Bu hadisənin təfsilatı belədir: Nadir şah ilə sülh bağladıqdan sonra, Rusiya ilə İran dövlətləri arasında həmişə dostluq əlaqəsi vardı. Rus imperatoriçəsi Anna İvanovna, hicri 1152-ci (=1740) ildə təşrini-əvvəlin (oktyabrın) 17-də vəfat etdi. Sonra Böyük Pyotrun qardaşının qız nəvəsi III İvan iki aylıq uşaq ikən səltənətə təyin ediddi. Anası Anna, oğlunun əvəzində dövlət işlərini idarə etməyə başladı. 7 ay keçəndən sonra Böyük Pyotrun qızı Yelizaveta ona qarşı üsyan qaldırıb, xas bölüklərin köməyilə taxta oturdu. Anna oğlu və əri ilə bərabər həbsə alındı. Yelizaveta 20 ildən artıq ölkənin abadlığına və millətin asayişinə çalışıb Rusiya padşahı oldu. hicri 1174-cü (1761) ildə kanuni-əvvəlin 25-də vəfat etdi. Vəliəhdi, Böyük Pyotrun qızı Annadan olan III Pyotr taxta oturdu. 6 aydan sonra onun arvadı II Yekaterina padişahlığa keçdi. O, ölkənin mülki vəziyyətini və qanunlarını aqilanə bir tərzdə möhkəmləndirdi. Sülh və müharibə işlərini nizama salmaqla, öz dövlətinin əzəmət və iqtidarını artırdı.
Qafqazın cənub tərəflərində asayişi bərpa etmiş olan Fətəli xan öləndən sonra, hər bir işdə iğtişaş əmələ gəldi. Bu zaman, İranda yüksək bir iqtidara malik olan Ağa Məhəmməd xan Qacar bu ölkəni tutmaq fikrinə düşdü. Gürcüstana girib, qətl-qarətə başladı.
Hhicri 1210-cu (=1796) ildə imperatoriçə İran ilə müharibəyə başladı. Qraf Zubovun baş komandası altında güclü bir qoşun göndərdi. General-mayor Sobolev, itaət edib yanına gəlmiş olan Məhəmməd xan şamxal, Rustəm xan üsmi və Təbərsəran qadisi Rüstəm ilə bərabər Dərbəndin 8 ağaclığına gəldi. Keçən il Rusiya dövlətinə ixlas göstərmək mərasimini təzələmiş olan Şeyx Əli xandan tabe olmağı tələb etdi. O isə gözlənilmədiyi halda müxalifət göstərdi. General həmin il şübatın (fevralın) 11-də Dərbəndin xarcinə çatıb, şimal tərəfdən mühasirəyə başladı. Bundan bir zaman keçəndən sonra Şeyx Əli xan, Kürə və Qaziqumuq hakimi Surxay xan, süvari və piyada olaraq, 20 min qoşun hazırlayıb, rus ordusuna hücum etmək istədilər. General mühasirəni faydasız görüb, neysanın (aprelin) ikinci gecəsi qayıdaraq, Dərvaq çayı kənarında yerləşdi. Neysanın (aprelin) axırında, rus sərdarı Qraf Zubov külli qoşunla Dərvaq çayı kənarına yetişdi. Ertəsi gün Dərbənd üzərinə hərəkət etdi. Quba və Dərbənd süvariləri şəhərin bir ağaclığında kazaklarla müharibəyə girişdilər, məğlub olub geri qayıtdılar. Şəhər dərvazalarını bağlayıb, qalanı
müdafiə etməyə başladılar. Təbərsəran qadisi Rüstəm, general-mayor Bulqakovu 10 min qoşunla Təbərsəranın ortasından, Dərvaq dərəsindən və bərk meşəlik yollardan keçirmişdi. O, mayısın (mayın) 3-də Dərbəndin cənub tərəfində göründü. Şimal tərəfində də Şeyx Əli xanın tikdirdiyi böyük burc hücumla alındı. Burada dərbəndlilərdən bir çoxu öldürüldü və yerdə qalanları qaçdılar.
Ertəsi gün iki tərəfdən şəhərə top, tüfənk gülləsi və qumbaralar yağmağa başladı. Dərbənd əhalisi müqavimət göstərə bilməyib, Xızır bəy Hacı bəy oğlu Qorçunu camaat tərəfindən vəkil göndərdilər. O da aman istəmək üçün sərdarın hüzuruna gəldi, xahişi qəbul olundu. Qraf Zubov, Şeyx Əli xanı Dərbənd və Qubanın əyan və mötəbər adamları ilə hüzuruna çağırdı. O, bir neçə nəfərlə gəlib orduda saxlandı. 6 gündən sonra Fətəli xanın qızı Pəricahan xanım Dərbənd və Qubanın müvəqqəti hakiməsi təyin edildi. Xızır bəyin təhrikilə Dərbəndin mötəbər adamlarından 10 nəfəri Hacı Tərxana göndərildi. General Sobolev Dərbəndi mühafizə etməyə təyin edildi. Sərdar özü isə Qubaya yola düşdü. Quba şəhərinin yarım ağaclığında, Təpələr adlı yerdə üç gün dayanıb Şabrana gəldi. Bir gün səfər zamanı, Pirə Xəlil çölündə Şeyx Əli xan at çapmaq bəhanəsilə qoşunun içindən çıxıb qaçdı. Bu
əhvalatdan Quba şəhərində həyəgan əmələ gəldi. Xanın köçü və ailəsi Buduq mahalında onunla birləşdi. Qraf Zubov general Bulqakovu 5 min qoşunla Quba əhalisini sakit etməyə göndərdi. Şəhərin və kəndlərin əhalisi öz yurdlarına qayıtdılar. Şeyx Əli xan Qrız kəndinə gəlib, buradan Qəbələ yolu ilə Axtıya və Miskincəyə getdi.
Rus sərdarı Bakıya getdi. Oranın hakimi Hüseynqulu xan pişvaza çıxıb təltif edildi. Şəhərin mühafizəsi üçün bir dəstə saldat təyin olundu. Sərdar özü isə Şirvana hərəkət etdi. Şirvan hakimi Mustafa xan ona tabe olmayaraq Ağsu şəhərini Fit dağına göçürtdü. Şirvanın qabaqkı hakimi Qasım xan, öz damadı Yüzbaşı bəy Səfərəli bəy oğlu hövzinin köməyilə Qaraburqa dağından enib gəldi. Mustafa xan qarşı dura bilməyib Qarabağa getdi. İbrahim xan buna razı deyildisə də, oğlu Məhəmmədhəsən ağa onun tərəfini saxlayırdı. Qasım xan ölkənin mötəbər adamlarını toplayıb, Kür
çayı kənarında Rusiya sərdarının hüzuruna gəldi. Bu xidməti əvəzində Şirvan hökumətinə təyin edildi.
Pəricahan xanım da sərdarın əmrilə öz ana qohumlarının yanına, İlisuya getmiş olan kiçik qardaşı Həsən again Qubaya gətirdi. Ölkənin əyanları ilə bərabər sərdarın hüzuruna göndərdi. İmperatorun əmri mucibincə ona qiymətli daşlar nəsb edilmiş cıqqa verildi və Quba hökumətinə təyin edilərək geri qayıtdı.
Bu zaman Şeyx Əli xan Surxay xanın köməyilə 10 min nəfərlə Quba şəhərinin yarım ağaclığında olan Alpan kəndinə gəldi. Bulqakov onun qarşısına min nəfər saldat və bir neçə top göndərdi. Aralarında şiddətli döyüş oldu.
Mövqein çətin olması üzündən hər iki tərəfdən bir çox adam öldürüldü, ruslar geri çəkildilər... General Bulqakov Həsən xanla birlikdə Qubadan, Sobolev isə, Rüstəm xan üsmi Məhəmməd şamxalın oğlu Mehdi bəy və Rüstəm qadi ilə bərabər Surxay xanı cəzalandırmaq qəsdilə Dərbənddən Samur kənarına gəldilər. Surxay xan naçar qalıb, aman istədi və sədaqətlə rus dövlətinə itaət edəcəyinə and içib söz verdi. Qraf Zubov Kür çayı kənarında qışladı, oradan Gəncəyə bir dəstə qoşun göndərdi. Ora hakimi Cavad xan Ziyad xan oğlu tabe olmaq fikrilə qabağa çıxıb qalanı təslim etdi. Qarabağlı İbrahim xan və şəkili Səlim xan da elçilər və məktublar göndərməklə ixlas və itaət göstərdilər.
Həmin il təşrin-saninin (noyabrın) 9-da imperatoriçə II Yekaterina vəfat etdi.. Oğlu I Pavel rus səltənəti taxtına oturdu. Onun səltənət işlərini nizama salmaq uğrundakı tədbirlərindən, dövlətin xarici və daxili məsələlərindəki dəyişikliklərdən biri də bu idi ki, o, İran ilə müharibəni dayandırdı və qoşuna geri qayıtmaq əmri verdi. Hicri 1211-ci (=1797) ilin baharında, vəzifədən kənar edilmiş olan Qraf Zubov, İran taxtına keçmək arzusu ilə bu səfərində onunla yoldaşlıq edən Mürtəzaqulu xan Qacar ilə bərabər Bakıdan gəmi ilə Hacı Tərxana getdi. General Bulqakov büqün qoşunu ilə Dağıstan yolundan Qızlara hərəkət etdi. Pəricahan xanım həmin il atası Məhəmməd şamxalın ölümü münasibətilə onun yerinə şamxallığa keçmiş olan Mehdi bəyə ərə getdi. Fətəli xan sülaləsinin əsrlər boyu toplamış olduğu bütün malları və qiymətli şeylərini özü ilə apardı, sair vərəsələri bundan məhrum etdi. Bacısı Çimnaz xanımı da, Şeyx Əli xandan icazəsiz Rüstəm qadinin oğlu Abdulla bəyə verdi. Həsən xan Qaytağa getdi. Rüstəm
xan üsmi İlisu əmirləri xanədanından olan onun anası Hürzad xanımı aldı. Rus qoşunu hələ Kafiri səhrasında idi ki Şeyx Əli xan Qaziqumuqdan Dərbəndə gəldi.
Gəncəli Cavad xan, hünərli və elm sevən bir adam olmaqla bərabər qan içən və günah işdən çəkinməyən bir əmir idi. Ölkə əhalisi ondan üz çevirmişdi və qonşu əmirlər də onun məhv olmasını arzu edirdilər. Buna görə ruslar qayıtdıqları zaman Gəncə ölkəsini Gürcüstan valisinə verdilər. Vali İrakli xan, qarabağlı İbrahim xan və şəkili Səlim xan qoşunla Gəncənin xaricinə gəldilər. Şəmsəddinli Əli sultanı vali tərəfindən naib sifətilə Gəncə hökumətinə təyin etdilər. Cavad xan çarəsiz qalıb, qaçmaq fikrinə düşdü. Lakin onun arvadı Şükufə xanım adam göndərib, Əli sultan ilə mehmannəvazlığa başladı. Keçmişdə Cavad xanın etmiş olduğu yaxşılıqları və onu həbsxana cəzasından necə azad etdiyini ona xatırlatdı. Əli sultan da zatında olan vəfadarlıq və insanlığı üzündən Cavad xanın hüzuruna gəlib, ixlas və təzim ilə qalanın açarını təslim etdi və onun xidmətində durdu. Bu hadisədən sonra Gəncə əhalisi ona tabe oldu. Ətrafa dağılmış xanlar da öz mülklərinə qayıtdılar.
Digər tərəfdən Ağa Məhəmməd xan hicri 1210 (=1796) ildə Tehrana varid olandan sonra səltənət tacını başına qoyub, Xorasana hərəkət etdi. Məşhəd şəhəri asanlıqla alındı. Şahrux mirzə Nadirin xəzinələrini ona verdikdən sonra vəfat etdi. Oğlu Nadir mirzə Qəndəhara qaçdı, Teymur övladından Əfqan şahına pənah apardı. Sonrakı il, şah Şuşa qalasını almaq və Şirvan ölkəsini fəth etmək qəsdilə 100.000 qoşunla səfərə çıxdı. Araz çayını keçəndən sonra İbrahim xan Car nahiyəsinə qaçdı. Şuşa qalası maniəsiz və zəhmətsiz zəbt edildi. Əliqulu xan Sərdar Şirvana təyin olundu. Qasım xan zahirdə itaət göstərdi. Ruslar Qarabağdan qayıdandan sonra Qətran sənkərinə gəlmiş olan Mustafa xan, oradan şahın hüzuruna getdi. Bundan qorxuya düşən Qasım xan Şirvanı boşaldıb Şəkiyə qaçdı.
Gəncəli Cavad xan və bakılı Hüseynqulu xan da şahın hüzuruna gəlib töhmət edildilər. hələ bu üç nəfərin işinin axırı məlum deyildi. Bu zaman hicri 1211-ci (=17970 ildə) həziranın (iyunun) 12-də, səhər açılanda, həyatları qorxu altında olan saray xidmətçilərindən iki-üç nəfər, qaniçən şahın qəzəbindən qorxub onu öldürdülər. Keşik əmirlərindən və sairdən bir neçə nəfər cəvahir və qiymətli şeylərdən ələ keçəni götürüb Tehrana qaçdılar. Ağa Məhəmməd xanın aşağıda yerləşmiş böyük ordusu da onun baş əmirlərindən Sadıq xan Şəqaqinin başına toplandı. Şahın qatilləri onun qılınc, xəncər, bazubənd və sandıqçasını Sadıq xanın yanına aparmışdılar. Sadıq xan Azərbaycanı fəth etdikdən sonra Qəzvin üzərinə gəldi. Lakin şəhərə girə bilmədi. Öldürülən padişahın vəliəhdi və
qardaşı oğlu Fətəli şah Hüseynqulu xan oğlu ilə olan müharibədə Sadıq xan məğlub olub Sərabə qayıtdı. Fətəli şah Zəncana gəldi, Hacı İbrahim xan Şirazini Sadıq xanın yanına göndərib təklif etdi ki, itaətə gəlib, dövlətə aid qiymətli şeyləri təslim etsin. Sadıq xan bütün şeyləri ərizə ilə göndərib üzr istədi. O, şah tərəfindən bağışlandı. Gərmrud və Səraba hakim təin olundu.
Ağa Məhəmməd şah öldürüləndən sonra, Şuşada Pənah xan nəvəsi Məhəmməd bəy Mehrəli bəy oğlu bir neçə gün hökmranlıq iddiasında oldu. Lakin o, İbrahim xan gələn kimi Şəkiyə qaçdı. Şəki hakimi Məhəmmədhəsən xan onu həbsə alıb, şirvanlı Mustafa xanın yanına göndərdi. Məhəmməd bəy qubalı Fətəli xanın əmrilə, onun atasını və qardaşlarını Bakıda öldürmüşdü. Buna görə o da Məhəmməd bəyi intiqam məqsədilə öldürdü.
İbrahim xan şahın cənazəsini böyük ehtiram və alimlərin (ruhanilərin) müşayiətilə yola saldı. Səmimiyyət və ixlas tərzilə yeni şahın hüzuruna bir ərizə yazdı və nəvazişə nail oldu. Oğlu Əülfəth ağanı da padişahın hüzurunda qalmaq üçün göndərdi.
Mustafa xan Şuşadan Şirvana qayıtdığı zaman şahın Təbrizdən gətirib Muğanda saxladığı kor Məhəmmədhəsən xanı özü ilə aparıb Şirvanı aldı. Buradan da Şəki üzərinə getdi. Səlim xan Qarabağa qaçdı. Məhəmmədhəsən xan yenə hökumət başına keçdi. Mirzə Məhəmməd xan şahın öldürülməsi xəbərini alınca, Qubadan Bakını almağa hərəkət etdi. Hüseynqulu xan ondan qabaq gəlib, qalanın müdafiəsilə məşğul oldu. Axırda aralarında barışıq olub məmləkəti böldülər. Hüseynqulu xan şəhərdə Mirzə Məhəmməd xan Məşqətə kəndində bir qala tikdirib hökuməti oturtdular.
Bir zaman sonra şahın yaxın adamlarından olub, Xoy və Təbriz əyalətlərini idarə edən Çəfərqulu xan Dünbüli, Sadıq xana qarşı köhnə ədavətinə görə bir bəhanə ilə gəlib Sərabı xaraba qoydu. Sadıq xan Muğan yolu ilə Şivana, Mustafa xanın yanına qaçdı. Bir müddət keçəndən sonra Cəfərqulu xanın başına dönüklük havası düşdü. Bunu eşidən Sadıq xan Şirvandan Sərabə qayıdıb, onunla birləşdi və bir neçə başqa əmirlə üsyana başladı. Cəfərqulu xanı məhz bir xain kimi qələm verən Sadıq xan özü şahın sarayına gəldi. Lakin o, boş bir otaqda həbs edildi və burada da acından öldü.
Cəfərqulu xan Xoya getdi. Lakin şaha sadiq olan qardaşı Hüseyn xan onu qəbul etmədi. O, bir neçə müddət avara gəzdi, qardaşı öləndən sonra isə gəlib Xoyu ələ keçirdi. Bir vaxtdan sonra şahın istəkli oğlanlarından olub Azərbaycan işlərini nizama salmağa təyin edilən Abbas Mirzə tərəfindən məğlub edildi. Makuya və oradan da Rum səhərində Koroğluya nisbət verilən Çənlibel adlı yerə gedib sakin oldu. Rus hadisəsində Həsən xan Qubaya gəldikdən sonra İbrahim xan Rudbarinin qardaşı oğlu Məhəmməd xan Səlyanı ələ keçirdi. Əmir Kəlbəli sultanın oğlu naib Mir Qubad sultanı oradan çıxartdı.
Hicri 1213-cü (=1799) ildə Şirvan vilayətinə və xüsusilə Ağsu şəhərinə şiddətli taun xəstəliyi düşdü, bir çox adam tələf oldu. Bu zaman Quba qoşunu rus qayıqları ilə gedib Səlyanı aldılar. Şeyx Əli xan 4000 ləzgi ilə oraya getdi. Rəməzan ayında öz yaxın adamlarının təhrikilə zülmkarlığa və günah işlər görməyə başladı. O, qayıdandan sonra şirvanlı Mustafa xan Rudbar əmirlərinin köməyi və səlyanlıların təklifi ilə gedib Səlyanı aldı. Şəhəri köçürüb, dörd ağac yuxarıda, indiki yerində bina etdi. Hakimliyini də İbrahim xanın oğlu Əli xana verdi. Bir müddətdən sonra buranı bölüşdürüb Əli xana və onun əmisi oğlu Məhəmməd xana verdi. Lakin Əli xan tez bir zamanda Məhəmməd xanı həbsə alıb, Talış Mir Mustafa xanın himayəsi altına keçdi.
Digər tərəfdən Şeyx Əli xan Səlyandan qayıdandan sonra Dərbənddə bərk xəstələndi. Qaziqumuqlu Surxay xan bu hadisədən istifadə edərək, bir gecə gizlincə öz oğlu Nuh bəyi Həsən xan adı ilə göndərib Quba qalasını aldı. Özü də qoşun ilə Qubanın Qullar adlı kəndində oturub, ay yarım hökmranlıq etdi. Şeyx Əli xan şamxaldan, Aqquşa və Qoysuboy mahallarından 10.000 nəfər kömək aldı. Surxayı Qubadan çıxardıqdan sonra, Kürə üzərinə yürüdü. Şiddətli müharibə oldu. Surxay xan məğlub edildi, o nahiyə də ta Çıraq kəndinə qədər tamamilə qarət olundu. Şeyx Əli xan buradan qayıdaraq, ləzgiləri altı ay Qubada qonaq saxladı. Onların tələbatı üzündən qubalılara çox haqsızlıqlar edildi. hətta əhalidən diş kirayəsi belə alınırdı. Şeyx Əli xan 8000 nəfərin məsarifini Quba maliyyatından verib, qalan 2000 nəfər ləzgini Dərbəndə gətirdi ki, onların maaşlarını da oranın mədaxilindən ödəsin.
Qubadakı kimi olan iki günlük qonaqlıq dərbəndlilərin ümumi iğtişaşına səbəb oldu. Xalq Şeyx Əli xanın eyş və işrət düşkünü olduğundan narazı idi. O, çıxılmaz bir vəziyyətə düşdü. Axırda Şeyx Əli xanın görüşünə gəlmiş olan bakılı II Mirzə Məhəmməd xan, dərbəndlilərin yığıncağına gedib ləzgiləri buradan çıxarmaq vədilə onları sakit etdi. Şeyx Əli xan bu məsələdən inciyib Qubaya üz qoydu. Hicri 1214-cü (=1800) ilin əvvəllərində Dərbənddə şiddətli taxıl qəhətliyi oldu. Taxıl gətirmək üçün şamxal mülkündən Qubaya gedən 400 arabanı dərbəndlilər döyüş və söyüşlə geri qaytardılar. Bu məsələ Şeyx Əli xanın xoşuna gəlmədi və bundan bərk incidi. Dərbəndlilər Sultan bəy Bayatın təhrikilə üsyan qaldırıb, Dərbənd naibi olan Məhəmmədhüseyn bəy Əhməd bəy oğlu Bayatı qovdular. Şeyx Əli xan Dərbəndə gəlib Sultan bəyin ətrafında çoxlu cəmiyyət toplandığını gördü. Labüd qalıb öz bacısı və II Mirzə Məhəmməd xanın arvadı olan Xan bikə xanımı Dərbəndin sahib ixtiyarı (hakimi) və Sultan bəyi də onun kargüzarı (müavini) təyin etdi.
Şeyx Əli xan Qubaya qayıdandan bir az sonra II Surxay xan Fətəli xanın oğlu Həsən xanı cürbəcür vasitələrlə Qaytaqdan öz yanına gətirdi. Aralarında bir çox ixtilaf olan dərbəndlilər ilə ittifaq etdikdən sonra həmin ilin mayis (may) ayında Həsən xanı Dərbənd hökumətinə oturtdu.
Bir geçə Sultan bəy Bayat, Xızır bəy Qorçu ilə xan sarayında dava saldı. Hər iki tərəfdən bir çox adam tələf olub, Xızır bəy öldürüldü. Sultan bəy də yaralı olaraq, aradan çıxıb getdi. Ertəsi gün xanın əmri və dərbəndlilərin ittifaqı ilə Sultan bəy cəzalandı. Bu hadisədən sonra Şeyx Əli xan Şirvan, Şəki və Bakı xanlarından, həmçinin şamxaldan və Aqquşa çamaatından kömək aldı, hər iki tərəfdən Dərbəndin mühasirəsinə başladı. Yalnız Təbərsəran qadisi dərbəndlilərin tərəfini saxlayırdı. On iki günlük mühasirədən sonra Şeyx Əli xan məqsədə çatmadan Qubaya qayıtdı.
Ağır xəstə olduğundan onun ölüm xəbəri ətrafa yayıldı. Surxay xan qoşunla Eniq kəndinə gəldi və qarşısına çıxan Quba qoşununu məğlub etdi. Özü də Şeyx Əli xanın sağ olduğunu bilincə, vətəninə qayıtdı. Bundan sonra Quba hakimiyyətini Həsən xana vəd edərək qəflətən külli qoşunla Quba şəhərinin bir ağaclığındakı Zizik kəndinə gəldi. Şeyx Əli xan azacıq sağalmış olsa da, müdafiə üçün heç bir tədarükü yox idi. Arvadı, bakılı Hacı Məlikməhəmməd xanın qızı Zeybünnisa bəyim ruslardan qaçdığı zaman Surxay xanla ata-qızlıq peymanı bağlamışdı. Ziyafət mərasimini yerinə yetirməklə və dostluğu bildirən peyğamlar göndərməklə Surxay xanı geri qayıtmağa razı etdi. Həsən xan da çarəsiz qalıb Dərbəndə getdi.
Bir zaman keçəndən sonra Şeyx Əli xan qəflətən gedib Dərbəndin Ulus nahiyəsinin 9 kəndini köçürüb Qubaya gətirdi. Beləliklə Həsən xanın əlində Dərbənd şəhərindən başqa heç bir yer qalmadı.
Həmin ilin axırlarında, Gürçüstan valisi Gürgin xan vəfat etdi. Bu ölkələnin əyani və əmirləri daxili
qarışıqlıqlardan və xariçi müdaxilələrdən xilas olmaq ümidilə, Rusiya imperatoru III Pyotrun oğlu I Pavelin dərbarına vəkillər göndərib, onun himayəsinə keçməyi xahiş etdilər. Bu xahişin qəbulunu bildirən imperator fərmanı, hicri 1215-ci (=1801) ildə, kanuni-saninin (yanvarın) 18-də sadir oldu. General-leytenant Knorrinq Gürcüstan hökumətinə təyin edildi.
Bundan başqa həmin ayın 23-də ayrıca bir fərman verilərək, ona tapşırıldı ki, onlardan vergi toplamasın və daxili işlərinə qarışmasın. Yalnız o zaman müdaxilə etsin ki, onlar öz razılıqları ilə mənim himayəmi qəbul etmiş olsunlar, çünki sülhpərvər müttəfiqlərə malik olmaq etibarsız rəiyyəti başa toplamaqdan daha yaxşıdır. Bundan sonra martın 12-də imperator Pavel birdən-birə vəfat etdi. Oğlu I Aleksandr səltənət təxtinə oturdu.
Qafqazın işləri həmin qayda üzrə intizama düşməkdə idi. Keçən il dərbəndli Həsən xan tərəfindən Hacı Tağı, qubalı Şeyx Əli xan tərəfindən Mirzə Əsgər, bakılı Hüseynqulu xan tərəfindən Mirzə Hadi bəy, Talış Mir Mustafa xanın və Dağıstan əmirlərindən Mehdi xan şamxalın, Rüstəm xan üsminin, avarlı Əmmə xanın və təbər-səranlı Rüstəm qadinin elçiləri ilə bərabər himayə edilmək üçün sofarətlə Rusiya imperatorunun dərbarına göndərilmişdilər. Aqustos (avqust) ayının 28-də bu əmirlərdən hər birinin adına imperatorun fərmanı sadir oldu. Bu fərmanda deyilirdi ki, onlar birbirilərilə həmişə müdara edərək sülh ilə yaşasınlar və belüşdükləri kimi Qubaya Şeyx Əli xan, Dərbəndə Həsən xan sahib olsun. Beləliklə, iki qardaş çay kənarında bir-birilə görüşüb, qardaşlıq və xüsusiyyət mərasimini təzələdilər.
Bu qayda üzrə Aleksandrın səltənətindən iki ilə yaxın beyi aldadaraq öldürdü. Sultan Əhməd, Əmmə xanın bacısı oğlu olub, onun başqa arvaddan olan qızı - Paxu bikəni almışdı. Sonra Gehli Avar xanı Sultan Əhmədi ərliyə qəbul etdi. Sultan Əhmədin kiçik qardaşı Həsən xan öz ata-baba mülkü olan Mehdili əmirliyində qaldı.
Sonrakı il Gürcüstanın ən böyük düşmənlərindən olan Cavad xan ibni-Şahverdi xan Ziyad oğlu, əvvəlcə Rusiyaya və daha sonra İrana zahiri itaət göstərməklə Tiflis tacirlərini qarət edirdi. Knyaz Sisiyanov Gəncəni almaq məqsədilə hərəkət etdi. Yuxarıda adı çəkilən Əli Sultanın qardaşı oğlu şəmsəddinli Nəsib sultan onunla birləşdi. Çavad xan şəhərin xaricində müharibə edərək məğlub olub qalaya çəkildi.
Hicri 1218-ci (=1804) ildə kanuni-sani (fevral) ayının 3-də Rəməzan bayramı günü, sübh çağı qala hücum ilə alındı, Cavad xan bir neçə övladı və əhalidən bir çoxu ilə bərabər öldürüldü. Gəncə Yelizavetpol adı ilə adlandırıldı. Rus sərdarı, general-mayor Qulyakovu buradan Car nahiyəsinə göndərdi. O, çətin keçilən yerlərdə düşmənə hücum edib, məğlub edildi və özü də öldürüldü. Lakin bura ləzgilərin gözü elə qorxmuşdu ki, bu hadisədən bir az sonra Tiflisə vəkillər göndərib üzr istədilər və səmimiyyət göstərdilər. Minqreliya, Abxaziya əmirləri və Başaçıq (İmeretiya) valisi Süleyman xan da sədaqətlə tabe oldular. İran dövləti bu cür fütuhatdan qorxuya düşüb, Gürcüstanı geri qaytarmaq
ümidilə İran dövlətinə sığınan İrakli xanın oğlu Aleksandr mirzəni, əmirləri və əhalini üsyana qaldırmaq üçün Kürçüstana göndərdi. Onun işini qüvvətləndirməyi, İrəvan və Qarabağın mühafizə etməyi isə Abbas mirzəyə tapşırdı. İrəvan hakimi Məhəmməd xan Qacar batində İran hökumətindən narazı idi. İrəvan elatının çoxunu Rum ölkəsinə göndərdi, özü də qalaya çəkilib, Rusiyadan kömək istədi. Knyaz Sisiyanov İrəvanı almaq qəsdilə yola düşdü. Üçkəlisa (Eçmiadzin) yaxınlığında, Qırxbulaq adlı yerdə, ruslardan dörd dəfə artıq qoşunu olan Abbas mirzəni məğlub etdi. Bu zaman sədri-əzəm Mirzə Şəfi, İrəvan qalasına gedib Məhəmməd xanı cürbəcür nəsihətlərlə İran dövlətinə tərəfdar etdi.
Rus sərdarı qalanı mühasirəyə aldı. Müharibəyə gəlmiş olan şah özü də məqsədə nail olmadan geri qayıtdı. Lakin bir tərəfdən mühasirə müddətinin uzanması və yürüş ilə bir iş görülməməsi, dikər tərəfdən də azuqə azlığı və cürbəcür qorxulu xəstəliklərin baş göstərməsi, Rusiya sərdarını hicri 1219-cu (=1805) ildə, eylul (sentyabr) ayının 3-də Gürcüstana qayıtmağa məcbur etdi. Bu hadisədən sonra ləzgilər, osetinlər və qabardinlər Aleksandr mirzənin təhrikilə üsyan edib Gürcüstana hücum etdilər. Beləliklə, Rusiyanın yolu bağlandı. Knyaz Sisiyanov mərdanə fütuhatla hamısını sakit etdi və Rusiyanın yolunu açdı. Həmin il rus qoşunu dənizdən Rəşt üzərinə gəldi. Lakin müharibədən sonra məqsədə çatmadan Bakı bəndərinə qayıtdı. hər iki tərəfdən top atışması başlandı. Nəhayət, ruslar sahilə çıxıb şəhəri mühasirəyə aldılar.
Qubalı Şeyx Əli xan və qaziqumuqlu II Surxay xanın oğlu Nuh bəy, bir dəstə İran qoşunu ilə Hhüseynqulu xanın köməyinə gəldilər. Rus qoşunları gəmilərə oturub Talışın Sarı cəzirəsinə getdilər.
Bu zaman Rüstəm xan üsmi vəfat etdi. Onun yerində Ustar xan oğlu Əli xan üsmi oldu. Araya ədavət düşdü.
Mustafa xan Səlim xanı Qarabağdan gətirdib, Şəkinin üzərinə getdi. Məhəmmədhəsən xan qarşıya çıxaraq, vəziyyəti istədiyi kimi görməyib qoşunu azad etdi. Özü də Mustafa xanın yanına gəldi. Mustafa xan hər iki qardaşını Şirvana gətirib, əmisi oğlu Şeyx Əli bəy Şəkidə naib təyin etdi. Lakin Şəki əhalisi üsyan qaldırdı. Onun qardaşı Məhəmmədhəsən xan tərəfindən kor edilən Fətəli ağanı xanlığa qəbul etdilər. Üç aydan sonra Mustafa xan çarəsiz qalıb Səlim xanı Şəkiyə hakim göndərdi və onun qızını özü üçün aldı. Məhəmmədhəsən xan Qubaya, Dərbəndə və buradan da Cara, axırda rusların yanına gedib, Hacı Tərxana göndərildi. O, cəsarətli, rəiyyətpərvər bir əmir olmaqla bərabər, mütəəssib və qan tökən bir adam idi.
Hicri 1220-ci (=1805) ildə şahın vəliəhdi Abbas mirzə, Naibüssəltənə ləqəbi ilə Azərbaycan hökmranlığına təyin edildi. O, qoşun və topxananı yenidən təşkil edərək, frəng (Avropa) üsulunda qalalar tikdirdi. Rus sərdarı Kürək çayı kənarında, qarabağlı İbrahim Xəlil xan ilə görüşdü. İbrahim Xəlil xan bağlanan əhdnamə mucibincə, Rusiya dövlətinin himayəsinə daxil oldu və xərac olaraq hər bir 10.000 əşrəfi verməyi öhdəsinə aldı. Özünü qorumaq üçün 50 saldat götürüb Şuşa qalasında yerləşdi. İmperator tərəfindən onun özünə general-leytenant rütbəsi, oğlanları Məhəmmədhəsən ağa və Mehdiqulu ağaya general-mayorluq və Xanlar ağaya da polkovniklik rütbəsi verildi.
Digər tərəfdən, Naibüssəltənə (Abbas mirzə) Qarabağı almaq məqsədilə, damğanlı İsmayıl bəyi və Şahsevən Əliqulu xanı 10.000 nəfər qoşunla Xudafərin körpüsünə göndərdi. Məhəmmədhəsən ağa rus qoşunu ilə onların qarşısına çıxdı. Cəbrayıllı bağlarında döyüşə başladı və Şuşaya qayıtdı.
Şah özü Qarabağın Təxti-Tavus adlı yerinə və Naibüssəltənə də Ağoğlan və Çanaxçı yolundan Əsgəranın aşağısına gəldi. Naibüssəltənə Gəncədən bir dəstə saldatla Şuşaya gedən polkovnik Karyagin ilə döyüşə başladı.
Polkovnik qayıdıb Şah bulağı yanında olan Tərnaut qalasına gəldi. Buradan da gedib, Tərtər çayı kənarında yerləşmiş və 2000 saldatla şahın müharibəsinə gedən knyaz Sisiyanov ilə birləşdi. Şahın oradan qayıtması əbərilə əlaqədar olaraq rus sərdarı Şuşa qalasına gəldi. Naibüssəltənə də Gəncəyə getdi. Orada olan ruslar ermənilərin bir hissəsilə qalaya çəkildilər. Naibüssəltənə, Gəncə əhalisini öz xahişlərinə görə köçürüb Qazağın Həsənsuya yolu ilə Təbriz tərəfinə göndərdi. Özüdə bir neçə gün Ağstafada qaldı. O, beləliklə, Qazaq, Bozçalı (Borçalı) mahallarını və Gürcüstanı öz tərəfinə çəkmək istəyirdi. Lakin məqsədinə çatmadan İrəvan tərəfinə qayıtdı. Qazaq əhalisi Dilican dərəsində onun qoşununun qabağını kəsib, qətl və qarətə başladılar. Knyaz Sisiyanov Şirvana gəlib zahirdə itaət göstərən Mustafa xan ilə görüşdükdən sonra Bakıya getdi. Sarıda olan ruslar da dəniz yolu ilə gəlib onunla birləşdilər.
Bəzi xidmətlər göstərmiş olan II Mirzə Məhəmməd xanın qardaşı Əbdürrəhim ağa, Qubadan Şirvana, sərdarın hüzuruna gəldi. O hərçənd Hüseynqulu xanın İran tərəfdarı olduğunu söyləyirdi, lakin sərdar onun sözünü qərəzsiz sanmayıb qəbul etmirdi.
Sərdar hicri 1220-ci (=1806) ildə şübatın (fevralın) 2-də qalanın yanında, Hüseynqulu xan ilə təslim olmaq haqqında danışıq aparırdı. Bu zaman sülh və müsalimət qanunu xilafinə olaraq iranlıların təhriki və ya Hüseynqulu xanın tapşırığı ilə onun bibisi oğlu İbrahim bəy ibni-Əli bəy ağa ibni-Məhəmmədhüseyn xan ibni-İmamqulu xan Dərbəndinin əlində öldürüldü. Başı qatilin atasilə, şahın hüzuruna göndərildi. Ruslar gəmilərə minib Sarı tərəfə getdilər.
Sərdar öldürüləndən sonra Tarxu şamxalından başqa bütün xanlar üsyan qaldırdılar. Həmişə İran dövlətindən qorxuda olan və Rusiyanın himayəsini istəyən Talış Mir Mustafa xan, Mirzə Büzürk Qaimməqam ilə görüşdükdən sonra xatircəm olub ruslarla ziddiyyətə başladı. Şirvanlı xan ruslara tərəfdar olan Səlim xan ilə ədavət binasını qoydu. O, Gəncədə Şəkiyə, Səlim xana köməyə gedən bir dəstə rus qoşununa mane olmaq istədi, lakin məğlub olub geri qayıtdı.
Başaçıq (İmeretiya) valisi Rusiyanın düşmənlərilə dostluq etməyə başladı. İranlılar yenə Arazdan keçdilər. Osmanlılar da öz dövlətlərilə sülhün pozulduğunu körüb, Gürcüstana soxulmağa hazır oldular. General-anşef qraf Qudoviç sərdarlığa (baş komandanlığa) təyin edildi. Qarabağlı İbrahim xan bir çox ərizə göndərməklə İran dövlətinə ixlas göstərirdi. Onun xahişinə görə oğlu Əbülfəth xan bir dəstə qoşunla Qapan yolundan Şuşa qalasının yanına gəldi. Naibüssəltənə özü də Xudafərin körpüsündən keçdi. Şuşada sakin olan rus qoşununun komandiri mayor Lisaneviç, hicri 1221-ci (=1806) ildə, həziran (iyun) ayının 2-də gecə yarısı qalanın xaricində köçvə külfəilə yerləşən İbrahim xanın üzərinə basqın edib onu arvadı, oğlu, qızı və bir çox əyan və xadimlərilə bir yerdə öldürdü. İbrahim xan hünərli, ədalətli, bərk ürəkli və sadə rəftarlı bir əmir idi.
Həmin gün Əbülfəth xan geri qayıtdı. İbrahim xan nəvəsi Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu Ordubadın yaxınlığına qədər onu təqib edərək, çoxlu qətl və qarət etdi. Mehdiqulu ağa atasının yerinə Qarabağ hökumətinə təyin edildi. Neçə vaxtdan sonra Əbülfəth xan Şahsevən Ətaulla xanın köməyilə cəbrayıllı tayfasını və Qarabağın sair elatını köçürüb Qapan ətrafına getdi. Bu zaman ruslar və Çəfərqulu ağa cəbrayıllı elinin üsyan qaldırmasından istifadə edərək, iranlıları çətin keçilən və meşəlik yerlərdə məğlub etdilər. İranlılardan bir çoxu qarət edildi, elat da öz məskəninə qayıtdı.
Bu zaman, Naibüssəltənə Aslandüz və Qarabağ yolu ilə Şirvana hərəkət etdi. İran qoşununun keçməsinə mane olmaq üçün Mustafa xanın Kür çayı kənarında yerləşdirdiyi cəmiyyəti dağıtdı. 6000 ailəyə yaxın olan Şəryan, Muradxanlı və sair elati Muğana köçürdü. Özü isə Ağsu şəhəri xaricində düşdü. Mustafa xan şəhəri köçürüb, çətinliklə gedilən Fit dağına çəkildi. Şeyx Əli xan şahzadənin xas atlılarından bir dəstəni Pirqulu xan Qacarın komandası altında Qubaya apardı. Özü bakılı Hüseynqulu xanla Naibüssəltənənin hüzuruna gəldi və sonra geri qayıtdı. Naibüssəltənə Şirvanda məqsədinə nail olmayacağını görərək Qaimməqamın oğlu Mirzə Əbülqasımı, iranlılardan qorxan Şəki hakimi Səlim xanın yanına göndərdi. Onu öz tərəfinə çəkmək istədi. Sonra Pirqulu xanı Qubadan gətirib, Muğanda qalmağa məmur etdi, özü də Azərbaycana qayıtdı.
Qraf Qudoviç Qafqazın hər iki tərəfindən dəfələrlə səfər edərək ləzgi, (osetin) və mıçıqıçları (çeçenləri) sakit etdi. General Qlazenapi Qızlar tərəfindən Dərbənd, Quba və Bakını almağa göndərdi O, özünə tabe olan şamxal Mehdixanla bərabər Buynaqa gəldikdən sonra dərbəndlilər Mirzə bəy nəvəsi Əlipənah bəy Əhməd bəy oğlu Bayatın başına toplaşıb, rəftar və hərəkətlərindən narazı olduqları Şeyx Əli xanı şəhərdən qovdular. Generalın istiqbalına adamlar köndərib, tabe olduqlarını bildirdilər. hicri 1221-ci (=1806) ildə, həziran (iyun) ayının 21-də Dərbənd Rusiya dövlətinin ixtiyarına keçdi. Ulus mahalı səmimi xidmətlərinə görə Dərbənd xanı ləqəbi alan general-leytenant Mehdi xan şamxala, şəhərin naibliyi isə mayorluq rütbəsi alan Əlipənah bəyə verildi.
Bir ay keçəndən sonra general-anşef Bulqakov qoşun sərdarı təyin edilib Qubaya gəldi, buradan da o zaman Hüseynqulu xanla birləşməsinə görə qubalı Şeyx Əli xandan incik olan II Mirzə Məhəmməd xanla Bakıya yola düşdü.
Bakı şəhərinin altı ağaclığına çatanda cəsarətli, lakin təbiətən iradəsiz və ürəyi saf bir əmir olan Hüseynqulu xan öz təbəəsilə İrana qaçdı. Bakı əhalisi səmimiyyətlə tabe oldu. Bulqakov Bakını Rusiya dövlətinin ixtiyarına keçirdi. Qubaya qayıtdığı zaman uzaqdan zahiri itaət göstərən Şey Əli xandan girov aldı. Surxay xan tərəfindən elçi gəlib, ixlas və səmimiyyət izhar etdi. Təbərsəranlı Qırxlarqulu məsum, Məhəmməd qadi və Qaytaq üsmisi Əli xan da itaətdə idilər.
Bundan sonra Gəncədə olan ruslardan bir dəstə Şirvana gəldi. Mustafa xan carəsiz onları qəbul etdi. İstədi ki, onların qüvvəsilə öz elini Muğandan geri qaytarsın. O, kedib elatı Talışa aparan Pirqulu xan Qacar ilə müharibəyə girişdi və məğlub olaraq geri qayıtdı. Buradan öz camaatını ruslarla Səlyana göndərdi. Mir Mustafa xan Talışın qardaşı Mir Bağır bəy 300 nəfərlə orada idi. Səlyanlılardan bir hissəsi öz hakimləri Əli xandan narazı olduqları üçün şirvanlı Mir Mustafa xanla gizli əlaqə saxlayırdılar. Mir Bağır bəy bundan xəbərsiz müharibəyə başladı. Səlyanlılar müharibədən üz çevirdilər. Əli xan da qaçdı. Mir Bağır bəy talışlarla bərabər əsir düşdü.
Bu zaman Şəki hakimi Səlim xan İbrahim xanın arvadı olan öz bacısının öldürülməsi ədavətilə Rusiya dövlətilə çəkişməyə başladı. Bir müddət bundan əvvəl Gəncədən özünə kömək gətirdiyi ruslardan bir neçə nəfərini öldürdü, qalanları Gəncəyə qayıtdılar. Bu hadisədən sonra general Nebolsin, sərdar Qudoviçin əmrilə Gəncədən Şəkiyə hərəkət etdi. Səlim xan qabaqcadan Naibüssəltənədən çoxlu pul almışdı, Car və Avar ləzgilərini gətirib, mükəmməl qüvvə ilə yerin çətinliyinə və lazımi hazırlığa arxalanaraq müqavimətə girişdi. Müharibə zamanı ləzgilər qaçdı, o da naçar qalıb ailə və əqrabasilə vətənini buraxıb İrana getdi. Səlim xan xoşrəftar, kefcil və rəhmsiz bir əmir idi.
Hicri 1221-ci (=1806) ildə Şəki ölkəsi Rusiyanın ixtiyarına keçdi. Keçən il Koroğluya nisbət verilən Çənlibel adlı yerdən Rusiya dövlətinə pənah aparmış olan general-leytenant Cəfərqulu xan Dünbüli Şəki hakimliyinə təyin edildi. Qraf Qudoviç həziranın (iyunun) 18-də sərəskər Yusif paşanı Arpa çayı kənarında məğlub etdi. Sonra hicri 1223- cü (=1808) ildə İrəvanı almağa getdi. Ayrı bir dəstəni də Qarabağ yolu ilə Naxçıvan üzərinə qöndərdi. Naibüssəltənə də gəldi. Bu ətrafda arası kəsilməyən müharibələr oldu. Axırda qış zamanı soyuğun şiddətindən Rusiya qoşunu məqsədə
çatmadan geri qayıtdı. həmin il cəsarətli və zabitəli bir əmir olan Üsmi Əli xan vəfat etdi, qardaşı Adil xan onun yerinə keçdi.
Keçən il şirvanlılar gəlib Bərmək mahalının qoyunlarını qarət etmişdilər. Şeyx Əli xan bunun əvəzini almaq üçün Şirvan üzərinə gedib müharibə etdi və cüzi bir qarətdən sonra geri qayıtdı. Buna görə qədimdən bəri Fətəli xan sülaləsinə ədavət bəsləyən Mustafa xan, Şirvanda sakin olan rus sərkərdəsi podpolkovnik Tixanovski ilə Quba üzərinə hərəkət etdi. Bir neçə döyüşdən sonra buduqlu Məlik Adi nəslindən olan Məlik bəy Hacı bəy oğlu, bəylər və əhalinin çox Şeyx Əli xandan üz çevirib Rusiya devlətinin itaətinə keçdilər. Şeyx Əli xan yeş və işrətpərəst olub, ölkənin vəziyyətindən xəbərsiz idi. Lakin çox şücaətli, səxavətli və yüksək himmətə malik bir zat idi. O, bir çox bəy və sair
tərəfdarları ilə bərabər Təbərsəran nahiyəsinə öz damadı Abdulla bəy Rüstəm oğlu qadinin evinə, buradan da onunla birkə Aqquşaya getdi. Bura əhalisinin çoxu onun ehsan və iltifatına borclu və sülaləsinin tərəfdarı idilər.
Qırx gün keçdikdən sonra Şeyx Əli xan 5000 nəfər qoşunla yenə Qubaya gəldi. Qaladan başqa bütün ölkəni ələ keçirdi. Şabran qalası yanında kömək üçün Bakıdan Qubaya gələn bir dəstə rusla müharibə edib bir iş görə bilmədi. General-mayor Quriyev oz qoşunu ilə Bakıdan gəlib çatdı. Çərxi kəndində məğlub etdi. Şeyx Əli xan yenə Təbərsərana getdi. Quba ölkəsi daimi olaraq Rusiya dövlətinin ixtiyarına keçdi. Buranın ixtiyarı Bakı və Qubanın alınmasında bir çox xidmətlər göstərmiş olan bakılı II Mirzə Məhəmməd xana verildi.
Şeyx Əli xan Təbərsərana qayıdandan sonra Yersi kəndində sakin oldu. Rüstəm qadinin oğlu Abdulla bəy, qardaşları və əmisi Mirzə qadi ilə bərabər onunla müttəfiq idilər, Dərbənd və Quba ətrafında çapqınçılıq və müharibə edirdilər. Rusiya qoşunu da Təbərsəranın bəzi əmirləri və Dərbənd qoşunu ilə Mehraqa kəndi üzərinə yürüdülər. Şeyx Əli xan və Rüstəm qadinin oğlanları, Mirzə qadinin köməyinə gəldilər, lakin məğlub olub geri döndülər...
Hicri 1224-cü (=1809) ildə, general-anşef Tormasov qraf Qudoviçin yerinə sərdarlığa keçdi. O da Başaçıq (İmeretiya) və Abxaziyada asayiş yaratmaqda idi. Bu zaman İran şahının oğlu və Kirmanşahan fərmanfərması olan Məhəmmədəli mirzə Gürcüstan səfərinə göndərildi. Ona kömək olaraq Naibüssəltənə İrəvanın Göycə yaylağına və Fərəculla xan Nəsəqçibaşı Muğan hüdudunun mühafizəsinə təyin edildi. Məhəmmədəli mirzə damqanlı İsmayıl bəyi bir dəstə ilə Bəy kəndi və hamamlı kəndlərindəki rusların üzərinə göndərdi. Bir neçə dəfə müharibə oldu. İrəvanın Pənbək
və Şurakil sakini olan keçmiş elatı və xüsusən, Nağı bəy İran dövlətinə bir yararlı xidmətlər göstərdilər. Bunun ardınca Məhəmmədəli mirzə gəlib Bozçalı (Borçalı) mahalını çalıb-çapdı. Sonra Abbas mirzə gizli olaraq onun işlərinə qarışdığı üçün Qars hüdudundan İrəvana və buradan da Kirmanşahana getdi. Fərəculla xan Nəsəqçibaşı Ərdəbilə gəldikdən sonra Şahsevən Nəzərəli xandan (talışlara qarşı) qoşun toplamağı tələb etdi. Lakin o, Mir Mustafa xan Talışla qohum olduğundan işi ləngidirdi. Mir Mustafa xan məşhur adamlardan bir hissəsini və Talış qoşununu köçürüb Gamışvanda
yerləşdirdi. Bura hər tərəfdən dəniz və mürdab ilə əhatə olunmuşdu, yalnız bir tərəfdən - qurudan Ləngərkünan (Lənkəran) ilə bitişirdi. O, kömək olaraq ruslardan da bir dəstə gətirtdi. Bundan bir az əvvəl Şirvanın möhtərəm adamlarından biri sayılan Əmər sultan Sədari hər iki Mustafa xanı barışdırmaq və Şirvan elini geri köçürmək üçün Talışa gəlmişdi. Mir Mustafa xan Talışın oğlu Mir Həsən bəyin davasında qəflətən öldürülmüşdü. Buna baxmayaraq, Mir Mustafa xan yenə öz oğlu Mir Hidayət bəyi kömək istəmək üçün şirvanlı Mustafanın yanına göndərdi.
Mustafa xan Şirvandan Gamışvana bir dəstə piyada qoşun yola saldı.
Mir Həsən bəy bir dəstə ilə Ucarud hüdudunda olan bakılı Hüseynqulu xanın şirvanlı Mustafa xanın qaçqın qardaşı Haşım xanın, rudbarlı Əli xanın, Bekdili Məhəmməd xanın üzərinə qəflətən hücum etdi. Əli xan və Məhəmməd xan əsir düşdülər, o birilər isə qaçıb qurtardılar. Nəsəqçibaşı vaxtın tələbinə görə əlində olan ixtiyara əsasən, Ləngərkünan (Lənkəran) şəhərini yandırdı, Kamışvanı mühasirə etməyə başladı, lakin bir iş görə bilmədi. Axırda barışıq
sözü araya düşdü, Mirzə Büzürk Qaimməqam şah tərəfindən gəlib Mir Mustafa xanla görüşdü, əhdnamə və dostluğu möhkəmləndirdi.
Hicri 1225-ci (=1810) ildə, il yarımdan artıq Təbərsəranda qalmış Şeyx Əli xan, əcdadı səfəvilər devründən Şeyx Cüneyd türbəsinin mütəvəllisi olan həzrəli Xan Butay bəy Hacı Şərif bəy oğlunun təhrikilə gəlib Quba əhalisinin çoxunu özünə müttəfiq etdi, ölkəni almaq və qalanı mühasirə etməklə dörd ay məşğul oldu. O, əhalinin bir hissəsini Qrız kəndinə köçürüb, yeni bir şəhər salmışdı. Bu zaman polkovnik Lisaneviç rus qoşunu, Şəki və Şirvan atlıları ilə gəlib Şeyx Əli xanı Çiçi kəndi yaxınlığında məğlub edərək ölkədən çıxardı. Şeyx Əli xan yenə Aqquşaya gedib orada sakin oldu.
Damadı Abdulla bəy də Təbərsəranda qala bilməyib onunla birləşdi.
Bir zaman keçəndən sonra Şeyx Əli xan Aqquşa əhalisindən və öz təbəələrindən üç minə yaxın bir cəmiyyətlə maniəsiz Üsmi mülkündən keçib Təbərsərana gəldi. Rüstəm qadidən sonra qardaşı polkovnik Məhəmməd qadi hökumət başına keçmişdi. O, yalnız bir keçidi olan Xoçni kəndinin yarım ağaclığında bir yerdə səngər düzəldib müdafiəyə başladı. Ləzgilər yürüş etmədilər. Şeyx Əli xan öz nökərləri ilə hücum edib, səngəri aldı. Məhəmməd qadi qaçdı, Abdulla bəy isə Xoçnidə onun yerinə keçdi.
Şeyx Əli xanın qayıtmasından iki ay sonra Məhəmməd qadi yenə gəlib Abdulla bəyi çıxartdı və öz yerində əyləşdi. Xülasə, bir müddət Rusiya, Rum (Türkiyə) və İran hüdudları döyüş meydanı və xüsusən Qarabağ ölkəsi qoşunkeşlik və elat gediş-gəlişinə məxsus bir sahə olmuşdu.
Hicri 1226-çı (1811) ildə, general Tormasov Fransa ilə müharibə etmək üçün Rusiyaya çağırıldı. Generalleytenant markiz Pauluççi onun yerinə keçdi.
Şeyx Əli xan Aqquşa qazisi Əbubəkrin köməyi və İran dovlətindən onun adına göndərilən vəsaitlə Aqquşa əhalisini təkrar müharibəyə təhrik etdi. Aqquşa, Mehdili, Təbərsəran və Qaziqumuqdan topladığı səkkiz min nəfərə yaxın bir ordu II Surxay xanın oğlu Nuh bəylə birlikdə Qubanın üstünə gəldi. Ləzgilər öz atlarını Kürə nahiyəsinin Samur çayı kənarındakı Məhərrəm kəndindən Təbərsərana qaytardılar. Özləri piyada olaraq Cibir kəndinə gəldilər. Ertəsi gün, general-mayor Quriyev onların üzərinə hərəkət etdi, lakin Quba bəylərinin ona göstərdikləri əlverişli qərb yolunu qoyub şərq tərəfdəki yoldan hücuma keçdi. Yolun çətinliyi üzündən məğlub olub Zeyxur kəndinə qayıtdı.
Şeyx Əli xan Rustov kəndinə gedib, ölkəni yenə öz itaəti altına keçirdi. Yalnız Quba qalası və Zeyxur kəndi rusların əlində qaldı.
İki aydan artıq keçəndən sonra general-mayor Xatuntsev yeni bir qüvvə ilə yetişdi. Şeyx Əli xanı Rustov kəndində məğlub edib, ölkədən çıxardı. Ləzgilər çox tələfat verdilər. Aqquşa qazisi Əbubəkr də bu döyüşdə öldürüldü. General Xatuntsev, Surxay xanı cəzalandırmaq üçün Kürə nahiyəsinə hərəkət etdi. Surxay xanın qardaşı oğlu Aslan ağa Şahmərdan oğlunu öz yanına çağırdı. O, keçmişdə öz əmisi Surxay xanın yanından Rum (Türkiyə) ölkəsinə qaçmış.
Keçən il Tiflisə və oradan da Qaytağa, üsminin yanına gəlib orada sakin olmuşdu. General Xatuntsev Şeyxi kənddə səngər atmış Surxay xanın üzərinə yürüşə başladı. Surxay xan məğlub olub Qaziqumuğa qaçdı. Kürə nahiyəsi rusların
əlinə keçdi. Aslan ağa polkovniklik rütbəsi və xanlıq ləqəbilə buraya hakim təyin edildi. Onu qorumaq üçün də Qurahda bir batalyon saldat saxlanıldı. O, hünərli, zabitəli, bədməzac və içki sevən bir əmir idi. Şeyx Əli xan Qubadan qaçdıqdan sonra bir zaman Sunbat kəndində onun yaxın adamları isə Cümcüqat kəndində olurdular. O, Əbubəkr qazinin oğlu Bəhanın köməyi və sair vasitələrlə yenə Aqquşaya gedib orada məskən saldı. Həmin ilin axırında İrana tərəfdar olması qəti zənn edilən polkovnik Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu həbsə alınıb, ruslardan bir dəstə piyada və bir neçə nəfər kazakla Tiflisə göndərildi. Tərtər çayından keçərkən, Cəfərqulu ağa atının cilovunu saldatın əlindən qapdı, özü ilə bərabər atın sağrısında oturan o biri saldatı suya salaraq Cəbrayıllı
elinin arasına qaçdı. Bu xəbər Naibüssəltənəyə çatan kimi Qarabağa gəldi. Əmir xan Qacarı Cəfərqulu ağa ilə Cəbrayıllı elini və Qarabağın sair elatını köçürməyə məmur etdi. Özü isə topxana və sərbazla Sultan Bud sənkəri üzərinə gəldi. Burada qarabağlı Mehdiqulu xanla bir rus batalyonu var idi. Bunları məğlub edib bir çoxunu öldürdü və sağ qalanlarını əsir aldı. Mehdiqulu xan isə qaçıb qurtardı.
Əmir xan və Cəfərqulu ağa beş-altı min ailəni Arazdan keçirib, Naibüssəltənə ilə birləşdilər. Naibüssəltənə Qarabağ elanı yerbəyer edib, Qaradağ kəndlərinin hökumətini xanlıq ləqəbilə Cəfərqulu ağaya verdi. Özü də Təbrizə qayıtdı.
Bu zaman qaziqumuqlu Surxay xan Kürə üzərinə gəldi. Aslan xan rus batalyonu ilə gedərkən Qurahdan üç ağac yuxarıda Kərxən kəndində ona məğlub etdi. Surxay xan da Aslan xanın anasından olan öz oğlu Mürtəzaəli again Qaziqumuq hakimliyinə təyin edib, özü İrana getdi. Aslan xan öz ana qardaşının yanına gedib orada sakin oldu. Surxay xan bir il sonra İrandan qayıtdı.
Mürtəzaəli xan, Aslan xanın qardaşı Fətəli ağanı götürüb, müharibə bəhanəsilə qarşıyı çıxdı. Lakin o, yolda Fətəli ağanı öldürüb öz atası ilə birləşdi. Aslan xan Kürəyə qayıtdı. Surxay xan da yenə Qaziqumuğa sahib oldu. Surxay xan alim, rəiyyətpərvər və qantökən bir əmir idi.
Markiz Pauluççi Naibüssəltənənin gəlmək xəbərini eşidincə, tam sürətlə Quadan Qarabağa gəldi. O, general Kotlyarovskini Qubada qoydu, özü isə... Tiflisə getdi. Buradan da qulluqdan çıxarılaraq Rusiyaya qayıtdı. General-anşef Rtişşev onun yerinə sərdar göndərildi.
Hicri 1227-ci (1812) ilin baharında, Naibüssəltənə şah tərəfindən göndərilmiş külli ləvazimat və qoşunla Mişkin qəsəbinə varid oldu. Əmir xan Qacar sərbaz və topxana ilə bu tərəfdən sair əsgərlər də onun ixtiyarında olaraq Ərkəvan, Zuvand və Astara səmtindən Talış Mir Mustafa xanı cəzalandırmaq üçün göndərildi. O yenə İran dövlətindən üz çevirib, rusları öz köməyinə çağırmışdı. Əmir xan aqustos (avqust) ayının dördündə, Ləngərkünana (Lənkərana) çatdı. Ruslar döyüşdən sonra Mir Mustafa xanla bərabər Kamışvana çəkildilər. İranlılar Kamışvanın qarşısında səngər və burclar
düzəltdilər. İki aya yaxın dənizdən və sahildən atışma davam etdi. Kamışvanı almaq mümkün olmadı. Naibüssəltənənin əmrilə Ləngərkünanda (Lənkəranda), Ərkəvanda və Astarada üç qala tikildi və bu qalalara mühafizlər, topxana və azuqə təyin olundu. Qalan qoşun isə geri qayıtdı.
Bu zaman İngilis elçisi ser Qrozli vasitəsilə barışıq sohbəti araya atıldı. Rusiya sərdarı Naibüssəltənə ilə Arazın kənarında danışığa başladı. Lakin bu danışıq bir nəticə vermədi. Sərdar Rtişşev, Kotlyarovskini 2000 saldat və altı topla Arazın kənarında qoyub, özü Tiflisə qayıtdı. Naibüssəltənə Pirqulu xan və Mirzə Məhəmməd xan Qaçarı və Əlimərdan xan Xəmsəni atlı dəstələrilə Sultanhasardan Şəki olkəsinə göndərdi. Özü də sərbaz və topxana ilə Aslandüz adlı yerə
gəldi. Sadıq xan Qaçarı və Cəfərqulu ağanı, eli köçürtmək üçün Qarabağa göndərdi. Ağoqlanda dayanan general Kotlyarovski, gecə gizlicə Arazdan keçib, səhər çağı öz qoşunundan bir neçə qat artıq olan İran ordusu üzərinə hücum edib onları məğlub etdi. İranlıların bir hissəsi olduqca pərişan bir halda qaçdı. Naibüssəltənə isə qalan qoşunla müharibəni davam etdirdi. General ertəsi gecə, təşrin-əvvəlin (oktyabrın) 20-də hücum edib, onları tamamilə dağıtdı. Bir çoxlarını öldürüb, külli qənimətlə geri qayıtdı. Şəki və Qarabağa təyin edilən qoşunlar da bu xəbəri eşidincə qayıdıb Naibüssəltənə ilə Mişkində birləşdilər. Buradan da Təbrizə getdilər.
General Kotlyarovski Muğana gedib, burada olan Qarabağ elatını geri qaytardı və Ərkəvan qalasını yürüşlə aldı. Sonra Ləngərkünana (Lənkərana) gedərək oranın qalasını mühasirə etdi. hicri 1228-ci (=1813) ildə, kanuni-saninin (yanvarın) birində, aşura axşamı yürüşə başladı. hər iki tərəf şiddətli müqavimət göstərib, mərdanəliklə vuruşdu. Axırda rus generalının qorxu bilməz təbiətinin qüvvəti sayəsində qala alındı. Qala mühafizlərinin sərkərdələri olan sərhəng Sadıq bəy və Məhəmməd bəy Qacar rus və müsəlmanlardan bir çox adamlar bərabər öldürüldü. Kotlyarovski özü də üç ağır yara aldı.
Həmin ilin baharında İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində, şah barışığa meyl gostərdi. Mirzə Əbülhəsən xan Şirazi, İran dovləti tərəfindən vəkil edildi. Sərdar Rtişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində. hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdud olan ölkələri Rusiya dövlətinə tərk etdi. Onlar haqqında hər gür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin.
NƏTİCƏ
ŞİRVAN VƏ ONA QONŞU OLAN VİLAYƏTLƏRDƏN
YETİŞMİŞ TƏLİFAT SAHİBİ VƏ YA BAŞQA BİR
MƏZİYYƏTƏ MALİK ŞƏXSLƏRİN
TƏRCÜMEYİ-HALLARI HAQQINDA
Hər bir tayfanın kəmalət dərəcəsini, vəziyyət və hallarının gözəlliyini onların təlifatından və sair əsərlərindən gözəlliyini anlamaq olar. Bir çox şəhər və kənd xarabaları, həzrət Şəmunun Aran şəhərində və yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki imamzadə, imam Museyi- Kazımın qızı Həlimə xatunun Bakıda, Bibiheybətdəki türbəsi, Sufi Həmidin Şirvan Qabıstanındakı məzarı və bir çox başqa yerlərdə olan məşhur seyidlərin, şeyxlərin və hörmətli fazil kimsələrin qəbirləri göstərir ki, bu ölkə həmişə din böyüklərinin məskəni, arif və alimlərin vətəni olmuşdur. Başqa faydaları bir tərəfə dursun, bu ölkə mötədil iqlimli ən yaxşı yerlər sırasına daxildir. Öz dağlarında, çöllərində, meşələrində və vadilərində bütün dünyanın müxtəlif məhsulatını eşitdirməkdədir. Bu ölkədə yaşayanların nəsli bütün insan tayfalarından qarışıqdır. O tayfalardan hər birinin əxlaqı və asarı bunlarda görünməkdədir...
Əgər bu ölkə əhalisinin təbii istedadını inkişaf etdirmək üçün lazım gələn asayişi və tərbiyə üsulları yaradılsaydı, o zaman bunlar nə böyük tərəqqiyə nail olardılar!
Çoxlu qoşunkeşlik və mütəmadi müharibələrin yaratdığı xarabalıqlara baxmayaraq, onlardan bir çoxu özünün elm və hünəri ilə bütün dünyada şöhrət qazanmışdır. Onlar hər bir əsərdə, hər bir ölkədə hörmətli və inanılmış kimsələr olmuşlar. Laikn təəssüflər olsun ki, onların VI (XII) əsrdən əvvələ aid əsərlərindən bizə heç bir şey məlum deyildir. həqiqətən böyük xaqan Mənuçehr və onun xələflərinin 400 illik səltənət dövrü, şirvanşahların ən gözəl əsri və Şirvanın abad zamanı olmuşdur. Səfəvilər dövrünün əvvəllərində olan osmanlı və qazılbaş döyüşləri bir neçə vaxt qarışıqlıq və iğtişaşa səbəb olmuşdu. Şah Abbasın zühurundən sonra bu ölkənin işləri nüfus və mənəviyatca dəyişikliyə
üz tutub, etidal və müvazinət kəsb etdi. Hünər və mərifət bazarı başqa bir rövnəq tapdı. Şah Sultan Hüseyn dövrünün axırlarında isə fitnəkar fəsadçıların istilasından, müxtəlif orduların gediş-gəlişindən və Nadir şahın səfərlərindən təmamilə pərişan bir hala düşdü və bir çox yeri xarabazar oldu. Bundan sonra ölkənin vilayətlərini müstəqal surətdə öz ixtiyarlarına keçirmiş olan xanlar da mütəmadi müharibə nətiçəsində maarif inkişaf etdirməyə və rəiyyətlərinin halını yaxşılaşdırmağa müvəffəq ola bilmədilər. hər halda, bu ölkənin alim və fazillərinin həyatı imkan daxilində hər birinin əsrinə müvafiq olaraq zikr edilir və azacıq da olsa onların əsərlərindən və fikirlərinin nəticələrindən qeyd olunur.
MÖVLANA ŞEYX ƏBUƏBDULLAH ƏLİ
İBNİ-MƏHƏMMƏD BAKUYİ
Bir çox tarixçilərin yazdığına görə, zahiri və batini elmlərdə kamil bir şəxs olmuşdur. O, ilk gənclik dövrlərindən başlayaraq böyük və məşhur simalarla söhbət etmiş və Şeyx Əbdüllah Xəfif, Şeyx Əbülqasım Qəşiri və Şeyx Əbusəid Əbülxeyrlə körüşmüşdür. Şeyx Əbusəid ilə onun arasında bir çox elmi mübahisələr olmuşdur. Bir müddət də, Şeyx Əbülabbas Nəhavəndi ilə təhqiqata başlamış, həmin şeyx onun fəzilətini təsdiq və onu tərif etmişdir. Ömrünün axırlarında Şiraz şəhərinə yaxın bir dağın mağarasında guşənişinlik qəbul etmişdir. Ölkənin bir çox şeyxləri və böyük alimlər onun söhbətinə yetişmişlər. O, hicri 442-ci (=1051) ildə həmin ölkədə vəfat etmişdir. heyif ki, onun əsərlərindən əlimizdə heç bir şey yoxdur.
MƏŞHUR ŞAİRƏ MƏSHƏTİ GƏNCƏVİ
"Məh” farsca "mah” sözünün yüngüləşdirilmiş şəkli və ya böyük mənasında olub, "səti” xanım deməkdir. Azər "Atəşkədə” kitabında yazır ki, Məshəti Gəncə əşrafı xanədanından olub, Sultan Səncərin nədiməsi idi. Bu sayədə tam bir etibara və şövkətə malik olmuşdu. Onun divanından və coşğun təbindən nümunələr:
Rubai
O közəlin uzu yasəmən və qızıl gul üçün həsəd və qibtə mənbəidir.
Onun şux qəmzəsi kişilərlə qadınlar arasında fitnə salmışdır.
Onu yolda gedirkən gördum, o, axar su kimi lətif idi,
O, axar sudan indi də mənim gözumdə vardır.
Yenə onundur:
Hər gecə sənin qəmindən yeni bir əzab çəkirəm.
Gözumdə yuxu əvəzinə yaş görurəm.
Sənin nərgisin (gözlərin) kimi məni yuxu aparan zaman,
Sənin zulfundən daha qarışıq bir yuxu gördum.
Yenə onundur:
Bizi qocaların yanında saxlamaq olmaz.
Bizi qəmgin adamların evində saxlamaq olmaz.
O kimsə ki, zulfun ona zəncir kimi ola,
Onu evdə zəncir ilə tutub saxlamaq olmaz.
Yenə onundur:
Əfsus ki, sənin çiçəyinin çevrəsini tikan bürüdü,
Qarğa gəldi, laləni dimdiyinə aldı,
Sənin çənənin civəsi qaraldı (uzunun qırmızılığı getdi).
Sənin ləl kimi olan dodağın paslandı (göyərdi).
HƏKİMİ-MƏNƏVİ ŞEYX NİZAMİ GƏNCƏVİ
O cənabın künyəsi və adı Əbu Məhəmməd Nizaməddin İlyas ibni-Yusif ibni-Müəyyəd olub, doğulduğu və öldüyü yer Gəncədir. Onun böyüklüyünü və fəzilətlərini söyləməkdən dil acizdir. Sözlərindən şairlik dərəcəsi və rəyi aşkardır. Zərifliyi, söz və söhbətilə məclis bəzəməkdə, ümumun rəyincə onun misli olmamışdır. Bütün şairlər onun ustalığını etiraf etmişlər.
Onundur:
Bu fənndən (şairlikdən) şöhrət istəmə,
Bu (şöhrət) Nizami ilə bitmişdir.
İlk gənclik dövründə Vis və Ramin kitabını Sultan Mahmud Səlcuqi adına nəzm etmişdir. Bəziləri bu kitabı Nizami Əruziyə nisbət verirlər, lakin təlif dövrünü nəzərə aldıqda bu fikir doğru çıxmır. Cənab Şeyx, Əxi Fərac Zəncaninin müridlərindən olub, emrünün axırlarında guşənişinlik rəsmini qəbul edərək, batinini saflaşdırmağa məşğul olmuşdur. Bu xüsusda özü deyir:
Rəna kul qönçə arasında həzin-həzin,
Mənim kimi guşənişinliyə (inzivayə) çəkilmişdir...
Şeyx hicri 576-cı (=1181)1 ildə Tuğrul ibni-Arslan dövründə vəfat etmişdir. Gəncənin yaxınlığında gözəl bir türbəsi vardır. Xarabalığa üz tutmuş olan bu türbənin bəzi yerlərini, Qarabağda yaşayan qazaqlı Mirzə Adıgözəl indi təmir etdirməkdədir. Şeyxin "Məxzənüləsrar”, "Həft peykər”, "Leyli və Məcnun, "Xosrov və Şirin” və "İskəndərnamədən” ibarət olan beş mənzum dastanını vəfatından sonra alim adamlar toplayıb, ""Xəmsə” adlandırmışlar.
Bu əsər şer sənəti nöqteyi-nəzərindən bütün dünyada məşhur olub, müəllifinin kəskin fikrinə və qüdrətli təbinə açıq şahiddir. Onun "Xəmsə”dən başqa 20.000 beytdən ibarət bir divanı olmuşdur. Bu divanda onun sənətkaranə yazılmış qəzəliyyatı vardır. Aşağıdakı qəzəl nümunə üçün yazılır:
Dunya qaranlıq və yol çətindir, atının cilovunu çək.
Bir muddət varlıq aləmindən ruhani aləmə çəkil.
Təbiət qarğalarını unsiyyət bağından qov, çıxar.
Səadət quşlarını imtahan toruna çək.
Elə ki, mənəviyat aləminə aşina oldun...
Minlərçə mənəviyat şərbətini birnəfəsə bol-bol iç.
Onun hikmətilə sərməst olunca fələkin çadırını yıx, dağıt.
Ərşin sutununu sarsıt, göyun ipini çək.
Onun yolunu ayaqla getmə, onun çamalına batini gözlə bax.
Onun sözunu dil ilə söyləmə, onun şərabını ağızla içmə
Ey Nizami, bu nə əşardır ki, sənin təbindən buruzə gəlir!
Heç bir kəs sənin rəmzini bilmir, dilini saxla, dilini saxla!
USTADÜŞŞÜƏRA ƏBÜLÜLA GƏNCƏVİ
Onun haqqında ancaq bu qədər məlumdur ki, o, böyük xaqan Mənuçehrin dövründə Şirvanın məliküşşüərası olub, yüksək bir şən və iqtidara malik olmuşdur. Xaqani və Fələki onun şagirdlərindəndir. Həmdüllah Mustovfi Tarixiküzidədə yazır ki, Əbülüla öz qızını Xaqaniyə verdi. Əbülülanın qızını almaq istəyən Fələki bundan incidi və köçüb getmək istədi. Ustadı ona 20.000 dirhəm bağışlayıb dedi: "Bu əlli türk kənizinin qiymətidir ki, hər biri mənim qızımdan daha gözəldir”. Fələki buna razı oldu. Xaqani yüksək mövqe və şöhrətə malik olandan sonra, qürrələnib ustadının xatirini incidirdi. Əbülüla bu xüsusda deyir:
Qitə
Sən ey Əfzələddin, əgər doqrusunu soruşsan,
Sənin əziz canına and olsun ki, səndən razı deyiləm.
Sənin adın Şirvanda dulgər oğlu idi,
Sənə Xaqani ləqəbini mən verdim,
Sənə çox yaxşılıq etdim.
Sənə oğul deyib, muəllifin oldum.
İndi nə uçun mənim hörmətimi saxlamırsan?
Sənə qız, mal və şöhrət verdim.
Mənə nə qədər deyəcəksən ki, bir çox sözlər söylədin!
Bu cür sözlər yadımda deyildir.
Söyləmədim-söylədim, söylədim-söyləmədim,
Verdim-vermədim, vermədim-verdim
HÜSSANÜL ƏCƏM XAQANİ ŞİRVANİ
Onun ləqəbi və adı Əfzələddin İbrahim ibni-Əli Nəccar olub, əsli Şamaxının yuxarısında Məlhəmli kəndindəndir. Bir çox elm və fənlərdə mahir və şerdə ustad olmuşdur. Yüksək bir mövqeə malik olub, barmaqla göstərilirdi. Fazil kimsələr onun Hüssanüləcəm deyə adlandırmışlar...
Əvvəllərdə təxəllüs Həqayiqi idi, Xaqani-kəbir tərəfindən ona Xaqani ləqəbi verilmişdir. Onun lətifələrindən biri budur ki, o bir gün aşağıdakı beyti yazıb, xaqanın hüzuruna göndərdi:
|