Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Bəstəkarın vətəndaş sözü-2

<< 1 / 2 / 3 / 4 >>


     Üzeyir bəyin qüdrətli bir publisist kimi yetişməsində, şübhəsiz ki, Azərbaycan, rus və fars ədəbiyyatı klassiklərinin yaradıcılığına dərindən bələd olması ilə bərabər, ümumiyyətlə, dünya ədəbiyyatını yaxşı bilməsi, hərtərəfli dünyagörüşünə malik olması versifikasiya səviyyəsində özünü qabarıq şəkildə büruzə verir.
     Azərbaycan üzeyirşünaslığı bir publisist-felyetonçu kimi, Üzeyir bəyin xalq yaradıcılığına, Azərbaycan folkloruna yaxınlığını (doğmalığını, məhrəmliyini!) qeyd edib, «sadə ifadə tərzi, el deyimlərinə geniş müraciət, lorusayaq danışıq leksikasından bolbol istifadə özünü qabarıq şəkildə göstərir»‘deyə Üzeyir bəy publisistikasının poetikasındakı səciyyəvi cəhətləri göstərib.
     Məzmun ilə formanın bir-birini tamamlaması, bir-biri ilə üzvi surətdə bağlı olması Üzeyir bəy publisistikasına xas olan bir cəhət idi, o ən kiçik yazısının belə, forma gözəlliyinə, orijinallığına xüsusi fikir verirdi və bir tənqidçi kimi yazdığı tənqidi əsərlərində bunu başqalarından da tələb edirdi.2
     Üzeyir bəyin publisistikasındakı forma axtarışları qabarıq şəkildə diqqəti cəlb edir, qələmə alınan mövzu bu publisistikada həmişə özünün uyğun formasını axtarır və Azərbaycan hacıbəyovşünaslığı bu cəhətdən də sərfnəzər etməyib3. Aşağıdakı formalar, istifadə edilən üsullar Üzeyir bəyin məqalələrinin, felyetonlarının siyasi-ictimai, eləcə də bədii-estetik təsir dairəsini genişləndirib, onu oxunaqlı və anlamlı edib: müsahibə, yuxu, mükalimə, lüğət, monoloq, dialoq, sual-cavab, xəbər, elan, hesab məsələləri, nağıl, rəvayət, deyinmə, parodiya, səhnəcik, qeybət, məlumat və s.
     Üzeyir Hacıbəyov çox kiçik bir detalı, epizodu bədii təxəyyülün ifadəçisinə çevirirdi və bu zaman həmin kiçik detal, epizod, ştrix gözlənilmədən son dərəcə ciddi ictimai problemlər qaldırırdı. «Kənd məktəbində» adlı kiçik bir səhnəcik bu baxımdan Üzeyir bəyin publisistikası üçün çox səciyyəvidir. Həmin səhnəcik bundan ibarətdir:
     «Müəllim (şagirdə): Atan var?
     Şagird: Var.
     Müəllim: Anan var?
     Şagird: Var.
     Müəllim: Neçə qardaşsınız?
     Şagird: Üç.
     Müəllim: Neçə bacın var?
     Şagird: Beş.
     Müəllim: İndi hesab elə gör sizin evdə neçə adam var?
     Şagird (bir qədər fikirdən sonra): Mirzə, on bir adam.
     Müəllim: Neçin on bir olsun? Bu ki, on eyləyir.
     Şagird (utana-utana): Mirzə, axı, dədəmin iki arvadı var...».
     Bu sadə sözlərin, bu gülməli dialoqun arxasında nə qədər dəruni bir kədər dayanır... Bu kiçicik epizod nə qədər böyük ictimai-əxlaqi problem qaldırır... Bir tərəfdən xalqın əlini-qolunu bağlayan çarizm müstəmləkəçiliyi siyasəti, milli və sinfi istismar, güzəranın ağırlığı, bir tərəfdən də belə bir məişət naqisliyi...
     Professor Abdulla Abbasov Üzeyir Hacıbəyovun ədəbi-bədii yaradıcılığına həsr olunmuş monoqrafiyasında yazır ki, «belə quruluşlu (söhbət Üzeyir bəyin dramatik quruluşlu felyetonlarından gedir.) əsərlər müəllifin sonrakı yaradıcılığına, xüsusilə, dramaturgiyasına olduqca müsbət təsir göstərmişdir».
     Bu, doğru müşahidədir və Üzeyir Hacıbəyovun nəinki dramatik quruluşlu felyetonları, ümumiyyətlə, bütün publisistikası gələcəkdə onun bir dramaturq kimi yetişməsində, «Ər və arvad», «Arşın mal alan», «0 olmasın, bu olsun» pyeslərinin müəllifi kimi Mirzə Fətəli Axundov ədəbi məktəbinin ən görkəmli nümayəndələrindən birinə çevrilməsində böyük rol oynamışdır.
     Biz burasını da demək istərdik ki, Üzeyir Hacıbəyovun parlaq musiqisindəki Koroğlu Vətəndaşlığı da, əslində, onun publisistikasında bərkiyən əzəmətli köklərin üzərində ucalmışdır.
     Jurnalist-yazıçı Hacıbəyovu, dramaturq Hacıbəyovu, bəstəkar Hacıbəyovu səciyyələndirən bircə söz lazım olsaydı, biz deyərdik: Vətəndaş Hacıbəyov.
     Üzeyir bəyi oxuyursan, onu dinləyirsən, on dəfə oxuyursan, dialoqları əzbər bilirsən, yüz dəfə dinləyirsən, melodiyalar hafizənə həkk olub qalır, lakin bu qədər tanış yaradıcılığın özündə səni hər dəfə yeni-yeni kəşflər gözləyir.
     Bunun səbəbi nədir?
     Əlbəttə, İstedad.
     Və əlbəttə, xalqa bağlılıq, xalqın ürəyindən xəbər vermək.

2.


     Üzeyir Hacıbəyov əsrin əvvəllərindən etibarən publisistik yaradıcılığa başlamışdı, Qori seminariyasını bitirmiş cavan bir oğlan idi və həmin dövrdən təxminən qırx il keçəcəkdi, 1944-cü ildə Üzeyir bəy «Azərbaycan xalq musiqisinin əsasları» monoqrafiyasmın «İlk söz»ündə yazacaqdı: «Azərbaycan xalq musiqi incəsənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar (mən operamı («Koroğlu» operası nəzərdə tutulur.) yazarkən bunlara riayət etmişəm) nəinki mənim yaradıcılıq arzumu boğdu, əksinə, bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi»
     Burada böyük, zəngin bir həyat yolu keçmiş sənətkarın söylədiyi fikir bizim üçün daha vüsətli görünür və biz bu f ikri eyni dərəcədə Üzeyir bəyin publisistikasına da, bütün ədəbi-bədii yaradıcılığına da şamil edirik, həmin «ciddi qanun-qaydalar»ı xalqın mütərəqqi milli və ədəbi ənənələri kimi, xalqın ruhu, psixologiyası, arzusu kimi mənalandırırıq, xalqa bağlılığın və sonsuz bir məhəbbətin doğurduğu məsuliyyət kimi qiymətləndiririk.
     O bağlılıq, o məhəbbət həmişə, bütün ömrü boyu Üzeyir bəylə birgə olmuşdur, ona cəsarət vermiş, mübarizə əzmini artırmışdır.
     Üzeyir Hacıbəyov yazırdı: «Azərbaycan xalqı məni onun qəhrəmanlıqla dolu olan işlərini musiqi əsərlərində göstərməyə ruhlandırırdı» .
     Biz bu sözlərə də, eyni ilə onun publisistikasınıməqalə və felyetonlarını səciyyələndirən bir cəhət kimi baxırıq və burada heç bir paradoks yoxdur, hər şey öz dialektik ardıcıllığındadır. Əlbəttə, Üzeyir bəy felyetonlarında, satirik əsərlərində Azərbaycan xalqının «qəhrəmanlıqla dolu olan işlərini» göstərmirdi, lakin xalqın bu xüsusiyyəti, keçmişinin şanlı səhifələri onu həmin xalqın rifahı naminə mübarizəyə ruhlandırırdı, dəruni bir inamla xalqının qəhrəmanlığına, qadirliyinə inandığı üçün gülə bilirdi.
     Əsrin əvvəllərində Azərbaycanda savadlı, yəni yazılanları bilavasitə oxuyan bir o qədər də çox deyildi, lakin buna baxmayaraq, bir yazıçı-jumalist kimi, Üzeyir bəyin əsas müsahibi, onun nəzərdə tutduğu əsas oxucu kütləsi məhz xalq idi və o xalqla xalqın anlayacağı bir dillə danışırdı. Bu cəhət Üzeyir Hacıbəyov estetikasının əsas prinsiplərindən biri olmuş və janrından asılı olmayaraq bütün yaradıcılığını səciyyələndirmişdir.
     «Musiqidə tərcümə» məqaləsində oxuyuruq: «İnsan anlamadığı bir dili eşidərkən, bir növ, sıxıntı çəkdiyi kimi, məcazi bir lisan hökmündə olan musiqini dəxi anlamadıqda əsəbi bir hala düşür» .
     Üzeyir bəyin musiqi dili də, bədii-publisist dili də xalqın doğma dili idi, burada «məcazi bir lisan hökmündə olan» heç bir şey yox idi, həmin anlamalı dilin təlqin və tələb etdiyi mətləblər də tamam aydın və dəqiq idi.
     Üzeyir Hacıbəyovun ən layiqli şagirdlərindən biri, unudulmaz Fikrət Əmirov xatırlayır ki, Üzeyir bəy deyərdi: «Musiqini elə yazmaq lazımdır ki, xalq başa düşsün» .
     Bu, dəfələrlə deyilmiş məlum bir fikirdir və söyləmək, necə deyərlər, asandır, lakin sənətin gücü ilə buna əməl etmək çox çətindir. Biz belə hadisələrin az şahidi olmamışıq ki, «xalq başa düşməlidir» sözləri bir doqmatik şüara çevrilib və əslində, primitivliyi, istedadsızlığı ört-basdır etməyi ilə bağlı olub. Lakin bütün istedadlı şəxslər, bütün sənətkarlar kimi, Üzeyir bəyin də «elə yazmaq lazımdır ki, xalq başa düşsün» prinsipi, əslində, daha görümlü siyasi-ictimai və bədii-estetik vüsətə, daha dərin sosial-psixoloji qatları təhlil və tədqiq etməyə bir çağırış idi və onun da qələminin gücü, istedadının qadirliyi, vətəndaşlığının mətinliyi bunda idi ki, bu çağırış çağırış olaraq da qalmırdı, onun yaradıcılığı həmin çağırışı doğuran prinsipi publisistikaya, bədiiyyata tətbiq etməyin parlaq nümunəsi idi.
     Üzeyir Hacıbəyovun iddiası ilə imkanı arasında üzvi bir vəhdət var idi və yaxşı cəhətdir ki, Azərbaycan hacıbəyovşünaslığı bu məsələni gözdən qaçırmayıb, «Üzeyir Hacıbəyov və xalq» mövzusunu təbii qanunauyğunluğu ilə diqqət mərkəzinə çəkib.
     Hələ iyirmi beş il bundan əvvəl mərhum professor Əli Sultanlı yazırdı: «Öz məqalələrində xalqın taleyi ilə yaşayan jumalist (Üzeyir Hacıbəyov.) daim xalq adından çıxış edir, felyetonlarında xalqın düşmənlərini və çar istibdadını ifşa ilə mollanəsrəddinçilərlə çiyin-çiyinə gedir, musiqi və dramaturji fəaliyyəti ilə M.F.Axundov və C.Məmmədquluzadənin demokratik və realist yaradıcılıq yoluna düşür»‘.
     Professorun işlətdiyi bir ifadə, xüsusilə, bizim ürəyimizə yatır: «xalqın taleyi ilə yaşayan Üzeyir Hacıbəyov!» Çünki bu gün biz bu böyük sənətkarın publisistikasını oxuduqca, musiqisini dinlədikcə, opera və operettalarına tamaşa etdikcə, dönə-dönə şahid oluruq ki, yaşanmış ömür, çəkilmiş zəhmət yalnız və yalnız xalqa məxsus olub; bunun şahidi oluruq, bunu düşünürük və istəristəməz, beynimizdə bir «Sənsiz» səslənir, o «sənsiz»lik əhvaliruhiyyəsi bizi bürüyür və bizə elə gəlir ki, «Sənsiz»i oxuyan Bülbül deyil, bütöv bir xalqdır, bizə elə gəlir ki, bu məqamlarda «sənsiz»lik xalqın Üzeyirsizliyidir...
     Lakin biz hissə qapılmayaq və yenə də bu böyük yaradıcılıq yolunun başlanğıcına qayıdaq. Hadrutun qocaman sakinləri xatırlayırlar ki, Qori seminariyasını qurtarıb onların kəndində rus dili müəllimi işləyən Üzeyir bəy «xalq istedadları ilə ünsiyyət saxlayır, toy və yas məclislərində iştirak edir, burada oxunan, danışılan xalq yaradıcılığı nümunələri ilə dərindən maraqlanardı».
     Əlbəttə, belə bir maraq çox təbii idi, Üzeyir Hacıbəyovun istedadı ilə Azərbaycan xalqı (və deməli, Azərbaycan folkloru!) arasında ən sıx bir bağlılıq var idi, onun felyetonlarının, kiçicik komediyalannın, miniatürlərinin şirəsi folklordan axıb gəlirdi, surətləri son dərəcə koloritli idi və həmin folklora bağlılıq, həmin kolorit onun satirasının ictimai məzmununu daha artıq təsirli və kəsərli edirdi.
     «Müalicə» adlı kiçik bir komediya-felyetonunda «əhli-məclis» cəmi iki surətdən ibarətdir: «Məşədi Millətçoxdan bəri azarlamış bir kişidir. Mirzə Mücahidhəkimdir, özü də and içir ki, bütün təbabət elmini su kimi içibdir».
     Məşədi Millət: «Vay azara düşən canım, vay, davasız dərdə giriftar olan bədənim, vay, vay!»deyə dad eləyir, dərdinə əlac istəyir. Mirzə Mücahid isə dövrünün tipik yalançı «millət qəhrəmanı» kimi, boş-boş suallar verib xəstənin xalqın söylədiyi dərdlərin hamısını bir-bir təsdiq edə-edə axırda Məşədi Millətin pulunu mənimsəyib: «Azarlının yanında həkimin çox oturmağı yaxşı deyil. Gedirəm, xudahafiz. Amma heç qorxma, bir neçə gündən sonra ayağa durarsan» deyə ürək-dirək verir və gedir. Əlbəttə, Məşədi Millət xəstəlik əlindən yenə də dad edir, imdad istəyir: «Ay, başım töküldü, ay, qamım çatladı, ay, qıçlarım sındı, ay, gözlərim çıxdı, ay, beynim bumumdan gəldi, ay, vay, haray, həkim, həkim, həkim!!».
     Bu parlaq felyetonun aşıladığı fikir, ümumiyyətlə, yalnız Hacıbəyovun deyil, bütün qabaqcıl qələm sahiblərimizin mirzə cəlillərin, sabirlərin, faiqlərin yaradıcılığının daim başa saldığı, təlqin etdiyi əsas fikirlərdən biri idi: nə qədər ki, xalqın adından, hörmətindən, inamından sui-istifadə edənlər Mirzə Mücahid kimi həkimlik iddiasındadır və ən başlıcası isə həkim kimi qəbul da olunurlar, o zaman xəstəlik, yəni milli hüquqsuzluq, gerilik, cəhalət gec sağalacaq, əgər sağalacaqsa!.. mirzə mücahidlər tanınmalıdır və onların iddiaları ilə imkanları arasındakı gülünc (və eyni zamanda, acı!) təzadı xalq görməlidir, dərk etməlidir.
     Məhz belə bir ictimai vüsət, ümumiləşdirmə bacarığı, bədiiliklə siyasiliyin məhz belə bir dialektik vəhdəti Üzeyir Hacıbəyov publisistikasındakı xalqa bağlılığı, milli koloriti ekzotik ornamentçilik rolunu oynamağa, məhdud, əyalətçi mahiyyətə varmağa qoymur, əksinə, onun təsir dairəsini, problematikasının əhatəliyini və əhəmiyyətini qat-qat artırır, ona bəşəri səciyyə verir.
     Məhz öz doğma xalqına bu dərəcədə bağlı olduğu üçün, öz xalqını sevdiyi üçün, öz xalqının azadlıq mübarizəsində, mədənimənəvi tərəqqi prosesində şəxsi mənafeyi bahasına aktiv surətdə iştirak etməyə həyatının müqəddəs məqsədi kimi baxdığı üçün, jurnalist Üzeyir Hacıbəyov başqa xalqların da milli-mənəvi iztirablarını duyur və yeri düşdükcə publisistikasında effektli şəkildə bu mövzuya toxunurdu.
     Misal üçün, «Gələcək Avropa konfransı» adlı felyetonunda İngiltərə, Fransa, Almaniya, Rusiya, Avstriya, Yaponiya kimi XX əsrin əvvəlinin müstəmləkəçi dövlətləri dünyanın digər ölkələri, dənizləri, boğazları, körfəzləri, maddi-texniki sərvətləri yığılmış tərəzinin gözlərini hərə özünə tərəf çəkir, hərə öz payının acgözlüyündədir: «...biz tez paylaşaq ki, məsələ həll olsun. Daha vaxtımızı zay etməyək, onsuz da, «kulturnı» işimiz çoxdur»‘.
     Vaxtilə, Qara Qarayev yazırdı: «Üzeyir Hacıbəyov həyatının son günlərinədək xalqdan ayrılmamışdır».
     Belə bir ayrılıq, sadəcə olaraq, mümkün deyildi.

3.


     Üzeyir Hacıbəyovun məqalələrinin, felyetonlarının, hətta kiçik miniatürlərinin belə, mövzularından asılı olmayaraq, qaldırdıqları problemlərin müxtəlifliyinə baxmayaraq, çarizm müstəmləkəçiliyinə qarşı ehtiraslı daxili üsyan, milli azadlıq təəssübkeşliyi bir küll halında bu publisistikada ana xətt təşkil edirdi və məhz həmin ana xətt adi bir Qarabağ kəndlisinin məişətindən bəhs edən, yaxud cahil bir mollanın nadanlığını göstərən yazılarla stolıpinlərin, purişkeviçlərin, lyaxovların hakim şovinistçilik əhvali-ruhiyyəsindən, siyasi, ictimai və əxlaqi görüşlərinin müstəmləkəçi mahiyyətindən bəhs edən yazılar arasında dialektik bir vəhdət yaradır.
     Əlbəttə, çarizm müstəmləkəçiliyi bunu görürdü və Üzeyir bəy publisistikasının qorxulu effektini qiymətləndirməyi bacarırdı, onu təqib edirdi, evində, hətta yaşadığı mehmanxanada axtarışlar aparırdı, iş bəzən o yerə çatırdı ki, bircə felyetonuna görə bütöv bir qəzetin nəşrini qadağan edirdi (o bir felyetonun təsirinə bax!).
     Mirabbas Aslanov maraqlı bir məqaləsində Üzeyir Hacıbəyovun 1908-ci ilin yayında «İrşad» qəzetində «Filankəs» imzası ilə çap etdirdiyi «Nağıl» felyetonunun rəsmi müstəmləkəçi dairələrdə doğurduğu böyük narahatlıq barədə yaxşı təsəvvür yaradan yeni sənədlərlə bizi tanış edir. Məlum olur ki, həmin felyeton dərc olunan kimi, Bakı qubemiya jandarm idarəsinin rəisi, general-mayor Kazintsev onu təcili olaraq rus dilinə tərcümə etdirir və Peterburq polis departamentinə göndərir. Əlbəttə, çarizm müstəmləkəçiliyi dərhal tədbir görür: Bakı qradonaçalniki, general-mayor Yermolov «İrşad» qəzetinin nəşrinin dayandırılması barədə əmr verir .
     Mən bu sətirləri yazıram və düşünürəm: zəmanələrinin qolugüclüləri olan kazintsevlərin, yermolovların, cürbəcür qradonaçalniklərin, rəislərin adları bu gün yalnız ona görə çəkilir ki, Üzeyir bəyin bircə felyetonunu oxuyub qorxuya düşüblər... Düzdür, kazintsevlər, yermolovlar qoluzorlu olublar, onlar sahibi-ixtiyar olublar, adi bir əmrlə xalqın bütöv bir qəzetinin nəşrini dayandırmaq səlahiyyətləri olub, lakin eyni zamanda, bu gün (elə öz vaxtlarında da!) onlar Üzeyir Hacıbəyov yaradıcılığının və fəaliyyətinin fonunda, Üzeyir Hacıbəyov şəxsiyyətinin işığında nə qədər miskin, cılız, hətta yazıq görünürlər...
     Müxtəlif epoxalarda, müxtəlif cəmiyyətlərdə, quruluşlarda tarixin təcrübəsi yaxşı sübut edib: fironların, konsulların, diktatorların, şahənşahların, imperatorların, ömürlük dövlət başçılarının heç bir əmri (çarmıxlardan, dar ağaclarından, top lülələrindən, arxadan sancılan bıçaqlardan tutmuş qəzetlərin, məktəblərin bağlanmasınacan!) azadlıq uğrunda, milli tərəqqi uğrunda mübarizəni dayandıra bilməyib; düzdür, biz bu sözləri çox yazmış və oxumuşuq, çox demiş və eşitmişik, bu, adi bir həqiqətə çevrilib, lakin hər dəfə bu «adi həqiqət» barədə düşünəndə insanın təbiətinə qeyri-adi bir ruh yüksəkliyi hakim kəsilir...
     Çarizm min bir əzab-əziyyətdən, illərin süründürməçiliyindən sonra güc-bəla ilə nəşrinə icazə verdiyi qəzetləri kiçicik bir bəhanə ilə bircə günün içində bağlayırdı, min bir hiyləgərliklə, fitnə-fəsadla, yüz illərin müstəmləkəçilik təcrübəsi ilə Vətəndaş əməllərinin və arzularının qarşısına sədd çəkmək istəyirdi, böhtanlara, terrora, şantaja, millətlər arasında qırğına əl atırdı, cəhaləti, nadanlığı, avamlığı milli azadlıq və tərəqqi mübarizəsinə qarşı ayağa qaldırırdı, lakin nəticə etibarilə heç nə edə bilmirdi: mirzə cəlillər, sabirlər, nərimanovlar, hacıbəyovlar yazır və fəaliyyət göstərirdilər.
     Üzeyir bəyin bir ədib kimi qələmi əlinə aldığı dövrdən etibarən, apardığı vətəndaş mübarizəsinin vüsətinə vardıqca, həmin mübarizədəki cəsarət barədə fikirləşdikcə, doğrusu, heyrətlənməmək mümkün deyil. Cürbəcür avamlardan, yalançı «millət qəhrəmanları»ndan, qoçulardan, fanatik ruhanilərdən, satqınlardan ibarət şəfibəylərlə, hacı dilmanlarla, məşədi qaralarla, şeyx fəzlullahlarla, mirzə mücahidlərlə, mir haşımlarla bir yerdə, P.A.Stolıpin, K.P.Pobedonostsev, V.M.Purişkeviç, eləcə də Məmmədəli şah kimi, dövrün ən səlahiyyətli və güclü adamlarımüstəmləkəçilər, müstəbidlər, irtica ideoloqları da Üzeyir Hacıbəyov felyetonlarının, öldürücü satirasının qəhrəmanları idi.
     P.A.Stolıpin (18621911) irticasının ən qızğın bir vaxtında, 1907-ci ildə cavan jurnalist, «Suallar və suallara da cavablar» adlı felyetonunda «Dünyada hamıdan çox hürriyyətpərvər və azadlığı sevən adam kimdir?» sualına nifrət dolu bir sarkazmla: «Rusiyanın baş naziri Stolıpin və onun yoldaşlarıdır. Çünki bunların bütün əlləşib-vuruşduqları odur ki, millət onların işinə qarışmayıb, azadə dolanıb, bildiklərini eləməyə xələl yetirməsinlən) deyə cavab verirdi.
     «Stolıpinin xəyalı» adlı digər məşhur kiçik satirasında Üzeyir bəy bir tərəfdən Stolıpin psixologiyasını, siyasətini açırdısa, stolıpinçiliyin üzərindəki pərdəni qaldırıb onu çılpaq göstərirdisə, digər tərəfdən də cahil ruhaniçiliyin xalqın istək və arzularına yabançı mahiyyətini, antipatriotluğunu, geriçiliyini göstərirdi. Stolıpin şirin (eyni zamanda, real!) xəyallar aləmindədir: «...bu səfər elə kələklər gələrəm ki, Dumanın üzvləri hamısı olar keşiş, molla, ravin, mahrasa və bu cürə adamlar. Sonra günlərin bir günü onlara deyərəm ki, bax, lotular, bilirsiniz nə var? Siz hamınız ruhanilərdənsiniz, ruhanilərin də borcudur ki, həmişə «sağ» olub hökumətə «Əl mənim, ətək sənin»desinlər. Ona görə hər kəs sizdən «sol» olsa, vurub çıxardacağam bayıra! Əlbəttə, ruhani üzvləri heç biri özünü kələyə salıb «sol» olmayacaqdır. Bir də baxıb görəcəyəm ki, Dumanın hamısı olub «sağ» .
     Bu satira bu günün özündə də çox təsir edir, adamı ələ alır, lakin bir anlıq təsəvvürümüzdə həmin satiraların yazıldığı dövrəəsrin əvvəllərinə qayıdaq, özümüzü həmin şəraitdə hiss edək:
     Pyotr Arkadyeviç Stolıpin böyük bir məmləkətin baş naziri və eyni zamanda daxili işlər naziridir, qılıncının, necə deyərlər, dalı da kəsir, qabağı da, bu qatı müstəmləkəçinin, irticaçının adı belə çəkiləndə qolugüclü, ixtiyar sahibi qubematorların, naçalniklərin, generalların canına vəlvələ düşür və iyirmi iki yaşlı gənc bir jurnalist məhz həmin adamı mətbuat səhifəsində öldürücü gülüş hədəfinə çevirir...
     Gərək öz xalqını nə qədər dərin bir məhəbbətlə sevəsən, gərək nə dərəcədə böyük vətəndaş qayələri ilə yaşayasan ki, beləcə yalın əllə səndən təsəvvür edilməyəcək dərəcədə güclü olan bir qüvvəyə zərbə endirəsən. Gərək öz şəxsi taleyini nə dərəcədə möhkəm tellərlə öz xalqının taleyinə bağlamış olasan ki, ümuminin mənafeyi naminə bütün şəxsi perspektivlərin üzərindən qələm çəkib bu satiraları yazasan.
     Elə həmin «Suallar və suallara da cavablar» felyetonunda müəllif soruşur: «Rusiyada hamıdan artıq sair tayfaların yaxşılığını arzu eləyən kim idi?» və belə cavab verir: «Pobedonostsev adında» bir nəfər.
     Konstantin Petroviç Pobedonostsev (18271907) çar Rusiyasının qatı irticaçı dövlət xadimlərindən, çar müstəmləkəçilik siyasəti liderlərindən biri, Sinodun ober-prokuroru idi, başqa xalqların qəddar düşməni kimi ad çıxarmışdı, imperator II Nikolayın (və vaxtilə onun atası III Aleksandrın) üzərində böyük təsir gücünə malik idi (Lev Tolstoyu məhz həmin təsirin nəticəsində təqib edirdilər) və... və eyni zamanda, Üzeyir Hacıbəyov felyetonunun qəhrəmanı idi.
     Lakin dərd burasında idi ki, bəzən nadanlığın, cahilliyin psixologiyası, milli mühitdəki bəzi təbəqələrin düşüncə tərzi (və əməli!), istər-istəməz, nəticə etibarilə məhz stolıpinlərin, pobedonostsevlərin, purişkeviçlərin dəyirmanına su tökürdü. Bu mənada, Üzeyir bəyin 1910-cu ildə yazdığı «Purişkeviç və Hacı Xudu» adlı parlaq satirası, bizcə, məhz vətəndaşlıq baxımından XX əsr Azərbaycan publisistikasının ən dəyərli və kamil nümunələrindən biridir.
     Vladimir Mitrofanoviç Purişkeviç (18701920) çar Rusiyasının nüfuzlu və ən şovinist ovqatlı xadimlərindən biri, müstəmləkəçilik siyasətinin ideoloqu idi. Son dərəcə mürtəce «Rus xalqının ittifaqı»nın (1905) və bir az sonra «Mixail Arxangel ittifaqı»nın (1908) yaradılmasında mühüm rol oynamışdı, həmin ittifaqlara rəhbərlik edirdi. Bu qatı şovinist Romanovlar monarxiyasının rifahı naminə Q.Rasputini öldürənlərdən biri idi .
     Üzeyir bəy hələ 1907-ci ildə birpərdəli komediya formasında yazdığı «Hökumət və Duma» adlı felyetonunda hökumətin: «Hə, qoçum Purişkeviç!» deyə irəli çəkdiyi və Dumanın: «-Provakator oğlu, provakator!.. Rədd ol, sürük burdan, xuliqan belindən gəlmiş! İtil!» deyə qovduğu Purişkeviçin surətini yaratmışdı, lakin həmin surət epizodik rol oynayırdı. 1910-cu ildə yazılmış «Purişkeviç və Hacı Xudu» felyetonu isə bir tərəfdən purişkeviçliyin mahiyyətini açır, digər tərəfdən də nadan hacı xuduların, istər-istəməz, purişkeviçliyin dayağı olduğunu göstərirdi və burada aparılan paralel, Purişkeviç ilə Hacı Xudu arasındakı xəyali dialoq dövrün siyasi-ictimai dərdlərinin yüksək bədii-publisistik ifadəsi idi.
     Günlərin bir günü Purişkeviç Peterburqda, Hacı Xudu da «öz evində» yatıb bir-birlərini yuxuda görürlər. Əlbəttə, Hacı Purişkeviç barədə çox eşidib, Hacıya belə tanıdıblar ki, guya Purişkeviç Azərbaycan xalqının düşmənidir, bədxahdır və Hacı bütün bunları Purişkeviçə söyləyəndə belə şərtləşirlər ki, Purişkeviç «müsəlmanlarla» bağlı fikirlərini söyləsin, Hacı da özü baxıb görsün ki, o düşməndir, yoxsa yox.
     Purişkeviç istəmir ki, xalqımızın qəzeti olsun. Əlbəttə, Hacı Xudu da bunu istəmir və Purişkeviçlə şərikdi: «Qəzet bizim şəriətimizdə haramdır». Purişkeviç istəmir ki, xalqımızın teatrı olsun, Hacı da istəmir: «Teatr şəriətimizdə haramdır». Purişkeviç istəmir ki, bizim xalqımızda «musiqi çalmaq, şer yazmaq və şəkil çəkmək işləri tərəqqi etsin». Hacı da istəmir: «Onlar hamısı şəriətdə haramdır». Purişkeviç istəmir ki, xalqımızın balaları «nemes dili, firəng dili, hesab, coğrafiya, hikmət, fəlsəfə, kimya, tarixi-təbiət, tarixi-bəşər, həndəsə, müsəllasat və bu cür şeyləri bilsinlər». Hacı Xudu da istəmir: «Bu cür şeylərin hamısı küfrdür». Purişkeviç istəmir ki, bizdə «üsuli-cədid məktəbləri olsun». Hacı da bunu istəmir: «O cür məktəblər hamısı bicxana yığıncağıdır». Purişkeviç istəyir ki, bizdəki məktəblərin hamısı ruhani məktəbləri olsun. Əlbəttə, Hacı da bunu istəyir. Purişkeviç belə bir şərt qoyur ki, həmin məktəblərdə şəriətdən başqa heç bir elm oxunmasın. Bizim bədbəxt Hacı Xudu Purişkeviçin bu şərtindən o qədər vəcdə gəlir ki, qulaqlarına inanmır:
     «H a c ı. Doğrudan deyirsən, yoxsa zarafat eləyirsən?
     Purişkeviç . Xeyr, doğrudan deyirəm.
     H a c ı (şad və xürrəm). Əlini mənə! (Ürəyində) Zərər yoxdur, sonra əlimi suya çəkərəm (əlbəttə, Hacı mömin müsəlmandı, Purişkeviç isə xaçpərəstdi və Hacı Xudu murdar olmasın deyə, əlini suya çəkməlidi!.). Hər kəs sənə pis deyir, onun özü pisdir (yəni mirzə cəlillər, sabirlər, nərimanovlar, faiqlər, Üzeyir bəyin özü pisdir!.). Bu canım üçün, hərçəndi sən urussan, amma bir çox müsəlmanlardan daha müsəlmansan (ay bədbəxt Hacı, özün onda nə üçün bəs əlini suya çəkmək istəyirsən?.). Təki müsəlmanların sənin kimi bədxahları çox ola.
     Purişkeviç. Arxayın ol, mənim kimilər çox-çoxdur. Amma təki müsəlmanların çoxu sənin kimi ola.
     H a c ı. Arxayın ol, mənim kimilər çox-çoxdur!
     Purişkeviç. Bəs yerdə qalanlar?
     H a c ı. Yerdə qalanların hamısı babılardır.
     Purişkeviç. Bizim də yerdə qalanlann hamısı cuhuddur».
     Sonra özünə beləcə sadiq bir müttəffiq tapmış Vladimir Mitrofanoviç də, bizim bədbəxt Hacı Xudu da yuxudan oyanır və Üzeyir bəy felyetonunu belə bir cümlə ilə tamamlayır: «İndi bir adam lazımdır ki, bunların ikisinin də yuxusunu yoza...»
     Biz ona görə bu felyetonun üzərində bu qədər ətraflı dayandıq ki, burada cəhalət ilə, avamlıq ilə irtica arasındakı mənəvi ittifaq özünün parlaq və cəsarətli bədii əksini tapmışdır. Hacının sidq ürəkdən Purişkeviçə dediyi sözlər: «Hər kəs sənə pis deyir, onun özü pisdir!» əslində, yuxarıda qeyd etdiyimiz kimi, Vətəndaşlığın ünvanınadır.
     Biz Hacı Xudunu «bədbəxt» adlandırdıq, lakin ona görə yox ki, dilsiz-ağızsızdır, əfəldir, fərsizdir, ona görə ki, boğaza qədər cahillik və nadanlıq girdabına batıb və onu xilas etmək çox çətin işdir. Hacı heç vəchlə sakit, passiv adam deyil, əksinə, çox aktiv surətdə ictimai həyata müdaxilə edən bir nadandır, üzeyirlərə hücum çəkən qorxulu və real bir qüvvədir.
     Üzeyir Hacıbəyov bir tərəfdən purişkeviçlərə və onların əlaltılarına qarşı mübarizə aparırdısa, digər tərəfdən də hacı xudulara qarşı mübarizə aparmaq məcburiyyətində idi. Purişkeviçlər və onların əlaltıları Üzeyir Hacıbəyovu (və üzeyir hacıbəyovları!) xalqını sevən, xalqın azadlığı və inkişafı naminə hər şeyə hazır olan qorxulu bir rəqib, bir Vətəndaş kimi təqib edirdi.
     Düzdür, stolıpinlərin, pobedonostsevlərin, purişkeviçlərin müstəmləkəçilik siyasətini Azərbaycanda həyata keçirən qubernatorlar («Peyğəmbər» felyetonunda olduğu kimi), pristavlar («Pristav və arvadı» felyetonunda olduğu kimi), rəislər, generallar rüşvətxor idilər, əyyaş idilər və rüşvət alıb hər şeyə göz yumurdular, lakin həmin rüşvətxorluqla, əyyaşlıqla bərabər, onlar, eyni zamanda, mahir funksionerlər idi, hacı xuduluq psixologiyasından öz siyasətlərinin mənafeyi naminə, xalqın əleyhinə maksimum dərəcədə istifadə edirdilər. Bu qubematorlar, rəislər, generallar rüşvət alıb soyğunçuluğun, əxlaqsızlığm, hətta qatilliyin üzərindən asanca sükutla keçirdi, lakin kiçicik bir milli özünütanıma, özünüifadə, özünütəsdiq cəhdinin üzərindən heç vəchlə keçmirdilər (tarixən həmişə belə olub!) və bu məqamda məhz hacı xuduluq psixologiyasının təbliği üçün əllərindən gələni əsirgəmirdilər.
     Xalqı soyub talan etməkdə, onun mənəvi inkişafmm qarşısmı almaqda çar müstəmləkəçiliyinə xidmət göstərən, bu müstəmləkəçiliyin möhkəmlənməyi, necə deyərlər, bərqərar olmağı hesabına vəzifələrə can atan azərbaycanlılar da Üzeyir bəyin ürək ağrısı ilə yazdığı felyetonlarda olduqları kimi iyrənc görünürdülər və həmin «millət nümayəndəliyini» qələmlə soyundurub çılpaq şəkildə oxuculara təqdim etmək, heç şübhəsiz ki, böyük təsir gücünə malik idi.
     Hələ 1906-cı ildə yazılmış «Fətəlibəyova açıq məktub» felyetonu bu baxımdan çox səciyyəvidir. Şəfibəy Fətəlibəyov Cavanşir «uyezdinin» pristavı idi, lakin Üzeyir qələminin qüdrəti onda idi ki, «Açıq məktub» yalnız konkret olaraq bir pristava yox, ümumiyyətlə, fətəlibəyovçuluğa qarşı yazılmışdı: «Bu günlərdə Sizin başmızm sahibi və naçalnikiniz Pivovarov həzrətlərinə xoş gəlmək üçün təqsirsiz və günahsız müsəlmanlara rəva gördüyünüz zülm və sitəmin «şöhrəti» bütün afaqə əyan olduğundan, biz də ondan xəbərdar olub «şadiman, məsərrətə nail olduq». Bundan sonra Siz bizim «mədari-iftixarımız» oldunuz»‘.
     Üzeyir bəy belə bir sarkazm ilə fətəlibəyovların satqınlığını, «namaz qılan və oruc tutan pristavların» riyakarlığını göstərir və daha sonra yazırdı: «Qafqazda tamam 25 il pristavlıqda qalmağınızdan rəncidəxatir olmayınız, öz qulluğunuzda davam edin, öldürün müsəlmanları, dağıdın ev-eşiklərini, əlinizdən gələn zülm və sitəmi onların haqqında əsirgəməyin! Belə bir gün olar ki, hökumət Sizi naçalnikliyə layiq bilər... Çünki başınızın sahibi Pivovarov isbat etdi ki, naçalnik olmaqdan ötrü vicdan, ədalət, insaf və ürəyə heç bir ehtiyac yoxdur. Ümidvar olun, səbr və səbat lazımdır. Pivovarovların sağ əli Sizin başınıza olsun! Onları özünüzə nümuneyi-imtisal tutub hanki uçastok və uyezdə dəyişilsəniz... müsəlmanlara zülm və sitəm etməkdə davam edin. Axırda da onların mənsəbinə çatarsız».
     Hər şeyixtiyar da, siyasət də, var-dövlət də pivovarovları özünə «nümuneyi-imtisal» tutmuş satqın fətəlibəyovlarda idi, pivovarovların da, onların təhriki ilə fətəlibəyovların da kəsdiyi başa zaval yox idi, Hacıbəyovların isə yalnız qələmi var idi və o təkcə qələm heç nədən qorxub-çəkinmirdi.
     Xalq milli iztirablar keçirdiyi, mənəvi həbsxanada yaşadığı bir vaxtda yalnız öz şəxsi firavanlığını, rahatlığını, əmin-amanlığını düşünən və bütün dərdi-səri, bütün qayğıları şəxsi rifahından ibarət olan psixologiya, əxlaq da çarizmin aqressiv müstəmləkəçi siyasəti qədər zərərli idi və Üzeyir bəy «Monoloq, ya müsəlmanca həsbi-hal» felyetonunda həmin psixologiya, əxlaq sahiblərini özlərinin dili ilə ifşa edirdi: «Bu bədbəxtlik ki, bütün Rusiyəti basıbdır, hamısı nəyin ucundandır? Onun ucundandır ki, Rusiyət adamlannın ağlını Allah alıb, olublar hamısı dəli. Dəlidən nə gözləmək olar? Dəli hərəkətlər, dəli işlər, dəli sözlər və dəli-dəli əməllər! Zalım oğlu zalım, evində rahatca oturub arvad-uşağı ilə keyfi gələndə zarafat elədiyi yerdə, birdən-birə dəli kimi yerindən durub (qudurğanlığa bax, ha!) hökumətdən azadlıq istəyir!»‘.
     Bu qeyrətsiz tipin və obıvatelin «dəli hərəkətlər, dəli işlər, dəli sözlər və dəli-dəli əməllər» kimi qiymətləndirdiyi fəaliyyət Üzeyir Hacıbəyovun yalnız yaradıcılıq deyil, ümumiyyətlə, həyat məramnaməsi olmuşdur və o öz publisistikasında, tənqidində bunu başqalarından da tələb edirdi, ətalətlə, itaətkarlıqla, mötədilliklə barışmaz mübarizə aparırdı. Hazırladığı satirik «Lüğət»də, misal üçün, «Əyan» sözünün izahında belə bir cümlə var: «Əyan qabağında əl bağlayıb qul kimi diz üstə oturmaq hər bir müsəlmana oruc və namaz kimi vacibdir»2. Yaxud «İtaət» sözünün izahı belədir: «Baş əymək, nökərçilik. Müsəlmanların qorodovoya itaəti gün-gündən artmaqdadır»3.
     Üzeyir bəy lüğət formasında yazdığı «Atalar sözləri» adlı felyetonunda da barışmaz bir qəzəblə (hətta maksimalizmdən gələn bir az ifrat bir ümumiləşdirmə və qəzəblə!) deyirdi: «Müsəlmanlarda bir misal var, deyirlər ki, «ağac bar gətirdikcə başını aşağı tutar». Amma bainhəmə müsəlmanlarda bir qayda vardır ki, onların «ağacları» bar gətirdikcə başlarını yuxarı tutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı tuturlar ki, qapaz vuran «rahat» olsun»
     Üzeyir Hacıbəyovun publisistikasında «xalq» və «hökumət» məfhumları tamamilə antonim bir mahiyyət daşıyır, «xalq» «hakimiyyəti» rədd edir. «Hürriyyəti-kəlam...» məqaləsində oxuyuruq: «Hürriyyəti-kəlam, hürriyyəti-şəxsiyyət, hürriyyəti-ictimai, hürriyyəti-mətbuat, hürriyyəti-vicdan, həmin bu beş hürriyyətin üstündə bir çox qanlar töküldü, canlar güdaza getdi. Camaat (yəni xalq.) dedi: «Alacağam»». Hökumət dedi: «Verməyəcəyəm». ...Xülasə, indi elə bunların üstündə camaat ilə hökumətin arası düzəlməyibdir»5.
     Belə bir «xalq»-«hökumət» mübarizəsində Üzeyir Hacıbəyov həmişə xalqın aktiv təəssübkeşi olub, xalqı müdafiə edib, xalqı ruhlandırıb, onu gələcəyin işıqlı yollarına səsləyib.
     Əlbəttə, uzun-uzun illərin müstəmləkəçilik siyasəti geniş xalq kütlələrinin, xüsusən, yoxsul kəndlilərin psixologiyasına təsir etməyə bilməzdi, avamlıq da, cahillik də, nadanlıq da, təbii ki, bundan doğurdu. Misal üçün, Üzeyir bəy «Müsəlman kəndlisinin siyasi söhbəti» adlı miniatüründə sətiraltı bir ürək ağrısı ilə çarizm müstəmləkəçiliyinin Azərbaycan kəndlisinin psixologiyasında yaratdığı qorxu hissini çox vaxt açıb göstərir: kəndli dünyadakı vəzifələrin böyüklüyünü həmin vəzifə sahibinin nə qədər adam tutdura biləcək səlahiyyəti ilə ölçür.
     «Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan, dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə-zada da çox gedib-gəlirsən, bircə de görüm, dünyada vəzir böyükdür, ya vəkil!
     -Əlbəttə, vəzir böyükdür!
     -Yaxşı, indi sözgəlişi, bu gün vəzir istəsə, sən bilirsən, dayna, vəkili tutub qazamata sala bilərmi?
     -Salar!
     -Vəkil də, sözgəlişi, istəsə gobumatı salar, elə deyilmi?
     -Bəli!
     -Goburnat da deməli, naçalniyi salar!
     -Bəli!
     -Naçalnik də pristavı salar?
     -Bəli!
     -Pristav da yüzbaşını salar?
     -Bəli!
     -Yüzbaşı da, deməli, bizi salar?
     -Bəli!
     -Yaxşı, onda, deməli, bu gün, məsələn, vəzir istəsə vəkildən tutmuş bizə kimi cəmi camaatı tutub qazamata salar da?
     -Salmağına salar, amma qazamatda da yer olmaz.
     -Buy, hə, doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil, qarışqa qoşunudur...».
     Bu miniatürün sonluğu da bizim üçün çox mənalı görünür, çünki bu, zavallı avam kəndlinin mühakimələrinin yaratdığı ümidsizliyi aradan qaldırır, bədbinliyə qapılmağa qoymur: bir halda ki, «Sibirdə o qədər adam var ki, elə bil, qarışqa qoşunudur», deməli, hamı bu kəndli kimi avam və köməksiz deyil, deməli, «xalq» mübarizə edir; qazamatlar dolur, Sibirə göndərilənlərin sayı-hesabı yoxdur, lakin o «xalq» mübarizəsindən qalmır...
     Üzeyir bəy qələmi ilə, fəaliyyəti ilə mübarizə aparırdı, təhqirlərə, təqiblərə sinə gərirdi, hətta bəzən dostların belə, pis üzünü görürdü, yazırdı, yaradırdı və inanırdı; onu mübarizədən qoymayan, ona dayaq olan, ona qüvvə verənxalqa məhəbbət və həmin xalqın gələcəyinə inam idi.
     1907-ci ildə çap etdirdiyi «Müdhiş etiraz» adlı kiçik məqalədə yenicə başlamış XX əsrdə bütün dünya xalqlarının azadlıq mübarizəsi apardığını, «ümumi sükutu xələldar» etdiklərini daxili bir ruh yüksəkliyi ilə bildirir və sonra yazırdı: «Bunlar hamısı çürümüş, köhnəlmiş, əməldən düşmüş qayda və nizamlara qarşı qəti bir etirazdır. Görünür ki, bu XX əsr, keçmiş əsrlər tərəfindən bərpa edilmiş qayda və nizamlara təhəmmül eləmir. O qayda və nizamlar bir o qədər köhnəlibdir ki, yenilənmək və təzələnməyə meyyal olan həyati-bəşəriyyətin asayiş və intizamını təmin edəməz. O səbəbdəndir ki, hər tərəfdən etiraz sədaları qalxıb artmaqdadır. Bir ovuc köhnəpərəst irtica-pəsənd adamların bu etiraz sədalarını yırtmağa qarşı olan təşəbbüsləri onlar üçün heç bir müvəffəqiyyət hasil edəməz. Bu sədalar get-gedə çoxalıb, artıb, axırda gurultulu bir zərbə ilə qarşısına rast gələn bütün mümaniətləri nist və nabud edər. Daha bu etiraz seli qabağında köhnəpərəstlik qaydaları sədd olub davam eləməz!...».
     Biz artıq Üzeyir Hacıbəyovun bədii yaradıcılığı ilə və bədiiyyatdan tələbi ilə onun Vətəndaş fəaliyyəti arasında üzvi bir vəhdət olduğu barədə yazmışıq, lakin bir daha qeyd etmək istəyirik ki, məhz belə bir vəhdətin nəticəsində onun publisistikasının təsir gücü böyük idi. Üzeyir bəyin yalnız siyasi-ictimai görüşləri deyil, yaradıcılığının estetikası da xalqın gələcəyi naminə aparılan mübarizədən qidalanırdı və buna görə də mərhum professor Şükufə xanım Mirzəyeva «artmaqda olan milli-azadlıq hərəkatının» Üzeyir bəyin estetik görüşlərinin formalaşması və inkişafına böyük təsir göstərdiyini yazmaqda, əlbəttə, tamamilə haqlı idi.

4.


     Sözü ilə əməli arasındakı bütövlük Üzeyir Hacıbəyovun bütün yaradıcılıq yolu, bütün fəaliyyəti üçün səciyyəvi xüsusiyyətdir və məhz buna görə də hələ lap gənc yaşlarından etibarən onun şəxsiyyətinin nüfuzu ilə yaradıcılığının nüfuzu həmişə bir-birini tamamlayıb. Üzeyir bəy bir vətəndaş-publisist kimi, başqalarından tələb etdiyinə, başqalarından umduğuna, ilk növbədə, özü əməl edib və məhz bu mövqedən də həmişə yalançı «millət qəhrəmanları»na gülüb, onları kəskin tənqid edib, xalqın inkişafına vurduqları zərəri göstərib.
     1907-ci ildə yazılmış «Rəfiqimdən məktub» adlı felyetonunda «Hər bir vaxt səhərdən axşama kimi və axşamdan səhərə kimi» evdə, çöldə, arvad-uşağın yanında nökər-nayibin yanında, bir sözlə, dəxli oldu-olmadı hər yerdə: «Millət batdı, millətin dərdi məni öldürdü, millətin yolunda can qurban etmək lazımdır!»deyən bir «millət qəhrəmanı» günlərin bir günündə yatıb yuxuda görür ki, böyük bir meydana gəlib çıxıb. «Birisindən soruşdum ki, Qadam, bura haradır? Dedi: Əmi, bura «millət meydanı»dır və hər millətin qəhrəmanları bura yığılıbdır ki, düşmən ilə dava edib, millət yolunda can qurban etsinlər».
     Əlbəttə, bizim yalançı «millət qəhrəmanı» o saat hürküb gizlənir. Başqa xalqların qəhrəmanları dava meydanında vuruşur, öz millətlərinin təəssübünü çəkir və nəhayət, bizim qoçaq «millət qəhrəmanı»nı da tapıb sürüyə-sürüyə meydana çəkirlər. «Sənin canın üçün, cənab «Filankəs» (Üzeyir Hacıbəyov felyetonu «İrşad» qəzetində bu imza ilə çap etdirib və «millət qəhrəmanı»nın adından özünə müraciət kimi yazıb.), qorxumdan elə çığırdım ki, bir də gördüm, ayıb olmasın, arvad-uşağı oyatmışam».
     «Millət qəhrəmanı» bütün bunları söylədikdən sonra «Filankəs»dən, yəni Üzeyir bəydən məsləhət istəyir: «İndi düz on gündən bəridir ki, mən özümə söz vermişəm ki, bir də müftə yerə «millət belə gəldi, millət belə getdi, millət yolunda can qurban vermək lazımdır» kimi sözləri bir də, min il qala, ağzıma almıyam. Çünki qorxuram ki, birdən yuxum gerçək ola! Nə deyirsən?».
     «Filankəs» bu suala belə cavab verirdi: «Nə deyəcəyəm? Bir yaxşı işdir ki, eləmisən. Doğrudan, hərgah bizim bu cürə «millət-millət» deyib danışanlar öz sözlərinə əməl eləsəydilər, onda müsəlman milləti bir verst irəli getmişdi. Amma heyf ki, bizim sözümüz ilə əməlimizin arasında «asimanü-zəmin təfavüt var...»
     Söz ilə əməl arasındakı həmin «asimanü-zəmin təfavüt» mane olmurdu ki, «millət qəhrəmanları», misal üçün, 1916-cı ildə «Bəsirət» qəzetində bu sayaq «millət qeyrəti» çəksin: «Hər həftə iki dəfə operaların oynanması, həm də səhnəni balaqana döndərən operaların oynanması camaata əxlaq pozğunluğundan başqa bir mənfəət verə bilməz. Biz indi də olsa, anlamalıyıq ki, müsəlman xanımlarını teatra gətirib də onlara Məşədi İbadın qıncanmasını (!.), Sultan bəyin qulluqçuya: Gedək, evdə belimin sümüklərinin ağrısını yatırt» deyən sözlərini eşitdirmək ilə biz heç bir şey sahibi ola bilmərik... Burasını opera və operettaçılarımız (yəni Üzeyir Hacıbəyov.) başa düşməlidirlər ki, cib mənfəətinə (!!.) milləti fəda etmək cinayətdir» (!!!.).
     Üzeyir bəy maddi ehtiyaca, mənəvi sıxıntılara sinə gərərək xalqının ilk opera və operettalarını yaradır, bu ölməz əsərlər Azərbaycandan çıxıb dünya səhnələrini, ekranları fəth edir, millət «qeyrəti» çəkən «millət qəhrəmanları» isə bunu «cib mənfəətinə» görə cinayət kimi qiymətləndirir...
     Əlbəttə, təqiblərin, təhqirlərin ən acısı bu idi: xalqın adından sui-istifadə edib sənihəyatını xalqın inkişafına, təəssübünü çəkməyə həsr etmiş bir sənətkarı həmin xalqın əxlaqını pozmaqla məşğul olmaqda, cibinin mənafeyini bütöv bir xalqın mənafeyindən üstün tutub cinayət işlətməkdə ittiham etmək.
     Qəribə (bəlkə də təbii) bir qanunauyğunluqdur: yalançı «millət qəhrəmanları» həmişə «millət-millət!»deyə bağırır, xalqa qəlbən bağlı olanlar isə başlarını aşağı salıb həmin xalqın naminə iş görürlər və birincilər, adətən, firavanlıq içində olur, ikincilər isə maddi və mənəvi sıxıntı içində...
     Epoxalar bir-birini əvəz edir, dövrlər dəyişir, bu tənasüb isə dəyişməz qalır...
     Üzeyir Hacıbəyov hələ lap təzəcə yaradıcılığa başladığı dövrdə «Kor» miniatüründə yazırdı:
     «Birisi kora dedi:
     -Allah-taala bir adamı kor eləyəndə əvəzində ona təsəllü üçün bir yaxşı qabiliyyət əta eləyir. Sənə nə qabiliyyət əta edibdir?
     Kor dedi:
     -O gözəl qabiliyyəti əta eləyibdir ki, yalançı millətpərəstlərin üzünü görməyim və qiyamətə kimi görməyəcəyəm, vəssalam.
     Ümumiyyətlə, deməliyik ki, yaradıcılığa başladığı ilkin dövrdən etibarən, müstəmləkəçi çarizm çinovnikləri, istismarçı zümrələrlə bərabər, yalançı «millət qəhrəmanları» da, çox danışıb heç bir iş görməyən boşboğaz «intelligentlər» də, «üləma» axund və mollalar da, savadsızlığın, geriliyin qurbanı olan cahillər və nadanlar da həmişə Üzeyir Hacıbəyov satirasının qəhrəmanları, onun mütəfəkkir qələminin rədd etdiyi neqativ cəbhənin təmsilçiləri olmuşlar.
     21 yaşlı Üzeyir «Müsəlman intelligentinin məclisi» adlı felyetonunda «həm rusca, həm müsəlmanca oxumuş» bəzi intelligentlərin bir yerə «cəm olub «milləti irəli aparmaq» kimi mühüm bir məsələ xüsusunda boşboğazlıq etdiklərinə gülür. Bu adamlar: «Həzərat, bizdən ötrü ən yaxşısı budur ki, nə tələb edək, nə təvəqqe eləyək; bir cür, bir tövr ilə işimizi aparaq ki, bir də baxıb görək millət özbaşına irəli getməyə qədəm qoyubdur. Yoxsa, qədəm qoymasa (axırkı sözləri çığırırÜ.H.), biz heç vədə adam olmarıq» deyirlər.
     Düzdür, bu «millət qəhrəmanları» «bir cür, bir tövr» prinsipi ilə yaşayırdı, boşboğazlıqla məşğul olurdu, lakin əsas dərd bəlkə də bunda deyildi; dərd bunda idi ki, onlar «bir cür, bir tövr» prinsipini rədd edən, xalqın irəliləyişi üçün əməli fəaliyyət göstərən, iş görən, mübarizə aparan Üzeyir Hacıbəyov kimi qələm sahiblərinə hücum çəkirdilər, böhtanlar yağdırırdılar, çünki Hacıbəyovlar həmin «millət qəhrəmanları»nın rahatlığını pozurdu, millətin adından sui-istifadə edib özlərini gözə soxmaq cəhdinin eybəcərliyini göstərirdi.
     Bu baxımdan, Üzeyir bəyin 1915-ci ildə yazdığı «O, heç» felyetonundakı bir parça bizə çox mənalı göründü: «Bəli, «müsadimeyi-əfkardan bariqeyi-həqiqət» (dımaq Üzeyir Hacıbəyovundur.) doğarmış. Əlbəttə, məsələn, cəmiyyət işlərində iki nəfər başbilənin fikirləri bir-birilə toqquşur; mübahisə millətin irəli getməyi üstündə düşüb, müsadimə olur və axırda «bariqeyi-həqiqət» doğub, məlum olur ki, başbilənin birinin atası... imiş, o birinin də atası... imiş. O ki, qaldı millətin irəli getməyi o, heçL»
     Əlbəttə, burada millətçi bir müəllif mövqeyi axtarmaq tamamilə yanlış və əbəsdir, söhbət mənasız mübahisələrdən, «millət qəhrəmanları»nın lazımsız boşboğazlığından, şəxsi, bir sıra hallarda isə, siyasi-ictimai mənafe güdüb xalqın adından, taleyindən istifadə etmək halından gedir.
     Biz artıq dedik və bir daha təkrarlamaq istəyirik ki, xalqı irəliləməyə qoymayan, onun mənəvi inkişafı qarşısında maneələrə çevrilən, təəssüf ki, yalnız pivovarovlar, hətta yalnız satqın fətəlibəyovlar deyildi, avam mollalar, cahil qoçular, qorxaq və nadan «ziyalılar»«boynu qraxmallılar» da, istəsələr də, istəməsələr də, bunu özləri dərk etsələr də, etməsələr də mahiyyət etibarilə eyni iş görürdü.
     Əsrin əvvəllərində yazılmış «Müəllimlərin keçmiş günlərindən» adlı felyetonda iki azərbaycanlı müəllim bir-biri ilə belə bir dildə danışır:
     «Heç xəbərin oldumu ki, Mirzəqulu ilə nə sluçitsa oldu?
     -Yox, a çto?
     -Pah! Bir görəydin ki, direktor ona nə yaman vıqovor elədi.
     -Mən ölüm?
     -Yey boqu, sən öləsən!
     -Yəni bizim Mirzəquluya, ha?
     -Bizim Mirzəquluya!
     -Direktor vıqovor elədi?
     -Direktor stroqıy vıqovor elədi!
     -Yaxşı, nə üçün, poçemu?.
     Məlum olur ki, həmin Mirzəqulu müəllimin təqsiri bundan ibarətdir ki, «uşaqlara müsəlman havaları oxudur». Dialoqu aparan bu iki müəllim isə doğma Azərbaycan dilini beləcə bərbad hala sala-sala bir dovşan qorxaqlığı ilə Mirzəqulunun qarasına məzəmmət edirlər:
     «Min dəfə demişəm ki, ədə, belə eləmə, direktor bilər, sənə vıqovor elər, xalq arasında bədnam (!!) olarsan...».
     Əlbəttə, xalq arasında bədnamlığı bu cür təsəvvür edən bu əldəqayırma müəllimlərin psixologiyası, təlimi, tərbiyəsi xalqın inkişafına stolıpinlərin, purişkeviçlərin siyasətindən, fətəlibəyovların satqınlığından az maneə törətmirdi və Üzeyir bəyin iti gözü bunu görürdü, bunlar bir Vətəndaş yanğısı ilə qələmə alınırdı.
     Bu müəllimlər rus dilində təhsil almış (yəqin ki, yarımçıq təhsil almış!) «boynu qraxmallılar» idi, bəs ərəb, fars dillərində təhsil almış mədrəsə, şəriət məktəbi müəllimləri necə idi?
     Üzeyir bəyin publisistikasını, xüsusən, felyetonlarını oxuduqca, necə deyərlər, əyani şəkildə bunun şahidi olursan ki, avam və cahil yalnız savadsız, adlarını belə yazıb oxumağı bacarmayan qoçular, baqqallar, «dükandar hacı dayılar» deyildi, xalqın balalarına dərs deyən, onlara guya ki, elm öyrədən bəzi mollalar, axundlar da eləcə avam və cahil idi və əlbəttə, bu daha pis, daha acı idi, çünki qoçu da, baqqal da, «dükandar hacı dayı» da, heç olmasa, balaları elmə yiyələndirmək iddiasında deyildilər.
     1909-cu ildə yazılmış «Təhsil» felyetonunun qəhrəmanıməktəb müəllimi axund özü haqqında deyir: «Mən bütün ülum və fünuna darayam». Həmin axund «səkkiz il məktəbdə oxuyub bircə dəfə də falaqqaya düşməmişdi , sonra ikmali-təhsil üçün İrana gedib 8 il də Təbrizdə oxumuşdu və bədə Təbrizdən Tehrana yollanıb 4 il də orada və ondan 5 il Məşhəddə və bundan başqa 4 il də İranın bir şəhərində təhsil edib» və uşaqlar 29 il oxuyub təhsil almış bu axunddan soruşurlar: «İran böyükdür, yoxsa Rusiya?» Axund belə cavab verir: «Əgər İranın bu başından düşəsən və gecə-gündüz yol gedəsən və hər saatda 70 ağac yol eləyəsən və 60 il səfər eləyəsən, hələ gedib İranın yarısına çatmazsan». Əlbəttə, uşaqlar təəccüb edirlər (hərçənd 29 il təhsil görməyiblər!) «Axund, bəs ruslar yazırlar ki, İran Rusiyadan 20 dəfə balacadır?».‘ Axund uşaqların bu sualına fars dilində şerlə cavab verir:
     Ke ey nikbəxt, an şəkle-mən əst Və lakin, qələm dər kəfe-döşmən əst!
     Aydın məsələdir ki, belə bir başabəla müəllimaxund nə şah, nə də çarizm müstəmləkəçiliyinin yaratdığı milli-ictimai dərdi dərk etmək və şagirdlərini də buna qarşı mübarizə ruhunda tərbiyə etmək iqtidarında deyil. Ən acınacaqlısı da burasındadır ki, «camaat belə deyir ki, dünyada heç bir elm yoxdur, bu axund onu bilməmiş olsun».
     Camaatın bu cür yüksək qiymətləndirdiyi, umduğu və inandığı bir müəllimaxundun, yəni «qabaqda gedənin», daha doğrusu, qabaqda getməli olanın beləcə nadanlığı təbii ki, ağır dərd idi.
     Üzeyir Hacıbəyovun publisistikası, felyetonları, artıq dediyimiz kimi, XX əsrin ilk onilliklərində Azərbaycan ictimai mühitinin epik mənzərəsini yaradır və burada biz dövrün tipik surətlərinin sözün əsl mənasında zəngin qalereyası ilə üz-üzə dayanırıq; hər dəfə də dəqiq müşahidələr, şirin dil, ən incə psixoloji qatlara vara bilmək bacarığı həmin tipik surətlərlə tamamilə canlı təmas təsiri yaradır...
     1909-cu ildə yazılmış «Ata və oğul» satirik səhnəciyində dövrün tipik nadanının, avamının (Sabirin parlaq bədii boyalarla işlədiyi məşhur qəhrəman silsiləsindən: «Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!») bədii surətini yaradır və bu avam da Sabir qəhrəmanı kimi, oğlunu oxutmaq istəmir, belə bir cəhəti də xüsusi qeyd edir: «Hərgah oxutmaq istəsəydim, İrana göndərərdim ki, gedib tələbə olub gəlsin».
     Atası «oxutmaq istəsəydi» həmin cavan da yəqin ki, İrana gedib qayıdıb «Təhsil» felyetonunun qəhrəmanı axundlardan biri olacaqdı və əslində, elə o savadsız atası kimi, cahil də .qalacaqdı.
     Əlbəttə, biz belə bir fikirdən çox uzağıq ki, guya İranda təhsil alanların hamısı avam və cahil idi, yox, belə deyildi, bizim İranda təhsil almış savadlı ziyalılarımız az olmayıb, necə ki, Avropada, Rusiyada təhsil alanların hamısı bilik dəryası deyildi...
     İndiki halda söhbət savadının dərəcəsindən asılı olmayaraq, xalqa və vətənə məxsusluqdan gedir, yalnız avamlıq və savadlılıq qütblərindən yox, daha artıq dərəcədə avamlıq və vətəndaşlıq kimi zidd qütblərdən gedir.
     «Beş manat əhvalatı» adlı felyetonda (1910) «gözlərinin yaşını abi-baran kimi axıdan bir kişi müəllifə müraciət edib kömək istəyir ki, Xarkovda təhsil alan oğlu pul olmadığı üçün təhsilini davam etdirə bilmir. «Mən dərhal öz aldığım məvacibi, kişinin halətini mülahizə edib gördüm mənim donluğumdan kişiyə haray yoxdur. Həmin günü bir məclis tərtib edib öz dost-aşnalarımdan oraya cəlb etdim. Bir siyahı bina edib insaflı kişilərimizdən ianə yığmağa məşğul oldum». Bu məqsədlə dükandar Hacı dayıdan da 5 manat pul istəyirlər. Vekselinin vaxtı keçməsin deyə bir gündə banka 10 min manat pul göndərən Hacı dayı öz həmvətəninin təhsili naminə ianə toplamaq istəyənlərə deyir: «Qəribə təklifdir! Yaxşı! Bəydadaş! Mən üç dəfə, həccə getmişəm, dördüncü dəfə həmniyyətliyəm. Mən Həcc pulumu pozub, nə tövr Rusiyaya göndərim?)).
     Burada əsas məsələ Hacı dayının xəsisliyində deyil (bu öz yerində!), onun nadanlığında, kiçicik belə vətəndaşlıq hissindən, qeyrətindən çox uzaqda olmasındadır. Hacı dayı azərbaycanlı bir tələbənin təhsilini davam etdirməsi üçün 5 manatı əsirgəyir, lakin olmazın əzab-əziyyətini çəkib, necə deyərlər, ətək-ətək xərc töküb dördüncü dəfə Həccə getməyə hazırlaşır.
     Bu felyetonda incə bir məqam da var və biz buna diqqəti cəlb etmək istərdik.
     Həmin 5 manat ianənin naminə Hacı dayını yola gətirmək istəyirlər, onu başa salmaq istəyirlər, lakin Hacı dayı cürbəcür bəhanələrlə pulu verməkdən imtina edir. Aşağıdakı dialoqa fikir verək:
     «Mətləb burasındadır ki, bu gün banka 10 min manat yola salasıyam ki, veksilimin vaxtı keçməsin.
     -Zərər yoxdur, Hacı dayı, onda sabah gəlim, sabah verərsiniz.
     -Xeyr, xeyr, sabah zəhmət çəkməgilən, sabah usta Qarapetə min manat borc vəd etmişəm, ona gərək verəm ki, binəvanın pambıq pulu kəsirdir, aparsın, pambıq alsın.
     -Zərər yoxdur, Hacı dayı, birisigün gələrəm.
     -Xeyr! Xeyr! Xeyr!.. Birisigün Hacı Qulaməli kişinin oğluna nömrə pulu yığılır, ona pul göndərəcəyəm.
     -Zərər yoxdur, Hacı dayı, o birisigün gələrəm.
     -Xeyr, xeyr, xeyr!.. O birisi gün barama almışam, onun pulun gərək verəm, gəlmə!
     -Zərər yoxdur, Hacı dayı, o biri gün gələrəm».
     Nəhayət, Hacı dayı qəti sözünü deyir:
     «— Xeyr, xeyr, xeyr, xeyr, gəlmə».
     Hacı dayı bu dərəcədə inadkarlığını nə ilə izah edir?
     «— Çünki... mən, sözün vazehi, ruscanı oxuyana tövbə etmişəm pul verməyə, vəssalam».
     Göründüyü kimi, təfəkkürü etibarilə, avamlığı ilə Hacı dayıya tay olanlar bu sözlərdə bir patriotluq da tapa bilərlər, lakin bu, həqiqi yox, yalançı, aldadıcı patriotluqdur; «ruscanı oxuyana» bu qədər ədavət bəsləyən Hacı dayı, əslində, çarizm müstəmləkəçi siyasətinin qurbanıdır və buna görə də, bəlkə heç özünün xəbəri olmadığı halda, həmin siyasətin arxalandığı, istinad etdiyi qüvvələrdən birinə çevrilib, Hacı dayıda və onun taylarında elə bir ətalətli psixologiya vardır ki, bu ətalət xalqın təəssübü naminə hacıbəyovların mübarizəsində çox aktiv bir maneəyə çevrilir.
     Hacı dayılar müxtəlif idilər... Yalançı «millət qəhrəmanları», heç olmasa, sözdə yalandan da olsa, xalqın təəssübünü çəkirdilər, amma elə Hacı dayılar da var idi ki, misal üçün, «Mən və Hacı» miniatüründə olduğu kimi, «ay Hacı, millətə kömək elə...»
     -təvəqqəsinə «Nə millət?»— deyə bozarırdılar...1
     Bütün bu yalançı «millət qəhrəmanları»nın, hacı dayıların, fətəlibəyovların, cahil və nadan axundların, «boynu qraxmallılar»ın psixologiyası və əxlaqı Üzeyir Hacıbəyovun publisistikasındakı sarkazmı ən yüksək mərhələyə qaldırmışdı. «Suallar və suallara da cavablar» felyetonundakı bu dialoqa fikir verək:
     «Sual: Dünyada hamıdan az dərd çəkən adamlar kimdir?

<< 1 / 2 / 3 / 4 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (28.08.2014) | Müəllif: R.C E W
Baxış: 593 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more