ŞUŞAYA DUMAN GƏLIB
Şuşaya duman gəlib,
Ürəyimə güman gəlib.
Hər dərdimi-sərimi
Sinəmdən qovan gəlib.
(Yerli şair Hüsaməddin Alovlunun
«Can dəftəri»ndən dörd misra)
I
Doppa Dadaş əlindəki kamanı sağa-sola apara-apara kamançanın tellərini
dindirdikcə kamançanın bu ab-havanın təmizliyindən, paklığından, bulaqların
saflığından, gülün gülü, çiçəyin çiçəyi çağırmasından, dostluqdan, vəfadan, ilqardan
dəm vuran səsi Şuşa sanatoriyasının bütün həyət-bacasına yayılırdı və Doppa
Dadaşın zürafə boynu kimi uzun boynunun üstündəki yekə başı da əlindəki kamanın
hərəkətinə həmahəng gah sağa gedirdi, gah sola gedirdi və bu dəm heç kamançanın
səsini eşitməyən də olsaydı, Doppa Dadaşın uzun kirpikli iri, qara gözlərindən
bilərdi ki, duyardı ki, söhbət nədən gedir.
Həmin avqust axşamı Şuşa sanatoriyasının həyətinə yayılmış kamança səsi
Hüsaməddin Alovlunun da ürəyinin incə tellərini dindirirdi və çiyninə güllü ağ yun
şal salıb əlləri qoynunda dayanmış, göy gözləri yol çəkən Marusya Nikiforovaya
baxa-baxa Hüsaməddin Alovlunun ürəyindən bütün ömründə birinci dəfə rus dilində
şer misraları axıb keçdi və həmin bir bənd şer belə yarandı.
Doppa Dadaşın kamançası sözünü deyib qurtarandan sonra, Hüsaməddin Alovlu
sanatoriyada istirahət edənlərlə mədəni-mədəni iş aparan «massovik» Sadıq
müəllimdən söz alıb meydanın ortasına çıxdı və gözlərini Marusya Nikiforovadan
çəkməyərək yeni yaranmış həmin şerini oxudu:
Ya tebya lyublyu,
Oçen xoroşo!
Za tebya ya umru,
Oçen xoroşo!
Amma Marusyanın fikri bu saat burada yox, Tambovdakı kolxoz bazarında idi:
bu il həyətyanı sahələrinin məhsulunu kiçik bacısı Vasilisa Tambov kolxoz bazarına
aparmışdı. Marusya isə Tambov vilayətindən Şuşa sanatoriyasına istirahətə
gəlmişdi: Vasilisa ömründə birinci dəfə idi bazara gedirdi və buna görə də Marusya
hərdən nigarançılıq keçirirdi ki, birdən Vasilisanı aldadıb-edərlər, evə əliboş
qayıdar. Marusya özü də ömründə birinci dəfə idi belə uzaq səfərə çıxırdı,
sanatoriyada istirahət edirdi.
Əlbəttə, Ağdamda maliyyə məktəbini bitirib, indi Şuşanın Xəlfəli kolxozunda
hesabdar işləyən və bu avqust ayında sanatoriyada dincələ-dincələ Marusyanın
eşqindən yerə-göyə sığmayan Hüsaməddin Alovlunun Tambov vilayətindən gəlmiş
bu təmiz-tariq, sağlam, səliqəli, pambıq kimi ağappaq qızın ürəyindəki
nigarançılıqdan xəbəri yox idi və yaradıcılığa başladığı vaxtdan indiyə kimi ilk dəfə
rus dilində yazdığı şeri özü öz sənətindən həzz ala-ala oxuyurdu:
Ya tebya lyublyu,
Oçen xoroşo!
Za tebya ya umru,
Oçen xoroşo!
– Başı batmışın başqa bir sözü yoxdu elə bil... Oçen xoroşo, oçen xoroşo!... –
Bu sözləri sanatoriya binasının eyvanında oturub həyətdəki meydana toplaşmış
camaata tamaşa eləyən Güləndam nənə dedi və sonra çeşməyinin altından
gülümsəyib yanında dayanmış Cavanşirdən soruşdu:
– Sən niyə gedib dans eləmirsən, balası?
Hüsaməddin Alovlu, nəhayət ki, meydanın ortasından çəkiləndən sonra,
Gülməmmədin akkordeonu öz məşhur tanqosunu çaldı və meydanı dövrəyə almış
adamlar yavaş-yavaş rəqsə başlayıb meydanın ortasına çıxdılar; sanatoriyada
istirahət edən qızlar bir-biri ilə, hər axşam sanatoriyanın həyətinə gəzməyə gələn
yerli oğlanlar da öz növbəsində bir-biri ilə rəqs edirdi və belə bir məqamda
Hüsaməddin Alovlu bir çox həsəd dolu nəzərlər altında Marusyaya yaxınlaşıb baş
əydi, qızı rəqsə dəvət etdi və Marusya da boyca ondan bir balaca kiçik bu
qarabuğdayı, qara bığlı oğlanın dəvətini sidq-ürəkdən qəbul etdi.
– Qəmediyədi! – dedi Güləndam nənə. – Qəmediyədi! – Sonra gülə-gülə başını
buladı, sonra da yenə Cavanşirdən soruşdu: – Niyə gedib dans eləmirsən, balası, a
kişi qırığı?.. Hı?..
Cavanşir başa düşdü ki, nənəsinin yenə kefi qalxıb, sataşır ona; ayrı vaxt
nənəsinin belə atmacalarına atmacayla cavab verirdi, amma bu dəfə, Şuşa
sanatoriyasındakı həmin avqust axşamı birdən-birə gədənin arvada acığı tutdu:
– Ləğviyyat olma! – dedi. – Bəsdi... – Sonra Cavanşir otağa girib elə çəkməli,
şalvarlı da çarpayıda uzandı və əllərini başının altında çarpazladı.
Həmişəki kimi, həmişə qurduğu cürbəcür planlar kimi, Cavanşirin bu yay üçün
də tutduğu plan pozulub getdi işinin dalınca, Cavanşirə qalsaydı, gərək indi
Moskvada olaydı, Aqşinlə, Orxanla birlikdə indi gəzəydilər gərək Moskvanı: düzdü,
Aqşini də evlərində buraxmadılar tək getməyə, amma Orxan getdi və Orxan indi
Fazil adlı bir yoldaşıyla Moskvadadı, gəzir özüyçün, daha nənə-bala Şuşa
sanatoriyasında oturub qatıq içmir.
Keçən yay, universitetin birinci kursundan ikinci kursa keçəndə, tətil vaxtı,
evdən onu qoymadılar bir yerə tək getməyə, dedilər hələ tezdi, dedilər gələn il
gedərsən, nə isə, gəldi çıxdı bu yay, üçüncü kursa keçdi universitetdə, amma elə yay
qabağı, hələ yay sessiya imtahanlarını verdiyi vaxt Moskvaya tək getməyindən söz
düşəndə atası da, anası da həsdəməyə başladı, sonra anası ağladı, atası acıqlandı,
əlqərəz, onu yenə tək getməyə qoymadılar və indi burada, Şuşa sanatoriyasında,
çarpayıda uzanıb bütün bunları yadına salan Cavanşirin sifəti birdən-birə od tutub
yandı, ağlamağı yadına düşdü; həmin iyul günü, axşam, bu tək gedib-getməmək
söhbəti zamanı anası da, atası da ayaqlarını bir başmağa dirəyib «yox» deyəndə
Cavanşiri ağlamaq tutdu və bu boyda oğlan özünü saxlaya bilməyib içini çəkdi,
gözlərindən yaş axıtdı, ağlaya-ağlaya da: « – Nə vaxtacan uşaq olacağam sizinçün?
Bilin bunu, – ağlaya-ağlaya qışqırdı. – Bilin bunu, uşaq deyiləm day mən!..»
Əlbəttə, çox pis əhvalat idi bu. Adam yadına salanda indinin özündə də
xəcalətindən bilmir neyləsin.
Bu əhvalatdan sonra bir müddət nə Cavanşir utandığından atasının, anasının
üzünə baxa bildi, nə də onlar utandıqlarından Cavanşirin üzünə baxdı, sonra atası
belə bir təklif irəli sürdü ki, Cavanşir tək Şuşaya getsin, Şuşa sanatoriyasına
işlərində putyovka var idi və Cavanşir də əvvəlcə dedi ki, heç hara getməyəcək və
bütün yayı qalacaq Buzovnadakı bağlarında, amma bir-iki gün də keçəndən sonra
razı oldu, yır-yığış elədi və bundan sonra atasıyla anası xahiş eləməyə başladılar ki,
nənəni də özünlə apar, qoy gedib Şuşada istirahət eləsin, qoca arvaddı, sən daha
maşallah yekə kişisən, apar onu özünlə Şuşaya: «Apar məni özünlə, Cavanşir, qadan
alım, apar məni Şuşaya, görüm oraları, on ildi olmuram oralarda, kim bilir, bir də
görəcəyəm Şuşanı, qismət olacaq, yoxsa yox...» – deyirdi Güləndam nənə, amma
Cavanşir də çox yaxşı başa düşürdü ki, əslində o, nənəsini aparmır, nənəsi onu
aparır; nənəsini xüsusi qoşurlar ki, əmin-amanlıq olsun, qorxurlar, ehtiyat eləyirlər
onu tək buraxmağa, «dünyadan xəbəri yoxdu, hələ» deyirlər, daha bilmirlər ki,
dünyanın cikinə də bələddi, bikinə də və dünyanın cikinə-bikinə bələd olmaqdan
ötrü mütləq yüz əlli il yaşamaq lazım deyil... Gedib həyasızın birini, şeytana papış
tikənlərdən birini alıb gətirib qoyasan evə, deyəsən ki, mən uşağam, neynək, amma
mənim bu arvadcığazımı yola verin.
Üç gündən sonra Cavanşirin on doqquz yaşı tamam olurdu.
Bu vaxt, Cavanşirin evdəkilərdən belə bir xəyali intiqam aldığı zaman otağın
qapısı döyüldü, sonra Dürdanə içəri girdi və Dürdanə əllərini başının altında
çarpazlayıb çarpayıda uzanan Cavanşiri görəndə əvvəlcə elə bil özünü itirdi, sonra
dili bir balaca topuq vura-vura dedi:
– Nənəm xahiş elədi mənnən ki, iynə-sap götürüm sizdən...
Dürdanə də Şuşa sanatoriyasına nənəsi ilə birlikdə gəlmişdi və indi, əlbəttə,
Dürdanə, burasını demədi ki, özü hansı koftasının düyməsinisə bəhanə eləyib, biləbilə
ki, nənəsində yoxdu, iynə-sap istədi və sonra da nənəsinə dedi ki, yəqin
Güləndam nənədə var, qoy gedim ondan alım gətirim.
Dürdanənin on səkkiz yaşı təzə tamam olmuşdu.
Cavanşir qalxıb çarpayıda oturdu və eyvandan nənəsini səslədi:
– Nənə!
Hüsaməddin Alovlu yenə də özünü saxlaya bilməyib meydanın ortasına
çıxmışdı və yenə də yaradıcılığa başladığı vaxtdan indiyə kimi birinci dəfə rus
dilində yazdığı şeri oxuyurdu:
Ya tebya lyublyu,
Oçen xoroşo!
Za tebya ya umru,
Oçen xoroşo!
Güləndam nənə:
– Vallah, bu gədənin başı xarab olub, – dedi. – Oçen xoroşo, oçen xoroşo... –
Sonra eyvandan otağa boylandı və tez qalxıb içəri girdi. – Ay, xoş gəlmisən, qızım,
axşamın xeyir, keç əyləş.
Dürdanə:
– Yox, çox sağ olun, – dedi. – Nənəm iynə-sap istəyirdi...
– Hə? Bu saat... – Sonra Güləndam nənə birdən-birə soruşdu: – Cavanşir,
balası, iynə-sap götürməmisən sən?
O saat da Cavanşirin qulaqları qıpqırmızı qızardı:
– Iynə-sap götürənəm mən?
Dürdanə:
– Yoxdursa, eybi yoxdur... – dedi və Dürdanə də qızardı.
Güləndam nənə:
– Bu saat... bu saat... – dedi və gedib Nuh-Nəbidən qalma əl sumkasını açıb
iynə-sap çıxartdı, Dürdanəyə uzadıb: – Al, qadan alım, al, bizim bu Cavanşir yaman
acıqlıdı,– dedi.
Cavanşir yenə nənəsinə «Əzginiş olma, ay arvad» demək istədi, amma
Dürdanənin yanında demədi və bir də ona görə demədi ki, Dürdanə Güləndam
nənənin sözlərini çox ciddi qəbul elədi, elə bil bu saat Cavanşir durub ona nəsə bir
acıqlı söz deyəcəkdi; Dürdanə Cavanşirə ürkək bir nəzər salıb tez-tələsik:
– Bağışlayın, – dedi və otaqdan çıxdı.
– Boy!.. Qız heç demədi ki, qara sap lazımdı, yoxsa ağ sap... – Sonra Güləndam
nənə üzünü Cavanşirə tutdu: – Nədi, a kişi qırığı, nə mısmırığını sallamısan? Cəmialəm
həyətdə çalıb-oynayır, nədi girmisən bu otağa, çıxmırsan eşiyə?..
Cavanşir nənəsinə baxdı, çox mənalı baxdı:
– Sənnən nə danışım e? – dedi və çarpayıdan qalxıb otaqdan çıxdı.
Üç gün idi gəlmişdilər Şuşa sanatoriyasına və düz üç gün idi ki, Cavanşir öz
taleyinin uğursuzluğu barədə fikirləşirdi, həyatın cansıxıcılığı və yeknəsəqliyi
barədə fikirləşirdi, heç kimin onu başa düşmədiyini və başa düşə bilməyəcəyini,
cavan yaşında ikən qocaldığını fikirləşirdi; hamı onu sütül cavan bilirdi, evdə isə
onu lap uşaq hesab edirdilər, amma daha demirdilər ki, bu uşaq dünyanın hər üzünə
bələddi; düzdü, Cavanşir dünyanın cürbəcür üzünü özü üçün tam dəqiqləşdirmirdi,
yəni bu üzlər nədən ibarətdi, amma hər halda Cavanşirə belə gəlirdi və Cavanşir
bütün bunlar barədə fikirləşəndə, özü də hiss etmədən yavaş-yavaş xəyal aləminə
gedirdi, gah həyatdan, yaşayışdan sidqi sıyrılmış bir əyyaş görürdü özünü, daha
doğrusu, camaat, ətrafdakılar onu əyyaş hesab edirdi və camaat bilmirdi ki, bu əyyaş
dünyanı dərk eləmiş adamdı; gah hər gün gözəl, təmiz, zövqlə geyinib adamlar
arasında tək-tənha gəzən, dinib-danışmayan bir yaraşıqlı kişi görürdü özünü və
camaat, o cümlədən qız-qadınlar böyük bir maraqla, həsədlə bu sirli və tənha kişinin
hər addımını izləyirdi, dalınca pıçapıç edirdi və hamı çalışırdı ki, onun sirrinə bələd
olsun, ürəyindəkiləri bilsin, amma bu heç vaxt mümkün deyildi və mümkün
olmayacaqdı da, çünki həmin tənha kişinin ürəyində heç kimə yer yox idi, çünki heç
kim onu başa düşə bilməzdi...
Doppa Dadaşın kamançası yenə qan eləyirdi və bu dəfə məhəbbətin sirlərindən
danışırdı, vüsaldan və həsrətdən söz açırdı, aşiq ilə məşuqun intizar və iztirab dolu
məhəbbət aləmindən, sevginin təmizliyindən, kövrəkliyindən dəm vururdu və yenə
də kaman Doppa Dadaşın usta barmaqlarında sağa-sola gedib-gəldikcə doppa
Dadaşın başı da kamanla həmahəng sağa-sola gedib-gəlirdi, kamançanın
söylədiklərini təsdiq edirdi, uzun kirpikli, iri qara gözləri yenə də elə bil ki, bütün bu
söylənənlərin hamısını görürdü, vüsala sevinirdi, hicrana kədərlənirdi.
Hamı meydançada dövrə vurub Doppa Dadaşın kamançasına qulaq asırdı və bu
kamança sədası altında Marusya Nikiforova da Hüsaməddin Alovluya tamam yeni
nəzərlərlə baxırdı, hələ mənasını özü də başa düşmədiyi yeni hisslər keçirirdi və
düzdü, Marusya Nikiforova bu yeni hisslərin mənasını hələ yaxşı başa düşmürdü,
amma bu hisslər Şuşanın bu ab-havası ilə, Şuşanın bu dağları, bu kol-kosları, bu
ağacları ilə bir-birinə çox uyuşurdu; Marusya Nikiforovanın Hüsaməddin Alovluya
baxan göy gözlərində artıq bir məhəbbət nişanəsi var idi və Doppa Dadaşın
kamançası söz söylədikcə bu məhəbbət nişanəsi də elə bil ki, yavaş-yavaş böyüyür,
artırdı, açıq-aşkarlaşırdı.
Cavanşir ikimərtəbəli sanatoriya binasının həyət qapısı ağzında dayandı və
Güləndam nənə də ikinci mərtəbədəki eyvandan Cavanşirə him elədi ki, yeri get
meydana; Güləndam nənənin Cavanşirə sataşmağa, Cavanşiri dolamağa xüsusi azarı
vardı və Cavanşir də, qəribə idi ki, hərdən nənəsinin, heç kimin yox, atasının yox,
anasının yox, yaşlı dayılarının, əmilərinin yanında yox, Güləndam nənənin yanında
özünü hərdən, doğrudan da, uşaq hiss edirdi, özünü aciz, köməksiz bilirdi, elə bil
bəzən nənəsi çeşməyinin altından bic-bic gülümsəyən gözləriylə Cavanşirə deyirdi
ki, a kişi qırığı, özünü yekə kişiliyə vurma, sənin hələ yekə kişi olmağına çox qalıb
və dünyadan da xəbərin yoxdu sənin; amma bu, hərdənbir olurdu.
Dürdanə də ikinci mərtəbədəki öz eyvanlarında idi və oradan oğrun-oğrun
Cavanşirə baxırdı və Cavanşir də bilirdi ki, Dürdanə elə ona baxmaqdan ötrü, onu
görməkdən ötrü tez-tez eyvana çıxır, amma Cavanşir özünü görməməzliyə vururdu,
özünü bilməməzliyə vururdu, heç bu qıza salam da vermirdi, çünki bu qız
Cavanşirin tayı deyildi, bu qız uşaq idi, həyatın ağrılarını dadmamışdı, Cavanşirin
fikirləri, Cavanşirin hissləri bu qız üçün işığı güclə gəlib yer kürəsinə çatmış bir
qalaktika idi.
Dürdanə də universitetdə oxuyurdu, Cavanşirlə bir fakültədə, filoloji fakültədə,
Cavanşirdən bir kurs aşağıda – indi ikinci kursa keçmişdi və keçən sentyabr, dərslər
təzə başlayanda bu qız universitetin dəhlizində birdən-birə Cavanşirə yaxınlaşdı:
– Sizin adınız Cavanşirdi? – soruşdu.
Cavanşir:
– Hə, Cavanşirdi, – dedi və təəccüb etdi ürəyində ki, bu ortaboylu, qarasaçlı,
qaragöz qız onu hardan tanıyır, amma heç nə soruşmadı, sonra, bir neçə gündən
sonra Cavanşir handan-hana yadına saldı ki, iki il əvvəl yayda ata-anası ilə birlikdə
Kislovodskda istirahət edəndə bu qız da öz ata-anası ilə Kislovodskda idi. Bir
küçədə qalırdılar və Cavanşir heyrət elədi ki, o balaca qız necə böyüyüb, necə
gözəlləşib və necə yaraşıqlı olub.
dəhlizindəki həmin sual-cavab Cavanşirlə Dürdanənin birinci və
axırıncı söhbəti oldu; əvvəllər Dürdanə Cavanşirə salam verirdi və Cavanşir də
başının hərəkətilə Dürdanənin salamını xalaxətrin qalmasın alırdı; sonra yəqin bu
«xalaxətrin qalmasınlar» Dürdanəyə təsir etdi və Dürdanə də daha salam vermədi və
hər dəfə üz-üzə çıxanda gözləriylə gözləyirdi ki, Cavanşir salamlaşacaq onunla,
amma Cavanşir də düz ötüb çıxıb gedirdi.
Dünən səhər yeməkxanada oturub ertə çörəyini yeyəndə Güləndam nənə
Cavanşirdən soruşdu:
– O qız kimdi elə bizə salam verir?
Cavanşir başını qaldırıb iki stol qabaqda qoca bir arvadla oturub onlara baxan
Dürdanəni gördü və istər-istəməz Şuşa sanatoriyasına təzə gəlmiş bu qızla
salamlaşdı və elə bil ki, Cavanşirin bu salamı ilə Dürdanənin sifəti tamam açıldı,
gözgörəsi güldü sifəti, elə bil Cavanşirin salamı bir xoşbəxtlik gətirdi bu qıza. Qızın
yanındakı qoca arvad da başını qaldırıb bir qıza, bir də Cavanşirgilə baxdı və o da
Cavanşirgilə salam verdi.
– Kimdi, ə, bu qız belə, a kişi qırığı?
Cavanşir Güləndam nənənin ona «a kişi qırığı» deməsilə mübarizə aparmaqdan
daha zinhara gəlmişdi və daha bu barədə bir söz demirdi; bu dəfə də təkcə:
– Nə bilim kimdi?.. – dedi və burnunu vermişelli boşqaba salladı.
Güləndam nənə də bu dəfə zarafatsız dedi:
– Hə də, nə tanıyasan onları?.. Evdə otura da bilmirik bu əndamı yanmışların
əlindən...
Bakıda qızlar, doğrudan da, Cavanşirə tez-tez zəng eləyirdilər və Cavanşir də
doğrudan bu qızların heç birini tanımırdı, bəlkə də görsəydi üzdən tanıyardı – ya
universitetin qızları olacaqdı, ya da qonşu qızlar; Cavanşir bilmirdi ki, ona zəng
eləyən hansı qızdı və qızlar gülə-gülə Cavanşirlə tanış olmaq istədiklərini deyirdilər;
Cavanşir onlarla uzun-uzadı danışmırdı, dəstəyi asırdı, sonra qızlar təzədən zəng
eləyib Cavanşirin kobudun biri olduğunu deyirdilər və belə bir kobudluq qiyafəsi
həm qızlarla danışmaqdan (axı nə deyəsən?) xilas edirdi, həm də hər halda kişi gərək
kişi olsun.
Cavanşir başını qaldırıb yenə Dürdanəyə tərəf baxdı və nədənsə ona elə gəldi ki,
Güləndam nənənin «əndamı yanmış» deməsi bu qıza layiq deyil və ən qəribəsi də bu
oldu ki, Güləndam nənə də elə bil Cavanşirin fikirlərini oxuyub:
– Bu qızı demirəm ha... – dedi.
Günorta Güləndam nənə Cavanşirə xəbər verdi ki, bu qızın adı Dürdanədi, o da
qarabağlıdı, o da nənəsiylə gəlib Şuşa sanatoriyasına, atasını məzuniyyətə
buraxmayıblar, anası da qalıb atasıyla Bakıda, nənəsinin də adı kişi adıdı, Bəhlul,
Bəhlul arvad.
Gülməmmədin akkordeonu öz məşhur tanqosunu təzədən çalmağa başladı və
Hüsaməddin Alovlu yerli cavanların həsəd, qibtə dolu nəzərləri altında yenə
Marusya Nikiforovanı rəqsə dəvət etdi, sonra yenə sanatoriyada dincələn gəlmə
qızlar bir-biriləriylə, Şuşanın, Şuşaya yaylağa çıxmış Ağdamın, Bərdənin,
Ağcabədinin, Füzulinin cavan oğlanları da bir-biriləriylə rəqs eləməyə başladılar.
Bir azdan Şuşanın aşağısında, Ərimgəldi tərəfdəki istirahət evinin həyətində
klarnetçi Müslüm orada işini qurtarıb dəstəsiylə – zurnaçı Anuşavan və nağaraçı
Məliklə sanatoriyanın həyətinə gələcəkdi, «Avropalı gəlin» Iran filmindən «tormoz»
Hüseynin havasını çalacaqdı və sanatoriyada istirahət edən əmək qabaqcılı,
qəhrəman ana və həddən artıq kök Safurə arvad meydanda ortaya düşüb sındırasındıra
oynayacaqdı və bununla da sanatoriyanın mədəni-kütləvi tədbirlərinə baxan
Sadıq müəllimin iş günü sona yetəcəkdi.
Cavanşir cibindən bir siqaret çıxarıb yandırdı və bunu görən Güləndam nənə
eyvanda qeyzlə başını tərpətdi, barmağını yelləyib Cavanşiri hədələdi, yəni ki, qoy
gedək Bakıya, gör orda atana deyirəm, ya yox. Cavanşir nənəsinin belə hədəqorxularına
adətkərdə idi, amma bu dəfə necə olsa, birdən-birə ürəyinə bir
nigarançılıq doldu və tez də Dürdanə tərəfə baxdı ki, görsün bu qız Güləndam
nənənin him-cimini görür, yoxsa yox.
Dürdanə gözaltı, guya ki, qəsdən yox, elə-belə, Cavanşirə baxırdı.
– Axşamınız xeyir. – Hələ də ağ xələtini əynindən çıxartmayıb sanatoriyanın
həyət qapısı ağzında dayanmış və çox ciddi görkəmli meydançadakı Sadıq müəllimə
tamaşa edən Isgəndər Abışov – Şuşa sanatoriyasının məşhur dietoloqu – Cavanşirlə
salamlaşdı.
Bu axşam klarnet çalan Müslüm gecikirdi, gəlib çıxmamışdı hələ və mədənikütləvi
işə baxan Sadıq müəllim özü meydanın ortasına çıxıb camaata fokus
göstərirdi: bütöv bir qəzeti meydana toplaşanların gözü qabağında gəzdirib cırırdı,
qəzetin qırıntılarını hər iki ovcunun içinə yığırdı, sonra ovcunun içində də gizlətdiyi
başqa bir qəzeti yavaş-yavaş bütöv açırdı, cırılmış qəzetin qırıntılarını isə yenə
ovcunda, təzə qəzetin arxasında gizlədirdi və bu zaman cırılmış qəzetin
qırıntılarından bir-ikisi Sadıq müəllimin ovcunun sözünə baxmayıb yerə düşürdü və
Sadıq müəllim də tez onları ayağıyla tapdalayırdı ki, heç kim görməsin.
Dietoloq Isgəndər Abışov bu fokusa sidq-ürəkdən heyrətlənib:
– Malades, Sadıq müəllim! – dedi və Cavanşirə baxıb Sadıq müəllimin
fokusundan valehliklə başını tərpətdi: – Interesna!..
Isgəndər Abışov keçən il Bakıdakı tibb texnikumunu bitirib Şuşa
sanatoriyasında işləməyə gəlmişdi və bu bir il ərzində bu tərəflərin feldşer, tibb
bacıları arasında olmazın hörmət qazanmışdı və hələ də öz vəzifəsinin mötəbərliyinə
ürəkdən inanırdı. Ortaboylu, qıvrım qara saçlarını səliqə ilə dala darayan, nazik qara
bığlı, yanağı qara xallı Isgəndər Abışovun ağ xələti həmişə tərtəmiz, kraxmallı və
ütülü olurdu, ağ köynək geyib qara qalstuk taxırdı və qalstukunun ortasında da
həmişə brilyanta oxşayan bir şüşə parıldayırdı. Səhər qəlyanaltısı, günorta naharı və
şam zamanı Isgəndər Abışov sanatoriyanın yeməkxanasını miz-miz gəzirdi, diqqətlə
yeməklərə baxırdı və sifəti cürbəcür görkəm alırdı: gah qaşları çatılırdı və adam öz
yeməyinə baxıb şübhələnirdi ki, görəsən nə olub; gah bəyənmək və təqdir etmək
münasibətilə başı yavaş-yavaş enib-qalxırdı, « – Moruq qlükozadı» deyirdi. « –
Keşnişdə linalool spirti çoxdu» deyirdi, «– Balqabaq öd kisəsinin iltihabına
dərmandı» deyirdi, «Bu, vitamin «A»dı» deyirdi, «Bu, vitamin «S»di, «Bu, vitamin
«D»di deyirdi və Güləndam nənə də Isgəndər Abışova «Vitamin oğlan» deyirdi və
sanatoriyadakı şəfqət bacılarının qulağından iraq, «Güləndam nənə bunu da deyirdi
ki, bu «Vitamin oğlan» ağ xələtli dəlləyə oxşayır, amma Güləndam nənədən xeyli
fərqli olaraq, təkcə şəfqət bacıları, feldşerlər yox, yeməkxananın baş aşpazı Kazım
kişidən tutmuş xörəkpaylayan Parandzemə kimi hamı Isgəndər Abışova «həkim»
deyə müraciət edirdi.
Müslüm dəstəsiylə tələsik sanatoriyanın həyətinə girib meydana gəldi, bayaq
Doppa Dadaşın oturduğu kətildə oturub klarneti qoburundan çıxartdı, tez yığdı və
klarneti yığmağıyla da «tormoz» Hüseynin havası sanatoriyanın həyətinə yayıldı,
Müslümün klarneti zilə qalxdı, bəmə endi və Müslümün hər iki tərəfində ayaq üstə
dayanmış zurnaçı Anuşavanın zurnası, nağaraçı Məliyin nağarası klarnetə qol-qanad
verdi və döşü orden-medalla dolu Safurə arvad yenə özünü saxlaya bilməyib
meydana çıxdı, sındıra-sındıra süzməyə başladı.
Gün yavaş-yavaş batırdı, ulduzlar da yavaş-yavaş görünürdü və belə aydın
havalarda Şuşa sanatoriyasından görünən uzaq Molla Nəsrəddin yolunun
qıvrımlarında maşınların işığı da yavaş-yavaş yanmağa başlayırdı; belə aydın
havalarda Şuşa hər tərəfdən ulduzlarla əhatə olunurdu, göydəki ulduzlarla və
aşağılarda – Stepanakertdə, Müxətər kəndində, Şüşü kəndində, Keşiş kəndində
yanan işıqlarla; belə aydın havalarda Şuşa sanatoriyasında göy arasında, dağlar
arasında məsafə də yox olub gedirdi, hər tərəfi bir genişlik bürüyürdü.
– Gedək bir yerdə bir az çaxır içək.
– Çaxır içək? – Isgəndər Abışov təəccüblə Cavanşirə baxdı.
– Hə, gedək çaxır içək bir az, turş çaxır. – Cavanşir Isgəndər Abışovun qoluna
girdi. – Gedək...
Cavanşirin bu təklifi Isgəndər Abışov üçün çox gözlənilməz oldu və Isgəndər
Abışov əvvəlcə bilmədi ki, qəbul etsin bu təklifi, yoxsa yox, sonra:
– Bir stəkan turş çaxır olar, – dedi. – Professor Gerasimov deyir ki, hər gün bir
stəkan çaxır içmək lazımdı. Professor Gerasimov deyir ki...
– Yaxşı söz deyir professor Gerasimov. Gedək.
– Qoy gedim xələti çıxarım.
Cavanşir təəccüblə Isgəndər Abışova baxdı, elə bil ki, Isgəndər Abışov
əynindəki xələti çıxara bilməzmiş.
– Gözləyirəm.
Isgəndər Abışov paltarını dəyişmək üçün içəri girdi.
Safurə arvad sındıra-sındıra bəs deyincə oynayandan sonra, Müslüm «tormoz»
Hüseynin havasını çalıb qurtardı və klarneti söküb tələm-tələsik qobura yığdı – bu
axşam bazarkom Fətinin oğlunun anadan olan günü idi, Müslüm öz dəstəsiylə indi
də Fətigilə tələsirdi, Sadıq müəllim meydanın ortasına çıxıb bərkdən:
– Gecəniz xeyrə qalsın, əziz yoldaşlar! – dedi. – Sizə gözəl Şuşa gecəsi
arzulayıram!
Sonra Sadıq müəllim bu sözləri rus dilində dedi və meydana toplaşan camaat
iki-bir, üç-bir dağılışmağa başladı, kimi sanatoriyanın yuxarısındakı kinoteatr tərəfə
getdi – bu gün kinomexanik Haqverdi hind kinosu göstərəcəkdi, «Bobbi»; kimi
şəhərə gəzməyə çıxdı, kimi Cıdır düzünə tərəf yollandı ki, Şuşanın ən gözəl havası
oradadı, kimi Ərimgəldi tərəfə getdi, kimi Qaya başına.
Hüsaməddin Alovlu Marusya Nikiforovaya yaxınlaşdı və onunla rəfiqəsi
Lyudmilanı teatra dəvət etdi; Lyudmila mənalı-mənalı Marusyaya baxdı və Marusya
Nikiforova da bir balaca qızardı, sonra gülümsədi və Hüsaməddin Alovlunun
dəvətini qəbul etdi.
Üç yay ayının təqaüdünün hamısı bir yerdə Cavanşirin cibində idi, amma onun
birdən-birə çaxır eşqinə düşməyinin səbəbi bu deyildi, səbəb bu da deyildi ki,
Cavanşir içki xoşlayırdı, belə deyildi, Cavanşirin bədəni içki götürmürdü və bir az
içən kimi, ürəyi bulanırdı; nədənsə, birdən-birə bütün bu yerlər, Şuşanın ayı,
ulduzları, indi ay işığında təkcə qaraltısı görünən ağacları, kolları, Şuşanın dağları,
ab-havası, Müslümün klarnetindən sonra sanatoriyanın həyətinə çökmüş sakitlikdəki
cırcırama cırıltısı Cavanşirə yad göründü, Cavanşirə elə gəldi ki, Şuşa həmin Şuşa
deyil, həmin Şuşa ki, Cavanşir on iki-on üç yaşlarında, bax, bu sanatoriyanın indiki
yerində böyürtkən yığıb sünbülə düzərdi, yerli uşaqlarla futbol oynayardı, az qala,
Isa bulağınacan piyada gedib moruq yığardı, uşaqlarla mərc edib yanmış kilsənin
qaranlıq və kimsəsiz zirvəsinə girərdi; həmin Şuşa birdən-birə çox-çox uzaqlara
getdi, beş-altı il əvvəlki uşaqlıq illəri Şuşa sanatoriyasının həyətindəki bu avqust
axşamından çox-çox uzaq illərin arxasında qaldı və bu hiss bir yalqızlıq, bir təklik
gətirdi, Cavanşirin ürəyini sıxdı, qısdı, hər şey elə bil ki, birdən-birə bütün mənasını
itirdi.
Isgəndər Abışov:
– Mən hazır, – dedi və Cavanşir Isgəndər Abışovu adi bəndələrin geydiyi
kostyumda, xələtsiz görəndə istər-istəməz təəccüb etdi, əynindən xələtini çıxarmış
bu cavan oğlan elə bil ki, doğrudan da Isgəndər Abışov deyildi, bir başqa adam idi.
Birlikdə Şuşa sanatoriyasının həyətindən çıxanda Isgəndər Abışov dedi:
– Yaman baxır sənə o qız...
Isgəndər Abışovun bu sözləri də qəribə səsləndi, elə bil o, ancaq yemək-içməyin
vitaminiylə maraqlanmalıydı və hər hansı bir qız barədə, ümumiyyətlə, arvad
məxluqu haqqında söz demək Isgəndər Abışova yaraşmırdı.
– Hansı qız?
– Ode, o qız... Isgəndər Abışov başı ilə Dürdanənin dayandığı eyvana işarə elədi
və bu zaman necə oldusa, heç özü də bunu bilmədi ki, necə oldu, Cavanşir çox
yuxarıdan aşağı gülümsədi, elə gülümsədi ki, yəni mən hara, o qız hara, yəni mən
plov yemirəm ki, bığım yağa batar, sən də gör kimdən danışırsan, ay Isgəndər
Abışov, öz arşınınla ölçürsən məni? Və ən qəribəsi də bu oldu ki, Isgəndər Abışov
özü Cavanşirin bu gülümsəməyinin mənasını təsdiq elədi, sanatoriyadan şəhərə enən
yoxuşu düşə-düşə: – Əlbəttə, – dedi, – sənin yüz dənə o cür qızın var...
– Eh, başım çox çəkib mənim... – Cavanşir bu sözləri də dedi və özü də
fikirləşdi ki, niyə dedi bu sözləri, bu sözlərə nə ehtiyac var və ümumiyyətlə, heç
Isgəndər Abışov da olmasın, bu cür dona girmək, belə bir artistlik eləmək nəyə
lazımdı?
II
Şuşa parkındakı kababxananın həm müdiri, həm aşpazı, həm bufetçisi, həm
xörəkpaylayanı olan, çəkisi də yüz iyirmi səkkiz kilo olan Əbülfət əmlik kababından
iki şiş gətirib birini Cavanşirin, birini də Isgəndər Abışovun boşqabına çəkdi, göygöyərti,
üzlü pendir gətirdi, pərpətöyündən erməni şorabası və iki şüşə də Martuni
çaxırı gətirdi.
Isgəndər Abışov:
– Iki şüşə çoxdur, – dedi.
Cavanşir:
– Nəyi çoxdu? – dedi və ağzı üstə qabaqlarına qoyulmuş (Əbülfətin qabiliyyəti
idi!) qalın şüşəli stəkanları çevirib çaxırla doldurdu. – Sağ ol, sənin sağlığına! – dedi
və stəkanı birnəfəsə başına çəkdi və Isgəndər Abışov da elə bil ki, Cavanşirin beləcə
çaxır içməyindən hipnoz olubmuş kimi, öz stəkanını birnəfəsə başına çəkmək istədi,
amma tez də təngnəfəs oldu və stəkandakı çaxırı ancaq yarısına kimi içdi.
Bu yarım stəkan çaxır elə o saat, gözgörəsi Isgəndər Abışova təsir etdi və
Isgəndər Abışov açdı sandığı, tökdü pambığı, evlənmək istədiyini dedi, amma nə
gözaltı bir qızı vardı, nə də evi, şəhər sovetində söz veriblər ki, bu il ona ev
verəcəklər, amma köhnə ev istəmir, təzə ev istəyir, şəhərsayağı, hamamı ilə
ayaqyolusu içində; bu evi alandan sonra Sabirabaddakı anasını da gətirəcəkdi
yanına, sonra da evlənəcəkdi, amma hələ gözaltı bir qız yox idi; keçən ay ona
imzasız bir sevgi məktubu yazmışdılar, bilmirdi ki, hansı qızdı, şübhələnirdi ki,
birdən sanatoriyanın kitabxanaçısı Azadə olar, amma Azadə olsa, onda heç nə, çünki
Isgəndər Abışov hələ ki, Azadəni sevə bilmirdi, bir də ki dünyanın işlərini kim bilir,
bəlkə elə sevdi Azadəni; hər halda, şuşalı qız alacaqdı, çünki Şuşanın qızları sağlam
olur, ab-havadandı, sudandı, amma hayıf ki, hələ gözaltı bir qız yoxdu və
ümumiyyətlə, Isgəndər Abışov qızlarla tanış olmaq sarıdan bir az fərsizdi, onların
fikrinə-zadına yaxşı bələddi, amma di gəl ki, tanış olmaq sarıdan fərsizdi, əlindən
gəlmirdi.
Cavanşir özü bir söz danışmırdı, danışan elə Isgəndər Abışov idi və Cavanşir də
yüngülcə gülümsəyə-gülümsəyə və arabir də mənalı-mənalı başını tərpədə-tərpədə
Isgəndər Abışovun dediklərinə qulaq asırdı. Cavanşirin gülümsəməyində,
dodaqlarının təbəssümündə Isgəndər Abışovdan qat-qat artıq görüb-götürmək
ifadəsi vardı, bir üstünlük ifadəsi vardı və Cavanşir özü də çox gözəl bilirdi ki, yaxşı
iş deyil bu; yaxşı iş deyil ona görə ki, düz deyil, yalandı bu; yaxşı iş deyil ona görə
ki, Isgəndər Abışovun belə bir ürəyitəmizliyi müqabilində gərək nə olurdusa-olsun,
amma saflıq olsun.
Əlbəttə, Isgəndər Abışovun Cavanşirin bu fikirlərindən xəbəri yox idi və
Cavanşirin sifətindəki bu üstünlük təbəssümünü də o, çox adi bir iş və məlum
məsələ hesab edirdi; hətta Cavanşirin sifətindəki bu üstünlük təbəssümü, bu
təkəbbür Isgəndər Abışova elə təsir edirdi ki, içdikləri çaxır daha o cür təsir etmirdi
və elə bu təbəssümə, bu ifadəyə görə də Isgəndər Abışovun öz-özündən şikayəti getgedə
artırdı, özünü dünyanın ən kiçik adamı, ən xırdası, yazığı hesab edirdi.
Yüz iyirmi səkkiz kiloya yaraşmayan bir cəldliklə, civə kimi girib-çıxan,
mizlərə bir-bir baş çəkən, bufetə gedən, araq süzən, göyərti doğrayan, manqalı
yelləyən Əbülfət Cavanşirgilə yaxınlaşıb:
– Adama bir şiş də gətirimmi, başşım? – soruşdu.
Cavanşir Isgəndər Abışova baxdı. Isgəndər Abışov dedi:
– Heç yarım tikə də getməz!
Cavanşir gülümsədi və yenə də elə-eləcə gülümsədi, yuxarıdan aşağı və yenə
özündən dilxor oldu ki, belə gülümsəyir.
Əbülfət iki şiş kababın, iki şüşə çaxırın, göy-göyərtinin, pendirin, erməni
şorabasının pulunu alıb heç saymadı da, cibinə basıb:
– Allah bərəkət versin! – dedi və sonra mizin üstündəki hələ ağzı açılmamış
ikinci çaxır şüşəsini elə onların yanındaca götürüb, aparıb qoydu bufetə.
Cavanşirlə Isgəndər Abışov parka çıxdı və Isgəndər Abışov dayanmaq bilməyib
gələcək planlarından, dostluqdan, ilqardan, əxlaq prinsiplərindən elə hey danışırdı,
əsl dostu, sirdaşı olmadığını, günlərinin çox cansıxıcı, darıxdırıcı keçdiyini,
günlərinin bir-birinin eyni olduğunu deyirdi və Cavanşir daha ona qulaq asmırdı.
Isgəndər Abışov ardı-arası kəsilmədən öz güzəranından şikayət edirdi, Cavanşir isə
həmin avqust gecəsi Şuşa parkında gəzişə-gəzişə Şuşanın təmiz, saf ab-havası ilə
nəfəs alırdı, ağacların, kol-kosun, gül-çiçəyin ətrini duyurdu və doğrudan-doğruya
öz üstünlüyünü hiss edirdi; elə bil hər şey yalandan yox, doğrudan idi, doğrudandoğruya
bütün il boyu cürbəcür macəralardan yorulmuşdu, Peçorin
sərgüzəştlərindən yorulmuşdu və indi burda, bu Şuşa parkında Isgəndər Abışovla
gəzə-gəzə dincəlirdi.
Park qaranlıq və adamsız idi, ay işığında ağaclar qaralırdı və təkcə parkın
yuxarısındakı teatr binasının işıqları yanırdı. Ağdam Dövlət Dram Teatrı Şuşada
qastrol tamaşaları göstərirdi və bu gün Ağdam dramaturqlarından birinin «Skeletlər
rəqs edərkən» adlı məhəbbət faciəsinin ilk tamaşası idi. Marusya Nikiforova,
Lyudmila və Lyudmilanın yanında da Hüsaməddin Alovlu bu dəm salonda əyləşib
səhnəyə tamaşa edirdilər. Hüsaməddin Alovlu ürək eləyib Marusya Nikiforovanın
yanında oturmamışdı, amma tənəffüs zamanı teatrın bufetindən (bu bufet Əbülfətin
kababxanasının filialı idi) iris konfeti almışdı və indi irislə dolu balaca torbanı teztez
qızlara tərəf uzadıb Marusyanı və təbii ki, Lyudmilanı konfetə qonaq edirdi,
səhnədəki söhbətləri yavaş-yavaş guya ki, rus dilinə tərcümə edirdi və Marusya
Nikiforova da irisi çeynəyə-çeynəyə özünü saxlaya bilməyib nakam məhəbbət
faciəsinə göz yaşı axıdırdı.
Və elə bu vaxt Isgəndər Abışov da özünü saxlaya bilməyib dedi:
– Bu qadına bir bax! Pah!..
Qarşıda, ay işığında Şuşa parkındakı ağaclara, gül-çiçəyə baxa-baxa
hündürboylu, şümalbədənli, əyninə çox gözəl, çox yaraşıqlı, çox zövqlə tikilmiş
tünd kostyum geymiş, başına kənarları çox enli böyük şlyapa qoymuş bir qadın
addımlayırdı və bu qadın hər dəfə addım atdıqca, təbiətdən və özündən həzz ala-ala
gedirdi; bu, yerə-göyə bir minnət idi; bu qadının addımları sərrast və yumşaq idi; bu
qadının səliqəsi, zövqü və yerişində, geyimində, bədəninin quruluşunda hər şeyin
yerbəyerində olması Şuşa dağlarının ay işığında qaralan ibtidai gözəlliyi ilə, sıldırım
qayaların vəhşiliyi ilə qəribə bir təzadda idi və həmin avqust gecəsi bu təzadda nəsə
bir sehr var idi.
Isgəndər Abışov elə bil ki, öz-özüylə danışırdı, yavaşdan dedi:
– Belə qadınlar da var e, dünyada!.. – Bunu dedi, sonra Cavanşirə baxdı.
Bu dəm heç kimin və o cümlədən Cavanşirin özünün də ağlına gəlməyən, ağlına
sığışmayan, görünməmiş bir hadisə baş verdi: Cavanşir sürətlə irəliləyib bu qadına
yaxınlaşdı və:
– Bağışlayın... – dedi.
Qadın Cavanşirə baxdı və yalnız bu zaman elə bil ki, Cavanşir özünə gəldi,
yalnız bu zaman nə etdiyini başa düşdü və ürəyi bərkdən döyünməyə başladı,
birdən-birə boğazı qurudu, nə deyəcəyini bilmədi, təkcə:
– Bağışlayın... – deyə təkrar etdi.
Bu qadın çox gözəl idi; bu qadının qırx yaşı olardı və özü də bu yaşı gizlətmək
fikrində deyildi, əksinə, bu qadın elə bil ki, öz yaşından da zövq alırdı, onun pudraboyası
çox incə idi, ondan gələn ətir iyi də son dərəcə yüngül, yumşaq idi və bütün
bu gözəllik və incəliklər müqabilində Cavanşir bu saat dünyanın ən əbləh, kütbeyin
və vecsiz adamı idi.
Arxadan gələn Isgəndər Abışov xoşbəxt bir heyrət və həsəd dolu nəzərlərlə
Cavanşirə, cəmi bircə dəqiqə bundan qabaq onunla bir yerdə çaxır içən, onun tanışı
olan bu oğlana və naməlum gözəl qadına, gözlərinin qarşısında addımlayan, amma
əlçatmaz bir uzaqlıqda olan bu məxluqa baxırdı.
Qadın bircə anlıq Cavanşirə baxdı, Cavanşir belə hiss etdi ki, bu bircə anın
içində bu qadın onu tamam əlinin içi kimi gördü, tanıdı, əbləh vəziyyətini və
vecsizliyini, heçliyini başa düşdü və Cavanşir burasını da hiss elədi ki, qulaqlarının
dibinə kimi qıpqırmızı qızardı.
Arxada isə Isgəndər Abışov addımlayırdı.
– Bağışlayın... bilmirsiz teatr burada hardadı?
Qadın bu dəfə bir anlıq yox, diqqətlə Cavanşirə baxdı, elə bil ay işığında bu
cavan oğlanın, bu uzun oğlanın sifətinin cizgilərini bir-bir saf-çürük edirdi və
Cavanşirə elə gəldi ki, bu qadın bu saat bu gözəlliyinə və incəliyinə yaraşmayan bir
ədəbsizliklə iki əliylə də onun başına yağlı bir qapaz salacaq; amma çox qəribə oldu,
qadın uzun və yaraşıqlı barmağı ilə teatr binasını göstərib:
– Odur, ordadır... – dedi və Cavanşir bu səsdə bir ilıqlıq, mülayimlik, bir
mehribanlıq hiss etdi və bu mehribanlıq Cavanşirin bütün bədəninə sirayət etdi, içinə
yayıldı.
Onlar bir müddət yanaşı addımladılar. Cavanşirin ürəyi daha o cür bərkdən
döyünmürdü, amma deməyə də bir söz də tapmırdı və bu dəm öz acizliyindən yerə
girməyə hazır idi.
Qadın ilıqlıq gətirən eyni mülayim və mehriban səslə:
– Yoldaşınız sizi gözləyir, – dedi.
Cavanşir təəccüb etdi ki, bir dəfə də olsun geri çönüb baxmayan bu qadın
Isgəndər Abışovu necə gördü və:
– Eybi yox... – dedi. – Cavanşir bunu dedi və bu sözlərin mənasızlığından və
köməksizliyindən yenə hiss elədi ki, qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb.
Onlar beləcə dinməz-söyləməz yanaşı addımlaya-addımlaya teatr binasının
yanınacan gəldilər və bütün bu müddət ərzində Cavanşir bir siçan deşiyi axtarırdı ki,
söz tapıb danışa bilməmək xəcalətindən bu deşiyə girsin və bütün bu müddət ərzində
Isgəndər Abışov da arxadan onları müşayiət etdi.
Teatr binasının qabağındakı lövhələrə əllə yazılmış afişalar yapışdırılmışdı və
qadın bu afişalara baxıb:
– O-o-o... – dedi. – «Kleopatra»nı da göstərəcəklər... – Sonra bir balaca
gülümsədi və bu gülümsəmə, əlbəttə, başqa gülümsəmə idi, amma bir az Cavanşirin
Isgəndər Abışovun yanında gülümsəməsinə oxşayırdı. – Gəlib baxmaq lazımdı. –
Sonra birdən-birə Cavanşirdən soruşdu:
– Siz bu teatrın tamaşalarına baxmısınız?
Cavanşir afişaların üstündə yanan elektrik lampalarının işığında köynəyinin
yuxarı düymələrini tələm-tələsik düymələyə-düymələyə:
– Yox, baxmamışam, – dedi və Cavanşirə elə gəldi ki, yenə iki-üç il geri
qayıdıb, orta məktəbdə oxuyur, bu sualı ona müəlliməsi verdi və Cavanşir də bu
suala elə cavab verdi, elə bil müəlliməsinin sualına cavab verir.
Afişaların yanından ötdülər və bir az da gedəndən sonra, qəribədir, bu qadın elə
bil öz-özüylə danışmağa başladı və bu qadının çox zövqlə yüngülcə boyalanmış
gözəl dodaqlarından çıxan hər bir söz Cavanşir üçün elə bil ki, yuxular aləmindən
gəlirdi, elə bil ki, tək-tənha çarpayıda uzanıb gözlərini tavana zilləyib getdiyi
xəyallar aləmindən gəlirdi; bu qadının dodaqlarından çıxan hər bir söz get-gedə
Cavanşir üçün Şuşadakı həmin avqust gecəsinin çox məlhəm, çox uyğun bir
hissəsinə çevrilirdi.
– Qəribədi... Az qala iki min il keçib, ancaq bu gün də Kleopatra haqqında
əsərlər yazırıq... Onu tamaşaya qoyuruq... Gedib baxırıq... Hər şey qocalır dünyada,
hər şey yox olub gedir, ancaq hisslər qocalmır... Insan hiss-həyəcanları, insan
ehtirasları, insan ürəyinin çırpıntıları, görünür, daimidir...
Cavanşir sözün əsl mənasında əzablı bir sıxıntı ilə bu qadınla yanaşı
addımlayırdı; Cavanşir bu qadının söhbətini davam etdirə bilmirdi, amma bilirdi ki,
lap açıq-aşkar idi ki, nəsə deməlidi, mülahizələr, fikirlər söyləməlidi, amma söz tapa
bilmirdi.
Məlum oldu ki, bu qadın memardı, Bakıdan gəlib, Şuşa istirahət evində istirahət
edir və Şuşanı çox sevir, Şuşanın təbiəti üçün həmişə darıxır, Şuşanın Xan sarayı,
Qala hasarı, məscidi bu qadın üçün misilsiz abidələrdi; hərgah insan təbiətin bir
parçasıdısa, onun evi də, yaşadığı bina da təbiətin bir parçası olmalıdı, tikintilər,
qurğular, hər şey təbiətə doğru olmalıdı, təbiəti tamamlamalıdı, insanla təbiət
arasında bir sərhəd, bir qoruncaq yox, bir vasitə olmalıdı, bax, bu Şuşa dağlarının,
bu Şuşa düzlərinin, dərələrinin, sıldırımlarının simmetriyası və assimetriyası müasir
memarlıqda öz əksini tapmalıdı...
Cavanşir bütün bu fikirlərlə yalnız razılaşırdı, başını tərpədib bu qadının
söylədiyi fikirlərin hamısını təsdiq edirdi, uzaq başı bircə kəlmə: « – Elədir...» –
deyirdi, başqa bir əlavə edə bilmirdi və onlar Şuşa parkının qaranlıq cığırları ilə
addımladıqca, Isgəndər Abışov da arxadan gələ-gələ onları müşayiət edirdi və ən
qəribəsi də bu idi ki, Isgəndər Abışov, nədənsə, Cavanşirdən başqa özünü də həmin
avqust gecəsinin qəhrəmanı hiss edirdi...
Cavanşir çox çətinliklə və gözlənilməz bu düşünülməz, ağlasığmaz gecə
gəzintisinə yaraşmayan bir müstəqilliklə qadının adını soruşdu və məlum oldu ki, bu
qadının adı Mədinə xanımdı, sonra Cavanşir öz adını dedi və sonra da Mədinə
xanım Cavanşirdən soruşdu:
– Bəs, siz harda işləyirsiniz?
Əlbəttə, Cavanşir ağlına gətirməzdi ki, doğrudan-doğruya belə yaşlı görünür;
başqa vaxt olsaydı, bu, Cavanşirin ürəyinə yayılardı, amma bu dəfə yenə
qulaqlarının dibinə kimi qıpqırmızı qızarıb:
– Mən filoloqam, – dedi. – Universitetdəyəm...
– Dərs deyirsiniz?
Cavanşirin bütün sifəti alışıb-yanırdı və ona elə gəldi ki, Mədinə xanım onu
dolayır və bərkdən qaqqanaq çəkib güləcək və Isgəndər Abışov da gülməkdən
qarnını tutacaq.
– Yox... Aspirantam...
– A-a... Sizinçün hələ hər şey irəlidədi...
Cavanşir buna da bir söz deyə bilmədi.
Isgəndər Abışov isə qarşıda addımlayan bu qadınla Cavanşirin nə danışdıqlarını
eşitmirdi, amma bir həqiqət vardı ki, bu dəm Isgəndər Abışov Cavanşirlə Əbülfətin
kababxanasında oturub birgə çaxır içməyi ilə fəxr edirdi; bu dəm o, Cavanşirlə bu
gözəl qadının ardınca beləcə addımlamağıyla qürurlanırdı və elə bil ki, Isgəndər
Abışova bir qol-qanad vermişdi və daha o özünü həyatda artıq adam hesab etmirdi.
Mədinə xanım dedi:
– Mən daha istirahət evinə getməliyəm...
Və Mədinə xanım bu sözləri elə dedi ki, Cavanşirin ağzı öz-özünə açıldı:
– Mən sizi ötürərəm...
Mədinə xanım dedi:
– Sizi yoldaşınız gözləyir...
Cavanşir dedi:
– O mənim yoldaşım deyil...
Mədinə xanım dedi:
– Onda deyin arxamızca gəlməsin...
Cavanşir bu sözlərdə bir balaca əsəbilik hiss elədi, gizli bir acıq hiss elədi,
amma əslində onu pərt eləyən bu olmadı, Cavanşiri bu pərt elədi ki, Isgəndər
Abışovla yoldaş olduğunu bu qadının yanında dandı və əlbəttə, burada pərt olası bir
şey yox idi, Cavanşirlə Isgəndər Abışov doğrudan da, yoldaş deyildilər və bu gecə
də birinci dəfə oturub kəlmə kəsmişdilər, amma hər halda Isgəndər Abışovdan
imtina eləməsi Cavanşirə nəsə bir xəyanət kimi gəldi, elə bil doğrudan da, hansı bir
yaxın yoldaşınasa, elə bil nəsə işıqlı bir şeyə xəyanət elədi; bu, ötəri hiss idi və
Cavanşir Mədinə xanımdan geri qalıb Isgəndər Abışovun ona çatmasını gözlədi və
dedi:
– Sən daha get.
Isgəndər Abışov ay işığında qaşlarını çatdı, sonra öz aləmində hər şeyi başa
düşdü, yəni ki, məlumdu məsələ, gözlərinin ucu ilə mənalı-mənalı gülümsəyib:
– Oldu, – dedi və geri çönüb qaranlıqda Şuşa parkının ağacları arasında
görünməz oldu.
Mədinə xanım Sovet Ittifaqının bir çox kurortlarında olmuşdu, Karlovı-Varıda,
Bolqarıstandakı Qızıl Qumda istirahət etmişdi, Fransanın cənubunu, Nitsanı
gəzmişdi, amma heç birinin havası Şuşa ilə müqayisə oluna bilməzdi, düzdü,
Isveçrədə olmamışdı, deyirlər ki, Davosun havası çox gözəldi, amma Mədinə xanım
bilirdi ki, Şuşanın havasına hava çatmaz; Şuşanın havasındakı təmizlik, saflıq da
insan hissləri kimi daimi idi və Şuşada insan qəlbi də saflaşır, təmizlənir, büllurlaşır,
insan ürəyi yeni hisslərlə, kövrək və incə hisslərlə dolur, adam təzələşir, paklaşır;
adama elə gəlir ki, özü də daimidir, heç vaxt ölməyəcək, nə xərçəngdən qorxur, nə
də infarktdan və yuxusuzluq qorxusu da onu sıxmır; adam hər şeyi unudur, bütün
qayğıları, pislikləri, iztirabları və bütün ətrafı, bütün münasibətləri qatı rənglərlə,
qatı boyalarla yox, ağ kağızdan güclə seçilən bir akvarellə görür.
Cavanşir Mədinə xanımın bu etiraflarına qulaq asa-asa addımlayırdı və daha
əvvəlki kimi sıxılmırdı. Əlbəttə, Cavanşir heç vaxt fikirləşməzdi, ağlına da
gətirməzdi ki, belə bir qadının bu cür etiraflarına qulaq asa-asa sakit, aylı-ulduzlu bir
Şuşa gecəsində kimsəsiz, qədim bir küçə ilə beləcə addımlayacaq.
Onlar Şuşa istirahət evinin həyət darvazasına gəlib çatanda gecə saat on birə
qalırdı. Mədinə xanım əlini Cavanşirə uzadıb:
– Sağ olun, – dedi. – Gecəniz xeyrə qalsın.
Şuşa istirahət evinin darvazası üstündən asılmış elektrik lampasının işığında
Mədinə xanımın ala gözlərində bir mehribanlıq vardı və elə bil ki, bu gözlər daha
nəsə deyirdi və elə bil ki, Mədinə xanımın Cavanşirin ovcundakı əli də gözlərinin
dediklərini təsdiq edirdi.
Cavanşir başa düşürdü, hiss edirdi ki, nəsə demək lazımdı, bu elə məqamdır ki,
mütləq nəsə demək lazımdı, nəsə elə bir söz ki, bu baxışlara layiq olsun, lap
dərinlərdə gizlənmiş istehzanı alt-üst eləsin, amma Cavanşir başqa heç nə deyə
bilmədi, heç nə eləyə bilmədi, təkcə:
– Sağ olun, – dedi və bütün kişiliyini köməyə çağırıb soruşdu: – Sabah
görüşəcəyik?
Mədinə xanım eyni mehribanlıqla gülümsədi və:
– Görüşərik, – dedi.
Sabah axşam saat yeddidə (o vaxt ki, Doppa Dadaş sanatoriyanın həyətində
kamançasının simlərini kökləməyə başlayacaqdı) Şuşa istirahət evinin yuxarısındakı
tutluqda görüşəcəklərini vədələşdilər (bu yeri, təbii ki, Mədinə xanım təklif elədi) və
bundan sonra Mədinə xanım əlini Cavanşirin yekə ovcundan çəkib darvazanın kiçik
qapısından içəri girdi.
Cavanşir bir müddət darvazanın qabağında dayandı, o əlin hərarətini,
mehribanlığını, qayğısını ovcunda hiss etdi, o əlin nəsə dediyini və özünün
vecsizliyini, əfəlliyini fikirləşdi, sonra siqaret çıxarıb yandırdı və Şuşanın qaranlıq,
sal daş döşənmiş küçələrindən keçib sanatoriyaya tərəf qalxmağa başladı.
Və bu dəm «Skeletlər rəqs edərkən» tamaşası da sona yetmişdi və Marusya
Nikiforova, Marusya Nikiforovanın yanında Lyudmila və Lyudmilanın yanında da
Hüsaməddin Alovlu bu nakam məhəbbət faciəsinin təsiri altında yavaş-yavaş
sanatoriyaya tərəf gedirdilər.
Cavanşir Mədinə xanımın yanında siqaret çəkməyə də ürək eləməmişdi.
Belə-belə işlər.
Sabah belə olmayacaqdı.
Cavanşir sanatoriyanın həyətinə girəndə bütün işıqlar sönmüşdü, təkcə
Güləndam nənənin işığından başqa və eyvanlarda da heç kim yox idi, təkcə Dürdanə
çiyninə yun jaket salıb üşüyə-üşüyə öz eyvanlarında dayanmışdı və gözlərini
sanatoriyanın həyət darvazasından çəkmirdi.
Həmin avqust gecəsi Cavanşir çarpayısındakı yorğan-döşəkdə uzanıb gah bu
böyrü, gah o böyrü üstə çevrilə-çevrilə səhərə kimi yuxu ilə doğru arasında oldu,
bütün gecəni Mədinə xanımla idi, bütün gecəni Mədinə xanımla Şuşa parkında
gəzirdilər, Cavanşir bilirdi ki, bu həqiqət deyil, mürgüdü, yuxudu, amma Mədinə
xanımın gözlərindəki mehribanlığı görürdü, səsindəki yumşaqlıq, ilıqlıq Cavanşirin
bütün bədəninə yayılırdı, Mədinə xanımın ətrini duyurdu, əlinin hərarəti ovcunu
qızdırırdı, amma nəsə çatışmırdı, bu narahatlıq da, bu nigarançılıq da ondan ibarət
idi ki, nəsə çatışmırdı, o böyrü, bu böyrü üstə aşmağı da ondan idi və səhərə yaxın
birdən-birə Cavanşirə elə gəldi ki, çatışmayan Isgəndər Abışovun daha arxadan
eşidilməyən addım səsləridi.
III
– Nədi, a kişi qırığı, nə bəzənib-düzənirsən belə? Xeyirdimi?
Cavanşir tərs-tərs Güləndam nənəyə baxdı.
Axşam düşhadüş idi və bir azdan Sadıq müəllim sanatoriyanın həyətindəki
meydançanın ortasına çıxıb istirahətçilərin axşamını xeyirləyəcəkdi, sonra Doppa
Dadaşın kamançası dil açıb söz söyləyəcəkdi, sonra Gülməmmədin akkordeonu öz
məşhur tanqosunu çalacaqdı və Hüsaməddin Alovlu da yerli cavanların həsəd dolu
baxışları altında Marusya Nikiforovanı rəqsə dəvət edəcəkdi.
Həmin gün çox tez gəlib keçdi.
Səhər Güləndam nənə ilə Cavanşir yeməkxanaya düşəndə yenə tərtəmiz,
kraxmallı və ütülü xalatını əyninə geyib saçlarına da brialin sürtüb səliqə ilə
daranmış Isgəndər Abışov onlara xüsusi diqqət yetirdi, Cavanşirlə xüsusi bir
ehtiramla və gizli həmsirr kimi salamlaşdı, tez-tez gəlib onların mizinin yanında
dayandı, diqqətlə süfrələrinə baxdı və Güləndam nənə səhər-səhər lüləkababı yeyib
lüləkababın yanındakı bişmiş pomidora əl vurmayanda Isgəndər Abışov:
– Ba-a-a!.. – dedi. – Heç bilirsiz bu nədi?
Güləndam nənə bir bişmiş pomidora, bir də Isgəndər Abışovun çatılmış
qaşlarına baxıb şübhələndi ki, bəlkə bu, doğrudan da, pomidor deyil, bir başqa şeydi:
– Nədi ki? – soruşdu.
Isgəndər Abışov dedi:
– Bu, vitamin «A»dır! Onu yemək lazımdır!
Güləndam nənə yenə bir Isgəndər Abışovun çatılmış qaşlarına, bir də bişmiş
«A»ya baxdı və Isgəndər Abışovun belə vitamin təəssübkeşliyi elə bil arvada təsir
etdi, pomidoru qabağına çəkib yeməyə başladı.
Isgəndər Abışov, əlbəttə, bu işdən çox razı qaldı.
O gün Dürdanə nənəsinin xahişi ilə Cavanşirgilin otağına gəlib qayçı istədi,
sonra qayçını gətirib qaytardı, günorta nahar üçün yeməkxanaya düşəndə Cavanşirlə
üz-üzə gəldi, salam verdi və Cavanşir də bu dəfə açıq-aşkar gördü, hiss etdi ki, bu
qız onunla qarşılaşanda, salamlaşanda, baxışında tamam-kamal özünü itirir və
qıpqırmızı qızarır.
– Nədi, a kişi qırığı, nə tərs-tərs baxırsan mənə, hə? Yenə gecə saat on ikiyə
işləmiş gələcəksən? – Güləndam nənə çarpayının üstündə oturub çeşməyinin
yuxarısından Cavanşirə baxa-baxa gülümsəyirdi və bu gülümsəmədəki çox yüngül,
xoş bir rişxəndə də şəkk-şübhə yox idi.
Cavanşir güzgünün qabağında dayanıb uzun saçlarının ucunu düzəldirdi və
güzgüdən də Güləndam nənəyə baxıb:
– Bəlkə heç gəlmədim gecə... – dedi.
Ən maraqlısı bu oldu ki, Güləndam nənə bu sözlərə lağ eləmədi, inandı bu
sözlərə, içini çəkib:
– Cavanşir... – dedi və arvadın gözlərindəki rişxənddən əsər-əlamət qalmadı.
– Nədi, nə Cavanşir?..
Və həmin axşam Cavanşir Şuşa istirahət evinin yuxarısındakı tutluğa vaxtından
yarım saat əvvəl gəldi (Dürdanə eyvanda dayanmışdı və Cavanşiri Şuşa
sanatoriyasının həyətindən bu qızın gizli bir təlaşla, gizli bir narahatlıqla dolu
gözləri yola saldı).
|