DOSTLUQDAN YAZIRAM...
- Bilirsən, təzə bir əsər yazıram,
Eh, nələr düşünüb, nələr yazıram...
Hər sözü incidir, hər sözü haqdır,
Adamı göylərə qaldıracaqdır.
Həyatı mənim tək duyanlar gərək!
Dostluqdan yazıram... nə olur... görək...
"Dostluqdan...” dedikdə danışmadım mən,
Onun öz aləmi keçdi gözümdən:
"Ömründə heç kimə dost olmayan kəs
Hansı bir dostluqdan əsər yazır bəs?”
1960
KÖÇƏRİ QUŞLAR
Elə ki, yay ötüşür,
Payız gəlir, qış gəlir;
Lənkəran qoruğuna
Qatar-qatar quş gəlir.
Qışı baharla keçən
Bu yerimi sevirlər.
Nə xoşbəxtəm, quşlar da
Xəzərimi sevirlər!
Dillən, danış, Xəzərim,
Söylə, bu nə axındır?
Bəlkə xəzrinin dili
Quş dilinə yaxındır?
Meşələrin dilini,
Ləpələrin dilini
Mənə ver, mən soruşum,
Deyim: - Danış, ay quşum,
Danış hansı ölkədən,
Hansı eldən gəlmisiz?
Alpdan, Anadoludan,
Yoxsa Nildən gəlmisiz?
Soyuqdan qaçmısınız,
Ya istidən, a quşlar?!
Gəlin, sizə Vətənim
Olsun vətən, a quşlar!
Hansı fəsli sevsəniz
Bağışlayaram sizə,
Bağımda, eyvanımda
Yuva quraram sizə...
Şah dağına uçun siz
İstəsəniz yayda qar,
Qış qızılgül desəniz
Lənkəranda tapılar.
Burda dağ görərsiniz
Bənzəmir heç bir dağa -
Ömrü boyu uçun siz
Zirvəsinə çatmağa.
Sizə düz bağışlaram:
Qoynuna köçmək üçün,
Bir qanad azlıq edər
Birbaşa keçmək üçün.
Qəlbimi ev eylərəm
Torpağımı sevənə;
Fikrim tək dünya gəzib,
Bura qayıdın yenə.
1960
ARAZ YADIMA DÜŞÜB
Dostum Söhrab Tahirə
Bir gözümdə sevinc var,
Bir gözümdə qəm yaşı;
Yanar səhra kimiyəm,
Nəğmə bahar yağışım...
Oxu, bir aram-aram,
Oxu, bir həzin-həzin,
Oxu, çöllər uyusun,
Oxu, dağlar titrəsin...
Araz yadıma düşüb,
Hər teli min havalı
O saz yadıma düşüb!
Sahilində küləklər
Gəzməyib mənim qədər.
Sularında ördəklər
Üzməyib mənim qədər.
Qayasına baş qoyum,
Saçımı dalğa yusun,
Körpə kimi uyuyum
Səsiylə dalğasının...
Araz yadıma düşüb,
Hər teli min havalı
O saz yadıma düşüb!
Hanı balıq tutduğum?..
Batıb qarmağım onda.
Yoxsa o zaman itdi
Uşaqlıq çağım onda.
Bilirəm, o illərə
Qayıtmaram bir də mən.
İlk eşqimin sirrini
Bir o bilir, bir də mən...
Araz yadıma düşüb,
Mizrab vur tellərinə
O saz yadıma düşüb!
Oxu, çıxım sahilə
Kəhkəşan qucağında
Gəzim Araz sinəmdə,
Naxçıvan qucağımda.
Uzansın Moskva çay
Bir qolum kimi bu dəm:
Mən onunla Xəzərdə
Araza əl verərəm.
Araz yadıma düşüb!
Araz yadıma düşüb!
Moskva, noyabr 1960
İLK EŞQİM, İLK ƏSƏRİM
Əsərimi bitirmişəm,
Gəlin gedək evimə siz.
Onu həmdəm gətirmişəm,
Bəsdir tənha dediyiniz!
Onun özü yoxdur artıq...
Yadımdadır nişanlandıq,
Üç gün ötdü dava düşdü...
O, heç bizə gəlməmişdi;
Gəlməyəcək heç bir zaman!
Taleyimə, bəxtimə bax -
O ilk dəfə qapımızdan
Heykəl kimi girdi ancaq.
Heykəl dedim! İnsan kimi
Gülür gözü səhər-axşam.
Mən sevirəm, mən eşqimin
Heykəlini yaratmışam!
Torpaq üstə daşa dönən
Bir insana can vermişəm.
Qanı donan qəlbinə mən
Öz qəlbimdən qan vermişəm.
Dili yoxdur, sual versən
Baxışları danışacaq.
Gözlərində: "Dirilsəm mən
Vətən yenə: öl söyləsə -
Yenə ölləm, yaşa, Vətən!
Kəlmələri alışacaq.
Bir an onsuz deyib gülsəm,
Tez tökər qaşqabağını,
Gündə yüz yol isidirəm
Onun soyuq dodağını.
Gözlərimdə yaş olarsa,
Gözü nəmli görünər o.
Bir gün evdə tək qalarsa,
O gün qəmli görünər o.
Mən adi bir heykəltəraş,
Qələmim - əl, vərəqim - daş...
Deməyin ki, biganəsən
Sən məhəbbət dünyasına.
Məhəbbətlə ilk dəfə mən
Gəldim sənət dünyasına.
Danışmağa gəlmir dilim,
Qəlbimə od doldu mənim;
Nakam ölən ilk sevgilim
İlk əsərim oldu mənim...
1961
NECƏ UNUDUM SƏNİ...
Baxıram ev-eşik boşdur elə bil,
Səninlə varım da, yoxum da gedib.
Bir ürəyim deyil, bir canım deyil,
Dincliyim də gedib, yuxum da gedib.
Bir anlıq dincəlim, yuxlayım deyə
Bircə əlacım var - unutmaq səni!
Ot kimi, su kimi bilmirəm niyə
Hər yerdə yaradıb bu torpaq səni.
Səyyah oluramsa, göz işlədikcə
Əvvəli, sonu yox bir düz olursan.
Mən səni gecələr unutsam, - gecə,
Gündüzlər unutsam, - gündüz olursan.
Dağlara çıxıram şimşəklər sənsən,
Saçımı dağıdan küləklər sənsən.
Bəlkə də bir simli iki sazıq biz,
Sən qansan, mən ürək, ayrılmazıq biz.
Qoy bir an ürəyim rahat döyünsün,
Bu qədər insafsız olmaz ki, adam!
Yox, səni bir anlıq unutmaq üçün
Özümü bir yolluq unutmalıyam...
1961
SƏNDƏN AYRI...
Gözəllər aşiqi az olmamışam,
Hamısı yan keçir indi yanımdan;
Görünür qızların qəlbindən tamam -
Mənə məhəbbəti oğurlamısan...
1961
OXU, MOLDAVAN QIZI
Nə yaxşı qonşu olduq,
De, gülüm, aram-aram...
Evsiz yaşasam belə
Nəğməsiz yaşamaram;
Oxu, moldavan qızı!
Qəlbindən keçənləri
Nəğmələrin danışdı.
Dnestr ürəyimə
Axıb, Kürə qarışdı;
Oxu, moldavan qızı!
Səsin Karpat küləyi,
Gözün Kodrı üzümü.
Buzovna bağlarında
Hiss elədim özümü;
Oxu, moldavan qızı!
Dilini bilmirəm mən,
Dil nəyimə gərəkdir...
Ən gözəl nəğmələrə
Tərcüməçi ürəkdir;
Oxu, moldavan qızı!
1960
HƏZİ BURDA DOĞULUB!
Dedim, bu nə axındır
Kiçik bir evə sarı.
Ağsaçlı bir qadının
Titrədi dodaqları:
- Həzi burda doğulub!
Onu andım, göy dəniz
Elə dalğalandı ki...
Keçən bulud karvanı
Göylərdə dayandı ki,
- Həzi burda doğulub!
Onun adı dilimdə
Bağa girdim: gül açdı.
Qoca palıd baş əydi,
Dilsiz çinar dil açdı:
- Həzi burda doğulub!
Gözlərdə sevinc duydum,
Dedilər ki, bu, odur!
Sahil boyu şamlar da
Ürəyinin odudur,
- Həzi burda doğulub!
Sanki Qafqaz küləyi
Dolandı Avropada:
Dünyanın ürəyindən
Gəldi bu səs, bu səda:
- Həzi burda doğulub!
1961
ŞİMAL QIŞI
Hələ ayrılmamış Araz çayının
İlıq yaz nəfəsli nəğmələrindən,
Təbiət önümdə Cənub yayını
Sanki tərs üzünə çevirdi birdən...
Geydi qar donunu gün donlu səhər,
Tikanlı ayaz da nəfəsi oldu.
Bığlarıma qonan buz mirvarilər
Şaxtanın birinci töhfəsi oldu.
Adamlar sevindi; elə bil qarı
Geydilər bir isti yun köynək kimi.
Gördüm qar üstündə gül uşaqları
Çəmənə dağılan kəpənək kimi.
Şamlar qış nəğməsi oxudu, bəli,
Qızlar sürüşməyə səslədi məni.
Üşüdüm deyəndə, bir rus gözəli
Az qaldı gözündə gizlədə məni.
Hər kimə əl verib, dost dedim, inan
Evinə əbədi qonaq yarandım.
Hər gözün məhəbbət qığılcımından
Qəlbimdə bir sönməz ocaq yarandı.
Burda məhəbbətlə isindi sinəm,
Öpüşdü qışımla baharım mənim.
Burda üşümərəm, yox, üşümərəm
Buzdan biçilsə də paltarım mənim...
Burdan işıq gedir səyyarələrə,
Moskva dünyaya alov yayıbdır.
Təbiət burada şaxtanı yerə,
Odu ürəklərə bağışlayıbdır!
1960
MUĞANIN ŞİKAYƏTİ
Bu düzləri düz keçin,
Haraysız, səssiz keçin.
Şirvanda ov gəzməyin,
Mili tüfəngsiz keçin:
Ceyran azalıb,
Yaman azalıb!
Güllə səsi gəldimi
Güllə tək süzüb gedər.
Bir şer sətri kimi
Çöllərdən küsüb gedər...
Ceyran azalıb,
Yaman azalıb!
Gözündə gözü qalan
Bulaq da gileylənir.
Qanıyla xal-xal olan
Torpaq da gileylənir:
Ceyran azalıb,
Yaman azalıb!
Belə gedərsə ancaq
Gələn nəsillər sabah
Ceyranı çöldə deyil,
Muzeydə axtaracaq,
Ceyran azalıb,
Yaman azalıb!
1961
OYAT MƏNİ...
Səhərlər yuxudan tez oyat məni,
Qoyma axşamlar da tez yatım, ana!
Bir qara daş bilər bu həyat məni
Yuxularda keçsə həyatım, ana!
Deyirsən az düşün, az işlə, çox yat,
Gəl barı sən demə həkim deyəni.
Necə düşünməyim, axı kainat
Düşünən bir insan yaratmış məni...
Yox, bir an zəhmətsiz vursa ürəyim
Məni diri-diri tapşır məzara.
Yuxuda mən kimə, nəyə gərəyəm,
Orda gərək ollam qarışqalara.
Boranlı gündə də, qarlı gündə də
De mənə: - "oturma, dolan gəz” - ana.
Yaralı bir pələng can üstündə də
Dovşanın ömrünü istəməz, ana!
Vətən torpağından söz alır sinəm,
Gəzim çəməni mən, aşım dağı mən.
Ana, istəmirəm, yox istəmirəm
Yuxuda tapılan sağlamlığı mən...
1956
MƏN ARAZ ŞAİRİYƏM
Mənə deyir birisi:
"Çox yazırsan Arazdan.
Nə bilim, gahdan quzu
Gahdan aslan Arazdan”
Neyləyim mən, neyləyim?!
Qələm gəldi əlimə -
Araz gəlir dilimə!
Neyləyim mən, neyləyim?!
Demişəm, bir də deyim:
Sahilində küləklər
Gəzməyib mənim qədər;
Sularında ördəklər
Üzməyib mənim qədər.
Gündüzlər aynam olub,
Gecələr laylam olub.
Qamışından kəsilib
Mənim çaldığım tütək.
Mən ondan su içmişəm
Anamdan süd əmən tək.
Sudan çıxan balıq tək
Ölərəm mən Arazsız.
Tayı itmiş ceyran tək
Mələrəm mən Arazsız.
O mənim mürəkkəbim,
Mən onun qələmiyəm.
O mənim telli sazım,
Mən onun Dilqəmiyəm,
Yox, Araz deyəndə mən
Yalnız çay düşünmürəm.
O, tarixdir, baxıram:
Ağlayır da, gülür də;
"Avesta”nın külündən
Bulanıqdır hələ də.
Gözlərimi mikroskop
Eləyib, hər damlaya
Mən baxmaq istəyirəm.
Mən yanan tariximi
Oxumaq istəyirəm...
Yox, Araz deyəndə mən
Yalnız çay düşünmürəm!
Mənim tək baxsan ona
Deməzsən adi sudur.
O, bir gəlin hörüyü,
Bir uşaq yuxusudur.
O, Qıratın yalmanı,
Bozatın tərliyidir;
Nənəmin ipəkliyi,
Babamın sərtliyidir...
O bu gün Muğanıma
Uzanan yaşıl qolum.
Bağıma ağ kəmərim,
Dağıma işıq yolum...
O, dilsiz çöllərimə
Nəğməkar dilim mənim.
Müqəddəs ellərimə
Müqəddəs Nilim mənim.
Hara getdi gedirəm,
Getdim, gedir mənimlə.
Sevinciyəm, qəmiyəm
Sevincimlə, qəmimlə.
O deyir, mən yazıram:
Mən Arazın səsiyəm.
Mən onun yatağıyam,
Mən onun sahiliyəm,
Mən onun ləpəsiyəm.
Dağları yara-yara,
Ən böyük dəryalara
Dildə söz, əldə qələm,
Onunla getməliyəm...
1961
İNSAN ÜRƏYİ
Unudulmaz, görkəmli aktyorumuz
Ələskər Ələkbərovun xatirəsinə
Bir şair demişkən yel əsdi yaman,
Başladı bir nəslin yarpaq tökümü.
Qopdu bir ömür də öz budağından,
Qopdu saralmamış bir yarpaq kimi.
Əcəlin nə ağır qanunu varmış,
Ölümün gülləsi dəydi hədəfə...
Cavanşir qılıncı yerə qoyarmış,
Vaqif də ölərmiş ikinci dəfə...
Gör, kimi yıxarmış, ürəyə bir bax...
O görkəm, o gövdə sanki dağ idi.
Bəlkə də bircə gün Otello olmaq
Onunçün əlli il yaşamaq idi...
Fırtına duyardın qaşqabağından,
Şəlalə kimiydi hər gülməyi də.
Onun hisslərinə dözməzdi bir an
Üç insan ömürlü fil ürəyi də.
Eh, ürək... Yox, onun nə təqsiri var,
Əsəblər üstündə yer salır insan.
Yollar silkələnər, relslər qırılar
Bir qəlbin yükünü qatara yığsan.
Sən, həkim, adını soruşmamış gəl
Öyrən ki, hər xəstən kimdir, nəçidir.
Elə bil sənətkar hər şeydən əvvəl
Ürək ağrısına abunəçidir.
Ürəkdə ay doğur, günəş də batır,
Göy qopur, ildırım çaxır ürəkdə.
Tufan da hayqırır, sükut da yatır,
Alov da, gurşad da yağır ürəkdə.
Sev - ürək, duy - ürək, ağla-gül - ürək,
Şairin gözü də ürəkdir bəzən.
Ulduzlar göz olsun, nəyimə gərək
Dünyanı ürəklə görə bilməsəm.
Onunla keçirik hər imtahandan,
Bir ordu deməkdir bəzən bir ürək.
Bir şıltaq körpədən, bir nər cavandan
Titrək bir qocaya çevrilir ürək...
Sinəsi od tutsun soyuq məzarın,
Sənət çiçəyimiz nə vaxtsız solur.
Görünür ürəklə yaşayanların
Elə ölümü də ürəkdən olur.
1963
MƏN SƏNİ TAPARAM...
Mən bura gül-çiçək
Dərməyə gəlmişdim,
Nəğməmi nəğmənə
Verməyə gəlmişdim,
Uşaqlıq çağımı
Görməyə gəlmişdim...
Nə gördüm? -
Gözənin yerində
Bir çılpaq tala var;
Bulağın yerində
Bir quru çala var.
Tək bircə qarışqa
Yolundan savayı,
Qırpbığın örtübdür
Cığırı, dolayı...
Ceyranın güzgüsü,
Ovçunun bərəsi,
Dərənin gözüydün,
ay bulaq,
Gecənin səsiydin,
ay bulaq...
Su itməz, bilirəm,
Hardasa sən yenə
Saçını sərmisən
Bir dərə döşünə.
Yüz yana qol atıb,
Yüz yerdən sən axsan,
Öz təzə yerində
Ayrı bir bulaqsan.
Mən burda bir zaman
Dəyirman qurmuşam,
Baldırğan gəmimi
Suyunda yormuşam.
Mən burda bir qızın
Eşqilə yanardım.
Mən səni qaynayan
Bir ürək sanardım.
O qız da suyunda
Daranar, gedərdi.
Xəyalım zülfünə
Dolanar gedərdi...
Sandım ki, səndə bir
Nişanə qaıbdır...
Gördüm ki, bulaq da
Viranə qalıbdır.
Bu nədir, o bulaq
bəs hanı?
Dedilər:
Bir qəfil gurşadın
Olmusan qurbanı.
Gözünü lil tutub,
Qum tutub, gil tutub.
O kabab çəkənlər
Dövrəndə hanı bəs?
Hardadır onların
Vicdanı, qanı bəs?
Yüz dəfə, min dəfə
İçiblər suyunu;
Məst olmuş gözləri
Gözündə yuyunub.
Bircəsi gözünü
Axtarsa, nə olar?
Bir parça yer qazsa,
Daş yarsa, nə olar?
Mən səni dərədə
Sükutdan soruşar,
Gözləri dolan bir
Buluddan soruşar,
Gəzərəm, taparam.
Dağ-daşı kökündən
Üzərəm, taparam.
Qolumdan, qıçımdan
Bezərəm, taparam.
Dərələr, gəzələr
Görmədik desələr,
Sinəmi qələmlə
Qazaram, taparam,
Adına bir şer
Yazaram, taparam!
Yazaram, taparam!
1962
DUMAN
Gündüz gəzər, gecə gəzər,
Nə dincələr, nə də bezər...
Görən harda gecələyər,
Görən harda yatar duman;
Qanadıyla neçə dağı
Bir-birinə çatar duman.
Onudamı eşqin qəmi
Dağ gəzdirər Məcnun kimi...
Səyyah kimi səyyar olar,
Şair kimi dalğın duman;
Düzənlərdə yel qanadlı:
Dərələrdə yorğun duman...
Qalxar göyə, enər yerə,
Gədiklərdən gədiklərə
Hücum çəkər bir ordu tək,
Hər hökmündə bir sirr olar.
Dağa-daşa hökm eləyər,
Güləklərə əsir olar...
1961
QƏBRİSTANA GEDƏN GƏLİN
Hara belə, hara belə
Bu geyimdə, bu libasda?
Nə tapmısan büründüyün
Qara şalda, qara yasda?
Qəm nə vaxtdan çörək olub?!
Ah çəkəndə sən dərindən -
Deyirəm ki, bu saatca
Yer qopacaq mehvərindən.
Otuz yaşın ancaq olar,
Yanında da bir qızın var:
Gözlərində bir yaralı,
Bir körpəcə ceyran qəmi!
Ona belə tanıdırsan
Nəşə dolu bu aləmi!
Heç o körpə olmasaydı
Bəlkə səni görməzdim mən.
Qəbristanı ev etsən də
Qeyri məna verməzdim mən.
Hara belə? Qəbristana?
Bu gedişin sonu varmı?
Bəs, həyata gətirdiyin
O körpəcik günahkarmı? -
Oyun vaxtı, gülüş vaxtı,
Bağ-bağçaya gediş vaxtı,
Şəkillərə baxan günü,
Telinə gül taxan günü
Yanıb gedir:
Gözlərinin həyat eşqi,
Sevinc səsi donub gedir.
- Mən demirəm unudasan
Vaxtsız ölən ərini sən.
Həyatın da, ölümün də
Deyirəm bil yerini sən.
Get qəbr üstə, get, nə olar;
Vaxtında get!
Göz yaşı yox, çiçək apar!
Ərin qalxsa, söyləməzdi
sənə ağla.
Deyərdi ki, get yadigar
Uşağımı yaxşı saxla!
Get, sən ona heykəl qoydur,
Özünə də ailə qur.
Get bir daş qoy daş üstünə,
Çıx dünyanın seyrinə bir,
Axı həyat öz evindən
Qəbristana yol deyildir...
1963
OXUCUYA MƏKTUB
Uzaqdan uzağa xoşuna gəlsəm,
Məni dindirməyə tələsmə hələ.
Tanımaq istəsən məni, əzəl sən
Tanış ol, bu kiçik nəğmələrimlə.
Onda məhəbbətim, onda nifrətim
Əllə varaqlanar, gözlə oxunar,
Orda həm ürəkdən gülmək adətim,
Həm üzdən kədərli görünməyim var.
Birdən təbəssümüm aldadar səni,
Ehtiram naminə üzünə gülləm.
Bəlkə ürəyimdən gəlib keçəni
Gülüşlə, baxışla açan deyiləm.
Məni şerimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm;
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm...
Gözündə yanmayım bir uldaz kimi,
Gəlib keç yanımdan səssiz-səmirsiz.
Açıb varaqları qapımız kimi
Görüşək sətirlər arasında biz.
Ələnib toz olsun qəlbimin varı
Vətənsiz dil açsa bir kiçik yazım;
Məni təmənnalı əl sıxmaları,
Səni gurultulu səs aldatmasın.
Asan keçidləri al əllərimdən,
Yürüşlər güc versin şair qoluna.
Önümdə uçrumlar, dərələr aç sən
Yolum bənzəyərsə dəmir yoluna...
Bu mənim ilk sözüm, son sözüm deyil,
Əsri necə duydum, elə yazım qoy.
Gözəllər qəlbini qaş-gözüm deyil,
Sadə sətirlərim oğurlasın qoy.
Tikilən binadır - yazılan əsər,
Ürək mühəndisdir, qələm də bənna.
Oxucu qəlbindən gələn təbriklər
Birinci naxışdır, bəzəkdir ona.
Uzaqdan-uzağa xoşuna gəlsəm,
Məni dindirməyə tələsmə hələ.
Tanımaq istəsən məni, əzəl sən
Tanış ol bu kiçik nəğmələrimlə...
1961
DEYİRLƏR Kİ...
Deyirlər ki, arvad-uşaq vaxt alır,
Sənətkardan ata olmaz, ər olmaz.
Şair olub, evlənənlər yanılır,
Bir ürəkdə iki eşqə yer olmaz.
Deyirlər ki, şair olan arı tək,
Gəzə gərək, hər çiçəyə qona da.
Hər gözəlin gülüşündən o gərək
Bir şerinin qanadını yarada...
İnsan ömrü oxşayırsa bir yaza,
Ailədir onun gülü, çiçəyi.
Arvad əli toxunmayan bir masa
Yağış görməz bir səhraya bənzəyir.
Gəlməmişik ömür sürək toy ilə,
Qoy arabir nəşəmiz də bulansın.
Sənətkarın bir əsəri qoy elə
Arvadının gileyindən yaransın.
Bir küncü də isindirməz tək nəfəs,
Hər quşun da yuvası var, tayı var.
Bəs bir evin qayğısından qaçan kəs
Bir ölkənin qayğısını nə duyar?..
1962
SUBAY KOSMANAVT
Bir qız dodaqaltı gülümsəyərək
"Üçüncü kosmonavt subaydır” deyir.
Qız onun birinci gözaltısı tək
Məktub yollamağa ünvan istəyir.
O ki,salam verdi səyyarələrə,
Ünvansız ulduzlar - ünvanı onun...
Onun dolandığı, gəzdiyi yerə
Getməz xəyalı da heç poçtalyonun.
Bu ada, şöhrətə qibtəçiyəm mən,
Bu eşqin mayası ümman deyilmi?
Bu qədər ürəyi fəth eləməkdən
Fəzanı fəth etmək asan deyilmi?
O, Yer orbitini kəsib keçəndə
"Üçüncü bir şahin uçur” dedilər.
Səma qardaşları, "qızlar içində
Birinci kosmanavt budur” dedilər.
Gərək hər ulduza bir şer yaza,
Hər qıza bir nəğmə oxuya indi.
Hər ulduz bir qıza oxşayırdısa,
Hər qız bir ulduza oxşayır indi.
Səs gəlir fəzalar qəhrəmanından;
Qızlar: Nə yaxşı ki, subaydır, - deyir.
Görünür, məhəbbət şöhrət yanından
Heç vaxt saymazyana keçə bilməyir...
Elə bil heç ulduz qalmadı göydə,
Hər qıza birini töhfə gətirdi.
Fəzaya uçduğu sürət ilə də
Dünya qızlarının qəlbinə girdi.
A qızlar, yoluna gül-çiçək səpin,
Gəncliklə subaylıq ömrün yazıdır.
O da bizim kimi axır birinin
Önündə farağat dayanasıdır...
Sevən ürəklərə xəbər aparın,
Mənim qulağıma bir səs dəyibdir.
A qızlar, gələcək kosmonavtların
Deyirlər çoxusu evlənməyibdir...
1962
QONŞU
Ömründə açmadı özgə bir qapı,
Süfrəsi görmədi nə dost, nə qonaq.
Beləcə bağlandı ömür kitabı,
Beləcə bağlandı, açılmayaraq...
Arvadı ağladı, yığıldıq yasa,
Biz ona rəhmət də deyib baş əydik.
Həyət qol çırmadı, düşmən də olsa
Yenə qonşumuzdu, dəfn etməliydik.
Sükut bir səs yaydı ürəyimizə:
Diri görmüşdükmü ölən adamı?
Öləndə tanıdıq qonşuymuş bizə
Otuz il qonşumuz olan adamı...
1960
Boşaldı kürsüdə hər iki sinə
Boşaldı kürsüdə hər iki sinə,
Bu ona döşədi, o buna dedi.
Üçüncü adamsa hər ikisinə
Əl çaldı, yan aldı, təbrik elədi...
1960
Yeni il ucaltdı yeni səsimi
Yeni il ucaltdı yeni səsimi,
Doqquz əl uzandı gələn qonağa.
Onuncu planet badəmiz kimi
Toxundu günəşlə dodaq-dodağa.
Marsda ilk qatar sürəcəyik biz,
Yolumuz səadət, zəfər yoludur.
Bu gün kainatı gəzən peykimiz
Alim ürəyidir, fəhlə qoludur.
Biz göyə uçmuruq çörək dalınca,
Yüz belə yer saxlar yerin neməti.
Göylərin düyünlü sirrinə ancaq
Vaqif edəcəyik bəşəriyyəti...
1959
ŞAİR, GÖR ONLARI!
Kişi dayanıbdır əli cibində,
Arvad kərpic kəsir palçıq içində.
Kişi dayanıbdır! Sinə, baş açıq...
Yaş yerə qoymayır öz ayağını.
Qadının başında quruyan palçıq
İtirib saçının qaralığını...
Hələ əsrin səsi çatmayıb ona,
Düşünür: "kişiyəm, neyləsəm haqdır”,
Arvadın əliylə tikilən bina
Kişinin adına yazılacaqdır...
Bəzən həyat dedik iclaslarda biz,
Şerimiz, səsimiz saydı yerində.
Hələ çox tərbiyə deyən səsimiz
Qalıbdır xitabət kürsülərində!
1952
BİR ALMANLA TANIŞ OLDUM...
Bir almanla tanış oldum Leninqradda;
Dalğın gəzdi, qəmli dindi, odlu danışdı.
Sevincini, gülüşünü sanki həyatda
Kimsə onun ürəyindən oğurlamışdı...
Qəribliyi unut - dedim, o fikrə getdi,
Gözlərinə həlqələnmiş kölgələr endi.
Ürəyindən qopub gələn səslər eşitdim,
Heç bilmədim özü dindi, yarası dindi...
"İki dəfə görüb məni bu Leninqrad,
Vicdanımın yarasını bu səs ağrıdır.
Bəli, vicdan qarşısında ani hesabat
Yüz il zindan çəkməkdən də mənə ağırdır.
Anaların gözlərinə baxmıram ki, mən
Tanıyarlar, gözlərinə qəm enə bilər.
Yeriyirəm, geri dönüb baxmıram, birdən
Keçmişlərim gözlərimə görünə bilər.
Keçmişlərim! Düşmən kimi gəlmişdim bura,
Nevaya ilk güllə sıxan bəlkə də mənəm.
Min il məni bağlasalar göy dəryalara
Sanıram ki, günahımı yuya bilmərəm.
Qan tökməyi, ev yıxmağı şan-şöhrət bilib:,
Mənim kimi gec ayıldı nə qədər alman.
Nə gizlədim, havalanmış at kimi gəlib,
Yal-quyruğu qırxıq döndük geriyə burdan.
Biz qayıtdıq, süngülərdə geri qayıtdıq;
Alman xalqı gilizlərdən papiros eşdi.
Biz qayıtdıq, atdığımız güllələr artıq,
Dönüb Berlin şəhərini şum eləmişdi.
Çox analar ağlatmışdım yəqin ki, mən də,
Yüz ocaqda od sönmüşdü hər qumbaramdan.
Öz xarabam sordu məndən geri dönəndə:
"Hanı evin, uşaqların, ay evlər yıxan?!”
Mən ayıldım, əziləndən sonra ayıldım,
Keflilikdən ayıldılmış adamlar kimi.
Mən ayıldım, mən doğuldum, mən insan oldum,
İşıq gördüm ayaz gözlü axşamlar kimi.
Deməyin ki, ötən günlər yadımdan çıxıb,
Deməyin ki, adi səyyah, adi qonağam.
O atdığım güllələri axtarıb, yığıb
Öz sinəmdə ağrı kimi aparacağam...”
Bir almanla vidalaşdım, yenə də onun
Özü susdu, qəlbi dindi, gözü danışdı.
Düşünürdü, düşünürdü hələ də onun
Vicdanında ittihamlar qurtarmamışdı...
1961. Leninqrad
YARALI ŞİR
Qarşımda yaralanmış
Bir şir heykəli durur:
Neva kimi qəzəbli,
Pyotr kimi məğrur...
Uşaqlı anaların
Döşündən keçib gələn,
Ağ mərmər binaların
İçindən keçib gələn
Bir faşist mərmisindən
Heykəl də yaralanıb!
Yıxılmayıb şir heykəl,
Şir kimi də dayanıb...
Sol pəncəsi torpaqda,
Sağ pəncəsində bir şar.
Gözlərinə qan damıb,
Yaxın getmə, parçalar!
Bir az sağa qanrılıb,
Gileylənir Nevaya;
Deyəsən dili çatmır
Yarasını yalaya...
Hanı onu yaradan?! -
Sənətkarı gəzir şir;
Döyüşlərə getməyə
Şir ondan can istəyir.
Hanı onu yaradan?!
Əsrlər arxasında...
İndi başqa əl gəzir
O şirin yarasında.
Ona məlhəm qoyulur,
Ona yamaq vurulur;
Şirsə yenə acıqlı,
Yenə qəzəbli durur...
Elə bil nərə çəkib,
Şir bağırmaq istəyir,
Bütün bəşəri bura
Şir çağırmaq istəyir.
Şir danışmaq istəyir,
Şir soruşmaq istəyir;
"Hər küçəsi bir tarix,
Hər evi bir abidə -
Bir şəhəri dağıdan
Əllər sağmı yenə də?!
Verin didim onları
Pəncəmdə mən yun kimi.
Öz ovcumda əridib,
Tökün boğazlarına
Məni qurğuşan kimi...
Şir danışır... Danışan
Şir deyildi, mən idim.
Mən Lenin şəhərinin
Yaralı dünəniydim.
Gəzirdim o əlləri:
Qəmli, hirsli, əsəbi!
Gəzirdim, gözlərimdə
Yaralı şir qəzəbi...
Leninqrad, 1961.
TUNC ATLI
(Pyotrun heykəli önündə)
Atının nalından od parıldayır.
Ordular basarsan bu yürüşlə sən.
Gələnlər qarşına əklilər qoyur,
Sən bir gözucu da gülümsəmirsən.
Gülməyə macalın, vaxtın hardadır,
Bir qolun qılıncdır, bir qolun balta.
Rusiya gəmisi bir əl axtarır.
Ki, onu Nevadan Baltikə darta.
Sən böyük sərkərdə, sən qəzəbli çar;
Bənnasan palçıqlar içində yenə.
Gərək Avropadan gələn qonaqlar
Burdan rişxəndlə yox, həsədlə dönə.
Atını tarixin meydanına sür,
Ölçülüb verilsin öz yerin sənin;
Dvoryana süfrə, kəndliyə zəncir,
Düşmənə qılıncdı əllərin sənin!
Baxır gözlərinə hər gəlib gedən,
Sənə də qamçılı çar, deyib keçir.
Hamı saymaz ötür çarın önündən,
Fəqət sərkərdəyə baş əyib keçir.
Leninqrad, 1961.
NOBEL MÜKAFATI
Nobel mükafatı.... Yazdı qəzetlər,
Ucaldı bu adla kiminsə adı.
Oslodan, Parisdən, Madridə qədər
Nobel şərəfinə tərif yazıldı.
Dayan, tərifini burdaca saxla!
Məst olma böhtanlar xülyasında sən.
Geri dön, tarixi bir an varaqla,
Gör onu həqiqət aynasında sən.
Kimindir o qızıl, kimindir o var,
Niyə tərifində bundan deyilmir?!
Gözlər qamaşdıran o parıltılar
Babamın gözünün nuru deyilmi?!
Gör kimin evinin daşı, divarı
Soyulub kim üçün cəh-cəlal oldu.
Sorulub Bakının şah damarları
Nobel banklarında kapital oldu.
Tarix hökm elədi, qaranquş kimi
Bahara səslədik bu elləri biz.
Sapanda qoyulan qara daş kimi
Atdıq yurdumuzdan nobelləri biz.
Tarix haqqımızı qaytardı geri,
Sorulan qanımız qayıtmaz artıq.
Bizi səsləyəndə döyüş illəri
Ayılıb gördük ki, gec ayılmışıq...
Bir günlük varımı qaytarsan bir an
Yurdumda min yeni şəhər yaranar.
Çıxarsan neftimi sandıqlarından
Alpın ətəyində Xəzər yaranar...
Demirəm dayandır mükafatını,
Deyirəm çıxarma bunu yadından;
Kimin alın təri, ürək qanını
Mükafat verirsən kimin adından!
1960
QOCA VƏ DƏNİZ
E.Xemenqueyin ölümünə
Saçları - rənginə bənzər,
Gözlərin Səsi - ahənginə bənzər,
Gözlərin Yatağı - sinəsi olan,
Gözlərin Ləpəsi - nəğməsi olan
Gözlərin Bir dəniz yaratdı qoca.
Gözlərin O, sərhəd bilmədən üzdü,
Gözlərin Üzdü qitələr boyunca...
Gözlərin Tale fırtına yaratdı,
Gözlərin Avar düşdü, qayıq batdı...
Gözlərin Fəqət sahil daşlarına
Gözlərin Həkk olunan bir iz qaldı:
Gözlərin "Qoca getdi, dəniz qaldı...”
1961
KƏNDƏ İŞIQ GƏLDİ
Kəndə işıq gəldi, nur gəldi o il;
Gözlərin göylərə həsədi getdi.
Əlində kəlbətin, çiynində məftil
Montyor hər evi bəzədi getdi...
O güldü, sevindi bir uşaq kimi,
Nur olub evlərə axmaq istədi.
"İşığı onun tək hamı sevirmi?” -
Girib ürəklərə baxmaq istədi.
Baxdı üzdə sevinc, ürəkdə ilham,
Damlar da gözünə alov göründü.
Kəndi qarış-qarış gəzdi bir axşam,
Gözünə işıqsız bir ev göründü.
Deyindi: "Bu evin sahibi hanı,
Canım, işıqdan da qaçarmı insan?”
Montyor çağırdı, döydü qapını,
Gəlmədi, gəlmədi qapını açan...
Dırmanıb həyətə düşdü divardan,
Gəzdi lal həyəti, kimsəsiz bağı.
Dönüb, ağ gilasa baxdığı zaman
Dibindəki çata getdi ayağı.
Gördü taladakı bostan yerini
Tamam bürüyübdür gicitkan, çayır.
Körpə tut elə bil çağırır səni,
Bircə su deməyə dili çatmayır.
Səsləndi, bir giley əks etdi səs də,
Uçan navalçalar yoxsa danışdı.
Hələ qapının da qıfılı üstə
Bir qara hörümçək tor bağlamışdı...
Yel əsdi, dil aldı sanki ağaclar,
Hər yarpaq telində bir səda dindi:
- Qonağı - küləklər, sahibi - quşlar,
Çırağı da aydı bu evin indi.
Ayaq atdı hara, göz qoydu hara
Elə montyorun qaraldı qanı.
Qonşu bir həyəti səslədi sonra,
Soruşdu: "Bu evin sahibi hanı?
Varlığı alışar qəlbi olanın,
Bu həyət işıqsız bəs necə qalsın?
Bir qarı hay verdi: "dava salanın
Yaxşısının evi beləcə qalsın;
Balası davadan dönmədi geri,
Qarı yollarına göz dikdi xeyli.
Qapadı gözünü bir yaz səhəri
Ürəyi həsrətli, dili gileyli.
Dedi: "Bunları da oğluma verin,”
Bax budur həyətin, evin açarı.
Ay oğul, sən hardan o bağa girdin,
Yeri, təzələmə dərdimi barı!”
Montyor xəyallar içində durub
Süzdü bu alovsuz, odsuz ocağı;
Sonra dörd tərəfdən dirəklər vurub
İşığa qərq etdi həyəti, bağı.
Gözündən qığılcım çaxdı yenə də,
Yandı bu gün üçün, gələcək üçün.
Dedi məşəl edim ürəyimi də
Bu evi dünyaya göstərmək üçün...
Moskva, 1960
İKİ YOL
Bizim kəndimizdən iki yol çıxır
Biri gen şosedir, biri dar cığır.
Köhnə yol elə bil solğun bir xətdir,
Yuyub illər boyu qar-yağış onu.
Təzə yol - təzə bir alovlu sətir,
Min qəlbin atəşi yaratmış onu.
Ötdü bu yerlərdə uşaqlıq dəmim,
Uçrumlu, dərəli yollar keçərək,
Dayanır gözümdə: təzə yol mənim,
Köhnə yol babamın həyat yolu tək...
1961.
AY MÜDİR...
Səhər iş, axşam ev...
Yorulur, bezirəm.
Bilmirəm bu hala
Heç necə dözürəm.
Daşam, ya dəmirəm?
Kimsəyə demirəm.
İnsaf et, ay müdir,
Vaxt keçir, gün gedir.
Bir quru masaya
Bağlama şairi.
Dörd divar içində
Saxlama şairi.
Kanallar çəkilir, -
görmürəm.
Qayalar sökülür, -
görmürəm.
Pambıqçı qızların
Yarışı necədir,
Fəhlənin dənizlə
Vuruşu necədir, -
görmürəm.
Durnanın qatarı,
|