Əsas » Məqalə » Azərbaycan tarixi |
NƏTİCƏ Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Azərbaycanda aşkar olunan arxeoloji abidələr ən qədim dövrlərdən başlayaraq müasir dövrədək bu ərazidə baş verən sosial-iqtisadi dəyişiklikləri izləməyə imkan verir. Paleolit dövrünə aid abidələrdə, xüsusilə Azıx mağarasında aparılan araşdırmalar Azərbaycanın ilk insanların məskən saldığı əsas ərazilərdən biri olduğunu təsdiq edir. Qədim insanların Azərbaycanda məskən salmasını şərtləndirən əsas amillər bu regionun təbii mağaralarla zəngin olması və əlverişli təbii-coğrafi şəraitə malik olmasıdır. Azıx mağarasının X-VII təbəqələrində aşkar olunan əmək alətləri Quruçay mədəniyyətinin xüsusiyyətlərini və əmək alətlərinin işlənmə texnikasında meydana gələn dəyişikliyi ardıcıllıqla izləməyə imkan verir. Quruçay mədəniyyətinin yenilikləri Aşel dövründə inkişaf etdirilmiş, daşdan qoparılmış qəlpələrdən istifadə olunmaqla daha təkmil alətlər yaradılmışdır. Bu dövrdə insanlar odla tanış olmuş, tikinti vərdişlərinə yiyələnmişlər. Azıx mağarasında Aşel təbəqəsinə aid gizlin guşəsində aşkar olunan ayı kəllələri və onlar üzərindəki cizgilər dini inancların meydana çıxdığını təsdiq edir. Orta Paleolit dövründə daşın işlənmə texnikasında xeyli dəyişiklik olmuş, piramidal nukleuslardan, levallua itiuclularından və nazik bıçaqşəkilli lövhələrdən istifadə olunmuşdur. Tağlar mağarasında aparılan araşdırmalar Orta Paleolit dövrünün inkişaf mərhələlərini ardıcıllıqla izləməyə imkan vermişdir. Tağlar mağarasında əmək alətləri çaxmaqdaşından hazırlanmış, retuşdan istifadə olunmuşdur. Üst Paleolit dövründə daşın işlənmə texnikası daha da təkmilləşmiş, prizmatik nukleus və basma retuşdan istifadə olunmuşdur. Bu dövrdə əmək alətlərinin əksəriyyəti bıçaqşəkilli lövhələrdən hazırlanmışdır. İnsanlar mağaralarla yanaşı qayaaltı sığınacaqlardan və qazma tipli evlərdən də istifadə etmişlər. Üst Paleolit dövründə ağıllı insan meydana çıxmış, cəmiyyətin social inkişafında xeyli dəyişiklik olmuş, qəbilə icması və tayfa formalaşmışdır. Üst Paleolit dövründə əmək alətlərinin hazırlanmasında əldə edilən nailiyyətlər Мezolit dövründə mikrolitlərin istehsalı üçün zəmin yaratmışdır. Мezolit dövrü başlıca olaraq Qobustan abidələri əsasında öyrənilmişdir. Bu dövrün mühüm yenilikləri qoşma alətlərin, ox və kamanın tətbiqi idi. Bu dövrdə ovçuluq insanların əsas məşğuliyyəti olmuş, mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. E.ə. VII-VI minillikləri əhatə edən Neolit dövründə insanlar daşın deşilməsi və cilalanması texnikasına, istehsal təsərrüfatına yiyələnmişlər. İnsanların istehsal fəaliyyətinin əsas sahəsi əkinçilik və maldarlıq olmuşdur. Bu dövrdə insanlar həmçinin dulusçuluq və toxuculuq kimi mühüm istehsal sahələrinə də yiyələnmişlər. Azərbaycanda Eneolit mədəniyyəti Daş dövrünə nisbətən daha geniş öyrənilmişdir. Bu dövrdə mis emalı mənimsənilmişdir. Aparılan araşdırmalar Eneolit mədəniyyətinin müxtəlif mərhələlərini izləməyə imkan vermişdir. Azərbaycanın Eneolit mədəniyyəti Urmiya hövzəsi və Мesopotamiyanın qədim mədəniyyətləri ilə iqtisadi mədəni əlaqələr şəraitində inkişaf etmişdir. Eneolit mədəniyyətinin təşəkkülündə Ubeyd tayfalarının xüsusilə böyük rolu olmuşdur. Arxeoloji abidələrinin tədqiqi nəticəsində Ubeyd tayfalarının Azərbaycan ərazisində yayılması ilə bağlı xeyli maddi dəlil ortaya çıxarılmışdır. Urmiya hövzəsində yayılan Eneolit dövrünə aid boyalı keramikanın Şimali Ubeydin local variantı olması, Urmiya hövzəsinin qədim əkinçilik mədəniyyətinin formalaşmasında Şimali Мesopotamiyadan gələn tayfaların müəyyən rol oynadığını təsdiq edir. Ubeyd tayfaları Urmiya hövzəsindən bir neçə istiqamətdə Azərbaycan ərazisinə yayılmışdır. Eneolit mədəniyyətinin erkən mərhələsində meydana gələn düzbucaqlı evlər Əliköməktəpə və İlanlıtəpənin bənzər tikintiləri kimi Urmiya hövzəsinin qədim arxitekturası ilə bağlıdır. Neolit və Eneolit dövrünə aid düzbucaqlı tikintilərə Urmiya hövzəsində Hacı-Firuz, Yanıqtəpə və Göytəpədə rastlanmışdır. Keramika məmulatı və əmək alətlərinin bənzərliyi I Kültəpə, Pijdəlitəpə, Göytəpə, Tilkitəpə kimi abidələrin eyni mədəni rayona daxil olduğunu göstərir. Azərbaycanın Eneolit abidələri xarakterik xüsusiyyətlərinə görə başlıca olaraq üç böyük qrupa bölünür. Özünəməxsus təsərrüfat kompleksləri və keramika məmulatı ilə fərqlənən bu qruplar tədqiqatçılar tərəfindən Şomutəpə mədəniyyəti, Kültəpə mədəniyyəti və Dalmatəpə mədəniyyəti adlandırılmışdır. İlk Tunc dövrü abidələrinin öyrənilməsi göstərir ki, e.ə. IV-III minilliklərdə Kür-Araz mədəniyyəti Azərbaycanın böyük bir qismini əhatə etmişdir. Yaşayış binalarının arxitekturasında və gil məmulatında müəyyən local xüsusiyyətlərin olmasına baxmayaraq, qeyd etmək olar ki, Azərbaycanda məskunlaşan Kür-Araz tayfaları etnik baxımdan bir-birinə yaxın olmuşdur. Yazılı məlumatlar az olduğundan, Kür-Araz mədəniyyəti tayfalarının hansı etnik qruplara bağlandığını söyləmək çətindir. Bəzi tədqiqatçılar Kür-Araz mədəniyyətinin xurritlərə aid olduğunu qeyd etmişdir. Lakin məlum olduğu kimi e.ə. III minilliyin sonuna aid qaynaqların saxladığı məlumata görə e.ə. III-I minilliklərdə Cənubi Azərbaycanda yaşayan əhali lullubey və kutilərdən ibarət olmuşdur. Araşdırmalar Kür-Araz mədəniyyətini Azərbaycanın cənubunda yaşayan kuti və lullubeylərə aid olduğunu deməyə imkan verir. Arxeoloji araşdırmalar göstərir ki, Naxçıvan-Urmiya qrupunun abidələri vahid etnik-mədəni rayon təşkil etmişdir. Buna görə də bu dövrdə kuti və lulubey tayfalarının Azərbaycanın müəyyən hissəsində yayıldığını demək olar. Azərbaycan abidələrindən aşkar edilən Kür-Araz mədəniyyətinə aid arxeoloji materiallar, xüsusilə, nalşəkilli ocaq qurğuları, öküz başı formasında hazırlanmış sitayiş əşyaları, Kür-Araz mədəniyyəti tayfaları arasında müəyyən ideoloji birliyin olduğunu sübut edir. Araşdırmalar Kür-Araz mədəniyyəti tayfalarının inkişaf etmiş patriarxal münasibətlərlə xarakterizə edildiyini göstərir. Şübhəsiz ki, bu istehsal prosesinin genişlənməsi və çoxsahəli xarakter alması ilə bağlı olmuşdur. İlk Tunc dövründə iqtisadiyyatın inkişafı maldarlığın əkinçilikdən ayrılmasına və müstəqil istehsal sahəsinə çevrilməsinə gətirib çıxarmışdır. Bu dövrdə əkinçilikdə qoşqu qüvvəsinin tətbiqi, şumlama əkinçiliyinin meydana çıxması, köçmə yaylaq maldarlığının yaranması, iqtisadiyyatın coşğun inkişafına, cəmiyyətdə social bərabərsizliyin güclənməsinə səbəb olmuşdur. Bu dövrün yaşayış yerlərində müdafiə divarlarının meydana çıxması, şübhəsiz ki, social bərabərsizliyin artması və tayfalararası ziddiyətlərin kəskinləşməsi ilə bağlıdır. Yaşayış yerlərində ümumi ərzaq anbarlarının, ziyarətgahların, qəbilə toplantıları üçün ictimai binaların olması göstərir ki, istehsalın təşkili, mülkiyyətin qorunması üçün müəyyən ictimai təşkilatlara ehtiyac olmuşdur. Şübhəsiz ki, bu dövrdə cəmiyyəti idarə edən müəyyən təşkilatlar-dövlət qurumları mövcud olmuşdur. Ehtimal ki, bu dövlətin ilkin forması hərbi demokratiya olmuş, sonar isə daha da inkişaf etmiş idarə forması formalaşmışdır. İlk Tunc dövründə iqtisadiyyatın inkişafı sənətkarlığın da təkamülü üçün şərait yaratmışdır. Aşkar olunmuş arxeoloji materialların təhlili, bu dövrdə sənətkarlığın yüksək inkişaf səviyyəsində olduğunu göstərir. Kür-Araz mədəniyyətinin üçüncü mərhələsi dulusçuluğun yüksək inkişaf səviyyəsi ilə fərqlənir. Bu dövrdə yaxşı cilalanmış, keyfiyyətli bişirilmiş, bəzən isə qara rəngli boya ilə boyanmış gil qablar geniş yayılır. Bu dövrün qabları həm də yüksək sənətkarlıqla icra olunmuş həndəsi ornamentləri ilə fərqlənir. Мetallurgiya və metalişləmə sahəsində süni üfürmə tətbiq olunan metaləritmə kürələri və metalişləmə emalatxanaları yaranır. Sənətkarlığın inkişaf səviyyəsi, artıq onun müstəqil istehsal sahəsinə ayrılma ərəfəsində olduğunu göstərir. Orta Tunc dövründə, başlıca olaraq, Azərbaycanın cənub rayonlarını, qismən isə şimal rayonlarını əhatə edən, boyalı qablarla xarakterizə edilən arxeoloji mədəniyyət yaranır. Bəzi tədqiqatçıların fikrinə görə, boyalı qablar Kür- Araz mədəniyyəti əsasında inkişaf etmişdir. Bizim fikrimizcə, Kür-Araz keramikasından tamamilə fərqlənən boyalı qablar, yeni bir mədəniyyətin ortaya çıxdığını göstərir. Boyalı qabların Naxçıvan ərazisində digər rayonlara nisbətən daha çox-Erkən Dəmir dövrünədək davam etməsi və bir neçə mərhələdən keçməsi Orta Tunc dövrü boyalı qablarının Naxçıvan ərazisində meydana çıxdığını deməyə imkan verir. Fikrimizcə, boyalı qablar Urmiya hövzəsi, Naxçıvan və Şərqi Anadoluda məskunlaşan bir qismi oturaq, digər bir qismi isə yarımköçəri həyat sürən tayfalar tərəfindən yaradılmışdır. Belə hesab edirik ki, Boyalı qablar mədəniyyəti Orta Tunc dövründə Azərbaycanda məskunlaşan qədim tayfalardan birinin iqtisadi və siyasi baxımdan güclənməsi ilə bağlı olaraq meydana çıxmışdır. Eneolit dövründə də Yaxın Şərqdə boyalı keramikanın meydana çıxması məhz belə bir sosial-iqtisadi inkişafın nəticəsi olmuşdur. İqtisadiyyatın və mədəniyyətin inkişafı Orta Tunc dövründə Azərbaycanın cənub rayonlarında, xüsusilə Naxçıvanda şəhər dövlətlərin meydana çıxması ilə nəticələnmişdir. Şəhər dövlətlərin yaranması, iqtisadi mədəni əlaqələrin, o cümlədən Yaxın Şərq ölkələri ilə ticarət əlaqələrinin inkişafı, qalaylı tuncun meydana gəlməsinə, bədii metal məmulatı istehsalının artmasına, zərgərliyin ortaya çıxmasına səbəb olmuşdur. Qeyd olunduğu kimi, Orta Tunc dövründə Azərbaycanın bir hissəsində boyalı qablar yayıldığı halda, digər bir hissəsində, xüsusilə şimal rayonlarda Kür-Araz mədəniyyəti tayfaları yaşamaqda davam etmişdir. Azərbaycanın bu hissəsində yayılan arxeoloji komplekslər boz, ya da qara cilalı həndəsi bəzəməli keramika ilə xarakterizə olunur. Bəzəmələr bəzən cızma, bəzən isə basma texnikası ilə icra edilmişdir. Son Tunc və Erkən Dəmir dövründə ortaya çıxan və arxeoloji ədəbiyyatda Xocalı-Gədəbəy mədəniyyəti adlandırılan mədəniyyət, boz və qara rəngli cilalı keramika ilə xarakterizə edilir. Bu mədəniyyətə aid abidələrin bir qrupu, xüsusilə Gəncəçay abidələri ağ inkrustasiyalı qabların olması ilə fərqlənir. Bu texnika ilə bəzəmənin iqtisadi-mədəni əlaqələr nəticəsində Aralıq dənizi bölgəsində yerləşən ölkələrdən qaynaqlandığı, artıq yuxarıda qeyd edilmişdir. Qonşu ölkələrlə iqtisadi-mədəni əlaqələrin bu mədəniyyətin inkişafına müəyyən təsir etməsinə baxmayaraq, o, yerli zəmin əsasında inkişaf etmişdir. Tədqiqatçılar Xocalı- Gədəbəy arxeoloji mədəniyyətinin Kür-Araz mədəniyyəti ilə bağlı olduğunu qeyd etmişlər. Araşdırmalar Xocalı-Gədəbəy mədəniyyətinin Azərbaycanın şimalında meydana çıxdığını və e.ə. II minilliyin sonlarına yaxın cənub rayonlara yayıldığını göstərir. Bu dövrdə Xocalı-Gədəbəy mədəniyyəti boyalı qabların xarakterik olduğu Naxçıvan ərazisində də yayılmış və onu təsiri altına almışdır. Tədqiqatçılar aparılan araşdırmalara söykənərək, Xocalı-Gədəbəy mədəniyyətində iki, bəzən isə üç tayfa ittifaqının mövcudluğunu qeyd etmişlər. Bu zaman ağ inkrustasiyalı keramika ilə seçilən komplekslər xurritlərə, ağac kunstrksiyalı qəbirlər, kremasiya və at dəfnləri ilə seçilən komplekslər isə irandillilərə aid edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, bu abidələrin irandillilərə aid edilməsi üçün heç bir əsas yoxdur. Çünki, at dəfnləri və atla bağlı inamlar yalnız hind-avropalılar və irandillilər üçün xarakterik olmamışdır. At dəfnləri türkdilli xalqlar arasında geniş yayılmış dəfn ritualıdır. Digər tərəfdən, ağac konstruksiyalı qəbirlərə Cənubi Qafqazda Orta Tunc dövründə rast gəlinməsi, bu tip qəbirlərin e.ə. II minilliyyin sonunda Volqa boyundan yayılması haqqında М.N.Poqrebovanın fikirlərini təkzib edir. Ağac konstruksiyalı qəbirlər, onların qəbilənin seçilmiş üzvlərinə aid olması və qəbilənin böyüklüyü ilə də bağlı ola bilər. Qeyd edək ki, ağac konstruksiyalı qəbirlər Sibirin türkdilli tayfaları arasında olduqca geniş yayılmışdır. Мəşhur Pazırıq kurqanları buna əyani misaldır. Odur ki, М.N.Poqrebovanın irəli sürdüyü fikirlər əsaslı deyildir. Araşdırmalar göstərir ki, Aralıq dənizi hövzəsindən Sibirədək yayılmış boz rəngli, bəzən isə ağ inkrustasiyalı keramika yalnız ümumi əlamətlərinə görə müqayisə edilə bilər. Bu geniş ərazidə yayılan arxeoloji mədəniyyətlər arasında heç bir genetik bağlılıq yoxdur. Keramika arxeoloji mədəniyyətin basilica ünsürü olsa da, onun ayrılıqda qarşılaşdırılması tamamilə yalnış ola bilər. Belə ki, Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan tunc avadanlıq, xüsusilə konusvari başlığı olan xəncərlər və digər xarakterik əşyalar onu digər mədəniyyətlərdən fərqləndirir. Son Tunc dövründə Azərbaycan ərazisində meydana gələn siklop tikintilər cəmiyyətin iqtisadi və sosial həyatında böyük irəliləyiş olduğunu göstərir. Arxeoloji araşdırmalar bu dövrdə sosial ziddiyətlərin kəskinləşməsi ilə yanaşı, müxtəlif tayfalar arasında etnik və mədəni birləşmə prosesinin getdiyini göstərir. Bu prosesdə, ehtimal ki, Assuriya və Urartu kimi dövlətlərin Azərbaycana basqınlarına qarşı mübarizənin də müəyyən rolu olmuşdur. Azərbaycan tayfaları arasında gedən etnik-mədəni birləşmə prosesi, e.ə. I minilliyin başlanğıcında yeni dövlət birliklərinin yaranması ilə nəticələnmişdir. | |
Baxış: 804 | |
Bütün rəylər: 0 | |