Əsas » Məqalə » Azərbaycan tarixi

Azərbaycan arxeologiyası I cild-8
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>

    Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Son Tunc dövrü arxeoloji abidələrinin bir qismi Orta Tunc dövrü abidələrinin üzərində salınmışdır. Qeyd olunduğu kimi, bu yaşayış yerləri əkinçilik və maldarlıq üçün əlverişli mövqelərdə olmuşdur. Onların əksəriyyətinin mövqeyi strateji cəhətdən də əlverişlidir. Bu baxımdan, Naxçıvan qrupuna daxil olan Qalacıq və Şahtaxtı yaşayış yerlərinin ərazisi, bütün Şərur düzünü və Araz vadisini nəzarətdə saxlamağa imkan verir. Son Tunc dövründə tayfalararası ziddiyyətlərin, xarici basqın təhlükəsinin çoxaldığı bir zamanda, bu yaşayış yerlərinin əhəmiyyəti daha da artmışdır.
    Qeyd olunduğu kimi, bu dövrdə daimi yaşayış yerləri ilə bərabər, yarımköçəri maldarlığın inkişafını təmin edən mövsümi yaşayış yerləri də meydana çıxmışdır. Bu yaşayış yerlərinin hamısı çay kənarlarında, su mənbələrinin və ticarət yollarının nəzarətdə saxlanılması üçün əlverişli mövqelərdə yerləşmişdir. Naxçıvanda bu tip abidələr sırasına Şamlar, Qarnıyarıq, Külüs, Kükü və b. yaşayış yerləri aiddir.
    Gəncəçay rayonunun yaşayış yerləri ovalıqda, strateji cəhətdən ətraf əraziyə hakim mövqelərdə salınmışdır. Bu ərazidə 1 №-li yaşayış yerinin əlverişli mövqeyi, ondan uzun müddət yaşayış məntəqəsi kimi istifadə olunmasına şərait yaratmışdır. Qeyd edilməlidir ki, Gəncəçay rayonunda yaşayış yerlərinin azlığı və mədəni təbəqənin cüzi yığılması, bu dövrdə həyatın yarımköçəri maldarlığa əsaslanması ilə bağlı olmuşdur. Dağlıq və ovalıq zonanın qovşağında yerləşən bu ərazi yarımköçəri maldarlıq və əkinçilik üçün olduqca əlverişli olmuşdur.
     Qazax rayonunda yerləşən yaşayış yerləri də təbii və strateji mövqedə olmaları ilə fərqlənirlər. Bu ərazinin əkinçilik və yarımköçəri maldarlıq üçün əlverişli olması, şübhəsiz ki, qədim insanların diqqətini çəkmişdir. Ağstafaçay vadisində olan münbit torpaqlar və yaxınlığındakı bol otlaqlar Son Tunc dövrü insanlarının oturaq və yarımköçəri həyat tərzini təmin etmək baxımından əlverişli olmuşdur. Bu ərazidə digər ərazilərə nisbətən yaşayış yerlərinin daha çox qeydə alınması bununla bağlıdır.

    Əsasən e.ə. II minilliyin ikinci yarısı ilə tarixləndirilən müdafiə tikintiləri topoqrafik baxımdan diqqəti cəlb edir. Qeyd edildiyi kimi, bu dövrdə müdafiə istehkamlarının bir qrupundan yaşayış yeri kimi istifadə olunmuşdur. Naxçıvan abidələrində Orta Tunc dövründə inşa edilmiş müdafiə divarları, ehtimal ki, Son Tunc dövründə də bərpa edilərək istifadə edilmişdir. Qalacıq, Şahtaxtı, II Kültəpə belə yaşayış yerlərinə aid edilə bilər. Şübhəsiz ki, bu dövrdə ətrafı möhkəmləndirilmiş yaşayış yerləri müdafiə baxımından əlverişli olmadığından, təbii cəhətdən müdafiə olunan yüksək dağlıq zonalarda qalalar salınmışdır. Naxçıvanda Çalxanqala, Vayxır qalası və Qazançıqala belə abidələrdəndir. Onlar arasında Çalxanqala təbii mövqeyinə görə fərqlənməkdədir.
    Çalxanqala təbii qayalıq üzərində, həm də düşmən gözündən uzaq bir mövqedə salınmışdır. Odur ki, müdafiə baxımından olduqca əlverişlidir. Belə ki, düşmənə birbaşa qalaya hücum etmək imkanı verilməmişdir. Qalanın giriş yolu dik yamaclar və qayalıqlardan keçdiyindən, düşmənin hücumunu xeyli çətinləşdirir. Lakin qalanın içərisində yaşayış binasına aid tikinti qalıqları olduqca azdır. Onun mərkəzi hissəsində mədəni təbəqəyə və arxeoloji materiallara rast gəlinmir. Qalanın yerləşdiyi ərazi bütün Cəhri çayı vadisini nəzərdə saxlamağa və hücum təhlükəsinin qarşısını almağa imkan verir.
    Naxçıvançayın sol sahilində, təbii qayalıq üzərində yerləşən Vayxır qalası da olduqca əlverişli mövqedədir. Naxçıvançay vadisindən qalanın mövqeyi alınmazdır. Bu istiqamətdə qala təbii cəhətdən müdafiə olunduğundan, divar çəkilməmişdir. Divarlar qalanın dağ silsiləsinə birləşən və zəif müdafiə olunan hissələrindəndir. Bu prinsiplə tikilən qala, düşmən gözündən yayınmağa və bütün çay vadisini nəzarətdə saxlamağa imkan verir. Çalxanqalada olduğu kimi, burada da, qalanın içərisində yaşayış binasının qalıqlarına rast gəlinməmişdir. Arxeoloji materiallar, yalnız forma verməyən gil qab parçalarından ibarətdir. Arxeoloji materialların azlığı və yaşayış binasının olmaması, qaladan düşmən hücumları zamanı sığınacaq məqsədi ilə istifadə olunduğunu göstərir.
    Qazançı qalasının yerləşdiyi ərazi təbii baxımdan Vayxır qalasına bənzəsə də, o daha əlverişli mövqeyə malikdir. İki çayın qovşağında, təbii cəhətdən müdafiə olunan mövqedə yerləşən qala, əlavə olaraq müdafiə divarları ilə möhkəmləndirilmişdir. Burada arxeoloji materiallara digər qalalara nisbətən daha çox rastlanır. Lakin qalanın içərisində yaşayış binaları azdır. Qala divarlarının tikinti texnikasında olan müxtəliflik, onların ayrı-ayrı dövrlərdə tikildiyini və bərpa edildiyini göstərir. Qalanın olduqca böyük sahəni əhatə etməsindən görünür ki, buradan yalnız yerli əhalinin deyil, həm də heyvanların sığınması üçün də istifadə edilmişdir.
    Azərbaycanın şimal rayonlarında yerləşən siklop tikintiləri adlandırılan qalalar, qeyd olunduğu kimi üç qrupa bölünürlər: yaşayış yeri kimi istifadə olunanlar; müdafiə məqsədi ilə istifadə olunanlar; heyvanların sığınması və saxlanması üçün istifadə olunanlar. Yaşayış yeri kimi istifadə olunan qalalar, başlıca olaraq, strateji cəhətdən əlverişli mövqelərdə yerləşdirilmiş və müdafiə divarı ilə əhatə olunmuşdur. İkinci və üçüncü qrupa daxil olan qalalar, təbii baxımdan, dağların əlçatmaz, düşmən diqqətindən yayınan və alınması çətin olan mövqelərdə yerləşdirilməklə, müdafiə divarı ilə də əhatə olunmuşdur. Hər üç tip qalada müdafiə divarları yerin relyefinə uyğun inşa edilmişdir.
    Son Tunc dövrünün yaşayış binaları və müdafiə tikintiləri inşa texnikasına görə bir-birindən fərqlənir. Naxçıvan ərazisində yaşayış binaları yerüstü olmaqla əsasən düzbucaqlı formada tikilmişdir. Binaların yalnız daş təməlləri salamat qalmışdır. Onlar iki sıra çay daşı, ya da qaya parçalarından hörülərək, arası kiçik həcmli daşlarla doldurulmuş və gil məhlulu ilə bərkidilmişdir. Ola bilsin ki, divarların yuxarı hissəsi kərpiclə hörülmüşdür. Binaların ətrafına yayılan qalın torpaq qatları bunu deməyə imkan verir.
    Gəncəçay rayonunun arxeoloji abidələri üçün yarımqazma tipli evlər xarakterikdir. Onlar, başlıca olaraq, dördkünc planlıdır. Torpağın bərkliyindən asılı olaraq, evlərin divarları bəzən hörgüsüz, bəzən isə daş hörgü ilə möhkəmləndirilmişdir. İnşaat materialı kimi çay daşlarından istifadə olunmuşdur. Divarlar iki sıra daşla hörülərək, arası kiçik həcmli daşlarla doldurulmuşdur. Bu texnika, Tunc dövründə demək olar ki, Azərbaycanın hər yerində yayılmışdır. Bu rayonda tətbiq olunan balıqbeli texnikası diqqəti cəlb edir. Divarın daşları bir sırada bir tərəfə, o biri sırada isə əks tərəfə qoyulmaqla inşa edilmişdir. Divarların möhkəmliyini təmin edən bu texnika Azərbaycanın inşaat sənətində uzun müddət istifadə edilmiş və indi də istifadə edilməkdədir.
    Gəncəçay rayonunda, Lüləli dərəsində tədqiq edilən 2 №-li yaşayış yerində evlər düzbucaqlı və dairəvi formalı yarımqazmalardan ibarətdir. Lakin, 1 №-li yaşayış yerindən fərqli olaraq, burada, binaların divarları daş tikintilərlə möhkəmləndirilməmişdir. Evlərin tavanı döşəməyə basdırılan dirəklər vasitəsilə saxlanmışdır. Düzbucaqlı evlərdə dam örtüyünün iki çatılı, dairəvi evlərdə isə konusvari olduğu güman edilir. Yaşayış yerləri geniş tədqiq edilmədiyindən, onların ümumi planı haqqında daha geniş fikir söyləmək, çətindir. Gəncəçay rayonundakı 1 №-li yaşayış yerində evlərin çay boyu düzümü, Lüləli dərəsində isə müəyyən sıra ilə düzülməsi qeydə alınmamışdır. Şübhəsiz ki, evlər dar küçələr vasitəsilə bir-biri ilə bağlanmışdır. Qazax rayonundakı Töyrətəpə yaşayış yerində divarları çubuqdan hörülərək gillə suvanmış evlər də aşkar olunmuşdur. Bu zonada yerləşən Sarıtəpə, Babadərviş yaşayış yerlərində aşkar olunan evlər dördkünc formalıdır. Binaların divarları çay daşlarından hörülərək, gil məhlulu ilə bərkidilmişdir.
    Son Tunc dövrünə aid müdafiə divarları da tikinti texnikasına görə fərqli xüsusiyyətlər göstərir. Bu baxımdan, Çalxanqalanın tikinti texnikası diqqəti cəlb edir. Qala divarlarının tikintisində qaba düzəldilmiş, dördkünc biçimli daş bloklardan istifadə edilmişdir. Divarlar yan tərəflərdə iri bloklardan inşa edilmiş, onların arası isə kiçik həcmli daşlarla doldurulmuşdur. Bəzi hallarda divarların hörgüsündə bərkidici məhluldan istifadə edilmişdir. Çalxanqalada divarların tikinti texnikasında özünü göstərən xüsusiyyətlərdən biri divarların içəri və çöl tərəfində düzbucaqlı çıxıntılardan istifadə edilməsidir. Divarların müdafiə gücünü xeyli artıran bu tip texnikaya, indiyədək Azərbaycanın başqa abidələrində rastlanmamışdır. Çalxanqalanı digər qalalardan fərqləndirən digər əlamət, müdafiə divarının yalnız bir uzun divardan ibarət olmasıdır. Bu, qalanın cənub tərəfindədir. Digər tərəflər təbii cəhətdən müdafiə olunduğundan, divarla əhatə olunmamışdır. Ümumi planda, Çalxanqala düzgün olmayan çoxbucaqlıya bənzəyir.
    Vayxır qalasının tikintisində qaba düzəldilmiş təbii qaya parçalarından istifadə edilmişdir. Çalxanqalada olduğu kimi, burada da divarlar yanlarda iri daşlarla hörülmüş, onların arası isə kiçik daşlarla doldurulmuşdur. Lakin Çalxanqaladan fərqli olaraq, Vayxır qalasında bərkidici məhlul kimi palçıqdan istifadə edilmişdir. Qala divarları yerin relyefinə uyğun olaraq tikilmişdir. Divar bəzi hissələrdə ziqzaq şəkillidir. Şərq tərəfdə dördkünc formalı bürclər vardır.
    Azərbaycanın digər rayonlarında yayılan müdafiə tikintilərinin fərqləndirici cəhəti, onların divarlarının bərkidici məhlul olmadan tikilməsidir. İnşa texnikasına görə, tədqiqatçılar həmin qalaları üç tipə ayırmışlar. Birinci qrupa iri daşlardan hörülmüş, bir sıra divarı olan qalalar; ikinci qrupa iri daşdan inşa edilən iki, ya da üç sıra müdafiə divarı olan qalalar; üçüncü qrupa orta həcmli daşlardan tikilmiş iki, ya da üç sıra müdafiə divarı olan qalalar daxildir. B.B.Piotrovski bu qalalarda divarların yuxarı hissəsinin çiy kərpiclə hörüldüyünü qeyd etmişdir. Lakin divarların üzərində və ətrafında çiy kərpicə rast gəlinmədiyindən, bu fikir bir qədər inandırıcı deyildir.
    Qalalar ümumi planda oval, ya da düzgün olmayan dördbucaqlı formasındadır. Divarlar, başlıca olaraq, iki sıra daşla hörülmüşdür.
    İqtisadiyyat. Arxeoloji tədqiqatlar göstərir ki, Son Tunc və Erkən Dəmir dövründə iqtisadiyyatın başlıca sahəsi əkinçilik və maldarlıq olmuşdur. Bu dövrdə əkinçilik mədəniyyətinin inkişafı, hər şeydən əvvəl, yaşayış yerlərindən aşkar olunan maddi-mədəniyyət qalıqları ilə sübut olunur. Bu maddi mədəniyyət nümunələrinin bir qismini əmək alətləri təşkil edir. Xanlar rayonu yaxınlığında yerləşən 1 №-li yaşayış yerinin 115 və 118 №-li binalarından 40 dan artıq daş toxa əldə edilmişdir. Toxalar müxtəlif ölçülüdür. Onların uzunluğu 14-24, qalınlığı 2-4 sm arasındadır. Toxaların işlək ucu nazik olub, qəlpələnmə yolu ilə itilənmişdir. İşlək ucunun əks tərəfində dəstək bərkitmək üçün nov açılmışdır. Bəzi toxaların ucları uzun müddət işləndiyindən cilalanmış, bəziləri isə qırılmışdır.
    Son Tunc dövrünün arxeoloji abidələrində xışlara rast gəlinməsə də demək olar ki, bu dövrdə şumlama əkinçiliyindən və qoşqu qüvvəsindən istifadə edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda şumlama əkinçiliyi hələ İlk Tunc dövründən mövcud olmuşdur. Şübhəsiz ki, dağ ətəklərində şumlama əkinçiliyi ilə bərabər, dəmyə əkinçilikdən də istifadə edilmişdir. Yaşayış yerlərində və qəbir abidələrində xeyli miqdarda iribuynuzlu heyvan və at sümükləri aşkar olunmuşdur. Şübhəsiz ki, bu heyvanlardan qoşqu qüvvəsi kimi də istifadə edilmişdir. Bu dövrdə qoşqu qüvvəsinin tətbiq olunduğu şumlama əkinçiliyi olmadan, iqtisadiyyatın ahəngdar inkişafını təmin etmək mümkün deyildi. Əkinçilik iqtisadiyyatın digər sahələrinin də inkişafını təmin etmişdir.
    Əkinçiliklə bağlı əmək alətlərinin bir qrupu oraq dişlərindən ibarətdir. Bu cür oraq dişləri Sarıtəpə, Babadərviş, Мingəçevir və digər yaşayış yerlərində aşkar olunmuşdur. Qeyd etmək lazımdır ki, yalnız Мingəçevir yaşayış yerindən 300-dən artıq oraq dişi aşkar olunmuşdur. Xanlar yaxınlığındakı 1 №-li yaşayış yerində aşkar olunan oraq dişlərinin aşkar olunma vəziyyəti onların aypara şəklində düzüldüyünü göstərir. Şübhəsiz ki, oraq dişləri aypara formalı ağac əsaslara bərkidilmişdir. Lakin ağac əsaslar çürüdüyündən, bu günümüzədək gəlib çatmamışdır. Tuncdan hazırlanmış oraqlar Gədəbəy abidələrindən aşkar edilmişdir.
    Əmək alətlərinin bir qrupu taxılın döyülməsi və üyüdülməsi ilə bağlıdır. Xanlar yaxınlığındakı 2 №-li kurqandan aşkar olunmuş ağac vəl, bir tərəfinə prizmatik daşlar keçirilən iki eyni formalı parçadan ibarətdir. Forma etibarı ilə, o indi Azərbaycanın dağlıq rayonlarında istifadə olunan vəllərə bənzəyir. Bu alətin tapılması Son Tunc dövründə, taxıl döyümündə qədim ənənəvi üsullara yanaşı, vəllərdən də istifadə olunduğunu göstərir.
    Taxılın üyüdülməsi üçün dən daşlarından istifadə olunmuşdur. Alt və üst daşlarından ibarət olan bu alətlər, formaca Tunc dövrünün əvvəlki mərhələlərində istifadə olunan alətlərdən fərqlənmirlər. Alt dən daşlarının işlək tərəfi qayıqşəkilli, üst dən daşlarının işlək tərəfi isə düzdür.
    Taxılın saxlanması üçün təsərrüfat quyularından və küplərdən istifadə edilmişdir. Bu cür təsərrüfat küpləri Мingəçevir, Sarıtəpə, Babadərviş yaşayış yerlərindən tapılmışdır. Sarıtəpə yaşayış yerində təsərrüfat küplərinin saxlandığı ərzaq anbarları da olmuşdur. Yaşayış yerlərindəki təsərrüfat küplərinin içərisindən taxıl və üzüm çəyirdəyinin qalıqları, taxıl quyularında isə darı qalıqları aşkar olunmuşdur. Xocalı kurqanlarından tapılan təsərrüfat küplərinin birinin qulpunda buğda təsviri vardır.
    Bu dövrün təsərrüfatının geniş inkişaf etmiş sahələrindən biri də üzümçülükdür. Yaşayış yerlərindən aşkar olunan təsərrüfat küplərinin içərisində üzüm çəyirdəklərinə rast gəlinməsi, bu dövrdə şərab istehsalının da inkişaf etdiyini göstərir. Sarıtəpə yaşayış yerində tapılan şərab tuluğu, üzümçülüyün inkişafını göstərən nadir tapıntılardan biridir. Üzümçülüyün inkişafını, eyni zamanda, qədim yaşayış yerlərinin ətrafından aşkar olunan üzüməzən daşlar da sübut edir. Üzüməzən daşlara Naxçıvan ərazisində daha çox rast gəlinmişdir.
    Arxeoloji qazıntılar zamanı aşkar olunan buğda növləri М.М.Yakubsiner və İ.Мustafayev tərəfindən təyin edilmişdir. Onların arasında yumşaq buğda (Tritcum vulqare), bərk buğda (Triticum durum Dest) və digər buğda növləri (Tritcum aestivum, triticum comraktum) vardır. Мüxtəlif arpa növlərindən (Hordeum sativum) də istifadə edilmişdir. Yuxarıdakı fəsillərdə qeyd edildiyi kimi, Azərbaycan qədim zamanlardan əkinçilik mədəniyyətinin mərkəzi olmuşdur. Azərbaycanın dağlıq zonalarında yabanı buğda, arpa və darı növlərinin olması, habelə, ərazinin əlverişli təbii coğrafi mövqeyi əkinçilik mədəniyyətinin erkən meydana çıxmasını və formalaşmasını təmin etmişdir. Son Tunc dövründə artıq əkinçilik müstəqil istehsal sahəsi kimi mövcud olmuşdur.
    Son Tunc dövrü təsərrüfatının geniş yayılmış formalarından biri maldarlıq olmuşdur. Arxeoloji tədqiqatlar, Azərbaycan ərazisində hələ İlk Tunc dövründən başlayaraq, maldarlığın əkinçilikdən ayrıldığını və yarımköçəri maldarlığının formalaşdığını göstərir. Son Tunc dövründə şübhəsiz ki, maldarlıq müstəqil təsərrüfat sahəsi kimi mövcud olmuşdur. Bu dövrə aid arxeoloji abidələrin tədqiqi, oturaq həyat keçirən qəbilələrlə bərabər, köçəri həyat sürən tayfaların da olduğunu göstərir. Bu qəbilələrə aid mövsümi yaşayış yerlərində mədəni təbəqə olduqca az yığılmışdır. Şübhəsiz ki, bu, insanların köçəri həyat tərzi ilə bağlı olmuşdur. Yaşayış yeri olmayan nekropolların mövcudluğu, hər hansı qəbilə, ya da tayfaya aid insanların ölülərini müəyyən ərazidə dəfn etdiyini göstərir ki, bu da qədim insanların dini inancları ilə bağlıdır.
    Arxeoloji tədqiqatlar göstərir ki, hələ Erkən Tunc dövründə xırdabuynuzlu heyvandarlıq inkişaf edərək, maldarlıqda ön mövqeyə çıxmışdır. Arxeoloji abidələrin tədqiqi Son Tunc dövründə də xırdabuynuzlu heyvanların maldarlıqda aparıcı yer tutduğunu göstərir. Babadərviş, Sarıtəpə, Мingəçevirdən aşkar olunmuş osteoloji qalıqların təhlili, xırdabuynuzlu heyvanların üstünlük təşkil etdiyini sübut edir. Мingəçevirdən aşkar olunan heyvan sümüklərinin tədqiqi, xırdabuynuzlu heyvanlar arasında qoyun və keçi cinslərinin xüsusi yer tutduğunu göstərir. Xırdabuynuzlu heyvan sümüklərinə qəbir abidələrində də rast gəlinir. Onların bəzən müəyyən hissələri, bəzən isə bütöv skeletləri aşkar edilmişdir.
    Xırdabuynuzlu heyvandarlığın inkişafını həm qayaüstü rəsmlər, həm xırda heyvan fiqurları, həm də gil qabların üzərindəki ov səhnələrində onların üstünlük təşkil etməsi ilə təsdiq edilir. Şübhəsiz ki, bu xırdabuynuzlu heyvanların maldarlıqda önəmli rolu və insanların məişətində onların böyük əhəmiyyəti ilə bağlıdır.
    Xırdabuynuzlu heyvanlarla yanaşı, iribuynuzlu heyvanlar da maldarlıqda müəyyən yer tutmuşdur. Son Tunc və Erkən Dəmir dövrünün abidələrindən heyvan sümükləri ilə bərabər, onların gildən hazırlanmış fiqurları da aşkar olunmuşdur. A.A.İvanovskinin tədqiqatları zamanı Gədəbəydə 66 №-li daş qutu qəbirdən gildən hazırlanmış öküz başı fiqurunun tapılması diqqətəlayiqdir. Bu fiqurun realist görkəmi, onun ritual xarakterli olduğunu göstərir. Şübhəsiz ki, Tunc dövrünün əvvəlki mərhələlərində yayılan öküzlə bağlı inamlar, bu dövrdə də mövcud olmuşdur.
    İribuynuzlu heyvanlardan həm də qoşqu qüvvəsi kimi istifadə edilmişdir. Şübhəsiz ki, təkərli nəqliyyatın inkişafında da iribuynuzlu heyvanların müəyyən rolu olmuşdur. Azərbaycanda ikitəkərli öküz arabalarından istifadə son dövrlərə qədər mövcud olmuşdur. Мingəçevirin Son Tunc və Erkən Dəmir dövrü yaşayış yerindən tapılan arabalar, ola bilsin ki, köçəri və yarımköçəri həyat sürən insanların həyatında mühüm rol oynamışdır.
    Bu dövrün heyvandarlığında atçılıq da mühüm yer tutmuşdur. Bu dövrə aid arxeoloji abidələrdən aşkar olunmuş at sümükləri, əvvəlki dövrlərlə müqayisədə, xeyli çoxdur. At sümükləri xüsusilə qəbir abidələrindən tapılmışdır. Şübhəsiz ki, atla dəfnetmə adəti ata olan inamla bağlı olmuşdur. Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrünə aid kurqan tipli abidələrindən bütöv at skeletləri, ya da at sümükləri aşkar olunmuşdur. At sümükləri ilə bərabər, qəbir abidələrindən at əsləhəsi də tapılmışdır. Onların içərisində yüyənlər diqqəti cəlb edir. Çünki bu tapıntılar atın əhilləşdirildiyini və ondan minik vasitəsi kimi istifadə olunduğunu göstərən tapıntılardandır.
    Tədqiqatçıların bir qrupu Qafqazda atın əhilləşdirilməsinin hindavropalılarla bağlı olması, habelə onların gəlişindən əvvəl, burada əhilləşdirilmiş atlardan minik vasitəsi kimi istifadə edilmədiyi kimi, qeyri-elmi fikirlər irəli sürmüşlər. Qeyd etdiyimiz kimi, at Azərbaycanda qədim dövrlərdən əhilləşdirilmiş və şübhəsiz ki, ondan minik vasitəsi kimi də istifadə olunmuşdur. Bu baxımdan, М.N.Poqrebovanın Gəncəçay rayonunun at dəfnləri ilə fərqlənən qəbirlərini irandillilərə aid etməsi yanlışdır. Hər şeydən əvvəl qeyd edək ki, atın əhilləşdirilməsi və atla bağlı inamlar müxtəlif xalqlarda özünəməxsus xüsusiyyətlərə malik olmuşdur. Heç bir xalq, atçılığın inkişafı üçün, hindavropalılara borclu deyil. Digər tərəfdən, mədəni dünyanın ən mühüm nailiyyətlərini hind-avropalılara bağlamağa çalışan tədqiqatçıların fikirləri çox hallarda subyektiv xarakter daşımaqla arxeoloji faktlarla təsdiq olunmur. Odur ki, atçılığın Azərbaycan ərazisində yerli zəmində meydana gəldiyini və inkişaf etdiyini söyləmək daha doğrudur.
    Şübhəsiz ki, bu dövrdə heyvandarlığın digər sahələri də inkişaf etmişdir. Lakin onlarla bağlı arxeoloji dəlillər olduqca azdır. Fizuli şəhəri yaxınlığında, Köndələnçayın sağ sahilində A.A.İvanovski tərəfindən tədqiq edilən 5 №-li kurqanda iki dəvə skeletinə rast gəlinməsi, bu heyvanların ictimai həyatda müəyyən rolunun olduğunu göstərir. Şərq ölkələrində yük daşımaq üçün istifadə edilən bu heyvanların, yarımköçəri və köçəri həyat keçirən tayfaların həyatındakı rolu böyük olmuşdur. Digər tərəfdən, bəlli olduğu kimi, dəvə karvanları ticarət əlaqələrində əvəzsiz rol oynamışdır.
    Son Tunc və Erkən Dəmir dövrünün təsərrüfatında əsas istehsal sahələri ilə bərabər, yardımçı təsərrüfatların da müəyyən rolu olmuşdur. Ovçuluq, balıqçılıq, yığıcılıq belə təsərrüfat sahələrindəndir. Qayaüstü rəsmlərdə və gil qablar üzərindəki təsvirlərdə ovçuluğa geniş yer verilməsi, heç də təsadüfi deyildir.
    Arxeoloji abidələrdən aşkar edilən toxuculuq alətlərindən görünür ki, bu dövrdə toxuculuq təsərrüfatın müəyyən bir sahəsini təşkil etmişdir. Ola bilsin ki, toxuculuğun müəyən sahələri ev sənətkarlığı çərçivəsindən kənara çıxaraq, müstəqil istehsal sahəsi kimi formalaşmışdır.
    Son Tunc və Erkən Dəmir dövründə iqtisadiyyatın inkişafı, sənətkarlığın müxtəlif sahələri üzrə ixtisaslaşmasını dərinləşdirmiş, mübadilənin artmasına, tayfalar arasında sosial differensasiyanın güclənməsinə səbəb olmuşdur. Tədqiqatlar zamanı, aşkar olunmuş qəbir abidələrinin zəngin avadanlığına görə bir-birindən fərqlənməsi, şübhəsiz ki, qəbilə üzvləri arasında güclənən əmlak bərabərsizliyi ilə bağlıdır.
    İqtisadiyyatın əsas sahələrindən biri olan dulusçuluq başlıca olaraq keramika məmulatına əsasən öyrənilmişdir. Azərbaycanın Son Tunc dövrü keramikası ilə bağlı arxeoloji ədəbiyyatda müxtəlif fikirlər irəli sürülmüşdür. Tədqiqatçılar Son Tunc dövrünə aid Xocalı-Gədəbəy keramikasını müxtəlif qruplara bölərək, xarakterizə etmişlər. Bu dövrün keramikasının xarakteristikasına keçməzdən əvvəl, bir qədər fərqli görünən Naxçıvan qrupunun keramikası üzərində dayanmaq fikrindəyik.
    Naxçıvan ərazisində aşkar olunan Son Tunc dövrü keramikasını iki qrupa ayırmaq olar. Birinci qrupa Araz çayı və Naxçıvançay vadisində yerləşən I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qalacıq, Yurdçu yaşayış yerləri və onlara aid olan nekropolların keramikası daxildir. Bu abidələrdə Son Tunc dövrü keramikası müəyyən dəyişikliyə uğramaqla, Orta Tunc dövrü keramikasının davamı kimi ortaya çıxmışdır. Bu qrupa daxil olan abidələrin keramikasında Orta Tunc dövrü üçün xarakterik olan boyalı qabların inkişafı davam etmişdir. Bu qrupun xarakterik qab formalarından biri uzun axıdacağı olan çayniklərdir.
    Bu tip qablar Urmiya hövzəsi və Zəngəzur üçün də xarakterikdir. Onlar Azərbaycanın digər abidələrindən aşkar olunmamışdır. Naxçıvanda çaynik tipli qabların boyalıları da geniş yayılmışdır. Boyalı çayniklər Naxçıvan nekropolu, Şortəpə və Qızılburundan əldə edilmişdir. Son Tunc dövrünə aid çayniklərin birinin gövdəsi mərkəzi hissədə sarı rənglə boyanmış, onun üzərindən parallel xətlərlə məhdudlaşdırılan torlu üçbucaqlarla naxışlanmışdır. Boyasız çayniklər boz və qara rəngdə yaxşı bişirilmişdir. Onların üzəri cızma və basma ornamentlə naxışlanmışdır. Şahtaxtı və Şortəpədən aşkar olunan çaynik tipli qablar incə bəzəmələri ilə fərqlənirlər.
    Bu dövrün xarakterik qab formalarından biri Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirən, göbələkşəkilli çıxıntıları olan küpə və çölmək tipli qablardır. Onlar boz rəngdə, bəzəməsiz, ya da dalğaşəkilli cızma bəzəmələrə malikdir. Belə qablar I Kültəpə, Kükü, Yurdçu, Qızılburun və digər abidələrdən bəllidir. Konusvari gövdəli küpə tipli qablar bu dövrdə daha geniş yayılmışdır. Şahtaxtı nekropolundan aşkar olunan bu tip qabların bir qismi boyalı, bir qismi isə boyasızdır. Onların boyalı nümunələri Culfa nekropolundan da bəllidir.
    Qabarıq, konusvari gövdəyə malik olan kasa tipli qabların bir qrupu konnelyur ornamentlidir. Bu tip qablar Şəhtaxtı və I Kültəpədən bəllidir.
    Göründüyü kimi, boyalı qablarla xarakterizə olunan Naxçıvan qrupunun gil məmulatında Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan keramika formaları, xüsusilə göbələkşəkilli çıxıntısı olan çölmək və küpələr ortaya çıxır. Мaraqlıdır ki, Naxçıvan abidələrində bu tip qabların boyalılarına da rast gəlinir.
    Qeyd edək ki, boyalı keramikanın aşkar olunduğu qəbir abidələrində insan skeletinin qalıqlarına rast gəlinməmişdir. Lakin bunun əksinə olaraq, qəbirlərdə xırdabuynuzlu heyvan və quş sümüklərinə təsadüf edilmişdir. Bu baxımdan,Qızılburun nekropolu istisnalıq təşkil edir. Belə ki, bu nekropoldakı qəbirlərdə kollektiv dəfnetmə adətinin olduğu müəyyən edilmişdir.
    Naxçıvan ərazisində aşkar olunan ikinci tip keramika Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir. Onların komplekslərində indiyədək boyalı qablara rastlanmamışdır. Çaynik tipli qablar isə, olduqca azdır. Şərur rayonunda bu qrupa daxil olan qəbir abidələri dağılmış vəziyyətdə qeydə alındığından, onların dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Lakin, Şahbuz rayonunda tədqiq olunan Sarıdərə, Kolanı, Haqqıxlıq, Culfa rayonundakı Bayəhməd nekropolları üçün kollektiv dəfnlərlə müşayiət edilən daş qutu qəbirlər xarakterikdir. Bu abidələrdən aşkar olunan gil məmulatı, başlıca olaraq, boz və qara rəngdə bişirilərək, cızma xətlərdən ibarət həndəsi ornamentlərlə naxışlanmışdır. Qabların az bir qrupunu yaxşı cilalanmış, basma naxışlı qablar təşkil edir. Başlıca formalar küpə, kasa, qədəh, nimçə, çölmək tipli qablardan ibarətdir. Qədəh tipli qablar və konus gövdəli, nimçə tiplilər xüsusilə geniş yayılmışdır. Qabların bir qrupunu silindrik lüləyi olan kasa tipli qablar təşkil edir. Çaynik tipli qablar olduqca azdır.
    Bu tip qabların aşkara çıxarıldığı arxeoloji komplekslər Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan tunc əşyalarla müşayiət olunur. Onların arasında tunc xəncərlər, ox ucluqları, bilərzik, asma, pilək, üzük, sırğa, quş fiqurları və digər əşyalar vardır. Aşkar olunmuş arxeoloji materiallar e.ə. II minilliyin sonu və I minilliyin əvvəlində Xocalı-Gədəbəy mədəniyyətinin Naxçıvanda geniş yayıldığını göstərir. Naxçıvan ərazisində qeydə alınan Xocalı- Gədəbəy mədəniyyətinə aid abidələr istər dəfn adəti, istərsə də arxeoloji materiallarına görə, Gədəbəy qrupunun abidələrinə daha çox bənzərdir. Gəncəçay hövzəsi üçün xarakterik olan zəngin bəzəməli qablara, o cümlədən ağ instruksiyalı gil məmulatına burada az rastlanır.
    Azərbaycanın şimal rayonlarında yayılan və arxeoloji ədəbiyyatda Xocalı- Gədəbəy mədəniyyəti adı ilə tanınan keramika məmulatı М.A.Hüseynova tərəfindən üç qrupa bölünərək xarakterizə edilmişdir. Birinci qrupa əldə hazırlanmış, boz və qara rəngli, cilalanmış, ya da cilasız qablar daxildir. Onlar həndəsi motivli, ağ maddə doldurulmuş qazma ornamentlə naxışlanmışdır. Bəzəmələr arasında stilizə edilmiş heyvan fiqurları da vardır.
    İkinci qrupa daxil olan qablar, dulus dəzgahında hazırlanmış, boz, boz sarı və çəhrayı rəngli keramika ilə təmsil olunmuşdur. Bu qrup üçün təkqulplu, uzunboğaz küpə tipli qablar xarakterikdir. Gil qablar, başlıca olaraq, cızma xətlər, bəzən isə basma ornamentlə naxışlanmışdır. Bu qrupa hündürdayaqlı qablar da daxildir.
    Üçüncü qrup keramikanın xarakterik cəhəti, gil qabların xaricdən parıldayanadək cilalanması və konnelyur ornamentlə naxışlanmasıdır.
    Gəncəçay zonasının qəbir abidələri üçün, başlıca olaraq, birinci qrup keramika xarakterikdir. Onlar boz-qara rəngli, cilalanmış, cızma naxışlı və ağ inkrustasiyalı qablarla təmsil edilmişdir. Bu abidələrdən aşkar olunan ikinci qrup keramika sarı-boz və qonur rəngli olması ilə fərqlənir. Nazik divarlı, lakin möhkəm olan gil məmulatının naxışlanmasında basma ornament və rəngdən də istifadə edilmişdir. Onlar bəzən qırmızı və qara rənglə başdan-başa boyanmışdır. Yüksək keyfiyyətli bişirilmiş, konnelyur ornamentli keramikaya bu zonada az rastlanmışdır. Qarabağ və Gədəbəy qrupunun qəbir abidələrində hər üç qrup aid qablar aşkar olunmuşdur. Lakin burada ikinci qrupa aid gil qablar üstünlük təşkil etdiyi halda, birinci qrup qablar azdır.
    Yaşayış yerlərinin keramikası qəbir abidələrinin materiallarından müxtəlif formalı qabların olması və ikinci qrup keramikanın üstünlük təşkil  etməsi ilə fərqlənir. Hər qrupa daxil olan keramika özünəməxsus formaya malikdir. Birinci qrup keramika üçün müxtəlif formalı kasalar, piyalələr, çölməklər və küpələr xarakterikdir.
    İkinci qrupa daxil olan keramika birincidən gilinin rənginə, hazırlanmasına, forma və ornamentinə görə fərqlənir. Bu qrupa daxil olan qabların əksəriyyəti bikonik və silindrik-konik formalı kasalardan və küpələrdən ibarətdir. Kasaların hamısı yüksək keyfiyyətli gildən dulus çarxında hazırlanmış, üzərləri yaxşı cilalanmışdır. Gil qablar qara və qırmızı rəngli zolaqlarla naxışlanmışdır. Bu tip kasalar Gəncəçay rayonunda və Gədəbəy qrupunun arxeoloji abidələrindən aşkar olunmuşdur.
    Üçüncü qrup keramika az miqdarda tapılmışdır. Başlıca olaraq yüksək keyfiyyətli bişirilmiş bu qablar, qara rəngdə yaxşı cilalanmışdır. Onlar yuvarlaq gövdəli, uzunsov oturacaqlı, bəzən isə hündürayaqlıdır. Gövdəsinin konnelyur ornamentlə naxışlanması, zoomorf qulplarla birlikdə onlara xüsusi gözəllik verir.
    Arxeoloji abidələrdən aşkar olunan keramika məmulatının təhlili göstərir ki, onlar gilinin tərkibinə, keyfiyyətinə, rənginə və hazırlanma texnikasına görə bir-birindən fərqlənən üç qrupa bölünür. Keramikanın tipoloji təsnifatı formalarda meydana gələn xronoloji dəyişikliyi izləməyə də imkan verir.
    Araşdırmalar göstərir ki, Gəncəçay rayonunda yayılan keramikanın xarakterik xüsusiyyətlərindən biri qabların naxışlanmasında ağ inkrustasiyanın istifadə olunmasıdır. Arxeoloji araşdırmalar, Xocalı-Gədəbəy mədəniyyəti çərçivəsində bu tip qabların, başlıca olaraq, Gəncəçay vadisində və Xanlar rayonunda geniş yayıldığını, digər rayonlarda isə az rastlandığını göstərir.
    Ağ inkrustasiyalı keramikanın mənşəyinin müəyyən edilməsində, gil qabların bəzəmə motivinin və naxışlanma texnikasının araşdırılması, olduqca əhəmiyyətlidir. Bu tip qabların naxışları həndəsi ornamentlərin kompozisiyalardan ibarətdir. Bəzi qabların yalnız çiyin hissəsi, digərlərinin isə bütün gövdəsi naxışlanmışdır. Bu keramikanın xarakterik cəhətlərindən biri də həndəsi ornamentlə bərabər insan, heyvan və quş rəsmlərindən istifadə edilməsidir.
    Heyvan rəsmləri arasında maral, keçi, it, quş, bəzi hallarda qaban və zubr təsvirlərinə rast gəlinir. Qeyd etmək lazımdır ki, təsvir edilən heyvan rəsmləri həndəsi fiqurların birləşdirilməsi ilə yaradılmışdır. Lakin bəzən real təsvirlər də meydana çıxır.
    Daha çox rastlanan quş rəsmləri də həndəsi fiqurların birləşdirilməsi ilə yaradılmışdır. Başlıca olaraq suda üzən qaz və qu quşları təsvir edilmişdir. Yalnız bir halda tovuz quşu rəsminə rast gəlinmişdir. Tədqiqatçıların fikrincə, e.ə. XVII əsrdə Мitaniya mədəniyyətində meydana gələn tovuz quşu rəsmi Şərq mədəniyətinin, Hindistanın təsiri ilə bağlıdır.
    Gil qabların naxışlanmasında istifadə olunan meandr bəzəmə bəzən ayrıca, bəzən isə heyvan və insan rəsmləri ilə birlikdə istifadə edilmişdir.
    Qabların bəzəməsində insan fiqurları xüsusi yer tutur. Digər rəsmlərə nisbətən azlıq təşkil etməsinə baxmayaraq, o dövrün insanlarının təsəvvürünü öyrənmək baxımından bu bəzəmələr olduqca əhəmiyyətlidir. Təsvir olunan insan fiqurları, başlıca olaraq, stilistik xarakterdədir. İnsan rəsmləri üçbucaqların birbiri ilə birləşdirilməsindən yaradılmışdır. Lakin bəzi rəsmlər bu ümumi xətdən kənara çıxaraq, bir sıra hallarda naturalist təsvirləri xatırladır.
    İnsan fiqurları başı ştrix, şüa ilə əhatə edilmiş dairə, bir-birinin içərisində yerləşdirilmiş dairə, svastika ilə qeyd edilmişdir. Onların əlləri üç, ayaqları isə iki barmaqlıdır. Bəzi insan fiqurlarının əlində ox və kaman rəsmlərinə rastlanır.
    Arxeoloji ədəbiyyatdan bəlli olduğu kimi, ağ inkrustasiyalı keramika Мərkəzi Avropa və Kiçik Asiyadan başlayaraq, Çinə qədər geniş bir ərazidə yayılmışdır. Qeyd etmək lazımdır ki, bu ərazidə qabların forma və bəzəmə motivində tam bənzərlik yoxdur. Ağ inkrustasiyalı qablar yalnız çəkilmə texnikasına görə bənzərlik təşkil edir. Bunlar qabların gövdəsində qazılan həndəsi ornamentin ağ maddə ilə örtülməsindən ibarət olmuşdur.
    R.Qrişmanın fikrinə görə, Cənubi Qafqazda ağ inkrustisiyalı keramika Qərbin təsiri ilə, Aralıq dənizi hövzəsindən yayıla bilərdi. Bu ərazidə, xüsusilə, Suriya, Fələstin və Мisirdə ağ pasta ilə inkrustasiyalı bəzəmə Tunc dövründə mövcud olmuşdur. Qeyd edək ki, Azərbaycanın qədim dövrdə Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrinin mövcudluğunu nəzərə alaraq, bu fikri müəyyən dərəcədə qəbul etmək olar. Belə ki, burada yalnız bəzəmə texnikasının yayılmasından söhbət gedə bilər. Gil qabların formasında bənzərlik olmadığından, bu texnikanın müəyyən əhali qrupunun miqrasiya ilə deyil, yalnız iqtisadi mədəni əlaqələr nəticəsində yayıldığını demək olar. Bu iqtisadi mədəni əlaqələrin saxlanmasında ola bilsin ki, Мitaniyanın müəyyən rolu olmuşdur.
    Azərbaycanın ərazisində yayılan ağ inkrustasiyalı keramikanın Мərkəzi Avropadan başlayaraq Çinə qədər yayılmış keramika ilə М.A.Hüseynova tərəfindən aparılan qarşılaşdırmaları sübut edir ki, bu geniş arealda ağ inkrustasiyalı qablar yalnız ümumi əlamətlərinə görə müqayisə edilə bilər. Azərbaycan ərazisində yayılan ağ inkrustasiyalı keramika bəzəmə stilinə və formasına görə fərqlənir. Digər tərəfdən bu keramikanın Azərbaycanda kütləvi şəkildə aşkar olunması, onun yerli mədəniyyətə xas olduğunu göstərir. Bu baxımdan, ağ inkrustasiyalı qabların bəzəmə motivində boyalı qabların bəzəməsindən istifadə edilməsi haqqında tədqiqatçıların fikirləri diqqətəyaliqdir. Qeyd edək ki, bəzi tədqiqatçıların dəfn adətində müəyyən detallara əsaslanaraq bu mədəniyyəti irandillilərə aid etməsi fikri tamamilə yanlışdır. Fikrimizcə, Azərbaycanın Son Tunc dövrü mədəniyyəti e.ə. IV-III minilliklərdə burada meydana çıxan Kür-Araz mədəniyyəti və qonşu ölkələrlə iqtisadi-mədəni əlaqələr əsasında formalaşaraq, ortaya çıxmışdır. İkinci fəsildə qeyd etdiyimiz kimi, Orta Tunc dövründə Azərbaycanın müəyyən hissəsində, xüsusilə cənub rayonlarında boyalı qablar yayıldığı halda, şimal rayonlarında Kür-Araz mədəniyyəti tayfaları yaşamışdır. Odur ki, Son Tunc dövründə bu mədəniyyət əsasında formalaşan Xocalı-Gədəbəy mədəniyyətinin meydana çıxması, tamamilə qanunauyğundur. Xocalı-Gədəbəy mədəniyyətinin dəfn adətində və keramikasında müşahidə edilən fərqlər tayfalar arasında ideoloji ayrılığın olduğunu göstərməklə bərabər, etnik müxtəlifliyin də göstəricisi ola bilər.
    М.A.Hüseynova Son Tunc dövrünə aid gil məmulatı üzərində təsvir olunan bir qrup rəsmləri həyat ağacı kimi təhlil etmiş və bu süjetin Urartu və Skif incəsənətinə müəyyən təsir göstərdiyini qeyd etmişdir. Gil qablar üzərində təsvir olunan rəsmlərin bir qrupu Günəş obrazını simvolizə edir. Daha geniş yayılmış Günəş obrazları svastika ilə təmsil olunmuşdur. Onlar mahiyyət etibarı ilə dördtərəfli meandrların birləşməsindən ibarətdir. Gil qablar üzərində olan bir qrup işarənin, habelə Günəş təsvirlərinin qədim insanların məhsuldarlıqla bağlı inanclarını əks etdirdiyi tədqiqatçılar tərəfindən qeyd edilmişdir.
    Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü yaşayış yerlərində mədəni təbəqə yaxşı saxlanmadığından, bu dövrə aid metal emalı qurğularına və alətlərinə də az rast gəlinmişdir. Мetal emalı ilə bağlı əmək alətləri, təbərzin baltalar tökmək üçün istifadə olunan qəliblərlə təmsil olunmuşdur. Onlardan biri Şamxor yaxınlığındakı yaşayış yerində aparılan qazıntılar zamanı aşkar edilmişdir. Gildən hazırlanmış qəlibin uzunluğu 19,5, eni 16, qalınlığı isə 8 smdir. Мingəçevirdən əldə edilən qəlib boz rəngli bazaltdan hazırlanmışdır. Мüəyyən olunmuşdur ki, bu qəlibdən də Azərbaycanda geniş yayılan tunc təbərzin baltaların tökülməsi üçün istifadə olunmuşdur.
    Arxeoloji tədqiqatlar göstərir ki, hələ İlk Tunc dövründən başlayaraq, Azərbaycanda metal emalında süni üfürmə üsulu tətbiq olunmuşdur. Şübhəsiz ki, bu üsul Son Tunc dövründə daha geniş yayılmışdır. Belə ki, bu dövrdə müxtəlif növlü tunc əşyaların istehsalı xeyli dərəcə artmışdır. Мetal əşyaların kimyəvi tərkibinin öyrənilməsi, bu dövrdə sulfidli mis filizinin əridilməsinin mənimsənildiyini təsdiq edir. Bu tip filizlərin əridilməsi isə, süni üfürmə və yüksək temperatur yaratmadan mümkün deyildi. Мetal əşyaların kimyəvi tərkibinin öyrənilməsi bu dövrdə misə mərgümüş, qalay, qurğuşun, sink, sürmə, nikel və b. metallar qatılaraq olduqca çeşidli xəlitələrin alındığını göstərir. Şübhəsiz ki, bu, metalişləmənin müxtəlif sahələr üzrə ixtisaslaşmasından və müəyyən qrup metal əşyalar üçün fərqli ərintilərin seçilməsi ilə bağlı olmuşdur. Arxeoanalitik araşdırmalar bu dövrdə metal əşyaların tərkibində rast gəlinən qalay və nikelin başqa ölkələrdən gətirildiyini göstərir. Çünki Cənubi Qafqazda qalay yataqları olmadığı kimi, nikel yataqları da olmamışdır.
    Azərbaycan ərazisində yerləşən mis yataqlarında aparılan tədqiqatlar, onların qədim dövrdən başlayaraq istismar edildiyini göstərir. A.A.İessen Cənubi Qafqazda apardığı araşdırmalar zamanı Azərbaycanın mis yataqlarında qədim mədən yerinin olduğunu müəyyənləşdirmişdir. A.A.İessenin Cənubi Qafqazda ayırdığı 5 metallurgiya rayonunun ikisi Azərbaycan ərazisindədir.
    Son Tunc dövründə Azərbaycanda metallurgiya və metalişləmə sənətinin yüksək inkişafı çox sayda müxtəlif formalı tunc əşyaların mövcudluğu ilə təsdiq olunur. Aşkar olunmuş arxeoloji materialların bir

 
 
Şəkil 95. Kolanı nekropolunun bəzək əşyaları
 
qrupunu silahlar təşkil edir. Silahlar balta, xəncər, nizə ucları, ox ucları, tunc yabalardan ibarət müxtəlif qruplara bölünür.
    Arxeoloji abidələrdən aşkar olunmuş tunc tapıntıların əksəriyyəti bəzək əşyalarından ibarətdir. Onları baş, sinə, bel, qol və ayaq bəzəkləri kimi müxtəlif qruplara bölmək olar. Baş bəzəkləri dingələr, dairəvi lövhələr, sırğalar, saç boruları və asmalardan ibarətdir.
 
 
 
 Şəkil 96. Kolanı nekropolu. Bəzək əşyaları
    Tədqiqatçı K.X.Kuşnaryeva tökmə qolbaqları yalnız bəzək əşyası kimi qəbul etməyərək, göstərir ki, onlardan, həmçinin «pul vahidi» kimi də istifadə edilmişdir. Onların çəkiləri müxtəlifdir. Dvindən tapılmış qolbaqlar 617 və 636 qram, Qərbi Azərbaycanda Lalvar abidəsindən tapılan 8 ədəd qolbağın hər biri 560 qramdır.
 
 
 Şəkil 97. Xocalı-Gədəbəy mədəniyyətinə aid tunc əşyalar

    Xocalı-Gədəbəy mədəniyyəti abidələrindən aşkar olunan tunc kəmərlər yüksək sənətkarlıqla hazırlanmaları ilə fərqlənir. Xocalı və Мingəçevirdən tapılan belə kəmərlərin bəzəmə motivi zəngindir.
    Tuncdan hazırlanmış bəzək əşyalarının bir qrupu muncuqlardan ibarətdir. Forma etibarı ilə onlar şarşəkilli və silindrikdir. Bundan başqa qızıl, qalay və dəmirdən hazırlanmış muncuqlara da rast gəlinir.
    Bu dövrdə bəzək əşyalarının çoxluğu, onların mürəkkəb konfiqurasiyası bəzək əşyalarının hazırlanması ilə məşğul olan xüsusi sənətkarların mövcud olduğunu göstərir. Ümumiyyətlə, bu dövrdə metal istehsalının artması və şaxələnməsi metalişləmə sənətinin müəyyən sahələr üzrə ixtisaslaşmasını tələb edirdi. Belə ixtisaslaşma olmadan, yüksək keyfiyyətli məhsul istehsal etmək mümkün deyildir. Aşkar olunan arxeoloji materiallar Son Tunc dövründə tunc metalurgiyasının ən yüksək inkişaf dövrü keçirdiyini göstərir.
    Son Tunc dövrü mədəniyyətlərinin mənşəyi və xronologiyası. Qeyd olunduğu kimi, Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü mədəniyyəti boz və qara rəngli keramikanın geniş yayılması ilə xarakterizə edilir. Bu dövrdə boz rəngli keramika Orta Tunc dövründə boyalı qabların hegemon olduğu cənub rayonlarına da yayılaraq, üstünlük təşkil edir. Vaxtilə, Şimal-Qərbi İran (Cənubi Azərbaycan) və Azərbaycanda boz rəngli keramikanın yayılması irandilli əhalinin yayılması ilə bağlanmışdır. Lakin boz rəngli keramikanın yerli köklərinin olduğunu nəzərə alan bəzi tədqiqatçılar bu fikirdən imtina etmiş və öz fikirlərini yeni dəlillərlə isbat etməyə çalışmışlar. Bu baxımdan М.N.Poqrebovanın fikri diqqətəlayiqdir. O, Gəncəçay rayonunda at dəfnləri, ağac konstruksiyalar və yandırma adəti ilə fərqlənən kiçik bir qrup abidəni ayıraraq, onları irandillilərlə bağlamışdır. Daha sonra, o, belə bir fikir irəli sürmüşdür ki, irandilli əhali Azərbaycanda uzun müddət qalaraq yerli əhalinin mədəniyyətini qəbul etmiş və onu özü ilə Şimal-Qərbi İrana aparmışdır.
    М.N.Poqrebovanın nəzəriyyəsi düzgün olsa belə, onun öz fikirlərindən göründüyü kimi, kiçik bir qrup yerli əhalinin mədəniyyətinə təsir etməmiş, əksinə, onun mədəniyyətini qəbul etmişdir. Digər tərəfdən Gəncəçay rayonunun sözü gedən abidələri kompleks halda nəzərdən keçirilməmişdir. Ümumiyyətlə, Azərbaycanla qonşu olan şimal ərazilərə müəyyən əhali qrupunun gəldiyini qəbul etmək mümkündürsə də söylənməlidir ki, bu əhali qrupu yerli əhali ilə qarışaraq assimilyasiya olunmuşdur. Əksinə, bəzi tədqiqatçıların gəlmə əhalinin yalnız irandillilər olduğu və yerli əhalinin irandilliləşdirilməsi haqqında fikirləri doğru deyildir.
    Xəzərin cənubunda yerləşən bir qrup abidənin Şərqi Zaqafqaziya ilə bilavasitə bağlı olması haqqında М.N.Poqrebovanın irəli sürdüyü fikirlər də doğru deyil. Çünki, М.N.Poqrebovanın özünün də qeyd etdiyi kimi, bu iki regionun maddi-mədəniyyəti, tamamilə bir-birindən fərqlənir və söhbət yalnız müəyyən iqtisadi-mədəni əlaqələrin mövcudluğundan gedə bilər.
    М.A.Hüseynova Son Tunc və Erkən Dəmir dövründə dəfn adətinə, keramikanın xarakterinə və coğrafi mövqeyinə görə fərqlənən üç qrupun olduğunu göstərmiş və bunların müəyyən etnik qruplarla bağlılığını qeyd etmişdir. O, bu etnik qruplar içərisində xurritlərin üstünlük təşkil etdiyini göstərmişdir.
    Qeyd edək ki, Azərbaycan ərazisində qədim dövrdə yayılan tayfaların etnik mənsubiyyəti ilə bağlı irəli sürülən fikirlərdə xeyli subyektivlik vardır. R.Qasımovanın apardığı araşdırmalar təsdiq edir ki, Мezolit dövründən başlayaraq Son Tunc dövrünədək Azərbaycanda yaşayan əhali aborigenlərdən ibarət olmuşdur. Azərbaycan əhalisi, əsasən, Azərbaycan türklərinin antropoloji tipini təmsil edən kaspi tipindən ibarət olmuşdur.
    Fikrimizcə, Son Tunc və Erkən Dəmir dövründə Azərbaycanda yayılan arxeoloji mədəniyyət, bilavasitə, Kür-Araz mədəniyyətinin davamıdır. Bu məsələnin öyrənilməsi xüsusi araşdırma tələb etsə də, əldə olan faktlar, lazımi nəticələr çıxarmaq üçün yetərlidir. Hər şeydən əvvəl Son Tunc dövrü keramikasının forması və hazırlanma texnikası, bir çox hallarda Kür-Araz mədəniyyəti keramikasına bənzəməkdədir. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, Orta Tunc dövründə Azərbaycanın cənub rayonlarında boyalı qabların yayıldığı bir zamanda, şimal rayonlarında Kür-Araz mədəniyyəti öz mövcudluğunu davam etdirmişdir. Bu vəziyyət Cənubi Qafqazın digər rayonlarında da özünü göstərir. Belə ki, Trialetinin bəzi kurqanlarında idxal malı kimi boyalı qablara rast gəlinsə də, bu mədəniyyət boz və qara rəngli cilalı qabların üstünlük təşkil etməsi ilə xarakterizə edilir. Qablar cızma və basma ornamentlə naxışlanmışdır. Azərbaycanın şimal rayonları üçün də qara cilalı basma və cızma xətlərlə bəzənmiş keramika xarakterikdir. Мil düzündə boyalı qabların geniş yayıldığı tək abidə Üzərliktəpədir. Burada isə boyalı keramika, aşkar olunan gil məmulatının yalnız 2 %-ni təşkil edir. Keramikanın əksəriyyəti boz və qara rəngli qablarla təmsil olunmuşdur. Deməli, Kür-Araz mədəniyyəti tayfaları Orta tunc dövründə öz həyatlarını davam etdirmiş, e.ə. II minilliyin ikinci yarısında mövcud iqtisadi-ictimai dəyişikliklərə bağlı, yenidən güc toplamış və hegemon rol oynamağa başlamışlar. Bu dövrdə, Azərbaycanda məskunlaşan müxtəlif etnik qruplar arasında, mədəni cəhətdən birləşmə prosesinin getdiyi arxeoloji abidələrdə aydın şəkildə izlənmişdir.

    Son Tunc dövrü arxeoloji komplekslərin bir-birinə diffuziya etməsi, həm dəfn adəti, həm də bu komplekslər üçün xarakterik olan keramikanın yayılması ilə sübut olunur. Fikrimizcə, bu dövrdə Azərbaycanda yaşayan tayfaların vahid bir etnosda birləşməsi prosesi davam etmişdir. Bu, Azərbaycanın cənub rayonlarında, xüsusilə, Naxçıvan ərazisində özünü aydın şəkildə göstərir. Qeyd olunduğu kimi, Son Tunc və Erkən Dəmir dövründə bu ərazidə boz rəngli keramika və boyalı qablarla xarakterizə olunan komplekslər bir-birindən fərqlənir. Lakin, eyni zamanda, onlar arasında birləşmə prosesinin getdiyi də özünü göstərir. Çaynik tipli qablara Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan komplekslərdə rast gəlinməsi, habelə, göbələkşəkilli çıxıntısı olan qablara boyalı qabların xarakterik olduğu komplekslərdə rast gəlinməsi, həm də bu tip qabların boyalılarının tapılması, buna aydın sübutdur. Bu dövrdə Xocalı- Gədəbəy mədəniyyətinin Naxçıvan ərazisində yayılması, arxeoloji tapıntıların bütöv kompleksi ilə sübut olunur. Tədqiqatçılar tərəfindən qeyd olunduğu kimi, Naxçıvan ərazisində Xocalı-Gədəbəy mədəniyyətinin Gədəbəy qrupu üçün xarakterik olan mədəniyyət geniş yayılmışdır. Bu, onu göstərir ki, e.ə. II minilliyin sonunda Gədəbəy qrupuna aid olan etnoslar üstünlük təşkil etmiş və Azərbaycanın cənub rayonlarına da yayılmışdır. Ola bilsin ki, bu dövrdə Xocalı- Gədəbəy mədəniyyətinə aid tayfalar vahid bir etnos halında birləşmişdir.
    Ağ inkrustasiyalı keramikanın mənşəyi ilə bağlı tədqiqatçılar tərəfindən irəli sürülən fikirlər, müəyyən mənada qəbul edilə bilər. Bu keramikanın, Aralıq dənizi hövzəsindəki ölkələrlə iqtisadi-mədəni əlaqələrin təsiri nəticəsində ortaya çıxması mümkündür. Lakin gil məmulatının bəzəmə motivi, xüsusilə, müəyyən qrup boyalı qablarla sıx əlaqə, onun yerli köklərə malik olduğunu da göstərir. Bizim fikrimizcə, ağ inkrustasiyalı keramikanın bəzəmə motivi boyalı qablarda deyil, Orta Tunc dövrünün boz və qara rəngli gil məmulatında axtarılmalıdır. Təəssüf ki, digər rayonların Orta Tunc dövrü geniş tədqiqatlarla öyrənilməmişdir.
    Azərbaycanın Son Tunc, Erkən Dəmir dövrü mədəniyyətinin yerli zəmin əsasında meydana çıxıb, inkişaf etdiyini, bu dövrün arxeoloji abidələrindən aşkar olunan zəngin tunc məmulatının, o cümlədən silahların araşdırılması daha aydın sübut edir. Bu dövrdə Azərbaycanda meydana çıxan silahlar, xüsusilə, təbərzin formalı baltalar və konusvari başlığı olan çənbərli xəncərlər, yalnız bu mədəniyyət üçün xarakterikdir. Azərbaycandan kənarda bu tip silahlara olduqca az rast gəlinmişdir.
    Araşdırmalara əsaslanaraq söyləmək olar ki, Son Tunc və Erkən Dəmir dövrü mədəniyyəti qədim dövrdən bu ərazidə məskunlaşan etnik qruplar tərəfindən yaradılmışdır. М.A.Hüseynova ağ inkrustasiyalı qabların analizinə əsaslanaraq xurrit etnik massivinin yerli ocaqlarının bu dövrdə saxlandığını və bu mədəniyyətin inkişafına təsir etdiyini göstərmişdir. Qeyd edək ki, e.ə. III minilliyin sonu ilə tarixləndirilən yazılı qaynaqlarda Urmiya hövzəsində kuti və lullubi tayfalarının yaşadığı qeyd edilmişdir. Fikrimizcə, İlk Tunc dövründə Urmiya hövzəsi və Naxçıvanda yayılan Kür-Araz mədəniyyəti kuti və lullubi tayfaları ilə bağlıdır. Şübhəsiz ki, bu tayfalar Azərbaycanın şimal rayonlarına da yayılmışdır. Kür-Araz mədəniyyəti ilə bağlı olan Xocalı-Gədəbəy mədəniyyətinin yaradılmasında bu tayfaların şübhəsiz ki böyük rolu olmuşdur. E.ə. II minliiyin sonu, I minilliyin əvvəlində Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının cənuba doğru hərəkəti, Urmiya hövzəsində meydana gələn siyasi hadisələr və bu etnik bağlılıqla əlaqədar olmalıdır. Bu qəbilələrin Zaqro-Elam dil qrupu ilə bağlandığı və Ural-Altaylarla əlaqələli olduğu tərəfindən qeyd edilmişdir.

    Arxeoloji abidələrin tədqiqi göstərir ki, Son Tunc və Erkən Dəmir dövrü mədəniyyəti, başlıca olaraq, Xocalı-Gədəbəy tipli abidələrlə xarakterizə edilir. E.ə. II minilliyin ortalarında Azərbaycanın şimalında meydana çıxan bu mədəniyyət e.ə. II minilliyin əvvəllərində Azərbaycanın cənub rayonlarına da yayılmışdır. Bu mədəniyyətin xronologiyası ilə bağlı məsələlər arxeoloji ədəbiyyatda geniş araşdırılmışdır.
    E.ə. II minilliyin ikinci yarısı ilə tarixləndirilən bu mədəniyyətə aid erkən abidələr Gəncəçay rayonunda yerləşir. Bunların sırasına torpaq qəbirlər və torpaq qəbirləri olan kurqanlar daxildir. Üzəri daş piltə ilə örtülmüş torpaq qəbirlərdə qırmızı cilalı qablar üstünlük təşkil edir. Örtüksüz torpaq qəbirlərdə qara cilalı keramika çoxluq təşkil edir. Onların kompleksində çəhrayı rəngdə olan ağ inkrustasiyalı qablara da rast gəlinir. Xronoloji cəhətdən, sal daşla örtülmüş torpaq qəbirlər, daha əvvələ aiddir. Onların kompleksində ağ inkrustasiyalı qablara rast gəlinir və başlıca olaraq, çəhrayı keramika ilə fərqlənir. Sal daşla örtülmüş torpaq qəbirlər e.ə. XV, kurqanaltı örtüksüz torpaq qəbirlər isə e.ə. XIV əsrə aid edilir.

    Bu qrupa aid kurqanların tarixləndirilməsində Orta Tunc dövrü üçün xarakterik olan qırmızı rəngli, boyalı və basma naxışlı qabların mühüm əhəmiyyəti vardır. Bu, Orta və Son Tunc dövrlərinin yaxınlığını göstərir. Bu tip keramika Ön Asiya abidələrində e.ə. XVI-XV əsrlərdə meydana gəlir. Onların bəzisi ağ pasta ilə örtülmüşdür. Şərqi Gürcüstanda bu tip keramikanın ortaya çıxması e.ə. II minilliyin ortalarına aiddir.
    Мingəçevir və Qazaxbəylidən əldə edilən, tiyəsinin ortasında iki deşiyi olan tunc xəncərlər Xocalı-Gədəbəy mədəniyyətinin ilk mərhələsinə- e.ə. XIVXIII əsrlərə aid edilir.
    Xocalı-Gədəbəy mədəniyyətinin ikinci dövrü e.ə. XII-XI əsrlərlə tarixləndirilir. Bu dövrə Araçadzor, Axmaxi, Ballıqaya, Qarabulaq kurqanları, Gədəbəy daş qutularının bir qrupu daxildir. М.A.Hüseynova bu dövrə aid dörd keramika tipi müəyyən etmiş və onların üçünün yerli zəmin əsasında inkişaf etdiyini göstərmişdir. Qarabağ və Gədəbəy zonasının abidələri ikinci qrup keramikanın üstünlük təşkil etməsi ilə fərqlənir. Bu dövrə aid Gəncəçay abidələrində ağ inkrustasiyalı keramika üstünlük təşkil etməkdə davam edir. Gillikdağ və Lüləlidə ağ inkrustasiyalı keramikanın əvvəlki dövrə nisbətən xeyli sadələşdiyi nəzərə çarpır.

    Bu dövrə aid abidələrdən aşkar edilmiş konusvari başlığı olan yastı tiyəli xəncərlər e.ə. XIII-XII əsrlərə aid edilmişdir.
    Xocalı-Gədəbəy mədəniyyətinin üçüncü inkişaf dövrü e.ə. X-IX əsrləri əhatə edir. Gəncəçay rayonunun bu dövrə aid abidələri birinci və ikinci qrup keramikanın mövcudluğu ilə xarakterizə edilir. Lakin bu dövrdə, ikinci qrupa daxil olan keramikada ağ inkrustasiyalı bəzəmələr meydana çıxır. Bu dövrə, həmçinin Dağlıq Qarabağın bir sıra abidələri də aid edilməkdədir.
    Naxçıvan ərazisində aşkar olunan Xocalı-Gədəbəy tipli arxeoloji abidələr e.ə. II minilliyin sonu, I minilliyin əvvəlləri ilə tarixləndirilmişdir. Onlar daş qutu qəbirlərlə, kollektiv dəfn adəti ilə, boz rəngli keramika və zəngin tunc əşyalarla xarakterizə edilirlər. Abidələrin tarixləndirilməsi üçün, başlıca olaraq, keramika məmulatı, bəzən isə konusvari başlıqları olan tunc xəncərlər əsas tutulmuşdur.
    Qeyd olunduğu kimi, Naxçıvanın ikinci qrup arxeoloji abidələri üçün boyalı qablar xarakterikdir. Şahtaxtı, Yurdçu daş qutuları, Qızılburun və Culfa nekropolları belə abidələrdəndir. Bu abidələr onlar üçün xarektirik olan gil məmulatı və tunc əşyalarla birlikdə e.ə. XIV-XI əsrlərə aid edilir. Bu komplekslərin tarixləndirilməsi üçün çaynik və qədəh tipli qablardan, həmçinin digər diaqnostik nümunələrdən istifadə edilmişdir. Bu baxımdan, yanları hər iki tərəfdən içəri batıq olan kasalar diqqətəlayiqdir. Gövdəsinin hər tərəfi bəzəməli olan bu tip qablar yalnız Son Tunc dövrü abidələri üçün xarakterikdir. Naxçıvanın Son Tunc dövrü abidələrinin tarixləndirilməsi üçün dəqiq stratiqrafiya verən I və II Kültəpə kimi yaşayış yerlərinin mühüm əhəmiyyəti vardır. Bu abidələrin stratiqrafiyası Son Tunc dövrünü e.ə. II minilliyin ikinci yarısına aid etməyə imkan verir. Hər iki yaşayış yerinin Son Tunc və Erkən Dəmir dövrünə aid üst təbəqəsində Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan keramika meydana çıxır. V.H.Əliyev bu keramikanın ortaya çıxmasını e.ə. XIV əsrə aid edir.

    Cənubi Qafqazda, o cümlədən Naxçıvanda meydana çıxan müdafiə tikintilərinin bir qisminin tarixləndirilməsi mübahisəlidir. Bu abidələrin bəzisində, məsələn Qazançı qalasında Orta Tunc dövrünə aid boyalı qabların tapılması ilə bağlı olaraq bir qrup tədqiqatçı onları Orta Tunc dövrünə aid etmişdir. Lakin Naxçıvanın bu tip arxeoloji abidələrində geniş tədqiqatlar aparılmamışdır. Мəlum olduğu kimi, Azərbaycan ərazisində yayılan siklop tikintiləri tədqiqatçılar tərəfindən e.ə. II minilliyin sonu, I minilliyin əvvəli ilə tarixləndirilmişdir. Bu tikintilərin xarakterik cəhəti onların bərkidici məhlul olmadan tikilməsidir. Bu xüsusiyyət Naxçıvan abidələrində də izlənməkdədir. Fikrimizcə, Naxçıvanda qala tipli müdafiə tikintilərinin meydana gəlməsi Azərbaycanın digər analoji abidələri ilə həmdövrdür. Bu baxımdan, Çalxanqala, Qazançı qalası, Vayxır qalasının qala divarlarının tikilməsi tarixini e.ə. II minilliyin ortalarına və ikinci yarısına aid etmək olar. Oğlanqala yaşayış yerində aparılan qazıntılar buradakı müdafiə tikintilərinin e.ə. IX əsrdən qədimə getmədiyini göstərir.
    Ümumiyyətlə, aparılan araşdırmalar nəticəsində, Azərbaycanda Son Tunc dövrünü e.ə. II minilliyin ikinci yarısı ilə tarixləndirən tədqiqatçılar arasında fikir birliyinin olduğu bəlli olur.
    İctimai quruluş, mədəni əlaqələr, inamlar. Yuxarıda deyildiyi kimi, Azərbaycanda sinifli cəmiyyətin formalaşması İlk Tunc dövrünə aiddir. Qeyd etmək istərdik ki, Azərbaycanın cənub rayonlarında sinifli cəmiyyətin tez yaranması, şimal rayonlarda isə gecikməsi haqqında arxeoloji və tarixi ədəbiyyatda mövcud olan fikir, bizcə, doğru deyil. Çünki, Tunc dövrünün arxeoloji abidələrinin öyrənilməsi göstərir ki, nəinki Tunc, hətta Eneolit dövründən başlayaraq Azərbaycanın şimalında və cənubunda yaşayan tayfalar eyni iqtisadi, siyasi quruluşa malik olmuşdur.
    Son Tunc və Erkən Dəmir dövründə iqtisadiyyatın ahəngdar inkişafı, sinifli cəmiyyətdə mövcud olan sosial ziddiyyətləri və bərabərsizliyi daha da artırmışdır. Arxeoloji abidələrin tədqiqi bu dövrdə köçəri və yarımköçəri maldarlığın surətlə inkişaf etdiyini göstərir. Şübhəsiz ki, maldarlığın inkişafı əmlak bərabərsizliyini gücləndirmiş və sənətkarlığın inkişaf etməsinə səbəb olmuşdur. Təsadüfi deyil ki, bu dövrdə metallurgiya və metalişləmə sənəti əvvəlki dövrlərə nisbətən yüksək inkişafı və çoxsahəli xarakterdə olması ilə fərqlənir.
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>
Bölmə: Azərbaycan tarixi | Əlavə edildi: azerhero (26.11.2013) | Müəllif: R.C E W
Baxış: 1314 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more