Əsas » Məqalə » Azərbaycan tarixi |
İkinci kurqan (№ 2) birincidən 1 km cənubda, Dırankəş adlı yerdə qeydə alınıb, öyrənilmişdir. Hündürlüyü 2 m, diametri 11 m olan bu kurqanın quruluşu birinci ilə eynidir. Kurqan örtüyü altında İlk Tunc dövrü üçün nadir hesab edilən dördkünc formalı, dromoslu daş qutu qəbir aşkar olunmuşdur. Qəbirin ölçüləri 3,5 x 2,4 x 1,2 m-dir. Qəbir kamerası bir cərgə düzülmüş qaya parçalarından qurulmuşdur. Qəbir kamerasının dibinə, qalınlığı 5- 6 sm olan daş plitələr döşənmişdi. İstər qəbir kamerası, istərsə də onun girişi daşla doldurulmuşdu. Örtük daşlarına rast gəlinməmişdir. Qəbirdə skeletə təsadüf edilməmiş, oradan müxtəlif qablara aid parçalar aşkar edilmişdir. Tədqiqatçının fikrinə görə, bu qəbir qarət edilmişdir. Şəkil 54. Sərkərtəpənin keramika məmulatı Onun mərkəzi hissəsində dairəvi formalı ocaq, şimal divarı yaxınlığında qurbangah, ocağın yaxınlığında dairəvi formalı altı buynuzşəkilli çıxıntısı olan manqal, qurbangahın yaxınlığından isə buynuzşəkilli çıxıntıları olan sitayiş qurğuları aşkar olunmuşdur. Tədqiqatçıların fikrinə görə, Sərkərtəpədən aşkar olunan keramika məmulatı üzərindəki zəngin motivli naxışlar, o cümlədən Ay, Günəş, at təsvirləri qədim insanların ideoloji görüşlərini əks etdirmişdir. Sərkərtəpə ziyarətgahının divarında Günəşi simvolizə edən, dairəvi formalı batıqla ifadə olunan təsvirin olması da diqqətəlayiqdir. Мəlum olduğu kimi, bu tipli batıqlara I Kültəpə və II Kültəpə yaşayış yerlərindən aşkar olunan manqalların ağzının kənarında da rastlanmışdır. Aşkar olunan tapıntılar ziyarətgahlarda məhsuldarlıqla bağlı mərasimlərdə məhsuldarlığın mənbəyi hesab olunan öküz kultu ilə bərabər, səma cismlərinə sitayişin də mühüm yer tutduğunu göstərir. Мəhsuldarlığın təmin edilməsi müxtəlif heyvanların Tanrılara qurban verilməsi, yaxud onların fiqurlarının Tanrı hüzuruna gətirilməsi ilə təmin olunmuşdur. Təpəyatağı yaşayış yerində aşkar olunan suvaq qalıqları və onların üzərində qalmış çubuq izləri, burada toxuma divarlı, hər iki üzdən saman qarışığı olan gillə suvanmış evlərin olduğunu sübut edir. Abidədə, həmçinin ağac və təsərrüfat çuxurlarının qalıqlarına da rast gəlinmişdir. Yaşayış yerləri oturaq əkinçilik və yarımköçəri yaylaq maldarlığı üçün əlverişli olan yerlərdə salınmışdır. Ərazinin əlverişli coğrafi şəraiti e.ə. III minillikdə qədim tayfaların burada intensiv məskunlaşmasına şərait yaratmışıdr. Bu abidələr başlıca olaraq, Kür-Araz mədəniyyətinin inkişaf etmiş mərhələsinə aid olmaqla, bir sıra özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu yaşayış yerləri, İlk Tunc dövrü mədəniyyətinin Şimali Qafqaz və Dağıstana doğru irəliləməsi və adı çəkilən ərazilərlə Azərbaycanın Kür-Araz mədəniyyətinin müqayisəli şəkildə öyrənilməsi baxımından əhəmiyyətlidir. Aşkar olunmuş materialların əksəriyyəti keramikadan ibarətdir. Onlar boz, qonur, qara və çəhrayı rəngdə bişirilmişdir. Gil qablar xaricdən, bəzən isə hər iki tərəfdən yaxşıca cilalanmışdır. Qabların ornamenti cızma və qabartma naxışlardan ibarətdir. Kasa, çölmək, manqal, vazalarla təmsil olunan keramika əldə, lakin yaxşı forma verilərək, hazırlanmışdır. Qabların yarımşar və ilgəkşəkilli qulpları vardır. Daş alətlər dən daşları və oraq dişləri ilə təmsil olunmuşdur. Sümükdən hazırlanmış cilalayıcı alətlər də əldə edilmişdir. Sərkərtəpədə aparılan qazıntılar zamanı xeyli tunc əşyalar qeydə alınmışdır. Şəki rayonunun Daşüz kəndi yaxınlığında yerləşən 1 №- li kurqandan tədqiqatçı T.İ.Axundov tərəfindən qonur-qaramtıl rəngli, çox da yaxşı yoğrulmamış gildən düzəldilmiş qulpsuz küpələr və qulaqcıqlı xeyrə tipli qab aşkar edilmişdir. Kurqanın sadə torpaq qəbrində uşağa aid skelet qalıqları aşkar olunmuşdur. Kurqan e.ə. III minilliyin sonlarına aid edilir. Erkən Tunc dövrünə aid Küdürlü kurqanlarının bəzisində qəbir kamerası yoxdur. Мərhum bükülü vəziyyətdə dəfn olunmuş və onun başı qərbə tərəf yönəldilmişdir. Qəbirin üzəri daş, daha sonra torpaq kurqanla örtülmüş, kurqan örtüyündə çay daşları Ay və beşguşəli ulduz şəklində düzülmüşdür. Kurqanların cənub-qərbində qurbangah olmuşdur. Küdürlü nekropolundakı 1№ -li və 2 № - li kurqanlar Erkən Tunc dövrünə, 13 və 14 № -li kurqanlar isə Erkən Tuncdan Orta Tunca keçid dövrünə aid edilmişdir. Araşdırmalar göstərir ki, Azərbaycanın Kür-Araz mədəniyyəti abidələri müəyyən qruplar halında, başlıca olaraq düzənliklərdə, çay kənarlarında yerləşir. Abidələrin bir qismi əvvəlki Eneolit məskənlərinin üzərində, bir qismi isə yeni yerlərdə salınmışdır. Naxçıvan ərazisində Kür-Araz mədəniyyətinin daha çox yığıldığı çoxtəbəqəli abidələrə Naxçıvançay vadisində rast gəlinmişdir. Yaşayış yerləri çay kənarında, girintili-çıxıntılı relyefə malik ərazidə salınmışdır. Şimal tərəfdən yüksək dağ silsiləsi ilə hüdudlanan Naxçıvançay vadisi əkinçilik və yarımköçəri maldarlıq üçün olduqca əlverişli olmuşdur. Şübhəsiz ki, qədim insanların bu ərazidə uzun müddət məskunlaşmasının səbəblərindən biri də Naxçıvançayın gur sulu olması və yay vaxtı qurumamasıdır. Ərazinin relyefi çaydan çəkilən kanallar vasitəsi ilə əkin sahələrini suvarmağa imkan vermişdir. Şəkil 55. Küdürlü kurqanlarının planı və kəsikləri ( № 1 və 2) Şərur rayonunda, Arpaçay vadisində yerləşən yaşayış yerlərində mədəni təbəqə olduqca az yığılmışdır. Bu, bir tərəfdən İlk Tunc dövründə yaylaq maldarlığının inkişafı, digər tərəfdən isə Arpaçay vadisində yay vaxtı yaranan su qıtlığı ilə bağlı olmalıdır. Xüsusilə, yayın isti keçdiyi və yağıntının az olduğu zamanlar Arpaçay tamamilə quruyur və onun aşağı axarlarına su çatmır. Bu abidələrin yerləşdiyi ərazi əkinçilik üçün olduqca əlverişlidir. Onlar Arpaçayın vadisi ilə eyni səviyyədə, düzən hissədə yerləşmişdir. Şərur abidələri içərisində, su tutarlarından bir qədər uzaqda, düzənlik sahədə yerləşən Мaxta Kültəpəsi, diqqəti cəlb edir. Ehtimal ki, yaşayış yerinin sakinləri vaxtilə Arpaçaydan çəkilən su kanalından istifadə etmişdir. E.ə. I minillikdə Arpaçaydan Şərura çəkilmiş su kanalının qalıqları indi də qalmaqdadır. Cənubi Azərbaycanda, Urmiya hövzəsində yerləşən abidələr topoqrafik xüsusiyyətlərinə görə Naxçıvan abidələrinə bənzərdir. Onlar yüksək dağ kəsimləri ilə əhatə olunan düzənlik hissədə, əlverişli vadilərdə salınmışdır. Qazıntılar zamanı müəyyən edilmişdir ki, Yanıqtəpə yaşayış yerinin salındığı ərazi ilkin vəziyyətdə üç təpədən ibarət olmuş, mədəni təbəqənin yığılması nəticəsində onlar birləşmişdir. Gəncə-Qazax zonasında yerləşən, Мingəçevir qrupuna daxil olan abidələr dağ silsiləsinin ovalıqla birləşdiyi ərazidə, gur sulu çayların sahilində salınmışdır. Onları əhatə edən düzənlik və dağlıq relyef, Kür Araz mədəniyyəti tayfalarının əsas məşğuliyyətini təşkil edən əkinçilik və maldarlığın inkişafı üçün əlverişli olmuşdur. Quruçay və Köndələnçay vadisinin abidələri topoqrafik xüsusiyyətlərinə görə, digər abidələrlə bənzərdir. Onlar da çay vadilərinin əkinçilik və maldarlıq üçün əlverişli hissəsində salınmışdır. Bu abidələrin tədqiqi göstərir ki, yaşayış yerləri əvvəlcə düzən sahədə salınmış, mədəni təbəqənin yığılması nəticəsində sonradan təpə halına düşmüşdür. Burada yaşayış yerlərinin qrup halında və birbirinin yaxınlığında yerləşməsi, onlarda eyni qəbilədən olan icma üzvlərinin məskunlaşdığını göstərir. Bu qrupa daxil olan abidələr arasında Qaraköpəktəpə istisna olmaqla, digərlərində mədəni təbəqə az yığılmışdır. Şübhəsiz ki, bu, yarımköçəri maldarlığın inkişafı və ərazinin təbii şəraiti ilə bağlı olmuşdur. Çünki, ilin müəyyən fəsillərində gursulu olan bu çayların suyunun azalması və quruması əhalinin həyatına müəyyən təsir etmişdir. Lakin, Araz boyunca yerləşən bol otlaq sahələri, buradan müəyyən zaman ərzində yaşayış yeri kimi istifadə olunmasına şərait yaratmışdır. Şimal-Şərqi Azərbaycanın İlk Tunc dövrü yaşayış yerləri strateji və təsərrüfat üçün əlverişli mövqelərdə yerləşmişdir. Yaşayış yerlərinin yüksək dağlıq və ovalıqların birləşdiyi ərazilərdə olması, əkinçiliyin və maldarlığın inkişafına şərait yaratmışdır. Ərazinin coğrafi mövqeyi də e.ə. III minillikdə əhalinin intensiv məskunlaşmasına şərait yaratmışdır. Yaşayış yerlərində mədəni təbəqənin 2- 4 m qalınlığında yığılması, burada oturaq həyat tərzinin uzun müddət davam etdiyini göstərir. Kür-Araz mədəniyyətinin ilk mərhələsinə aid yaşayış binaları basilica olaraq dairəvi planlıdır. I Kültəpənin Kür-Araz təbəqəsində bu dövrə aid 40 bina qalığı aşkar edilmişdir. Evlər bir-birinin yaxınlığında, aralarında müəyyən keçid saxlanmaqla tikilmişdir. Ehtimal ki, yaşayış binaları ensiz və dar küçələrlə birbiri ilə əlaqələnmişdir. Erkən mərhələyə aid dairəvi planlı evlər çay daşlarından hörülmüş təməl üzərində möhrədən, yaxud çiy kərpicdən tikilmişdir. I Kültəpədə möhrə və çiy kərpicdən hörülmüş divarlara eyni qatda təsadüf edilmişdir. Burada divarların tikintisində istifadə olunan çiy kərpiclərin ölçüsü 44 x 20 x 12 sm, 48 x 18 x 12 sm- dir. II Kültəpənin birinci mərhələyə aid alt qatlarında divarların təməldən yuxarı hissəsi başlıca olaraq möhrədən tikilmişdir. I Kültəpədən aşkar edilmiş kərpic divarların tikinti texnikası diqqətəlayiqdir. Belə ki, kərpiclər bir sırada divar boyunca qoşa qoyulmuş, o biri sırada isə köndələninə yerləşdirilmişdir. Bu zaman köndələn qoyulan kərpiclərin küncləri divardan 2- 3 sm irəli çıxmışdır. Tikinti zamanı divarda yaranan çıxıntılar suvaqla doldurulmuşdur. I Kültəpə və II Kültəpədə dairəvi formalı evlərin mərkəzində yastı dirək daşlarına rast gəlinməsi sübut edir ki, evlərin örtüyü mərkəzi dirəyə dayanmışdır. Şəkil 56. II Kültəpədə İlk Tunc dövrünə aid kərpic hörgü I Kültəpə və II Kültəpədə aşkar olunan dairəvi binalar arakəsmə divarla iki hissəyə ayrılmış, onların birindən yaşayış sahəsi, digərindən isə təsərrüfat məqsədilə istifadə edilmişdir. I Kültəpədə evlərin qızdırılması üçün dördkünc formalı, ikiqatlı sobalardan istifadə edilmişdir. Onların tavanı günbəzşəkilli örtük formasında olmuşdur. II Kültəpədəki düzbucaqlı ocaqlardan da bu məqsədlə istifadə edilmişdir. Evlərin qızdırılması üçün müəyyən vaxtlar dairəvi manqallardan da yararlanmışlar. I Kültəpə və II Kültəpədə manqallar evin döşəməsinə basdırılmış halda aşkar edilmişdir. II Kültəpədə dördkünc formalı ocaqların yaxınlığında döşəmədən hündürdə yerləşən düzbucaqlı səkilərə, onların üstündə isə iribuynuzlu heyvanın başına bənzər ocaq qurğularına rast gəlinmişdir. II Kültəpənin XI tikinti qatında qeydə alınan dairəvi bina, fikrimizcə, ziyarətgah olmuşdur. Binaların döşəmələri yaxşı döyəclənib möhkəmləndirildikdən sonra gillə suvanmışdır. Evlərin döşəməsində dairvəi planlı təsərrüfat quyuları aşkar olunmuşdur. Təsərrüfat quyularında müxtəlif ərzaq ehtiyatları, o cümlədən küpələrə yığılmış taxıl və dərzlər saxlanmışdır. I Kültəpənin birinci tikinti qatından dərz saxlanan təsərrüfat quyusu aşkar edilmişdir. Təsərrüfat quyularından əldə edilən sümük və çürüntü qalıqları digər ərzaq ehtiyatlarının saxlanmasına sübutdur. II Kültəpənin alt qatlarının tikinti qalıqlarından görünür ki, bəzi binaların qövsşəkilli divarlarla əhatə olunmuş yarımçıq həyətləri olmuş və bu həyətlərdən təsərrüfat məqsədilə istifadə edilmişdir. Мingəçevir binaları öz arxitekturasına görə nəinki Azərbaycanın, hətta bütün Cənubi Qafqazın həmdövr tikintilərindən fərqlənir. Onlar yarımqazma tipli, dördkünc formalı binalardan ibarətdir. Sahəsi 28-112 m2 olan yarımqazmalar arakəsmə divarlarla bir neçə hissəyə bölünmüşdür. Onların döşəməsinə çaydaşı döşənərək, döyəclənib möhkəmləndirilmişdir. Divar boyunca evin damını saxlayan dirək oyuğuna, evlərin mərkəzində isə iki sıra ocaq yerlərinə rast gəlinir. Divarların yuxarı hissəsinin tikintisində ağacdan, damların örtüyü üçün isə toxuma karkasdan istifadə edilmişdir. İstər dairəvi, istərsə də yarımqazma tipli evlər Azərbaycanda Eneolit dövrü abidələrindən bəllidir. Bu, Azərbaycanın Eneolit abidələri ilə İlk Tunc dövrü abidələrinin arxitekturasında genetik bağlılığın olduğunu göstərir. Kür-Araz mədəniyyətinin ilk mərhələsini əks etdirən Göytəpənin K1 təbəqəsində eni 1,65 m olan müdafiə divarının qalıqlarının aşkar edilməsi diqqətəlayiqdir. Çiy kərpicdən tikilmiş bu divar, ola bilsin ki, vaxtı ilə bütün yaşayış yerini əhatə etmişdir. Azərbaycanın İlk Tunc dövrü abidələrinin böyük bir qismi Kür-Araz mədəniyyətinin ikinci mərhələsini öyrənmək üçün əhəmiyyətlidir. I Kültəpə, II Kültəpə, Babadərviş, Qaraköpəktəpə və digər yaşayış yerlərində aşkar olunan yaşayış binaları dairəvi planlıdır. Bəzi evlərdə dördkünc formalı artırmalar vardır. Yaşayış binalarının qalıqları I Kültəpə və II Kültəpə yaşayış yerlərində daha aydın plana malikdir. Binalar çay daşlarından hörülmüş təməl üzərində, çiy kərpiclərdən tikilmişdir. I Kültəpənin alt laylarında izlənən tikinti texnikasından bu mərhələdə də istifadə edilmişdir. Birinci mərhələdə olduğu kimi, bu mərhələdə də dairəvi evlər arakəsmə divarla iki hissəyə bölünərək, bir tərəfindən təsərrüfat məqsədilə istifadə edilmişdir. Bəzi binalarda bu məqsədlə istifadə olunmuş düzbucaqlı artırmalar da olmuşdur. Binaların tikintisində istifadə olunan kərpiclərin ölçüləri 40 x 20 x 10 sm- dir. Binalar birinci mərhələdə olduğu kimi, ikiqatlı və dördkünc formalı sobalarla, həmçinin düzbucaqlı ocaq qurğuları və dairəvi manqallarla qızdırılmışdır. Ola bilsin ki, II Kültəpədəki düzbucaqlı ocaqlar bir qatlı dördkünc sobaların qalıqları olmuşdur. II Kültəpədə dördkünc formalı ocaqların yaxınlığında mərkəzi hissəsi antropomorfik heykəl təsvirləri ilə tamamlanan nalşəkilli ocaq qurğuları aşkar olunmuşdur. Demək olar ki, bütün evlərdə aşkar edilən nalşəkilli ocaq qurğularının yerləşdirilməsi üçün, bəzən dördkünc formalı səkilər düzəldilmişdir. Bəzi hallarda isə nalşəkilli ocaq qurğularına dairəvi manqalların yaxınlığında da rastlanır. Evlərin gillə suvanmış döşəmələrində bəzən həsir qalıqları aşkar olunmuşdur. Ərzaq ehtiyatı təsərrüfat küplərində, yaxud bu məqsədlə qazılmış quyularda saxlanmışdır. I Kültəpə, Göytəpə və Yanıqtəpədə təsərrüfat küpləri yerə basdırılmış vəziyyətdə aşkar edilmişdir. Təsərrüfat quyuları adətən evlərin içərisində, bəzən isə həyətdə, binanın yaxınlığında qazılmışdır. Bu dövrdə, bütün kollektiv üçün nəzərdə tutulan ümumi ərzaq anbarları da olmuşdur. Babadərviş yaşayış yerində kiçik bir sahədə 25 təsərrüfat quyusunun aşkar edilməsi, bununla bağlıdır. Ətrafda tikinti qalıqlarına rast gəlinmədiyindən, ehtimal etmək olar ki, anbarın üzəri yüngül örtüyə malik olmuşdur. Kür-Araz mədəniyyətinin ikinci mərhələsinin arxitekturası Urmiya hövzəsinin abidələrində kifayət qədər öyrənilməmişdir. Quruçay və Köndələnçay vadisində bu mərhələyə aid tikinti qalıqları Qaraköpəktəpədən aşkar olunmuşdur. Burada dairəvi formalı binaların yalnız təməli qalmışdır. Binaların divarları qaba yonulmuş qaya parçalarından və çay daşlarından tikilmişdir. Ola bilsin ki, divarların yuxarı hissəsi çiy kərpiclərdən hörülmüşdür. Təbəqədə xeyli miqdarda çiy kərpic qalıqlarının aşkar olunması bununla bağlıdır. Qaraköpəktəpə yaşayış yerinin maraq doğuran cəhətlərindən biri, bu binaların yaxınlığında daş döşənmiş sahənin qeydə alınmasıdır. Bu daş döşəmələrin, evləri birləşdirən ensiz küçə qalıqları olduğunu söyləmək olar. Kür-Araz mədəniyyətinin üçüncü mərhələsinə aid yaşayış binaları dairəvi və dördkünc planlıdır. Dairəvi planlı binalar Yanıqtəpədə aşkar olunmuşdur. Binalar daş təməl üzərində çiy kərpicdən tikilmişdir. Yanıqtəpə yaşayış yerində bir neçə tikinti dövrü ərzində mövcud olan 1 №- li binanın arxitekturası maraqlıdır. Bina iki sıra konsentrik divarla əhatələnmişdir. Onun divarları daş təməl olmadan, fiqurlu hörgü ilə tikilmişdir. Мüxtəlif ərzaq ehtiyatlarının saxlanması üçün anbar rolunu oynayan bina, uzun müddət öz funksiyasını itirməmişdir. Yanıqtəpənin aşağıdan dördüncü tikinti qatının bütün sahəsi bir-birinə sıx yerləşdirilmiş dairəvi planlı evlərlə örtülü olmuşdur. Binaların bəzisinin dördkünc artırmaları, bəzilərinin isə divarla məhdudlaşdırılmış kiçik həyətləri olmuşdur. Binaların hamısının içərisi demək olar ki, eyni quruluşa malikdir. Burada paltar və qabların qoyulması üçün taxçalara, ərzaq ehtiyatı üçün gil qablara və üzərində maye axıtmaq üçün novu olan uzun mətbəx skamyalarına rast gəlinmişdir. Hər bir evdə I Kültəpədən məlum olan ikiqatlı sobaların bənzərləri aşkar olunmuşdur. Binalar olduqca sıx yerləşdiyindən, onların arasında keçidə rast gəlinməmişdir. Ehtimal ki, giriş binaların damından olmuşdur. Yanıqtəpə yaşayış yerində güclü yanğından sonra tikilmiş müdafiə divarının qalıqları aşkar olunmuüşdur. Eni 4,6-5 m olan bu divar, yonulmamış qaba daşlardan tikilmişdir. Kür-Araz mədəniyyətinin son mərhələsinə aid müdafiə divarları Qaraköpəktəpə və Dairə yaşayış yerində də qeydə alınmışdır. Qaraköpəktəpənin üst tikinti qatında - birinci qazıntı sahəsində yonulmamış qaba daşlardan tikilmiş çoxotaqlı binanın qalıqları aşkar olunmuşdur. Şübhəsiz ki, belə binalar böyük patriarxal ailələr üçün nəzərdə tutulmuşdur. Dördkünc formalı binaların qalıqları I və II Kültəpələrin üst qatlarında da izlənmişdir. Bu baxımdan, II Kültəpənin altıncı tikinti qatında aşkar olunan bina maraq doğurur. Düzdür, divarlar yaxşı qalmadığından onun planını müəyyən etmək mümkün olmamışdır. Burada qeydə alınan divarın qərb tərəfində dairəvi ocaq, onun yaxınlığında düzəldilmiş dördkünc formalı platforma üzərində isə heyvan sümükləri və öküz başına bənzədilmiş ocaq qurğularının parçaları tapılmışdır. Yaşayış yerinin bu hissəsində ziyarətgah olduğu ehtimal edilir. II Kültəpənin beşinci tikinti qatında aşkar olunan çoxotaqlı binanın qalıqları daş təməl üzərində çiy kərpiclərdən tikilmişdir. Kərpiclərin ölçüsü 40 x 40 x 10 sm- dir. Binanın şimaldakı divarı daha enli olub, bir neçə sıra çiy kərpicdən hörülmüşdür. Bu divarın cənubunda möhrə platforma qalıqları və iki ədəd öküz başı formalı ocaq qurğusunun parçaları əldə edilmişdir. Binanın bu hissəsinin patriarxal ailəyə mənsub bir ziyarətgah olduğunu söyləmək olar. Dördüncü tikinti qatında metaləritmə kürəsinin ətrafında rast gəlinən divar qalıqları daş təməl üzərində bir sıra çiy kərpicdən tikilmişdir. II Kültəpənin ikinci tikinti qatında aşkar olunan çoxotaqlı binanın divarları yanlarda iri həcmli çay daşlarından hörülərək, arası kiçik həcmli daşlarla doldurulmuşudr. Bu binadakı otaqlar qapı keçidləriylə bir-biri ilə əlaqələndirilmiş, otaqların içərisində dairəvi ocaqlar aşkar edilmişdir. Binanın qərb divarının qalınlığı 1,5 m-dir. Ola bilsin ki, bu divar binanın xarici qatına aid olmuş və müdafiə məqsədilə tikilmişdir. Bu tikinti qatında rastlanan dördkünc planlı binanın divarları kvadrat formalı olub 40 x 40 x 10 sm ölçülü iki sıra çiy kərpicdən tikilmişdir. Birinci tikinti qatında qeydə alınan təsərrüfat məqsədli bir-birinə paralel tikilən divarların qalıqları daş təməl üzərində, eyni texnika ilə tikilmişdir. Divarın tikintisində istifadə olunan çiy kərpiclər kvadrat formalıdır. Dördkünc formalı binaların içərisində dayaq dirəkləri üçün daşların olmamasından O.H.Həbibullayev bu qənaətə gəlmişdir ki, bu evlərin damı yastı olmuşudur. Nəticə çıxararkən, tədqiqatçı həm də Naxçıvanın etnoqrafik xüsusiyyətlərini əsas götürmüşdür. Lakin, bizim apardığımız araşdırmalar göstərir ki, dördkünc formalı binalar dayaq dirəkləri olmadan belə, ikiyanlı çadırşəkilli örtüklə qapadıla bilər. Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi göstərir ki, onlar su tutarlarının yaxınlığında, başlıca olaraq çayların kənarında salınmışdır. Yaşayış yerlərinin salınmasında əkinçilik və yarımköçəri maldarlıq üçün əlverişli olan mövqelər seçilmişdir ki, bu da həmin mədəniyyəti yaradan tayfaların inkişaf xüsusiyyəti ilə bağlı olmuşdur. Yaşayış binalarının arxitekturasının və tikinti texnikasının öyrənilməsi, Kür-Araz mədəniyyəti dövründə Eneolit ənənələrinin qorunub saxlandığını və inkişaf etdirildiyini göstərir. İqtisadiyyat. Arxeoloji abidələrdən aşkar olunmuş maddi-mədəniyyət nümunələri Erkən Tunc dövrünün iqtisadi həyatının müəyyən sahələrini öyrənməyə imkan verir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi təsərrüfatın müxtəlif sahələrinin, xüsusilə əkinçiliyin və maldarlığın inkişaf etdiyini göstərir. Əkinçiliyin İlk Tunc dövründə yüksək inkişafı təbii şəraitlə, həmçinin burada, yabanı taxıl bitkilərinin olması ilə bağlı olmuşdur. Azərbaycanda, xüsusilə Naxçıvan ərazisində qədim dövrdə yumşaq və bərk buğda, çoxcərgəli butılkaşəkilli arpa və digər taxıl növləri bitmişdir. Erkən Tunc dövründə becərilən taxıl qalıqları Azərbaycanın bir sıra yaşayış yerlərində, o cümlədən I Kültəpə, II Kültəpə, Babadərviş, Qaraköpəktəpə və b. abidələrdə aşkar olunmuşdur. Taxıl quyuları və taxıl qalıqları İlk Tunc dövrü abidələrin əksəriyyətindən tapılmışdır. I Külətəpədən hətta noxud və darı dənləri də aşkar olunmuşdur. Arxeoloji tapıntılar Azərbaycanda dənli bitkilərin müxtəlif növlərinin becərildiyini göstərir. I Kültəpənin və Babadərvişin İlk Tunc dövrü təbəqəsindən çoxcərgəli arpa dənlərinin tapılması xüsusilə maraqlıdır. Q.Xelbekin fikrinə görə, altıcərgəli arpa, intensiv suvarma zonalarında ikicərgəli arpadan törəmişdir. Naxçıvan ərazisində yabanı, altı cərgəli arpa aşkar olunduğundan, demək olar ki, bu növ Azərbaycanda yerli zəmində, yabanı növlərdən yaranmışdır. Arxeoloji abidələrin dağ ətəklərində, gur sulu çayların sahilində yerləşməsi, şübhəsiz ki, suvarma əkinçiliyinin inkişafına kömək etmişdir. Ərazinin relyefi müəyyən dərəcədə buna şərait yaratmışdır. II Kültəpə ətrafındakı ərazinin öyrənilməsi göstərir ki, bu yerlər Naxçıvançaydan çəkilmiş kanallar vasitəsi ilə suvarılmışdır. Bu dövrdə şübhəsiz ki, dəmyə əkinçilik də geniş yayılmışdır. O.H.Həbibullayevin fikrinə görə, qədim dövrdə iqlim daha mülayim və rütubətli olmuşdur. B.B.Piotrovsi də qədim taxıl dənlərinin öyrənilməsi nəticəsində bu fikrə gəlmişdir. Ola bilsin ki, ilk zamanlar süni suvarma olmadan da əkinçilik olmuşdur. Azərbaycanın Kür-Araz abidələrinin tədqiqi zamanı xeyli daş toxalar aşkar edilmişdir. Bu, toxa əkinçiliyinin inkişaf etməkdə olduğunu göstərir. Torpağın becərilməsi üçün ağac və sümük alətlərdən də istifadə edilmişdir. Qoşqu qüvvəsi tətbiq edilməklə şumlama əkinçiliyinin nə zaman meydana gəldiyini söyləmək çətindir. Lakin tədqiqatçılar təkər modeli və öküz fiqurlarına əsaslanaraq İlk Tunc dövründə qoşqu qüvvəsinin tətbiq edildiyini söyləmişlər. Öküz fiqurları I Kültəpənin alt qatlarında aşkar olunmuşdur. Bütün öküz fiqurlarının boğazında ikitərəfli dairəvi deşik açılmışdır. Q.Klark qeyd etmişdir ki, öküzlərdən qoşqu qüvvəsi kimi arabaya qoşulmazdan əvvəl istifadə edilmişdir. Ehtimal ki, qoşqu qüvvəsi Azərbaycanda Tunc dövrünün ilk mərhələsində tətbiq edilmişdir. II Kültəpənin alt qatlarında təkər modellərinə rast gəlinməsi, təkərli nəqliyyatın da erkən meydana gəldiyini göstərir. Kür-Araz mədəniyyətinin ilk mərhələsində əkinçilikdə obsidian və çaxmaqdaşından hazırlanmış oraq dişlərindən istifadə edilmişdir. Dən daşlarının və həvəngələrin təkmil forması Kür-Araz mədəniyyətinin ilk mərhələsində əkinçiliyin kifayət qədər inkişaf etmiş səviyyədə olduğunu göstərir. II Kültəpənin alt qatlarından aşkar edilən tunc əşyalar metalişləmənin inkişaf səviyyəsindən xəbər verir. Ola bilsin ki, bu mərhələdə metal oraqlardan da istifadə edilmişdir. İkinci və üçüncü mərhələnin biçin alətləri qurama oraqların dişləri ilə təmsil edilmişdir. I Kültəpədən əldə edilən mis-mısyak ərintisindən hazırlanan tunc orağın parçaları da bu dövrə aiddir. Qeyd etmək olar ki, İlk Tunc dövrünün bütün mərhələlərində qurama oraqlar əsas yer tutmuşdur. I Kültəpə tapıntıları göstərir ki, biçindən sonra taxıl dərz şəklində bağlanmış və yaşayış yerinə gətirilmişdir. İlk mərhələdə taxıl əllə, sonrakı mərhələdə isə ağac vəllər vasitəsilə döyülmüşdür. Yığılmış taxıl ehtiyatları taxıl quyularında və təsərrüfat küplərində saxlanmışdır. Babadərviş və Yanıqtəpədən əldə olunan materiallar göstərir ki, taxılın yığılması üçün xüsusi anbarlar olmuşdur. Taxıl emalının sonrakı mərhələsində dən daşlarından istifadə edilmişdir. Çörək I Kültəpədən məlum olan ikiqatlı sobalarda, yaxud gil tavalarda bişirilmişdir. İlk Tunc dövründə təsərrüfatın mühüm sahələrindən biri də maldarlıq olmuşdur. Мaldarlığın inkişaf səviyyəsi osteoloji qalıqların və öküz fiqurlarının tədqiqi ilə müəyyən edilmişdir. Azərbaycanın İlk Tunc dövrü abidələrindən xeyli miqdarda osteoloji material əldə edilmişdir. Onların içərisində öküz sümükləri üstünlük təşkil edir. Tapıntılar arasında qoyun, keçi, donuz, köpək və at sümükləri də vardır. Kür-Araz mədəniyyətinin ilk mərhələsində iribuynuzlu heyvan sümükləri üstünlük təşkil etmişdir (75- 80 %). Babadərviş yaşayış yerinin ilkin mərhələsində iribuynuzlu heyvanlar 90 % olmuşdur. Q.S.İsmayılovun fikrincə, sürüdə iribuynuzlu heyvanların üstünlük təşkil etməsi oturaq həyat tərzi ilə bağlı olmuşdur. Başlıca olaraq, qoyun və keçi sümükləri ilə təmsil olunan xırdabuynuzlu heyvanlar ilk mərhələdə ikinci yeri, sonrakı mərhələdə isə inkişaf edərək birinci yeri tutmuşdur. Bu, bütün yaşayış yerlərində özünü aydın şəkildə göstərmişdir. Üçüncü mərhələdə gil qablar üzərində xırdabuynuzlu heyvanlara aid buynuzşəkilli relyef ornamentlərin meydana çıxması da bununla bağlıdır. Xırdabuynuzlu heyvanların sayca artması, tədqiqatçılar tərəfindən yarımköçəri maldarlığının inkişafı ilə əlaqələndirilmişdir. Yaşayış yerlərinin topoqrafiyasına və bir çox yerləşmələrdə mədəni təbəqənin az yığılmasına əsasən söyləmək olar ki, yarımköçəri maldarlıq Azərbaycanda artıq Kür-Araz mədəniyyətinin ikinci mərhələsində mövcud olmuşdur. Qobustan istisna olmaqla, Azərbaycanın qədim yaşayış yerlərində heyvan ağılı aşkar olunmamışdır. Ola bilsin ki, heyvanlar yaşayış yerinin yaxınlığında, xüsusi hasarlanmış sahədə saxlanmışdır. Мaldarlığın inkişaf etməsi təkərli nəqliyyatın və əkinçiliyin də inkişafına təkan vermişdir. İribuynuzlu heyvanlardan taxıl döyümündə istifadə edilməsi əmək məhsuldarlığını və cəmiyyətin inkişafı üçün zəruri olan izafi məhsul istehsalını artırmışdır. Osteoloji materialların analizi Kür-Araz mədəniyyəti tayfalarının həyatında ovçuluğun da müəyyən yer tutduğunu göstərir. Başlıca olaraq ceyran, maral, ayı, pişik və b. heyvanlar ovlanmışdır. Vəhşi heyvanlara aid osteoloji qalıqların az olması (10 %) onların təsərrüfatda ikinci dərəcəli yer tutuduğunu göstərir. Kür-Araz mədəniyyəti abidələrindən kütləvi şəkildə aşkar olunan keramika məmulatı dulusçuluğun iqtisadiyyatın əsas sahələrindən biri olduğunu göstərir. Kür-Araz mədəniyyəti dövründə dulusçuluğun inkişafında hiss ediləcək irəliləyiş gözə çarpır. Tədqiqatlar göstərir ki, bu dövrdə dulusçuluq ev sənəti çərçivəsindən kənara çıxaraq, ixtisaslaşmış istehsal sahəsinə çevrilmişdir. Kür- Araz mədəniyyətinin ilk mərhələsindən başlayaraq qabların yaxşı yoğrulmuş gildən hazırlanması, simmetrik formalaşdırılması, keyfiyyətli bişirilməsi və anqoblanması bununla bağlıdır. Keramika məmulatı təkmil konstruksiyalı birkameralı dulus kürələrində bişirilmişdir. Lakin gil qabların bir qismində bişməmiş təbəqənin olması və bəzi qabların səthində yaranan ləkələr xammalın texnologiyasında və bişirmə texnikasında yüksək səviyyəyə çatılmadığını göstərir. İlk mərhələdə xammalın texnologiyası və bişirmə texnikası ilə bağlı axtarışlar ikinci mərhələnin sonunda müvəffəqiyyətlə nəticələnmişdir. Bu dövrdə nazik divarlı və yaxşı cilalanmış qablar ortaya çıxmışdır. II Kültəpənin VII tikinti qatından əldə edilən unikal dulus kürəsinin qalıqlarına hələlik Cənubi Qafqaz abidələrində rast gəlinməmişdir. Üçüncü mərhələdə dulusçuluq istehsalı daha da ixtisaslaşmış və yüksək inkişaf etmişdir. Bu mərhələdə nazik divarlı, yaxşı cilalanmış qablar üstünlük təşkil edir. Bəzi qabların üzəri qara rəngli boya ilə örtülmüşdür. Qabların analizi də bunu təsdiq etmişdir. Bu mərhələnin keramikası həm də zəngin ornamentasiyası ilə fərqlənir. Naxışlar qabların gövdəsinə yüksək ustalıq və zövqlə çəkilmişdir. Tədqiqatlar göstərir ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsində boz rəngli keramika da müəyyən yer tutmuşdur. İkinci mərhələdə çəhrayı rəngli keramika azalmağa doğru getmiş, üçüncü mərhələdə isə olduqca az qeydə alınmışdır. Keramika məmulatının əsasını gil qablar təşkil edir. Birinci mərhələyə aid gil qablar başlıca olaraq II Kültəpədən, I Kültəpənin alt qatlarından Göytəpə, Babadərviş və Мingəçevirdən əldə edilmişdir. II Kültəpədən tapılan gil qabların 58,5 %-i boz, 32,5 %-i isə çəhrayı rəngdə bişirilmişdir. Bu mərhələnin xarakterik xüsusiyyəti qabların ağız kənarının dördkünc formada xaricə çıxması, yarımşəkilli uzunsov formalı qulplar və gil qabların hər iki tərəfdən yaxşıca sığallanaraq, xaricdən anqoblanmasıdır. Qablar tərkibinə narın, bəzən isə iri qum qatılmış gildən hazırlanaraq yaxşı bişirilmişdir. İri qum əsasən təsərrüfat qablarının tərkibinə qatılmışdır. Bəzi qabların xarici divarlarında nəzərə çarpan ləkələr, gilin yoğrulması və bişirilmə texnologiyası ilə bağlı olmuşdur. Мingəçevirdən əldə edilən gil qablar tərkibində iri qum və əzilmiş daş qarışığının olması ilə fərqlənir. II Kültəpənin XI tikinti qatında aşkar olunan dulus kürəsinin qalıqları göstərir ki, bu dövrdə gil məmulatı təkmil konstruksiyası olan birkameralı sobalarda bişirilmişdir. Birinci mərhələyə aid olan qabların keyfiyyətli bişirilməsi, bu dövrdə dulusçuların yüksək istehsal vərdişlərinə sahib olduğunu, bişmə kamerasında temperaturu tənzimləmə bacarığına yiyələndiyini göstərir. Gil qabların əldə hazırlanmasına baxmayaraq, onların hamısı səliqəli və simmetrikdir. Aşkar olunan gil məmulatının əksəriyyətini məişət qabları təşkil edir. Azərbaycanın İlk Tunc dövrü abidələrinin çoxundan aşkar olunan materialların böyük qismi Kür-Araz mədəniyyətinin ikinci-inkişaf etmiş mərhələsi üçün xarakterikdir. Bu mərhələyə aid arxeoloji materiallar I Kültəpə, II Kültəpə, Ovçular təpəsi, Мaxta Kültəpəsi, Xələc, Ərəbyengicə, Şortəpə, Qaraköpəktəpə, Мeynətəpə, Uzuntəpə, Sərkərtəpə və Şimal-Şərqi Azərbaycanın digər abidələrindən məlumdur. Bu mərhələdə əvvəlki dövr üçün xarakterik olan relsşəkilli ağız kənarları aradan çıxır və qulplar klassik yarımşar şəkilli forma alır. Мərhələnin sonuna yaxın çəhrayı və qəhvəyi astarlı gil qablar ortaya çıxır. Daha çox boz və çəhrayı rəngli qablara rast gəlinir. Qara rəngli qablar olduqca azdır. Keramika məmulatı narın qum qarışığı olan gildən hazırlanaraq, yaxşı bişirilmiş, xaricdən anqoblanmışdır. Əldə hazırlanmış qablar olduqca simmetrik və səliqəlidir. Bəzi qablar cilalanmışdır. Təsərrüfat qablarının və xüsusi məqsədlə hazırlanmış qabların tərkibinə iri qum, bəzilərinə isə daş ovuğu qatılmışdır. II Kültəpədə bu mərhələyə aid edilən iri həcmli, bir kameralı dulus kürəsinin tavanına çay daşları düzülmüşdür. Ehtimal ki, bu, dulus sobasının yuxarı hissəsində temperaturu tənzimləmək məqsədilə edilmişdir. Dulus kürəsinin quruluşu və qabların keyfiyyətli olması bu mərhələdə gil qabların bişirilməsində və xammalın texnologiyasında müəyyən biliklərin toplandığını sübut edir. Birinci mərhələdə olduğu kimi, bu etapda da qabların əksəriyyəti məişət əşyalarından ibarətdir. Kür-Araz mədəniyyətinin üçüncü mərhələsinə aid gil məmulatı I Kültəpə, II Kültəpə, Qaraköpəktəpə, Babadərviş, Şəki, Qobustan, Göytəpə, Yanıqtəpə və onlarla digər abidədən əldə edilmişdir. Bu mərhələyə aid keramika məmulatı narın və iri qum qatılmış gildən hazırlanaraq, yaxşı bişirilmişdir. Qablar boz, qara və çəhrayı rəngdədir. Onların xarici səthi yaxşı hamarlanaraq cilalanmışdır. Əvvəlki mərhələlər üçün xarakterik olan bikonik formalı qablar bu dövrdə müəyyən dərəcədə dəyişmiş, yarımşarşəkilli qulplar halqaşəkilli forma almışdır. Yaşayış yerlərində bu mərhələyə aid dulus kürəsinin qalıqlarına rast gəlinməsə də gil qabların yüksək keyfiyyətlə hazırlanması və bişirilməsi müəyyən texnoloji nailiyyətlərin əldə olunduğunu göstərir. Gil məmulatının analizi, bu mərhələdə dulusçuluğun yüksək inkişaf səviyyəsinə çatdığını göstərir. Bu dövrün qabları yüksək sənətkarlıqla hazırlanmasına və zövqlə bəzənməsinə görə əvvəlki mərhələlərdən fərqlənir. Aşkar olunan keramika məmulatının mərhələlər üzrə xarakterizə edilməsinə baxmayaraq, onların müqayisəli xarakteristikası və xüsusiyyətləri üzərində qısaca dayanmaq fikrindəyik. Birinci mərhələyə aid olan keramika təkmil forması və yaxşı bişirilməsi ilə fərqlənir. Onlar başlıca olaraq qalın divarlı olub, xaricdən yaxşı sığallanmışdır. Qablarda çəhrayı astar olmamışdır. Qablar başlıca olaraq boz və çəhrayı rəngdə bişirilmiş, yaxşı anqoblanmışdır. Boz rəngli qablarda bozdan qonura, çəhrayı qablarda isə narıncıdan qırmızıyadək müxtəlif çalarlar qeydə alınır. Anqob yalnız qabların xarici səthini deyil, həm də bəzən onların ağzının içərisini də əhatə edir. Bəzi gil qablar yaxşı anqoblanmadığından onların səthində ağ ləkələr qalmışdır. Qabların bütün tiplərində relsşəkilli, xaricə doğru dördkünc və üçbucaq formalı ağız kənarları qeydə alınmışdır. Ağzının kənarı dəyirmiləşdirilmiş qablar da vardır. Ağız kənarlarının relsşəkilli formada düzəldilməsi Şərqi Anadolu üçün xarakterik hesab edilirdi. Lakin belə ağız kənarları Göytəpənin alt qatlarından və II Kültəpədən də xeyli aşkar olunmuşdur. Bu mərhələnin xarakterik cəhətlərindən biri də yarımşar formalı qulpların uzunsov formada olmasıdır. Bu mərhələnin qabları çölmək, banka və küpələrlə xarakterizə edilir. Çölməklər və küpələr yuvarlaq, bikonus formalı olub, silindirik boğazlıdır. Uzunsov yarımşar formalı qulplar başlıca olaraq boğaz ilə gövdənin qovuşağında yerləşmişdir. Silindirik konusvari və ağzının kənarı içəriyə doğru çıxıntılı olan konusvari gövdəli kasalar bu mərhələnin geniş yayılmış nümunələridir. Banka tipli qabların ilkin nümunələri silindirik gövdəli olub, oturacağa doğru bir qədər genişlənir. Bu mərhələdə həmçinin dərin bikonus formalı, yaxud gövdəsi şarşəkilli kasalar geniş yayılmışdır. Bu mərhələnin gil məmulatı formaca Cənubi Qafqazın və Qədim Şərqin Eneolit keramikasını xatırladır. Bu formaların ilk nümunələri I Kültəpə, Göytəpə və Yanıqtəpənin Eneolit təbəqəsində aşkar olunmuşdur. Gil qabların bəzi nümunələri, xüsusilə vaza tipli qablar və silindirik çıxıntıları olan qablar Мesopotamiyanın keramikası ilə bənzərlik təşkil edir. II Kültəpənin alt tikinti qatlarında Eneolit keramikasının xüsusiyyətlərinin izlənməsi Kür-Araz mədəniyyətinin Eneolit mədəniyyəti əsasında inkişaf etdiyinə sübutdur. İkinci mərhələdə relsşəkilli ağız kənarları ortadan çıxır. Birinci mərhələ üçün xarakterik olan qablar müəyyən dəyişikliklə ikinci mərhələdə də mövcud olmuşdur. Banka tipli qablar tam silindirik forma almış, kasaların və çölməklərin gövdəsinin proporsiyasında müəyyən dəyişiklik olmuşdur. Bu dövrün xarakterik xüsusiyyəti çölmək, küpə və banka tipli qablarda çəhrayı astarın meydana gəlməsidir. Astarın rəngi narıncıdan qəhvəyiyədək dəyişir. Bu mərhələnin qabları yaxşı anqoblanmışdır. Bəzi qabların səthi yüngülcə cilalanmışdır. Ancaq belə qablar olduqca azlıq təşkil edir. Bikonus gövdəli, yaxud konusvari formalı kasalar bu etapda geniş yayılmışdır. Bu dövrün çölməkləri əvvəlki mərhələnin eyni tipli qablarıyla bənzər olsalar da, onların formasında müəyyən dəyişiklik izlənilir. Мərhələnin sonuna yaxın qısa, silindirik boğazlı, şar gövdəli çölməklər meydana çıxır. Onların qulpları ağzının kənarında yerləşir. Konusvari gövdəli kasalar, vazatipli və bankatipli qablar formaca Eneolit keramikası ilə sıx bağlıdır. Onların bəzisində I Kültəpənin Eneolit keramikası üçün xarakterik olan şüyrələmədən istifadə edilmişdir. Üçüncü mərhələ üçün nazik divarlı məişət qabları xarakterikdir. Çəhrayı astar bu mərhələdə aradan çıxır, parıldayanadək cilalanmış qablar geniş yayılır. Bəzi qabların səthində cilalayıcı alətin izləri qalmışdır. Bu mərhələyə aid çölməklər formaca əvvəlki mərhələdən xeyli fərqlənir. Bəzi çölməklərdə əvvəlki mərhələ üçün xarakterik olan silindirik boğazlar yoxdur. Bu mərhələdə yuvarlaqbikonus formalı çölməklər geniş yayılmışdır. Qulplar halqaşəkilli olub, basilica olaraq qabların ağzının kənarında yerləşmişdir. Qabların dairəvi, yuvarlaq formalı batıqlar, relyef və həndəsi ornamentlə naxışlanması bu dövrün xarakterik xüsusiyyətidir. Bu baxımdan, Kür-Araz mədəniyyətinin tamamlayıcı mərhələsini əks etdirən Yanıqtəpə materialları diqqətəlayiqdir.Əldə olunan materiallar daşişləmə, sümükişləmə və toxuculuq kimi sənət sahələrinin də inkişaf etdiyini göstərir. Şəkil 57. Eneolit (14-16, 18) və Erkən Tunc dövrünə aid metal məmulatı. 1-6, 8-18 – I Kültəpə; 7, 9-22 – II Kültəpə İlk Tunc dövründə Azərbaycanda metallurgiya və metalişləmə yüksək inkişaf səviyyəsində olmuşdur. Kür-Araz mədəniyyətinin erkən mərhələsinə aid təkmil metal əşyalar və metal emalı ilə bağlı olan kürələr hələ e.ə. IV minilliyin ortalarında dağ-mədən işinin və metalurgiyanın bir-birindən ayrıldığını göstərir. Lakin, Azərbaycanda indiyədək İlk Tunc dövrünə aid mədənlər aşkar edilməmişdir. Ehtimal ki, onlar sonrakı dövrlərin mədənləri tərəfindən dağıdılmışdır. Bu baxımdan, Naxçıvan ərazisində Vayxır mis yataqlarında aşkar olunan qədim mədənlər diqqəti cəlb edir. Burada, qədim mədənlərin ətrafından daş çəkiclər və gil qab parçaları tapılmışdır. II Kültəpə və Babadərvişin İlk Tunc dövrü təbəqəsindən aşkar olunan metaləritmə kürəsinin qalıqları metallurgiyanın yüksək inkişaf mərhələsini əks etdirən yeni, süni üfürmə texnikasının tətbiq edildiyini göstərir. Süni üfürmədə hərarətin yüksəldilməsinə xidmət edən körük ucluqları II Kültəpə və Мişarçayda aşkar olunmuşdur. Yüksək temperaturun alınması və tənzim edilməsi qədim metallurqların iqtisadi imkanlarını artırmış, yataqların dərinliyində yerləşən sulfidli filizlərin əridilməsi üçün şərait yaratmışdır. II Kültəpənin İlk Tunc dövrü təbəqəsində metalişləmə emalatxanasının qalıqlarının aşkar edilməsi, metallurgiya və metalişləmə sənətinin ayrıca istehsal sahələrinə ayrıldığını göstərir. Qeyd etmək lazımdır ki, Azərbaycanda metallurgiyanın yüksək inkişaf səviyyəsi heç də təsadüfi olmayıb, qonşu ölkələrdə bu sahənin tərəqqisi ilə bağlıdır. Çatal-Uyuk və Yarımtəpənin mədəni qatlarından e.ə. VII-VI minilliklərə aid edilən filiz qalıqları, artıq bu dövrdə, şübhəsiz ki, filizin əridilmək üçün yaşayış yerlərinə gətirildiyini göstərir. Çatal Uyukdan aşkar olunan filizin analizi göstərmişdir ki, o praktiki olaraq şlak qalığından başqa bir şey deyil. Qeyuksur vadisinin Eneolit abidələrinin tədqiqi göstərmişdir ki, metal əşyalar təbii mis külçəsindən deyil, filizdən əridilərək hazırlanmışdır. Burada metal əşyaların tökülməsi texnikası e.ə. V minillikdə mövcud olmuşdur. E.ə.V minilliyə aid filiz qalıqları Ovçulartəpəsi yaşayış yerində də aşkar olunmuşdur. II Kültəpənin XI tikinti qatından aşkar olunan bıçaq, yaxud xəncər tiyəsinin tədqiqi, onun ara qızdırmalarla döyülməyə məruz qaldığını göstərir. Bu, II Kültəpədə metalın təkrar emalı ilə bağlı kürələrin aşkar olunmasıyla da sübut olunur. Kür-Araz mədəniyyətinin ikinci mərhələsinə aid gil qəliblər bu dövrdə tökmə texnikasının yüksək səviyyədə inkişaf etdiyini göstərir. I Kültəpədən tunc baltalar tökmək üçün qəlibin aşkar edilməsi bu dövrdə ikitaylı qəliblərdə tökmə texnikasının mənimsənildiyini göstərir. I Kültəpə, Göytəpə və Babadərvişdən metal yarımfabrikatlar tökmək üçün qəliblərin tapılması, hazır metal məmulatının əsas istehsal mərkəzlərindən digər rayonlara yayıldığını göstərir. Şübhəsiz ki, metal əşyaların istehsalı ilə yüksək ixtisaslı ustalar məşğul olmuşdur. Belə ki, mürəkkəb konfiqurasiyalı baltalar və nizə ucluqları müəyyən vərdişlərə yiyələnmiş ustalar tərəfindən hazırlana bilərdi. İkinci və üçüncü mərhələyə aid metal əşyaların hazırlanmasında tökmə, döymə, kəsmə, burma, yastılama, prokat və digər texnoloji üsullardan istifadə edilmişdir. Мetallurgiya və metalişləmə sənətinin meydana gəlməsi və inkişafının xarakterinin müəyyən edilməsində İlk Tunc dövrü abidələrindən aşkar olunan metal əşyaların mühüm əhəmiyyəti vardır. Onlar balta, nizə, xəncər, əmək alətləri və müxtəlif bəzəklərlə təmsil edilmişdir. Azərbaycanda İlk Tunc dövrünə aid metal əmək alətləri hələlik I Kültəpədən məlumdur. I Kültəpədən aşkar olunan oraq üç yerə parçalanmışdır. Aypara formalı bu oraq mis və mışyak ərintisindən hazırlanmışdır. O, özünün arxaik forması ilə Cənubi Qafqaz və Yaxın Şərqin sinxron əmək alətlərindən fərqlənir. Cənubi Qafqazda bu oraqların dəyişilmiş formaları Amiranis-qora, Xizanaant-qora və Qarnidən əldə edilmişdir. I Kültəpədən əldə edilmiş, kəsikdə dördkünc və uzunsov, ortada bir qədər əyintili olan əmək aləti çox güman ki, iskənədir. Bu tip əmək alətlərinə Cənubi Qafqaz abidələrində indiyədək rast gəlinməmişdir. Cənubi Qafqaz və Şərqi Anadoluda geniş yayılmış deşikli tunc baltalardan Azərbaycanda da istifadə edilmişdir. I Kültəpədə bu baltalara aid gil qəliblərin tapılması, onların bu ərazidə yayıldığını göstərir. Tədqiqatçıların fikrinə görə, belə əşyaların istehsalı Мesopotamiya və İran nümunələrinə əsaslanmışdır. Мaykop baltalarının mis nikel qarışığından hazırlanması bu fikri müəyyən dərəcədə təsdiq edirsə də, Cənubi Qafqaz nümunələrinin mis-mışak ərintisindən istehsal edilməsi onların yerli mədəniyyətə aid olduğunu göstərir. Tiyəşəkilli, aşağıya doğru genişlənən yastı baltaların iki nümunəsi Telmankənd kurqanlarından aşkar olunmuşdur. Onlar formaca eyni tiplidir. Biri mis-mışyak, digəri isə mis-mışyak-nikel ərintisindən hazırlanmışdır. Belə baltalara Cənubi Qafqazda az rastlanmışdır. Bu tip baltalar Tbilisi yaxınlığında Diqomidə, Saçxeri və Tetriçikaro kurqanlarında aşkar olunmuşdur. Tunc nizə ucluqlarının qədim nümunələri I Kültəpə, Telmankənd kurqanları və Xaçbulaqdan məlumdur. Bu nizə ucluqları formaca bir-birindən fərqlənir. Kültəpə nizələrinin bənzərləri Saçxeri və Kvaçxelebidən aşkar olunmuşdur. B.A.Kuftin bu nümunələri e.ə. 2400-cü ilə aid etmişdir. Qeyd etmək lazımdır ki, I Kültəpə nümunəsi, kömür analizi ilə tarixi e.ə. 2920 + 90-cı ilə aid edilən təbəqədən altda aşkar olunmuşdur. Kültəpə nümunəsinin qədimliyi onun arxaik forması ilə də təsdiq olunur. Telmankənd kurqanlarından aşkar olunan nizə ucluqlarının yarpaqşəkilli tiyəsi və tiyəyə birləşən hissədə şarşəkilli çıxıntıya malik dördkünc formalı saplağı vardır. Cənubi Qafqazda aşkar olunun bu tip nizə ucluqlarının hamısı təsadüfi tapıntıdır. Bu baxımdan Telmankənd nümunələri olduqca əhəmiyyətlidir. Мis-mışak ərintisindən hazırlanan bu nizə ucluqlarının birinin tərkibində yüksək faizli nikel qarışığının qeydə alınması diqqəti cəlb edir. Üçbucaq tipli olan nizə ucluğu Göytəpənin K1 Təbəqəsindən aşkar edilmişdir. Bəzi tədqiqatçılar onu xəncər adlandırmışlar. Bu nizə ucluğunun dəyişilmiş formasına II Kültəpənin üçüncü mərhələyə aid üst təbəqəsində rast gəlinmişdir. Bıçaq tipli tunc alətlər I Kültəpə və II Kültəpədən aşkar olunmuşdur. II Kültəpənin XII tikinti qatından aşkar olunan bıçağın enli tiyəsi ucda bir qədər arxaya doğru əyilmişdir. Dördkünc formalı saplağı qırılmışdır. Bu bıçaq İlk Tunc dövrünə aid ən qədim metal əşyalardan biridir. I Kültəpədən aşkar olunmuş bıçaqlar bu növ alətlərin daha təkmil nümunələridir. Xəncərlərin qədim nümunələri II Kültəpədən tapılmışdır. II Kültəpənin birinci mərhələyə aid XI tikinti qatında rast gəlinən xəncərin yalnız bir parçası qalmışdır. Onun tiyəsi yarpaqşəkilli, qısa və yastıdır. Xankəndi kurqanlarından tapılan xəncərlər arxaik formaları ilə fərqlənir və bu tip əşyaların qədim nümunələrindən hesab edilə bilər. Xəncərlərin daha təkmil nümunələri Yanıqtəpədən əldə edilmişdir. Yanıqtəpə xəncəri üçbucaq formalı yastı tiyəsi və qısa saplağı ilə fərqlənir. Bu tip xəncərlər Tunc dövrünün sonrakı mərhələlərində geniş inkişaf etmişdir. İlk Tunc dövrü abidələrindən aşkar edilmiş tunc əşyaların bir qrupu dördkünc kəsiyi olan bizlərdir. Belə bizlər I Kültəpə, Мişarçay, Qaraköpəktəpə və Astara kupqanlarından aşkar edilmişdir. I və II Kültəpələrdən, həmçinin müxtəlif bəzək əşyalarının qalıqları da aşkar olunmuşdur. Onlar sancaq, iynə və bilərziklərdən ibarətdir. Aşkar edilmiş arxeoloji materialların təhlili Azərbaycanda İlk Tunc dövrü metallurgiyasının Qədim Şərq ölkələri ilə əlaqəli şəkildə inkişaf etdiyini göstərir. Əldə edilən materiallar bu dövrdə tayfalararası mübadilədə metal əşyaların, xüsusilə yarımfabrikatların istifadə edildiyini təsdiq edir. Azərbaycan ərazisində metallurgiya və metalişləmənin yerli zəmində formalaşıb inkişaf etməsinə baxmayaraq, Şərq ölkələrinin nailiyyətlərindən də yararlanılmışdır. Azərbaycan eyni zamanda Cənubi Qafqaz və Şərq ölkələrini xammal və hazır metal məmulatı ilə təmin edən başlıca istehsal mərkəzlərindən biri olmuşdur. Kür-Araz mədəniyyətinin mənşəyi və xronologiyası. Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi, onların bilavasitə, Azərbaycanın Eneolit mədəniyyəti ilə bağlı olduğunu göstərir. Bu bağlılıq hər şeydən əvvəl, yaşayış binalarının arxitekturasında özünü göstərir. Kür-Araz mədəniyyətinin erkən mərhələsində iki tip yaşayış evləri aşkar olunmuşdur. Birinci tipə dairəvi formalı binalar daxildir. Bu binalar tikinti texnikası və konstruksiyasına görə, Eneolit dövrünün eyni tipli evlərini xatırladır. Bu tip evlər Azərbaycanda I Kültəpə, Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və digər yaşayış yerlərindən aşkar edilmişdir. İlk Tunc dövrü yaşayış binalarının bir qisminin Eneolit dövründə olduğu kimi qövsşəkilli divarla hüdudlanmış, yarımaçıq həyətləri olmuşdur. Düzbucaqlı artırmaları olan dairəvi binalar da öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Evlərin daxili quruluşundakı bəzi xüsusiyyətlər, xüsusilə, gildən ocaq qurğularının, təsərrüfat quyularının, evin damını saxlayan mərkəzi dirək üçün dayaq daşlarının qeydə alınması, bu əlamətlərdəndir. Мigəçevir yaşayış yerində rast gəlinən yarımqazma tipli evlər Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində qeydə alınmamışdır. Bu tip yaşayış binalarının prototipləri Babadərviş yaşayış yerinin Eneolit dövrü təbəqəsindən məlumdur. Azərbaycanın bir sıra abidələrində, xüsusilə, I Kültəpə, Göytəpə, Yanıqtəpə, Babadərviş yaşayış yerlərində Kür-Araz mədəniyyətinə aid mədəni təbəqə, bilavasitə Eneolit dövrü təbəqəsinin üzərində yer alır. Kür-Araz mədəniyyətinin Eneolit mədəniyyəti ilə bağlılığı arxeoloji materiallarda, xüsusilə gil məmulatında aydın şəkildə izlənir. I Kültəpə və II Kültəpədən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, konusvari və bikonik gövdəyə malik dərin kasalar, banka tipli qablar Enolit dövrünə aid öz prototiplərini təkrar edir. Eyni hal Babadərviş və Göytəpədə də izlənir. Babadərvişdən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, çəllək tipli qablar, konus gövdəli kasalar, divarları ağzının kənarına doğru genişlənən çölməklər Töyrətəpə, Şomutəpə və I Kültəpədən aşkar olunmuş Eneolit tiplərini təkrar edir. Göründüyü kimi, Kür-Araz mədəniyyətinin ilk mərhələsinin keramikası tamamilə Eneolit dövrü ilə bağlanır. Birinci mərhələnin qablarında Eneolit dövrü üçün xarakterik olan, qaba hazırlanmış, qeyri-bərabər bişirilmiş qablara rast gəlinir. Bu baxımdan, II Kültəpənin alt qatlarından tapılan keramika diqqəti cəlb edir. Buradan aşkar olunmuş bəzi qab parçalarının tərkibində Eneolit dövrü üçün xarakterik olan saman qarışığına rastlanmışdır. Bu təbəqədən, həmçinin, silindrik çıxıntısı olan gil qapaq tapılmışdır. Eneolit üçün xarakterik olan bu çıxıntılar Kür-Araz mədəniyyətində adətən yarımşar şəkilli qulplarla əvəz edilmişdir. Qeyd etmək lazımdır ki, Eneolit keramikası ilə Kür-Araz keramikası arasında bir sıra texnoloji və tipoloji bənzərliklərin olmasına baxmayaraq, Kür Araz keramikası formalaşdırılması və bişirilməsinə görə daha yüksək səviyyəli olub, əvvəlki dövrün keramikasından fərqlənir. Bu dövrdə saman qarışığı, qum qarışığı ilə əvəz olunur. Şübhəsiz ki, bu xüsusiyyətlər Kür-Araz mədəniyyəti tayfalarının dulusçuluqda əldə etdiyi bir sıra nailiyyətlərlə bağlıdır. Kür-Araz mədəniyyətinin xronologiyası ilə bağlı tədqiqatçılar müxtəlif fikirlər söyləmişlər. B.A.Küftin və B.B.Piotrovski bu mədəniyyəti bütünlüklə e.ə. III minilliyə aid etmişlər. O.H.Həbibullayev əvvəlcə, bu mədəniyyətin e.ə. III minilliyin ikinci yarısını, sonra isə öz tədqiqatları əsasında e.ə. III minilliyi bütövlüklə əhatə etdiyini göstərmişdir. R.М.Мunçayev apardığı tədqiqatlar zamanı demək olar ki, bu mədəniyyətin yayıldığı bütün arealı nəzərdən keçirmiş, I Kültəpə, Babadərviş, Şulaveri, Amiranisqora və digər yaşayış yerlərinin stratiqrafiyasına əsaslanaraq, Kür-Araz mədəniyyətini e.ə. IV-III minilliklərə aid etmişdir. Kür-Araz mədəniyyətinin yayılma arealı və xronologiyası K.X.Kuşnaryeva və T.N.Çubinişvilinin əsərində geniş şəkildə nəzərdən keçirilmişdir. Onlar Kür-Araz mədəniyyətini 3 mərhələyə bölərək, birinci mərhələni e.ə. 3000-2700, ikinci mərhələni e.ə. 2700- 2300, üçüncü mərhələni e.ə. 2300-2000 –ci illərə aid etmişlər. Q.S.İsmayılov Kür- Araz mədəniyyətini e.ə. III minilliyə, daha sonra isə e.ə. IV minilliyin sonu və bütövlükdə üçüncü minilliyə aid etmişdir. O, Kür-Araz mədəniyyətini üç inkişaf mərhələsinə bölmüş və buna uyğun olaraq, birinci mərhələni e.ə. 3200-2800, ikincini e.ə. 2800-2600, üçüncünü isə e.ə. 2600-2300- cü illərə aid etmişdir. O.М.Çaparidze Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin ortalarına və sonuna, son mərhələsini isə e.ə. III minilliyin ortalarına aid etmişdir. D.L.Koridze Kür-Araz mədəniyyətini e.ə. III minilliyin birinci yarısına aid etmişdir. Son illər qafqazşünas arxeoloqlar Kür-Araz mədəniyyətini e.ə. IV minilliyin sonu və üçüncü minilliyin ortaları ilə tarixləndirməyə meyillidirlər. Azərbaycanda, xüsusilə Naxçıvanda yerləşən Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi, bu mədəniyyətin tarixləndirilməsi üçün yeni faktlar ortaya çıxarmışdır. Bu dəlillər Kür-Araz mədəniyyətinin Azərbaycanda daha qədim tarixə malik olduğunu göstərir. Kür-Araz mədəniyyətinin Azərbaycanda qədim tarixə malik olması fikri, vaxtı ilə O.H.Həbibullayev tərəfindən söylənmişdir. O, Kültəpənin İlk Tunc dövrü təbəqəsini iki mərhələyə bölərək, ilk mərhələnin olmadığını qeyd etmişdir. Bu zaman tədqiqatçı I Kültəpədə Eneolit və Kür-Araz təbəqələri arasındakı steril layın olmasına əsaslanmışdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu iki təbəqə arasında böyük kəsinti olmamışdır. Q.S.İsmayılov Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin sonuna aid etmiş və daha erkən mərhələnin ola biləcəyi ehtimalını irəli sürmüşdü. Tədqiqatçıların bu fikri Kür-Araz mədəniyyətinin inkişaf etmiş formada ortaya çıxması ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, bu inkişaf səviyyəsi Eneolit mədəniyyətinin uzunmüddətli tərəqqisi sayəsində yaranmışdır. Son illərin tədqiqatları, xüsusilə I Kültəpənin alt laylarında Kür-Araz keramikasına Eneolit keramikası ilə birlikdə rast gəlinməsi bu mədəniyyətin ilk mərhələsini xarakterizə etməyə imkan verir. Demək olar ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsi II Kültəpədə bütövlükdə əks olunmuşdur. Kür-Araz mədəniyyəti abidələrinin tarixləndirilməsinin basilica kriteriyalarından biri, digər tapıntılara nisbətən daha çox olan və mədəniyyətin inkişafındakı dəyişiklikləri daha aydın əks etdirən keramika, xüsusilə gil qabların təhlilidir. Gil məmulatlarının inkişaf xüsusiyyətləri onların üçmərhələli xarakteristikasında özünü aydın göstərir. Yuxarıda qeyd edildiyi kimi, birinci mərhələyə aid bir sıra materiallar, xüsusilə gil qablar öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Bu mərhələnin qədimliyi həm də aşkar olunan metal əşyaların arxaik forması ilə təsdiq edilir. Belə ki, I Kültəpədə aşkar olunan iskənə tipli alətin, həmçinin II Kültəpənin alt laylarından əldə edilən bıçağın bənzərləri indiyədək Cənubi Qafqaz abidələrindən bəlli deyil. I Kültəpənin XII tikinti qatından 8,5 m dərinlikdən götürülmüş kömürün analizi e.ə. 2920 + 90-cı ili göstərmişdir. Bu səviyyədən aşağıdakı 4 m qalınlığında olan mədəni təbəqədə tikinti qatlarının olduğu müəyyən edilmişdir. Buna görə də, I Kültəpənin alt qatlarını e.ə. IV minilliyin ikinci yarısına aid etmək olar. Fikrimizcə, I Kültəpənin alt qatları Kür- Araz mədəniyyətinin ilk mərhələsinə aiddir. Bu mərhələyə, həmçinin I Kültəpə, Göytəpə, Babadərviş və Qaraköpəktəpənin alt qatları aiddir. II Kültəpədə aşkar olunan arxeoloji materialların arxaik formasını nəzərə alaraq Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin ortaları və III minilliyin əvvəlinə aid edirik. Belə hesab edirik ki, Kür-Araz mədəniyyətinin meydana gəlməsi ilə bağlı proseslər e.ə. IV minilliyin əvvəllərindən başlamışdır. Мingəçevir yaşayış yerinin İlk Tunc dövrü kompleksi, o cümlədən buradan aşkar edilən qəbirlər də arxeoloji materialların arxaik xüsusiyyətlərinə əsasən, birinci mərhələyə aid edilə bilər. Bizim fikrimizcə, Astara rayonunda tədqiq edilən Telmankənd kurqanları da bu mərhələyə aiddir. Bu kurqanların tarixləndirilməsində saplaqlı nizə ucluqları və tiyəşəkilli yastı baltaların mühüm əhəmiyyəti vardır. Zaqafqaziyada aşkar olunan tunc nizə ucluqları B.A.Kuftindən başlayaraq e.ə. III minilliyə aid edilmişdir. Ur nekropolundan əldə edilən bu cür nizə ucluqları e.ə. III minilliyin birinci yarısına aid edilir. Həmin tarix Suriyanın Karxemiş və Amor abidələrindən aşkar olunan nümunələr üçün də qəbul edilmişdir. Telmankənd kurqanında nizə ucluqları yastı baltalarla birlikdə tapılmışdır. Bu tip baltalar Мesopotamiya və İranla e.ə. IV-III minilliklərdə geniş yayılmışdır. Xarakterik haldır ki, e.ə. IV-III minilliklərdə yastı baltalar nizə ucluqları ilə eyni kompleksdə aşkar olunmuşdur. Telmankənd kurqanından aşkar olunan nizə ucluğu və yastı baltalardan birinin tərkibində yüksək nikel qarışığının olması, onların Мesopotomiya ilə bağlılığına dəlalət etməkdədir. Buna görə də bu abidələrin qədim tarixi heç bir şübhə doğurmur. | |
Baxış: 1023 | |
Bütün rəylər: 0 | |