Əsas » Məqalə » Azərbaycan tarixi

A. Bakıxanov-Gülüstani–İrəm-5
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>


    Bu hadisədən sonra, Osman paşa Şamaxıya gəldi Adil Gəray sultan və Əbubəkr mirzə, Aras xanın ordusunu qarət etmək qəsdilə, Kür çayı kənarına hərəkət etdilər. Həmzə mirzə bu xəbəri aldıqda Talış əmirlərinə və o ətrafdakı əhaliyə əmr verdi ki, ordusu gəlincəyə qədər Kür çayı kənarlarını və Aras xan ordusunu qorusunlar. Məmurlar, tatar və ləzgi qoşunu yetişdikdə, qızılbaş yaralılarını keçirmək üçün mühafizə etdikləri körpünü dağıtdılar. Lakin buna baxmayaraq onların bir hissəsi özlərini suya vurub keçdilər, şiddətli müharibə başlandı. Bu əsnada məlum oldu ki, onların başqa bir hissəsi də, şirvanlıların bələdçiliyi ilə çayı ayrı yerdən keçib qızılbaş əskərlərinin arxasını tutmuşdu. Buna görə İran qoşunu məğlub oldu, canını qurtarmaq üçün hərə bir tərəfə üz qoydu. Tatar və ləzgi əskərləri keçməkdə olan ordunun başı üstünü aldılar. Ordu dağıldı, qadınlar və uşaqlar bir neçə ildən bəri toplanılan külli mal və təchizatla bərabər onların əlinə keçdi. Onlar həmin gün çayı keçib Şirvan tərəfinə qayıtdılar.
    Lakin bu əsnada İran vəziri Mirzə Səlman, qızılbaş əmirləri və əsgərləri ilə Qarabağın Qaraköpək (ona Təxti- Tavus da deyirlər) adlı yerindən sürətlə hərəkət edərək, Qoyun-Ulamidən keçib, Şamaxı qalasını mühasirəyə almışdı. O, tatar və ləzgi qoşununun qayıtmasından xəbərdar olduqda, qalanın yanında bir dəstə əsgər qoyub özü onların qarşısına çıxdı.
    Adil Gəray sultan, əhvalatdan xəbərdar olmaqla bərabər, qızılbaş döyüşlərində göstərdiyi şücaətə görə onları saymayıb, Osman paşaya kömək etmək üçün Şamaxıya gedirdi. Ağsu çayı kənarında, Molla Həsən Yurdunda iki dəstə üz-üzə gəldi. Adil Gəray sultan yanında olan 12.000 tatar, 4 və ya 5 min ləzgi və qarabörk ilə cəsarətlə döyüşə hazırlandı.
    Qızılbaş qoşununun çarxçısı Əmir Həmzə xan Ustaçallı, bir dəstə ilə irəlilədi, vuruşma qızışdı. Şamaxı qalasını mühafizəyə təyin edilən dəstə də tatarlar ilə vuruşmanı o işdən yaxşı bilib, əmirlərindən icazəsiz müharibə meydanında hazır oldular. Tatar qoşunları qızılbaşların ardı-arası kəsilməyən hücumlarına baxmayaraq, səbat göstərib sərhəddə axşama qədər cəsarət və mərdanəliklə vuruşurdular. Axırda, Adil Gəray sultan öz qoşununda zəiflik nişanələri gördü. Onları cəsarətləndirmək üçün özü döyüş meydanına girdi. Vuruş zamanında Baba xəlifə onu nizə zərbəsilə yerə sərdi. Adil Gəray sultan ad və sanını bildirərək, ölümdən xilas olub əsir düşdü.
    Bu hadisədən sonra, Tatar tayfası qaçmağa başladı. Bir çoxları qırıldı, sağ qalanlar da dağlara və meşələrə dağıldılar. Aras xan ordusunun malları, əsirləri və toxunulmamış yüklü dəvə qatarları yenə qaliblərin əlinə keçdi.
    Osman paşa köməkdən məyus olunca, Şamaxı qalasını buraxıb Dərbənd tərəfinə getməkdən başqa bir çarə tapmadı. Onu təqib etmək üçün göndərilən bir dəstə, Şabrana qədər gedib, onun topxana və əsləhəsindən bir qədərini qənimət alaraq qayıtdılar. Osman paşa Dağıstan xalqının köməyilə Dərbəndə gəlib dayandı. Mirzə Səlman və əmirlər, Şirvanı mühafizə etmək üçün bir dəstə əsgər təyin edib, geri qayıtdılar.
    Adil Gəray sultanı əvvəllər çox ehtiramla padişahlıq imarətində saxlayırdılar. Axırda əmirlər və dövlət başçıları, qalalardan birinə getməyi ona təklif etdilər. O isə buna razı olmayıb müqavimət göstərdi və əlbəyəxa vuruşmasında öldürüldü.
    İran dövlətinin Adil Gəray sultan ilə gözəl rəftar etməsi xəbəri Krıma yetişdikdən sonra anası, Krım xanı tərəfindən göndərilən məktub və bir çox hədiyyələrlə İrana hərəkət etdi. Şamxal mülkünün Kafir Qumuq kəndində oğlunun ölüm xəbəri ona çatdı. O yerin əhalisi mala tamah edərək, Adil Gəray sultanın anasına çox əziyyət verdilər, nəyi vardısa hamısını qarət etdilər. Bu hadisədən sonra o qadın, onları Kafir Qumuq deyə adlandırdı. Bu ad indi də qalır. Özü də orada vəfat etmişdir. Qəbri kəndin kənarında bir təpə üzərində Tatarsin adı ilə mövcuddur.
    Şirvan əyaləti şah tərəfindən Zülqədər Məhəmməd xəlifəyə tapşırıldı. Bundan əlavə bir neçə nahiyəyə xüsusi bir əmir təyin edildi. Osman paşa və Dağıstan hakimləri tərəfindən himayə edilən Şəki və Şabran əhalisi, Əbubəkr mirzənin başına toplanaraq qızılbaş əmirlərini Şirvanda rahat və asudə qoymurdular. Lala paşa da Ərzrumda gələcək il üçün səfər tədarükü ilə məşğul idi. Buna görə şahın ordusu paytaxt olan Qəzvindən Təbrizə köçdü. Bu zaman Məhəmmədqulu xəlifədən bir məktub yetişdi. Bu məktubda deyilirdi: Adil Gəray Sultanın qardaşları qazi Gəray sultan və Səfi Gəray sultan tatar qoşunu ilə Dərbəndə varid olmuşlar. Bunlar ya Xandikarın fərmanı üzrə, ya da qardaşlarının intiqamını almaq üçün gəlirlər. Buna görə qərara alındı ki, Mirzə Səlman qoşun əmirləri və əyanları ilə Şirvana hərəkət etsin. Bunlar hələ Qarabağa çatmamışdılar ki, Qaza Gəray sultan külli qoşunla Şirvana yola düşdü. Məhəmmədqulu xəlifə onları qarşıladı, Samur çayı kənarında, iki qoşun üz-üzə gəlib aralarında şiddətli müharibə oldu. Məhəmmədqulu xəlifə, qoşun əhlindən bir çoxu ilə bərabər öldürüldü. Sağ qalanlar qaçıb Şirvandan getdilər. Bunların malları və əhliəyalları, bir dəqiqə qətl-qarətdən əl çəkməyən tatarların əlinə keçdi. Qənimətin çoxluğundan yükləri ağırlaşan bir dəstə tatar qoşunu, qızılbaş qoşununun gəlməsini eşidərək geri qayıtdı. Qazi Gəray və Səfi Gəray, Osman paşaya kömək etmək üçün bir dəstə qoşunla Dağıstanda qaldılar. Bu hadisələrin qurbanı olan Şirvan əhalisinin bir hissəsi Osman paşanın yanına qayıtdı, bəzisi də Şəkinin Xaçmaz adlı yerində Əbubəkr mirzənin başına toplandı. Mirzə Səlman, əmirlər və qoşunla Şirvana gəldisə də heçnə görə bilmədi. Xaçmaza, Əbubəkr mirzənin üstünə göndərdiyi dəstə də məqsədə çatmadan geri qayıtdı. Xülasə, vilayət xaraba qalmışdı.

    O il Qarabağ, Azərbaycan və Gilanda taxıl qıtlıqı tam mənasilə hökm sürməkdə idi. Başlıca maniələrdən biri də əmirlər arasındakı nifaq və intizamsızlıq idi. Bu səbəblərə görə Mirzə Səlman Şirvanı boş buraxıb Təbrizə qayıtdı. Səfər tədarükü üçün ətrafa fərmanlar göndərdi. Şahın ordusu üçün İşkənbər və Kələnbər - yaylaq, Qarabağ isə - qışlaq təyin olundu. Səlman xanı Şirvan əyalətinə hakim, ustacallı əmirlərindən bir neçəsini də oranın nahiyələrinə əmir göndərdilər. Bunlar da Arasbar yol ilə Kür çayı kənarına gəldilər. Havanın istiliyindən dənizin iki ağaclığında qədim bir şəhər xarabası olan Həməşərədə dayandılar. Firdovsinin "Şahnamə”sində bu yer Əbərşəhrə adlanır. Burada qoşun toplamaq və səfər tədarükü görməklə məşğul oldular.
    Bu zaman, Qazi Gəray sultan və Səfi Gəray sultan çoxlu qoşunla Şirvana axın etdilər. Onlar qızılbaşların vəziyyətindən xəbər tutub, şirvanlıların bələdçiliyi ilə, Kür çayından keçdilər. Yağış və palçığın çoxluğundan, qızılbaş qoşununun bir-birindən xəbəri yox idi. Belə bir zamanda onların üstünə töküldülər. Onları göz açmağa qoymayıb, bir çoxlarını qırdılar, ordunun da var-yoxunu talan edərək, həmin kün yenə Şirvana qayıtdılar. Qızılbaş qoşunu çox pozğun bir halda özünü toplayıb, Qızılağac hüdudunda yerləşdi.
    Osman paşa Şamaxıya gəlib rumluların bir dəstəsini Bakı qalasına göndərdi və bu möhkəm qalanı daha da möhkəmləndirdi. Mirzə Səlmanın İran qoşunu və əmirlərilə gəlməsi xəbəri Rum (osmanlı) və tatar camaatına çatdıqda müqavimət qəsdilə qarşıya çıxdılar. Molla Həsən yurdunda çarxçıların müharibəsi vaqe oldu. Onlar, qızılbaş qoşunun çoxluğunu və yaxşı təchiz olunduğunu nəzərə alaraq, özlərində müqavimət qüvvəsi görmədilər. Osman paşa Dərbəndə, tatar sultanları da Dağıstana qayıtdılar.
    Bu zaman bəylərbəyi Səlman xan Şirvanın əmirlərilə bərabər Kürdən keçdilər. Tatarlardan gördükləri sınıqlığın əvəzini çıxarmaq üçün Bakı qalasını almağa səy və qeyrət etdilər. Əmir xan da, Şabrana aparmış olduğu qoşunla, Bakı qalasının üstünə gəldi. On səkkiz gün dava edən mühasirə heç bir nəticə vermədi. Azuqə və ələfin yoxluğuna görə burada dayanmaq çox çətin oldu. Əvvəllərdə arpa unu Təbriz batmanı ilə, altı misqal sikkəli gümüş pula satılırdı.
    Axırlarda isə, əsla tapılmırdı. Qızılbaş qoşunu, Şirvanı boşaltmağa məcbur olub Qarabağa gəldi. hökumət başçıları və əmirlər belə məsləhət gördülər ki, Şirvanın mühafizəsi Qacar tayfasından, Otuz iki oymağı və sairdən ibarət olan Qarabağ camaatına verilsin. Bunların idarəsi də Qarabağ bəylərbəyisi İmamqulu xan Ziyad oğlu Qacara tapşırılsın. O, qəbul etmirdisə də, yenə onun boynuna qoydular. Onun məsləhəti ilə Peykər sultan Ziyad oğlu Qacarı, xan rütbəsilə Şirvan bəylərbəyisi təyin etdilər. Qacar əmirlərindən bir neçəsini bu vilayətin nahiyələrinə təyin edib onunla bərabər Şamaxıya göndərdilər.
    Qazi Gəray sultan tatarlardan və osmanlılardan ibarət külli qoşunla ikinci dəfə Şirvana üz qoydu. Bu hadisədən əvvəl, İmamqulu xandan çoxlu kömək almış olan Peykər xan Qacar, Çakərli, Qaramanlı və sair əmirlərilə qarşıya çıxdı.
    Şamaxı ilə Şabran arasında müharibə başlandı. Qazi Gəray sultan qızılbaş müharibəsində göstərdiyi hünərə görə bunları o qədər də saymırdı. Buna görə cəsarətlə meydana girdi. Vuruşma zamanı bir dəstə qacar arasına düşüb əsir oldu.
    Qoşunu Səfi Gəray sultanla bərabər qaçdı. Qazi Gəray sultanı şahın ordusuna apardılar; sonra da Qəzvin ilə Gilan arasında olan məşhur qalalardan Əlmövt qalasına göndərdilər. Bir müddət burada qaldı, azad edildikdən sonra Ruma getdi. hicri 997-ci (=1589) ildə, Xandikarın yardımı ilə Krım və Dəşt səltənəti ona çatdı. Deyilər ki, igid, arif, şer həvəskarı və musiqişünas bir əmir idi.
    Hicri 991-ci (=1538) ildə qızılbaşlardan bir dəstə, Şabran ətrafında İbrahim paşa tərəfindən tikdirilmiş olan qalanın üzərinə getməyə məmur oldu. İbrahim paşa məğlub olaraq qaçdı və qala da alınıb dağıdıldı. Ayrı bir dəstə də Qəbələ və Şəki üzərinə yürüyüb qətl və qarət işində heç bir şeydən çəkinmədi. Bu zaman Peykər xan xəstələnib vəfat etdi. Osmanlılar yenə yürüşə başladılar, şirvanlılar da üsyan etdilər. Şahlıq dərbarından qaradağlı Xəlifə Ənsar, Peykər xanın yerinə təyin edildi. O gəlib şirvanlıları cəzalandırdı. Üsyanda daha artıq fəaliyyət göstərən Quba əhalisinin yurdlarını və mahallarını yandırıb qarət etdirdi. Özü də çox keçmədən vəfat etdi.
    Osman paşa, yeni Rum qoşunu ilə Dərbəndə çatmış olan Cəfər paşa, Heydər paşa, Şəmsi bəy və Piyalə bəylə birlikdə qızılbaşların üzərinə yeridi. Samur çayı sahilində, Palasa adlı yerdə üz-üzə gəldilər. Qızılbaşlar məğlub oldu, onlardan bir çoxu İmamqulu xan və sair əmirlərlə bərabər öldürüldülər. Sağ qalanlar da İrana qayıtdılar.
    Bu hadisələrdən sonra, həm də gələcək il şah ordusunun İraqa qayıtması ilə əlaqədar olaraq, Şirvanın vəziyyəti elə qarışdı ki, qızılbaş əmirlərindən heç biri burada dura bilmədi. Osman paşa Dərbənddən Şamaxıya gəlib qalanı möhkəmləndirdi, əyalət də müstəqil oldu. hicri 993-cü (=1585) ildə, Cəfər paşa Dərbənddən gedib, əhalisi baş qaldırmış olan Kürə qalasını aldı və qarət etdi.
    Hicri 996-cı (=1588) ildə Sultan Məhəmməd Qarabağ Gəncəsindən İraqa hərəkət etdi. Birinci mənzildə, Əbuşəhmə adlı yerdə, böyük oğlu və vəliəhdi Həmzə mirzə, gecə öz dəlləyi Xudaverdi tərəfindən öldürüldü. Bu hadisədən sonra, sərəskər Fərhad paşa, ona müqavimət göstərə bilməyən Kartli valisi Simon xanın içazəsilə Qarabağa gəldi. Gəncə qalasını bina edərək Təbrizi və Azərbaycanın bir çox şəhərlərini ələ keçirdi. Ancaq Ərdəbilin ətrafı qızılbaşların əlində qaldı. Beləliklə, türklər 20 il müharibəsiz bütün bu valayətlərin üzərində hökmran oldular. (həmzə mirzə öldürüddükdən sonra) Sultan Məhəmməd Xudabəndə həmin il iş başından çəkilib, səltənəti oğlu Şah Abbasa tərk etdi. O da bir neçə il dövlət işlərini islah etmək, qoşunu nizama salmaq və rəiyyətin vəziyyətini yoluna qoymaqla məşğul oldu. Beləliklə, itaətsizliyi və çəkişməni əmirlərin və oymaqların arasından qaldırdı.
    Bu zaman Şirvan və Dağıstanın işləri çox bərbad bir halda idi. Lahıcan hakimi Mirzə Əli Karkiyanın qardaşı oğlu xan Əhməd Xan bütün Gilanı ələ keçirmişdi. O, hicri 975-ci (=1568) ildə, qəhqəhə və İstəxər qalalarında 12 ildən bəri məhbus idi. Sultan Məhəmməd Xudabəndə zamanında yenə keçmiş hakimlik mənsəbinə təyin edilmişdi.
    Xan Əhməd Xan (şah Abbasın qardaşı) üsyan etdi. Lakin qızılbaş qoşunu gəldikdə, Gilan valisi Məhəmmədəmin xan Cəmşid xan oğlu ilə bir yerdə, hicri 1000-ci (=1592) ildə, gəmiyə minib Şirvana qaçmağa məcbur oldu. Vəzirini yardım almaq üçün Rum sultanı Xandigarın dərgahına göndərdi. Xandikar tərəfindən, bunların Qostəntiniyyəyə (İstanbula) dəvət edilməsi haqqında fərman sadir oldu. Şirvan valisi Mehmandarlığa təyin olundu. Məhəmmədəmin xan Gəncədə vəfat etdi. Xan Əhməd xan onun (vəfatı haqqında) yazdığı mərsiyədə deyir:
    Ruzgarın gərdişindən və fələklərin zulmundən
    Ürəyimiz məhzun, ruhumuz qəmgindir.
    Ey gözum, yaş əvəzinə qan axıt ki, biz
    Nadir bir xəzinəni Gəncədə torpağa basdırdıq.
    Özü də Ruma gedib, axırda Nəcəfi-Əşrəfdə vəfat etdi. Sonrakı il İran dövləti ilə çəkişmədən sonra olan Astara hakimi Əmir Həmzə xan Talış mühasirə şiddətindən cana gəlib aman istədi. Şirvana getmək üçün ona izin verildi.
    Burada bir müddət Rum dövlətinin ənam və nəvazişinə nail oldu. Lakin bir az keçəndən sonra, xain mülazimlərindən iki nəfər onu ovlaqda öldürdü. Ailəsi də vətənə qayıtdı.
    Bir neçə vaxtdan sonra Əbubəkr mirzə ibni-Bürhan mirzə öz oğlu Bürhanəli mirzəni şahın dərbarına göndərib İran dövlətinin himayəsi altına girmək istədi. O, osmanlılardan üz çevirmiş və iqtişaş vasitəsini hazırlamaqla Şirvan vilayətini almaq fikrində idi. hicri 1010-cu (=1602) ildə, şəkili Şahmir xan ilə birlikdə Kürə, Təbərsəran və sair yerlərdən qoşun toplayıb, Axtı və Misgincəni dağıtdı. Lakin Ağbil ətrafında, Palasa adlanan yerdə, o zaman Şirvan valisi olan Əhməd paşa ilə vuruşub məğlub oldu. Rumlular (türklər) Quba xalqından bir çoxunu öldürdülər. Quba və Müskür mahallarını qarət edərək, Qusar kəndində qala tikdirib mühafiz qoydular. Şahmir xan Şəkidə qala bilməyib İrana getdi.
    Lakin məlum olmadı ki, Əbubəkr mirzənin axırı nə oldu. Dağıstan işləri elə qarışıq bir halda idi ki, Çoban Şamxal Qaytaq, Kürə, Avar, Çərkəz hüdudundan Terek çayına və Xəzər dənizinə qədər hökmran idi. O, hicri 982-ci (=1574) ildə Buynaqda vəfat etdi. Onun oğlanlarından: Eldar Baynuq və Tarxuda; Məhəmməd Qazanışda; Andiya Kafir Qumuqda və Gəray Hilidə hakim oldular. Lakin, bundan sonra, bu dörd xanədana mənsub olan şamxallar yaşlarına və kamallarına görə, bütün ölkəyə hökmran olurdular. hicri 1187-ci (=1773) ildən isə, şamxallıq Buynaq əmiri xanədanına keçmişdir. Xülasə, Sultan Əhməd Üsminin qızından olan bu dörd nəfər, Uzun Çərkəsin qızından olan öz qardaşları Sultan Budu çankə1 hesab edərək, ona ölkədən hissə vermədilər. O da qədim Əhran şəhərinin yeri olan Çilyurda gəldi. Burada sakin olan üç nəfər əndibli qatil ilə Çərkəzistana getdi. Çoxlu qoşunla geri qayıtdı, qardaşları naçar qalıb barışdılar. Sulaq və Terek çaylarının arasındakı yerləri, Mıçıqıçın və Salatavın aşağı qismi ilə Günbətin sərhəddi olan Qərxi dağına qədər bütün ərazini ona hissə verdilər. O, qumuq tayfasını öz başına toplayıb Çilyurdda yerləşdi.
    Sultan Əhməd Üsmi ibni-Həsənəli Üsmi cəsarətli, ağıllı və iqtidarlı bir əmir idi. Hicri 996-cı (=1588) ildə, Qaytağın altı əmirliyini öz oğlu Xan Məhəmməd Üsmiyə tərk edərək vəfat etdi. Ondan dörd böyük iş yadigar qaldı:
    1) Əhalinin məşvərət üçün toplandığı boş bir yerdə Məçalis kəndini bina etdi.
    2) Dağıstanda indi də işlənməkdə olan bəy və çankə gəlmələri arasında təfavütü müəyyənləşdirdi: bu qanuna görə, əmir qızından olmayan əmirzadə, əmirliyə yaramaz.
    3) Mülki işlərə dair gözəl bir qanun yazdı ki, indi də Həpşi mahalı qazisinin yanında mövcuddur, xalq çox vaxt o qanuna müraciət edir.
    4) Ürcəmil və Başlı əhalisinə mənsub olan boş yerləri, tərəkəmə mahalı təyin etdi. Əhali əkinçiliklə məşğul olub əldə etdikləri məhsuldan Üsmiyə cüzi bir vergi verirdilər. Bir zaman Üsminin oğlu vergi toplamaq üçün oraya getmişdi,
    Ürcəmil əhalisi onu təhqir etmişdilər. O da, guya atasından icazəsiz gedib, öz bacısı oğlu Şamxaldan qoşun alıb gətirdi. O, mahalın böyüklərindən bəzisini öldürdü. Bir az zamandan sonra Üsmi özü, başlarında üsyan havası olan sair böyükləri də bir bəhanə ilə toplayıb öldürdü. O zaman Şirvan tərəkəmə tayfalarından bir qismi iğtişaş şərrindən özlərinə asudə bir yer axtarırdılar. Sultan Əhməd Üsmi, bunların bir qismini gətirib tərəkəmə mahalı kəndlərinin binasını qoydu və onları öz sülaləsi üçün rəiyyət və təbəə qərar verdi.
    Dağıstan işlərinin belə qarma-qarışıq bir zamanında, hicri 1002-ci (=1594) ildə, rus padişahı Fyodor İvanoviç Dağıstana 3000 qoşun göndərib Sulaq çayı kənarında Qoysu adlı bir şəhər saldı. O, Tarxu yaxınlığında da ikinci bir şəhər bina etmək istəyirdi. Çoban Şamxalın oğlanları Çərkəs, Qumuq və Dağıstan tayfalarını toplayıb ona mane oldular. Boris Fyodoroviç Qodunov Rusiya taxtına oturunca, Dağıstanda öz hakimiyyətini möhkəmləndirmək üçün üç qala bina etdirdi: birincisi - həmin əvvəlki yerdə, Tarxunun yaxınlığında, ikincisi - İndiri kəndində və üçüncüsü də indi məlum olmayan başqa bir yerdə. Bu qalaların üçündə də mühafizlər qoydu və onların üzərində Buturlini sərkərdə təyin etdi.
    Bir müddətdən sonra, hicri 1012-ci (=1604) ildə, Sultan Bud Çərkəzistanda 13000 əskər gətirib qardaşı Gəray xan şamxal və Krım tatarlarının yardımı ilə hər üç qala üzərinə hücum etdi. Qala mühafizləri çoxlu vuruşmadan sonra, düşmənin vermiş olduğu sözə görə, öz vətənlərinə qayıtmaqdan başqa çarə görmədilər. Lakin, verilən əhdin xilafına olaraq, onları əsir etmək istədikdə, ruslar müdafiəyə başlayaraq tamamilə qırılıb məhv oldular. Qoysunun mühafizləri də şəhəri yandırıb öz vətənlərinə yola düşdülər.
    Sultan Bud öz tayfası ilə gəlib İndiri kəndində sakin oldu. Bütün Qumuq əmirləri, onun oğlanları Aytəmur və Qazanalb nəslindəndir. Başqa xalqlarla qarışmış olan Qumuq tayfası da bunların nəslindəndir. İndi 5000-ə yaxın ailədən ibarət olub İndiri, Yaxsay, Küstək, Qazi-Yurd və sair kəndlərdə yaşayırdılar. Qum-Turxalı ilə Teymur-Quyu arasında, Qoysunun sağ tərəfində sakin olan qədim Tumanlar tayfasının da çayları və əkin yerləri var idi. Bunlar, öz xüsusi əmirlərinin nəsli kəsildikdən sonra, gedib Qazanalb Sultan Bud oğlu övladına tabe oldular. İndi onlar İndiri kəndinin bir məhəlləsini təşkil edirlər.
    İndiri əmirləri, öz nəsillərini Avar xanlarına nisbətən verən Günbat və Arqunay mahalı əmirlərindən iki nəfəri öldürdülər. Bir çox vuruşmadan sonra barışıq oldu. İndiri əmirləri Çəçən Tala, Gəmənçuq, Şalı, Ataqa və sairdən ibarət olan Mıçıqıçın aşağı hissəsini, ölənlərin qan bahası olaraq, varisləri Terlav adlı şəxsə verdilər. Terlav Nəşşaqdan bir qədər əhali gətirib bu yerləri abad etməyə başladı.
    Mıçıqıç adlanan bu ölkə, öz adını Mıçıq çayından almışdır. Mıçıqıç, Mıçıq içi deməkdir. Özü də üç yerə ayrılır: dağlıq, meşəlik və çöllük... Meşəlik və çöllükdən ibarət olan Ağac Mıçıqıç və Tüz Mıçıqıç əsrimizə qədər Terlav övladından olan öz əmirlərinə xərc verirdilər. Terlav oğlu əmirlərinin öz qədim mülkləri olan Künbət və Arqunayda da dağları və başqa yerləri vardı. Bundan başqa bir kəndə də sahib idilər, oradan hər il vergi alırdılar.
    Həmçinin neft mədənləri olan Avuq və Bəyan kəndləri, təqribən 2000 evdən və 12 kənddən ibarət Salavat mahalı, İndiri əmirlərinə xərac verib xidmət edirdilər.
    Hicri 1014-cü (=1606) ildə Şah Abbas Azərbaycanı fəth etdikdən sonra Təbrizdə qışladı. Köç və ailəsi ilə bərabər, hüzurunda olan Gürcüstan valisi Aleksandr xanın oğlu Qonstantin mirzəni xan rütbəsi ilə Şirvan əmürülüməralığına təyin etdi. Bəzi adamlara da əmirlik mənsəbi verdi, onlar üçün bu vilayətdə nahiyələr ayırdı.
    Aleksandr xana tac, cıqqa, cəvahirlə bəzənmiş kəmər və sair xələtlər verib, oğlu Qonstantin xanı əmirlər və qoşunla bərabər Gürcüstana göndərdi. Əmr etdi ki, oradan Gürcüstan qoşunu ilə Şirvanı almağa getsin. Şirvan ölkəsinin hakimi ilə bir yerdə olan əmirlər bunlardan ibarət idi: 1) Şahmir xan, bu adam Şəkinin qədim valiləri nəslindən olub, bir müddət şahın hüzurunda idi. O, Şəki əyalətinə təyin edildi; 2) Şəmsi xan Qazaqlar; 3) Şamlı oymağından Əli xan Müvafiq; 4) Qostantin xan ilə qohumluğu olan türkmən Muslu Məhəmməd xanın oğlu Bəktaş sultan; 5) Tizrov sultan Müqəddəm; 6) Çakərli Əxi sultan; 7) Şəmsəddinli Əli xan; 8) Ərəşli Əli sultan.
    Aleksandr xan öz oğlu, əmirlər və şahın məiyyətində olan bir dəstə tüfəngçi ilə Gürcüstana gəldi. O, Şirvan səfiri tədarükündə səhlənkarlıq edirdi; çünki böyük oğlu və vəliəhdi Gürgin mirzə bu işdə ona mane olurdu. Axırda ata ilə oğlanları arasında iş çətinə düşdü və müharibə ilə nəticələndi. Müsəlman olan Qonstantin xan, əmirlərin və qızılbaş qoşununun köməyilə öz atası və qardaşını bir yerdə öldürdü və Gürcüstanın müstəqil hökmranı oldu. Sonra, səfər tədarükü görüb, hicri 1015-ci (=1606) ilin əvvəllərində, 2000 qızılbaş və bir qədər də gürcü qoşunu ilə Şirvana hərəkət etdi. Şirvan vilayətinə qədəm qoyunca, əyan və əhalinin çoxu təslim oldu. Şəki hakimi Şahmir xan bəzi əmirlərlə pişdar idi. Qəbələ hüdudunda, o yerin hakimi Məhəmmədəmin paşa ilə müharibəyə girişib, onu məğlub etdi. Məhəmmədəmin paşa bir dəstə rumlu ilə öldürüldü, sağ qalanlar isə, Qəbələ qalasına çəkildilər.
    Mühasirəçilər qalanı almaq tədarükündə idilər. Şirvan bəylərbəyisi Cağal oğlu Mahmud paşa ətrafdakı Rum əsgərlərini Şamaxı şəhərinə topladı, topxana və hərbi ləvazimat ilə qarşıya çıxdı. Qonstantin xan da Qəbələ qalasında bir dəstə mühafiz qoyub, özü qalan qoşunla düşmənin qarşısına yeridi. Ağsu çayı kənarında müharibə atəşi alovlandı. Rumlular müharibənin əvvəlində çaxçılara, sağ canah və sol cinah dəstələrinə güç gətirib, özlərini mərkəzə yetirdilər. Qızılbaş qoşunu az qalmışdı ki, məğlub olsun. Lakin Qonstantin xan bir qol ordu ilə irəli çapıb hücuma keçdi.
    Qaçmaqda olan sağ və sol cinah qoşunları öz əmirləri ilə geri döndülər. Rumlular məğlub olub qaçmağa başladılar. Onların bir çoxu öldürüldü, bir çoxu da əsir düşdü.
    Qonstantin xan Mahmud paşanın ardınca gedib, ona yetişdi və fərasətlə onu tanıdı. Az qalmışdı ki, Mahmud paşanı öldürsün, gözlənmədən Qonstantin xana dəyən bir ox yarası buna mane oldu. Min nəfər rumlu öldürüldü, Mahmud paşa da sağ qalan ordu ilə Şamaxı şəhərinə gəlib qalanın müdafiəsi ilə məşğul oldu. Qəbələ qalasının mühasirəsi üçün qalan dəstə də rumlular qaçdığı zaman, orada dayanmayıb müharibə meydanına gəldi. Qəbələ qalasının mühafizləri məğlubiyyət xəbərini eşidincə, şəhəri qoyub qaçdılar. Qubad ibni-Firuzun bina etdirdiyi bu qalanın xarabaları indi də durur. Dərvazası, hasarı və çox dərin və qəribə xəndəyinin arasından onun nə dərəcədə möhtəşəm odduğunu anlamaq olar. O biri qalaların qalabəyləri də Şamaxıya toplandılar. Bakı və Dərbənd qalasından başqa rumluların əlində heç bir yer qalmadı. Qonstantin xan, şahın hüzurunda olan təyinata müvafiq olaraq, ölkəni əmirlərə verdi. Ölənlərin başlarını bir neçə nəfər əsir və 12 bayraqla Təbrizə, Şah Abbasın hüzuruna göndərdi. Bu xidmətin qarşısında ona tac, kəmər, xəncər, cəvahirlə bəzənmiş qılınc və sair ənam verildi.
    Bir neçə gün sonra yarası bir az sağaldı, gəlib Şamaxını mühasirə etməyə başladılar. Qalanı almaq üçün istədiyi topxana və qorxana şah ordusundan göndərildi. Mühasirənin müddəti çox uzandı. Qonstantin xan çox məğrur olduğundan, əmirlərə o qədər də əhəmiyyət vermirdi. Camaat da (xüsusən gürcülər) iki səbəbə görə, ondan narazı idilər: birinci səbəb - din ayrılığı idi, ikinci səbəb isə, atası Aleksandr xanın xilafına olaraq, onlara bir padişah kimi rəftar etməsi idi. On gündə bir dəfə də olsun onları ümumi işlərdən ötrü öz yanına buraxmırdı. Halbuki atası bunlarla başqa cür rəftar edərdi, əyandan olan hər bir kəs istədiyi zaman onun yanına gedərdi. Bu səbəblərə görə əhd etdilər ki, Qonstantin xandan üz çevirib, yanlarında olan Aleksandr xanın nəvəsini Gürcüstana aparıb taxta oturtsunlar.
    Tərəfdarlarından bir nəfər onu bu işdən xəbərdar etdisə də, o, çox məğrur olduğundan, buna əhəmiyyət vermədi. Atasının və özünün vəziri olan Ziyaüddün Kaşi də Qonstantin xanı gürcüləri cəzalandırmağa qoymadı. Gözəl və faydalı nəsihətlərlə gürcülərin halını yaxşılaşdırmaq istədi. Onlar zahirdə ixlas və səmimiyyət göstərib dedilər ki, biz ancaq səfər və müharibənin uzanmasından təngə gəlmişik. Artıq Şirvanda qalmağa taqətimiz yoxdur. Vəzir söz verdi ki, bir aya kimi izin alıb onların qayıtmaq tədarükünü görsün. Beləliklə də o, xanın ürəyini təşvişdən qurtardı.
    Bir gecə keşikdə olan gürcü zadəkanlarından (aznaurlarından) bir neçəsi qarışıqlıq salıb xanın çadırını əhatə etdilər. Şahın Qarapiri adlı mülazimi onu bu işdən xəbərdar etdi. O da çadırın arxasını yarıb Əli xan Müvafiqin mənzilinə qaçdı. Gürcülər xan zənn edərək onun xadimlərindən bir neçəsini öldürdülər. Aleksandr xanın nəvəsini ələ keçirib, toplaşdıqları yerə qayıtdılar.
    Əli xanın mənzilində kərənay çalındı, qızılbaş qoşunları hər bir tərəfdən toplandılar. Gürcülər qoşunun toplanmasından anladılar ki, Qonstantin xan sağdır. Valizadəni götürüb, hamısı bir yerdə Gürcüstana yola düşdülər. Xan, ertəsi gün səhər tezdən bir dəstə ilə gedib onlara çatdı. Gürcülər vuruşa hazırlaşıb açıq və uca bir səslə: "Sən müsəlmansan, bizə xristian hakim lazımdır” - dedilər. Xan vuruşmanı məsləhət görməyib geri qayıtdı. Qorxusundan qalanın yanına gəlməyib ordudan əl çəkdi. heç bir yerdə durmadan Ərdəbilə gəldi. Oradakı bütün ordu ləvazimatı və ticarət malları rumlulara qənimət qaldı.
    Qonstantin xan macəranı Maku qalası yanında şahın huzuruna ərz etdi və kömək istədi. Şah tərəfindən qəbul edilib yardım vədəsi aldı. Lakin o, (şahdan) icazəsiz tacirlərdən zorla və xoşla xeyli pul toplayıb yanındakı əmirlər ilə Gürcüstana hərəkət etdi. Ləzgi, Şirvan və Otuziki elinin yığıntı adamlarından ibarət bir çox qoşun onunla bərabər idi.
    Şahmir xan da Şəki tərəfdən gəlib ona qoşuldu. Gürcülər, şahın Qonstantin xandan narazı olduğunu bildikdə, daha da cürətlənib, onu Qanıq çayı kənarında qarşıladılar. Qonstantin xan məğlub edilib öldürüldü...
    Onun qoşunu min fəlakətə uğrayıb, bir hissəsi Azərbaycana, bir hissəsi də Şahmir xanla Şəkiyə getdi. Şah Abbas Gəncə, Tiflis və Tumanis qalalarını aldıqdan sonra, Qarabağ-Bərgüşat yolu ilə hiçri 1015-ci (=1606) ildə, qışın əvvəllərində, Şirvanı almağa getdi. Hüzurunun xas adamlarından ağıllı və huşyar Məhəmməd bəyi də nəsihətamiz bir məktubla Şamaxıya, bəylərbəyi Əhməd paşanın və Rum böyüklərinin yanına göndərdi, özü isə Arasbara getdi.
    Şəmsəddin paşa Şirvan şeyxzadələrindən və osmanlı dövlətinin inanılmış adamlarından biri idi. Rumlular onun məşvərətilə incə bir hiylə işlədərək, şahın hərəkətinə mane olmaq istədilər. Məhəmməd bəyə cavab verdilər: Şirvan bizə aid olmasa da, bizim üçün bu qış zamanı getmək mümkün deyildi. Əgər 3-4 ay möhlət verilsə, biz özümüz vilayəti boşaldarıq. Lakin Şamaxı şahpərəstlərindən bir neçəsi gizli olaraq Məhəmməd bəyə məlumat verdilər ki, rumlular Şamaxını boşaldıb, Dağıstanın yardımı ilə möhkəm Dərbənd qalasında dayanmaq fikrindədirlər. Lakin İstanbula getmiş olan Şəmsəddin paşa bu yaxınlarda qayıdıb gəlmişdir. Rumlular və Şirvan əhalisi adına fərmanlar gətirib nəşr edir. Bu fərmanlarda deyilir ki, Kəfəyə (Feodosiyaya) neçə min yeniçəri gəlmişdir. Krım valisi Qazi Gəray xan da, tatar qoşunu ilə Şirvana hərəkət etməyə məmurdur. Baharın əvvəllərində, hər iki tərəfdən saysız-hesabsız Rum qoşunu yetişəcəkdir.
    Bundan əlavə, kəşf-kəramət göstərib deyir: Rumdakı övliyarlar ona demişlər ki, qızılbaş qoşunundan Şamaxıya heç bir zərər və xəsarət toxunmayacaqdır. Avam xalq da, buna inanıb, hələlik burada qalmaq fikrindədir. Xülasə, şahın ordusu Arasbarın Xan arxından köçüb Cavad keçidinə gəldi. Rumlular körpünü dağıtdıqlarından Kürdən kərəcilər və sal ilə keçib Qarasuda endilər. Oradan da Şamaxıya üz qoydular. Ordunun hərbi ləvazimatını Kürdən keçirmək üçün təqribən 10 gün vaxt sərf etdilər. Soyuq və buz səbəbinə bir çox minik və yük heyvanı batıb tələf oldu, yerdə qalanları da çox çətinlik çəkdi.
    Şah hicri 1015-ci (=1606) ildə, ramazan ayının 10-da Yasamal keçidindən qalanın yaxınlığına gəlib, vəziyyəti nəzərdən keçirdi. Şəhərin qərb tərəfində, qaladan fərsəxin dörddə bir qədər aralı, iki dağ arasında münasib bir yerdə çadır qurdular. Bu yerə indi də şah yurdu və buradakı çeşməyə Şah bulağı deyirlər. 4000 nəfərə yaxın rumlu dərvəzasını bağlayıb, müdafiə işlərilə məşğul oldular. Şamaxı qalası bir dərənin içindədir, şəhərin və qalanın uzunluğu isə o dərənin eninə düşmüşdür. Şəhərin rəiyyət evləri yerləşmiş olan əsas hissəsi cənub tərəfdə, dağın ətəyində vaqedir. Keçmiş sultan və hakimlərin evləri isə, şimal tərəfdəki dağa bitişik olub, daha yüksəkdədir. Rumlular bu hissələrin hər birində bir qala düzəldib, bir-birilə birləşdirmiş və şimaldakı qalanı yüksək burclarla möhkəmləndirmişdilər. Şah ətrafı nəzərdən keçirəndən sonra, qazılacaq səngərlərin yerini təyin etdi. Şimal tərəfdə xəndək qazımaq çox çətin olduğundan, bunu Allahverdi xanın ixtiyarına verdi. Qərb tərəfdə də beş xəndək qazılmasını əmr edərək, tərtib üzrə hər birini bir sərkərdənin öhdəsinə tapşırdı. Xəndəyin ibtidası uzaqdan başlanıb hər bir neçə addımda burcvari bir şəkildə qazılır, lazımi mühafizlər təyin edilirdi. Üç aya yaxın davam edən yağışın çoxluğundan palçıq bir dərəcəyə yetişmişdi ki, gedişgəliş çətinləşmişdi. Ot-ələf tapılmadığından, ordunun minik heyvanlarını aşağıdakı otlaqlara göndərdilər. Bu səbəbə Rum atlıları bəzən qaladan çıxıb basqın edirdilər. Buna görə bəzi varlılar öz atlarını gətirib, Rum süvarilərini qaladan çıxmağa qoymadılar.
    Mühasirədə olanlar, xəndək və səngərlər üzərinə bir neçə dəfə hücum etdilərsə də, bir iş görə bilmədilər. Gəncə qalasını almaq üçün qayrılan topların gətirilməsi xüsusunda şah tərəfindən əmr verildi. Ölkə işlərini nizam və intizama salmaq, rəiyyətin vəziyyətini yaxşılaşdırmaqdan ötrü Qaramanlı Zülfüqar xan Şirvanın əmirülüməralığına təyin edildi.
    Bu zaman Bakı və Dərbənd qalalarının fəth edilməsi mümkün oldu. Bu hadisənin təfsilatı belədir: Rumlular var qüvvələrini Şamaxı qalasını saxlamaq üçün sərf etdiklərindən, Bakı və Dərbənd işlərilə bir o qədər məşqul olmamışdılar. Bakı və Dərbənddə olan mühafizə dəstələrini sayı 200-300 nəfərdən artıq deyildi. Bunların çoxu da yerli əhalidən olub, ancaq maaş üçün xidmət edirdi. Bir az keçəndən sonra Bakı əhalisi şahpərəstlik izhar etdi. Bakı qalabəyisi onların bəzisini cəzalandırmağa başladı. Onlar iğtişaş qaldırıb, rumluların üzərinə töküldülər. Bir hissəsini qətl edib, bir hissəsini də əsir etdilər. Ölənlərin başlarını və əsirləri şahın hüzuruna göndərdilər. Bu xidmətlərinə qarşı osmanlılardan alınan qənimətlər, çoxlu ənam və cayizə onlara mərhəmət edildi. Bu möhkəm qalaya, qalabəyi və mühafizlər təyin edildi.
    Rumluların xidmətində olan bir çox Dərbənd əhalisi də bakılılar kimi hərəkət etməyə başladı. Xacə Məhəmməd Dərbəndinin oğlu Şah Təhmasib dövründə layiqli xidmətlər göstərmişdi. Xülasə bu padişahın lütf və mərhəmətinə nail olmuşdu. O, adam göndərib, Qaytaq üsmisi Xan Məhəmmədin oğlu Rüstəm xanın 200-300 nəfərlik bir dəstə ilə şəhərə gətirdi və şahpərəstlik izhar etməyə başladı. Qalabəyi Gəzər Həsən özünü itirib, 60-70 nəfər rumlu ilə Narınqalaya çəkildi. Xacə Məhəmmədin oğlu, Dərbənddəki yoldaşları və Üsmi xanın mülazimləri ilə şahın hüzuruna gəlib lütf və mərhəmətinə nail oldu. Şah onların əmlak vergilərini bağışladı. Dərbənd əhalisini divan vergilərindən azad edib, Üsmi adına lütf və mərhəmət ifadə edən bir fərman yazdı. Öz bacarığı ilə məşhur olan xas qulamı Mənuçehr bəyi, cığatay, xorasanlı, iraqlı və sairdən mürəkkəb bir dəstə tüfəngçilə qalaya qalabəyi və yollara mühafiz təyin etdi. Şahnəzər bəy Təkəli Cığatay Şahqulu sultan Bayat, Mir Nemətullah sultan və sairdən ibarət bəzi əmirlər və əsgərlər də onların köməyinə getdilər. Üsmi Rüstəm xan ilə birlikdə burcların və hasarların altından lağımlar atdılar. Bununla da qala əhlinin işini çətinləşdirdilər. Gəzər Həsən, əmirlərin yanına adam göndərib, aman istədi, yoldaşları ilə birlikdə şahın qulluğuna girməyi xahiş etdi. Onun bu xahişi qəbul olundu, özü də hüzurun xidmətçiləri sırasına keçdi.
    Şahın fikri Dərbəndi möhkəmləndirmək idi. Silahdarbaşı Gözüböyüklü Qənbər bəyi burclar təmir etmək və səddi möhkəmləndirmək işlərinə rəhbər təyin etdi. Şah əmr etdi ki, mümkün qədər dənizin içərisində bir burç tikdirib, onun divarını qalanın hasarına bitişdirsinlər. Ta ki, su azaldığı zamanlarda da gediş-gəliş mümkün olmasın.
    Qəribə asardan biri də budur ki, burcun binasını qoyduqda, dəniz içərisində dəmir millər ilə bir-birinə bağlı daş və kərpicdən tikilmiş qədim bir burcun təməli meydana çıxdı. Yeni burcun binasını bu təməlin üzərində qoydular. Xalq arasında məşhurdur ki, Quranda adı çəkilən Zülqərneyi səddi həmin Babüləbvab səddidir. Bu sədd, Yəcuc xasiyyətli Dəşti-Qıpçaq əhlini dəf etmək üçün dəniz kənarından Əlbürz dağına qədər çəkilmişdir.
    Bu əsnada, qabaqcadan Qazi Gəray xanın yanına səfarətə göndərilmiş Talıb bəylə, Hacı Bayram adlı bir nəfər gəlib dostluq məktubu gətirdi, sədaqət və səmimiyyət izhar etdi. Bu hadisə, Şamaxı qalasında yaşayanların iğtişaş salmasına daha çox səbəb oldu. Gürcüstan valisi Təhmurəs xanın anası da 1000 nəfərlə gəldi. həmçinin Dağıstan əmirləri, Çərkəz əmirzadələri, Qaytaq üsmisi Rüstəm xanın qardaşları, zaxurlu Əli bəy və Təbərsəran valisi Məsum xan da şahın dərbarına üz qoydular... Məsum xan səbəbsiz qorxuya düşdü və icazəsiz oradan ayrılaraq, Təbərsəran yolunu tutub getdi. Şah onun ardınca xələt və məktub göndərib könlünü aldı.
    Təsadüfi olaraq, qurban bayramı günü, divanxananın yanında özü çubuqdan və sütunları qamışdan qayrılmış bir eyvanda qonaqlıq büsatı düzəlmişdi. Sədrəzəmlər, böyük alimlər, əmirlər və dövlət başçıları burada oturub padişahın gəlməsini gözləyirdilər. Birdən eyvan uçuldu; Dağıstan əmirzadələri bir tərəfdə oturduqlarından tez bayıra çıxdılar. Sədrəzəmlərdən, ülamə və dövlət başçılarından bir çoxu yaralanıb həlak oldu.
    Xülasə, Gəncədən böyük topları gətirməyə məmur olan Əmirgunə xanın qardaşı Hüseynqulu xan Qacar, topları səlamət gətirib orduya yetirdi. Bunlardan birini Allahverdi xanın, o biri də, Qarçaqay bəyin səngərinə qoydular. Otuz batmanlıq (ağır) topların və xəndəkdən keçib, hasar altına çatmış lağımların sədəməsindən qala və qaladakıların halı gündən-günə zəifləməkdə idi. Mühasirə edənlər yürüş və hücum hazırlığı görüb, hökm və fərmana müntəzir idilər. Lakin şah istəyirdi ki, şəhər zorla alınsın, günahkarlarla bərabər günahsızların qanı tökülsün və malları qarət olunsun. Axırda, Qarçaqay bəyin səngərindəki qulamlardan bir neçəsi firsət top zərbi ilə zədələnmiş bir burcun üstünə çıxdılar. Qoşun da bu hadisəni yürüş fərmanı zənn edib həmin yoldan hücçuma başladı. Qarçaqay bəy bu halda maneçilik göstərməyin faydasız olduğunu anladı, bir çox qoşunun həlak olmasından qorxaraq, istər-istəməz yürüş və hücum əmri verdi.
    Zülfüqar xan səngərinin qarşısında da köhnə burclardan birinin bir tərəfi top gülləsilə uçulub tökülmüşdü. Qala əhlindən iki nəfər gəlib dedilər: burc boşdur, əgər istəsəniz gəlin. Qoşun əhli firsəti fövt etməyib, 150 nəfərə qədəri yuxarı dırmaşdı. Zülfüqar xan işi belə görüncə, burcun üzərinə çıxıb naqara və nəfir çaldıraraq hücuma əmr verdi. Bütün qoşun ətrafdan şəhərə üz qoydu. Az bir zamanda şəhər və aşağıdakı qala alındı. Qala əhlindən 3000 nəfərə qədər qətlə yetişdi. Şahın qoşunundan ancaq bu 3-4 nəfər adam tələf oldu.
    Rumlular yuxarıdakı qalaya çəkilib özlərini müdafiə etməyə başladılar. Şəhərə girmiş qoşun evdən evə yol açıb, lağımları iki qala arasında fasilə olan yuxarı qalanın divarlarına və burclarına çatdırdılar və onu uçurdular. O biri tərəfdən də qorçular öz sənkərlərini xəndəyə və buradan da üstüörtülü yolla özlərini yüksək burca çatdırıb hücumla onu aldılar. Bu hadisədən sonra, rumlular evlərin divarlarından və qapılarından müdafiəyə başladılar. Axırda iş-işdən keçdiyindən, Əhməd paşa öz xas adamlarından bir dəstə ilə keçmişdə şirvanşahların məskəni olan bir köşkün damı üzərinə çıxıb müdafəi edirdi. Axırda, Allahverdi xan vasitəsilə, gecəni möhlət istədi ki, səhəri qalanı təslim etsin. Onun bu diləyi şah tərəfindən qəbul olundu. Lakin qalanın ətrafına gözətçilər təyin edildi ki, gecə heç kəs çıxıb gedə bilməsin.
    Səhər, qalanın mühasirəsindən 6 ay keçəndən sonra, şahanə məclis quruldu. Şah dini ayin üzrə Allaha həmd və səna edib, dövlət taxtında qərar tutdu və şənlik naqaraları çalındı. Qarqaçay bəy qulamlar və tüfəngçilərlə qalanı və dərvazanı almağa, Hüseyn bəy carçıbaşı Zülqədər isə Əhməd paşanı, Şəmsəddin paşanı, onun qardaşını və oğlunu, Kiçik Həsən və bir neçə başqa adamları tutub huzura gətirməyə məmur edildi. Əhməd paşa ağıllı və söz anlar bir şəxs olduğundan aman tapdı. Kəşf-kəramət iddiasında olub, qalanın qızılbaşlar tərəfindən alına bilməyəcəyinə hökm verən Şəmsəddin paşanın, şahın əmrilə əvvəl uzun saqqalını yoldular, sonra qardaşı oğlu və bir neçə başqa adamlarla işgəncə ilə öldürdülər. Rum qoşunlarının mallarını zəbt etdikdən sonra onlara istədikləri yerə getməyə icazə verdilər. Şəhərin varlı və əyanlarından müsadirə yolu ilə bir çox mal alınıb Şirvan əhalisindən lazım görülən şəxslərə ənam verildi.
    Fitnəsindən qorxu gözlənilən şəxslərdə hakimlər tərəfindən tədricən dəf olundu. Şirvanlılar qızılbaşlarla həmfikir olduqlarını göstərmək üçün, çox vaxt onlara dost və aşna olan rumluları öldürürdülər. Bu zaman Şirvan əyalətinə hakim təyin edilən Zülfüqar xandan çox çirkin bir hərəkət baş verdi. Bu hərəkətinə görə o, şah və qoşun tərəfindən məzəmmət olundu. Bunun təfsilatı belədir: onun bacısı və qardaşının iki qızı Əhməd xan Gilani hadisəsində Şirvanda rumluların əlinə keçmişdi. Rumluların əyanlarından bəzisi, insaniyyətpərvərlik göstərərək və onların namusunu mühafizə etmək məqsədilə onları alıb, övlad sahibi olmuşdular. İnsafsız Zülfüqar xan sileyi-rəhm gözləməyib, qadın və kişi 32 nəfərdən ibarət olan hamısını bir gecədə öldürtdü. Özü də aşağıda qeyd ediləcəyi kimi ömründən və dövlətindən bir fayda görmədi.
    Dərbənd və Şabran hökuməti Ustacallı Çıraq sultana həvalə olundu. Şahnəzər bəy Təkəli də ona müavin təyin edildi. Zülfüqar xan Şamaxıya gəlib, işləri yoluna qoymağa və şəhəri abad etməyə başladı. Şah da havaların istiliyi üzündən Şamaxı yaylaqlarına gedib, eyş-işrətə məşğul oldu. Daqıstan və Çərkəzistan hakimləri və əmirlərindən hüzurda olanları və ya elçilər vasitəsilə ixlas göstərənlərini padişaha layiq ənamlarla mükafatlandırdı. Rüstəm xan Üsmi üçün də layiqli xələtlər göndərdi. Qorxuya düşən Məsum xanı arxayın etmək üçün Şirvan vəziri Məhəmməd Saleh bəylə ona xələt və hədiyyələr göndərdi. O da minnətdarlıq nişanəsi olaraq hərəmxanasına məxsus qızlardan birini şahın hərəmxanasına göndərdi. Özünü də dərgahın müxlislərindən hesab etdi. Şah Abbas, Şirvan və Dağıstan işlərini yoluna qoyduqdan sonra, Ərdəbilə yola düşdü. Əli bəy Çavanşir də Cavad keçidindəki körpünü düzəltməyə məmur edildi.
    Şirvanın qarışıqlıq dövründə, Şabranın Təbərsərana bitişik olan bir nahiyəsi təbərsəranlıların əlinə keçmişdi. Rumlular təbərsəranlıların yardımına möhtac olduqlarından, bu yeri onlardan istəmədilər. Təbərsəranlılar indi də onu Şabran hakiminin ixtiyarına vermirdilər. Onların qorxusundan hakimin qulluqçularının buraya gedib-gəlməsi çətin idi. Buna görə, şah tərəfindən Şirvan bəylərbəyisi Zülfüqar xana əmr olundu ki, o, nahiyədə möhkəm bir qala tikdirib, mühafizlər təyin etsin və onların azuqədən təmin olunmasına nail olsun. Ta ki, gediş-gəliş yolu dağ əhalisinin şərrindən asudə olsun, Zülfüqar xan da qoşunla bu nahiyəyə gəlib, əhvalatı Təbərsəran valisi Məsum xana bildirdi. O, buna razı olmadı və qala üçün yer təyin edildiyi zaman, neçə min atlı və piyada ilə, müharibə qəsdilə qarşıya çıxdı. Zülfüqar xan bir daha elçi göndərib, ona nəsihət etdi, onu əzmindən döndərmək istədi, lakin fayda vermədi. Döyüş səfləri tərtib olundu, birinci hücumda təbərsəranlılar məğlub edildilər, onlardan 1000 nəfərə qədər qırıldı. Zülfüqar xan az zaman içərisində ona tapşırılan mühüm məsələni bitirib qayıtdı. İşin keyfiyyətini şahın dərbarına bildirdi. Bu hadisə şah həzrətlərinin xoşuna getmədi, çünki o, Məsum xanın xatirini istəyirdi və həm də hərəmxanasında olan qadınlardan biri Məsum xanın əqrəbasından idi. Buna görə, Zülfüqar xana buyurdu ki, etibarlı bir adam göndərib, Məsum xanın könlünü alsın. Vali Zülfüqar xan da öz etdiyindən peşman olub üzr istədi.
    Zülfüqar xanın istilası, məğrurluğu və qala tikdirməsi üzündən, Dağıstan hakimləri və Təbərsəran... başçıları, özlərinin məhv olmasından qorxaraq xəyalən pərişan bir halda idilər.
    İran Padişahı hicri 1018-ci (=1609) ildə, Qarabağda qışladığı zaman, yaxın adamlarından Qarçaqay bəyi hüzurunda olan bir dəstə qulam və qoşunla göndərdi ki, Zülfüqar xan və Şirvan əmirlərilə Şabrana getsin, könül alan məktublarla Dağıstan hakimlərini arxayın etsin, tabe olanlara hörmət göstərsin, onları övlad və əqrabalarından bəzisinə xidmət etmək üçün şahın dərbarına göndərsin, üsyan edənləri isə cəzalandırsın. O, Şabrana gəldikdən sonra, "şahdan gizli məktub var” bəhanəsilə Zülfüqar xanın çadırında onunla tək qaldı. Bu vaxt şahın qulamlarından bir neçəsi çadıra daxil olub Zülfüqar xanı öldürdülər. Şah tərəfindən verilən fərmana görə, Şirvan əyaləti keçmişdə Astarabad hakimi olan Yusif xan Mirşikara verildi. Qaramanlı oymağından olan bir dəstə qorçular sırasına keçdi, qalan qoşun hökmə görə Yusif xanın ixtiyarına verildi.
    Zülfüqar xandan qorxan Dağıstan hakimləri vahiməsiz Qarçaqay bəyin yanına qayıtdılar. Sədaqət göstərdilər, öz adamlarını ləyaqətli peşkəşlərlə ona qoşaraq padişahın dərgahına göndərdilər. Hicri 1024-cü (=1615) ildə Rum əsgərlərinin gəlməsi xəbəri yayıldığı zaman, sərhəd işlərində iğtişaş baş verdi, Gürcüstana qarışıqlıq düşdü. Şirvanda da osmanlılara meyl və məhəbbət göstərməklə müttəhim və haqlarında sürgün hökmü verilən şəxslər firsət tapdılar.
    Xüsusən, Dəli Məlik ləqəbilə məşhur olan Qabıstan tərəkəmələrinin başçısı Məlik Piri, Şirvan dələdüzlərindən bir dəstəni öz başına yığdı. Dağıstan tərəflərini özlərinə sığınaq edərək, ölkənin kənar bucaqlarında qarətgərliyə başladılar. Bu cəhətdən, Şirvan vilayətində də çaxnaşma əmələ gəlib, fitnə və qarışıqlıq meydana çıxdı. Dəli Məlik baş qaldırmış olan Kaxet valisi Təhmurəs xanın yanına bir nəfər göndərib, ona tərəfdar olduğunu bildirdi. Başındakı dəstə ilə, şirvanlı İmadəddin bəyin nəvəsi, Ərəş hakimi və möhürdarı olan Şahqulu bəy Zülqədərin qız nəvəsi Məhəmmədhüseyn sultanın üzərinə yürüdü. Məhəmmədhüseyn sultan öz köçünü və ailəsini qarşılamaq üçün Kür kənarına getmişdi, bu zaman onun üzərinə töküldülər. Sultan yanındakı azacıq adamla, bacardığı qədər özünü müdafiə etdi, axırda hamısı öldürüldü və bütün var-yoxları yağıların əlinə keçdi. Sultanın adamları qala qapısını bağlayıb, istədilər ki, vaxtı uzatmaqla ya aman tapsınlar, ya da amangah. Dəli Məlik öz adamları ilə Ərəş qalası qarşısında yerləşdi. Lakin Gürcüstan və Şirvan iğtişaşını yatırmağa təyin edilən qızılbaş qoşunun gəlməsini eşidərək, Dəli Məlikin tabeləri dağışıb getdilər. O, Gürcüstan və Dağıstanda avara-vətən və bədbəxt olub adı batdı.
    Hicri 1025-ci (=1616) ildə, Şah Abbas özü Gürcüstanı cəzalandırmağa getdi. Yusif xan Şirvan qoşunu ilə Zəyəm tərəfindən hərəkət etdi, çayın kənarında yerləşdi. Bu zaman Zəyəmin xristianları toplaşıb şirvanlılara hücum etdilər. Böyük bir müharibədən sonra, Zəyəm əhalisi məğlub oldu və bir çoxları öldürüldü. Sağ qalanları da qaçmağa başladılar. Şirvanlılar Zəyəm şəhərində abadlıqdan bir əsər və əlamət qoymadılar. Qaytaq üsmisi Rüstəm xan, sədaqət izhar etmək üçün şahın hüzuruna gəlmişdi. O, Alget çayı kənarında ehtiramla qəbul edilərək, Dərbənd əyalətinin hakimlik fərmanilə geri qayıtdı. Dağıstan və Təbərsəranın sair hakimləri də öz adamlarını layiqli peşkəşlərlə bərabər göndərmişdilər, bunlar da qiymətli xələtlərlə təltif edildilər.
    Bu tərəflərin mühüm işləri, istənildiyi kimi yoluna qoyuldu. Şah Gəncə şəhərini köhnə yerindən köçürüb, bir ağac yuxarıda olan indiki yerində bina etdirdi. Buradakı meydan, məscid və karvansara elm və əməldə həqiqətən kamil bir vücud olan böyük Şeyx Bəhaəddin Məhəmməd Amilinin planı üzrə tikilmişdir. Bunlar Şah Abbasdan qalan tarixi abidələrdən bir yadigardır. Şirvan vilayəti bu hadisələrdən sonra səfəvilər dövlətinin qarışıqlıq zamanına qədər, İran əmirləri və bəylərbəyilərinin hökumət mərkəzi olmuşdur.
    Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir çox mülki və əsgəri qanunlar, İran şahları üçün rəhbər olmuşdur. Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən Avropa tarixçiləri belə, bu elmi sevən padişaha "Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətlə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cümlədən, Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və fənndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir çox müşkül işləri həll etməklə məşğul olmasına baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail olub, gözəl təbi-şerə də malik idi...
    Şah Abbas hicri 1038-ci (=1629) ildə, 54 yaşında, Mazandaranın Əşrəf adlı şəhərində vəfat etdi. O, bu şəhəri özü bina etdirmişdi, gürcülərdən bir qismini köçürüb, burada yerləşdirmişdi. Sam mirzə ibni-Səfi mirzə ibni-Şah Abbas - atasının vəfatından sonra onun adı ilə adlanıb vəliəhdliyə təyin olunduğu üçün - 18 yaşında Şah Səfi adı ilə taxta oturdu.
    O, osmanlı qoşunu ilə qalibiyyətlə müharibələr etdi. Sultan Murad xanın aldığı İrəvan şəhərini bir neçə aydan sonra, hicri 1048-ci (=1639) ildə fəth etdi. Rum Xandikarının (Sultan Muradın) İran əleyhinə təşviq etdiyi Üsmi Rüstəm xana qarşı, Qumuq əmiri Surxay mirzə ibni-Eldar xan ibni-Surxay şamxalı qüvvətləndirib şamxallığa təyin etdi. Bundan bir il qabaq rus padişahı Mixail Fyodoroviç da onun şamxallığını təsdiq etmişdi.
    Qəbrinin kitabəsinə görə, Surxay mirzə hicri 1049-cu (=1640) ildə, Buynaqda vəfat etmişdi. Məlum olur ki, ondan sonra şamxalların və vəliəhdlərin keçmiş hökumət mərkəzi olan Qumuq şəhərində onlardan kimsə hökmranlıq etməmişdir.
    Qaziqumuqlular bir müddət naib vasitəsilə şamxalın müəyyən olan vergisini vermişlər. Axırda onlar da, dönüklüyə başlamışlar. Şah Səfinin hüzuruna girov olaraq göndərilən Surxay mirzənin qardaşı Əlqas mirzə, Səfiqulu xan ləqəbilə əmirlik mənsəbinə yetişdi. O, bir müddət İrəvan və Şirvanda hökmranlıq etdi. Şah Səfi hicri 1052-ci (=1642) ildə vəfat etdi. Oğlu II Şah Abbas 10 yaşında səltənət taxtına oturdu. O, Gürcüstana səfər açıb, itaət etməyənləri külli surətdə qətl və qarət etdi. Calallı və sərvətli bir padişah olub səltənət işlərini qurmağı da yaxşı bacarırdı. Onun təbi-şeri də var idi...
    O da 24 il padişahlıq etdikdən sonra vəfat etdi. Oğlu Şah Səfəvi İran taxtına sahib olub, bir neçə vaxtdan sonra Şah Süleyman adını aldı. Əmmə xan və Eldar xan övladının, Gəray xan və Surxay şamxal oğlanlarının adına yazılan fərmanların tarix və məzmunlarından məlum olur ki, Şah Süleyman və onun atası, Dağıstan əmirlərinə maaşdan əlavə, Şirvan vilayətindəki kəndlərdən bir neçəsini də veriblərmiş. Onlar da, əvvəlkindən daha çox gediş-gəlişdə olub xidmət göstərməyə başlamışdılar.
    O zamanlarda üsmi sülaləsi iki şebəyə ayrılırdı: bunlardan biri Məcalisdə, o biri də Engi-kənddə otururdu. Bu iki şöbənin hər birindən növbə ilə üsmiliyə keçən şəxs Başlıda otururdu. Bu zaman aralarına çəkişmə düşdü. Engi-kənd şöbəsi böyük olan Məcalis şöbəsinə qalib gəldi, Hüseyn xan adlı kiçik yaşlı bir oğlandan başqa hamısını öldürdülər. Bu şöbənin yaxın adamlarından Ayda bəy adlı bir nəfər onu götürüb şamxalın yanına qaçdı. Gənclik dövrünə çatıb, hünərli və igid bir cavan olandan sonra, Hüseyn xan İrana getdi. Bir müddət Səlyan Rudbarında, qazi Axund Molla Məhəmmədin evində qonaq qaldı, qızı Xədicə bəyimi aldı. İsfahana gəldikdən sonra, şahın dərbarına yol toplayıb, eyşişrətə qızışdı. Mülazimlərinin bütün libas və silahlarını satdırdı. Bu əsnada, Qacar əmirləri xanədanından Zöhrə xanım adlı bir qız, onun şücaətinə və gözəlliyinə məftun oldu. Qız eşqbazlığa başlayıb ona hər cür köməklik edirdi. Hüseyn xanın haqqında yazılmış və bu ölkədə çox şöhrət tapan bu şeri o qıza nisbət verirlər:

QƏZƏL


    Çəkib ruxsarə yapunci, edər can qəsdin ol yaği,
    Könul dərbəndini çapdı, qoyanda başə qeytaği,
    Dağıstan dağını gör-gör, sığınmaz dağı köysumə,
    Qara geymiş Qumuq xalqı, tutubdur Dəşti-Qıpçağı.
    Bitən hər gül olur xoşbu, taalallah bu mənzildə,
    Gülüstani-İrəm bulmuş, məkər bu Qubbə torpağı.
    Ləbi-ləli-şəkərbarın, təkəllumdən, təbəssumdən,
    Sanasan bağ ara titrər, səbadən lalə yarpağı.
    Közum yaşini mən billəm, yıxar könlüm evin axır,
    Olur əlbəttə viran, olsa hər mənzil su oynağı.
    Xülasə, (Hüseyn xan) o qızı aldı. Layiqli xidmətlərinə görə, padişahın hüzurunda tanındı. Çox şücaət və hünər sahibi olmaqla ad çıxardığından Quba və Səlyan ölkələri ona verildi. Oğlu Əhməd xan bu qızdan olmuşdur. Buna görə, Ağa Məhəmməd şah Şeyx Əli xanın özünə qohum hesab edirdi. Bu yaxınlıq səbəbinə Fətəli şahın anası ilə II Mirzə Məhəmməd xanın anası Xədicə bikə arasında mehribancasına yazışmalar davam edirdi. Rudbar və Səlyan qazisinin qızından da Qəbilə xanım adlı bir qız dünyaya gəlmişdir ki, bu nahiyənin əmirləri onun nəslindəndir. Hüseyn xan Qubadakı Xudad qalasını təmir edib, özünü hökumət mərkəzi qərar verdi. Burada, İran üslubunda düzəltdiyi bağ indi də vardır. Xanədanı, İranda qəbul etdiyi şiə məzhəbində qalmışdır.
    Hicri 1100-cü (=1689) ildə Başlıya gəlib, öz irsi hökumətini üsmi Əli sultandan geri aldı. Əli sultan, ətraf və qonşu tayfalardan 30.000 qoşun toplayıb, təkrar Qaytaq əmirliyini ələ keçirdi. Hüseyn xan da Qubaya qayıdıb vəfat etdi.
    Bütün tarixçilərin yazdığına görə, Şah Süleyman ədalətli və ciddi, ölkədarlıq fənlərində mahir, elmi sevən, şəriətpərvər... və qonşu sultanlar ilə dostluq mərasimini gözləyən bir padişah idi. Ömrünün axırlarında şiddətli ayaq ağrısından yeddi il yataqda yatıb, hicri 1105-ci (=1694) ildə vəfat etdi. Oğlu Sultan Hüseyn taxta oturdu. Dindar və insaflı bir şəxs idi, həmişə üləma ilə görüşərdi. O, gecələr nafilə namazı qılardı, gündüzlər isə, əlaltıları qafilə soyardılar. Get-gedə ölkə xarabalığa üz tutdu. hər bir tərəfdən səltənət binasına rixnə düşdü. Bu tədbirsiz padişahın hökmranlıq dövrünün axırlarında, fəsad əhlinin dilədiyi kimi dövlət işləri nizamdan düşmüşdü. Şirvan və Dağıstan vilayətləri də iğtişaş və qarışıqlıq məhəlli oldu. Üsmi Əli sultan vəfat edib, Əmir Həmzə onun yerinə keçdi. Hicri 1107-ci (=1696) ildə onun əmirliyi şah tərəfindən də təsdiq olundu.
    O, on ildən artıq üsmi oldu. Axırda, Əhməd xan Hüseyn xan oğlu, Qaytaq əhalisindən bir çoxunun köməyi ilə gedib Başlını ələ keçirdi. Əmir Həmzə yuxarı mahallara qaçıb, bir neçə ildən sonra vəfat etdi. Onun vəfatından iki il sonra, Əhməd xan ibni-Ulu bəy üsmi ibni-Rüstəm xan müdafiəyə qalxışıb, bir neçə döyüşdən sonra Başlıda, Əhməd xan ibni-Hüseyn xan da Məcalisdə hökmran oldu. Axırda Əhməd xan ibni-Ulu bəyin təhrikilə, Əhməd xan ibni-Hüseyn xan üsmini Məcalisdə, indi də mövçud olan evində, mülazimlərindən biri öldürdü. Əhməd xan ibni-Ulu bəy üsmi oldu.
    Bu zamanlarda Sultan Hüseyn irsən 12 il müstəqil baş vəzir mənsəbində olan Fətəli xan ibni-Səfiqlu xan ibni- Eldar xan şamxalın gözlərini çıxartdırdı, onu mülki işlərdən uzaqlaşdırdı. Onun (Fətəli xanın) acığına, o zamana qədər şamxalın ixtiyarında olan Dağıstandakı işlərin nizamını pozdu. Fərman mucibincə, hicri 1123-cü (=1710) ildən etibarən, Qaytaq ölkəsinin işlərini Əhməd xana tapşırdı. Ona 100 tümən əvəzinə ildə 200 tümən maaş təyin etdi. Əhməd xan gündən-günə öz cəlal və dəbdəbəsini artırıb çoxlu qoşunla Təbərsəran üzərinə yeridi. Məhəmməd Məsum öz tərəfdarları ilə bərabər onunla barışdı. Rüstəm və Əli bəy isə öz dəstələri ilə birlikdə vuruşmağa başladılar. Bəzi kəndlər yandırılıb qarət edildikdən sonra bunlar da girov verərək aman istədilər. Bu hadisədən sonra üsmi məktublaşma və müxtəlif vasitələrlə şirvanlıları iğtişaş törətməyə və qızılbaşlar əleyhinə qalxmağa təhrik edirdi.
    Bu zaman Car və Tala camaatı Şəki ölkəsi hüdudunda sakin olan Zaxur əhalisilə bərabər üsyana başladı. Onları çəzalandırmaq üçün getmiş olan Şirvan bəylərbəyisi Həsənəli xan Şah mahalında öldürüldü. Üsyançılar onun ordusunun mal və sursatını ələ keçirdilər. Sonra gəlib Şamaxı şəhərini qarət edərək öz yerlərinə qayıtdılar. Bundan sonra mötəbər bir alim və mədrəsə sahibi olan Hacı Davud, Müskür camaatı tərəfindən vəkil edilərək üsminin yanına getdi, iğtişaş qaldırmaq haqqında onunla danışıq apardı. Üsmi, Mürtəzaəli Əmir Həmzə oğlü üsminin komandası altında bir dəstə əsgər göndərdi. O tərəflərin sünniləri də toplaşıb Şabran şəhəri üzərinə yürüdülər. Şiddətli müharibən sonra buranı aldılar və dağıdıb od vurdular.
    Üsmi xanədanına aid və bu hadisələri təsvir edən bir nüsxədə (salnamdə) yazıldığına görə, onlar beşikdəki uşaqları belə öldürürmüşlər. Şabran çayının sağ kənarında olan bu məşhur şəhərin xarabaları indi də buranın böyüklüyünü və abadlığını göstərməkdədir.
    Bu fəth və müzəffəriyyət xəbəri üsmi Əhməd xana çatdıqda o, Əli Curuq adlı bir nəfəri ayrı bir qoşunla Quba üsyançılarının köməyinə göndərdi. Bunlar Əhməd xanın qaynatası alpanlı Hacı Qaibin və müskürlü Hacı Davudun bacısı oğlu Nəzirin təhriki ilə öz əmirləri Sultan Əhməd xan ibni-Əhməd xan ibni-Hüseyn xana qarşı üsyan etmişdilər. Az bir mühasirədən sonra Xudad qalası alındı. Sultan Əhməd xan da qaçdığı zaman tərəfdarları ilə bərabər ələ keçib öldürüldü.
    Onun südəmər körpə oğlu Hüseynəli xanın tərəfdarlarının bəzisi gizlicə Axtı kəndinə aparıb saxladılar. Hüseynəli xan rus padişahı Pyotr gələn vaxt onun əmrilə gəlib öz irsi mülkünə sahib oldu. Hüseynəli xan göstərdiyi ixlas və xidmətlərinə görə Nadir şahın əsərlərində də iltifatə nail olmuşdu. Nadir şah Səlyanı da qabaqkı qərar üzrə ona bağışlamışdı. Xülasə, Xudad fəth edildikdən sonra Əhməd xan üsmi öz qoşunu, mal-dövlətlə öz tərəfinə çəkdiyi aqquşalılar və sair yerlilərlə bərabər, Qaziqumuğun başçısı Surxay ibni-Gəray ibni-Əli bəylə ittifaq edərək Müskürə gəldi. Oradan da Hacı Davud və Quba əhalisi ilə birləşərək, otuz minə yaxın qoşunla gedib Şamaxı şəhərini mühasirəyə aldı. Lakin o, öz məqsədinə çatmayaraq geri qayıtdı. Şamaxı əhalisi şəhərin ətrafını hasarla möhkəmləndirib, müskürlüləri qarət etməyə başladılar. Əhməd xan üsmi Xasfulad ibni-Əmir Həmzə üsmini bir dəstə ilə Müskürün mühafizəsinə təyin etdi. Özü isə qış qurtarandan sonra Dərbəndin Kafiri adlı səhrasında Şamaxını almaq üçün Surxay xan və başqaları ilə ittifaq etdi.
    Gəray xan şamxal buna mane olaraq xəbər göndərdi ki, mən İran dövlətinin qulluqçusuyam, əgər siz Şamaxının üzərinə yürüsəniz, mən də sizin mülkünüzün üstünə gələcəyəm. Buna görə Əhməd xan öz mülkünü qorumaq üçün getmədi. Surxay və Haçı Davud isə öz adamları və üsminin qoşunundan bir dəstə ilə gedib, Şamaxını on beş günlük mühasirədən sonra, sünnilərin köməyilə, hicrin 1124-cü (=1712) ildə aldılar. Şiələri qətl-qarət etməkdə heç bir şey əsirgəmədilər. Bu hadisə zamanı, Şirvanın yeni bəylərbəyisi Hüseyn xan və 400.000 min tümən dəyərində malları olan üç yüz nəfərdən artıq rus taciri öldürüldü, malları da talan edildi.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>
Bölmə: Azərbaycan tarixi | Əlavə edildi: azerhero (27.12.2013) | Müəllif: R.C E W
Baxış: 850 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more