Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Şuşaya duman gəlib-2
<< 1 / 2 >>


    Tutluq yalnız tut ağaclarından ibarət deyildi, bura güllü-çiçəkli bir düzənlik idi, burada Şuşanın cır alması vardı, itburnu, böyürtkən kolları da vardı və buralar Cavanşirin yaxşı yadına gəlirdi, uşaqlıqda buralarda çox oynamışdı və o da Cavanşirin yaxşı yadına gəlirdi ki, itburnu bu tərəflərdə, kim bilir, bəlkə, elə bütün dünyada yeganə ağacdı ki, əvvəlcə yarpaqlayır, sonra çiçək açır.
    Qabaqlar, beş-altı il bundan əvvəl Cavanşirgil – atası, anası, nənəsi hər yay Şuşaya gələrdilər, ev kirayə tutub yayı burada qalardılar və tutluğu gəzə-gəzə o uzaq uşaqlıq illəri yenə Cavanşirin yadına düşdü: maykalarının ətəyini cır almayla, hələ yetişməmiş göy gavalıyla doldurardılar və bu bir ətək cır almanın, göy gavalının hamısını dişləri qamaşanacan, damaqları, dodaqları keyiyənəcən duzla yeyərdilər, vəhşi gilas ağaclarına dırmaşıb üst-başları, sir-sifətləri qıpqırmızı olanacan doymaq bilməzdilər.
    Əlbəttə, o zaman Cavanşirin ağlına gəlməzdi ki, bir vaxt, beləcə bu tutluğa gələcək, o uzaq, çox uzaq uşaqlıq illərini xatırlayacaq, siqaret çəkə-çəkə bu gülçiçəyin arasında dolaşacaq və Mədinə xanımı gözləyəcək.
    Gün yavaş-yavaş əyilirdi və bu axşam ərəfəsində, bu gecə ərəfəsində Cavanşir özünü azad və sərbəst hiss edirdi, düzdü, Cavanşirin ürəyində yenə kiçik bir nigarançılıq vardı, amma daha Cavanşir öz-özünə inanmışdı, daha heç kimin yanında, nə Isgəndər Abışovun yanında, nə də başqa birinin yanında dona girməyə bir ehtiyac yox idi. Cavanşir özü olmalıydı, çünki o – özüdür bu saat, bax, bu düzənlikdə gəzişən, o – özüdür Mədinə xanımla tanış olan və bu saat Mədinə xanımı gözləyən.
    Cavanşir bugünkü görüş üçün hər şeyi hazırlamışdı və daha ağzına su alıb dayanmayacaqdı, dünənki lal-dinməzliyi, dünənki əfəlliyi yadına düşdükcə tamam pərt olurdu və bunu özündən uzaqlaşdırmağa, unutmağa çalışırdı; bu düzənlikdə, bu tut ağaclarının, bu armud, cır alma, vəhşi gilas, gavalı ağaclarının, böyürtkən, itburnu kollarının arası ilə gəzişə-gəzişə Cavanşir Mədinə xanımın hörmətini və məhəbbətini qazanacaqdı; kim bilir, bu işlərin axırı nə olacaqdı və bəlkə elə lap evlənəcəkdilər Mədinə xanımla...
    Cavanşirin ürəyini bir intizar bürümüşdü və bu intizarda gizli bir sevinclə bərabər bir naməlumluq da vardı. Cavanşir tez-tez aşağı, Şuşa istirahət evindən qalxan cığıra tərəf baxırdı və get-gedə onun həyəcanı daha da artırdı, amma bu həyəcanda da bir sevinc vardı, isti bir nəfəs vardı və bir naməlumluq vardı. Cavanşir Mədinə xanımın gəldiyini əvvəlcə hiss etdi, elə bil bu gül-çiçəyin, bu yaşıl ağacların üstündən çox xəfif, çox incə bir meh əsib keçdi, sonra Cavanşir cığıra tərəf baxdı və tutluğa qalxan Mədinə xanımı gördü.
    Mədinə xanım uzaqdan əlini qaldırıb yellədi, Cavanşiri salamladı və onun əlinin bu ürəkdolusu, ahəstə hərəkətində yenə bir mehribanlıq, bir ülfət vardı və birdənbirə Cavanşir özünü bu mehribanlığa, bu ülfətə layiq bilmədi, ona yenə elə gəldi ki, bu ahəstəliyin, bu yüngüllüyün, bu sevinc dolu sərbəstliyin və azadlığın müqabilində bir heçdir.
    Mədinə xanım bu axşam tamam başqa paltar geymişdi, əynində açıq rəngli geniş don vardı və bu zövqlə tikilmiş açıq rəngli və geniş don da bu saat bir sevincdən, azadlıq və sərbəstlikdən xəbər verirdi; Mədinə xanım başına şlyapa qoymamışdı, saçlarını da yığmamışdı və Mədinə xanımın uzun qızılı saçları üzünə, boynuna, çiyninə, sinəsinə tökülmüşdü və bu qızılı saçlar da bu saat sevincdən, azadlıqdan və sərbəstlikdən xəbər verirdi; bütün bunlar hamısı Cavanşirçün idi, Cavanşir buna inanmalı idi və bütün bunlar hamısı olmalı idi.
    Əslində, lap əslində, Cavanşir qorxurdu ki, birdən Mədinə xanım onun görüşünə gəlməz.
    Mədinə xanım Cavanşirlə əl tutuşdu, Cavanşirin əlini ürəkdən gələn bir hərarətlə sıxdı və Cavanşir ürəkdən gələn bu hərarəti o saat hiss etdi, Cavanşirə elə gəldi ki, ovcundakı bu əl bütün gecəni, bütün günü bu ovcun həsrətini çəkib; Cavanşirlə Mədinə xanım güllərin, çiçəklərin arası ilə yanaşı gəzməyə başladı və yenə də hazırladığı, bayaq öz-özünə dediyi bütün sözlər Cavanşirin yadından çıxdı və hətta Cavanşir öz-özünə təəccüb etdi ki, bu gözəl qadın, bu ağıllı qadın onun kimi əbləhdə, bir uzundrazda nə görüb və onun kimi heçliyə bu nə şərəfdi belə? Ən qəribəsi isə bu oldu ki, Cavanşir birdən-birə hiss etdi: bax, burada, Şuşada, bu ağacların arasında keçən o uşaqlıq illəri heç bir uzaqlıqda-zadda deyildi, elə bil dünənin söhbəti idi; bu hiss Cavanşiri əməlli-başlı sarsıtdı və Cavanşir bir müddət heç bilmədi ki, Mədinə xanım nə danışır, sonra Mədinə xanımdan icazə almamış titrəyən barmaqları ilə bir siqaret çıxarıb yandırdı, sonra fikirləşdi ki, Mədinə xanıma da siqaret təklif etmək lazım idi və ümumiyyətlə, bu saat Mədinə xanımın qoluna girmək lazım idi, nəsə maraqlı bir söz danışmaq, nəsə bir iş görmək lazım idi.
    Nə gözəl hava idi, günəşin şəfəqləri üfüqü necə də qıpqırmızı qızartmışdı, gün necə də uzun idi; Mədinə xanım istirahətə həmişə tək gedirdi, bəlkə də bu bir eqoizm idi, ola bilər, amma başqa cür bu gözəllikdən, bax, beləcə həzz almaq, gözəlliyi bu cür duymaq, hiss etmək, bəzən mümkün olmurdu; gözəlliyi duymaq, hiss etmək, gözəllikdən zövq almaq özü bir eqoizm deyilmi? Görünür, eqoizm insan təbiətinin elə bir hissəsidir ki, ondan yaxa qurtarmaq, tamam yaxa qurtarmaq mümkün deyil, bəlkə heç lazım da deyil. Əslində tənhalıq hissini yaradan da eqoizmdir, bax, bu, dəhşətdir, bu, pisdir, bu yerdə gərək mütləq başqalarını fikirləşəsən, başqalarını düşünəsən, tənhalığa qapılmayasan, bu zaman gərək başqasının sevincinə şərik olmağı bacarasan; əlbəttə, tənhalıq bəzən adamı elə təqib edir ki, ondan qaçmaq olmur, iyirminci əsrin bu bəlası adamı dinc qoymur bəzən; bütün bu sözlərdən, bu fikirlərdən, bu etiraflardan sonra Mədinə xanım heç nə olmayıbmış kimi, çox sadəcə və çox da təbii Cavanşirin qoluna girdi və bir an onun qoluna sıxılıb soruşdu:
    – Hara gedəcəyik?
    Əlbəttə, Cavanşir belə sual gözləmirdi və döyüküb qaldı; sonra bir ildırım sürətilə, çox təcili cavab axtarmağa başladı və birdən-birə Isgəndər Abışov yadına düşdü, cibindəki təqaüdü yadına düşdü və heç özü də bilmədi ki, necə dedi:
    – Gedək parka... kababxanaya...
    Mədinə xanım bu dəfə gizlədə bilmədiyi bir təəccüblə Cavanşirə baxdı:
    – Acmısınız?
    Cavanşir qulaqlarının dibinə kimi qıpqırmızı qızardı və əlini üzünə aparıb yalandan alnını qaşıdı ki, Mədinə xanım bunu görməsin; bircə anın içində yüz iyirmi səkkiz kiloluq Əbülfət gəlib durdu gözlərinin qabağında və Əbülfətin kababxanasındakı kabab iyi, quyruq iyi, araq iyi Cavanşirin burnuna gəldi və bu təmiz havada, bu gülün-çiçəyin içində, bu gözəl qadının yanında belə bir əbləh fikrin ağlına gəlməsinə heyrət etdi.
    – Yox... acımamışam... – dedi Cavanşir. – Elə-belə dedim...
    Mədinə xanım yenə Cavanşirə baxdı, sonra elə bil birdən-birə nəsə tapdı və bir sui-qəsd hazırlayırmış kimi yavaşcadan, özü də çoxdan bəri axtardığı bir şeyi tapan adamlar kimi sevinclə dedi:
    – Bilirsiz... Gəlin gedək mənim otağıma. Mən otaqda təkəm, başqa heç kim olmur...
    Cavanşir qulaqlarına inanmadı.
    Mədinə xanım dedi:
    – Mənim pəncərəmdən üfüq də görünür. Bir yerdə tamaşa eləyərik günəşin batmasına...
    Mədinə xanımın üfüqlə günəş barədəki sözləri bir az süni çıxdı. Onlar istirahət evinə enən cığıra düşdülər.
    Onlar Mədinə xanımın otağına gedirdilər və Mədinə xanımdan başqa bu otaqda heç kim yox idi.
    Cavanşir, heç olmasa, beş dəqiqə tək qalmaq istəyirdi, özünə gəlmək istəyirdi. Aşağıda Şuşa istirahət evinin ikimərtəbəli, üçmərtəbəli binaları görünürdü, yavaş-yavaş pəncərələrin işıqları yanırdı.
    Cavanşir dedi:
    – Gedim konyak alım...
    Mədinə xanım dedi:
    – Lazım deyil... Məndə konyak var...
    Onlar elə danışırdı, elə bil, doğrudan da, ortada bir sui-qəsd var idi. Mədinə xanım Cavanşirin qolundan tutmuşdu və hərdən ayağı büdrəməsin, yoxuşu enəndə otun üstü ilə sürüşməsin deyə Cavanşirə qısılırdı.
    Cavanşirin boğazı tamam qurumuşdu və siqaret də çıxarıb yandıra bilmirdi və Cavanşir əslində bunu da bilmirdi ki, belə bir həyəcanın səbəbi sevinməyindəndi, çəkinməyindəndi, ya nədəndi.
    Mədinə xanım cığırın kənarındakı alça ağacının yanında ayaq saxladı:
    – Ikimizin bir yerdə içəri girməyi yaxşı deyil, – dedi. – Hər halda, Şuşa Şuşadı, Karlovı-Varı deyil, – dedi və gülümsədi. – Bax, o qıraqdakı ikimərtəbəli binanı görürsünüz, sol tərəfdən lap birinci pəncərə mənimdi, ikinci mərtəbədə, – dedi. – Gördünüz?
    Cavanşir:
    – Hə, görürəm... – dedi.
    Mədinə xanım:
    – Qoyun əvvəlcə mən gedim, – dedi. – Sonra, beş-altı dəqiqədən sonra siz gəlin... Qapını açıq qoyacağam... – Mədinə xanım gülümsədi. – Oldu?.. – deyə soruşdu.
    Cavanşir:
    – Hə... – dedi.
    Mədinə xanım əlini Cavanşirin qolundan çəkib cığırla aşağı düşdü. Mədinə xanım əlini onun qolundan çəkəndə bu hərarətli əl bir neçə an Cavanşirin çılpaq qolunda sürüşdü və bu hərəkət Cavanşirin içinə bir titrətmə gətirdi. Mədinə xanımın əlinin Cavanşirin qolundakı hələ də istisi qalmış yerinə sərin meh toxundu.
    Bir sərin meh əsməyə başladı.
    Gün özü daha görünmürdü, amma üfüq qıpqırmızı idi.
    Cırcıramalar yavaş-yavaş axşam cırıltısına başlamışdı və bu cırcırama səsinə hardansa arabir qurbağaların da qurultusu qarışırdı.
    Yağış yağacaqdı?
    Birdən Cavanşirə elə gəldi ki, ürəyində nə vaxtdandı bir yağış həsrəti var; bir şıdırğı yağış istəyir ürəyi; bir ildırım çaxsın, göyün qaranlığında bir ildırım parlasın, hər tərəfi bir ildırım səsi lərzəyə gətirsin; Cavanşir bütün bədəni ilə bu şıdırğı yağışı hiss etdi.
    Üfüqün şəfəqləri get-gedə solurdu tamam. Sonra Mədinə xanımın pəncərəsində işıq yandı. Cavanşir alça ağacına söykənib o pəncərə işığına baxırdı və bu saat tamam əmin idi ki, həmin otağa girəndə Mədinə xanım onu əyninə geydiyi yaraşıqlı, uzun xalatla qarşılayacaq və Mədinə xanım divanda oturanda ətəkləri arasından çılpaq baldırları görünəcək.
    Ən pisi, ən dəhşətlisi bu idi ki, o çılpaq baldırlar bu saat Cavanşirə heç bir sirli aləmdən, heç bir kefdən, məstlikdən xəbər vermirdi və elə bil ki, o çılpaq baldırlar Cavanşirin ürəyindəki yağış həsrətini çirkləndirirdi, lap çirkaba batırırdı. Əlbəttə, Cavanşir başa düşürdü ki, belə eləmək olmaz, belə bir iş kişilikdən deyil, bu, uşaqlıqdı, lap uşaqlıqdı, amma ayaqları Cavanşirin sözünə baxmırdı, ayaqları onu bu cığırdan, bu alça ağacının yanından və ən başlıcası isə o pəncərə işığından uzaqlaşdırırdı; ayaqları Cavanşiri harasa başqa yerə aparırdı, onu bu tərəflərdən qaçırırdı.
    Cavanşir cığırdan çıxıb otluqla gedirdi və Cavanşir heç özü də bilmədi ki, Şuşa istirahət evi necə arxada qaldı, o işığı yanan pəncərə, onu çağıran, onu gözləyən pəncərə necə görünməz oldu, necə gəlib Şuşanın aşağı başındakı Qayabaşına çıxdı. Qayabaşı tərəfdə heç kim yox idi və artıq tamam qaranlıq çökmüşdü. Qarşıdakı dağların arasındakı kəndlərin işıqları yanırdı və bir-birindən xeyli aralı bu kəndlər gecənin qaranlığında dağların arasında, dağların döşündə ovuc-ovuc işıqlar idi, elə bil ki, çox-çox uzaqlardakı ayrı-ayrı kəhkəşanlar idi və Cavanşir bu uzaqlıqdakı yaxınlığı duydu, hiss etdi və birdən-birə ağlına gəldi ki, onun fikri, düşüncəsi, hissi Dürdanə üçün heç bir uzaq qalaktika-zad deyil.
    Qarşıdakı bu kəndlərin işığı elə bil ki, bir istilik gətirdi. Cavanşir bu saat bütün bu tərəflərdə, bu qayaların arasında bu dağlarla üzbəüz tamam tək idi, qayaya söykənib oturmuşdu, kəndlərin ovuc-ovuc işıqlarına – dağların arası ilə qıvrılıb gedən, Molla Nəsrəddin yolunda hərdənbir görünən maşın işıqlarına baxırdı və ona elə gəlirdi ki, əslində tək deyil, kimsə yanındadı, kiminsə nəfəsini hiss edir, sonra ona elə gəldi ki, bu nəfəs, bu üns Dürdanənindi: Cavanşir bu fikrin gözlənilməzliyinə və bu fikrin həqiqətinə heyrət etdi; Cavanşir birdən-birə qorxdu ki, nənəsi Dürdanənin yanında da ona «a kişi qırığı» deyər.
    Bu tərəflər tamam sakitlik idi və qarşıdakı yarğanın dibi ilə axan Daşaltı çayının qıjıltısı aydın eşidilirdi. Yarğanın o tayındakı Xəznə qayasının isə kölgəsi qaralırdı, sıldırımları hiss olunurdu və Cavanşir uşaqlıqda bu yerlərə çox gəlmişdi, bilirdi ki, Xəznə qayasına Qızıl qaya da deyirlər: Qacar Şuşaya basqın edəndə Ibrahim xan var-dövlətini Xəznə qayasının üstündə basdırır, bu işi iki nəfər görür, sonra biri o birini qayadan tullayır ki, xəzinənin sirrini heç kimə verməsin, sonra özü də Xəznə qayasında yoxa çıxır.
    Xəznə qayası isə indi insanın belə bir əməli müqabilində əzəmətlə dayanmışdı, özü də lap canlı idi. Xəznə qayası cansız sıldırım qaya deyildi, nəfəs alırdı, qulaq asırdı, görürdü və susurdu.
    Hərgah dünyada, bax, bu Xəznə qayası vardısa, bax o Daşaltı çayının qıjıltısı beləcə eşidilirdisə, bax, o ovuc-ovuc işıqlar beləcə yanırdısa, Isgəndər Abışov niyə öz həyatından narazı idi və niyə günlərinin yeknəsəqliyindən danışırdı? Sonra birdən-birə ildırım çaxdı, birdən-birə şıdırğı bir yağış başladı və bir müddətdən sonra bu Şuşa yağışı birdən-birə başladığı kimi birdən-birə də kəsdi.
    Əslində, lap əslində, Cavanşir qorxmurdu ki, birdən Mədinə xanım onun görüşünə gəlməz, Cavanşir istəmirdi ki, Mədinə xanım gəlsin; Cavanşir özü bunu bilmirdi, amma bu belə idi; amma Mədinə xanım gəldi və Cavanşir qaçdı. Sonra yavaş-yavaş bir duman gəldi, qarşıdakı ovuc-ovuc işıqlar əvvəlcə bu dumanda yayıldı, sonra tamam görünməz oldu, Xəznə qayası da dumanda yox oldu və Cavanşirə elə gəldi ki, sabahkı gündü, onun anadan olduğu gündü, bir qız, cavan, təmiz, utancaq bir qız Cavanşirin çox xoşladığı alma piroqu bişirib gətirib onu təbrik edir, Cavanşiri dünyanın ən cəsuru bilir, Cavanşirin heç nədən qorxmamağı ilə, heç nədən çəkinməməyi ilə fəxr edir və bu, doğrudan da, belədir; o cavan qız, o təmiz, utancaq qız başqa heç nə demir, utana-utana, qızara-qızara özünü məcbur edir, Cavanşirin yanağından öpür və bu xəfif öpüşü bütün bədəni ilə hiss edən Cavanşir də hamının gözünə dik baxa bilir, çünki Cavanşir istəklidir, çünki Cavanşir arxadır, çünki Cavanşir istinadgahdır; və Cavanşir hər tərəfi bürümüş bu duman içində Dürdanənin gözlərini, üzünü, saçlarını aydınca gördü...
    Şuşa sanatoriyasının həyətində isə Müslümün klarnet çalmağına imkan olmadı. Şuşaya duman gəlmişdi, amma Sadıq müəllimin meydana toplaşanlarla sağollaşmasından qabaq Hüsaməddin Alovlu ondan icazə aldı, meydanın ortasına çıxıb bu gün yazdığı yeni şerini oxumağa başladı:
    Nevesta budeş
    Tı materi moey!
    Oçen xoroşo!
    Oçen xoroşo!
    Hüsaməddin Alovlunun bu sətirləri Marusya Nikiforovanın ürəyindən xəbər verirdi və o, meydanın ortasındakı bu sevimli oğlana baxa-baxa dünyanın ən gözəl şerinə qulaq asırdı.
    Və bu dəm xalatlı Isgəndər Abışov da Şuşa sanatoriyası kitabxanasının qapısı ağzında dayanıb gizlin-gizlin Azadəyə baxırdı və fikirləşirdi ki, görəsən, ona imzasız sevgi məktubu yazan bu qızdı, yoxsa yox?
Aprel, 1977.

<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 655 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more