində smıçok və sol tərəfində bir nəfər zurna tutub çalırdı. Bu zurnanın içindən isə notlar çıxırdı. Karikatura demək istəyirdi ki, «bir buna baxın ha!.. Üzeyir bəy Hacıbəyov zumadan not yaratmaq istəyir!».
     «Boynuqraxmallı»lar zurnaya (əslində isə xalqa!) beləcə lağ eləyirdilər, zumanı ələ salırdılar, zuma ilə opera arasındakı məsafədən beləcə heyvani bir dəhşətə gəlirdilər və nəticə etibarilə, mənsub olduqları xalqa «tuzemtsı» deyən müstəmləkəçi mövqeyin dəyirmanına su tökürdülər, çünki həmin «boynuqraxmallıların» psixologiyası, əslində, məhz «tuzem» psixologiyası idi («Verdi, ya Rubenşteyn, yaxud Bethoven, Vaqner» adlarını sadalamalarına baxmayaraq!).
     1906-cı ildə «Tuti» jurnalında «Gənc bekar» imzası ilə çap olunmuş bir yazıda Üzeyir Hacıbəyov belə bir «intellektuallıqla» məsxərəyə qoyulurdu: «Bircə nəfəs möhkəm tiryək çəkib... ölüləri gördüm. Qlinka əlini dərgahi-ilahiyə qaldırıb deyir: «Rəbbim, mən o fəna dünyadan köçərkən bircə təsəlli ilə aram olurdum, deyirdim: «Nə qədər ki, «Jizn za tsarya» operam («İvan Susanin» nəzərdə tutulur.) oynanacaqdır, mən ölmərəm, Rəbbim! Bunu mənə çox gördün: «Arşın mal alan» dünyaya gəldi, biz bərbad olduq. Rubinşteyn deyirdi: «Həmkar! «Ər və arvad»... operettalarını nə üçün unudursan?». Çaykovski baxdı, baxdı, tab gətirə bilmədi: «Bayaqdandır danışırsız, amma «Arşın mal alan»ın axırıncı pərdəsini... yadınıza... salmırsınız. 0rada olan musiqi harada qalsın?».
     Azərbaycan xalqını əzmək, milli-mənəvi sərvətdən məhrum etmək, onu qadirsizləşdirmək istəyən, yüz il boyu, necə deyərlər, bütün fikri-zikri, bütün əməli və əqidəsi ilə xalqı kölə vəziyyətinə salmağa çalışan çarizm müstəmləkəçilik siyasətinə bundan daha artıq bir xidmət göstərmək olardımı ki, «gənc bekar»lar həmin xidməti göstərirdi?
     Qəribə, həm də çox əlamətdar və mənalı idi: «boynuqraxmallı»lar xalqın hələ opera üçün yetişmədiyini iddia edirdi, Hacıbəyov operalarına «zumaçılıq» kimi baxırdı, cahil qoçular, avam mollalar həmin operalara, o operaların yaratdığı mənəvi ovqata qarşı hücum edirdi, fitva verirdi, xalq isə sövq-təbii həmin opera və operettalarıminilliklər ərzində sahib olduqları zəngin sənətin tamamilə bu yeni janrlarını sevir, onlara tamaşa edirdi; Üzeyir yaradıcılığı, sözün əsl mənasında, həm də çox qısa bir müddət ərzində xalqın məişətinə daxil olurdu.
     Qulam Məmmədli «Arı» jurnalının 1911-ci il 8-ci nömrəsində «Dəli» imzalı bir müəllifin yazısından maraqlı bir parça ilə bizi tanış edir: «...bəli, kassanın qabağına çatdıqda külli izdiham gördüm. Zənn etdim ki, yəqin kassanın qabağında böyük inqilab olacaq. Zira ki, «Leyli və Məcnun» operasına bilet almaq üstündə qabırğasınma əhvalları gözümün önündə durur...».
     Azərbaycan xalqı, yuxarıda yazdığımız kimi, minilliklər ərzində zəngin bir sənət yaratmışdı, böyük və qədim bədii-estetik ənənələrə malik idi və tamam formalaşmış, çox incə, həm də ciddi tələbatlı bir zövqə sahib idi; yeni bir sənət növünü ona bəyəndirmək, hətta nəinki bəyəndirmək, onun mədəniyyətinin milli faktına çevirmək, əlbəttə, çox çətin, bəlkə də mümkün olmayan bir iş idi, lakin Üzeyir dühası məhz bu işi gördü, onun opera və operettaları Azərbaycan xalqının milli özünüifadəsinə çevrildi.
     Bu gün, Üzeyir bəyə qarşı hücumları əks edən sənədlərlə tanış olduqca, Hacıbəyov istedadını guya ki, yüksək qiymətləndirərək, guya ki, xalqın rifahı naminə, xalqın adından danışan, «savadlı» cahillərin mülahizələri ortodoks cəbhənin böhtan və iftiralarından qat-qat pis təsir edir, çünki burada daha artıq bir riyakarlıq var.
     Misal üçün, 1913-cü ildə «H.Q.» imzalı müəllif «İqbal» qəzetində yazırdı: «...Üzeyir bəy milli bir musiqişünasdır və müqtədir qələm sahibidir. «Leyli və Məcnun», «Əsli və Kərəm» və sairləri kimi gözəl operalar yazmışdır. Burasını təsdiq edirik (Əlac nədir? «Leyli və Məcnun» da, «Əsli və Kərəm» də görünməmiş bir uğurla səhnələrdən düşmür.). Yalnız bunu əlavə edirik ki, müsəlmanlara bu kimi qəzayi-ruhani vermək vaxtına çox qalmışdır (!!.). Onsuz da sübhdən axşama kimi restoranlarda və bilməm nə kimi yerlərdə müsəlmanlar zövqü-səfa sürürlər. Mənbəyi-ədəb və ürfan olan səhnəni dəxi bir zövqü-səfa, bir şıldırıq məclisinə döndərmək heç də rəva deyildir. Hər nə isə, «Arşın mal alan» operettası bir dərəcə «fars» tamaşalarına (yəni balaqan tamaşaları demək istəyir.) oxşayırdesək, zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan fani deyildir. Belə tamaşalar millətin əxlaqını pozur (!!.), onu indiki halından betər (?!.) bir hala salır. Burası inkaredilməz bir həqiqət olsa gərəkdir...».
     Belə bir yalançı ağsaqqallıq, «inkaredilməz bir həqiqət» carçılığı daha artıq qorxunc və təhlükəli idi, çünki ilk baxışda, yəni öz dövrünün səriştəsiz oxucusunun gözündə Üzeyir bəyin «Müqtədir qələm sahibi» olması inkar edilmirdi. «Leyli və Məcnun» da, «Əsli və Kərəm» də «gözəl operalar» adlandırılırdı, səhnə «mənbəyi-ədəb və ürfan» hesab olunurdu, yəni ilk baxışda söhbət xalqın taleyinə biganə olmayan mütərəqqi bir mövqeyin mülahizələrindən gedirdi. Lakin bir az artıq diqqət yetirildiyi zaman bu «mütərəqqiliyin» məcburiliyi göz qabağındadır: Üzeyir Hacıbəyovun məqalələri, felyetonları artıq ictimai həyatın effektli bir hadisəsinə çevrilmişdir və onun «müqtədir qələm sahibliyini» inkar etmək mümkün deyil; «Leyli və Məcnun» da, «Əsli və Kərəm» də çox qısa bir müddətdə, artıq yazdığımız kimi, Azərbaycan mədəniyyətinin mühüm tərkib hissəsinə çevrilmişdi və bunu da danmaq mümkün deyil; buradakı maskalanmış mühafizəkarlıq həmişə olduğu kimi, yenə də xalqın təəssübkeşi kimi çıxış edir: xalqa «bu kimi qəzayi-ruhani vermək vaxtına çox qalmışdır!», lakin, aydın məsələdir, belə bir millət təəssübkeşliyi («belə tamaşalar millətin əxlaqını pozar...»), əslində, milləti, xalqı təhqir edir, «Arşın mal alan»la restoranların «zövqü-səfa»sını bir tutur.
     Həmin «H.Q.» bir il əvvəl, 1912-ci ilin may ayında «Təzə xəbər»də yazırdı: «Üzeyir cənablarının milli musiqişünas, qabil opera və operettaçı olduğunu inkar etməməklə (buna görə «Arşın mal alan»la restoranları müqayisə edirdi?.) bərabər, bir neçə söz deməkdən çəkinməyəcəyəm... Camaatı opera və operettalara ögrətmək bir dürlü bizi məmnun etmir. Söz yox ki, Hacıbəyov cənablarının əsərləri məslək və fikri-alidən xali deyildir. Lakin biz müsəlmanlarda hələ elə nazik bir şey yoxdur ki, o məslək və ideyanı çalğı lisanında əxz eləyək...».
     Bu qeyrətsiz fikrin qiyməti ondadır ki, riyakar mühafizəkarlıq cəbhəsi üçün səciyyəvi olan bir mövqeyin mahiyyətini yaxşı açır. Bir tərəfdən, sanki misal gətirdiyimiz parçada olduğu kimi Hacıbəyova qiymət verilir, əsərlərinin «məslək və fikri-alidən xali» olmadığı təkəbbürlə etiraf edilir, digər tərəfdən isə bu cür nəsihətçiliklə məşğul olan «ağsaqqallıq» iddiasının arxasında xalqa yuxarıdan aşağı baxmaq təhqiramiz bir surətdə özünü göstərir.
     «Ər və arvad», xüsusən, «Arşın mal alan» və «O olmasın, bu olsun» səhnələri fəth edir, milli və coğrafi sərhədləri aşır, xalqı ucaldır, öz təntənəsi ilə məxsus olduğu xalqın bədii-estetik qüdrətini təsdiq edir, görünməmiş miqdarda tamaşaçı yığır, müxtəlif dillərə tərcümə edilir, cahil nadanlar isə, misal üçün, «Tuti» kimi mətbuat orqanlarının səhifələrindən:
Min təşəkkür Üzeyirin bizə xidmətlərinə,
Xalqa göstərdiyi ol səhnəyi-ibrətlərinə! -
     -deyə zövqsüz və sönük həcvlər yazır, sənətin qadirliyini sənətkarın pulgirliyi ilə yozur:
Səhnə məktəbmidir, ya cib sovuran bir gənədir?
Bəstəkar isə uşaqdır da, camaat nənədir.
Ki, əmər ciblərini, baxmayıb halətlərinə?
Necə şükr eyləməyək bir belə xidmətlərinə?!
     «Tuti»nin başqa bir nömrəsində:
«Məşədi İbad», «Xosrovu Şirin» ilə «Arşm mal alan»,
«Leyli Məcnun», «Şah Abbas», nə bilim, bir də filan.
«Əsli ilə Kərəm» heç də çıxarmı yaddan...
Dərk edər cümlə xəlayiq ədəbi bunlardan!
     Başqa bir nömrədə:
Opera dəstəsi, «Tuti», yenə bayram edəcək,
Milləti başqa miləl içrə nikunam edəcək?
     Görəsən, ustabaşı (Üzeyir Hacıbəyov nəzərdə tutulur.)
Tazəcə toylar yapacaq,
Zuma, dunbul çalacaq, xalqı «ora» ram edəcək?..
     Yenə başqa bir nömrədə:
Olacaq həftəbaşı bir opera xalqa əyan,
«Leyli Məcnun» və «Ər və arvad», ya da «Arşm mal alan»,
Nə bilim, «Əsli Kərəm», «Məşədi», ya ki, filan...
Əlqərəz, ol opera eyləyəcək həşri əyan,
Yaşasın böylə müsənnif, gəlib ad eyləməyə, Milləti-qəmzədənin könlünü şad eyləməyə...
     Mən bu istedadsız həcvləri, qrafomon şerlərini oxuyuram, bəzilərindən bu məqalədə istifadə edirəm və istər-istəməz, fikirləşirəm: bu gün bunları xatırlamağa, müasir oxucunu bunlarla tanış etməyə bir ehtiyac varmı?
     Bəli, var. «Bu şerlər» bu gün Üzeyir bəyi haqqında söylənən tərifli (və layiq) sözlərdən bəlkə də qat-qat artıq ucaldır. Bu «şerlər», onları yazdıran nadanlıq kin-küdurəti, ədavət, paxıllıq, yaltaqlıq, satqınlıq, müstəmləkəçi qubernatorlara, generallara, rəislərə qulluq göstərmək cəhdi indiki halda Üzeyir sənətinin və əməlinin hansı bir əhatədə, nə cürə böhtanlara qadir olan hansı bir müxalifatla üz-üzə dayandığı və effektli fəaliyyət göstərdiyi barədə yaxşı təsəvvür yaradır.
     Azərbaycan ədəbiyyatşünaslığında belə bir fikir vardır ki, misal üçün, «Tuti» jumalı «bütün məhdud və liberal cəhətlərinə baxmayaraq, Azərbaycan jumalistika tarixində özünəməxsus və nəzərə çarpacaq bir iz buraxmışdm).
     Biz bu fikirlə mübahisəyə girmək istəmirik, lakin həmin satirik jumalın Üzeyir Hacıbəyov yaradıcılığına, xüsusən, «Arşın mal alan» musiqili komediyasma münasibəti, Üzeyir Hacıbəyov şəxsiyyətinə əvvəldən axıra kimi təhqiramiz hücumu, elə bilirik ki, bu «özünəməxsus və nəzərə çarpacaq» izin üzərinə qatı nadanlıq və cəhalət kölgəsi salır.
     Azərbaycan milli musiqi sənətinin inkişafı, Üzeyir Hacıbəyov yaradıcılığmm müvəffəqiyyəti başqalarını da çox narahat edirdi və onlar hər vəchlə bu inkişafm, bu misilsiz uğurun əhəmiyyətini azaltmaq istəyirdilər. Misal üçün, 1915-ci ildə rus dilində nəşr edilən «Baku» qəzetində «A.-yan» imzalı birisinin yazısmda «Arşın mal alan»ın erməni dilində Voskanyan truppasmm ifasında «layiq olmadığı halda (!.) qeyri-adi müvəffəqiyyət qazandığı» göstərilirdi və xalis bir ürək ağrısı ilə yazılırdı ki, Hacıbəyovun operettaları 25 dəfə oynandığı halda, hər dəfə zal ağzına kimi dolu olur».
     Tamaşaçılar Hacıbəyov yaradıcılığına bu dərəcədə maraq göstərirdi, lakin əli qələmli «ziyalı» (nadan ziyalı!) bunun «qeyriadi müvəffəqiyyət» olduğunu etiraf etsə də, «Arşın mal alan»ın həmin müvəffəqiyyəti «layiq olmadığı halda» qazandığmı uydururdu...
     Yeri düşmüşkən qeyd edək ki, «həmin illərdə (söhbət əsrimizin onuncu illərindən gedir.) «Arşın mal alan» Tiflis, İrəvan, Bakı və hətta Aşqabadda böyük müvəffəqiyyət qazanmışdır».
     Bir əlamətdar cəhəti də qeyd etmək istəyirik ki, Üzeyir bəyə hücum edirdilər, onu ələ salmağa, lağa qoymağa çalışırdılar və eyni zamanda, Üzeyir bəyin istedadlı müasiri, görkəmli jurnalistimiz Hüseyn Minasazovun yazdığı kimi, «Onun gözəl əsərlərini utanmazcasına oğurlayırdılar, istedadsız şəkildə onu yamsılayırdılar». Buna görə də epiqonçuluq bəhrəsi olan, konyuktur məqsədlər güdən zəif operalar yağışdan sonrakı göbələk kimi çoxalırdı...
     Lakin bütün bu yazdıqlarımızdan belə bir nəticə çıxarmaq səhv olardı ki, Üzeyir sənətini və Vətəndaşlığını başa düşən, qiymətləndirən müasirləri yox idi. Əlbəttə, belə deyildi və əslində, Üzeyir sənətinin və Vətəndaşlığının gücü bir də onda idi ki, bu mütərəqqi sənətin və böyük Vətəndaşlığın arxasında mənəvi bir dayaq kimi, dövrün qabaqcıl təfəkkür sahiblərinin — görkəmli ədiblərin, naşirlərin, maarif xadimlərinin, ictimai, xadimlərin əqidə birliyi, məqsəd dostluğu dayanırdı.
     Üzeyir bəy tək deyildi, xalqı gələcəyə səsləyən (və aparan) siyasi-ictimai (və mənəvi) qüvvənin nümayəndəsi, Mirzə Cəlillərdən, Sabirlərdən, Nərimanovlardan, Ömər Faiqlərdən biri idi.
     «Molla Nəsrəddin» dərin bir iftixarla yazırdı: «Amerikanın Nyu-York şəhərində çıxan bir qəzet xəbər verir ki, Amerikanın teatrlarında da «Arşın mal alan» operettasını tezliklə oynamağa başlayıblar... Bən də bunu ərz edə bilərəm ki, altı aylıq səyahətimdə mən gördüm ki, Aşqabaddan tutmuş Daşkənddə, Orenburqda, Samara, Saritsin, Həştərxan, Petrovsk, Vladiqafqazda küçə və bazarda «Arşın mal alan»dan savayı özgə danışıq yoxdur...».
     Üzeyir yaradıcılığı yalnız Azərbaycanda deyil, başqa ölkələrdə, xüsusən, türkdilli xalqlar arasında da böyük vətəndaşlıq işi görürdü, lakin nadanlıq bu yerdə də, necə deyərlər, zəhərli dişlərini qıcıyırdı. Elə həmin «Tuti» 1917-ci ildə («Molla Nəsrəddin»dəki məqalə də həmin ildə yazılmışdı...) yazırdı: «Bununla bəradəran Hacıbəyovlara xəbər veririk ki, bu yanvar ayının 9-da müşari-ileyhdərin «Arşın mal alan» adlı əsərləri Aşqabadda Ələkbər Hüseynzadə tərəfindən 777 zərbət ilə didilmiş bir halda qətlə yetişdi. İcrayidəfn ayın 30-da olacaqdır. Allah biinsaf qatilə insaf, məqtulə rəhmət və Hacıbəyovlara da əcri xeyir kəramət eləsin. Amin!».

<< 1 / 2 / 3 / 4 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.08.2014) | Müəllif: R.C E W
Baxış: 349 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more