Əmir Teymur Axat keçidindən Qoysu çayına keçib, təqribən 7-8 min evdən ibarət böyük Ğədər şəhərini mühasirəyə aldı. Yerin çətinliyindən onu almaq imkansız görünürdü. Axırda, sülh məsələsini ortaya atdı, töhvə və hədiyyə adı ilə şəhərə içində silahlı əskər olan bir çox sandıq göndərdi; daxildən və xaricdən hücum edərək şəhəri aldı və xərabəzarə çevirdi. Ğədər şəhəri , Şamxal mülkündə indi də 400 evdən ibarət bir kənddir. Bu zaman Qumuqun keçmiş əmirləri nəslindən bir gözü kor Kübdən adlı bir əmir öküzə minib Teymurun hüzuruna gəldi və dedi: ""Mən korun sən
axsaqdan bir sualı vardır, biz kimik ki, sənin kimi iqtidarlı bir padişah bizimlə müharibəyə gəlsin və nəyimiz var ki, bizdən alsın?” Əmir Teymura onun sadə danışması xoş gəldi. Kübdən kəndinin bütün əmlakını ona verdi. O da öz eli ilə dağlardan köçüb, adına bir kənd və məskən saldılar. Onun nəsli və qəbilələri Qaraçıbəgan adı ilə məşhurdur. Onlardan bəziləri Qarabudaqkənd və sairdə yurd salmışlar.
Qüdrətli Əmir Teymurun bu ölkədə qoyub getdiyi əsərlərdən ən məşhuru bir torpaq səddir. Bu yer,
Axsaq Teymurun ori (Teymur Lənkin səddi) adı ilə məşhurdur. Bu sədd, Dərbənd ətrafından başlayıb Tərəkəmə mahalında təpələr şəklində davam edərək, Ütəmiş səhrasına gəlib çatdı. Buradan bir sədd şəklində, Buynaq və Tarxu altından Teymur-Quyuya gedir; Sulaq çayından və İndirinin aşağısından keçərək Mıçıqıçın ortası ilə Nasran və Qaraçay mülkündvn ötür; buradan başqa bir Teymur-Quyu adlı yerə, oradan da Quban çayına yetişir. Bəzilərinin dediyinə görə isə o Qara dənizə qədər uzanıb gedir. Bu böyük abidənin nə məqsədlə tikiliyi məlum deyilsə də, güman etmək olar ki, Əmir Teymur bununla sərhəddi təyin etmək, öz qüvvət və qüdrətini göstərməkdən başqa bir şey nəzərə almamışdır.
Xülasə, Əmir Teymur Dağıstan işlərini mümkün qədər yoluna qoyduqdan sonra, Buynaq yuxarısındakı məşhur düşərgəsindən hərəkət edib, hicri 798-ci (=1396) ilin baharında Dərbəndə gəldi. Buradan da Ermənistana hərəkət etdi. Kür kənarına çatdıqda, bu səfərdə ona yoldaşlıq edən Şirvan valisi Əmir İbrahim, Əmir Teymurun şərəfinə bir neçə gün davam edən böyük bir ziyafət verdi, ləyaqətli hədiyyələr təqdim etdi. Özü də Sahibqranın lütf və ənamına nail olaraq mürəxxəs oldu. Əmir Teymur Qarabağa gəlib Ağdam adlı yerdə, Dərbənddən Bağdada və həmədandan Rum sərhəddinə qədər olan bütün əyalətlərin idarəsini oğlu Miranşaha tapşırdı. Özü də Sultaniyyədən keçərək Səmərqəndə getdi. Buradan Hindistana hərəkət etdi. hicri 801-ci (=1399) ildə Dehli şəhərinin xaricində, bu ölkənin padişahları ilə böyük müharibələr edib qalib gəldi. Məqsədinə çataraq Səmərqəndə qayıtdı. Hicri 802-ci (=1400) ildə yenə İrana hərəkət etdi. hicri 803-cü (=1401) ildə, Şam valisi Məlik Fərəçi məğlub edərək, bütün Şam ölkəsini ələ keçirdi. Buradan da Sultan Əhməd Çəlayirini cəzalandırmaq üçün Bağdada hərəkət etdi. O, keçmişdə Bağdadı Teymur qoşunlarına tərk edib Ruma qaçmışdı. Onlar getdikdən sonra yenə gəlib Bağdadı almışdı. Sultan Əhməd yenə də qaçıb Rum sultanı İldırım Bayəzidə pənah apardı. Sahibqran bir neçə gün mühasirədən sonra Bağdadı hüçumla alıb xaraba qoydu və əhalisinin qılıncdan keçirilməsinə fərman verdi. Rum sultanına da düşmənanə bir məktub yazıb Sultan Əhməd və türkmən Qara Yusifi ondan tələb etdi. Bunların verilməməsi Rum müharibəsinə səbəb oldu.
Sahibqran buradan qayıdıb Qarabağda qışladı və hicri 804-cü (=1402) ildə Rum ölkəsinə hərəkət etdi. Sultan
Bayəzid müharibədə məğlub olub əsir düşdü. Rum ölkəsi də bu qüdrətli padişahın hakimiyyəti altına keçdi. hicri 806-cı
(=1404) ildə Əmir Teymur yenə Gürcüstana qayıtdı. Bəzi qələbələrdən sonra bu ölkənin valisi Məlik Gürkin, Teymurun
hüzurunda olan Şirvan valisi Əmir İbrahimin vasitəsilə hədiyyələr təqdim edərək cizyə verməyə razı oldu. Teymur yenə Qarabağa gəlib orada qışladı. Miranşahın başına hava gəldiyi üçün ona tapşırılan vilayətləri alıb oğlu şahzadə Ömərə
verdi. İraqi-Ərəb, İraqi-Əcəm və Fars əyalətlərini idarə edən şahzadələrə tapşırdı ki, onun buyuruqlarına tabe olsunlar.
Ölkəni idarə etmək xüsusunda da (Şahzadə Ömərə) gözəl tapşırıqlar verdi... Qarabağda Qubad ibni-Firuzi-Sasani tərəfindən bina edilən Bəylaqan şəhəri, Hülaku xan tərəfindən bir müddət mühasirədən sonra hücumla alınıb xarab edilmişdir. Əmir Teymur bu şəhərə çox möhkəm bir hasar çəkdirdi. O, bu şəhəri abad etmək fikrində idi, lakin ilanların çoxluğundan bu iş baş tutmadı.
Dövlətşah Səmərqəndi, hicri 900-cü (=1495) ildə, Təzkirətüşşüərasında yazır: Şahrux ibni-Əmir Teymur bu şəhəri abad etmək istəyirdi. Lakin ölkənin məlumatlı adamları, bu şəhərin dəfələrlə zəlzələdən xaraba qaldığını söyləyib onu bu fikirdən daşındırdılar. Amma o, Bəylaqan arxını işə saldı. Bu arxın kənarında salınan dəyirmanlar indi də durur.
Müəllif deyir: bu şəhərdə, sultanların qəbirləri üzərindəki iki uca minarə var imiş. Bunlardan birisi yarımxaraba halında indi də mövcuddur. Buna görə, xalq Bəylaqanı Millər deyə adlandırır.
Sahibqran bu tədbirlərdən sonra Ərdəbilə gəlib Şeyx Səfi türbəsini ziyarət etdi. Bir çox kənd və əkin yerləri alıb o həzrətin türbəsinə vəqf etdi. Buradan paytaxtı Səmərqəndə qayıtdı. Bir neçə gün keçəndən sonra, qışın şiddətli vaxtında Çin səfərinə hərəkət etdi. Ətrar adlı yerdə xəstələnərək hicri 807-ci (=1405) ildə vəfat etdi...
O, böyük işlərlə məşğul olmasına baxmayaraq, bir dəqiqə də olsun elm və maarif sahiblərini himayə etməkdən geri durmazdı. Öz övladı üçün qoyub getdiyi düsturüləməl, onun dünyanı idarə etməkdən nə dərəcəyə ehtiyatlı, cahangirlikdə nə sayaq əzm sahibi olduğunu bildirir.
O zaman hüzurunda olan böyük evladı Xəlil sultan ibni-Miranşah, 20 yaşında taxta çıxdı. O, dövlət və ordu işlərini fikir verməyib arvadının təsiri altına düşdü. Buna görə, səltənətin əsası gündən-günə sarsılaraq vilayətlərin çoxu bu xanədanın əlindən çıxdı. Onların əlində yalnız Mavəraünnəhr və Xorasan qaldı. Daha sonra, bunların səltənəti Hindistana keçdi.
Gülşəni-xüləfadə yazılmışdır: Rum ölkəsi alındıqdan sonra, Sultan Əhməd və Qara Yusif Misrə qaçmışdılar.
Misir sultanı onları həbsə alıb Əmir Teymurun hüzuruna göndərmək istədi. Bu zaman onun vəfat xəbəri Misirə çatdı.
Sultan Əhməd Bağdada gəlib Əmir Teymurun nəvəsi Əbubəkr mirzəni valilikdən çıxartdı. Buradan Qara Yusif Qara Məhəmməd oğlu ilə Azərbaycana, Miranşah və şahzadə Ömərin müharibəsinə getdi və onlara qalib gəldi. Miranşah bu müharibədə öldürüldü, şahzadə Ömər isə, qaçıb qurtardı. İran ölkəsinin bir çox hissəsi yenə Sultan Əhmədin ixtiyarına keçdi. Axırda onunla Qara Yusif arasına ziddiyyət düşdü. Sultan Əhməd hicri 813-cü (=1411) ildə Azərbaycanda olan müharibə nəticəsində məqlub olub əsir düşdü və Təbrizdə Qara Yusifin oğlu Əmir İsfəndiyarın əlində öldürüldü. Səltənət bu sülalədən, Qaraqoyunlu padişahlarına keçdi.
Qaraqoyunluların mənşəi haqqında olan məlumat belədir: Qara Yusif ibni-Qara Məhəmməd ibni-Bayram Xacə, ata-babadan türkmən Qaraqoyunlu qəbilələrindən bir çoxunun əmiri idi. Sultan Əhməd Elxaninin tərbiyəsilə iqtidar sahibi olub, ondan sonra da, əzəmətli bir padişah olmuşdu. hicri 816-ci (=1414) ildə külli qoşunla Şahrux Teymur oğlunun müharibəsinə getdi. Ucan adlı yerdə qəflətən vəfat etdi. Oğlu İskəndər səltənətə keçdi və üç dəfə Şahrux ilə müharibə edib məğlub oldu.
Başqa bir nüsxədə deyilir: İskəndər hicri 828-ci (=1425) ildə Şirvana gəlib qət-qarətə başladı və Şamaxı şəhərini viran etdi. Bu zaman qardaşı Mirzə Cahanşah bəzi türkmən əmirləri və əskərləri ilə Şahruxun yanına getdi. Şahrux ona vədə verib inandırdı ki, əgər o, qardaşının şərrini dəf etsə, Diyarbəkir və Azərbaycan hakimiyyətini alacaqdır. İskəndər Naxçıvanın Alıncaq adlı qalasına çəkildi. Bir neçə vaxtdan sonra, onun xain oğlu Qubad, sevişdiyi bir kəniz ilə əlbir olub Cahanşahın təhrikilə onu öldürdü. Nüxbə müəllifinin yazdığına görə, Qubad da atasından sonra Cahanşahın hiyləsilə öldürüldü.
Cahanşah, Şahruxun canişini olub Diyarbəkir və Azərbaycanda 22 il hökmranlıq sürdü. Şahruxun vəfatından sonra, Xorasandan başqa bütün İrana hökmran oldu. Qədim düşməni türkmən Ağqoyunlu Həsən bəy Bayandır ilə müharibə etdi. Həsən bəy vaxt qazanmaq üçün müharibədən çəkinib ətrafda dolanırdı. Bir müddətdən sonra hər iki tərəfin qoşunu dağıldı və müharibə təxirə salındı. Bir kün Cahanşah, beş-altı yüz nəfərlə, bir çayın kənarında içgi və işrətlə məşğul idi. Həsən bəy fürsətdən istifadə edərək, hicri 872-ci (=1468) ildə, 80 yaşlı Cahanşahı öldürdü.
Beləliklə, səltənət bu sülalədən ağqoyunlu sultanlarına keçdi.
Ağqoyunluların mənşəi haqqında olan məlumat belədir: Qaraqoyunlu və ağqoyunlular tərəkəmə, yəni türkmən nəslindən iki köçəri qəbilə idi. Bunlar, Arğun xan zamanında İrana gəldilər. Qaraqoyunlular Azərbaycan ətrafında, Ərzrum və Sivasda, ağqoyunlular isə Diyarbəkirdə sakin oldular. Onlar gündən-günə qüvvətlənib səltənət qurdular.
Həsən bəyin babası Qara Osman, Əmir Teymurun zamanında Diyarbəkirin bəzi yerlərində hakim idi. Ondan sonra, oğlu Əli bəy və bundan sonra da Uzun Həsən adı ilə məşhur olan oğlu Həsən bəy hökmranlıq etdilər.
Cahanşah öldürüldükdən sonra, oğlu Həsənəli mirzə, o zaman Mavəraünnəhr və Xorasan padşahı Sultan Əbusəid ibni-Miranşah ibni-Əmir Teymur Kürəkəndən kömək istədi. Sultan Əbusəid İraq və Fars vilayətlərini almaq üçün əmirlər təyin edib, özü də 27 min qoşunla Azərbaycana hərəkət etdi. Həsən bəy peydərpey elçilər göndərib öz itaətini və yalnız Azərbaycanla kifayətlənəcəyini bildirdi. Bu isə sultanın hərəkətinə mane ola bilmədi. Həsən bəyin anası bu xüsusda danışıq aparmaq üçün sultanın yanına getdisə də arzusuna çatmadan geri qayıtdı. Sultan Əbusəid Sultaniyyəyə gəldiyi zaman, Həsən bəy Qarabağa getdi. Sultanın qoşunu Miyanəcə yetişdikdən sonra, Həsən bəy ixlas və iradəsini bildirmək və möhlət almaq üçün oğlu Yusif bəyi sultanın yanına göndərdi. Ondan xahiş etdi ki, qış qurtarıncaya qədər ona Azərbaycanda qalmağa izn versin. Sultan yenə qəbul etməyib əmirlərin məşvərətilə Həsən bəyin məskəni olan Qarabağda qışlamağı qərara aldı. Bu yerin yeddi ağaclığına çatdıqda, azuqələrinin azlığından Şirvanın Mahmudabad şəhərinə hərəkət etdi. Yol üzərindəki çöllərin otu-ələfi zəhərli olduğundan onların bir çox heyvanları tələf oldu. Burada da azuqə az tapılırdı. Həsən bəy yolları kəsib qoymurdu ki, sultan ordusuna Xorasan və İraqdan bir nəfər də gəlsin. Bir neçə gün idi azuqəni Şirvandan gəmi ilə gətirirdilər. Bundan sonra Şirvanşah da, Həsən bəyin təhdidinə görə, sultanla müxalifətə başladı.
Sultan ordusundakı heyvanlar zəiflədiyindən türkmən qoşunları bu ətrafda qətl-qarətə başladılar. Sultan naçar qalaraq Ərdəbilə hərəkət etdi və bataqlıq yerlərdən çətinliklə keçdi. Həsən bəy vuruşa-vuruşa onu təqib edirdi. Bir günün içərisində o, sultanın qoşunundan 500 nəfər öldürdü. Sultan barışmaq üçün Sarı xanədanının böyük əmirlərindən Seyid Qiyasəddin Məhəmmədi elçi göndərdi. Onun ardınca da, anasını qumlu Seyid İbrahim ilə yolladı. Həsən bəy təzim mərasimini yerinə yetirib sülh etmək istəyirdi. Lakin bir az əvvəl, elçi getmiş olan Ərdəbil seyidi Şeyx Heydər Səfəvi, sultan ordusunun pərişanlığını görmüş olduğundan buna mane oldu.
Həsən bəy sultanın anasının xahişini qəbul etməyib geri qaytardı. Seyid Qiyasəddinə isə lütf və mərhəmət göstərib, Sarı hökumətini ona bağışladı. Türkmən qoşunlarının şiddətli hücumları nəticəsində, xorasanlıların bir hissəsi də Həsən bəyin ordusuna qoşuldu. Sultan naçar qalıb qaçmağa üz qoydu. Həsən bəyin oğlu Yusif bəy onu təqib etdi, gecə onu tutub atasının yanına gətirdi. Sultan ilə Həsən bəy arasında bir çox danışıqlar oldu. Türkmən əmirlərinin məsləhəti və Şirvan qazisinin fitnəkarlığı ilə Sultan Əbusəid hicri 873-cü (=1468) ildə öldürüldü...
Həsən bəy İranda taxta çıxıb, hicri 882-ci (=1477) ildə vəfat etdi. Oğlu Xəlil mirzə onun yerinə keçdi. Bir il sonra, qardaşı Yaqub mirzə ilə etdiyi müharibədə öldürüldü. Sultan Yaqub da on üç il səltənət sürdü. Sonra Qarabağın Sultanbud adlı yerində anası bilməyərək ona zəhər verdi. Özü də buna tab gətirməyib zəhər içdi və oğlu ilə bir yerdə öldü.
Sultan Yaqub öləndən sonra türkmən əmirləri iki dəstəyə ayrıldılar: bunlardan biri Sultan Yaqubun qardaşı Məsih mirzənin, o biri isə oğlu Baysunqar mirzənin tərəfdarı idi. Axırda iş müharibə ilə nəticələndi. Məsih mirzə öldürüldü, hökumət başına Baysunqar keçdi. Əmisi oğlu Rüstəm mirzə ibni-Məqsud ibni-Həsən padişah onun tərəfindən Alıncaq qalasında həbsə alındı. Lakin Rüstəm mirzə, Əbih sultanın köməyilə xilas və Baysunqara qalib gələrək padşah oldu. Baysunqar naçar qalıb Qaracadağ və Əhər yolu ilə Şirvana, dayısı və qaynatası olan Şirvanşahın yanına gəldi.
Türkmən əmirləri, ümumiyyətlə Rüstəm mirzənin hökmranlığına tərəfdar idilər. Lakin şirvanşah Baysunqara kömək məqsədilə onun qoşununu düzəldib nizama salırdı. Rüstəm mirzə əmirlərin məsləhətilə Stəxr qalasında məhbus olan Sultan Əli Şeyx Heydər oğlunu gətirib Şirvanşaha qarşı müharibəyə göndərmək istəyirdi. Sultan əlinin qalib gəlməsi və ya məğlub olması onun dovlətinin xeyrinə idi. Bu zaman, Baysunqar Şirvan qoşunu ilə Azərbaycana hərəkət etdi.
Rüstəm mirzə, Sultan Əlini müridləri və tabelərilə, Əbih sultanı da, bir dəstə türkmən qoşunu ilə Baysunqarı və şirvanlıları dəf etmək üçün göndərdi. Əhər və Mişgin hüdudunda iki qoşun üz-üzə gəldi. Baysunqar məğlub edilərək öddürüldü.
Rüstəm mirzənin hökmdarlığından 6 il keçmişdir, vaxtilə Rum ölkəsinə gedib ikinci Sultan Bayəzidin damadı olmaq şərəfinə yetişən Əhməd ibni-Məhəmməd ibni-Həsən padişah Azərbaycana gəldi. Araz çayı kənarında müharibəyə girişib Rüstəm mirzəyə qalib gəldi. Rüstəm mirzəni əmirləri tutub ona verdilər, o da onu öldürtdü. Əhməd ozü də altı ay sonra, hicri 903-cü (=1498) ildə, Əbih sultanın əlində öldürüldü. Sultan Murad ibni-Sultan Yaqub səltənətə keçdi. Lakin Məhəmmədi mirzə ibni-Yusif ibni-Həsən padişah ona qalib gəldi. Əbih sultanı öldürərək Azərbaycana sahib oldu. Sultan
Murad İraqa getdi. Əlvənd mirzə öz qardaşı Məhəmmədi ilə vuruşaraq hökuməti onun əlindən aldı. Məhəmmədi mirzə İsfahana qaçdı. Sultan murad Şirazdan İsfahana gəlib hicri 904-cü (=1499) ildə Məhəmmədini tutdu və Təbrizə sürgün etdi. Əlvənd mirzə müharibə fikrində idi, lakin xeyirxahların vasitəçiliyilə araya sülh düşdü. Diyarbəkir və Azərbaycan Əlvən mirzəyə, İraqi-Ərəb, İraqi-Əcəm və Fars da Sultan Murada çatdı.
ŞİRVANŞAHLARIN SƏLTƏNƏTİ VƏ NƏSƏBLƏRİ
HAQQINDA
Onların haqqında yalnız bu qədər məlumdur ki, müstəqil bir səltənətə malik olmayıb çox vaxt fars, ərəb və türklərin sultanlarına tabe olmuşlar, bəzən də müstəqil hökmranlıq sürmüşlər. Şirvanşahların; böyük xaqan Mənuçehrdən əvvəlki silsilələri (şəcərələri) də lazımınca məlum deyildir.
Ömər ibni-Xəttabın xilafəti zamanında, Nuşirəvani-Adil tərəfindən təsis edilmiş şirvanşahlar sülaləsindən Şəhriyar adlı bir nəfər Şirvanda hökmranlıq edirdi. Süraqə ibni-Əmr və Əbdürrəhman ibni-Rəbiə ərəb qoşununun sərdarı idilər. Sonra, Həbib ibni-Səlmə, Xüzeyfə ibni-Yəman, Müğeyrə ibni-Şəbə, Əşəs ibni-Qeys, Əbdüləzizi-Bahili, Əbu Übeydeyi-Cərrah, Səid ibni-Əmr Hərşi və Müslimə ibni-Əbdülməlik xəlifə Şirvanda hökmranlıq edirdilər. Bəni-Abbas xəlifələri dövründə isə, Şirvan çox vaxt Ermənistan və Azərbaycan hakimlərinin idarəsi altında idi. II əsrin sonlarında Fərruxzad Əxşican (Əxsitan) oğlu və bundan sonra Filanşah, xəlifələr adından naib olaraq padişahlıq etmişlər. IV əsrin əvvəllərində Əli ibni-Heyşəm, bundan sonra da Bəhrami-Cubin nəslindən Məhəmməd ibni-Yəzid Şirvanda vali olmuşlar.
Məhəmməd ibni-Yəzidin hökmü bir aylıq məsafədə rəvan idi. Bir müddətdən sonra, Sultan Fridun hökmdarlıq etmişdir. Ondan sonra bir şey məlum deyildir.
Hicri IV əsrin ortalarında, Xaqani-Kəbir ləqəbilə məşhur Mənuçehr, əzəmətli və müstəqil bir hökmdar idi.
Məşhur şair Xaqani Şirvani, bununla müasir olmuşdur. Onun şövkət və iqtidarını və oğlunun Bakı ətrafında vəhşi heyvanlar ovuna çıxmasını qəsidələrinin birində gözəl surətdə təsvir edir.
O zaman dəniz ilə yanar odlar arasında olan Bakı əhalinin azlığından şir və sair yırtığı heyvanlar yatağı imiş. Dövlətşah "Təzkirətüşşüəra”sında yazır: alim və mənsəb sahibi olan İbrahim ibni-Əli Xaqani, dünyadan əl çəkmək bəhanəsilə Həccə getmək istəyirdi. Xaqan isə buna razı olmurdu. O, xaqandan izinsiz yola çıxdı, xaqanın məmurları Bəyləqan şəhərində onu tutub geri qaytardılar. Bundan məlum olur ki, Ərran ölkəsinin bir qismi də xaqanın ixtiyarında imiş. Qaziyi-Beyzavi "Nizamüttəvarix”də şirvanşahlar sülaləsinin Bəhrami-Çubin nəslindən sayır, o da (Bəhrami-Çubin)
bir neçə arxdan sonra, Ərdəşiri-Babəkana yetişir. Qazi Əhmədi-Qəffari "Cahanara” adlı əsərində şirvanşahları aşağıdakı tərtib üzrə Nuşirəvan nəslindən sayır:
Mənuçehr ibni-Kəsran ibni-Kavus ibni-Şəhriyar ibni-Güştasib ibni-Fridun ibni-Fəramərz ibni-Salar ibni-Zeyd ibni-Covn ibni-Mərziban ibni-Hürmüz ibni-Nuşirəvan.
Bir çox tarixçilərin yazdığına görə, Mənuçehr ədalətli bir padişah olub, elm və sənət əhlini əziz və möhtərəm tutardı. O, həmişə rəiyyətin əsayişinə və ölkənin abadlığına səy edərdi. Ondan sonra oğlu Fərruxzad, sonra onun oğlu Güştasib taxta oturdu; bəzi tarixçilərin yazdığına görə, Kürün iki qolu arasında, dərya kənarında böyük və məhsulu bol olan Güştasibi şəhərini bu bina etmişdir. Bundan sonra oğlu Fəramərz, sonra onun oğlu Fərruxzad, sonra onun oğlu ədaləti ilə məşhur Keyqubad və sonra da oğlu Kavus Şirvanda hökmranlıq etmişdir.
Kavus ədalətli və rəiyyətpərvər bir padişah olub, uzun müddət padişahlıq etmişdir. O, Əşrəf Çobanini dəf etmək üçün Canibəy xana dəfələrlə yaxşı yardım göstərmişdir. hicri 774-cü (=1373) ildə vəfat etmişdir. Qəbri Quba şəhərinin xaricində indi də mövcuddur. Onun oğlu Huşənk on ilə yaxın qanun, ədalət və bacarıqla hökmranlıq edib, vəfat etdi.
Sonra düşmənlərin qələbəsi üzündən hökumət bunların əlindən çıxdı. Şirvanda hekmran olan bir əmir çox zülm edirdi, şirvanlılar birləşib onu öldürdülər. Bu zaman Şeyx İbrahim Dərbəndi ibni-Sultan Məhəmməd ibni-Keyqubad Şirvanşah, Şirvan şəhərlərindən sayılan Şəkidə, yoxsul bir halda
əkinçiliklə məşğul olurdu. Şirvanlılar gəlib onu tarlada bir ağacın altında yatmış gördülər. Əyninə şahanə paltar və başına əmmamə qoyaraq, gətirib padişahlıq taxtına oturtdular. O, yuxarıda deyildiyi kimi, Əmir Teymur Kürəkənlə müasir olmuşdur.
Tarixçilərdən bəzisi deyir ki, Əmir İbrahim Təbrizi alıb, ertəsi il daha da irəliləmək istəyirdi. Lakin aldığı yerləri də əldən verdi. Bu hadisə ola bilsin ki, türkmən Qara Yusifin Sultan Əhməd Elxani ilə müharibə etdiyi və Azərbaycan işlərinin təmamilə qarma-qarışıq olduğu bir zamanda əmələ gəlmişdir. Məlum olur ki, Əmir Qara Yusif hicri 813-cü (=1411) ildə, Sultan Əhmədi öldürdükdən sonra, Təbrizi Əmir İrahimin əlindən alıb, Şirvanı da ələ keçirmişdir. Bunu, Dərbəndin "Qiyamət dərvazası” üzərindəki kitabə də təsdiq edir. Kitabəyə görə, bu dərvaza hicri 814-cü (=1412) ildə
Qara Yusifin oğlu Əmir İsfəndiyarın əmrilə təmir edilmişdir.
Bu məsələ, Hacı Zeynəlabdin Şirvaninin sözləri ilə təsdiq edilməkdədir. O, "Riyazüssəyahət”ində belə yazır: Qara Yusif külli qoşunla Şirvana gəlib bir çox yerləri viran etdi. Əmir İbrahimi əsir edib ondan çoxlu mal dövlət aldı. Lakin hökuməti yenə özünə verdi.
Hicri 820-ci (=1418) ildə Əmir İbrahim vəfat etdi və oğlu Sultan Xəlil padişahlıq taxtına oturdu. "Sultan Xəlil” tərkibi əbcəd hesabilə onun taxta oturması tarixidir. Bakı, Quba və Səlyan yollarından olan kərvansaraların bəzisi, Bakıdakı bir çox məscidlər və burclar onun tərəfindən bina edilmişdir. Bundan əlavə o, Dərbənd şəhərinin hasar və qalasını da təmir etdirmişdir. Onun adı bu abidələr üzərindəki kitabələrdə indi də oxunmaqdadır. Bakıda tikdirmiş olduğu ali imarətin (sarayın) xarabaları onun şan və şövkətindən bir nişanədir.
"Riyazüssəyahə”də deyilir: İskəndər Qara Yusif oğlu külli qoşunla Şirvana gəldi. Sultan Xəlil qaçdı və türkmənlərdən bu ölkəyə saysız sədəmə toxundu. O, Şahrux mirzənin köməyilə türkmənlərin şərrini dəf etdi. 53 il səltənət sürdükdən sonra, Sultan Xəlil vəfat etdi. Oğlu Fərrux Yəsar ona canişin oldu. "Şirvanşah” tərkibi (əbcəd hesabilə) onun taxta oturması tarixidir. Hicri 906-cı (=1501) ildə Şah İsmayıl Səfəvi ilə apardığı müharibədə öldürüldü.
Sonra, oğlanları Bəhram bəy və Qazi bəy hər biri bir ilə yaxın hökumət sürdü. Onlar ədalətli və rəiyyətpərvər idilər. Vəfatlarından sonra, Şeyxşah ləqəbli İbrahim ibni-Fərrux Yəsar taxta oturdu. O bir neçə vaxtan sonra Şah İsmayıl və Şah Təhmasib Səfəvi ilə sülh etdi. Onların hakimiyyəti altında 22 il asudə hökmranlıq sürdükdən sonra vəfat etdi. Oğlu Sultan II Xəlil taxta oturub, şah Təhmasiblə qohum oldu. O, hicri 942-ci (=1536) ildə vəfat etdi. Ondan sonra Şahrux ibni-sultan Fərrux ibni-Şeyxşah əmirlər və dövlət böyüklərinin arzusu ilə səltənətə keçdi, lakin uşaq odduğundan iş baş tutmadı. Hicri 945-ci (=1539) ildə Şirvan vilayəti İran padişahının təsərrüfünə keçdi.
I Şah Təhmasib Səfəvi buranın idarəsini öz qardaşı Əlqas Mirzəyə verdi. Əlqas mirzə üsyan etdikdən sonra Şah Təhmasib hicri 954-cü (=1547) ildə oğlu İsmayıl mirzəni buraya hakim göndərdi. hicri 955-ci (=1548) ildə, Şirvanşahlar nəslindən Bürhan mirzə adlı bir nəfər fürsət tapıb Şirvanı aldı. Lakin bir neçə gün hökmranlıq sürdükdən sonra vəfat etdi.
Şirvan hökuməti, şahın bibisi oğlu və damadı Ustacallı Abdulla xana həvalə olundu. O da 17 il hökmranlıq sürdükdən sonra vəfat etdi. Bundan sonra, rumlu Aras xan 13 il hökmranlıq sürdü. hicri 986-cı (=1578) ildə Bürhan mirzənin oğlu Əbubəkr mirzənin təhrikilə, osmanlı sərgərdəsi Lala paşa gəlib Şirvanı aldı və Osman paşanı buraya hakim təyin edib geri qayıtdı.
Rum və İran qoşunları bir müddət idi bir-birilə müharibə edirdilər. İranın vəziri - əzəmi Mirzə Səlman gəlib Osman paşanı məğlub etdi. O da bu məğlubiyyətdən sonra Dərbəndə getdi. Şirvanda qalan Məhəmmədqulu xəlifə Zülqədar, osmanlı-tatar müharibəsində öldürüldü. Şirvan ikinci dəfə Osman paşanın əlinə keçdi. Mirzə Səlman yenə gəldi. Osman paşa da Dərbəndə qayıtdı.
Peykər xan Qacar və onun vəfatından sonra Xəlifə Ənsar Qaradaği Şirvana hakim təyin olundular; lakin onlar bir iş görə bilmədilər və hər ikisi çox keçmədən vəfat etdi. Bunlardan sonra Osman paşa, sonra Həsən paşa, Mahmud paşa və Əhməd paşa Şirvanda hökmranlıq sürürdülər.
Hicri 1016-cı (=1607) ildə I Şah Abbas gəlib buranı aldı. Bu zamandan etibarən Şirvanı İran bəylərbəyi idarə etməyə başladı. Qaramanlı Zülfüqar xan - 2 il, Yusif xan - 18 il, Ərəb xan - 8 il, Fərəc xan - 3 il, Ərəb xan - 11 il, Xosrov xan - 8 il, Mənuçehr xan - 6 il, Hacı xan - 3 il, Məhəmmədi xan - 2 il, Nəcəfqulu xan - 7 il, Mehrəli xan - 13 il, Məkriqulu xan - 2 il, Səid xan - 7 il, Əliqulu xan - 6 il, Musa xan ilə Həsənəli xan -20 il və Hüseyn xan - 2 il Şirvanda bəylərbəyi olmuşlar.
Hicri 1124-cü (=1712) ildə müskürlü Hacı Davud, üsminin və [88 - 89] Surxayın köməyilə Quba hakimini tələf edib, Şamaxını aldı və qüdrətli bir hökmdar oldu. Sonra, hicri 1138-ci (=1725) ildən Nadir şahın gəlməsinə qədər, Şamaxı 9 il Surxay xanın ixtiyarında qaldı. Şirvan alınandan sonra, Məhəmmədqulu xan Səidli və Əliqulu xan şirvana hakim təyin olundular.
Nadir şah tac qoyduqdan sonra, qardaşı İbrahim xan üç il, Qaplankuhdan Dağıstanın son sərhəddinə qədər idarə edirdi. Xorasanlı Mehdi xan isə Şirvana əmirülümarə təyin edilmişdir. Medi xanın öldürülməsindən sonra, Sərdar xan Qırxlı 5 il və Heydər xan Əfşar 1 il Şirvanda əmirülümarə oldular.
Hicri 1157-ci (=1743) ildə, Sam mirzə və Məhəmməd xan Surxay xan oğlu Şirvanın asayişini pozub, az bir müddət hökmran oldular, Azərbaycan sərdarı Aşur xan və Fətəli xan Əfşar onları ölkədən çıxardılar. Lakin Nadir dövrünün son günləri tamamilə iğtişaş zamanı olduğundan, Şirvanın işləri də intizam tapmadı. Nadir şah vəfat etdikdən sonra, Şirvanın hər bir vilayətində ayrı və müstəqil xanlıqlar əmələ gəldi. Onlar Şirvan, Şəki, Bakı, Quba və Dərbənd xanlıqlarından ibarət idi. Lakin Dərbənd xanlığı tezliklə Quba xanlığı ilə birləşdi, yerdə qalan dörd xanlıq da müxtəlif zamanlardan rus dövlətinin təsərrüfünə keçdi.
DÖRDÜNÇÜ FƏSİL
SƏFƏVİLƏR DÖVLƏTİNİN ZÜHURUNDAN
NADİR ŞAHIN VƏFATINA QƏDƏR
Aləmarə1 Həbibüssiyər və sair bir çox tarixi mənbələrə görə, Səfəviyyə sultanları Şeyx Səfiyəddin İshaqın nəslindən olduqları üçün bu ləqəblə adlanmışlar. Şeyx Səfiyyəddin, ata-babadan böyük və məşhur seyidlərdən və hörmətli şeyxlərdən biri olmuşdur. Onun Ərdəbildəki ali türbəsi indi də xalqın ziyarətkahıdır. Nəsəbi 21-ci arxada, yeddinci imam Museyi-Kazimə çatır.
Şeyx Səfiyyəddindən sonra oğlu Şeyx Sədrəddin Musa, ondan sonra oğlu Xacə Əli, ondan sonra Şeyxşah adı ilə məşhur oğlu İbrahim və ondan sonra da oğlu Şeyx Cüneyd zahiri və batini dövləti (hakimiyyəti) öz şəxslərində toplamışdılar. hər tərəfdən çoxlu mürid onların asitanəsinə üz qoyub irşad gözləyirdi. Şeyx Cüneydin cah-cəlalı və müridlərinin sayı gündən-günə artırdı.
O zaman İraqi-Ərəb, İraqi-Əcəm və Azərbaycan padişahı olan türkmən qaraqoyunlu Cahanşah dövlətinin zavalından qorxuya düşüb, Şeyx Cüneyd haqqında bədgüman oldu. Ancaq bədnamlıq qorxusundan ədavətini izhar edə bilmirdi. Axırda bəzən kinayə və bəzən də açıqdan-açığa onun bir tərəfə getməsini arzu etdi. Şeyx Cüneyd də oz tərəfdarları ilə Diyarbəkirə getdi. Diyarbəkir vilayətinin yarısına hakim olmuş və Uzun Həsən ləqəbilə şöhrət tapmış olan türkmən ağqoyunlu Həsən bəy Cahanşaha itaət etmirdi. O, öz bacısı Xədicə bəyimi Şeyx Cüneydə verdi. Bir zaman keçəndən sonra Şeyx Cüneyd yenə Ərdəbilə qayıtdı. Bu zaman Cahanşah onu dəf etmək cəyalına düşdü. Şeyx Cüneyd də öz müridlərinin sayını artırıb səltənət iddiasına başladı. Çərkəzlərə qarşı müharibə etmək fikrilə 10.000 nəfər toplayıb Şirvan tərəfinə hərəkət etdi. "Fütuhati-Əmini” kitabında deyilir ki, o, Şirvanı almağa getmişdi. Necə olursaolsun, Şirvanşah Sultan Xəlil Təbərsəran əhalisinin təhrikilə, onun Çərkəz tərəfinə getməsinə mane oldu və qoşun toplayıb döyüşə çıxdı. Şeyx Cüneyd müharibədə öldürüldü. Səfəviyyə xənadanının təbərsəranlı tərəfdarlarından bir dəstə camaat, onun nəşini Samur çayının sol tərəfində, Qıpçah kəndinin yaxınlığında olan müharibə meydanından çıxarıb Quba və Qülhan nahiyəsinin Quryan (indiki Həzrə) kəndində basdırdılar. Öldürüldüyü yerdə indi də nişankahı vardır.
Bu hadisə hicri 851-ci (=1447) ildə vaqe olmuşdur. Yüz il keçəndən sonra, I Şah Təhmasib Səfəvi onun qəbri üzərində ali bir türbə tikdirmişdir. Asarı indi də mövcud olub, yerli əhalinin ziyarətkahıdır. Həsən bəyin bacısı oğlu Şeyx Heydər atasının canişini oldu. Həsən bəy padişahlıq məqamına çatınca, öz qızı Həlimə bəyimi Şeyx Heydərə verdi, onun şövkət və iqtidarını daha da artırdı. Bundan sonra Şeyx Heydər, guya ona yuxuda əmr olunubdur deyə, o zaman mütəarif olan türkmən taqiyəsi əvəzinə, başına qırmızı şaldan on iki tərkli (dilimli)... bir tac qoydu. Müridləri də ona tabe olaraq bu papaqla başqalarından seçildilər, o zamandan qızılbaş adı ilə məşhur oldular.
Həsən padişah öləndən sonra, oğlu Sultan Xəlil və bundan sonra da Sultan Yaqub padişahlıq etdi. Şeyx Heydər dayısı oğlu Sultan Yaqubun ona qarşı olan rəftarını yaxşı gormədi. hicri 893-cü (=1488) ildə çərkəzlərə qarşı cəhada başlamaq üçün Şəki yolu ilə Dərbəndə getdi. Dərbənd əhalisi onun qoşununa hucum etdi, o da Dərbəndin fəthini qərara aldı. Mühasirə edilmiş qala əhalisinin vəziyyəti çətinləşdi. Şeyx Heydəri dəf etməyə iqtidarı olmayan şirvanşah Fərrux Yəsar damadı Sultan Yaqubun yanına bir-birinin ardınca elçilər göndərib kömək istəyirdi. O, deyirdi ki, əgər Şeyx Heydər Şirvanı istila etsə, türkmən dövlətinin də məhv olmaq qorxusu vardır. Sultan Yaqub, Şirvanşahın köməyinə Bicən oğlu Süleyman bəyin komandası altında 4000 seçmə əsgər göndərdi. O da öz qoşununu toplayıb, Şeyx Heydərin ardınca getdi. Dərbənd qalası alınmaq üzrə ikən, onların eşitmək xəbəri şeyx Heydərə çatdı. O, qalanın yanından onları qarşılamağa getdi və Təbərsəran hüdudunda iki qoşun üz-üzə gəldi. Şiddətli müharibə oldu və bu müharibədə hər iki tərəfdən bir çox adam tələf oldu, Şeyx Heydər özü də ox yarasından öldü.
"Fütuhati-Əmini”də deyilir: bu xəbərlərin əsli, Şeyx Heydər oğlu Şah İsmayılın buyuruğu ilə, bu müharibədə iştirak edən Həsən bəy lələ və Fərrux ağa kimi şəxslərdən öyrənilmişdir. Şeyx Heydərin nəşini, müridləri Təbərsəranda dəfn etdilər. Bu hadisədən 22 il keçdikdən sonra hicri 915-ci (=1510) ildə, Şah İsmayıl ikinci dəfə Şirvana gəldiyi zaman onun nəşini Ərdəbilə apardı. Müəllif deyir: onun qəbri Təbərsəranın Ətək mahalında, Rubas çayının sol kənarındadır. Bu qəbr, Tənit kəndinin bir ağaclığında olub, üzərindəki günbəz indi də yerli əhalinin ziyarətkahıdır.
Şeyx Heydərin vəfatından sonra, onun böyük oğlu Sultan Əli, Ərdəbildə irşad məsnədinə (təriqət başçılığına) keçib, hökmranlıq üçün hazırlanmağa başladı. Bu xanədanın müridləri, əqidələrini aşkara çıxarıb, beyəti təzələyirdilər.
Sultan Yaqub onu qardaşları və anası ilə bərabər İstəxri-Fars qalasına göndərdi, həbs etdirdi. Sultan Əlinin anası Sultan Yaqubun bacısı idi. Onlar dörd il yarım orada qaldılar. Rüstəm mirzə, yuxarıda göstərildiyi kimi, vaxtın təqazasına görə, onları Təbrizə gətirtdi. Baysunqar mirzə öldürüldükdən sonra, Sultan Əlini izzət və ehtiramla Ərdəbilə göndərdi. Bir neçə vaxtdan sonra, Rüstəm mirzə sufi firqəsinin toplanmasının və müridlərin artmasını görərək Sultan Əlidən şübhəyə düşdü. Onu yenə qardaşları ilə bərabər Təbrizə gətirtdi və üzərində gözətçilər qoydu.
Müridlərin gizli və aşkar olaraq gediş-gəlişi davam etdiyindən, Rüstəm mirzə onu dəf etmək fikrinə düşdü. Sultan Əli qardaşları və 700 nəfər müridləri ilə bərabər, Ərdəbilə doğru hərəkət etdi. 4000 əskər ilə onu təqib etməyə məmur edilən Əbih sultan, Ərdəbilin şimal tərəfində ona çatdı. Dava qızışdı və Sultan Əli öldürüldü. Sufilərin başçıları, altı yaşlı qardaşı İsmayıl mirzəni o biri qardaşı İbrahim mirzə ilə bərabər, gizli olaraq, Ərdəbilə gətirdilər, 40 gündən sonra da Gilana apardılar. tərkibi, əbcəd hesabilə İsmayıl mirzənin anadan olması tarixidir. Bu hadisə, hicri 898-ci (=1493) ildə üz vermişdir.
Nə qədər ki, türkmən təbəqələri arasına ikitirəlik düşməyib, istiqlaliyyətləri ixtilala üz tutmamışdı, Gilan hakimi Mirzə Əli Karkiya onlara qarşı lazımi məhəbbət göstərirdi. İsmayıl mirzə hicri 906-cı (=1501) ildə xüruc edərək, Rum ilə Şam sufi müridlərindən 1500 nəfərlə Ərdəbilə gəldi. Qoşunu az olduğundan, müharibəni məsləhət görməyib Talışa getdi. Qış qurtarandan sonra yenə Ərdəbilə gəlib Qarabağa hərəkət etdi. Oradan da şahanə bir cah-cəlal və başına toplanan külli qoşunla Şirvana yola düşdü.
Fərrux Yəsar 20.000 atlı və neçə min piyada qoşunla "Gülüstan qalası” yaxınlığında, Cəbəlani yaxınlığında onunla hərb etdi. Gülüstan qalasının xarabası Şamaxı şəhərinin yuxarısında, bir dağ üzərində "Qız qalası” adı ilə məşhurdur. O, buradakı döyüşdə məğlub olub, qoşun böyüklərindən bir çoxu ilə bərabər öldürüldü. Şirvanşahın igid oğlu İbrahim Şeyxşah, gəmiyə minib Gilana getdi. Şah İsmayılın səltənət təbli bu ölkədə çalındı. Qışı Şirvanın Mahmudabad şəhərində keçirdi. Şirvanın qalaları və şəhərləri bütün xəzinələri ilə bərabər onun əlinə keçdi. Lakin bəzi qalaların əhalisi təslim olmaq istəmirdilər. I Şah İsmayıl, bir tərəfdən çox dərin xəndək, üç tərəfdən isə dəniz ilə əhatə olunmuş Bakı qalasını azacıq müdafiə və müqavimətdən sonra fəth etdi. Bu qalanı Nuşirəvan bina etmişdi. Şirvan padişahları da ona çox möhkəm bir burc çəkmişdilər. Bundan sonra, məşhur qalalardan hesab edilən və Şirvan əmirləri ilə əhalidən bəzisinin sığınağı olan Gülüstan qalasını mühasirəyə aldı. Bu zaman xəbər yetişdi ki, Əmirzadə Əlvənd türkmən əsgərləri ilə Naxçıvana gəlib, qoşunu hər iki tərəfdən onunla vuruşa hazırlamışdır. Şah İsmayıl buradan Azərbaycana yola düşdü. Əmirzadə Əlvənd, Muslu Əmir Osmanı bir dəstə qoşunla göndərdi. Şah İsmayıl da öz qoşunlarından bir dəstəni onun qarşısına göndərdi. Şiddətli müharibədən sonra türkmən qoşunu məğlub oldu. Əmir Osman, bir dəstə böyük adamlarla əsir düşüb öldürüldü. Əmirzadə Əlvəndin özü 30000 əsgərlə onun qabağına yeridi. hicri 907-ci (=1502) ildə, Naxçıvanın Şərur adlı yerində, Şah İsmayıl 7000 qızılbaş qoşunu ilə onu məğlub edib, böyük adamlarından və qoşun əhlindən bir çoxunu öldürdü. Külli qənimət ələ keçdi. Əmirzadə Əlvənd Ərzəncana qaçdı. Şah İsmayıl Təbrizə gəlib səltənət taxtına oturdu və o zamana qədər gizli saxlanan şiə məzhəbini aşkara çıxardı. Həmədan ətrafında Sultan Muradı da məğlub etdi.
Sultan Murad məğlub olduqdan sonra, bir müddət Bağdadda qaldı. Buradan damadı Əlaüddövlə Zülqədərə pənah apardı. Onun vasitəsilə öz məqsədinə çatmaq istədi. hicri 912-ci (=1507) ildə Zülqədərin qoşunu ilə gəlib Diyarbəkirin qala və şəhərlərindən bəzisini aldı. Sonrakı il Şah İsmayıl çoxlu qoşunla onu dəf etməyə getdi. Müharibə alovu iki gün şiddətlə şölələndi, üçüncü gün Sultan Murad məğlub olub, yenə Əlaüddövlənin yanına getdi.
Şah İsmayıl bir-birinin ardınca Diyarbəkir, İraqi-Ərəb, İraqi-Əcəm, Fars, Xorasan və Mavəraünnəhrin bəzi yerlərini fəth edib, yenə də Təbrizə qayıtdı.
Bu zaman xəbər çatdı ki, Şeyxşah Şirvanı ələ keçirib istiqlaliyyətdən dəm vurur və xərac verməkdən də boyun qaçırır. Bu xəbər şahın qəzəbini alovlandırdı. Qışın şiddətli soyuq bir çağında, hicri 915-ci (=1510) ildə, Şirvana hərəkət etdi. Şeyxşah müqavimət göstərə bilməyib Beyqurd qalasına qaçdı. Bu qala Şamaxının üç ağac şimalında, çətin keçidli bir yerdə olub xarabaları indi də mövcuddur. Bu qalanın yanında həmin adla böyük bir kənd də vardır.
Şah İsmayıl Şirvana gəlib Lələ bəyi Şamaxıda Şirvan hakimi təyin etdi və özü də bu vilayətin qala və şəhərlərini almaqla məşğul oldu. Bakı və Şabran qalasının mühafizləri təslim oldular. Dərbəndlilər qalanın möhkəmliyinə arxalanaraq bir neçə gün müqavimət göstərdilərsə də, axırda təslim oldular. Şah İsmayıl, yeni hökumətə dayaq olmaq və onu möhkəm saxlamaq üçün İraqda yaşayan Bayat türklərindən bir dəstəni siyahi üzrə köçürüb Dərbənd və Şirvanda yerləşdirdi. Özü də həmin qışda Qarabağa gəldi, baharda Sultaniyyəyə getdi.
Sultan Səlim, hicri 920-ci (=1515) ildə, İran ilə müharibəyə gəlib Çaldıran səhrasında Şah İsmayıla qalib gəldi və Təbrizi aldı. O burada doqquz gün qaldıqdan sonra Ruma qayıtdı. Qürurunun çoxluğundan, Əlaüddövlə bu iki padişahdan heç birini (Sultan Səlimi və Şah İsmayılı) tanımaq istəmirdi. Buna görə Sultan Səlim Fərhad paşanı onu cəzalandırmağa məmur etdi. Əlaüddövlə öz tayfasından bir çoxu ilə bərabər öldürüldü. Sağ qalanlardan bəzisi Ruma dağıddı və bir parası da sonralar Zülqədər oğlu adı ilə məşhur olan nəvəsi ilə Azərbaycana gəldi. Şəmsəddinli mahalı bunlardandır. Bir çoxları da Car, Tala və Dağıstanla qonşu olan yerlərə dağıldılar. Ləzgilər «z»hərfini «b»hərfi ilə dəyişərək, bunlara indi də Bülqədər deyirlər.
Bu tayfa Hülaku xanın Türküstandan köçüb Şirazda yerləşdiyi türkmənlərdəndir. Bunlar oradan Diyarbəkirə və Mosula gələrək çəlal və iqtidar sahibi olduqdan sonra, qonşu vilayətlərə təcavüz edirdilər. Bunlardan on nəfəri 138 il o ölkədə hökmranlıq etmişlər. Bunların sonuncusu olan Əlaüddövlə, bir dərəcəyə çatdı ki, bir-birilə vuruşmaqda olan Misir
və Şam valilərinin hər ikisi onun köməyinə möhtac oldu. Buna görə o, deyərmiş: "Mənim iki toyuğum var, bunlardan biri qızıl, digəri isə gümüş yumurtlayır”.
Hicri 929-cu (=1523) ildə, Şah İsmayıl Azərbaycanda olduğu zaman, Şirvan hakimi Şeyxşah ona itaət edərək çoxlu hədiyyə ilə hüzuruna gəldi. Şirvanşahlar xanədanına mənsub bir şahzadə xanımı da Şah İsmayılın hərəmxanasına göndərdi. Bu kimi yaxşı xidmətlərinə görə, Şirvan vilayətləri yenidən ona tapşırıldı.
Sonrakı il, hicri 930-cu (=1524) ilin əvvəllərində, yayın axırlarında Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhramanlıqda düşməni yaxan, od məzaclı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işləri ilə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub şer söyləməyə də maildir. Şah Xətai təxəllüsü ilə yazılmış olduğu gözəl şerlər indi də xalq arasında məşhurdur. Bu aşağıdakı beyt onun şerlərindəndir:
Bisütun dağı zar-zar aqlamağımı eşidincə, yerindən oynadı,
Fəryad edib dedi: indi artıq başqa bir Fərhad meydana gəlmişdir.
Ondan sonra, oğlu I Şah Təhmasib padişahlıq taxtına oturdu. Çox keçmədi Şeyxşah da vəfat etdi. Oğlu II Sultan Xəlil Şirvan əyalətində müstəqil oldu. O, Şah Təhmasiblə qohum olmaq şərəfinə nail oldu. Padişahından üz çevirib İranla müharibə qızışdıran Təkəli Ülamə sultanın təhrikilə, hicri 940-cı (=1533) ildə, Sultan Süleyman ibni-Sultan Səlim Xandikar saysız qoşunla Azərbaycana gəldi. Şah Təhmasib üz-üzə hərb etməyi məsləhət görməyib düşmənin işini azuqə, ələf qıtlığı və qışın şiddətilə bitirmək istədi. Sultan Süleyman çox çətinliklə Sultaniyyəyə və oradan da Bağdada getdi. O, şəhəri aldıqdan bir il sonra, Azərbaycana qayıdıb Təbrizi tutdu. Lakin dövlət işlərinin qarışıqlığı və əsgər qüvvənin nizamsızlığı üzündən Ruma qayıtmağa məcbur oldu.
Gilan tarixini yazan Əbdülfəttah Fumeni deyir: Sultan Süleyman Xoy və Səlmasa gəldiyi zaman, Gilan hakimi və Şah Təhmasibin damadı Əmir Dubac-Müzəffər sultan onun tərəfinə keçərək 8000 nəfərlə hüzuruna getdi. Geri qayıtdığı zaman öz nemətilə bəslənən Gühdüm hakimi Əmir hatəm onun üzərinə basqın edərək, onu məğlub və ordusunu talan etdi. Bu hadisədən sonra, Gilan əhalisi də ondan üz çevirdi. O da əlacsız qalaraq gəmiyə minib Şirvana getdi.
Şamaxıya çatandan sonra məlum oldu ki, Dərbənd hakimi və şahın damadı olan başqa bir Müzəffər sultan vəfat etmiş və arvadı dul qalmışdır. Şah Təhmasibin bir bacısı da Əmir Dubacın arvadı olub, vəfat etmişdi. O, Şah Təhmasibin bu bacısını o biri bacısının yerinə almaq istədi. O, bununla möhkəm Dərbənd qalasını ələ keçirmək və özünə sığınaq etmək ümidində idi. Yola düşüb Dərbənddə ölən hakimin mənzilinə getdi. Bir neçə gün orada qalandan sonra mətləbini izhar eləyib bu xüsusda israr etdi. Şahzadə xanım gizli olaraq, Təbrizə qardaşının yanına bir adam göndərib macəranı
ona bildirdi.
Şah Təhmasib Muğan və Arasbar hakimi şamlı Bayəzid sultana qəti hökm verdi. O da tam sürətlə gedib müzəffər sultanı tutdu. Başına taxta papaq qoyaraq, cürbəcür təhqir və istehza ilə Təbrizə gətirdi. Təbrizdə əyninə içi barıtla doldurulmuş bir don geydirdilər, dəmir bir qəfəs içərisində Rəşidiyyə minarəsinə çıxardıb gülləbaran etdilər.
Hicri 942-ci (=1535) ildə Sultan Xəlil sonsuz olaraq vəfat etdi. Şirvan əmirləri, onun qardaşı oğlu Şahrux ibni- Sultan Fərrux ibni-Şeyxşahı uşaq ikən taxta oturtdular. Bu sülalənin dövlət qanunları, əmirlərin özbaşnalığı üzündən gücdən düşüb, hərc-mərclik əmələ gəldi. Bu zaman bir dərviş, Sultan Məhəmməd ibni-Şeyxşah iddiası ilə külli qoşun toplayaraq Səlyanı tutdu. Şahruxun yaxın adamları əmirlərin qanunsuzluğu və əsgərlərin intizamsızlığı üzündən, onu dəf etməyə müqtədir olmayıb Beyqurd qalasına qaçdılar. Dərviş Şirvanşahlar paytaxtı Şamaxı şəhərinə gəldi. Dərvişin
başına yığılanlar da başıpozuq olub, yanında ağıllı və iş bilən adam olmadığından ehtiyatsızlıq edərək, səbəbsiz, Şamaxını buraxıb Səlyana qayıtdı. Beyqurd qalasında olan Şirvan böyükləri, onun getməsindən xəbər tutub, Şahrux Mirzənin ordusu ilə onu təqib etdilər. Səlyan ətrafında onu tapıb hərbə başladılar. Dərviş məğlub olub şirvanlıların əlinə keçdi. Şeyx Padar onu öldürdü. Lakin Şirvan əmirləri, həddindən artıq nizamsızlığa xalqın malına və namusuna təcavüz etməyə başladılar. Şahrux uşaq olduğu üçün, onlara mane ola bilmədi. Qorçibaşı Padar, qoşun və rəiyyətin bir qismi əmirlərin zülmündən Şah Təhmasibin hüzuruna şikayət etdilər. O, hicri 945-ci (=1538) ildə, öz qardaşı Əlqas mirzəni, Məntəşa sultan, bir dəstə Qacar əmirləri, Qarabağ talışlarından mürəkkəb 20.000 nəfərlik bir qüvvə ilə Qorçibaşı Padarla birlikdə Şirvanı almağa göndərdi. Onlar Şirvana gəldilər. Şirvanlılar onlara boyun əyməyib, qalaları təcrübəli adamlarla möhkəmləndirib, müdafiəyə başladılar. Qızılbaş əsgərləri əvvəlcə Sürbax və daha sonra Qəbələ qalasını aldılar. Şahzadə Şirvan qalalarının ən möhkəmi olan Gülüstan qalasını almaq üçün bir dəstə qoşun təyin etdi. Özü də Şahrux mirzənin olduğu Beyqurd qalasına üz qoydu. Şahrux mirzənin vəkili Hüseyn bəy igid və cəsur qoşunu ilə qarşıya çıxdı. Beyqurd dərəsində müharibə odu alovlandı. Hüseyn bəy məğlub olub qalaya qayıtdı və qalanı müdafiə etməyə başladı. Dörd aylıq mühasirədən sonra, Şəki hakimi Dərviş Məhəmməd xan, şirvanlıların köməyinə gəldi. Şəbxun vurmaq məqsədilə o, qızılbaş ordusuna yaxınlaşdı. Nağara vurulub şeypur çalındı, qorçu və sairdən ibarət bir dəstə döyüşə çıxıb qalib gəldi. Dərviş Məhəmməd xan, qoşunundan bir çoxunu ölümə verdi və heç bir iş görə bilməyib geri qayıtdı. Şirvanlılar köməksiz qaldığı üçün müqavimət göstərə bilmədilər və qalanı müdafiədən aciz olub xəbər göndərdilər ki, əgər şah özü gələrsə, biz qalanı ona təslim edərik. Əmirlər işin keyfiyyətini şaha ərz etdilər. Şah Təhmasib Mərənddən köçüb, qalanın ayağına gəldi. Ertəsi gün vəkil Hüseyn bəy, Şirvanın böyükləri və əyani ilə bərabər Şahrux mirzəni şahın hüzuruna gətirdilər. Qala və xəzinələrin açarlarını təslim etdilər. Gülüstan qalabəyəsi də hüzura gəlib qalanı təslim etdi. Vəkil Hüseyn bəy Şirvanın bir çox əyanları ilə bərabər öldürüldü.
Bir il sonra Şahrux mirzə də vəfat etdi. Şirvan hökuməti şahzadə Əlqas mirzəyə tapşırıldı. Əlqas mirzə Şirvanda 9 il müstəqil hökmranlıq sürdü. Axırda əzəməti, mənsəbi və qoşununun çoxluğuna güvənərək öz vəlineməti və böyük qardaşı olan padişaha asi oldu...
Bu hadisənin təfsilatı belədir: Əlqas mirzə azğınlıq havasilə qardaşının rəyinə müxalif işlər görüb gündən-günə üsyan və müxalifətini artırırdı. Axırda Şah Təhmasib onun fitnəsini dəf etmək üçün Şirvana hərəkət etdi. Əlqas mirzə qəflət yuxusundan bir az oyanıb, öz keçmiş hərəkətlərindən peşman oldu. Bağışlanmaq üçün anasını və oğlu Əhməd mirzəni şahın hüzuruna göndərdi. Üzr istəyib qəliz andlarla həmişəlik ixlas və itaətə söz verdi. Şah özü Gürcüstana yola düşüb, onu çərkəzlərə qarşı cəhada göndərdi. Lakin, Əlqas mirzə xütbəni öz adına oxudub və sikkəni öz adına vurdurmuş olduğundan, Şah Təhmasib Gürcüstandan qayıtdıqdan sonra, İbrahim xan Zülqədəri, Göycə sultan Qacarı və Şahverdi xan Ziyad oğlunu bir dəstə qoşunla basqın üsulilə Şirvanı almağa göndərdi. Bu zaman Əlqas mirzə hələ Çərkəzistanda idi. Onun ordu başçısı və inanılmış adamı olan Mihtər Dövlətyar onun ailəsini və köçünü götürüb Gülüstan qalasıına çəkildi. Şahın əmrilə Şirvan vilayətini alıb, Gülüstan qalasını mühasirə etdilər. Əlqas mirzə bu xəbəri eşidincə, qayıdıb Dərbəndə gəldi. Əmirlərin üzərinə iki dəfə qoşun göndərdisə də, məğlub edildi. Şah Təhmasib əmirlərin köməyinə yeni qüvvə göndərdi, özü də onların ardınca yola düşdü. Əmirlər Əlqas mirzənin üzərinə yürüş etdilər. O, şah ordusu və əmirlərinin gəlməsini xəbərini eşidib, qorxuya düşərək Xınalıq tərəfinə qaçdı. Onun adamları dəstə-dəstə dağılmağa başladılar. Əmirlər Samur çayı kənarında ona yetişdilər. Lakin o bir çox çətinliklər çəkərək, 40-50 nəfərlə Dağıstana, Krim Şamxalın yanına getdi. Buradan Kəfəyə (Feodosiyaya), oradan da, İstanbula yola düşdü.
Dərbənd və Gülüstan qalaları bir müddət onun məmurlarının əlində idi. Bu qalalar alındıqdan sonra, Mihtər Dövlətyar bir neçə nəfərlə öldürüldü. Şah Təhmasib Şirvan vilayətini öz oğlu İsmayıl mirzəyə verib, Göyçə sultan Qacarı da onun xidmətində qoyaraq geri qayıtdı.
Bu zaman Şirvan sultanları nəslindən Bürhan mirzə adlı bir nəfər Qaytaq camaatının arasında olurdu. Onun tərəfindən verilmiş hökm və fərmanlar üzərində olan möhrün mətni belədir: Bürhanəli ibni-Keyqubad ibni-Əbabəkr ibniƏmir İshaq ibni-Şeyx İbrahim. Bu adam hicri 954-cü (=1547) ildə Şirvana gəlib Qülhanda sakin oldu. Qoşun əhlindən bəzisi onun başına toplanıb, meşə və cəngəlliklər arasında müharibəyə hazırlandılar. İsmayıl mirzə və Göycə sultan çoxlu qoşunla onu dəf etməyə getdilər. Çarxçılar ilə Bürhan mirzənin adamları arasında şiddətli müharibə oldu.
Şahzadənin ordusu yetişincə, Şirvan qoşunu basıldı və onlardan bir çoxu öldürüldü. Bürhan mirzə Dağıstana qaçdı. Əlqas mirzə Ruma gedib Sultan Süleyman İran səfərinə tərğib etdi. O, üçüncü dəfə hicri 955-ci (=1548) ildə saysız qoşun, topxana və bir çox təchizatla İran üzərinə hərəkət etdi. Şah Təhmasib tam bir hazırlıqla qarşıya çıxdı.
İsmayıl mirzə və Göycə sultan da, onun əmrinə görə, Şirvan qoşunu ilə bərabər bu müharibədə iştirak edirdilər. Xülasə, bir çox müharibələrdən sonra, Sultan Süleyman Ruma qayıtdı. Əlqas mirzə də İraqa və Farsa gedib, iğtişaş qaldırmağa başladı. Buradan da Bağdada gəldi. Axırda tutulub, qardaşının hökmü ilə bir müddət Qəhqəhə qalasında dustaq oldu.
Ömrünün axırlarında məşhədi-müqəddəsə gedib orada vəfat etdi. Gözəl təbi vardı...
İsmayıl mirzə və Göycə sultan uzaqlaşınca Bürhan mirzə vilayəti boş görüb Şamaxıya gəldi və hökumət bayrağını qaldırdıqdan sonra vəfat etdi.
Hicri 956-cı (=1549) ildə Şirvan hökuməti Şah İsmayılın bacısı oğlu və damadı Abdulla xan Ustacallı ibni-Xan Məhəmmədə tapşırıldı. Şirvanlılar Bürhan mirzəyə bir neçə gün itaət etdiklərindən, Abdulla xandan qorxuya düşdülər və ittifaq edib Bürhan mirzənin qohumlarından Mihrab adlı bir nəfəri özlərinə seçdilər. Abdulla xan onları dəf etməyə getdi.
Şirvanlılar məğlub edildi və bir çoxları öldürüldü. Mihrab mirzə qaçdı və başına nə gəldiyi məlum olmadı. Şirvanlılar ikinci dəfə yenə iğtişaşa başladılar: Mihrab mirzənin qohumlarından Qurbanəli adlı bir nəfəri hökmdar seçib, Xəzər dənizi adalarından birinə sığındılar. Abdulla xan nəsihət yolu ilə nə qədər məktub yazdısa da, bir fayda vermədi. Axırda onların üzərinə yeridi. Qızılbaş qoşunu suyun ortasında (adada) müharibə atəşini alovlandırdı, adanı alıb Qurbanəli mirzəni, o tayfadan bir çoxları ilə bərabər qətlə yetirdi. Çoxlu mal ələ keçirdilər. Bu hadisədən sonra bir neçə il asayişlə keçdi.
Şah Təhmasibin bu ölkədəki fütuhatından biri də Şəkinin alınması idi. Bu hadisənin təfsilatı belədir: Şirvanşahlar xanədanına mənsub və ata-babadan Şəki hakimi olan Hüseyn bəy, gürcülərin təcavüzündən Şah İsmayıla pənah aparıb, həmişə ondan iltifat və köməklik görürdü. Şah İsmayıl vəfat edən ili Kaxet hakimi Ləvənd xan Şəkinin üzərinə gəldi.
Hüseyn bəy müharibədə öldürüldü. Şəkinin böyükləri, onun oğlu Dərviş Məhəmməd xanı hakim seçdilər. O, atasının ziddinə olaraq İran dövləti ilə çəkişməyə başladı. Yuxarıda söylənildiyi kimi, Şahrux mirzənin müharibəsində qızılbaş qoşununa şəbxun etdi. Buna görə, Şah Təhmasib özü hicri 958-ci (=1551) ildə Şəki ölkəsini almaq qəsdilə hərəkət etdi. Kaxet valisi gürcü Ləvənd xan itaət izhar edib, əmrə tabe olmaq məqsədilə Ərəş qəsəbəsində hüzurə gəldi və şahın nəvazişlərinə nail oldu. Şah tərəfindən Dərviş Məhəmməd xanın adına lütf və mərhəmət müjdəsi verən bir fərman sadir
oldu. Lakin o, yerinin möhkəmliyinə arxalanaraq, inad göstərməyə başladı. Şəki böyüklərindən bəzisi Kiş qalasına, Dərviş Məhəmməd xan özü isə, çox möhkəm və uca olan Gələsən-Görəsən qalasına çəkildi. Bir dəstə də Əlbürz dağının ətəyində möhkəm bir yeri özlərinə sığınaq edib vuruşa hazır oldular. Qorçibaşı Sevindik bəy, Bədir xan və şahqulu Sultan Ustacallı, bir dəstə qoşunla Kiş qalasını almağa, Kaxet valisi Ləvənd xan və Şirvan hakimi Abdulla xan Gələsən-Görəsən qalası üzərinə, Möhürdar Şahqulu xəlifə də başqa bir dəstə ilə dağ ətəyindəki sığınağı almağa təyin edildilər. Əmirlər mühasirə və qalanı almaq işləri ilə məşğul olub, topların zərbilə hasar və qalanın burclarının dağıtdılar.
Bu halı görən Kiş qalabəyisi, qılınc və kəfən ilə şahın dərgahına gəldi, qalanın açarlarını təslim edərək, təltif edildi. Hökm və fərmana görə, qalanı dağıdıb hasar və burclarını yer ilə yeksan etdilər. Bundan sonra, şahın ordusu dağ ətəyindəki sığınaq tərəfinə hərəkət etdi. Buranın sakinləri də şahın əzəmətindən qorxuya düşüb əhv və aman istədilər.
Dərviş Məhəmməd xan öz əməlindən peşman olub, bir geçə Gələsən-Görəsən qalasından çıxıb qaçdı. İşin tərsliyindən onun yolu Ləvənd xan və Abdulla xan ordusunun yanından düşdü. Bu qoşundan bir dəstə Dərviş Məhəmməd xanı təqib edərək ona yetişdi. O, yanında olan 400 nəfərlə müdafiəyə başladı. Adamların hamısı öldürüldü. Dərviş Məhəmməd xan özü Çərəndab sultan Şamlının mülazimi Kosa Pirqulu ilə əlbəyəxa oldu. Kosa qalib Gələrək, onun rəyasət havası ilə dolu olan başını öz padişahının atının ayağı altında, torpaq üzərinə atdı. Şəki ölkəsi tamamilə, şahın qüvvət və qüdrət sahibi olan dövlət başçılarının hakimiyyəti altına keçdi.
Hicri 961-ci (=1554) ildə Sultan Süleyman dördüncü dəfə olaraq Azərbaycana qoşun çəkdi. Şirvan hakimləri nəslindən, onun dərgahına pənah gətirmiş olan Qasım Mirzəni Krımın Kəfə (Feodosiya) yolunda qoşunla Şirvana göndərdi. Qasım mirzə Dərbəndi keçəndən sonra, şirvanlılar yenə Abdulla xandan üz çevirib onun başına toplandılar.
Abdulla xan qızılbaş qoşunu ilə onları dəf etməyə getdi. Çətin keçidli Tənkə adlı bir yerdə iki qoşun qarşılaşdı. Abdulla xan məğlub olaraq Şamaxıya qayıtdı. Qasım mirzə Beyqurd qalasına gəldi, müharibə tədarükü görməyə başladı. 10.000 nəfər rumlu və şirvanlı ilə Abdulla xanın üzərinə yeridi. Qızılbaş ağsaqqalları, öz azlıqlarından və düşmənin çoxluğundan qorxuya düşüb, hərb xüsüsunda tərəddüddə idilər. Lakin Abdulla xan başında olan iki min nəfərlə, müharibəyə qərar verib, Gülüstan qalası yaxınlığında düşmənlə üz-üzə gəldi. Müharibə atəşi bütün gün alovlandı. Axşam
çağı Şirvan qoşunu basıldı. Onların çoxu öldürüldü, yerdə qalanları isə, Təbərsəran tərəfinə qaçdılar. Məlum olmadı ki, Qasım mirzənin başına nə gəldi. Abdulla xan o ölkədə əzəmət və iqtidar bayrağını daha da ucaltdı. O, müxalifətdə olanlara daha cəza vermədi, rəiyyətlərə mehribanlıq və iltifat göstərirdi. Kimsənin qüdrəti yoxdu ki, ona qarşı müxalifət göstərsin. Dövlət işlərini intizama salmaqdan əlavə, ticarət işlərini də genişləndirmək üçün artıq dərəcədə çalışırdı. Şamaxıda ingilis ticarətxanası onun himayəsi altında təsis edilmişdi. Hicri 969-cu (=1561) ildə, ingilis Cenkinson bu ölkədən Avropaya qayıtdığı zaman, Abdulla xan onunla bərabər, bəzi işlərdən ötrü, rus padişahı İvan
Vasilyeviç (Qroznının) hüzuruna elçi göndərmişdir. 17 il davam edən hökumranlıqdan sonra, hicri 973-cü (=1566) ildə, vəfat etdi. Sonra Şirvan əyaləti rumlu Aras xana tapşırıldı və bir neçə müddət onun əlində qaldı.
Şah Təhmasib 54 il səltənət sürdükdən sonra hicri 984-cü (=1576) ildə vəfat etdi. O, ədalətli və çox iqtidarlı bir padişah idi. Şah Təhmasib çavanlığından bəzi əyləncə və qanunsuz işlərlə məşğul olmuşsa da, lakin rəiyyət və ordu işlərini nizama salmaq xüsusunda heç bir şey əsirgəməmişdir. Gözəl bir təbi-şerə və səliqəyə malik idi. Əbcəd hesabilə «qəti surətdə tövbə etdim” tərkibi onun tövbəsi tarixidir. Şah Təhmasibdən sonra, oğlu II Şah İsmayıl taxta oturdu. Bir ilə yaxın hökumət işləri ilə məşğul oldu. Atababasının qanunlarına zidd olaraq, dövlət və millət işlərini yeni əsaslar üzrə qurmaq istəyirdi...
II Şah İsmayıl... çox qan tökən və qohum-qardaş gözləməyən bir şəxs idi. Buna görə, həyat və hökmranlığından bir xeyir görməyib, zəhərlənərək vəfat etmişdir...
Ondan sonra böyük qardaşı Sultan Məhəmməd Xudabəndə taxta oturdu. Aras xan, keçmişdə olduğu kimi, Şirvan viləyətində öz vəzifəsində qaldı. Təkəli Bardoğdu xəlifəyə, Şamlı və sair tayfaların əmirlərindən bir neçəsinə Şirvanda torpaq verildi. Vali Ləvənd xanın oğlu gürcü İsa xan, Şah İsmayılın oğlu Sam mirzənin qızını alıb, Şəkiyə hakim təyin olundu. Sultan Məhəmməd Xudabəndə dünya işlərindən bixəbər və xudapərəst idi. İradəsinin süstlüyü və hesabsız ənamlar verməsi üzündən xəzinə boşalmışdı. Qadınlar da hökumət işlərinə müdaxilə edirdilər. Əmirlər və oymaqlar arasında ikitirəlik düşmüşdü. Bunların nətiçəsində binövrəsinə və onun istiqlaliyyətinə rəxnə düşdü. Dostlar məəttəl qalıb, düşmənlər isə cəsarətlə mübarizəyə girişdilər. O cümlədən Şirvan əhalisi iğtişaş fikrinə düşdü. Onlar, Çərkəzistan və Dağıstan ölkələrində pərişan bir halda dolanan və yuxarıda adı çəkilən Əbubəkr mirzə ibni-Bürhan mirzəni Şirvana dəvət etdilər. Şirvan qoşunundan qalan iki-üç min ləzgi və qarabörk onun başına toplaşıb iğtişaşa başladılar. Əbubəkr mirzə Osmanlı sultanının hüzuruna bir adam göndərib, onun himayəsi altına keçdiyini bildirdi və Şirvan ölkəsini almaq üçün ondan kömək istədi... Sultan Murad xan da Şirvan, Bakı və Azərbaycan vilayətlərini fəth
etməyi qərara aldı. Bu fikirlə Lala paşa adı ilə şöhrət tapmış öz lələsi Mustafa paşanı hicri 986-cı (=1578) ildə 100.000- dən artıq qoşunla bu vilayətləri almağa göndərdi.
Mustafa paşa Axısqa hüdudunda, onu dəf etməyə gələn İrəvan və Qarabağ bəylərbəylərini məğlub etdi. Gürçüstana gəlib Tiflis qalasını aldı və Şirvana doğru hərəkət etdi. İsa xan Şəkidə qala bilməyib özünü bir güşəyə çəkdi. Lala paşa arxayınlıqla Şirvana gəldi. Dağıstan əmirləri və ləzgi tayfaları ona kömək edirdilər; Şirvan əhalisi də onun itaətində idi. Ağıllı və işbilən Şirvan bəylərbəyisi Aras xan, qalanı müdafiə etməyə özündə iqtidar görməyib, köç-külfəti və tərəfdarları ilə bərabər köçüb Kür çayının kənarında yerləşdi.
Lala paşa Osman paşanı Şirvana bəylərbəyi təyin edib, Qaytas paşanı da Ərəşdə hakim qoydu. Hər vilayətə bir hakim təyin edib Şamaxı, Ərəş və Bakı qalalarını möhkəmləndirdi, Rum ordusuna kömək etmək üçün Əbubəkr mirzəni Şirvanda qoydu. Şirvan valiliyinin ona verilməsi haqqında Xandikardan xahiş edəcəyini ona vədə verdi. Özü isə, müharibə edə-edə Gürcüstan yolu ilə Rum ölkəsinə qayıtdı.
İran tərəfindən də, dövlət başçılarının məsləhətilə, Sultan Məhəmmədin böyük oğlu və vəliəhdi Həmzə mirzəni Azərbaycana və Şirvana hərəkət etməsi lazım görüldü. Şahzadənin ordusu Qarabağa yetişdikdə, Kürün Muğan tərəfində yerləşmiş olan Aras xan və Şirvan əmirləri səy etdilər ki, şahzadə gəlincəyə qədər Şamaxının üzərinə yürüyüb rumlarla vuruşsunlar; bəlkə başqalarının köməyi olmadan Şirvanı ələ keçirsinlər. Bu məqsədlə başlarındakı çəmiyyətlə Şamaxı üzərinə yürüdülər. Lala paşa Şirvan səfərinə təyin olunduğu zaman Xandigar tərəfindən Cici ibni-Çingiz xan nəslindən olan Krım valisi Məhəmməd Gəray xana təklif edilmişdi ki, tatar qoşunu ilə Dərbənd yolundan Şirvana hərəkət etsin.
Buna görə qardaşı Adil Gəray sultan 20.000 tatar qoşunu ilə bu ölkəyə hərəkət etmişdi. Osman paşa onun gələcəyi künü bildiyindən, şəhərdən çıxıb, düşmənə qarşı döyüşə hazırlandı. Aras xan və əmirlər də, səflərini düzəldib, müharibəyə girişdilər. Bu zaman tatar qoşununun pişdarları görünüb, dağları və çölləri tutdular, qızılbaş qoşunu bu halı görüb qorxuya düşdü, vuruşa-vuruşa qayıtmaq istədi. Lakin Rum, Tatar, Ləzgi və Şirvanın Qarabörk tayfası onları araya aldılar. Aras xan bir çox əmirlər və əsgərlərlə bərabər öldürüldü. Qılınc ağzından qurtaranlar yarımcan aradan çıxdılar və Kür çayından keçincəyə qədər atlarının cilovunu çəkmədilər.
|