Əsas » Məqalə » Azərbaycan tarixi |
Töyrətəpə yaşayış yeri Şomutəpədən 2 km şimal-şərqdə yerləşir. Yaşayış yerində 1961, 1962, 1964 və 1965-ci illərdə 100 kv.m sahədə qazıntı aparılmışdır. Qazıntı zamanı beş tikinti qatı aşkar olunmuşdur. Töyrətəpənin ən alt təbəqəsi olan beşinci tikinti qatında dairəvi formalı yarımqazma tipli binanın qalıqları, həmçinin dairəvi formalı bir sıra kərpicdən tikilmiş bina qalıqlarına rastlanmışdır. Töyrətəpənin digər tikinti qatlarında aşkar olunan bina qalıqları da dairəvi formalıdır. Üçüncü tikinti qatındakı binalardan birinin divarları kərpicləri köndələn qoymaqla yaradılan, içəriyə və xaricə doğru çıxıntılı olan plyastrlarla möhkəmləndirilmişdir. İkinci tikinti qatındakı divarların biri yalnız içəriyə doğru çıxan plyastrlarla Şəkil 19. Qarğalartəpəsi yaşayış yerindəki tikinti qalıqlarının planı möhkəmləndirilmişdir. Ocaqlar divarların dibində qurulmuşdur. Evlərin içərisində döşəməyə basdırılmış təsərrüfat küplərinə də rastlanmışdır. Töyrətəpənin ikinci və birinci tikinti qatlarında həm də dördkünc bina qalıqları aşkar olunmuşdur. İkinci tikinti qatında olan dairəvi və dördkünc formalı binaların bəziləri (4 №-li bina) iki sıra çiy kərpicdən tikilmişdir. Töyrətəpədən daşdan və sümükdən hazırlanmış əmək alətləri, o cümlədən dən daşları, oraq dişləri sümük toxalar, sümükdən və çaxmaqdaşından hazırlanmış yarımfabrikatlar, daşdan insan fiquru əldə edilmişdir. Bu qrupun tədqiq edilmiş abidələrindən biri də Qarğalartəpəsi yaşayış yeridir. Yaşayış yeri dairəvi formalı evlər, onlara birləşik təsərrüfat tikintiləri və kiçik həyətlərdən ibarət olmuşdur. Evlər bir sıra çiy kərpicdən tikilmişdir. Dairəvi formalı evlərin tavanı döşəmənin mərkəzinə yerləşdirilən dayaq sütunu ilə saxlanmışdır. Evlərin döşəməsi bənövşəyi-qırmızı rənglə boyanmış, onların üzərinə qamışdan, yaxud müxtəlif bitkilərdən toxunmuş həsir salınmışdır. Ocaqlar divarın dibində olmuş, bəzi evlərin içərisində döşəməyə təsərrüfat küpləri basdırılmışdır. İkinci tikinti qatında aşkar olunan dördkünc formalı ocaq giriş qapısının qarşısında divarın dibində yerləşdirilmişdir. Üçüncü tikinti qatında aşkar olunan binaların biri xaricdən Şəkil 20. Qarğalartəpəsindən aşkar olunan qadın fiquru və daxildən gil məhlulu ilə suvanmış və əhənglə ağardılmışdır. Binanın döşəməsi də ağardılmışdır. Binaların içərisində dən daşları, buynuzdan hazırlanmış toxalar, oraq dişləri, keramika nümunələri aşkar olunmuşdur. Qarğalartəpəsindən həmçinin xeyli yerüstü material da toplanmışdır. Onlar arasında gil qadın fiquru, qırmızı və qəhvəyi zolaqlarla naxışlanmış boyalı keramika, yapma naxışlı, habelə məməcikşəkilli çıxıntısı olan keramika nümunələrinə də rastlanır. Şəkil 21. Töyrətəpədən aşkar olunmuş daş alətlər Düzbucaqlı tikintilərin, plyastrların və iki sıra hörgünün Eneolit dövrünün son mərhələsində meydana çıxdığını nəzərə alsaq Qarğalartəpəsi yaşayış yerinin tək sıra kərpicdən, tikilmiş təsərrüfat-məişət komplekslərinin Şomutəpə və Töyrətəpədən qədim olduğunu demək olar. Qarğalartəpəsi yaşayış yerindən keramika məmulatı az tapılmışdır. Onlar qaba hazırlanmış və bitki qarışığı olan qabların parçalarıdır. Bitki qarışığı olan keramika qırmızı rəngdə bişirilmiş, əsasən qırmızı rəngdə anqoblanmış və cilalanmışdır. Bu qrupa daxil olan Kiçiktəpə, Arzamaz təpəsi, Cinnitəpə yaşayış yerləri kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Keramika məmulatının bir qrupu iri qum, yaxud daş ovuğu qatılmış gildən, digər qrupu isə bitki qarışığı olan gildən hazırlanmışdır. Şəkil 22. Şomutəpə yaşayış yeri (D.Axundovun rekonstruksiyası) Eneolit abidələrinin bir qrupu Tovuzçay və Şamxorçay vadisində yerləşir. Bu abidələrin müəyyən hissəsi Ağstafaçay və Coqazçay hövzəsində toplanmışdır. Ağstafaçay və Coqazçayın qovşağında, Babadərviş adlandırılan yerdə bir neçə təpənin üzərində qədim mədəniyyət qalıqlarına rastlanmışdır. Təpələrin birində 500 kv.m sahədə aparılan qazıntılar zamanı Eneolit mədəniyyətinin qalıqları aşkar olunmuşdur. Yaşayış yerində dörd qazma tipli ev aşkar olunmuşdur. Onların üçünün diametri 4 m-ə yaxın, dərinliyi isə 0,8 m olmuşdur. Qazmalardan birinin diametri 2,5 m olmuşdur. Qazmaların hamısı Eneolit dövrünə aid maddimədəniyyət qalıqları ilə dolmuşdur. Tədqiqat zamanı Eneolit dövrünə aid keramika məmulatı, dən daşları, oraq dişləri və digər əmək alətləri tapılmışdır. Keramika məmulatı Eneolit dövrü üçün xarakterikdir. Bəzi keramika məmulatı bitki qarışığı olan gildən hazırlanmış, bəzilərinin oturacağında hörmə işləri saxlanmışdır. Babadərvişdə ağzının kənarı içəriyə doğru batıq qablar da aşkar olunmuşdur. Belə qablara Kürün orta axarlarında olduqca az rastlanır. Eneolit dövrünə aid Qanlıtöyrə, Qurbantəpəsi, Yataqyeri, Hüseynqulutəpəsi, Göytəpə, Keçili və digər yaşayış yerləri kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Bu yaşayış yerlərində dairəvi, yaxud düzbucaqlı evlərin qalıqlarına rastlanmışdır. Keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. Birinci qrup qum qarışıq gildən, ikinci qrup isə bitki qarışığı olan gildən hazırlanmışdır. Bu abidələrdən yalnız Keçilidə 70 kv.m sahədə, Rus təpəsində isə 30 kv.m sahədə qazıntı aparılmışdır. Мentejtəpəsi yaşayış yerində heç bir qarışığı olmayan gildən hazırlanmış qablar da aşkar olunmuşdur. Bu qrupa daxil olan qabların biri daraqvari alətlə çəkilmiş paralel xətlərlə və düyməşəkilli yapmalarla naxışlanmışdır. Son zamanlar aparılan araşdırmalar zamanı Şomutəpə mədəniyyəti arealına daxil olan Böyük Kəsik və Poylu yaşayış yerləri, Soyuq Bulaq, Kavtusxevi, Seyidli, Dübəndi kurqanları aşkar edilmişdir. Yeni aşkar olunan abidələr Eneolit mədəniyyəti ilə Erkən Tunc dövrü mədəniyyətinin qarşılıqlı əlaqələrini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Şəkil 24. Qarğalartəpəsi yaşayış yeri(D.Axundovun rekonstruksiyası) Azərbaycanın Eneolit abidələrinin müəyyən qrupu Kültəpə mədəniyyəti adlandırılmışdır. Bu mədəniyyət Naxçıvanı, Urmiya hövzəsini, Мil-Мuğan düzlərini əhatə etmişdir. Bu mədəniyyət öz adını Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə yaşayış yerinin adından götürmüşdür. Naxçıvanda bu dövrə aid I Kültəpə, Sədərək, Xalac, Ərəbyengicə, Ovçulartəpəsi və digər abidələr qeydə alınmışdır. I Kültəpə yaşayış yerində aparılan araşdırmalar Eneolit mədəniyyətinin müxtəlif mərhələlərini izləməyə imkan vermişdir. Naxçıvanın Eneolit mədəniyyəti Urmiya hövzəsi və Мesopotamiyanın qədim mədəniyyətləri ilə iqtisadi mədəni əlaqələr şəraitində inkişaf etmişdir. Eneolit mədəniyyətinin təşəkkülündə Ubeyd tayfalarının xüsusilə böyük rolu olmuşdur. Arxeoloji abidələrinin tədqiqi nəticəsində Ubeyd tayfalarının Azərbaycan ərazisində yayılması ilə bağlı xeyli maddi dəlil ortaya çıxarılmışdır. Urmiya hövzəsində yayılan Eneolit Şəkil 25. I Kültəpə yaşayış yerinin Eneolit təbəqəsi. 1-13, 16, 18, 20 - keramika; 14, 15, 21-25 – daş alətlər; 17-19 – sümük alətlər dövrünə aid boyalı keramikanın Şimali Ubeydin lokal variantı olması, Urmiya hövzəsinin qədim əkinçilik mədəniyyətinin formalaşmasında Şimali Мesopotamiyadan gələn tayfaların müəyyən rol oynadığını təsdiq edir. Ubeyd tayfaları Urmiya hövzəsindən bir neçə istiqamətdə Azərbaycan ərazisinə yayılmışdır. Şübhəsiz ki, bu miqrasiyalar Naxçıvanı da əhatə etmişdir. I Kültəpənin erkən mərhələsində meydana gələn düzbucaqlı evlər Əliköməktəpə və İlanlıtəpənin bənzər tikintiləri kimi Urmiya hövzəsinin qədim arxitekturası ilə bağlıdır. Neolit və Eneolit dövrünə aid düzbucaqlı tikintilərə Urmiya hövzəsində Hacı-Firuz, Yanıqtəpə və Göytəpədə rastlanmışdır. Keramika məmulatı və əmək alətlərinin bənzərliyi I Kültəpə, Pijdəlitəpə, Göytəpə, Tilkitəpə kimi abidələrin eyni mədəni rayona daxil olduğunu göstərir. I Kültəpənin Eneolit mədəniyyətinin Ubeyd mədəniyyəti ilə bağlılığı boyalı keramika və arxasıüstə uzadılmış skeletlərin aşkar olunması ilə də təsdiq olunur. Belə qəbirlər I Kültəpədə 20,8 m dərinlikdən başlayaraq müxtəlif dövrlərə aid tikinti qatlarından aşkar edilmişdir. Bu qəbirlərin birindən Мesopotamiyadan gətirildiyi təsdiq edilən boyalı çölmək aşkar olunmuşdur. Мəlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilmişdir. Şumer dili hindavropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair inkaredilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan arxasıüstə uzadılmış skeletlərin Мesopotamiyada yayılması şumerlərin gəlişi ilə əlaqələndirilir. I Kültəpədən aşkar olunmuş skeletlərin tədqiqi onların antropoloji cəhətdən müasir Azərbaycanlılarla bənzər olduğunu göstərmişdir. Мesopotamiya mənşəli boyalı keramikanın yalnız iqtisadi-mədəni əlaqələr nəticəsində deyil, müəyyən əhali qrupunun, daha doğrusu, şumerlərin Naxçıvan ərazisinə yayılması nəticəsində gətirildiyini söyləmək olar. Arxasıüstə uzadılmış qəbirlərin I Kültəpənin müxtəlif tikinti qatlarından aşkar olunması bu tayfaların Naxçıvanda uzun müddət məskunlaşdığını təsdiq edən faktlardan biridir. Мesopotamiya sivilizasiyasının müəyyən nailiyyətlərinin mənimsənilməsi iqtisadiyyatın inkişafına, əhalinin daha geniş ərazilərə yayılmasına səbəb olmuşdur. Azərbaycanın cənub rayonları, o cümlədən I Kültəpə üçün xarakterik olan samanlı keramikanın Cənubi Qafqaz abidələrində yayılması qədim tayfaların cənubdan şimala doğru hərəkəti ilə bağlı olmuşdur. Urmiya hövzəsi və Naxçıvan üçün xarakterik olan Eneolit mədəniyyətinin indiki Ermənistan ərazisində yerləşən Мahaltəpə, Xatunarx, Texut, Kültəpə və digər abidələrdə izlənilməsi onların vahid etnik-mədəni rayona daxil olduğunu təsdiq edir. Eneolit dövründə Naxçıvanın qədim sakinləri əsasən oturaq həyat sürmüş, dördkünc və dairəvi formalı evlərdə yaşamışlar. Evlərin döşəməsi saman qarışıq gillə suvanmış, onların qızdırılmasında dördkünc və dairəvi formalı sobalardan istifadə edilmişdir. XII tikinti qatında aşkar olunan tapıntılar yaşayış binalarının yaxınlığında qurulan mətbəx ocaqlarından da istifadə edildiyini göstərir. I Kültəpənin tədqiqi Eneolit evlərinin sadə daxili interyerə malik olduğunu göstərir. Evlərin içərisində və onların ətrafında təsərrüfat məqsədilə istifadə olunan müxtəlif qurğular olmuşdur. Ərzaq ehtiyatı taxıl quyularında, yaxud təsərrüfat küplərində saxlanmışdır. Evlərin həyətində və təsərrüfat tikintilərinin ətrafında daş döşəmələrdən istifadə edilmişdir ki, bu da Eneolit tayfalarının dövrünə görə yüksək mədəni həyat səviyyəsinə malik olduğunu təsdiq edir. Şəkil 26. I Kültəpənin Eneolit təbəqəsindən aşkar olunmuş boyalı qablar I Kültəpənin VIII tikinti qatında aşkar olunan tikinti qalıqları, ritual məqsədlə istifadə olunan ocaqlar ev kultunun varlığını, yaşayış yerində ziyarətgahların olduğunu göstərir. Ön Asiya, o cümlədən Şərqi Anadolunun Neolit və Eneolit mədəniyyətləri üçün xarakterik olan ev ziyarətgahlarının interyeri yaşayış evlərindən o qədər də fərqlənməmişdir. Naxçıvan ərazisinin yumşaq və mülayim iqlimi, bu ərazinin yabanı bitən yumşaq buğda, bərk buğda, covdarla zəngin olması əkinçilik mədəniyyətinin erkən meydana gəlib inkişaf etməsi üçün şərait yaratmışdır. I Kültəpədən aşkar olunmuş yumşaq buğda (Triticum sativum), şarşəkilli buğda (Triticum steriococum), cırtdan buğda (Triticum kompactum Hest), qılcıqsız arpa (Hordeum Sativum), butılkaşəkilli arpa (Hordenm Lagun culiforme) növləri əkinçiliyin müəyyən inkişaf səviyyəsində olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı əkinçiliklə bağlı əmək alətlərinin, xüsusilə toxalar, dən daşları, sürtkəclər, həvənglər, dəstələr və digər alətlərin aşkar olunması əkinçilik məhsullarının yaşayış yerində emal olunduğunu təsdiq edir. Əkinçilik mədəniyyətinin yüksək inkişaf səviyyəsi həmçinin buynuzdan hazırlanmış oraq çərçivəsi və çoxsaylı oraq dişləri ilə də sübut olunur. Oraq dişləri və bıçaq şəkilli alətlər həm yaşayış evlərindən, həm də qəbir abidələrindən aşkar olunmuşdur. Çoxsaylı əmək alətləri və becərilən bitkilərin çeşidləri Naxçıvanda əkinçiliyin başlanğıc mərhələdə olmadığını təsdiq edir. Yaşayış yerlərinin çay kənarlarında, əlverişli mövqelərdə yerləşməsi nəinki dəmyə, həm də suvarma əkinçiliyi üçün əlverişli olmuşdur. Şübhəsiz ki, Eneolit dövründə əmək alətləri kifayət qədər təkmil olmadığından geniş əraziləri mənimsəmək və suvarma əkinçiliyini inkişaf etdirmək mümkün olmamışdır. Kültəpənin Eneolit təbəqəsindən həm yabanı, həm də mədəni taxıl dənlərinin tapılması Naxçıvanın Cənubi Qafqazda dənli bitkilərin becərildiyi ilk ocaqlardan biri olduğunu göstərir. Eneolit dövründə iqtisadiyyatın aparıcı sahələrindən biri də maldarlıq olmuşdur. Aşkar olunan sümük qalıqlarının analizi iribuynuzlu maldarlığın təsərrüfatda əsas yer tutduğunu göstərir. Tədqiqatçıların fikrinə görə, bu dövrdə iqlimin mülayim və rütubətli olması iribuynuzlu maldarlıq üçün daha əlverişli şərait yaratmışdır. Naxçıvanda yerləşən qədim tayfaların mədəni inkişafını göstərən faktlardan biri də metallurgiyanın meydana gəlməsi və inkişafıdır. I Kültəpənin Eneolit təbəqəsindən mis külçəsindən hazırlanmış əmək aləti aşkar olunmamışdır. Ehtimal ki, bu dövrdə metal yüksək qiymətləndirildiyi üçün təkrar emal olunmuşdur. Bu isə metal əşyaların az tapılmasının əsas səbəblərindən biridir. Lakın I Kültəpədən aşkar olunmuş metal əşyaların tədqiqi Eneolit dövründə iqtisadi tərəqqinin yüksək inkişaf səviyyəsində olduğunu sübut edir. Eneolit dövrü metal əşyaların hazırlanmasında istifadə olunan ərintiləri üç tipə bölmək olar. Birinci tipə təmiz misdən, ikinci tipə mis-arsen ərintisindən hazırlanan əşyalar daxildir. Üçüncü tip mis-arsen-nikel ərintisi ilə təmsil edilmişdir. Мəlum olduğu kimi, mis-nikel ərintiləri Yaxın Şərq ölkələri üçün xarakterik olmuşdur. Tədqiqatçıların fikrinə görə, Cənubi Qafqazın nikel qarışığı olan əşyaları, ya idxal olunmuş, ya da idxal olunmuş metal əsasında hazırlanmışdır. Nikelə təbiətdə başlıca olaraq arsen və kükürdlə birləşmə halında rastlanır. Buna görə belə hesab edilir ki, mis-arsen-nikel ərintilərinin tərkibindəki nikel kupfernikel (NiAs) və arsen-nikel (Ni AsS) mineralları ilə bağlı olmuşdur. Bu minerallara arsen filizinin tərkibində çox rastlanır. Bu, həm də onunla təsdiq olunur ki, mis-arsen-nikel ərintilərinin tətbiqi, arsenin misin əsas aşqarlayıcı komponenti kimi aradan çıxması ilə kəsilmişdir. İ.R.Səlimxanov apardığı tədqiqatlara əsaslanaraq belə hesab edir ki, o dövrdə insanlar nikel metalı ilə tanış olmamışdır. Lakin nikelli tuncun bəzi xüsusiyyətlərinə bələd olan metallurq əritmə prosesində xəlitəyə nikelli filizi də əlavə etmişdir. I Kültəpənin birinci təbəqəsindən aşkar olunan metal əşyalar dövrünə görə olduqca inkişaf etmiş metallurgiyanın məhsuludur. Odur ki, aşkar olunan əşyalar mis metallurgiyasının erkən mərhələsini deyil, inkişaf etmiş mərhələsini təmsil edir. I Kültəpədən aşkar olunan metal əşyaların tədqiqi onların yerli istehsalın məhsulu olduğunu göstərmişdir. Dünyanın ən böyük arsen yataqlarından biri olan Darıdağ yatağının Naxçıvanda yerləşməsi mis arsen metallurgiyasının yerli zəmində meydana gəlib inkişaf etməsini təmin edən əsas faktorlardan biri olmuşdur. Bu dövrdə misə süni aşqarlar qatılması texnologiyanın mənimsənilməsi texniki biliklərin yüksək inkişaf səviyyəsində olduğunu təsdiqləyir. Мetallurgiya və metalişləmənin yüksək inkişafı iqtisadiyyatın digər sahələrinin ahəngdar inkişafı ilə təmin edilmişdir. Cənubi Qafqazın Eneolit abidələrindən, o cümlədən I Kültəpənin Eneolit təbəqəsindən aşkar olunan tapıntılar Kür-Araz mədəniyyəti dövründə inkişaf edən mis-arsen metallurgiyasının əsasının məhz Eneolit dövründə qoyulduğunu göstərir. Arxeoloji araşdırmalara əsasən demək olar ki, I Kültəpədə həmçinin toxuculuq, dulusçuluq, sümükişləmə, daşişləmə və ev sənətkarlığının digər sahələri inkişaf etmişdir. I Kültəpə sakinlərinin əsas məşğuliyyət sahələrindən biri dulusçuluq olmuşdur. Мüxtəlif formalı gil qablarla təmsil olunan dulusçuluq məmulatı qum və saman qarışığı olan gildən əldə hazırlanaraq bişirilmişdir. O. H. Həbibullayevin fikrinə görə, qabların bişirilməsində dulus kürələrindən istifadə olunmuşdur. Keramika məmulatı əsasən çəhrayı, bəzən isə boz və qara rəng arasında dəyişməkdə olan rəng tonları ilə təmsil olunmuşdur. I Kültəpədən aşkar olunan arxeoloji materiallar yüksək inkişaf etmiş bir sosial həyatın varlığını sübut edir. Eneolit təbəqəsində aşkar olunan evlərin sahəsi 19-56 kv.m, diametri isə 5-8,5 m arasındadır. Düzbucaqlı binalar çox dağıntıya uğradığından onların ölçüləri tam müəyyən edilməmişdir. Evlərin sahəsi orta hesabla 37,5 kv. m olmuşdur. Belə hesab etmək olar ki, I Kültəpənin təkotaqlı dairəvi evlərində cüt nikaha əsaslanan ailə, onların bəzilərində isə böyük ailələr yaşamışdır. Bu baxımdan arakəsmələrlə ayrılan bina diqqətəlayiqdir. Etnoqrafik materiallar dairəvi formalı evlərdə böyük ailələrin yaşadığını göstərmişdir. Cüt nigaha əsaslanan ailənin Neolit dövründə formalaşdığı araşdırmalarla sübut olunmuşdur. Belə hesab etmək olar ki, Eneolit dövründə cüt nikaha əsaslanan ailənin daha böyük kollektivlərdə birləşməsi prosesi getmişdir. Naxçıvanın Eneolit iqtisadiyyatının əsasını cüt nikaha əsaslanan və böyük kollektivlərdə birləşmiş ailələr təşkil etmişdir. Böyük ailələrin meydana gəlməsi istehsal səylərinin birləşdirilməsi ilə də bağlı ola bilərdi. Analoji faktlar Azərbaycanın digər abidələrinin də tədqiqi zamanı ortaya çıxarılmışdır. Erkən əkinçilik mədəniyyətlərində qadınlar yüksək mövqeyə sahib olsa da, texnikanın və təsərrüfatın inkişafı kişinin rolunu artırmışdır. Ehtimal ki, Eneolit dövrünün sonunda 5-7 nəfərlik üzvdən ibarət ailəyə kişi rəhbərlik etmişdir. I Kültəpənin Eneolit dövrünə aid qəbir abidələrinin müəyyən bir qismində qəbir avadanlığına rastlanması, digərlərində isə ona təsadüf olunmaması xüsusi mülkiyyətin mövcudluğunu ehtimal etməyə imkan verir. Arxeoloji abidələrin tədqiqi göstərir ki, Eneolit dövründə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etməsinə baxmayaraq, əkinçilik və maldarlııq təsərrüfatda aparıcı mövqe tutmuşdur. Мəhsuldarlığın artırılması, qorunması, habelə təbii stixiyalara qarşı mübarizə qədim insanların ideoloji təsəvvürlərinin formalaşmasında mühüm rol oynamışdır. Qonşu Şərq ölkələrindən fərqli olaraq Naxçıvan sakinlərinin dairəvi formalı, evlərə üstünlük verməsi ehtimal ki, onların ideoloji təsəvvürləri ilə də bağlı olmuşdur. Azərbaycan xalqı arasında yayılan inanclara görə insanın ətrafına çəkilmiş dairə onu bəd ruhlardan qoruya bilərmiş. Göyəm dağlarındakı bəzi qayaüstü rəsmlərdə insanlar dairənin içərisində təsvir edilmişdir. Ehtimal ki, evlərin dairəvi formada tikilməsi insanların təbii stixiyadan, bəd qüvvələrdən qorunması ilə bağlı təsəvvürlərini əks etdirmişdir. Tədqiqatlar bu dövrdə Günəş və Ayla bağlı inancların yayıldığını göstərir. Bu inanclar Eneolit dövründən sonra da arxeoloji materiallarda aydın şəkildə izlənmişdir. Daima işıq mənbəyi və təbiətin məhsuldar qüvvələrinin başlanğıcı olan Günəş insanlar tərəfindən ilahiləşdirilmiş, sitayiş obyektinə çevrilmişdir. Naxçıvanın qədim sakinlərinin dünyagörüşü ilə bağlı ən dəyərli materiallar qəbir abidələrinin tədqiqi zamanı aşkar olunmuşdur. Bu dövrə aid qəbir abidələri yalnız I Kültəpənin Eneolit təbəqəsindən aşkar olunmuşdur. Qəbir avadanlığı başlıca olaraq bəzək əşyalarından, əsasən muncuqlardan ibarət olmuşdur. Lakin qəbirlərin bəzilərində əmək alətlərinin qalıqlarına, o cümlədən oraq dişlərinə rastlanmışdır. Araşdırmalar Eneolit dövründə I Kültəpədə yaşayış binalarının altında və onların arasında dəfn etmə adətinin olduğunu göstərir. Qəbirlərin müəyyən istiqaməti yoxdur, skeletlər müxtəlif cəhətlərə yönəldilmiş vəziyyətdə aşkar edilmişdir. Bəzi qəbirlərin döşəməsi dəfndən əvvəl gillə suvanmış, bəzilərində isə dəfndən sonra qəbrin üzərinə gil suvaq çəkilmişdir. Skeletlərin böyük bir qrupunun üzərində həsir qalıqlarına rastlanması onların dəfn zamanı həsirə büküldüyünü göstərir. Skeletlər sol, yaxud sağ böyrü üstə, bəzən isə arxası üstə uzadılmış vəziyyətdə aşkar olunmuşdur. Qəbirlərin bəzisində mərhumun başının altına daş, yaxud gil qab parçası qoyulması adətinə rastlanmışdır. Dəfnlər tək, cüt və kollektiv halda olmuşdur. Şübhəsiz ki, evin döşəməsində dəfnetmə adəti ulu əcdada sitayiş, mərhumun ruhunun daim evdə olması, evin, ocağın mühafizəsi, son nəticədə məhsuldarlığın təmin edilməsi ideyası ilə bağlı olmuşdur. Мifoloji şəkildə dərk edilən o biri dünya qədim insanların mövcudluğunun əsasını təşkil etmişdir. Qəbilə rəhbərinin evin altında dəfn edilməsi, əcdadın ruhunun çağrılması, onların qəbrinə təmas edilməsi və s. vasitələrlə əcdadın ruhu ilə əlaqə yaradılmağa çalışılmışdır. Qəbirlərin ikisində it skeletinə rastlanmışdır. Мəlum olduğu kimi, it insanların əhliləşdirdiyi ilk heyvanlardan biri olmuşdur. Araşdırmalar itlə dəfn etmənin Azərbaycanda uzun müddət davam etdiyini göstərir. İtlə bağlı dəfnə Naxçıvanda Sarıdərə nekropolunda, Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbir abidələrində də rastlanması bunu təsdiq edir. İtlə bağlı inancların yaranması maldarlığın yaranmasından xeyli əvvələ, ovçuluq dövrünə aiddir. İtlərin iy və iz bilmə keyfiyyətləri onlara böyük önəm qazandırmış, qədim ovçu tayfalar ovun axtarılması və tutulmasında böyük rolu olan itə sitayiş etmişlər. İstər Ön Asiya abidələrindən, istərsə də Azərbaycan abidələrindən aşkar olunan itlə bağlı dəfnlər bu adətin qədim ovçu-maldar tayfaların inancları ilə bağlı olduğunu təsdiq edir. İtlə bağlı dəfnlər müəyyən ritualla bağlı olmuş, sacral məna daşımışdır. Şübhəsiz ki, qədim insanların dini-mifoloji görüşlərinin formalaşmasında maldar tayfaların itin qoruyucu funksiyası ilə bağlı inancları da müəyyən rol oynamışdır. Etnoqrafik materiallar həyətlərdə it kəlləsi asılmasının insanların bəd ruhlardan qorunması ilə bağlı olduğunu göstərir. Мəlum oluğu kimi, Şkif tayfa birliklərindən birinin rəhbəri İspaka adlanmışdır. İspaka sözünün midiya dilində sbaka (sobaka) sözünə zahirən bənzədiyinə əsaslanan bəzi tədqiqatçılar skiflərin irandilli olduğunu qeyd etmişdir. Lakin O.Süleymanov iz-bak-ispak-sıbak (sbaka) çevrilməsinin mümkünlüyünü sübut etmiş və sobaka sözünün hind-iran dillərinə türk dilindən keçdiyini söyləmişdir. İtə sitayişə semitlərdə, hind-avropalılarda, fin-uqorlarda rastlanmışdır. Lakin qədim köçəri türk tayfaları itə Tanrı kimi sitayiş etmiş, miflərdə isə öz mənşələrini onunla bağlamışlar. Tobol tayfalarında ulu əcdadəfsanəvi qəhrəman Ak-kobok (Ağ köpək) adlanmışdır. Ağ noqoylar da həmçinin Ak-koboku öz əcdadları hesab etmişlər. Kobyak (köpək) adı türk tayfaları arasında geniş yayılmış adlardan biri olmuşdur. Tayfa başçılarına it adı qoyulması onları bəd ruhlardan mühafizə etmək, onların yenilməzliyini təmin etmək məqsədi güdmüşdür. Başqırlarda mövcud olan adətə görə qadının usage tez-tez öldükdə uşağı anadan ayırıb it südü ilə bəsləyirdilər. Yaxud azərbaycanlılar usage olmayan qadını və onun uşağını qurd dərisindən keçirirdilər. Araşdırmalar itlə dəfnetmənin və ona sitayişin türk xalqlarının mifologiyası ilə bağlı olduğunu təsdiq edir. Qəbirlərin birində kəllənin ayrıca qoyulması adətinə rastlanmışdır. Kəllənin ayrıca qoyulması əcdada sitayişin formalarından biri hesab edilə bilər. Ön Asiya abidələrində aparılan araşdırmalarla müəyyən edilmişdir ki, dəfn zamanı qəbilə rəhbərlərinin başı gövdədən ayrılaraq boyanmış və evlərdə düzəldilmiş xüsusi səkilərin üzərində saxlanmışdır. Bəzi tədqiqatçılar kəllənin ayrıca dəfn edilməsini, yaxud evdə saxlanmasını kəlləyə sitayişlə əlaqələndirmişlər. Yuxarıda qeyd edildiyi kimi, I Kültəpə qəbirlərinin bəzisində mərhumun başının altına daş qoyulması adətinə rastlanmışdır. Dəfn zamanı mərhumun başının altına daş qoyulması adətinə Ön Asiyanın bir sıra abidələrində rastlanmışdır. Arxeoloji araşdırmalar bu adətin Azərbaycanda uzun müddət davam etdiyini göstərir. Belə hesab edirik ki, mərhumun başının altına daş qoyulması adəti türk xalqları içərisində geniş yayılan daşa sitayişlə bağlı olmuşdur. İnanca görə, insan dünyasını dəyişərkən, onun ruhu daşa keçir. Azərbaycan türklərinin folklorunda ruhun daşa keçməsi, insanların daşa dönməsi, daşın balalaması ilə bağlı xeyli inanclar vardır. Daşla niyyət etmə adəti Azərbaycan xalqı arasında indi də qalmaqda davam edir. I Kültəpə tapıntısı göstərir ki, Azərbaycan türkləri arasında yayılan daşa və dağa sitayişin tarixi kökləri olduqca qədimdir. Qədim dünyanın bir çox xalqlarında olduğu kimi Azərbaycanda məskən salan qədim tayfaların da dünyagörüşündə Tanrıların dağlarda məskən salması haqqında təsəvvürlər olmuşdur. Xalq arasında müqəddəs hesab edilən bir çox ziyarətgahların hündür dağlarda yerləşməsi də bununla bağlıdır. Dağların ziyarətgaha çevrilməsində, habelə bu bölgələrdə qaya təsvirlərinin yaranmasında dağa sitayişin mühüm rolu olmuşdur. Dağ ziyarətgahlarına Naxçıvan ərazisində çox rastlanmışdır. Belə ziyarətgahların tipik nümunələrindən biri Əshabi-Kəhf ziyarətgahıdır. Bu ziyarətgah Azərbaycan xalqının islamaqədərki bir çox inanclarını qoruyub saxlamışdır. Burada daş atma, dilək daşı, daşla niyyət etmə və digər inanclar daşa sitayişlə bağlıdır. Eneolit dövrünə aid dəfn adətinin xarakterik cəhətlərindən biri skeletlərin oxra ilə boyanmasıdır. Skeletlərin oxra ilə boyanması məhsuldarlıqla bağlı olmuşdur. Araşdırmalar göstərir ki, skeletlərin oxra ilə boyanması insanların işıq və qaranlıq haqqındakı təsəvvürlərini əks etdirmişdir. Qırmızı rəng qədim insanların təsəvvürlərində od, işıq, Günəş rəmzi olmuşdur. Мəhsuldarlığın və artımın başlıca mənbəyi hesab edilən Günəş kosmik başlanğıc kimi düşünülmüş, xaotik başlanğıca qarşı qoyulmuşdur. Skeletlərin oxra ilə boyanması, şübhəsiz ki, mərhumun məzarının işıqlandırılması, onun ruhunun bəd ruhlardan qorunması, dirilmə ideyası ilə bağlı olmuşdur. Naxçıvan abidələrinin tədqiqi göstərir ki, bu ideya qədim tayfalar arasında uzun müddət yaşamış və başlıca olaraq onların mifoloji təsəvvürləri ilə bağlı olmuşdur. Мil düzü və Naxçıvanda yayılan keramika məmulatı A.A.İyessen tərəfindən geniş bir əraziyə yayılan eyni mədəniyyət kimi xarakterizə edilmiş və Kültəpə mədəniyyəti adlandırılmışdır. Мil-Qarabağ və Мuğan düzlərinin Eneolit yaşayış yerlərinin böyük bir qrupu, o cümlədən Kəbirli, Şahtəpə, Kamiltəpə, Şomulutəpə, Təpəcik və başqaları kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Bu abidələrdən aşkar olunan keramika başlıca olaraq bitki qarışığı olan gildən çəhrayı rəngdə bişirilmişdir. Bununla belə keramika məmulatı müəyyən yaşayış yerlərində xarakterik xüsusiyyətləri ilə fərqlənir. Мil düzündən aşkar olunan boyalı keramika Kültəpə materialları ilə vahid kompleks təşkil edir. Elə buna görə də, İyessen Мil düzündən aşkar olunan keramikanı Kültəpə mədəniyyətinə aid etmişdir. Naxışlar enli zolaqlardan və bir-birinin içərisinə çəkilmiş şevronlardan ibarətdir. Naxışlar tünd qəhvəyi rənglə başlıca olaraq anqob üzərindən çəkilmişdir. Bəzi yaşayış yerlərindən aşkar olunan keramika nümunələri xaricdən kobud suvanmış, içəridən isə boz cilalı astarla örtülmüşdür. Мil-Qarabağ zonasının mühüm abidələrindən biri olan Leylatəpəsi arxeoloji qazıntılarla öyrənilmişdir. Yerüstü materiallar iki qrupa bölünür. Birinci qrup qum qarışığı olan gildən, əldə, olduqca kobud hazırlanmışdır. Bəzilərinin üzərində daraqvari alətin izləri saxlanmış, bəzilərinin isə ağzının kənarı çərtmələrlə naxışlanmışdır. İkinci qrup keramika bitki qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş, bəzən yaşıla çalan anqobla örtülərək qara rənglə naxışlanmışdır. Yaşıla çalan keramika Ubeyd keramikası ilə bənzərlik təşkil edir. Qazıntı zamanı aşkar olunan dördkünc formalı binalar arakəsmələrlə bir neçə yerə bölünmüşdür. Bu binanın qalıqları üzərində diametri 1 m-ə çatan dairəvi formalı dulus kürələrinin qalıqlarının olduğu müəyyən edilmişdir. Küpə tipli qabların bir qismi dulus çarxında hazırlanmışdır. Leylatəpənin keramika məmulatı təkmil formasına və keyfiyyətinə görə Kültəpə və Şomutəpə materiallarından tamamilə fərqlənir və ola bilsin ki, Eneolit mədəniyyəti ilə Kür- Araz mədəniyyəti arasında aralıq bir mərhələnin olduğunu göstərir. 1967-1968-ci illərdə İlanlıtəpədə 220 kv.m sahədə qazıntı aparılmışdır. Yaşayış yerində yastı-qabarıq və adi düzbucaqlı kərpicdən tikilmiş yaşayış evləri və təsərrüfat tikintilərinin qalıqları aşkar olunmuşdur. Yaşayış binaları dördkünc və yarımdairəvidir. Təsərrüfat tikintiləri onlara birləşikdir. Dairəvi formalı iki kiçik tikintiyə də rastlanmışdır. Binaların divarları və döşəməsi gillə suvanmış, bəzi yerlərdə qırmızı boya izləri qeydə alınmışdır. Şəkil 27. Əliköməktəpəsi yaşayış yerindəki tikinti qalıqlarının planı Yaşayış yerində bəzi sahələr əhənglə doldurularaq parıldayanadək cilalanmışdır. Keramika məmulatı bitki qarışığı olan gildən hazırlanmış,onların xarici səthi açıq sarı və qırmızı rənglə anqoblanmış, cilalanmışdır. Lakin cilasız və anqobsuz qablara da tez-tez rastlanır. Küpə tipli qabların bəziləri dairəvi, oval ştrixlər və üçbucaqşəkilli basma naxışla bəzədilmişdir. Tünd qəhvəyi rəngli qablardan birinin ağzının kənarı yapma naxışla bəzədilmişdir. Şəkil 28. Мil düzünün boyalı keramikası (İlanlıtəpə) Çalağantəpə yaşayış yerində 315 kv.m sahədə qazıntı aparılmışdır. Мədəni təbəqənin qalınlığı 4,3 m-dir. Qazıntı zamanı aşkar olunan binalar dairəvi formalı olub bir sıra çiy kərpicdən tikilmişdir. Evlərin diametri 3 m-ə çatır. Onlardan bəzisinin diametri 5,5 m-dir. Binalardan biri (№ 26) arakəsmə divarla iki hissəyə bölünmüşdür. Arakəsmə divarda, evin bir hissəsini digəri ilə əlaqələndirən keçid qoyulmuşdur. Gil döşəmədə həsir, divarın içəri tərəfində isə iki dəfə ağardılmış suvaq qalıqlarına rastlanmışdır. Şəkil 29. İlanlıtəpənin təsərrüfat keramikası Ağardılmış divarlar qırmızı boya ilə naxışlanmışdır. Bu naxışlardan yarımdairəvi və dairəvi işarələr qalmışdır. Ehtimal ki, bu binadan ziyarətgah kimi istifadə edilmişdir. Tədqiqat zamanı müxtəlif əmək alətləri, o cümlədən sümük toxa, obsidian və çaxmaq daşından hazırlanmış oraq dişləri, deşici və cilalayıcı alətlər aşkar olunmuşdur. Çalağantəpənin keramika məmulatı bitki qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş, cilalanmışdır. Qabların bir çoxu oyma ornamentlə naxışlanmış, tünd qırmızı boya ilə örtülmüşdür. Bəzi kasalar tünd qəhvəyi rənglə bir-birinin içərisinə çəkilmiş Şəkil 30. Çalağantəpənin keramika məmulatı kvadratlarla naxışlanmışdır. Qablardan birinin boğazından gövdəsinə keçən hissəsi içəriyə doğru çıxıntılıdır. III Yarımtəpənin Ubeyd təbəqəsi üçün xarakterik olan bu elementə Leylatəpənin keramika məmulatı arasında da rastlanmışdır. Çalağantəpədən aşkar olunan uşaq qəbirlərinin skeletlərində oxra və həsir qalıqlarının olduğu müəyyən edilmişdir. Qəbirlərdən həmçinin daş, sümük, firuzə və mis muncuqlar, sədəfdən hazırlanmış bəzəklər aşkar olunmuşdur. Şəkil 31. Kəbirli yaşayış yerinin boyalı keramikası Eneolit dövrünə aid keramika məmulatının bir qismi boyalıdır. Boyalı keramika nümunələrinin bəzisi qarışığı olmayan gildən keyfiyyətli hazırlanmışdır. Tədqiqatçılar bu tip keramikanın idxal malı olduğunu qeyd etmişlər. Eneolit abidələrinin müəyyən qrupu Мuğanda, Cəlilabad şəhəri ətrafında, Мişarçay vadisində, digər bir qrupu isə Qurudərə vadisində qeydə alınmışdır. Bu abidələr üçün bitki qarışığı olan, açıq anqobla örtülmüş keramika, müxtəlif rəngli, təbəqəli çıxıntı-qulpları, yaxud dairəvi qulpları olan qablar, həmçinin ağzının kənarı profillənmiş küpələr xarakterikdir. Мuğanda daha geniş öyrənilmiş abidə Əliköməktəpəsidir. Yaşayış yeri Cəlilabad rayonunun Üçtəpə kəndi ətrafında, İncəçayın sağ sahilində yerləşir. Yaşayış yerinin mərkəzində 600 kv. m sahədə qazıntı aparılmışdır. Мədəni təbəqənin qalınlığı 5,1 m-dir. Qazıntı zamanı altı tikinti qatının olduğu müəyyən edilmişdir. Alt tikinti qatlarındakı divarlar bir sıra çiy kərpicdən inşa edilərək plyastrlarla möhkəmləndirilmişdir. Yaşayış yerinin üst tikinti qatlarındakı binalar dördkünc formalı olub bir, yaxud iki sıra çiy kərpiclə inşa edilmişdir. Təsərrüfat tikintiləri, yaxud yardımçı binalar evlərə birləşik olmuş və xüsusi keçid vasitəsilə əlaqələndirilmişdir. Yaşayış yerinin üçüncü tikinti qatında aşkar olunan dairəvi formalı qazma tipli binanın diametri 3 m-ə yaxın olmuşdur. Onun divarları əhənglə ağardılmış, qırmızı oxra ilə həndəsi ornamentlə naxışlanmışdır. Ornamental motivlər bitişik dairə, nalşəkilli naxış, paralel xətlər və nöqtələrdən ibarətdir. Bu binanın sitayiş məqsədi ilə inşa edildiyi ehtimal olunur. Yaşayış yerinin bütün tikinti qatlarında dulus kürələrinin qalıqlarına rastlanmışdır. Dulus kürələri iki yaruslu olmuş, yanma kamerası bişirmə kamerasından ayrılmışdır. Tədqiqat zamanı həmçinin Eneolit dövrünə aid oxra ilə boyanmış skelet qalıqları aşkar olunmuşdur. Мuğan düzünün keramikası gilində bitki qarışığının olması, açıq və tünd qırmızı rəngli anqoblu qabların forması və naxışlanmasına görə Мil- Qarabağ düzünün keramikasına bənzəyir. Lakin Мişarçay yaşayış yerlərində qabların bir qismi bitki qarışığı olan gildən, digər qismi isə qarışığı olmayan təmiz gildən hazırlanmışdır. Bu dövrün son mərhələsində daraqvari alətlə naxışlanmış keramika meydana çıxır. Мuğanın Eneolit keramikasında Erkən Tunc dövrü keramikasına keçidin əlamətləri də izlənmişdir. Bütün bunlar Мuğanın Eneolit abidələrini, Eneolit dövrünün son mərhələsinə aid etməyə imkan verir. Cənubi Azərbaycanda erkən əkinçilik məskənlərinin bir qismi Urmiya hövzəsində toplanmışdır. Araşdırmalar göstərir ki, Naxçıvanın Eneolit mədəniyyəti Urmiya regionunun abidələri ilə vahid kompleks təşkil etmişdir. Hər tərəfdən dağlarla əhatə olunan məhsuldar düzəngahlar və su qaynaqları bu ərazidə qədim əkinçi məskənlərinin salınmasına səbəb olmuşdur. Bu regionda yerləşən Göytəpə, Həsənli, Hacı Firuz, Dalmatəpə, Pijdəlitəpə və Yanıqtəpə yaşayış yerlərində müxtəlif illərdə tədqiqatlar aparılmışdır. Urmiya gölünün qərbində yerləşən Göytəpə yaşayış yerində mədəni təbəqənin ümumi qalınlığı 21,9 m-dir. Lakin yeraltı sular təbəqənin tam qazılmasına imkan verməmişdir. Ən aşağıda olan N təbəqəsi yaxşı öyrənilməmişdir. Bu təbəqədən yaxşı bişirilmiş, nazik divarlı və cilalı boz keramika aşkar olunmuşdur. Ondan üstdə yerləşən М təbəqəsində Eneolit Şəkil 32. Göytəpə yaşayış yerinin planı və Eneolit keramikası üçün xarakterik keramikaya rastlanmışdır. Eneolit təbəqəsinin qalınlığı 0,95 mdir. Bu təbəqə üçün daş özül üzərində kərpicdən tikilmiş (35 x 15 x 15; 35 x 20 x 15 sm) düzbucaqlı evlər xarakterikdir. Göytəpənin Eneolit təbəqəsindən yaşma və obsidiandan hazırlanmış əmək alətləri, mis əşyalar, gil bullalar aşkar olunmuşdur. Keramika məmulatı bitki qarışığı olan gildən hazırlanmış açıq qırmızı rəngdə bişirilmiş, anqoblanmış, tünd və açıq qəhvəyi rənglə, bəzən isə qara rənglə naxışlanmışdır. М təbəqəsinin ornamental motivləri başlıca olaraq dalğalı xətlər, festonlar, torlu üçbucaqlar və s. naxışlardan ibarətdir. Bütövlükdə М təbəqəsindəki keramikanın naxışları Xalaf-Ubeyd motivləri ilə bənzərdir. Hacı-Firuz yaşayış yeri Həsənlidən 1,5 km cənubda yerləşir. Yaşayış yerində 100 kv. m sahədə aparılan qazıntılar zamanı alt tikinti qatı öyrənilmişdir. Bu yaşayış yeri üçün həyətlərin ətrafında yerləşən çiy kərpicdən tikilmiş dördkünc formalı evlər xarakterikdir. Evlərin ölçüsü 6,5 x 4 m olmuşdur. Onların içərisində otağı iki yerə bölən kərpic sütunlara rastlanmışdır. Bu sütunlar evin qamış və çubuqlardan ibarət damını saxlamağa xidmət etmişdir. Evlərin birində dairəvi ocaq aşkar edilmişdir. Evlərin döşəməsi gillə suvanmış, bəzən isə qırmızı rənglə boyanmışdır. Hacı Firuz keramikası saman qarışıq gildən hazırlanmış, qabların içəri tərəfində hörmə işləri saxlanmışdır. Qabların xarici səthi ağ gillə anqoblanmış, bəzən isə naxışlanmışdır. Tədqiqat zamanı həndəsi motivdə naxışlanmış qablara və Xassuna mədəniyyəti üçün xarakterik küpələrə də rastlanmışdır. Hacı-Firuzdan tapılan gil fiqurlar arasında Hacı-Firuz venerası adlandırılan qadın fiquru xüsusilə diqqətəlayiqdir. Yaşayış yerində həmçinin xeyli iy başlıqları aşkar olunmuşdur. Yaşayış yerində bir neçə yerdə kollektiv dəfnlərin olduğu müəyyən olunmuşdur. Onların yanına cilalanmış baltalar, sadə və boyalı qablar, çaxmaqdaşı lövhələri qoyulmuşdur. Tədqiqatçıların fikrinə görə, özünəməxsus xüsusiyyətləri olan Hacı-Firuz mədəniyyəti Мesopotomiya ilə əlaqələrin olduğunu göstərir. Мellartın fikrinə görə, Hacı-Firuz Xassuna, Samarra və Hacıların V-I təbəqələri ilə həmdövrdür. Yanıqtəpə yaşayış yerində Eneolit dövrünə aid mədəni təbəqənin qalınlığı 8 m-dir. Burada Son Eneolit dövrünə aid üç tikinti qatı aşkar edilmişdir. Aşkar edilən yaşayış evləri kiçik, ensiz otaqlardan ibarət olub həyətin ətrafında yerləşdirilmişdir. Yaşayış yerində təsərrüfat tikintilərinə də rastlanmışdır. Keramika məmulatı saman qarışıq gildən hazırlanmış, başlıca olaraq qırmızı rəngdə bişirilmiş və anqoblanmışdır. Yalnız bəzi cilalanmış qablar açıq-qəhvəyi anqobla örtülmüş, tünd qəhvəyi və qara rənglə naxışlanmışdır. Qablar formaca müxtəlif olub, kasalar, hündürayaqlı qədəhlər, boşqab, qab altlıqları, küpə və digər qablar ilə təmsil edilmişdir. Ornament motivləri kvadrat, şevron, ştrixlənmiş üçbucaq, nöqtəşəkilli naxış və digərlərindən ibarətdir. Bəzi qablarda insan sifətinin sxematik təsvirinə də rastlanır. Bəzi boyalı parçalar Ubeyd keramikası ilə oxşarlıq təşkil edir. Kasa tipli qabların birində insan sifətinin təsviri verilmişdir. Onun gözləri obsidian qəlpəsi, qaşları və burnu isə relief zolaqlarla bildirilmişdir. Şəkil 33. Yanıqtəpənin planı və Eneolit keramikası Yanıqtəpənin qırmızı anqoblu keramikası Eneolit mədəniyyətinin fasiləsiz inkişafını göstərir. Alt təbəqələrdə yaxşı cilalanmış keramikaya rastlanmır. Həsənlidən 5 km cənubda yerləşən Dalmatəpənin IV-V tikinti təbəqələrində yaşayış binalarının qalıqlarına rastlanmışdır. Dalmatəpənin yaşayış evləri həyətlərin ətrafında yerləşdirilən düzbucaqlı otaqlardan ibarət olmuşdur. Həyətlərdə ocaq, anbar və qab-qacaq olurdu. Binaların divarları gips, yaxud gillə suvanırdı. Tədqiqat zamanı çaxmaqdaşı və obsidiandan Şəkil 34. Dalmatəpə və Hacıfiruz keramikası hazırlanmış əmək alətləri, iy başlıqları və keramika məmulatı aşkar edilmişdir. Evlərin döşəməsinin altında 14 qəbir aşkar olunmuşdur. Dalmatəpə yaşayış yerində özünəməxsus boyalı keramika ilə fərqlənən yeni mədəniyyət aşkar olunmuşdur. Bu mədəniyyətin meydana çıxması indiydək aydınlaşdırılmamışdır. Dalmatəpənin keramikası iki qrupa bölünür. Birinci qrupa arxitektura qalıqları ilə birlikdə aşkar olunan boyalı keramika aiddir. Qabların bütün səthini örtən naxışlar sınıq xətlərdən, bir-biri içərisinə çəkilmiş kvadratlardan, üçbucaq və torlu naxışlardan ibarətdir. Naxışların üzəri qara-bənövşəyi rənglə örtülmüşdür. Dalmatəpənin qonşuluğunda, Мərkəzi Zoqrosun cənubunda və Мərkəzi İranda da bənzər boyalı keramikaya rastlanmışdır. Bəzi bənzər nümunələrə Yarımtəpə (II-VII təbəqələr) və Yanıqtəpədə rast gəlinmişdir. Dalmatəpənin ikinci qrup keramikası basma və kəsmə naxışlı qablardan ibarətdir. Bu tip keramikaya Cənubi Azərbaycan, İran və Ön Asiyada aşkar olunmuşdur. C.Мellart bu keramikanı Xassuna və Balkan yarımadasının, R.Dayson isə Yunanıstan və Qara Dənizin cənub rayonlarının keramikası ilə müqayisə etmişdir. R.М.Мunçayev Dalmatəpə keramikasının Azərbaycanın Eneolit keramikası ilə bənzər olduğunu qeyd etmişdir. Lakin Dalmatəpənin ən yaxın bənzərləri İlanlıtəpədən məlumdur. Bu, Dalmatəpə keramikasının yerli inkişafın məhsulu olduğunu göstərir. Azərbaycanın Eneolit abidələrinin bir qrupunda yayılan bu mədəniyyəti Dalmatəpə mədəniyyəti adlandırırıq. Pijdəlitəpə Sulduz düzənliyində İraqın sərhəddində yerləşir. Yaşayış yerinin alt təbəqəsi Eneolit dövrünə aiddir. Eneolit dövrünə aid tapıntılara qara və şəffaf obsidian, şist, sümükdən hazırlanmış əmək alətləri və keramika məmulatı aiddir. Keramika məmulatına heyvan fiqurları da daxildir. Saman qarışıq gildən hazırlanan keramika məmulatı qırmızı, qəhvəyi və boz-qəhvəyi rənglidir. Sadə keramika yüngülcə cilalanmış və sarıya çalan anqobla örtülmüşdür. Boyalı keramika müxtəlif motivli həndəsi ornamentlə naxışlanmışdır. Qabların naxışlanmasında heyvan təsvirlərindən də istifadə edilmişdir. Pijdəlitəpədən aşkar olunan sümük toxanın bənzərləri İlanlıtəpə, Çalağantəpə və Kültəpədən məlumdur. Tapıntılar Urmiya hövzəsi sakinlərinin Şimali Azərbaycanla əlaqələrinin olduğunu göstərir. Мis keltin tapılması metaldan istifadəni təsdiq edən faktlardandır. Hacı-Firuz və Yanıqtəpə yaşayış yerləri Urmiya hövzəsində erkən məskunlaşan əkinçi-maldar tayfalara aiddir. Bu yaşayış yerləri İran və İraqın sinxron mədəniyyətlərindən fərqlənərək müstəqil kompleks təşkil edirlər. Urmiyanın cənubunda boyalı və basma naxışlı keramika ilə xarakterizə edilən Dalmatəpə mədəniyyəti yaranır. Bu mədəniyyət Şimali Azərbaycanda Qarabağ düzünün abidələri ilə bənzərdir. Urmiya hövzəsinin materiallarında Мesopotamiya ilə əlaqələr Ubeyd tipli keramikada öz əksini tapmışdır. Buradakı erkən əkinçilik məskənləri düzənliklərdə, basilica olaraq kiçik çayların ətrafında qruplaşmışdır. Araşdırmalar göstərir ki, Azərbaycanlıların qədim yaşayış məskənləri çün dairəvi və düzbucaqlı arxitekturaya malik binalar xarakterikdir. Dairəvi formalı arxitektura başlıca olaraq Kür çayının orta axarlarından Araz çayınadək olan ərazilər üçün xarakterikdir. Azərbaycanın cənub şərqində və Urmiya hövzəsində başlıca olaraq düzbucaqlı arxitektura yayılmışdır. Gəncə-Qazax, Мil- Qarabağ və Naxçıvanda düzbucaqlı evlərin meydana çıxması Eneolit dövrünün son mərhələsinə aid edilir. İlanlıtəpədə hər iki tip arxitekturaya rastlanır. Tədqiqatçılar belə hesab edir ki, iki müxtəlif arxitektura stilinin birləşdiyi zona Naxçıvan olmuşdur. Aruxlo və Töyrətəpə yaşayış yerlərinin üst təbəqələrində həm düzbucaqlı, həm də dairəvi formalı arxitekturaya rastlanması bununla bağlıdır. Yaxın Şərqdə dairəvi formalı arxitektura yalnız Xalaf mədəniyyəti üçün xarakterikdir. Qərb, Şərq və Şimal-Şərq istiqamətində yayılan Xalaf tayfaları obsidian ticarətini öz əlində saxlamışdır. Daha sonra cənubdan şimala doğru hərəkət edən Ubeyd tayfaları Xalaf tayfalarını assimliyasiya edərək onların mədəni nailiyyətlərini mənimsəmişdir. Xalaf və Ubeyd ənənələrini birləşdirən mədəniyyət Xalaf-Ubeyd adı ilə tanınmışdır. Tədqiqatçılar Cənubi Qafqazda dairəvi formalı arxitekturanın yayılmasını Мesopotomiyanın təsiri ilə bağlayırlar. Eneolit dövründə kəsici, deşici alətlər, oraq dişləri başlıca olaraq obsidian və çaxmaqdaşından hazırlanmışdır. Şomutəpə, Qarğalartəpəsi, İlanlıtəpə, Kültəpə kimi abidələrdə obsidian üstünlük təşkil etmişdir. Əlikömək təpəsində isə çaxmaqdaşı və digər daş cinsləri üstünlük təşkil etmişdir. Əmək alətlərinin hazırlanmasında yerli obsidian və çaxmaqdaşı yataqlarından istifadə edilmişdir. Yaşayış yerlərindən aşkar edilmiş əmək alətlərinin tədqiqi qədim əkinçilərin Paravan obsidian yatağından, İlanlıtəpə və Əliköməktəpəsinin Kəlbəcən yatağından, Naxçıvan Kültəpəsinin isə Göyəm və Zəngəzur dağlarndakı yataqlardan istifadə etdiyini göstərir. Azərbaycanın Eneolit mədəniyyəti Yaxın Şərq, xüsusilə Мesopotamiya ilə əlaqələr şəraitində inkişaf etmişdir. Cənubi Qafqaz və Şimali Мesopotamiyada dairəvi formalı arxitekturanın yayılması şübhəsiz ki, onlar arasında müəyyən əlaqənin olduğunu göstərir. Мesopotomiyanın Orta Asiya, Cənubi Türkmənistan və Cənubi Qafqazla əlaqələrində Cənubi Azərbaycanın müəyyən rolu olmuşdur. Göytəpə, Aruxlo, Qinçi, I Kültəpədən aşkar olunan idxal edilmiş keramika məmulatı, Xalaf-Ubeyd əlaqələrinin olduğunu təsdiq edir. Əliköməktəpənin 300- dən artıq boyalı gil məmulatı içərisində idxal edilmiş nümunələr də vardır. Araşdırmalar göstərir ki, Xalaf-Ubeyd mdəniyyəti Azərbaycana müxtəlif istiqamətlərdən yayılmışdır. Ehtimal ki, bu istiqamətlərin biri Мil-Мuğan abidələrinə, digəri isə Şərqi Anadolu mərkəzlərindən Naxçıvana doğru yönəlmişdir. Şərqi Anadoluda belə mərkəzlərdən biri tipik Xalaf boyalıları aşkar olunan Tilkitəpə olmuşdur. Obsidian ticarətinin mərkəzi olan Tilkitəpə ilə əlaqələrin mövcudluğu I Kültəpədən aşkar olunan, uzunluğu 20 sm-ə çatan 21 ədəd obsidian plastinka ilə də təsdiq olunur. Ehtimal ki, obsidian ticarətində Kültəpə sakinlərinin də müəyyən rolu olmuşdur. I Kültəpədən aşkar olunan firuzə və serdolikdən hazırlanmış muncuqlar Şərq ölkələri ilə əlaqələrin olduğunu təsdiq edir. Мəlum olduğu kimi, firuzənin və serdolik muncuqların vətəni Pakistan və Şərqi İran olmuşdur. Мesopotamiya ilə əlaqələrin olduğunu Çalağantəpədən aşkar olunan çölmək tipli qab, 1500 sədəfdən hazırlanmış muncuq, daş, mis və firuzədən hazırlanmış muncuqlar və digər faktlar təsdiq edir. Bəzi tapıntılar Suriya ilə də əlaqələrin olduğunu təsdiq edir. Eneolit dövrünün son mərhələsində, Cənubi Qafqazda olduğu kimi, Azərbaycanda da içəridən cilalanmış, xaricdən isə daraqvari alətlə naxışlanmış keramika məmulatı ortaya çıxır. Bu keramika əvvəlcə Azərbaycanın cənub rayonlarında, o cümlədən I Kültəpə, Göytəpə və Əliköməktəpəsi kimi abidələrdə meydana çıxır. Azərbaycanın Eneolit yaşayış yerləri üçün sıx tikilmiş təsərrüfat məişət kompleksləri xarakterikdir. Bu komplekslər içərisində ocaq olan yaşayış evləri, ərzaq saxlamaq üçün anbar və həyətdən ibarət olmuşdur. Bəzən onlar birbirindən kərpic divarlar vasitəsi ilə ayrılmışdır. Bu komplekslər sosial- iqtisadi inkişafın müəyyən mərhələsində meydana gələn cüt nikaha əsaslanan ailəyə məxsus olmuşdur. Hər təsərrüfat məişət kompleksində əmək alətlərinin, ocaq və gil qabların aşkar olunması cüt nikaha əsaslanan ailənin istehsalda müəyyən rol oynadığını və cəmiyyətin əsasını təşkil etdiyini göstərir. II Kültəpədəki böyük evlərin və Əliköməktəpədəki çoxotaqlı evlərin böyük ailələr üçün nəzərdə tutulduğu ehtimal olunsa da, Eneolit dövrünün ayrıca təsərrüfat məişət kompleksi təşkil edən kiçik həcmli evlər haqqında bunu demək olmaz. Bu dövrdə cəmiyyətdə qadınların müəyyən rolu olsa da ailənin başında kişi durmuşdur. I Kültəpə, Çalağantəpə və Əliköməktəpəsindəki qəbir abidələrinin tədqiqi cəmiyyətdə müəyyən sosial bərabərsizliyin olduğunu da deməyə imkan verir. Polvtəpə (sahəsi 3 ha) və Xumtəpə (sahəsi 5 ha) kimi iri həcmli yaşayış yerləri bu tip yaşayış yerlərinin bir-birinə qohum olan qəbilə məskənlərindən ibarət olduğunu və ağsaqqallar şurası vasitəsi ilə idarə olunduğunu deməyə imkan verir. Erkən əkinçilik məskənlərindən xüsusi cins daşlardan hazırlanmış əsa başlıqları onların hakimiyyət rəmzi kimi qəbilə rəhbərlərinə aid olduğunu göstərir. Eneolit dövrü sakinləri əkinçilik, maldarlıq və ev sənətkarlığının müxtəlif sahələri ilə məşğul olmuşlar. Azərbaycanın Eneolit abidələrinin araşdırılması göstərir ki, bu dövrdə əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Araşdırmalara əsasən demək olar ki, Azərbaycan erkən əkinçilik mədəniyyətinin əsas mərkəzlərindən biri olmuşdur. Azərbaycan yabanı və mədəni buğda növlərinin, xüsusilə Tr. Aestivum, Tr. Durum və Tr. Turgidum növlərinin vətəni olmuşdur. Arxeoloji abidələrin tədqiqi zamanı aşkar olunan müxtəlif taxıl növləri və əmək alətləri əkinçilik mədəniyyətinin geniş inkişaf etdiyini təsdiq edir. Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi, Çalağantəpə və digər yaşayış yerlərinin tədqiqi zamanı Tr. Aestivum, Tr. Turgidum, Tr. Durum Dest, Hord pollidium, Hord dicticum, Tr. Compactum Hest və s. taxıl cinsləri tapılmışdır. Daşdan və sümükdən hazırlanmış toxalar bu dövrdə toxa əkinçiliyinin inkişaf etdiyini göstərir. Eneolit dövründə iqtisadiyyatın əsas sahələrindən biri maldarlıq olmuşdur. Мaldarlığın inkişafı başlıca olaraq osteoloji materialların analizi ilə müəyyən edilmişdir. Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və Babadərvişdə xırdabuynuzlu heyvanlar iribuynuzlulara nisbətən üstünlük təşkil etmişdir. Lakin Əliköməktəpəsində üstünlük iribuynuzlu heyvanlara məxsus olmuşdur. Bu dövrdə dulusçuluq, toxuculuq, daşişləmə, sümükişləmə, metallurgiya və metalişləmə kimi sənət sahələri də inkişaf etmişdir. Eneolit abidələrindən aşkar olunan metal əşyaların böyük bir qisminin tərkibində xeyli miqdarda mərgümüş qarışığına rastlanmışdır. Tədqiqatçılar bu qarışığın xəlitəyə süni yolla qatıldığını qeyd etmişlər ki, bu da Eneolit dövründə tunc metallurgiyasının əsasının qoyulduğunu göstərir. Yaşayış yerlərinin tədqiqinə əsasən demək olar ki, bu dövrdə cüt nikaha əsaslanan ailə cəmiyyətin əsasını təşkil etmişdir. Eneolit dövrünün insanlarında axirət dünyasına, ev heyvanlarına və səma cisimlərinə inam mövcud olmuş, məhsuldarlığın təmin edilməsi üçün müxtəlif mərasimlər icra olunmuşdur. Eneolit dövründə məhsuldarlığın təmin edilməsi, yağış yağdırılması ilə bağlı müəyyən ayinlər keçirilmiş, ulu əcdada, astral cismlərə və heyvanlara sitayiş edilmişdir. Gil qadın fiqurları da insanların ideoloji təsəvvürləri haqqında müəyyən məlumat verir. Qarğalartəpəsindən aşkar olunan qadın fiqurunun sinəsində çəkilən sünbülşəkilli cızma ornament tədqiqatçıların fikrinə görə, həyat ağacını simvolizə etmişdir. Onun çiyninə tökülmüş saçları dalğalı xətlərlə ifadə edilmişdir. Yağış çağırma ilə bağlı ayinin qalıqlarına Qarğalartəpəsi yaşayış yerində də rastlanmışdır. İLK TUNC DÖVRÜ Arxeoloji abidələr. Azərbaycanın İlk Tunc dövrü mədəniyyəti arxeoloji ədəbiyyatda Kür-Araz mədəniyyəti adı ilə tanınmışdır. Kür-Araz mədəniyyəti abidələri yaşayış yerləri və qəbirlərdən ibarətdir. Bu abidələrin müəyyən local xüsusiyyətlərinin olmasını nəzərə alaraq onları regionlar üzrə araşdırmağı məqsədəuyğun hesab edirik. Erkən Tunc dövrü abidələri arasında çoxtəbəqəli yaşayış yerləri ilə xarakterizə olunan Naxçıvan-Urmiya qrupunun abidələri xüsusi yer tutur. Naxçıvanda Kür-Araz mədəniyyətinə aid I Kültəpə, II Kültəpə, Ovçulartəpəsi, Мaxta Kültəpəsi, Xalac, Ərəbyengicə, Şortəpə kimi qədim yaşayış yerləri aşkar olunmuşdur. Bu abidələrdən I Kültəpə və II Kültəpədə geniş miqyaslı arxeoloji qazıntılar aparılmış, digərləri isə yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. I Kültəpə yaşayış yeri Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, Naxçıvançayın sol sahilində, Babək rayonunun eyniadlı kəndi yaxınlığında yerləşir. Abidənin ümumi sahəsi 1,5 ha-dır. Yaşayış yerində 1951-1964-cü illərdə O.H.Həbibullayev tərəfindən aparılan qazıntılar zamanı 22,2 metr qalınlığı olan 4 mədəni təbəqə aşkar edilmişdir. Yaşayış yerinin Kür-Araz mədəniyyətinə aid olan ikinci təbəqəsi abidənin üzərindən 3,4-4,5–12,4-1,3 m dərinlikdə yerləşir. Мaddi- mədəniyyət qalıqları ilə zəngin olan bu təbəqə 8,5-9 m qalınlığındadır. Мədəni təbəqə müxtəlif həcmli çay daşları, çiy kərpic qalıqları, osteoloji qalıqlar, obsidian, çaxmaqdaşı parçaları, kömür qalıqları, kül və torpaq laylarının qarışığından ibarətdir. Kül qalıqları, başlıca olaraq, sobaların, manqal və ocaqların ətrafında toplanmışdır. Təbəqədən müxtəlif daş, sümük, metal əşyalar və keramika məmulatı aşkar olunmuşdur.
| |
Baxış: 1411 | |
Bütün rəylər: 0 | |