Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Məmməd Araz-SEÇİLMİŞ ƏSƏRLƏRİ-CİLD 1-2
  
ŞERİM

 

     Gənc qələm yoldaşlarıma.

    Yaş ötüb, ayılıb görürsən bir vaxt
    Heç nə yazmamısan, ömür yarıdır.
    Alnına yazılan qırışlar ancaq
    Ömrünün şikayət misralarıdır...

    Tələsik qələmi alırsan ələ,
    Ürək də titrəyir əllərin kimi.
    Lakin görünürsən Vətənə, elə
    Sən də yazılmamış əsərin kimi.

    Bəzən quşa dönür saat da, an da.
    Axşam gəzdiyini səhər tapırsan.
    Elə də olur ki, baxtın tutanda
    Daş axtaran yerdə gövhər tapırsan.

    Kainat deyimmi mən şerə, sözə!-
    Onun min düyünü, min açarı var.
    Onu duya bilməz ondakı közə
    Qəlbində köz töküb alışmayanlar.

    Bəli, duy bunları, ey şair yoldaş,
    Səsini kəsməsin hər ötəri səs.
    Nəhrin qabağına atılan bir daş,
    Onun sürətini saxlaya bilməz!

    Duy ki, tüğyanında boranın, qarın
    Odlu bir ürəklə yazan olubdur.
    Çox zaman nəşədən dəm vuranların
    Əsəri, nəşələr pozan olubdur.

    Söz gərək ox keçməz qayadan keçə,
    Yoxdursa sözünün kəsəri,- yazma,
    Özün sevməyincə, sevilməyincə,
    Özgədən məhəbbət əsəri yazma.

    Eyb etməz uçuşda yıxılsan bir an,
    Təki deməsinlər qanadsız quşdur.
    Göyləri fəth edən bir ana tərlan
    Kim deyir balaykən yıxılmamışdır.

    Şerim, çox danışdım, deyəsən, bir az,
    Sən niyə susmusan, - danışan mənəm?
    Yox, şer ocağı alovsuz olmaz
    Alışdıran sənsən, alışan mənəm.

    Şerim, el sazında mizrab vur telə,
    Onsuz da ötəri ötən az deyil...
    Özləri dünyadan getməmiş hələ
    Adları dünyadan gedən az deyil.

    Elin nəfəsidir ən böyük əsər,
    Duysam da, özümü öyə bilmərəm.
    Yüz bülbül səsi də mənə versələr,
    Elsiz bir nəğməni deyə bilmərəm.

    Şerim, şimşəklərdən qanad istə sən,
    Yerəsə insanın nəfəsiylə gəl.
    Dünyada bir damla olmaq istəsən,
    Dünyaya sən ümman həvəsiylə gəl.
1956.

ÖTƏN GÜNLƏR



    Gəl daha tənəli sözlərdən əl çək,
    Olub-keçənləri gətirmə yada.
    Bəzən yarıkönül gülümsəyərək,
    Hər sözü-söhbəti üzə vurma da...

    Bu sorğu-suallar nəyə gərəkdir,
    Gərək unutmağı bacara insan.
    Canın dağ da olsa, əriyəcəkdir
    Hər günün dərdini ürəyə yığsan...

     (Ey qadın ürəyi, ey sirli dilbər,
    Bir xəzan görməsin gülün, gülşənin!
    Deyirəm, inamsız olduğun qədər
    İnamın olaydı dünyada sənin...)

    Fikirli görürəm səni hər axşam,
    Məni eşqimizə yadmı sayırsan?
    Bəlkə gözəlləri unudub tamam,
    Səni sevdiyimə inanmayırsan?

    Doğrudan ömrümdə faciə vardı,
    Uydum gözəlliyə, uydum əzəllər;
    Məni də zəhmətdən, işdən ayırdı
    Zəhmətsiz gözəllər, işsiz gözəllər...

    Alıb "oynatdıqca” qəlbimi onlar
    Xəyalım, ilhamım yerində saydı.
    Şersiz, nəğməsiz ötən bu anlar
    Bir şair ömrünə yazılmayaydı...

    Sonralar yandırıb-yaxır insanı
    Ötəri əyləncə, ötəri həvəs.
    İnan ki, ehtiras aldatmayanı
    İnci də, kövhər də aldada bilməz.

    Hələ də göynəyir ağrının yeri,
    Vaxtında onları oda yaxmadım.
    O qansız, duyğusuz daş ürəkləri
    Vaxtında qoparıb daşa çaxmadım.

    Vaxt oldu qapıldım nifrət hissinə,
    Od alıb, alışdı qəlbimin başı.
    Mərhəmət gətirdi könlümə yenə
    Yalan sevgi nazı, saxta göz yaşı.

    Hərdən düşündükcə o günləri mən,
    Ürək də sinəmdə tufan qoparır.
    Sevgilim, "min ilin dərdini bəzən
    Bir anın sevinci yuyub aparır”.

    Silinsin qəlbindən qəmlər, düyünlər,
    Yüz ilin, min ilin sorağı kimi.
    Ömrün budağından qopdu o günlər
    Saralmış bir payız yarpağı kimi.
    Gəl daha tənəli sözlərdən əl çək,
    Olub-keçənləri gətirmə yada.
    Bəzən yarıkönül gülümsəyərək,
    Hər sözü-söhbəti üzə vurma da...

    Gəl yenə söhbət aç saf eşqimizdən,
    Tək səni ömrümün günəşi saydım.
    Bəlkə də seçməzdim yaxşını pisdən
    Həyat yollarında yanılmasaydım...
1956.

BİR SƏNİN EŞQİNLƏ...



    Yenə varaqlandı könül kitabım
    Bir sənin, bir sənin eşqinlə, gözəl!
    Düşündüm gül açır, bülbül oxuyur
    Bir sənin, bir sənin eşqinlə, gözəl!

    Sinəmə bir eşqin sazını asdım,
    Hər könül nəğməmi o dedi, yazdım.
    Çox eşqin səsinə qulaq da asdım
    Bir sənin, bir sənin eşqinlə, gözəl!

    Gah odsuz, alovsuz pərvanə oldum,
    Eşqinlə güləcək divanə oldum.
    Bəlkə yüz gözələ biganə oldum
    Bir sənin, bir sənin eşqinlə, gözəl!

    Qəm-kədər üzünə tutanda pərdə
    Qəmləndi çaylar da, şəlalələr də.
    Sandım-doğur günəş, gülür səhər də
    Bir sənin, bir sənin eşqinlə, gözəl!

    Sənsiz bir anıma dedim bir ildi,
    Dərdimi nə bacı, nə ana bildi...
    Məhəbbət önündə qəddim əyildi
    Bir sənin, bir sənin eşqinlə, gözəl!
1956.

UNUDA BİLMİRƏM



    Terek sularını seyrə dalaraq,
    Öz ilk sevgilimi anıram yenə.
    Bu yaşıl sahildə neçə il qabaq
    Yandığım kimi də yanıram yenə.

    Od alır qəlbimdə hisslər, duyğular
    O son ayrılığı saldıqca yada.
    Deyin sevgilimi, deyin, ey sular,
    Ayrılıq üçünmü sevdim dünyada?!

    Susdu bu sahildə o qızın səsi,
    Güllər, çiçəklər də başını əydi.
    Sevgilimə deyən düşmən gülləsi
    Sandım ki, mənim öz qəlbimə dəydi.

    Bu mavi sulara son dəfə baxdı,
    Əbədi yumuldu o mavi gözlər
    Axdı ləpələr tək, süzülüb axdı
    O dalğın baxışlar, səmavi gözlər...

    Fəqət biz susmadıq, biz coşduq yenə
    Vətənin Lenası, Volqası kimi.
    Hissəmiz sahildən düşmən üstünə
    Axdı bir intiqam dalğası kimi.

    Dedim, o ölsə də qəlbində zəfər
    Ölmədi arzusu, eşqi, sevdası.
    Topların səsində Berlinə qədər
    Getdi onun səsi, onun sədası...

    Çox illər keçibdir həmin o gündən
    Odla nəfəs almır bu torpaq, bu su.
    İndi bu sahildə duymayıram mən
    Mərmi vıyıltısı, barıt qorxusu.

    Elə bil rəngini dəyişir yer də,
    Dava, qan görməyib sanki bu diyar.
    Sahil boyundakı kənddə, şəhərdə
    Nə sınıq pəncərə, nə uçuq ev var.

    Təzə ot bitirib qoynunda o vaxt
    Səngər qurduğumuz təpələr belə.
    Traktor səsiylə salamlaşaraq,
    Yeni nəğmə deyir ləpələr belə.

    Lakin mən yenə bir döyüşçü kimi
    Anıram o keçən illəri bir-bir.
    Ölən sevgilimi, ölməz eşqimi
    Ürəyim unuda, unuda bilmir.
1956.

RƏFİQƏLƏR



    Nələr xəyalımı oynatdı, nələr,
    Dindi könül sazım bu səhər yenə.
    Qızlar, o cüt qızlar, o rəfiqələr
    Gəlib küçəmizdən keçdilər yenə.

    Görürəm birinin gözü məndədir
     (Gözünün vəsfini salmıram yada.)
    Birinin söhbəti, sözü məndədir,
    Mənimlə bir kəlmə danışmasa da.

    İnsan bir baxışla vurulur bəzən,
    Bir anın eşqi də ötəri olmur.
    Elə də olur ki, sevildiyindən
    Sevilən adamın xəbəri olmur.

    Mənə vurulmuşdu mənə baxan qız,
    Qəlbini dindirən sevgi səsiydi,
    Lakin bilmirdi ki, o mehriban qız
    Sevdiyim özü yox, rəfiqəsiydi.
1956.

ANA TORPAQ



    Ana torpaq, ana torpaq!
    Dilə gəldi sazım yenə.
    Qoy eşqini varaq-varaq
    Ürəyimə yazım yenə...
    Sənin qoynun bir asiman-
    Dolanmağa xəyal gərək.
    Göylərini seyrə çıxan
    Bir qocaman qartal gərək.
    Ana torpaq! Bəs bu ada
    Məni çəkən hikmət nədir?
    Sanıram ki, bu dünyada
    Sənsiz hər şey əfsanədir.
    Sənsiz keçən bircə günü
    Neçə min il sanaram mən.
    Sənsiz olsam, göy mülkünü,
    Yer şarını danaram mən.
    Ana torpaq, ana torpaq!
    Bir oğluyam doğma yerin,
    Arzularım qucaq-qucaq,
    Məhəbbətim daha dərin...
    Ana torpaq, küləklərin
    Rübabımdır, avazımdır.
    Bu nəğməkar göy Xəzərin
    Ömrüm boyu bir sazımdır.
    Sənin qoynun bir güllü yaz,
    Nələr yazım bu yaz haqda.
    Sənin eşqin vəsf olunmaz
    Beş varaqda, on varaqda.
    Hələ sənin qucağını
    Gəzməmişəm qarış-qarış.
    Hələ Ural fəhləsiylə
    Şer səsim yarışmamış.
    Hələ nəğməm oyatmayıb
    Koryakları Amur kimi.
    Qələmim də bərkiməmiş
    Tayqanın buz dağlarını
    Parçalayan dəmir kimi.
    Qara dəniz sahilində
    Qışda çiçək dərməmişəm.
    Ob üstündə xizək sürən
    Nen qızını görməmişəm.
    Saxalində, Kamçatkada
    Olmamışam nə yaz, nə qış.
    Karpatların yaz yağışı
    Saçlarımı islatmamış.
    Çox elləri görməmişəm,
    Görməmişəm, bir də nə qəm,
    Bu torpağı çox sevirəm,
    Öz qəlbimdən, öz canımdan.
    Mənim könlüm həyəcanımdan,
    Volqanı duy, Kürü dinlə!
    Ana torpaq, körpəlikdən
    Nəfəs aldım nəfəsinlə.
    Ana torpaq, mən sevirəm,
    Hər qışımı, hər yazımı.
    Mən sevirəm Qafqazımı
    Südəmər bir körpə uşaq
    Anasını sevən kimi.
    Mən sevirəm Muğanımı
    Bala tərlan yuvasını
        sevən kimi.
    Ukraynanı görməsəm də
    Dnepri, Şevçenkonu
         sevirəm mən.
    Arazımda Nizamilər
    Füzulilər nəğməsi var.
    Volqamdasa Lermontovlar,
    Nekrasovlar nəfəsi var.
    Ana yer, sən sədəfli saz,
    Mən nə deyim bu saz haqda.
    Sənin eşqin vəsf olunmaz
    Beş varaqda, on varaqda...
    Ana torpaq, qüdrətini
    Vəsf eləyən şair varmı?
    Sənin dərya şeriyyətin
    Bir ürəyə sığışarmı?
    Bülbül olsam, ömrüm boyu
    Bağlarını dolanardım.
    Qartal olsam, başı qarlı
    Dağlarını dolanardım.
    Külək olsam, çöllərinin
    Saçlarını darayardım.
    Aranına od yağanda
    Bir məsrəfə yarayardım.
    Günəş olsam, səndən ayrı
    Alışmazdım bir an belə.
    Bir damla da sayılmazdım
    Sənsiz olsam ümman belə.
    Bulud olsam, hər düzünə
    Bir coşğun çay bəxş edərdim.
    Öz eşqimi naxış-naxış
    Hər daşına, hər qayana
         nəqş edərdim.
    Şimşək olsam, dar günündə
    Enib yerdə çaxardım mən.
    Düşmənini bir andaca
    Yandırardım, yaxardım mən.
    Şahin olsam, göylərində
    Yüz il, min il süzərdim mən.
    Sinənə nur səpmək üçün
    Ulduzları qanadıma
        düzərdim mən.
    Yox, ana yer, qələmin də
    Öz gücü var, öz adı var.
    Şerin, sözün şahinləri
    Yoran xəyal qanadı var.
    Yox-yox, mənim söz tərlanım
    Şimşəklərlə ötüşəcək,
    Mənim şer yelkənimə
    Dərya gərək, ümman gərək...
    Ana torpaq, əzəl gündən
    Gül-çiçəkli yazım sənsən.
    Ömrüm boyu könül səsim,
    Bir də könül sazım sənsən.
    Ana torpaq, qüdrətini
    Vəsf eləyən şair varmı?
    Sənin dərya şeriyyətin
    Bir ürəyə sığışarmı?
1957.

İKİ SƏS



    Yenə də ağ varaq gərəkdir mənə,
    Yazıb-pozduqlarım xoşuma gəlmir.
    Neçə söz ələyib, seçsəm də yenə
    Qəlbim istəyən söz başıma gəlmir.

    Könül sevdiyini sevəsən gərək,
    Kiçik bir şer də könül varıdır.
    Bu axşam bayırda at çapan külək
    Sanki xəyalımın qanadlarıdır.

    Ürəyim söz üstə yanır bayaqdan,
    Ömrünü şerə ver, şerə qat deyir.
    Anamsa dillənib qonşu otaqdan,
    - Oğul, dincəl, - deyir- oğul, yat-deyir.

    Ürəkdən nur alır hər ev, hər ocaq,
    Onunmu səsinə qulaq asım mən.
    Ana yuxusuna haram qataraq,
    Bəs necə düşünüm, necə yazım mən?

    Anam bilməyir ki, şair olan kəs,
    Odlu söz tapmayır oda yanmasa,
    Bir də ki, şairə şair deyilməz
    Hamıdan gec yatıb, tez oyanmasa.

    Oğul dincliyini axtarır ana,
    O bilmir bir dolan buluddur ürək -
    Minillik bir yuxu versən də ona,
    Yenə boşalmasa dincəlməyəcək.

    Ürəyim söz üstə yanır bayaqdan,
    Ömrünü şerə ver, şerə qat deyir.
    Anamsa dillənib qonşu otaqdan,
    - Oğul, dincəl, deyir,- oğul, yat,- deyir.

    İki səs şairi çağırır bu dəm,
    Necə yuxulayım, necə yazım mən...
    Boşal kağız üstə, boşal, ey sinəm,
    Qoy iki səsə də qulaq asım mən!
1956.

TOY HƏSRƏTİ



    Üzünə doyunca baxmamışam mən,
    Gözlərin üzümdə qalandan bəri.
    Ürəyim sənlədir, eşqim sənlədir,
    Eşqin ürəyimə dolandan bəri.

    Könül sevməyəni sevə bilmərəm,
    Könlümə yad deyil nə şadlıq, nə qəm.
    Kədərə düşmənəm, sevincə həmdən
    Sən mənim həmdəmim olandan bəri.

    Qar-boran görməsin bu bahar eşqim,
    Min il sevmək üçün yenə var eşqim.
    Küləklər nəğməmdir, dəryalar eşqim
    Məhəbbət sazını çalandan bəri.

    Bircə söz incidir qəlbimi hər dəm,
    Utanıram onu açıqca deyəm-
    Ay oğlan, axı toy həsrətindəyəm
    Nişan üzüyünü alandan bəri...
1957.

ÖZÜM SƏYYAH OLSAM DA...



    Məskənim gah Polesya, gah Çukot, gah Pamirdir,
    Vətənimin hər yeri mənim gözümdə birdir.
    Gah Aralda üzürəm, gah Amurdan keçirəm,
    Sanıram mənimləsən yenə, hardan keçirəm.
    Çox qızlar da görürəm, görürəm səndən gözəl,
    Deyirəm, gözəl yoxdur könül sevəndən gözəl.
    Sevgilim, dolandığım min diyardır, min eldir,
    Özüm səyyah olsam da, eşqim səyyar deyildir.
1956.

SƏNİ BİR DƏ SEYR EDİM...



    Kiçikdim o zaman, kiçikdim hələ,
    Doğma kəndimizdən ayrılanda mən.
    Mehriban bir ana məhəbbətilə
    Məni qucağına almadınmı sən,
    Kiçik kəndimizdən ayrılanda mən?!

    Küləkli keçsə də çoxu günlərin,
    Qəlbimə əsmədi soyuq küləklər.
    Sabahı düşünüb, duyduqca dərin
    Ruha qanad verdi şirin diləklər.
    Qəlbimə əsmədi soyuq küləklər.

    Təhsil illərini saldıqca yola,
    Həmdəmim yüksəliş, səadət oldu.
    Bəzən də sahildə getdim xəyala,
    Xəzər ürəyimdə şeriyyət oldu,
    Həmdəmim yüksəliş, səadət oldu.

    Dedim, nə böyükmüş insan hünəri,
    Süzdükcə buruqlar meşəsini mən.
    Bizim göy dağların sıx meşələri
    Durdu gözlərimin önündə bəzən,
    Süzdükcə buruqlar meşəsini mən.

    Bəlkə hər qarışın tanışdır mənə,
    Bəlkə hər küçəndə ləpirlərim var!
    Şerə sığışmayan əzəmətinə
    Hələ yazılmamış sətirlərim var,
    Bəlkə hər küçəndə ləpirlərim var.

    Neçə imtahandan çıxmışam səndə,
    Həyat göstərəcək son imtahanı.
    Əzəldən duymuşam bunu sinəndə,
    Hələ qabaqdadır hünər meydanı,
    Həyat göstərəcək son imtahanı.

    Gedirəm həyatın imtahanına,
    Öpüm torpağından inamla gedim!
    Gəl, ey doğma Bakı, müqəddəs ana,
    Hüsnünü seyr edim, bir də seyr edim,
    Öpüm torpağından inamla gedim!
1954.

SEVGİ NƏĞMƏSİ



    Bir sevgi nəğməsi yaradım deyə,
    Bu axşam bulanıb, duruluram mən.
    Onu düşünərkən bilmirəm niyə
    Başqa bir nəğməyə vuruluram mən.

    Kiçik bir mahnını bəstələyincə
    Xəyalın min eli dolansın gərək.
    Sevən bir ürəyin səsini necə,
    Necə dinləməsin sevən bir ürək...

    Yenə dillənirsən qonşu otaqdan,
     "Sus” demək gəlmir dilimdən, ay qız.
    Dalmışam nəğmənə yenə bayaqdan,
    Almısan nəğməmi əlimdən, ay qız.

    Elə bil, deyir ki, qopan bir səda,
     "Divar aramızda daşdan olsa da,
    Gərək daş olmaya ürəklərimiz,
    Bir varaq eləyək iki qəlbi biz”.

    Susuram önündə o şeriyyətin,
    Ürəyim dolsa da, ağ qalır kağız.
    Qələmsiz, kağızsız ilk məhəbbətin
    Yazır nəğməsini qəlbimə o qız.
1957.

SƏBA YELİ



    "Nə yanar kimsə mənə atəşi-dildən özgə
Nə açar kimsə qapım badi-səbadan qeyri”.

FÜZULİ



    Sözün sehrinə bax, qüdrətinə bax!
    Bir heykələ döndüm öz yerimdə mən.
    Beləcə bir misra deyəydim ancaq
    Yüz il yazacağım əsərimdə mən.

    Keçirmiş sənətin imtahanından
    Dörd yüz bahar onu, dörd yüz qış onu.
    Bir ana torpağın ürək qanından
    Qan alan bir ürək yaratmış onu.

    Bir anlıq dörd əsr qayıtdım geri,
    Sinəmdə ocaqlar qalandı, şair.
    Fikrim dolandıqca ağır illəri,
    Kainat başıma dolandı, şair.

    Görürəm özünü pərvanə sayıb,
    Başına dolanıb yananlar da var.
    Sənin xəzinəndən söz oğurlayıb,
    Sənin sənətini dananlar da var.

    Görürəm üstünə daş yağır belə,
    Fəqət, göz qırpmadan oturmusan sən.
    Çünki söz oxunla, söz atəşinlə
    Fələyin damını uçurmusan sən.

    Gəldim baş əyməyə önündə mən də,
    Qarşıma gah boran, gah tufan çıxır,
    Nədənsə, şairim, adın gələndə
    Çox şairin adı yadımdan çıxır.

    De niyə tənhasan, de niyə təksən?
    Soltanlar taxtından şikayətin var.
    Bir tənha aslanın nərəsi bəzən
    Meşələr titrədər dağlar uçurar.

    Sən ki, mehvərisən söz dünyasının,
    Qəlbinə bir həmdəm dünyamı yoxdur?
    Söylə, bir aşiqin könül yasını
    Baxışı dağıdan Leylamı yoxdur?

    Hanı vəfalı yar, sevdalı canan?
    Niyə bir həmdəmin yoxundu sənin?
    Bəlkə külək deyil qapını açan,
    Evinə sığmayan ahındı sənin?

    Şöhrətin düşdükcə obaya, elə,
    Zaman varlığını sıxır, şairim!
    Belədir, həmişə ağır zəlzələ,
    Ən uca dağları yıxır, şairim.

    Sevən ürəklərə eşqin nur saçır,
    Çiçəklər gülümsər günəş doğanda.
    Səndən şer yazır, səndən söz açır,
    Səni oxuyan da, oxumayan da.

    Odla üzə çıxıb sinənin varı,
    Bir dağsan, vulkanlar yanır canında.
    Gözlərindən çıxan qığılcımları
    Göylər ulduz edib kəhkəşanında.

    De niyə tənhasan, de niyə təksən?
    Tufanlardır ahın, çaylardır qanın.
    Bilmirdin ömürlük ömr edəcəksən
    Qəlbində anamız Azərbaycanın...

    Sən də, səba yeli, bu gündən səs al,
    Dil açma o günün kədəri kimi.
    Neçə ürəklərdə özünə yurd sal
    O böyük şairin əsəri kimi.

    Söylə, səba yeli, hər əsəndə sən
    Ona dərd gətirdin, ilham gətirdin?
    Neçə yol buluddan, göydən, günəşdən
    O söz günəşinə salam gətirdin?

    Söylə bulud kimi tutulan zaman
    Gözündən sel gələn gördünmü onu?
    Göy kimi kişnəyən, ney kimi yanan,
    Sap kimi incələn gördünmü onu?

    Günəş də üzündən qəm yağa-yağa
    Yazdımı göylərə o ölən günü?
    Sözü ürəklərə, özü torpağa
    Səsi küləklərə verilən günü?

    Qəlbimdə bir nəğmə dil açdı yenə,
    Ay ellər, bir sevda nəğməsidir o,
    Açın qapıları səba yelinə,
    Açın, Füzulinin nəfəsidir o...
1958

ÖMÜR



    Bir gün həyatımda yellər qopacaq,
    Ömür öz tağından salacaq məni.
    Neçə il üstündə gəzdiyim torpaq
    Bir gün də qoynuna alacaq məni.

    Qəbrimdən göyərən otları külək
    Yayıb göyərdəcək dərədə, düzdə,
    Bəlkə sinəm üstə bitən bir çiçək,
    Gəzəcək nə qədər sinələr üstə.

    Ömür də bir borcdur əlli il, yüz il,
    Bədbəxtdir az yazıb, çox yaşayanlar.
    Şair dost, ömrünü yaşında deyil,
    Yazdığın nəğmənin ömründə axtar.
1957.

ŞERƏ GƏTİR



    Şair dostum, çaldığın saz
    Eldən ayrı səs ucaltmaz,
    Gəl həyatın nəfəsini
    Həyatda duy, həyatda yaz.
    Gur çayları səsinə qat,
    Nə şöhrət gəz, nə də ki, ad.
    Gəl zəhmət çək, zəhmətdəki
    Şan-şöhrəti şerə gətir!
    Təbiətin öz şeri var,
    Təbiəti şerə gətir.

    Dərəni keç, düzdə dayan,
    Ceyran keçən izdə dayan.
    Axşamüstü qızlar gəlir,
    Düş bulağın üstə dayan.
    Sevdiyindən ilham alır.
    Çoban döşdə tütək çalır,
    O tütəkdə dilə gələn
    Sədaqəti şerə gətir.
    Məhəbbətin öz şeri var,
    Məhəbbəti şerə gətir...

    Dırman dağa, en arana,
    Aş Murovu, keç Muğana.
    Qar sinəsi, günəş üzü
    Günəş altda yana-yana
    Pambıq dərən bir gözəlin
    Əllərini sıxsın əlin.
    O gözəlin hüsnündəki
    Əzəməti şerə gətir,
    Qəlbindəki çırpıntını,
    Hərarəti şerə gətir.

    Qanadını şimşəkdən al,
    İlhamını ürəkdən al!
    Gül-çiçəyin ətrini gəl
    Çiçəklənən əməkdən al.
    Bax ellərin qüdrətinə,
    Çat ellərin qüdrətinə,
    Çat zamanın sürətinə.
    Qələm götür sürət ilə,
    Bu sürəti şerə gətir.
    Yazılmamış, duyulmamış
    Şeriyyəti şerə gətir.
    Gəl baharın xoş çağında
    Bahar gəzmə otağında.
    Yaz baharın şerini də
    Təbiətin qucağında.
    Söz üstündə şam kimi yan,
    Asan gələn gedir asan.
    Mən demirəm yalnız gözəl
    Bir xilqəti şerə gətir,
    Şair dostum, gəl həyatı,
    Həqiqəti şerə gətir.
1957.

O BAXIŞLAR...



    O, məni görərkən dayandı bir an,
    Dalğın baxışları mənə tanışdı...
    Eşqin mənasını duyduğum zaman
    Məni o baxışlar yaralamışdı...

    İndi o dayandı, sözü var kimi,
    Mən yana baxsam da, o mənə baxdı.
    Elə bil sıxlaşan buludlar kimi
    Bu saat sinəsi boşalacaqdı...

    Dilində üç dəfə səsləndi adım,
    Sanki öz adım da çıxdı yadımdan.
    Onu dindirmədim, danışdırmadım,
    Getdi, yaralanmış getdi yanımdan.

    O getdi, sahilə baxdım bir qədər,
    Mən orda açmışdım ona qəlbimi.
    Dayandı gözümdə dalğalı Xəzər,
    Mənim ilk eşqimin şahidi kimi...

    O çağlar xəyalda yaşadı yalnız,
    Aldı məhəbbəti şöhrətmi, nəmi?
    Başqa birisinə uyaraq o qız,
    Oduna yandırdı odlu sinəmi.

    Bəs indi qarşımda dayandı nədən,
    Yenəmi, ürəyi məndə qalırdı?
    Bəlkə bir röya tək çəkilib gedən
    İlk eşqi, ilk andı xəbər alırdı.

    Bəlkə öz işindən peşmandı, nahaq
    Əl verib, onunla barışmadım mən.
    İlk eşqi qəlbindən çıxarıb nə vaxt
    Necə atdığını soruşmadım mən...

    Bəlkə ürəyinə yol tapıb kədər,
    Mənimlə bölüşmək istədi bir az...
     (Könül, təəssüfə qapılma hədər,
    Axan su bir daha geri qayıtmaz...)

    O gündən bəridir həftələr, aylar
    Ömrümdən-günümdən gəlib şən keçir.
    Lakin düşündükcə, bulanıq çaylar
    Sanıram kükrəyib qəlbimdən keçir.

    Deyirəm özümü danlayım barı-
    Ürəyi ürəkdən araladım mən.
    Məni yaralayan o baxışları
    Niyə yaraladım, yaraladım mən?!
1955

QOCANIN VƏSİYYƏTİ



    O, qədəm qoymuşdur yüz on beş yaşa,
    Baxırsan, elə bil bir qoca dağdır.
    Az qalıb ömrünü o, vursun başa,
    Həyatdan əbədi ayrılacaqdır.
    Yığılmış yanına neçə övladı,
    Qoca öz nəslinə baxır son anda.
    Doğrudu, hər ömrün ömürdür adı.
    İnsan tək yaşadı osa cahanda.
    O, salam verərək beş qərinəyə
    Halal zəhmətinin yedi barını.
    Yaltaqlıq etməyə, yalan deməyə
    Tərbiyə etmədi övladlarını.
    Alimdir üç oğlu, iki nəvəsi,
    Neçə nəticəsi həkimdir onun.
    Birinin arzusu, fikri, həvəsi,
    Şairi olmaqdır ana yurdunun.
    İndi bir otağa yığılmış onlar,
    Qoca vidalaşır...Vəsiyyəti var.
    O hələ danışmır, susmuşdur nədən,
    Hamı gözləyir ki, dinər bax indi.
     (Min illik bir ağac sanki kökündən
    Titrəyib bir anda qopacaq indi.)

    ...Baxıb dövrəsində nəvələrinə
    Qoca həvəsindən demədi heç nə.
    Baxdı, bir də baxdı övladlarına,
    Ölüm də yaşayış göründü ona.
    Qoca öz-özünə düşündü bu dəm:
     "Yox-yox, yaşayıram, yox, ölmürəm mən.
    Həyatda min nəsil qoyub gedirəm,
    Demək, mən ölmürəm-ölümdür ölən”.
1955

SƏN TƏLƏSMƏDİN



    Qoy nəğmə deməyə bülbül tələssin,
    Gəzdiyi, gördüyü üç aydır, şair.
    Sənin ki, kükrəyən ilhamın, səsin
    Məcraya sığmayan bir çaydır, şair.

    Könlü qar gəzənlər tələssin dağa,
    Dağın tələsməsi, məncə, əbəsdir.
    Dənizlər can atsın ümman olmağa,
    Ümmanın öz suyu özünə bəsdir...

    Qəlbin od gəzmədi şaxta kəsəndə,
    Söylədin hər fəslin öz aləmi var.
    Dedin tələssən də, tələsməsən də
    Yenə öz vaxtında gələcək bahar.

    Gah oldu oylağın Göyəzən dağı,
    Sözünlə açıldı ayın qabağı.
    Əsil bayramını bayramqabağı-
    Elədi görəndə gözəllər səni.

    Sazına Vaqifin səsimi gəldi,
    Səsindən baharın nəsimi gəldi.
    Alqışa Füzuli, Nəsimi gəldi,
    Eşqə gətirəndə qəzəllər səni.

    Gah sinən Kür oldu Kür qırağında,
    Qafqazla tən durdun Qafqaz dağında.
    Muğandan qayıdıb iş otağında
     "Muğan”ı yazanda tələsmədin sən.

    Tələsən atlılar yolda qalacaq,
    Aramla gedənlər çox getdi ancaq.
    Görməyə tələsdi səni bağça-bağ,
    Bənövşə üzəndə tələsmədin sən.

    Sənətin ağ günü üzünə düşdü,
    Ellər söhbətinə, sözünə düşdü.
    Ceyranlar mələşib izinə düşdü,
    Ceyranı gəzəndə tələsmədin sən.

    Bu gün əlli yaşa qoyursan qədəm,
    Mənalı keçərsə yaş, keçsin, nə qəm...
    Bir vaxt da gələcək, deyəcək qələm:
    Ömrünün yüzündə tələsmədin sən.
12 may 1956

II

 

ÇOBANIN DÜŞÜNCƏLƏRİ



    O, dərindən köks ötürdü,
    Gen sinəsi endi, qalxdı.
    Elə bil ki, bir andaca
    Kükrəyəcək, daşacaqdı...
    Lakin baxıb şah düzünə
    Çoban xeyli danışmadı.
    Deyəsən o, ürəyində
    Gizli yandı, alışmadı.
    Dillənmədi, dağ-dərəni,
    Dilləndirən tütəyi də.
    Sanki ona sirdaş olub
    Susmuşdu dağ küləyi də
    Mən baxırdım ona tərəf,
    Alnı qırış, saçı ağdı.
    Şah dağının ətəyində
    Sanırdım ki, o da dağdı.
    Düşünürdüm: "Niyə susmuş,
    Niyə susmuş o ixtiyar?
    Nədən onun ürəyində
    Gülümsəmir gülən bahar?
    Dedim:- Söylə, çoban qardaş,
    Bu sükutun nədir adı?
    O, üzümə baxıb bu dəm
    Qəmli-qəmli pıçıldadı:
    -Hər obanın öz yaylağı,
    Hər tərlanın öz oylağı,
    Dolaylarda bahar çağı
    Bir doyunca gəzim, dağlar.
    Bu dağlara, dolaylara
    İndi onun üzü düşmür.
    Nə vaxtdandır ceyranların
    İzlərinə izi düşmür.
    Çoxdan gözü yollardadır
    Gül-çiçəkli baharın da.
    O xınalı kəkliyin də.
    Bu dağın da, o qarın da.
    Hər baharda qarış-qarış
    Bizim dağı gəzərdi o.
    Hər bulaqdan su içərdi,
    Hər çiçəkdən üzərdi o.
    Bu dağlarda qonaq qalıb
    Bəzən çalıb saz bu yerdə.
    Bizə şer oxuyubdur
    Qış Muğanda, yaz bu yerdə.
    Bu dağlara çıxa-çıxa
    Hər binəyə, alaçıxa
    O çox nəğmə, qəzəl deyib
    Onun özü gözəl deyib:
     "Bir qonağam bu dünyada,
    Bir gün ömrüm gedər bada.
    Vurğunu da salar yada
    Düz ilqarlı bizim dağlar”.

    Çoban yenə danışırdı,
    Çoban yenə kükrəyirdi.
    Bir səs mənə: "O deyəni
    Ürəyinə yaz,- deyirdi”.
    Duyurdum ki, qoca çoban
    Şer bilən, söz qoşandı.
    Qəlbim onun qarşısında
    Həm qəmləndi, həm utandı.
    Sənətkarın hər sözünü
    Məndən gözəl bilirdi o.
    Şair kimi qəmlənirdi,
    Şair kimi gülürdü o.
    Elə bil ki, bulaq idi
    Köksündəki vuran ürək,
    Hey dolurdu, boşalırdı
    Təzə bahar buludu tək.
    Bu vaxt dalğın görərdiniz
    Mənim gülər, şad qəlbimi.
    Bir sükunət bürümüşdü
    Sükunətə yad qəlbimi
    Mən bilmirdim onu durub
    Dinləsinmi könül sazım,
    Yoxsa onun sinəsindən
    Qopub gələn seli yazım?!.
Şah yaylağı, iyul 1956.

III

 

MÜQƏDDƏS MƏZAR



    Əsir ilıq külək, mülayim külək,
    Fəqət qasırğalar keçir sinəmdən.
    Qəlbimdə çırpıntı, əlimdə çiçək
    Müqəddəs bir qəbrə baş əyirəm mən.

    Onun dövrəsində gül-çiçəyə bax,
    Deyirsən, əkilib iyirmi ildir.
    Üstündə göyərən otların ancaq
    Hələ bir yaşı da tamam deyildir.

    Sanki ayaqlayıb ölümü bu an,
    Hər gələn baş əyir bu böyük ada.
    Şairi vədəsiz apardığından
    Elə bil utanır qəbristan da.

    O bir el vurğunu, el aşiqiydi,
    Budur, qəbrinin də yanında el var.
    O güllü-çiçəkli çöl aşiqiydi,
    Bunu duyursanmı bahar, ay bahar?

    Daha sözlü qəlbi gəlməyir dilə,
    Min söz çələngi var hər qəlbdə, nə qəm.
    Onun məzarının önündə belə
     "O ölmüş” sözünü eşitməyirəm.
    Təbiət, təbiət, ana təbiət!
    Yamyaşıl geymisən yenə, təbiət!
    Niyə vaxtsız qıydın ona, təbiət?
    Kamınca bir ömür sürmədi getdi.

    Neçə əsəri də odlu çağında
    Qaldı yazılmamış can otağında.
    Əmirxanı tapıb Kür qırağında
    Bağından bir meyvə dərmədi, getdi.

    Eldarı el deyib ellə qalacaq,
    Aygün min illərcə, Ay, Gün olacaq.
    Gözləyib Ülkəri on beş il ancaq
    Ona toy xələti vermədi, getdi.

    O qələmlə qurdu öz dünyasını,
    Vaqif alqışladı söz dünyasını.
    Sənət dünyasını-saz dünyasını
    Barı yüzcə il də görmədi, getdi.

    Günahkar görürəm torpağı, yeri,
    Ömrümüz özü də sirli aləmdir.
    Nədənsə insanın əzəldən bəri
    Gəlişi sevincdir, gedişi qəmdir.

    Yox-yox, kədərlənmə ürək, ey ürək,
    Onun söz mülkündən kədər uzaqdır.
    Bir də ki, dünyaya gələn gedəcək-
    Ölümə yalvarma, ümid nahaqdır.
    Əbədi susubdur bir şair səsi,
    Birgünlük, beşgünlük o yatmamışdır.
    Göz yaşı, qəlb ahı hələ heç kəsi
    Ölüm yuxusundan oyatmamışdır.

    Yox-yox, xəzan görməz onun söz bağı,
    Ölümə əl çalıb gülmək gərəkdir.
    Vurğun şeriyyəti, Vurğun torpağı
    Bəlkə də yüz Vurğun yetirəcəkdir.

    Qəlbi sükutdadır dayananların,
    O qalxıb bu halı seyrə dalaydı.
    Deyirəm, kaş elə hər sənətkarın
     "Unudulmuş” qəbri belə olaydı.
1957.

YAYLAQDA



    Dağlara dəyməmiş günəşin nuru
    Səhər yuxusundan oyanır çoban.
    Yenə də bir ağlı-qaralı sürü
    Silkinə-silkinə çıxır yataqdan.

    Bürüyür yaylağı tütək sədası,
    Sürü xumarlanıb otlağa gedir.
    Qəlbində qəlb açan neyin havası-
    Bir qız da tələsik bulağa gedir.

    Şirin yuxusundan kim etmiş onu?
    Sevginin sirrini duyar sevən kəs.
    Məhəbbət yuxudan oyatmayanı
    Top, tüfəng səsi də oyada bilməz.

    Tütək dinən kimi yamacda, yalda
    Hamıdan tez durub oyanır o qız.
    Obadan bulağa-üç addım yolda
    Bəlkə də yüz dəfə dayanır o qız.

    Könül bu yerlərdə batarmı yasa?
    Dərələr, təpələr çiçək-çiçəkdir.
    Eh, bir də sevilən, sevən olmasa,
    Daş-qaya ləl olsun, nəyə gərəkdir?

    Yenə də dil açır o dilsiz tütək,
    Bir qəlbin səsini gətirir səsi.
    Qız da yeridikcə çiynində səhəng,
    Qızarır yanağı, gülür çöhrəsi.

    Bu səsə göy dalır, dağ qulaq asır,
    Uçur səs tərəfə quşlar uzaqdan.
    Nə çoban dincəlir, nə tütək susur,
    Nə də qız yorulur su daşımaqdan.
1956.

GÜNAHSIZ MÜQƏSSİR



    Dil açır dünyanın torpağı, daşı:
    Manolis Qlezos ölməməlidir!
    O da öz xalqının düşünən başı,
    O da öz xalqının yazan əlidir.

    Afina, dil açır hər dağ, hər dərə:
    Susdurma el deyən bir ürəyi sən.
    Afina, bu günkü polifemlərə
    Tapşırma bu günkü Odisseyi sən!

    O dedi doğma yurd, dedi doğma dil,
    O sevən torpağa qəm ələnibdir.
    Yenidən qələmi götürsün Esxil,
    Prometey yenidən zəncirlənibdir...

    Oyansın Ellada, Olimp dağına
    Gözlərdən sel axsın, ürəklərdən od.
    Yunan tarixinin son varağına
    Bu son cinayəti yazsın Heredot!

    O dedi axtarma tanrını, dini,
    Yerdən nur istəsin bu yerin gözü.
    Düşündü: bəlkə də elin dərdini
    Yazmaqdan tutuldu Homerin gözü...

    Cırıb bayrağını qəsbkarların,
    O doldu şimşəkli buludlar kimi.
    Niyə qarşısında günahkarların
    O bu gün dayanmış günahkar kimi?!

    Fəqət bir yunançün coşur min yunan,
    Cəllad, bu həyatın hökmünə bir bax:
    Bu yandan bir palıd yıxanda tufan,
    O yandan minini bitirir torpaq.

    Cəllad, gülümsünmə gözlərində qış,
    Dünya lənət deyir bu intiqama.
    Yox, çətir tutmaqla kəsilməz yağış,
    Bir ulduz axmaqla boşalmaz səma!

    Zindanla, ölümlə ölməz azadlıq;
    O əsən küləkdir, o axan sudur.
    Yunan torpağının daşı da artıq
    Sabahın silahlı Qlezosudur!
Bakı, 1959

O YAŞAMIR



    O, heç kəsə qəlb açıb, heç kəsə bağlanmadı,
    Məhəbbət alovunda buz ürəyi yanmadı.
    Məhəbbəti pul oldu, sevgilisi kef, araq.
    Bəzən bütün gecəni yıxılaraq, aşaraq
    Səkkiz yazdı tinində hər küçənin, hər bağın;
    Onu torpağa çırpdı sinəsi də torpağın.
    Günlərlə bağlı qalan otağını qəm aldı,
    Sükunətdən otağın divarları nəm aldı.
    Evdə qadın gəzmədi, evdə xörək bişmədi,
    Sanki günəş şüası küsdü, evə düşmədi.
    Sevənlərin evinə sevənlər gəldi qonaq,
    Onunsa qapısını küləklər döydü ancaq.
    Qonşusunun evindən gələndə körpə səsi
    Onu öz otağında diksindirdi kölgəsi.
    Çox içdi, az düşündü; çox gəzdi, az axtardı,
    Qışda qışı görmədi, yazdasa yaz axtardı.
    Heç kəsə qəlb açmadı, heç kəsə bağlanmadı,
    Bu gününü duymadı, sabahını anmadı.
    Düşündü: "Oğul papaq, qız tufli, şal - deyəcək.
    Arvad isə gülməxmər, makintoj al” - deyəcək.
    Yox, zəhərə qatmaram nəşəsini qəlbimin,
    Nə dindirər içkisiz nəğməsini qəlbimin?..
    Nəşəsinə indi bax: əl titrəyir, baş əsir;
    Baş deyil, bədən üstə sanki qara daş əsir.
    Yanır araq odundan eşq odu duymaz ürək,
    Gözlərimdə o mənim kiçilir bir nöqtə tək;
    Kiçilir bir nöqtə tək, lap boyu dağ olsa da,
    O, bir cansız canlıdır, yaşamır sağ olsa da!
1956

MÜHARİBƏ OLMASA



    Əridib silahları
    Biz marten sobasında,
    Körpü yarada billik
    Yerlə Mars arasında, -
    Müharibə olmasa!

    Yer min illik barını
    Bircə gündə yetirər,
    Alim ayı, ulduzu
    Dartıb yerə gətirər, -
    Müharibə olmasa!

    General gözündə də
    Bu hissi duyur adam:
     "Tullayıb çinlərimi
    Bir kənddə sədr olaram, -
    Müharibə olmasa!”

    Bəşərin qapısından
    Vaxtsız ölüm gen düşər,
    İnsanın saçlarına
    Yüz yaşında dən düşər, -
    Müharibə olmasa!

    Sevənlər aləmində
    Nə qəm, nə həsrət olar,
    Bəşərin gülləsi - söz,
    Sözü - məhəbbət olar -
    Müharibə olmasa!
1956

  
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (26.10.2013) | Müəllif: R.C E W
Baxış: 975 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more